İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
TAHİROVA AZƏRBAYCANA QARŞI
(47137/07 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
3 oktyabr 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Tahirova Azərbaycana qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə)
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Kseniya Turkoviç,
Dmitri Dedov,
və Bölmə katibi Soren Nilsendən ibarət tərkibdə
2013-cü ilin 10 sentyabr tarixində qapalı müşavirə keçirərək
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Sürəyya Musa qızı Tahirovanın (ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2007-ci il 28 mart tarixində təqdim etdiyi şikayət (47137/07 nömrəli) ilə başlanmışdır.
2. Hüquqi yardım almış ərizəçi Sumqayıt şəhərində fəaliyyət göstərən hüquqşünas cənab A.Mustafayev, Azərbaycan Hökuməti (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. Ərizəçi xüsusilə nümayişin dağıdılması zamanı polis tərəfindən döyüldüyünü və ölkənin dövlət orqanlarının hadisəni səmərəli şəkildə araşdırmadığını iddia etmişdir. O, həmçinin iddia etmişdir ki, polisin nümayişə müdaxiləsi ilə onun dinc toplaşmaq azadlığı pozulmuşdur.
4. 2010-cu il noyabrın 10-da ərizə Hökumətə göndərilmişdir. Həmçinin ərizənin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət edilmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1953-cü ildə anadan olmuşdur və Sumqayıt şəhərində yaşayır.
6. O, ikinci dərəcəli əlildir və əlilliyə görə pensiya alır.
A. 2005-ci il 26 noyabr tarixində baş vermiş hadisələr
7. 2005-ci il 6 noyabr tarixində Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
8. Seçkilərin nəticələri elan olunduqdan sonra müxalifətin seçki koalisiyası olan “Azadlıq” bloku 2005-ci il 6 noyabr tarixində keçirilmiş parlament seçkiləri zamanı iddia edilən qanun pozuntularına qarşı etiraz etmək üçün nümayişlər keçirmək qərarına gəlmişdir.
9. 2005-ci il 26 noyabr tarixində “Azadlıq” bloku iddia edilən seçki pozuntularına qarşı etiraz etmək üçün saat 15:00-dan 17:00-a qədər Bakının Qələbə meydanında nümayiş keçirmişdir. Saat 17:00-dan qısa müddət sonra polis nümayiş icazə verilmiş vaxtdan artıq davam etdiyinə görə nümayişçiləri zorla dağıtmaq üçün əməliyyata başlamışdır. Dağıtma əməliyyatı dəbilqə, qalxan və dəyənəklər ilə tam təchiz olunmuş Çevik Polis Alayı tərəfindən həyata keçirilmişdir.
10. Ərizəçi və onun ailəsi bu nümayişdə iştirak etmişdir. Ərizəçi təxminən saat 16:45-də yavaş-yavaş meydanın qurtaracağına doğru hərəkət edərək evə getmək üçün həyat yoldaşını gözlədiyini bildirmişdir. Qəfildən o, nümayişçilərin xaotik şəkildə meydandan qaçdığını görmüşdür. Həmin anda arxa tərəfdən onun başına və kürəyinə bir neçə dəfə zərbə endirilmişdir. Ərizəçi arxaya dönəndə sinə və qarın nahiyəsinə ayaqla zərbə endirilmişdir. O, ayaq zərbələri endirənlərin xüsusi geyimli, qalxan və dəyənəklə təchiz edilmiş polis əməkdaşları olduqlarını görə bilmişdir. Ərizəçi huşunu itirərək yerə yıxılmışdır.
11. Bir neçə xəbər agentlikləri ərizəçinin polis əməkdaşlarının ətrafında huşsuz şəkildə yerdə uzanmış vəziyyətdə şəkillərini çəkə bilmişdir. Bu şəkillərdən bəziləri müxtəlif qəzetlərdə və digər xəbər nəşrlərində dərc olunmuşdur.
12. Ərizəçi qeyri-müəyyən vaxt ərzində eyni yerdə uzanan vəziyyətdə qalmışdır. O, bir neçə dəfə özünə gəlmiş və yenidən huşunu itirmişdir. Ərizəçinin sözlərinə görə, huşu özündə olarkən ona bir neçə mülki geyimli şəxsin kömək etmək istədiyini, lakin bu səylərin Çevik Polis Alayının əməkdaşları və onların itləri tərəfindən qarşısının alındığını görmüşdür. Uzun müddət Çevik Polis Alayının əməkdaşları meydanda olan təcili tibbi yardım əməkdaşlarının ərizəçiyə yardım göstərməsinə imkan verməmiş və nəhayət, bir neçə mülki geyimli şəxsin inadından sonra onun xəstəxanaya aparılmasına icazə verilmişdir.
13. Ərizəçi saat 18:30-da xəstəxanaya qəbul olunmuşdur. Onun barəsindəki tibb kitabçasında aşağıdakılar qeyd olunmuşdur:
“Tahirova Sürəyya Musa qızı 1953-cü ildə anadan olmuşdur və Sumqayıt şəhərində yaşayır, işləmir, 2005-ci il noyabrın 26-da saat 18:30-18:35 radələrində xəstəxanaya qəbul olunmuş və 2005-ci il noyabrın 27-də buranı tərk etmişdir.
Əsas və digər xəstəliklərin tam diaqnozu: qarın nahiyəsinin küt zədəsi və diabet.
Xəstə xəstəxanaya sol qabırğa aşağısı ağrılar və ümumi zəiflik simptomu ilə daxil olmuşdur. Xəstənin sözlərinə görə o, 2005-ci il noyabrın 26-da saat 17:00 radələrində Qələbə meydanında polis əməkdaşları tərəfindən döyülmüşdür. O, təcili tibbi yardım maşını ilə hadisə yerindən xəstəxanaya gətirilmiş, xəstəxanada müayinə edilmişdir. Müayinə zamanı qarın nahiyəsinə toxunduqda onun bərk olmadığı və nəfəs alma prosesinə cəlb olunduğu müəyyən edilmişdir. Sol qabırğaların aşağısında bir qədər sərt ağrı vardır. Ultrasəs müayinəsi nəticəsində qarın nahiyəsində sərbəst maye və ya travmatik dəyişikliklər müşayiət olunmamışdır. Rentgen müayinəsi zamanı döş qəfəsinin qabırğa karkasının sol hissəsində aydın sınıq izləri müşayiət olunmamışdır. Xəstə müayinənin davam etdirilməsi və dinamik müşahidənin aparılması üçün Reanimasiya və İntensiv Terapiya Şöbəsinə keçirilmişdir. 2005-ci il noyabrın 27-də xəstə özünün və qohumlarının xahişi ilə xəstəxananı tərk etmişdir (stabil vəziyyətdə)”.
14. Xəstə gecəni xəstəxanada keçirmiş və ambulator müalicə almışdır. Onun vəziyyəti sabitləşmiş və səhəri gün o, xəstəxanadan buraxılmışdır.
B. İşə ölkə məhkəmələri tərəfindən baxılması
15. Tarixi göstərilməyən bir vaxtda ərizəçi Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldıraraq pis rəftara məruz qaldığı və dinc toplaşmaq azadlığının pozulduğu üçün vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsini tələb etmişdir. O, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşlarının özünə qarşı qanunsuz, əsassız və həddən artıq güc tətbiq etdiklərini və güc tətbiq edilməsi nəticəsində xəsarət almış şəxslərə təcili tibbi yardımın göstərilməsi vəzifələrini icra etmədiklərini bildirmişdir. Tələblərini əsaslandırmaq üçün o, müvafiq tibbi arayışları və hadisənin şəkillərini təqdim etmişdir.
16. Məhkəmə prosesində Daxili İşlər Nazirliyinin nümayəndəsi ərizəçinin iddialarını rədd etmişdir. O, aşağıdakıları qeyd etmişdir:
“İlk növbədə, nümayişin müddəti əvvəlcədən müəyyən edilmişdi. Tədbir saat 15:00-da başlayıb 17:00-da bitməli idi. Lakin nümayişçilər nümayişin vaxtının bitməsini nəzərə almadan qanunsuz olaraq tədbiri davam etdirmək məqsədilə orada qalmaqda davam etmişlər. Qeyd olunmalıdır ki, Daxili Qoşunların əsgərləri burada deyildilər. Meydanda yalnız polis əməkdaşları və Çevik Polis Alayının əməkdaşları var idi. Onlar nümayiş bitdikdən sonra səs ucaldıcılarla nümayişçilərdən meydanı tərk etmələrini xahiş etmişdirlər. Polis əməkdaşları qanunvericiliyin tələblərini pozmamışdırlar. Əksinə, bir sıra nümayişçilər qanunsuz olaraq nümayişin əvvəlcədən müəyyən edilmiş müddəti bitdikdən sonra meydanı tərk etməmişdirlər”.
17. Ərizəçinin polisin konkret olaraq onunla pis rəftar etməsi ilə bağlı şikayətinə Daxili İşlər Nazirliyinin nümayəndəsi münasibət bildirməmişdir.
18. 2006-cı il martın 31-də Səbail Rayon Məhkəməsi ərizəçinin tələbini rədd edərək bildirmişdir ki, o, öz iddialarını, xüsusilə polis tərəfindən döyüldüyünü və ya onun hərəkətləri nəticəsində başqa fiziki və ya psixoloji xəsarət aldığını sübut edə bilməmişdir. Bununla bağlı məhkəmə əlavə izahat vermədən bildirmişdir ki, məhkəməyə təqdim edilmiş tibbi arayış və şəkillər ərizəçinin iddialarının sübutu kimi çıxış etmir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, nümayişin zorla dağıdılması qanuni idi, belə ki, nümayişçilər Qələbə meydanında dövlət orqanlarının icazə verdiyi vaxtdan, yəni 17:00-dan artıq qalmışdırlar. Qətnamənin müvafiq hissəsində deyilir:
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 7-ci maddəsi iğtişaşların və ya cinayətin qarşısının alınması, ictimai maraqların və dövlət təhlükəsizliyinin qorunması, həmçinin demokratik cəmiyyətdə zəruri olan maraqların müdafiəsi məqsədilə dinc toplaşmaq azadlığına məhdudiyyətlərin qoyulması mümkünlüyünü nəzərdə tutur.
Həmin qanunun 14-cü maddəsinə görə polis əməkdaşlarının toplantının dayandırılması və iştirakçıların dağılması barədə əmrinə tabe olunmayacağı təqdirdə, güc tətbiq ediləcəyi barədə təşkilatçılara və iştirakçılara xəbərdarlıq etmək və toplantının dayandırılması və iştirakçıların dağıdılması üçün güc tətbiq etmək hüququ var...
Məhkəmə iclasında ərizəçi 2005-ci il noyabrın 26-da polisin nümayişi saat 17:00-dan öncə dağıtdığını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, polis əməkdaşlarının saat 17:00-a qədər nümayişə müdaxilə etmədiyi və yalnız müəyyən edilmiş vaxt başa çatdıqdan və bir neçə xəbərdarlıqdan sonra nümayişçilər dağıdılmışdırlar...
Bundan əlavə, ərizəçi məhkəməyə polis tərəfindən döyülməsi nəticəsində xəsarət aldığını və nəticədə huşunu itirərək yerə yıxıldığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Tibbi arayış və şəkillər iddianın əsaslı olduğunu sübut etmir”.
19. 2006-cı il iyunun 5-də ərizəçi qərardan şikayət verərək tələblərini təkrar etmişdir. O, xüsusilə qeyd etmişdir ki, məhkəmə polis tərəfindən ona münasibətdə pis rəftara yol verildiyini təsdiq edən müvafiq tibbi sənədləri və şəkilləri hərtərəfli araşdırmamışdır.
20. 2006-cı il avqustun 11-də Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Apellyasiya Məhkəməsinin qətnaməsi demək olar ki, sözbəsöz birinci instansiya məhkəməsinin qətnaməsi ilə eynilik təşkil edir və ərizəçinin şikayətini rədd etmək üçün eyni əsasları təkrarlayırdı.
21. 2006-cı il dekabrın 12-da Ali Məhkəmə aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
22. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsində qeyd edilir:
“Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. ...
23. Konstitusiyanın 49-cu maddəsində qeyd edilir:
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
B. Polis haqqında 1999-cu il 28 oktyabr tarixli qanun
24. Polis haqqında qanunun müvafiq hissələrində aşağıdakılar qeyd olunur:
Maddə 1. Əsas anlayışlar
“xüsusi vasitələr – dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələrdir....”
Maddə 26. Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi
“VI. Bu Qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır....
VII. Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir.
IX. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır”.
Maddə 27. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələri
“I. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı:
1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir;
5) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir;
7) fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir;
8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir”.
Cinayət Prosessual Məcəlləsi (CPM)
25. CPM-nin cinayət işinin başlanılmasına dair müvafiq müddəalarında qeyd edilir:
Maddə 37. Cinayət təqibinin növləri
“37.1. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.
37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.
37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132—134, 142.1, 149.1, 150.1, 151, 156—158, 163, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir...
37.5. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:
37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir”.
Maddə 39. Cinayət təqibini istisna edən hallar
“39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):
39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə)...”
Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri
“46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.
46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”.
D. Sərbəst toplaşmaq azadlığı haqqında 1998-ci il 13 noyabr tarixli qanun
26. 7-ci maddəyə görə sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda aşağıdakı maraqların qorunması üçün məhdudlaşdırıla bilər: 1) milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün; 2) ictimai qaydanın pozulmasının qarşısını almaq üçün; 3) iğtişaşların və ya cinayətin qarşısının alınması üçün; 4) əhalinin sağlamlığının qorunması üçün; 5) mənəviyyatın qorunması üçün; 6) digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün.
27. 14-cü maddədə toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının hüquq və vəzifələri təsbit olunmuşdur. 14-cü maddənin 1-ci hissəsinin 3-cü bəndinə görə polis yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, toplantını dayandırmaq hüququna malikdir. 14-cü maddənin 2-ci hissəsinə görə polis toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək, toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək, toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı fiziki qüvvə və ya xüsusi vasitələrin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək, toplantının dayandırılması və iştirakçıların dağılışması üçün qanunvericiliyə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək hüququna malikdir. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi hər bir halda yaranmış təhlükəyə mütənasib olmalıdır (14-cü maddənin 6-cı hissəsi).
III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR VƏ HESABATLAR
A. Güc tətbiq edilməsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş əsas prinsiplər
28. Hüquq mühafizə orqanlarının əməkdaşlarının Davranış Məcəlləsinin (BMT Baş Assambleyası tərəfindən 1979-cu il 17 noyabr tarixində 34/169 nömrəli qətnamə ilə qəbul olunmuşdur) müvafiq maddələrində qeyd edilir:
Maddə 3
“Hüquq mühafizə orqanlarının əməkdaşları yalnız ciddi zərurət olduğu və onların vəzifələrinin icrası üçün tələb olunan həddə güc tətbiq edə bilərlər”.
Maddə 5
“Hüquq mühafizə orqanlarının heç bir əməkdaşı işgəncəyə və ya digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftara, yaxud cəzaya yol verə, bunlara təhrik edə və ya onlara münasibətdə dözümlülük nümayiş etdirə bilməz. Eyni zamanda, hüquq mühafizə orqanlarının heç bir əməkdaşı işgəncəyə və ya digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftara, yaxud cəzaya haqq qazandırmaq üçün yuxarı vəzifəli şəxsin əmrinə, yaxud müharibə vəziyyəti və ya müharibə təhlükəsi, milli təhlükəsizliyə təhlükə, daxili siyasi sabitsizlik, yaxud da hər hansı digər fövqəladə vəziyyətə istinad edə bilməz”.
29. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən güc və odlu silahın tətbiq edilməsinə dair əsas prinsiplərin (BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayətkarlarla Rəftara dair 8-ci Konqresi tərəfindən 1990-cı il 7 sentyabrda Kubada qəbul edilmişdir) müvafiq hissələrində qeyd olunur:
“13. Qanunsuz olsa da, zorakı olmayan toplantıların dağıdılması zamanı hüquq mühafizə orqanlarının əməkdaşları güc tətbiq etməkdən çəkinməli, ya da praktiki cəhətdən bunun mümkün olmadığı təqdirdə güc tətbiqini minimal zəruri həddə qədər məhdudlaşdırmalıdır”.
B. Beynəlxalq qurumların hesabatları
30. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) Seçkiləri Müşahidə Missiyasının 2005-ci il 6 noyabr tarixli parlament seçkilərinə dair yekun hesabatında (2006-cı il 1 fevral) qeyd edilir:
“9, 13 və 19 noyabr tarixlərində Azadlıq bloku seçkilərdə baş vermiş qanun pozuntularına etiraz etmək üçün Qələbə meydanında nümayiş keçirilməsinə icazə almış və onu keçirmişdir. Hər hansı ciddi insident baş verməmişdir...
Azadlıq bloku və digər müxalifət partiyaları 26 noyabrda Qələbə meydanında başqa bir nümayiş təşkil etmişdirlər. Bu nümayiş Seçkiləri Müşahidə Missiyasının Azərbaycanı tərk etməsindən sonra baş tutmuşdur. Nümayiş üçün ayrılmış vaxtın bitməsindən dərhal sonra polis əhəmiyyətli dərəcədə güc tətbiq etməklə iştirakçıları dağıtmışdır”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
31. Ərizəçi Konvensiyanın 2,3, 6 və 13-cü maddələrinə istinad edərək 2005-ci il 26 noyabr tarixli nümayişin dağıdılması zamanı polis tərəfindən ona münasibətdə əsassız və aşırı güc tətbiq edilməsindən və ölkənin dövlət orqanlarının onun pis rəftara dair şikayətləri üzrə səmərəli istintaq həyata keçirməməsindən şikayət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı şikayət yalnız Konvensiyanın 3-cü maddəsi əsasında araşdırılmalıdır. Burada qeyd edilir:
“Heç kəs işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.
A. Polisin ərizəçi ilə pis rəftar etməsi iddiası
1. Ərizənin mümkünlüyü
32. Məhkəmə qeyd edir ki, Hökumət bu şikayətin mümkünlüyü ilə bağlı hər hansı etiraz qaldırmamışdır. Lakin Məhkəmə hazırkı işdə ərizəçinin Daxili İşlər Nazirliyinə qarşı iddia qaldıraraq polis tərəfindən pis rəftara məruz qalmasından şikayət etdiyini qeyd etməyi zəruri hesab edir. Bununla bağlı olaraq Məhkəmə hesab edir ki, ərizəçi onun polis tərəfindən pis rəftara məruz qalıb-qalmadığını araşdırmaq imkanına malik olan ölkə məhkəmələrinə şikayət verməklə 3-cü maddənin maddi-hüquqi aspektləri ilə bağlı ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi tələbinə əməl etmişdir.
33. Bundan əlavə, Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. O, eyni zamanda, bildirir ki, ona baxılması digər əsaslara görə də qeyri-mümkün hesab edilə bilməz. Buna görə də şikayətə baxılması mümkün elan edilir.
2. Ərizənin mahiyyəti
(a) Tərəflərin izahatları
34. Hökumət bildirmişdir ki, ərizəçi qeyri-insani və ya alçaldıcı rəftara məruz qalmamışdır. Bununla əlaqədar olaraq Hökumət qeyd etmişdir ki, ərizəçi polis tərəfindən pis rəftara məruz qaldığını sübut etmək üçün kifayət qədər dəlil təqdim edə bilməmişdir. Hökumət ərizəçi tərəfindən təqdim edilmiş tibbi arayışı mübahisələndirmiş və “qarın nahiyəsinin küt travması” diaqnozunun yalnız ərizəçinin subyektiv ifadələri əsasında qoyulduğunu iddia etmişdir. Hökumət, xüsusilə Daxili İşlər Nazirliyinin vəsatətinə əsasən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin direktoru tərəfindən 2011-ci il 7 fevral tarixində verilmiş məktuba istinad etmişdir. Məktubda “qarın nahiyəsinin küt travması” diaqnozunun yalnız ərizəçinin ifadələrinə əsasən qoyulduğu və qarında hər hansı zədə, sınıq və ya travmatik dəyişikliklərin müəyyən edilmədiyi qeyd edilmişdir. Buna görə də, bu diaqnoz ekspertiza qaydalarına əsasən xəsarət kimi qiymətləndirilə bilməz. Şəkillərə gəlincə, Hökumət bildirmişdir ki, şəkillərdə ərizəçinin yerdə uzandığı görünsə də, onlarla ərizəçinin polis tərəfindən döyüldüyünü sübut etmək mümkün deyildir.
35. Ərizəçi Hökumətin qeydlərinə etirazını bildirmişdir. O bildirmişdir ki, polis 2005-ci il 26 noyabr tarixli nümayişi dağıdan zaman heç bir əsas olmadan ona qarşı aşırı güc tətbiq etmişdir. O, xüsusilə tibbi arayışa və nümayişin dağıdılması zamanı çəkilmiş şəkillərə istinad etmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
36. Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətin ən mühüm dəyərlərindən birini ehtiva edir. Hətta terror və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin vəziyyətlərdə Konvensiya işgəncəni və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarı və ya cəzanı mütləq şəkildə qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokolların maddi hüquq normalarının əksəriyyətindən fərqli olaraq 3-cü maddədə heç bir istisna hal nəzərdə tutmamışdır və xalqın həyatı üçün təhlükə yaradan fövqəladə vəziyyətlərdə belə 15-ci maddənin 2-ci bəndi 3-cü maddənin tələblərindən geri çəkilməyə icazə vermir (baxın: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998‑VIII və “Selmuni Fransaya qarşı” [Böyük Palata] (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999‑V)).
37. Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmazsa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (baxın: “İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25); “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI); “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-III)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini alçaldırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (baxın: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd).
38. Sübutları qiymətləndirən zaman Məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya fakt ilə bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (digər qərarlar ilə yanaşı baxın: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-VII (extracts)). Məhkəmə rolunun tamamlayıcı xarakterə malik olduğuna həssas yanaşır və işin xüsusi hallarına görə faktın qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin rolunu icra etmək qaçılmaz olduğu təqdirdə, ehtiyatlı olmanın zəruriliyini anlayır (misal üçün baxın: “MakKer Birləşmiş Krallığa qarşı (qərardad)” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Buna baxmayaraq, Konvensiyanın 3-cü maddəsinə əsasən iddialar irəli sürüldüyü zaman müəyyən ölkədaxili proseslər və istintaq hərəkətləri artıq həyata keçirilmiş olsa da, Məhkəmə məsələni xüsusilə hərtərəfli araşdırmalıdır (baxın: “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009) və yuxarıda qeyd edilmiş “Avşar Türkiyəyə qarşı” işi, 283-284-cü bəndlər).
39. Hazırkı işin hallarına gəlincə, Məhkəmə öncədən qeyd edir ki, tərəflər, ümumiyyətlə, ərizəçinin polisin güc tətbiqinə məruz qalıb-qalmadığı barədə mübahisə edirlər (baxın: “Rizvanov Azərbaycana qarşı” (Rizvanov v. Azerbaijan, no. 31805/06, §§ 46-48, 17 April 2012), yuxarıda qeyd edilmiş “Muradova” işindəki 107-ci bəndlə müqayisə et).
40. Məhkəmə hesab edir ki, ərizəçi 2005-ci il 26 noyabr tarixində polisin güc tətbiqinə məruz qaldığı barədə ifadəsini sübut etmək üçün kifayət qədər güclü dəlil təqdim etmişdir. Xüsusilə, ərizəçi 2005-ci il 27 noyabr tarixində, hadisədən bir gün sonra tərtib edilmiş tibbi arayışı təqdim etmişdir. Həqiqətdə bu arayış tibbi ekspert tərəfindən verilməmiş və burada xəsarətlərin geniş tibbi təsviri göstərilməmişdir. Eyni zamanda, ekspertiza metodlarından istifadə etməklə onların səbəblərinin müəyyən edilməsi üçün də səy göstərilməmişdir. Bununla belə, o təsdiq edirdi ki, ərizəçi təcili tibbi yardım maşını ilə nümayişin keçirildiyi Qələbə meydanından xəstəxanaya gətirilmiş və 2005-ci il 26 noyabr tarxində “qarın nahiyəsinin küt travması” diaqnozu ilə xəstəxanaya qəbul olunmuşdur. O, dərhal xəstəxanaya yerləşdirilmiş və gecəni xəstəxananın Reanimasiya və İntensiv Terapiya Şöbəsində keçirmişdir. Səhəri gün vəziyyəti sabitləşdikdən sonra o, xəstəxananı tərk etmişdir.
41. Bununla əlaqədar olaraq Məhkəmə Hökumətin 2005-ci il 27 noyabr tarixli tibbi arayışla bağlı Daxili İşlər Nazirliyinin vəsatətinə əsasən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin direktoru tərəfindən 2011-ci il 7 fevral tarixində verilmiş məktuba əsaslanan şərhini qəbul edə bilməz. Hökumət iddia etmişdir ki, “qarın nahiyəsinin küt travması” diaqnozu yalnız ərizəçinin ifadəsinə əsasən verildiyindən 2005-ci il 27 noyabr tarixli tibbi arayış ərizəçinin pis rəftara məruz qaldığını sübut edə bilməz. Lakin Məhkəmə hesab edir ki, 2011-ci il 7 fevral tarixli məktubun 2005-ci il 27 noyabr tarixli tibbi arayışı mübahisələndirə biləcəyini hesab etmir. Xüsusilə, Məhkəmə qeyd edir ki, 2005-ci il 27 noyabr tarixli tibbi arayış hadisədən dərhal sonra, ərizəçinin həkim tərəfindən müayinə edilməsinin ardından verilmiş, 2011-ci il 7 fevral tarixli məktub isə ərizəçinin üzərində hər hansı müayinə aparılmadan və hadisədən beş ildən artıq vaxt keçdikdən sonra verilmişdir. Hər bir halda Məhkəmə 2011-ci il 7 fevral tarixli məktubun müəllifinin hadisə baş verən zaman xəstəni müayinə etmədən beş il bundan öncə müəyyən edilmiş diaqnozu necə təkzib edə biləcəyini anlamır. Məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, 2005-ci il 27 noyabr tarixli tibbi arayış bəzi qüsurlarının olmasına baxmayaraq mötəbər tibbi sübutdur və hazırkı şikayətin məqsədləri üçün onun məzmunu ərizəçinin “qarın nahiyəsinin küt travmasını” aldığı nəticəsinə gəlmək üçün kifayət edir (müqayisə üçün yuxarıda qeyd edilmiş “Rizvanov” işinin 47-ci bəndinə baxın).
42. Məhkəmə qeyd edir ki, ərizəçinin hadisə barədə dedikləri, həmçinin hadisə yerində çəkilmiş fotoşəkillərlə də təsdiq olunur. Xüsusilə təqdim edilmiş şəkillər ərizəçinin huşsuz şəkildə qalxanlı və dəyənəkli polislərin ətrafında yerdə uzandığını göstərir. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi xəstəxanaya çatdırıldıqda Qələbə meydanında polislər tərəfindən döyüldüyünü bildirmişdir. Hər bir halda 2005-ci il 26 noyabr tarixində Qələbə meydanında nümayişin dağıdılması zamanı polisdən başqa hər hansı digər şəxsin və ya qrupun güc tətbiq etdiyinə dair hər hansı fakt yoxdur. Belə olan halda, Məhkəmə ərizəçinin 2005-ci il 27 noyabr tarixdə verilmiş tibbi arayışda təsvir edilmiş “qarın nahiyəsinin küt travması”nın 2005-ci il 26 noyabrda polis tərəfindən yetirildiyi ilə bağlı verdiyi ifadələrdə hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Məhkəməyə daxili baxımdan uzlaşdırılmış sübutun təqdim edilməsi polis əməkdaşlarının nümayişin dağıdılması zamanı ərizəçiyə ayaqla zərbə vurduqlarını təsbit etmək üçün kifayətdir. Məhkəmənin mövqeyinə görə, bu prezumpsiya nə Hökumətin qeydlərində, nə də ölkə məhkəmələrinin qərarlarında mötəbər sübutlarla təkzib olunmuşdur. (baxın: mutatis mutandis, “Nəcəfli Azərbaycana qarşı” (Najafli v. Azerbaijan, no. 2594/07, § 37, 2 October 2012)).
43. Buna görə də, Məhkəmə ərizəçiyə münasibətdə tətbiq edilmiş gücün həddən artıq olub-olmadığını araşdıracaqdır. Bu baxımdan Məhkəmə gücün tətbiq edildiyi şəraitə xüsusi önəm verir (baxın: “Güzel Şahin və Digərləri Türkiyəyə qarşı” (Güzel Şahin and Others v. Turkey, no. 68263/01, § 50, 21 December 2006) və “Timitik Türkiyəyə qarşı” (Timtik v. Turkey, no. 12503/06, § 49, 9 November 2010)). Şəxs polis və ya dövlətin başqa təmsilçisi ilə üz-üzə gəldikdə onun öz davranışının son dərəcə zəruri etdiyi hallardan başqa, ona münasibətdə güc tətbiq olunması insan ləyaqətini alçaldır və prinsip etibarı ilə Konvensiyanın 3-cü maddəsində təsbit olunmuş hüququn pozuntusunu təşkil edir (baxın: “Kop Türkiyəyə qarşı” (Kop v. Turkey, no. 12728/05, § 27, 20 October 2009) və yuxarıda qeyd edilmiş “Timitik” işi 47-ci bənd).
44. Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı fiziki güc tətbiqinin onun öz davranışı ilə son dərəcə zəruri edildiyi sübut olunmamışdır. Ərizəçinin polislərə qarşı zorakılıqdan istifadə etmədiyi və ya onlara təhlükə yaratmadığı mübahisə doğurmur. Güc tətbiqinə haqq qazandırmaq üçün hər hansı başqa səbəbin olduğu da sübut edilməmişdir. Buna görə də, Məhkəmə güc tətbiqinin qeyri-zəruri, həddən artıq və qəbuledilməz olduğu nəticəsinə gəlməyə bilməz (baxın: yuxarıda qeyd edilmiş “Nəcəfli” işi, 39-cu bənd və yuxarıda qeyd edilmiş “Rizvanov” işi, 50-ci bənd).
45. Məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər ciddi fiziki ağrı və əzabların olduğunu sübut edir. Ərizəçi “qarın nahiyəsinin küt travması”ndan əziyyət çəkmişdir ki, bu da tibbi müalicə tələb edir. Pis rəftar və onun nəticələri çox yəqin ki, ərizəçinin, həmçinin ciddi psixi əzablar çəkməsinə səbəb olmuş, onun insan ləyaqətini alçaltmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, barəsində şikayət edilmiş pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşən minimum sərtlik dərəcəsinə çatmaq üçün kifayət qədər ciddi xarakterə malik olmuşdur və qeyri-insani və alçaldıcı rəftar hesab olunmalıdır.
46. Beləliklə də, Konvensiyanın 3-cü maddəsi maddi-hüquqi baxımdan pozulmuşdur.
B. Səmərəli istintaqın aparılmadığı iddiası
1. Ərizənin mümkünlüyü
47. Hökumət bildirmişdir ki, ərizəçi polisin qanunsuz hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyi və ya Baş Prokurorluğa şikayət verməmişdir. Buna görə də ölkənin hakimiyyət orqanları ərizəçinin pis rəftarla bağlı iddialarının səmərəli istintaqını apara bilməmişdir.
48. Ərizəçi şikayətlərini təkrarlamışdır.
49. Məhkəmə hesab edir ki, ərizəçinin ölkənin müvafiq hakimiyyət orqanlarına cinayət işinin qaldırılması üçün müraciət etmədiyi ilə bağlı Hökumətin qeydləri cinayət işləri üzrə ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyi ilə bağlı etiraz kimi qəbul edilə bildiyindən burada şikayətin mahiyyəti ilə bağlı məsələlər ortaya çıxır. Məhkəmə bunu nəzərə alaraq hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. Şikayətə baxılması digər əsaslara görə də qeyri-mümkün hesab edilə bilməz. Buna görə də şikayətə baxılması mümkün elan edilir.
2. Ərizənin mahiyyəti
(a) Tərəflərin izahatları
50. Tərəflər ərizənin mahiyyəti ilə bağlı hər hansı xüsusi qeyd etməmişlər.
(b) Məhkəmənin qiymətləndirməsi
51. Şəxsin 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən ağır nəticələrə səbəb olmuş pis rəftara məruz qaldığı ilə bağlı mübahisə edilməsi mümkün olan iddia irəli sürdüyü hallarda, həmin maddə Konvensiyanın 1-ci maddəsinə əsasən dövlətlərin “yurisdiksiyası altında olan bütün şəxslərin Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadəsini təmin etmək” kimi ümumi öhdəliyi ilə birgə dolayı yolla səmərəli rəsmi istintaqın aparılmasını tələb edir. İstintaq təqsirli şəxslərin müəyyən edilərək cəzalandırılmasını təmin etməli idi. Əgər belə olmasa, işgəncələr və qeyri-insani və alçaldıcı rəftar və cəza ilə bağlı müəyyən edilmiş ümumi hüquqi qadağa böyük əhəmiyyət kəsb etsə də, praktikada səmərəsiz olar və bəzi hallarda dövlət nümayəndələrinin nəzarəti altında olan şəxslərin hüquqlarını pozaraq cəzasız qalmaları mümkün olardı (baxın: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 102-ci bənd; və “Labita İtaliyaya qarşı” [Böyük Palata] (Labita v. Italy [GC], no. 26772/95, § 131, ECHR 2000‑IV)).
52. Pis rəftarla bağlı iddiaların istintaqı hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları həmişə nəyin baş verdiyini müəyyənləşdirmək üçün ciddi səylər göstərməli və istintaqa xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə arxalanmamalıdırlar (baxın: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri”, 103-cü bənd). Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia, hadisəni gözləri ilə görmüş şahidlərin ifadələrinin və məhkəmə-tibb ekspertizasının rəyinin əldə edilməsi üçün mümkün olan bütün ağlabatan addımları atmalıdırlar (baxın: “Tanrıkulu Türkiyəyə qarşı” [Böyük Palata] (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-IV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000)). İstintaqın xəsarətin səbəbləri və ya xəsarəti yetirməyə görə təqsirli olan şəxsləri müəyyən etməyə imkan verməyən istənilən qüsura malik olması onun standartlara uyğun olmadığını təsbit etmək riski yaradır (baxın: “Batı və Digərləri Türkiyəyə qarşı” (Batı and Others v. Turkey, nos. 33097/96 and 57834/00, § 134, ECHR 2004‑IV (extracts)).
53. Hazırkı işin hallarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldıraraq ona kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmə hazırkı işin hallarını və Hökumətin hər hansı etirazının olmadığını nəzərə alaraq 3-cü maddənin maddi-hüquqi aspektləri ilə bağlı hüquq müdafiə vasitələrinin tükəndirilməməsi məsələsinin ortaya çıxmadığını müəyyən etsə də (yuxarıda 32-ci bənd), qeyd edir ki, bu hüquq müdafiə vasitəsi polis tərəfindən pis rəftara məruz qalma iddiası ilə bağlı hazırkı işlərə bənzər işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual-hüquqi aspektləri üzrə Razılığa Gələn Dövlətlərin öhdəlikləri baxımından kifayətedici hesab oluna bilməz. Belə ki, onun məqsədi pis rəftara yol vermiş şəxslərin müəyyən edilərək cəzalandırılması deyil, vurulmuş ziyanın ödənilməsidir (baxın: “Yaşa Türkiyəyə qarşı” (Yaşa v. Turkey, 2 September 1998, § 74, Reports of Judgments and Decisions 1998‑VI) və “Qladışev Rusiyaya qarşı” (Gladyshev v. Russia, no. 2807/04, § 49, 30 July 2009)).
54. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, hazırkı işdə cinayət istintaqı həyata keçirilməmişdir. Eyni zamanda, ərizəçinin onunla pis rəftar olunması barədə polisə və ya prokurorluq orqanlarına şikayət etmədiyi də tərəflərdə mübahisə doğurmur. Belə olan halda, Məhkəmə hesab edir ki, hazırkı işdə o, istintaqın səmərəli aparılıb-aparılmadığını deyil (belə ki, ümumiyyətlə hər hansı istintaq aparılmamışdır), ərizəçinin cinayət işinin başlanması üçün ərizə ilə müraciət etməməsinin mövcud şəraitdə istintaq orqanının istintaq aparmasının qarşısını alıb-almadığını və ya onları belə bir ümumi vəzifədən azad edib-etmədiyini müəyyən etməlidir.
55. Məhkəmə müəyyən edir ki, ölkə qanunvericiliyinin heç bir müddəası dövlət orqanlarının mövcud vəziyyətdə cinayət işi başlamasına mane olmur.
56. Məhkəmə xüsusilə qeyd edir ki, Daxili İşlər Nazirliyi ölkədaxili məhkəmə proseslərində cavabdeh qismində iştirak edirdi və onun nümayəndəsi məhkəmə iclaslarında çıxış etmişdir. Beləliklə, polis orqanları ərizəçinin pis rəftara dair iddialarından xəbərdar idilər və bu iddialar tibbi arayış, həmçinin şəkillər ilə əsaslandırılırdı.
57. Məhkəmə bununla bağlı təkrar edir ki, 3-cü maddənin pozulması ilə bağlı şikayətlərin araşdırılması üçün istintaqın hansı tərzdə və ya formada aparılmasından asılı olmayaraq, dövlət orqanları məsələdən xəbərdar olan kimi öz təşəbbüsləri ilə hərəkət etməli və istintaqa başlanılması məsuliyyətini ərizəçinin üzərinə qoymamalıdırlar (baxın: yuxarıda qeyd edilmiş “Muradova” işi, 123-cü bənd). Bu qayda xüsusilə polisin nümayişi dağıdan zaman fiziki gücdən və xüsusi vasitələrdən istifadə etdiyi hallara aiddir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Polis haqqında qanun”un 26-cı maddəsinin 7-ci hissəsinə görə polis orqanları fiziki güc, xüsusi vasitə və ya odlu silahın tətbiqi ilə bağlı hər bir hadisəni araşdırmalı və onun qanuniliyi ilə bağlı müvafiq rəy verməlidirlər (yuxarıda 24-cü bəndə baxın).
58. Məhkəmə daha sonra qeyd edir ki, “Polis haqqında” qanunun 27-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə görə polis orqanları fiziki güc, xüsusi vasitə və ya odlu silahın tətbiqi ilə bağlı müvafiq prokurorluq orqanına iyirmi dörd saat ərzində xəbər verməlidir. Hazırkı işdə Hökumət polisin 2005-ci il 26 noyabr tarixində nümayişin dağıdılması zamanı gücdən istifadə olunması barədə müvafiq prokurorluq orqanına məlumat verib-vermədiyi ilə bağlı heç nə bildirməmişdir.
59. Məhkəmə, həmçinin qeyd edir ki, hadisənin baş verdiyi zaman qüvvədə olan Cinayət Prosessual Məcəlləsinə görə, az ağır və ya yüngül bədən xəsarəti yetirilməsi, döymə və ya pis rəftarla bağlı əməllərin cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirilirdi. Başqa sözlə, bu əməllərlə bağlı cinayət işi zərərçəkmiş şəxsin şikayəti və ya prokurorun təşəbbüsü ilə qaldırılır. Xüsusilə CPM-nin 37-ci maddəsinin 5-ci bəndi müəyyən edir ki, əməl hakimiyyət nümayəndəsi və ya dövlət orqanının digər vəzifəli şəxsi tərəfindən, yaxud onlara qarşı törədildikdə və zərərçəkmiş şəxsin ərizəsi olmadıqda cinayət işi ictimai-xüsusi ittiham qaydasında prokuror tərəfindən qaldırılır (yuxarıda 25-ci bəndə baxın). Buna görə də ərizəçinin cinayət işinin başlanması üçün ərizəsinin olmaması prokurorun hakimiyyət nümayəndəsi, konkret olaraq bu işdə polis tərəfindən güc tətbiq olunması ilə bağlı cinayət işinə başlamasına mane ola bilməzdi.
60. Yuxarıda qeyd olunanlar Məhkəmənin,xüsusilə hazırkı işin konkret hallarında ərizəçinin polisə və ya prokurorluq orqanlarına şikayət vermədiyinə görə ölkənin dövlət orqanlarının onun pis rəftarla bağlı iddialarının səmərəli istintaqını aparmasının mümkün olmadığı ilə bağlı Hökumətin dəlilini məqbul hesab etməməsi üçün kifayətdir.
61. Bundan əlavə, Məhkəmə dövlət orqanlarının ərizəçinin pis rəftarla bağlı iddialarından xəbərdar olmaları ilə bağlı mübahisə doğurmayan faktı nəzərə alaraq müəyyən edir ki, həmin orqanlar Konvensiyanın 1-ci maddəsi ilə birgə 3-cü maddənin prosessual-hüquqi aspektlərinə görə səmərəli rəsmi istintaq aparmaq vəzifəsini daşıyırdılar. Məhkəmə ərizəçinin pis rəftarla bağlı iddiaları üzrə istintaqın aparılmadığını nəzərə alaraq Konvensiyanın 3-cü maddəsinin prosessual-hüquqi aspektinin pozulmadığı qənaətinə gəlməyə bilməz.
II. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
62. Ərizəçi şikayət edərək bildirmişdir ki, polisin nümayişə müdaxiləsi onun sərbəst toplaşmaq azadlığı hüququnu pozmuşdur. Konvensiyanın 11-ci maddəsinin müvafiq hissəsində aşağıdakılar qeyd olunur:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə...iğtişaşın və cinayətin qarşısını almaq... və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz...”.
A. Ərizənin mümkünlüyü
63. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinə əsasən açıq-aşkar əsassız deyil. O eyni zamanda bildirir ki, ona baxılması digər əsaslara görə də qeyri-mümkün hesab edilə bilməz. Buna görə də şikayətə baxılması mümkün elan edilir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
64. Hökumət bildirmişdir ki, polisin saat 17:00-dan sonra nümayişə müdaxiləsi qanunla, konkret olaraq “Sərbəst toplaşmaq haqqında qanun”un 7-ci və 14-cü maddələri ilə nəzərdə tutulmuş, iğtişaşların qarşısının alınması və digər şəxslərin hüquqlarının müdafiəsi kimi qanuni məqsədə xidmət etmiş və demokratik cəmiyyətdə zəruri olmuşdur, belə ki, nümayişçilər özlərini aqressiv aparmış və qanunsuz nümayişi davam etdirmək niyyətində olmuşlar. Hökumət qeyd etmişdir ki, təşkilatçıların elan etdiyi vaxtda, yəni saat 15:00-dan 17:00-a qədər nümayiş hər hansı polis müdaxiləsi olmadan keçirilmişdir. Lakin nümayişçilər nümayişin başa çatmalı olduğu saat 17:00-dan sonra polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq dağılmaqdan imtina etdiklərindən polis müdaxilə etməli olmuşdur.
65. Ərizəçi Hökumətin mövqeyi ilə razılaşmamışdır. O xüsusilə bildirmişdir ki, nümayiş dinc şəraitdə keçirilmiş və polis tərəfindən zorakı müdaxiləyə heç bir ehtiyac olmamışdır.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Müdaxilənin olub-olmadığı məsələsi
66. Məhkəmə qeyd edir ki, tərəflər ərizəçinin sərbəst toplaşmaq azadlığına müdaxilə olduğu barədə mübahisə etmirlər və Məhkəmə bununla razılaşır.
(b) Müdaxilənin əsaslı olub-olmaması məsələsi
67. Məhkəmə təkrar edir ki, müdaxilə “qanunla nəzərdə tutulmadığı”, 11-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş qanuni məqsədlərdən birinə xidmət etmədiyi və həmin məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri olmadığı” hallarda 11-ci maddənin pozuntusu hesab edilir (baxın: “Cavit An Türkiyəyə qarşı” (Djavit An v. Turkey, no. 20652/92, § 63, ECHR 2003-III); “Balçık və Digərləri Türkiyəyə qarşı” (Balçık and Others v. Turkey, no. 25/02, § 44, 29 November 2007); “Sergey Kuznetsov Rusiyaya qarşı” (Sergey Kuznetsov v. Russia, no. 10877/04, § 37, 23 October 2008)).
68. Polis tərəfindən nümayişin dağıdılmasının və güc tətbiqinin mümkün olduğu hallar “Sərbəst toplaşmaq haqqında qanun”un 7-ci və 14-cü maddələrində təsbit olunmuşdur. Bu müddəalar hazırkı işdə polisin müdaxiləsinin hüquqi əsasını təşkil etmişdir. Məhkəmə qəbul edir ki, müdaxilə “qanunla nəzərdə tutulmuş” və 11-ci maddənin 2-ci bəndinin mənasında iğtişaşların və başqa şəxslərin hüquqlarına müdaxilənin qarşısının alınması kimi “qanuni məqsədlərə” xidmət etmişdir. Bu halda müdaxilənin “demokratik cəmiyyətdə zəruri olub-olmadığının” müəyyən edilməsi qalır.
69. Məhkəmə bununla bağlı ilk əvvəldən təkrar edir ki, 11-ci maddədə nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı demokratik cəmiyyətdə əsas hüquqlardan biridir və fikri sərbəst ifadə etmək azadlığı kimi belə bir cəmiyyətin özüllərindən birini təşkil edir. Buna görə də o, məhdudlaşdırıcı təfsir edilməməlidir (yuxarıda qeyd edilmiş “Çavit An” işi, 56-cı bənd). Buna görə də dövlətlər sadəcə dinc toplaşmaq hüququnu təmin etməməli, eyni zamanda həmin hüququn həyata keçirilməsinə əsassız olaraq dolayı yollarla məhdudiyyətlər tətbiq etməkdən də çəkinməlidirlər. Sərbəst toplaşmaq azadlığının mühüm xarakteri və onun demokratiya ilə yaxın bağlılığı nəzərə alınarsa, bu hüquqa müdaxilənin əsaslandırılması üçün inandırıcı və təkzibolunmaz səbəblər olmalıdır (baxın: “Ouranio Toxo Yunanıstana qarşı” (Ouranio Toxo v. Greece, no. 74989/01, § 36, ECHR 2005‑X (extracts)) və “Adalı Türkiyəyə qarşı” (Adalı v. Turkey, no. 38187/97, § 267, 31 March 2005)).
70. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq qeyd edir ki, Hökumət polisin müdaxiləsinin yeganə səbəbi kimi nümayişçilərin, o cümlədən ərizəçinin nümayişin keçirilməsi üçün ayrılmış vaxtın bitməsindən sonra polis tərəfindən çoxsaylı xəbərdarlıqların edilməsinə baxmayaraq dağılmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, 2005-ci il 26 noyabr tarixində Qələbə meydanında keçirilmiş nümayiş dinc xarakterli olmuş və toplantıların keçirilməsi haqqında normalara uyğun keçirilmişdir.
71. Məhkəmə qeyd edir ki, tərəflər saat 17:00-a, təqdim edilmiş xəbərdarlıqda göstərilmiş nümayişin bitmə vaxtına qədər nümayişin dinc keçdiyi barədə mübahisə etmirlər. Belə görünür ki, polis tərəfindən nümayişçilərə, o cümlədən ərizəçiyə nümayişin saat 17:00-dan sonra qanunsuz olduğu barədə xəbərdarlıq edilmiş və onlara dağılışmaq əmri verilmişdir. Məhkəmə bununla bağlı təkrar edir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (baxın: “Oya Ataman Türkiyəyə qarşı” (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006‑XIII)).
72. Buna baxmayaraq, Məhkəmə sadəcə nümayişçilərin vaxtında dağılışmaması səbəbindən dinc nümayişin polis tərəfindən zorla dağıdılmasını və onların ərizəçi ilə rəftarını məqbul saya bilməz. Tam aydındır ki, ictimai yerdə keçirilən nümayiş adi həyata müəyyən səviyyədə narahatçılıq gətirə və mənfi münasibət ilə üzləşə bilər. Lakin hazırkı işdə ərizəçinin və ya digər nümayişçilərin ictimai qayda üçün təhlükə yaratdığını güman etməyə əsas verən heç bir sübut yoxdur. Hökumət bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Xüsusilə Hökumət ərizəçi tərəfindən təqdim olunmuş faktları, konkret olaraq onun demək olar ki, ərazini tərk etdiyi və evə getmək ərəfəsində olduğunu təkzib edə biləcək hər hansı sübut təqdim etməmişdir.
73. Bundan əlavə, Məhkəmə qeyd edir ki, nümayişçilər, o cümlədən ərizəçi demokratik cəmiyyətdə həyati əhəmiyyətə malik olan bir məsələyə, yəni seçkilərdə iddia olunan qanun pozuntularına diqqəti cəlb etmək istəmişdirlər. Buna görə də Məhkəmə hakimiyyət orqanlarının nümayişi zorakı yolla dağıtmaqla sona çatdırmasına səbirsizliklə çalışmasını xüsusi olaraq anlaya bilmir (baxın: yuxarıda qeyd edilmiş “Balçık və Digərləri” işi, 51-ci bənd).
74. Məhkəmənin fikrincə, Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının tamamilə mahiyyətindən məhrum edilməməsi üçün dövlət orqanları nümayişçilərin zorakı əməllərə yol vermədikləri təqdirdə müəyyən dərəcədə dözümlülük nümayiş etdirməlidirlər (baxın: yuxarıda qeyd edilmiş “Oya Ataman” işi, 42-ci bənd və “Nurettin Aldemir Türkiyəyə qarşı” (Nurettin Aldemir and Others v. Turkey,nos. 32124/02,32126/02, 32129/02, 32132/02, 32133/02, 32137/02 and 32138/02, § 46, 18 December 2007)).
75. Məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, hazırkı işdə polisin ərizəçinin hüquqlarına zorakı müdaxiləsi qeyri-mütənasib olmuş və Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin mənasında iğtişaşların qarşısının alınması və ya başqalarının hüquqlarının müdafiə edilməsi üçün zəruri olmamışdır. Buna görə də həmin müddəanın tələbləri pozulmuşdur.
III. KONVENSİYANIN 3-CÜ VƏ 11-Cİ MADDƏLƏRİ İLƏ BİRLİKDƏ 14-CÜ MADDƏNİN İDDİA OLUNAN POZUNTUSU
76. Ərizəçi daha sonra şikayət edərək bildirmişdir ki, polis müxalifətin nümayişində iştirak etməsi ilə əlaqədar ona münasibətdə ayrı-seçkiliyə yol vermişdir.
77. Lakin Məhkəmə işdə olan bütün materialları və şikayətlərə baxma səlahiyyətini nəzərə alaraq müəyyən edir ki, onlar ərizəçinin iddia etdiyi hər hansı ayrı-seçkilik faktını üzə çıxarmır. Buna görə də 35-ci maddənin 3-cü bəndinin a) yarımbəndinə görə ərizə bu hissədə mümkünsüzdür və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
78. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli kompensasiyanın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
79. Ərizəçi ona vurulmuş maddi və mənəvi ziyana görə 40000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
80. Hökumət ərizəçinin tələbinin əsassız və şişirdilmiş olduğunu bildirmişdir. O hesab etmişdir ki, hər bir halda pozuntunun müəyyən edilməsi qənaətbəxş ədalətli kompensasiya olacaqdır.
81. Məhkəmə qeyd edir ki, ərizəçi maddi ziyanla bağlı tələbini sübut etmək üçün hər hansı sənəd təqdim etməmişdir. Buna görə də Məhkəmə bu tələbi rədd edir. Lakin Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalmışdır və yalnız pozuntu faktının müəyyən edilməsi ədalətli kompensasiya olmayacaqdır və buna görə də ərizəçiyə kompensasiya ödənilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli qiymətləndirmə apararaq ərizəçiyə mənəvi ziyana görə ödənilməli olan vergilər də daxil olmaqla 11000 avro məbləğində vəsaitin ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
82. Ərizəçi ölkə məhkəmələrində çəkdiyi xərc və məsrəflərə görə ona 1700 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. O, həmçinin Avropa Məhkəməsi qarşısında çəkdiyi xərclərə görə 1100 avro, tərcümə xərclərinə görə 800 avro, dəftərxana xərclərinə görə 200 avro və nəqliyyat xərclərinə 900 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Tələbini əsaslandırmaq üçün o, ölkə məhkəmələri və Avropa Məhkəməsi qarşısında ona hüquqi xidmətlərin göstərilməsinə görə bağlanmış müqaviləni təqdim etmişdir.
83. Hökumət hesab edir ki, tələb əsassız və şişirdilmişdir. Xüsusilə, Hökumət ərizəçinin tələblərini əsaslandırmaq üçün bütün zəruri sənədləri təqdim etmədiyini bildirmişdir.
84. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Məhkəmə işdə olan sənədləri və yuxarıda qeyd edilmiş meyarları nəzərə alaraq hesab edir ki, çəkilmiş xərc və məsrəflərə görə ümumilikdə 2650 avro məbləğində məbləğin verilməsi və bu məbləğdən Avropa Şurası tərəfindən hüquqi yardım kimi verilmiş 850 avro məbləğin çıxılması ağlabatandır.
C. Faizlərin ödənilməsi
85. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Konvensiyanın 3-cü və 11-ci maddələri ilə bağlı verilmiş şikayətləri mümkün və ərizəni digər hissədə mümkünsüz elan edir;
2. Polis tərəfindən pis rəftara yol verilməsi ilə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
3. Ərizəçinin pis rəftara dair iddialarının səmərəli istintaqının aparılmaması ilə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
4. Konvensiyanın 11-ci maddəsinin pozulduğunu qət edir;
5. Qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(i) məbləğdən tutulacaq vergi də əlavə olunmaqla mənəvi ziyana görə 11000 (on bir min) avro;
(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla və hüquqi yardım kimi verilmiş 850 (səkkiz yüz əlli) avro məbləği çıxılmaqla məhkəmə xərclərinə görə 2650 (iki min altı yüz əlli) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
6. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il 3 oktyabr tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Katib Sədr
Full & Egal Universal Law Academy