© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Tenase Moldovaya qarşı (Tănase v. Moldova [GC]), ərizə № 7/08
27.04.2010-cu il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 3-cü maddəsi
Seçkidə namizəd qismində iştirak hüququ
Bir neçə vətəndaşlığı olan şəxslərin parlament seçkilərində namizəd qismində iştirak hüququna malik olmaması: pozuntu baş verib
Faktlar – Tanınmış Moldova siyasətçisi olan ərizəçi Liberal-Demokrat Partiyasının sədr müavini və Kişinyov bələdiyyə şurasının üzvü idi. Moldova Respublikası İkinci Dünya Müharibəsinə qədər Rumıniyaya məxsus olmuş ərazidə yerləşir. Bu ərazi 1940-cı ildə Sovet İttifaqına birləşdirildikdən sonra yerli əhali Rumıniya vətəndaşlığını itirdi. 1991-ci ilin avqustunda Moldovanın müstəqilliyi haqqında bəyannamə imzalandıqdan sonra Moldova vətəndaşlığı haqqında qanun qəbul edildi.Həmin qanuna əsasən, bu ərazi SSRİ-yə birləşdirilənə qədər keçmiş Moldaviya Sovet Sosialist Respublikasının ərazisində yaşayan bütün şəxslər Moldova vətəndaşlığı əldə etdilər. Ərizəçi belə şəxslərin varisi olaraq Moldova vətəndaşlığı əldə etdi. 1991-ci ildə Rumıniya parlamenti də vətəndaşlıq haqqında qanun qəbul etdi, həmin qanuna əsasən 1989-cu ilədək vətəndaşlıqlarını itirmiş Rumıniya vətəndaşları və onların varisləri yenidən Rumıniya vətəndaşlığı əldə edə bilərdilər. 2003-cü ildə Moldova vətəndaşlığından savayı başqa vətəndaşlıq əldə etməyə qoyulan qadağa ləğv edildiyinə görə ərizəçi Rumıniya vətəndaşlığı əldə etmək üçün müraciət etdi və həmin vətəndaşlığı aldı. 2008-ci ildə Moldova parlamenti seçki qanunvericiliyinə dəyişiklik etdi, belə ki, iki və ya daha artıq vətəndaşlığı olan şəxslərin parlamentə seçilməsinə qadağa qoyuldu (273 saylı Qanun). Digər mühüm dəyişikliklərə gəlincə, seçilmək üçün qazanılmalı olan səslərin sayı artırıldı və seçki bloklarının və koalisiyalarının bütün formalarına qadağa qoyuldu. Bu dəyişikliklər 2008-ci ilin mayında qüvvəyə mindi, 2009-cu ilin yazında isə növbəti ümumi seçkilər keçirildi. Ərizəçi parlamentə seçildi. Mandat ala bilmək üçün o, Kişinyovdakı Rumıniya səfirliyinə məktub göndərdi və məktubda bildirdi ki, Rumıniya vətəndaşlığından imtina etmək proseduruna başlamaq məcburiyyətindədir, amma Böyük Palata tərəfindən bu iş üzrə qərar qəbul edildikdən sonra bu müraciəti geri götürmək hüququnu özündə saxlayır. Bu məktubu nəzərə alaraq Konstitusiya Məhkəməsi ərizəçinin mandatını etibarlı elan etdi. 2009-cu ildə Konstitusiya Məhkəməsi 273 saylı Qanunun Konstitusiyaya uyğun olduğu barədə qərar çıxardı.
Hesablamalara görə, 1991-ci ildən 201-ci ilədək 3.800.000 Moldova vətəndaşından 95.000-dən 300.000-ə qədər şəxs Rumıniya vətəndaşlığı almışdı; 2007-ci ilin fevralında Rumıniya vətəndaşlığı almaq üçün təxminən 800.000 Moldova vətəndaşının vəsatəti icraatda idi. Bundan başqa, təxminən 120.000 Moldova vətəndaşı Rusiya Federasiyasının pasportuna malik idi.
Hüquqi məsələlər – a) Şikayətin qəbulunun mümkünlüyü məsələsi
i) Qurban statusu: 273 saylı Qanun ərizəçiyə birbaşa təsir göstərirdi, çünki o, Rumıniya vətəndaşlığını itirməsi ilə nəticələnə biləcək prosedura başlamağa borclu idi. Bundan başqa, parlamentə seçiləcəyi təqdirdə Rumıniya vətəndaşlığından imtina etməsi üçün addımlar atmasının ondan tələb olunması, şübhəsiz ki, seçki kampaniyası dövründə onun vəziyyətinə təsir göstərmişdi. Üstəlik, o, səsləri itirə bilərdi, çünki seçicilər anlayırdılar ki, ikili vətəndaşlığı olan şəxs statusundan imtina edib-etməmək barədə qərar verməli olacağı təqdirdə onun mandatından imtina edəcəyini istisna etmək olmazdı. Hətta Rumıniya hökuməti ərizəçini hələlik vətəndaşlıqdan məhrum etməsə belə, vətəndaşlıqdan imtina prosedurunu istənilən vaxt yekunlaşdırmaq imkanına malik idi. İstənilən halda, hər dəfə ərizəçi parlament seçkilərində namizədliyini irəli sürərkən mandatının etibarlılığının Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi və Rumıniya vətəndaşlığından imtina barədə vəsatətinin Rumıniya hökuməti tərəfindən təmin edilməsi məsələsində qeyri-müəyyənliklə qarşılaşacaqdı. Beləliklə, bu tədbir ərizəçiyə zərər yetirmişdi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
ii) Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi: Hökumətin təklif etdiyi hüquqi müdafiə vasitələri ərizəçi üçün əlçatan deyildi, çünki o, birbaşa Konstitusiya Məhkəməsinə müraciət edə bilməzdi. İstənilən halda, Konstitusiya Məhkəməsi sözügedən qanunun konstitusiyaya uyğunluğu barədə qərar çıxardığına görə, təklif olunan bu hüquqi müdafiə vasitəsi artıq tükənmişdi.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (yekdilliklə).
b) Şikayətin mahiyyəti – 1 saylı Protokolun 3-cü maddəsi: Parlamentə seçildikdən sonra ərizəçi Konstitusiya Məhkəməsi tərəfindən mandatının etibarlı elan edilməsi üçün Rumıniya vətəndaşlığından imtina etmək proseduruna başlamağa borclu idi. Müvafiq olaraq, onun 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüququna müdaxilə baş vermişdi. Avropa Məhkəməsi razılaşdı ki, 273 saylı Qanun dəqiqlik tələbinə cavab verir. Bu qanunla Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsi arasında uyğunsuzluq olsa da, Avropa Məhkəməsi hesab etdi ki, normalar arasındakı bu aşkar ziddiyyəti araşdırmağa ehtiyac yoxdur.
Dövlətə loyallığın təmin edilməsi məqsədinə gəlincə (tərəflərin bildirdiyinə görə, qadağa məhz bu məqsədlə tətbiq edilmişdi), bu anlayış kifayət qədər aydın deyildi və tərəflər onun məzmununa dair izahat təqdim etmədilər. Öz növbəsində Məhkəmə ilk növbədə dövlətə loyallıqla hökumətə loyallığı fərqləndirməyi zəruri hesab edir. Dövlətə loyallıq seçki hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıran qanuni məqsəd sayıla bilər, amma hökumətə loyallıq bu cür məqsəd təşkil etmir. Demokratik dövlətdə seçicilərini təmsil etmək funksiyasını yerinə yetirərkən parlament üzvlərinin və xüsusən müxalif partiya üzvlərinin vəzifəsi ondan ibarətdir ki, hökumətin hesabatlılığını təmin edərək apardıqları siyasəti qiymətləndirsinlər. Bundan başqa, müxtəlif və bəzən bir-birinə tamamilə zidd məqsədlərin qarşıya qoyulması nəinki qəbul ediləndir, həm də plüralizmə və seçicilərin öz siyasi baxışlarını ifadə etmələrinə şərait yaradılması baxımından zəruridir. Parlament üzvlərindən tələb olunan dövlətə loyallıq dövlətin konstitusiyasına, qanunlarına, təsisatlarına, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməsini də əhatə edir. Bu aspektlərdən hər hansı birinin dəyişdirilməsinə yönələn istənilən cəhd dövlətin qanunlarına əsaslanmalıdır. Hər hansı digər yanaşma parlament üzvlərinin öz seçicilərini, xüsusən də azlıq qruplarını təmsil etmək imkanına xələl gətirmiş olardı.
Moldova parlamentinin ikili vətəndaşlığı olan üzvlərinin bəziləri tərəfindən Moldova dövlətinin cari prinsiplərinə və strukturlarına zidd sayılan siyasi proqramlarını müdafiə etmək imkanına malik olması demokratiya qaydalarına zidd sayıla bilməzdi. Bunu nəzərə alaraq Məhkəmə bu işdəki tədbirin həqiqətən dövlətə loyallığı təmin etmək məqsədi daşıyıb-daşımadığını araşdırmağa keçdi. 273 saylı Qanunun qəbulu seçki islahatının aspektlərindən biri idi, həmin islahatlar seçilmək üçün qazanılmalı olan səslərin miqdarının artırılmasını və seçki bloklarının qadağan olunmasını nəzərdə tuturdu. Təklif olunan bütün tədbirlər müxalifətə mənfi təsir göstərmişdi. Belə ki, müxalifət üçün bundan əvvəl də qazanılmalı səslərin lazımi həddini keçmək və parlamentə mandat əldə etmək çətin idi və o, buna yalnız seçki blokları yaratmaq vasitəsilə nail olurdu. 2009-cu ilin aprel seçkilərinin yekunları bu qanunun qeyri-mütənasib nəticələrini nümayiş etdirdi. 273 saylı Qanunun Pridnestrovye sakinlərini (onların çoxu Rusiya vətəndaşları idi) seçkilərdən kənarda qoyduğu barədə ərizəçinin iddiası bu qanunun həqiqi məqsədi ilə bağlı əlavə narahatlıq doğurur.
Nəhayət, Məhkəmə bu faktı da əhəmiyyətli hesab etdi ki, qanuna dəyişikliklər ümumi seçkilərə bir ildən də az vaxt qalmış edilmişdi. Hökumət ikili vətəndaşlığı olan parlament üzvünün Moldova dövlətinə loyallıq nümayiş etdirmədiyinə dair bircə nümunə də göstərə bilmədi. Konstitusiya Məhkəməsinin qərarlarında Moldova dövlətinin əsaslarını sarsıtmağa yönələn hərəkatlar barəsində qısa qeydləri istisna olmaqla, seçki siyasətinin dəyişdirilməsinin zəruriliyinə dair çox az izahat verildi. Bundan başqa, məlumatlara görə, sözügedən qanun vahid qaydada tətbiq edilmirdi. Belə olan halda Məhkəmə bu tədbirin məqsədinin parlament üzvlərinin dövlətə loyallığını təmin etmək olduğuna tam əmin deyil.
Tədbirin mütənasibliyinə gəlincə, Avropa Şurasının üzvü olan dövlətlərin praktikasının icmalı bu məsələdə konsensus olduğunu göstərir ki, ölkədə ikili vətəndaşlığa yol verildiyi hallarda birdən artıq vətəndaşlığın olması, hətta əhali etnik cəhətdən yekcins olmasa belə və ikili vətəndaşlığı olan parlament üzvlərinin sayı çox olsa belə, parlament üzvünü vəzifəsindən kənarlaşdırmaq üçün əsas sayıla bilməz. Lakin bu konsensusa baxmayaraq, tarixi və ya siyasi mülahizələr məhdudlaşdırıcı praktikanı zəruri edərsə, həmin praktikaya haqq qazandırmaq olar. Məhkəmə Moldovanın xüsusi vəziyyətini qeyd edərək bildirdi ki, burada ikili vətəndaşlığı olan şəxslər çox idi və ölkə bu yaxınlarda müstəqillik qazanmışdı. Moldovanın tarixini nəzərə alsaq, 1991-ci ildə müstəqillik elan edilərkən ikili vətəndaşlığı olan şəxslərin parlament üzvlüyünə seçilməsinə qadağa qoyulmasına haqq qazandırmaq olardı. Amma Moldovanın müstəqilliyi elan edildikdən 17 il sonra və qanunvericiliyin ikili vətəndaşlığa icazə verən şərtlərinin yüngülləşdirilməsindən təxminən beş il sonra bu qadağanın olması başa düşülən deyil. Hökumət ikili vətəndaşlığı olan şəxslərin dövlətə loyallığı ilə bağlı narahatlığın nəyə görə son dövrlərdə yarandığına və qanunvericilikdə ikili vətəndaşlığa icazə verən dəyişikliklər edilən zaman bu narahatlığın nəyə görə olmadığına dair izahat vermədi. Məhkəmə razılaşdı ki, ikili vətəndaşlığı olan parlament üzvlərinin sayı çox idi. Amma ölkə vətəndaşlarının da çoxunun ikili vətəndaşlığı vardı və həmin vətəndaşlar parlamentdə onların ehtiyaclarını və siyasi baxışlarını ifadə edə biləcək nümayəndələri vasitəsilə parlamentdə təmsil olunmaq hüququna malik idilər.
Hazırkı işdə Moldovanın qanunlarının, dövlət təsisatlarının və milli təhlükəsizliyinin müdafiəsi üçün başqa vasitələr vardı, məsələn, qanunsuz və ya milli maraqları təhdid edən davranışa qarşı sanksiyalar tətbiq edilə bilərdi, habelə məxfi sənədlərlə tanış olmaq imkanı təhlükəsizlik mülahizələrinə görə məhdudlaşdırıla bilərdi. Demokratiyaya və ya müstəqilliyə qarşı birbaşa təhlükə arxada qaldıqdan sonra ikili vətəndaşlığı olan bütün şəxslərin milli təhlükəsizliyə və müstəqilliyə qarşı təhlükə yaratdığı barədə ümumi ehtimala əsaslanmaqdansa, konkret məlumatlar əsasında dövlət maraqlarına qarşı həqiqi təhlükə yaratdığı müəyyənləşdirilən hallar barədə tədbirlər görməyə üstünlük verilməli idi. Venesiya Komissiyası, İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI), Avropa Şurasının Parlament Assambleyası və Öhdəliklərə riayət edilməsinə nəzarət üzrə Komitə bu qadağanı yekdilliklə tənqid etdilər. 273 saylı Qanunun ayrı-seçkilik xarakteri daşıması və bir sıra siyasi qüvvələrin siyasi prosesdə real iştirak imkanlarına təsir göstərməsi ilə bağlı narahatlıq ifadə edildi. Məhkəmə həmçinin Vətəndaşlıq haqqında Avropa Konvensiyasının 17-ci maddəsini və Moldovanın həmin maddəyə uyğun olaraq götürdüyü öhdəliyi, yəni ikili vətəndaşlığı olan Moldova vətəndaşlarının digər Moldova vətəndaşları ilə eyni hüquqlara malik olmasını və eyni vəzifələr daşımasını təmin etmək öhdəliyini nəzərə aldı.
Nəhayət, seçki hüquqlarına qoyulan hər hansı məhdudiyyət bəzi şəxsləri və ya şəxs qruplarını ölkənin siyasi həyatında iştirakdan kənarlaşdırmamalıdır. Bu baxımdan Məhkəmə sözügedən qanunun qəbul edildiyi dövrdə müxalif partiyalara qeyri-mütənasib təsir göstərdiyini vurğuladı. Məhkəmə yalnız və ya əsas etibarı ilə müxalifətə təsir göstərən hər hansı tədbiri, xüsusən həmin tədbir müxalifətin gələcəkdə hakimiyyətə gəlməsi perspektivinə təsir göstərirsə, diqqətlə araşdırmalıdır. Bu cür məhdudiyyətlər 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin edilən hüquqlara o dərəcədə təsir göstərir ki, onları mahiyyətindən və səmərəliliyindən məhrum edir. Hazırkı işdə seçkilərə az qalmış, hakim partiyanın seçicilərinin faizi azaldığı bir dövrdə qadağanın tətbiq edilməsi bu tədbirin mütənasib olmadığına dəlalət edən əlavə amildir.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ziyanın kompensasiyası barədə heç bir tələb irəli sürülməyib.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy