Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
STAMMER AVSTRİYAYA qarşı İŞİ
(CASE OF STUMMER v. AUSTRIA)
(37452/02 saylı ərizə)
QƏRAR
STRASBURQ
7 İyul 2011
Bu qərar yekundur, lakin redaktə məqsədilə təhlil edilə bilər.
Stummer Avstriyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Jean-Paul Costa, Sədr,
Nicolas Bratza,
Peer Lorenzen,
Françoise Tulkens,
Josep Casadevall,
Corneliu Bîrsan,
Anatoly Kovler,
Elisabeth Steiner,
Alvina Gyulumyan,
Dean Spielmann,
Sverre Erik Jebens,
Dragoljub Popović,
Giorgio Malinverni,
George Nicolaou,
Ann Power,
Kristina Pardalos,
Vincent A. de Gaetano, hakimlər,
və Vincent Berger, Hüquq məsləhətçisi,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
3 noyabr 2010-cu və 25 may 2011-ci ildə qapalı müşavirə keçirərək,
25 may 2011-ci ildə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSES
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Avstriya vətəndaşı cənab Ernst Valter Stammer (“ərizəçi”) tərəfindən 14 oktyabr 2002-ci il tarixdə Məhkəməyə təqdim edilmiş Avstriya Respublikasına qarşı şikayət (37452/02 saylı) ərizəsi əsasında açılıb.
2. Hüquqi yardım göstərilən ərizəçi Vyanada fəaliyyət göstərən hüquqşünas cənab A.Bammer tərəfindən təmsil olunub. Avstriya Hökumətini (Hökumət) onun nümayəndəsi, Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyin Beynəlxalq Hüquq Departamentinin Rəhbəri, Səfir H. Tiçi (H. Tichy) təmsil edib.
3. Ərizəçi şikayət edib ki, işləyən məhbus olaraq yaşlılığa görə pensiya sisteminə aid edilmədiyinə görə ona qarşı ayrı-seçkilik edilib və nəticədə o, pensiyadan məhrum olunub. O, 4-cü Maddəyə və həmçinin 4-cü Maddə ilə və ya 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə mahiyyət etibarilə 14-cü Maddəyə istinad etdib.
4. Şikayət Məhkəmənin Birinci Bölməsinin icraatına verilib (Məhkəmə Qaydalarının 52-ci Maddəsinin 1-ci bəndi). 11 oktyabr 2007-ci ildə şikayət həmin Bölmənin aşağıdakı hakimlərdən ibarət Palatası tərəfindən qəbuledilən elan edildi: Christos Rozakis, Anatoly Kovler, Elisabeth Steiner, Khanlar Hajiyev, Dean Spielmann, Sverre Erik Jebens və Giorgio Malinverni və həmçinin Bölmə Katibi Søren Nielsen. 18 mart 2010-cu ildə hakimlər Christos Rozakis, Anatoly Kovler, Elisabeth Steiner, Dean Spielmann, Sverre Erik Jebens, Giorgio Malinverni və George Nicolaou və həmçinin Bölmə Katibi Søren Nielsendən ibarət tərkibdə həmin Bölmənin Palatası öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etdi və tərəflərdən heç biri buna etiraz etmədi (Konvensiyanın 30-cu Maddəsi və Məhkəmə Qaydalarının 72-ci Qaydası).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4 və 5-ci Maddələrinin müddəalarına və Məhkəmə Qaydalarının 24-cü Qaydasına müvafiq olaraq müəyyən olundu.
6. Ərizəçi və Hökumət hər biri daha sonra işin mahiyyəti ilə bağlı yazılı müşahidələrini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi).
7. İşə ictimaiyyətə açıq şəkildə baxılması 3 noyabr 2010-cu ildə Strasburqda İnsan Hüquqları Binasında keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
(a) Hökumət tərəfindən
x-m B. Ohms,Nümayəndənin Müavini,
x-m I. Köck, Vəkil,
c-b E. D’Aron,
x-a A. Jankovic,Məsləhətçilər;
(b) Ərizəçi tərəfindən
c-b A. Bammer,Vəkil.
Məhkəmə xanım Ohms və cənab Bammerin çıxışlarını, eləcə də xanım Ohms, xanım Kök və cənab Bammerin hakimlərin suallarına cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçi 1938-ci ildə anadan olub və Vyanada yaşayır. O, həyatının təxminən iyirmi səkkiz ilini həbsxanada keçirib. Həbs dövründə o, uzun müddət ərzində həbsxana mətbəxində və ya həbsxana çörəkxanasında işləyib. İşləyən məhbus kimi ərizəçi Ümumi Sosial Sığorta haqqında Qanuna müvafiq olaraq, yaşlılığa görə pensiya sisteminə aid edilməyib. Lakin, 1 yanvar 1994-cü ildən etibarən o, həbsxanada işlədiyi dövrlərə münasibətdə işsizlik sığortası sxeminə aid edilib.
9. 8 fevral 1999-cu ildə ərizəçi erkən pensiya üçün İşçilərin Pensiya Sığortası İdarəsinə ərizə verib (Pensionsversicherungsanstalt der Arbeiter – “Pensiya İdarəsi”).
10. Pensiya İdarəsi 8 mart 1999-cu il tarixli qərarı ilə ərizəni o əsasla rədd edib ki, ərizəçi 240 sığorta ayını - erkən pensiya üçün tələb olunan minimumu yığmayıb. Ərizəçinin 1953-cü ilin oktyabr ayından 1999-cu ilin fevral ayınadək sığorta dövrlərinin siyahısı qərara əlavə olunub. Siyahıya əsasən ərizəçi yalnız 117 sığorta ayı yığıb. Siyahıda heç bir fəaliyyət olmayan uzun müddətlər göstərilir, xüsusilə də 1963-cü ilin may ayından 1964-cü ilin may ayınadək, 1965-ci ilin iyul ayından 1968-ci ilin sentyabr ayınadək, 1969-cu ilin iyun ayından 1974-cü ilin yanvar ayınadək, 1974-cü ilin aprel ayından 1984-cü ilin mart ayınadək, 1984-cü ilin iyun ayından 1986-cı ilin may ayınadək və 1987-ci ilin fevral ayından 1994-cü ilin aprel ayınadək. 1994-cü ilin may ayı və 1999-cu ilin fevral ayı arasında ərizəçinin İşsizlik Sığortası haqqında Qanuna əsasən işsizlik müavinəti və ya müstəsna hallara görə yardım ödənişi aldığı bir sıra aylar əvəzləyici dövrlər kimi hesablanıb.
11. Bundan sonra ərizəçi Pensiya İdarəsinə qarşı Vyana Əmək və Sosial işlər üzrə Məhkəmə (Arbeits- und Sozialgericht) qarşısında iddia qaldırıb. O, qeyd edib ki, o, iyirmi səkkiz il həbsxanada işləyib və bu müddət ərzində işlədiyi ayların sayı onun pensiya hüquqlarının müəyyən olunması məqsədilə sığorta ayları hesab olunmalıdır.
12. 4 aprel 2001-ci ildə Əmək və Sosial işlər üzrə Məhkəmə ərizəçinin iddiasını rədd edib. O, təsdiq edib ki, ərizəçi sığorta aylarının tələb olunan minimum sayını tamamlamayıb. Ümumi Sosial Sığorta haqqında Qanunun 4 (2) bölməsinə istinad edərək, məhkəmə qeyd edib ki, cəzalarını çəkdikləri müddətdə məhbuslar tərəfindən həyata keçirilən icbari işin icrası icbari sosial sığorta sxeminə aid deyil. Ali Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən (27 fevral 1990-cı il ObS 66/90 saylı qərar və 16 mart 1999-cu il 10 ObS 52/99s saylı qərar), qanuni öhdəliyə müvafiq olaraq, onların işi, işçilərin əmək müqaviləsi əsasında yerinə yetirdikləri işdən fərqlənir. Sosial Sığorta haqqında qanuna əsasən həyata keçirilən münasibətdəki bu fərq hər hansı ayrı-seçkiliyi ehtiva etmir.
13. Ərizəçi, bu dəfə artıq vəkilin köməyi ilə apelyasiya şikayəti verib. O, xüsusilə iddia edib ki, Ümumi Sosial Sığorta haqqında Qanunun 4 (2) bölməsinin mətni qanuni öhdəlik əsasında iş ilə müqaviləyə əsaslanan iş arasında fərq qoymur. Bundan əlavə, o, iddia edib ki, fərq obyektiv qaydada əsaslandırılmayıb. 1993-cü ildən bəri, işləyən məhbuslar işsizlik sığortası sxeminə aid ediliblər. Ərizəçinin fikrincə onların yaşlılığa görə pensiya sisteminə aid olunmaması üçün əsas yoxdur.
14. 24 oktyabr 2001-ci ildə Vyana Apelyasiya Məhkəməsi (Oberlandesgericht) ərizəçinin apelyasiya şikayətini rədd etdi. O, qərara aldı ki, Əmək və Sosial işlər üzrə Məhkəmə qanunu düzgün tətbiq edib. Ali Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən, icbari işi yerinə yetirən məhbuslar Ümumi Sosial Sığorta haqqında Qanunun 4 (2) bölməsinin mənası baxımından işçilər hesab olunmur və buna görə də, icbari sosial sığorta sxeminə aid edilmirlər. Cəzaların İcrası haqqında Qanuna 1993-cü il dəyişikliyindən sonra məhbusların işsizlik sığortası sxeminə aid edilməsi faktı, onların yaşlılığa görə pensiya sisteminə aid edilməsi məsələsinə münasibətdə qəti deyildi. Mahiyyətcə, ərizəçi hüquq və ya sosial siyasət məsələsini qaldırıb. Bununla belə, məhbusların sosial sığortası ilə bağlı müddəalara dəyişiklik edilib-edilməməsi ilə bağlı məhkəmələr deyil, qanunverici orqan qərar verməlidir. Bununla əlaqədar, Apelyasiya Məhkəməsi qeyd edib ki, o, işləyən məhbusların yaşlılığa görə pensiya sisteminə aid edilməməsinin qeyri-konstitusion olmasının mümkünlüyü barədə ərizəçinin şübhələrini bölüşmür.
15. 12 fevral 2002-ci ildə Ali Məhkəmə (Oberster Gerichtshof) ərizəçinin hüquq məsələləri üzrə şikayətini rədd edib. Onun qərarı ərizəçiyə 6 may 2002-ci ildə təqdim edilib.
16. 29 yanvar 2004-cü ildə ərizəçinin son həbs müddəti başa çatıb. Bundan sonra, o, 29 oktyabr 2004-cü ilədək işsizlik müavinəti alıb və onun müddəti başa çatdıqdan sonra müstəsna hallara görə yardım ödənişi alıb (Notstandshilfe). Məhkəmə baxışı zamanı vəkilin təqdimatlarına əsasən, ərizəçi hazırda hər ay 720 avro (EUR) alır (hər gün 15.77 avro üstəgəl müstəsna hallara görə yardım ödənişi qismində ayda 167 avro və onun icarə xərcləri müqabilində müavinət qismində 87 avro-dan ibarət).
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Ümumi Sosial Sığorta haqqında Qanun
17. Avstriya sosial sığorta sisteminin əsasını iki qanun təşkil edir: Ümumi Sosial Sığorta haqqında Qanun (Allgemeines Sozialversicherungsgesetz) və İşsizlik Sığortası haqqında Qanun (Arbeitslosenversicherungsgesetz). Avstriya sosial sığorta qanunvericiliyi ödənişlər prinsipinə əsaslanır.
1. Ümumi qaydalar
18. Ümumi Sosial Sığorta haqqında Qanun sağlamlıq və qəza sığortasını və yaşlılığa görə pensiyanı əhatə edir.
19. Ümumi Sosial Sığorta haqqında Qanunun 4-cü Bölməsi sosial sığorta sisteminə icbari qoşulmanı tənzimləyir. 4(1)(1) bölməsinə müvafiq olaraq, işçilər sağlamlıq və qəza sığortası sxeminə və yaşlılığa görə pensiya sxeminə aid edilirlər. 4(2) bölmə işçini əməyin ödənilməsi müqabilində şəxsi və iqtisadi asılılıq münasibətində işləyən hər hansı şəxs kimi müəyyən edir. İcbari qoşulmanın daha bir şərti odur ki, əmək haqqı son gəlir həddini keçir (Geringfügigkeits-grenze). Cari səviyyədə bu məbləğ hər ay 366.33 avro müəyyən olunub (bölmə 5(2)).
20. Sosial sığorta sisteminə qoşulan işçi üçün icbari ödənişlər qismən işəgötürən tərəfindən və qismən işçi tərəfindən ödənilməlidir.
21. 17(1) bölmə nəzərdə tutur ki, sosial sığorta sisteminə artıq icbari aidiyyəti olmayan şəxslər, sistem daxilində əvvəlki iyirmi dörd ay ərzində ən azı on iki sığorta ayı və ya əvvəlki beş il ərzində ildə ən azı üç sığorta ayı yığıblarsa, könüllü ödənişlər (freiwillige Weiterversicherung) etməyə davam edə bilərlər. Şəxsin iqtisadi durumu belə azalmaya haqq qazandırarsa, ödənişlər müəyyən hədlər daxilində azaldıla bilər.
22. Yaşlılığa görə pensiya hüququ o zaman yaranır ki, pensiya yaşına çatmış şəxs sığorta aylarının kifayət sayını, yəni minimum 180 ay və ya erkən pensiya halında 240 ayı toplasın. Sığorta aylarının sayı hesablanarkən, hər hansı gəlirli fəaliyyət həyata keçirilməyən və beləliklə ödənişlər köçürülməyən müəyyən dövrlər, məsələn, uşağın tərbiyəsi, hərbi xidmət və ya işsizlik dövrləri bununla belə, əvəzləyici dövrlər kimi (Ersatzzeiten) nəzərə alınır.
23. Yaşa görə pensiyanın məbləği əsasən sığorta aylarının sayından və edilən ödənişlərin səviyyəsindən asılıdır. Əgər beləliklə hesablanmış pensiya müəyyən minimum səviyyəyə - cari dərəcəyə əsasən bir şəxs üçün ayda 783.99 avroya və cütlük üçün 1,175.45 avroya çatmırsa, minimum səviyyəyə nail olmaq üçün əlavə ödəniş (Ausgleichszulage) əlavə edilir.
2. Məhbusların vəziyyəti
24. Bir aydan artıq həbsxana müddəti ərzində, sağlamlıq, qəza və pensiya sığortasına hüquqlar dayandırılır (Ümumi Sosial Sığorta haqqında Qanunun 78-ci bölməsi). Məhbusların yaşamaq üçün vəsaitləri həbsxana orqanları tərəfindən təmin edilir. Eyni zamanda, onlara səhiyyə xidməti və qəza halında yardım Cəzaların İcrası haqqında Qanuna müvafiq olaraq Dövlət tərəfindən həyata keçirilməlidir (bax aşağıda 41 və 44-cü bəndlər).
25. Prinsipcə işləyən məhbuslar ümumi sosial sığorta sisteminə aid deyillər. Ali Məhkəmənin presedent hüququna əsasən işləyən məhbuslar Ümumi Sosial Sığorta haqqında Qanunun 4(2) bölməsinin mənası baxımından işçilər qismində nəzərdən keçirilmirlər.
26. 27 fevral 1990-cı il tarixli (10 Obs 66/90) qərarında Ali Məhkəmə keçmiş məhbus tərəfindən, onun sığorta aylarının tələb olunan sayını yığmaması əsası ilə, ona əlilliyə görə pensiyadan imtina edən qərardan şikayəti araşdırıb. Ali Məhkəmə aşağıdakı qərara gəlib:
“Səlahiyyətli Federal Nazirliyin, İnzibati Məhkəmənin (2.2.1972, 782/71 və 62/72, VwSlgNF 8162 = SVSlg 21.171) və Vyana Apelyasiya Məhkəməsinin (SVSlg 8.868, 21.172, 26.918, 30.930 və 32.418) yekdil hüquqi rəyinə əsasən (Sosial sığorta məsələlərində Nəşrlər Toplusu, SVSlg 19.570), könüllü qəbul edilən işləmək vəzifəsindən daha çox qanun əsasında yerinə yetirilən bu iş, icbari sığorta sisteminin dairəsinə düşmür. Hüquq şərhçiləri həmçinin o şərhi üstün tuturlar ki, sosial sığorta hüququ da əmək hüququ kimi əmək müqavilələrinin könüllü müəyyən olunmasını tələb edir. Ümumi hüquq çərçivəsində icbari göstərilən xidmətlər hər hansı xidmət müqaviləsinə əsaslanmır. Müvafiq olaraq, cəzanın icrası kontekstində yerinə yetirilən iş Ümumi Sosial Sığorta haqqında Qanunun 4(2) bölməsinə aid edilə bilməz (bax Krejci-Marhold in Tomandl, SV-System 3. ErgLfg 46; MGA ASVG 49. ErgLfg 125; Krejci in Rummel, ABGB § 1151 Rz 16). 26 noyabr 1971-ci il tarixli qərarında (B 128/71, VfSlg 6582 = SVSlg 21.170), Konstitusiya Məhkəməsi qərara aldı ki, sosial sığorta ödənişlərinin ödənilməsini zəruri edən əmək müqaviləsinin tərtib olunması üçün tələb olunan işləmək üçün xüsusi vəzifənin könüllü qəbul edilməsi tələbi mövcud olmadığından, həbs cəzasının icrası çərçivəsində yerinə yetirilən işin sosial sığorta sxeminə düşməməsi barədə qanunvericinin qərarı bərabər rəftar prinsipini pozmur.
...
Cəzaların İcrası haqqında Qanunun 76(2-4) bölməsinin mənası baxımından işlə bağlı qəzadan və xəstəlikdən sonra, həmin Qanunun 66-cı və sonrakı bəndlərinə müvafiq olaraq məhbuslara tibbi yardım və həmin Qanunun 76-cı və sonrakı bəndlərinə müvafiq olaraq onlara güzəştlər, həmin kateqoriyaya aid olan şəxslərə həbsxana kontekstinə uyğunlaşdırılmış, qanunla müəyyən edilmiş sağlamlıq və qəza sığortası sxemini təmin edir.
Məhbusların həmçinin - məsələn, işəgötürən-işçi münasibətləri kontekstindən fərqli olaraq - onların işləmək vəzifəsi kontekstində - qanunla müəyyən edilmiş pensiya sxeminə əsasən icbari sığorta ilə əhatə olunmaması faktına yuxarıda qeyd olunan münasibətlərdəki əhəmiyyətli fərqlər əsası ilə haqq qazandırılır və müvafiq olaraq - Konstitusiya Məhkəməsinin qərarında qət etdiyi kimi – bu, bərabər rəftar prinsipini pozmur.
Məhkəməyədək həbsdə və ya həbs cəzasının çəkilməsi və ya preventiv həbsdə keçən dövrlər, Ümumi Sosial Sığorta haqqında Qanuna müvafiq olaraq yalnız, əgər həbslə bağlı tədbirlər – Milli Sosialist fəaliyyətdən başqa - siyasi əsaslara görə və ya dini əsaslara görə və ya mənşə əsaslarına görə tətbiq olunubsa (b. 500 və b. 502(1)), və ya əgər Avstriya məhkəməsi (Təzminat (Cinayət İcraatı) haqqında Qanuna müvafiq olaraq) həbsdə saxlama və ya məhkumluq nəticəsində vurulan ziyana dair iddianı tanıyan həbs dövrləri ilə bağlı məcburi qərar veribsə, icbari ödəniş dövrləri kimi qəbul edilə bilər (b. 506a). Həqiqi icbari ödəniş dövrləri sayılan belə dövrlər birinci qeyd olunan halda ödənişlərin edilməsi tələb olunmayan dövrlər kimi hesab olunmalıdır (b. 502(1) üçüncü cümlə); ikinci qeyd olunan halda Federal Dövlət müvafiq sığorta təşkilatlarına müvafiq ödənişlər etməlidir (b. 506a ikinci cümlə). Hər iki halda məqsəd təqsirli davranışa əsasən azadlıqdan məhrumetməyə görə deyil, sosial baxımdan məqbul əsaslara görə yaranmış sosial sığorta qanunvericiliyinə əsasən əmələ gələn çatışmazlıqların əvəzini ödəməkdir. Bu xüsusi müddəaların təqsirli davranışa görə həbsdə saxlama müddətinə tətbiq edilməsi bərabər rəftar prinsipinə zidd olar. Belə dövrlərin əvəzləyici dövrlər kimi qəbul edilməsi də eyni səbəblərə görə bərabər rəftar prinsipinə zidd olar. ... 502(1) bölməsinə və 506a bölməsinə əsasən yuxarıda qeyd olunan istisnalar tətbiq olunmayan məhbuslar beləliklə, onların işləmək vəzifələri kontekstində, icbari sığorta sxeminə əsasən ödəniş dövrlərini və ya əvəzləyici dövrləri toplamırlar. Bununla belə, cəzanın icrası ilə onların 17-ci bölmə altında yaşa görə pensiya sığorta sxeminə ödənişlər edilməsinin davam etdirilməsinin və könüllü ödənişlərin ödənilməsi vasitəsilə ödəniş dövrlərinin toplanmasının qarşısı alınmır, beləliklə ödəniş edənin tələbi ilə, onun iqtisadi durumuna əsasən əsaslı göründüyü qədər sığortanın davam etməsinə 76a(4) bölməyə müvafiq olaraq, həmin müddəanın (1-3) bəndlərində nəzərdə tutulanla müqayisədə daha aşağı ödəniş səviyyəsində yol verilir. Cəzaların İcrası haqqında Qanunun 75(3) bölməsinə müvafiq olaraq, məhbuslar digər məsələlərlə yanaşı (inter alia) əlavə davamlı sığorta imkanları və üstünlükləri barədə məlumatlandırılmalıdırlar və həmçinin hökmlərinin icrası zamanı başqa halda onlara mümkün olmayan sosial sığorta sxeminə ödənişlərin edilməsi üçün vəsaitlərdən istifadə etməyə onlara icazə verilir. Çox çevik davamlı sığortaya görə (bax bölmə 17(7-8)) – xüsusilə ödəniş edilən ayların əvvəli, sonu və müəyyən olunması münasibətində - məhbus staj yığmaq üçün və/və ya daha yüksək pensiya artımı əldə etmək üçün sonrakı ödəniş edilən aylarını toplaya bilər. Bununla əlaqədar bir fakt nəzərdən qaçmamalıdır ki, əgər o əsasla hərəkət etsək ki, məhbus cəzanın icrası zamanı yerinə yetirdiyi işlə bağlı əlilliyə və yaşa görə pensiya sığorta sxemi ilə əhatə olunur, uyğun dövrlər üçün müvafiq olaraq ödənişlər edilməlidir. 506a bölməsinə əsasən Federal Dövlətin bu ödəniş dövrlərinə uyğun olaraq müvafiq sığorta təşkilatlarına ödəniş etməli (cinayət təzminatı sxeminin bir hissəsi kimi) olduğu haldan başqa, Dövlət tərəfindən ödəniş burada ağlabatan olmazdı. ... Belə hallarda sığortalı şəxslər icmasından hər hansı ödəniş edilməyən dövrlərin pensiya hüququnu doğurduğunu qəbul etməyi gözləmək ağlabatan olmazdı; məhbuslar belə ödənişləri etməli olardılar, beləliklə də durum könüllü sığortadan mahiyyət etibarilə fərqli olmazdı. Müvafiq olaraq, əgər qanunverici qərara alıb ki, məhbusun işləmək vəzifəsi kontekstində yerinə yetirilən iş əsaslı surətdə icbari ödəniş dövrlərinə və ya əvəzləyici dövrlərə səbəb ola bilmir, və bunu nəzərə alaraq, yalnız yuxarıda qeyd olunan istisnalar üçün müddəa qəbul edibsə, bu qərar obyektiv mülahizələrə əsaslanır.
Müvafiq olaraq, Ali Məhkəmənin hazırkı işdə tətbiq olunan qanunla müəyyən edilmiş müddəaların konstitusiyaya uyğunluğuna dair hər hansı şübhəsi yoxdur.”
27. 16 mart 1999-cu il tarixli qərarında (10 ObS 52/99s) Ali Məhkəmə əvvəlki qərarını təsdiq etdi.
28. Yaşlılığa görə pensiya hüququnun hesablanmasının məqsədi baxımından, həbsxanada keçirilən dövrlər yalnız Ümumi Sosial Sığorta haqqında Qanunda müəyyən olunan xüsusi hallarda nəzərə alınır. Məsələn, Təzminat (Cinayət İcraatı) Qanununa (Strafrechtliches Entschädigungsgesetz) əsasən təzminat ödənilmiş həbsxanada keçən dövrlər əvəzləyici dövrlər kimi hesablanır.
B. İşsizlik Sığortası haqqında Qanun və müvafiq təcrübə
29. İşçilər həmçinin işsizlik sığortası sxeminə aiddirlər. İcbari ödənişlər qismən işəgötürən və qismən işçi tərəfindən ödənilməlidir.
30. 1993-cü il İşsizlik Sığortası haqqında Qanuna dəyişiklikdən sonra, Cəzaların İcrası haqqında Qanunun 44(1) bölməsinə müvafiq olaraq işləyən məhbuslar İşsizlik Sığortası haqqında Qanunun 66a bölməsinə əsasən işsizlik sığortası sxeminə aiddirlər. Əgər ödəniş son gəlir həddini aşırsa, işçinin ödənişlərinin bir hissəsi məhbusun haqqı hesabına ödənilməlidir, işəgötürənin hissəsi isə Ədliyyə Nazirliyi vasitəsilə Dövlət tərəfindən ödənilməlidir. Bu dəyişiklik 1 yanvar 1994-cü ildə qüvvəyə mindi.
31. Cəzaların icrası sisteminin daha geniş islahatının bir hissəsini təşkil edən qanuna dəyişikliyə gəldikdə, Parlamentin Məhkəmə Komitəsi (Justizausschuß) məhbusların sosial sığorta sisteminə tam inteqrasiyası istiqamətində birinci addımı atmaq üçün işləyən məhbusların işsizlik sığortası sxeminə qoşulmasını nəzərdən keçirdi. Məhkəmə Komitəsi vurğuladı ki, işləyən məhbusların işsizlik sığortası sxeminə qoşulması onların cəmiyyətə yenidən inteqrasiyası və residivizm perspektivinin məhdudlaşdırılması istiqamətində mühüm addım idi (bax Milli Şuranın Protokollarına Əlavə (Beilagen zu den Stenographischen Protokollen des Nationalrates), XVIII.GP).
32. İşsizlik Sığortası haqqında Qanuna əsasən hüquqlara təlim kurslarına, iş axtarma vasitələrinə çatım və müəyyən müddətə (əvvəlki əmək haqqı ilə müəyyən dərəcədə bağlı olan) işsizlik müavinətlərinin ödənilməsi daxildir. İşsizlik müavinətinin müddətinin bitməsindən sonra, sığortalı şəxs yaşayış üçün minimum məbləğin təmin olunmasını nəzərdə tutan müstəsna hallara görə yardım ödənişi almaq hüququna malikdir. Şəxs pensiya yaşına çatdıqdan sonra hər hansı pensiya hüququ verilməzsə, müstəsna hallara görə yardımın ödənilməsi davam edəcək.
33. Məhkəmə baxışı zamanı Hökumət işləyən məhbusların və azadlığa çıxdıqdan sonra işsizlik müavinəti alan məhbusların faiz nisbəti barədə aşağıdakı məlumatı təqdim etdi:
- 2009-cu ildə 12.460 şəxs həbs edilib, bunlardan 8.903 (təxmini 71%) nəfəri işləyirdi və beləliklə işsizlik sığortası ilə əhatə olunublar. Bu işləyən məhbuslardan yalnız 2.490 nəfəri tələb olunan minimum səviyyədən daha çox qazandıqları üçün həqiqətən ödənişləri ödəyiblər, və digərləri ödəniş etməli olmayıblar;
- 1 yanvar və 30 iyun 2010-cu il arasında, 9.477 şəxs həbs edilib, bunlardan 6.791 (təxmini 71%) nəfəri işləyirdi və beləliklə işsizlik sığortası ilə əhatə olunublar. Bu işləyən məhbuslardan yalnız 1.879 nəfəri hər ay tələb olunan minimum səviyyədən daha çox qazandıqları üçün həqiqətən ödənişlər ediblər və digəriləri ödəmə etməli olmayıblar;
- 1 yanvar 2009-cu il və 30 iyun 2010-cu il arasında, 2.086 şəxs həbs müddətində işsizlik müavinəti sxeminə daxil edildiyindən, işsizlik müavinəti almaq hüququna malik idi; onlardan 1.898 nəfəri azadlığa çıxdıqdan sonra işsizlik müavinəti üçün müraciət etdilər və hər gün orta hesabla 21.09 avro müavinət alırlar (ümumi orta müavinət gündəlik 26.90 avro-dur).
C. Sosial yardım
34. Sosial sığorta ehtiyac meyarına görə yoxlanmış sosial yardımla tamamlanır. Sosial yardım zəruri vasitələrə (şəxsi vasitələrə və ya yaşa görə pensiyadan və ya işsizlik sığortasından irəli gələn hüquqlara) malik olmayan şəxsləri onları əsas ehtiyaclarının ödənilməsi məqsədilə minimum gəlirlə təmin etmək üçün nəzərdə tutulub.
35. 1 sentyabr 2010-cu ildə yeni sistem, yəni ehtiyac meyarına görə yoxlanmış minimum gəlir sxemi (bedarfsorientierte Mindestsicherung), sosial yardımı əvəz edərək, qüvvəyə mindi. O, işləmək istəyən və iqtidarında olan və ya altmış beş yaşdan yuxarı olan və yaşayış üçün başqa vasitələrə malik olmayan bütün şəxslərin minimum gəlirinə təminat verir. Məbləğ minimum pensiya ilə uyğunlaşdırılır.
D. Cəzaların İcrası haqqında Qanun və müvafiq təcrübə
36. Hökmlərin İcrası haqqında Qanunun (Strafvollzugsgesetz) 44(1) bölməsinə əsasən işə uyğun gələn istənilən məhbuslar onlara təyin edilmiş işi yerinə yetirməyə borcludurlar.
37. 45(1) Bölmə həbsxana orqanlarının üzərinə hər bir məhbusu faydalı işlə təmin etmək öhdəliyi qoyur. 2-ci bənd məhbuslara təyin oluna biləcək müxtəlif növ işləri müəyyən edir. Bura xüsusilə həbsxana daxilində yerinə yetirilən tapşırıqlar, dövlət hakimiyyəti orqanları üçün işlər, xeyriyyə üçün işlər və özəl işəgötürənlər üçün işlər daxildir.
38. 46(3) Bölməyə əsasən həbsxana orqanları məhbusların əməyi ilə bağlı özəl müəssisələrlə müqavilələr bağlaya bilərlər.
39. 51-ci Bölməyə əsasən məhbusların əməyindən gəlirləri Federal Dövlət (der Bund) əldə edir.
40. İşlərini qənaətbəxş yerinə yetirən məhbuslar əməyin ödənilməsi hüququna malikdirlər. Əmək haqqının məbləğləri - saat və işin növü üzrə - 52(1) bölmədə müəyyən olunub. Cari dərəcələr aşağıdakılardır:
- yüngül ixtisassız iş üçün 5.00 avro
- ağır ixtisassız iş üçün 5.63 avro
- əl işi üçün 6.26 avro
- ixtisaslı iş üçün 6.88 avro
- ixtisaslı işçi tərəfindən yerinə yetirilən iş üçün 7.50 AVRO
41. Həbsxana orqanları məhbusların yaşamaq üçün vəsaitlərini təmin etməlidirlər (bölmə 31).
42. 32-ci bölməyə əsasən bütün məhbuslar, əgər onlar müəyyən istisnaların dairəsinə düşmürsə, öz hökmlərinin icrasının xərcləri üçün ianə ödəməlidirlər. Əgər məhbus işləyirsə, ianə məbləği onun əmək haqqının 75%-nə bərabərdir. Bu əmək haqqından avtomatik olaraq çıxılır.
43. Bundan əlavə, işçinin işsizlik sığortası sxeminə ödəniş hissəsi məhbusun əmək haqqından çıxılır. Məhbusun əmək haqqının qalan hissəsindən aşağıdakı qaydada istifadə olunur: bunun yarısı “ev pulu” kimi məhbusa verilir və digər yarısı əmanət olaraq saxlanır və məhbus onu azadlığa çıxdıqdan sonra alır (bölmə 54).
44. Məhbuslara səhiyyə xidməti və qəza halında yardım Cəzaların İcrası haqqında Qanunun 66-cı və sonrakı bölmələrinə və 76-cı və sonrakı bölmələrinə müvafiq olaraq həbsxana orqanları tərəfindən təmin edilməlidir. Mahiyyət etibarilə, səhiyyə xidməti və qəza halında yardıma hüquq Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən hüquqa uyğun gəlir.
45. Əgər məhbuslar onlara təyin edilən işdən imtina edərlərsə, bu, Hökmlərin İcrası haqqında Qanunun 107(1)(7) bölməsinə əsasən hüquq pozuntusu hesab olunur. 109-cu bölmədə müəyyən olunan cəzalar töhmət, və ya müəyyən hüquqların azaldılması və ya ləğv olunmasından (məsələn, “ev pulu”ndan istifadə etmək, televizora baxmaq, yazışmalar göndərmək və ya almaq, telefon zəngləri etmək və qəbul etmək hüququ), cərimə və ya ev dustaqlığına (birnəfərlik kamerada) qədər dəyişir.
46. Hökumətin təqdim etdiyi məlumata əsasən Avstriyada məhbusların 70%-dən çoxu hazırda işləyir. Gündəlik həbsxana tələblərinə görə, orta iş günü altı saat və altı saat yarım arasındadır. Bununla belə, terapevtik və ya sosial müalicə alan məhbusun sərf etdiyi zaman həftədə maksimum beş saat olmaqla iş vaxtı kimi qəbul edilir və ödənilir.
III. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR
A. Birləşmiş Millətlər Təşkilatının sənədləri
1. Beynəlxalq Əmək Təşkilatının Icbari Əmək haqqında (29 saylı) Konvensiyası
47. İcbari Əmək haqqında (29 saylı) Konvensiya 28 iyun 1930-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Ümumi Konfransında qəbul edilib və 1 may 1932-ci ildə qüvvəyə minib. 2-ci Maddə hazırkı kontekstdə işə aid olan hissədə aşağıdakıları nəzərdə tutur:
“1. Bu Konvensiyanın məqsədləri üçün məcburi, yaxud icbari əmək termini cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət, həmin şəxs özü bu iş üçün müraciət etməyibsə, icbari və ya məcburi hesab edilir.
2. Bununla belə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar məcburi, yaxud icbari əmək termininə daxil edilmir:
...
(c) hər hansı şəxsdən məhkəmə orqanının hökmü ilə tələb edilən hər hansı iş, yaxud xidmətə - bu işin, yaxud xidmətin dövlət hakimiyyət orqanlarının nəzarəti altında icra edilməsi və göstərilən şəxsin ayrı-ayrı şəxslərə, şirkətlərə, yaxud cəmiyyətlərə güzəşt edilməmə, yaxud onların sərəncamına verilməməyi şərti ilə.”
Beynəlxalq Əmək Konfransı (BƏT-in üzv Dövlətlərinin illik yığıncağı) 2007-ci il 66-cı sessiyasında Konvensiyalar və Tövsiyələrin Tətbiqi üzrə Ekspertlər Komitəsinin (“Komitə”) hesabatı əsasında İcbari Əmək haqqında (29 saylı) Konvensiya ilə bağlı Ümumi Araşdırma aparıb.
Hesabatda xüsusilə də (inter alia) özəl müəssisələr üçün həbsxana əməyi ilə bağlı məsələyə toxunulurdu. Özəl işəgötürənlər üçün həbsxana əməyinin 29 saylı Konvensiyanın 2-ci Maddəsinin 2-ci bəndinin (c) yarımbəndi ilə qadağan olunduğunu qeyd edərək, Komitə müəyyən etdi ki, elə şərtlər ola bilər ki, əsir olduqlarına baxmayaraq, məhbusların özlərinin könüllü olaraq və cəza verməklə hədə-qorxu olmadan özəl işəgötürən ilə iş üçün müraciət etdiyi hesab oluna bilər. Bununla əlaqədar, məhbusun formal yazılı razılığından əlavə, azad əmək münasibətlərinə uyğun gələn şərtlər (əmək haqqı səviyyəsi, sosial sığorta və peşə təhlükəsizliyi və sağlamlıq baxımından) əməyin könüllülüyünün ən etibarlı göstəricisi olduğu qəbul edilir. Belə şərtlərə əməl edilibsə, özəl müəssisələr üçün həbsxana əməyinin 2-ci Maddənin 1-ci bəndində məcburi əmək anlayışının altına düşmədiyi və nəticə etibarilə 29 saylı Konvensiyanın (§§ 59-60 və §§ 114-116) təsir dairəsindən kənarda qaldığı hesab olunur.
2. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP)
48. MSHBP 16 dekabr 1966-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2200A (XXI) Qətnaməsi ilə qəbul edilib və 23 mart 1976-cı ildə qüvvəyə minib. 8-ci Maddədə məlumat olaraq aşağıdakılar deyilir:
“3 (a) Heç kim icbari və yaxud məcburi əməyə vadar edilməməlidir;
(b) Cinayətə görə cəza növü kimi katorqa işləri ilə birlikdə azadlıqdan məhrum olunmanın təyin edildiyi ölkələrdə 3 (a) bəndi belə cəza təyin edən səlahiyyətli məhkəmənin qərarına əsasən katorqa işlərinin yerinə yetirilməsinə əngəl hesab edilmir;
(c) hazırkı bənddə "icbari və məcburi əmək" termini aşağıdakıları əhatə etmir:
(i) məhkəmənin qanuni sərəncamı əsasında həbsdə olan şəxsin və yaxud belə həbsdən şərti olaraq azad edilən şəxsin bir qayda olaraq yerinə yetirməli olduğu və (b) yarımbəndində xatırlanmayan istənilən iş və xidməti;
...”
B. Avropa Şurasının materialları
1. Avropa Penitensiar Qaydaları
49. Avropa Penitensiar Qaydaları Nazirlər Komitəsinin Avropa Şurasının üzv Dövlətlərinə həbsxanalarda tətbiq olunmalı minimum standartlarla bağlı tövsiyələridir. Dövlətlər qanunvericilikdə və siyasətlərində bu qaydaları rəhbər tutmağa və bu Qaydaların onların məhkəmə hakimiyyəti orqanlarına, eləcə də həbsxana heyətinə və məhkumlara geniş şəkildə yayılmasını təmin etməyə təşviq olunurlar.
(a) 1987-ci il Avropa Penitensiar Qaydaları
50. 1987-ci il Avropa Penitensiar Qaydaları (R (87) 3 saylı Tövsiyə - “1987-ci il Qaydaları”) 12 fevral 1987-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilib.
51. I Hissədə Qaydalar aşağıdakılar daxil olmaqla bir sıra əsas prinsipləri təsbit edir:
“1. Azadlıqdan məhrum etmə insan şəxsiyyətinə hörməti təmin edən və bu qaydalara uyğun olan maddi və mənəvi şəraitdə həyata keçirilməlidir.
...
3. Məhkumlara göstərilən islah təsiri onların sağlamlığını və ləyaqətini saxlamaq, və cəza müddətinin imkan verdiyi dərəcədə onların məsuliyyət hissini formalaşdırmaq və onların cəmiyyətə yenidən inteqrasiyasına kömək edəcək, azadlığa çıxdıqdan sonra qanunçuluğun tələblərinə əməl edəcək və öz gücləri ilə həyati ehtiyaclarını təmin edəcək münasibətləri və vərdişləri inkişaf etdirmək məqsədləri daşıyır.
...”
52. Azadlıqdan məhrum etmə yerlərində saxlanmanın məqsədləri və rejimləri adlı IV Hissədə aşağıdakı qaydalar əks olunur:
“64. İnsanı azadlıqdan məhrum etməklə həbsxanaya salınma artıq özü-özlüyündə cəzadır. Buna görə də təcrid etmə və intizamı qoruyub saxlamaq halları istisna olmaqla, azadlıqdan məhrum etmə yerlərində saxlanma şəraiti və rejimi məhbusların iztirablarını artırmamalıdır.
65. Bütün səylər gostərilməlidir ki, azadlıqdan məhrumetmə yerlərində tətbiq edilən rejimlər elə təyin edilsin və həyata keçirilsin ki:
a. cəmiyyətdə qəbul edilmiş normalara və insan ləyaqətinə uyğun şərait təmin olunsun;
b. məhbus özünə hörməti və şəxsi məsuliyyətini itirməsin deyə, məhbusluğun mənfi nəticələri və məhbusun azadlıqdakı həyatla fərqi minimum həddə çatdırılsın;
...”
53. Həmçinin “Əmək” başlığı altında IV Hissədə aşağıdakı qaydalar əks olunur:
“71.1. Azadlıqdan məhrum etmə yerlərində əməyə islah təsirinin, peşə hazırlığının və inzibati idarəetmənin müsbət elementi kimi baxılır.
2. Həkimlərin rəyi ilə, əgər məhbusların fiziki və psixi sağlamlıqları imkan verirsə, onları əməyə cəlb etmək olar.
3. Normal iş günü ərzində məhbuslara kifayət həcmdə ictimai faydalı iş və ya əgər məqsədəuyğundursa, digər fəaliyyət növü ilə məşğul olmaqları üçün imkan yaradılır.
4. Məhbuslara təqdim olunan iş onlara azadlığa çıxdıqdan sonra normal qazanc əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan yaratmalıdır.
...
72. Azadlıqdan məhrum etmə yerlərində əməyin təşkili və üsulları imkan daxilində elə olmalıdır ki, azadlıqda tətbiq olunan iş şərtlərinə uyğun olsun və məhbuslara azadlıqdakı əmək şəraitinə hazırlamaq mümkün olsun. ...
...
74.1. Məhbusların əməyinin və sağlamlığının qorunması tədbirləri azadlıqda olan insanlar üçün tətbiq olunanlara uyğun olmalıdır.
2. Peşə xəstəlikləri də daxil olmaqla, istehsalatda xəsarət alma hallarında məhbusların dəymiş ziyanın əvəzini ödəmək hüquqları, azadlıqda insanlar üçün nəzərdə tutulanlarla eyni olaraq qanunda öz əksini tapmalıdır.
...
76.1. Məhbusların əməyinin ədalətli ödənilməsi sistemi mövcud olmalıdır.”
(b) 2006-cı il Avropa Penitensiar Qaydaları
54. 11 yanvar 2006-cı ildə Avropa Şurasının Nazirlər Komitəsi Avropa Penitensiar Qaydalarının yeni versiyasını, Rec(2006)2 saylı Tövsiyəni (“2006-cı il Qaydaları”) qəbul etdi. O, qeyd etdi ki, Avropada cinayət siyasətində, hökmlərin çıxarılması təcrübəsində və penitensiar müəssisələrin ümumi idarə edilməsi sahəsində baş vermiş dəyişiklikləri nəzərə alaraq, 1987-ci il Qaydaları ciddi şəkildə nəzərdən keçirilməli və yenilənməlidir.
55. 2006-cı il Qaydaları I Hissədə digər məsələlərlə yanaşı (inter alia) aşağıdakı əsas prinsipləri əks etdirir:
“2. Azadlıqdan məhrum edilmiş şəxslər məhkum olunduqları və həbsdə saxlandıqları qanuna və məhkəmənin qərarına əsasən məhrum olunmadıqları bütün hüquqları saxlayırlar.
3. Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhdudiyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır.
...
5. Azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır.
6. Həbsdə saxlanma elə təşkil olunmalıdır ki, bu azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına kömək etsin.”
2006-cı il Qaydalarının Şərhində (Cinayət Problemləri üzrə Avropa Komitəsi (CPAK) tərəfindən hazırlanıb) qeyd olunur ki, 2-ci Qayda vurğulayır ki, azadlıq hüququnun itirilməsi məhbusların siyasi, mülki, sosial, iqtisadi və mədəni hüquqlardan avtomatik məhrum olunması demək deyildir, beləliklə məhdudiyyətlər mümkün qədər az olmalıdır. Şərhdə qeyd olunur ki, 5-ci Qaydada həbsxanadakı həyatın heç vaxt azad cəmiyyətdəki kimi ola bilmədiyindən, həbsxanadakı şəraitin normal həyata mümkün qədər yaxınlaşdırılması üçün fəal addımlar atılmalı olduğu qəbul edilməklə, normallaşdırılmanın müsbət cəhətləri vurğulanır. Şərhdə daha sonra qeyd edilir ki, 6-cı Qayda qəbul edir ki, “həm cəza gözləyən, həm də artıq məhkum olunmuş şəxslər son nəticədə yenə də cəmiyyətə qayıdacaqlar və həbsxana həyatının təşkili zamanı bu cəhəti nəzərə almaq lazımdır”.
56. 2006-cı il Qaydalarının II Hissəsində (“Həbsdə saxlanılma şəraiti”), 26-cı Qayda müxtəlif həbsxana əməyi ilə bağlıdır. Hazırkı işə aid olan hissədə aşağıdakılar deyilir:
“26.1. Həbs yerlərində əməyə daxili rejimin müsbət elementi kimi baxılmalı və ondan heç vaxt cəza kimi istifadə edilməməlidir.
26.2. Penitensiar müəssisənin müdiriyyəti faydalı əmək üçün kifayət qədər şərait yaratmağa çalışmalıdır.
26.3. Məhbuslara təklif olunan işin xarakteri onlara azadlığa çıxdıqdan sonra yaşamaq üçün qazanc əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan yaratmalıdır.
...
26.7. Məhbusları normal həyata hazırlamaq məqsədilə islah müəssisələrində əməyin təşkili və üsulları cəmiyyətdə olan fəaliyyətin təşkili və üsullarına maksimal uyğun olmalıdır.
...
26.9. Məhbuslara iş cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən, ya müstəqil və yaxud xüsusi podratçı ilə birgə, cəzaçəkmə müəssisəsinin ərazisində və yaxud onun hüdudlarından kənarda təqdim olunur.
26.10. İstənilən halda məhbuslar öz əməklərinə görə ədalətli əmək haqqı almalıdırlar.
...
26.13. Məhbusların sağlamlıqlarının qorunması və əməyin təhlükəsizliyi tədbirləri azadlıqda olan işçilər barədə tətbiq edilən tədbirlərdən sərt olmamalıdır.
26.14. Məhbuslara, peşə xəstəlikləri də daxil olmaqla, istehsalatda xəsarət almaqla əlaqədar ödəmələr üçün azadlıqda olan işçilərə tətbiq edilən ödənişlərdən az olmayan vəsait nəzərdə tutulmalıdır.
...
26.17. İmkan daxilində işləyən məhbuslar milli sosial təminat sisteminə daxil edilməlidirlər.”
26-cı Qayda ilə bağlı Şərh həbsxana əməyinin normallaşdırılması prinsipini təsbit edir; prinsipə əsasən səhiyyə və təhlükəsizlik, iş saatları və “hətta milli sosial sığorta sistemində iştirak” məsələlərini tənzimləyən müddəalar həbsxana sistemindən kənarda işçilərin əməyini tənzimləyən müddəalarla üst-üstə düşməlidir. Əksinə, 1987-ci il Qaydalarında həbsxana əməyinin normallaşdırılması anlayışı əksini tapsa da, məhbusların milli sosial sığorta sisteminə daxil edilməsi məsələsi ilə bağlı heç nə deyilmirdi.
57. 2006-cı il Qaydalarının VIII Hissəsi (“Məhkum olunmuş məhbuslar”) məhkum olunmuş məhbuslar üçün rejimin məqsədi ilə bağlı aşağıdakı qaydaları təsbit edir:
“102.1. Bütün məhbuslara tətbiq edilən Qaydalardan əlavə, məhkum olunmuş məhbuslar üçün rejim onların cinayət törətmədən məsuliyyətli həyat tərzi keçirmələrinə yönəlməlidir.
102.2. Azadlıqdan məhrum etmə öz-özlüyündə cəzadır, buna görə də məhkum edilmiş məhbuslar üçün rejim onların iztirablarını artırmamalıdır.”
58. O, həmçinin məhkum olunmuş məhbuslar üçün rejimin bir aspekti kimi məhbusların əməyini əhatə edir. 105-ci Qaydada bu işə aid olan hissədə aşağıdakılar nəzərdə tutulur:
“105.2. Pensiya yaşına çatmamış məhkum olunmuş məhbuslar, onların əməyə fiziki və psixi yararlılığı həkim tərəfindən müəyyən edildikdən sonra cəlb oluna bilərlər.
105.3. Məhkum olunmuş məhbuslar əməyə cəlb edildikdə, iş şəraiti azadlıqda tətbiq edilən normalara və tələblərə uyğun olmalıdır.”
2. Avropa Sosial Xartiyası
59. Avropa Şurasının müqaviləsi olan 1962-ci ildə qəbul edilmiş və 1996-cı ildə dəyişiklik edilmiş Avropa Sosial Xartiyası bu kontekstdə müəyyən əhəmiyyətə malikdir. Əmək hüququna aid olan 1-ci Maddədə nəzərdə tutulur:
“Əmək hüququnun effektiv şəkildə tətbiq olunmasının təmin edilməsi məqsədilə Tərəflər üzərlərinə aşağıdakı öhdəlikləri götürürlər:
(1) tam məşğulluğun təmin edilməsi məqsədilə məşğulluğun ən yüksək səviyyəsinə nail olunmasını və həmin səviyyənin saxlanılmasını öz əsas məqsəd və vəzifələrindən biri kimi qəbul edilməsi;
(2) hər bir işcinin azad seçdiyi peşə vasitəsi ilə öz həyatını təmin etmək hüququnun effektiv şəkildə müdafiə edilməsi;
...”
Üzv Dövlətlərin Avropa Sosial Xartiyasına uyğunluğunun monitorinqinə görə məsul olan orqan - Sosial Hüquqlar üzrə Avropa Komitəsi 1-ci Maddənin 2-ci bəndini belə şərh edib ki, həbsxana əməyi, xüsusilə də əgər məhbuslar özəl firmalar üçün işləyirlərsə, ödəniş, iş saatları və sosial sığorta baxımından ciddi şəkildə tənzimlənməlidir. Məhbuslar özəl müəssisələr tərəfindən yalnız onların razılığı ilə və bir qayda olaraq xüsusi əmək münasibətləri ilə bağlı şərtlərə mümkün qədər uyğun şərtlərdə işə götürülə bilərlər (bax Sosial Hüquqlar üzrə Avropa Komitəsinin Presedent hüququnun Toplusu, 1 sentyabr 2008-ci il, səh., 23).
C. Müqayisəvi Avropa hüququ
60. Məhkəmədə olan məlumatdan, o cümlədən Avropa Şurasının qırx yeddi üzv dövlətlərindən qırx dövlətin milli qanunvericiliyi nəzərə alınaraq aparılan müqayisəli hüquqa dair araşdırmadan görünür ki:
- iyirmi beş üzv Dövlətlərdə, ən azından bəzi hallarda, məhbusların işləməyi tələb olunur, yəni Azərbaycan, Çex Respublikası, Estoniya, Gürcüstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Çernoqoriya, Rusiya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna və Birləşmiş Krallıq;
- iyirmi iki üzv Dövlətlərdə məhbuslar yaşa görə pensiya sisteminə daxil edilir, yəni Albaniya, Andorra, Azərbaycan, Xorvatiya, Kipr, Çex Respublikası, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İsveçrə, “keçmiş Yuqoslaviya Respublikası Makedoniya”, Türkiyə, Ukrayna və Birləşmiş Krallıq. Bu Dövlətlərin bəzilərində məhbuslar avtomatik olaraq sığorta sistemi ilə əhatə olunmurlar (icbari ödənişlər və ya verginin tutulması yolu ilə), yalnız könüllü ödənişlər ödəmək imkanına malikdirlər;
- on iki üzv Dövlətdə məhbuslar yaşlılığa görə pensiya sxemi ilə əhatə olunmur, yəni Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Estoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, Malta, Çernoqoriya, Niderland, Rumıniya və Serbiya;
- üzv Dövlətlərin üçüncü qrupunda sosial sığorta sisteminə mənsubiyyət (yaşlılığa görə pensiya daxil olmaqla) yerinə yetirilən işin növündən, xüsusilə də bu işin kənar işəgötürənlər üçün/ödənişli olub-olmamasıından asılıdır. Bura Almaniya, Lüksemburq, Polşa, İspaniya və İsveç aiddir. Danimarkada yaşa görə pensiya hüququ işlə və ödənişlərin ödənilməsi ilə bağlı deyil. Pensiya yaşında bütün şəxslər baza pensiyanı almaq hüququna malikdirlər;
- otuz yeddi üzv Dövlət, yəni mütləq əksəriyyət, məhbusları və ya ən azından məhbusların müəyyən kateqoriyasını ümumi sosial sığorta sisteminə və ya onun hissələrinə aid etməklə və yaxud onları sığortanın xüsusi növü və ya digər müdafiə ilə təmin etməklə, sosial müdafiəyə müəyyən çatımla təmin edir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
61. Ərizəçi şikayət edib ki, həbsxanada işə cəlb olunan şəxslərin yaşlılığa görə pensiya sistemindən istisna edilməsi ayrı-seçkilikdir. O, mahiyyətcə 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəyə istinad edib.
62. 14-cü Maddədə nəzərdə tutulur:
“[Bu] Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
63. 1 Saylı Protokolun 1-ci Maddəsində nəzərdə tutulur:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək ücün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”
A. Tərəflərin təqdimatları
1. Ərizəçi
64. Ərizəçi o prinsipə istinad edib ki, azadlıqdan məhrumetmə özü-özlüyündə cəzadır və məhbusa münasibətdə tədbirlər həbs etməyə xas olan iztirabları ağırlaşdırmamalıdır. O, iddia etdi ki, işləyən məhbusların yaşlılığa görə pensiya sistemindən istisna edilməsi bu prinsipə ziddir, belə ki, bu, həbsxanada cəzaçəkmə müddətindən kənara çıxan uzunmüddətli təsirlər yaradır.
65. Bundan əlavə, o, bildirdi ki, sosial sığorta vasitəsilə qocalığını təmin etmək ehtiyacına gəldikdə, işləyən məhbuslar digər işçilərlə eyni vəziyyətdədirlər. Ölkədaxili məhkəmələrin Ümumi Sosial Sığorta haqqında Qanunun 4(2) bölməsinin şərhi, yəni adi əmək müqaviləsi əsasında könüllü işlə qanunla müəyyən edilmiş işləmək öhdəliyinə əsasən icra edilən məhbusların işi arasında fərqin qoyulması, onların yaşlılığa görə pensiya sisteminə aidiyyatının istisna olunması üçün inandırıcı səbəb deyil.
66. Bu iki vəziyyət ərizəçinin təqdimatında əsaslı şəkildə fərqlənmir. Reallıqda, azadlıqda olan insanların böyük əksəriyyəti həmçinin qanunla olmasa da, yaşamaq üçün vasitələrin qazanılması zərurətindən işləmək məcburiyyətindədirlər. Həbsxana konteksti daxilində və ya xaricində yerinə yetirilən iş, həmişə əməyin ödənilməsinin maliyyə aspektindən kənara çıxan müxtəlif məqsədlərə xidmət edir. Məhbusların yerinə yetirdiyi işin növləri digər şəxslərin yerinə yetirdiyi işin növlərindən əsaslı şəkildə fərqlənmir. Ümumiyyətlə, işləyən məhbusların yaşa görə pensiya sisteminə aidiyyatınin istisna edilməsi faktiki müxtəlifliyə əsaslanmır və buna görə də əsaslandırma tələb edir.
67. Ərizəçinin fikrincə, belə əsaslandırma mövcud olmayıb. Birincisi, işləyən məhbusların yaşa görə pensiya sisteminə aidiyyatınin istisna edilməsi hər hansı qanuni məqsəd daşımırdı. Hökumətin sosial sığorta sisteminin gərgin maliyyə vəziyyətinə əsaslandığı dərəcədə, sadəcə büdcə mülahizələri həssas qrupların sosial müdafiədən xaric edilməsi üçün kifayət deyil.
68. İkincisi, ərizəçi qeyd edib ki, Hökumət rəftarda fərqliliyə görə obyektiv və ağlabatan əsaslar göstərməyib. Xüsusilə də, o, işləyən məhbusların əhəmiyyətli ödənişlər edə bilməməsi və bu səbəbdən həbsxana işinin dövlərinin sığorta dövrləri kimi hesablanmasının məhbuslara tam sosial sığorta haqları ödəyən adi işçilərlə müqayisədə əsassız üstünlüklər verəcəyi barədə Hökumətin arqumentini mübahisələndirdi. Hökmlərin İcrası haqqında Qanunun 51-ci bölməsinə əsasən, Dövlət məhbusların işindən gəlir əldə etdiyi üçün, sosial sığorta ödənişlərinin ödənilməsini gözləmək ağlabatan olardı. Həbsdə saxlama müddətinin haqlı olaraq əvəzləyici müddətlər hesab olunub-olunmaması barədə Hökumətin sonrakı arqumentinin buna görə də heç bir əhəmiyyəti yoxdur.
69. Ümumi Sosial Sığorta haqqında Qanunun 17-ci bölməsinə əsasən məhbusların pensiya sxeminə könüllü ianələr köçürmək mümkünlüyü ilə bağlı ərizəçi iddia etdi ki, bir çox məhbuslar əvvəlki dövrlərdə kifayət sayda sığorta aylarının toplanması üzrə tələbi yerinə yetirmir. Bundan əlavə, könüllü sığorta xərcləri adətən məhbusların məhdud maliyyə ehtiyatlarını keçir, belə ki, Hökmlərin İcrası haqqında Qanunun 32-ci bölməsinə əsasən onların cüzi əmək haqlarının 75%-i onların cəzalarının icrası ilə bağlı xərclərə ödəniş olaraq istifadə olunur.
2. Hökumət
70. Hökumət ilk növbədə iddia etdi ki, işləyən məhbusların yaşlılığa görə pensiya sisteminə aid edilməməsi Konvensiyanın 14-cü Maddəsi baxımından ayrı-seçkilik deyil, belə ki, işləyən məhbuslar adi işçilərlə analoji vəziyyətdə deyillər.
71. Hökumət həbsxana əməyinin yenidən inteqrasiyanın vəyenidən sosiallaşmanın əsas məqsədinə xidmət etdiyini vurğulayaq, Avstriyada həbsxana əməyinin təşkilinin ətraflı təsvirini verdi. O, qeyd etdi ki, Avropa Şurasının müvafiq standartları, eləcə də İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (İQAK) Avstriya ilə bağlı sonuncu hesabatı məhbuslara onların peşə ixtisaslarını saxlamaq və təkmilləşdirmək imkanı ilə təmin etmək, onların həbsxana müddətini daha dözümlü etmək üçün onlara məqsədyönlü fəaliyyət və strukturlu gündəlik iş vermək və azadlığa çıxdıqdan sonra daimi işlə məşğul olmağa hazırlamaq üçün əməyin vacibliyini təsdiq etdi.
72. Hökmlərin İcrası haqqında Qanunun 44(1) bölməsinə müvafiq olaraq məhbuslar işləməyə borcludurlar və həmin Qanunun 45(1) bölməsinə əsasən həbsxana orqanları onları uyğun işlə təmin etmək öhdəliyi daşıyırlar. Həbsxana şərtlərinə əsasən məhbuslar hər gün orta hesabla beş-altı saat işləyirdilər. Konvensiyanın hər hansı müddəasına əsasən tələb olunmadığına baxmayaraq, məhbuslar əmək haqqı alıblar. Məbləğlər qanunla müəyyən olunurdu və icra edilən işin növünə müvafiq olaraq saatda 5.00 avro və 7.50 avro arasında dəyişirdi. Terapevtik və ya sosial müalicə alan məhbusların sərf etdikləri dövrlər həftədə maksimum beş saat olmaqla iş saatları kimi qəbul edilirdi. Bu, yenidən sosiallaşmanın həbsxana əməyinin məqsədi olduğunu vurğulayan rəftarın faydalı forması idi. Əmək haqqının bir hissəsinin xidmətə görə ödəniş kimi istifadə olunması faktı Konvensiyaya zidd deyil.
73. Ümumiyyətlə, həbsxana əməyi təbiətinə və məqsədinə görə, adi əməkdən əhəmiyyətli dərəcədə fərqlənir. Birincisi qanunla müəyyən olunmuş öhdəliyə uyğun olaraq, yenidən sosiallaşmaya və yenidən inteqrasiyaya yönəlir, ikincisi isə əmək müqaviləsinə əsaslanır və şəxsin yaşayışını və professional inkişafını təmin etmək məqsədinə xidmət edir. Nəticə etibarilə, yaşlılığa görə pensiya sığortası baxımından həbsxana əməyinin dövrlərinə fərqli yanaşma nəinki əsaslandırılıb, həmçinin fərqli faktiki vəziyyətlərə görə tələb olunur. Sığorta dövrləri olaraq ödəniş köçürülməyən dövrlərin hesablanması işləyən məhbuslara adi işçilərə münasibətdə əsassız üstünlük verə bilər.
74. Məhbusun işlədiyi dövrləri hüquq əldə etmək üçün müəyyən olunmuş dövrlər və ya əvəzləyici dövrlər qismində hesablanmaması ilə bağlı qanunvericinin qərarı Hökumətin təqdimatında həmçinin obyektiv səbəblərə əsaslanırdı. Əgər müvafiq şəxsə Təzminat (Cinayət İcraatı) haqqında Qanuna əsasən həbslə bağlı təzminat verilibsə, Ümumi Sosial Sığorta haqqında Qanunun müvafiq müddəalarına əsasən, həbsxanada keçən dövrlər, digər məsələlərlə (inter alia), hüquq əldə etmək üçün müəyyən olunmuş dövrlər hesab olunur. Belə olan halda, Dövlət müvafiq şəxsə həbs nəticəsində sosial sığorta qanunvericiliyinə əsasən çəkdiyi ziyanın əvəzini ödəmək üçün sosial sığorta ödənişlərini etməlidir. Qanuni olaraq həbsə alınmış şəxslərə eyni şəkildə rəftar edilməsi qeyri-bərabər faktlarla bərabər rəftara gətirib çıxaracaq. Ödənişlər edilmədən həbsdə keçən dövrlərin əvəzləyici dövrlər hesab olunması həmçinin sosial sığorta sistemində natarazlıq yarada bilər. Ümumiyyətlə, qanunverici hesab edir ki, əvəzləyici dövrlər o dövrlərdir ki, insanların məktəb təhsili, uşağın doğulması, işsizlik, xəstəlik, hərbi və ya alternativ hərbi xidmət kimi sosial baxımdan məqbul əsaslara görə ödəniş köçürülməsinin qarşısı alınır.
75. Bundan əlavə, Ümumi Sosial Sığorta haqqında Qanunun 17-ci bölməsinə əsasən məhbuslar yaşlılığa görə pensiya sisteminə könüllü ödənişlər edə bilərlər. Bu Qanun həmçinin ödənilməli məbləğin normal ödənişlərə nisbətən daha aşağı səviyyəyə azaldılması imkanını nəzərdə tutur. Bununla belə, Hökumət qeyd etdi ki, məlumatın qorunması səbəbindən onlar, bu imkandan istifadə edən məhbusların sayı və nisbəti barədə statistik məlumat təqdim edə bilməzlər.
76. Alternativ olaraq, Hökumət iddia edib ki, hətta güman etsək ki, işləyən məhbuslar adi işçilərlə analoji vəziyyətdədirlər, rəftarda fərqlilik əsaslandırılıb. Təcrübədə, hətta əgər məhbuslar yaşlılığa görə pensiya sistemindən xaric edilməsəydilər, onlar əhəmiyyəti ödənişlər ödəyə bilməzdilər, belə ki, çox zaman onların əmək haqları xidmətə görə ödəniş çıxıldıqdan sonra, son gəlir adlanan 366.33 avro həddinə çatmır; bundan aşağı gəlirə malik olan işçilər hər bir halda Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən icbari sığorta ilə əhatə olunmurlar. Sosial sığorta institutlarının gərgin maliyyə vəziyyətini nəzərə alaraq, yalnız əhəmiyyətli ödənişləri ödəyə bilən şəxslər yaşlılığa görə pensiya sisteminə daxil edilə bilərlər.
77. Bundan əlavə, Razılığa gələn Dövlətlər özlərinin sosial sığorta sistemlərinin təşkil olunmasında geniş mülahizə sərbəstliyindən istifadə edirlər. Hətta 2006-cı il Avropa Penitensiar Qaydaları tövsiyə edir ki, “işləyən məhbuslar mümkün olduğu qədər milli sosial sığorta sistemlərinə cəlb olunmalıdırlar”.
78. Hökumət açıqladı ki, İşsizlik Sığortası haqqında Qanuna 1993-cü il dəyişikliyindən sonra işləyən məhbuslar işsizlik sığortası sxeminə aid ediliblər. Cəzaların icrası sisteminin geniş islahatının bir hissəsi olan bu dəyişiklikdən əvvəl illərlə intensiv müzakirələr aparıldı. Məhbusların yaşa görə pensiya sxeminə deyil, işsizlik sığortası sxeminə inteqrasiya edilməsi o fikirlə əsaslandırılıb ki, yalnız maliyyə faydasını deyil, həmçinin təlim kurslarına və işə düzəltmə xidmətlərinə çatımı əhatə edən işsizlik sığortası azadlığa çıxdıqdan sonra məhbusların yenidən inteqrasiyasına kömək etmək üçün ən effektiv alət hesab olunur. Bu, ümumilikdə onları sosial sığorta sisteminə daxil edilməsi istiqamətində ilk addım kimi görünür. Lakin Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən sığorta sağlamlıq və qəza sığortasını və əlavə olaraq yaşa görə pensiya sisteminə aidiyyəti əhatə etdiyindən və məhbusların sağlamlıq və qəza sığortası Cəzaların İcrası haqqında Qanuna əsasən həbsxana orqanları tərəfindən təmin edildiyindən, onların yaşlılığa görə pensiya sisteminə aidiyyəti daha mürəkkəb dəyişiklikləri zəruri edir. Bundan başqa, o zaman aparılan araşdırmaya əsasən bu ən çox xərc tələb edən amil hesab edilmişdir.
79. Bundan əlavə Hökumət qeyd etdi ki, hazırkı kimi çox uzun həbs müddətli olan belə hallar son dərəcə nadir hallarda olur. Məhbusların əksəriyyəti həbsxana xaricində işlədikləri dövrlərin hesabına sığorta aylarının kifayət sayını toplamaq iqtidarında olurlar. Hazırkı işdə ərizəçi işsizlik müavinəti alıb və onun müddəti bitdikdən sonra müstəsna hallara görə yardım ödənişi almağa davam etmişdir.
80. Nəhayət, məhbusların Ümumi Sosial Sığorta haqqında Qanunda nəzərdə tutulan yaşlılığa görə pensiya sxeminə hələ də aid edilməməsi barədə Avstriya qanunvericiliyinin qərarı o demək deyil ki, onlar hər hansı sosial təminata malik deyillər. Birincisi, yuxarıda qeyd edildiyi kimi, onlar işsizlik sığortası sxemi ilə əhatə olunublar. Nəticə etibarilə, onlar işsizlik müavinətləri alıblar və onların müddəti bitdikdən sonra müstəsna hallara görə yardım ödənişi alıblar. Ən son halda, sosial yardım sistemi öz əsas ehtiyaclarını hər hansı digər vasitələrlə təmin edə bilməyən şəxslərə ehtiyac meyarına görə yoxlanmış minimum gəlir nəzərdə tutur. Nəticədə, Avstriya hüquq sistemi bir tərəfdən ümumilikdə cəmiyyətin maraqlarını və digər tərəfdən məhbusların maraqlarını nəzərə alaraq, məsələnin fərqli və yaxşı-balanslaşdırılmış həllini nəzərdə tutur.
B. Məhkəmənin qiymətləndirməsi
1. 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddənin tətbiqi
81. Məhkəmə təkrar edir ki, 14-cü Maddə Konvensiyanın və Protokolların digər maddi-hüquqi müddəalarına əlavədir. O, müstəqil mövcud deyil və yalnız bu müddəalarla təminat verilən “hüquq və azadlıqlardan istifadə”yə münasibətdə qüvvəyə malikdir. 14-cü Maddənin tətbiqi Konvensiya ilə təminat verilən maddi hüquqlardan birinin öncədən pozulmasını mütləq olaraq ehtimal etmir. İşin faktlarının sözügedən müddəalardan birinin “təsir dairəsinə” düşməsi zəruridir, lakin həmçinin kifayətdir. Beləliklə, 14-cü Maddədə nəzərdə tutulan ayrı-seçkiliyin qadağan olunması, Konvensiya və onun Protokollarına əsasən hər Dövlətin təminat verməli olduğu hüquq və azadlıqlardan istifadədən kənara çıxır. Bu, həmçinin Konvensiyanın istənilən Maddəsinin ümumi fəaliyyət dairəsinə düşən, Dövlətin könüllü olaraq təmin etməyə qərar verdiyi əlavə hüquqlara tətbiq olunur (bax Stek və Başqaları Birləşmiş Krallığa qarşı iş (Stec and Others v. the United Kingdom), Böyük Palatanın qərarı, № 65731/01 və № 65900/01, §§ 39-40, ECHR 2005‑X; Andreyeva Latviyaya qarşı iş (Andrejeva v. Latvia), Böyük Palatanın qərarı, № 55707/00, § 74, ECHR 2009‑...; və, ən son, Karson və Başqaları Birləşmiş Krallığa qarşı iş (Carson and Others v. the United Kingdom), Böyük Palatanın qərarı, № 42184/05, § 63, ECHR 2010‑...).
82. Məhkəmənin təşəkkül tapmış presedent hüququna müvafiq olaraq, 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (yuxarıda istinad edilən Stek və Başqaları Birləşmiş Krallığa qarşı iş (Stec and Others v. the United Kingdom), § 54; yuxarıda istinad edilən Andreyevanın işi (Andrejeva), § 77; və yuxarıda istinad edilən Karsonun işi (Carson), § 64).
83. Bundan əlavə, ərizəçiyə 14-cü Maddə ilə əhatə olunan ayrı-seçkilik əsası ilə müəyyən sosial yardımın bütünlüklə və ya bir hissəsindən imtina edilməsi ilə bağlı 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəyə əsasən şikayətlərə aid bu kimi hallarda əsas məsələ, belə hüququn əldə olunması üçün ərizəçinin şikayət etdiyi şərtin olmadığı təqdirdə, ərizəçinin daxili qanunvericiliklə təminat verilən müvafiq yardımı almaq hüququna malik ola bilib-bilməməsidir (bax Gaygusuz Avstriyaya qarşı iş (Gaygusuz v. Austria), 16 sentyabr 1996-cı il, § 40, Məhkəmə Qərarları və Qərardadları Toplusu 1996‑IV, və Villis Birləşmiş Krallığa qarşı iş (Willis v. United Kingdom), № 36042/97, § 34, ECHR 2002‑IV). Baxmayaraq ki, 1 Saylı Protokolun 1-ci Maddəsi hər hansı sosial sığorta ödənişi almaq hüququnu nəzərdə tutmur, əgər Dövlət sosial yardım sxemi yaratmaq qərarına gəlirsə, o, bunu 14-cü Maddənin tələblərinə uyğun qaydada etməlidir (bax yuxarıda istinad edilən Stek və Başqaları Birləşmiş Krallığa qarşı iş (Stec and Others v. the United Kingdom), § 55; və yuxarıda istinad edilən Andreyevanın işi (Andrejeva), § 79).
84. Hazırkı işdə pensiya yaşına çatmış ərizəçi, sığorta aylarının minimum sayının yığılması şərti ilə yaranan yaşa görə pensiya tələb etdi. Məhkəmə hesab edir ki, mübahisələndirilən sosial sığorta qanunvericiliyi 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən əmlak marağını yaradır. Ərizəçinin ayrı-seçkilik olduğu iddia etdiyi şərtin olmadığı təqdirdə, pensiya almaq hüququna malik ola bilib-bilməməsi məsələsini tətbiq edərkən, Məhkəmə qeyd edir ki, danılmazdır ki, ərizəçi yaşa görə pensiya sxeminə cəlb olunmadan həbsxanada iyirmi səkkiz il müddətində işləyib. Onun yaşa görə pensiya tələbi o əsasla rədd edilmişdi ki, o, sığorta aylarının tələb olunan minimum sayına malik deyildi. Buradan belə çıxır ki, əgər o, həbsxanada yerinə yetirilən işə görə yaşa görə pensiya sisteminə aid edilsəydi, o, sığorta aylarının zəruri sayını yığmış olardı və nəticə etibarilə pensiya hüququna malik olardı.
85. Hökumət 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddənin tətbiqini mübahisələndirmədi. Bununla belə, Hökumət iddia etdi ki, məhbus olaraq ərizəçinin gəliri yaşlılığa görə pensiya sisteminə ödənişlər etmək üçün kifayət deyildi: xidmətə görə ödəniş çıxıldıqdan sonra, onun əmək haqqı son gəlir həddini keçmirdi; bundan aşağı işçi Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən icbari sığortadan azad edilir. Məhkəmə hesab edir ki, özü-özlüyündə mahiyyətcə ərizəçinin məhbus olaraq mövqeyi ilə bağlı olan bu arqument yuxarıda əldə olunan nəticəni təkzib edə bilməz.
86. Nəticədə, Məhkəmə müəyyən edir ki, ərizəçinin tələbləri 1 Saylı Protokolun 1-ci Maddəsinin və onun təminat verdiyi mülkiyyətdən maneəsiz istifadə hüququnun təsir dairəsinə düşür. Bu, 14-cü Maddənin tətbiq olunması üçün kifayətdir.
2. 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəyə uyğunluq
(a) Ümumi prinsiplər
87. Məhkəmə öz presedent hüququnda müəyyən etmişdir ki, yalnız müəyyən edilə bilən səciyyəvi xüsusiyyətlər və ya “əlamət” əsasında rəftarda fərqlilik, 14-cü Maddənin mənası baxımından ayrı-seçkiliyə bərabər tutula bilər (bax yuxarıda istinad edilən Karson və Başqalarının işi (Carson and Others), § 61). Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “qanuni məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (yenə də orada; həmçinin bax yuxarıda istinad edilən Andreyevanın işi (Andrejeva), № 55707/00, Böyük Palatanın qərarı, § 81; və Stek və Başqaları Birləşmiş Krallığa qarşı iş (Stec and Others v. the United Kingdom), Böyük Palatanın qərarı, № 65731/01, § 51, ECHR 2006‑VI).
88. Razılığa gələn Dövlətlərə digər hallarda analoji situasiyalardakı müxtəlifliyin insanlarla fərqli rəftara haqq qazandırıb-qazandırmamasını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirmək üçün müəyyən mülahizə sərbəstliyi verilir. Bu mülahizə sərbəstliyinin dairəsi hallardan, işin predmetindən və ilkin şəraitdən asılı olaraq dəyişəcək. Beləliklə, məsələn, 14-cü Maddə üzv Dövlətə qruplar arasındakı “faktiki bərabərsizliyi” düzəltmək üçün onlarla fərqli rəftar etməyi qadağan etmir; həqiqətən, müəyyən hallarda fərqli rəftar vasitəsilə bərabərsizliyi düzəltmək üçün cəhd olunmaması, obyektiv və ağlabatan əsaslandırma olmadığı halda, 14-cü Maddənin pozulmasına səbəb ola bilər (bax yuxarıda istinad edilən Andreyevanın işi (Andrejeva), § 82; yuxarıda istinad edilən Stek və Başqalarının işi (Stec and Others v. the United Kingdom), § 51; və Thlimmennos Yunanıstana qarşı iş (Thlimmenos v. Greece), Böyük Palatanın qərarı, № 34369/97, § 44, ECHR 2000‑IV).
88. Eynilə, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Konvensiya üzrə Dövlətə geniş mülahizə sərbəstliyi verilir. Öz cəmiyyəti və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, milli hakimiyyət orqanları sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (bax yuxarıda istinad edilən Andreyevanın işi (Andrejeva), § 83; və yuxarıda istinad edilən Stek və Başqalarının işi (Stec and Others v. the United Kingdom), § 52; Karson və Başqalarının işi (Carson and Others), § 61; məhbusların hüquqlarının konkret kontekstində, bax həmçinin Dikson Birləşmiş Krallığa qarşı iş (Dickson v. the United Kingdom), Böyük Palatanın qərarı, № 44362/04, § 78, ECHR 2007‑XIII).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
89. Ərizəçi məhbus kimi mövqeyinə görə ayrı-seçkilikdən şikayət edir. Məhbus olmaq 14-cü Maddədə dəqiq göstərilən əsaslardan biri olmasa da, bu Maddədə təsbit olunan siyahı tam deyil və özündə “istənilən digər halları”(və ya Fransız mətnində “toute autre situation”) daxil edir və bununla şəxslər və ya şəxslər qrupları bir-birindən fərqlənir. Bu işdə mübahisələndirilməyib ki, məhbus olmaq 14-cü Maddənin məqsədləri baxımından şəxsi statusun bir aspektidir.
(i) Ərizəçi işləyən məhbus olaraq adi işçilərlə müvafiq oxşar vəziyyətdə idimi
90. Məhkəmə ilk növbədə Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən yaşlılığa görə pensiya sisteminə aid edilməsinə münasibətdə, ərizəçinin işləyən məhbus olaraq adi işçilərlə müvafiq oxşar vəziyyətdə olub-olmadığını yoxlayacaq.
91. Hökumət həbsxana əməyi ilə adi əmək arasındakı məqsədinə və təbiətinə görə müxtəlifliyi xüsusi vurğuladı. O, həbsxana əməyinin əsas reabilitasiya məqsədini qeyd etdi və onun məcburi təbiətini göstərərək, bu xüsusiyyətlərin ərizəçinin vəziyyətini adi işçilərdən ayırdığını bildirdi. Öz tərəfindən ərizəçi qeyd etdi ki, həbsxana əməyinin məcburi təbiəti hazırkı işdə həlledici deyil və məhbusların yerinə yetirdikləri iş hər bir halda adi işçilər tərəfindən yerinə yetirilən işdən fərqlənmir.
92. Məhkəmə qeyd edir ki, həbsxana əməyi bir çox aspektlərdə adi işçilər tərəfindən yerinə yetirilən işdən fərqlənir. O, yenidən inteqrasiyanın və yenidən sosiallaşmanın əsas məqsədinə xidmət edir. İş saatları, əmək haqqı və bu əmək haqqının bir hissəsindən xidmətə görə ödəniş kimi istifadə olunması konkret həbsxana kontekstini əks etdirir. Bundan əlavə, Avstriya sistemində məhbusların işləmək öhdəliyi həbsxana orqanlarının onları müvafiq işlə təmin etmək öhdəliyinə uyğun gəlir. Həqiqətən, bu vəziyyət adi işçi-işəgötürən münasibətlərindən uzaqdır. Nəticə etibarilə, iddia etmək olar ki, ərizəçi işləyən məhbus olaraq adi işçilərlə müvafiq oxşar vəziyyətdə olmayıb.
93. Bununla belə, Məhkəmənin fikrincə nə həbsxana əməyinin yenidən inteqrasiya və yenidən sosiallaşma məqsədinə xidmət etməsi faktı, nə də ki, həbsxana əməyinin məcburi təbiəti hazırkı işdə həlledici deyil. Bundan əlavə, Məhkəmə hesab edir ki, işin, ərizəçinin işində olduğu kimi, həbsxana orqanları üçün, və ya özəl işəgötürən üçün yerinə yetirilməsi həlledici deyil, baxmayaraq ki, ikinci halda daimi əmək münasibətləri ilə daha güclü oxşarlıq olduğu görünür.
94. Bu işdə mübahisələndirilən daha çox həbsxana əməyinin özünün təbiəti və məqsədi deyil, yaşlılığı təmin etmək ehtiyacıdır. Məhkəmə müəyyən etdi ki, bununla əlaqədar işləyən məhbus olaraq ərizəçi adi işçilərlə müvafiq oxşar vəziyyətdə olub. Buna görə də o, Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən yaşa görə pensiya sisteminə aidiyyətə münasibətdə fərqli rəftarın əsaslandırılıb-əsaslandırılmamasını araşdırmalıdır. Lakin, Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən sağlamlıq və qəza sığortası sxeminə aidiyyata münasibətdə, Məhkəmə razılaşardı ki, məhbuslara səhiyyə xidməti və qəza halında onlara yardım Hökmlərin İcrası haqqında Qanuna müvafiq olaraq Dövlət tərəfindən təmin olunduğundan, ərizəçi işləyən məhbus olaraq adi işçilərdən fərqli vəziyyətdə olub. Eyni dərəcədə, onun pensiyasının ödənilməsi ilə əlaqədar, Məhkəmə qəbul edir ki, məhbusun yaşamaq üçün vəsaitləri həbsxana orqanları tərəfindən təmin edildiyindən, artıq pensiya yaşına çatmış məhbus, həbs olunmayan bir təqaüdçüdən fərqli vəziyyətdədir.
(ii) Rəftarda fərqlilik qanuni məqsəd daşıyırdımı
95. Rəftarda fərqliliyin məqsədinə gəldikdə, Hökumət bildirdi ki, işləyən məhbuslar çox zaman sosial sığorta ödənişlərini ödəmək üçün maliyyə vəsaitlərinə malik olmurlar. Hər hansı ianələr ödənilməyən, və ya ən azından əhəmiyyətli ianələr ödənilməyən dövrlərin pensiya hüququ yaradan sığorta dövrləri kimi hesablanması, işləyən məhbuslar və həbsxana konteksti xaricində şəxslər arasında natarazlıq yaradar və artıq gərgin maliyyə vəziyyəti ilə üzləşən sosial sığorta institutlarının iqtisadi effektivliyini sarsıda bilər.
96. Bundan əlavə, daha bir məqsəd, yəni sosial sığorta sistemi çərçivəsində ümumi ardıcıllığın qorunması, Hökumətin təqdimatlarında nəzərdə tutulduğu ortaya çıxdı. O, bildirdi ki, həbsxana əməyinin dövrləri hüquq əldə etmək üçün müəyyən olunmuş dövrlər və ya əvəzləyici dövrlər kimi hesablana bilməz, belə ki, Avstriya sosial sığorta qanunvericiliyinin prinsiplərinə müvafiq olaraq, belə dövrlər yalnız sosial baxımdan məqbul fəaliyyətlərin və ya vəziyyətlərin məhdud sayı səbəbindən ödənişlər ödənilməyən dövrlərə görə kompensasiya kimi çıxış edə bilər (məsələn, məktəb təhsili, uşağın doğulması, işsizlik, xəstəlik, hərbi və ya alternativ hərbi xidmət).
97. Məhkəmə qəbul edir ki, Hökumətin istinad etdiyi məqsədlər, yəni əhəmiyyətli ödənişlər etməyən şəxsləri sosial yardımdan xaric etməklə, yaşa görə pensiya sisteminin iqtisadi effektivliyini və ümumi ardıcıllığının qorunması qanunidir.
(iii) Rəftarda fərqlilik mütənasib idimi
98. Məhkəmə təşəkkül tapmış presedent hüququnu xatırladır ki, məhbuslar, qanuni tətbiq edilən həbs açıq şəkildə Konvensiyanın 5-ci Maddəsinin təsir dairəsinə düşən halda azadlıq hüququ istisna olmaqla, ümumilikdə Konvensiya ilə təminat verilən bütün əsas hüquq və azadlıqlardan istifadə etməyə davam edirlər. Təsəvvür etmək çətindir ki, məhbus sadəcə məhkum olunduqdan sonra həbs olunmuş şəxs statusuna görə, Konvensiyadakı hüquqlarından məhrum olunmalıdır (bax Hirst Birləşmiş Krallığa qarşı iş (Hirst v. the United Kingdom), (№ 2), Böyük Palatanın Qərarı, № 74025/01, §§ 69-70, ECHR 2005‑IX, və yuxarıda istinad edilən Diksonun işi (Dickson), § 67). Müvafiq olaraq, həbs cəzasını çəkən şəxs Konvensiya ilə təminat verilən hüquqlarını saxlayır, belə ki, bu hüquqlara qoyulan istənilən məhdudiyyət hər bir halda əsaslandırılmalıdır. Bu, xüsusilə həbs etmənin zəruri və qaçılmaz nəticələri ilə və ya hər hansı hüquqa qoyulan məhdudiyyətlə məhbusun olduğu şərait arasındakı kifayət qədər əlaqənin mövcudluğu ilə əsaslandırıla bilər (yenə də orada., § 68).
99. Məhz bu fonda Məhkəmə işləyən məhbusların yaşlılığa görə pensiya sisteminə aid edilməməsi ilə yuxarıda təsbit edilən qanuni məqsədlər arasında mütənasibliyin ağlabatan əlaqəsinin olub-olmamasını araşdıracaq. Ərizəçinin arqumentinin əsasını o təşkil edirdi ki, Hökumət fərqli rəftarı əsaslandırmamışdır. O, bildirdi ki, məhbusların Ümumi Sosial Sığorta haqqında Qanuna əsasən sosial sığorta ianələrini ödəmək iqtidarında olmamasının əsas səbəbi məhbusların əmək haqlarının əsas hissəsinin xidmətə görə ianə qismində tutulması ilə bağlı Dövlətin şəxsi siyasi seçimi olub.
100. Məhkəmə qeyd edir ki, işləyən məhbusların yaşa görə pensiya sisteminə aid edilməsi məsələsi həbs etmənin ümumi məqsədlərinin qəbulu, həbsxana işinin sistemi, əməyin ödənilməsi və onun gəlirlərindən istifadə olunmasında üstünlüklər kimi cəza siyasəti ilə və eləcə də, bütünlükdə sosial sığorta sistemində əks olunan sosial siyasət məsələləri ilə sıx əlaqəlidir. Qısa olaraq, bu, sosial strategiyanın kompleks məsələlərini və seçimlərini qaldırır və bu sahədə Dövlətlər geniş mülahizə sərbəstliyindən istifadə edirlər, lakin Məhkəmə yalnız qanunverici orqanın siyasi seçimini “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hesab etdiyi halda müdaxilə edəcək (bax yuxarıda 89-cu bənddə istinad edilən presedent hüququ).
101. Məsələnin mürəkkəbliyini nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, o, məhbusların yaşlılığa görə pensiya sisteminə aidiyyatı məsələsinə ayrılıqda baxa bilməz və buna həbsxana əməyinin və məhbusların sosial təminatının ümumi sistemində bir xüsusiyyət kimi baxmalıdır.
102. Yuxarıda qeyd edildiyi kimi, Avstriya sistemində məhbuslar işləməyə borcludurlar, həbsxana orqanları isə məhbusları uyğun işlə təmin etmək öhdəliyi daşıyırlar. Məhkəmə bu sistemin müsbət cəhəti kimi qeyd edir ki, həbsxana əhalisinin 70%-dən çoxu hazırda işləyir. İş saatları həbsxana kontekstinə uyğunlaşdırılır, o cümlədən həftədə maksimum beş saat olmaqla terapevtik və ya sosial müalicədə sərf edilən vaxtın iş saatları kimi qəbul olunması kimi müəyyən əlverişli tədbirlər daxil edilir. Bundan əlavə, məhbuslar öz əməyinə görə haqq alırlar, bununla belə, onun 75%-i xidmətə görə ödəniş qismində çıxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, belə ödənişlərin yığılması özlüyündə Konvensiyaya zidd deyil (bax Puzinas Litvaya qarşı iş (Puzinas v. Lithuania), № 63767/00, 13 dekabr 2005-ci il, məhbusun əmək haqqısından 25% ödəniş çıxılması ilə bağlı 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən şikayətə aiddir). Bu işdə faiz dərəcəsi daha yüksək göründüyü halda, həbsxanaların saxlanmasının ümumi xərclərini və məhbusun sağlamlıq və qəza sığortası daxil olmaqla, bütün yaşayış vasitələrinin Dövlət tərəfindən təmin olunduğunu nəzərə alsaq, bu, əsassız hesab oluna bilməz.
103. Məhkumların sosial təminatına gəldikdə, Məhkəmə xatırladır ki, mülahizə sərbəstliyinin əhatəsini müəyyən edərkən, əsas amil Razılığa gələn Dövlətlərin qanunları arasında ümumi əsasın mövcudluğu və ya yoxluğu ola bilər (bax Petroviç Avstriyaya qarşı iş (Petrovic v. Austria), 27 mart 1998-ci il, § 38, Toplu 1998‑II).
104. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, bu məsələ ilə bağlı Avropada razılıq yoxdur, bir inkişaf meyli mövcuddur: 1987-ci Avropa Penitensiar Qaydalarından fərqli olaraq 2006-cı il Avropa Penitensiar Qaydaları nəinki həbsxana əməyinin normallaşdırılması prinsipini təsbit edir, lakin həmçinin 26.17-ci Qaydada aydın şəkildə tövsiyə edir ki, “işləyən məhbuslar mümkün olduğu qədər milli sosial sığorta sistemlərinə daxil edilməlidirlər” (bax yuxarıda 56-cı bənd). Bununla belə, Məhkəmə qeyd edir ki, 26.17-ci Qaydada istifadə edilən sözlər ehtiyatlıdır (“mümkün olduğu qədər”) və milli sosial sığorta sistemlərinə daxil edilməsinə ümumi cəhətdən istinad edir. Bundan əlavə, Avropa Şurasının üzv Dövlətlərinin mütləq əksəriyyəti məhbusları müəyyən sosial sığorta ilə təmin etsə də, yalnız kiçik əksəriyyəti, onlardan Avstriya kimi bəziləri, məhbuslara yalnız könüllü ödənişlər ödəmək imkanı verməklə, onları yaşlılığa görə pensiya sisteminə daxil edir. Azlıq məhbusları ümumiyyətlə yaşlılığa görə pensiya sisteminə daxil etmir (bax yuxarıda 60-cı bənd).
105. Beləliklə, yalnız tədricən cəmiyyətlər məhbusları ümumilikdə onların sosial sığorta sistemlərinə və ayrıca onların yaşlılığa görə pensiya sistemlərinə daxil edilməsinə doğru hərəkət edirlər. Avstriya qanunvericiliyi o tendensiyanı əks etdirir ki, bütün məhbuslar səhiyyə xidməti və qəza halında yardımla təmin olunmalıdırlar. Bundan əlavə, İşsizlik Sığortası haqqında Qanuna, cəzaların icrası sisteminin geniş islahatının bir hissəsinin təşkil edən 1993-cü il dəyişikliyindən sonra, işləyən məhbuslar 1 yanvar 1994-cü ildən başlayaraq işsizlik sığortası sxeminə aid ediliblər. Hökumətin açıqlamasına görə, bu qərarın səbəbi o idi ki, qanunverici orqan işsizlik sığortasını azadlığa çıxdıqdan sonra məhbusların yenidən inteqrasiyasına kömək etmək üçün ən effektiv alət olduğunu hesab etdi, belə ki, işsizlik müavinətlərinin ödənilməsindən əlavə, o, bir sıra təlimlərə və iş axtarma vasitələrinə çatım imkanı verir. 1993-cü il islahatı zamanı, yaşlılığa görə pensiya sisteminə aidiyyat nəzərdə tutulmuşdur, lakin sosial sığorta institutlarının gərgin maliyyə vəziyyəti nəticəsində o, bugünədək həyata keçirilməyib.
106. Ərizəçinin vəziyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, o, həbsxanada uzun müddət işləyib (bax yuxarıda 10-cu bənd). Hazırkı işdə ölkədaxili hakimiyyət orqanlarının qərarlarından belə çıxır ki, onun sığortası olmayan dövləri 1960-cı və 1990-cı illər arasında olub. Məhkəmə o fakta əhəmiyyət verir ki, həmin vaxt işləyən məhbusların daxili sosial sığorta sistemlərinə aid edilməsi ilə bağlı ümumi əsas mövcud deyildi. Bu ümumi əsasın olmaması, bununla bağlı hər hansı müddəa nəzərdə tutmayan 1987-ci il Avropa Penitensiar Qaydalarında əks olunub.
107. Hökumət bildirdi ki, çox uzunmüddətli həbs cəzaları nadir hallarda olur və nəticə etibarilə, məhbusların əksəriyyəti həbsxana xaricində yerinə yetirdikləri işə görə sığorta aylarının kifayət sayını toplamaq mümkünlüyünə malikdirlər və buna görə də yaşlılığa görə pensiyadan məhrum olunmurlar. Məhkəmə bu arqumenti ətraflı şəkildə araşdırmağı zəruri hesab etmir. Məhkəmə daha çox o fakta əhəmiyyət verər ki, ərizəçinin yaşlılığa görə pensiya hüququ olmasa da, o, sosial təminatdan məhrum edilməyib. Həbsxanadan azadlığa çıxdıqdan sonra o, işsizlik müavinəti və daha sonra müstəsna hallara görə yardım ödənişi alıb; bu hüquqa o, işləyən məhbus kimi İşsizlik Sığortası haqqında Qanunla əhatə olunması hesabına malik olub. Şəxsi təqdimatlarına əsasən, ərizəçi hazırda hələ də müstəsna hallara görə yardım ödənişi və buna əlavə olaraq yaşayış müavinəti növündə sosial yardım alır. Onun hazırda aylıq gəliri 720 avro-ya bərabərdir və bununla da, hazırda bir şəxs üçün müəyyən olunan təxminən 780 avro olan minimum pensiya həddinə demək olar ki, çatır.
108. Bu işin faktları və sərəncamında olan bütün məlumatlar əsasında, Məhkəmə müəyyən edir ki, həbsxana əməyi sistemi və bununla əlaqəli sosial təminat ümumilikdə götürülməklə “açıq-aydın ağlabatan əsassız” deyil. Dəyişən standartlar kontekstində, Razılığa gələn Dövləti sığorta sxeminə, yəni azadlığa çıxdıqdan sonra məhbusların yenidən inteqrasiyası üçün münasib hesab etdiyi işsizlik sığortasına üstünlük verdiyinə görə qınamaq olmaz.
109. Cavabdeh Dövlətdən hazırkı işlə qaldırılan məsələni nəzərdə saxlamaq tələb olunsa da, Məhkəmə müəyyən edir ki, bugünədək işləyən məhbusları yaşa görə pensiya sisteminə aid etməməklə, o, bu məsələdə verilən mülahizə sərbəstliyini aşmayıb.
110. Buradan belə çıxır ki, Konvensiyanın 1 Saylı Protokolunun 1-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddə pozulmayıb.
II. KONVENSİYANIN 4-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
111. Ərizəçi iddia etdi ki, o, məhbus olaraq icra etdiyi işə görə yaşa görə pensiya sisteminə aid edilmədiyindən, belə iş 4-cü Maddənin 3-cü bəndinin (a) yarımbəndinin şərtləri altına düşən sayıla bilməz və buna görə də Konvensiyanın 4-cü Maddəsinin 2-ci bəndini pozub.
4-cü Maddədə, işə aid olan hissədə, aşağıdakılar deyilir:
“1. Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.
2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.
3. Bu maddənin məqsədləri üçün «məcburi və ya icbari əmək» termini aşağıdakıları ehtiva etmir:
(a) bu Konvensiyanın 5-ci Maddəsinin müddəalarına müvafiq olaraq həbsdə olan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş;
... ”
A. Tərəflərin təqdimatları
112. Ərizəçi bildirdi ki, onun yerinə yetirdiyi həbsxana əməyi aydın şəkildə Konvensiyanın 4-cü Maddəsinin 2-ci bəndinin mənası baxımından “məcburi və ya icbari əməyə” bərabərdir. O, BƏT-in 29 saylı Konvensiyasına istinad etdi; Konvensiyaya görə “məcburi və ya icbari əmək” “cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmətdir ki, həmin şəxs özü bu iş üçün müraciət etməyib”. Bununla əlaqədar, o, qeyd etdi ki, Avstriyada məhbuslar Cəzaların İcrası haqqında Qanunun 44-cü bölməsinə müvafiq olaraq işləməyə məcburdurlar və əgər məhbus işləməkdən imtina edərsə, bu, həmin Qanunun 107(1) və 109-cu bölmələrinə əsasən cəzalandırılan pozuntudur.
113. Məhbusun işləmək öhdəliyi 4-cü Maddənin 3-cü bəndinin (a) yarımbəndi ilə əsaslandırıla bildiyini qəbul edərək, ərizəçi bildirdi ki, bugünkü standartlara görə, yaşa görə pensiya sisteminə daxil edilməyən həbsxana əməyi həmin müddəanın mənası baxımından “həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu iş” hesab oluna bilməz. Nəticə etibarilə, onun yaşlılığa görə pensiya sisteminə aid edilmədən işləməli olduğu faktı Konvensiyanın 4-cü Maddəsini pozub.
114. Öz tərəfindən Hökumət bildirdi ki, həbsxana əməyi 4-cü Maddənin əhatə dairəsinə düşmür, belə ki, bu, 4-cü Maddənin 3-cü bəndinin (a) yarımbəndində təsbit edilən məcburi və ya icbari əməyin qadağan olunmasından istisna ilə əhatə olunur. Bu səbəbdən işləyən məhbusların yaşlılığa görə pensiya sisteminə aid edilməməsi, Konvensiyanın 4-cü Maddəsi altında hər hansı məsələ yaratmır.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
115. Məhkəmə xatırladır ki, 4-cü Maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Konvensiyanın və 1 və 4 Saylı Protokolların əsas bəndlərinin əksəriyyətindən fərqli olaraq, 4-cü Maddənin 1-ci bəndi istisnalar üçün hər hansı müddəa nəzərdə tutmur və ondan 15-ci Maddənin 2-ci bəndi altında hətta xalğın həyatını təhdid edən fövqəladə hallar zamanı geri çəkilməyə icazə verilmir (bax Siliadin Fransaya qarşı iş, (Siliadin v. France), № 73316/01, § 112, ECHR 2005‑VII, və Rantsev Kiprə və Rusiyaya qarşı iş (Rantsev v. Cyprus and Russia), № 25965/04, § 283, ECHR 2010‑... (çıxarışlar)).
116. Konvensiyanın 4-cü Maddəsinin 2-ci bəndi “məcburi və ya icbari əməyi” qadağan edir. 4-cü Maddəni şərh edərkən, Məhkəmə əvvəlki işlərdə müvafiq BƏT Konvensiyalarını nəzərə alıb; bunlar və xüsusilə də 1930-cu il Məcburi Əmək haqqında Konvensiya, Avstriya daxil olmaqla Avropa Şurasının demək olar ki, bütün üzv Dövlətləri üçün məcburidir (bax Van der Mussele Belçikaya qarşı iş (Van der Mussele v. Belgium), 23 noyabr 1983-cü il, § 32, Seriya A № 70, və yuxarıda istinad edilən Siliadinin işi (Siliadin), § 115).
117. Məhkəmə bu işlərdə qeyd etmişdir ki, Konvensiyanın 4-cü Maddəsinin 3-cü bəndi ilə BƏT-in 29 saylı Konvensiyasının 2-ci Maddəsinin 2-ci bəndi arasında təsadüfi olmayan, faktiki olaraq son dərəcə oxşarlıq mövcuddur. BƏT-in 29 saylı Konvensiyasının 2-ci Maddəsinin 1-ci bəndi nəzərdə tutur ki, bu Konvensiyanın “məqsədləri baxımından” “məcburi və ya icbari əmək” termini “cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan və həmin şəxsin özü bu iş üçün müraciət etmədiyi hər cür iş və xidmət” deməkdir (yuxarıda istinad edilən Siliadinin işi (Siliadin), § 116). Məhkəmə bu anlayışı Konvensiyanın 4-cü Maddəsinin şərhi üçün bir başlanğıc nöqtəsi kimi qiymətləndirdi, lakin qeyd etdi ki, Konvensiyanın xüsusi cəhətləri və ya bunun “hazırda demokratik cəmiyyətlərdə üstünlük təşkil edən anlayışların işığında” baxılması üçün canlı alət olduğu faktı nəzərdən qaçmamalıdır (bax yuxarıda istinad edilən Van der Muselle-nin işi (Van der Mussele), § 32).
118. 4-cü Maddənin 3-cü bəndinin (a) yarımbəndi göstərir ki, “məcburi və ya icbari” əmək termini “həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş”i ehtiva etmir.
119. Məhkəmə 4-cü Maddənin xüsusi strukturunu qeyd edib. 3-cü bənd 2-ci bəndlə təminat verilən hüquqların həyata keçirilməsini “məhdudlaşdırmaq” üçün deyil, həmin hüququn məzmununa “hədd qoymaq” üçün nəzərdə tutulub, çünki o, 2-ci bəndlə vəhdət təşkil edir və “məcburi və ya icbari əmək” termininə nəyin daxil olmadığını göstərir (“n’est pas consideré comme ‘travail forcé ou obligatoire’...”). Belə olduqda, 3-cü bənd 2-ci bəndin şərhinə yardımçı kimi çıxış edir. 3-cü bəndin dörd yarımbəndləri, onların müxtəlifliyinə baxmayaraq, ümumi maraq kəsb edən rəhbər ideyalara, sosial həmrəyliyə və işlərin adi gedişatı zamanı normala əsaslanır (bax yuxarıda istinad edilən Van der Muselle-nin işi (Van der Mussele), § 38; bax həmçinin Karlhaynz Şmidt Almaniyaya qarşı iş (Karlheinz Schmidt v. Germany), 18 iyul 1994-cü il, Seriya A № 291‑B, və Zarb Adami Maltaya qarşı iş (Zarb Adami v. Malta), № 17209/02, § 44, ECHR 2006‑VIII).
120. Məhkəmənin həbsxana əməyi ilə bağlı presedent hüququ dardır. İlkin qərarlarının birində Məhkəmə residivist məhbusun yerinə yetirməli olduğu işi, onun müəyyən məbləğdə əmanətin yığılması ilə şərtlənən azadlığa buraxılmasını nəzərdən keçirməli idi. Sözügedən işin məcburi olduğunu qəbul edərək, Məhkəmə o əsasla Konvensiyanın 4-cü Maddəsinin pozuntusunu müəyyən etmədi ki, 4-cü Maddənin 3-cü bəndinin (a) yarımbəndinin tələblərinə əməl edilib. Məhkəmənin fikrincə məhbusun yerinə yetirməli olduğu iş “bu kontekstdə “adətən” olduğundan kənara çıxmayıb, belə ki, bu, ona özünün cəmiyyətə yenidən inteqrasiyasına kömək etməyə hesablanıb və hüquqi əsası kimi Avropa Şurasının digər müəyyən üzv Dövlətlərində ekvivalenti olan müddəalara malik olub (bax Van Droogenbroek Belçikaya qarşı iş (Van Droogenbroeck v. Belgium), 24 iyun 1982-ci il, § 59, Seriya A № 50, De Vilde, Ooms və Versip Belçikaya qarşı işə (De Wilde, Ooms and Versyp v. Belgium) istinad etməklə, 18 iyun 1971-ci il, §§ 89-90, Seriya A № 12).
121. Məhbusların əməyinin ödənilməsi və sosial təminatına gəldikdə, Məhkəmə Avropa İnsan Hüquqları Komissiyasının İyirmi bir həbs olunmuş şəxs Almaniyaya qarşı (Twenty-one Detained Persons v. Germany) işi ilə bağlı 6 aprel 1968-ci il qərarına istinad edir (№ 3134/67, 3172/67, 3188-3206/67, Toplu 27, səh., 97-116); həmin işdə ərizəçilər 4-cü Maddəyə istinad edərək, şikayət etdilər ki, onlara həbs müddətində yerinə yetirməli olduqları işə görə uyğun əmək haqqı verilməyib və yerinə yetirilən işə münasibətdə həbsxana orqanları tərəfindən sosial sığorta sistemi altında hər hansı ödəniş edilməyib. Komissiya onların şikayətini açıq-aydın əsassız olduğuna görə qəbuledilməyən elan etdi. O qeyd etdi ki, 4-cü Maddədə məhbuslara işə görə əməyin ödənilməsi ilə bağlı hər hansı müddəa təsbit olunmayıb. Bundan əlavə, Məhkəmə, məhbusların yerinə yetirdikləri işə görə daha yüksək ödəniş tələb edən və ya sosial sığorta sistemləri ilə əhatə olunmaq hüququnu tələb edən istənilən şikayətlərini qəbuledilməyən olaraq rədd edən sabit presedent hüququna istinad etdi
122. Məhkəmə (yuxarıda istinad edilən) Puzinasın işində (Puzinas) oxşar şikayəti bir qədər fərqli baxımdan araşdırmalı olub. Ərizəçi Konvensiyanın 4 və 14-cü Maddələrinə və 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən şikayət etmişdir ki, daxili sosial sığorta qanunvericiliyi məhbuslara həbsxana əməyinə görə pensiya və ya hər hansı digər sosial yardımlar tələb etməyə icazə vermədiyindən adekvat olmayıb. Məhkəmə şikayəti ilk növbədə 1 Saylı Protokolun 1-ci Maddəsinə altında araşdıraraq qeyd etdi ki, ərizəçinin müvafiq daxili qanunvericiliyə əsasən hər hansı pensiya və ya sosial yardım hüququnun olmaması mübahisəsizdir. Ərizəçinin buna görə də 1 Saylı Protokolun 1-ci Maddəsinin mənası baxımından gələcək hüquqa və ya pensiya məbləği ilə bağlı hər hansı əmlaka malik olmadığını müəyyən edərək, Məhkəmə bu müddəaya, eləcə də istinad etdiyi digər müddəalara əsasən Konvensiyanın müddəaları ilə ratione materiae uyğun olmadığına görə şikayəti rədd etdi.
2. Hazırkı işə tətbiqetmə
123. Məhkəmə hazırkı işdə ərizəçinin Konvensiyanın 4-cü Maddəsinə zidd olaraq “məcburi və ya icbari əmək” icra etməli olduğunu araşdırmalıdır. Məhkəmə qeyd edir ki, ərizəçi Cəzaların İcrası haqqında Qanunun 44(1) bölməsinə müvafiq olaraq işləmək öhdəliyi daşıyırdı. Təyin edilən işi yerinə yetirməkdən imtina həmin Qanunun 107-ci bölməsinə müvafiq olaraq hüquq pozuntusu təşkil edirdi və 109-cu bölməyə əsasən töhmətdən təcrid olunmuş həbs cəzasına qədər cəzalarla cəzalandırılırdı.
124. BƏT-in 29 saylı Konvensiyasının 2-ci Maddəsinin 1-ci bəndində təsbit edilən anlayışı Konvensiyanın 4-cü Maddəsinin 2-ci bəndinin şərhi üçün bir başlanğıc nöqtəsi kimi götürərək (bax yuxarıda istinad edilən Van der Musselle-nin işi (Van der Mussele), §§ 32-34), Məhkəmə şübhə etmir ki, ərizəçi “cəza verməklə hədə-qorxu altında bu iş üçün özü müraciət etmədiyi” işi icra edib.
125. Tərəflər arasında mübahisə olduğu görünməsə də, onlar ərizəçinin işinin “Konvensiyanın 5-ci Maddəsinin müddəalarına müvafiq olaraq həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu hər hansı işi” “məcburi və ya icbari əmək” terminindən azad edən Konvensiyanın 4-cü Maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin şərtləri ilə əhatə olunub-olunmaması fikrində fərqlənirlər. Hökumət ərizəçinin məhbus kimi yerinə yetirdiyi işin 4-cü Maddənin təsir dairəsinə düşmədiyi barədə nəticəyə gələrək suala müsbət cavab verdi. Ərizəçi öz tərəfindən bildirdi ki, yaşlılığa görə pensiya sisteminə aid edilməyən həbsxana əməyi sözügedən müddəa ilə əhatə olunmur. Buna görə də, o, 4-cü Maddənin 2-ci bəndini pozmaqla “məcburi və ya icbari əmək” təşkil edir.
126. Məhkəmənin hələ ki, 4-cü Maddənin Razılığa gələn Dövlətlərdən işləyən məhbusların sosial sığorta sisteminə daxil olunmasını tələb edib-etməməsi məsələsini araşdırmaq imkanı olmayıb. O qeyd edir ki, Komissiyanın (yuxarıda istinad edilən) İyirmi bir həbs olunmuş şəxs Almaniyaya qarşı (Twenty-one Detained Persons v. Germany) işində suala mənfi cavab verən yuxarıda adı çəkilən qərarı 1968-ci ilə aiddir. Buna görə də, Məhkəmə qərarda qəbul edilən mövqenin ərizəçinin yaşa görə pensiya sisteminə aid edilmədən məhbus kimi yerinə yetirdiyi işə münasibətdə hələ də qüvvədə olduğunu qiymətləndirməlidir.
127. Konvensiyanın mətnində işləyən məhbusların milli sosial sığorta sisteminə aidiyyəti məsələsi ilə bağlı hər hansı göstəriş verilmir. Lakin nəyin “həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu iş” olduğunun müəyyən olunmasında, Məhkəmə üzv Dövlətlərdə mövcud olan standartları nəzərə alacaq (bax yuxarıda istinad edilən Van Droogenbroek-in işi (Van Droogenbroeck), § 59).
128. Ərizəçi mahiyyətcə Məhkəmənin o doktrinasına istinad edir ki, Konvensiya müasir şərtlər nəzərə alınaraq şərh olunmalı canlı alətdir (bax, məsələn, Tirer Birləşmiş Krallığa qarşı iş (Tyrer v. the United Kingdom), 25 aprel 1978-ci il, § 31, Seriya A № 26; Kristine Qudvin Birləşmiş Krallığa qarşı iş (Christine Goodwin v. the United Kingdom), Böyük Palatanın qərarı, № 28957/95, § 75, ECHR 2002‑VI; və yuxarıda istinad edilən Van der Muselle-nin işi (Van der Mussele), § 32). O, görünür iddia edirdi ki, Avropa standartları o dərəcədə dəyişib ki, həbsxana əməyi yaşa görə pensiya sisteminə aid edilmədən artıq “həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu iş” hesab oluna bilməz.
129. Məhkəmə qeyd edir ki, 1960-cı ildən başlayaraq uzun müddət həbsxanada işləyib. Həmin vaxt Komissiya özünün (yuxarıda istinad edilən) İyirmi bir həbs olunmuş şəxs Almaniyaya qarşı (Twenty-one Detained Persons v. Germany) işi ilə bağlı qərarında qət etdi ki, Konvensiyanın 4-cü Maddəsi işləyən məhbusların sosial sığorta sisteminə aid edilməsini tələb etmir. 1987-ci il Avropa Penitensiar Qaydalarında işləyən məhbusların sosial sığorta sisteminə aid edilməsi ilə bağlı heç nə deyilmir. Məhkəmə təsdiq edir ki, sonra cəza siyasəti sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər, əsas prinsiplərdən biri kimi həbsxana əməyinin normallaşdırılması prinsipini təsbit edən 2006-cı il Avropa Penitensiar Qaydalarında əks olunub. Bu kontekstdə, daha konkret olaraq, 2006-cı il Qaydalarının 26.17-ci Qaydası nəzərdə tutur ki, “işləyən məhbuslar mümkün olduğu qədər milli sosial sığorta sistemlərinə daxil edilməlidirlər”.
130. Bununla belə, üzv Dövlətlərin mövcud təcrübəsini nəzərə alaraq, Məhkəmə ərizəçinin müdafiə etdiyi 4-cü Maddənin şərhi üçün əsas tapmır. Məhkəmənin sərəncamında olan məlumata əsasən, Razılığa gələn Dövlətlərin mütləq əksəriyyəti məhbusları bir şəkildə milli sosial sığorta sisteminə aid etsə də və ya onları müəyyən xüsusi sığorta sxemi ilə təmin etsə də, yalnız kiçik əksəriyyəti məhbusları yaşa görə pensiya sisteminə daxil edir. Avstriya qanunvericiliyi Avropa hüququnun inkişafını onda əks etdirir ki, bütün məhbuslar səhiyyə xidməti və qəza halında yardımla təmin olunurlar və işləyən məhbuslar işsizlik sığortası sxeminə aid edilirlər, lakin onlar yaşlılığa görə pensiya siteminə aid edilmirlər.
131. Nəticədə görünür ki, işləyən məhbusların yaşlılığa görə pensiya sisteminə aid edilməsi məsələsi üzrə kifayət qədər razılıq yoxdur. 2006-cı il Qaydalarının 26.17-ci Qaydası inkişaf meylini əks etdirsə də, bu, Konvensiyanın 4-cü Maddəsinə əsasən öhdəliyə çevrilə bilməz. Bu səbəbdən, ərizəçinin yaşa görə pensiya sisteminə aid edilmədən məhbus kimi yerinə yetirdiyi iş 4-cü Maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənası baxımından “həbsdə olan şəxsin adətən yerinə yetirməli olduğu iş” hesab olunmalıdır.
132. Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin yerinə yetirdiyi iş Konvensiyanın 4-cü Maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin şərtləri ilə əhatə olunub, və buna görə də, Konvensiyanın 4-cü Maddəsinin 2-ci bəndinin mənası baxımından “məcburi və ya icbari əmək” təşkil edir.
133. Nəticə etibarilə, Konvensiyanın 4-cü Maddəsi pozulmayıb.
III. 4-CÜ MADDƏ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
134. Məhkəmə qeyd edir ki, ərizəçi əsasən 4-cü Maddəyə ayrılıqda əsaslanıb, lakin 4-cü Maddə ilə birgə götürülməklə 14-cü Maddə altında ayrıca arqumentlər təqdim etmədən, həmçinin 14-cü Maddəyə istinad edib.
135. Məhkəmə müəyyən edir ki, onun 4-cü Maddə altında araşdırması ərizəçinin şikayəti ilə qaldırılan məsələnin bütün aspektlərini əhatə edir. Bu səbəbdən Məhkəmə hesab edir ki, 4-cü Maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsi altında ərizəçinin şikayətinin araşdırılmasına ehtiyac yoxdur.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ
1. Yeddi səsə qarşı on səslə qərara alır ki, 1 Saylı Protokolun 1-ci Maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsi pozulmayıb;
2. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 4-cü Maddəsi pozulmayıb;
3. Yekdilliklə qərara alır ki, Konvensiyanın 4-cü Maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsi altında ərizəçinin şikayətinin araşdırılmasına ehtiyac yoxdur.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 7 iyul 2011-ci ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Vincent BergerJean-Paul Costa Hüquq məsləhətçisi Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
.
© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy