İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
TENASE MOLDOVAYA QARŞI
(CASE OF TĂNASE v. MOLDOVA)
(7/08 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
27 aprel 2010-cu il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Tenase Moldovaya qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Per Lorensen (Peer Lorenzen),
hakimlər:
Fransuaz Tulkens (Françoise Tulkens),
Jozep Kasadeval (Josep Casadevall),
İreneu Kabral Borreto (Ireneu Cabral Barreto),
Korneliu Birsan (Corneliu Bîrsan),
Rait Maruste (Rait Maruste),
Vladimiro Zaqrebelski (Vladimiro Zagrebelsky),
Elizabet Şteyner (Elisabeth Steiner),
Din Şpilman (Dean Spielmann),
Svere Erik Yebens (Sverre Erik Jebens),
Yan Şikuta (Ján Šikuta),
Draqolyub Popoviç (Dragoljub Popović),
İzabel Bello-Lefevre (Isabelle Berro-Lefèvre),
Paaivi Hirvelaa (Päivi Hirvelä),
Jorj Nikolau (George Nicolaou),
Zdravka Kalaydjieva (Zdravka Kalaydjieva),
Mihai Poalelunci (Mihai Poalelungi),
və məhkəmə katibinin müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə
2009-cu il 16 sentyabr və 2010-cu il 10 mart tarixlərində qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş 2007-ci il 27 dekabr tarixində Moldova və Rumıniya vətəndaşları cənab Aleksandru Tenase (Mr Alexandru Tănase) və cənab Dorin Kirtoake (Mr Dorin Chirtoacă) (“ərizəçilər”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Moldova Respublikasına qarşı ərizənin (7/08 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçiləri Kişinyovda vəkil kimi fəaliyyət göstərən xanım C.Hanqanu təmsil etmişdir. Moldova Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab V.Qrosu tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər xüsusilə azad seçkilərdə namizədliklərini irəli sürmək və seçildikləri təqdirdə parlamentin deputatı olmaq hüquqlarının pozulduğunu, bununla da Konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş qanunvericilik orqanına seçkilərdə xalqın öz iradəsini azad ifadə etməsinin təmin olunmadığını iddia etmişlər. Onlar həmçinin 1 saylı protokolun 3-cü maddəsi ilə birgə Konvensiyanın 14-cü maddəsinin pozulmasından şikayət etmişlər.
4. Ərizə baxılması üçün Məhkəmənin Dördüncü Bölməsinə verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci qaydasının 1-ci bəndi). 2008-ci il 18 noyabr tarixində bu Bölmənin hakimlər Nikolas Bratsa, Lex Qarlitski, Covanni Bonello, Lilyana Miyoviç, David Tor Byörqvinson, Ledi Byanku, Mihai Poalelunci və Bölmənin katibi Fatoş Aracıdan ibarət Palatası tərəfindən qəbul edilmiş birgə qərardad və qərarda cənab Kirtoakenin ərizəsi əksəriyyət səs çoxluğu ilə qəbuledilməz, cənab Tenasenin ərizəsi isə yekdilliklə qəbuledilən hesab edilmiş, yekdilliklə sonuncu işdə Konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsinin pozulduğu qət edilmiş və yenə yekdilliklə 1 saylı protokolun 3-cü maddəsi ilə birlikdə 14-cü maddənin pozulması ilə bağlı şikayətə ayrıca baxılmasının zəruri olmadığı barədə qərar qəbul edilmişdir.
5. 2009-cu il 6 apreldə Hökumətin xahişini nəzərə alan Böyük Palatanın beş üzvündən ibarət kollegiya Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin baxılması üçün Böyük Palataya verilməsi barədə qərar qəbul etmişdir.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 27 maddəsinin 2-ci və 3-cü bəndləri və Məhkəmənin Prosedur Qaydalarının 24-cü qaydasına uyğun olaraq müəyyənləşdirilmişdir. Jan-Pol Kosta ikinci müzakirələrdə iştirak edə bilməmişdir. Per Lorensen ərizəyə baxılması zamanı Böyük Palataya sədrliyi həyata keçirmiş və birinci əvəzedici qismində olan Korneliu Birsan tam hüquqlu üzv kimi iclasda hakimlik etmişdir (11-ci qayda).
7. Ərizəçi cənab Tenase və Hökumət işin mahiyyəti ilə bağlı yazılı qeydlərini təqdim etmişlər. Əlavə olaraq işə müdaxilə hüququnu həyata keçirmiş Rumıniya Hökuməti üçüncü tərəf kimi öz qeydlərini təqdim etmişdir (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi və 44-cü qaydanın 1-ci bəndinin b) yarımbəndi).
8. Məhkəmə iclası 2009-cu il 16 sentyabr tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfdən
cənab V. Qrosu, Səlahiyyətli nümayəndə;
(b) ərizəçi tərəfindən
xanım C. Hanqanu, vəkil;
(c) Rumıniya Hökumətim tərəfdən
cənab R.-H. Radu, Səlahiyyətli nümayəndə,
xanım D. Tase,
xanım İ. Popesku,
xanım İ. Sioponea, vəkillər.
Məhkəmə iclasında cənab Qrosu, xanım Hanqanu və cənab Radu çıxış etmişlər.
9. İşin məhkəmə baxışında baş vermiş hadisələrdən sonra (aşağıda 68 və 70-ci bəndlərə bax) ərizəçi işin Məhkəmə tərəfindən baxılacaq işlər siyahısından çıxarılmasını istəmədiyini bildirmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçi 1971-ci ildə anadan olmuşdur və Kişinyovda yaşayır. O, əslən rumıniyalı olmaqla Moldova siyasətçisidir.
A. İş ilə bağlı tarixi məlumat
11. Moldova Knyazlığı ilk dəfə müstəqil dövlət kimi 1359-cu ildə yaranmışdır. Onun ərazisinə Şərqi Karpat dağları, Dnestr çayı və Qara Dəniz arasındakı ərazi daxil idi; bu gün bu ərazi Moldova, Rumıniya və Ukraynanın bir hissəsini əhatə edir. Onun əhalisi eyni dildə danışırdı və Valaxiya və Transilvaniya (hazırda hər iki ərazi müasir Rumıniyanın bir hissəsidir) əhalisi ilə eyni mənşəyə malik idi.
12. On beşinci əsrdə Moldova Osmanlı İmperiyasının süzerenliyi altına keçmişdir.
13. 1806-1812-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Moldova Knyazlığının şərq tərəfdən Dnestr çayı və qərb tərəfdən Prut çayı ilə əhatə olunmuş şərq hissəsi Rusiya İmperiyası tərəfindən işğal olunmuşdur. Onun adı dəyişdirilərək Bessarabiya qoyulmuşdur.
14. 1859-cu ildə Moldova Knyazlığının qərb hissəsi Valaxiya ilə birləşərək yeni dövlət yaranmışdır. 1861-ci ildən bu yeni dövlət Rumıniya adlanmağa başlanmışdır. 1877-ci ildə Rumıniya Osmanlı İmperiyasından müstəqillik qazanmışdır.
15. 1918-ci ilin əvvəllərində Bessarabiya Rusiyadan müstəqilliyini elan etmiş və 1918-ci ilin 27 mart tarixində Rumıniya ilə birləşmişdir. Bessarabiyanın əhalisi Rumıniya vətəndaşlığını qəbul etmişdir.
16. Sovet İttifaqı Bessarabiya ilə Rumıniyanın birləşməsini tanımamışdır. 1940-cı il 28 iyun tarixində faşist Almaniyası ilə Molotov-Ribbentrop paktının imzalanmasından sonra Sovet İttifaqı Bessarabiyanın ərazisini yenidən işğal etmişdir.
17. İkinci dünya müharibəsinin başa çatmasından sonra Bessarabiyanın ərazisinin təxminən 70 faizi və əhalisinin təxminən 80 faizindən ibarət hissəsi Moldaviya Sovet Sosialist Respublikası (1990-cı ildən Moldova Sovet Sosialist Respublikası) adlanmağa başlanmışdır. Bessarabiyanın ərazisinin digər hissəsi Ukrayna Sovet Sosialist Respublikasının tərkibinə qatılmışdır. Bessarabiyada yaşayan əhali Rumıniya vətəndaşlığını itirmiş və sovet vətəndaşlarına çevrilmişlər. Rumıniya isə Sovet İttifaqının müttəfiqi olan bir dövlətə çevrilmişdir.
18. Sovet İttifaqının süqutundan sonra, 1991-ci ilin 27 avqust tarixində qəbul edilmiş İstiqlal Bəyannaməsində Moldova Respublikasının parlamenti 1812-ci ildə Moldova Knyazlığının ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalını və 1940-cı ildə Rumıniya ərazisinin Sovet İttifaqı tərəfindən işğalını pisləyərək keçmiş Moldaviya Sovet Sosialist Respublikasının sərhədləri hüdudunda müstəqilliyini elan etmişdir. Qısa bir müddət sonra Moldova Birləşmiş Millətlər Təşkilatına üzv olmuş və beynəlxalq birlik tərəfindən tanınmışdır.
B. Müstəqillik qazandıqdan sonra vətəndaşlıq məsələləri
19. 1991-ci ildə Moldova Respublikasının parlamenti Vətəndaşlıq haqqında qanun qəbul etmiş və bu qanuna görə inter alios, Moldoviya Sovet Sosialist Respublikası Sovet İttifaqı tərəfindən işğal edilməzdən qabaq onun ərazisində yaşamış bütün şəxslər və onların varisləri ölkənin vətəndaşları elan olunmuşlar.
20. Ərizəçi Moldova Respublikası ərazisində 1940-cı il 28 iyun tarixindən qabaq yaşamış şəxslərin varisi kini Moldova vətəndaşlığını əldə etmişdir.
21. Həmçinin 1991-ci ildə Rumıniya parlamenti vətəndaşlıq haqqında yeni qanun qəbul etmişdir və bu qanuna görə 1989-cu ildən əvvəl özlərindən asılı olmayan səbəblərdən Rumıniya vətəndaşlığını itirmiş şəxslər və onların varisləri Rumıniya vətəndaşlığını yenidən əldə edə bilərdilər.
22. İlkin olaraq 1994-cü il 29 iyulda qəbul edilmiş və 1994-cü il 27 avqustda qüvvəyə minmiş Moldova Konstitusiyasına görə Moldova vətəndaşları yalnız müstəsna hallarda hər hansı başqa bir dövlətin də vətəndaşlığına malik ola bilərdilər. Lakin bu qadağa təcrübədə səmərəsiz idi, belə ki, rumın əsilli bir çox moldovalılar Rumıniya qanunvericiliyinin müddəalarından yararlanaraq itirilmiş Rumıniya vətəndaşlıqlarını yenidən əldə etmişlər. Eyni zamanda digər əsilli bir çox moldovalılar Rusiya, Ukrayna, Bolqarıstan və Türkiyə vətəndaşlıqlarını əldə etmişlər.
23. 2002-ci ildə Moldova Konstitusiyasının çox vətəndaşlılığı qadağan edən müddəası ləğv edilmişdir.
24. Çox vətəndaşlılığın qadağan edilməsinə dair Konstitusiya norması ləğv edildikdən sonra 2003-cü ilin 5 iyun tarixində Moldova parlamenti Vətəndaşlıq haqqında qanuna dəyişiklik edərək Moldova vətəndaşlarının başqa dövlətlərin vətəndaşlığına malik olmalarının qarşısını alan məhdudiyyəti ləğv etmişdir (aşağıda 74-cü bəndə bax). Yeni müddəalara görə çox vətəndaşlılığa malik olanlar heç bir istisna olmadan yalnız Moldova vətəndaşlığına malik olan şəxslər ilə bərabər hüquqlara malik idilər (aşağıda 75-ci bəndə bax).
25. Dəqiq məlum olmayan tarixdə ərizəçi Rumıniya vətəndaşlığını əldə etmişdir. Onun hazırkı Rumıniya pasportu 2005-ci ilin dekabrında verilmişdir. Sonradan o, Rumıniya vətəndaşlığına malik olmasını açıq şəkildə bəyan etmişdir.
26. 1991-ci ildən bəri Rumıniya vətəndaşlığını əldə etmiş moldovalıların sayı məlum deyil, belə ki, Rumıniya Hökuməti heç vaxt bu məlumatı ictimaiyyətə açıqlamayıb. Lakin hesablamalara görə 1991-2001-ci illər arasında 95 mindən 300 minə qədər moldovalı Rumıniya vətəndaşlığını əldə etmişdir. 2007-ci ilin 4 fevralında Rumıniya prezidenti verdiyi müsahibədə bildirmişdir ki, təxminən 800 min moldovalı Rumıniya vətəndaşlığını əldə etmək üçün müraciət etmişdir və onun Hökuməti bu rəqəmin 1,5 milyona çatacağını gözləyir. Qeyd edilməlidir ki, 2007-ci ilin sonunda Moldova vətəndaşlarının sayı 3,8 milyon idi.
27. Rumıniyadan başqa ölkənin vətəndaşlığına malik olan moldovalıların sayı da məlum deyil. Lakin ehtimallara görə bu rəqəm kifayət qədər böyükdür və güman ki, Rumıniyadan sonra ikinci ən yayılmış vətəndaşlıq Rusiya vətəndaşlığıdır. 2008-ci il 16 sentyabrda Moldovadakı Rusiya səfiri televiziyaya verdiyi müsahibəsində Dnestr çayının hər iki sahilində (başqa sözlə bütün Moldova ərazisində) 120 min moldovalının Rusiya pasportuna malik olduğunu bildirmişdir.
28. Moldova Hökuməti Palataya təqdim etdiyi qeydlərində bildirmişdir ki, Dnestryanı bölgənin əhalisinin üçdə bir hissəsi ikili vətəndaşlığa malikdir. Lakin parlamentin Kommunist Partiyasından olan deputatı cənab V.Mişin 273 nömrəli qanunun parlamentdə müzakirəsi zamanı (aşağıda 78-81-ci bəndlərə bax) ikili vətəndaşlığa malik olan moldovalıların sayının təxminən 500 min olduğunu bildirmişdir.
C. 2008-ci il seçki islahatından öncə Moldovada siyasi təkamül prosesinə ümumi baxış
29. 2009-cu il seçkilərindən öncəki son on il ərzində Moldova Kommunist Partiyası ölkədə hakim mövqedə olan və parlamentdə ən çox təmsil olunan partiya idi.
30. Kommunist Partiyasından başqa ölkədə kifayət qədər az nüfuza malik olan iyirmi beşdən çox digər siyasi partiyalar fəaliyyət göstərirdi. Daimi qeyri-sabitlik səbəbindən onların dəqiq sayını təsbit etmək çətin olmuşdur. Bu partiyaların mövqeyi daha zəif olduğundan onların yalnız bir neçəsi son parlament seçkilərində mandat əldə etmək üçün tələb olunan 6 faizlik seçki baryerini aşa bilmişdir.
31. 2001-ci il seçkilərində Xristian Demokratik Xalq Partiyası seçkilərdə iştirak etmiş iyirmi yeddi partiya içərisində Kommunist Partiyasından başqa seçki baryerini aşmış yeganə partiya olmuş və səslərin təxminən 8 faizini toplamışdır. Digər altı partiya seçki blokunda (ümumi siyahıda) birləşmiş və bu yolla səslərin təxminən 13 faizini toplaya bilmişdir. Kommunist Partiyası səslərin təxminən 50 faizini toplamış və nəzərə alınmamış səslərin proporsional qaydada bölünməsindən sonra parlamentdəki 101 yerin 71-ni qazanmışdır.
32. 2002-ci ildə seçki qanunvericiliyinə dəyişiklik edilmişdir. Partiyaların parlamentdə mandat əldə edə bilmələri üçün 6 faizlik seçki baryeri saxlanılmış, bununla yanaşı iki partiyadan ibarət seçki blokları üçün 9, üç və ya daha çox partiya blokları üçün 12 faizlik yeni baryer müəyyən edilmişdir.
33. 2005-ci il seçkilərində iştirak etmiş iyirmi üç partiyadan yenidən yalnız Xristian Demokratik Xalq Partiyası (Kommunist Partiyasından başqa) seçki baryerini aşa bilmiş və səslərin 9 faizini toplamışdır. Seçki blokunda birləşmiş digər üç partiya səslərin təxminən 28 faizini, Kommunist Partiyası isə təxminən 46 faizini toplamışdır. Nəzərə alınmamış səslərin proporsional qaydada bölünməsindən sonra Kommunist Partiyası parlamentdəki 101 yerin 56-nı qazanmışdır.
34. 2005-ci ilin iyulunda beynəlxalq müşahidəçilərin və Avropa Şurasının təkidli tənqidlərindən sonra parlament yenidən Seçki Məcəlləsinə dəyişiklik etmiş və partiyalar üçün seçki baryerini 4 faiz, istənilən sayda partiyadan ibarət seçki blokları üçün isə 8 faiz müəyyən etmişdir. Avropa Şurasının Qanun Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (“Venesiya Komissiyası”) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (“ATƏT”) partiyalar üçün seçki baryerinin aşağı salınmasını müsbət qarşılamış və seçki blokları üçün də eyni baryerin müəyyən edilməsini təklif etmişlər. Onların fikrincə seçki blokları əməkdaşlığın daha sıx həyata keçirilməsi və hökumətin sabitliyinin təmin olunması üçün təşviq edilməlidirlər.
35. 2007-ci ilin iyununda keçirilmiş yerli seçkilərdə Kommunist Partiyası yerli qanunverici orqana seçkilərdə səslərin təxminən 40 faizini qazanmışdır. Yerli seçkilərdə seçki baryeri olmadığından yerli şuraların çoxunda yerlərin əksəriyyətini müxalifət partiyası qazanmışdır. Bu seçkilərdən sonra ərizəçi Kişinyov Bələdiyyə Şurasının üzvü olmuşdur.
36. Ərizəçi sonradan 2008-ci ilin yanvarında təsis edilmiş müxalifətçi Liberal Demokratik Partiyanın sədr müavini vəzifəsinə seçilmişdir.
D. 2008-ci ilin seçki islahatı
37. 2008-ci il 10 apreldə Moldova parlamenti tərəfindən həyata keçirilmiş seçki islahatı nəticəsində seçki qanunvericiliyinə üç mühüm dəyişiklik edilmişdir: seçki baryeri yenidən qaldırılaraq 4 faizdən 6 faizə çatdırıldı; seçki blokları və koalisiyalarının bütün formalarına qadağa qoyuldu; ikili vətəndaşlığı və ya çox vətəndaşlılığı olan şəxslərin parlamentin deputatı seçilməsinə qadağa qoyuldu.
38. İkili vətəndaşlığı və ya çox vətəndaşlılığı olan şəxslərin parlamentin deputatı olmasına qadağa qoyulmasını nəzərdə tutan dəyişiklik 273 nömrəli qanun ilə (aşağıda 78-80-ci bəndlərə bax) qüvvəyə minmişdir. Bu qanun parlament tərəfindən 2007-ci il 11 oktyabr tarixində birinci oxunuşda qəbul edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış layihəyə görə yalnız sadəcə Moldova vətəndaşlığına malik olan şəxslər hökumətdə və bəzi dövlət qulluğunda məsul vəzifə tuta və parlament seçkilərində namizəd ola bilərdilər (aşağıda 78-ci bəndə bax). Qanunda Dnestryanı ilə bağlı xüsusi müddəa mövcud idi (aşağıda 80-81-ci bəndlərə bax).
39. Qanun layihəsi ilə bağlı təqdim edilmiş izahedici qeyddə ədliyyə nazirinin müavini bildirmişdir:
“Vətəndaşlıq sahəsində ölkədə mövcud olan hazırkı vəziyyəti təhlil edərkən belə qənaətə gəlirik ki, moldovalıların başqa dövlətlərin vətəndaşlığını əldə etməyə meylilikləri Avropa İttifaqı ölkələrinə maneəsiz səfər etmək, sosial imtiyazlar əldə etmək, ailələri birləşdirmək, iş yeri tapmaq və təhsil almaq kimi imtiyazları əldə etmək arzusundan irəli gəlir.
Eyni zamanda başqa dövlətlərin vətəndaşlığına malik olan şəxslər bu dövlətlər qarşısında siyasi və hüquqi öhdəliklər daşıyırlar. Konkret şəxsin Moldova Respublikası ilə yanaşı başqa dövlət qarşısında öhdəlik daşıdığı hallarda bu fakt maraqların münaqişəsinin ortaya çıxmasına səbəb ola bilər.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq və yaranmış vəziyyətin həll olunması məqsədilə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edərək çox vətəndaşlılığa malik olan şəxslərin dövlətin funksiyalarının həyata keçirilməsində iştirakına qadağa qoyulmasını ağlabatan addım hesab edirik...
Lakin bu, o demək deyil ki, həmin şəxslər Moldova Respublikasında işləyə bilməzlər. Onlar dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmayan sahələrdə peşəkar fəaliyyətlərini icra edə bilərlər...”.
40. Parlamentdə keçirilmiş müzakirələr zamanı bir sıra müxalifət nümayəndələri qanun layihəsinin ilkin ekspertizadan keçirilməsi üçün Avropa Şurasına göndərilməsini xahiş etmişlər. Lakin deputatların əksəriyyəti bu təklifin əleyhinə səs vermişlər. Bunun əvəzinə müxalifətə yeni qanunla bağlı Konstitusiya Məhkəməsinə şikayət vermək təklif olunmuşdur. O zaman belə bir şikayət verilməmişdir (lakin aşağıda 54-58-ci bəndlərə bax). Müxalifətdən olan bir sıra deputatlar etiraz edərək bildirmişlər ki, çox vətəndaşlılığı olan şəxslərin deputat olmasını qadağan edən dəyişiklik layihəsi Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsinə ziddir (aşağıda 83-85-ci bəndlərə bax). Lakin ədliyyə nazirinin müavini bunun əksini bildirərək qeyd etmişdir ki, hər bir halda uyğunsuzluq olduğu təqdirdə parlament konvensiyasını denonsasiya etmək məsələsinə baxa bilər.
41. 2007-ci il 7 dekabr tarixində qanun layihəsi parlament tərəfindən son oxunuşda qəbul edilmişdir (aşağıda 78-ci bəndə bax). Lakin parlament tərəfindən qəbul edildikdən sonra prezident qanunu imzalamaqdan imtina etmiş və layihə yenidən baxılması üçün parlamentə göndərilmişdir.
42. Beləliklə, qanun layihəsinə yenidən dəyişiklik edilmiş və çox vətəndaşlılığa malik olan şəxslərin hökumətdə və dövlət qulluğunda tuta bilməyəcəkləri vəzifələrin siyahısı azaldılmışdır. Qanunverici orqana seçkilər ilə bağlı müddəalarda da dəyişiklik edilərək ikili vətəndaşlığı və ya çox vətəndaşlılığı olan şəxslərin qanunvericilik orqanına seçkilərdə namizədliklərini irəli sürmələrinə icazə verilmişdir; lakin namizəd kimi qeydiyyatdan keçməzdən öncə onlar başqa vətəndaşlıqları barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməli və deputat mandatları Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra digər dövlətlərin vətəndaşlığından imtina etməli və ya imtina etmək üçün müraciət etməli idilər (aşağıda 79-cu bəndə bax).
43. 2008-ci ilin 10 aprelində qanun layihəsi yenidən parlamentin hüquq komissiyası tərəfindən plenar iclasın müzakirəsinə çıxarılmışdır. Yuxarıda qeyd edildiyi kimi layihə həmin tarixdə qəbul edilmişdir. 273 nömrəli qanunda nəzərdə tutulmuş dəyişikliklər ilə bağlı olaraq Vətəndaşlıq haqqında qanunun vətəndaşların bərabərliyinə dair müddəasında istisna hal kimi qanun ilə nəzərdə tutulmuş hallarda fərqli rəftara imkan verən düzəliş edilmişdir (yuxarıda 24-cü və aşağıda 75-ci bəndə bax).
44. 2008-ci il 29 aprel tarixində prezident parlament tərəfindən 2008-ci il 10 aprel tarixində qəbul edilmiş qanunu imzalamışdır. 2008-ci il 13 mayda qanun rəsmi qəzetdə dərc edilmiş və bununla da qüvvəyə minmişdir. Seçki qanunvericiliyinə digər iki dəyişiklik (yuxarıda 37-ci bəndə bax) də 2008-ci ilin mayında qəbul edilərək qüvvəyə minmişdir.
E. Seçki islahatına beynəlxalq reaksiya
1. Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası
45. 2008-ci il 29 aprel tarixində İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası (“İDAK”) 2007-ci il 14 dekabr tarixində qəbul edilmiş hesabatını aşıqlamışdır. Bu hesabatda İDAK ikili vətəndaşlıq və çox vətəndaşlılıq ilə bağlı dəyişikliklərə dair öz narahatlığını ifadə etmişdir:
“16. İDAK maraq hissi ilə qeyd edir ki, Vətəndaşlıq haqqında qanunun 25-ci maddəsi Moldova tərəfindən ratifikasiya edilmiş Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsinə uyğun olaraq eyni zamanda başqa bir dövlətin vətəndaşı olan və Moldovada qanuni və daimi yaşayış yeri olan Moldova vətəndaşlarının digər Moldova vətəndaşları kimi eyni hüquq və vəzifələrə malik olduqlarını təsbit etmişdir. Bu baxımdan İDAK bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsini nəzərdə tutan və parlament tərəfindən 2007-ci il 11 oktyabr tarixində ilk oxunuşda qəbul edilmiş qanun layihəsi ilə bağlı narahatlığını ifadə etmək istəyir. Bu qanun layihəsinə görə yalnız sadəcə Moldova vətəndaşlığı olan şəxslər hökumətdə və vəzi dövlət qulluğunda məsul vəzifələr tuta bilərlər. İDAK əldə etdiyi informasiyadan belə başa düşür ki, qanun layihəsi hazırkı vəziyyətində qüvvəyə minərsə, çox vətəndaşlılığı olan Moldova vətəndaşları dövlət funksiyalarının həyata keçirilməsində iştirak məsələlərində digər Moldova vətəndaşları ilə müqayisədə ciddi şəkildə əlverişsiz vəziyyətə düşəcəklər. Buradan belə görünür ki, qanun hazırkı vəziyyətində qüvvəyə minərsə, bu ayrı-seçkiliyə, başqa sözlə vətəndaşlıq əlaməti üzrə əsassız fərqli rəftara səbəb olacaqdır. İDAK başa düşür ki, bu hesabatın yazılması zamanı Moldovada qeyd olunan qanun layihəsi ilə bağlı geniş müzakirələr aparılır və istər milli, istərsə də beynəlxalq səviyyədə bir çoxları layihənin milli və beynəlxalq standartlara cavab verməsi üçün onun mətninə layihənin yekun qəbulundan öncə tam şəkildə yenidən baxılmasının vacibliyini vurğulamışlar.
...
18. İDAK qanun layihəsinin ayrı-seçkiliyə yol verilməməsi prinsipinin vətəndaşlıq əlaməti üzrə pozulmasına və ya vətəndaşlıq haqqında qanuna bu yaxınlarda edilmiş və çox vətəndaşlılığa icazə verən dəyişikliyin gətirdiyi bütün faydaların puça çıxmasına imkan verilməməsini təmin etmək üçün Moldova hakimiyyətinə 2007-ci il 11 oktyabrda qəbul edilmiş qanun layihəsinə yenidən baxmağı təkidlə tövsiyə edir.”
2. Avropa Şurası Parlament Assambleyasının Avropa Şurasının üzvü olan Dövlətlər tərəfindən Öhdəliklərinə Əməl Edilməsi üzrə Komitəsi
46. 2007-ci il 14 sentyabr tarixli Moldova tərəfindən öhdəliklərinə əməl olunmasına dair hesabatında Parlament Assambleyasının Avropa Şurasının üzvü olan Dövlətlər tərəfindən Öhdəliklərinə Əməl Edilməsi üzrə Komitəsi (“Monitorinq Komitəsi”) aşağıdakıları qeyd etmişdir:
“20. Assambleya Avropa Şurasının ekspertləri tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsi səviyyəsini qiymətləndirmək məqsədilə Moldova hakimiyyəti tərəfindən edilmiş səyləri dəyərləndirir. Lakin Avropa Şurası qarşısındakı öhdəliklər ilə bağlı olan sahələrdə qanun layihəsi bütünlükdə ekspertiza üçün təqdim edilməli və Avropa Şurasının ekspertləri ilə müzakirə edilməlidir.”
47. 2008-ci il 9 iyunda qəbul edilmiş “Avropada demokratiyanın vəziyyəti: Avropada demokratik təsisatların fəaliyyəti və Assambleyanın monitorinq prosedurunun əldə etdiyi tərəqqi” adlı hesabatında Monitorinq Komitəsi o cümlədən qeyd etmişdir:
“80. Moldovanın öhdəliklərinə əməl etməsinə dair 2007-ci il hesabatında (11374 nömrəli sənəd) komitənin Moldova üzrə həmməruzəçiləri 2005-ci ildə Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri alqışlamışlar. Xüsusilə fərdi partiyalar tərəfindən təqdim edilən partiya siyahıları üçün seçki baryeri 4 faizə, siyasi partiya koalisiyaları üçün isə 8 faizə endirilmişdir...
82. Monitorinq Komitəsi Seçki Məcəlləsinə bu yaxınlarda təklif olunmuş dəyişikliklər ilə bağlı narahatlıq hissi keçirir. 2008-ci ilin aprelində Moldova parlamenti yenidən Seçki Məcəlləsinə dəyişiklik edərək partiyalar üçün seçki baryerini 6 faizə qaldırmışdır. Bundan əlavə, siyasi partiyaların koalisiyaları tərəfindən ümumi siyahıların – “seçki bloklarının” yaradılması qadağan edilmişdir. Bu tədbirlər narahatlıq doğurmuş və komitə qısa bir müddət ərzində 15 apreldə Moldova nümayəndə heyəti ilə fikir mübadiləsi aparmaq qərarına gəlmişdir. Seçki qanunvericiliyi siyasi göstərişlərə uyğun olaraq iki-üç ildən bir dəyişdirilməməlidir. O, əsl plüralist demokratik təsisatların yaradılmasına kömək etmək məqsədilə siyasi qüvvələrin geniş dairəsinə siyasi proseslərdə iştirak etmək imkanı verməlidir. Həmməruzəçilər 2009-cu ilin yazında keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq prosesinin müşahidəsi zamanı yeni dəyişiklikləri, həmçinin bu yeni qanunvericilik təşəbbüsünün səbəblərini yaxından araşdıracaqlar.”
3. Avropa Şurası Parlament Assambleyası
48. Avropada demokratiyanın vəziyyətinə dair Parlament Assambleyası tərəfindən 2008-ci il 25 iyunda qəbul edilmiş 1619 nömrəli (2008) qətnamədə də məsələ ilə bağlı narahatçılıq ifadə olunmuşdur:
“5.3. Assambleya Moldova parlamentinin partiya siyahıları üçün seçki baryerinin 6 faizə qədər qaldırılması ilə bağlı bu yaxınlarda qəbul etdiyi qərarı təəssüf hissi ilə qarşılayır”.
49. Moldovada demokratik təsisatların fəaliyyəti ilə bağlı 1666 (2009) nömrəli qətnaməsində qeyd edilmişdir:
“...Parlament Assambleyası 2009-cu il 5 aprel tarixində keçiriləcək parlament seçkilərindən öncə seçki prosesinin təkmilləşdirilməsi və dövlətin demokratik təsisatlarının gücləndirilməsi ilə bağlı əvvəllər verilmiş tövsiyələrə Moldova hakimiyyəti tərəfindən qismən əməl edilməsi ilə bağlı ciddi narahatlığını ifadə edir. 2008-ci ilin aprelində Seçki Məcəlləsinə edilmiş dəyişiklik seçki baryerini 4 faizdən 6 faizə qaldırmışdır və siyasi partiyalar və sosial-siyasi təşkilatların seçki koalisiyaları yaratmasını nəzərdə tutmamış və çox vətəndaşlılığa malik olan Moldova vətəndaşlarının ali dövlət funksiyalarının yerinə yetirilməsinə iştirakına qadağa qoymuşdur. Bu dəyişikliklərin ümumi məqsədi bir sıra siyasi partiyaların siyasi proseslərdə səmərəli iştirakı imkanlarını məhdudlaşdırmaq, beləliklə də plüralizmi zəiflətmək olmuşdur.”
50. O, Moldovanı aşağıdakıları etməyə dəvət etmişdir:
“8.1. siyasi partiyalar üçün seçki baryerini aşağı salmaq, beləliklə də, daha geniş plüralizm naminə siyasi prosesə imkan yaratmaq məqsədilə Qanun vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) ilə əməkdaşlıq şəraitində seçki qanunvericiliyi sahəsində islahatları davam etdirmək; ...
8.2. “Tenase və Kirtoake Moldova Respublikasına qarşı” işi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının qəbul edilməsinə qədər Seçki Məcəlləsinin çox vətəndaşlılığa malik olan şəxslərin ali dövlət funksiyalarını yerinə yetirməsini qadağan edən maddəsinin tətbiqini dayandırmaq;...”
4. Qanun vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyası
51. 2008-ci il 23 oktyabrda Qanun vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyası (“Venesiya Komissiyası”) Seçki Məcəlləsinə 2008-ci ilin aprelində edilmiş dəyişikliklər ilə bağlı 2008-ci il 17-18 oktyabr tarixində qəbul edilmiş məruzəsini (484/2008 nömrəli rəy) açıqlamışdır. Məruzədə islahatın bütün aspektləri ilə bağlı tənqidi qeydlər ifadə olunmuşdur. Çox vətəndaşlılığa malik olan şəxslər ilə bağlı dəyişikliklərə dair məruzədə aşağıdakılar qeyd olunmuşdur:
“30. 13-cü maddənin 2-ci bəndinin yeni redaksiyası “Moldova Respublikası ilə yanaşı digər dövlətin vətəndaşlığına malik olan şəxslərin 75-ci maddə ilə müəyyən edilmiş qaydada” parlament seçkilərində deputat “seçilmək” hüququnu istisna edir. 75-ci maddənin 3-cü bəndinə görə çox vətəndaşlılığa malik olan şəxs yalnız o zaman namizədliyini irəli sürə bilər ki, seçkilərdən sonra o, Moldova vətəndaşlığından başqa digər vətəndaşlığından imtina etsin. Buna uyğunsuzluq kimi baxılmalıdır.
31. Yuxarıda qeyd edilənlər sadəcə normanın redaksiyası məsələsidir və bundan kənar vətəndaş hüquqlarının məhdudlaşdırılması çox vətəndaşlılıq əlamətinə əsaslanmamalıdır. Seçki Məsələlərində Mütərəqqi Təcrübə Məcəlləsi Moldova tərəfindən 1999-cu ilin noyabrında ratifikasiya edilmiş Vətəndaşlıq haqqında Avropa Konvensiyasına istinad edir və bu sənəd birmənalı şəkildə müəyyən edir ki, “iştirakçı dövlətin başqa bir dövlətin vətəndaşlığına malik olan vətəndaşları yaşadıqları iştirakçı dövlətin ərazisində həmin dövlətin digər vətəndaşları ilə eyni hüquq və vəzifələrə malik olmalıdırlar”.
32. Bundan əlavə, belə məhdudiyyət İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın, 1 saylı protokolun 3-cü maddəsinin və Konvensiyanın 14-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilər.”
5. Digər beynəlxalq qurumların tənqidləri
52. 2008-ci il 27 may tarixində Avropa İttifaqı-Moldova Əməkdaşlıq Şurasının Brüsseldə keçirilmiş iclasında Avropa İttifaqının Ümumi məsələlər və xarici əlaqələr şurasının sabiq sədri, Sloveniyanın xarici işlər naziri Moldovanın 2009-cu il parlament seçkilərini beynəlxalq standartlara uyğun şəkildə keçirməsinin vacib olduğunu bildirmiş və seçki qanunvericiliyinin dəyişdirilərək seçki baryerinin 6 faizə qaldırılmasından narahatlığını ifadə etmişdir.
53. Seçki islahatı ilə bağlı narahatlıq Avropa Şurası Parlament Assambleyasının sədrinin 2008-ci il 9 iyul tarixində Moldova parlamentində etdiyi çıxışında da ifadə olunmuşdur:
“...Mən qanunvericiliyə bu yaxında edilmiş və növbəti seçkilərdə tətbiq ediləcək dəyişikliklər, xüsusilə seçki baryeri və iki vətəndaşlıq məsələləri ilə bağlı rəy almaq üçün Venesiya Komissiyasına müraciət etməyi sizə təkidlə tövsiyə edirəm. Bunlar çox incə məsələlərdir və sizi bu dəyişiklikləri etməyə vadar edən səbəblər ilə beynəlxalq birliyin bu dəyişikliklərin Avropa Şurasının prinsiplərinə uyğunluğu məsələsindəki narahatlığı arasında düzgün balansın tapılması zəruridir.
F. Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət
54. 2008-ci il 9 dekabrda Liberal Demokratik Partiyanın sədri cənab Vlad Filat Konstitusiya Məhkəməsinə şikayət edərək 273 nömrəli qanunun Konstitusiyaya zidd olduğunu iddia etmişdir.
55. 2009-cu il 26 may tarixində Konstitusiya Məhkəməsi 273 nömrəli qanunun Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etmişdir. Məhkəmə qanunun bütünlükdə Konstitusiya uyğun olduğunu qət etmişdir. Məhkəmənin qərarına görə qanunun müddəaları aydın və birmənalı, rəsmi qəzetdə dərc olunduğu üçün barəsində məlumatın əldə edilməsi mümkün olmuş, nəticələri proqnozlaşdırılan xarakter daşımışdır, belə ki, bu müddəalar parlament seçkilərində namizədliklərini irəli sürmək istəyən, lakin başqa bir dövlətin də vətəndaşlığına malik olan Moldova vətəndaşlarının hüquqlarının məhdudlaşdırılmaması üçün müvafiq sosial yönümlü hərəkət etmək hüququnu kifayət qədər dəqiqliklə təsbit etmişdir. Məhkəmə vurğulamışdır ki, qanun ikili vətəndaşları deputat olmaq hüququndan məhrum etmir, belə ki, o, belə vətəndaşlara qanunun tələblərinə əməl etmək imkanı təklif edir. Bundan əlavə, məhkəmə qanunun müddəalarının beynəlxalq hüquq normalarına uyğun olduğunu hesab etmiş və belə bir nəticəyə gəlmişdir ki, müxtəlif beynəlxalq sənədlər dövlət qulluqçuları tərəfindən çox vətəndaşlılığa malik olmanın uyğunsuzluğunu təsbit etməyə imkan verir.
56. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, qanun legitim məqsədə, xüsusilə dövlət suverenliyinin vacibliyi və seçici ilə dövlət arasında daimi siyasi və hüquqi əlaqənin zəruriliyi fonunda Moldova dövlətinə sadiqliyə nail olunmasına yönəlmişdir. O hesab etmişdir ki, başqa bir dövlətin vətəndaşlığına malik olan Moldova vətəndaşları üçün Moldova vətəndaşlığının əhəmiyyəti kifayət qədər azalır, belə ki, bu zaman şəxs yalnız Moldova Konstitusiyasının tələblərinə və Moldova xalqının maraqlarına deyil, xarici dövlətin maraqlarına da tabe olmuş olur. Beləliklə, parlamentin deputatlarına ikili vətəndaşlığa malik olmaq imkanının verilməsi parlament üzvünün mandatının müstəqilliyi, dövlət suverenliyi, milli təhlükəsizlik və məxfi məlumatın yayılmaması kini Konstitusiyada nəzərdə tutulmuş prinsiplərə ziddir. Bu baxımdan Moldova dövlətini sarsıtmaq üçün atılan addımlar fonunda milli təhlükəsizliyin təmin olunması və Moldova dövlətçiliyinin gücləndirilməsi çox zəruri məsələyə çevrilmişdir.
57. Məhkəmə eyni zamanda müdaxilənin mütənasib olması qənaətinə gəlmişdir, belə ki, o, seçki hüququnun mahiyyətinə toxunmamış, sadəcə olaraq deputat seçilmək hüququnun həyata keçirilməsini yalnız Moldova vətəndaşlığına malik olma ilə şərtləndirmişdir. Vətəndaşlar tək vətəndaşlılığa malik olmanı tələb edən iş ilə çox vətəndaşlılıqlarını saxlamaqla başqa bir yerdə işləmək arasında seçim edə bilərlər.
58. Qanunun Moldova vətəndaşlarının bərabər hüquqluluğunun pozulması ilə nəticələnməsi məsələsinə gəlincə, məhkəmə hesab etmişdir ki, bərabərlik hüququ həmahənglik prinsipi ilə qarışıq salınmamalıdır. Çox vətəndaşlılığa malik olan şəxslər sadəcə Moldova vətəndaşlığına malik olan şəxslər ilə eyni vəziyyətdə olmadıqları üçün bu iki halı müqayisə etmək olmaz.
G. 2008-ci il seçki islahatından sonra siyasi proseslər
59. 2009-cu il 5 aprel tarixində parlamentə seçkilər keçirilmişdir. Kommunist Partiyası parlamentdə 60 yer qazanmışdır. Üç müxalifət partiyası isə birlikdə 41 yer qazanmışdır: bunlardan Liberal Demokratik Partiya və Liberal partiya hər biri 15 yer, Bizim Moldova Alyansı 11 yer qazanmışdır. Seçilmiş 101 deputatdan 21-i birdən çox dövlətin vətəndaşlığına malik olmuş və ya ikinci vətəndaşlığı əldə etmək üçün müraciət etmişdilər və buna görə də 273 nömrəli qanunun müddəalarının təsiri altına düşürdülər. Bu 21 deputatın hamısı müxalifət partiyalarının üzvləri idilər.
60. Ərizəçi aprel seçkilərində Moldova parlamentinin deputatı seçilmişdir. Deputat kimi fəaliyyətə başlamaq üçün onun Rumıniya vətəndaşlığından imtina etmək üçün müraciət etməsi tələb olunurdu. Bu məqsədlə o, Kişinyovdakı Rumıniya səfirliyinə məktub yazaraq Rumıniya vətəndaşlığından imtina etmək üçün təşəbbüslə çıxış etməyə məcbur olduğunu, lakin hazırkı iş üzrə Böyük Palatanın qərar qəbul etməsindən sonra məktubu geri götürmək hüququnu özündə saxladığını bildirmişdir.
61. 2009-cu il 22 apreldə Konstitusiya Məhkəməsi ərizəçinin Rumıniya səfirliyinə məktubunu nəzərə alaraq onun mandatını etibarlı hesab etmişdir.
62. Kommunist Partiyası sonradan Respublikanın prezidentini seçmək istəmişdir. Lakin iki dəfə onlar prezidentin seçilməsi üçün tələb olunan 61 deputatın səsini əldə edə bilməmişlər. Buna görə də 2009-cu ilin 15 iyununda parlament buraxılmışdır. Yeni parlament seçkilərinin keçirilməsi 2009-cu il 29 iyul tarixinə təyin edilmişdir.
63. Parlament buraxılmazdan öncə yenidən seçki qanunvericiliyinə dəyişiklik edərək seçki baryerini 6 faizdən 5 faizə salmış və seçkilərin baş tutmuş hesab olunması üçün məcburi iştirak kvorumunu qeydiyyata alınmış seçicilərin 51 faizindən üçdə bir hissəsinə qədər azaltmışdır. Müxalifət edilmiş dəyişikliklər ilə bağlı narahatlığını ifadə etmiş və bildirmişdir ki, bu dəyişikliklərin məqsədi əvvəlki seçkilərdə Kommunist Partiyasının müttəfiqi olmuş Xristian Demokratik Xalq Partiyasının seçki baryerini aşaraq parlamentdə təmsil olunmasına şərait yaratmaqdır.
64. Eyni zamanda Kommunist Partiyasının tanınmış üzvü və əvvəlki çağırış parlamentin sədri cənab Marian Lupu Kommunist Partiyasını tərk edərək 2009-cu il aprel seçkilərində seçki baryerini keçə bilməmiş xırda Demokratik Partiyanın rəhbəri seçilmişdir.
65. 2009-cu il 29 iyul tarixində keçirilmiş seçkilərdə seçki baryerini beş partiya aşmışdır. Kommunist Partiyası parlamentdəki yerlərin 48-ni, Liberal Demokratik Partiya 18-ni, Liberal Partiya 15-ni, Demokratik Partiya 13-nü və Bizim Moldova Alyansı 7-ni qazanmışdır. Son dörd partiya Avropaya İnteqrasiya Uğrunda Alyans adlı koalisiya təsis etmişlər. Koalisiya parlamentdə 53 yerə, beləliklə, səslərin əksəriyyətinə malik idi.
66. Ərizəçi yenidən parlamentin deputatı seçilmişdir. Rumıniya vətəndaşlığından imtina üçün müraciət etdiyini təsdiq edən sənədləri təqdim etdikdən sonra (yuxarıda 60-cı bəndə bax) onun mandatı sonradan Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmişdir.
67. 2009-cu il 28 avqust tarixində cənab Mihai Qimpu deputatların əksəriyyəti tərəfindən parlamentin sədri seçilmişdir. 2009-cu il 11 sentyabrda Moldovanın prezidenti cənab Vladimir Voronin istefa vermişdir. Moldova Konstitusiyasına uyğun olaraq cənab Qimpu parlamentin sədri kimi prezident seçilənə qədər dövlət başçısının funksiyalarını icra etmişdir.
68. 2009-cu il 25 sentyabrdan başlayaraq Moldova Avropaya İnteqrasiya Uğrunda Alyans tərəfindən idarə edilmişdir. Həmin tarixdə cənab Vlad Filat rəsmən Baş nazir vəzifəsinə təyin edilmişdir. Bir sıra digər nazirlər də rəsmən vəzifəyə təyin olunmuşlar. Ərizəçi ədliyyə naziri vəzifəsinə təyin edilmişdir. Moldova qanunvericiliyinə görə ərizəçi nazir vəzifəsinə təyin edildikdən sonra altı ay ərzində parlamentin deputatı mandatını saxlayacaqdı.
69. 2009-cu il 10 noyabrda parlament cənab Marian Lupunun prezident vəzifəsinə seçilməsi üçün ilkin cəhd etmişdir. Tələb olunan 61 səs toplanmadığı üçün cənab Lupu prezident seçilə bilməmişdir. Kommunist Partiyası səsvermədə iştirakdan imtina etmişdir. Prezidenti seçmək üçün ikinci cəhd 2009-cu il 7 dekabrda edilmişdir. Lakin bu dəfə də tələb olunan 61 səs toplanmadığı üçün cəhd uğursuz olmuşdur.
70. Moldova Konstitusiyasına görə koalisiya prezidenti seçə bilmədiyi üçün yeni parlament seçkiləri keçirilməli idi.
II. MİLLİ HÜQUQ
A. Beynəlxalq müqavilələrin Moldova hüquq sistemində yeri
71. Moldova Respublikası Konstitusiyasının 4-cü maddəsində qeyd edilir:
“(1) Konstitusiyanın İnsan hüquqları və azadlıqları ilə bağlı müddəaları İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və Moldova Respublikasının iştirakçısı olduğu digər konvensiya və müqavilələrə uyğun şəkildə başa düşülməli və tətbiq olunmalıdır.
(2) Moldova Respublikası tərəfindən imzalanmış insan hüquqlarına dair konvensiya və müqavilələr ilə ölkənin milli qanunvericiliyi arasında ziddiyyət yaranarsa, beynəlxalq hüquq normaları üstün qüvvəyə malik olacaq. .”
72. Konstitusiyanın 8-ci maddəsində qeyd edilir:
“(1) Moldova Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və qoşulduğu müqavilələrə hörmət etməlidir ...”
73. Moldova Respublikasının Beynəlxalq müqavilələr haqqında 595 nömrəli qanununun müvafiq maddələrində qeyd edilir:
“Maddə 19. Beynəlxalq müqavilələrə uyğunluq
Beynəlxalq müqavilələrə pacta sunt servanda prinsipinə uyğun olaraq vicdanla əməl edilməlidir. Moldova Respublikası iştirakçısı olduğu beynəlxalq müqaviləyə əməl etməməyə haqq qazandırmaq üçün daxili qanunvericiliyinin müddəasına istinad edə bilməz.
Maddə 20. Beynəlxalq müqavilələrin tətbiqi
Xüsusi qanunvericilik aktı qəbul olunmadan tətbiq edilməli olan beynəlxalq müqavilələrin müddəaları Moldova hüquq sistemində hüquqi qüvvə malik olmaqla birbaşa tətbiq olunur. Müqavilələrin digər müddəalarının həyata keçirilməsi üçün xüsusi normativ aktlar qəbul olunmalıdır.
B. Moldova vətəndaşlığı haqqında qanun
74. Moldova Respublikasının vətəndaşlığı haqqında qanunun (2000-ci il 2 iyun tarixli 1024 nömrəli qanun) 2003-cü il 5 iyunda dəyişiklik edilmiş redaksiyasının 24-cü maddəsinə əsasən Moldovada çox vətəndaşlılığa icazə verilir və Moldova vətəndaşı tərəfindən başqa bir dövlətin vətəndaşlığının əldə edilməsi Moldova vətəndaşlığının itirilməsinə səbəb olmur.
75. Qanunun 25-ci maddəsinə görə Moldova ərazisində qanuni və daimi olaraq yaşayan və başqa dövlətin də vətəndaşlığına malik olan Moldova vətəndaşları digər Moldova vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. 273 nömrəli qanun 25-ci maddədə təsbit edilmiş vətəndaşların bərabər hüquqluluğu prinsipinə “qanun ilə nəzərdə tutulmuş hallarda” istisnalar müəyyən etmişdir.
76. 39-cu maddə naturalizasiya yolu ilə Moldova vətəndaşlığına qəbul olunan şəxslərin sadiqlik andı içmələrini təsbit edir. Andın mətnində deyilir:
“Mən, (anadan olma vaxtı və yeri) anadan olmuş (soyadı, adı), Moldova Respublikasının sadiq vətəndaşı olacağıma, onun Konstitusiyası və digər qanunlarına hörmətlə yanaşacağıma və dövlətin maraqları və ərazi bütövlüyünü təhlükə altına alacaq hər hansı hərəkət etməyəcəyimə and içirəm.”
C. Aktiv və passiv seçki hüququ
77. Konstitusiyada aktiv və passiv seçki hüququ ilə bağlı aşağıdakılar qeyd edilmişdir:
“Maddə 38. Aktiv və passiv seçki hüququ
(3) Səsvermə hüququ olan Moldova vətəndaşlarının seçilmək hüququ (passiv seçki hüququ) qanun ilə nəzərdə tutulmuş qaydada təmin edilir.
Maddə 39. Dövlət idarəçiliyində iştirak etmək hüququ
(1) Moldova vətəndaşları şəxsən və ya nümayəndələri vasitəsilə dövlət işlərinin idarə olunmasında iştirak etmək hüququna malikdirlər.
(2) Hər bir vətəndaşın qanun ilə nəzərdə tutulmuş qaydada dövlət funksiyalarının həyata keçirilməsində iştirak etmək hüququ var.”
78. 273 nömrəli qanun seçki qanununa dəyişikliklər etmişdir. 2007-ci il 7 dekabr tarixində parlament tərəfindən qəbul edilmiş, lakin prezident tərəfindən imzalanmamış qanun layihəsinin 10-cu maddəsi Seçki Məcəlləsinə dəyişiklik edilərək aşağıdakı müddəanın salınmasını təklif etmişdir:
“Səsvermə günü ən azı on səkkiz yaşı tamam olmuş, yalnız Moldova vətəndaşlığına malik olan, ölkənin ərazisində yaşayan və bu məcəllədə nəzərdə tutulmuş tələblərə cavab verən şəxslər deputatlığa namizəd ola bilərlər.”
79. 2008-ci il 13 mayda qüvvəyə minmiş 273 nömrəli qanunun son redaksiyasının 9-cu maddəsi ilə Seçki Məcəlləsinə aşağıdakı müddəa əlavə edilirdi:
“(1) Səsvermə günü ən azı on səkkiz yaşı tamam olmuş, Moldova vətəndaşlığına malik olan, ölkənin ərazisində yaşayan və bu məcəllədə nəzərdə tutulmuş tələblərə cavab verən şəxslər deputatlığa namizəd ola bilərlər.
(2) Namizədliyin qeydiyyata alınması zamanı başqa dövlətin vətəndaşlığına malik olan istənilən şəxs bu barədə və ya başqa dövlətin vətəndaşlığını əldə etmək üçün müraciət etməsi barədə məlumat verməlidir.
(3) Deputat mandatının etibarlı hesab edilməsi zamanı bu maddənin 2-ci bəndində göstərilmiş şəxs sənədlər təqdim edərək başqa dövlətin vətəndaşlığından imtina etdiyini və ya imtina etmək üçün müraciət etdiyini, yaxud başqa dövlətin vətəndaşlığını əldə etmək üçün verdiyi ərizəni geri götürdüyünü sübut etməlidir.
(4) Deputatlığa namizədliyin qeydiyyata alınması zamanı başqa dövlətin vətəndaşlığına malik olma və ya deputat mandatının həyata keçirilməsi zamanı başqa dövlətin vətəndaşlığını əldə etmə barədə məlumat verilməməsi Mərkəzi Seçki Komissiyasının xahişi əsasında deputat mandatının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi üçün kifayət edici əsas kimi çıxış edir.”
80. Dnestryanı bölgə ilə bağlı məsələ qanunun 21-ci maddəsi ilə tənzim edilmişdir:
“...(3) Hazırkı qanun ilə təsbit edilmiş uyğunsuzluqlar yalnız Dnestryanı bölgənin xüsusi hüquqi statusuna dair qanun ilə nəzərdə tutulduğu hallarda, bu bölgənin vətəndaşlarına münasibətdə tətbiq edilir.”
81. Qanunun bu maddəsi ilə bağlı parlamentdə müəyyən mübahisələr baş vermişdir. Bu mübahisələrin stenoqramının müvafiq hissələri aşağıda təqdim edilir:
“Vladimir Turkan, deputat, parlamentin təyinat və immunitet məsələləri üzrə hüquqi komitəsinin sədri – parlamentin 2007-ci il 7 dekabr tarixində keçirilmiş plenar iclası:
Vladimir Braqa, deputat:
Moldova Respublikasının vətəndaşı olan və Denstryanı bölgədə yaşayan vətəndaşlar ikili vətəndaşlığa malik olmaqda davam edəcəklər və bu zaman qanunun səmərəliliyi azalacaq və ya daha düzgün desək, bununla biz eyni zamanda Moldova Respublikasının vətəndaşları olan Dnestryanıdan olan vətəndaşlardan imtina etmiş oluruq.
Vladimir Turkan, deputat:
Bu, heç də belə deyil. Bur şey başa düşülməlidir. İlk növbədə, bu qanun bütün vətəndaşlara münasibətdə tətbiq olunmur. İkincisi, bu qanun yalnız dövlət orqanlarında vəzifə tutan şəxslərə şamil edilir. Üçüncüsü, biz bilərəkdən qanunun yekun və keçid müddəalarına qeyd-şərt əlavə etmişik: nəzərinizə onu çatdırmaq istəyirəm ki, üçüncü bənd Dnestryanının sol sahilində yaşayan və burada yerləşən dövlət orqanlarında çalışan şəxslərə şamil edilir, qeyd etdiyiniz şəxslərə bu qanun aid edilmir və onlara münasibətdə bu qanun yalnız Dnestryanı bölgənin xüsusi statusuna dair qanunda nəzərdə tutulduğu hallarda qeyd etdiyiniz şəxslərə münasibətdə tətbiq olunacaq.”
D. Konstitusiya Məhkəməsinə müraciət
82. Moldova Respublikasının Konstitusional yurisdiksiyaya dair məcəlləsinin 38-ci maddəsinə görə Konstitusiya Məhkəməsinə yalnız ölkənin prezidenti, hökumət, ədliyyə naziri, Ali Məhkəmə, İqtisad Məhkəməsi, Baş prokuror, deputatlar, parlament fraksiyaları və ombudsman müraciət edə bilərlər.
III. AVROPA ŞURASININ MÜVAFİQ SƏNƏDLƏRİ
A. Vətəndaşlıq haqqında Avropa Konvensiyası
83. Ümumiyyətlə və Moldova Respublikasına münasibətdə 2000-ci il 1 mart tarixində qüvvəyə minmiş Vətəndaşlıq haqqında Avropa Konvensiyasının preambulasında konvensiyanın məqsədləri izah olunur və müvafiq hissələrdə qeyd edilir:
“Vətəndaşlıq ilə bağlı məsələlərdə istər dövlətin, istərsə də fərdlərin qanuni maraqlarının nəzərə alınmasının zəruriliyini qəbul edərək;
...
Dövlətlərin çox vətəndaşlılıq məsələsinə fərqli yanaşdıqlarını qeyd edərək və vətəndaşının başqa dövlətin vətəndaşlığını əldə etməsi və ya ona malik olmasının hüquqi nəticələrinin müəyyən edilməsində dövlətlərin sərbəst olduğunu qəbul edərək;
...”
84. Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 15-ci maddəsi fərdlərin anadan olmaqla çox vətəndaşlılıq əldə etməsi və ya nikaha daxil olmaqla ikinci vətəndaşlıq əldə etməsindən başqa hansı hallarda çox vətəndaşlılığın əldə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Burada qeyd edilmişdir:
“Bu konvensiyanın normaları iştirakçı dövlətin ölkə qanunvericiliyində aşağıdakı məsələləri müəyyən etməsi hüququnu məhdudlaşdıra bilməz:başqa dövlətin vətəndaşlığını əldə edən və ya belə vətəndaşlığa malik olan vətəndaşının öz ölkəsinin vətəndaşlığını saxlaması və ya itirməsi məsələsi; öz ölkəsinin vətəndaşlığının əldə edilməsi və ya saxlanmasının başqa dövlətin vətəndaşlığını itirilməsi şərti ilə bağlı olması məsələsi.”
85. Çox vətəndaşlılığa dair hüquq və vəzifələr ilə bağlı 17-ci maddədə qeyd edilir:
“Başqa dövlətin vətəndaşlığına malik olan iştirakçı dövlətin vətəndaşları yaşadıqları iştirakçı dövlətin ərazisində həmin iştirakçı dövlətin digər vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
Bu maddənin müddəaları aşağıdakılara şamil edilmir:iştirakçı dövlətin eyni zamanda başqa dövlətin vətəndaşlığına malik olan vətəndaşlarının diplomatik və konsul müdafiəsi ilə bağlı beynəlxalq hüquq normalarına;çox vətəndaşlılıq ilə bağlı məsələlərə hər bir iştirakçı dövlətin beynəlxalq xüsusi hüquq normalarını tətbiq etməsinə.”
B. Avropa Şurası Venesiya Komissiyasının Seçki Məsələlərində Mütərəqqi Təcrübə Məcəlləsi (CDL-AD (2002) 23 rev)
86. Venesiya Komissiyası Seçki Məsələlərində Mütərəqqi Təcrübə Məcəlləsi qəbul etmişdir. Təcrübə Məcəlləsinə dair İzahedici Hesabatın müvafiq hissələrində qeyd edilir:
6b. Vətəndaşlıq haqqında Avropa Konvensiyasına görə ikili vətəndaşlığa malik olan şəxslər digər vətəndaşlar ilə eyni seçki hüquqlarına malikdirlər.
...
63. Demokratiyanın möhkəmlənməsi üçün olduqca əhəmiyyətli olan seçki prosesinə inamın təmin edilməsində qanunun sabitliyi həlledici rola malikdir. Qaydaların, xüsusilə mürəkkəb qaydaların tez-tez dəyişdirilməsi seçiciləri çaşdıra bilər. Bundan əlavə, seçicilər belə qənaətə gələ bilərlər ki, (bu qənaətin düzgün və ya yanlış olmasından asılı olmayaraq) seçki qanunvericiliyi sadəcə güclülərin əlində bir vasitədir və onların səslərinin seçkilərin nəticələrinə təsiri cüzidir.
64. Lakin təcrübədə əsas prinsiplərin deyil (bu prinsiplərə ciddi şəkildə etiraz edilmir) seçki qanunvericiliyinin daha spesifik xarakter daşıyan, xüsusilə per se seçki sistemi, seçki komissiyalarının tərkibi və seçki dairələrinin sərhədlərinin müəyyən edilməsinə dair qaydaların qorunmasına zərurət yaranır. Düzgün və ya yanlış mövqe olmasından asılı olmayaraq hesab edilir ki, bu üç element seçkilərin nəticələrinin müəyyən edilməsi üçün həlledici amillərdir və yalnız hakimiyyətdə olan partiyanın xeyrinə manipulyasiyaya deyil, hətta belə manipulyasiyanı xatırladan addıma yol verilməməsi təmin olunmalıdır.
65. Burada məsələ özü-özlüyündə mənfi xüsusiyyət hesab edilən seçki sistemlərinin dəyişdirilməsi deyil (bu sistemlər daim yaxşıya doğru dəyişdirilə bilər), onların tez-tez və ya seçkilərdən bilavasitə əvvəl (seçkilərə qədərki bir il ərzində) dəyişdirilməsidir. Hətta hər hansı manipulyasiyanın edilməsi nəzərdə tutulmasa belə, güman ki, dəyişikliklər partiyanın mövcud siyasi maraqlarının diktəsi ilə həyata keçiriləcəkdir.”
IV. AVROPA ŞURASININ ÜZVÜ OLAN DÖVLƏTLƏRDƏ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
87. Məhkəmənin malik olduğu məlumatdan belə görünür ki, Moldovadan başqa üç ölkə (Azərbaycan, Litva və Bolqarıstan) ikili vətəndaşlığı olan şəxslərin deputat seçilməsini açıq şəkildə qadağan edir. Azərbaycan və Litvada ümumiyyətlə ikili vətəndaşıq qadağan edilir; Bolqarıstanda isə ikili vətəndaşlığa icazə verilir. Dördüncü ölkə, Maltanın Konstitusiyasına görə “əgər şəxs könüllü olaraq və ya sadiqlik andı içməklə Maltadan başqa bir dövlətin vətəndaşlığını əldə etmişdirsə”, o, Nümayəndələr Palatasına deputat seçilə bilməz; bu müddəanın Malta vətəndaşlığına malik olmayan şəxslərə, yoxsa çox vətəndaşlılığa malik olan şəxslərə tətbiq edilməsi tam aydın deyil. Hər bir halda bu müddəanın təcrübədə tətbiq edildiyinə dair məlumat yoxdur və 2000-ci ildə Maltada ikili vətəndaşlığın ləğv edilməsindən sonra bu məhdudiyyətin qüvvədə qalacağının nəzərdə tutulub-tutulmadığı aydın deyil. İkili vətəndaşlığın icazə verildiyi Rumıniyada ikili vətəndaşlığa malik olan şəxslərin deputat seçilməsini qadağan edən müddəa 2003-cü ildə ləğv edilmişdir.
88. Latviyada parlamentin deputatlarının ikili vətəndaşlığa malik olmaları qadağan edilmir, lakin bu cür şəxslər prezident seçilə bilməzlər. Qeyd olunmalıdır ki, müəyyən məhdud hallarda icazə verilsə də, ikili vətəndaşlıq Latviya qanunvericiliyinə görə prinsip etibarı ilə qadağan edilir. Monako qanunvericiliyinə görə başqa dövlətdə dövlət qulluğunda və ya seçkili orqanda çalışan vətəndaşların Milli Şuranın üzvü olması məhdudlaşdırılır. Portuqaliya qanunvericiliyi ölkə ərazisində daimi yaşamayan, ikili vətəndaşlığa malik olan vətəndaşlarının vətəndaşı olduqları başqa dövlətin ərazisini əhatə edən seçki dairəsi üzrə deputat seçilmələrini qadağan edir.
89. Qısaca qeyd olunarsa, Avropa Şurasının üzvü olan üç dövlətdə - Moldova, Bolqarıstan və Maltada (yuxarıda qeyd edildiyi kimi burada da qeyri-müəyyənlik mövcuddur) hazırda ikili vətəndaşlığa icazə verilir, lakin belə şəxslərin parlamentin deputatı olmaları qadağandır. Bundan əlavə, Litva və Azərbaycanda istər ikili vətəndaşlıq, istərsə də ikili vətəndaşlığa malik olan şəxslərin deputat seçilməsi qadağan edilir. Moldovadan başqa yuxarıda qeyd edilən dörd dövlətdən ikisi, Litva və Azərbaycan Vətəndaşlıq haqqında Avropa Konvensiyasını imzalamamışlar; Bolqarıstan Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsinə qeyd-şərt etmişdir; Malta isə konvensiyanı imzalamış, lakin ratifikasiya etməmişdir.
90. Moldovadan başqa Avropa Şurasının üzvü olan iyirmi yeddi dövlətdə ikili vətəndaşlığa icazə verilir. 19 üzv dövlətdə ikili vətəndaşlıq prinsip etibarı ilə qadağan edilmişdir. Ukraynada ikili vətəndaşlıq qadağan edilmişdir.
91. Litva, Latviya və Estoniyada ikili vətəndaşlıq qadağan edilir. 2000-ci ildə həyata keçirilmiş əhalinin siyahıya alınmasına görə Estoniyada ikili vətəndaşlığa malik olan təxminən 200 şəxs var. Litvada belə şəxslərin sayı 700-dür. Latviya ilə bağlı rəqəmlər məlum deyil. Latviya və Estoniya əhalisinin təxminən 25 faizi əslən ruslardır.
92. Keçmiş Yuqoslaviyaya daxil olan dövlətlərdə - Xorvatiya, Serbiya, Sloveniya və keçmiş Yuqoslaviya Respublikası Makedoniyada ikili vətəndaşlığa icazə verilir. Buna baxmayaraq, Xorvatiya və Sloveniyada naturalizasiya olunmuş vətəndaşların ikili vətəndaşlığa malik olmalarına yol verilmir. Bosniya və Herseqovina və Monteneqro vətəndaşlarına yalnız ikitərəfli saziş bağladıqları dövlətlərin vətəndaşı olmağa icazə verir. Bu dövlətlərin əhalisinin əksəriyyəti etnik baxımdan qarışıqdır. Əhalisi etnik baxımdan daha çox qarışıq olan ölkə Monteneqro (43 % monteneqrolu; 31 % serb; 8 % bosniyalı; 17 % digər millətlər) və Bosniya və Herseqovinadır (48 % bosniyalılar; 37,1 % serblər; 14,3 % xorvatlar; 0,6 % digər millətlər). Bunlardan sonra keçmiş Yuqoslaviya Respublikası Makedoniya gəlir (64,2% makedoniyalı; 25,2% alban; 10,6% digər millətlər). Bu ölkələrdə ikili vətəndaşlığa malik olan şəxslərin sayı barədə məlumat yoxdur. Onların heç biri ikili vətəndaşlığa malik olan şəxslərin parlamentin deputatı seçilməsini qadağan etmir.
93. Avropa İttifaqının üzvü olan iyirmi yeddi dövlətdən on altısında ikili vətəndaşlığa icazə verilir, beş dövlətdə bu qadağan edilir və ya buna müstəsna hallarda icazə verilir (Çex Respublikası, Danimarka, Yunanıstan, Litva və Polşa). Altı dövlətdə isə (Avstriya, Estoniya, Almaniya, Latviya, Niderland və İspaniya) ikili vətəndaşlığa müəyyən hallarda icazə verilir. İki ölkədə, Litva və Bolqarıstanda ikili vətəndaşlığa malik olan şəxslərin parlamentin deputatı seçilməsi qadağan edilir. Daha üç dövlətdə (Latviya, Malta və Portuqaliya) məhdudiyyətlər mövcuddur (yuxarıda 87 və 88-ci bəndlərə bax).
HÜQUQİ MƏSƏLƏLƏR
94. Ərizəçi iddia etmişdir ki, başqa dövlətin vətəndaşlığına malik olan Moldova vətəndaşlarına parlamentin üzvü seçildikdən sonra deputat kimi fəaliyyət göstərməyin qadağan edilməsi ilə onun azad seçkilərdə namizədliyini irəli sürmək və seçildiyi təqdirdə deputat kimi fəaliyyət göstərmək hüququna, beləliklə də qanunverici orqanın seçilməsində xalqın iradəsini azad surətdə ifadə etməsinin təmin olunmasına müdaxilə edilmişdir. O, 1 saylı protokolun 3-cü maddəsinə istinad etmişdir ki, burada da qeyd edilir:
“Yüksək Razılığa Gələn Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəkildə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdəsinə götürürlər.”
95. O, eyni zamanda 1 saylı protokolun 3-cü maddəsi ilə yanaşı 14-cü maddə əsasında şikayət edərək çox vətəndaşlılığa malik olan və Dnestryanıda yaşayan Moldova vətəndaşları ilə müqayisədə ayrı-seçkiliyə məruz qaldığını bildirmişdir. Konvensiyanın 14-cü maddəsində qeyd edilir:
“Bu Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
I. İLKİN ETİRAZLAR
A. Zərərçəkmiş şəxs statusu
1. Palatanın gəldiyi nəticələr
96. Palata tərəfindən istinad edilmiş Məhkəmənin presedent hüququna görə əgər qanun şəxsin öz davranışını dəyişməsini tələb edirsə və ya şəxs qanunun birbaşa təsir göstərmək təhlükəsinin olduğu insanlar qrupuna daxildirsə, həmin şəxs fərdi tətbiq etmə tədbiri olmadan belə qanunun onun hüquqlarını pozmasından şikayət edə bilər. Palata hesab etmişdir ki, 273 nömrəli qanun ərizəçiyə birbaşa təsir göstərmişdir, belə ki, seçiləcəyi təqdirdə o, deputat kimi fəaliyyət göstərmək və ya ikili vətəndaşlığını saxlamaq kimi mürəkkəb seçim qarşısında qalacaqdı. Əlbəttə, bu mürəkkəb seçimdən xəbəri olması istər şəxsi səyləri, istərsə də elektoratın səslərini itirməsi təhlükəsi baxımından ərizəçinin seçki təşviqatına mənfi təsir göstərə bilərdi. Buna görə də Palata ərizəçinin zərərçəkmiş şəxs statusuna malik olmaması ilə bağlı etirazını rədd etmişdir.
2. Tərəflərin izahatları
a. Moldova Hökuməti
97. Hökumət Böyük Palataya təqdim etdiyi izahatlarında bildirmişdir ki, ərizəçi Konvensiyanın 34-cü maddəsinin mənasında zərərçəkmiş şəxs deyil, belə ki, Məhkəməyə şikayət 273 nömrəli qanun dərc edilməzdən əvvəl təqdim edilmişdir. Hökumət bundan əlavə “Oçiç Xorvatiyaya qarşı” işi üzrə qəbul edilmiş qərardada (no. 46306/99, ECHR 1999‑VIII) istinad edərək bildirmişdir ki, ərizəçinin tələbi mücərrəd şəkildə qanunvericiliyə yenidən baxılması məqsədi daşıyan actio popularis xarakteri daşıyır, belə ki, Məhkəməyə şikayət edilən dövrə qədər mübahisə predmeti olan qanun heç vaxt ərizəçiyə münasibətdə tətbiq edilərək ona zərər vurmamışdır. Hökumət bildirmişdir ki, ərizəçinin zərərçəkmiş şəxs statusuna malik olduğunu sübut etmək üçün Palata tərəfindən istinad edilmiş işlər fərqli xarakter daşıyır, belə ki, hazırkı işdən fərqli olaraq həmin işlərdə mübahisə predmeti olan qanun qüvvəyə minmişdi. Məhkəmə ərizəçini ona münasibətdə heç vaxt tətbiq edilməmiş, lakin qüvvəyə minmiş qanundan potensial zərər çəkmiş şəxs kimi tanısa da, o, əvvəllər heç zaman ərizəçini qanun layihəsindən zərər çəkmiş və ya potensial zərər çəkmiş şəxs kimi tanımamışdır. Öz mövqeyini müdafiə etmək üçün Məhkəmə “Fransada Yehova Şahidləri Xristian Federasiyası Fransaya qarşı” işi üzrə qərardada (no. 53430/99, ECHR 2001-XI) istinad etmişdir. Bu qərardadda Məhkəmə bildirmişdir ki, o, ərizəçinin barəsində şikayət verdiyi qanunvericilik aktının ehtiva etdiyi tədbirlərin məxfi xarakteri ilə bağlı olaraq ona münasibətdə həqiqətən də tətbiq olunduğunu nümayiş etdirmək imkanına malik olmadığı hallarda (yuxarıda qeyd edilmiş “Klass və Digərləri Almaniyaya qarşı”), homoseksual aktları qadağan edən qanunun güman ki, ərizəçinin də mənsub olduğu əhalinin müəyyən kateqoriyasına münasibətdə tətbiq edildiyi hallarda (“Dacon Birləşmiş Krallığa qarşı” (Dudgeon v. the United Kingdom, 22 October 1981, Series A no. 45)) və nəhayət, xaricilərin ölkədən məcburi çıxarılması barədə qərarın qəbul edildiyi, lakin icra olunmadığı və bu qərarın icrasının maraqlı şəxsləri deportasiya ediləcəkləri ölkədə 3-cü maddənin tələblərinə zidd rəftara məruz qalma təhlükəsi ilə üz-üzə qoyduğu (“Soerinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, 7 July 1989, Series A no. 161)) və ya ailə həyatına hörmət hüququnu pozduğu (“Beldjudi Fransaya qarşı” (Beldjoudi v. France, 26 March 1992, Series A no. 234)) hallarda potensial zərərçəkmiş şəxs anlayışını qəbul etmişdir. Hökumət bildirmişdir ki, iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edən zaman qanun layihələrindən Məhkəməyə şikayət edilə biləcəyinə razılıq verməmişlər. Ölkə səviyyəsində qanun layihələri ilə bağlı şikayət verilməsi mümkün olmadığı halda Avropa Məhkəməsinə belə şikayətlərin edilməsi mümkün olardısa, ərizəçilər subsidiarlıq prinsipini pozmaqla birbaşa Məhkəməyə müraciət etməyə təşviq edilmiş olardılar ki, bu zaman da Məhkəmə tərəfindən baxılacaq işlərin sayı xeyli miqdarda artmış olardı.
98. Hökumət bundan əlavə bildirmişdir ki, çox vətəndaşlılığa malik olan şəxslər Moldovada keçirilən seçkilərdə namizədliklərini irəli sürə bilərlər və onlar sadəcə olaraq mandatlarının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməsi üçün Moldovadan başqa dövlətin vətəndaşlığından imtina edilməsi üçün müraciət etdiklərini nümayiş etdirməlidirlər (yuxarıda 79-cu bəndə bax). Seçki Məcəlləsində imtina prosedurunun başa çatmaması ilə bağlı deputatın mandatının sonradan ləğv edilməsinə dair hər hansı müddəa mövcud deyil. Hazırkı işdə ərizəçinin mandatı təsdiq edildikdən sonra o, Rumıniya vətəndaşlığından imtina prosedurunu başa çatdırmazdısa belə, onun mandatının ləğv edilməsi mümkün deyildi.
b. Ərizəçi
99. Ərizəçi Məhkəməyə 273 nömrəli qanunun qüvvəyə minməsindən öncə müraciət etdiyini qəbul etmişdir. Lakin o bildirmişdir ki, qanun layihəsi artıq parlament tərəfindən qəbul edilmişdi (yuxarıda 38-ci bəndə bax) və buna görə də gec və ya tez onun prezident tərəfindən imzalanması və qüvvəyə minməsi qaçılmaz idi. Məhkəmə Hökumətə ərizə barədə 2008-ci il 17 iyun tarixində məlumat vermişdir və bu zaman mübahisə predmeti olan qanun artıq qüvvədə idi (yuxarıda 44-cü bəndə bax).
100. Ərizəçi eyni zamanda bildirmişdir ki, parlamentə seçildikdən sonra Rumıniya vətəndaşlığından imtina etmək üçün müraciət edənə qədər onun deputat kimi fəaliyyətinə icazə verilmirdi (yuxarıda 60, 61 və 66-cı bəndlərə bax). Əgər o, bu müraciəti etməkdən imtina etsəydi, deputat kimi fəaliyyət göstərə bilməyəcəkdi.
101. Buna görə də ərizəçi Məhkəmədən onun mübahisə predmeti olan qanundan zərər çəkdiyini tanımağı xahiş etmişdir.
c. Rumıniya Hökuməti
102. Rumıniya Hökuməti bildirmişdir ki, ərizəçi Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs hesab edilməlidir. Yuxarıda qeyd edilmiş “Klass və Digərləri Almaniyaya qarşı” işinin 34-cü bəndinə istinad edərək o, bildirmişdir ki, şəxs sadəcə tədbirin və ya qanunun mövcudluğu faktı üzrə zərərçəkmiş şəxs hesab oluna bilər və bu zaman həmin şəxs mübahisə predmeti olan tədbir və ya qanunun ona münasibətdə tətbiq edildiyini sübut etməli deyil. Rumıniya Hökuməti qeyd etmişdir ki, ərizə Məhkəməyə təqdim edilən zaman siyasətçi kimi fəaliyyət göstərən ərizəçi 2009-cu il seçkilərində namizədliyini irəli sürmək niyyətini ifadə etmişdir. Buna görə də yeni qanunun ona münasibətdə tətbiq ediləcəyi riski mövcud idi. Deputat seçildiyi halda ondan Rumıniya vətəndaşlığından imtina etmək üçün müraciət etməsi tələb olunacaqdı. Rumıniya Hökuməti hesab etmişdir ki, cavabdeh Hökumətin istinad etdiyi “Oçiç Xorvatiyaya qarşı” işinin hazırkı ərizəyə aidiyyəti yoxdur, belə ki, o işdə ərizəçi mübahisə predmeti olan qanunun şəxsən ona münasibətdə tətbiq oluna biləcəyini sübut edə bilməmişdir. Rumıniya Hökuməti bundan əlavə belə bir faktı da qeyd etmişdir ki, Palata öz qərarını qanunun qüvvəyə minməsindən sonra qəbul etmişdir. Buna görə də onun mövqeyinə görə ərizə heç də qanun layihəsi ilə əlaqəli olmamışdır.
103. Rumıniya Hökuməti Məhkəmədən cavabdeh Hökumətin etirazını rədd etməyi xahiş etmişdir.
3. Məhkəmənin qiymətləndirməsi
104. Məhkəmə bir daha təkrar edir ki, 34-cü maddə əsasında ərizə təqdim edə bilmək üçün şəxs, qeyri-hökumət təşkilatı və ya fərdlər qrupu Konvensiyada təsbit olunmuş hüquqların pozulmasından zərər çəkdiklərini iddia edə bilməlidirlər. Pozuntudan zərər çəkdiyini iddia edə bilmək üçün şəxs mübahisə predmeti olan tədbirin birbaşa təsirinə məruz qalmalıdır: Konvensiya burada nəzərdə tutulmuş hüquqların təfsiri üçün actio popularis müraciətlərin edilməsini nəzərdə tutmur və fərdlərə onlar üçün bilavasitə nəticələr doğurmayan milli hüquq normasından, sadəcə onun Konvensiyaya zidd gedə biləcəyini hesab etdikləri üçün şikayət etməyə icazə vermir. Lakin fərdi tətbiq tədbiri olmadığı halda belə, əgər qanun şəxsin davranışında dəyişiklik etməsini tələb edirsə və ya əgər şəxs qanunun bilavasitə təsirinə məruz qalmaq təhlükəsi ilə üzləşən insanlar qrupuna daxildirsə, bu qanunun onun hüquqlarını pozmasından şikayət edə bilər (bax: “Bödn Birləşmiş Krallığa qarşı” işi üzrə Böyük Palatanın qərarı (Burden v. the United Kingdom [GC],no. 13378/05, §§ 33 and 34, 29 April 2008); yuxarıda qeyd edilmiş ““Open Door” və “Dublin Well Woman” Məhdud Məsuliyyətli Cəmiyyətləri İrlandiyaya qarşı”, 44-cü bənd; və “Klass və Digərləri Almaniyaya qarşı” (Klass and Others v. Germany, 6 September 1978, § 33, Series A no. 28)).
105. “Burdov Rusiyaya qarşı” işində (Burdov v. Russia, no. 59498/00, § 30, ECHR 2002‑III) Məhkəmə qeyd etmişdir ki, Konvensiyaya görə ərizəçinin iddia edilən pozuntudan zərər çəkmiş şəxs olduğunu iddia edə bilib-bilməməsi məsələsi prosesin bütün mərhələlərində qaldırıla bilər (həmçinin bax: “E. Avstriyaya qarşı” (E. v. Austria, no. 10668/83, Commission decision of 13 May 1987, Decisions and Reports 52, p. 177)). Məhkəmə xatırladır ki, Konvensiyanın müddəaları elə təfsir olunmalıdır ki, burada təsbit edilmiş təminatlar praktiki və səmərəli olsun (bax, inter alia: yuxarıda qeyd edilmiş “Soerinq Birləşmiş Krallığa qarşı” və “Artiko İtaliyaya” qarşı (Artico v. Italy, 13 May 1980, § 33, Series A no. 37)). Ərizəçinin iddia edilən pozuntudan həqiqətən də zərər çəkdiyini müəyyənləşdirmək üçün yalnız ərizənin Məhkəməyə təqdim edildiyi zaman mövcud olan formal mövqe deyil, baxılan işin bütün halları, o cümlədən işə Məhkəmədə baxılması tarixindən öncə baş vermiş istənilən hadisə nəzərə alınmalıdır (bax, mutatis mutandis: “Akdivar və Digərləri Türkiyəyə qarşı” (Akdivar and Others v. Turkey, 16 September 1996, § 69, Reports of Judgments and Decisions 1996‑IV)).
106. Bu elementləri nəzərə alan Məhkəmə hesab edir ki, ərizəçinin zərərçəkmiş şəxs statusuna malik olub-olmaması Məhkəmənin işə baxması zamanı müəyyən edilməlidir və belə yanaşma işin hallarına görə əsaslı hesab edilir. Bu baxımdan Məhkəmə zərərçəkmiş şəxs statusunun itirilməsi ilə bağlı presedent hüququna istinad edir. Bu işlərdə Məhkəmə ərizənin Məhkəməyə təqdim edilməsindən sonra cavabdeh dövlət tərəfindən və ya cavabdeh dövlətdə müəyyən tədbirlərin görüldüyü və bunun iddia edilən pozuntunun nəticələrini adekvat surətdə aradan qaldırdığı, beləliklə də bunun nəticəsində Konvensiyanın 34-cü maddəsinin mənasında ərizəçiyə artıq zərərçəkmiş şəxs kimi baxılmasının mümkün olmadığı barədə cavabdeh Hökumətin etirazlarını araşdırmışdır (misal üçün bax: “Amuur Fransaya qarşı” (Amuur v. France, 25 June 1996, § 36, Reports 1996‑III); “Şevrol Fransaya qarşı” (Chevrol v. France, no. 49636/99, §37 to 43, ECHR 2003‑III); “Siliadin Fransaya qarşı” (Siliadin v. France, no. 73316/01, § 54 and 63, ECHR 2005‑VII); və “Ramazanova və Digərləri Azərbaycana qarşı” (Ramazanova and Others v. Azerbaijan, no. 44363/02, § 36 to 39, 1 February 2007)). Bir sıra işlərdə ərizənin təqdim edilməsindən sonra atılmış addımlar pozuntunun nəticələrini adekvat surətdə aradan qaldırdığı və buna görə də ərizəçi zərərçəkmiş şəxs statusunu itirdiyi üçün ərizələr qəbuledilməz hesab edilmiş və ya onlar baxılacaq işlərin siyahısından çıxarılmışdır (misal üçün bax: “Konrad Almaniyaya qarşı” (Conrad v. Germany, no. 13020/87, Commission decision of 13 April 1988); “Karaher Birləşmiş Krallığa qarşı (qərardad)” (Caraher v. the United Kingdom (dec.), no. 24520/94, ECHR 2000‑I); və “Ohlen Danimarkaya qarşı” (siyahıdan çıxarılmışdır) (Ohlen v. Denmark (striking out), no. 63214/00, §§ 28 to 31, 24 February 2005)). Buna görə də Məhkəmə işin bütün hallarını nəzərə alaraq Konvensiyanın 34-cü maddəsinin məqsədləri üçün ərizəçinin zərərçəkmiş şəxs statusuna malik olub-olmamasını araşdıracaq.
107. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisə predmeti olan qanun 2008-ci ilin mayında qüvvəyə minmişdir (yuxarıda 44-cü bəndə bax). Buna görə də hazırkı şikayət qüvvəyə minmiş qanun ilə bağlıdır.
108. Tədbirin ərizəçiyə münasibətdə tətbiq edilərək ona zərər vurması məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, 2009-cu il aprel seçkilərindən sonra ərizəçi deputat kimi fəaliyyətə başlamaq üçün mandatının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməsi məqsədilə Rumıniya vətəndaşlığından imtina prosedurunu başlamağa məcbur olmuş və bu prosedura başlamışdır (yuxarıda 60-61-ci bəndlərə bax). Yenidən 2009-cu il iyul seçkilərindən sonra ərizəçidən mandatının təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə imtina proseduruna başlamasına dair sübutlar təqdim etməsi tələb olunmuşdur (yuxarıda 66-cı bəndə bax). Buna görə də Məhkəmə belə qənaətə gəlir ki, 273 nömrəli qanun ərizəçi üçün bilavasitə nəticələr doğurmuşdur, belə ki, o, prosedura başlamağa məcbur edilmişdir ki, bu da onu Rumıniya vətəndaşlığını itirmək riski ilə üz-üzə qoymuşdur. Bundan əlavə, seçkilərdən öncə seçiləcəyi təqdirdə deputat kimi fəaliyyətə başlamaq üçün Rumıniya vətəndaşlığından imtina etmək istiqamətində addımlar atmasının tələb olunacağını bilməsi şübhəsiz ki, bütün seçki təşviqatı dövründə ərizəçiyə təsir göstərmişdir. Bundan əlavə, ola bilsin ki, o seçicilərin səslərini belə itirmişdir, belə ki, elektorat anlayırdı ki, o, ikili vətəndaşlığını itirmək təhlükəsi ilə üzləşərək deputat kimi fəaliyyətə başlamamaq qərarına da gələ bilərdi. Mübahisə predmeti olan qanun ərizəçiyə münasibətdə bilavasitə nəticələr doğurduğu üçün Məhkəmə belə qənaətə gəlir ki, görülmüş tədbir ona zərər vurmuşdur.
109. Hökumətin 273 nömrəli qanunun vətəndaşlıqdan imtina prosedurunu başa çatdırmağı deyil, sadəcə bu prosedura başlamağı tələb etməsi arqumentinə gəlincə, Məhkəmə bunun ərizəçini zərərçəkmiş şəxs statusundan məhrum etdiyini hesab etmir. Hazırda ərizəçinin mandatının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməsinə baxmayaraq, ondan Rumıniyanın dövlət orqanlarına məktub göndərərək bu ölkənin vətəndaşlığından imtina proseduruna başlanmasını xahiş etmək tələb olunmuş və ərizəçi də bunu etmişdir. Doğrudur ki, Rumıniya Hökuməti ərizəçini Rumıniya vətəndaşlığından məhrum etmək üçün hələ də müvafiq addımlar atmamışdır. Lakin Rumıniya dövlət orqanlarının davranışı ərizəçinin nəzarətində deyil və onlar ərizəçinin Rumıniya vətəndaşlığından imtinaya dair müraciəti ilə bağlı hər hansı tədbir görməmək öhdəliyini formal cəhətdən üzərilərinə götürməyiblər. Beləliklə, onlar istənilən vaxt imtina prosedurunu bitirmək barədə qərar qəbul edə bilərlər.
110. Hər bir halda hər dəfə ərizəçi parlament seçkilərində namizədliyini irəli sürmək istəyən zaman o, qanuna əməl etməsinin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib-edilməyəcəyini və Rumıniya Hökumətinin onun bu ölkənin vətəndaşlığından məhrum edilməsinə dair xahişini təmin etmək üçün tədbir görüb-görməyəcəyini bilmədiyi üçün qeyri-müəyyənlik ilə üzləşəcək.
111. Buna görə də ərizəçinin zərərçəkmiş şəxs statusuna malik olmamasına dair Hökumətin etirazı təmin edilmir.
B. Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi
1. Palatanın gəldiyi nəticə
112. Hökumət etiraz edərək bildirmişdir ki, ərizəçi dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir, belə ki, o, 273 nömrəli qanun ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik olan Ombudsmana şikayət edə biləcəyi halda bunu etməmişdir. Palata Hökumətin bu etirazını qəbul etməmişdir. Palata vurğulamışdır ki, dövlətdaxili hüquq müdafiə vasitələrini tükəndirmək tələbi yalnız istifadə edilməsi mümkün olan və səmərəli vasitələrə münasibətdə tətbiq olunur. Hazırkı işdə Hökumət tərəfindən qeyd edilən vasitəyə səmərəli vasitə kimi baxılması mümkün deyil, belə ki, ərizəçi birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilməzdi.
2. Tərəflərin izahatları
a. Moldova Hökuməti
113. Hökumət bildirmişdir ki, ərizəçi parlamentin deputatı olduğu üçün Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan (yuxarıda 82-ci bəndə bax) cənab Filatdan 273 nömrəli qanun ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət verməyi xahiş edə bilərdi. Ombudsman vasitəsilə Konstitusiya Məhkəməsinə müraciət etməyin səmərəli vasitə olmadığına dair Palatanın gəldiyi nəticəyə istinad edən Hökumət hazırkı vasitənin fərqli olduğunu bildirmiş və bunu onunla izah etmişdir ki, cənab Filat ərizəçinin müavin vəzifəsini tutduğu siyasi partiyanın sədri olmaqla ikili vətəndaşlığa malik idi və bu iş ilə bağlı artıq ərizəçiyə kömək etmişdi. Buna görə də Hökumət bildirmişdir ki, təklif olunan vasitədən ərizəçinin istifadə etməsi mümkün idi.
114. Hökumət vurğulamışdır ki, hazırkı işdə ortaya çıxan məsələ Konstitusiya ilə bağlı olmuşdur və onun yalnız Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi mümkün idi. Ərizənin qəbuledilənliyinə dair Palataya təqdim etdiyi izahatlarında Hökumət məsələ ilə bağlı Ombudsman vasitəsilə Konstitusiya Məhkəməsinə müraciət etmək imkanının mövcud olduğunu bildirmişdir. Hökumət bildirmişdir ki, qeyd edilən vasitənin mahiyyəti ondan ibarətdir ki, işə Konstitusiya Məhkəməsi tərəfindən baxıla bilərdi və ərizəçinin işi təqdim etmək üçün istifadə etmək istədiyi konkret vasitəçinin bu işə heç bir aidiyyəti yox idi. Buna görə də Hökumət bildirmişdir ki, hazırkı etiraz yeni müraciət deyil, əvvəlki etirazın təkrarıdır və buna görə də onun prosesin hazırkı mərhələsində bu etirazı qaldırması qadağan edilə bilməz.
115. Nəhayət, Hökumət qeyd etmişdir ki, qanunun Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün 2008-ci ilin dekabrında Konstitusiya Məhkəməsinə təqdim edilmiş vəsatət uğurlu olmuşdur, belə ki, vəsatət baxılması üçün qəbul edilmişdir (yuxarıda 54 və 58-ci bəndlərə bax). Sonradan Konstitusiya Məhkəməsinin qanunun Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etməsinə baxmayaraq, bu vasitə, beləliklə, açıq-aşkar səmərəli vasitə olmuşdur.
b. Ərizəçi
116. Ərizəçi Hökumət tərəfindən təqdim edilmiş etirazın yeni olduğunu bildirmişdir. Etiraz Məhkəmə tərəfindən ərizənin qəbuledilənliyi məsələsi araşdırılan zaman əldə edilməsi mümkün olmayan faktlardan asılı deyildi. Buna görə də ərizəçi “Seydoviç İtaliyaya qarşı” (Sejdovic v. Italy [GC], no. 56581/00, § 41, ECHR 2006‑II) işi üzrə qəbul edilmiş qərara istinad edərək bildirmişdir ki, Hökumət bu vasitədən istifadənin mümkünlüyü barədə qeydlərini ərizənin qəbuledilənliyinə dair yazılı və şifahi qeydlərində qaldırmalı idi. Ərizəçinin fikrincə Hökuməti bu tələbə əməl etmək öhdəliyindən azad etmək üçün hər hansı müstəsna hal mövcud deyil və buna görə də o, Məhkəmədən Hökumətin etirazını təmin etməməyi xahiş etmişdir.
117. Ərizəçi bildirmişdir ki, əgər məhkəmə etirazın prosesin bu mərhələsində qaldırılmasını mümkün hesab edərsə, qeyd olunmalıdır ki, cənab Filat vasitəsilə Konstitusiya Məhkəməsinə şikayət vermək 35-ci maddənin mənasında ərizəçinin istifadə edə biləcəyi səmərəli vasitə deyil. O qeyd etmişdir ki, bu vasitədən istifadə edilməsi mümkün deyil, belə ki, istənilən vətəndaşın belə şikayəti təqdim etmək hüququ yoxdur və 2009-cu ilin 22 aprel tarixində parlamentin deputatı kimi mandatı təsdiq edilənə qədər o, bu cür şikayətləri təqdim etmək hüququna malik olan şəxslərin dairəsinə daxil deyildi. Hər bir halda ərizəçi Konstitusiya Məhkəməsində baxılan işlərdə cənab Filatın nümayəndəsi kimi iştirak etmiş və bu Məhkəmədə qaldırılmış məsələləri Konstitusiya Məhkəməsində də qaldırmışdır. Bununla belə, Konstitusiya Məhkəməsi qanunun Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etmişdir (yuxarıda 55-ci bəndə bax). Beləliklə, əgər bu vasitə səmərəli hesab edilərsə, o, açıq-aşkar tükəndirilmişdir.
c. Rumıniya Hökuməti
118. Rumıniya Hökuməti bildirmişdir ki, cavabdeh Hökumət tərəfindən təklif edilən vasitə Böyük Palataya təqdim etdikləri izahatlarında ilk dəfədir ki, qaldırılır. O bildirmişdir ki, Məhkəmənin presedent hüququndan da aşkar şəkildə göründüyü kimi belə etirazlar yalnız ərizənin qəbuledilənliyi ilə bağlı təqdim edilən izahatlarda əks olunmalıdır. Bundan əlavə, Rumıniya Hökuməti qeyd etmişdir ki, cavabdeh Hökumətin etirazı qəbuledilənlik məsələsinin müzakirə olunduğu mərhələdə qaldırması üçün sərəncamında bütün zəruri faktlar olmuşdur və o, bunu etməməsinin izahını verə bilməmişdir. Beləliklə, bu etirazın verilməsini gecikdirməyə haqq qazandıran heç bir müstəsna hal olmamışdır və buna görə də cavabdeh Hökumət prosesin bu mərhələsində etirazı təqdim etmək hüququnu itirmişdir.
119. Rumıniya Hökuməti bildirmişdir ki, belə gecikdirmə halının mövcudluğuna baxmayaraq, əgər Məhkəmə etiraza baxılmasını mümkün hesab edərsə, qeyd olunmalıdır ki, təklif olunan vasitə 35-ci maddənin tələblərinə cavab vermir. Bu vasitədən ərizəçinin istifadə etməsi mümkün deyildi, belə ki, onun Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ yox idi və bu müraciəti yalnız vasitəçi vasitəsilə edə bilərdi. Bu zaman mübahisə predmeti olan qanun ilə bağlı şikayət verib-verməmək seçimi həmin vasitəçidən asılı idi.
3. Məhkəmənin qiymətləndirməsi
120. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədi dövlətlər tərəfindən törədilməsi iddia edilən pozuntular barədə Məhkəməyə müraciət edilməzdən öncə bu pozuntuların qarşısını almaq və ya onların doğurduğu nəticələri aradan qaldırmaq üçün iştirakçı dövlətlərə imkan yaratmaqdır. Buna görə də dövlətin hərəkətləri ilə bağlı məsələlərə onun öz hüquq sistemi çərçivəsində baxılması mümkündürsə, həmin dövlət bu hərəkətlərinə görə beynəlxalq qurum qarşısında cavab verməkdən azaddır (misal üçün bax: “Remli Fransaya qarşı” (Remli v. France, 23 April 1996, § 33, Reports 1996-II) və “Selmuni Fransaya qarşı” [Böyük Palatanın qərarı] (Selmouni v. France [GC], no. 25803/94, § 74, ECHR 1999-V)). Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə görə ərizəçi iddia edilən pozuntuların nəticələrini aradan qaldıra bilmək üçün istifadə edilməsi mümkün olan və kifayət edici vasitələrdən yararlanmalıdır. Qeyd edilən vasitələrin yalnız nəzəriyyədə deyil, təcrübədə də mövcudluğuna kifayət qədər əminlik olmalıdır. Belə olmadığı halda, bu vasitələr istifadəsi mümkün və səmərəli olma tələblərinə cavab verməyəcək (digər qərarlar ilə yanaşı bax: yuxarıda qeyd edilmiş “Akdivar və Digərləri Türkiyəyə qarşı” işi üzrə qərarın 66-cı bəndi).
121. Bundan əlavə, Məhkəmə təkrar edir ki, Məhkəmənin Prosedur Qaydalarının 55-ci qaydasına görə ərizənin qəbuledilməzliyi barədə bəyanat cavabdeh Razılığa Gələn Dövlət tərəfindən ərizənin qəbuledilənliyi ilə bağlı təqdim edilən yazılı və ya şifahi qeydlərdə qaldırılmalıdır (bax: “K. və T. Finlandiyaya qarşı” [Böyük Palata] (K. and T. v. Finland [GC], no. 25702/94, § 145, ECHR 2001-VII) və “N.C. İtaliyaya qarşı” [Böyük Palata] (N.C. v. Italy [GC], no. 24952/94, § 44, ECHR 2002-X)). Lakin konkret işlərdə Hökuməti ilkin etirazını qəbuledilənlik məsələsinin araşdırılması mərhələsində qaldırmaq öhdəliyindən azad edən müstəsna hallar ola bilər (bax: “Prokopoviç Rusiyaya qarşı” (Prokopovich v. Russia, no. 58255/00, § 29, ECHR 2004‑XI (extracts)) və yuxarıda qeyd edilmiş “Seydoviç İtaliyaya qarşı”, 41-ci bənd).
122. Məhkəmə hesab edir ki, Hökumətin prosesin bu mərhələsində etirazını qaldırmaq hüququndan məhrum olub-olmadığını yoxlamaq zəruri deyil. Belə ki, Məhkəmənin qənaətinə görə hər bir halda ərizəçinin hazırda təklif olunan vasitəni tükəndirməsi tələb oluna bilməz. Məhkəmə xatırladır ki, Palatanın müəyyən etdiyi kimi (cavabdeh Hökumət buna etiraz etməmişdir) qanun ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət verilməsi üçün Ombudsmana müraciət edilməsi səmərəli vasitə deyil, belə ki, ərizəçi Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququna malik deyil. Palatanın mövqeyi ilə razılaşmamaq üçün Məhkəmənin hər hansı əsası yoxdur. Eynilə Hökumət tərəfindən hazırda təklif olunan vasitədən də ərizəçi birbaşa istifadə edə bilməzdi, belə ki, o, Konstitusiya Məhkəməsinə birbaşa şikayət etmək hüququna malik deyildi və bu məhkəməyə şikayət vermək üçün o, cənab Filatın öz diskresion səlahiyyətlərini həyata keçirməsinə bel bağlamalı idi. Buna görə də Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin məqsədləri üçün bu vasitə səmərəli deyildi.
123. Hər bir halda aydındır ki, Konstitusiya Məhkəməsi qanunun Konstitusiyaya uyğunluğu barədə qərar qəbul etdiyi üçün (yuxarıda 54-58-ci bəndlərə bax) təklif olunan vasitə artıq tükəndirilmişdir. Belə olan vəziyyətdə Hökumətin etirazı təmin edilmir.
C. Ratione materiae uyğunsuzluq
1. Tərəflərin izahatları
a. Moldova Hökuməti
124. Böyük Palataya təqdim etdiyi izahatlarında Hökumət Palatanın qərarında Vətəndaşlıq haqqında Avropa Konvensiyasına istinad edildikdən sonra ilk dəfə olaraq ratione materiae prinsipi ilə bağlı etiraz qaldırmışdır. Hökumətin fikrincə Palata 1 saylı protokolun 3-cü maddəsində nəzərdə tutulmuş namizədliyini irəli sürmək hüququ ilə bağlı məsələni deyil, Konvensiya ilə qorunmayan çox vətəndaşlılıq və vətəndaşlıq əldə etmək hüquqları ilə bağlı məsələləri araşdırmışdır. Hökumət Vətəndaşlıq haqqında Avropa Konvensiyasının ratifikasiya edilib-edilməməsi məsələsinə Palata tərəfindən önəm verilməsinə etiraz etmişdir. Hökumət bildirmişdir ki, Moldova sadəcə olaraq Vətəndaşlıq haqqında Avropa Konvensiyasını denonsasiya edə və istədiyi təqdirdə 17-ci maddə ilə bağlı qeyd-şərt etməklə onu yenidən ratifikasiya edə bilər.
125. Hökumət bu etiraza işin mahiyyəti ilə bağlı qaldırılmış məsələlərə aid etiraz kimi baxmağı və işin mahiyyətinin araşdırılması zamanı ona baxılmasını xahiş etmişdir.
126. Hökumət “Bleciç Xorvatiyaya qarşı” [Böyük Palata] (Blečić v. Croatia [GC], no. 59532/00, §§ 63-69, ECHR 2006‑III) işi üzrə qəbul edilmiş qərara istinad edərək, işə baxılmasının hazırkı mərhələsində Məhkəmənin yurisdiksiyası ilə məsələlərə dair etiraz qaldırmaq hüququnu itirmədiyini bildirmişdir.
b. Ərizəçi
127. Ərizəçi bildirmişdir ki, prinsip etibarı ilə bu etiraz da ərizə qəbuledilən hesab edildikdən əvvəl qaldırılmalı idi və buna görə də Hökumət etirazı bu mərhələdə qaldırmaq hüququnu itirmişdir. Bununla belə, o qəbul etmişdir ki, Məhkəmə icraatında olan hər bir iş üzərində yurisdiksiyaya malik olub-olmadığını təsbit etməlidir və Məhkəmədən yurisdiksiya məsələsini prosesin istənilən mərhələsində araşdırması tələb olunur.
128. Ərizəçi sonda qeyd etmişdir ki, Hökumətin etdiyi şikayət 1 saylı protokolun 3-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqların təfsiri ilə bağlı olduğundan ilkin etiraz hesab edilməməlidir. O, Hökumət tərəfindən irəli sürülmüş dəlillərə şikayətin mahiyyəti ilə bağlı məsələlərin araşdırılması zamanı baxmağı Məhkəmədən xahiş etmişdir.
c. Rumıniya Hökuməti
129. Rumıniya Hökuməti dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi ilə bağlı cavabdeh Hökumətin etiraz hüququnun itirilməsinə dair dəlillərinə istinad edərək bildirmişdir ki, eyni dəlillər ratione materiae uyğunsuzluq ilə bağlı etiraza da tətbiq edilir. “Demir və Baykara Türkiyəyə qarşı” [Böyük Palata] (Demir and Baykara v. Turkey [GC], no. 34503/97, 12 November 2008) işindən fərqli olaraq burada cavabdeh Hökumət açıq şəkildə göstərmişdir ki, onun etirazı Palatanın qərarına cavab olaraq edilmişdir və dəlil əvvəllər mahiyyəti üzrə qaldırılmamışdır. Yuxarıda qeyd edilmiş “Bleciç Xorvatiyaya qarşı” işində Məhkəmə işə baxılmasının istənilən mərhələsində qaldırılması mümkün olan uyğunsuzluğa dair etirazları göstərsə də, göstərilmiş həmin etirazların heç biri hazırkı işdəki etiraza bənzəmir. Buna görə də Rumıniya Hökumətinin mövqeyinə görə cavabdeh Hökumət etirazı bu mərhələdə qaldıra bilməzdi.
130. Lakin əgər Məhkəmə Hökumətin etiraz hüququnu itirmədiyi qənaətinə gələrsə, Rumıniya Hökuməti etirazı işin mahiyyəti ilə bağlı məsələlər ilə birləşdirərək ona bu kontekstdə baxılmasını Məhkəmədən xahiş etmişdir. Rumıniya Hökuməti bildirmişdir ki, Konvensiyada nəzərdə tutulmuş hüquqların Moldova tərəfindən seçilmiş icrası üsulunu qiymətləndirmək məqsədilə onun üzərinə götürdüyü öhdəlikləri beynəlxalq sazişlər kontekstində təhlil etmək zəruridir. Rumıniya Hökuməti Konvensiya müddəalarının ayrıca götürülmüş şəkildə təfsir edilməsinin yol verilməzliyi və digər beynəlxalq hüquqi müqavilələrin nəzərə alınmasının zəruriliyinə dair Məhkəmənin qəti təsbit edilmiş presedent hüququna istinad etmişdir (misal üçün bax: “Emonet və Digərləri İsveçrəyə qarşı” (Emonet and Others v. Switzerland, no. 39051/03, § 65, ECHR 2007‑XIV) və “Əl-Adsani Birləşmiş Krallığa qarşı” [Böyük Palata] (Al-Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 55, ECHR 2001‑XI)”). Beləliklə, Rumıniya Hökumətinin fikrincə Palatanın 273 nömrəli qanun ilə nəzərdə tutulmuş məhdudiyyətlərin təhlili zamanı Moldova tərəfindən Avropa səviyyəsində üzərinə götürülmüş öhdəliklərə istinad etməsi doğru yanaşma olmuşdur. Bu baxımdan Rumıniya Hökuməti qeyd etmişdir ki, Moldova Vətəndaşlıq haqqında Avropa Konvensiyasını qeyd-şərt etmədən ratifikasiya etmişdir və dövlətlərin iştirakçısı olduqları beynəlxalq müqavilələri vicdanla yerinə yetirmək öhdəliyi beynəlxalq hüququn əsas prinsipidir.
2. Məhkəmənin qiymətləndirməsi
131. Məhkəmə qeyd edir ki, Hökumətin ratione materiae ilə bağlı etirazı əvvəllər ərizənin qəbuledilənliyinə dair məsələlərin araşdırılması mərhələsində qaldırılmamışdır və buna görə də o, yeni etirazdır. Bununla belə, Məhkəmə ratione materiae uyğunsuzluğa dair etirazın onun yurisdiksiyası ilə bağlı olduğunu qeyd edir və xatırladır ki, Məhkəmə işə baxılmasının istənilən mərhələsində yurisdiksiyaya malik olub-olmadığını araşdırmalıdır. Buna görə də hazırkı mərhələdə Hökumətin etiraz etmək hüququnu itirdiyini demək olmaz (bax, mutatis mutandis: yuxarıda qeyd edilmiş “Bleciç Xorvatiyaya qarşı”, 67-ci bənd ).
132. Tərəflər kimi Məhkəmə də hesab edir ki, bu etiraz ərizəçinin şikayətinin mahiyyəti ilə sıx bağlıdır. Buna görə də o, etiraza işin mahiyyəti ilə bağlı məsələlərin araşdırılması zamanı baxacaq.
Ç. Nəticə
133. Ərizə Konvensiyanın müddəalarına ratione materiae uyğunsuzluq, dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi və ya ərizəçinin zərərçəkmiş statusuna malik olmaması mülahizələri əsasında rədd edilə bilməz. Buna görə də Məhkəmə işin mahiyyəti ilə birlikdə baxılacaq ratione materiae uyğunsuzluq ilə bağlı etiraz istisna olmaqla, cavabdeh Hökumətin ilkin etirazlarını rədd edir.
II. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Palatanın gəldiyi nəticələr
134. Palata mübahisə predmeti olan müddəaların aydın ifadə olunduğunu və deputatların Moldova dövlətinə sadiqliyinin təmin edilməsi kimi qanuni məqsədə xidmət etdiyini qəbul etmişdir. Lakin o, hesab etmişdir ki, deputatların dövlətə sadiqliyinin təmin edilməsi məqsədilə Hökumətin istifadə etdiyi vasitələr qeyri-mütənasib olmuşdur. Buna görə də 1 saylı protokolun 3-cü maddəsi pozulmuşdur.
135. Tədbirin qeyri-mütənasibliyini qiymətləndirən zaman Palata Avropa Şurasının üzvü olan digər dövlətlərin təcrübəsini və deputatların sadiqliyini təmin etmək üçün Hökumətin istifadə edə biləcəyi başqa vasitələri (misal üçün deputatlardan and içməyi tələb etmək) nəzərdən keçirmişdir. O, həmçinin Vətəndaşlıq haqqında Avropa Konvensiyasının müddəalarını, yeni qanun ilə bağlı İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası və Venesiya Komissiyasının iradlarını diqqətə almışdır. Hətta Moldovanın siyasi təkamülünün xüsusi kontekstində belə Palata çox vətəndaşlılığa malik olan şəxslərin deputat kimi fəaliyyət göstərməsinin qadağan edilməsinə müsbət yanaşmamışdır. Bu zaman xüsusilə o fakt nəzərə alınmışdır ki, ciddi nəticələrə səbəb olan belə məhdudiyyət ümumi seçkilərdən təxminən bir il və ya hətta daha az müddət öncə təsbit edilmişdir.
B. Tərəflərin izahatları
1. Moldova Hökuməti
136. Hökumət ilkin qeydləri vasitəsilə izah etmişdir ki, 273 nömrəli qanun yalnız şəxsdən başqa dövlətin vətəndaşlığından imtina proseduruna başlamağı tələb edir (yuxarıda 79-cu bəndə bax). Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi (yuxarıda 98-ci bəndə bax) Konstitusiya Məhkəməsi parlamentin deputatının mandatını təsdiq etdikdən sonra bu mandatın sonradan ləğv edilməsi üçün hər hansı mexanizm mövcud olmamışdır; qanunda belə bir prosedura nəzərdə tutulmamışdır.
137. Hökumət izahatlarını Palata qarşısında da təkrar edərək şəxsin hüquqlarını həyata keçirməsinə edilmiş müdaxilənin qanuni olduğunu və sadiqliyi təmin etmək, dövlətin müstəqilliyini və varlığını qorumaq, dövlətin təhlükəsizliyini təmin etmək kimi qanuni məqsədə xidmət etdiyini bildirmişdir. Hökumət qanunun Moldova Konstitusiyası və beynəlxalq konvensiyalara uyğunluğuna dair Konstitusiya Məhkəməsinin qərarını qeyd etmişdir (yuxarıda 55-ci bəndə bax). O, Palatanın tədbirin qeyri-mütənasib olması barədə gəldiyi nəticəyə etiraz etmiş, ikili vətəndaşlığa malik olan şəxslərin parlamentin deputatı seçilməsinə qoyulan məhdudiyyətləri zəruri edən Moldovanın xüsusi tarixi şəraiti barədə izahatlarına Palata tərəfindən adekvat önəm verilmədiyini bildirmişdir. Hökumət qeyd etmişdir ki, Vətəndaşlıq haqqında Avropa Konvensiyası 1999-cu ildə ratifikasiya edilən zaman ikili vətəndaşlığa malik olan moldovalıların sayı çox deyildi, belə ki, o zaman qüvvədə olan qanun buna icazə vermirdi (yuxarıda 22-ci bəndə bax). Buna görə də 17-ci maddəyə qeyd-şərtin edilməsi zəruri hesab edilməmişdi. Hökumət daha sonra izah etmişdir ki, 1999-cu ildə Moldova hazırkı kimi parlamentli respublika yox, yarı-prezident respublikası idi. Buna görə də hazırda qanunverici orqan dövlətdə əvvəlki ilə müqayisədə daha böyük rol oynayır. İkili vətəndaşlığı qadağan edən digər Avropa Şurası üzvü olan ölkələr, Azərbaycan, Litva və Maltanın Vətəndaşlıq haqqında Avropa Konvensiyasını ratifikasiya etməməsinə və Bolqarıstanın 17-ci maddəyə qeyd-şərt etməsinə baxmayaraq, Moldova istəsəydi, sadəcə olaraq Vətəndaşlıq haqqında Avropa Konvensiyasını denonsasiya edə və onu ratifikasiya edərək 17-ci maddəyə qeyd-şərt irəli sürə bilərdi.
138. Hökumət həmçinin Moldovanın qanun layihəsini baxılması üçün müvafiq beynəlxalq qurumlara göndərməməsi və İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası və Venesiya Komissiyasının tövsiyələrinə əməl etməməsi faktına böyük önəm verdiyinə görə Palatanı tənqid etmişdir (yuxarıda 40, 45 və 51-ci bəndlərə bax). Hökumət “Boisenko Moldovaya qarşı” (Boicenco v. Moldova, no. 41088/05, 11 July 2006) işinə istinad edərək qeyd etmişdir ki, Məhkəmə keçmişdə hətta mübahisə predmeti olan qanun Avropa Şurasının ekspertlərinə göndərildiyi və onların tövsiyələrinə əməl olunmaq üçün dəyişdirildiyi halda belə pozuntu olduğunu qət etmişdir. Bunun əksinə olaraq “Yumak və Sadak Türkiyəyə qarşı” [Böyük Palata] (Yumak and Sadak v. Turkey [GC], no. 10226/03, 8 July 2008) işində Türkiyə Avropa Şurasının ekspertlərinin tövsiyələrinə əməl etməsə də, Məhkəmə Konvensiyanın pozuntusu faktını təsbit etməmişdir. Venesiya Komissiyasının hesabatı qanunun qəbul edilmə tarixinə qədər dərc edilmədiyi üçün Hökumət həmçinin bu hesabatın işə aidiyyəti məsələsini də mübahisələndirmişdir.
139. Sadiqliyin təmin edilməsi üçün Palata tərəfindən təklif edilmiş digər vasitələrə gəlincə, Hökumət bildirmişdir ki, and içmə kifayət edici vasitə olmazdı, belə ki, ikili vətəndaşlığa malik olan istənilən moldovalı eyni zamanda vətəndaşı olduğu digər dövlətə də sadiqlik andı içə bilər. Buna görə də and içmə yalnız bəyanat xarakteri daşıyır və sadiqliyin təmin edilməsi üçün o səmərəsizdir.
140. Nəhayət, Hökumət qeyd etmişdir ki, 2009-cu ilin aprelində parlamentə seçilmiş 101 deputatdan 21-i ikili vətəndaşlığa malik olmuşdur. O bildirmişdir ki, bu, Moldovanın müstəqilliyi, təhlükəsizliyi və dövlətçiliyi ilə bağlı ciddi narahatlıq yaratmışdır.
141. Hökumət Məhkəmədən hazırkı işdə 1 saylı protokolun 3-cü maddəsinin pozulmadığına dair qərar qəbul etməyi xahiş etmişdir.
2. Ərizəçi
142. Ərizəçi bildirmişdir ki, 273 nömrəli qanunda nəzərdə tutulmuş məhdudiyyətlər onun qanunverici orqanın seçilməsində xalqın iradəsinin sərbəst ifadə olunduğunun təmin edildiyi azad seçkilərdə namizədliyini irəli sürmək hüququnu pozmuşdur. O bildirmişdir ki, parlamentin deputatı kimi fəaliyyət göstərmək üçün Rumıniya vətəndaşlığından imtina proseduruna başlamaq tələbi 1 saylı protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüququ onun mahiyyətinə zərər vuracaq dərəcədə məhdudlaşdırır və bu hüququn səmərəliliyini aradan qaldırır. Belə ki, seçkilərdə namizədliyini irəli sürmək hüququ seçildiyi təqdirdə deputat kimi fəaliyyət göstərmək hüququ olmadan əhəmiyyətini itirir (“M. Birləşmiş Krallığa qarşı” (qərardad) (M v. the United Kingdom (dec.), no. 10316/83, 7 March 1984)).
143. Ərizəçi şikayətini təkrar edərək bildirmişdir ki, 273 nömrəli qanun hüquqa uyğunluq tələbinə cavab vermirdi, belə ki, o, Konstitusiyanın və Moldova tərəfindən 1999-cu ildə ratifikasiya edildiyi üçün ölkə daxili hüquq qaydasının bir hissəsini təşkil etmiş Vətəndaşlıq haqqında Avropa Konvensiyasının (yuxarıda 71 və 73-cü bəndlərə bax) müddəalarına ziddiyyət təşkil edirdi.
144. Ərizəçi bundan əlavə iddia etmişdir ki, 273 nömrəli qanun qanuni məqsədə nail olunmasına xidmət etmirdi, belə ki, Moldovaya münasibətdə sadiqliyin təmin olunması yeni qanunun qəbul edilməsinin əsl məqsədi deyildi. Misal üçün göstərilə bilər ki, aprel seçkilərindən sonra xanım Larisa Savqa yenidən hökumətin üzvü təyin edilmişdir, halbuki onun eyni zamanda Rumıniya vətəndaşlığına malik olması hamıya yaxşı məlum idi. Ərizəçi həmçinin Moldovanın sabiq prezidenti cənab Voroninin prezidentliyi dövründə Rusiya vətəndaşlığına malik olduğu və Rusiyadan pensiya aldığı barədə mətbuatda dərc olunmuş və həqiqiliyi təsdiq edilməmiş məlumatlara istinad etmişdir. Ərizəçi müstəqil təhlilçilərin nəticələrinə əsaslanaraq qeyd etmişdir ki, ikili vətəndaşlığa malik olma Moldova vətəndaşlarının vətənpərvərlik hisslərini azaltmır.
145. Nəhayət, ərizəçi qanunun qeyri-mütənasib, əsassız və antidemokratik olduğunu iddia etmişdir. O bildirmişdir ki, Konvensiya elə təfsir olunmalıdır ki, burada əks olunmuş hüquqların həyata keçirilməsi praktiki və səmərəli olsun. Bunun üçün Konvensiya tam şəklində götürülməli və elə təfsir edilməlidir ki, onun müxtəlif müddəaları arasındakı daxili uyğunluq təmin olunsun. Bu zaman beynəlxalq hüququn müvafiq norma və prinsipləri nəzərə alınmalıdır. Avropa dövlətləri arasında ortaya çıxan istənilən konsensus Məhkəmə tərəfindən nəzərə alınmalı olan münasib amildir (bax: yuxarıda 66 və 85-ci bəndlərdə qeyd edilmiş “Dəmir və Baykara Türkiyəyə qarşı”). Bu prinsipləri tətbiq edərək ərizəçi belə bir nəticəyə gəlmişdir ki, Məhkəmə tətbiq edilmiş məhdudiyyətlərin mütənasibliyini 1 saylı protokolun 3-cü maddəsi əsasında qiymətləndirən zaman Hökumətin Vətəndaşlıq haqqında Avropa Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri də nəzərə almalıdır. Bu digər beynəlxalq təşkilatların tövsiyələri və qərarlarına da aiddir. Ərizəçi eyni zamanda qeyd etmişdir ki, Moldova Avropa Şurasının üzvü olan ölkələr arasında çox vətəndaşlılığa icazə verən, lakin çox vətəndaşlılığa malik olan şəxsləri seçkilərdə passiv seçki hüququndan məhrum edən yeganə dövlətdir. O bildirmişdir ki, bu, Hökumətin yanaşmasının beynəlxalq birlik tərəfindən qəbul edilmədiyini nümayiş etdirir.
146. Ərizəçi bundan əlavə bildirmişdir ki, Hökumətin əvvəllər Moldova vətəndaşlarının başqa dövlətlərin vətəndaşlığını əldə etmək siyasətini təşviq etməsi nəzərə alınarsa, hazırda deputat seçilmək hüququnu yalnız Moldova vətəndaşlığına malik olan şəxslər ilə məhdudlaşdırması qeyri-mütənasib addımdır. Hökumət etiraf etmişdir ki, Moldovalıların böyük əksəriyyəti başqa dövlətin vətəndaşlığını sosial və iqtisadi səbəblərə görə əldə etmişdir (yuxarıda 39-cu bəndə bax). Ərizəçinin fikrincə bu fakt yeni siyasətin daha da qeyri-mütənasib olduğuna sübutdur. O, Hökumətin ikili vətəndaşlığa malik olan şəxslərin Moldovanın təhlükəsizliyi və ya müstəqilliyinə hər hansı təhlükə yaratdıqlarını təsdiq edən fakt göstərmədiyini vurğulamışdır. Ərizəçinin fikrincə vətənə xəyanətə görə cəzanın olması dövlətə sadiq olmamanın qarşısını almaq üçün adekvat vasitədir. Hər bir halda yalnız məxfi sənədlərlə işə icazə verildikdən sonra məxfi məlumatları əldə etmək mümkündür ki, buna da yalnız xüsusi xidmət orqanlarının hərtərəfli araşdırmasından sonra yol verilir.
147. Nəhayət, ərizəçi yeni qanunun 2009-cu il 5 aprel tarixində keçirilmiş seçkilərə bir ildən də az vaxt qalmış müddətdə qəbul edilməsini tənqid etmişdir. O bildirmişdir ki, qanunun mütənasibliyi Moldovada həyata keçirilmiş seçki islahatlarının ümumi kontekstində, o cümlədən parlamentdə yer qazanmaq üçün seçki baryerinin dörd faizdən altı faizə qaldırılması və seçki bloklarının qadağan edilməsi kontekstində qiymətləndirilməlidir (yuxarıda 37-ci bəndə bax). 2009-cu il 5 aprel tarixli seçkilərin nəticələri göstərmişdir ki, yeni qanun əsas etibarı ilə müxalifət partiyalarına təsir etmişdir, belə ki, qanun müxalifətdən seçilmiş 41 deputatdan 21-nə münasibətdə tətbiq olunmuşdur (yuxarıda qeyd edilmiş 59-cu bənd). Xanım Savqa ilə bağlı misal (yuxarıda 144-cü bəndə bax) yeni qanunun özbaşına qaydada tətbiq edildiyini sübut edir. Ərizəçinin fikrincə seçkiləri tənzim edən qaydaların doğurdu nəticələrin bir qrup şəxsi ölkənin siyasi həyatında iştirakdan kənarlaşdırması, konkret seçki sisteminin yaratdığı ziddiyyətlərin özbaşına və ya sui-istifadə xarakteri daşıması və sistemin bir siyasi partiyaya digəri üzərində üstünlük verməsi məsələlərinə baxılması Məhkəmənin aidiyyətinə daxildir (inter alia bu qərarlara istinad edilmişdir: “Aziz Kiprə qarşı” (Aziz v. Cyprus, no. 69949/01, § 28, ECHR 2004‑V); və yuxarıda qeyd edilmiş “Yumak və Sadak Türkiyəyə qarşı”, 121-ci bənd). Ərizəçi bildirmişdir ki, seçki islahatının həyata keçirilməsinin əsas məqsədi müxalifət partiyalarının seçkilərdə uğur qazanmaq imkanlarını azaltmaq idi və buna görə də 273 nömrəli qanun özbaşınalığa və sui-istifadə hallarına yol vermişdir.
3. Rumıniya Hökuməti
148. Rumıniya Hökuməti 273 nömrəli qanunun hüquqa uyğunluğunu mübahisələndirmişdir. O bildirmişdir ki, qanunun doğuracağı nəticələri əvvəlcədən görmək mümkün deyildi, belə ki, o, vahid şəkildə tətbiq edilmirdi və müddəaları müxtəlif şəkildə təfsir oluna bilərdi.
149. Bundan əlavə, Rumıniya Hökuməti qeyd etmişdir ki, müxtəlif ölkələrdə tətbiq olunan qanunvericiliyin araşdırılması nəticəsində minimum Avropa standartının mövcud olması ortaya çıxmışdır ki, bu standart da parlamentə seçilmək üçün tək vətəndaşlılığa malik olma şərtini nəzərdə tutmur. İkili vətəndaşlığa malik olan şəxslərin deputat seçilməsini qadağan edən digər Avropa Şurası üzvü olan dövlətlərdən fərqli olaraq Moldova Vətəndaşlıq haqqında Avropa Konvensiyasına qoşularaq ondan irəli gələn öhdəlikləri üzərinə götürmək seçimini etmişdir. Moldovanın ikili vətəndaşlığın əldə edilməsi imkanı ilə bağlı mövqeyini dəyişməsi onu Vətəndaşlıq haqqında Avropa Konvensiyası ilə üzərinə götürdüyü öhdəliyə əməl etməkdən azad etmir. Rumıniya Hökuməti vurğulamışdır ki, Moldova Konstitusiyasının 4-cü maddəsinə görə Moldovanın iştirakçısı olduğu insan hüquqlarına dair beynəlxalq konvensiyanın normaları ilə daxili qanunvericilik normaları arasında ziddiyyət yarandığı təqdirdə beynəlxalq hüquq normaları tətbiq edilir (yuxarıda 71-ci bəndə bax). Bundan əlavə, Moldova Respublikasının Vətəndaşlıq haqqında qanununun 25-ci maddəsinə görə eyni zamanda başqa dövlətin vətəndaşlığına malik olan Moldova vətəndaşları digər Moldova vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər (yuxarıda 75-ci bəndə bax).
150. Rumıniya Hökuməti eyni zamanda qeyd etmişdir ki, Moldovanın müstəqillik qazanmasından təxminən on yeddi il sonra cavabdeh Hökumət heç bir sübut göstərmədən bu müstəqilliyə təhlükə olduğunu bildirmişdir. Rumıniya Hökuməti vurğulamışdır ki, ikili vətəndaşlıq ilə dövlətin müstəqilliyinə iddia edilən təhlükə arasında hər hansı səbəbiyyət əlaqəsinin olduğu müəyyən olunmamış və ikili vətəndaşlığa malik olan şəxsin müstəqilliyi və ya milli təhlükəsizliyi sarsıdan əməllər törətməsinə dair hər hansı fakt təqdim edilməmişdir.
151. Rumıniya Hökuməti həmçinin bu normativ-hüquqi aktın qanuni məqsədə xidmət etmədiyini bildirmişdir. O dövlətin müstəqilliyi və milli təhlükəsizliyinin qorunmasının qanuni məqsəd ola biləcəyini və bunun sözü gedən dövlətin düşdüyü tarixi və siyasi şəraitdə qiymətləndirilməli olduğunu mübahisələndirməmişdir. Lakin o, Moldovada mövcud olan tarixi-siyasi vəziyyətin hazırkı işdə bu məqsədə qanuni xarakter verməsinə dair cavabdeh Hökumətin izahatları ilə razılaşmamışdır. Bundan əlavə, o bildirmişdir ki, 1991-2000-ci illər ərzində qəbul edilmiş bir sıra qanunlar müəyyən dövlət vəzifələrinə namizəd ola bilmək üçün tək vətəndaşlılığa malik olma tələbini təsbit etməmişdir. Bu qanunlardan biri 1991-ci il 18 sentyabr tarixində qəbul edilmiş və prezident seçkilərini tənzim edən 720 nömrəli qanundur. Rumıniya Hökuməti “Jdanoka Latviyaya qarşı” [Böyük Palata] (Ždanoka v. Latvia [GC], no. 58278/00, § 135, ECHR 2006‑IV) və “Adamsons Latviyaya qarşı” (Ādamsons v. Latvia, no. 3669/03, § 123, 24 June 2008) işləri üzrə qəbul edilmiş qərarlara istinad edərək bildirmişdir ki, əgər Moldovanın müstəqilliyinin ilk illərində tək vətəndaşlılıq tələbinə haqq qazandırmaq mümkün idisə, vaxtın keçməsi və demokratiyanın möhkəmlənməsi ilə belə bir tələb artıq əsaslı hesab edilə bilməz. Buna görə də Moldovanın mövqeyini başa düşmək çətindir. Belə ki, o, parlamentə keçirilmiş əvvəlki üç seçkidə çox vətəndaşlılığı olan şəxslərin parlamentin deputatı seçilməsinə icazə vermiş, lakin indi, təxminən on yeddi il keçəndən sonra başqa dövlətin vətəndaşlığına malik olmağı Moldova üçün böyük təhlükə hesab edir və ikili vətəndaşlığı vətənə xəyanətə bərabər tutur. Rumıniya Hökuməti bildirmişdir ki, dövlətə sadiqliyin təmin olunması məqsədinə çox vətəndaşlılığa malik olan şəxslərin müəyyən dövlət funksiyalarının həyata keçirilməsində iştiraklarını məhdudlaşdırmaq yolu ilə deyil, milli maraqlara ziyan vuran əməllərə görə cəzaların tətbiq edilməsi yolu ilə nail olmaq mümkündür.
152. Mütənasiblik məsələsi ilə bağlı Rumıniya Hökuməti yenidən parlamentə seçilmək üçün tək vətəndaşlılıq tələbini ehtiva etməyən minimum Avropa standartının mövcud olduğunu vurğulamışdır. Bundan əlavə, İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası və Venesiya Komissiyası tərəfindən dərc edilmiş (yuxarıda 45 və 51-ci bəndlərə bax) və “Ştukaturov Rusiyaya qarşı” (Shtukaturov v. Russia, no. 44009/05, § 95, 27 March 2008) işində nümayiş etdirildiyi kimi Məhkəmənin nəzərə alması üçün münasib amil rolunu oynayan hesabatlar seçki məsələləri üzrə ümumi Avropa standartının olması fikrini təsdiq edir. Bu hesabatlar istər ifadə edilmiş rəyə xas olan dəyər (bu, hüquq sahəsində bitərəf ekspertlərin rəyi idi), istərsə də Məhkəmə və Avropa Şurasının digər orqanları tərəfindən onlara verilmiş önəm baxımından vacib idi.
153. Sonda Rumıniya Hökuməti bildirmişdir ki, Moldova bu sahədə təqdir səlahiyyətini (öz mülahizəsinə uyğun qərar qəbul etmək səlahiyyəti – tərcüməçinin qeydi) aşmışdır. Bu baxımdan ərizəçinin öz namizədliyini irəli sürməsinə icazə verilməsi kifayət deyil. Hüququn həyata keçirilməsinin səmərəli olması üçün ərizəçi deputat kimi fəaliyyət göstərə bilməli idi (yuxarıda qeyd edilmiş “M. Birləşmiş Krallığa qarşı” işinə istinad edilmişdir). 273 nömrəli qanunun qəbul edilməsi ilə 1 saylı protokolun 3-cü maddəsində təsbit edilmiş hüququn mahiyyətinə zərər vurulmuş və bu hüququn həyata keçirilməsi nəzəri və xəyali xarakter almışdır. Yekunda Rumıniya Hökuməti Məhkəmədən bu maddənin pozulduğuna dair Palata tərəfindən qəbul edilmiş qərarı təsdiq etməyi xahiş etmişdir.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
154. Məhkəmə 1 saylı protokolun 3-cü maddəsinin demokratiyanın səmərəliliyi üçün önəmini və nəticə etibarı ilə Konvensiya sistemi üçün başlıca əhəmiyyətini davamlı olaraq vurğulamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş “Yumak və Sadak Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi qərarın 105-ci bəndində təkrar etmişdir ki, 1 saylı protokolun 3-cü maddəsində təsbit edilmiş hüquqlar qanunun aliliyinin mövcud olduğu səmərəli və nümunəvi demokratiyanın əsaslarının yaradılması və qorunması üçün həlledici əhəmiyyətə malikdir. “Mathieu-Mohin və Klerfayt Beçikaya qarşı” (Mathieu-Mohin and Clerfayt v. Belgium, 2 March 1987, § 47, Series A no. 113) və “Lingens Avstriyaya qarşı” (Lingens v. Austria, 8 July 1986, §§ 41 and 42, Series A no. 103) işləri üzrə qəbul edilmiş qərarlarda Məhkəmə qeyd etmişdir ki, azad seçkilər və fikri ifadə etmək azadlığı, xüsusilə siyasi debatların azadlığı istənilən demokratiyanın əsasını təşkil edir.
155. Məhkəmənin presedent hüququnda 1 saylı protokolun 3-cü maddəsinin aktiv aspekti, yəni səs vermək hüququ ilə passiv aspekti, yəni seçkilərdə namizədliyini irəli sürmək hüququ fərqləndirilir (yuxarıda qeyd edilmiş “Jdanoka Latviyaya qarşı” işi üzrə qərarın 105 və 106-cı bəndlərinə bax). Hazırkı iş əsas etibarı ilə ikinci aspekt ilə bağlıdır. Lakin yuxarıda qeyd edildiyi kimi (yuxarıda 108-ci bəndə bax) çox vətəndaşlılığa malik olan şəxslərin deputat kimi fəaliyyət göstərməsinə qadağa qoyulması seçicilərin Moldovada öz hüquqlarını həyata keçirməsi tərzinə ikinci dərəcəli təsir də göstərə bilər.
156. 1 saylı protokolun 3-cü maddəsinin passiv aspektinə gəlincə, Məhkəmə seçkilərdə namizədliyi irəli sürə bilmək üçün tələb olunan meyarların müəyyən edilməsində dövlətlərin kifayət qədər müstəqilliyə malik olmalarını xüsusi olaraq qeyd etmişdir. Məhkəmənin yuxarıda qeyd edilmiş “Jdanoka Latviyaya qarşı” işi üzrə qərarının 106-cı bəndində qeyd edilmişdir:
“istər seçilmiş nümayəndələrin müstəqilliyinin, istərsə də seçicilərin seçim azadlığının təmin edilməsi baxımından meyarların ümumi əsasa malik olmasına baxmayaraq, bu meyarlar hər bir dövlətə xas olan tarixi və siyasi amillərə uyğun olaraq dəyişir. Avropa Şurasının üzvü olan bir çox ölkələrin konstitusiyaları və seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş vəziyyətlərin çox cəhətli olması bu sahədə mümkün yanaşmaların müxtəlifliyini göstərir. Buna görə də 3-cü maddənin tətbiqi məqsədləri üçün istənilən seçki qanunu müvafiq ölkənin siyasi təkamülü nəzərə alınmaqla qiymətləndirilməlidir.”
157. Buna bənzər olaraq “Podkolzina Latviyaya qarşı” (Podkolzina v. Latvia, no. 46726/99, § 33, ECHR 2002‑II) işində Məhkəmə qeyd etmişdir ki, 3-cü maddənin tətbiqi məqsədləri üçün seçki qanunvericiliyi müvafiq ölkənin siyasi təkamülü nəzərə alınmaqla qiymətləndirilməlidir, belə ki, bir sistem kontekstində məqbul hesab edilməyən xüsusiyyətlərə digər sistem kontekstində haqq qazandırıla bilər. Lakin Məhkəmə vurğulamışdır ki, bu baxımdan dövlətin təqdir səlahiyyəti 1 saylı protokolun 3-cü maddəsində təsbit edilmiş əsas prinsipə, xüsusilə “xalqın qanunverici orqanın seçilməsində iradəsini azad ifadə etməsi” prinsipinə hörmət edilməsi öhdəliyi ilə məhdudlaşır (həmçinin bax: yuxarıda qeyd edilmiş “Mathieu-Mohin və Klerfayt Belçikaya qarşı” işi üzrə qərarın 47-ci bəndi və “Melniçenko Ukraynaya qarşı” (Melnychenko v. Ukraine, no. 17707/02, § 55, ECHR 2004‑X)).
158. Məhkəmə yuxarıda qeyd edilmiş “Aziz Kiprə qarşı” işində (28-ci bənd) dövlətlərin malik olduğu müstəqilliyin hüdudlarını qiymətləndirən zaman qeyd etmişdir:
“Dövlətlərin konstitusion quruluşları çərçivəsində parlament seçkilərinin və parlamentin tərkibinin tənzim edilməsi üçün müvafiq qaydaların müəyyən edilməsində kifayət qədər müstəqillikdən istifadə etmələrinə və ... müvafiq meyarların hər bir dövlətə xas olan tarixi və siyasi amillərdən asılı olaraq dəyişə bilməsinə baxmayaraq, bu qaydalar müəyyən şəxsləri və ya şəxslər qrupunu ölkənin siyasi həyatında iştirak etmək, xüsusilə istər Konvensiya, istərsə də bütün Razılığa gələn Tərəflərin Konstitusiyaları ilə təmin edilmiş qanunverici orqanı seçmək imkanından məhrum etməməlidir.”
159. Məhkəmə yuxarıda qeyd edilmiş “Jdanoka Latviyaya qarşı” işində (119 və 135-ci bəndlər) bu prinsipləri tətbiq edərək hesab etmişdir ki, tarixi şərait bu işdə demokratik prosesin bütövlüyünü qorumaq məqsədilə yenicə qurulmuş demokratik rejimi devirmək cəhdlərində fəal surətdə iştirak etmiş şəxsləri bu prosesdən kənarlaşdırmaqla onların hüquqlarına məhdudiyyət qoyulmasına haqq qazandıra bilər. Lakin Məhkəmə bildirmişdir ki, belə məhdudiyyətlər onların tətbiqinə haqq qazandırmış şəraitdən bir çox il sonra və qarşısının alınmasına səy göstərilən təhlükələrin artıq mövcud olmadığı vəziyyətdə hələ də tətbiq edilərsə, onlar çətin ki, qanuni hesab edilə bilsin. Sonradan yuxarıda qeyd edilmiş “Adamsons Latviyaya qarşı” işində (123 və 128-ci bəndlər) Məhkəmə vurğulamışdır ki, zaman keçdikcə seçki hüquqlarına münasibətdə tətbiq edilən ümumi məhdudiyyətlərə haqq qazandırmaq daha da çətin olur. Bunun əvəzinə müəyyən fərdlərin doğurduğu real təhlükənin qarşısını almaq üçün tədbirlər “fərdiləşdirilməlidir”.
160. Böyük Palata tərəfindən baxılmış “Hirst Birləşmiş Krallığa qarşı” (Hirst v. the United Kingdom (no. 2) [GC], no. 74025/01, § 62, ECHR 2005‑IX) işində Məhkəmə ümumi şəkildə qeyd etmişdir ki, 1 saylı protokolun 3-cü maddəsində təsbit edilmiş hüquqların həyata keçirilməsi ilə bağlı irəli sürülən istənilən şərt ümumi səsvermə yolu ilə xalqın iradəsinin müəyyənləşdirilməsi məqsədi daşıyan seçki prosesinin ədalətliliyi və səmərəliliyinə zidd getməməli, onu əks etdirməlidir.
161. Nəhayət, bu sahədə dövlətlərə geniş təqdir səlahiyyətinin verilməsinə baxmayaraq Məhkəmə bir sıra hallarda təkrar etmişdir ki, 1 saylı protokolun 3-cü maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunub-olunmadığı son olaraq Avropa Məhkəməsi tərəfindən müəyyən edilir. Bu baxımdan Məhkəmə irəli sürülmüş şərtlərin müzakirə edilən hüquqları onların mahiyyətinə xələl gətirəcək dərəcədə məhdudlaşdırmadığına və bu hüquqları səmərəlilik keyfiyyətindən məhrum etmədiyinə, şərtlərin qanuni məqsədə nail olmaq üçün tətbiq edildiyinə və bu zaman istifadə edilən vasitələrin qeyri-mütənasib olmadığına əmin olmalıdır (bax: yuxarıda qeyd edilmiş “Hirst Birləşmiş Krallığa qarşı” işi üzrə qərarın 62-ci bəndi və “Yumak və Sadak Türkiyəyə qarşı” işi üzrə qəbul edilmiş qərarın 109-cu bəndi).
2. Ümumi prinsiplərin hazırkı işə tətbiqi
162. Məhkəmə xatırladır ki, o, ərizəçinin 273 nömrəli qanundan zərər çəkdiyini iddia edə biləcəyini müəyyənləşdirmişdir (yuxarıda 111-ci bəndə bax). Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçi istər 2009-cu ilin aprel ayında, istərsə də 2009-cu ilin iyul ayında keçirilmiş seçkilərdə parlamentin deputatı seçilmişdir (yuxarıda 59 və 66-cı bəndlərə bax). Mandatının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilməsi üçün ondan Rumıniya vətəndaşlığından imtina proseduruna başlamaq tələb olunur (yuxarıda 60-61 və 66-cı bəndlərə bax). Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin 1 saylı protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüququna müdaxilə olmuşdur. Qanunilik, qanuni məqsədə xidmət etmə və mütənasiblik tələblərinə cavab vermədiyi təqdirdə, belə müdaxilə Konvensiyanın pozuntusu hesab edilməlidir.
a. Müdaxilənin qanuniliyi məsələsi
163. Məhkəmə qeyd edir ki, 273 nömrəli qanunda çox vətəndaşlılığa malik olan şəxslərin parlamentin deputatı kimi fəaliyyət göstərməsinə qadağa kifayət qədər açıq şəkildə ifadə olunmuşdur. Qanun qəbul edildikdən sonra rəsmi qəzetdə dərc edilmişdir. Buna görə də Məhkəmə hesab edir ki, mübahisə predmeti olan qanun nəticələri proqnozlaşdırıla bilmə tələbinə cavab verir. Qanun ilə Moldova Konstitusiyasına görə ölkənin milli hüququnun bir hissəsi hesab edilən və milli qanunvericilik üzərində üstünlüyə malik olan (yuxarıda 71-73-cü bəndlərə bax) Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsi arasında uyğunsuzluğun olması görünsə də, Məhkəmə normalar arasındakı açıq ziddiyyəti həll etməyi zəruri hesab etmir. Lakin aşağıda tədbirin mütənasibliyini araşdıran zaman Məhkəmə Vətəndaşlıq haqqında Avropa Konvensiyasının təsiri məsələsinə də baxacaq.
b. Müdaxilənin qanuni məqsədə xidmət etməsi məsələsi
164. Konvensiyanın 8, 9, 10 və 11-ci maddələrindən fərqli olaraq 1 saylı protokolun 3-cü maddəsi bu maddənin məqsədləri üçün qanuni hesab edilə biləcək məqsədlərin siyahısını təsbit etməmişdir. Hökumət 273 nömrəli qanunun nəzərdə tutduğu qadağaya haqq qazandırmaq üçün bir sıra məqsədlərə, xüsusilə sadiqliyin təmin olunması, dövlətin müstəqilliyinin və mövcudluğunun qorunması və onun təhlükəsizliyinin təmin edilməsi kimi məqsədlərə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi bu qadağanı müəyyən etməkdə məqsədin parlamentin deputatlarının dövlətə sadiqliyini təmin etmək olduğunu təsbit etmiş və parlamentin üzvlərinə ikili vətəndaşlığa malik olmağa icazə verilməsinin deputatların mandatlarının müstəqilliyi, dövlətin suverenliyi, milli təhlükəsizlik və məxfi məlumatların yayılmaması kimi konstitusion prinsiplərə ziddiyyət təşkil etdiyi nəticəsinə gəlmişdir (yuxarıda 56-cı bəndə bax). Təklif olunan qanunun məqsədini izah edən ədliyyə nazirinin müavini qeyd etmişdir ki, Moldova vətəndaşlarının ikinci ölkənin vətəndaşlığına malik olmaqla başqa dövlət qarşısında siyasi və hüquqi öhdəliklər daşıması zamanı maraqların münaqişəsi ortaya çıxa bilər (yuxarıda 39-cu bəndə bax).
165. Bütün tərəflərin Məhkəməyə təqdim etdikləri izahatlarında istinad etdikləri sadiqliyin təmin edilməsi məqsədinə gəlincə (yuxarıda 137, 144 və 151-ci bəndlərə bax), tərəflərin qadağanın tətbiq edilməsinə haqq qazandırmaq üçün istinad etdikləri “sadiqlik” anlayışı açıq şəkildə müəyyən edilməmiş və tərəflər onun məzmunu ilə bağlı heç bir izah verməmişlər. Lakin göründüyü kimi tərəflər razıdırlar ki, bu kontekstdə sadiqlik dövlətin mövcudluğu və müstəqilliyi və milli təhlükəsizlik məsələləri ilə bağlıdır. Naturalizasiya və ya yenidən vətəndaşlığa qəbul etmə ilə Moldova vətəndaşlığını əldə edən şəxslərin içdikləri sadiqlik andında dövlətin Konstitusiyası və qanunlarına hörmət edilməsinin və dövlətin maraqları və ərazi bütövlüyünə zərər vura biləcək hərəkətlərdən çəkinməyin zəruriliyinə istinad edilir (yuxarıda 76-cı bəndə bax).
166. Öz növbəsində Məhkəmə ilk öncədən dövlətə sadiqlik ilə hökumətə sadiqlik anlayışlarını fərqləndirəcək. Dövlətə sadiqliyin təmin olunması zərurəti seçki hüquqlarına məhdudiyyətlərə haqq qazandıran qanuni məqsəd kimi çıxış edə bilsə də, hökumətə sadiqliyin təmin olunması bu qisimdə çıxış edə bilməz. Qanunun aliliyi və əsas hüquq və azadlıqlara hörmət edilməsi vəzifəsini üzərinə öhdəlik kimi götürmüş demokratik dövlətdə parlamentin deputatlarının, xüsusilə müxalifət partiyasından olan deputatların rolunun hökumətin cavabdehlik daşımasını təmin etmək və onun siyasətini qiymətləndirməklə seçiciləri təmsil etmək olduğu açıq aşkardır. Bundan əlavə, plüralizmə təkan vermək və seçicilərə siyasi baxışlarını əks etdirən seçim imkanları təklif etmək məqsədi ilə müxtəlif, bəzən isə tam əks məqsədlərə xidmət göstərilməsi nəyinki məqbul, hətta zəruridir. Məhkəmə əvvəllər də qeyd etdiyi kimi fərqli baxışların və onları ifadə etmək azadlığının müdafiə edilməsi Konvensiya ilə, xüsusilə onun 10 və 11-ci maddələri ilə nəzərdə tutulan azadlıqların əsas məqsədlərindən biridir. Parlamentin deputatlarının plüralizmin təmin olunması və demokratik təsisatların lazımı qaydada fəaliyyət göstərməsində vacib rolu nəzərə alınarsa, onlara münasibətdə bu prinsipin tətbiqi daha əhəmiyyətlidir (ümumilikdə siyasi partiyalar üçün fikir azadlığının əhəmiyyəti ilə bağlı bax: “Refah Partisi və Digərləri Türkiyəyə qarşı” [Böyük Palata] (Refah Partisi (the Welfare Party) and Others v. Turkey [GC], nos. 41340/98, 41342/98, 41343/98 and 41344/98, § 88, ECHR 2003‑II)).
167. Parlamentin deputatlarının dövlətə münasibətdə tələb olunan sadiqliyinin xarakterinə gəlincə, Məhkəmə hesab edir ki, bu sadiqlik prinsip etibarı ilə ölkənin Konstitusiyası, qanunları, təsisatları, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ehtiva edir. Lakin bu kontekstdə hörmət anlayışı yuxarıda qeyd edilən aspektlərdən hər hansı birinə dəyişiklik edilməsi istəyinin dövlətin qanunlarına uyğun olaraq həyata keçirilməsi tələbi ilə məhdudlaşmalıdır. Bu məsələdə hər hansı başqa mövqe deputatların seçicilərinin, xüsusilə azlıqların maraqlarını təmsil etmək imkanlarına maneçilik törədəcəkdir. Məhkəmə əvvəllər də vurğulamışdır ki, siyasi qrupun sadəcə dövlətin əhalisinin bir hissəsi ilə bağlı vəziyyəti ictimai müzakirəyə çıxarmaq və bütün maraqlı tərəfləri qane edə biləcək və demokratik qaydalara uyğun həllə nail olmaq üçün xalqın siyasi həyatında iştirak etmək istəyi ilə bağlı ona maneçilik törədilməsinə heç bir şəkildə haqq qazandırıla bilməz. Eyni şəkildə hazırkı işdə ikili vətəndaşlığa malik olan Moldovalı deputatın bəziləri tərəfindən Moldova dövlətinin mövcud prinsiplərinə və strukturuna zidd hesab edilən siyasi proqram həyata keçirmək istəyində ola bilməsi faktı bu proqramın demokratik qaydalara da zidd olması anlamına gəlmir. Demokratiyanın fundamental aspekti ondan ibarətdir ki, o, dövlətin mövcud quruluşunu mübahisələndirən müxtəlif siyasi proqramların təklif edilməsi və müzakirəsinə imkan yaratmalıdır, bir şərtlə ki, bu proqramlar demokratiyanın özünə xələl gətirməsin (bax: “Sosialist Partiyası və Digərləri Türkiyəyə qarşı” (Socialist Party and Others v. Turkey, 25 May 1998, §§ 45 and 47, Reports 1998‑III) və “Manole və Digərləri Moldovaya qarşı” (Manole and Others v. Moldova, no. 13936/02, § 95, ECHR 2009‑...)).
168. Məhkəmə bunu nəzərə alaraq hazırkı işdə görülmüş tədbirin Hökumətin iddia etdiyi kimi həqiqətən də sadiqliyin təmin olunması məqsədinə yönəlib-yönəlmədiyini araşdırmağa başlayır. Bununla bağlı Məhkəmə qeyd edir ki, 273 nömrəli qanun seçki islahatları paketinin üçüncü aspektini təşkil edirdi. Bununla yanaşı, bu paketə seçki baryerinin qaldırılması və seçki bloklarının qadağan edilməsi də daxil idi (yuxarıda 37-ci bəndə bax). Təklif olunan bütün bu tədbirlər əvvəllər parlamentdə yer qazanmaq üçün kifayət qədər səs toplamaqda çətinlik çəkən və buna yalnız seçki blokları yaratmaqla nail ola bilən müxalifət üçün (yuxarıda 31 və 33-cü bəndlərə bax) mənfi nəticələrə səbəb olmuşdur. 2009-cu ildə keçirilmiş parlament seçkilərində seçilmiş 101 deputatdan 21-i müxalifət partiyasını təmsil edirdi və 273 nömrəli qanun məhz onlara neqativ təsir göstərmişdir (yuxarıda 59-cu bəndə bax). Bu seçkilərin nəticələri yeni qanunun qeyri-mütənasib nəticələr doğurduğunu nümayiş etdirir. Əhalisinin əksəriyyətinin Rusiya vətəndaşlığına malik olduğu Dnestryanı bölgənin sakinlərinin qanunun əhatə dairəsindən çıxarılmasına dair ərizəçinin iddiası bu qanunun əsl məqsədi ilə bağlı narahatlığı daha da artırır (bununla belə bu istisna ilə bağlı vəziyyətin qeyri-müəyyənliyinə dair aşağıda 187-ci bəndə bax). Nəhayət, Məhkəmə bu dəyişikliklərin ümumi seçkilərə bir ildən də az müddət qalmış edilməsinin əhəmiyyətli fakt olduğunu hesab edir (yuxarıda 44-cü bəndə bax). 2009-cu ilin aprel seçkilərindən sonra seçki qanunvericiliyinə yeni dəyişiklik edilmişdir. Bu dəyişiklik də müxalifət partiyaları tərəfindən tənqid edilmişdir. Onlar dəyişikliklərin məqsədinin iqtidar partiyası və onun siyasi müttəfiqlərinin perspektivlərini yaxşılaşdırmaq olduğunu bildirmişlər (yuxarıda 63-cü bəndə bax). Bununla bağlı Məhkəmə seçki qanunvericiliyinə tez-tez və ya seçkilərdən bilavasitə öncə dəyişikliklər edilməsinə, düzgün və ya səhv yanaşma olmasından asılı olmayaraq, iqtidar partiyasının xeyrinə seçki qanunları ilə manipulyasiya etmək cəhdi kimi baxıla biləcəyi riskinin olması ilə bağlı xəbərdarlıq edən Venesiya Komissiyasının Təcrübə Məcəlləsinə (yuxarıda 86-cı bəndə bax) istinad edir. Eyni zamanda vacib bir faktdır ki, Avropa Şurasının Parlament Assambleyası və onun Monitorinq Komitəsi seçki qanunvericiliyinə edilmiş dəyişikliklər ilə bağlı narahatlıqlarını ifadə etmiş və bu dəyişikliklərin siyasi qüvvələrin siyasi proseslərdə səmərəli surətdə iştirak etmək imkanlarını azaltdığını və beləliklə də, plüralizmi zəiflətdiyini bildirmişlər (yuxarıda 47-ci və 49-50-ci bəndlərə bax).
169. Hakimiyyətin xüsusilə seçkilərdən qısa bir müddət öncə seçmək və ya seçilmək hüququna əhəmiyyətli məhdudiyyətlər tətbiq etdiyi hallarda mübahisə predmeti olan tədbirin yönəldiyi məqsəd ilə bağlı iddiasını təsdiq etmək üçün Məhkəməyə müvafiq sübutlar təqdim etmək vəzifəsi Hökumətin üzərinə düşür. Bundan əlavə, görülən tədbirin müxalifət partiyalarının siyasi proseslərdə səmərəli şəkildə iştirak etmək imkanlarına əhəmiyyətli dərəcədə xələl gətirdiyi hazırkı işə bənzər işlərdə Hökumətin edilən dəyişikliklərin qanuni məqsədlərə xidmət etdiyini sübut etmək üçün dəlillər təqdim etməsi tələbi daha aktualdır. Hazırkı işdə Hökumət ikili vətəndaşlığa malik olmuş deputatın Moldova dövlətinə xəyanət etməsi ilə bağlı bir fakt belə göstərə bilməmişdir. Ümumiyyətlə, Moldova dövlətini sarsıtmağa yönəlmiş hərəkatlar ilə bağlı Konstitusiya Məhkəməsinin qərarında əks olunmuş müəyyən qeydlərdən savayı seçki siyasətinin dəyişdirilməsi zərurəti ilə bağlı yalnız qısa izahat verilmişdir. Bundan əlavə, mövcud dəlillər qanunun vahid şəkildə tətbiq edilmədiyini güman etməyə əsas verir (yuxarıda 144-cü bəndə bax).
170. Belə olan halda Məhkəmə görülmüş tədbirin məqsədinin deputatların dövlətə sadiqliyini təmin etmək olması barədə fikirlər ilə tam razılaşmır. Bununla belə, qadağanın mütənasibliyi məsələsi ilə bağlı gəldiyi nəticələri nəzərə alaraq (aşağıda bax), bu məsələyə dair Məhkəmənin qərar qəbul etməsi zəruri deyil. Buna görə də Məhkəmə çox vətəndaşlılığa malik olan şəxslərin parlamentin deputatı kimi fəaliyyət göstərmələrinə qoyulan qadağanın qanuni məqsədə xidmət edib-etmədiyi məsələsinin həllini açıq saxlayır.
c. Müdaxilənin mütənasibliyi məsələsi
171. Məhkəmə ilk növbədə qeyd edir ki, Avropa Şurasının çox az üzvü ikili vətəndaşlığa malik olan şəxslərin parlamentin deputatı seçilməsini qadağan edir (yuxarıda 87-ci bəndə bax). Moldovadan başqa birbaşa qadağanın mövcud olduğu digər üç ölkənin ikisində ümumiyyətlə ikili vətəndaşlığa malik olmaq qadağan edilir. Bundan əlavə, bu üç dövlətdən heç biri Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsinə qoşulmamışdır (yuxarıda 89-cu bəndə bax). Əksəriyyəti etnik baxımdan fərqli əhali qruplarına malik olan keçmiş Yuqoslaviya dövlətlərinin hamısı ən azı müəyyən şərtlərlə ikili vətəndaşlığa icazə verir. Lakin bu dövlətlərdən heç birində çox vətəndaşlılığa malik olan şəxslərin deputat seçilməsinə qadağa qoyulmur (yuxarıda 92-ci bəndə bax).
172. Məhkəmə hesab edir ki, Avropa Şurasının üzvü olan dövlətlərdə təcrübənin icmalı belə deməyə imkan verir ki, çox vətəndaşlılığa icazə verilən hallarda birdən çox dövlətin vətəndaşlılığına malik olmanın əhalinin etnik baxımdan rəngarəng və çox vətəndaşlılığa malik olan deputat sayının yüksək ola biləcəyi ölkələrdə belə parlamentin deputatı kimi fəaliyyət göstərməyə mane olan əsas kimi çıxış etmədiyi barədə konsensus mövcuddur. Lakin belə bir konsensusun mövcudluğuna baxmayaraq, daha məhdudlaşdırıcı təcrübəni zəruri edən xüsusi tarixi və siyasi mülahizələrin mövcud olduğu təqdirdə, fərqli yanaşmaya haqq qazandırıla bilər.
173. Məhkəmə ikili vətəndaşlarının sayı yüksək olan və yalnız nisbətən yaxın keçmişdə müstəqillik əldə etmiş Moldovanın vəziyyətinin xüsusi xarakter daşıdığını vurğulayır. Məhkəmə hesab edir ki, Moldovanın tarixi nəzərə alınarsa (yuxarıda 11-18-ci bəndlər), güman ki, 1991-ci ildə ölkənin müstəqilliyi elan edilən zaman sabitliyin təmin edilməsi və zəif vəziyyətdə olan demokratik təsisatların yaradılması və gücləndirilməsi məqsədilə Moldova dövlətinin müstəqilliyi və təhlükəsizliyi əleyhinə olan istənilən hədənin qarşısının alınmasına yönəlmiş tədbirlərin görülməsində xüsusi maraq mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, regionda mövcud olan digər dövlətlər arasında ikili vətəndaşlığa icazə verən Rumıniyada ikili vətəndaşlığa malik olan şəxslərin deputat kimi fəaliyyət göstərməsinə qadağa bu yaxınlarda, 2003-cü ildə aradan qaldırılmışdır. Bolqarıstanda isə hazırda məsələyə Moldovadakı yanaşma mövcuddur (yuxarıda 87-ci bəndə bax). Ukraynada hələ də ikili vətəndaşlıq qadağan edilir (yuxarıda 90-cı bəndə bax). 273 nömrəli qanun ilə təsbit edilmiş məhdudiyyət bu xüsusi tarixi-siyasi şərait və dövlətin bundan irəli gələn geniş təqdir səlahiyyəti lazımı qaydada nəzərə alınaraq qiymətləndirilməlidir (bax: yuxarıda qeyd edilmiş “Jdanoka Latviyaya qarşı”, 121-ci bənd). Buna görə də Məhkəmə istisna etmir ki, Moldovanın 1991-ci il tarixli İstiqlal Bəyannaməsindən dərhal sonra çox vətəndaşlılığa malik olan şəxslərin deputat kimi fəaliyyət göstərməyinə qadağa qoyulmasına haqq qazandırıla bilərdi.
174. Lakin Məhkəmə bu qadağanın 1991-ci ildə deyil, 2008-ci ildə, Moldovanın müstəqillik qazanmasından təxminən on yeddi il və ikili vətəndaşlığa imkan verən qanunlarının tələblərinin sadələşdirilməsindən isə təxminən beş il sonra tətbiq edilməsini əhəmiyyətli fakt kimi qəbul edir. Belə olan halda Məhkəmə hesab edir ki, bu tədbirin Moldovanın qanunlarının, təsisatlarının və milli təhlükəsizliyinin qorunması üçün zəruri olmasına dair irəli sürülən dəlil daha az inandırıcı görünür. Seçki hüquqlarına bu yaxınlarda tətbiq edilmiş ümumi məhdudiyyətlərin əsaslı hesab edilə bilməsi üçün xüsusilə inandırıcı dəlillər irəli sürülməlidir. Lakin Hökumət ikili vətəndaşlığa malik olan şəxslərin sadiqliyi ilə bağlı narahatlığın nə üçün bu yaxınlarda meydana gəlməsi və bu narahatlığın hansı səbəbdən qanuna ilk dəfə dəyişiklik edilərək ikili vətəndaşlığa icazə verildiyi vaxt mövcud olmadığının səbəbləri ilə bağlı izahat verməmişdir. Hökumət bildirmişdir ki, sözü gedən şəxslərin sayı – hazırkı deputatların beşdə biri ikili vətəndaşlığa malikdir və ya başqa dövlətin vətəndaşlığını əldə etmək mərhələsindədir – bu yanaşmaya haqq qazandırmaq üçün kifayətdir (yuxarıda 140-cı bəndə bax). Məhkəmə qeyd edilən rəqəmin yüksək olduğunu qəbul edir. Lakin o eyni zamanda vurğulayır ki, vətəndaşların böyük bir qismi də ikili vətəndaşlığa malikdir (yuxarıda 26-28-ci bəndlərə bax) və bu vətəndaşların onların maraqlarını və siyasi baxışlarını əks etdirən deputatlar tərəfindən təmsil edilmək hüquqları var.
175. Məhkəmə bundan əlavə yuxarıda qeyd edilmiş “Adamsons Latviyaya qarşı” işi üzrə qərarın 123-cü bəndinə istinad edir. Burada Məhkəmə qeyd etmişdir ki, zaman ötdükcə seçki hüquqlarına tətbiq edilən ümumi məhdudiyyətlərə haqq qazandırmaq daha da çətinləşir. Qeyd edilən qərarda Məhkəmə tədbirləri “fərdiləşdirməyin”, bir qrup şəxsin yaratması güman edilən təhlükənin deyil, fərdlərin faktiki davranışının nəzərə alınmasının zəruri olduğunu vurğulayır. Hazırkı işdə Məhkəmə hesab edir ki, Moldovanın qanunları, təsisatları və milli təhlükəsizliyinin qorunması üçün başqa vasitələr mövcuddur. Qanunsuz və ya milli maraqlara təhlükə yaradan əməllərə görə cəza tətbiq edilməsi yəqin ki, preventiv effektə malik ola və müəyyən fərdlər tərəfindən yaradılan istənilən təhlükənin qarşısını almağa imkan yarada bilər. Hökumət məxfi sənədlər ilə işləməyə icazə verilməsinin məxfi və gizli məlumatın qorunmasının təmin edilməsi üçün adekvat olmadığını bildirməmişdir. Qeyd edilməlidir ki, hər iki tədbir bütün ikili vətəndaşların milli təhlükəsizlik və müstəqillik üçün hədə yaratmaları barədə ümumi ehtimal əsasında fəaliyyət göstərməyi deyil, konkret şəraitdə dövlətin maraqlarına əsl təhlükənin ortaya çıxarılmasını nəzərdə tutur. Məhkəmə təkrar edir ki, demokratiya və müstəqilliyə ani təhlükə aradan qalxdıqdan sonra məhz belə yanaşmaya üstünlük verilir (yuxarıda qeyd edilmiş “Adamsons Latviyaya qarşı”, 125-ci bənd).
176. Bundan əlavə və hər bir halda tarixi-siyasi mülahizələr Moldovanın sərbəst şəkildə Vətəndaşlıq haqqında Avropa Konvensiyası və müvafiq beynəlxalq qurumların tövsiyə və rəyləri ilə üzərinə götürdüyü öhdəliklərin geniş kontekstində nəzərdən keçirilməlidir. Bu kontekstdə cavabdeh Hökumətin ratione materiae ilə bağlı qaldırdığı etiraza (yuxarıda 131-132-ci bəndlərə bax) baxılması zəruridir. Məhkəmə vurğulayır ki, o, Konvensiyada təsbit edilmiş təminatların şərh edilməsi və bu sahədə ümumi Avropa standartının mövcud olduğunun təsbit edilməsi üçün müvafiq beynəlxalq sənədlər və hesabatların, xüsusilə Avropa Şurasının digər orqanları tərəfindən qəbul edilmiş sənəd və hesabatların nəzərə alınmalı olduğunu dəfələrlə qeyd etmişdir. Məhz hansı beynəlxalq sənəd və hesabatların nəzərə alınması və onlara hansı əhəmiyyətin verilməsi Məhkəmənin özü tərəfindən həll edilir. Cavabdeh dövlətin əməl etmədiyi ümumi standartın mövcud olduğu aşkar edilərsə, Məhkəmə konkret işlərdə Konvensiyanın müddəalarını şərh edən zaman bunu nəzərə ala bilər (bax: inter alia, yuxarıda qeyd edilmiş “Demir və Baykara” işi, 85-86-cı bəndlər və “Ştukaturov Rusiyaya qarşı” işi, 95-ci bənd). Hazırkı işdə Məhkəmə 273 nömrəli qanunun mütənasib olub-olmadığını qiymətləndirmək üçün Vətəndaşlıq haqqında Avropa Konvensiyasının müddəalarını, İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası və Venesiya Komissiyasının rəy və hesabatlarını (yuxarıda 45 və 51-ci bəndlərə bax) və Avropa Şurası Parlament Assambleyasının qətnamələrini (yuxarıda 48-50-ci bəndlərə bax) münasib hesab edir. Xüsusilə Vətəndaşlıq haqqında Avropa Konvensiyasına istinad etməklə Məhkəmə ərizəçinin ikili vətəndaşlıq hüququna malik olub-olmadığı məsələsini deyil, seçilməsindən sonra ikili vətəndaşlığa malik olması ilə əlaqədar cavabdeh dövlətin onun deputat kimi fəaliyyət göstərməsinə məhdudiyyətlər qoymaq hüququna malik olub-olmadığı və belə məhdudiyyətin 1 saylı protokolun 3-cü maddəsinin tələblərinə cavab verib-vermədiyi məsələlərini araşdırmağa çalışır.
177. Bu hesabat və şərhlərin məzmununa gəlincə, Məhkəmə qeyd edir ki, Venesiya Komissiyası, İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası, Avropa Şurasının Parlament Assambleyası və Monitorinq Komitəsinin qadağanın tənqidi ilə bağlı mövqeləri yekdildir (yuxarıda 45-51-ci bəndlərə bax). İstər 273 nömrəli qanunun yaratdığı nəticələrin ayrı-seçkilik xarakter daşıması, istərsə də onun bir sıra siyasi qüvvələrin siyasi proseslərdə səmərəli şəkildə iştirak etmək imkanlarına təsiri ilə bağlı narahatlıq ifadə olunmuşdur. Bundan əlavə, Məhkəmə Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsini və bu maddəyə uyğun olaraq Moldovanın başqa dövlətin vətəndaşlığına malik olan vətəndaşlarının digər Moldova vətəndaşları ilə eyni hüquq və vəzifələrə malik olmasını təmin etmək ilə bağlı üzərinə öhdəlik götürdüyünü qeyd edir (yuxarıda 85-ci bəndə bax).
178. Nəhayət, Məhkəmə xatırladır ki, seçki hüquqlarına tətbiq edilən məhdudiyyətlər müəyyən şəxsləri və ya şəxslər qrupunu ölkənin siyasi həyatında iştirak etməkdən məhrum etməməlidir (yuxarıda 158-ci bəndə bax). Bu baxımdan Məhkəmə qanunun onun qəbul edilməsi zaman müxalifətdə olmuş partiyalar üçün qeyri-mütənasib nəticələr doğurduğunu vurğulayır (yuxarıda 168-ci bəndə bax). Plüralizm və demokratiya dialoq və demokratik cəmiyyətin idealları və dəyərlərini qorumaq və onlara təkan vermək üçün fərdlər, yaxud fərdlər qrupu tərəfindən edilən müxtəlif güzəştləri zəruri olaraq ehtiva edən kompromisə getmək ruhu üzərində qurulmalıdır (bax: “Türkiyənin Birləşmiş Kommunist Partiyası və Digərləri Türkiyəyə qarşı” (United Communist Party of Turkey and Others v. Turkey, 30 January 1998, § 45, Reports 1998‑I) və “Leyla Şahin Türkiyəyə qarşı” [Böyük Palata] (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, § 108, ECHR 2005‑XI)). Demokratiyanın səmərəliliyi üçün zəruri olan belə dialoqa və fikir mübadiləsinə təkan vermək məqsədilə müxalifət partiyalarının siyasi arenada iştirakının təmin edilməsi və beləliklə də, onların seçicilərini təmsil etmələrinə, seçicilərini narahat edən məsələlərə diqqəti cəlb etmələrinə və onların maraqlarını müdafiə etmələrinə şərait yaradılması vacibdir (bax: “Xristian Demokratik Xalq Partiyası Moldovaya qarşı” (Christian Democratic People’s Party v. Moldova, no. 28793/02, § 67, ECHR 2006‑II)).
179. Məhkəmə müstəsna dərəcədə və ya əsasən müxalifət üçün əlverişsiz vəziyyət yaradan istənilən tədbiri xüsusi diqqətlə araşdırmalıdır. Xüsusilə tədbirin xarakter etibarı ilə müxalifət partiyalarının gələcəkdə hakimiyyətə gəlmək perspektivlərinə təsir göstərdiyi hallarda bu, daha mühüm əhəmiyyət kəsb edir. Belə məhdudiyyətlər 1 saylı protokolun 3-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırmaqla bu hüquqların bilavasitə mahiyyətinə xələl gətirir və onların səmərəli surətdə həyata keçirilməsi imkanlarını aradan qaldırır. Hazırkı işdə qadağanın seçkilərdən qısa müddət öncə, iqtidar partiyası tərəfindən seçkilərdə qazanılan səslərin sayında azalmanın baş verdiyi bir vaxtda (yuxarıda 31-44-cü bəndlərə bax) tətbiq edilməsi tədbirin mütənasib olmadığı ilə bağlı mülahizələri daha da gücləndirir.
180. Moldovanın xüsusi tarixi və siyasi şəraitinə baxmayaraq Məhkəmə yuxarıda qeyd edilmiş bütün amilləri nəzərə alaraq hesab edir ki, parlamentə seçilmiş çox vətəndaşlılığa malik olan vətəndaşların deputat kimi fəaliyyət göstərməsinin qarşısını alan 273 nömrəli qanunun müddəaları qeyri-mütənasibdir və 1 saylı protokolun 3-cü maddəsinə ziddiyyət təşkil edir. Buna görə də Hökumətin ratione materiae ilə bağlı etirazı təmin edilmir.
III. 1 SAYLI PROTOKOLUN 3-CÜ MADDƏSİ İLƏ BİRLİKDƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Palatanın gəldiyi nəticələr
181. Palata hesab etmişdir ki, 14-cü maddəyə əsasən qaldırılmış məsələlər 1 saylı protokolun 3-cü maddəsi əsasında təqdim edilmiş şikayətin kontekstində araşdırılmış məsələlər ilə eynidir. Buna görə də Palata 14-cü maddəyə əsasən təqdim edilmiş şikayətə ayrıca baxılmasına ehtiyac olmadığı barədə qərar qəbul etmişdir.
B. Tərəflərin izahatları
1. Moldova Hökuməti
182. Hökumət bildirmişdir ki, 273 nömrəli qanunun 21-ci maddəsinin 3-cü bəndi Dnestryanı bölgənin sakinlərini deputatların çox vətəndaşlılığa malik olmasına qoyulan qadağanın təsir dairəsindən kənar etməmiş, lakin bu bölgənin təsisatlarını qanunun tətbiqi dairəsindən kənar etmişdir.
2. Ərizəçi
183. Ərizəçi 21-ci maddənin 3-cü bəndinin mənası ilə bağlı Hökumət tərəfindən təqdim edilmiş izahı əsassız hesab edərək qanunun mətninin aydın olduğunu və onun Moldova hökuməti tərəfindən heç vaxt tanınmamış Dnestryanı təsisatlara keçirilən seçkilərə deyil, Dnestryanı bölgədə yaşayanlara tətbiq edildiyini qeyd etmişdir. Ərizəçi bildirmişdir ki, onun fikrincə 14-cü maddə əsasında şikayətə ayrıca baxılmalıdır, belə ki, Dnestryanı bölgədə yaşayan Moldova vətəndaşlarının bir çoxunun eyni zamanda Rusiya vətəndaşlığına malik olmalarına baxmayaraq, 273 nömrəli qanun onları açıq-aşkar qanunun tətbiqi dairəsindən kənarlaşdırmışdır. Rəftardakı bu fərq heç nə ilə əsaslandırılmamışdır.
184. Ərizəçi Məhkəmədən 1 saylı protokolun 3-cü maddəsi ilə yanaşı ayrıca 14-cü maddənin də pozulduğu barədə qərar qəbul etməyi xahiş etmişdir.
3. Rumıniya Hökuməti
185. Rumıniya Hökuməti də cavabdeh Hökumətin 273 nömrəli qanunun Dnestryanı bölgənin istisna edilməsinə dair 21-ci maddəsinin 3-cü bəndini daha dar təfsir etməsi ilə razılaşmayaraq bunun təfsirin ümumi prinsiplərinə zidd olduğunu bildirmişdir. Hökumət Dnestryanı bölgədə təsisatları və hakimiyyət orqanlarını tanımadığından Moldovada qəbul edilmiş qanunun bu təsisatlara keçirilən seçkiləri tənzim etmək üçün nəzərdə tutulduğunu iddia edə bilməz. Rumıniya Hökuməti İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının belə fərq qoymanı əsassız olduğu üçün tənqid etdiyini bildirmiş (yuxarıda 45-ci bəndə bax) və Məhkəmədən qərar qəbul edən zaman bu rəyi nəzərə almasını xahiş etmişdir (bu zaman “Kobzaru Rumıniyaya qarşı” (Cobzaru v. Romania, no. 48254/99, §§ 49-50, 26 July 2007) işinə istinad edilmişdir).
186. Sonda Rumıniya Hökuməti 1 saylı protokolun 3-cü maddəsi ilə birlikdə 14-cü maddənin də pozulduğu barədə qərar qəbul etməyi Məhkəmədən xahiş etmişdir.
C. Məhkəmənin qiymətləndirməsi
187. Məhkəmə qeyd edir ki, mənası aydın olmayan 273 nömrəli qanunun 21-ci maddəsinin 3-cü bəndinin təfsirinin düzgün olub-olmadığı ilə bağlı tərəflər mübahisə edirlər. O, hesab edir ki, hər iki tərəfin qeyd etdiyi qaydada təfsirin aparılması mümkündür. Milli qanunvericiliyin düzgün təfsir edilib-edilmədiyinə dair qərar qəbul etmək Məhkəmənin vəzifəsi deyil və bunu ölkə məhkəmələri həyata keçirməlidir.
188. Hazırkı işdə Məhkəmə 1 saylı protokolun 3-cü maddəsinin pozulduğu barədə gəldiyi nəticəni nəzərə alaraq ərizəçinin 14-cü maddə əsasında təqdim etdiyi şikayətə ayrıca baxılmasına ehtiyac olmadığını qət edir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
189. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
190. Ərizəçi maddi və ya mənəvi ziyan ilə bağlı hər hansı tələb irəli sürməmişdir.
B. Məhkəmə xərcləri
191. Ərizəçi işə Böyük Palatada baxılması ilə əlaqədar çəkilmiş xərc və məsrəflərə görə əlavə olaraq 5021,83 avro məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Bu xərclərə iclasda iştirak ilə bağlı çəkilmiş məsrəflər də daxil edilmişdir. Məbləği təsdiq etmək üçün ərizəçi tərəfindən qəbzlər təqdim edilmişdir. İşə Palatada baxılması ilə bağlı çəkilmiş xərc və məsrəflər də daxil olmaqla ərizəçi ümumilikdə 8881,83 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
192. Hökumət məhkəmə xərcləri ilə bağlı ərizəçinin tələblərinə dair Böyük Palataya heç bir izahat təqdim etməmişdir.
193. Məhkəmə xatırladır ki, Palata işə baxılması ilə bağlı çəkilmiş xərc və məsrəflərə görə 3860 avro məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul etmişdir. İşə sonradan Böyük Palatada baxılması ilə əlaqədar çəkilmiş xərc və məsrəflərə dair də qəbzlər təqdim edilmişdir. Buna görə də Məhkəmə tələb olunan bütün məbləğin ödənilməsi barədə qərar qəbul edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
194. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Cavabdeh Hökumətin ratione materiae ilə bağlı etirazına işin mahiyyəti ilə birlikdə baxmağı qərara alır və bu etirazı təmin etmir;
2. Cavabdeh Hökumətin ilkin etirazını digər hissələrdə də rədd edir;
3. Konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsinin pozulduğunu qət edir;
4. 1 saylı protokolun 3-cü maddəsi ilə birlikdə Konvensiyanın 14-cü maddəsinin ayrıca araşdırılmasının zəruri olmadığı barədə qərar qəbul edir;
5. Qərara alır ki,
(a) cavabdeh dövlət bu qərarın qəbul edilməsindən sonra üç ay ərzində məhkəmə xərclərinə görə, ödənilməli olan vergilər də daxil olmaqla, 8881,83 avro (səkkiz min səkkiz yüz səksən bir avro və 83 sent) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Moldova leyində ərizəçiyə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2010-cu il 27 aprel tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq iclasda elan edilmişdir.
Maykl O’Boyl Per Lorensen
Katibin müavini Sədr
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy