© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
İKİNCİ BÖLMƏ
TARANTİNO VƏ DİGƏRLƏRİ İTALİYAYA QARŞI
(25851/09, 29284/09 və 64090/09 nömrəli ərizələr)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
2 aprel 2013-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Tarantino və Digərləri İtaliyaya qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İkinci Bölmə):
Sədr - Danute Yosiene (Danutė Jočienė),
hakimlər:
Qido Raymondi (Guido Raimondi),
Peer Lorenzen (Peer Lorenzen),
Draqolyub Popoviç (Dragoljub Popović),
İşıl Karakaş (Işıl Karakaş),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Paulo Pinto de Albuqerqe (Paulo Pinto de Albuquerque),
və Bölmə katibinin müavini Fransuaz Elen-Passosdan (Françoise Elens-Passos) ibarət tərkibdə,
2013-cü il martın 5-də qapalı müşavirə keçirərək,
həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş xanım Klaudia Tarantino, cənab Cüzeppe Reytano, xanım Laura Aziz, cənab Maurizio Brankadori, cənab Massimo Krosia, cənab Massimo Filetti, cənab Pasqalino La Mela və cənab Karmelo Markuzzo (“ərizəçilər”) tərəfindən 2009-cu ilin 18 may, 2 və 16 noyabr tarixlərində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq İtaliya Respublikasına qarşı üç ərizənin (25851/09, 29284/09 və 64090/09 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçiləri Misilmeridə fəaliyyət göstərən vəkil cənab Q.Lipari, İtaliya Hökumətini isə (“Hökumət”) səlahiyyətli nümayəndəsi xanım P.Akkardo təmsil etmişdirlər.
3. Ərizəçilər Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsində nəzərdə tutulmuş təhsil hüquqlarının pozulmasından şikayət etmişdirlər. Onlar xüsusilə numerus clauses-a dair məsələləri tənzim edən 127/1997 nömrəli qanunun məqsədlərinin qanuni olmadığını və tədbirin qeyri-mütənasib olduğunu iddia etmişdirlər.
4. 2011-ci il 21 iyunda ərizələrə baxılması birgə icraatda birləşdirilmiş və cavab üçün Hökumətə göndərilmişdir. Məhkəmə həmçinin ərizələrin qəbuledilənliyi və mahiyyəti üzrə məsələlərə eyni vaxtda baxmaq qərarına gəlmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
İŞİN HALLARI
5. Ərizəçilərin hamısı İtaliya vətəndaşlarıdırlar. Əlavə edilmiş cədvəldən müvafiq məlumatlar əldə oluna bilər.
A. İşlərin tarixçələri
1. Birinci ərizəçi, xanım Tarantino
6. 2007-ci il 4 sentyabrda xanım Tarantino Palermoda tibb fakültəsində təhsil almaq üçün keçirilmiş qəbul imtahanında uğurlu nəticə əldə edə bilməmişdir. 2007-ci ildə iki min abiturient iki yüz on yerə daxil olmaq üçün imtahanlarda iştirak etmişdir. O, 2008 və 2009-cu illərdə də yenidən imtahanlardan kəsilmişdir.
7. 2007-ci il 14 dekabrda birinci ərizəçi və digər abiturientlər Respublikanın Prezidentinə şikayətlə müraciət edərək 264/1999 nömrəli qanunun, xüsusilə hər bir universitetin müvafiq fakültəsinə daxil olacaq tələbə sayının müəyyən edilməsi üçün istifadə olunan iki meyarın (aşağıda 17-ci bəndə bax) Avropa İqtisadi Birliyini təsis edən Müqavilənin 3-cü maddəsinin 2-ci bəndinin c) və g) yarımbəndlərinə, peşəkar ixtisasların tanınması haqqında 2005/36/CE nömrəli direktivə, Avropa İttifaqının (“Aİ”) Əsas Hüquqlar haqqında Xartiyasının 15-ci maddəsinə, Avropa İttifaqı haqqında Müqavilənin bərabərlik prinsipinə dair 6-cı maddəsinin 2-ci bəndinə və Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə zidd olduğunu iddia etmişdirlər. O, bundan əlavə dövlətin eyni məhdudiyyətlərin özəl universitetlər üçün də müəyyən edilməsi barədə qəbul etdiyi qərardan və qəbul imtahanlarının adekvatlığından şikayət etmişdir. Birinci ərizəçi həmçinin qeyd-şərtlə müvəqqəti olaraq universitetə qəbul olunmasını xahiş etmişdir.
8. Ali İnzibati Məhkəmə (Consiglio di Stato) 2008-ci il 2 iyul tarixli qərarı ilə onun müvəqqəti tədbirlə bağlı vəsatətini rədd etmişdir.
9. 2008-ci il 23 sentyabrda birinci ərizəçi yenidən şikayət etmiş və ilkin qərarın qəbul edilməsi üçün işin Avropa Ədalət Məhkəməsinə (“AƏM”) göndərilməsi xahişini təkrar etmişdir. Onun xahişi 2008-ci ilin oktyabrında Ali İnzibati Məhkəməyə göndərilmişdir.
10. 2009-cu ilin 28 aprel tarixində Respublikanın Prezidenti Ali İnzibati Məhkəmə tərəfindən 2008-ci il 12 noyabr tarixində qəbul edilmiş (nömrə 2256) və 2009-cu il 14 mayda birinci ərizəçiyə çatdırılmış məşvərətçi rəy əsasında qəbul etdiyi sərəncamla şikayətləri rədd etmişdir. Sərəncamda qeyd edilirdi ki, universitetlərin insan və maddi ehtiyatları nəzərə alınarsa, yalnız ən layiqli abiturientlərin qəbul olunmasına imkan verən mübahisə predmeti olan qəbul məhdudiyyətləri ağlabatandır və buna görə də Avropa İttifaqının müvafiq müddəalarına uyğundur. Bundan əlavə, cəmiyyətin həkimlərə olan ehtiyacına uyğun olaraq 2008-2009-cu illərdə tibb fakültələrinə qəbul 10-20 faiz artırılmışdır. O, qeyd etmişdir ki, ixtisas dərəcəsi aldıqdan sonra verilən peşəkar imtahan özü-özlüyündə elmi dərəcə deyil, dövlətlərin əksəriyyətində də keçirilən dövlət imtahanıdır. Nəhayət, o, qəbul imtahanlarının məzmununun adekvat olmadığı barədə iddiaları da rədd etmişdir.
2. Digər yeddi ərizəçi
11. Digər yeddi ərizəçi bir neçə il ərzində diş texniki və ya gigiyena mütəxəssisi kimi çalışmışdırlar və ya hazırda da çalışırlar.
12. 2009-cu il 4 sentyabrda müvafiq peşəkar təcrübələrinin olmasına baxmayaraq həmin yeddi ərizəçi stomatologiya fakültəsində təhsil almaq üçün verdikləri qəbul imtahanlarından kəsilmişdirlər. Onların sonradan göstərdikləri bütün səylər də uğursuz olmuşdur.
13. Cənab Markuzzo (bundan sonra “səkkizinci ərizəçi”) bununla belə 1999/2000-ci təhsil ilində keçirilmiş qəbul imtahanından uğurla keçmişdir. Lakin ciddi ailə problemləri ilə bağlı səkkiz il dalbadal imtahanları verə bilmədiyindən (Universitet Qaydalarının müvafiq müddəaları, 1592/1933 nömrəli Kral fərmanının 149-cu maddəsinə uyğun olaraq) 2009-cu ilin iyulunda tələbə statusunu itirmişdir.
14. Bu ərizəçilər etiraf etmişdirlər ki, mövcud ölkə daxili hüquq müdafiə vasitələrini səmərəsiz hesab etdiklərindən onlardan istifadə etməmişdirlər. Ali İnzibati Məhkəmənin çoxdan formalaşmış təcrübəsinə görə universitetlərə qəbulun məhdudlaşdırılması Konstitusiya və Avropa İttifaqı hüququna uyğundur (digər sənədlər ilə yanaşı yuxarıda qeyd edilmiş 2008-ci il 12 noyabr tarixli məşvərətçi rəyə bax). Səkkizinci ərizəçi eyni zamanda iddia etmişdir ki, Ali İnzibati Məhkəmə davamlı olaraq belə bir mövqedə olmuşdur ki, ailə problemləri (onun işindəki kimi) kimi subyektiv səbəblərə təhsilin davamlılığı qaydasından istisnalar kimi baxıla bilməz.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. 127/1997 nömrəli qanun
15. 341/1990 nömrəli qanunun 9-cu maddəsinin 4-cü bəndinə düzəliş edən 127/1997 nömrəli qanun ilk dəfə olaraq İtaliyanın istər dövlət, istərsə də özəl universitetlərinə məhdud qəbulu (numerus clausus) təsbit etmişdir. Həmin qanunun 17-ci maddəsinin 116-cı bəndində nəzərdə tutulmuşdur ki, bu məhdudiyyətləri Universitetlər, Elm və Texnoloji Araşdırmalar Nazirliyi özü müəyyən edir. Lakin qanunda məhdudiyyətlərin tətbiq olunacağı fakültələrin, qəbul yerlərinin sayının və ya seçim prosedurunun müəyyən edilməsi üçün meyarları açıq şəkildə təsbit etməmişdir.
16. 1998-ci il 27 noyabrda 127/1997 nömrəli qanunun 17-ci maddəsinin 116-cı bəndinin konstitusiyaya uyğun olub-olmadığını araşdırması üçün müraciət edilmiş Konstitusiya Məhkəməsi 383/1998 nömrəli qərar qəbul edərək həmin qanunun konstitusiyaya uyğun olduğunu təsbit etmişdir. O hesab etmişdir ki, Universitetlər və Araşdırmalar Nazirliyinin həyata keçirdiyi diskresiya qeyri-məhdud olmamışdır, belə ki, o, müəyyən hüquqi çərçivəyə uyğun hərəkət etməlidir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsi məsələ ilə bağlı milli qanunvericilik aktı olmadığından adekvat təhsil standartını təmin etmək məqsədi daşıyan Avropa İttifaqının müvafiq direktivlərinə istinad etmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, məsələ ilə bağlı qərar qəbul etmək Parlamentin səlahiyyətindədir.
17. Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsindən sonra 264/1999 nömrəli qanun qəbul edilmişdir. Burada Universitetlər və Araşdırmalar Nazirliyinin iki əlaqəli meyar əsasında tibb, baytarlıq, stomatologiya, arxitektura və tibb bacılığı fakültələrinə qəbul kvotalarını müəyyən etməsi nəzərdə tutulmuşdur: universitetlərin imkanları və resurs potensialı və cəmiyyətin konkret peşəyə ehtiyacı (fabbisogno di professionalità del sistema sociale e produttivo). Nazirlik bu qiymətləndirmə əsasında hər bir universitetin müvafiq fakültəsinə qəbul olunacaq tələbələrin sayını müəyyən edəcəkdi.
18. 2009-cu il 21 apreldə Anti-inhisar Komitəsi (“AK”) stomatologiya fakültəsinə qəbul meyarları haqqında tövsiyə vermişdir. AK qeyd etmişdir ki: a) praktikada qanunda nəzərdə tutulmuş iki meyar Universitetlər və Araşdırmalar Nazirliyi və Səhiyyə Nazirliyinin qeydləri əsasında tətbiq edilmişdir və b) toplanan istənilən məlumat xüsusilə Milli Həkimlər Federasiyası və Həkimlər və Stomatoloqlar Palatasının nümayəndələri tərəfindən təşkil olunmuş ekspertlərin işçi qrupu tərəfindən müzakirə olunacaqdır.
19. AK-nın mövqeyinə görə qanunun yalnız təhsil standartları deyil, məşğulluqla bağlı məlumatları da nəzərə alması məsələsində İtaliya Hökuməti Konstitusiya Məhkəməsinin qərarını (yuxarıda qeyd edilmiş 383/1998 nömrəli) və Avropa İttifaqı hüququnu pozmuşdur. AK qiymətləndirmənin müstəsna dərəcədə milli səhiyyə xidmətinin məşğulluq sahəsindəki ehtiyaclarının nəzərə alınması əsasında aparıldığını qeyd edərək belə bir nəticəyə gəlmişdir ki, stomatologiya fakültəsinə qəbulun məhdudlaşdırılması peşəkar xidmətlərin göstərilməsi sahəsində rəqabətin əsassız olaraq məhdudlaşdırılmasına bərabərdir. Təbii olaraq, istənilən özəl tələbatın istisna edilməsi və yalnız ictimai tələbatın nəzərə alınması ilə stomatoloqların sayı süni olaraq azaldılmış və stomatoloq xidmətlərinə görə haqlar əsassız olaraq artırılmışdır. Bundan əlavə, AK peşəkar assosiasiyaların yuxarıda adı çəkilmiş işçi qrupunda iştirakını təqdir etməmişdir, belə ki, onların qərarlarına öz maraqları yüksək səviyyədə təsir göstərə bilər.
20. Qəbul olunmaq üçün namizədlərdən ümumi mədəniyyət (o cümlədən beynəlxalq coğrafiya və tarix), biologiya, kimya, riyaziyyat və fizika üzrə səksən sualdan ibarət test imtahanından keçmələri tələb olunurdu. Yuxarı məktəb siniflərinin təhsil proqramı əsasında hazırlanan imtahanın məqsədi seçdikləri fakültəyə aid fənlər üzrə namizədlərin qabiliyyətini yoxlamaq idi.
B. Məhkəmə təcrübəsi
21. Ölkənin müvafiq məhkəmə instansiyaları dəfələrlə numerus clausus və onun İtaliya qanunvericiliyinə əsasən tətbiqi qaydasının ölkənin Konstitusiyasına və Avropa İttifaqı qanunvericiliyinə uyğun olduğunu təsbit etmişdir. Bununla bağlı qərarlara, inter alia, aşağıdakılar aiddir: Ali İnzibati Məhkəmənin 2008-ci il 29 aprel tarixli 1931 nömrəli, 2008-ci il 24 iyun tarixli 5418 nömrəli və 2008-ci il 6 iyun tarixli 5542 nömrəli qərarları; Florensiyanın Toskana İnzibati Tribunalının 2007-ci il 12 fevral tarixli 197 nömrəli qərarı; Neapol İnzibati Tribunalının 2008-ci il tarixli 4559 nömrəli qərarı; Florensiyanın Toskana İnzibati Tribunalının 2008-ci il 17 aprel tarixli 1931 nömrəli qərarı; Trent İnzibati Tribunalının 2008-ci il 11 iyun tarixli 145 nömrəli qərarı; və Ali İnzibati Məhkəmənin 2010-cu il 15 aprel tarixli 1631 nömrəli qərarı.
Xüsusilə Ali İnzibati Məhkəmə şikayətçilərin cəmiyyətin konkret peşəyə ehtiyacı ilə bağlı meyarın Avropa Birliyinin hazırkı və gələcəkdə gözlənilən ehtiyaclarını istisna etməklə milli ərazi ilə məhdudlaşdırılmasının düzgün olmadığı barədə tələbi ilə bağlı 2008-ci il 29 aprel tarixli 1931 nömrəli qərarında qət etmişdir ki, göründüyü kimi əsas müəyyənləşdirici meyar universitetlərin imkanları və resurs potensialına əsaslanır ki, bu da Avropa İttifaqı qanunvericili ilə tələb olunan müvafiq elmi təhsilin verilməsi tələbinin həyata keçməsinə imkan yaradır. Konstitusiya Məhkəməsi tərəfindən əvvəl də müəyyən edildiyi kimi (1998-ci il tarixli 393 nömrəli qərar) hətta ən layiqli tələbələr üçün xüsusilə həm nəzəri, həm də praktiki xarakter daşıyan elmlərin tədrisi sahəsində təhsilin yuxarı səviyyələrinə qəbul olunmaq hüququ texniki imkanların və insan resurslarının mövcudluğundan asılıdır. Əlbəttə, Avropa İttifaqı qanunvericiliyi numeri clause-ni qadağan etmir. Avropa direktivləri minimal tədris standartları və peşə üzrə fəaliyyət göstərmək üçün zəruri elmlərin real olaraq qavranıldığı təminatlarına əsaslanan elmi ad və dərəcələrin tanınmasını nəzərdə tutur. Lakin bu direktivlərdə təsbit edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün vasitə və metodları müəyyən etmək vəzifəsi dövlətlərin öz üzərilərinə düşür. Cəmiyyətin konkret peşəyə olan tələbatı meyarı imkan və resurs meyarından daha az əhəmiyyətə malik olmaqla təbii ki, ikinci dərəcəli idi. Bu meyardan o zaman istifadə olunur ki, fakültəyə qəbul imkanları çox olduğundan bazarın həddən artıq mütəxəssis ilə dolmasının qarşısını almaq üçün peşə sahibi olmağı məhdudlaşdırmaq zərurəti ortaya çıxsın. Məhkəmə Səhiyyə Nazirliyinin qeydiyyata alınmış tələbələrin sayını azaltmaq barədə tövsiyəsini (bu tövsiyə 2006-2007-ci illər üçün qəbul yerləri barədə qərarın qəbul edilməsi üçün əsas kimi çıxış etmişdir) əsas götürərək hesab etmişdir ki, buna cəmiyyətin ehtiyacları üçün deyil, ixtisaslaşmış tədris kurslarının Avropa standartlarına çatmasının təmin olunması fonunda kəmiyyət baxımından məhdudiyyət kimi baxılmalıdır. Bu meyarın hər il qeydiyyatdan keçməli olan namizədlərin sayı barədə qərara aidiyyəti sübuta yetirilmədiyindən və Avropa İttifaqı qanunvericiliyi tələbələrin məhdudiyyətsiz və qeyd-şərtsiz təhsil hüququnu təmin etmədiyindən, məsələnin Avropa Ədalət Məhkəməsinə verilməsi zəruri deyildir.
22. Ali İnzibati Məhkəmənin 2005-ci il tarixli 1855 nömrəli qərarına uyğun olaraq 1933-cü il tarixli 1592 nömrəli sərəncamda göstərilmiş səkkiz illik vaxt məhdudiyyəti kəsilməsi mümkün olan məcburi müddət deyil, hüquqa (kurslarda iştirak etmək) xitam verilməmişdən qabaqkı maksimum zaman çərçivəsidir.
C. Avropa İttifaqının müvafiq qanunvericiliyi
23. Avropa Birliyini təsis edən Müqavilənin III Fəslinin 39-cu maddəsi (əvvəlki 48-ci maddə) şəxslərin, xidmətlərin və kapitalın sərbəst hərəkəti ilə bağlı məsələləri tənzim edir. Burada qeyd edilir:
“1. Birlik daxilində işçilərin sərbəst hərəkəti təmin olunur.
2. Bu hərəkət azadlığı məşğulluq, əmək haqqı və digər əmək və məşğulluq şərtləri ilə bağlı üzv dövlətlərin işçiləri arasında vətəndaşlıqlarına görə istənilən ayrı-seçkiliyin ləğv olunmasını nəzərdə tutur.
3. O, ictimai siyasət, ictimai təhlükəsizlik və insanların sağlamlığı ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla aşağıdakı hüquqları ehtiva edir:
(a) iş ilə bağlı edilən təklifləri qəbul etmək;
(b) bu məqsədlə üzv dövlətlin ərazisi daxilində sərbəst hərəkət etmək;
(c) işə qəbul olunmaq məqsədilə üzv dövlətin vətəndaşlarının işə götürülmə məsələlərini tənzim edən qanunu, qaydası və ya inzibati təcrübəsinə əsasən həmin dövlətdə qalmaq;
(d) üzv dövlətdə işə götürüldükdən sonra Komissiya tərəfindən tərtib ediləcək qaydalarda əks olunacaq şərtlərə uyğun olaraq həmin dövlətin ərazisində qalmaq.
4. Bu maddənin müddəaları dövlət qulluğuna aid edilmir”.
24. Məsələ ilə bağlı Avropa İttifaqının digər sənədləri aşağıdakılardır: ümumi tibb təcrübəsində xüsusi treyninq haqqında Şuranın 1986-cı il 15 sentyabr tarixli 86/457/EEC nömrəli direktivi; həkimlərin sərbəst hərəkətinə kömək göstərilməsi və onların diplomlarının, sertifikatlarının və ixtisaslarını təsdiq edən digər rəsmi sənədlərin qarşılıqlı tanınmasına dair Şuranın 1993-cü il 5 aprel tarixli 93/16/EEC nömrəli direktivi; peşə ixtisaslarının tanınması haqqında Şuranın 2005-ci il 7 sentyabr tarixli 2005/36/EC nömrəli direktivi.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
25. Ərizəçilər Konvensiyanın 1 saylı protokolunun 2-ci maddəsində təsbit edilmiş təhsil hüquqlarının pozulmasından şikayət etmişdirlər. Həmin maddədə deyilir:
“Heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir”.
26. Hökumət bu dəlilə etiraz etmişdir.
...
B. Ərizənin mahiyyəti
1. Tərəflərin qeydləri
(a) Ərizəçilər
35. Ərizəçilər bildirmişdirlər ki, seçdikləri təhsil proqramlarına qəbula tətbiq olunan məhdudiyyətlər, yəni numerus clauses-un tətbiq olunması üçün əsaslar Konstitusiyaya və Avropa İttifaqı hüququna ziddir.
36. Onlar daha sonra qanunun məqsədlərinin qanuni və ya proporsional olmadığını iddia etmişdirlər. Onlar gələcək peşəkarların müvafiq səviyyədə vərdişlərə yiyələnməsinin təmin olunması ehtiyacını etiraf etsələr də, 264/1999 nömrəli qanunda təsbit edilmiş və istər dövlət universitetləri, istərsə de özəl universitetlərə tətbiq olunan iki meyarın qanunauyğunluğunu mübahisələndirmişdirlər. Bundan əlavə, onlar hesab etmişdirlər ki, özəlliklə stomatologiya sahəsində peşəkarların əksəriyyətinin özəl sektorda çalışdığı xüsusi olaraq nəzərə alınarsa, cəmiyyətin ehtiyaclarının yalnız dövlət sektoru əsasında qiymətləndirilməsi mümkün deyildir. Bundan əlavə, qiymətləndirmə müstəsna olaraq yerli xarakter daşımış və İtaliyada təhsil almış şəxslərin başqa ölkələrdə çalışmaq istəyəcəkləri imkanını nəzərə almamışdır.
37. Ərizəçilər izah etmişdirlər ki, konkret universitetlərdə yerlərin sayı Universitetlər Nazirliyi tərəfindən regionun ehtiyaclarına uyğun olaraq müəyyən edilir. Lakin bu yaxınlarda İtaliya qurumları qəbul sayının məhdudlaşdırılmasının peşəkarların qıtlığı problemini yaratdığını anlamışdırlar. İş o dərəcəyə çatmışdır ki, bəzi regionlar xəstəxanalarında tezliklə həkim və stomatoloqların çatışmayacağını bildirmişdir. Onlar misal kimi Lombardiya regionunu (mətbuatda bildirildiyi kimi) göstərmişdirlər. Regionun qiymətləndirməsinə görə 2015-ci ilə qədər o, pensiyaya çıxma ilə əlaqədar hazırkı işçi qüvvəsinin (həkim və stomatoloqlar) 40 faizini itirmiş olacaqdır. Region Hökumətdən mövcud qəbula məhdudiyyət sistemini ləğv etməyi xahiş etmiş, lakin İtaliyanın Səhiyyə Nazirliyi İtaliyada onsuz da zəruri saydan artıq həkimin olduğunu bildirmişdir. Ərizəçilər bildirmişdirlər ki, müəyyən sahədə mütəxəssislərin artıqlığı yenilərinin bazara girməsinə mane olmaq üçün hüquqi əsas kimi çıxış edə bilməz. Ərizəçilərin fikrincə məhdudiyyətlərin real məqsədi həkim və stomatoloqların maraqlarını qorumaqla bu sahədə rəqabəti məhdudlaşdırmaqdır ki, bu da Avropa İttifaqı hüququna ziddir. Xüsusilə onlar həmin məhdudlaşdırıcı tədbirlərin özəl universitetlərə tətbiqinin əleyhinə çıxmışdırlar. Əgər buna yol verilməsəydi, dövlətin üzərinə əlavə maliyyə yükü qoyulmadan qəbul sayının artırılması mümkün olardı. Belə ki, hazırkı sistem ərizəçilərin hətta özəl universitetə, zəruri olduqda isə dövlət universitetinə təhsil haqqı ödəmələri qarşılığında istədikləri təhsili almağa qəbul olunmalarına imkan vermir. Bu mötəbər əsas olmadan təhsil hüququnun məhdudlaşdırılmasına bərabərdir. Ərizəçilər bununla əlaqədar qeyd etmişdirlər ki, “Belgian linguistics case” işində Məhkəmə mübahisə predmeti olan tədbirin ərizəçilərin regionun fransız dilli məktəblərinə daxil olmalarına (öz hesablarına) mane olmadığı üçün mütənasib olduğunu qət etmişdir
38. Ərizəçilər qeyd etmişdirlər ki, Avropa Məhkəməsindən milli məhkəmələr tərəfindən araşdırılmış işin faktiki hallarına deyil, mübahisə predmeti olan tədbirin Konvensiyaya uyğunluğu məsələsinə münasibət bildirməsi xahiş olunmuşdur. Onlar hesab etmişdirlər ki, tədbir, yəni qəbul imtahanı ilə yanaşı “konkret peşə ilə bağlı cəmiyyətin ehtiyacları” (özü-özlüyündə numerus clauses yox) əsasında məhdudiyyətin tətbiqi nəzərdə tutulan məqsədlərə mütənasib deyildi.
39. Onlar daha sonra bildirmişdirlər ki, həkim və stomatoloqların üçüncü səviyyədə təhsillərini başa çatdırdıqdan sonra onların hazırlığının adekvat səviyyədə olub-olmadığının qiymətləndirilməsi üçün peşəkar imtahanın olması universitetə qəbulu əvvəlcədən məhdudlaşdırmağı qeyri-zəruri edir. Bundan əlavə, qəbul imtahanı test suallarından ibarətdir və buna görə də o, təbii imkanları deyil, yalnız səthi bilikləri qiymətləndirməyə yararlıdır. Onlar bu imtahan suallarının xaotik seçildiyini, qeyri-adekvat olduğunu və sualların tərtib olunması zamanı bir sıra korrupsiya hallarına və yanlışlıqlara yol verildiyini bildirmişdirlər. Onlar qeyd etmişdirlər ki, ərizəçilərin əksəriyyəti digər dərəcələrin alınmasında fərqlənmişdirlər və onların qəbul imtahanından kəsilməsi hazırlıqsız olmaları ilə deyil, təsbit edilmiş qəbul kvotalarının aşağı olması ilə bağlı idi. Ərizəçilər misal kimi 2010-cu ildə stomatologiya fakültəsinə qəbul imtahanını göstərmişdirlər. Bu imtahanlarda hər yer uğrunda iyirmi altı namizəd mübariz aparırdı.
(b) Hökumət
40. Hökumət bildirmişdir ki, xüsusilə tibb sahəsi kimi kritik peşələrdə yüksək peşəkarlığın təmin edilməsi məqsədi və mümkün resurslar nəzərə alınarsa, universitetə qəbula məhdudiyyət qoyulması prinsipcə 1 saylı Protokolun 2-ci maddəsinə zidd deyildir. Buna görə də numerus clauses-un tətbiqi ağlabatan və cəmiyyətin ümumi maraqlarına uyğun olduqda qeyd olunan müddəanı poza bilməz. Bu məsələdə dövlətin geniş təqdir səlahiyyəti var.
41. Hazırkı işdə dövlət qabiliyyəti müəyyən etmək üçün test imtahanları əsasında seçim etməyə üstünlük vermişdir. Bu imtahan obyektiv qiymətləndirmənin aparılması üçün imkan yaratmaqla ən yaxşı namizədlərin məhdud sayda olan yerlərdən faydalanmalarına şərait yaratmışdır. O daha sonra hesab etmişdir ki, AK-nın tövsiyəsi tədbirin əsaslandırılmasının ümumi aspektləri ilə bağlı olmamışdır. Bundan əlavə, Hökumət bildirmişdir ki, yerli məhkəmələrin bu deyil, digər qərar qəbul etməsinə səbəb olmuş faktların araşdırılması Avropa Məhkəməsinin səlahiyyətinə aid olan məsələ deyil.
42. Hökumət daha sonra hesab etmişdir ki, səkkizinci ərizəçinin vəziyyəti əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olmuşdur.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
43. Məhkəmə təkrar edir ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul 1 saylı Protokolun 2-ci maddəsinin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (bax: “Leyla Şahin Türkiyəyə qarşı” (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, §§ 134-42, ECHR 2005-XI) və “Mürsel Eren Türkiyəyə qarşı” (Mürsel Eren v. Turkey, no. 60856/00, § 41, ECHR 2006‑II)).
44. Bu hüquq önəmli olmasına baxmayaraq mütləq deyildir və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Bu məhdudiyyətlərə icazə verilməsi güman olunur, belə ki, qəbul hüququ “təbiət etibarı ilə dövlət tərəfindən nizamlanmanı tələb edir” (bax: “Belçikada təhsildə dillərdən istifadə haqqında qanunların bəzi aspektlərinə dair iş” Belçikaya qarşı” (“Case relating to certain aspects of the laws on the use of languages in education in Belgium” v. Belgium ((Merits), 23 July 1968, Series A no. 6)). Hamılıqla qəbul edilmişdir ki, təhsil təsisatlarının tənzimi, inter alia, cəmiyyətin ehtiyaclarına və resurslara və təhsilin müxtəlif səviyyələrinin fərqli cəhətlərinə uyğun olaraq, zamana və yerə görə fərqlənə bilər. Buna görə də Konvensiyanın tələblərinə əməl olunub-olunmadığı barədə son qərarı qəbul etmək səlahiyyəti Məhkəməyə aid olsa da, bu sahədə Razılığa Gələn Dövlət müəyyən təqdir səlahiyyətindən istifadə edir (bax: yuxarıda qeyd edilmiş Leyla Şahin işi, 154-cü bənd və “Əli Birləşmiş Krallığa qarşı” (Ali v. the United Kingdom, no. 40385/06, § 53, 11 January 2011)).
45. Tətbiq edilən məhdudiyyətlərin hüququ onun mahiyyətini sarsıdacaq və onu səmərəlilikdən məhrum edəcək dərəcədə pozmasının qarşısını almaq məqsədilə Məhkəmə bu məhdudiyyətlərin maraqlı şəxslər üçün aydın olduğuna və qanuni məqsədə yönəldiyinə əmin olmalıdır. Lakin Konvensiyanın 8-ci və 11-ci maddələrindən fərqli olaraq 1 saylı Protokolun 2-ci maddəsində “qanuni məqsədlərin” tam siyahısı göstərilməmişdir. Bundan əlavə, məhdudiyyət yalnız o zaman 1 saylı Protokolun 2-ci maddəsinə uyğun sayıla bilər ki, istifadə olunan vasitələrlə nail olunması istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud olsun (bax: yuxarıda qeyd edilmiş “Leyla Şahin” işi, 154-cü bənd).
46. Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 2-ci maddəsi hər bir halda qəbul imtahanları üçün sənəd vermiş və imtahanlardan keçmiş şəxslərin universitetlərə qəbulunu məhdudlaşdırmağa icazə verir (bax: “Lukaç Rusiyaya qarşı” (Lukach v. Russia (dec.), no. 48041/99, 16 November 1999)).
(b) Bu prinsiplərin bütün ərizəçilərlə bağlı hazırkı işə tətbiqi
47. Hazırkı işdə Məhkəmə qəbul edir ki, İtaliya dövləti tərəfindən seçilmiş məhdudiyyətlərin, yəni qəbul imtahanı və bilavasitə numerus clauses-un doğurduğu nəticələr 127/1999 nömrəli qanun və sonradan qəbul edilmiş 264/1999 nömrəli qanuna (sonuncu qanun numerus clauses-un tətbiqi ilə bağlı məsələləri daha geniş tənzim edirdi) əsasən aydın idi.
48. Məhkəmə daha sonra hesab edir ki, bu məhdudiyyətlər universitetlərdə müvafiq şərtlər daxilində minimal və adekvat təhsil səviyyəsini təmin edir ki, bu da ümumi maraqlara cavab verməklə yüksək peşəkarlıq səviyyəsinə çatmaq kimi qanuni məqsədə uyğundur.
49. Məhdudiyyətlərin mütənasibliyi məsələsinə gəlincə, Məhkəmə ilk növbədə qəbul imtahanları ilə bağlı qeyd edir ki, ən layiqli tələbələrin müəyyən edilməsi məqsədilə müvafiq imtahanlar vasitəsilə namizədlərin qiymətləndirilməsi universitetlərdə minimal və adekvat təhsil səviyyəsini təmin etməyə yönələn mütənasib tədbirdir. İmtahanların məzmununa gəlincə, Məhkəmə müxtəlif kontekstlərdə də olsa, “Kjeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı” (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (7 December 1976, § 53, Series A no. 23)) işində qət etmişdir ki, təhsil proqramının müəyyənləşdirilməsi və planlaşdırılması prinsipcə Razılığa Gələn Dövlətin səlahiyyətinə aiddir və bu məsələlər barədə qərar qəbul etmək Məhkəmənin səlahiyyətində deyil. Eynilə, Məhkəmə testlərin müvafiqliyi və ya məzmunu barədə də qərar qəbul etmək səlahiyyətinə malik deyildir.
50. Numerus clauses məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçilər xüsusilə numerus clauses-un tətbiq edilməsi üçün istifadə olunan əsas, yəni iki meyar (a) universitetlərin imkanları və resurs potensialı və b) cəmiyyətin konkret peşəyə ehtiyacı) barədə şikayət etmişdirlər. Məhkəmə hesab edir ki, ərizəçilərin fərdi maraqları ilə bütövlükdə cəmiyyətin, o cümlədən universitetə daxil olan digər tələbələrin maraqları arasında tarazlıq təmin edilməlidir. Məhkəmə qeyd edir ki, bu iki meyar təhsil hüququnun tənzim edilməsinin cəmiyyətin və fərdlərin ehtiyacları və resurslarına uyğun olaraq fərqlənə bilməsinin mümkünlüyünü nəzərdə tutan Avropa Məhkəməsi presedent hüququna uyğundur (bax: yuxarıda qeyd edilmiş “Belgian linguistics case” işi). O daha sonra qeyd edir ki, hazırkı işdə belə məhdudiyyətlərə yüksək təhsil səviyyəsi, konkret olaraq üçüncü səviyyəli təhsil kontekstində baxılmalıdır.
51. Birinci meyara gəldikdə, resursla bağlı tələblərin məsələyə açıq şəkildə aidiyyəti var və onlar şübhəsiz ki, qəbul ediləndir. Bu, müddəaya verilən təfsirdən, yəni təhsil hüququnun müvafiq vaxtda “mövcud olan” istənilən ali təhsil müəssisəsinə qəbul olunmaq hüququnu nəzərdə tutmasından məntiqi olaraq irəli gələn anlayışdır (yenə orada). Məhkəmə təkrar edir ki, Konvensiya təlimat vasitələri və onların təşkili və ya maliyyələşdirilməsi səviyyəsi barədə heç bir konkret öhdəlik müəyyən etmir (bax: “X Birləşmiş Krallığa qarşı” (X v. the United Kingdom, no. 8844/80, Commission decision of 9 December 1980, DR 23, p. 228) və “Qeorqiu Yunanıstana qarşı” (Georgiou v. Greece (dec.), no. 45138/98, 13 January 2000)). Bu, yalnız boş yerlər olduğu təqdirdə və ona xas olan məhdudiyyətlər çərçivəsində təhsil almaq hüququnu nəzərdə tutur. Məhkəmə qeyd edir ki, belə məhdudiyyətlər əsasən bu institutları idarə etmək üçün zəruri olan imkanlardan, o cümlədən, inter alia, insan, maddi təchizat və müvafiq maliyyə vəsaitləri, belə vəsaitlərin keyfiyyəti kimi amillərdən asılıdır. Bu, xüsusilə dövlət tərəfindən idarə olunan universitetlərə aiddir.
52. Ərizəçilərin eyni məhdudiyyətlərin təhsilə görə haqq ödəmək istədikləri özəl universitetlərə tətbiq olunması şikayətinə gəlincə, inkar edilə bilməz ki, nəzəri və praktiki təhsil üçün resurslar faktiki olaraq geniş şəkildə həmin özəl universitetlərin insan, maddi və maliyyə kapitalından asılı olacaq və bu baxımdan həmin səbəbə görə qəbul sayının dövlətin və onun qurumlarının üzərinə əlavə yük qoymadan artırılması mümkündür. Lakin belə bir məsələ də mövcuddur ki, İtaliyada özəl sektor qismən dövlətin subsidiyası əsasında fəaliyyət göstərir. Daha önəmlisi isə odur ki, belə şəraitdə Məhkəmə dövlətin özəl institutların da fəaliyyətini tənzim etməsinə qeyri-mütənasib və ya əsassız hərəkət kimi baxa bilməz. Lakin bu o zamana qədər mümkündür ki, belə tənzimetmə əsassız qəbulların və ya universitetdən kənarlaşdırmaların qarşısının alınması və şəxslərlə eyni cür rəftarın təmin edilməsi üçün zəruri olsun. Məhkəmə təkrar edir ki, hər kəsin təhsil almaq kimi əsas hüququ heç bir fərq qoyulmadan dövlət məktəblərində və müstəqil məktəblərdə şagirdlərin malik olduğu hüquqdur (bax: yuxarıda qeyd edilmiş “Leyla Şahin” işi, 153-cü bənd). Buna görə də dövlət Konvensiyaya əməl olunmasını təmin etmək üçün həmin məsələləri tənzim etmək öhdəliyi daşıyır. Məhkəmə xüsusilə hesab edir ki, dövlət özəl institutlara daxil olmanın namizədlərin qabiliyyətləri və peşəyə meylliliklərindən deyil, yalnız maliyyə vəsaitlərindən asılı olmasına yol verməmək üçün bu sahənin tənzim edilməsinə dəqiqliklə yanaşmaqda haqlıdır. Bu, xüsusilə sözü gedən təhsil sahələrinə aiddir, belə ki, bu sahədə minimal və adekvat təhsil səviyyəsinə malik olmaq çox böyük önəm daşıyır.
53. Bundan əlavə, Məhkəmə hesab edir ki, siniflərdə həddən çox tələbənin olması təhsil sisteminin səmərəliliyinə ziyan vura, bununla da xüsusi təlim təcrübəsinə mane ola bilər.
54. Beləliklə, Məhkəmə rəqabət aparan maraqları nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş birinci meyar həm qanuni, həm də mütənasib olmuşdur.
55. İkinci meyara, yəni konkret peşəyə cəmiyyətin ehtiyacı məsələsinə gəlincə, Məhkəmə hesab edir ki, onun təfsiri əlbəttə ki, məhdudlaşdırıcı xarakter daşıyır. O, ölkə perspektivi ilə məhdudlaşır və bundan əlavə bu, dövlət sektoruna xas bir şeydir ki, bununla da daha geniş Avropa İttifaqı və ya özəl sektor kontekstində istənilən ehtiyac göz ardına alınır. Bundan əlavə, gələcək yerli ehtiyaclar ciddi şəkildə nəzərə alınmadığından o, uzaqgörən tədbir hesab edilməyə bilər.
56. Bununla belə, Məhkəmənin fikrincə əgər Hökumət həddən artıq dövlət xərclərinə yol verməmək üçün hərəkət etmək hüququna malikdirsə, onda belə bir tədbir tarazlaşdırılmış addımdır. Məhkəmə qeyd edir ki, müəyyən spesifik peşəkarlar kateqoriyasına tədris keçilməsi böyük məbləğdə kapital qoyuluşu tələb edir. Buna görə də dövlətin hər bir uğur qazanan namizədin əmək bazarına daxil olmasına çalışması ağlabatandır. Əlbəttə, mütəxəssislərin çoxluğu səbəbindən belə kateqoriyadan olan şəxslər üçün iş yerlərinin olmaması əlavə xərclərin çəkilməsi deməkdir, belə ki, işsizlik ümumilikdə cəmiyyət üçün sosial bir yükdür. Dövlətin neçə məzunun yerli bazardan çıxaraq xaricdə iş axtaracağını təsbit etməsi qeyri-mümkün olduğundan, Məhkəmə dövlətin ehtiyatlı davranmasını və beləliklə də, öz siyasətini onların böyük əksəriyyətinin ölkədə qalaraq iş axtaracağı ehtimalı üzərində qurmasını əsassız hesab edə bilməz. Buna görə də Məhkəmənin fikrincə ikinci meyar da mütənasibdir.
57. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçilər maraq göstərdikləri və tələb olunan keyfiyyətlərə malik olduqları istənilən digər təhsil proqramına sənəd vermək hüququndan məhrum edilməmişdirlər (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Lukaç” işi üzrə qərardad). Eyni zamanda onların karyeralarını xaricdə etmək kimi mümkün arzularına uyğun olaraq təhsillərini xaricdə almalarına da hər hansı məhdudiyyət qoyulmamışdır. Namizədin test imtahanını neçə dəfə verə bilməsinə hər hansı məhdudiyyətin qoyulmadığı nəzərə alınarsa, ərizəçilər hələ də bu imtahanı vermək və seçimlərinə uyğun olan fakültəyə daxil olmaq imkanına malikdirlər.
58. Son olaraq Məhkəmə hesab edir ki, tətbiq edilmiş tədbirlər qeyri-mütənasib olmamış və bu tədbirləri tətbiq etməklə dövlət təqdir səlahiyyətini aşmamışdır.
59. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin tələbləri pozulmamışdır.
(c) Prinsiplərin səkkizinci ərizəçi cənab Markuzzo ilə bağlı işə tətbiqi
60. Səkkizinci ərizəçinin səkkiz il ərzində dərslərə gəlmədikdən sonra universitetdən kənarlaşdırılması nəticəsində yenidən qəbul imtahanı verməyə məcbur edilməsi ilə bağlı onun tələbinin yuxarıda qeyd edilmiş tələblərdən artıq olduğu qəbul olunarsa, Məhkəmə qeyd edir ki, burada tədbirin aydın olmadığı ilə bağlı mübahisə aparılmamışdır. O, daha sonra hesab edir ki, xüsusilə numerus clausus-un sözü gedən təhsil proqramına tətbiq edildiyi nəzərə alınarsa, səkkiz il dalbadal imtahanları verməmiş tələbənin universitetdən kənarlaşdırılması əsassız deyildir. Buna görə də Məhkəmə qət edir ki, tədbir qanuni məqsədə yönəlmiş və dövlətin təhsil hüququnu tənzim etmək səlahiyyətinə malik olması baxımından mütənasib olmuşdur. Faktiki olaraq o, bir tərəfdən ərizəçinin maraqları ilə, digər tərəfdən həmin fakültəyə daxil olmaq istəyən digər şəxslərin, həmçinin ümumilikdə cəmiyyətin maraqları arasında tarazlıq yaratmışdır.
61. Buna görə də şikayətin səkkizinci ərizəçi ilə bağlı olan hissəsində pozuntu baş verməmişdir.
...
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
...
2. Altı səs lehinə, bir səs əleyhinə olmaqla Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin pozulmadığını qət edir;
3. Yekdilliklə səkkizinci ərizəçinin əlavə şikayəti ilə bağlı 1 saylı Protokolun 2-ci maddəsinin pozulmadığını qət edir.
Qərar Məhkəmənin prosedur qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il 2 aprel tarixində ingilis dilində tərtib edilmiş və tərəflərə bu barədə yazılı bildiriş göndərilmişdir.
Fransuaz Elen-PassosDanute Yosiene
Bölmə katibinin müavini Sədr
Hakim Pinto de Albuqerqenin qismən xüsusi rəyi Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara əlavə edilir[1].
D.Y.
F.E.P.
...
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy