Şafranski (Szafrański) Polşaya qarşı – ərizə № 17249/12
15.12.2015 tarixli qərar [IV Bölmə]
Maddə 8
Pozitiv öhdəliklər
Sanitariya qurğularının həbsxana kamerasının qalan hissəsindən yetərincə təcrid olunmaması: pozuntu baş verib
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Sanitariya qurğularının həbsxana kamerasının qalan hissəsindən yetərincə təcrid olunmaması: pozuntu baş verməyib
Faktlar – Avropa Məhkəməsinə ərizəsində ərizəçi şikayət etdi ki, saxlanıldığı Vronki həbsxanasında saxlanma şəraiti qeyri-adekvat olub. Konkret olaraq, o şikayət etdi ki, onun saxlanıldığı on kameradan yeddisində sanitariya qurğuları kameranın qalan hissəsindən yalnız 1,20 metr hündürlüyündə fibrolit (inşaat kartonu) ilə ayrılmışdı, qapısı isə yox idi.
Hüquqi məsələlər:
Maddə 3 (maddi-hüquqi aspekt): Sanitariya qurğularının həbsxana kamerasının qalan hissəsindən yetərincə təcrid olunmaması məsələsinin qaldırıldığı əvvəlki işlərdə Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu yalnız digər ağırlaşdırıcı hallar mövcud olduqda müəyyən etmiş və onların təsirini məcmu halında nəzərə almışdı. Lakin hazırkı işdə ərizəçinin qatlaşmalı olduğu yeganə çətinlik sanitariya qurğularının kameranın qalan hissəsindən yetərincə təcrid olunmaması idi. Bu çatışmazlığı nəzərə almasaq, kameralar yetərincə işıqlandırılır, isidilir və ventilyasiya olunurdu və o, kameradan kənarda müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq imkanına malik idi. Beləliklə, bütövlükdə onun həbsdə saxlanma şəraiti həbsdə saxlanma üçün səciyyəvi olan qaçılmaz iztirab və çətinlik dərəcəsini aşan və ya 3-cü maddədə nəzərdə tutulmuş qəddarlıq səviyyəsinə çatan şərait sayıla bilməzdi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 8: Məhkəmənin presedent hüququna əsasən milli hakimiyyət orqanları həbsxana kamerasının qalan hissəsindən ən azı minimal tənhalıq imkanını təmin edən dərəcədə təcrid olunmuş sanitariya qurğularından istifadəni təmin etməkdən ibarət pozitiv öhdəlik daşıyırdılar. İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzvə Avropa Komitəsinin (CPT) bildirdiyinə görə, birdən artıq məhbusun olduğu kamerada sanitariya qurğularının yalnız qismən təcrid olunması qəbuledilməzdir. Bundan əlavə, CPT kamera daxilində quraşdırılan bütün sanitariya qurğularının tam təcrid olunmasını tövsiyə edib. Buna baxmayaraq, ərizəçi sanitariya qurğularının tam təcrid olunmadığı kameralarda yerləşdirilmişdi və tualetdən digər məhbusların yanında istifadə etmək məcburiyyətində idi. Beləliklə, milli hakimiyyət orqanları ərizəçinin təbii ehtiyacları ilə bağlı tənha qalmaq imkanını ən azı minimum səviyyədə təmin etməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirməmişdilər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 1.800 avro təyin edildi.
(Həmçinin "Həbsdə saxlanma şəraiti və məhbuslarla rəftar" mövzusunda tematik informasiya vərəqəsinə bax).
Full & Egal Universal Law Academy