Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 192
Yanvar 2016-cı il
***
Şüvegeş (Süveges) Macarıstana qarşı – ərizə № 50255/12
5.1.2016 tarixli qərar [IV Bölmə]
Maddə 9
9-cu maddənin 1-ci bəndi
Dini etiqadın və ya əqidənin ifadə edilməsi
Ev dustaqlığında olan ərizəçinin ibadətdə iştirak etmək üçün evi tərk etməsinə icazə verməkdən imtina edilməsi: pozuntu baş verməyib
Faktlar – Öncə məhkəmə araşdırmasına qədər həbsdə saxlanılmış ərizəçinin sonradan ev dustaqlığında saxlanması qərara alınmışdı. Avropa Məhkəməsindəki icraatda o, digər məsələlərlə yanaşı, iddia etdi ki, ev dustaqlığından irəli gələn məhdudiyyətlər onun bazar günü ibadətində iştirak etməsinə imkan verməyib və beləliklə onun Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulmuş öz dininə etiqad etmək azadlığı pozulub.
Hüquqi məsələlər – Maddə 9: Ev dustaqlığında olan ərizəçinin ibadətdə iştirak etmək üçün evi tərk etməsinə icazə verməməklə dövlət orqanları onun 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə etmişdilər. Bu tədbir qanunla nəzərdə tutulmuşdu və cinayət işinin icraatı dövründə onun məhkəməyə gəlməsini təmin etmək məqsədini daşıyırdı. Beləliklə, tədbir qanuni məqsəd daşıyırdı, yəni ictimai asayişin qorunmasına yönəlmişdi. İbadət də daxil olmaqla dini mərasimlərdə iştirakın məhdudlaşdırılması azadlıqdan məhrumetmədən daha yüngül olan məcburiyyət tədbirinin ərizəçiyə tətbiqinin birbaşa nəticəsi idi. O, ev dustaqlığına buraxılmayaraq məhkəməyəqədər həbsdə qalsaydı, yəqin ki, saxlanma yerində dini ayin xidmətlərindən yararlana bilərdi.
Ərizəçi ev dustaqlığında saxlandığı yeri hər bazar günü uzun müddətə tərk etməsinə icazə verilməsi barədə vəsatəti ümumi sözlərlə ifadə etmiş, nə getmək niyyətində olduğu yeri, nə də kilsəni göstərmişdi. Belə görünür ki, məhz bu mülahizə ölkədaxili məhkəmələrin belə qənaətinə gəlməsinə səbəb olmuşdu ki, ərizəçinin vəsatəti ev dustaqlığının məqsədlərinə ziddir. Məhkəmə əmindir ki, ərizəçinin ibadət hüquqlarına edilmiş müdaxilə onun 9-cu maddədə nəzərdə tutulmuş hüquqlarının mahiyyətinə xələl gətirə bilən müdaxilə deyildi. Bu sahədə cavabdeh dövlətə verilən qiymətləndirmə sərbəstliyini nəzərə alsaq, ərizəçinin dini fəaliyyətinin məhdudlaşdırılması onu ev dustaqlığında saxlanmasının daşıdığı qanuni məqsədə uyğun idi.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı altı səslə).
Məhkəmə ərizəçinin məhkəməyəqədər həbsdə saxlanmasının həddən artıq uzun sürməsi ilə əlaqədar olaraq yekdilliklə 5-ci maddənin 3-cü bəndinin pozulduğunu və cinayət prosesinin həddən artıq uzun sürməsi ilə əlaqədar olaraq yekdilliklə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi. O həmçinin yekdilliklə müəyyən etdi ki, ərizəçinin prosessual hüquqlarının iddia edilən pozuntuları ilə əlaqədar olaraq 5-ci maddənin 4-cü bəndi pozulmayıb, habelə bir səsə qarşı altı səslə müəyyən etdi ki, ərizəçinin ailə üzvlərinə baş çəkməsinin sayının məhdudlaşdırılması məsələsində 8-ci maddə pozulmayıb.
Maddə 41: Mənəvi ziyana görə 2.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy