© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Sultani Fransaya qarşı (Sultani v. France), ərizə № 45223/05
20.09.2007-ci il tarixli qərar [III Bölmə]
3-cü maddə
Ölkədən çıxarılma
Əfqanıstana deportasiya olunma təhlükəsi: Məhkəmə qərara aldı ki, deportasiya 3-cü maddənin pozuntusunu təşkil etməyəcək
35-ci maddə
35-ci maddənin 1-ci bəndi
Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
Səmərəli daxili hüquqi müdafiə vasitəsi
Şəxsin 3-cü maddə ilə qadağan olunan rəftara məruz qalması təhlükəsinin mövcud olduğu ölkəyə deportasiya olunmasına aid qərarla bağlı mövcud olan hüquqi müdafiə vasitəsinin həmin qərarın icrasını dayandıran qüvvəyə malik olmaması: Hökumətin ilkin etirazı rədd edildi
4 saylı Protokolun 4-cü maddəsi
Əcnəbilərin ölkədən kollektiv çıxarılmasının qadağan olunması
Qanunsuz miqrantların deportasiyası üçün istifadə edilən təyyarə ilə ölkədən kollektiv deportasiya olunma təhlükəsi: Məhkəmə qərara aldı ki, deportasiya 4 saylı Protokolun 4-cü maddəsinin pozuntusunu təşkil etməyəcək
Faktlar – Əfqanıstan vətəndaşı olan ərizəçi tacik etnik qrupuna mənsubdur. Onun atası kommunist partiyasının təmsilçisi idi, kommunist rejimi devrildikdən sonra taciklərin bu rejimin fəaliyyətlərində iştirakına xəyanət kimi baxmağa başladılar. Ərizəçinin ailəsi silahlı dəstələrin keçmiş başçısı tərəfindən təqiblərə məruz qaldı, sonradan həmin şəxs yerli səviyyədə siyasi həyatda mühüm rola malik oldu və ərizəçinin ailəsinin əmlakını mənimsədi. Ərizəçinin ailəsinin evinə qumbara atdılar, nəticədə ərizəçi başından və budundan yaralandı. Ərizəçi və ailəsi Pakistana qaçdılar. Ərizəçinin iddia etdiyinə görə, o, 2002-ci ilin sonunda Fransaya gəlmişdi. O, 2003-cü ilin martında ona siyasi sığınacaq verilməsi üçün ərizə ilə müraciət etdi. Qaçqınların və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi üzrə Fransa Agentliyi (OFPRA) ərizəni rədd etdi, Qaçqınların şikayətləri üzrə Komissiya isə bu qərarı qüvvədə saxladı. 2004-cü ilin iyulunda ərizəçiyə Fransa ərazisini tərk etməsi barədə göstəriş verildi. Onun ailəsi Pakistandan bir vaxtlar yaşadığı kəndə qaytarıldı, lakin ərizəçinin sözlərinə görə, yenidən oradan qaçmağa məcbur oldu.
14 dekabr 2005-ci ildə ərizəçi digər Əfqanıstan vətəndaşları ilə birlikdə Parisdə həbs edildi. O, iddia etdi ki, Fransa polisi insanları milliyyətinə görə ölkədən çıxarmaq məqsədi ilə məqsədyönlü şəkildə təqib edirdi. Elə həmin gün ərizəçinin Əfqanıstana göndərilməsi barədə və eyni zamanda inzibati həbsə alınması haqqında qərarlar qəbul edildi. O, bu qərarların ləğvi üçün Paris inzibati məhkəməsinə ərizə ilə müraciət etdi, amma 17 dekabr 2005-ci ildə ərizəsi rədd edildi. Ərizəçi bu qərardan şikayət etdi. Dekabrın 16-da dövlət orqanları qərara qəbul edərək onun ölkədə qalmasına icazə verməkdən imtina etdilər. Dekabrın 19-da ərizəçi Avropa Məhkəməsinə ərizə verərək xahiş etdi ki, Məhkəmə Reqlamentinin 39-cu qaydasında nəzərdə tutulmuş ilkin tədbiri tətbiq etsin. Ertəsi gün Məhkəmənin müvafiq Palatasının sədri 39-cu qaydaya uyğun olaraq Fransa Hökumətinə bildirdi ki, hələlik ərizəçini Əfqanıstana deportasiya etməmək məqsədəuyğun olar. Əfqanıstana təyyarə ilə qrup halında deportasiya dekabrın 20-də həyata keçirildi, amma deportasiya olunanların arasında ərizəçi yox idi. O, azad edildi. 5 yanvar 2006-cı ildə Məhkəmə növbəti bildirişə qədər ilkin tədbirin qüvvəsini uzatdı. Ertəsi gün Fransanın dövlət orqanları ölkədən çıxarma tədbirinin icrası ilə bağlı ərizəçinin inzibati statusunun araşdırılması məqsədi ilə ərizəçini müsahibəyə çağırdılar və dindirdilər. Ərizəçi sığınacaq almaq üçün ikinci ərizəni verdi, bu ərizə sürətləndirilmiş prosedur çərçivəsində baxılaraq rədd edildi. Ərizəçi bu qərardan Qaçqınların şikayətləri üzrə Komissiyaya şikayət etdi. Şikayətə baxıldıqdan sonra inzibati məhkəmənin qərarı qüvvədə saxlanıldı.
Hüquqi məsələlər – Maddə 3: Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi məsələsi: Nə ərizəçinin ölkədən çıxarılması barədə qərarları qüvvədə saxlamış inzibati məhkəmənin qərarından verilən şikayət, nə də Qaçqınların şikayətləri üzrə Komissiyaya verilən şikayət dayandırıcı (qərarların icrasını dayandıran) qüvvəyə malik deyildi. Ərizəçi ölkədən çıxarılması nəticəsində 3-cü maddəyə zidd olan rəftara məruz qalacağını iddia edirsə və bu zaman ölkədən çıxarılma barədə qərardan onun verdiyi şikayət dayandırıcı qüvvəyə malik deyilsə, bu hüquqi müdafiə vasitəsi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada "səmərəli" vasitə deyil. Buna görə də daxili hüquqi müdafiə vasitələrinin tükəndirilmədiyi barədə Hökumətin ilkin etirazı rədd edildi.
Ərizəçinin Əfqanıstana göndəriləcəyi təqdirdə qəddar rəftar təhlükəsinə məruz qalacağına gəlincə, ərizəçi yalnız ölkədə ümumi zorakılıq mühitinin mövcud olduğunu göstərib, amma konkret olaraq şəxsən özünün repressiya təhlükəsi ilə üzləşəcəyini sübuta yetirməyib.
Nəticə: Məhkəmə qərara aldı ki, deportasiya qərarı icra olunacağı təqdirdə 3-cü maddənin pozuntusu baş verməyəcək (yekdilliklə).
4 saylı Protokolun 4-cü maddəsi: Ərizəçinin 20 dekabr 2005-ci ildə kollektiv şəkildə ölkədən çıxarılanlar arasında olmaması Məhkəmə Reqlamentinin 39-cu qaydası əsasında Avropa Məhkəməsinin ilkin tədbir təyin etməsi ilə əlaqədar idi. Buna görə də, 4 saylı Protokolun 4-cü maddəsi üzrə şikayətin öz mahiyyətini itirdiyi barədə Hökumətin iddiası yanlışdır.
Ərizəçi sığınacaq almaq üçün Fransanın dövlət orqanlarına iki ərizə vermiş və bu ərizələrdə nəyə görə Əfqanıstana göndərilməsinin yolverilməz olduğu barədə arqumentlərini göstərmişdi. Dövlət orqanları Əfqanıstandakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyəti haqqında və bu ölkəyə göndəriləcəyi təqdirdə təhlükəyə məruz qalacağı barədə iddialarını nəzərə almışdılar. Beləliklə, ərizəçinin işinin fərdi halları araşdırılmış və onun deportasiyası barədə qərar bu araşdırma əsasında kifayət qədər əsaslandırılmışdı.
Nəticə: Məhkəmə qərara aldı ki, deportasiya qərarı icra olunacağı təqdirdə 4 saylı Protokolun 4-cü maddəsinin pozuntusu baş verməyəcək (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy