© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
SİTAROPOULOS VƏ GİAKOUMOPOULOS YÜNANISTANA qarşı İŞİ
(SITAROPOULOS AND GIAKOUMOPOULOS v. GREECE)
(42202/07 saylı ərizə)
QƏRAR
STRASBURQ
15 mart 2012-ci il
Bu Qərar yekun qərardır, lakin redaktə məqsədi ilə təhlil edilə bilər.
Sitaropoulos və Giakoumopoulos Yünanistana qarşı məhkəmə işinə
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Jean-Paul Costa,
Françoise Tulkens,
Josep Casadevall,
Boštjan M. Zupančič,
Lech Garlicki,
Egbert Myjer,
David Thór Björgvinsson,
Ján Šikuta,
Ineta Ziemele,
Luis López Guerra,
Nona Tsotsoria,
Ann Power,
Zdravka Kalaydjieva,
Vincent A. de Gaetano,
Angelika Nußberger
Spyridon Flogaitis, ad hoc hakim,
və Johan Callewaert, Böyük Palatanın katib müavini, ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi
4 may 2011-ci il və 18 yanvar 2012-ci il tarixlərində qapalı müşavirə keçirərək, son tarixdə qəbul edilən aşağıdakı qərarı çıxarmışdır:
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü Maddəsinə əsasən üç Yunanıstan vətəndaşı-cənab Nikolaos Sitaropoulos (Sitaropoulos), cənab Stefanos Stavros (Stavros) və cənab Xristos Giakoumopoulos (Giakoumopoulos) (“ərizəçilər”) tərəfindən 20 sentyabr 2007-ci ildə Məhkəməyə təqdim edilmiş Yunanıstan Respublikasına qarşı ərizə (Nº 42202/07) əsasında açılmışdır.
2. Ərizəçiləri Afina Vəkillər Kollegiyasının üzvü cənab Y.Ktistakis (Ktistakis) təmsil etmişdir. Yunanıstan hökumətini (“Hökumət”) onun nümayəndəsi, Dövlət Hüquq Şurasının müşaviri xanım K.Paraskevopoulou (Paraskevopoulou) və Dövlət Hüquq Şurasının hüquq məsləhətçisi xanım Z.Hatzipavlou (Hatzipavlou) təmsil etmişlər.
3. Ərizəçilər öz yaşayış yerləri üzrə səs verə bilməmələrinin Konvensiyanın 1 saylı Protokolunun 3-cü Maddəsində nəzərdə tutulan parlament seçkilərində səs vermək hüququnun icrasına qeyri-mütənasib müdaxiləyə bərabər olduğunu iddia etmişlər.
4. Ərizə Məhkəmənin Birincə Bölməsinə yönləndirilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). İşə baxarkən Yunanıstan hakimi Xristos Rozakis (Rozakis) iştirak etməkdən imtina etmişdir. Buna görə Hökumət, müvafiq olaraq, Spiridon Flogaitisi (Flogaitis) ad hoc hakim təyin etmişdir (Konvensiyanın əvvəlki 27-ci Maddəsinin 2-ci bəndi və 29-cu Qaydanın 1-ci bəndi).
5. 8 iyul 2010-cu il tarixində həmin Bölmənin Sədri Nina Vayiç (Vajić), hakimlər Anatoliy Kovler (Kovler), Elizabet Steyner (Steiner), Xanlar Hacıyev (Hajiyev), Din Spilmən (Spielmann), Sverre Erik Yebens (Jebens), ad hoc hakim Spiridon Flogaitisi (Flogaitis) və Bölmə Katibi Soren Nilsendən ibarət (Nielsen) tərkibdə Palatası qərar çıxarmış və ikinci ərizəçiyə münasibətdə işi siyahıdan çıxarmağı qərara almışdır. Palata beş lehinə, 2 əleyhinə səs çoxluğu ilə ərizənin birinci və üçüncü ərizəçilərə münasibətdə qəbuledilən olmasına və Konvensiyanın 1 saylı Protokolunun 3-cü Maddəsinin pozulduğuna dair qərar çıxarmışdır.
6. 22 noyabr 2010-cu il tarixində Böyük Palatanın paneli Hökumətin 7 oktyabr 2010-cu il tarixli müraciəti əsasında, Konvensiyanın 43-cü Maddəsinə uyğun olaraq, işi Böyük Palata qarşısına çıxarmaq barədə qərar qəbul etmişdir.
7. Böyük Palatanın tərkibi Konvensiyanın 26-ci Maddəsinin 4 və 5-ci bəndlərinə və 24 saylı Qaydanın müddəalarına uyğun olaraq müəyyən edilmişdir.
8. Ərizəçilər və Hökumət ayrı-ayrılıqda yazılı məlumatlar (59 saylı Qaydanın 1-ci bəndi) təqdim etmişlər; yazılı məlumatları yazılı prosedura müdaxilə etmək üçün Prezidentin icazəsi ilə Yunanıstan İnsan Hüquqları Liqası da təqdim etmişdir (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və 44 saylı Qaydanın 3-cü bəndi).
9. Dinləmə 4 may 2011-ci ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq şəkildə həyata keçirilmişdir (59 saylı Qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
(a) Hökumətin adından
Xanım K. Paraskevopoulou, Müşavir, Dövlət Hüquq Şurası,
Xanım Z. Hatzipavlou, Hüquq Məsləhətçisi, Dövlət Hüquq Şurası, Hökumətin nümayəndəsinin təmsilçiləri
(b) Ərizəçilərin adından
Cənab I. Ktistakis, hüquqşünas,Vəkil;
Xanım A. Terzis, hüquqşünas,Müşavir.
Məhkəmə cənab Ktistakis və cənab Hatzipavlounun çıxışlarını dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçilər, müvafiq olaraq, 1967 və 1958-ci illərdə anadan olmuşlar və hal-hazırda Strasburq şəhərində yaşayırlar. Onlar Avropa Şurasının əməkdaşlarıdır.
11. 18 avqust 2007-ci il 154/2007 saylı Prezident Fərmanı ilə Yunanıstan Parlamenti buraxılmış və 16 sentyabr 2007-ci il tarixinə yeni seçkilər təyin edilmişdir.
12. Fransada daimi yaşayan ərizəçilər 10 sentyabr 2007-ci il tarixində Yunanıstanın Fransadakı Səfirinə faksla məktub göndərmiş və 16 sentyabr 2007-ci il tarixində keçiriləcək seçkilərdə iştirak etmək üçün Fransada səs vermək arzusunda olduqlarını bildirmişlər.
13. 12 sentyabr 2007-ci il tarixində Daxili İşlər Nazirliyinin təlimatına və məlumatına əsaslanaraq Səfir aşağıdakı cavabı vermişdir:
“[Yunanıstan dövləti], institusional səviyyədə tez-tez ifadə etdiyi kimi, xaricdə yaşayan Yunanıstan vətəndaşlarına yaşayış yeri üzrə səs vermək imkanı yaratmaq arzusunu təsdiqləyir. Lakin belə səsvermə qanuna əsaslanan qaydaların olmasını tələb edir və hal-hazırda belə qaydalar mövcud deyil. Belə qaydalar sadəcə inzibati qərarla tətbiq edilə bilməz, çünki seçki məntəqələrini səfirliklərdə və konsulluqlarda yaratmaq üçün xüsusi tədbirlər tələb olunur... Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Dövlətin istəyinin olmasına baxmayaraq, qarşıdan gələn seçkilərə dair sizin müraciətiniz obyektiv səbəblərə görə təmin edilə bilmir.”
14. Ümumi seçkilər 16 sentyabr 2007-ci il tarixində baş tutmuşdur. Ərizəçilər Yunanıstana səfər etməmiş və seçmək hüququndan istifadə etməmişlər.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Ölkədaxili qanunvericilik və təcrübə
1. 1975-ci il tarixli Yunanıstan Konstitusiyası
15. Konstitusiyanın müvafiq müddəalarında deyilir:
Maddə 1
“ ...
2. Dövlət hakimiyyətinin əsas mənbəyi xalqın suverenliyidir.
3. Bütün səlahiyyətlər xalqdan qaynaqlanmalı və xalq və millət üçün olmalıdır; bu səlahiyyətlər Konstitusiyada göstərildiyi kimi yerinə yetirilməlidir.”
Maddə 51 (Konstitusiyaya 2001-ci ildə edilən dəyişiklikdən öncə)
“1. Parlament üzvlərinin sayı qanunla müəyyən edilir. Bu say iki yüzdən az və üç yüzdən çox ola bilməz.
2. Parlament üzvləri xalqı təmsil edirlər.
3. Parlamentin üzvləri ümumi, birbaşa seçki hüququ əsasında və gizli səsvermə yolu ilə qanunla müəyyən edildiyi qaydada səs vermə hüququ olan vətəndaşlar tərəfindən seçilirlər. Qanunla tələb olunan minimal yaş həddinin olmaması, fəaliyyət qabiliyyətsizliyi və ya bəzi əməllərə görə yekun cinayət məhkumluğunun olması hallarından başqa, Qanun vətəndaşların səs vermək hüquqlarını məhdudlaşdıra bilməz.
4. Parlament seçkiləri bütün dövlət ərazisində eyni zamanda keçirilməlidir. Ölkədən xaricdə yaşayan şəxslərin səs vermək hüquqlarını icra etmələri üçün şərtlər qanunla tənzimlənə bilər.
5. Səs vermək hüququnun icrası məcburidir. İstisnalar və cinayət sanksiyaları hər bir halda qanunla müəyyən edilir.”
Maddə 54
“1. Seçki sistemi və seçki dairələri qanunla müəyyən edilir və bu qanunun qarşıdan gələn seçkiyə şamil ediləcəyinə dair Parlament üzvlərinin ümumi sayının 2/3 səs çoxluğu ilə aydın ifadə olunmuş müddəa qəbul edilməzsə, o, qarşıdan gələn seçkidən sonrakı seçkilərə şamil edilir.
2. Hər bir seçki dairəsindən seçilən Parlament üzvlərinin sayı qanunla müəyyən edilmiş müvafiq bələdiyyə siyahılarında qeydə alınmış şəxslərin sayından asılı olaraq, seçki dairəsinin əhalisinin sayı əsas götürülərək prezident fərmanı ilə müəyyən edilir. Bu məqsədlə siyahıyaalmanın nəticələri müvafiq idarədə saxlanılan məlumat əsasında siyahıyaalınmanın son günündən bir il sonra dərc edilməlidir.
3. Parlamentin üzvlərinin ümumi sayının 1/20-dən çox olmayan bir hissəsi qanunla müəyyən edilmiş qaydada ölkə üzrə hər partiyanın topladığı ümumi səslərə mütənasib olaraq seçilə bilər.”.
Maddə 108
“1. Dövlət yunan mühacirlərinə və onların Vətən ilə əlaqələrinin saxlanması məsələsinə diqqət yetirməlidir. Dövlət eyni zamanda dövlət ərazisindən kənarda işləyən yunanların təhsil, sosial və peşəkar inkişafına diqqət yetirməlidir.
2. Qanun dünya miqyasında Ellinizmin tam ifadəsinə imkan yaratmaq missiyasını daşıyan Xaricdə Yaşayan Yunanların Ümumdünya Şurasının yaradılmasına, fəaliyyətinə və səlahiyyətə malik olmasına dair məsələləri tənzimləyir.”
108-ci maddənin ikinci bəndi Konstitusiyaya 2001-ci ildə edilən dəyişikliklər zamanı əlavə edilmişdir.
16. 2001-ci ildə 51-ci maddənin 4-cü bəndinə aşağıdakı dəyişiklik edilmişdir:
“4. Parlament seçkiləri dövlətin bütün ərazisində eyni zamanda keçirilməlidir. Ölkədən kənarda yaşayan şəxslərin səs vermək hüquqlarını icra etmələri ilə əlaqədar şərtlər Parlament üzvlərinin ümumi sayının 2/3 səs çoxluğu ilə qəbul edilmiş qanunla tənzimlənə bilər. Bu şəxslərə münasibətdə seçkilərin eyni zamanda keçirilməsi prinsipi seçmək hüququnun poçt və ya digər müvafiq üsullarla yerinə yetirilməsini istisna etmir, bir şərtlə ki, səslərin sayılması və nəticələrin elan edilməsi ölkə daxilindəki ilə eyni vaxtda aparılsın.”
2. Sözügedən vaxtda qüvvədə olan seçki qanunvericiliyi
17. Sözügedən parlament seçkiləri zamanı qüvvədə olan seçki qanunvericiliyi hesab edilən 96/2007 saylı Prezident Fərmanı aşağıdakıları nəzərdə tutmuşdur:
Maddə 4 – Səs vermək hüququ
“1. Yaşı 18 və ya daha yuxarı olan istənilən yunan vətəndaşı səs vermək hüququna malikdir. ...”
Maddə 5 – Hüququn itirilməsi
“Aşağıdakı şəxslər seçki hüququnu itirmiş sayılır:
(a) Mülki Məcəllənin müddəalarına əsasən himayəyə götürülən şəxslər;
(b) Cinayət Məcəlləsi və ya Hərbi Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əməllərdən birinə görə yekun hökm ilə yanaşı, cəza müddəti boyu səs vermək hüququndan məhrum edilmiş şəxslər.”
Maddə 6 – Hüququn icrası
“1. Seçki dairəsində səs vermək hüququ seçki dairəsi çərçivəsində bələdiyyənin və ya yerli icra hakimiyyətinin seçki siyahısında qeydiyyata alınmış şəxslərə təmin edilir.
2. Səs vermək hüququnun icrası məcburidir.”
3. “Xaricdə yaşayan yunan seçicilərinin parlament seçkilərində səs vermək hüququnun icrası haqqında” Qanun
18. 19 fevral 2009-cu ildə bu Qanuna dair Daxili İşlər, Ədliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən Parlamentə təqdim edilən hesabatda Qanunun məqsədinin “xaricdə yaşayan yunanların Vətən ilə əlaqələrinin gücləndirilməsi kimi Dövlətin əsas tarixi öhdəliklərindən birinin” yerinə yetirilməsi olduğu vurğulanmışdır. Hesabatda xaricdə yaşayan yunan vətəndaşlarının səs vermək hüququnun Konstitusiyanın 108-ci maddəsi və 51-ci maddəsinin 4-cü bəndindən irəli gəldiyi qeyd olunmuşdur. Hesabat 108-ci maddənin “xaricdə yaşayan yunanlara “sosial hüquq” verdiyini” xüsusi vurğulamışdır. Bu müddəa Yunanıstan Dövlətinin üzərinə yunan mühacirlərinin Yunanıstan ilə əlaqələrinin saxlanması, onların yunan dilində təhsilə çıxışı və Dövlətin vəzifəsi kimi Yunanıstan hüdudlarından kənarda çalışan yunanların peşəkar inkişafı üçün bütün lazımi tədbirləri görmək öhdəliyini qoyur. Xaricdə yaşayan yunanların Yunanıstan parlament seçkilərində səs vermək hüququnun icrasının şərtlərini tənzimləmək, şübhəsiz, xaricdəki yunanlarla öz vətənləri arasında real əlaqələrin gücləndirilməsinə tövhə verəcək”. Bu konkret məsələnin konstitusional müddəasına, yəni 51-ci maddənin 4-cü bəndinə gəldikdə, hesabat həmin maddənin istinad etdiyi qanunu Konstitusiyanı icra edən qanun kimi təsvir etmişdir. Nəhayət, hesabatda qeyd olunmuşdur ki, “aydın məsələdir ki, qloballaşmanın bu dövründə yunan mühacirləri öz ölkələrinin inkişafında söz sahibi olmalıdırlar”.
19. Parlamentin Elmi Şurası (Επιστημονικό Συμβούλιο) Parlamentin Spikerinə hesabat verən məşvərətçi orqandır. Şura on üzvdən, o cümlədən, hüquq, siyasi elmlər, iqtisadiyyat, statistika və informatika texnologiyaları üzrə professorlar və beynəlxalq münasibətlər üzrə ekspertlərdən ibarətdir. Qeyd edilən Qanun üzrə Şura 31 mart 2009-cu il tarixində hesabat təqdim etmişdir. Hesabatda qeyd edilir ki, keçmişdə bir qrup hüquqşünas alimlərə görə, Konstitusiyanın 51-ci Maddəsinin 4-cü bəndi qanunverici orqan üçün yunan mühacirlərinə ölkədən kənarda səs vermək hüquqlarının icrasına icazə vermək öhdəliyi yaradır. Lakin digər qrup alimlərə və Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndi üzrə hazırlıq sənədlərinə əsasən, bu, qanunverici orqan üçün vəzifədən çox seçim məsələsidir. Hesabatda həmçinin 2001-ci il konstitusiya dəyişikliklərinin qeyd edilən müddəanın könüllü xarakterinə təsir etmədiyi də qeyd olunmuşdur.
20. 7 aprel 2009-cu ildə bu Qanun Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinin Parlament üzvlərinin 2/3 səs çoxluğunu toplamaq tələbini təmin etmədiyindən Parlament tərəfindən rədd edilmişdi. Parlament üzvləri, xüsusən müxalifətdən olan üzvlər xaricdə yaşayan yunanların sayının Yunanıstanda yaşayan yunanların sayı ilə müqayisəsinə və bunun qanunverici orqanın tərkibinə edə biləcək təsirinə istinad etmişlər.
B. Beynəlxalq hüquq və təcrübə
1. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədlər
21. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi müvafiq sənədlərdə deyilir:
(a) Avropa Şurası Parlament Assambleyasının 1459 (2005) saylı qətnaməsi
“ ...
2. Demokratiya uğrunda Qanun vasitəsi ilə Avropa Komissiyasının (Venesiya Komissiyası) 2004-cü ilin dekabr ayında qəbul etdiyi rəyinə əsasən, [Parlament Assambleyası] ... Təşkilatın üzv və müşahidəçi dövlətlərini seçki hüququna bütün mövcud məhdudiyyətlərə yenidən baxmağa və artıq legitim məqsədə çatmaq üçün zəruri və mütənasib olmayan məhdudiyyətləri ləğv etməyə dəvət edir.
3. Assambleya hesab edir ki, bir qayda olaraq, prioritet etnik mənşəyindən, səhhətindən, hərbi status və ya cinayət məhkumluğundan asılı olmayaraq mümkün qədər çox sayda vətəndaşların səmərəli, azad və bərabər seçki hüququnun təmin olunmasından ibarət olmalıdır. Eyni diqqət xaricdə yaşayan vətəndaşların seçki hüquqlarına da göstərilməlidir.
...
7. Demokratik cəmiyyətdə seçki hüququnun əhəmiyyətini nəzərə alaraq, Avropa Şurasının üzv ölkələri müxtəlif seçki sistemlərinin çətinliklərini nəzərə alıb xaricdə yaşayan vətəndaşlarına milli seçkilər zamanı səs vermək imkanı yaratmalıdırlar. Belə seçki hüququnun yerinə yetirilməsini mümkün olduğu qədər təmin etmək üçün onlar üzv dövlətlərə elektron səsvermənin hüquqi, operativ və texniki standartlarına dair Avropa Şurasının Nazirlər Komitəsinin (2004)11 saylı Tövsiyəsinə uyğun olaraq xüsusilə poçt, konsulluq və ya elektron səsvermə vasitələrini nəzərə alaraq müvafiq tədbirlər görməlidirlər. Üzv dövlətlər bu məqsədlə bir-birləri ilə əməkdaşlıq etməli və öz ərazilərində yaşayan xarici vətəndaşların səsvermə hüquqlarının səmərəli icrası prosesinə lüzumsuz maneələr qoymaqdan çəkinməlidirlər.
...
11. Bu səbəbdən Assambleya aşağıdakıları etməyə dəvət edir:
i. Avropa Şurasının aidiyyətlı üzv və müşahidəçi dövlətlərini:
...
b. yaşayış yeri tələbi qoymadan bütün vətəndaşlara səsvermə hüququnu verməyə;
c. uzaqdan səsvermə prosedurlarını (poçt və/və ya konsulluqda səs vermə) təmin etməklə mühacirlərin seçki hüquqlarının icrasına imkan yaratmağa və Nazirlər Komitəsinin Rec(2004)11 saylı Tövsiyəsinə uyğun olaraq elektron səsvermənin daxil edilməsini nəzərdən keçirməyə və bu məqsədlə bir-birləri ilə əməkdaşlıq etməyə.
...”
(b) Avropa Şurası Parlament Assambleyasının 1714 (2005) saylı Tövsiyəsi – Səs vermə hüququna qoyulan məhdudiyyətlərin ləğvinə dair
“1. Səs vermə hüququna qoyulan məhdudiyyətlərin ləğv edilməsinə dair 1459 (2005) saylı qətnaməyə istinad edərək, Parlament Assambleyası Nazirlər Komitəsini dəvət edir ki, o:
i. üzv və müşahidəçi dövlətlərə müraciət etsin ki, onlar:
a. 1992-ci il tarixli Avropa Şurasının Xaricilərin İctimai Həyatda Yerli Səviyyədə İştirakı haqqında Avropa Konvensiyasını (ETS No. 144) imzalasınlar və ratifikasiya etsinlər və bütün qanuni sakinlərə yerli seçkilərdə aktiv və passiv seçki hüquqları versinlər; və
b. legitim məqsədə çatmaq üçün artıq zəruri və mütənasib olmayan məhdudiyyətləri ləğv etməklə dustaqların və hərbiçilərin seçki hüquqlarına yenidə baxsınlar;
ii. Mühacirlər, dustaqlar, cinayət əməlinə görə məhkum edilmiş şəxslər, himayə evlərinin sakinləri, əsgərlər və ya köçəri qruplar kimi xüsusi çətinliklə üzləşən qrupların seçki hüquqlarını səmərəli şəkildə icra etmələri üçün şərtləri yaxşılaşdırmağa yönəldilmiş fəaliyyətlərini təkmilləşdirmək məqsədilə Avropa Şurasının səlahiyyətli xidmətlərini, xüsusilə Demokratiya uğrunda Qanun vasitəsi ilə (Venesiya Komissiyası) Avropa Komissiyasını və onun Demokratik Seçkilər Şurasını dəvət etsinlər;
iii. Emiqrantların seçki hüquqlarının icra etməsini təmin etmək baxımından beynəlxalq əməkdaşlığı yaxşılaşdırmaq üçün Avropa Şurasının konvensiyasına mümkün ehtiyacın olub-olmamasını qiymətləndirmək məqsədi ilə mövcud vasitələri nəzərdə keçirmək.”
2. Demokratiya uğrunda Qanun vasitəsi ilə Avropa Komissiyası tərəfindən qəbul edilən sənədlər (“Venesiya Komissiyası”)
(a) Seçki məsələlərində müsbət təcrübələr məcəlləsi (190/2002 saylı Rəy)
22. Məcəllə qeyd edir ki, “səs vermək və seçilmək hüququ xaricdə yaşayan vətəndaşlara da verilə bilər” (bənd I.1.1.c.v.). Bu baxımdan izahedici hesabat aşağıdakını vurğulayır:
“... səs vermək hüququ və/və ya seçkilərdə iştirak etmək hüququ yaşayış yerindən (bu halda yaşayış yeri şəxsin daimi yaşadığı yer mənasında verilir) asılı ola bilər. ... Əksinə, kifayət qədər çox sayda dövlətlər xaricdə yaşayan vətəndaşlarına seçmək və hətta seçilmək hüququ verir. Bu təcrübə bəzi xüsusi hallarda, məsələn, vətəndaşlıq etnik mənşə əsasında verildikdə, sui-istifadəyə gətirib çıxara bilər”.
23. Məcəllənin digər aidiyyəti hissələrində deyilir:
“ ...
3.2 Seçicilərin öz istəyini ifadə etmək azadlığı və seçki saxtakarlığının qarşısını almağa dair tədbir
i. səsvermə prosedurları sadə olmalıdır;
ii. seçicilərin həmişə səsvermə məntəqəsində səs vermək imkanı olmalıdır. Səsvermənin digər vasitələri aşağıdakı şərtlərlə qəbulediləndir:
iii. poçt vasitəsi ilə səsverməyə poçt xidmətinin təhlükəsiz və etibarlı olduğu təqdirdə icazə verilməlidir; poçtdan istifadə etməklə səs vermək hüququ xəstəxana və ya həbsxanada olan və ya hərəkət qabiliyyəti məhdud olan şəxslərə və ya xaricdə yaşayan seçicilərə verilə bilər; saxtakarlıq və hədə qorxu mümkün olmalı deyil;
iv. elektron səsvermə yalnız təhlükəsiz və etibarlı olduğu təqdirdə istifadə edilə bilər; xüsusən, gizli səsverməyə hörmət edərək seçicilər öz səslərinin təsdiqini ala bilməli və ehtiyac olduqda onları düzəldə bilməlidirlər; sistem şəffaf olmalıdır;
v. etibarnamə vasitəsi ilə səsverməyə çox ciddi qaydalar tətbiq edilməlidir; bir seçicinin malik olduğu etibarnamə ilə səsin sayı məhdud olmalıdır;
...”
(b) 2006-cı il Avropada seçki hüququ və seçkilərin idarəçiliyi (352/2005 saylı Tədqiqat)
24. Digər məsələlərlə yanaşı hesabatda aşağıdakılar qeyd olunurir:
“Xaricdə yaşayan vətəndaşların səsvermə hüquqları
57. Kənardan səs vermək hüququ, misal üçün, xaricdə yaşayan vətəndaşlara səs vermək hüququnun verilməsi, nisbətən yeni fenomendir. Hətta demokratiyanın çoxdan mövcud olduğu dövlətlərdə xarici ölkələrdə yaşayan vətəndaşlara 1980-ci illərə qədər (misal üçün, Almaniya Federativ Respublikası, Birləşmiş Krallıq) və ya 1990-cı illərə qədər (misal üçün, Kanada, Yaponiya) səs vermək hüququ verilmirdi. Bununla yanaşı, Avropada çox sayda yaranmaqda olan və ya yeni demokratik dövlətlər kənardan (ölkənin hüdudlarından kənarda, xaricdə səsvermə) səsvermə üçün hüquqi müddəalar qəbul etmişlər. Avropada hələ geniş yayılmasa da, kənardan səsvermə hüququnun mövcud olmadığı halda belə daxil edilməsi məsələsinə baxıla bilər. Lakin seçkinin vahidliyini təmin etmək üçün təminatlar işlənilib hazırlanmalıdır... .
...
152. Poçt vasitəsi ilə səsverməyə Qərbi Avropanın bəzi oturuşmuş demokratiyalarında, misal üçün, Almaniyada, İrlandiyada, İspaniyada, İsveçrədə icazə verilir. Bu həmçinin, misal üçün, Bosniya və Herseqovinada və Kosovoda seçki prosesinin maksimum inkluzivliyini təmin etmək üçün istifadə edilirdi (CG/BUR (11) 74). Lakin bu vasitə yalnız poçt xidmətinin təhlükəsiz və etibarlı olduğu təqdirdə tətbiq edilməlidir. Poçtla səsvermə zamanı baş verə biləcək saxtakarlıq və manipulyasiyanın olub-olmamasını öyrənmək üçün hər bir fərdi hal qiymətləndirilməlidir. ...”
(c) 2010-cu il ölkədən kənarda səs verməyə dair hesabat (580/2010 saylı Tədqiqat)
25. Bu hesabatın yekun hissəsində deyilir:
“91. Avropada xaricdə yaşayan vətəndaşların səs vermək hüququna və onun icrasına dair milli təcrübələr heç də eyni deyil.
92. Lakin qanunvericilikdəki dəyişikliklər, misal üçün, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Yunanıstana qarşı çıxarılan qərar, hansı ki hələ yekun qərar deyil, ən azı milli seçkilərdə ölkədən kənarda səsvermədə vətəndaşların öz doğma ölkələri ilə əlaqələrin saxlanılması baxımından əlverişli tendensiyanın olmasını qeyd edir.
93. Bu, ən azı müvəqqəti olaraq ölkədən kənarda olan şəxslərə aid edilə bilər. Lakin xaricdə müvəqqəti olma anlayışı geniş bir anlayışdır və bu meyar qəbul edildiyi təqdirdə açıqlanmalıdır.
94. Fərq seçkilərin növünə görə də qoyulmalıdır. Milli, vahid dairəli seçkiləri xaricdə yaşayan vətəndaşlar üçün açmaq daha asandır; yerli seçkilər xüsusilə yerli siyasi həyat ilə əlaqələrin zəif olması səbəbindən adətən onlar üçün bağlı olur.
95. Ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların sayı ölkədən ölkəyə çox fərqli ola bilər. Say çox olduqda, onlar seçkilərin nəticəsinə qərarverici təsir göstərə bilər və bu konkret tədbirlərin görülməsinə haqq qazandıra bilər.
96. Xaricdə yaşayan seçicilərdən səs verə bilmələri üçün qeydiyyatdan keçməyi tələb etmək, hətta belə qeydiyyat avtomatik olsa belə, tamamilə qanunidir.
97. Təcrübədə səfirlikdə və ya konsulluqda səs vermək öhdəliyi xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu ciddi şəkildə məhdudlaşdıra bilər. Bu məhdudiyyətlərə digər səsvermə vasitələrinin (poçt, etibarnamə ilə, elektron səsvermə) həmişə etibarlı olmaması əsası ilə haqq qazandırıla bilər.
98. Yekunlaşdıraraq, xaricdə yaşayan vətəndaşlara səs vermək hüququnun verilməsindən imtina edilməsinin və ya həmin hüquqa məhdudiyyət qoyulmasının ümumi səsvermə prinsipinə məhdudiyyət təşkil etməsinə baxmayaraq, Komissiya bu mərhələdə Avropa səsvermə irsinin prinsiplərinin belə hüququn daxil edilməsini tələb etdiyini hesab etmir.
99. Baxmayaraq ki, Avropa seçki irsi prinsiplərinə əsasən xaricdə yaşayan vətəndaşların səs vermək hüququnun daxil edilməsi tələb edilmir, Demokratiya uğrunda Qanun Vasitəsi ilə Avropa Komissiyası təklif edir ki, Avropada vətəndaşların mobilliyini nəzərə alaraq və bəzi ölkələrin konkret hallarına uyğun olaraq, xaricdə yaşayan vətəndaşlar üçün səs vermək hüququna müsbət yanaşma qəbul etmək lazımdır, çünki bu hüquq milli və Avropa vətəndaşlığının inkişafına təkan verir.”
3. Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt
26. Səs vermək hüququ Paktın 25-ci Maddəsində nəzərdə tutulub və bu maddənin müvafiq hissəsində deyilir:
“Hər bir vətəndaş 2-ci maddədə qeyd olunan ayrı-seçkiliklərin heç birinə yol verilmədən və heç bir əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:
...
(b) ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin öz iradələrini azad şəkildə bildirmələrinin təmin edildiyi həqiqi vaxtaşırı seçkilərdə səs vermək və seçilmək;
...”
12 iyul 1996-cı ildə İnsan Hüquqları Komitəsi (İHK) tərəfindən dərc edilən Paktın 25-ci maddəsi üzrə Ümumi Qeydlər hazırlanarkən, xaricdə yaşayan vətəndaşları üçün belə sistem olduqda poçt səsverməsi sistemlərindən istifadə etməyə imkan yaratmaq üçün Dövlətlərə müraciət edən təklif hazırlanmışdır. Lakin İHK bu təkliflə razılaşmadığı üçün o Ümumi Qeydlərə daxil edilməmişdir.
4. İnsan hüquqları üzrə Amerika Konvensiyası
27. İnsan haqları üzrə Amerika Konvensiyasının 23-cü maddəsində deyilir:
“1. Hər bir vətəndaşın aşağıdakı hüquq və imkanları var:
a. birbaşa və ya bilavasitə seçilmiş nümayəndələri vasitəsilə dövlət işlərinin həyata keçirilməsində iştirak etmək;
b. seçicilərin azad iradəsini ifadə edən ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə vaxtaşırı keçirilən həqiqi seçkilərdə seçmək və seçilmək; və
c. ümumi bərabərlik şərti ilə öz ölkəsinin dövlət qulluğuna çıxışı olmaq.
2. Qanun öncəki bənddə qeyd olunan hüquq və imkanların icrasını yalnız yaş, vətəndaşlıq, yaşayış yeri, dil, təhsil, mülki və əqli qabiliyyət və ya cinayət icraatında səlahiyyətli məhkəmə tərəfindən məhkum edilmə əsasları ilə tənzimləyə bilər”.
28. 23-cü maddədəki səsvermə hüququ mütləq deyil və “yaşayış yeri” daxil olmaqla, ikinci bənddə açıq şəkildə sadalanan əsaslarla məhdudlaşdırıla bilər. Lakin yaşayış yeri əsasında səs vermək hüququna qoyulan hər məhdudiyyətə də haqq qazandırıla bilməz.
29. Steithud Solidarity Komitəsi (Statehood Solidarity Committee) ABŞ-a qarşı işində (11.204 saylı iş, 98/03 saylı 29 dekabr 2003-cü il tarixli Hesabat) Amerika dövlətləri arası İnsan Hüquqları Komissiyası Amerika Konvensiyasının 23-cü maddəsi ilə təmin edilən hüququn şərhinə və tətbiqinə dair yanaşmanın, oxşar təminatları nəzərdə tutan digər beynəlxalq insan haqları müdafiəsi sistemlərinin presedent hüququna uyğun olduğunu qeyd etmişdir. O, bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin və BMT-nin İnsan Hüquqları Komitəsinin presedent hüququna istinad etmişdir:
“93. ... Avropa Məhkəməsi və bu Komissiya kimi BMT-nin İnsan Hüquqları Komitəsi MSHBP-ın 25-ci maddəsi ilə müdafiə edilən hüquqların mütləq olmadığını təsdiqləyir, lakin bununla belə 25-ci maddə ilə müdafiə edilən siyasi iştirak hüququna tətbiq edilən istənilən şərtlər “obyektiv və ağlabatan meyara” əsaslanmalıdır. Komitə, həmçinin, mütənasiblik kimi əsas prinsip fonunda siyasi hüquqlara qoyulan daha geniş məhdudiyyətlərin xüsusi əsaslandırma tələb etdiyi qənaətinə gəlmişdir.
...”
5. Afrika Xartiyası əsasında insan hüquqlarının müdafiəsi sistemi
30. İnsan və Xalqların Hüquqları haqqında Afrika Xartiyasının 13-ci maddəsinin 1-ci bəndi aşağıdakı kimi ifadə edilir:
“1. Hər bir vətəndaşın öz ölkəsinin idarə edilməsində birbaşa yaxud qanunla nəzərdə tutulmuş qaydada sərbəst şəkildə seçilmiş nümayəndələri vasitəsi ilə iştirak etmək hüququ vardır.”
31. Bu müddəa Beynəlxalq Paktın 25-ci maddəsinə mahiyyətcə oxşar olduğundan İnsan və Xalqların Hüquqları üzrə Afrika Komissiyası Xartiyanın 13-ci maddəsini İnsan Hüquqları Komitəsinin 25-ci maddəyə dair verdiyi Ümumi Qeydlər əsasında şərh etmişdir. Buna görə o, 25-ci maddənin hüquqlarının icrasına şamil olunan hər bir şərtin qanunla müəyyən edilən obyektiv və ağlabatan meyara əsaslanmalı olduğunu qərara almışdır (bax: Purohit və Mur(Purohit and Moore) Qambiyaya qarşı, Ərizə No. 241/2001, § 76).
C. Müqayisəli hüquq
32. Xaricdə səs vermək hüququna dair Avropa Şurası üzv Dövlətlərinin qanunvericiliyinə dair Məhkəmədə olan müqayisəli-hüquqi materiallara əsasən, sözügedən ölkələrin əksəriyyəti xaricdə yaşayan vətəndaşlarına parlament seçkilərində səs verməyə icazə verirlər və bunun üçün prosedurlar nəzərdə tutmuşlar. Bununla belə, vəziyyət ölkədən-ölkəyə kəskin şəkildə fərqlənir və ssenarilərin müxtəlifliyi onları sistemli kateqoriyalarda təsnifatlaşdırmağa imkan vermir. Yenə də iki əsas kateqoriya arasında fərq qoyula bilər: müxtəlif mexanizmlərlə xaricdə yaşayan vətəndaşlarına səs verməyə icazə verən üzv Dövlətlər və bir qayda olaraq buna icazə verməyən dövlətlər. Nəhayət, xaricdə səsverməyə icazə verən Dövlətlərin əksəriyyəti mühacirlərin seçki vərəqələrində qeydiyyata alınması üçün inzibati prosedurlar müəyyən etmişlər.
1. Xaricdən səs verməyi prinsipcə icazə verən ölkələrdə bunun tənzimlənməsi
33. Bu kateqoriyaya otuz-yeddi üzv Dövlət aiddir: Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, “keçmiş Yuqoslav Respublikası Makedoniya”, Türkiyə, Ukrayna və Birləşmiş Krallıq.
34. Yuxarıda qeyd edilən ölkələr seçki məntəqələrində və ya poçt vasitəsi ilə səs vermə və yaxud da hər ikisini nəzərdə tuturlar. Aşağıdakı on yeddi ölkə səfirliklərdə və ya konsulluqlarda, yaxud digər yerlərdə təşkil edilmiş seçki məntəqələrində səs verməyə icazə verir: Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Macarıstan, İslandiya, Moldova, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, “keçmiş Yuqoslav Respublikası Makedoniya” və Ukrayna.
Səkkiz ölkə (Avstriya, Almaniya, İtaliya, Lixtenşteyn, Lüksemburq, Niderland, Portuqaliya və Sloveniya) xaricdə yaşayan vətəndaşlarına yalnız poçt vasitəsi ilə, səfirlik və ya konsulluq vasitəsi ilə, yaxud birbaşa müvafiq milli orqana yazmaq vasitəsi ilə səs verməyə icazə verir. Səfirlik (və ya konsulluq) yaxud poçt vasitəsi ilə səs vermək imkanı Belçika, Bosniya və Herseqovina, Estoniya, Latviya, Litva, Sloveniya, İspaniya və İsveçdə nəzərdə tutulub. Az sayda ölkədə həmçinin etibarnamə vasitəsi ilə səsvermə nəzərdə tutulub (Belçika, Fransa, Niderland, İsveçrə və Birləşmiş Krallıq). Monakoda etibarnamə vasitəsi ilə səsvermə həmin ölkənin xaricdəki vətəndaşları üçün yeganə vasitədir.
Bir neçə Dövlət (Niderland və İsveçrə) internet vasitəsi ilə səs verməyə icazə verir. Bu cür səsvermə növü artıq Estoniyada da qanunda nəzərdə tutulub və tətbiq edilir; İspaniyada isə bu məsələyə baxılmaqdadır.
35. Beş üzv Dövlət (Bosniya və Herseqovina, Danimarka, Macarıstan, Lixtenşteyn və “keçmiş Yuqoslav Respublikası Makedoniya”) yalnız ölkədən kənarda müvəqqəti yaşayan şəxslərə xaricdən səs vermək hüququ verir. Sonuncu qeyd edilən ölkədə qanun konkret olaraq xaricdə müvəqqəti yaşayan və işləyən şəxslərə şamil edilir. Bəzi ölkələrdə mühacirlər müəyyən müddətdən sonra səs vermək hüququnu itirirlər (Birləşmiş Krallıqda on beş il və Almaniyada iyirmi beş il).
36. Avstriya, Macarıstan, Sloveniya və Ukrayna kimi ölkələr xaricdən səsverməyə yalnız həmin xarici ölkənin razılığı ilə icazə verirlər.
37. Dörd ölkədə (Xorvatiya, Fransa, İtaliya və Portuqaliya) mühacirlər milli parlamentə öz namizədlərini ölkədən kənarda yaradılan seçki dairələrində seçə bilərlər. Portuqaliyada iki seçki dairəsinin hər biri Parlamentə bir üzv seçir. Xaricdə yaşayan Fransa vətəndaşları Senatın on iki üzvünün seçilməsində 150-Mühacir Fransızların Güclü Assambleyası vasitəsi ilə iştirak edir. 2012-ci ildən etibarən onların həmçinin Milli Assambleyanın on bir üzvünü seçmək imkanı da olacaq. Xorvatiya və İtaliyada mühacir seçki dairələrinə ayrılmış parlament yerlərinin sayı verilmiş səslərin sayından asılıdır.
2. Xaricdən səs vermək hüququ nəzərdə tutmayan və ya buna ciddi məhdudiyyətlər qoyan ölkələr
38. Səkkiz üzv Dövlət – Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Kipr, Malta, Monteneqro və San Marino – parlament seçkilərində xaricdən səs verməyə icazə vermir. Xüsusilə Albaniyada qüvvədə olan seçki məcəlləsi xaricdən səs verməyə dair müddəa nəzərdə tutmur. İrlandiyada polis və hərbi qüvvələrin üzvləri, İrlandiya diplomatları və onların həyat yoldaşları ilə məhdudlaşan mühacirlərin poçt vasitəsi ilə səs verməsinə sərt qaydalar tətbiq edilir. Göründüyü kimi, bu hüquq çox kiçik fərdlər qrupu səviyyəsində məhdudlaşdırılıb. Monteneqro və San Marino dövlətlərinin qanunvericiliyinə əsasən, xaricdə yaşayan şəxslər yalnız öz vətənlərində səs verə bilərlər.
3. Seçici siyahılarında emiqrantların qeydiyyatına dair inzibati prosedurlar
39. Xaricdə səs verməyə icazə verən üzv Dövlətlərin ən azı iyirmi ikisində bu imkandan istifadə etmək istəyən şəxslər öz ölkələrinin müvafiq orqanına və ya xaricdə yerləşən diplomatik və ya konsulluq missiyasına müəyyən vaxta qədər seçici siyahısında qeydiyyata alınmaq üçün müraciət etməlidirlər.
40. Bosniya və Herseqovinada qeydiyyat üçün ərizə hər seçkidən öncə ölkənin mərkəzi seçki komissiyasına təqdim edilməlidir. Danimarkada səs vermək hüququ olan şəxslər axırıncı yaşadıqları bələdiyyəyə ərizə təqdim etməlidirlər. Macarıstanda seçicilər müəyyən vaxt çərçivəsi ərzində yerli seçki bürosuna ərizə təqdim etməklə diplomatik və ya konsulluq missiyasında qeydiyyata alınmağı xahiş edə bilərlər. Almaniya və Lüksemburqda ərizə yerli orqanlara təqdim edilməlidir. Slovakiyada xaricdə yaşayan seçicilər xüsusi seçici siyahısında qeydə alınmaq üçün Bratislava-Petrzalka bələdiyyəsinə müraciət etməlidirlər. Sloveniyada xaricdən səs verən şəxslər milli seçki komissiyasını xəbərdar etməlidirlər, Serbiyada isə bu şəxslər xarici sakinlər kimi seçici siyahısına əlavə edilmək üçün müraciət etməlidirlər. İspan seçiciləri xaricdən səs verən xüsusi seçicilər siyahısında qeydiyyat üçün seçki bürosunun əyalət filialına müraciət etməlidirlər. Birləşmiş Krallıqda xaricdən səs verən seçicilər hər il öz yerli seçki qeydiyyat ofisində yenidən qeydiyyatdan keçməlidirlər.
41. Bəzi ölkələrdə müraciət diplomatik və ya konsulluq missiyalarına göndərilməlidir və bu missiyalar ya özü seçicilər siyahısını tərtib edir, ya da müraciətləri təmsil etdiyi ölkədə yerləşən müvafiq orqana göndərir. Diplomatik və ya konsulluq missiyalarının tərtib etdiyi əhalinin qeydiyyat jurnalında qeydiyyatda olan Belçika vətəndaşları qeydə alınmaq istədikləri bələdiyyəni və istifadə edəcəkləri səsvermə metodunu müəyyən edən forma doldurmalıdırlar. Bu forma sonra müvafiq bələdiyyəyə göndərilir və şəxsin adı mühacir seçicilər siyahısına əlavə edilir.
42. Bolqarıstan, Çexiya Respublikası, Polşa və Rusiyada mühacir seçicilərin siyahısı diplomatik və ya konsulluq missiyaları tərəfindən seçicilərin müraciəti əsasında tərtib edilir. Xaricdən səs vermək istəyən xorvat vətəndaşları xorvat səfirlik və ya konsulluğunda qeydə alınmalıdırlar. Poçt vasitəsi ilə səs vermək istəyən Latviya seçiciləri müvafiq səfirlik və ya konsulluq missiyasına müraciət etməlidirlər və orada onlar xüsusi siyahıda qeydə alınırlar. Niderlandda səs vermək hüququna malik olan və bu hüququndan istifadə etmək istəyən mühacirlər xaricdə yaşayan Niderland vətəndaşlarının seçki siyahılarında qeydə alınmaq üçün konsulluq missiyasının rəhbərinə müraciət etməlidirlər və həmin şəxs müraciəti Haaqaya göndərir. Portuqaliyada xaricdə səs vermək üçün əvvəlcə seçicilərdənn konsulluq siyahısında qeydiyyata durmaq tələb olunur. Xaricdə yaşayan İsveçrə vətəndaşları qeydiyyatda olduqları diplomatik və ya konsulluq missiyalarına müraciət etməlidirlər. Ərizə əvvəllər şəxsin səs verdiyi bələdiyyəyə göndərilir və şəxs orada seçki siyahısına daxil edilir. “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya”da mühacir seçicilər diplomatik və ya konsulluq missiyalarına müraciət etdikdən sonra ölkənin seçki siyahılarında qeydə alınırlar. Türkiyədə mühacir seçicilər ən yaxın konsulluğa yaşayış yeri haqqında bəyanat təqdim etməklə xüsusi seçki siyahısında qeydə alınmalıdırlar.
43. Digər ölkələrdə mühacir seçicilər qeydiyyat üçün heç bir rəsmi forma doldurmalı deyillər, belə ki, səlahiyyətli orqanlar onları mövcud seçici siyahılarına əsasən avtomatik qeydə alırlar. Bu Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İslandiya, İtaliya, Litva, Moldova, Norveç, Rumıniya, İsveç və Ukraynada tətbiq edilir. Seçici siyahısında adları olmayan seçicilər müraciət edərək bu siyahıya adlarının salınmasını tələb edə bilərlər (misal üçün, Fransa, Gürcüstan, İtaliya və Ukrayna).
44. İslandiyada seçicilər xaricdə səkkiz il yaşadıqdan sonra milli seçici siyahısında yenidən qeydə alınmalıdırlar; Norveç və İsveçdə bu müddət on il təşkil edir.
45. Avtomatik qeydiyyat olan bəzi ölkələrdə mühacirlər öz doğma ölkələrində səs vermək üçün müəyyən prosedurlara riayət etməlidirlər. Misal üçün, xaricdə yaşayan və İtaliyada səs vermək istəyən italyan seçiciləri yazılı şəkildə müvafiq konsulluğu məlumatlandırmalıdırlar. Fransız mühacirləri Fransada səs vermək arzusunda olarlarsa, orada seçici siyahısında qeydə alınmaq üçün müraciət etməlidirlər.
HÜQUQİ MƏSƏLƏLƏR
1-SAYLI PROTOKOLUN 3-CÜ MADDƏSİNİN EHTIMAL EDİLƏN POZUNTUSU
46. Ərizəçilər öz yaşayış yerindən səs verə bilməmələri faktının aşağıda qeyd edilən 1 saylı Protokolun 3-cü maddəsinə zidd olaraq 2007-ci il parlament seçkilərində onların səs vermək hüququnun icrasına qeyri-mütənasib müdaxilə olduğunu iddia etmişlər:
“Razılığa gələn yüksək tərəflər, qanunverici hakimiyyət orqanlarını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə ağılabatan dövriliklə, gizli səs vermə yolu ilə, azad seçki keçirməyi öhdələrinə götürürlər. ”
A. Palatanın qərarı
47. Palata 8 iyul 2010-cu il qərarında Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulduğu barədə qərar qəbul etmişdir. Palata hazırkı işin yunan konstitusiyasının artıq tanıdığı ərizəçilərin səs vermək hüququnun tanınması məsələsinə deyil, daha çox xaricdə yaşayan Yunanıstan vətəndaşlarının həmin hüquqdan istifadə şərtlərinə toxunduğu mövqeyində idi. Bu məqama dair Palata 1975-ci ildə qəbul edilmiş və 2001-ci ildə əlavələr edilmiş Yunanıstan Konstitusiyasının 51-ci maddəsinin 4-cü bəndinin sözügedən şərtlərini dəqiqləşdirmək səlahiyyətini qanunverici orqana verdiyini qeyd edirdi. Ərizəçilərin səs vermək üçün Yunanıstana səfər etmək seçiminin olmasına baxmayaraq, təcrübədə bu həmin hüququn icrasını kifayət qədər çətinləşdirirdi, çünki bu müəyyən xərclər və onların peşəkar və ailə həyatlarında vaxt itkisi bahasına başa gəlirdi.
48. Palata Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin xaricdə yaşayan seçicilərə parlament seçkilərində səs vermək hüququnu təmin etmək üçün heç bir öhdəlik yaratmadığını etiraf etmişdir. Lakin sözügedən konstitusiya müddəası (51-ci maddənin 4-cü bəndi) qeyri-müəyyən vaxt ərzində tətbiq edilmədən qala bilməzdi, çünki əks halda o, məzmununu və müəlliflərin niyyətlərini istənilən normativ dəyərdən məhrum etmiş olardı. 51-ci maddənin 4-cü bəndinin qəbul edilməsindən otuz beş il sonra (qərarın çıxarıldığı zaman) Yunanıstan qanunvericiliyi bu müddəanın işləməsi üçün heç bir tədbir görməmişdir.
49. Palata həmçinin qeyd etmişdir ki, Avropa Şurasının xaricdə yaşayan vətəndaşların seçki proseslərində mümkün qədər iştirak etmələrinə dair üzv Dövlətlərə müraciət etməsinə baxmayaraq, mühacirlərin səsvermə hüququnun praktiki işləməsinə dair qanunun qəbul edilməməsi xaricdə, xüsusən də çox uzaq məsafədə yaşayan yunan vətəndaşlarına qarşı, Yunanıstanda yaşayanlarla müqayisədə ədalətsiz davranış idi. Avropa Şurasının otuz üç üzv Dövlətinin daxili qanunvericiliyinin müqayisəli təhlili əsasında Palata bu məqsədlə əksər ölkələrin müəyyən proseduralar nəzərdə tutmasını müşahidə etmiş və Yunanıstanın bu baxımdan üzv Dövlətləri arasında ümumi meyarlara uyğunlaşmadığı nəticəsinə gəlmişdir.
B. Tərəflərin arqumentləri
1. Ərizəçilər
50. Ərizəçilər Yunanıstan vətəndaşlarının xaricdən səs vermək hüquqlarının ilk dəfə 1862-ci ildə Yunanıstan vətəndaşlarının xaricdə öz yaşadığı yer üzrə səs verə bildiyi İkinci Milli Assambleyaya üzvlərin seçilməsi zamanı tanındığını bildirmişlər. Yunanıstan konstitusiya hüququna dair əksər elmi fikirlərdə və həmçinin Yunanıstan məhkəmələrinin rəylərində ortaya qoyulan mövqeyə əsasən, səs vermək hüququ kimi mühüm hüququ təmin edən konstitusional müddəa qeyri müəyyən vaxta qədər tətbiq edilmədən saxlanıla bilməz. Ərizəçilər, konkret olaraq, mədəni ətraf mühitin qorunması məqsədi ilə mülkiyyət hüquqlarının məhdudlaşdırılması tədbirləri və sahibə təzminatın ödənilməsi qaydaları dair qanunun qəbul edilməsini nəzərdə tutan Konstitusiyanın 24-cü maddəsinin 6-cı bəndinə dair oxşar məsələ ortaya çıxanda, tam tərkibdə olan Ali İnzibati Məhkəmənin sözügedən məsələyə dair qanunverici orqan icraedici qanun qəbul etməyənə qədər “səlahiyyətli orqanların birbaşa Konstitusiyadan irəli gələn abidələrin qorunmasını təmin etmək və eyni zamanda zərərçəkmiş sahibə təzminat vermək öhdəliyinin olması” barədə qərarına diqqət çəkmişlər. Ərizəçilərin fikrincə, Konstitusiyanın 108-ci və 51-ci maddənin 4-cü bəndinə uyğun olaraq qanunun qəbul edilməsi tələbi Yunanıstanın qanunverici orqanı üçün fakültativ deyil, məcburi idi. Onlar Konstitusiyanın konkret müddəasının tətbiq edilməsi və mühacirlərin xaricdə səs vermək hüququnun effektiv olması məsələsində Yunanıstan dövləti tərəfindən otuz altı il yubanmanın 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasına bərabər olduğunu qeyd edirdilər.
51. Ərizəçilərin fikrincə, Hilbe (Hilbe) Lixtenşteynə qarşı işində (31981/96 saylı ərizə, ECHR 1999‑VI) Məhkəmənin mövqeyinin hazırkı işə aidiyyəti yoxdur. Həmin işdəki ərizəçidən fərqli olaraq, bu işdəki ərizəçilər artıq seçici siyahısında qeydə alınmışdılar və onların səs vermək hüququ daxili qanunvericilikdə aydın şəkildə tanınmışdır. Beləliklə, onlar səsvermə hüququna qoyulan məhdudiyyətdən deyil, həmin hüququn tətbiq edilməsi üçün müvafiq qanunun qəbul edilməməsindən şikayət edirdilər.
52. Ərizəçilər öz ölkələrində siyasi dəyişiklikləri xüsusi maraqla izlədiklərini və Yunanıstanla yaxın əlaqələrin saxlanılmasını arzu etdiklərini qeyd etmişdilər. Konkret olaraq, onlar Yunanıstan seçki siyahılarında qeydə alındıqlarını, etibarlılıq müddəti bitməyən Yunanıstan pasportlarına sahib olduqlarını, Yunanıstanda daşınmaz əmlaka sahib olduqlarını və bu mülkdən gəlir vergisi ödədiklərini və Yunanıstanda vəkil kimi fəaliyyət göstərməyə səlahiyyətli olduqlarını qeyd etmişlər. Onlar öz yaşadığı dövlətdə Yunanıstan parlament seçkilərində səs vermək imkanına malik olmaması faktının Yunanıstan Konstitusiyasına və həmçinin Konvensiyaya zidd olaraq onların səs vermək hüququna müdaxilə olduğunu bildirmişlər. Bu müdaxilə onların səs vermək hüququnu icra etmələri üçün Yunanıstana səfər etməli olduğu faktından irəli gəlirdi. Ərizəçilər etiraf etmişlər ki, parlament seçkiləri üçün doğma şəhərləri Samos və Salonikiyə uça bilərdilər. Lakin bu imkan onların iddiasının mahiyyətini dəyişmir, çünki onlar bir neçə gün işdən və ailələrindən uzaq düşməyə məcbur olacaq və müəyyən əhəmiyyətli dərəcədə xərclər çəkməli olacaq və peşə və şəxsi həyatlarında aravermələr yaşayacaqdılar.
53. Ərizəçilərin fikrincə, üzv Dövlətlərdə onların səs vermək hüququnu effektiv etmək öhdəliyinin olması Avropa Şurasının sənədlərindən, konkret olaraq, Parlament Assambleyasının 1459 (2005) saylı Qətnaməsindən, 1714(2005) saylı Tövsiyəsindən və Venesiya Komissiyasının Seçki məsələlərində yaxşı təcrübə Məcəlləsindən aydın olurdu. Onlar 8 iyul 2010-cu il tarixli qərarında Palatanın istinad etdiyi tədqiqata uyğun olaraq, Avropa Şurasının üzv Dövlətlərindən ən azı iyirmi doqquzunun təcrübədə mühacirlərə parlament seçkilərində xaricdən səs vermək hüququnu təmin etdiyini qeyd edirdilər.
2. Hökumət
54. Hökumət iddia edirdi ki, Yunanıstandan kənarda yaşayan seçicilərin səs vermək hüququnun icrasına dair qanunvericiliyin qəbul edilməsi kimi konstitusiyanın tanıdığı imkan hazırkı işdə 1 saylı Protokolun 3-cü maddəsi ilə pozuntunun olmasını müəyyən etməkdə qərarverici faktor ola bilməz. Konkret olaraq, onlar Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinin heç də qanunverici orqan üçün öhdəlik yaratmadığını və onun təbiətcə fakültativ olduğunu vurğulayırdı. Bundan başqa, 1 saylı Protokolun 3-cü maddəsinə dair Məhkəmənin presedent hüququ tərəfdaş dövlətlərin öz seçki sistemlərinin təşkili məsələlərində qiymətləndirmə sərbəstliyinin geniş olmasını tanıyır. Hökumət Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq Yunanıstandan kənarda Yunanıstan vətəndaşları üçün səsvermə prosedurlarının Parlamentin üçdə iki səs çoxluğu ilə qəbul edilməli olduğunu əlavə etmişdir; bu fakt sözügedən məsələyə dair Yunanıstanda çox geniş siyasi konsensusun təmin edilməsinin vacibliyini təsdiqləyir. Bundan başqa, Yunanıstan Hökuməti artıq 2009-cu ildə Yunanıstan mühacirlərinin seçki hüquqlarına dair qanun qəbul etməyə cəhd etmişdir və bu fakt özlüyündə sözügedən problemin həllini tapmaq istiqamətində siyasi iradənin olmasına işarədir. Hökumətin fikrincə, bu qaydaların müəyyən edilməsi hədsiz qəliz və həssas siyasi məsələ idi. Mühacirlərin parlament seçkilərində öz yaşadığı yer üzrə səs vermək hüquqlarının qeyri-şərtsiz tanınması tək Yunanıstanda deyil, eyni zamanda Avropa Şurasının digər üzv Dövlətlərində də ciddi siyasi və iqtisadi problemlərə gətirib çıxara bilərdi.
55. Hökumət səs vermək hüququnun yaşayış yerindən asılı olması barədə tədbirlərin 1 saylı Protokolun 3-cü maddəsinə uyğun olmasına dair Məhkəmənin və keçmiş Avropa İnsan Haqları Komissiyasının presedent hüququna istinad etmişdir. Onlar presedent hüququna uyğun olaraq belə tələbin haqlı olduğunu mübahisələndirirdi. Onlar əsasən ölkə ərazisində yaşayan vətəndaşların maraqlarına təsir edən məsələlərə diqqət yetirən parlament seçkilərinə xaricdə yaşayan vətəndaşların təsirini məhdudlaşdırmaq kimi qanunverici orqanın qanuni narahatçılığına istinad edirdi. Hökumətin fikrincə, mühacirlər ölkənin siyasi institutlarının qərarlarının onlaraYunanıstanda yaşayan Yunanıstan vətəndaşlarından daha çox təsir etdiyini qanuni olaraq iddia edə bilməzdilər.
56. Konkret olaraq, 2001-ci ildə Konstitusiyaya dəyişikliklərin edilməsi sahəsində parlamentin töhfhəsinə istinad edərək, Hökumət Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinin istinad etdiyi qanunvericiliyin fakültativ olaraq qalmasını müşahidə etmişdir. 51-ci maddənin 4-cü bəndinin ilk dəfə poçt vasitəsi ilə səsverməyə istinad etməsinə baxmayaraq, açıq-aşkar fakültativ idi. Bundan başqa, poçt vasitəsilə səsvermənin icrası zamanı parlament seçkiləri ilə eyni zamanda keçirilməsi kimi konstitusional prinsipə riayət olunmalı idi. Hökumət həmçinin Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndində istinad edilən icraya dair qanunun 2/3 səs çoxluğu tələbinin səbəbini, xaricdə yaşayan Yunanıstan vətəndaşlarının sayının çox olduğuna görə (Yunanıstanda yaşayan 11.000.000 şəxslə müqayisədə təxminən 3.700.000 şəxs) siyasi konsensusa olan ehtiyacı təkrar qeyd etdi. Misal üçün, ABŞ-da 1.850.000 və Avstraliyada 558.000 Yunanıstan vətəndaşları yaşayır. Beləliklə, Hökumətin mövqeyinə əsasən, seçicilərin de fakto artımından yaranan siyasi gərginliyin qarşısını almaq üçün siyasi partiyalar arasında mümkün olan ən geniş konsensus lazım idi.
57. Hökumət xarici ölkədə daimi yaşayan Yunanıstan vətəndaşlarının həmin ölkədə sosial, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirdiyini və onların maraqlarının əsasən orada olduğunu iddia edirdi. Bundan başqa, Yunanıstan və emiqrantlara yaşadığı yer üzrə səs vermək hüququnu təmin edən digər ölkələri müqayisə edərkən hər bir işin konkret xüsusiyyətləri, xüsusən də öz ölkəsindən kənarda yaşayan vətəndaşların sayı, hər ölkədə sosial-siyasi kontekst və mövcud seçki sistemi nəzərə alınmalıdır.
58. Hökumət daha sonra qeyd etdi ki, Yunanıstan emiqrantlarının parlament seçkilərində iştirakı Avropa Parlamentinə seçkilərdəki səs vermək hüququnun icrası ilə müqayisə edilə bilməz. Sonuncu əsasən Yunan emiqrantlarının bir hissəsinə, konkrekt olaraq Avropa Birliyinin Üzv Dövlətlərində yaşayanlara, səs vermək hüququnun verilməsi məsələsi idi və bu - Avropa Birliyi hüququndan birbaşa irəli gələn bir öhdəlik idi və ayrılıqda daxili qanunvericilikdə nəzərdə tutulurdu.
59. Beləliklə, Hökumət ərizəçilərin səs vermək hüquqlarının Yunanıstanda icra etmək şərti ilə seçki qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə cavab verdiyini vurğuladı. Emiqrantlara öz yaşayış yeri üzrə səs vermək hüququnun verilməsi məsələsi ölkənin səlahiyyətli orqanlarının qiymətləndirmə sərbəstliyinə aid olan məsələdir və yalnız onlar həmin hüququn necə və nə vaxt verilməsinə dair qərar verə bilər.
3. Üçüncü tərəfin müdaxiləsi
60. 1953-cü ildə yaradılan Yunanıstan İnsan Hüquqları Liqası Yunanıstanın ən yaşlı qeyri-hökumət təşkilatıdır və İnsan Haqları üzrə Beynəlxalq Federasıyanın üzvüdür. Liqa emiqrantların yaşayış yeri üzrə seçki hüquqlarının icrasının paradoksal olmasını qeyd etmişdi. Emiqrantların “ana vətənin” siyasi qərarlarında iştirak etmək hüququnun mübahisələndirilməməsinə baxmayaraq, konstitusional dəyər əldə etmiş sözügedən prinsip səmərəsiz olmuşdur; konstitusiyaya 2001-ci ildə edilən dəyişikliklərdən on il keçməsinə baxmayaraq, xaricdə yaşayan Yunanıstan vətəndanşları üçün “poçt vasitəsi ilə səsverməni” qəbul etmək kimi konstitusional tələb hələ də icra edilməmişdir.
61. Xaricilərin siyasi hüquqlarına dair müzakirələr iki müxalif ideyaya əsaslanır və Dövlətlərin mövqe və təcrübələrinin əksəriyyəti, müxtəlif fərqlərlə və incəliklərlə, bu ideyalara söykənir. Birinci tamamilə əraziyə söykənən siyasi icma ideyası idi, lakin ikinci – milləti birləşdirən həmrəylik əlaqələri ilə yaranan ərazidən kənarda olan icma ideyası idi. Üçüncü tərəfin adından müdaxilə edən tərəf icmanın öz müqəddəratını demokratik təyin etmək anlayışının “qanunun şamil edildiyi şəxslərin və qanunun istinad etdiyi şəxslərin özlərini qanunun yaradıcıları hesab etmələrini tələb etdiyini” deyən C.Habermasa istinad edirdi. Bu fraza həll edici meyar kimi əsasən vətəndaş statusu anlayışına konkret ərazidə yaşamaq kimi baxılmasına istinad edirdi, lakin fərdlərin Dövlət ilə dinamik əlaqələrinin olmasını hiss etməsi üçün bu Dövlətin ərazisində yaşamalarının mütləq vacib olmaması faktı obyektiv olaraq nəzərə alınmışdır. “Evdə və evdən uzaqda yaşamağın [mümkün] olması”nı başa düşülməsi tədricən artırdı. Vətəndaşlıq məsələsinə belə transmilli yanaşma miqrantların səs vermək hüququna dair vətəndaşlığın sırf ərazi anlayışına əsaslanan debatın köhnəlmiş olduğuna dəlalət edir. Seçki kampaniyaların hal-hazırda əsasən kompyüter əsaslı sosial şəbəkələr (Facebook və Twitter kimi) vasitəsi ilə keçirilməsi faktı miqrant və öz ölkəsi arasında “məsafə”nin olması arqumentinin əvvəllər olduğu kimi artıq münasib olmadığını təsdiqləyir.
62. Müdaxilə edən üçüncü tərəfinin fikrincə, miqrantlara siyasi hüquqların verilib-verilməməsi dilemmasına cavab “ya hamısı ya heç nə” ola bilməz. Yunanıstan dövləti ilə miqrantların tutarlı əlaqələrinin olub-olmamasını qiymətləndirmək üçün obyektiv meyarı müəyyən etməyə və bununla onların seçici siyahılarına əlavə edilib-edilməməsinə dair qərar qəbul etməyə ehtiyac duyulurdu. Liqa miqrantlara seçki hüququ verən Avropa Birliyinin əksər Üzv Dövlətlərində sözügedən dövlətin səfirlik və ya konsulluqlarında seçki siyahılarında qeydiyyata durmaq şərtinin olduğunu müşahidə edib. Beləliklə, “poçt və ya digər münasib vasitə” ilə səs vermək üçün yeganə obyektiv meyarın xaricdə yerləşən konsulluqda seçki siyahılarının mövcud olub-olmamasıdır. Yunanıstan diasporasının Yunanıstan seçkilərində iştirak etmək tələblərinə cavab doğma ölkədə demokratik proseslərin miqrantların həyatına təsir edən üsulların inkişafını nəzərə alaraq mütənasib və tarazlı şəkildə uyğunlaşdırılmalıdır.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
63. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 3-cü Maddəsi xarakterik prinsip olan effektiv siyasi demokratiya prinsipini və müvafiq olaraq, Konvensiya sisteminin mühüm əhəmiyyətini təsbit edir (bax: Matye-Moen və Klerfayt (Mathieu‑Mohin and Clerfayt) Belçikaya qarşı, 2 mart 1987-ci il, 47-ci bənd, A seriyaları, № 113). Bu maddə Konvensiyanın və onun Protokollarının digər maddələrindən fərqli görünə bilər, belə ki, onun mətnində konkret hüquq və ya azadlıq deyil, Yüksək Müqavilə Tərəflərinin xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə seçkilər keçirmək öhdəliyi öz əksini tapıb. Lakin 1 saylı Protokolun 3-cü maddəsinə dair hazırlıq materiallarını (travaux préparatoires) və bu maddənin bütövlükdə Konvensiya kontekstində şərhini nəzərə alaraq, Məhkəmə qərara alıb ki, bu maddə həm də fərdi hüquqları, o cümlədən seçmək və seçilmək hüququnu nəzərdə tutur (bax: Matye-Moen və Klerfaytın işi üzrə yuxarıda istinad edilən qərar, 51-ci bənd). O, həmçinin qərara alıb ki, 1 saylı Protokolun 3-cü maddəsinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün tətbiq edilən standartların tələblərinin qətilik dərəcəsi Konvensiyanın 8-11-ci maddələri ilə əlaqədar tətbiq edilən standartlara nisbətən daha azdır (bax: Jdanoka (Ždanoka) Latviyaya qarşı [Böyük Palata], ərizə № 58278/00, 115-ci bənd, ECHR 2006‑IV).
64. 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan "dolayı məhdudiyyətlər" konsepsiyası bu maddə ilə təmin edilən hüquqlara qoyulan məhdudiyyətlərin daşıdığı məqsədlərin mühümlüyünün müəyyənləşdirilməsində başlıca əhəmiyyət daşıyır (bax: Matye-Moen və Klerfaytın işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd). Nəzərə alsaq ki, 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan hüquqlara Konvensiyanın 8-11-ci maddələrində sadalanan konkret "qanuni məqsədlərdən" irəli gələn məhdudiyyətlərə bənzər məhdudiyyətlər tətbiq edilmir, deməli, iştirakçı dövlətlər tətbiq etdikləri məhdudiyyətə haqq qazandırmaq üçün həmin məhdudiyyətlər siyahısında yer almayan hər hansı məqsədə istinad etməkdə sərbəstdirlər, bu şərtlə ki, işin konkret halları həmin məqsədin qanunun aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğun olduğunu sübut etmiş olsun (bax: Jdanokanın işi üzrə yuxarıda istinad edilən qərarın eyni bəndi). Lakin 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət edilib-edilmədiyini son instansiya qismində müəyyənləşdirmək Məhkəmənin funksiyasıdır; o, əmin olmalıdır ki, seçmək və seçilmək hüququnun həyata keçirilməsinə qoyulan şərtlər: bu hüquqları onların mahiyyətinə xələl gətirəcək dərəcədə məhdudlaşdırmır və səməlilikdən məhrum etmir; qanunilik tələblərinə cavab verir; qanuni məqsədlə tətbiq edilir; və istifadə edilmiş vasitələr qeyri-mütənasib deyil (bax: Tanase (Tănase) Moldovaya qarşı [Böyük Palata], ərizə № 7/08, 162-ci bənd, ECHR 2010 (çıxarışlar); və Matye-Moen və Klerfaytın işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd).
65. Konkret olaraq seçki sisteminin seçilməsinə gəlincə, Məhkəmə bir daha xatırladır ki, bu sahədə iştirakçı dövlətlərin malik olduqları qiymətləndirmə sərbəstliyinin hüdudları genişdir. Bu baxımdan 1 saylı Protokolun 3-cü maddəsi sadəcə "xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə", "gizli səsvermə yolu ilə" "ağlabatan dövriliklə" "azad" seçkilər keçirmək öhdəliyini nəzərdə tutur. Bu şərtlərdən savayı, o, hər hansı "konkret sistemi", məsələn, bir və ya iki turdan ibarət proporsional təmsilçilik sistemini və ya majoritar səsvermə sistemini "tətbiq etmək öhdəliyini" yaratmır (bax: Matye-Moen və Klerfaytın işi üzrə yuxarıda istinad edilən qərar, 54-cü bənd).
66. Seçki sistemlərinin təşkilinin və idarə olunmasının bir çox üsulları var və bu sahədə çoxsaylı fərqlər, o cümlədən Avropa ölkələrinin tarixi inkişafından, mədəni müxtəlifliyindən və siyasi baxışlarından qaynaqlanan fərqlər mövcuddur və seçkiləri demokratiya barədə öz baxışlarına uyğun formada təşkil etmək hər bir iştirakçı dövlətin öz işidir (bax: Hörst (Hirst) Birləşmiş Krallığa qarşı (№ 2) [Böyük Palata], ərizə № 74025/01, 61-ci bənd, ECHR 2005‑IX). Protokolun 3-cü maddəsinin tətbiqinin məqsədləri üçün hər hansı seçki qanunvericiliyi müvafiq ölkənin siyasi təkamülü nəzərə alınmaqla qiymətləndirilməlidir, belə ki, bir seçki sistemi kontekstində qəbuledilməz olan cəhətlərə digər bir sistemdə haqq qazandırmaq olar, ən azı bu şərtlə ki, seçilmiş seçki sistemi ən azından "qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə" bilməsini təmin etsin (bax: Yumak və Sadak (Yumak and Sadak) Türkiyəyə qarşı [Böyük Palata], ərizə № 10226/03, 111-ci bənd, 8 iyul 2008‑ci il). Bundan başqa, Konvensiya hər şeydən əvvəl insan hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan sistem olduğuna görə Məhkəmə cavabdeh dövlətdə və bütövlükdə iştirakçı dövlətlərdə şəraitin dəyişməsini nəzərə almalı, məsələn, müvafiq məsələ barəsində onlar tərəfindən hər hansı konsensus əldə edildikdə buna reaksiya verməlidir. Bu baxımdan dövlət orqanlarının qiymətləndirmə sərbəstliyinin hüdudlarının müəyyənləşdirilməsində mühüm amillərdən biri iştirakçı dövlətlərin qanunvericiliklərində müvafiq məsələyə ümumi (yekdil) baxışın olub-olmaması hesab edilə bilər (bax: Qlor (Glor) İsveçrəyə qarşı, ərizə № 13444/04, 75-ci bənd, ECHR 2009-...).
67. Həmçinin qeyd etmək lazımdır ki, 1 saylı Protokolun 3-cü maddəsi kontekstində başlıca öhdəlik bir çox mülki və siyasi hüquqlarla bağlı öhdəliklərdə olduğu kimi hər hansı hərəkəti etməmək və ya müdaxiləni həyata keçirməmək vəzifəsindən ibarət deyil, demokratik seçkilərin "təşkili" üçün dövlət tərəfindən pozitiv tədbirlərin görülməsi vəzifəsindən ibarətdir (bax: Matye-Moen və Klerfaytın işi üzrə yuxarıda istinad edilən qərar, 50-ci bənd). Bu məsələ ilə bağlı Məhkəmə bu faktı da nəzərə alır ki, 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqların "aktiv" elementi olan səs vermək hüququ imtiyaz deyil. İyirmi birinci əsrdə demokratik dövlətdə belə ehtimal qəbul edilməlidir ki, ölkə xaricində yaşayan vətəndaşlar da seçicilər sırasına daxil edilməlidirlər (bax: Hörstün işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd).
68. Müvafiq olaraq, ümumi əhalinin hər hansı qruplarının və ya kateqoriyalarının seçmək hüququna malik şəxslər sırasından çıxarılması 1 saylı Protokolun 3-cü maddəsinin məqsədlərinə uyğun olmalıdır (bax: Jdanokanın işi üzrə yuxarıda istinad edilən qərar, 105-ci bənd). Məhkəmə həmçinin qərara alıb ki, seçmək hüququna minimum yaş həddi ilə və ya yaşayış yeri ilə bağlı şərtlərin daxili qanunvericilikdə tətbiqi prinsipcə 1 saylı Protokolun 3-cü maddəsinə zidd deyil (bax: Hörstün işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 62-ci bənd; və Hilbe (Hilbe) Lixtenşteynə qarşı (qərardad), ərizə № 31981/96, ECHR 1999-VI). O, həmçinin təsdiq edib ki, ümumi səsvermə hüququndan kənarlaşmanı nəzərdə tutan hər hansı ümumi xarakterli, avtomatik və heç bir fərqi nəzərə almayan qaydalar tətbiq edilirsə, bu yolla seçilən qanunverici orqanın və onun elan etdiyi qanunların demokratik legitimliyinə xələl gətirilməsi təhlükəsi yaranmış olur (Hörstün işi (№ 2) üzrə yuxarıda istinad edilən qərarın eyni bəndinə bax).
69. Xaricdə yaşayan vətəndaşların səsvermə hüquqlarına yaşayış yeri meyarı əsasında qoyulan məhdudiyyətlərə gəlincə, Konvensiya orqanları əvvəlki işlərdə qəbul ediblər ki, onlara bir neçə amillə haqq qazandırıla bilər: birincisi, ölkədə yaşamayan vətəndaşlar öz ölkələrinin gündəlik problemlərinə kifayət qədər birbaşa və ya davamlı maraq göstərmirlərsə və onlar barədə məlumatları azdırsa; ikincisi, namizədlərin seçilməsinə və ya onların seçki proqramlarının formalaşdırılmasına ölkədə yaşamayan vətəndaşların təsiri azdırsa; üçüncüsü, parlament seçkilərində səsvermə hüququ ilə seçkili siyasi orqanların aktlarının təsirinə birbaşa məruz qalma faktı arasında sıx əlaqə varsa; və dördüncüsü, fundamental xarakterli olsa belə, ilk növbədə ölkədə yaşayan vətəndaşlara təsir göstərən məsələlərə xaricdə yaşayan vətəndaşların seçkilər zamanı göstərə biləcəyi təsiri məhdudlaşdırmaqda qanunverici orqanın qanuni marağı varsa, o zaman məhdudiyyətlərə haqq qazandırmaq olar (bax: Hilbenin işi üzrə yuxarıda istinad edilən qərar; həmçinin bax: X və Y assosiasiyası (X and Association Y) İtaliyaya qarşı, ərizə № 8987/80, Komissiyanın 6 may 1981-ci il tarixli qərarı, Decisions and Reports (DR) 24, səh. 192; və Polaçço və Qarofalo (Polacco and Garofalo) İtaliyaya qarşı, ərizə № 23450/94, Komissiyanın 15 sentyabr 1997-ci il tarixli qərarı, DR 90-A, səh. 5). Son dövrlərdə Məhkəmənin bu məsələyə dair qəbul etdiyi yanaşma ondan ibarətdir ki, seçkilərdə səsvermə hüququna malik olmaq və ya bu hüquqdan istifadə etmək üçün yaşayış yeri ilə və ya ölkədə müəyyən müddət ərzində yaşamaqla bağlı tələbin qoyulması prinsipcə səsvermə hüququna tətbiq edilən qanunsuz məhdudiyyət deyil və beləliklə, 1 saylı Protokolun 3-cü maddəsinə zidd deyil (bax: Doyl (Doyle) Birləşmiş Kralığa qarşı (qərardad), ərizə № 30158/06, 6 fevral 2007-ci il).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
70. Məhkəmə öncə qeyd edir ki, ərizəçilər şikayət ediblər ki, Yunanıstanın qanunverici orqanı xaricdə yaşayan Yunanıstan vətəndaşlarının parlament seçkiləri zamanı yaşadıqları yerdəcə səs vermələri üçün indiyə qədər zəruri hazırlıq işlərini həyata keçirməyib. Müvafiq olaraq, bu şikayət özlüyündə xaricdə yaşayan vətəndaşların səsvermə hüququnun tanınmasına deyil, bu hüququn həyata keçirilməsi şərtlərinə aiddir, belə ki, prinsipcə 96/2007 saylı Prezident fərmanının 4-cü maddəsi ilə birgə (əlaqəli şəkildə) götürülən Yunanıstan Konstitusiyasının 51-ci maddəsinin 4-cü bəndində artıq bu hüquq tanınıb. Buna görə də, Palata kimi Böyük Palata da bu fikirdədir ki, onun vəzifəsi bu məsələni araşdırmaqdan ibarətdir ki, səsvermə hüququnun həyata keçirilməsi şərtlərini nəzərdə tutan qanunvericilik müddəalarının qəbul edilmədiyinə baxmayaraq, bu işdə Yunanıstanın seçki sistemi, 1 saylı Protokolun 3-cü maddəsinin tələb etdiyi kimi, "xalqın iradəsini sərbəst ifadə etməsinə" imkan verirdimi və "səsvermə hüququ öz mahiyyətini" qoruyub saxlamışdımı (bax: Metyus (Matthews) Bİrləşmiş Krallığa qarşı [Böyük Palata], ərizə № 24833/94, 65-ci bənd, ECHR 1999‑I)? O, bu araşdırmanı apararkən daha geniş əhatəli belə bir məsələni nəzərdən keçirəcək ki, 1 saylı Protokolun 3-cü maddəsi dövlətlərin üzərinə xaricdə yaşayan vətəndaşların səsvermə hüquqlarını xaricdən həyata keçirmələrinə imkan yaradan sistem tətbiq etmək öhdəliyini qoyurmu?
71. Ümumiyyətlə, 1 saylı Protokolun 3-cü maddəsi iştirakçı dövlətlər tərəfindən xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu yaşadıqları yerdən həyata keçirmələrinə imkan yaradan tədbirlərin görülməsini nəzərdə tutmur. Buna baxmayaraq, belə ehtimal qəbul edilməlidir ki, ölkə xaricində yaşayan vətəndaşlar da seçicilər sırasına daxil edilməlidirlər (bax: Hörstün işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd) və bu məqsədlə görülən tədbirlər bu maddəyə uyğundur. Lakin sual ondan ibarətdir ki, 1 saylı Protokolun 3-cü maddəsi bu məsələdə daha da irəliyə gedərək bu cür tədbirlərin görülməsini tələb edirmi? Bu sual cavablandırılarkən 3-cü maddə müvafiq beynəlxalq və müqayisəli hüquq normalarına (bax: Yumak və Sadakın işi üzrə yuxarıda istinad edilən qərar, 127-ci bənd; və Demir və Baykara (Demir and Baykara) Türkiyəyə qarşı [Böyük Palata], ərizə № 34503/97, 76-cı və 85-ci bəndlər, 12 noyabr 2008‑ci il) və müvafiq ölkənin daxili qanunvericiliyinə istinadən şərh olunmalıdır.
72. Birincisi, beynəlxalq hüquqa gəlincə, Məhkəmə qeyd edir ki, nə müvafiq beynəlxalq və regional müqavilələr (məsələn, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, İnsan hüquqları haqqında Amerika Konvensiyasında və İnsan və xalqların hüquqları haqqında Afrika Xartiyasında), nə də səlahiyyətli beynəlxalq orqanlar tərəfindən onlara verilən şərhlər bu nəticəyə gəlməyə əsas vermir ki, vətəndaşı olduqları dövlətin ərazisini daimi və ya müvəqqəti tərk etmiş şəxslərin səsvermə hüquqlarının tətbiq dairəsi həmin hüquqların xaricdən həyata keçirilməsi üçün dövlət tərəfindən tədbirlər görülməsini tələb edəcək dərəcədə genişdir (yuxarıda 26-31-ci bəndlərə bax).
73. Doğrudur, parlament seçkilərində səsvermə hüququnun təsirliliyini daha da artırmaq üçün Avropa Şurası üzv dövlətləri xaricdə yaşayan vətəndaşlarının seçki prosesində tam şəkildə iştirak etmələrinə imkan yaratmağa dəvət edib. Belə ki, Avropa Şurası Parlament Assambleyasının 1459 (2005) saylı qətnaməsində (yuxarıda 21-ci bəndə bax) deyilir ki, üzv dövlətlər səsvermə hüquqlarının mümkün qədər tam şəkildə həyata keçirilməsini asanlaşdırmaq üçün müvafiq tədbirlər görməli, xüsusən poçt vasitəsilə səsverməyə imkan yaratmalıdırlar. Bundan başqa, 1714 (2005) saylı qətnaməsində Parlament Assambleyası Avropa Şurasına təklif edib ki, xüsusi çətinliklərlə qarşılaşan qrupların, o cümlədən xaricdə yaşayanların seçki hüquqlarını real surətdə həyata keçirmələri üçün şəraitin yaxşılaşdırılmasına yönələn fəaliyyətlərini inkişaf etdirsin. Öz növbəsində Venesiya Komissiyası qeyd edib ki, 1980-ci illərdən bəri xaricdə yaşayan vətəndaşların səsvermə hüquqlarının tanınması sahəsində Avropada irəliləyişlər əldə edilib. O, xaricdə yaşayan vətəndaşların səsvermə hüquqlarını həyata keçirmələrinin asanlaşdırılmasını üzv dövlətlərə tövsiyə etsə də, belə hesab edib ki, bu, onlar üçün məcburi öhdəlik deyil. Onun rəyinə görə, bu, daha çox qanunverici orqan tərəfindən nəzərdən keçirilməli olan məsələdir və həmin orqan bir tərəfdən ümumi seçki prinsipi, digər tərəfdən isə səsvermənin təmin edilməsi və praktiki xarakterli mülahizələr arasında balansı təmin etməlidir (konkret olaraq yuxarıda 25-ci bəndə bax).
74. Bundan başqa, Avropa Şurasına üzv olan dövlətlərin bu sahəyə aid qanunvericiliklərinin müqayisəli tədqiqi göstərir ki, onların böyük əksəriyyəti öz vətəndaşlarının xaricdən səs verməsinə icazə verdiyi halda bir qismi buna icazə vermir (yuxarıda 38-ci bəndə bax). Bununla belə, xaricdən səs verməyə icazə verən dövlətlərə gəlincə, daha ciddi araşdırma göstərir ki, xaricdə yaşayan vətəndaşların səsvermə hüquqları formaca vahid deyil və müxtəlif formalara malikdir. Məsələn, bəzi ölkələr xaricdə təşkil edilmiş seçki məntəqələrində səs verməyə, eləcə də poçtla, etibarnamə ilə və elektron formada səs verməyə icazə verir (yuxarıda 34-cü bəndə bax). Xaricdə yaşamanın müddəti məsələsi üzv dövlətlər tərəfindən nəzərə alınan digər bir amildir. Bəzi dövlətlər yalnız ölkə xaricində müvəqqəti yaşayan vətəndaşlara səsvermə hüququ verirlər, digər dövlətlərdə isə vətəndaşlar xaricdə müəyyən müddət ərzində yaşadıqdan sonra səsvermə hüququnu itirirlər (yuxarıda 35-ci bəndə bax). Bundan başqa, bəzi iştirakçı dövlətlər xaricdə yaşayan vətəndaşlarına ölkə xaricində təşkil edilən seçki dairələrində milli parlamentə öz nümayəndələrini seçmək imkanı yaradırlar (yuxarıda 37-ci bəndə bax). Nəhayət, xaricdən səs verməyə icazə verən üzv dövlətlərin çoxunda bu imkandan istifadə etmək istəyən şəxslər müəyyən müddətə qədər öz ölkələrinin seçici siyahılarında, yaxud xaricdəki diplomatik nümayəndəliklərdə və ya konsulluq orqanlarında qeydiyyata alınmalıdırlar (yuxarıda 39-45-ci bəndlərə bax).
75. Xülasə, yuxarıda araşdırılan hüquqi sənədlərin heç biri bu nəticəyə gəlməyə əsas vermir ki, hazırda qüvvədə olan hüquq normalarına əsasən dövlətlər xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu həyata keçirmələrini təmin etmək öhdəliyini daşıyırlar. Avropa Şurasına üzv olan dövlətlərdə xaricdən səs vermək hüququnun həyata keçirilməsi üçün görülən tədbirlərə gəlincə, hazırda bu məsləyə dair çoxlu sayda müxtəlif yanaşmalar mövcuddur.
76. İkincisi, bu işdə nəzərdən keçirilən daxili qanunvericiliyə gəlincə, Məhkəmə qeyd edir ki, Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulur ki, "ölkə xaricində olan şəxslərin səsvermə hüququnu tənzimləyən şərtlər qanunvericilik aktlarında nəzərdə tutula bilər...". Öz növbəsində Parlamentin Elmi Şurası xaricdə yaşayan Yunanıstan seçicilərinin parlament seçkilərində səsvermə hüququnu həyata keçirmələrinə dair qanun layihəsi barədə 31 mart 2009-cu il tarixli məruzəsində bildirib ki, xaricdən səs vermək hüququnun həyata keçirilməsinə icazə vermək qanunverici orqanın vəzifəsi deyil, könüllü seçimidir və eyni zamanda vurğulayıb ki, bu məsələyə dair hüquqi rəy yekdil deyil (yuxarıda 19-cu bəndə bax). Yekun olaraq belə görünür ki, Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndi qanunverici orqanın xaricdə yaşayan Yunanıstan vətəndaşlarının yaşadıqları yerdən səs vermək hüququnu həyata keçirmələrinə imkan yaradan normalar qəbul etməsinə icazə versə də, bunu etmək həmin orqan üçün məcburi deyil. Bu amili və yuxarıda qeyd edilən mülahizələri (75-ci bəndə bax) nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinin müddəalarını nə vaxt və hansı üsulla yerinə yetirmək məsələsində milli hakimiyyət orqanlarına göstəriş vermək onun vəzifəsi deyil.
77. Bundan başqa, 2000-ci ildən bəri Yunanıstanın dövlət orqanları 51-ci maddənin 4-cü bəndinin müddəalarını yerinə yetirməyə bir neçə dəfə cəhd ediblər. Məsələn, 2001-ci ildə Konstitusiyaya dəyişikliklər edilərkən bu müddəaların məzmununa aydınlıq gətirildi və bildirildi ki, eyni vaxtda səsvermə prinsipi poçtla və ya digər münasib vasitələrlə səs vermək hüququnu istisna etmir, bu şərtlə ki, xaricdə səslərin hesablanması və nəticələrin elan olunması prosesi ölkə daxilindəki bu proseslə eyni vaxtda həyata keçirilsin (yuxarıda 16-cı bəndə bax).
78. Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinin müddəalarında nəzərdə tutulmuş qanunvericilik aktının qəbulu üçün 2009-cu ildə göstərilmiş təşəbbüs də qeyd edilməlidir, Daxili İşlər, Ədliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən 19 fevral 2009-cu ildə qanun layihəsi formasında parlamentə təqdim edilmiş həmin aktda xaricdə yaşayan Yunanıstan vətəndaşlarının parlament seçkilərində səsvermə hüquqlarını həyata keçirmələrinə yönələn tədbirlər öz əksini tapmışdı. Qanun layihəsi parlamentdən keçmədi, çünki 2001-ci il tarixli konstitusiya dəyişikliklərindən sonra Konstitusiyanın 51-ci maddəsinin 4-cü bəndinin tələb etdiyi kimi parlament üzvlərinin səslərinin ümumi sayının üçdə ikisini əldə edə bilmədi.
79. Nəhayət, ərizəçilərin konkret situasiyasına gəlincə, Məhkəmə onların Yunanıstanla sıx və davamlı əlaqələrini qoruyub saxladıqları və ölkələrinin işlərində fəal iştirak etmək məqsədi ilə ölkədəki siyasi, iqtisadi və sosial hadisələri yaxından izlədikləri barədə iddialarını şübhə altına almaq üçün heç bir səbəb görmür. Buna görə də, ölkədə yaşamayan vətəndaşların öz ölkələrinin gündəlik problemlərinə kifayət qədər birbaşa və ya davamlı maraq göstərməməsi və onlar barədə məlumatlarının az olması ehtimalı (yuxarıda 69-cu bəndə bax) bu işə tətbiq edilə bilməz. Bununla belə, Məhkəmənin rəyinə görə, bu, Yunanıstandakı hüquqi vəziyyəti sual altına almaq üçün yetərli deyil. İstənilən halda, səlahiyyətli orqanlar səsvermə hüquqlarının həyata keçirilməsini tənzimləyərkən hər bir fərdi halı nəzərə ala bilməzlər və yalnız ümumi qaydanı müəyyənləşdirməlidirlər (Hilbenin (Hilbe) işi üzrə yuxarıda istinad edilən qərara bax).
80. 2007-ci il parlament seçkilərində səsvermə hüquqlarını həyata keçirmək üçün Yunanıstana səfər etmək məcburiyyətində qalmalarının onların maliyyə, ailə və peşə həyatları üçün dağıdıcı nəticələrə səbəb olacağı barədə ərizəçilərin iddialarına gəlincə, Məhkəmə bu məcburiyyətin sözügedən səsvermə hüquqlarının mahiyyətinə xələl gətirəcək dərəcədə qeyri-mütənasib olduğuna əmin deyil.
3. Nəticə
81. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin edilən səs vermək hüquqlarının mahiyyətinə hazırkı işdə xələl gətirilməyib. Müvafiq olaraq, həmin müddəa pozulmamışdır.
BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ
Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 3-cü Maddəsi pozulmamışdır.
İngilis və Fransız dillərində hazırlanıb və 15 mart 2012-ci ildə Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndinə əsasən Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq şəkildə həyata keçirilib.
Johan Kallevert Nikolas Bratza Katibin müavini Məhkəmənin sədri
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy