Taranenko (Taranenko) Rusiyaya qarşı – ərizə № 19554/05
15.5.2014 tarixli qərar [I Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Prezidentə qarşı etiraz aksiyasında iştiraka görə bir il məhkəməyəqədər həbsdə saxlanma və üç il şərti olaraq azadlıqdan məhrum edilmə: pozuntu baş verib
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Prezidentə qarşı etiraz aksiyasında iştiraka görə bir il məhkəməyəqədər həbsdə saxlanma və üç il şərti olaraq azadlıqdan məhrum edilmə: pozuntu baş verib
Faktlar – 2004-cü ilin dekabrında ərizəçi prezidentin siyasətinə qarşı etiraz aksiyasının keçirildiyi yerdə həbs edildi. O, prezident administrasiyasının binasında qəbul otağı olan hissədə şəxsiyyətin və təhlükəsizliyin yoxlanması prosedurlarından keçməyərək zorla içəriyə doğru özlərinə yol açmış və kabinetlərin birinə girib qapını bağlamış və plakatları dalğalandıraraq pəncərədən bayıra vərəqələr atmış təxminən 40 nəfərlik qrupun tərkibində idi. O, kütləvi iğtişaşda iştirak etməkdə ittiham edildi və bir il həbsdə qaldı, sonda isə irəli sürülmüş ittiham üzrə təqsirli bilindi və üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edildi.
Hüquqi məsələlər – 11-ci maddə ilə birgə götürülmüş halda Konvensiyanın 10-cu maddəsi: Ərizəçinin tutulması, həbsdə saxlanması və məhkum edilməsi onun ifadə azadlığı hüququna müdaxilə təşkil edirdi, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və iğtişaşın qarşısını almaqdan və digər şəxslərin hüquqlarını qorumaqdan ibarət qanuni məqsədlər daşıyırdı.
Ərizəçi və etiraz aksiyasının digər iştirakçıları ölkə vətəndaşlarının və rəsmilərin diqqətini prezidentin siyasətindən narazı olmalarına və onun istefasını tələb etmələrinə cəlb etmək istəyirdilər. Bu, ictimai maraq doğuran məsələ idi və prezidentin səlahiyyətlərini həyata keçirməsi ilə bağlı müzakirələrə şərait yaradırdı. Etiraz aksiyası prezident administrasiyası binasında keçirilmişdi. Önəmli məqam budur ki, administrasiyanın vəzifəsi vətəndaşları qəbul etmək, onların şikayətlərini araşdırmaq idi və buna görə də administrasiyanın binası ictimaiyyət üçün açıq idi, bu şərtlə ki, gələnlər şəxsiyyətin və təhlükəsizliyin yoxlanması prosedurlarından keçməli idilər. Lakin etirazçılar müəyyən edilmiş qəbul prosedurlarına riayət etməmişdilər. Bunun əvəzinə onlar zorla binaya girmiş, mühafizəçiləri kənara itələmiş və mebel əşyalarının üzərindən tullandıqdan sonra boş kabinetlərdən birinə girib qapını bağlamışdılar. Bu cür davranış, üstəlik etirazçıların sayının çox olması orada olanlar arasında qorxu və çaşqınlıq yarada bilərdi. Belə vəziyyətdə ərizəçiləri həbs etmiş və binadan çıxarmış polisin hərəkətlərinə ictimai qaydanın qorunması tələbi ilə haqq qazandırmaq olardı.
İndi onu müəyyənləşdirmək qalır ki, ərizəçinin məhkəmə araşdırmasına qədər həbsdə saxlanması və ona təyin olunmuş cəza qarşıya qoyulan qanuni məqsədə mütənasib idimi? Ərizəçinin məhkum edilməsi ən azı qismən daxili məhkəmələrin etirazçıların cəmiyyətə çatdırmaq istədikləri ismarıclara mənfi yanaşmasına əsaslanırdı. Həqiqətən də ərizəçi "Putin əleyhinə vərəqələr" atmaqda və "prezidenti istefaya çağıran qanunsuz ultimatum" irəli sürməkdə təqsirləndirilmişdi. Eyni zamanda, bu da önəmli idi ki, o, fikrini ifadə etməkdən daha çox, həmin ifadənin müəyyən davranışla müşayiət olunmasına görə məhkum edilmişdi. Etiraz aksiyasının iştirakçıları binaya rəsmilərlə görüşmək, prezidentin siyasətini tənqid edən petisiya təqdim etmək, vərəqələr paylamaq və jurnalistlərə müsahibə vermək üçün gəlmişdilər. Onlar silahlı deyildilər və onları dayandırmağa cəhd edən mühafizəçiləri kənara itələmələri istisna olmaqla zorakılığa əl atmamış və ya güc tətbiq etməmişdilər. Sonradan baş vermiş iğtişaş onların planının tərkib hissəsi deyildi, mühafizəçilərin onları dayandıraraq binaya girmələrinə imkan verməmək cəhdinə reaksiya idi. Bu reaksiya namünasib və həddən artıq sərt görünsə də, bu amil önəmli idi ki, etirazçılar orada olanlara heç bir bədən xəsarəti yetirməmişdilər. Həqiqətən də onlara qarşı irəli sürülən ittihamlarda zor işlətmə və ya zor tətbiqi ilə hədələmə, yaxud bədən xəsarəti yetirmə barədə qeyd yer almamışdı. Daxili məhkəmələr onları əmlaka ziyan yetirməkdə təqsirkar saysalar da, həmin ziyanın yetirilməsində ərizəçinin şəxsən iştirak edib-etmədiyini və ya hər hansı digər qınanmalı hərəkət törətdiyini müəyyənləşdirməmişdilər. Bu da önəmli idi ki, məhkəmə araşdırması başa çatmazdan əvvəl müttəhimlər hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzini bütünlüklə ödəmişdilər.
Məhkəmə hesab etdi ki, ərizəçinin işinin halları onun bir il məhkəməyəqədər həbsdə saxlanmasına və ya üç il şərti olaraq azadlıqdan məhrum edilməsinə haqq qazandırmır. Hazırkı işdə təyin olunmuş qeyri-adi dərəcədə sərt sanksiya ərizəçiyə və etiraz aksiyalarında iştirak edən digər şəxslərə çəkindirici təsir göstərə bilər. Müvafiq olaraq, sözügedən müdaxilə demokratik cəmiyyətdə zəruri deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin 5-ci maddənin 3-cü bəndinin pozulduğunu müəyyən etdi, belə ki, dövlət orqanlarının ərizəçinin həbs müddətini uzatmaq üçün gətirdikləri əsas münasib olsa da yetərli sayıla bilməzdi.
Maddə 41: Mənəvi ziyana görə 12.500 avro təyin edildi.
(Həmçinin bax: Barrako Fransaya qarşı, 5 mart 2009-cu il, 117 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy