Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
TAKSKE BELÇİKAYA QARŞI İŞİ
(CASE OF TAXQUET v. BELGIUM)
( 926/05 saylı ərizə)
QƏRAR
STRASBURQ
16 noyabr 2010-cu il
Bu qərar yekundur, lakin redaktə məqsədi ilə təhlil edilə bilər.
Taxquet Belçikaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Jean-Paul Costa, Sədr,
Christos Rozakis,
Nicolas Bratza,
Peer Lorenzen,
Françoise Tulkens,
Josep Casadevall,
Boštjan M. Zupančič,
Nina Vajić,
Anatoly Kovler,
Elisabet Fura,
Sverre Erik Jebens,
Isabelle Berro-Lefèvre,
Päivi Hirvelä,
Luis López Guerra,
Mirjana Lazarova Trajkovska,
Nona Tsotsoria,
Zdravka Kalaydjieva, hakimlər,
və Michael O’Boyle, Katibin Müavini,
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi
21 oktyabr 2009-cu il və 6 oktyabr 2010-cu il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş Məhkəməyə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın (Konvensiya) 34-cü Maddəsinə əsasən Belçika Krallığına qarşı Belçika vətəndaşı c-b Riçard Taxquet (ərizəçi) tərəfindən 14 dekabr 2004-cü il tarixində verilmiş ərizə (926/05 saylı) əsasında açılmışdır.
2. Ərizəçi Liyej (Liège) şəhərində vəkil kimi fəaliyyət göstərən c-b L. Mission və c-b J.Pierre tərəfindən təmsil olunmuşdur. Belçika Hökuməti (Hökumət) öz Nümayəndələri, Federal Ədliyyə Departamentinin Baş Məsləhətçisi c-b M. Tysebaert və c-b A. Hoefmans tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi xüsusilə, Konvensiyanın 6-cı Maddəsinin 1 və 3-cü bəndlərinin pozuntusunu iddia etmişdir, belə ki, Assize Məhkəməsinin[1] qərarı kifayət qədər əsaslandırılmamış və ona anonim şahidin dindirilməsi üçün şərait yaradılmamışdı.
4. Ərizə Məhkəmənin aşağıdakı üzvlərdən ibarət İkinci Bölməsinə təyin edilib (Məhkəmə reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi): Ireneu Cabral Barreto, Françoise Tulkens, Vladimiro Zagrebelsky, Danutė Jočienė, Dragoljub Popović, András Sajó və Işıl Karakaş, hakimlər və həmçinin Sally Dollé, Bölmənin Katibi. 13 yanvar 2003-cü ildə Palata qərar qəbul etmiş və yekdilliklə müəyyən etmişdir ki, 6-cı Maddənin 1 və 3-cü bəndlərinə əsasən verilmiş şikayətlər qəbulediləndir və hər iki müddəanın pozuntusu baş vermişdir.
5. 5 iyun 2009-cu ildə, Hökumətin 8 aprel 2009-cu il tarixli müraciətindən sonra Böyük Palatanın paneli Konvensiyanın 43-cü Maddəsinə əsasən işi Böyük Palataya göndərmək barəsində qərar qəbul etmişdir.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci Maddəsinin 2 və 3-cü bəndinin müddəaları və 24-cü Qaydaya əsasən müəyyən edilmişdir.
7. Ərizəçi və Hökumət öz yazılı müşahidələrini təqdim ediblər. Bundan əlavə üçüncü tərəf şərhləri Birləşmiş Krallıq, İrlandiya və Fransa Hökumətlərindən alınıb və bu məqsədlə Sədr tərəfindən onlara yazışma prosedurunda iştirak etmək hüququ verilib (Konvensiyanın 36 Maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi).
8. Dinləmə Strasburqda, İnsan Hüquqları Binasında 21 oktyabr 2009-cu il tarixində ictimaiyyətə açıq şəkildə keçirilib (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak ediblər:
(a) Hökumətin adından
c-bA. Hoefmans, Nümayəndə,
c-bK. Lemmens,Vəkil;
(b) ərizəçinin adından
c-bL. Misson,
c-bJ. Pierre, Vəkil,
c-bR. Taxquet, ərizəçi.
Məhkəmə c-b Mission, c-b Pierre və c-b Lemmensin çıxışlarını və onların Məhkəmənin üzvləri tərəfindən verilmiş suallara cavablarını dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1957-ci ildə anadan olub və Angleur şəhərində yaşayır.
10. 17 oktyabr 2003-cü ildə ərizəçi digər yeddi təqsirləndirilən şəxs ilə birlikdə fəxri naziri (ministre d’Etat) öldürmək və onun partnyoru M.-H.J.-ni öldürməyə cəhd ittihamları ilə Liège Assize Məhkəməsinin qarşısına çıxarılıb. İttihamnamədə ifadə olunduğu kimi, onlar 18 iyul 1991-ci ildə Liège şəhərində aşağıdakı cinayət əməllərini törətməkdə ittiham olunurdular:
“iştirakçı və ya həm-iştirakçı olaraq,
Cinayət əməllərini törədərək və ya onların törədilməsinə birbaşa kömək edərək,
Və ya hər hansı hərəkət və ya digər tədbirlə həmin cinayət əməlinin törədilməsinə yardım edərək, belə ki, bu yardım olmadan həmin əməlin törədilməsi mümkün olmazdı,
Və ya hədiyyə, vəd, təhdid, səlahiyyətdən sui-istifadə, planlamanın tətbiq edilməsi vasitəsilə birbaşa olaraq digər şəxsi cinayət əməllərini törətməyə təhrik edərək,
Və ya ictimai yerdə və ya ictimaiyyətin toplaşdığı yerdə çıxış etməklə və ya hər hansı yazılı və çap edilmiş materialdan istifadə etməklə və ya şəkil və ya emblemdən istifadə edərək onları satmaq və ya paylamaqla, satış üçün təklif etmək və ya ictimaiyyətin görə biləcəyi yerdə sərgiləməklə digər şəxsi cinayət əməllərini törətməyə təhrik edərək,
1. bilərəkdən və qəsdən [A.C.]-ni öldürübsə və bunu əvvəlcədən planlaşdıraraq edibsə və həmin əməl qanunvericilikdə əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürmə əməli kimi təsnifatlandırılıbsa (qətl);
2. bilərəkdən, qəsdən və əvvəlcədən planlaşdırılmış şəkildə [M.‑H.J.]-ni öldürübsə, adam öldürmə niyyəti aydın şəkildə cinayət əməli törədilməsinə qarşı ilk addım kimi qiymətləndirə biləcək davranış nümayiş etdiribsə və həmin əməlin törədilməsi yalnız cinayətkarların nəzarəti altında olmayan səbəblər üzündən baş tutmayıbsa, əməl qanunvericilikdə əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürmə əməli kimi təsnifatlandırılıbsa.”
11. Təqsirləndirilənlərdən yalnız biri müdafiə məqsədilə yazılı ifadə verib. Ərizəçi iddia edib ki, onun eyni məqsədlə ifadə verməsi mümkün olmayıb, belə ki, o, özünə qarşı irəli sürülən sübutlardan xəbərsiz olub.
12. 12 avqust 2003-cü il tarixli ittihamnamədə, digər məsələlərlə yanaşı, bildirilirdi ki, 1996-cı ilin iyun ayında ərizəçi tərəfindən anonim şahid kimi təsvir edilən şəxs müstəntiqlərə müəyyən məlumatı ötürüb. 1 sentyabr 1996-cı il tarixində edilmiş qeyddə bildirilirdi ki, məlumat verən şəxs (informator) anonim qalmaq istədiyini bildirib, buna da səbəb olaraq öz təhlükəsizliyindən narahat olduğunu bildirib, belə ki, “onun verəcəyi məlumat çox əhəmiyyətli idi və C.-nin işi KİV-lərdə olduqca böyük maraq oyatmışdı”. Həmin şəxs işi araşdıran hakim qarşısında heç vaxt ifadə verməmişdi. O, müstəntiqlərə, kimliyini açıqlamaqdan imtina etdiyi şəxsdən gizli surətdə aldığı məlumatı çatdırmışdı. Assize Məhkəməsində baxış zamanı bir neçə təqsirləndirilən şəxsin təşəbbüsü ilə müstəntiqlərə informatorun kimliyi ilə bağlı suallar verilmişdi. Müstəntiqlər bildirmişdilər ki, onların informatoru təqsirləndirilən şəxslərdən biri deyildir və iddia edilən cinayət əməllərinin şəxsən şahidi olmayıb. Təqdim edilən və on beş bənddən ibarət olan məlumata əsasən, A.C.-nin öldürülməsi ərizəçi və digər aparıcı siyasətçi də daxil olmaqla altı nəfər tərəfindən hazırlanıb. Ərizəçiyə qarşı ittiham irəli sürülən abzasda deyilirdi:
“V. der B. və Taxquet C.-nin ‘91 Bayramlarına (tətilinə) qədər öldürülməsində xüsusilə təkid edirdilər, belə ki, o, yay tətilindən sonra əhəmiyyətli açıqlamalar edəcəyini vəd etmişdi.”
13. Məhkəmə baxışı zamanı edilmiş çoxsaylı müraciətlərlə bağlı Assize Məhkəməsi on üç aralıq qərarı (qərardad) qəbul etmişdir:
(1) 17 oktyabr 2003-cü il tarixli bəzi təqsirləndirilən şəxslərin prosesdə iştirak etməməsi və onlarla bağlı qiyabi baxış (in absentia) keçirilməsinə dair qərar;
(2) 20 oktyabr 2003-cü il tarixli etibarsız elan edilmiş şahidlərin üzləşdirilməsi barədə qərar;
(3) 27 oktyabr 2003-cü il tarixli təqsirləndirilən şəxslərdən birinin iştirakı olmadan şahidlərdən birinin dindirilməsinə dair qərar;
(4) 3 noyabr 2003-cü il tarixli şahidin gizli surətdə dindirilməsinə dair qərar;
(5) 6 noyabr 2003-cü il tarixli təqsirləndirilən şəxslərdən birinin işinə qiyabi şəkildə ( in absentia) baxılmasının təxirə salınması barədə qərar;
(6) 13 noyabr 2003-cü il tarixli ittiham tərəfinin məhkəmə baxışını gizli (qapalı) keçirməklə bağlı vəsatətini rədd etməklə bağlı qərar;
(7) 19 noyabr 2003-cü il tarixli müəyyən şahidlərin gizli dindirilməsi barədə qərar;
(8) 18 dekabr 2003-cü il tarixli təqsirləndirilən şəxslərdən biri tərəfindən təqdim edilmiş müəyyən şahidlərin dindirilməsi ilə bağlı qərar;
(9) 18 dekabr 2003-cü il tarixli şahidlərin üzləşdirilməsi zamanı səsyazma (video-yazı) aparılması ilə bağlı vəsatətə dair qərar;
(10) 18 dekabr 2003-cü il tarixli mülki tərəflər tərəfindən verilmiş və məhkəməyə gəlməyən şahidlərin dindirilməsi və bəzi digər şahidlərin yenidən dindirilməsinə dair vəsatətlə bağlı qərar;
(11) 18 dekabr 2003-cü il tarixli təqsirləndirilən şəxslərdən biri tərəfindən verilmiş anonim şahidlərin dindirilməsi və yenidən dindirilməsi ilə bağlı vəsatətə dair qərar;
(12) 18 dekabr 2003-cü il tarixli məhkəməyə gəlməyən şahidlərin dindirilməsi və bəzi digər şahidlərin yenidən dindirilməsinə dair ərizəçi tərəfindən verilmiş təqdimatlarla bağlı qərar;
(13) 18 dekabr 2003-cü il tarixli anonim şahidlərin dindirilməsi və yenidən dindirilməsinə dair vəsatətlə bağlı qərar.
14. İşi araşdıran hakimin anonim şəkildə verilmiş və iki aşağı rütbəli jandarma zabiti tərəfindən qeydə alınmış məlumatı ötürən şəxsi dindirməsi ilə bağlı qərarda Assize Məhkəməsi müəyyən etmişdir:
“Polis əməkdaşları tərəfindən əldə edilmiş bu məlumat özü-özlüyündə heç bir sübutetmə dəyərinə malik deyil. Buna müvafiq olaraq hazırkı işdə həmin məlumat istintaqa yeni impuls və ya istiqamət verə biləcək və qanuni sübutların müstəqil surətdə toplanmasına şərait yarada biləcək məlumat kimi nəzərdən keçirilir.
Məhkəmədə ifadə verən şahid kimi dindirildiyi zaman [iki aşağı rütbəli jandarma zabiti] bildirmişlər ki, onların informatoru təqsirləndirilən şəxslərdən biri deyil və təsvir etdiyi əməllərdən heç birinin şəxsən şahidi olmayıb; o, sadəcə olaraq kimliyini açıqlamaqdan imtina etdiyi şəxsdən məxfi olaraq aldığı məlumatı ötürdüyünü iddia edib.
Onlar eyni zamanda qeyd ediblər ki, onların informatoru tərəfindən verilmiş bəzi məlumatlar, xüsusilə Richard Taxquet-in vəkili tərəfindən verilmiş təqdimatlarda adı çəkilən digər siyasətçilərlə bağlı olan məlumat ...,apardıqları araşdırmalara baxmayaraq başqa heç bir sübutla təsdiqlənməyib.
...
Müstəntiqin fikrincə, onlara anonim informator tərəfindən verilən məlumatın rəsmi qeydlərinin aparılması prosesi özü-özlüyündə informator tərəfindən adı çəkilən şəxslərinin müdafiə hüquqları baxımından heç bir pozuntu təşkil etmirdi. Həmin addıma sadəcə, təhlil və təsdiq edilmə məqsədilə istintaq nöqteyi-nəzərindən maraq kəsb edə biləcək və faktlara aydınlıq gətirilməsinə kömək edə biləcək məlumatın ötürülməsi daxil idi. Daha sonra onu təsdiq edə biləcək istənilən məlumatdan təcrid edilmiş şəkildə nəzərdən keçirildikdə bu məlumat, kimliyi informator tərəfindən qeyd edilən şəxslərin törətdiyi iddia edilən əməllərin sübuta yetirilməsini təmin etmirdi.
...
Nəhayət ... yenidən dindirmə barəsində danışmaq mümkün deyildir, belə ki, işin materiallarından və ya şifahi dinləmədən [anonim şahid kimi təsvir edilən şəxsin] işi araşdıran hakimə and içərək ifadə verdiyi bəlli olmur.
Həmin şəxsin dindirilməsi ilə bağlı vəsatətə gəldikdə, birincisi, həmin şəxsin kimliyi məhkəməyə məlum deyil və ikincisi, həmin məsələ ilə bağlı araşdırma aparan məhkəmə orqanlarının istinad etdiyi fikirlərə baxmayaraq belə bir dindirmənin aparılması həqiqəti aşkar etmək üçün faydalı vasitə kimi görünmür və zərurət olmadan və müəyyən nəticələr əldə ediləcəyinə ümid yaratmadan məhkəmə prosesinin ləngidilməsinə gətirib çıxara bilər.”
15. Andlılardan Assize Məhkəməsinin Sədri tərəfindən onlara verilmiş otuz iki sualı cavablandırmaq xahiş olunub. Onlardan dördü ərizəçiyə aid olub və aşağıdakı kimi səslənib:
“25-ci sual – İTTİHAMNAMƏNİN ƏSAS BƏNDİ
Məhkəmədə iştirak edən təqsirləndirilən şəxs Richard Taxquet təqsirlidirmi,
Cinayətin əsas iştirakçısı və iştirakçılarından biri qismində,
– cinayət əməlini törədərək və ya onun törədilməsində birbaşa iştirak edərək,
– hər hansı hərəkət və ya digər tədbirlə həmin cinayət əməlinin törədilməsinə yardım edərək, belə ki, bu yardım olmadan həmin əməlin törədilməsi mümkün olmazdı,
– Və ya hədiyyə, vəd, təhdid, səlahiyyətdən sui-istifadə, planlamanın tətbiq edilməsi vasitəsilə birbaşa olaraq digər şəxsi cinayət əməllərini törətməyə təhrik edibmi,
– Və ya ictimai yerdə və ya ictimaiyyətin toplaşdığı yerdə çıxış etməklə və ya hər hansı yazılı və çap edilmiş materialdan istifadə etməklə və ya şəkil və ya emblemdən istifadə etməklə, onları satmaq və ya paylamaqla, satış üçün təklif etmək və ya ictimaiyyətin görə biləcəyi yerdə sərgiləməklə digər şəxsi cinayət əməllərini törətməyə təhrik edibmi,
bilərəkdən və qəsdən [A.C.]-ni 18 iyul 1991-ci il tarixində Liège şəhərində öldürübmü?
26-cı sual – AĞIRLAŞDIRICI ŞƏRTLƏR
Əvvəlki sualda qəsdən adam öldürmə faktına istinad edilibmi?
27-ci sual – İTTİHAMNAMƏNİN ƏSAS BƏNDİ
Məhkəmədə iştirak edən təqsirləndirilən şəxs Richard Taxquet təqsirlidirmi,
Cinayətin əsas iştirakçısı və iştirakçılarından biri qismində,
cinayət əməlini törədərək və ya onun törədilməsində birbaşa iştirak edərək,
– hər hansı hərəkət və ya digər tədbirlə həmin cinayət əməlinin törədilməsinə yardım edərək, belə ki, bu yardım olmadan həmin əməlin törədilməsi mümkün olmazdı,
– Və ya hədiyyə, vəd, təhdid, səlahiyyətdən sui-istifadə, planlamanın tətbiq edilməsi vasitəsilə birbaşa olaraq digər şəxsi cinayət əməllərini törətməyə təhrik edibmi,
– Və ya ictimai yerdə və ya ictimaiyyətin toplaşdığı yerdə çıxış etməklə və ya hər hansı yazılı və çap edilmiş materialdan istifadə etməklə və ya şəkil və ya emblemdən istifadə etməklə, onları satmaq və ya paylamaqla, satış üçün təklif etmək və ya ictimaiyyətin görə biləcəyi yerdə sərgiləməklə digər şəxsi cinayət əməllərini törətməyə təhrik edibmi,
bilərəkdən, qəsdən və əvvəlcədən planlaşdırılmış şəkildə [M.‑H.J.]-ni öldürübmü, adam öldürmə niyyəti aydın şəkildə cinayət əməli törədilməsinə qarşı ilk addım kimi qiymətləndirə biləcək davranış nümayiş etdiribmi və həmin əməlin törədilməsi yalnız cinayətkarların nəzarəti altında olmayan səbəblər üzündən baş tutmayıbsa, əməl qanunvericilikdə əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürmə əməli kimi təsnifatlandırılıbmı?
28-ci sual – AĞIRLAŞDIRICI ŞƏRTLƏR
Əvvəlki sualda qəsdən adam öldürmə faktına istinad edilibmi?”
16. Andlılar dörd sualın hamısına “bəli” cavabını veriblər.
17. 7 yanvar 2004-cü ildə Assize Məhkəməsi ərizəçini iyirmi il azadlıqdan məhrum edilməyə məhkum edib.
18. Ərizəçi məhkum edilməsinə dair hüquqi məsələlərlə bağlı 7 yanvar 2004-cü ildə Assize Məhkəməsinin qərarından və həmin məhkəmə tərəfindən çıxarılan bütün aralıq qərarlardan apelyasiya şikayəti verib.
19. 16 iyun 2004-cü il tarixli qərarı ilə Kasasiya Məhkəməsi apelyasiya şikayətini rədd edib. Həmin məhkəmə xüsusilə müəyyən edib ki:
– təqsirləndirilən şəxslərdən birinin məhkəmə qarşısına gec çıxması apelyasiya şikayəti verən ərizəçilərin müdafiə hüquqlarına xələl gətirə bilməzdi, belə ki, onlar həm həmin təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı verilən ifadələri, həm də məhkəmə prosesində həmin məlumatların verildiyi digər şəxslər tərəfindən səsləndirilən ifadələri, həm də həmin təqsirləndirilən şəxs tərəfindən birbaşa olaraq andlılara verilmiş ifadələri mübahisələndirmək imkanına malik idilər;
– Assize Məhkəməsi düzgün olaraq əmr etmişdir ki, iki şahid gizli şəkildə dindirilə bilər, çünki onlar ictimaiyyətə açıq şəkildə keçirilən məhkəmə prosesində sərbəst ifadə verməkdən qorxa bilərdilər ki, bu da ədalətin bərqərar edilməsini ləngidə bilərdi;
– belə bir addımın zərurət olmadan məhkəmə prosesini ləngidəcəyini əsas gətirərək bəzi təqsirləndirilən şəxslərin və əleyhinə ittiham irəli sürülmüş müəyyən Tunis vətəndaşlarının üzləşdiyini göstərən video yazını nümayiş etdirməkdən imtina etməklə Assize Məhkəməsi müdafiə tərəfinin hüquqlarını və ya dinləmənin şifahi aparılması prinsipini pozmamışdır, çünki imtina belə bir fakta əsaslanırdı ki, üzləşmədə iştirak edənlər məhkəmədə iştirak etdiklərinə görə təqsirləndirlən şəxslərlə birbaşa üzləşdirilmişdilər;
– Məhkəməyə gəlməyən (müvafiq qaydada çağrıldıqdan sonra) müəyyən şahidlərin dindirilməsinin həqiqəti müəyyən etmək üçün zəruri olmadığı qənaətinə gəlməklə və müəyyən digər şahidlərin “məhkəməyə gəlməsinin müəyyən nəticələr əldə etmək ümidi yaratmamaqla məhkəmə prosesisini uzadacağı” barədə qərar qəbul etməklə Assize Məhkəməsi Konvensiyanın 6-cı Maddəsinin və dinləmələrin şifahi keçirilməsinə dair prinsipin pozulmasına yol verməyib;
– təqsirsizlik prezumpsiyası hər şeydən əvvəl cinayət işi üzrə ittihamları müəyyən edən hakimlərin yanaşması ilə bağlı olduğuna görə, müstəntiqin şərhləri və KİV-lərdə verilən məlumatlar, hətta dəqiq olmasa və ya qərəzkar mövqedən ifadə edilərək cinayət əməlinə bərabər tutulsa belə, özləri-özlüyündə məhkəmə baxışının Konvensiyanın 6-cı maddəsinin 1 və 2-ci bəndlərini pozmasına səbəb ola bilməzdi;
– andlıların iddia edilən təcrübəsizliyindən, müzakirələri hansı sürətlə keçirmələrindən və ya çıxardıqları hökmün yetərli şəkildə əsaslandırılmadığından belə nəticə çıxarmaq olmazdı ki, onlar KİV-lərin əhəmiyyətli dərəcədə marağına səbəb olmuş işlə bağlı qərəzsiz qərar çıxarmaq iqtidarında deyildilər;
– andlılar məhkəməsi üzvlərinin təyin edilməsi proseduru və onların “təqsirlidir” hökmünü məhkəmə ilə məsləhətləşmə aparmadan çıxarması faktı ona dəlalət etmirdi ki, Assize Məhkəməsi Konvensiyanın 6-cı Maddəsinin mənasına uyğun olaraq qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə deyildi və ya ərizəçinin təqsirsizlik prezumpsiyası həmin məhkəmədə müdafiə oluna bilməzdi;
– Konvensiyanın nə 6-cı, nə də 13-cü Maddəsində apelyasiya şikayəti vermək hüququ nəzərdə tutulmayıb;
– Konvensiyanın nə 6-cı Maddəsinin 1 və 3(b) bəndləri, nə Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü Maddəsinin 3(b) bəndi, nə də Konstitusiyanın 149-cu maddəsi hətta yuxarıda qeyd edilən sazişlərin müddəaları ilə birgə oxunduqda belə andlılar məhkəməsi üzərinə verdikləri cavabı əsaslandırmaq öhdəliyi qoymurdu;
– Konvensiyanın 6-cı maddəsinin 3(b) bəndinə əsasən apelyasiya şikayəti vermək üçün əsas (məhkəmə prosesinə bir gün qalmış həbs edildiyinə görə öz vəkili ilə sərbəst şəkildə məsləhətləşə bilməmək) qəbuledilməz idi, belə ki, məhkəmə materiallarına daxil edilmiş sübutlardan məlum olmurdu ki, ərizəçi Assize Məhkəməsinə şikayət edərək məhkəmə prosesində öz müdafiəsinə hazırlaşmaq üçün qənaətbəxş şəraitlə təmin edilmədiyindən və bununla bağlı hüquqlarının pozulduğundan şikayət edib;
– Konstitusiyanın 10 və 11-ci bəndləri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü Maddəsi və Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi şəxsin təqsirli bilinməsinə dair hökmün əsaslandırılması üçün səbəblər gətirilməsi tələbini və ya apelyasiya şikayəti vermək hüququnu və ya yalnız peşəkar hakimlərdən ibarət məhkəmə qarşısına çıxma hüququ ilə bağlı tələbi irəli sürmürdü; qeyri-peşəkarlardan ibarət andlılar məhkəməsinin səlahiyyətləri Cinayət Prosessual Məcəlləsinin 351, 352, 364 və 364 bis maddələri ilə məhdudlaşdırılmışdı və Konvensiyanın 14-cü Maddəsinin məqsədləri üçün assize məhkəmələri və digər cinayət məhkəmələri tərəfindən mühakimə olunanlar arasında onlara qarşı münasibətlə bağlı özbaşına fərq qoyulmasına gətirib çıxarmırdı.
20. Apelyasiya şikayətinin əsasını təşkil edən fakta, yəni ərizəçinin məhkum edilməsinin həlledici şəkildə və ya təsadüfən yalnız anonim informator tərəfindən verilmiş məlumatlara əsaslandığına gəldikdə isə Kasasiya Məhkəməsi bildirmişdir:
“Assize Məhkəməsinin dindirilməsi tələb edilən şahidin kimliyi ilə bağlı məlumata malik olmadığı və buna görə də bu barədə əmr verməli olmadığı ilə bağlı müşahidələri mübahisələndirmək məsələsinə gəldikdə, apelyasiya şikayətini tərtib etmək üçün istifadə edilmiş bu əsaslar obiter dictum –a qarşı olduğuna görə onlar qeyri-maddidir.
Buna görə də onlar qəbuledilməzdir.
Yerdə qalan arqumentlərə gəldikdə, cinayət işi materialları arasında naməlum mənbədən alınan məlumatların olması işə baxan məhkəmədən etibarlılıq və ya ittihamın qəbuledilənliyi naminə informatorun müəyyən edilməsini və Cinayət Prosessual Məcəlləsinin 189 bis və 315 bis Maddələrində nəzərdə tutulmuş qaydada dindirilməsini tələb etmir. Həmin müddəalar, əgər həqiqəti müəyyən etmək üçün belə addımın atılması tələb olunursa, həmin məsələylə bağlı işi araşdıran hakimi təyin etməyi işə baxan məhkəmənin ixtiyarına buraxır.
Qərarlar, bu məhkəmənin ləğv etmək iqtidarında olmadığı faktların qiymətləndirilməsi əsasında belə qənaətə gəlməyə imkan verir ki, sözügedən dindirmə müəyyən nəticələr əldə etmək ümidi yaratmadan məhkəmə prosesinin zərurət olmadan uzadılmasına gətirib çıxara bilərdi.
Qərarlar eyni zamanda müəyyən edirlər ki, anonim şəkildə alınmış məlumat təqsirləndirilən şəxslərə qarşı qanuni və müstəqil şəkildə əldə edilmiş sübutlara uyğun deyildi.
Assize Məhkəməsinin ərizəçinin vəsatətlərinə verdiyi cavablardan görünmür ki, birinci instansiya məhkəməsi onların məhkəmədə təqdim olunan sübutları müdafiə etmək hüququnu mübahisələndirib.
Bu səbəbdən apelyasiya şikayətinin bu əsaslarına icazə verilə bilməz.
Yerdə qalan arqumentə gəldikdə, Konvensiyanın 6-cı maddəsinin 3(d) bəndi ... sadəcə olaraq belə bir faktla pozulmayıb ki, işə baxan məhkəmə açıqlamaları istintaq üçün bələdçi və istiqamətləndirici rolunu oynayan informatorun çarpaz-dindirilməsinin əmr edilməsini qeyr-zəruri və ya qeyri-mümkün hesab edib.
Bu baxımdan, apelyasiya şikayətinin bu əsasları qanunvericilikdə heç bir əsasa malik deyil.”
21. 2006-cı ilin əvvəllərində Questions à la Une programme broadcast by Radio-Télévision Belge Francophone (Belçikanın fransız dilli əhalisi üçün nəzərdə tutulmuş dövlət televiziya və radio yayımçısı) tərəfindən yayımlanan proqramda ərizəçi ilə birlikdə təqsirləndirilən şəxslərdən biri olan S.N. bildirmişdir ki, o, anonim informator olmuş və digər təqsirləndirilən şəxs D.C.-nin adından danışaraq onun vasitəçisi rolunu oynamış və onun ittihamlarını səsləndirmişdir. Elə həmin proqram zamanı Ədliyyə Naziri tərəfindən hadisələr baş verən zaman anonim şahid olmuş şəxsin kimliyi təsdiq edilmişdir. S.N. bildirmişdir ki, o, Belçika Hökumətindən “vasitəçinin komisyon haqqı” olaraq 3 000 000 Belçika frankı (BEF – 74,368.06 avro) almışdır. D.C.-nin 5,000,000 BEF (123,946.76 avro) aldığı iddia edilmişdir.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Andlılar və Assize Məhkəməsinin yaradılması
22. 1789-cu il Fransa İnqilabından sonra andlılar məhkəməsi 1791-ci ildə Fransa Konstitusiyasına, 1808-ci ildə isə Cinayət Prosessual Məhkəməsinə daxil edilmişdir. Həmin vaxt Belçika Fransa ərazisinin bir hissəsini təşkil edirdi. Ölkə Fransadan ayrılaraq Hollandiyaya birləşdirildikdə andlılar məhkəməsi ləğv olundu, lakin assize məhkəməsi qalmaqda davam etdi. Belçika müstəqillik əldə etdikdən sonra andlılar məhkəməsi institutu 7 fevral 1831-ci il tarixli Konstitusiyanın 98-ci Maddəsində təsbit edildi, həmin Maddədə deyilirdi: “Andlılar məhkəməsi bütün ağır cinayətlərlə bağlı işlərdə, eləcə də siyasi və KİV-lərlə bağlı cinayət işlərində yaradılmalıdır.” Bu institut Konstitusiyanı tərtib edənlər tərəfindən istənilən demokratik tələbin həqiqiliyinin yoxlanması üçün meyar kimi nəzərdən keçirilib. Andlılar məhkəməsi hər şeydən əvvəl insan tərəfindən qazanılmış azadlığın təsdiqi və xalqın suverenliyinin simvolu kimi qəbul edilirdi. Bu institut 19 iyul 1831-ci il tarixli Fərmanla qüvvəyə minib; üzvlük əvvəlcə funksiyalara (jury capacitaire) və daha sonra, 1869-cu ildən etibarən, mülkiyyətə (jury censitaire) əsaslanıb. 21 dekabr 1930-cu il tarixli Qanun ilə andlılar məhkəməsinin tərkibində yeni islahatlar aparılmış və daha demokratik və bütün sosial təbəqələri təmsil edən andlılar məhkəməsinə nail olmaq üçün on iki qeyri-peşəkar üzvdən ibarət andlılar məhkəmələri yaradılmışdır ki, onlar da bu günə qədər mövcuddurlar.
B. Konstitusiya
23. 17 fevral 1994-cü il tarixli Vahid Konstitusiyanın 150-ci Maddəsində deyilir: “Andlılar məhkəməsi bütün ağır cinayətlərlə bağlı işlərdə, eləcə də siyasi və KİV-lərlə bağlı cinayət işlərində (irqçilik və ya ksenofobiya motivləri əsasında törədilmiş KİV cinayətləri istisna olmaqla) yaradılmalıdırlar” (7 may 1999-cu ildə düzəliş edilmiş mətn).
24. Bundan əlavə, 149-cu Maddədə deyilir: “Bütün qərarlar əsaslandırılmalıdır; onlar ictimaiyyətə açıq şəkildə elan edilməlidir.”
C. Assize Məhkəməsində proses
1. Cinayət prosessual Məcəlləsində nəzərdə tutulan təminatlar (sözügedən vaxtda qüvvədə olan)
25. Belçikada fəaliyyət göstərən assize məhkəmələrindəki icraat bir sıra təminatları, xüsusilə, təqsirləndirilən şəxslərin müdafiəsi ilə bağlı təminatları nəzərdə tutur.
26. Cinayət Prosessual Məcəlləsinin (CPM) 241-ci Maddəsi Əsas Dövlət İttihamçısından ittihamın əsasını təşkil edən cinayət əməlinin təbiətini və cəzanın azalmasına və ya artırılmasına səbəb ola biləcək istənilən halları təsvir edən ittihamnamə hazırlamağı tələb edir. CPM-nin 313-cü Maddəsinə əsasən Əsas Dövlət İttihamçısı ittihamnaməni, təqsirləndirilən şəxs və ya onun vəkili isə müdafiə tərəfinin çıxışını oxumalıdır. 337-ci Maddədə bildirilir ki, andlılar məhkəməsinə verilən suallar ittihamnamədən irəli gəlməlidir (o da özü-özlüyündə təqsirləndirilən şəxs üzərində məhkəmə araşdırması aparılmasını labüd edən qərara (CPM-nin 271-ci Maddəsi) və müəyyən formal tələblərə uyğun olmalıdır; məsələn, mürəkkəb və ya hüquqi məsələlərə aid olan suallar vermək qadağan olunur.
27. Şifahi dinləmələrin sonunda işin faktiki hallarını müəyyən etmək və təqsirləndirilən şəxsin ittiham edildiyi əməllərin törədilməsində təqsirli olub-olmadığını dəqiqləşdirmək məqsədilə andlılar məhkəməsi üzvlərinə suallar verilir. Assize Məhkəməsinin sədrinin səlahiyyəti vardır ki, andlılar məhkəməsi üzvlərinə ittihamnamənin əsasını təşkil etmiş və işin bütün hallarına təsir edə biləcək faktlar ilə bağlı suallar versin, yalnız həmin halların şifahi dinləmələr zamanı müzakirə edilməsi şərtinə əməl olunmalıdır. Əsas sual cinayət əməlinin tərkib hissəsini təşkil edən elementlərə aid olur; bundan əlavə, ittihamnamədə qeyd olunmuş hər bir bənd üzrə ayrıca sual verilməlidir. Digər faktlarla bağlı ayrıca suallar, məsələn ağırlaşdırıcı şərtlər və ya hər hansı bəraət qazandırıcı və ya yüngülləşdirici amillərin olub-olmamasına dair suallar da verilə bilər. İttiham tərəfi və təqsirləndirilən şəxs suallara qarşı çarpaz suallar verə bilər və sədrdən andlılar məhkəməsinə bir və ya daha çox əlavə sual verməklə bağlı müraciət edə bilərlər. Suallarla bağlı mübahisə yarandıqda Assize Məhkəməsi əsaslandırılmış qərar qəbul etməlidir.
28. 341-ci Maddədə nəzərdə tutulub ki, sualları verdikdən sonra sədr onları andlılar məhkəməsi üzvlərinə ötürür; eyni zamanda, o, ittihamnaməni, cinayət əməlini müəyyən edən hesabatları və yazılı şahid ifadələrindən başqa digər materialları təhvil verir.
29. 342-ci Maddəyə əsasən, suallar verildikdən və andlılar məhkəməsi üzvlərinə ötürüldükdən sonra onlar qapalı şəkildə müzakirə keçirmək üçün məhkəmə zalını tərk edirlər. Onların arasından ya püşk atmaqla Püşk atılan zaman adı birinci çıxan üzv), ya da həmin andlılar məhkəməsi üzvünün öz razılığı ilə başçı seçilir. Müzakirələr başlamazdan əvvəl başçı aşağıdakı təlimatı yüksək səslə oxuyur (həmin təlimat müşavirə keçirilən otağın ən asan görülən yerində aydın şəkildə çap edilmiş qaydada asılır): “Qanun andlılar məhkəməsi üzvlərindən şəxsən kimi isə hansı səbəbdən məhkum etdiklərini açıqlamağı tələb etmir; qanunda sübutların tamlığı və yetərliliyini müəyyən etmək üçün qaydalar da nəzərdə tutulmayıb; qanun üzvlərdən özlərinə, səssiz-səmirsiz və daxili təhlil şəraitində sual verməyi və səmimi-qəlbdən təqsirləndirilən şəxsə qarşı irəli sürülən və müdafiə tərəfindən təqdim edilən sübutlar əsasında onlarda yaranan təəssüratı ifadə etməyi tələb edir. Qanun onlara: ‘bu sayda ifadə vermiş şahidlərin səsləndirdikləri faktları yoxlamalısan’ və ya ‘bu hesabatdan, bu sübutlardan, bu sayda şahidlərdən və ya bu sayda ipuclarından əldə edilməyən sübutların yetərli olduğunu düşünməməlisən’ demir; O, sadəcə onlardan bir suala cavab vermələrini xahiş edir ki, bu sual da onların vəzifələrini tam şəkildə əhatə edir: ‘siz daxildən (qəlbən) əminmisiniz?’”
30. 343-cü Maddə andlılar məhkəməsi üzvlərinə müzakirə otağını yalnız o zaman tərk etməyə icazə verir ki, onlar artıq hökmü çıxarmış olsunlar.
31. Nəhayət, 352-ci maddə nəzərdə tutur ki, əgər hakimlər yekdilliklə inansalar ki, andlılar məhkəməsi üzvləri prosedur qaydalarına əməl edərkən substantiv səhvə yol veriblər, məhkəmə işi dayandırmalı və yeni tərkibdən ibarət andlılar məhkəməsi yaradılana qədər təxirə salmalıdır; yeni yaradılmış tərkibə də əvvəlki tərkibdən heç kim daxil edilə bilməz. Lakin, Hökumət tərəfindən təqdim edilmiş məlumata əsasən bu seçimdən yalnız üç dəfə istifadə edilib.
2. Kasasiya Məhkəməsinin presedent hüququ
32. 13 yanvar 2009-cu il tarixli Palata qərarı Belçika məhkəmələrinin presedent hüququnda müəyyən nəticələrə səbəb olmuşdur.
33. 2505 (P.09.0547.F) saylı 10 iyun 2009-cu il tarixli qərarında Kasasiya Məhkəməsi müəyyən edib:
“Proprio motu olaraq apelyasiya şikayətinin əsasını təşkil edən və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin pozulduğunu iddia edən səbəblər:
Avropa İnsan Hüquqları Məhkəməsinin R.T. Belçika Krallığına qarşı (R.T. v. the Kingdom of Belgium) işi ilə bağlı 13 yanvar 2009-cu il tarixində çıxardığı qərarda bildirilir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş ədalətli mühakimə hüququ nəzərdə tutur ki, Assize Məhkəməsinin qərarından bəhs edilərkən cinayət işi ilə bağlı irəli sürülmüş ittiham barəsində qərarda andlılar məhkəməsi üzvlərini təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına inandıran səbəblər vurğulanmalı və hər bir suala müsbət və ya mənfi cavab verilməsinin səbəbləri açıqlanmalıdır.
Həmin qərara əlavə edilən interpretasiyanın məcburi hüquqi qüvvəsinə və Belçika tərəfindən ratifikasiya edilmiş sazişlərdən irəli gələn beynəlxalq hüquqi qaydaların ölkədaxili qanunvericilikdən üstün olduğu məsələsinə gəlincə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin 342 və 348-ci Maddələrini tətbiq etməkdən imtina etməyə məcburdur, belə ki onlar elə bir qaydanın əsasını qoyublar və həmin qayda hal-hazırda Avropa Məhkəməsi tərəfindən tənqid edilir ki, andlılar məhkəməsinin qərarlarında əsaslandırma olmur.
Məhkəmənin nəzərə ala biləcəyi sənədlərdən, xüsusilə ittihamnamədən görünür ki, ibtidai istintaq zamanı adam öldürməkdə əsas təqsirləndirilən şəxs və ya əsas təqsirləndirilən şəxslərdən biri qismində ittiham edilən ərizəçi təqsirləndirildiyi əməllərlə bağlı izahatlar vermiş və həmin izahatlar Cinayət Prosessual Məcəlləsinin 86 bis və 86 ter Maddələrinə əsasən kimliyi gizli olaraq saxlanan şahid tərəfindən təkzib edilmişdir.
Assize Məhkəməsinə 18 fevral 2009-cu ildə keçirilmiş dinləmə zamanı təqdim edilən məlumatlarda ərizəçi hökmə əsaslandırmanın daxil edilməsini xahiş etmişdir ki, məhkum edildiyi təqdirdə o, andlılar məhkəməsi üzvlərini onun təqsirli olduğuna inandıran səbəbləri başa düşmüş olsun və Kasasiya Məhkəməsi hökmün qanuni olub-olmadığını yoxlaya bilsin.
Ərizəçiyə qarşı irəli sürülmüş adam öldürmə ittihamı ilə bağlı andlılar məhkəməsindən prinsip etibarı ilə əsas sual olan onun qəsdən adam öldürmə əməlində iştirak edib-etmədiyi soruşulmuşdur; əlavə sual olaraq təhrikin qanunla müəyyən edilmiş müdafiəsi və iki alternativ sual olaraq Cinayət Prosessual Məcəlləsinin 401-ci Maddəsində nəzərdə tutulmuş cinayət əməlinə dair suallar verilib. Andlılar birinci suala müsbət, ikinci suala mənfi cavab vermiş, yerdə qalan sualları isə cavabsız buraxmışdılar.
Barəsində apelyasiya şikayəti verilmiş qərarda ərizəçinin adam öldürməyə görə on səkkiz il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulurdu və bu qərar qanuna əsasən verilmiş suallara verilən müsbət və ya mənfi cavabların əsasında formalaşmışdı. Qərarda bildirilir ki, təqsirli bilinmənin əsaslandırılması üçün əlavə səbəblər göstərməyə ehtiyac yoxdur, həmin əsasla ki, sualların dəqiqliyi qərarın lakonikliyini təmin edir.
Lakin, ərizəçinin adam öldürməkdə təqsirli olduğuna dair sadə bəyanat və yüngülləşdirici amillərin olmaması dəqiq şəkildə ərizəçinin inkar etdiyi ittihamın niyə görə meydana gəldiyini açıqlamırdı və bu məhkəməyə, digər məsələlərlə yanaşı, məhkum edici qərarın həlledici dərəcədə təqsirləndirilən şəxsə qarşı ifadə verən anonim şahid tərəfindən təqdim edilmiş məlumatlara əsaslandığını və ya Cinayət Prosessual Məcəlləsinin 341-ci Maddəsinin 3-cü bəndinə əsasən digər sübutlarla dəstəkləndiyini təhlil etməyə imkan vermirdi.
Andlı məhkəmə üzvlərindən şəxsi məhkum etmək qərarlarını açıqlamağı tələb etməyən Belçika qanunvericiliyinə uyğunluğu təmin etməsinə baxmayaraq qərar, Konvensiyanın 6-cı Maddəsinə ziddiyyət təşkil edir, belə ki, həmin müddəanın mənası belə izah edilə bilər ki, ədalətli mühakimə hüququ çıxarılan hökmün əsaslandırılmasını əhatə edə bilər.”
34. Daha sonra qəbul edilmiş və eyni effektə malik olan qərarlar.
3. Qanunvericilik islahatı
35. Belçikada hətta Taxquet işindəki Palata qərarı qəbul edilməzdən də əvvəl 25 sentyabr 2008-ci il tarixli Qanun ilə, digər məsələlərlə yanaşı, Assize Məhkəməsi Sədrinə andlı məhkəmə üzvləri müşavirə keçirərkən onlara yardım etmək məqsədilə həmin müşavirədə iştirak etmək hüququ verilməsi Senat tərəfindən nəzərdən keçirilmişdi. CPM-nin 350-ci Maddəsinin yeni redaktədə təklif edilən versiyası bəyan edirdi ki, Assize Məhkəməsi şəxsi təqsirli bildiyi halda həmin qərarı əsaslandırmalı, lakin tərəflərin vəsatətlərinə cavab verməməlidir.
36. 21 dekabr 2009-cu il tarixli Assize Məhkəməsi Islahat Qanunu (11 yanvar 2010-cu ildə Moniteur belge qazetində dərc olunub və 21 yanvar 2010-cu ildə qüvvəyə minib) Assize Məhkəmələrinin öz hökmlərinin əsas səbəblərini açıqlaması tələbini təqdim edib. Hal-hazırda CPM-nin müvafiq müddəalarında deyilir:
327-ci Maddə
“Suallar verildikdən və andlılar məhkəməsi üzvlərinə ötürüldükdən sonra onlar məsləhətləşmək üçün məşvərət otağına gedirlər.
Başçı ya andlılar məhkəməsinin püşk atma vasitəsilə seçilmiş birinci üzvü olur ya da onun razılığı ilə andlılar tərəfindən təyin edilir.
Müşavirə başlamazdan əvvəl başçı aşağıdakı təlimatı yüksək səslə oxumalı və həmin təlimat böyük hərflərlə çap edilmiş şəkildə məşvərət otağının asan görülən bir yerində asılmalıdır: ‘”Qanunda nəzərdə tutulub ki, təqsirləndirilən şəxs yalnız o zaman məhkum edilə bilər ki, qəbul edilmiş sübutlarda onun, ona qarşı irəli sürülən ittihamın əsasını təşkil edən cinayət əməlini törətdiyinə ağlabatan şübhə qalmasın.’”
328-ci Maddə
“Andlılar məhkəməsinin üzvləri məşvərət otağını yalnız hökm çıxardıqdan sonra tərk edə bilərlər.
Onlar məşvərət keçirdikləri zaman heç kim, hər hansı səbəbdən sədrin yazılı icazəsi olmadan məşvərət otağına daxil ola bilməz. Sədr həmin otağa yalnız başçı tərəfindən çağrıldıqda, xüsusilə qanunvericiliklə bağlı sualları aydınlaşdırmaq məqsədilə və digər hakimlərin, təqsirləndirilən şəxsin və ya onun vəkilinin, mülki tərəf və onun vəkilinin, prokurorun və katibin müşayiəti ilə daxil ola bilər. Bu hadisə ilə bağlı qeydlər mütləq protokollaşdırılmalıdır.
...”
334-cü Maddə
“Məhkəmə və andlı məhkəmə üzvləri daha sonra dərhal məşvərət otağına çəkilməlidirlər.
Təqdim edilən bütün vəsatətləri cavablandırmadan onlar öz qərarlarının əsas səbəblərini formalaşdırmalıdırlar.
Qərar sədr, andlılar məhkəməsi üzvlərinin başçısı və katib tərəfindən imzalanmalıdır.”
D. Cinayət Məcəlləsinin müddəaları
37. Cinayət Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
51-ci Maddə
“Cinayət əməli törədilməsinə cəhd o zaman edilir ki, ağır cinayət (crime) və ya digər cinayət tərkibi olan əməl (délit) törətmək niyyəti aşkar şəkildə sözügedən cinayət əməlinin törədilməsinə doğru atılmış ilk addımı təşkil edən davranış nümayiş etdirilsin və həmin əməlin törədilməsinin qarşısı cinayət əməlini törədən şəxsin nəzarətindən kənarda olan şərtlər üzündən alınmış olsun.”
66-cı Maddə
“Aşağıdakılar ağır cinayət əməli və ya digər ağır əməlləri törətməyə görə cəzalandırılmalıdırlar:
Cinayət əməli törətmiş və ya onun törədilməsinə birbaşa köməklik göstərmiş şəxslər;
Hər hansı hərəkət və ya digər tədbirlə həmin cinayət əməlinin törədilməsinə yardım edən şəxslər, belə ki, bu yardım olmadan həmin əməlin törədilməsi mümkün olmazdı;
Hədiyyə, vəd, təhdid, səlahiyyətdən sui-istifadə, planlamanın tətbiq edilməsi vasitəsilə birbaşa olaraq digər şəxsi cinayət əməllərini törətməyə təhrik edən şəxslər;
İctimai yerdə və ya ictimaiyyətin toplaşdığı yerdə çıxış etməklə və ya hər hansı yazılı və çap edilmiş materialdan istifadə etməklə və ya şəkil və ya emblemdən istifadə etməklə, onları satmaq və ya paylamaqla, satış üçün təklif etmək və ya ictimaiyyətin görə biləcəyi yerdə sərgiləməklə digər şəxsi cinayət əməllərini törətməyə təhrik edən şəxslər.”
67-ci Maddə
“Aşağıdakılar ağır cinayət əməlinin və ya digər əhəmiyyətli əməlin törədilməsində iştirak etmiş şəxslər kimi cəzalandırılmalıdırlar:
Əməlin törədilməsi ilə bağlı təlimatlar vermiş şəxslər;
Cinayət əməlini törətmək üçün silah, ləvazimat və digər vasitələr alan şəxslər (həmin vasitələrin cinayət əməli törədilməsi üçün alındığını bilərək);
66-cı Maddənin 3-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bilərəkdən cinayət əməlinin həyata keçirilməsinin və ya tamamlanmasının icrası və ya hazırlanması ilə bağlı hərəkətlərə yardım edən və ya onları təhrik edən şəxslər.”
393-cü Maddə
“İnsanın həyatına son vermək niyyəti ilə törədilən adam öldürmə əməli adam öldürmə cinayəti kimi tövsif edilməlidir (meurtre). Bunun müqabilində cəza təyin edilməlidir (iyirmi və otuz il arasında azadlıqdan məhrum etmə).”
394-cü Maddə
“Əvvəlcədən planlaşdırılmış adam öldürmə əvvəlcədən planlaşdırılmış adam öldürmə kimi təsnifatlandırılmalıdır (qətl). Bunun müqabilində cəza təyin edilməlidir (ömürlük həbs).”
E. Cinayət işlərinin yenidən açılmasına şərait yaradan Cinayət Prosessual Məcəlləsinə düzəlişlər edilməsinə dair 1 aprel 2007-ci il tarixli Qanun
38. 1 aprel 2007-ci il tarixli Qanun (9 may 2007-ci il tarixində Moniteur belge qəzetində dərc edilib və 1 dekabr 2007-ci il tarixində qüvvəyə minib) məhkum edilmiş şəxslərin işləri ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsi pozuntu aşkar etdikdə həmin cinayət işlərinin yenidən açılması üçün şərait yaradır.
39. CPM-nin 442 bis Maddəsində deyilir:
“Əgər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının və ya ona əlavə edilən Protokolların (bundan sonra Avropa Konvensiyası) müddəalarının pozuntusu aşkar edilərsə, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən araşdırılan və ərizəçinin və ya eyni sübutlar əsasında eyni cinayət əməlinə görə başqa bir şəxsin məhkum edilməsi ilə nəticələnən cinayət işinin yalnız cinayət məsələləri üzrə yenidən açılması məqsədilə ərizə verilə bilər.”
40. Məcəllənin 442 ter Maddəsində nəzərdə tutulub:
“Aşağıdakılar icraatın yenidən açılması üçün müraciət edə bilər:
(1) məhkum edilmiş şəxs;
(2) məhkum edilmiş şəxs öldükdə, hüquqi anlaqdan məhrum edildikdə və ya itkin düşdüyü elan edildikdə, həmin şəxsin əri-arvadı, qanuni əsasla onunla birlikdə yaşayan partnyoru, uşaqları, bacı və qardaşları;
(3) Kasasiya Məhkəməsindəki Əsas Dövlət İttihamçısı öz vəsatəti və ya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə.”
41. CPM-nin 442 quinquies Maddəsində nəzərdə tutulub:
“Əgər ərizənin araşdırılması nəticəsində ya mübahisələndirilən qərarın mahiyyət etibarı ilə Avropa Konvensiyasını pozduğu və ya aşkar edilmiş pozuntunun elə ağırlıqda olan prosedur xətaları və ya nöqsanları üzündən baş verməsi aşkar edilirsə ki, onlar sözügedən icraatın nəticələrini şübhə altına alır, Kasasiya Məhkəməsi cinayət icraatının yenidən açılmasını əmr etməlidir, bu şərtlə ki, məhkum edilmiş şəxs və ya 442 ter Maddəsinin 2-ci bəndinə əsasən hüququ olan şəxslər ciddi mənfi nəticələrdən əziyyət çəkməyə davam etsin və onların aradan qaldırılması icraatın yenidən açılması həyata keçirilmədən mümkün olmasın.”
42. Məhkəmənin Da Luz Dominik Ferreyra Belçikaya qarşı (Da Luz Domingues Ferreira v. Belgium) (no. 50049/99, 24 may 2007) işində qəbul etdiyi qərardan sonra Kasasiya Məhkəməsi 9 aprel 2008-ci il tarixli qərarı ilə cinayət icraatının yenidən açılmasını əmr etdi və 6 yanvar 1999-cu il tarixli qərarını geri çəkdi (Journal des tribunaux, 2008, səh. 403).
III. MÜQAYİSƏVİ QANUNVERİCİLİK
43. Aydındır ki, Avropa Şurasına üzv olan Dövlətlərdə qeyri-peşəkarlar tərəfindən məhkəmə hökmü çıxarılmasının müxtəlif modelləri mövcuddur. Hətta “ənənəvi” andlılar məhkəməsi (trial-by-jury) modelindən istifadə edən ölkələr arasında belə mədəni və tarixi xüsusiyyətləri əks etdirən fərqlər mövcuddur. Həmin modellərin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada peşəkar hakimlər andlı məhkəmə üzvləri tərəfindən çıxarılan hökmün müzakirələrində iştirak edə bilmirlər.
44. Üzv Dövlətləri üç kateqoriyaya bölmək mümkündür: hər hansı formada andlılar məhkəməsinin mövcud olmadığı və ya qeyri-peşəkarlar tərəfindən məhkəmə hökmünün çıxarılmadığı ölkələr; cinayət işlərində qeyri-peşəkarlarla birlikdə peşəkar hakimlərin hökmlərin müzakirəsini həyata keçirdiyi məhkəmə modelinə malik olan dövlətlər; və cinayət işlərində “ənənəvi” andlılar məhkəməsi modelini seçən ölkələr.
45. Nəzərdən keçirilən modellər arasında Avropa Şurasına üzv olan on dörd Dövlət cinayət işlərində andlılar məhkəməsi sisteminə və ya cinayət işləri ilə bağlı qeyri-peşəkarlar tərəfindən hökm çıxarılan məhkəmə modelinə heç vaxt malik olmamış və ya həmin sistemləri ləğv etmişdirlər: Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Bosniya and Herzeqovina, Kipr, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Rumıniya, San Marino və Türkiyə. Bu dövlətlərdə cinayət məhkəmələrinin tərkibi müstəsna olaraq peşəkar hakimlərdən ibarətdirlər.
46. Qarışıq sistemə malik olan Dövlətlər Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Lixtenşteyn, Monako, Çernoqoriya, Norveç (əksər hallarda), Polşa, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, “keçmiş Yuqoslav Respublikası Makedoniya” və Ukraynadır. Ənənəvi andlılar məhkəməsi sistemi ilə birlikdə istifadə edilə bilən qarışıq sistem belə bir faktla səciyyələndirilir ki, burada peşəkar hakimlər və andlılar məhkəməsinin üzvləri bir araya gələrək hüquqi məsələləri və faktları birlikdə müzakirə edərək şəxsin təqsirli olub-olmaması və hansı cəzaya məhkum edilməli olduğunu müəyyən edirlər.
47. Avropa Şurasına üzv olan on Dövlətdə ənənəvi andlılar məhkəməsi sistemi seçilib, bunlar Avstriya, Belçika, Gürcüstan, İrlandiya, Malta, Norveç (yalnız ağır apelyasiya işlərində), Rusiya Federasiyası, İspaniya, İsveçrə (Jeneva Kantonu), 1 yanvar 2011-ci il tarixinə qədər və Birləşmiş Krallıq (İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya).
48. Öz ənənəvi forması ilə andlılar məhkəməsi müəyyən sayda andlı məhkəmə üzvlərinin bir və ya bir neçə peşəkar hakimlə birlikdə məhkəmə zalında iştirak etməsini nəzərdə tutur. Andlılar məhkəməsi üzvlərinin sayı ölkədən ölkəyə dəyişir. İrlandiya, Malta, Rusiya, İspaniya, İsveçrə və Birləşmiş Krallıqda məhkəmə və andlılara bir hakim sədrlik edir. Avstriya, Belçika və Norveçdə məhkəmə üç peşəkar hakimdən və andlılardan ibarət olur. Peşəkar hakimlər andlıların şəxsin təqsirli olub-olmadığını müəyyən etmək məqsədilə keçirdiyi müzakirələrdə iştirak edə bilməzlər, belə ki, bu müzakirə müstəsna olaraq andlıların səlahiyyəti altında olan bir məsələdir.
49. Bir sıra ölkələrdə andlılar işin faktlarını müzakirə etmək məqsədilə məşvərət otağına getməzdən əvvəl onlara spesifik suallardan ibarət siyahı təqdim edilir. Yeddi Dövlət – Avstriya, Belçika, İrlandiya, Norveç, Rusiya, İspaniya və İsveçrə – bu təcrübəyə əməl edir.
50. İrlandiya, İngiltərə və Uelsdə sübutlarla bağlı nəticələr əldə edildikdə hakim işi andlılara xülasə şəklində nəql edir. O, onlara dinlədikləri ifadələri xatırladır. Bunu etməklə hakim müəyyən ifadələrlə bağlı düzgün yanaşmanı seçmək üçün istiqamət verə bilər. O, eyni zamanda andlılara tətbiq edilməli olan hüquqi qaydalar haqqında məlumat və izahatlar verir. Həmin kontekstdə hakim cinayət əməlinin elementlərini aydınlaşdırır və andlılar tərəfindən faktlar əsasında çıxarılmalı olan hökmə çatmaq üçün tələb edilən əsaslandırma zəncirini izah edir.
51. Norveçdə hakim meydana gələn hər bir hüquqi məsələ ilə bağlı andlıları istiqamətləndirir və onlara hökm çıxarmaq məqsədi ilə müşavirə keçirmək üçün getdikləri zaman əməl etməli olduqları qaydalar barəsində məlumat verir. Məhkəmə prosesinin sonunda o, eyni zamanda şahid ifadələrini andlılara xülasə şəklində nəql edir və ya andlıların diqqətini əhəmiyyət kəsb edən ifadə və ya sübutlara yönəldir.
52. Avstraliyada andlılar tərəfindən çıxarılan hökm təfərrüatlı sorğu anketinə əsaslanır ki, həmin anketdə müxtəlif ittihamların elementləri əks olunur və “bəli” və ya “xeyr” cavablarının verilməsini nəzərdə tutan suallar yer alır.
53. Prinsip etibarı ilə, andlılar gizli müşavirə keçirir və burada məhkəməyə sədrlik edən hakim iştirak etmir. Şübhəsiz ki, andlılar məhkəməsinin üzvlərinin gizli müşavirə keçirməsi bir sıra ölkələrdə qəti şəkildə bərqərar olmuş prinsipdir.
54. Belçikada peşəkar hakim müşavirə keçirilən otağa dəvət oluna bilər ki, spesifik məsələlərlə bağlı andlılara aydınlıq gətirsin, lakin bu zaman ona öz fikrini ifadə etmək və ya təqsirlilik məsələsi ilə bağlı səsvermədə iştirak etmək hüququ verilmir. Norveçdə andlılar məhkəməyə sədrlik edən hakimi çağıra bilərlər, lakin əgər andlılar cavablandırılmış suallar, tətbiq edilməli olan hüquqi prinsiplər və ya əməl edilməli olan prosedurla bağlı əlavə izahat almanın və ya suallara düzəliş etmək və ya yeni suallar vermənin zəruri olduğu qənaətinə gəlirsə, onlar məhkəmə zalına geri qayıtmalı və məsələni tərəflərin hüzurunda (iştirakı ilə) qaldırmalıdırlar.
55. Jeneva Kantonunda məhkəməyə sədrlik edən hakim yardım etmək məqsədilə andlıların keçirdiyi müzakirələrdə iştirak edir, lakin şəxsin təqsirli olub-olmaması ilə bağlı öz rəyini ifadə edə bilməz. Katib də qəbul edilmiş qərar və əsaslandırma üçün göstərilən səbəblərlə bağlı yazılı qeydlər aparmaq üçün həmin müzakirələrdə iştirak edir .
56. Ümumi qayda ondan ibarətdir ki, ənənəvi andlılar məhkəməsi tərəfindən çıxarılan hökmlərdə əsaslandırmanın səbəbləri göstərilmir. Bu sözügedən ölkələrin hamısında belədir və istisnanı yalnız İspaniya və İsveçrə təşkil edir (Jeneva Kantonu).
57. İspaniyada andlılar məhkəməsi tərəfindən çıxarılan hökm beş fərqli hissədən ibarət olur. Birinci hissədə müəyyən edilməli olan faktların siyahısı, ikincidə müəyyən edilməsi tələb olunmayan faktların siyahısı, üçüncüdə şəxsin təqsirli olub-olmadığına dair andlılar məhkəməsinin bəyanatı, dördüncüdə hökmün çıxarılmasının əsasını təşkil edən səbəblərin qısa xülasəsi və bəzi faktların müəyyən edilməsinin niyə görə tələb olunduğu və digərlərinin tələb olunmadığı qeyd olunur. Beşinci hissədə müzakirələr zamanı baş verən bütün hadisələr, müzakirələrin məxfiliyinə xələl gətirəcək hər hansı açıqlamaya yol vermədən şərh edilir.
58. 1991-ci ilə qədər Jeneva Kantonunun rəsmi dairələri hesab edirdilər ki, onlara verilmiş dəqiq suallara “bəli” və ya “xeyr” cavabları verməklə əsaslandırılmış qərar tələbinə cavab verirdilər. Lakin, 17 dekabr 1991-ci il tarixli qərarı ilə Federal Məhkəmə belə cavabların yetərli olmadığı qənaətinə gəldi və kantondakı andlılardan gələcəkdə çıxaracaqları hökmləri əsaslandırmağı xahiş etdi. 1992-ci ildə Jeneva Cinayət Prosessual Məcəlləsinin 298 və 308-ci Maddələrinə düzəliş edildi ki, həmin maddələrə əsasən andlılar məhkəməsi üzvlərindən onlar tərəfindən qəbul edilmiş qərarın və ya çıxarılmış hökmün başa düşülməsi üçün zəruri olduqda onlardan həmin qərar və ya hökmü əsaslandırmaq tələb edilə bilsin. Cinayət Prosessual Məcəlləsinin 327-ci Maddəsi andlı məhkəmə üzvlərindən “ifadənin əsas elementlərini diqqətə almağa və ya almamağa səbəb olan səbəbləri və andlılar məhkəməsi tərəfindən çıxarılmış hökmün və ya məhkəmə və andlılar tərəfindən cəza verilməsi və ya hər hansı digər tədbir görülməsi ilə bağlı qəbul edilmiş qərarın əsasında duran hüquqi səbəbləri bəyan etməyi tələb edir”.
59. Ənənəvi andlılar məhkəməsi sistemini seçmiş Dövlətlərin daxilində andlılar məhkəməsinin çıxardığı hökmdən şikayət vermək mexanizmi Gürcüstanda, İrlandiyada, Maltada, İspaniyada, İsveçdə və Birləşmiş Krallıqda mövcuddur, lakin Avstriya, Belçika, Norveç, Rusiya və İsveçrədə (Jeneva Kantonu) şikayət mexanizmi ümumiyyətlə mövcud deyil. Avstriyada məhkum edilmiş şəxslər Apelyasiya Məhkəməsinə yalnız verilmiş cəza ilə bağlı şikayət edə bilərlər; onlar eyni zamanda, Ali Məhkəməyə ləğv edilmə ilə bağlı müraciət edə bilərlər.
60. Belçikada, hazırkı işlə bağlı hadisələrdən bəhs edildiyinə görə, 21 dekabr 2009-cu il tarixli və 21 yanvar 2010-cu il tarixində qüvvəyə minmiş Qanun (bax yuxarıda 36-cı bənd) Assize Məhkəməsindəki prosedura düzəliş etmiş və andlılar məhkəməsi tərəfindən çıxarılmış hökmün mənasını açıqlamaq məqsədilə onun əsasında duran əsas səbəbləri açıqlamaqla bağlı tələb irəli sürmüşdür.
HÜQUQİ MƏSƏLƏLƏR
I. BÖYÜK PALATA QARŞISINA ÇIXARILMIŞ İŞİN ƏHATƏ DAİRƏSİ
61. Böyük Palataya təqdim edilmiş müşahidələrində ərizəçi Məhkəməyə təqdim etdiyi ərizədə ifadə etdiyi bütün şikayətləri təkrar etmişdir. 13 yanvar 2009-cu il tarixli qərarı ilə Palata Assize Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın əsasında duran səbəblərin açıqlanmamasına (6-cı Maddənin 1-ci bəndi) və anonim şahidin dindirilməməsinə (6-cı Maddənin 3(d) bəndi) dair şikayətləri qəbuledilən, yerdə qalan şikayətləri isə qəbuledilməz elan edir. Buna müvafiq olaraq, Böyük Palata yalnız Palata tərəfindən qəbuledilən elan edilmiş şikayətləri araşdıracaq, çünki ona göndərilmiş “iş” ərizənin Palata tərəfindən qəbuledilən elan edilmiş hissəsindən ibarətdir (bax, digər səlahiyyətlərlə bağlı, K. Və T. Finlandiyaya qarşı (K. and T. v. Finland) [GC], no. 25702/94, §§ 140‑41, ECHR 2001-VII).
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
62. Ərizəçi bildirmişdir ki, onun ədalətli mühakimə hüququ pozulmuşdur və buna səbəb belə bir fakt olmuşdur ki, onun Assize Məhkəməsi tərəfindən məhkum edilməsi heç bir əsas göstərilməyən “təqsirlidir” hökmünə əsaslanmışdı və ondan tam yurisdiksiyaya malik olan bir quruma şikayət vermək imkanı olmamışdı. O, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin pozulduğunu iddia etmişdir ki, həmin Maddənin də müvafiq hissəsində deyilir:
“Hər kəs ...... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, .... işinin məhkəmə tərəfindən ədalətli və açıq araşdırılması hüququna malikdir”
A. Palatanın qərarı
63. 13 yanvar 2009-cu il tarixli qərarı ilə Palata müəyyən etmişdir ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinə əsasən ərizəçinin ədalətli mühakimə hüququnun pozuntusu baş vermişdir. Palata müəyyən etmişdir ki, andlılar məhkəməsi üçün nəzərdə tutulmuş suallar elə şəkildə formalaşdırılmışdı ki, ərizəçi tərəfindən iddia edilən cinayət əməllərində iştirak tam şəkildə inkar edilsə də, onlardan hər birinə niyə görə müsbət cavab verildiyi aydın deyildi. Palata hesab etmişdi ki, aydın olmayan və ümumi suallara verilən belə lakonik cavablar ərizəçidə belə təəssürat oyada bilərdi ki, şəffaflığın olmadığı özbaşına ədalət həyata keçirilir. Onun təqsirli bilinməsi ilə bağlı Assize Məhkəməsi tərəfindən çıxarılan qərarın əsas səbəbləri barədə xülasə şəklində məlumat əldə edə bilmədiyindən o, məhkəmənin qərarını başa düşə - və buna görə də qəbul edə bilməmişdir. Palata ümumilikdə müəyyən etmişdir ki, andlılar məhkəməsi hökmü məhkəmə işinin materialları deyil, məhkəmə prosesi zamanı dinlədiyi ifadələr əsasında çıxardığı üçün, hökmü həm təqsirləndirilən şəxsə, həm də geniş ictimaiyyətə açıqlamaq məqsədilə andlılar məhkəməsi üzvlərinin təqsirləndirilən şəxslərin təqsirli və ya təqsirsiz bilinməsində əsaslandıqları səbəbləri izah etmək və suallardan hər birinə hansı səbəbdən müsbət və ya mənfi cavab verildiyini açıqlamaq zəruridir.
B. Tərəflərin təqdimatları
1. Ərizəçi
64. Ərizəçi bildirmişdir ki, onun məhkum edilməsi “təqsirlidir” hökmü əsasında həyata keçirilmişdir ki, həmin hökmdə də onun çıxarılmasına səbəb olan əsaslar göstərilməmiş və ondan hər hansı formadasa şikayət vermək mümkün olmamışdır. İş həm hüquqi məsələlər, həm də faktlar nöqteyi-nəzərindən olduqca mürəkkəb olduğuna görə, müvafiq peşə hazırlığı (hüquq təcrübəsi) olmayan on iki andlılar məhkəməsi üzvünün ona qarşı irəli sürülən ittihamların mahiyyətini hüquqi cəhətdən qiymətləndirməsi çətin olmuşdur. “Təqsirlidir” hökmündə əsaslandırma olmadığından andlılar məhkəməsi üzvlərinin hökm çıxarmaq üçün istifadə etdikləri səbəblərin hüquqi nöqteyi-nəzərdən qiymətləndirməsini həyata keçirmək mümkün olmamışdır. Sadəcə bir fakt ki, CPM-nin 364 bis bəndi nəzərdə tuturdu ki, təqsirləndirilən şəxsi məhkum edən istənilən qərar cəzanın təyin olunması üçün istifadə edilən əsasları göstərməlidir, Konvensiyanın 6-cı Maddəsi ilə nəzərdə tutulmuş əsaslandırma tələbini təmin etmək üçün yetərli deyildi.
65. Ruiz Torija İspaniyaya qarşı (Ruiz Torija v. Spain) (9 dekabr 1994, A Seriyası no. 303-A) və Papon Fransaya qarşı (Papon v. France ((dec.), no. 54210/00, ECHR 2001-XII) işlərinə istinad edən ərizəçi qeyd etmişdir ki, əsaslandırma öhdəliyi Məhkəmənin presedent hüququnda təşəkkül tapmışdır, baxmayaraq ki, Məhkəmə bunu bir sıra üsullarla ifadə etmişdir. Lakin, o, bildirmişdir ki, onun işi Maurice Paponun işi ilə müqayisə edilə bilməz, çünki həmin işdə andlılar məhkəməsinin üzvləri tərəfindən verilmiş 768 cavabda əsaslandırmanın arxasında duran səbəbləri görmək mümkün idi. Həmin cavablar Fransa Assize Məhkəməsinin onu hansı səbəbdən təqsirli bildiyinin və onu cəzaya məhkum etdiyinin açıqlanmasını təmin edir. Lakin, hazırkı işdə məhkəmə prosesi zamanı verilən suallar hər hansı bir şəkildə, işin mahiyyətinə aid deyildi; sualların sayı olduqca az idi – otuz iki sualdan yalnız dördü ərizəçiyə aid idi – və onlar yalnız onun adam öldürməkdə və ya adam öldürməyə cəhd göstərməkdə təqsirli olub-olmamasına aid idi və həmin suallara, hər hansı bir açıqlama verilmədən “bəli” cavabı verilmişdi.
66. Ərizəçinin vəsatətində assize məhkəmələrindən çıxardıqları qərarların əsaslandırılmasını tələb etmək üçün üç əsas hüquqi arqumentdən istifadə edilirdi. İlk iki arqument Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinə əsaslanırdı. Birincisi, presedent hüququ qəbul edirdi ki, əsaslandırılmış məhkəmə qərarları ədalətli mühakimənin təminatlarından bir hissəsini təşkil edir. Bu sahədə tələb olunan standartın ən ağır cəzaların təyin edilməsi ilə nəticələnən işlərdə daha aşağı olması qeyri-məntiqi olardı. İkincisi, 6-cı Maddənin 1-ci bəndi məcburi şəkildə ədliyyənin ictimai xarakterini vurğulayırdı. Üçüncü arqument 6-cı Maddənin 3(a) bəndinə əsaslanır, həmin müddəada bildirilir ki, barəsində cinayət işi üzrə ittiham irəli sürülmüş hər kəsin ona qarşı irəli sürülən ittihamların xarakteri və səbəbi barəsində təfərrüatlı məlumat əldə etmək hüququ vardır. Ərizəçi iddia etmişdir ki, həmin hüquq eyni zamanda onun məhkum edilməsinə dair hökmün əsaslandırılmasını da ehtiva edə bilər. Ədliyyə sisteminin uğursuzluqları buna bənzər olaraq səbəblərin açıqlanması fikrini dəstəkləyirdi. Məhkəmədən qərar qəbul edilməsinin səbəblərini açıqlamaq tələbi ilə bağlı faktın mənası qəbul edilən bütün emosional və subyektiv fikirlərin açıqlanması ilə bağlı məntiqi bir əsaslandırma xəttinin çəkilməsi demək idi. Nəhayət, səbəblərin daxil edilməsi işin apelyasiya və kasasiya məhkəmələri tərəfindən təhlil edilməsini mümkün etmişdi; belə bir təhlil “təqsirlidir” hökmü ilə bağlı heç bir əsaslandırmanın verilmədiyi işlərlə eyni əhatə dairəsinə malik ola bilməz.
2. Hökumət
67. Hökumət qeyd etmişdir ki, birincisi, Avropa hüquq sistemləri əhəmiyyətli dərəcədə müxtəlif olması ilə fərqlənir: bəzilərində qeyri-peşəkarların məhkəmə sistemi mövcud deyil və ya artıq mövcud deyil; digərlərində isə andlılar məhkəməsinin rolu və funksiyaları, eləcə də fəaliyyət tərzi bir-birindən fərqlənir. Bundan əlavə, Məhkəmə üçüncü və ya dördüncü instansiya qurumu deyil. Onun vəzifəsi hər hansı işlə bağlı mücərrəd qərar qəbul etmək və ya fərqli hüquq sistemlərini standartlaşdırmaq deyil, mövcud olan prosedurların Konvensiyanın 6-cı Maddəsinin tələblərinə cavab verib-vermədiyini aydınlaşdırmaqdan ibarət idi.
68. Belçikada assize məhkəmələrinin legitimliyi andlılar məhkəməsi institutu ilə təmin edilib. Andlı məhkəmə üzvləri xalğı təmsil edir və beləliklə də özləri institusional legitimlikdən istifadə edirdilər. Andlılar məhkəməsinin tərkibi özbaşına ədliyyə əleyhinə istifadə edilən əsas təminat idi.
69. Aşkar səbəblərin olmaması, “təqsirlidir” hökmünün cinayət əməlinin törədilməsində iştirak etdiyi iddia olunan şəxslərin izləmək və təsəvvür etmək iqtidarında olduğu əsaslandırma prosesinin nəticəsində çıxarılmadığına dəlalət etmirdi. Bundan əlavə, Məhkəmə heç vaxt assize məhkəməsi qərarlarında əsaslandırmanın olmamasının Konvensiyanın 6-cı maddəsinə əsasən mücərrəd məsələ qaldırdığını müəyyən etməmişdir. Göktəpə Belçkaya qarşı (Göktepe v. Belgium (no. 50372/99, 2 iyun 2005) işində Məhkəmə hər bir təqsirləndirilən şəxslə bağlı ağırlaşdırıcı şərtlərə aid ayrıca sualların verilməsinin zəruri olduğunu müəyyən etsə də, o, Assize Məhkəməsinin fəaliyyətinə və ya Belçika qanunvericiliyinə əsasən fəaliyyət göstərən həmin məhkəmələrin tərkibində andlılar məhkəmələri tərəfindən çıxarılan hökmlərdə əsaslandırmanın olmamasına qarşı etiraz etməmişdir.
70. Belçika assize məhkəmələrində icraatın həyata keçirilməsi təmin etmişdir ki, hər bir təqsirləndirilən şəxs barədə ifadələrin həqiqiliyi və qanuniliyi ilə bağlı əsaslandırılmış qərar çıxarılsın və həmin qərarın əsasında hansı ifadənin həlledici rol oynadığını və uyğun olan yerlərdə, andlılar məhkəməsinin hökm çıxararkən müdafiə tərəfinin hansı arqumentlərini nəzərə aldığını müəyyən etmək mümkün olsun. Hazırkı işdə şifahi dinləmənin sonunda Liège Assize Məhkəməsinin sədri tərəfindən ərizəçinin təqsirli olub-olmadığına dair formalaşdırılmış suallar məhkəmə tərəfindən qəbul edilən qərarı əsaslandırmaq üçün kifayət qədər dəqiq və aydın idi. Cinayət əməllərinin tərkibi və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar, eləcə də ağırlaşdırıcı şərtlər aydın şəkildə ifadə edilmişdi. Ərizəçinin ittihamnaməyə əldə etmək və uzun müddət sürən şifahi dinləmələrdə iştirak etmək imkanı var idi ki, həmin dinləmələr zamanı verilən ifadələr müzakirə olunurdu. Buna görə də onun məhkum edilməsi ilə bağlı səbəblərdən xəbərsiz olmasını iddia etməsi əbəs idi. Andlı məhkəmə üzvlərinin hökmü öz mülahizələrinə və şəxsi inamları əsasında çıxarması kimi sadə bir fakt özü-özlüyündə 6-cı maddənin pozuntusuna dəlalət etmirdi.
3. Üçüncü tərəf təqdimatları
(a) Birləşmiş Krallıq Hökuməti
71. Birləşmiş Krallıq Hökuməti bildirmişdir ki, Məhkəmənin presedent hüququndan, xüsusilə Saric Danimarkaya qarşı işindən (Saric v. Denmark ((dec.), no. 31913/96, 2 fevral 1999) aydındır ki, andlılar məhkəməsinin fəaliyyəti Konvensiyaya zidd olaraq qiymətləndirilə bilməz. Məhkəmənin üzərində hər bir qərarla bağlı əsaslandırma gətirməklə bağlı mütləq bir öhdəlik yox idi və Məhkəmənin yanaşması kifayət qədər çevik idi ki, andlılar məhkəməsinin müxtəlif xüsusiyyətlərinə uyğunlaşsın.
72. Təqsirləndirilən şəxsin ədalətli mühakimə hüququna güzəştə getməyə heç vaxt yol verilməsə də, buna Müqavilə Tərəfi olan Dövlətlərin cinayət sistemlərində müxtəlif üsullarla nail oluna bilər. Dövlətlərə ədalət mühakiməsi hüququ ilə bağlı təminatları bərqərar etmək üçün tələb olunan məhkəmə prosedurlarını müəyyən etməkdə mülahizə sərbəstliyi verilməlidir. Andlılar məhkəməsi üçün nəzərdə tutulmuş sual və cavablar təcrid olunmuş şəkildə deyil, bütövlükdə məhkəmə prosesi kontekstində, prosedur təminatları və şikayət vermə imkanları nəzərə alınmaqla təhlil edilməlidir.
73. Əhəmiyyətli sual ondan ibarət idi ki, bütövlükdə məhkəmə prosesi diqqətə alınmaqla, təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlardan, təqsirləndirildiyi əməlin cinayət tərkibindən və məhkum edilməsinin arxasında duran əsaslardan xəbərdar olubmu ya yox.
74. Birləşmiş Krallıq Hökuməti bildirmişdir ki, Britaniya andlılar məhkəməsi sistemində ifadələrlə bağlı nəticələr çıxarılarkən hakim iş ilə bağlı andlı məhkəmə üzvlərinə qısa məlumat verir. O, onlara dinlədikləri ifadələri xatırladır. Bunu etməklə o, müəyyən ifadələrlə bağlı düzgün yanaşmaya dair istiqamətləndirmə verir və ya bəzi ifadələrlə bağlı ehtiyatlı olmağı məsləhət görür. O, eyni zamanda andlılar məhkəməsi üzvlərinə hüquqi qaydalarla bağlı məlumat və izahatlar verir. Həmin məsələ ilə bağlı o, cinayətin tərkib hissəsini təşkil edən elementləri aydınlaşdırır və andlılar məhkəməsinin üzvləri tərəfindən faktların qiymətləndirilməsi yolu ilə hökmün çıxarılması üçün tələb olunan əsaslandırma zəncirini müəyyən edir. Həm ittiham, həm də müdafiə tərəfi onların fikrincə andlılar məhkəməsinin çıxarmalı olduğu nəticələrlə bağlı təqdimatlar edə bilərlər.
75. Andlılar məhkəməsi gizli məsləhətləşmə keçirir. Əgər onların hər hansı məsələ ilə bağlı əlavə izahat və ya təlimata ehtiyacı olarsa, onlar hakimə yazılı məlumat təqdim edərək onları maraqlandıran sualları verə bilərlər. Hakim həmin yazılı qeydi ittiham və müdafiə tərəfinin vəkilinə andlılar məhkəməsi üzvləri olmadan göstərir və onları uyğun cavablarla bağlı təqdimatlar etməyə dəvət edir; daha sonra o, sərbəst şəkildə andlılar məhkəməsinin üzvlərinə açıq məhkəmədə xahiş edilmiş əlavə istiqamət verilməsinin zəruri olub-olmadığı barəsində qərar qəbul edir.
(b) İrlandiya Hökuməti
76. İrlandiya Hökumətinin təqdimatında bildirilirdi ki, İrlandiyada təqsirləndirilən şəxslərin və hüquq müdafiəçilərinin ixtiyarında olan yeganə sistem andlılar məhkəməsidir və həmin sistem ölkənin hüquq sisteminin təməl daşını təşkil edir. Bu sistemlə bağlı şəffaflığın az olması və ya təqsirləndirilən şəxslərin hüquqlarının pozulduğuna dair heç bir zaman şikayət edilməyib. Sistem İrlandiya xalqının etibarına səbəb olmuş və xalq bu sistemə tarixi və digər səbəblərdən olduqca bağlıdır.
77. İrlandiya Hökuməti müşahidə etmişdir ki, İrlandiya qanunvericiliyində hakimlər tərəfindən andlı məhkəmə üzvlərinə verilən istiqamət onlar tərəfindən çıxarılan hökmün əsasını təşkil edir. Hakim andlı məhkəmə üzvlərinə qaldırılan hər bir hüquqi məsələ ilə bağlı istiqamət verir və hökm çıxarmaq üçün apardıqları müzakirələr zamanı əməl etməli olduqları qaydaları onlara izah edir. Məhkəmə prosesinin sonunda o, həmçinin ifadələri andlılar məhkəməsi üzvləri üçün qısa şəkildə təkrarlayır və ya onların diqqətini əhəmiyyət kəsb edən ifadələrə yönəldir. O, həmin üzvlərə ifadə və sübutların təqsirləndirilən şəxsin təqsirini sübuta yetirmək üçün kifayət qədər sübut təmin etməsini, hər hansı xüsusi sübutun şəraitlə bağlı və ya birbaşa xarakterini və təqdim edilən sübut və ifadələrin əhatə dairəsini izah edir. Əgər andlılar məhkəməsi üzvlərinə verilən istiqamətləndirmənin qeyri-adekvat, yetərsiz və ya qeyri-aydın olduğu düşünülərsə, təqsirləndirilən şəxsin vəkili hakimdən həmin istiqamətlərlə bağlı aydınlaşdırma aparmağı xahiş edə bilər. Əgər andlılar məhkəməsi üzvləri əlavə izahat və ya təlimat tələb edərlərsə, onlar hakimdən lazımi şəkildə hərəkət etməyi xahiş edə bilərlər.
78. İrlandiya Hökuməti əsrlər boyunca və Konvensiyadan çox-çox əvvəl fəaliyyət göstərən bir sistemin indi 6-cı Maddənin 1-ci bəndinin pozuntusuna necə səbəb ola bildiyi ilə maraqlanıb. Palata tərəfindən qəbul edilən qərar bütövlükdə assize məhkəməsi prosedurunu və Belçikada və digər ölkələrdə mövcud olan təminatları yetərli dərəcədə diqqətə almamışdır. Məhkəmə təhlil etməli idi ki, prosedur qaydalarına və ya sübutlar haqqında qaydalara edilən istənilən dəyişiklik qərarın dərk edilməsinə kömək edə bilərdi ya yox. Qreqori Birləşmiş Krallığa qarşı işində (Gregory v. the United Kingdom qərar ) (25fevral 1997-ci il, Qərarlar üzrə hesabatlar (Reports of Judgments and Decisions 1997–I) Məhkəmə qəbul etmişdir ki, andlılar məhkəməsinin gizli müşavirə keçirməsi İngilis məhkəmə qanunuun mühüm və legitim xüsusiyyətidir və onun məqsədi andlılar məhkəməsi üzvlərinin rolunu, faktlarla bağlı qərar çıxaran sonuncu arbitr kimi gücləndirməkdən ibarətdir; müzakirələrin gizli keçirilməsi üzvlərin həmin müzakirələrdə açıq və səmimi məsləhətləşmələr keçirməsi üçün şərait yaradır.
79. İrlandiya Hökuməti bildirmişdir ki, andlılar məhkəməsi üzvlərinin müzakirələrinin məxfiliyi əsasların olmaması ilə iç-içə mövcud olmuşdur. Andlılar məhkəməsi üzvlərindən qəbul etdikləri qərarı əsaslandırmağı tələb etmək İrlandiyada fəaliyyət göstərən andlılar məhkəməsi sisteminin məğzini və mahiyyətini dəyişə bilər.
(c) Fransa Hökuməti
80. Fransa Hökumətinin təqdimatında bildirilmişdir ki, pozitiv qanun qeyri-peşəkarlardan ibarət andlılar məhkəməsi üzvlərindən təşkil olunan cinayət məhkəmələri tərəfindən qəbul edilən qərarların əsasında duran səbəblərin açıqlanmasını tələb etmir və həmin məhkəmələrin fəaliyyət göstərdiyi gündən etibarən belə açıqlama heç bir vaxt verilməyib. Assize məhkəməsi prosedurunun mühüm özəllikləri üç əsas prinsipdə cəmləşib: şifahi və kəsintisiz dinləmənin keçirilməsi, və şəxsi inam qaydası. Mühakimə prosesində vətəndaşların birbaşa iştirakından irəli gələn həmin xüsusiyyətlər hər zaman assize məhkəmələri tərəfindən qəbul edilən qərarların əsaslandırılmasının qarşısını alıb. Heç bir əsasın göstərilməməsi prinsipi birmənalı şəkildə Cinayət Prosessual Məcəlləsinin 353-cü Maddəsində şərh edilmişdir və orada həmin prinsip aydın şəkildə ifadə olunmuş şəxsi inam prinsipi ilə əlaqələndirilmişdir: andlılar məhkəməsinin qərarı hüquqi standartlar və ya qaydalar tərəfindən diktə olunmamalı, apardıqları təhlil nəticəsində öz “şüurları” və “məntiqli düşüncələri”, eləcə də iştirak etdikləri çəkişmə prinsipli məhkəmədə dinlədikləri ifadələr əsasında formalaşdırılmalıdır. Fransa Kasasiya Məhkəməsi belə bir fikir ifadə etmişdir ki, assize məhkəməsi qərarının hüquqi cəhətdən “qəbuledilən” əsaslandırması andlılar məhkəməsinə verilən suallara verilən cavablar və yalnız “bəli” və ya “xeyr” sözlərindən ibarət ola bilər. Əsaslandırmanı daxil etməmə prinsipini bir qədər zəiflətmək təklif edilsə də, Fransa Parlamenti heç bir zaman onları qəbul etməyib.
81. Avropa Şurasına üzv olan Dövlətlərdən biri və ya bir neçəsi andlılar məhkəməsi tərəfindən qəbul edilən qərarların əsaslandırılması sistemini tətbiq etsələr də, həmin arqumentdən Məhkəmənin presedent hüququndan uzaqlaşmaq və Konvensiyanın pozuntusunu aşkar etmək üçün istifadə edilə bilməz. Mühakimə prosesində qeyri-peşəkarların iştirakı ilə bağlı hüquq sistemləri arasındakı müstəsna fərqlər qərarlara əsaslandırmanın daxil edilməsi məsələsi ilə bağlı ümumi qiymətləndirmənin qarşısını almışdır. Hər hansı ölkədə islahat keçirilməsi ilə bağlı sadə bir fakt onun həmin ölkədə yekdil dəstəyə malik olmasına dəlalət etmir. Bundan əlavə, bir sistemdə qəbul edilmiş yanaşmanın digərinə keçirilməsi mümkün olmaya bilər.
82. Fransa Hökuməti daha sonra iddia etmişdir ki, Məhkəmə öz səlahiyyətini Tərəf Dövlətlərin milli qanunvericiliyinin uyğunlaşdırılmasına tətbiq etməməlidir; bunu etməklə hüquqi sistemləri ayırmaq və Məhkəmənin öz qərarlarına və üzv Dövlətlərdəki normal demokratik proseslərə kölgə salmaq mümkündür. Böyük bir risk mövcuddur ki, Məhkəmənin təşəkkül tapmış presedent hüququndan kənarlaşmaq sadəcə Məhkəmənin qərarlarını deyil, insan hüquqları konsepsiyasının məğzini də nüfuzdan sala bilər. Milli qanunvericilikdə baş verən dəyişikliklərin Konvensiyaya uyğunluğunu təmin etmək Məhkəmənin vəzifəsidir, lakin Məhkəmə ayrı-ayrı Dövlətlərin tarixi və mədəni keçmişində kök salmış hüquqi sistemlərin dəyişdirilməsndə demokratik prosesləri əvəz etməyə çalışarkən bunu son dərəcə ehtiyatla və yüksək mötədillik hissi ilə etməlidirlər, xüsusilə əgər əvvəllər Məhkəmə həmin sistemlərin Konvensiyaya uyğunluğuna dair qərarlar çıxarıbsa. Məhkəmənin İkinci Bölməsi tərəfindən presedent hüququndan kənarlaşma sadəcə Belçikada deyil, Fransada da məhkəmələrin normal fəaliyyətinə mənfi təsir göstərib. Hal hazırda assize məhkəmələrinin icraatında olan işlərin yenidən açılması riskinin gətirəcəyi mühüm təşkilatı və hər şeydən əvvəl, insani nəticələri istisna etmək olmaz.
C. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
83. Məhkəmə qeyd edir ki, Avropa Şurasına üzv olan Dövlətlərdən bir neçəsi qeyri-peşəkarlardan ibarət andlılar məhkəməsinin mövcud olduğu hüquq sistemlərinə malikdirlər ki, həmin sistemlər də vətəndaşları, xüsusilə ən ağır cinayətlərlə bağlı ədalətin idarə olunması prosesinə cəlb etmək kimi legitim bir arzu əsasında yaradılıb. Müxtəlif ölkələrdə andlılar məhkəmələri ən müxtəlif formalarda fəaliyyət göstərir və hər bir Dövlətin tarixini, ənənələrini və hüquq mədəniyyətini əks etdirir; fərqlər özünü andlılar məhkəməsi üzvlərinin sayında, onlardan tələb olunan göstəricilər, onların təyin edilməsi qaydası və onlar tərəfindən qəbul edilmiş qərarlardan şikayət vermənin mümkün olub-olmamasında büruzə verə bilər (bax yuxarıda 43-60-cı bəndlər). Bu Avropada mövcud olan hüquq sistemlərinə dair misallardan yalnız biridir və həmin sistemləri standartlaşdırmaq Məhkəmənin vəzifəsi deyildir. Dövlət tərəfindən müəyyən cinayət hüququ sisteminin seçilməsi prinsip etibarı ilə Məhkəmə tərəfindən Avropa səviyyəsində həyata keçirilən nəzarətin əhatə dairəsindən kənarda qalır, bu şərtlə ki, seçilmiş sistem Konvensiyada təsbit edilmiş prinsiplərə ziddiyyət təşkil etməsin (bax Akur Fransaya qarşı (Achour v. France [GC], no. 67335/01, § 51, ECHR 2006-IV)). Bundan əlavə, fərdi ərizələrlə bağlı işlərdə Məhkəmənin vəzifəsi müvafiq qanunvericiliyi mücərrəd şəkildə təhlil etməkdən ibarət deyildir. Əvəzində, Məhkəmə özünü onun qarşısında qaldırılmış məsələlərin araşdırılmasına həsr etməlidir (bax, digər bir çox səlahiyyətlər arasında, N.C. İtaliyaya qarşı (N.C. v. Italy [GC], no. 24952/94, § 56, ECHR 2002‑X)).
84. Buna müvafiq olaraq, qeyri-peşəkarlardan ibarət andlılar məhkəməsi institutu bu kontekstdə mübahisələndirilə bilməz. Müqavilə Tərəfləri onlar tərəfindən yaradılan məhkəmə sistemlərinin 6-cı Maddənin tələblərinə cavab verməsini təmin etmək sahəsində seçilən tədbirlərlə bağlı əhəmiyyətli seçim sərbəstliyinə malikdirlər. Məhkəmənin vəzifəsi həmin məqsədlə istifadə olunan metodların bu və ya digər halda Konvensiyaya uyğun olan nəticələr əldə edilməsinə gətirib çıxarıb-cıxarmadığını nəzərdən keçirməkdən ibarətdir, bu zaman Məhkəmə işin spesifik xüsusiyyətlərini, xarakterini və nə dərəcədə mürəkkəb olduğunu nəzərə almalıdır. Qısacası, o, prosesin bütövlükdə ədalətli olub-olmadığını müəyyən etməlidir (bax Edvards Birləşmiş Krallığa qarşı (Edwards v. the United Kingdom, 16 dekabr 1992, § 34, A Seriyası no. 247‑B, və Stanford Birləşmiş Krallığa qarşı (Stanford v. the United Kingdom, 23 fevral 1994, § 24, A Seriyası no. 282‑A)).
85. Məhkəmə müşahidə edir ki, o, artıq assize məhkəmələrindəki prosedurla bağlı ərizəni araşdırıb. Belə ki, R. Belçikaya qarşı işində (R. v. Belgium (no. 15957/90, Komissiyanın 30 mart 1992-ci il tarixli qərarı, Qərarlar və hesabatlar (Decisions and Reports) (DR) 72)) Avropa İnsan Hüquqları Komissiyası müəyyən etmişdir ki, andlılar tərəfindən verilmiş “təqsirlidir” qərarı ilə bağlı heç bir əsas göstərilməsə də, ən azından Assize Məhkəməsinin Sədri andlı məhkəmə üzvlərinə əvvəlcədən işin faktlarına dair suallar vermiş və təqsirləndirilən şəxsin həmin sualları mübahisələndirmək imkanı olmuşdur. Komissiya hesab etmişdir ki, həmin dəqiq suallar (onlardan bəziləri ittiham və ya müdafiə tərəfinin tələbi əsasında verilə bilərdi) sözügedən qərarın əsasını təşkil edirdi və andlı məhkəmə üzvləri tərəfindən verilmiş cavabların lakonikliyini kifayət qədər kompensasiya edirdi. Komissiya həmin şikayəti aşkar şəkildə əsassız olduğuna görə rədd etmişdi. O, Zaruali Belçikaya qarşı (Zarouali v. Belgium (no. 20664/92, Komissiyanın qərarı 29 iyun 1994-cü il tarixli qərarı, DR 78) və Planka Avstriyaya qarşı ( Planka v. Austria (no. 25852/94, Komissiyanın 15 may 1996-cı il tarixli qərarı) işlərində də eyni yanaşma nümayiş etdirib.
86. Papon Fransaya qarşı işində qəbul edilmiş qərarda (Papon v. France) (yuxarıda sitat gətirilib) Məhkəmə müəyyən etmişdir ki, ittiham tərəfi və təqsirləndirilən şəxsin andlılar məhkəməsi üzvlərinə verilmiş sualları mübahisələndirmək və Sədrlik edən hakimdən andlılara bir və ya daha çox sual verməyi xahiş etmək imkanı olmuşdur. Andlılar Məhkəməsi üzvlərinin Assize Məhkəməsinin Sədri tərəfindən verilmiş 768 suala cavab verməli olduğunu nəzərə alaraq, Məhkəmə hesab etmişdir ki, həmin suallar qərarın üzərində formalaşdığı əsası təşkil etmişdi və onların dəqiqliyi andlılar məhkəməsi tərəfindən qəbul edilmiş qərarda heç bir əsasın göstərilmədiyini əvəz edir. Məhkəmə Assize Məhkəməsinin qərarında kifayət qədər əsaslandırmanın olmadığına dair şikayəti aşkar şəkildə əsassız olduğuna görə rədd etmişdir.
87. Bellerin Lagarez İspaniyaya qarşı işində (Bellerín Lagares v. Spain ((dec.), no. 31548/02, 4 noyabr 2003) Məhkəmə müəyyən etmişdir ki, mübahisələndirilən qərarda (andlılar məhkəməsi üzvlərinin keçirdiyi müzakirələrin yazısı ona əlavə edilmişdi) faktların siyahısı var idi ki, həmin faktları andlılar məhkəməsi üzvləri təqsirləndirilən şəxsin təqsiri ilə bağlı müəyyən etməli idilər; bundan əlavə qərarda həmin faktlarla bağlı hüquqi təhlil və cəzanı təyin etmək məqsədilə, nəzərdən keçirilən işdə ərizəçinin məsuliyyət dərəcəsinə təsir edə biləcək hallara istinad da yer almışdı. Buna görə də Məhkəmə müəyyən etmişdi ki, sözügedən qərarda Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırıcı səbəblər var idi.
88. Göktepe Belçikaya qarşı işində (Göktepe v. Belgium (yuxarıda sitat gətirilib, § 28) Məhkəmə 6-cı maddənin pozuntusunu aşkar etmişdi, belə ki, Assize Məhkəməsi hər bir təqsirləndirilən şəxslə bağlı ağırlaşdırıcı şərtlərə dair ayrıca suallar verməkdən imtina etmişdi, bununla da andlı məhkəmə üzvlərinin ərizəçinin fərdi cinayət məsuliyyətini müəyyən etməsinə şərait yaratmamışdı. Məhkəmənin nöqteyi-nəzərincə, məhkəmə tərəfindən belə ciddi nəticələrə gətirib çıxara biləcək həyati məsələ ilə bağlı arqumentlərin nəzərə alınmaması faktı ədalətli mühakimə prinsipinin mərkəzində dayanan çəkişmə prinsipinə ziddiyyət təşkil edirdi. Həmin nəticə sözügedən işdə xüsusilə inandırıcı idi, belə ki, andlı məhkəmə üzvlərinə çıxardıqları hökmü əsaslandırmaq imkanı verilməmişdi (yenə də orada, § 29).
89. Saric Danimarkaya qarşı işində (Saric v. Denmark) qəbul edilmiş qərarda (yuxarıda sitat gətirilib) Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin qeyri-peşəkar andlı məhkəmə üzvləri tərəfindən təqsirli bilinməsi faktını nəzərə alaraq, qərarda əsaslandırmanın olmaması özü-özlüyündə Konvensiyanın 6-cı Maddəsinə ziddiyyət təşkil etmir.
90. Yuxarıda sitat gətirilmiş presedent hüququndan məlum olur ki, Konvensiya andlı məhkəmə üzvlərindən çıxardıqları qərarı əsaslandırmağı tələb etmir və 6-cı Maddə, hətta hökmdə əsaslandırma yer almadıqda belə, təqsirləndirilən şəxsin andlılar məhkəməsi tərəfindən mühakimə edilməsinə qarşı çıxmır. Lakin, ədalətli mühakimə tələblərinə əməl edilməli, təqsirləndirilən şəxs və əlbəttə ki, ictimaiyyət çıxarılan hökmü başa düşmək iqtidarında olmalıdırlar; bu, özbaşınalığa qarşı əhəmiyyətli təminatdır. Məhkəmənin əksər hallarda qeyd etdiyi kimi, qanunun aliliyi və özbaşına səlahiyyətlərə yol verilməməsi Konvensiyanın əsasını təşkil edən prinsiplərdir (bax, digər səlahiyyətlər arasında, mutatis mutandis, Roşe Birləşmiş Krallığa qarşı (Roche v. the United Kingdom [GC], no. 32555/96, § 116, ECHR 2005-X). Məhkəmə sahəsində həmin prinsiplər geniş əhalini demokratik cəmiyyətin əsasını təşkil edən ədliyyə sisteminin obyektiv və şəffaf olduğuna inandırmağa xidmət edir (bax Suominen Finlandiyaya qarşı (Suominen v. Finland, no. 37801/97, § 37, 1 iyul 2003, və Tatişvili Rusiyaya qarşı (Tatishvili v. Russia, no. 1509/02, § 58, ECHR 2007-III)).
91. Peşəkar hakimlər qarşısında həyata keçirilən məhkəmə proseslərində təqsirləndirilən şəxsin öz məhkumluğunu dərk etməsi əsasən məhkəmə qərarında göstərilmiş səbəb və əsaslandırmadan irəli gəlir. Belə hallarda, milli məhkəmələr öz qərarlarını əsaslandırmaq üçün istifadə etdikləri səbəbləri aydın şəkildə göstərməlidirlər (bax Hacianastasau Yunanıstana qarşı ( Hadjianastassiou v. Greece, no. 12945/87, 16 dekabr 1992, § 33, A Seriyası no. 252). Əsaslandırılmış qərarlar eyni zamanda tərəflərə onların dinləndiklərini göstərmək və bununla da onlar tərəfindən qərarın daha həvəslə qəbul edilməsinə töhfə vermək məqsədinə xidmət verir. Bundan əlavə, onlar hakimləri öz qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa vadar edir və eyni zamanda müdafiə tərəfinin hüquqlarını qoruyur. Lakin, qərarın təbiətindən asılı olaraq əsaslandırma təmin etmək öhdəliyinin miqyası dəyişə bilər və həmin öhdəlik işin hallarından asılı olaraq müəyyən edilməlidir (bax Ruiz Torija, yuxarıda sitat gətirilib, § 29). Məhkəmələr irəli sürülən hər bir arqumentə ətraflı cavab vermək öhdəliyi daşımasa da (bax Van de Hurk Niderlanda qarşı (Van de Hurk v. the Netherlands, 19 aprel 1994, § 61, A Seriyası no. 288), qərarlarda işlə bağlı ən mühüm məsələlərin ünvanlandığı aydın olmalıdır ki (bax Boldea Rumıniyaya qarşı (Boldea v. Romania, no. 19997/02, § 30, ECHR 2007-II)).
92. Qeyri-peşəkar andlı məhkəmə üzvləri ilə fəaliyyət göstərən assize məhkəmələrinəgəldikdə, andlı məhkəmə üzvlərindən şəxsi inamlarını əsaslandırmanın tələb edilmədiyi və ya bunu etməyə onlara icazə verilmədiyinə görə tələb olunan bütün xüsusi prosedur xüsusiyyətlər təmin edilməlidir (bax yuxarıda 85-89-cu bəndlər). Bu şərtlər daxilində 6-cı Maddə hər hansı özbaşınalığa yol verməmək üçün yetərli təminatların tətbiq edilib-edilmədiyinin qiymətləndirilməsini tələb edir ki, təqsirləndirilən şəxs məhkum edilmə səbəblərini aydın şəkildə başa düşə bilsin (bax yuxarıda 90-cı bənd). Belə prosedur təminatları arasına, məsələn, məhkəmədə sədrlik edən hakim tərəfindən andlı məhkəmə üzvlərinə meydana gələn hüquqi məsələlər və ya dinlənilmiş ifadələrlə bağlı istiqamətləndirmə və ya təlimatların verilməsi (bax yuxarıda 43 və daha sonrakı (et seq.) bəndləri), və hakim tərəfindən andlı məhkəmə üzvlərinə dəqiq, birmənalı və çıxarılacaq hökmün əsaslandığı bazanı təşkil edəcək və ya həmin hökmdə əsasların göstərilməməsini yetərli şəkildə kompensasiya edəcək sualların verilməsi daxil edilə bilər (bax Papon, yuxarıda sitat gətirilib). Nəhayət, təqsirləndirilən şəxsin qərardan şikayət vermə imkanları da nəzərə alınmalıdır.
2. Yuxarıda göstərilən prinsiplərin hazırkı işə tətbiqi
93. Hazırkı işdə qeyd olunmalıdır ki, Məhkəməyə təqdimatlarında ərizəçi şikayət etmişdir ki, onun təqsirli bilinməsi ilə nəticələnən hökmdə heç bir əsaslandırma göstərilməmiş və Assize Məhkəməsinin qərarından şikayət vermək mexanizmi olmamışdır. Təkrarlandığı kimi (bax yuxarıda 87-ci bənd), qeyri-peşəkar andlılar məhkəməsi tərəfindən çıxarılmış əsaslandırılmış hökmün olmaması özü-özlüyündə ərizəçinin ədalətli mühakimə hüququnu pozmamışdır. Ədalətli mühakimə hüququ tələblərinə uyğunluq bütövlükdə məhkəmə prosesi kontekstində və sözügedən hüquq sisteminin spesifik şərtləri daxilində qiymətləndirilməlidir; bunu nəzərə alaraq, Məhkəmənin vəzifəsi ondan ibarətdir ki, əsaslandırılmış hökmün olmadığı yerdə, işin halları çərçivəsində özbaşınalığa qarşı və təqsirləndirilən şəxsin hansı səbəbdən məhkum edildiyini başa düşməsi üçün yetərli təminatların mövcud olub-olmadığını qiymətləndirsin. Bunu etməklə, o, yadda saxlamalıdır ki, ən ağır cəzalar təyin edilərkən demokratik cəmiyyətlər tərəfindən ədalət mühakiməsinin prinsiplərinə ən yüksək səviyyədə əməl edilməlidir (bax Salduz Türkiyəyə qarşı (Salduz v. Turkey [GC], no. 36391/02, § 54, ECHR 2008-...)).
94. Hazırkı işdə, ərizəçiyə qarşı Fəxri Nazirin öldürülməsi və onun partnyorunu öldürməyə cəhd edilməsi ilə bağlı ittiham irəli sürülmüşdü. Lakin, nə ittihamnamədə, nə də andlılar məhkəməsi üzvlərinə verilən suallarda ərizəçinin təqsirləndirildiyi cinayət əməlinin törədilməsində iştirakı ilə bağlı kifayət qədər məlumat yox idi.
95. Birincisi, Əsas Dövlət İttihamçısı tərəfindən tərtib edilmiş ittihamnaməyə gəldikdə, Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub ki, burada ittihamın əsasını təşkil edən cinayət əməlinin xarakteri və cəzanın artırılmasına və ya azaldılmasına səbəb ola biləcək istənilən hallar göstərilməli, və ittihamnamə məhkəmə prosesinin əvvəlində ucadan oxunmalıdır (bax yuxarıda 26-cı bənd). Qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs ittihamnaməni müdafiə məqsədi ilə ifadə verməklə mübahisələndirə bilər, lakin təcrübədə həmin ifadənin yalnız məhdud effekti olur, belə ki, o, məhkəmə prosesinin əvvəlində, andlı məhkəmə üzvlərini şəxsən inandırmağa xidmət edən məhkəmə prosesinin keçirilməsindən əvvəl təqdim olunur. Buna görə də belə ifadənin təqsirləndirilən şəxsə onun andlılar məhkəməsi üzvləri tərəfindən niyə təqsirli bilinməsini başa düşməsi nöqteyi-nəzərindən dəyəri məhduddur. Hazırkı işdə 12 avqust 2003-cü il tarixli ittihamnamənin təhlili göstərir ki, burada təfərrüatlı şəkildə polis və müstəntiqlər tərəfindən aparılmış istintaq məlumatları və təqsirləndirilən şəxslər tərəfindən verilmiş bir sıra ziddiyyətli ifadələr yer almışdır. Orada ərizəçinin ittiham edildiyi hər bir cinayət əməli ilə bağlı məlumat olsa da, ittiham tərəfindən sübutların və ifadələrin məhz hansı məqamlarından ona qarşı istifadə edildiyi qeyd edilməyib.
96. Bundan əlavə, hökmü çıxara bilmək üçün andlılar məhkəməsi üzvləri Assize Məhkəməsinin Sədri tərəfindən verilən otuz iki suala cavab verməli idilər. Məhkəmədə digər yeddi təqsirləndirilən şəxslə birlikdə iştirak edən ərizəçiyə həmin suallardan yalnız dördünün aidiyyatı var idi və həmin suallara andlı məhkəmə üzvləri müsbət cavab vermişdilər (bax yuxarıda 15-ci bənd). Qısa şəkildə formalaşdırılmış suallar bütün təqsirləndirilən şəxslərlə bağlı eyni idi və hər hansı dəqiq və spesifik xüsusiyyətlərə dəlalət etmirdi ki, ərizəçi hansı səbəbdən təqsirli bilindiyini başa düşə bilsin. Bu baxımdan, hazırkı iş Papon işindən fərqlənir (yuxarıda sitat gətirilib), həmin işdə Assize Məhkəməsi məhkəmənin sədri tərəfindən andlı məhkəmə üzvlərinə verilən 768 suala verilən cavablara, müəyyən edilməli olan faktların siyahısına və tətbiq edilən Cinayət Məcəlləsi müddəalarına istinad edirdi (bax yuxarıda 86-cı bənd).
97. Belə görünür ki, hətta ittihamnamə ilə birlikdə götürüldükdə hazırkı işdə verilən suallar ərizəçinin məhkəmədə səsləndirilən hansı ifadələr və faktiki hallar əsasında andlılar məhkəməsi üzvlərinin onun barəsində verilən suallara müsbət cavab verdiyini başa düşməsinə şərait yaratmayıb. Bununla da, ərizəçi məsələn, müxtəlif təqsirləndirilən şəxslər arasında onların cinayət əməllərinin törədilməsində nə dərəcədə iştirak etdiklərinə dair aydın fərq qoya bilməyib; digər təqsirləndirilən şəxslərlə müqayisədə andlılar tərəfindən onun bu dəqiq rolu ilə bağlı formalaşdırılmış fikri başa düşə bilməyib; əməlin cinayət əməli (meurtre) deyil, əvvəlcədən planlaşdırılmış adam öldürmə (qətl) (assassinat) kimi təsnifatlandırılmasını başa düşə bilməyib; andlılar məhkəməsi üzvlərinin hansı səbəbdən təqsirləndirilən şəxslərdən ikisinin cinayət əməlinin törədilməsində iştirakının məhdud olduğu qənaətinə gəldiyini, bununla da onların daha az cəza aldığını başa düşə bilməyib; və ya A.C.-nin partnyorunun öldürülməsi ilə bağlı ona qarşı ağırlaşdırıcı şərt olaraq cinayətin əvvəlcədən planlaşdırıldığının hansı səbəbdən tətbiq olunduğunu ayırd edə bilməyib. Bu nöqsan daha çox problemli idi, belə ki, iş həm mahiyyət və həm də hüquqi məsələlər etibarı ilə olduqca mürəkkəb idi və məhkəmə iki aydan artıq, 2003-cü ilin oktyabrın ayının 17-dən 2004-cü ilin yanvarın 7-dək davam etmişdi və bu müddət ərzində bir çox şahidlər və ekspertlər ifadə vermişdi.
98. Bu baxımdan, vurğulamaq lazımdır ki, andlı məhkəmə üzvlərinə dəqiq sualların verilməsi ərizəçinin ona qarşı çıxarılmış “təqsirlidir” hökmünü başa düşməsi nöqteyi-nəzərindən mövcud olan tələbin ayrılmaz hissəsi idi. Bundan əlavə, bu cinayət işi üzrə bir çox təqsirləndirilən şəxs olduğuna görə sualların mümkün olduğu qədər hər bir təqsirləndirilən şəxsə aid olaraq verilməsi vacib idi.
99. Nəhayət, qeyd edilməlidir ki, Belçika sistemində Assize Məhkəməsi qərarlarından adi qaydada şikayət vermək üçün heç bir mexanizm nəzərdə tutulmayıb. Kasasiya Məhkəməsinə apelyasiya şikayəti yalnız hüquqi məsələlərlə bağlı verilə bilər və buna müvafiq olaraq da, təqsirləndirilən şəxsi hansı səbəblərdən və ya əsaslara görə məhkum edildiyinə dair açıqlama ilə təmin etmir. CPM-nin 352-ci Maddəsinə gəldikdə (həmin Maddədə nəzərdə tutulub ki, əgər andlı məhkəmə üzvləri substantiv səhvə yol verərlərsə, Assize Məhkəməsi prosesi dayandırmalı və işi yeni andlı məhkəmə üzvləri təyin edilənə qədər təxirə salmalıdır), Hökumətin qeyd etdiyi kimi, həmin müddəa yalnız nadir hallarda tətbiq edilir.
100. Nəticədə, ərizəçinin hansı əsaslarla məhkum edildiyini başa düşə bilməsi üçün yetərli təminatlar yaradılmamışdı. Məhkəmə prosesi ədalətli olmadığına görə, nəticə etibarı ilə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
III. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
101. Ərizəçi şikayət etmişdir ki, onun, məhkəmə prosesinin hər hansı mərhələsində anonim şahidi dindirmək və ya onun dindirilməsinə nail olmaq imkanı olmamışdır. O, 6-cı maddənin 3-cü bəndinin pozulduğunu iddia etmişdir. Maddədə deyilir:
“3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: ...
(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; ...”
102. Məhkəmə qeyd edir ki, bu şikayət 6-cı maddənin 1-ci bəndinin pozulmasının aşkar edilməsi ilə nəticələnən faktlara olduqca yaxındır. Hökmün çıxarılması üçün səbəblər göstərilmədiyindən ərizəçinin barəsində çıxarılan hökmün anonim şahid tərəfindən verilən ifadələrə əsaslanıb-əsaslanmadığını müəyyən etmək mümkün deyil. Belə olan şəraitdə Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən verilmiş şikayətləri ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
103. Konvensiyanın 41-ci Maddəsində nəzərdə tutulub:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
104. Palataya təqdim etdiyi şikayətində də bildirdiyi kimi, ərizəçi dəymiş mənəvi zərərə görə 100 000 avro tələb edib.
105. Hökumət bildirmişdir ki, Palatanın həmin başlıq altında 13 yanvar 2009-cu il tarixli qərarında müəyyən etdiyi 4 000 avro “mükəmməl və ağlabatan” məbləğdir.
106. Böyük Palata bərabər əsaslarla qiymətləndirmə apararaq ərizəçiyə dəymiş mənəvi zərərə görə 4 000 avro ödənilməsini təyin edir.
107. Məhkəmə daha sonra qeyd edir ki, 1 aprel 2007-ci tarixli Qanun ilə Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilmiş və buna müvafiq olaraq ərizəçilərə, Məhkəmə tərəfindən onların işi ilə bağlı pozuntu aşkar edildiyi təqdirdə öz işlərinin yenidən açılması üçün müraciət etmək hüququ verilmişdir (bax yuxarıda 38 və sonrakı bəndlər və, mutatis mutandis, Öcalan Türkiyəyə qarşı (Öcalan v. Turkey [GC], no. 46221/99, ECHR 2005‑IV)).
B. Xərclər və ödənişlər
108. Xərclər və ödənişlərə gəldikdə, Məhkəmə ərizəçiyə 8, 173.22 ödənilməsini təyin edir; bu məbləğ Hökumət tərəfindən mübahisələndirilməyib. Böyük Palatanın araşdırması ilə bağlı prosesə gəldikdə, ərizəçi Avropa Şurasından hüquqi yardım qismində 1,755.20 avro alıb. Buna müvafiq olaraq, Məhkəmə Palata tərəfindən təyin edilmiş 8,173.22 avro məbləğini təsdiq edir.
C. Gecikmə faizi
109. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Müəyyən edir ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin pozuntusu baş vermişdir;
2. Müəyyən edir ki, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi və anonim şahidin dindirilməməsi ilə 3-cü bəndinin pozuntusunu ayrı-ayrılıqda araşdırmaq zəruri deyil;
3. Müəyyən edir ki
(a) cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
(i) dəymiş mənəvi ziyana görə 4,000 avro (dörd min avro), üstəgəl həmin məbləğdən tutulmalı olan bütün vergilər;
(ii) xərclər və ödənişlərə görə 8,173.22 (səkkiz min yüz yetmiş üç avro iyirmi iki sent), üstəgəl həmin məbləğdən tutulmalı olan bütün vergilər;
(b) yuxarıda göstərilən üç aylıq müddət başa çatdıqdan sonra hesablaşma aparılana qədər gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğlərdən Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsasən sadə faiz dərəcəsi ödənilməli və onun üzərinə daha üç faiz əlavə olunmalıdır;
4. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı yerdə qalan şikayətlərini rədd edir.
İngilis və fransız dillərində hazırlanmış və 16 noyabr 2010-cu ildə Strasburqda İnsan Hüquqları Binasında keçirilən dinləmə zaman elan edilmişdir.
Michael O’BoyleJean-Paul Costa
Katibin MüaviniSədr
Konvensiyanın 45-ci Maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq Hakim Jebens bu qərara fərqli rəyini əlavə etmişdir.
J.-P.C.
M.O’B.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Belçikada fəaliyyət göstərən Assize Məhkəmələri hər bir işlə bağlı olaraq təşkil edilir. Məhkəmənin tərkibinə üç peşəkar hakim və 12 qeyri-peşəkar andlı məhkəmə üzvü daxildir.
Full & Egal Universal Law Academy