© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
TARAXEL İSVEÇRƏYƏ QARŞI
(29217/12 nömrəli ərizə)
QƏRAR
[ÇIXARIŞLAR]
STRASBURQ
4 noyabr 2014-cü il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli dəyişikliklər edilə bilər.
Taraxel İsveçrəyə qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Din Şpilman (Dean Spielmann),
hakimlər:
Jozep Kasadeval (Josep Casadeval),
Qido Raymondi (Guido Raimondi),
Mark Villiger (Mark Villiger),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Andras Saxo (András Sajó),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoria (Nona Tsotsoria),
İşıl Karakaş (Işıl Karakaş),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Julia Laffranq (Julia Laffranque),
Linos-Alexandre Sisilianos (Linos-Alexandre Sicilianos),
Helen Keller (Helen Keller),
Andre Potoçki (André Potocki),
Pol Lemmens (Paul Lemmens),
Helena Yaderblom (Helena Jäderblom),
Pol Mahoni (Paul Mahoney),
və yuriskoncult Lourens Örlidən (Lawrence Early) ibarət tərkibdə
2014-cü il 12 fevral və 10 sentyabr tarixlərində qapalı müşavirə keçirərək,
Yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Lozannada yaşayan səkkiz Əfqanıstan vətəndaşı (kollektiv şəkildə “ərizəçilər”) – 1971-ci ildə anadan olmuş cənab Qolacan Taraxel (“birinci ərizəçi”), onun arvadı, 1981-ci ildə anadan olmuş xanım Məryəm Həbibi (“ikinci ərizəçi”) və onların altı azyaşlı uşağı, 1999-cu il təvəllüdlü Arezu, 2001-ci il təvəllüdlü Məhəmməd, 2003-cü il təvəllüdlü Nazənin, 2005-ci il təvəllüdlü Şiba, 2008-ci il təvəllüdlü Zeynəb və 2012-ci il təvəllüdlü Əmir Həsən tərəfindən 10 may 2012-ci ildə İsveçrə Konfederasiyasına qarşı ərizənin (29217/12 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçiləri Deportasiya Edilən Şəxslərə Hüquqi Yardım Xidmətinin (Service d’Aide Juridique aux Exilés – SAJE) adından xanım Xloe Brenar Ekofe təmsil etmişdir. İsveçrə Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Federal Ədliyyə İdarəsinin Beynəlxalq insan hüquqlarının müdafiəsi sektorunun müdiri cənab Frənk Şürman təmsil etmişdir.
3. Ərizəçilər əsas etibarı ilə Konvensiyanın 3-cü və 8-ci maddələrinə istinad edərək İtaliyaya geri qaytarılacaqları təqdirdə yaşayış yeri ilə təmin olunmama və ya qeyri-insani, yaxud alçaldıcı şəraitdə yerləşdirilmə təhlükəsi ilə üzləşəcəklərini, bununla da qeyri-insani və ya alçaldıcı rəftara məruz qalacaqlarını iddia etmişlər. Onların izahatlarına görə bu təhlükə İtaliyada sığınacaq axtaranların qəbulu ilə bağlı prosedurlarda mövcud sistematik nöqsanlar fonunda onlarla necə rəftar ediləcəyinə dair fərdi təminatların olmaması ilə bağlı idi.
Ərizəçilər Konvensiyanın 13-cü və 3-cü maddələrinə əsasən daha sonra bildirmişlər ki, İsveçrənin hakimiyyət orqanları onların şəxsi vəziyyətinə kifayət qədər fikir verməmiş və onların ailə vəziyyətini nəzərə almamışlar.
4. 2012-ci il 25 iyunda ərizə barədə Hökumətə məlumat verilmişdir.
5. 2013-cü il 24 sentyabrda ərizənin baxılmaq üçün təyin olunduğu və hakimlər Qido Raymondi, Danute Yoşiene, Per Lorensen, Andras Saxo, İşıl Karakaş, Neboyşa Vuçiniç və Helen Kellerdən, məhkəmənin bölmə katibi Steynli Neysmitdən ibarət Palata Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina etmişdir. Tərəflər məsləhətləşmə apardıqdan sonra buna etiraz etmədiklərini bildirmişlər (Konvensiyanın 30-cu maddəsi və Məhkəmənin Prosedur Qaydalarının 72-ci maddəsi). Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndləri və Qaydaların 24-cü maddəsinə uyğun olaraq müəyyən edilmişdir. Əvəzedici hakimlər Pol Lemmens və Nona Tsotsoriya sonuncu iclaslarda işə baxılmasında iştirak edə bilməyən İneta Ziemele və Per Lorenseni əvəz etmişlər (Qaydaların 24-cü maddəsinin 3-cü bəndi).
6. Ərizəçi və Hökumət ərizənin qəbuledilənliyi və mahiyyəti ilə bağlı yazılı qeydlərini təqdim etmişlər (Qaydaların 59-cu maddəsinin 1-ci bəndi). Həmçinin Məhkəmənin sədri tərəfindən yazılı prosedurda iştirak etmələrinə icazə verilmiş İtaliya, Niderland, İsveç, Norveç və Birləşmiş Krallıq Hökumətləri və “Uşaqların Müdafiəsi”, “Avropada Fərdi Hüquqlar üzrə Məşvərət Mərkəz” (“AİRE Mərkəzi”), “Qaçqınlar və Deportasiya Olunanların İşləri üzrə Avropa Şurası” (“ECRE”) və “Amnesty International” kimi təşkilatlar da qeydlərini təqdim etmişlər (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Qaydaların 44-cü maddəsinin 3-cü bəndi). İtaliya Hökuməti həmçinin şifahi prosedurda da iştirak etməyə dəvət olunmuşdur.
7. Məhkəmə iclası 2014-cü ilin 12 fevral tarixində Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu qaydanın 3-cü bəndi).
Məhkəmədə aşağıdakı şəxslər iştirak etmişlər:
a) Hökumətin adından
cənab F.ŞÜRMAN, Federal Polis və Ədliyyə Departamentinin Federal Ədliyyə İdarəsinin Beynəlxalq insan hüquqlarının müdafiəsi sektorunun müdiri, səlahiyyətli nümayəndə,
cənab B.DUBEY, Federal Polis və Ədliyyə Departamentinin Federal Ədliyyə İdarəsinin Avropa hüququ və Şengen/Dublin koordinasiya sektorunun müdir müavini, məsləhətçi,
xanım D.STEYQER LEUBA, Federal Polis və Ədliyyə Departamentinin Federal Ədliyyə İdarəsinin Beynəlxalq insan hüquqlarının müdafiəsi sektorunun texniki müşaviri, məsləhətçi,
cənab J.HORNİ, Federal Polis və Ədliyyə Departamentinin Federal Miqrasiya İdarəsinin Dublin bölməsinin müdir müavini, məsləhətçi,
xanım V.HOFER, Federal Polis və Ədliyyə Departamentinin Federal Miqrasiya İdarəsinin İtaliya Daxili İşlər Nazirliyi ilə “Dublin” əlaqələndirmə məmuru, məsləhətçi,
b) Ərizəçinin adından
xanım BRENAR EKOFE, SAJE-nin rəhbəri, vəkil,
xanım K.Povlakiç, məsləhətçi,
c) İtaliya Hökumətinin adından (üçüncü tərəf)
xanım P.AKKARDO, səlahiyyətli nümayəndə,
xanım Q.MAURO PELLEQRİNİ, səlahiyyətli nümayəndə.
Məhkəmədə cənab Şürman, cənab Horni, xanım Brenar Ekofe, xanım Povlakiç, cənab Akkardo və hakimlərin suallarına cavab vermişlər.
FAKTLAR
I. İŞİN HALLARI
8. İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
9. Dəqiq tarixi məlum olmayan vaxtda birinci ərizəçi Əfqanıstanı tərk edərək Pakistana getmiş, burada ikinci ərizəçi ilə tanış olaraq onunla evlənmişdir. Sonra cütlük İrana köçmüş və on beş il burada yaşamışlar.
10. Dəqiq tarixi məlum olmayan vaxtda cütlük və onların uşaqları İranı tərk edərək Türkiyəyə, buradan isə qayıqla İtaliyaya getmişlər. İtaliya polisinin müəyyən etdiyi faktlara və İtaliya Hökuməti tərəfindən qeydlərə əlavə edilmiş identifikasiya formalarına görə ərizəçilər (cütlük və beş böyük uşağı) saxta şəxsiyyət vəsiqələri təqdim etdikdən sonra EURODAC şəxsiyyətin müəyyənləşdirilməsi prosedurundan (şəkillərin çəkilməsi və barmaq izlərinin alınması) keçmişlər. Həmin gün cütlük və beş uşaq Stiqnanonun (Raggio Calabriya vilayəti) bələdiyyə orqanlarının ayırdığı qəbul mərkəzində yerləşdirilmiş və 2011-ci il 26 iyula qədər burada qalmışlar. Həmin tarixdə, kimlikləri dəqiq müəyyən edildikdən sonra onlar Puglia regionunun Bari şəhərindəki Sığınacaq Axtaranlar üçün Qəbul Mərkəzinə (Centro di Acoglienza per Richiedenti Asilo, “CARA”) köçürülmüşlər.
11. Ərizəçilərin dediklərinə görə mərkəzdə yaşayış şəraiti pis olmuş, xüsusilə müvafiq sanitar qovşaqlar olmamış, şəxsi həyatın məxfiliyinə hörmət təmin edilməmişdir və burada qalanlar arasında zorakılıq mühiti mövcud idi.
12. 2011-ci il 28 iyulda ərizəçilər Baridəki CARA-nı icazəsiz tərk etmişlər. Sonradan onlar Avstriyaya getmiş və 2011-ci il 30 iyulda yenidən EURODAC sistemində qeydiyyatdan keçirilmişlər. Onlar sığınacaq almaq üçün Avstriya orqanlarına müraciət etmiş, lakin rədd cavabı almışlar. 2011-ci il 1 avqustda Avstriya ərizəçiləri qəbul etməsi üçün İtaliyanın hakimiyyət orqanlarına müraciət etmiş və onlar 2011-ci il 17 avqustda xahişi rəsmi olaraq qəbul etmişlər. Tarixi dəqiq məlum olmayan vaxtda ərizəçilər İsveçrəyə getmişlər. 2011-ci il 14 noyabrda Avstriyanın dövlət orqanları İtaliyalı həmkarlarına məlumat vermişlər ki, ərizəçilər yoxa çıxdıqlarından köçürülmə ləğv edilir.
13. 2011-ci il 3 noyabrda ərizəçilər sığınacaq almaq üçün İsveçrənin hakimiyyət orqanlarına müraciət etmişlər.
14. 2011-ci il 15 noyabrda birinci və ikinci ərizəçi Federal Miqrasiya İdarəsi (“FMİ”) tərəfindən müsahibəyə cəlb olunmuş və onlar İtaliyada yaşayış şəraitinin ağır olduğunu və burada birinci ərizəçi üçün iş yeri tapılmasının mümkün olmayacağını bildirmişlər.
15. 2011-ci il 22 noyabrda FMİ İtaliyanın hakimiyyət orqanlarından ərizəçiləri qəbul etməyi xahiş etmişdir. Müvafiq qeydlərində İsveçrə və İtaliya Hökumətləri xahişin İtaliya tərəfindən susmaqla qəbul edildiyi barədə razılığa gəlmişlər.
16. FMİ 2012-ci il 24 yanvar tarixli qərarı ilə ərizəçinin sığınacaqla bağlı müraciətini rədd etmiş və onların İtaliyaya qaytarılması barədə əmr vermişdir. İnzibati orqan belə hesab etmişdir ki, “İtaliyadakı yaşayış şəraitinin pisliyi qaytarılma barədə əmrin icrasına mane olmur”, “buna görə də ərizəçilərə kömək göstərilməsi İtaliya hakimiyyət orqanlarının üzərinə düşür” və “İsveçrənin hakimiyyət orqanları İtaliya hakimiyyət orqanlarını əvəz etmək səlahiyyətinə malik deyillər”. O, yuxarıdakı mülahizələrə əsasən belə nəticəyə gəlmişdir ki, “işdəki materiallar İtaliyaya qaytarılacaqları təqdirdə ərizəçilərin həyatı üçün təhlükə olacağı ilə bağlı hər hansı konkret elementi ortaya çıxarmır”.
17. 2012-ci il 2 fevralda ərizəçilər əmrdən Federal İnzibati Məhkəməyə şikayət etmişlər. Ərizəçilər şikayətlərinin dəlillərini müdafiə etmək məqsədilə İtaliyada sığınacaq axtaranlar üçün qəbul şəraitinin Konvensiyanın 3-cü maddəsinin tələblərini pozduğunu və federal hakimiyyət orqanlarının bununla bağlı şikayətlərinə kifayət qədər diqqət vermədiklərini bildirmişlər.
18. Federal İnzibati Məhkəmə 2012-ci il 9 fevralda qəbul etdiyi qərarında şikayəti təmin etməmiş və FMİ-nin qərarını dəyişdirmədən saxlamışdır. Məhkəmə hesab etmişdir ki, “qəbul və sosial təminatla bağlı məsələlərdə nöqsanların olmasına və sığınacaq axtaranların məsələləri ilə bəzən dövlət orqanlarının deyil, özəl xeyriyyə təşkilatlarının məşğul olmasına baxmayaraq”, iş materiallarında “İtaliyanın beynəlxalq ümumi hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərinə əməl etdiyi ehtimalını təkzib edən” hər hansı sübut yoxdur. Məhkəmə ərizəçinin konkret davranışı ilə bağlı qeyd etmişdir ki, “o, İsveçrəyə getmək barədə qərar qəbul etməklə İtaliya hakimiyyət orqanlarını onun vəziyyəti ilə bağlı öhdəliklərini həyata keçirməsinə imkan verməmişdir”.
19. 2012-ci il 13 martda ərizəçilər FMİ-dən icraatı təzələməyi və onlara İsveçrədə sığınacaq verilməsini xahiş etmişlər. Onlar vəziyyətlərinin təfsilatı ilə araşdırılmadığını bildirmişlər. FMİ xahişi Federal İnzibati Məhkəməyə göndərmiş, məhkəmə isə xahişi “2012-ci il 9 fevral tarixli qərara yenidən baxılması üçün vəsatət” kimi qəbul edərək, 2012-ci il 21 martda qəbul etdiyi qərarla onu rədd etmişdir. O, bunun əsası kimi ərizəçilər tərəfindən işə adi qaydada baxılması zamanı istinad edə bilmədikləri hər hansı yeni dəlil irəli sürməmələrini göstərmişdir. Ərizəçilər xahişlərini əsasən İtaliyada qalmaları barədə daha ətraflı məlumat verildiyi və uşaqlarının hazırda İsveçrədəki məktəbə getmələri ilə əsaslandırmışlar.
20. 2012-ci il 10 mayda yazılmış və Katibliyə 15 may tarixində daxil olmuş məktubda ərizəçilər Məhkəməyə müraciət edərək icraat müddətində İsveçrə Hökumətindən İtaliyaya deportasiya olunmamaları xahişini ehtiva edən müvəqqəti tədbir barədə qərar qəbul edilməsini xahiş etmişlər.
21. 2012-ci il 18 may tarixli faksla Katiblik işin baxış uşun təyin olunduğu Bölmə sədrinin Məhkəmənin Prosedur Qaydalarının 39-cu maddəsinə əsasən ərizəçilərin Məhkəmədə işə baxılması müddətində İtaliyaya deportasiya edilməməsinə dair göstərişinin verilməsi barədə qərar qəbul etdiyi ilə bağlı məlumat verilmişdir.
...
III. AVROPA İTTİFAQI HÜQUQNUN MƏSƏLƏ İLƏ BAĞLI NORMALARI
...
35. II Dublin Qaydaları bu yaxınlarda Avropa Parlamenti və Şuranın 2013-cü il 26 iyun tarixli, 604/2013 nömrəli Qaydaları (“III Dublin Qaydaları”) ilə əvəz olunmuşdur. Yeni Qaydaların məqsədi “Dublin” sisteminin daha səmərəli olmasını təmin etmək və “Dublin” prosedurunu keçməli olan şəxslər üçün hüquqi təminatları daha da gücləndirməkdən ibarətdir. Onun məqsədlərindən biri ailələrin birgə qalmasını təmin etməkdir və o, müşayiət olunmayan azyaşlılara və xüsusi müdafiə tələb edən şəxslərə xüsusi diqqət yetirir. ...
Maddə 6
Azyaşlılar üçün təminatlar
“1. Bu Qaydalarda təsbit edilmiş bütün prosedurlarla bağlı Üzv Dövlətlər üçün əsas diqqətə alınmalı məsələ uşağın maraqlarının təmin olunmasıdır.
...
3. Uşağın maraqlarının qiymətləndirilməsi zamanı Üzv Dövlətlər bir-birləri ilə yaxından əməkdaşlıq etməli və xüsusilə aşağıdakı amilləri nəzərə almalıdırlar:
(a) ailənin birləşməsi imkanları;
(b) azyaşlının maddi və sosial təminatı;
(c) təhlükəsizliklə bağlı məsələlər, xüsusilə azyaşlının insan ticarətinin qurbanı olma təhlükəsi;
(d) azyaşlının yaşına və yetkinliyinə uyğun fikirləri”.
...
HÜQUQİ MƏSƏLƏLƏR
...
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
A. Tərəflərin izahatları
1. Ərizəçilər
57. Ərizəçilər bildirmişlər ki, İtaliyada sığınacaq axtaranların qəbulu ilə bağlı işlərdə sistematik nöqsanlar mövcuddur və bu nöqsanlar aşağıdakı sahələri əhatə edir: şəxsiyyətin müəyyənləşdirilməsi prosesinin yavaşlığı ilə əlaqədar olaraq qəbul mərkəzlərinə yerləşdirilmədəki çətinlik; həmin mərkəzlərin insanları qəbul imkanlarının qeyri-qənaətbəxş olması; mövcud mərkəzlərdə yaşayış şəraitinin qeyri-adekvat səviyyədə olması. Ərizəçilər dəlillərini sübuta yetirmək üçün aşağıdakı təşkilatların hesabatlarına istinad etmişlər: İsveçrə Qaçqınlar Şurasının (SFH-OSAR) “İtaliyada qəbul şəraiti: Sığınacaq axtaranların və müdafiədən istifadə edənlərin, ilk növbədə Dublin qaydalarına əsasən geri qaytarılanların hazırkı vəziyyətinə dair hesabat”, Bern, 2013-cü il, oktyabr (“SFH-OSAR hesabatı”); PRO ASYL, Maria Betke, Dominik Bender, “Zur Situation von Flüchtlingen in Italien”, 2001-ci il 28 fevral, (“the PRO ASYL hesabatı”); Avropa Yezuit Qaçqınlar Xidməti (JRS), “II Dublin ölkələr üzrə məlumat. Ölkə: İtaliya”, 2011-ci il, noyabr (“JRS hesabatı”); BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMTQAK, “İtaliyada qaçqınların müdafiəsinin mühüm aspektlərinə dair tövsiyələr”, 2012-ci il, iyul (“BMTQAK-nın 2012-ci il Tövsiyələri”); Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muijnieksin İtaliyaya 2012-ci ilin 3-6 iyul tarixli səfərindən sonra 2012-ci il 18 sentyabrda dərc etdiyi hesabatı (“İnsan Hüquqları üzrə Komissarın 2012-ci il hesabatı”) və II Dublin Qaydalarının tətbiqi üzrə texniki əməkdaşlığa dair Avropa şəbəkəsi, “II Dublin Qaydaları, İtaliya üzrə Milli Hesabat”, 2012-ci il 19 dekabr (“II Dublin şəbəkəsinin 2012-ci il hesabatı”).
(a) Şəxsiyyətin müəyyənləşdirilməsi prosesinin yavaşlığı
58. Ərizəçilər bildirmişlər ki, sığınacaq axtaranların CARA və SPRAR-a məxsus mərkəzlərdə yerləşdirilmək hüququ (Sistema di protezione per richiedenti asilo e rifugiati) yalnız sığınacaq verilməsinə dair ərizənin polisdə formal qeydiyyatından (verbalizzazione) sonra yaranır. Onlar bildirmişlər ki, təcrübədə bəzən aidiyyəti şəxslərin səlahiyyətli polis idarəsinin immiqrasiya departamentinə müraciət etmələri ilə ərizənin qeydiyyatı arasında bir-neçə həftə və ya hətta bir-neçə ay gecikmə belə olur. Bu arada müvafiq şəxslərin yaşamağa yerləri olmur. Ərizəçilərin izahatlarına görə SFH-OSAR və Borderline-europe təşkilatı tərəfindən təqdim edilmiş məlumat əsasında Frankfurt İnzibati Məhkəməsinin 2013-cü il 9 iyulda qəbul etdiyi qərarda bununla bağlı nəticə öz əksini tapmışdır. Bununla belə, qanunvericiliklə nəzərdə tutulmuş inzibati prosedurun həyata keçirilməsində də nöqsanlar mövcud idi. Lakin onlar etiraf etmişlər ki, Dublin Qaydalarına əsasən İtaliyaya qaytarılan sığınacaq axtaranlarla bağlı vəziyyət müəyyən dərəcədə fərqli idi. Belə ki, nəzəri baxımdan bu şəxslər nəyinki CARA sistemindən və SPRAR-a daxil olan yerlərdən, həmçinin bələdiyyə orqanları tərəfindən ayrılan və Avropa Qaçqınlar Fondu (AQF) tərəfindən 2008-2013-cü illərdə maliyyələşmiş layihələr əsasında yaradılmış yerlərdən dərhal istifadə imkanına malik idilər.
(b) Qəbul mərkəzlərinin imkanları
59. Ərizəçilər AQF tərəfindən maliyyələşdirilən binaların Dublin Qaydalarına əsasən köçürülmüş şəxslər üçün nəzərdə tutulduğunu etiraf etmiş, lakin mövcud yerlərin köçürülən şəxslərin sayına uyğun olmadığını bildirmişlər. Onlar SFH-OSAR-ın hesabatına istinad edərək 2012-ci ildə 2981 nəfəri İsveçrədən gəlmiş 3551 nəfər köçürülmüş şəxs üçün 220 yerin olduğunu bildirmişlər.
60. CARA və SPRAR-a məxsus binalara gəlincə, ərizəçilər “Dublin” qaydalarına əsasən geri qaytarılmış şəxslərin həmin binalardan istifadə etməsinin çətin olduğunu bildirmişlər.
61. SPRAR şəbəkəsinə daxil olan binalara gəlincə, ərizəçilər yenidən SFH-OSAR-ın hesabatına istinad edərək 2012-ci ildə burada yerləşdirilmiş şəxslərdən yalnız 5 faizinin Dublin Qaydaları əsasında köçürüldüyünü və bunlardan yalnız 6,5 faizinin İsveçrədən gəldiyini bildirmişlər. Bununla belə, “Dublin” qaydalarına əsasən İtaliyaya köçürülmüş şəxslərin 85 faizini İsveçrədən gələnlər təşkil edirdi. “Dublin” qaydalarına əsasən geri qaytarılmış çoxsaylı şəxslərdən olan ərizəçilər heç yerdə yerləşdirilməmişdir. Onlar əlavə etmişlər ki, SFH-OSAR-a görə bir sıra hallarda İtaliyaya köçürülmüş ailələr bir yerdə yerləşdirilməmişlər.
62. Həmçinin ərizəçilər “Dublin” qaydalarına əsasən qaytarılıb-qaytarılmamalarından asılı olmayaraq bütün sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı ümumi məlumatlar təqdim etmişlər. Onlar bununla bağlı bildirmişlər ki, İtaliya hökumətinə 2011-ci ildə 34 115 nəfər, 2012-ci ildə isə 15 715 nəfər sığınacaq almaq üçün müraciət etmişdir. SFH-OSAR-ın hesabatına görə 2012-ci il üçün İtaliyada 64 000 qaçqın yaşayırdı. Eyni mənbəyə görə 2012-ci ildə CARA-da yalnız 8000 yer olmuşdur. Bu zaman gözləmə siyahısında olan şəxslərin sayı o qədər çox idi ki, ərizəçilərin əksəriyyətinin burada yerləşdirilmək üçün real şansı yox idi.
63. SPRAR-a məxsus binalara gəlincə, SFH-OSAR-ın məlumatına görə buradakı yerlərin sayı 4800 idi və 5000 nəfərin adı gözləmə siyahısına salınmışdı. Eyni hesabatda qeyd olunurdu ki, iki digər təşkilatın məlumatına (Caritas və JRS) görə maksimum qalma müddətinin altı ay olduğu SPRAR-ın binalarında yerləşdirilmiş şəxslərin yalnız 6 faizi iş yeri tapa və şəxsən İtaliya cəmiyyətinə inteqrasiya oluna bilirdi.
64. Yalnız sığınacaq axtaranlar deyil, çətinliklərlə üzləşmiş istənilən şəxs üçün açıq olan və bələdiyyələr tərəfindən idarə olunan məskunluq mərkəzlərinə gəlincə, burada da yerlərin sayın tələbatdan az idi. SFH-OSAR-ın hesabatına görə Romada 1300 yer var idi. Gözləmə siyahısına 1000 nəfərin adı salınmışdı və orta gözləmə müddəti üç ay idi. Milanda cəmi 400 yer vardı və ailə üzvləri sistematik olaraq bir-birindən ayrı düşürdü. Ərizəçilər əlavə etmişlər ki, bəzi bələdiyyə orqanları ailələrə sosial evlər ayırsalar da, yerlərin sayı açıq-aşkar kifayət etmirdi və növbəni gözləmə müddəti təxminən on il idi. Dini təsisatlar və QHT-lər tərəfindən ayrılan məskunluq yerləri də tələbatı ödəmək üçün yetmirdi. Nəhayət, sığınacaq axtaranlar özəl evlər əldə etmək imkanına da malik deyildilər. Belə ki, İtaliyadakı iqtisadi vəziyyət, işsizliyin artması onların iş yeri tapmasını qeyri-mümkün edirdi.
65. Sonda ərizəçilər bildirmişlər ki, müxtəlif tipli qəbul mərkəzlərindəki yerlərin çatışmazlığı ilə əlaqədar olaraq sığınacaq axtaranların çoxu, o cümlədən balaca uşaqlı ailələr sağlamlıq üçün ziyanlı gecəqondularda və digər müvəqqəti yerlərdə, yaxud sadəcə olaraq küçələrdə yaşamağa məcbur olurdular. Misal üçün, SFH-OSAR-ın hesabatına görə Romada 1200-lə 1700 arasında insan təhlükəli şəraitdə saxlanılır, 2300-dən 2800-ə qədər insan isə bütünlükdə İtaliyada küçələrdə yatırdı.
(c) Mövcud mərkəzlərdə yaşayış şəraiti
66. Ərizəçilər bildirmişlər ki, xüsusilə CARA-dakı şərait Qəbul məsələləri ilə bağlı direktivin müddəalarına zidd idi. Onlar bununla bağlı Borderline-europe təşkilatının hesabatına istinad etmişlər. Burada qeyd olunurdu ki, Trapanidə (Siciliya) yerləşən CARA-da 15 kv.metrlik yerdə beş və ya altı insan qalır və döşəmə üzərində matrasda yatmağa məcbur olurdular. Bu mərkəzlərdə sanitar qovşaqlar da adekvat vəziyyətdə deyildi və şəxsi həyatın məxfiliyinə hörmət qoyulmurdu. Son məsələ CARA-da təkrarlanan problem idi və xüsusilə uşaqlar üçün, əsasən də misal üçün Milanda olduğu kimi ailələrin sistematik olaraq ayrı saxlandığı vaxtda neqativ nəticələrə səbəb olurdu. Deyilənlərə görə Mineoda (Siciliya) yerləşən CARA-da sakinlərə xərclik pul verilmirdi, sanitar qovşaqlar pis vəziyyətdə idi, tibbi müayinədən istifadə adekvat səviyyədə təşkil olunmamışdı və cinayətkarlıq və fahişəlik adi hal idi.
67. Ərizəçilər qeydlərində xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının 2012-ci il tarixli Tövsiyələrinə və İnsan Hüquqları Komissarının 2012-ci il tarixli hesabatına istinad etmişlər. Onlar həmçinin İtaliyada qəbul şəraitinin Avropa direktivlərinə uyğun olmaması ilə əlaqədar olaraq bu ölkəyə geri qaytarılan sığınacaq axtaranların 50 faizinin pis rəftarla üzləşmək təhlükəsinin olması barədə Frankfurt İnzibati Məhkəməsinin 2013-cü il 9 iyul tarixli qərarında gəldiyi nəticəyə xüsusi önəm vermişlər.
68. Nəhayət, ərizəçilər bildirmişlər ki, İsveçrə Hökuməti ərizəçilərin işi ilə məşğul olmanın konkret həllini tapmaq üçün səy göstərildiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Onların verdiyi məlumata görə belə görünür ki, İtaliyanın hakimiyyət orqanlarına minimum təminatın alınması ilə bağlı hər hansı xahiş göndərilməmiş, onlar da ərizəçilərin qənaətbəxş şəraitdə saxlanacağı və bir-birindən ayrılmayacağı barədə hər hansı zəmanət verməmişlər. Onlar həmçinin bildirmişlər ki, İtaliyada olduqları müddətdə iki gün qaldıqları Bari şəhərində yerləşən CARA-dakı yaşayış şəraiti qeyri-məqbul idi. Belə ki, burada xüsusilə şəxsi həyatın məxfiliyinə hörmət təmin olunmurdu və bu da zorakılığa yol açırdı.
2. Hökumət
(a) Şəxsiyyətin müəyyənləşdirilməsi prosesinin yavaşlığı
69. Hökumət ərizəçilərin şəxsiyyətin müəyyənləşdirilməsi prosesinin yavaşlığının doğurduğu çətinliklərlə bağlı şikayətlərinə münasibət bildirməmişdir.
(b) Qəbul mərkəzlərinin imkanları
70. Qəbul mərkəzlərinin imkanlarına gəlincə, Hökumət bildirmişdir ki, Dublin Qaydalarına əsasən geri qaytarılan sığınacaq axtaranlar üçün AQF tərəfindən maliyyələşdirilmiş mərkəzlərdə 235 nəfərlik yer nəzərdə tutulmuşdur. Hökumət SPRAR şəbəkəsinin imkanlarının 2014-2016-cı illərdə 16 000 nəfərə qədər artırılacağını bəyan etmişdir. O, əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının 2012-ci il Tövsiyələrinə, İnsan Hüquqları Komissarının 2012-ci il hesabatına, Məhkəmənin yuxarıda qeyd edilmiş “Mohammed Hussein” işi üzrə qərarına və bu məsələ ilə bağlı qəbul edilmiş digər qərarlara (“Daytbeqova və Maqomedova Avstriyaya qarşı” (Daytbegova and Magomedova v. Austria (dec.), no. 6198/12, 4 June 2013); “Abubeker Avstriyaya və İtaliyaya qarşı” (Abubeker v. Austria and Italy (dec.), no. 73874/11, 18 June 2013); “Halimi Avstriyaya və İtaliyaya qarşı” (Halimi v. Austria and Italy (dec.), no. 53852/11, 18 June 2013); “Miruts Haqos Niderlanda və İtaliyaya qarşı” (Miruts Hagos v. the Netherlands and Italy (dec.), no. 9053/10, 27 August 2013); “Mohammed Hasan və Digərləri Niderlanda və İtaliyaya qarşı” (Mohammed Hassan and Others v. the Netherlands and Italy (dec.), no. 40524/10, 27 August 2013); və “Hüseyn Dirşi və Digərləri Niderlanda və İtaliyaya qarşı” (Hussein Diirshi and Others v. the Netherlands and Italy (dec.), no. 2314/10, 10 September 2013)) istinad etmişdir.
(c) Mövcud mərkəzlərdə yaşayış şəraiti
71. Mövcud mərkəzlərdə yaşayış şəraitinə gəlincə, Hökumət yenidən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının 2012-ci il tarixli Tövsiyələrinə və İnsan Hüquqları Komissarının 2012-ci il tarixli hesabatına istinad edərək bildirmişdir ki, İtaliyada Qəbul məsələləri ilə bağlı direktivin müntəzəm şəkildə pozulduğunu qət etmək üçün hər hansı əsas yoxdur. Hökumət əlavə etmişdir ki, o, qaçqınları bir qayda olaraq İtaliyaya qaytarmaqdan imtina etmiş “Dublin” dövlətləri barədə məlumata malik deyil və M.S.S. işindən fərqli olaraq hazırkı işdə nə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, nə də İnsan Hüquqları Komissar üçüncü tərəf kimi iştirak etmək niyyətini ifadə etməmişdir.
72. Hökumət ərizəçilərin konkret işi ilə bağlı bəyan etmişdir ki, 2011-ci il 22 noyabrda FMİ Dublin Qaydalarının 17-ci maddəsinə uyğun olaraq ərizəçiləri qəbul etməsi üçün İtaliyanın hakimiyyət orqanlarına xahiş göndərmişdir. Qaydaların 18-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş iki ay müddətində heç bir açıq cavab alınmamışdır. Hökumətin izahatlarına görə bu dolayı yolla qəbul etmək demək idi və həmin vaxt İsveçrə ilə İtaliya arasında münasibətlərdə adi hal idi.
73. Təcrübə o vaxtdan dəyişmişdir və İtaliya hazırda qəbulla bağlı İsveçrədən gələn xahişlərə açıq şəkildə cavab verir.
74. Ümumiyyətlə, “Dublin” qaydalarına əsasən köçürmə fövqəladə vəziyyətdə istifadə edilmək üçün deyil, uzun müddət əvvəlcədən hazırlanmış tədbir idi və burada azyaşlı uşaqları olan ailələr kimi xüsusi müdafiəsi tələb olunan şəxslərin İtaliya ərazisinə daxil olmazdan qabaq vəziyyətini nəzərə almaq mümkün idi. İtaliyanın hakimiyyət orqanları ilə bu sahədə əməkdaşlıq yaxşı səviyyədə qurulmuşdu. Bu xüsusilə İtaliya Daxili İşlər Nazirliyinin Dublin departamentində İsveçrənin əlaqələndirici məmurunun olması ilə bağlı idi. 2013-cü ilin əvvəlindən başlayaraq İtaliyanın hakimiyyət orqanları sığınacaq axtaranların qəbuluna razılıq verilməsi ilə yanaşı onların qəbul ediləcəyi hava limanı və saxlanacağı mərkəzin göstərilməsini əhatə edən yeni təcrübə qəbul etmişlər.
75. Hər bir halda 2014-cü il 12 fevralda keçirilmiş iclasda Hökumət bəyan etmişdir ki, İtaliyanın hakimiyyət orqanları onlara məlumat vermişdir ki, ərizəçilər İtaliyaya qaytarılacağı təqdirdə AQF tərəfindən maliyyələşdirilən və Bolonya şəhərində yerləşən mərkəzdə yerləşdiriləcəklər. Hökumət köçürülmənin təşkilatı işləri və İtaliyanın hakimiyyət orqanları tərəfindən nəzərdə tutulmuş fiziki qəbul şərtləri ilə bağlı əlavə məlumat verməmişdir.
3. İtaliya, Niderland, İsveç, Norveç və Birləşmiş Krallıq Hökumətlərinin və Uşaqların Müdafiəsi, AIRE Mərkəzi, ECRE və Amnesty International təşkilatlarının üçüncü tərəf kimi qeydləri
(a) Şəxsiyyətin müəyyənləşdirilməsi prosesinin yavaşlığı
76. İtaliya Hökumətinin qeydlərinə görə 2008-ci il 28 yanvar tarixli 25/2008 nömrəli Qanunvericilik Aktının 20-ci maddəsinə əsasən beynəlxalq müdafiə üçün müraciət etmiş şəxslər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruri olan müddətə, yəni onların sığınacaq verilməsinə dair ərizələrinin qeydiyyatdan keçirilməsinədək (iyirmi gündən çox olmayan müddətə) və ərazi komissiyası onların ərizələrini araşdıranadək (otuz beş gündən çox olmayan müddətə) CARA-da yerləşdirilə bilərlər. Onların ərizələri təmin edilmiş olsaydı, SPRAR mərkəzlərində yerləşdiriləcəkdilər. Başqa sözlə, 2005-ci il 30 may tarixli Qanunvericilik Aktının 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, SPRAR mərkəzlərində yerin olmadığı müəyyən edildiyi zaman yaşamaq üçün maddi imkanlarının olmadığını sübut edə bilən sığınacaq axtaranlar CARA-da qalmaq hüququna malik idilər. İtaliya Hökuməti sığınacaq axtaranların şəxsiyyətinin müəyyənləşdirilməsindən əvvəl və ya sonra CARA-da yerləşdirilmək üçün bir neçə həftə və ya hətta ay gözləməyə məcbur olduqlarına dair işlər barədə hər hansı məlumat verməmişdir. Lakin onlar bildirmişlər ki, sığınacaq verilməsi ilə bağlı müraciətlərin araşdırılması üçün orta müddət 2012-ci ildə 72 gün, 2013-cü ildə 92 gün olmuşdur. Bu müddət onunla bağlı idi ki, hər bir sığınacaq axtaranla ərazi komissiyasında müsahibənin aparılması azı bir saat davam etməli idi və on komissiya təcrübədə gün ərzində 10-dan çox müsahibə aparmaq iqtidarında deyildi. 2013-cü il 4 sentyabrda qüvvəyə minmiş qanun (97/2013 nömrəli) sığınacaq verilməsi üzrə ərizələrə baxılması işini sürətləndirmək üçün ərazi komissiyalarının tərkibində əlavə bölmələrin yaradılmasını nəzərdə tutmuşdur.
77. Digər üçüncü tərəflər İsveçrə Hökumətinin mövqeyi ilə razılaşdıqlarından bu məsələnin praktiki aspektləri ilə bağlı qeydlərini etməmişlər.
(b) Qəbul mərkəzlərinin imkanları
78. İtaliya Hökuməti qeydlərində bildirmişdir ki, Daxili İşlər Nazirliyi 2013-cü il 17 sentyabrda qəbul etdiyi sərəncamla 2014-2016-cı illərin sonuna qədər SPAR şəbəkəsindəki yerlərin sayını iki dəfə artıraraq 16 000-ə çatdırmağa qərar vermişdir. Hazırda şəbəkədə 9630 yer var və bunların 1230-u sərəncamın qüvvəyə minməsindən sonra yaradılmışdır. Bundan əlavə, Siciliya regionunun prefektinə 2013-cü il 7 oktyabrda yazılmış məktubda özəl sektor da daxil olmaqla qaçqınların məskunlaşması üçün əlavə yerlərin müəyyən edilməsi xahiş olunmuşdur. Hazırda 1834 yerdən ibarət qırx belə mərkəz müəyyən edilmişdir və qaçqınların axımının artacağı təqdirdə daha altı mərkəz fəaliyyətə başlamaq üçün hazır olacaqdır. 2013-cü ilin ilk altı ayı ərzində sığınacaq almaq üçün 14 184 ərizə təqdim olunmuşdur (2013-cü ilin 15 iyun tarixinə olan vəziyyət). Nəhayət, 2014-cü il 12 fevralda keçirilmiş iclasda İtaliya Hökumətinin nümayəndəsi son iki ildə qeydiyyata alınmış sığınacaqla bağlı xahişlərin sayındakı artımı “faciəvi vəziyyət” kimi təsvir etmişdir.
79. Niderland, İsveç, Norveç və Birləşmiş Krallıq Hökumətləri İsveçrə Hökumətinin mövqeyini mahiyyəti üzrə dəstəkləmişlər. İsveçrə kimi onlar da qeyd etmişlər ki, Yunanıstanla bağlı işdən fərqli olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bəzi həssas qruplara daxil olan insanların İtaliyaya köçürülməsini dayandırmağa çağırmamışdır.
80. İsveç Hökuməti qeyd etmişdir ki, İtaliya və Avropa Sığınacağa Dəstək Ofisi (ASDO) 2013-cü il 4 iyunda Xüsusi Dəstək Planı imzalamışlar ki, onun da məqsədi sığınacaq axtaranların qəbul şəraitinin yaxşılaşdırılması olmuşdur. Bundan əlavə, “Dublin” qaydalarına əsasən İtaliyaya geri dönənlərlə bağlı iki ölkənin hakimiyyət orqanları arasında müntəzəm məlumat mübadiləsi həyata keçirilirdi ki, bu mübadilə də həssas şəxslər və xüsusilə valideynləri tərəfindən müşayiət olunmayan uşaqların işlərində daha ətraflı xarakter alırdı.
81. Birləşmiş Krallıq Hökuməti bildirmişdir ki, ərizəçilərin yerlərdə vəziyyətin qiymətləndirilməsi üçün istinad etdiyi hesabatlarda, xüsusilə PRO ASYL hesabatında çox zaman “sığınacaq axtaranlar”, “qaçqın kimi qəbul edilən şəxslər” ilə “sığınacaq almaq üçün müraciət etməyənlər” arasında fərq qoyulmur. Bununla belə, bu fərq vacibdir. Belə ki, Qəbul məsələləri ilə bağlı direktiv yalnız statusu müvəqqəti xarakter daşıyan sığınacaq axtaranlara tətbiq edilir. Qaçqınlara münasibətdə tətbiq olunan Qiymətləndirmə məsələləri ilə bağlı direktiv isə iş, təhsil və sosial təminat məsələlərində qaçqınlara vətəndaşlarla eyni yanaşmanı təsbit edir. Buna görə də bu hesabatlarda əks olunmuş məlumatlar yanlış mənzərə yaradır. Nümunə olaraq Birləşmiş Krallıq Hökuməti göstərmişdir ki, SFH-OSAR-ın hesabatı Romada Tor Marancia sığınacağında qaçqın statusuna malik olduğu qəbul edilən şəxslərin saxlandığını etiraf etsə də, buradakı şəraiti tənqid etmişdir.
82. Uşaqlar üçün Müdafiə təşkilatı İtaliyada sığınacaq axtaranların yerləşdirilməsi üçün yerlərin sayının açıq-aşkar az olması ilə bağlı ərizəçilərin fikrini bölüşmüşdür. O, bunun xüsusilə uşaqlar üçün ciddi nəticələrə səbəb olduğunu, onlardan bəzilərinin gecəqondularda və digər təhlükəli yerlərdə yaşamağa məcbur olduğunu bildirmişdir. QHT SFH-OSAR-ın hesabatında dərc olunmuş məlumata istinad etmişdir.
(c) Mövcud mərkəzlərdə yaşayış şəraiti
83. Uşaqlar üçün Müdafiə təşkilatı ərizəçilər kimi SFH-OSAR-ın hesabatına istinad edərək Dublin Qaydalarına əsasən İtaliyaya qaytarılmış bir neçə ailənin üzvlərinin qəbul mərkəzlərinə, xüsusilə CARA-ya çatdıqda bir-birlərindən ayrıldıqlarını bildirmişdir. Bu təcrübə Milanda hətta sistematik xarakter daşıyır. Uşaqlar üçün Müdafiə təşkilatı qeydlərində Uşaqların hüquqları haqqında 1989-cu il 20 noyabr tarixli Konvensiyada olduğu kimi “uşaqların maraqlarına tam uyğunluq” konsepsiyasının əhəmiyyətini vurğulamış və bildirmişdir ki, “Dublin” qaydalarına əsasən qaytarılanların işlərində “maraqlara tam uyğunluğun” müəyyən edilməsi üçün uşaqların sosial və emosional inkişafı həlledici amil rolunu oynamalıdır. QHT xüsusilə 2014-cü il 1 yanvarda qüvvəyə minmiş III Dublin Qaydalarının 6-cı maddəsinə istinad etmişdir (yuxarıda 35-ci bəndə bax).
84. Uşaqlar üçün Müdafiə təşkilatı xüsusilə BMT-nin Uşaqların Hüquqları üzrə Komitəsinin ailə mühitinin qorunmasına verdiyi əhəmiyyəti vurğulayaraq yaşayış şəraiti ilə bağlı xüsusilə miqrant uşaqların saxlanmasına dair Məhkəmənin təcrübəsinə istinad etmişdir. Sonda təşkilat sığınacaq axtaranların İtaliyada yerləşdirilmə şəraitinin təhlükəli olması səbəbindən uşaqların bu ölkəyə geri qaytarılmasını qadağan etməyi Məhkəmədən xahiş etmişdir.
85. AIRE Mərkəzi, ECRE və Amnesty International təşkilatı da “uşaqların maraqlarına tam uyğunluq” konsepsiyasına istinad edərək bildirmişlər ki, uşaqlar yalnız maraqlarına tam uyğun olduqda Avropa İttifaqının digər üzvü olan dövlətlərə köçürülməlidirlər.
86. İtaliya Hökuməti 2014-cü il 12 fevralda keçirilmiş iclasda təsdiq etmişdir ki, ərizəçilərin Baridəki CARA mərkəzinə gəlməsindən qısa müddət öncə burada bəzi zorakılıq halları baş vermişdir. Lakin o, sığınacaq axtaranların ailə üzvlərinin sistematik olaraq bir-birlərindən ayrıldıqlarını inkar etmişdir. Bu, yalnız bəzi hallarda baş vermiş və ilk günlərdə qısa müddətə, sığınacaq axtaranların qəbul edildiyi və şəxsiyyətlərinin müəyyənləşdirildiyi müddətdə olmuşdur. Hökumət qeydlərində həmçinin bəyan etmişdir ki, İtaliyanın hakimiyyət orqanları tərəfindən həssas hesab olunan kateqoriyaya aid sığınacaq axtaranlar (uşaqlı ailə kimi ərizəçilər də belə kateqoriyadan idilər) SPRAR sistemi daxilində qəbul edilirdilər ki, bu da onlar üçün yerləşdirilmə, qidalanma, sağlamlığın müayinəsi, italyan dili dərslərinə getmə, sosial xidmətlərdən istifadə, hüquqi məsləhət, texniki peşə təlimi, təhsil və öz seçiminə uyğun yerləşdirilmək üçün yer tapılmasına köməyi təmin edirdi.
B. Məhkəmənin qiymətləndirməsi
87. Məhkəmə öncədən qeyd edir ki, İsveçrə Hökumətinin mövqeyinə görə ərizəçilər İtaliyaya geri qaytarılacaqları təqdirdə Bolonya şəhərində AQF tərəfindən maliyyələşdirilən şəbəkəyə məxsus mərkəzdə yerləşdiriləcəkdilər (yuxarıda 75-ci bəndə bax). Bu amilin hətta Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin b) və ya c) yarımbəndinə əsasən məsələ qaldırdığı güman edilsə belə, Məhkəmə hesab edir ki, o, ərizənin mahiyyəti ilə bağlı araşdırmasına daxil edilməlidir (aşağıda 121-ci bəndə bax).
1. İsveçrənin Konvensiyaya əsasən məsuliyyəti
88. Məhkəmə qeyd edir ki, hazırkı işdə İsveçrənin Konvensiyanın 3-cü maddəsi əsasında məsuliyyəti mübahisə olunmur.
Bununla belə, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi İrlandiyaya qarşı ([GC], no. 45036/98, § 152, ECHR 2005‑VI) işində o, Konvensiyanın müəyyən fəaliyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi məqsədilə Razılığa Gələn Dövlətlərin suveren səlahiyyətlərini beynəlxalq təşkilatlara verməsini qadağan etmədiyini qət etmişdir. Bununla belə, Konvensiyaya görə dövlətlər orqanlarının bütün hərəkət və hərəkətsizliklərinə görə milli qanunvericilik və beynəlxalq hüquqi öhdəlikləri qarşısında məsuliyyət daşıyır (yenə orada, 153-cü bənd). Dövlətin bu cür hüquqi öhdəliklər çərçivəsində etdiyi hərəkətə o zaman haqq qazandırmaq olar ki, müvafiq təşkilat Konvensiyanın təmin etdiyi səviyyəyə azından bərabər səviyyədə əsas hüquqların müdafiəsini həyata keçirmiş olsun. Lakin dövlət birbaşa beynəlxalq hüquqi öhdəliklərindən kənara çıxan bütün hərəkətlərinə, xüsusilə dövlət diskresiyasını həyata keçirməklə etdiyi hərəkətlərə görə Konvensiyaya görə tam məsuliyyət daşıyır (yenə orada, 155-157-ci bəndlər; həmçinin bax: “Mişo Fransaya qarşı” (Michaud v. France, no.12323/11, §§ 102-04, ECHR 2012)).
Doğrudur ki, “Bosphorus” işində İrlandiyadan fərqli olaraq İsveçrə Avropa İttifaqının üzvü deyil. Lakin İsveçrə Konfederasiyası ilə Avropa Birliyi arasında 2004-cü il 26 oktyabrda imzalanmış assosiasiya sazişinin şərtlərinə görə İsveçrə üçün Dublin Qaydaları məcburi xarakter daşıyır və o, bu sənədlə yaradılmış sistemin iştirakçısıdır.
89. Məhkəmə qeyd edir ki, Dublin Qaydalarının 3-cü maddəsinin 2-ci bəndinə görə hər bir üzv dövlət 3-cü maddənin 1-ci bəndində təsbit edilmiş ümumi qaydadan yayınmaqla üçüncü dövlətin vətəndaşı tərəfindən təqdim edilmiş sığınacaq verilməsinə dair ərizəni araşdıra bilər (hətta Qaydalarda təsbit edilmiş meyara görə belə bir araşdırma onun məsuliyyətinə aid deyilsə). Bu, “suverenlik” adlanan qeyd-şərtdir. Belə halda maraqlı dövlət Qaydaların məqsədləri üçün sığınacaq verilməsinə dair ərizəni araşdırmağa görə məsul olan üzv dövlətə çevrilir və bu məsuliyyətdən irəli gələn öhdəlikləri üzərinə götürür (bax: yuxarıda qeyd edilmiş “M.S.S”. işi, 339-cu bənd). Bu mexanizm assosiasiya sazişi əsasında İsveçrəyə də tətbiq olunur.
90. Məhkəmə belə bir nəticəyə gəlir ki, Dublin Qaydalarına görə İsveçrənin dövlət orqanları qəbul edən ölkənin Konvensiya ilə müəyyən edilmiş öhdəliklərinə əməl etmədiyini hesab edərdisə, ərizəçini İtaliyaya təhvil verməyə bilərdi. Beləliklə Məhkəmə hesab edir ki, ərizəçiləri İtaliyaya qaytarmaq barədə qərar Dublin Qaydaları əsasında yaradılmış sistem kontekstində İsveçrənin beynəlxalq hüquqi öhdəliklərinə qəti olaraq aid deyil. Buna görə də ekvivalent müdafiə prezumpsiyası bu işdə tətbiq olunmur (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “M.S.S”. işi, 340-cı bənd).
91. Buna görə də hazırkı işdə İsveçrənin Konvensiyanın 3-cü maddəsinə əsasən cavabdeh olması qəbul edilməlidir.
...
3. Ərizənin mahiyyəti
(a) Ümumi prinsiplərin xülasəsi
93. Məhkəmə təkrar edir ki, onun uzun müddətdən bəri mövcud olan təcrübəsinə uyğun olaraq sığınacaq axtaranın Razılığa Gələn Dövlət tərəfindən ölkə hüdudlarından kənara çıxarılması 3-cü maddə ilə bağlı məsələlərin ortaya çıxmasına və maraqlı şəxsin real şəkildə qəbul edən ölkədə işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmaq təhlükəsi ilə üzləşə biləcəyinə inanmaq üçün əhəmiyyətli sübutlar irəli sürüldüyü təqdirdə həmin dövlətin Konvensiyaya uyğun qaydada məsuliyyətinin yaranmasına səbəb ola bilər. Belə olan halda 3-cü maddə fərdi həmin ölkəyə göndərməmək öhdəliyini ehtiva edir (bax: “Saadi İtaliyaya qarşı” (Saadi v. Italy [GC], no. 37201/06, § 152, ECHR 2008); yuxarıda qeyd edilmiş “M.S.S.” işi, 365-ci bənd; “Soerinq Birləşmiş Krallığa qarşı” (Soering v. the United Kingdom, judgment of7 July 1989, Series A no. 161, §§ 90-91); “Vilvaraca və Digərləri Birləşmiş Krallığa qarşı” (Vilvarajah and Others v. the United Kingdom, judgment of 30 October1991, Series A no. 125, § 103); “H.L.R. Fransaya qarşı” (H.L.R. v. France, judgment of 29 April 1997, Reports 1997-III, § 34); “Cabari Türkiyəyə qarşı” (Jabari v. Turkey, no. 40035/98, § 38, ECHR 2000‑VIII) və “Saleh Şiix Niderlanda qarşı” (Salah Sheekh v. the Netherlands, no. 1948/04, § 135, ECHR 2007‑I (extracts), no. 1948/04)).
94. Məhkəmə bir çox işlərdə qeyd etmişdir ki, pis rəftar 3-cü maddənin əhatəsi dairəsinə düşmək üçün minimum ağırlıq dərəcəsinə malik olmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbi xarakter daşıyır. O, işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun fiziki və psixoloji nəticələri və bəzi hallarda zərərçəkmişin cinsi, yaşı və səhhətindən də asılıdır (inter alia bax: “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI) və yuxarıda qeyd edilmiş “M.S.S.” işi, 219-cu bənd).
95. Məhkəmə həmçinin qət etmişdir ki, 3-cü maddə Yüksək Razılığa Gələn Tərəfləri yurisdiksiyası altında olan hər bir kəsi evlə təmin etməyə məcbur edən müddəa kimi təfsir edilə bilməz (bax: “Çapman Birləşmiş Krallığa qarşı” (Chapman v. the United Kingdom [GC], no. 27238/95, § 99, ECHR 2001‑I)). Eyni zamanda 3-cü maddə qaçqınlar üçün müəyyən yaşayış standartının təmin olunması məqsədilə onlara maddi yardım göstərilməsi sahəsində ümumi öhdəlik də müəyyən etmir (bax: “Müslim Türkiyəyə qarşı” (Müslim v. Turkey, no. 53566/99, § 85, 26 April 2005) və yuxarıda qeyd edilmiş “M.S.S.” işi, 249-cu bənd).
96. Bununla belə, Məhkəmə “M.S.S.” işi üzrə qərarında (250-ci bənd) belə bir mövqedə olmuşdur ki, işin predmetini təşkil edən məsələyə həmin kontekstdə baxıla bilməz. Yuxarıda qeyd edilmiş Müslim işindən (83-cü və 84-cü bəndlər) fərqli olaraq yoxsul vəziyyətdə olan sığınacaq axtaran şəxsin yaşayın yeri və zəruri maddi şəraitlə təmin olunması hazırda pozitiv hüququn tərkib hissəsidir və Yunanıstan hakimiyyəti Birlik hüququnu, xüsusilə Qəbul məsələləri ilə bağlı direktivi implementasiya etmiş qanunvericiliyinə əməl etməlidir. Həmin işdə ərizəçi Yunanıstanın hakimiyyət orqanlarından şikayət edərək bildirmişdir ki, bu orqanların qəsdən edilmiş hərəkətləri və hərəkətsizlikləri nəticəsində onun faktiki olaraq bu hüquqlardan istifadə etməsi və əsas tələbatlarını təmin etməsi mümkünsüz olmuşdur.
97. Həmin qərarda (251-ci bənd) Məhkəmə ərizəçinin sığınacaq axtaran şəxs statusuna malik olmasına və bu qisimdə xüsusi müdafiəyə ehtiyacı olan çox imtiyazsız və həssas əhali qrupunun üzvü olmasına mühüm əhəmiyyət vermişdir. O, Cenevrə Konvensiyası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının səlahiyyətləri və fəaliyyəti və Avropa İttifaqının Qəbul məsələləri ilə bağlı direktivinin də təsbit etdiyi kimi xüsusi müdafiəyə olan bu ehtiyacla bağlı beynəlxalq və Avropa səviyyəsində geniş konsensusun mövcud olduğunu bildirmişdir.
98. Yenə “M.S.S.” işi üzrə qərarında (252-ci və 253-cü bəndlər) maddi baxımdan son dərəcə yoxsul vəziyyətə düşmənin 3-cü maddə ilə bağlı məsələnin qalxması üçün əsas olub-ola bilməyəcəyini müəyyənləşdirməli olan Məhkəmə təkrar etmişdir ki, o, “tam şəkildə dövlət dəstəyindən asılı vəziyyətdə olmuş ərizəçinin xüsusi məhrumiyyətlər və ya insan ləyaqəti ilə bir araya sığmayan yoxsulluq vəziyyətində rəsmi orqanların laqeydliyi ilə üzləşdiyi hallarda dövlətin rəftarına görə (3-cü maddəyə əsasən) məsuliyyət daşımasını” istisna etməmişdir.
99. Konkret olaraq azyaşlılar məsələsinə gəlincə, Məhkəmə qət etmişdir ki, uşağın vəziyyətinin son dərəcə həssaslığının həlledici amil olduğunun və qanunsuz miqrantların statusu ilə bağlı mülahizələrdən üstün əhəmiyyətə malik olmasının nəzərə alınması vacibdir (bax: “Mubilanzila Mayeka və Kaniki Mitunqa Belçikaya qarşı” (Mubilanzila Mayeka and Kaniki Mitunga v. Belgium, no. 13178/03, § 55, ECHR 2006‑XI) və “Popov Fransaya qarşı” (Popov v. France, nos. 39472/07 and 39474/07, § 91, 19 January 2012)). Uşaqlar əsasən yaşları və müstəqil olmamaları, həmçinin sığınacaq axtaran statusları ilə bağlı xüsusi tələbatlara malikdirlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, Uşaqların hüquqları üzrə Konvensiya dövlətləri tənha olmasından və ya valideynləri tərəfindən müşayiət edilməsindən asılı olmayaraq, qaçqın statusu almaq üçün müraciət etmiş uşağın müdafiədən və humanitar yardımdan istifadə etməsi üçün zəruri tədbirlər görməyə təşviq edir (bununla bağlı bax: yuxarıda qeyd edilmiş “Popov” işi, 91-ci bənd).
(b) Bu prinsiplərin hazırkı işə tətbiqi
100. Ərizəçilər bildirmişlər ki, “onlara fərdi təminatlar verilmədən” İtaliyaya qaytarılacaqları təqdirdə qeyri-insani və alçaldıcı rəftara məruz qalacaqdılar və bu rəftar sığınacaq axtaranlar üçün qəbul şərtlərindəki “sistematik qüsurlar” ili bağlıdır.
101. Bu şikayətin araşdırılması üçün Məhkəmə yuxarıda qeyd edilmiş M.S.S. işi üzrə qərarında qəbul etdiyi yanaşmaya oxşar yanaşmanı əsas götürməyi zəruri hesab edir. Həmin yanaşmada Məhkəmə ərizəçinin fərdi vəziyyətini müvafiq vaxtda Yunanıstanda mövcud olan ümumi vəziyyət fonunda araşdırmışdır.
102. O, ilk növbədə sığınacaq axtaranın Razılığa Gələn Dövlət tərəfindən ölkə hüdudlarından kənara çıxarılmasının maraqlı şəxsin “real şəkildə” qəbul edən ölkədə işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmaq təhlükəsi ilə üzləşə biləcəyinə “inanmaq üçün əhəmiyyətli sübutlar irəli sürüldüyü təqdirdə” 3-cü maddə ilə bağlı məsələlərin ortaya çıxmasına səbəb ola biləcəyinə dair uzun müddətdən bəri mövcud olan presedent hüququnu təkrar edir (yuxarıda 93-cü bəndə bax).
103. M.S.S. işi üzrə qərardan həm də o, açıq-aşkar məlumdur ki, “Dublin” sistemində iştirak edən dövlətin Konvensiyada təsbit edilmiş əsas hüquqlara hörmət edəcəyi prezumpsiyası təkzibolunmaz deyil. Öz növbəsində Avropa İttifaqının Ədalət Məhkəməsi qət etmişdir ki, Dublin dövlətinin Avropa İttifaqının Əsas Hüquqlar haqqında Xartiyasının 4-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərinə əməl etməsi prezumpsiyası “sığınacaq almaq üçün müraciət etmiş şəxslərə məsul üzv dövlətdə sığınacaq verilməsi prosedurunda və qəbul şərtlərində Xartiyanın 4-cü maddəsinin mənasında üzv dövlətin ərazisinə köçürülmüş sığınacaq axtaranların qeyri-insani və ya alçaldıcı rəftarla nəticələnən sistematik qüsurların olması” halında təkzib olunur.
...
104. “Dublin” qaydalarına əsasən geri qaytarılanlara gəlincə, eyni zamanda “qəbul edən” ölkə olan Razılığa Gələn Dövlətin Konvensiyanın 3-cü maddəsinə əməl edəcəyi prezumpsiyası beləliklə də geri qaytarılmasına göstəriş verilmiş şəxsin “real şəkildə” qəbul edən ölkədə qeyd edilən maddənin tələblərinə zidd olan rəftara məruz qalmaq təhlükəsi ilə üzləşə biləcəyinə “inanmaq üçün əhəmiyyətli sübutlar irəli sürüldüyü təqdirdə” əsaslı olaraq təkzib edilmiş olur.
Təhlükənin mənbəyi Konvensiyada təsbit olunmuş müdafiənin və ya şəxsin ölkə hüdudlarından kənarlaşdırılmasına göstəriş vermiş dövlətin Konvensiya üzrə öhdəliklərinin dəyişməsinə təsir göstərmir. O, həmin dövləti maraqlı şəxsin vəziyyətinin hərtərəfli və fərdi qaydada araşdırılmasını həyata keçirməkdən və qeyri-insani və ya alçaldıcı rəftar təhlükəsi təsbit edildiyi halda ölkə hüdudlarından kənara çıxarma barədə göstərişin icrasını dayandırmaqdan azad etmir.
Məhkəmə həmçinin qeyd edir ki, Birləşmiş Krallığın Ali Məhkəməsi 2014-cü il 19 fevral tarixli qərarında da bu yanaşmanı əsas götürmüşdür...
105. Buna görə də hazırkı işdə Məhkəmə İtaliyada sığınacaq axtaranlar üçün qəbul şərtləri ilə bağlı ümumi vəziyyəti və ərizəçinin konkret vəziyyətini nəzərə almaqla ərizəçilərin İtaliyaya geri qaytarılacaqları təqdirdə 3-cü maddənin tələblərinə zidd rəftarla üzləşəcəkləri təhlükəsinin olmasına inanmaq üçün əhəmiyyətli dəlillərin təqdim edilib-edilmədiyini müəyyənləşdirməlidir.
(i) İtaliyada sığınacaq axtaranlar üçün qəbul şərtləri ilə bağlı ümumi vəziyyət
106. Ümumi vəziyyətə gəlincə, Məhkəmə “Mohammed Hussein” (yuxarıda qeyd edilmişdir, 78-ci bənd) işi üzrə qərardadında qeyd etmişdir ki, 2012-ci ildə dərc edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Tövsiyələri və İnsan Hüquqları Komissarının hesabatında bir sıra çatışmazlıqlara istinad edilmişdir. Ərizəçilərin məlumatlarına görə bu çatışmazlıqlar “sistematik” xarakter daşıyır və şəxsiyyətin müəyyənləşdirilməsi prosedurunun yavaşlığından, qəbul mərkəzlərinin qeyri-adekvat imkanlarından və mövcud mərkəzlərdəki yaşayış şəraitindən irəli gəlirdi...
(α) Şəxsiyyətin müəyyənləşdirilməsi prosedurunun yavaşlığı
107. Şəxsiyyətin müəyyənləşdirilməsi prosedurunun yavaşlığı ilə bağlı olduğu iddia edilən problemlərlə bağlı Məhkəmə qeyd edir ki, ərizəçilərin şəxsiyyəti artıq müəyyənləşdirilmişdir və İsveçrə ilə İtaliyanın hakimiyyət orqanları hazırda onlarla bağlı bütün məlumata malikdirlər. O daha sonra qeyd edir ki, ərizəçilər Stignanoya gələrkən polisə şəxsiyyətləri barədə saxta sənəd təqdim etsələr də, on gün ərzində İtaliyanın hakimiyyət orqanları onların şəxsiyyətini müəyyənləşdirmişdir (yuxarıda 10-cu bəndə bax). Buna görə də ərizəçilərin şikayətinin bu aspekti işin araşdırılması ilə birbaşa bağlı deyil və Məhkəmə bundan sonra bu məsələnin üzərinə durmağa ehtiyac duymur.
(β) Qəbul mərkəzlərinin imkanları
108. Ərizəçilər sığınacaq axtaranlar üçün yerləşdirilmə mərkəzlərinin imkanları ilə bağlı izahatlarını qeyri-hökumət təşkilatları tərəfindən aparılmış müfəssəl araşdırmalarla əsaslandırmışlar. Bu araşdırmalara görə 2011-ci ildə İtaliyada sığınacaq almaq üçün verilmiş ərizələrin sayı 34 115, 2012-ci ildə isə 15 715 olmuşdur. 2013-cü ildə isə bu rəqəm bir qədər də artmışdır. SFH-OSAR-ın hesabatına görə 2012-ci ildə İtaliyada 64 000 qaçqın yaşayırdı. Lakin 2012-ci ildə CARA-da sadəcə 8 000 yer vardı. Gözləmə siyahısında olanların sayı o qədər çox idi ki, ərizəçilərin əksəriyyətinin burada yer tapmaq imkanları real deyildi. SPRAR şəbəkəsinə məxsus mərkəzlərə gəlincə, SFH-OSAR-ın hesabatında qeyd edilirdi ki, burada 4 800 yer var idi və 5 000 şəxs gözləmə siyahısında idi. Həmin hesabatda qeyd edilirdi ki, digər iki təşkilat – Caritas və JRS-nin məlumatına görə maksimum qalma müddəti altı ay olan SPRAR mərkəzlərində yerləşdirilmiş şəxslərin yalnız 6 faizi iş tapa və peşə baxımından İtaliya cəmiyyətinə inteqrasiya oluna bilirdi. Bələdiyyə orqanları tərəfindən idarə olunan və yalnız sığınacaq axtaranlar üçün deyil, çətinlikdən əziyyət çəkən istənilən şəxs üçün açıq olan yerləşdirmə mərkəzlərinə gəlincə, burada da yerlərin sayı tələbatdan kifayət qədər az idi. SFH-OSAR-ın məlumatına görə Romada 1 300 yer var idi və 1 000 nəfər isə gözləmə siyahısında idi. Orta gözləmə müddəti isə üç ay idi. Milanda 400 yer var idi və ailə üzvləri sistematik olaraq bir-birlərindən ayrı saxlanırdı.
109. Məhkəmə qeyd edir ki, İsveçrə Hökuməti bu rəqəmləri mübahisələndirməmiş, sadəcə olaraq İtaliya hakimiyyət orqanlarının son beş il ərzində ölkəyə fasiləsiz sığınacaq axtaranların axımı ilə bacardıqları qədər ən yüksək səviyyədə məşğul olmaq üçün səy göstərildiyini vurğulamışdır. İtaliya Hökuməti qeydlərində bəyan etmişdir ki, İtaliyanın hakimiyyət orqanları tərəfindən görülən tədbirlər sığınacaq axtaranlar üçün qəbul imkanlarının artırılmasına yönəldilmişdir. Xüsusilə, 2013-cü ilin sentyabrında SPRAR sisteminin ümumi tutumunu 2014-2016-cı illər ərzində 16 000 yerə qədər artırmaq qərara alınmışdır. Artıq 1 230 yer yaradılmışdır ki, bunun da nəticəsində mövcud yerlərin ümumi sayı 9 630 olmuşdur (yuxarıda 78-ci bəndə bax).
110. Məhkəmə qeyd edir ki, İtaliyada qalmaq üçün yerlə təmin edilməmiş sığınacaq axtaranların sayını hesablamaq üçün istifadə olunan metodlar mübahisə doğurur. Məhkəmə məlum rəqəmlərin dəqiqliyi ilə bağlı mübahisə açmadan bunu qeyd etməyi kifayət hesab edir ki, 2013-cü ildə sığınacaq almaq üçün verilən ərizələrin sayı ilə (İtaliya Hökumətinin məlumatına görə 2013-cü ilin 15 iyununa qədər bu rəqəm 14 184 olmuşdur (yuxarıda 78-ci bəndə bax)) İtaliya Hökumətinin məlumatına görə ərizəçilərin yerləşdiriləcəyi SPRAR şəbəkəsinə daxil olan mərkəzlərdəki yerlərin sayı (9 630 yer (yuxarıda 76-cı bəndə bax)) arasında açıq-aşkar ziddiyyət mövcuddur. Bundan əlavə, ərizələrin sayı yalnız 2013-cü ilin ilk altı ayını əhatə etdiyindən, bütünlükdə il üçün rəqəmlər böyük ehtimalla kifayət qədər çox olacaq və bu da SPRAR sisteminin qəbul imkanlarını daha da zəiflədəcəkdir.
Məhkəmə daha sonra qeyd edir ki, nə İsveçrə, nə də İtaliya Hökuməti SPRAR sistemi ilə CARA-nın birlikdə tutumunun yerləşdirmə ilə bağlı tələbatı tam olmasa da, böyük qismində təmin edə biləcəyini belə iddia etməmişdir.
(γ) Mövcud mərkəzlərdə qəbul şəraiti
111. Mövcud mərkəzlərdə yaşayış şəraitinə gəlincə, ərizəçilər tərəfindən istinad edilmiş araşdırmalarda bəzi məskunlaşdırma yerlərində şəxsi həyatın məxfiliyinə hörmət edilmədiyi, təhlükəli şəraitin olduğu və zorakılıq hallarının geniş yayıldığı qeyd edilmişdir (yuxarıda 66-cı və 67-ci bəndlərə bax). Ərizəçilər Baridəki CARA-da qısa müddətli qalmaları zamanı zorakılıqla müşayiət edilən insidentlərin şahidi olduqlarını iddia etmişlər. Onlar daha sonra bildirmişlər ki, bəzi mərkəzlərdə sığınacaq axtaranların ailə üzvləri sistematik olaraq bir-birlərindən ayrı salınmışdır.
112. Məhkəmə qeyd edir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının 2013-cü il Tövsiyələrində xüsusilə mərkəzlərin ölçülərindən asılı olaraq təqdim edilən xidmətlərin keyfiyyəti və milli səviyyədə koordinasiyanın olmaması ilə bağlı bir sıra problemlər təsvir olunmuşdur. Lakin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı xüsusilə 2011-ci ildə qəbul şəraitində müəyyən pisləşmə və CARA-da məskunlaşma sayının çoxluğunu müşahidə etsə də, geniş miqyaslı zorakılıq vəziyyətlərinin və ya təhlükəli şəraitin olduğunu qeyd etməmiş və hətta İtaliyanın hakimiyyət orqanları tərəfindən sığınacaq axtaranlar üçün qəbul şəraitinin yaxşılaşdırılması istiqamətində atılmış addımları alqışlamışdır. İnsan Hüquqları Komissarı 2012-ci il hesabatında həmçinin “bəzi qəbul mərkəzlərində” problemlərin olduğunu qeyd edərək fövqəladə qəbul mərkəzlərində hüquqi yardım, müayinə və psixoloji yardım, həssas şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsinə sərf olunan müddət və köçürülmə zamanı ailə birliyinin qorunması ilə bağlı xüsusi narahatlıq ifadə etmişdir.
113. Nəhayət, Məhkəmə qeyd edir ki, İtaliya Hökuməti 2014-cü il 12 fevralda keçirilmiş iclasda ərizəçilərin gəlişindən qısa müddət öncə Baridəki CARA-da zorakılıqla müşayiət olunan insidentlərin baş verdiyini təsdiq etmişdir. Lakin onlar sığınacaq axtaranların ailə üzvlərini sistematik olaraq bir-birlərindən ayırdıqlarını inkar edərək bunun yalnız bir-neçə halda və qısa müddətə, xüsusilə şəxsiyyətin müəyyənləşdirilməsi proseduru zamanı baş verdiyini bəyan etmişdir.
114. Yuxarıdakılar nəzərə alınarsa, İtaliyadakı vəziyyət heç bir halda yuxarıda qeyd edilmiş M.S.S. işi üzrə qərar qəbul edilən zaman Yunanıstanda mövcud olan vəziyyətlə müqayisə oluna bilməz. Həmin işdə Məhkəmə on minlərlə sığınacaq axtaranın yerləşdirilməsi üçün mindən az yerin olduğunu və ərizəçi tərəfindən təsvir edilmiş son dərəcə yoxsulluq vəziyyətinin geniş miqyasda mövcudluğunu xüsusilə olaraq qeyd etmişdir. Buna görə də hazırkı işdə yanaşma M.S.S. işindəki kimi ola bilməz.
115. İtaliyada qəbul mərkəzlərinin quruluşu və buradakı ümumi vəziyyət öz-özlüyündə sığınacaq axtaranların bu ölkəyə geri qaytarılmasının bütün hallarının qarşısını almalı olmasa da, bununla belə yuxarıda qeyd olunmuş məlumat sistemin hazırkı imkanları ilə bağlı ciddi şübhələr doğurur. Buna görə də Məhkəmənin fikrincə çox sayda sığınacaq axtaranın heç bir yerdə yerləşdirilməməsi və ya şəxsi həyatın məxfiliyinə heç bir hörmət qoyulmadan və ya hətta təhlükəli və ya zorakı mühitdə yerləşdirilməsi imkanının olması əsassız iddia kimi rədd edilə bilməz.
ii. Ərizəçilərin fərdi vəziyyəti
116. Məhkəmə ərizəçilərin fərdi vəziyyətləri ilə bağlı qeyd edir ki, İtaliya polisinin gəldiyi nəticələrə və İtaliya Hökumətinin qeydlərinə əlavə olunmuş identifikasiya formalarına görə cütlük və onların beş böyük uşağı Kalabriya sahilinə 2011-ci il 16 iyulda gəlmiş və saxta şəxsiyyət sənədləri təqdim etdiklərindən dərhal şəxsiyyətin müəyyənləşdirilməsi proseduruna məruz qalmışlar. Həmin gün ərizəçilər Stignanonun bələdiyyə orqanları tərəfindən ayrılmış qəbul mərkəzində yerləşdirilmiş və 2011-ci il 26 iyula qədər burada qalmışlar. Həmin tarixdə onlar əsl şəxsiyyətləri müəyyənləşdirildikdən sonra Baridəki CARA-ya köçürülmüşlər. Onlar 2011-ci il 28 iyulda icazə olmadan həmin mərkəzi tərk etmiş və qeyri-məlum yerə getmişlər.
117. Buna görə də İtaliyada sığınacaq axtaranların ümumi vəziyyəti M.S.S. işi üzrə qərarda (yuxarıda 114-cü bəndə bax) təhlil olunduğu kimi Yunanıstanda sığınacaq axtaranların vəziyyəti ilə müqayisə oluna bilmədiyi kimi, ərizəçilərin hazırkı iş üzrə spesifik vəziyyəti də M.S.S. işi üzrə ərizəçinin vəziyyətindən fərqlidir. Hazırkı işdə İtaliyanın hakimiyyət orqanları ərizəçilərin işləri ilə dərhal məşğul olduqları halda, M.S.S. işində ərizəçi ilk növbədə saxlanma yerinə salınmış, sonra isə yaşamaq üçün heç bir vəsait ayrılmadan buraxılaraq öz qayğısına qalmalı olmuşdur.
118. Məhkəmə təkrar edir ki, pis rəftar 3-cü maddənin əhatəsi dairəsinə düşmək üçün minimum ağırlıq dərəcəsinə malik olmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbi xarakter daşıyır. O, işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun fiziki və psixoloji nəticələri və bəzi hallarda zərərçəkmişin cinsi, yaşı və səhhətindən də asılıdır (yuxarıda 94-cü bəndə bax). O daha sonra təkrar edir ki, sığınacaq axtaranların “xüsusilə imtiyazsız və həssas” əhali qrupu kimi həmin müddəaya əsasən “xüsusi müdafiədən” istifadə etməsi tələb olunur (yuxarıda qeyd edilmiş “M.S.S.” işi, 251-ci bənd).
119. Aidiyyəti şəxslərin uşaqlar olduğu halda sığınacaq axtaranlar üçün nəzərdə tutulmuş bu “xüsusi müdafiə” tələbi daha böyük önəm daşıyır. Bu, uşaqların xüsusi ehtiyacları və son dərəcə həssas olmaları ilə bağlıdır. Bu qayda hazırkı işdə olduğu kimi hətta sığınacaq axtaran uşaqların valideynləri tərəfindən müşayiət olunduqları halda da tətbiq olunur (bax: yuxarıda qeyd edilmiş “Popov” işi, 91-ci bənd). Buna görə də sığınacaq axtaran uşaqların qəbul şəraiti onların yaşına uyğunlaşdırılmalı, bu şəraitin “onlar üçün xüsusi travmatik nəticələrə yol açan stress və gərginlik mühiti yaratmaması” təmin edilməlidir (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Popov” işi, 102-ci bənd). Əks halda, sözü gedən şərait Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan həddə çatmaq üçün tələb edilən ağırlıq səviyyəsinə çatmış olacaqdır.
120. Məhkəmənin artıq qeyd etdiyi kimi (yuxarıda 115-ci bəndə bax) hazırkı işdə İtaliyada qəbul sistemindəki mövcud vəziyyət nəzərə alındıqda və bu vəziyyət Məhkəmənin M.S.S. işində araşdırdığı Yunanıstanın vəziyyəti ilə müqayisə olunmaz səviyyədə olsa da, çox sayda sığınacaq axtaranın heç bir yerdə yerləşdirilməməsi və ya şəxsi həyatın məxfiliyinə heç bir hörmət qoyulmadan və ya hətta təhlükəli və ya zorakı mühitdə yerləşdirilməsi imkanının olması əsassız iddia kimi rədd edilə bilməz. Buna görə də İtaliya ərazisinə gəldikləri zaman ərizəçilərin uşaqların yaşlarına uyğun mərkəzlərdə və şəraitdə qəbul ediləcəkləri və ailə üzvlərinin bir yerdə saxlanacağı barədə İtaliyalı həmkarlarından təminat almaq İsveçrənin hakimiyyət orqanlarının vəzifəsi idi.
121. Məhkəmə qeyd edir ki, İtaliya Hökumətinin məlumatına görə uşaqlı ailələrə xüsusilə həssas kateqoriya kimi baxılır və onlar əsasən SPRAR şəbəkəsi daxilində qəbul edilir. Bu sistem onları qalmaq yeri, ərzaq, tibbi müayinə, italyan dili dərsləri, sosial xidmətlərdən istifadə, hüquqi yardım, texniki-peşə təlimi, təhsil və özləri üçün yaşayış yeri seçilməsinə yardımla təmin edir (yuxarıda 86-cı bəndə bax). Lakin İtaliya Hökuməti yazılı və şifahi qeydlərində hakimiyyət orqanlarının ərizəçiləri konkret olaraq hansı şəraitdə saxlayacaqları barədə ətraflı məlumat verməmişdir.
Doğrudur ki, 2014-cü il 12 fevralda keçirilmiş iclasda İsveçrə Hökuməti İtaliyanın hakimiyyət orqanlarının FMİ-yə ərizəçilərin İtaliyaya geri qaytarılacaqları təqdirdə Bolonyada AQF tərəfindən maliyyələşdirilən mərkəzlərdən birində yerləşdiriləcəkləri barədə məlumat verdiyini bəyan etmişdir (yuxarıda 75-ci bəndə bax). Buna baxmayaraq Məhkəmə hesab edir ki, konkret mərkəz, qəbul şəraiti və ailə birliyinin qorunması barədə müfəssəl və mötəbər məlumat olmadığı halda İsveçrənin hakimiyyət orqanları ərizəçilərin İtaliyaya geri qaytarılacaqları təqdirdə uşaqların yaşına uyğun şəkildə qəbul ediləcəkləri barədə kifayət edici təminata malik olmurlar.
122. Buradan belə çıxır ki, ərizəçilər ilk növbədə uşaqların yaşına uyğun şəkildə qəbul ediləcəkləri və ailənin birlikdə saxlanacağı barədə İsveçrənin hakimiyyət orqanlarının İtaliyanın hakimiyyət orqanlarından fərdi təminatlar almadan İtaliyaya geri qaytarılacaqları təqdirdə Konvensiyanın 3-cü maddəsinin tələbləri pozulmuş olacaqdı.
...
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
...
2. On dörd səs lehinə, üç səs əleyhinə olmaqla ərizəçilər ilk növbədə uşaqların yaşına uyğun şəkildə qəbul ediləcəkləri və ailənin birlikdə saxlanacağı barədə İsveçrənin hakimiyyət orqanlarının İtaliyanın hakimiyyət orqanlarından fərdi təminatlar almadan İtaliyaya geri qaytarılacaqları təqdirdə Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulmuş olacağını qət edir;
...
4. Yekdilliklə qərara alır ki,
(a) cavabdeh dövlət üç ay müddətində aşağıdakı məbləği, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun şəkildə cavabdeh dövlətin milli valyutasında ərizəçilərə ödəməlidir: məhkəmə xərclərinə görə, tutulacaq vergilər də daxil olmaqla, 7000 (yeddi min) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və Məhkəmənin Prosedur Qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2014-cü il noyabrın 4-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Lourens Örli Din Şpilman
YuristkonsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq hakimlər Kasadeval, Berro-Lefevr və Yaderblomun xüsusi rəyləri bu qərara əlavə edilir[1]:
D.Ş.
T.LÖ.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy