***
Taddeuççu (Taddeucci) və Makkoll (McCall) İtaliyaya qarşı – ərizə № 51362/09
30.6.2016 tarixli qərar [I Bölmə]
Maddə 14
Ayrı-seçkilik
Xarici homoseksual tərəf-müqabil üçün ailə səbəblərinə görə ölkədə yaşayış icazəsi verməkdən imtina edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçilər 1999-cu ildən bəri homoseksual cütlük kimi birgə yaşayırdılar. 2003-cü ilin dekabrınadək onlar nikaha girməyən cütlük kimi Yeni Zelandiyada yaşadılar, sonra isə İtaliyada məskunlaşmağı qərara aldılar.
Yeni Zelandiya vətəndaşı olan, İtaliyaya birinci ərizəçidən əvvəl gələn ikinci ərizəçi ölkədə tələbə qismində müvəqqəti yaşayış icazəsinə malik idi. Sonradan o, ailə səbəblərinə görə hər ikisinin ölkədə yaşayış icazəsi üçün müraciət etdi, amma müraciəti rədd edilərək belə əsas gətirildi ki, onların durumu qanunda müəyyən edilmiş meyarlara cavab vermir. Cinsi tərəf-müqabil "ailə üzvü" hesab edilə bilməz, yalnız ər (arvad) ailə üzvü sayıla bilər. Onların bu qərardan verdikləri şikayətlər uğursuzluqla nəticələndi.
Ərizəçilər 2009-cu ilin iyulunda İtaliyanı tərk etdilər və Niderlandda məskunlaşdılar, 2010-cu ilin mayında orada nikaha girdilər.
Hüquqi məsələlər – 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddə: İtaliya qanunvericiliyində nikahda olmayan cütlüklərə münasibətdə seksual oriyentasiyaları səbəbindən onlarla fərqli rəftar edilməsi nəzərdə tutulmamışdı, amma "ailə üzvü" anlayışı heteroseksual cütlüklərlə məhdudlaşırdı, belə ki, yalnız sonuncular nikaha girə və "ər (arvad)" statusu əldə edə bilərdilər. Homoseksual cütlük təşkil edən ərizəçilərin ailə səbəblərinə görə yaşayış icazəsi üçün müraciətinə baxılarkən onlarla tamamilə fərqli durumda olan, yəni nikaha girməməyi qərara alan heteroseksual cütlüklərlə davranıldığı kimi rəftar edilirdi.
Lakin nikahda olmayan heteroseksual cütlüklərlə homoseksual cütlüklərə təkcə ənənəvi ailəni qorumaq məqsədi ilə eyni məhdudlaşdırıcı qaydanın tətbiq edilməsi ərizəçiləri ayrı-seçkilik xarakteri daşıyan rəftara məruz qoymuşdu. İtaliya dövləti hər hansı obyektiv və ya ağlabatan əsas gətirmədən heteroseksual cütlüklərlə müqayisədə ərizəçilər kimi homoseksual cütlüklərlə fərqli rəftar etməmiş və nəzərə almamışdı ki, sonunculardan fərqli olaraq birincilər ailə səbəblərinə görə ölkədə yaşayış icazəsi almaq məqsədləri üçün durumlarının daxili qanunvericiliyin tələblərinə cavab verməsindən ötrü münasibətlərini qanunla rəsmiləşdirə bilərlər.
Məhz homoseksual cütlüklərin münasibətlərinin hər hansı formada qanunla tanınması imkanına malik olmamaları ərizəçiləri nikaha girməyən heteroseksual cütlüklərin durumundan fərqlənən duruma salmışdı. Hətta fərz etsək ki, araşdırılan dövrdə Konvensiyaya əsasən Hökumət eyni cinsdən olan şəxslərin sabit və ciddi cütlük münasibətlərinin olduğu hallarda həmin şəxsləri zəruri statusa və müəyyən zəruri hüquqlara malik olmalarına imkan yaradan mülki ittifaq kimi və ya qeydiyyata alınmış cütlük kimi qeydə almağa borclu deyildi, bunu təkzib etmək olmazdı ki, heteroseksual münasibətdə olan şəxsdən fərqli olaraq ikinci ərizəçinin birinci ərizəçiyə münasibətdə İtaliyada "ailə üzvü" statusu əldə etməsi üçün heç bir qanuni vasitə yox idi və buna görə də o, ailə səbəblərinə görə ölkədə yaşayış icazəsi almaq hüququna malik deyildi.
Bundan başqa, eyni cinsdən olan tərəf-müqabilləri "ailə üzvləri" hesab etmək və onların birgə yaşamaq hüququnu tanımaq istiqamətində bütün dünyada "əhəmiyyətli tendensiya" mövcuddur, həmçinin Avropada da bu məsələdə konsensus formalaşmaqdadır ki, immiqrasiya məsələləri nəzərdən keçirilərkən eyni cinsdən olan şəxslərin ittifaqına "ailə həyatı" kimi baxılmalıdır.
Bu işdə araşdırılan dövrdə ailə səbəblərinə görə ölkədə yaşayış icazəsi verilməsinin məqsədləri üçün homoseksual cütlüklərə qarşı nikaha girməyən heteroseksual cütlüklərlə eyni qaydada rəftar etməyi qərara almaqla dövlət ərizəçilərin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində cinsi oriyentasiya əlamətlərinə görə ayrı-seçkiliyə məruz qalmamaq hüququnu pozmuşdu.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41: Mənəvi ziyana görə hər iki ərizəçiyə birlikdə 20.000 avro təyin edildi.
(Həmçinin bax: Tlimmenos Yunanıstana qarşı [BP], ərizə № 34369/97, 6 aprel 2000-ci il, 17 saylı Məlumat bülleteni; Şalk və Kopf Avstriyaya qarşı, ərizə № 30141/04, 24 iyun 2010-cu il, 131 saylı Məlumat bülleteni; X və başqaları Avstriyaya qarşı [BP], ərizə № 19010/07, 10 fevral 2013-cü il, 160 saylı Məlumat bülleteni; və Seksual oriyentasiya mövzusunda tematik material)
Full & Egal Universal Law Academy