Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
YUNANISTANIN KEÇMİŞ KRALI VƏ BAŞQALARI YUNANISTANA QARŞI
məhkəmə işi
(Ərizə № 25701/94)
QƏRAR
Strasburq
23 noyabr 2000-ci il
Yunanıstanın keçmiş kralı və başqaları Yunanıstana qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
cənab L. Vildhaber (L. Wildhaber), sədr,
xanım E. Palm (E. Palm),
cənab J.-P. Kosta (J.-P. Costa),
cənab L. Ferrari Bravo (L. Ferrari Bravo),
cənab Qoykur Yörundsson (Gaukur Jörundsson),
cənab L. Kafliş (L. Caflisch),
cənab İ. Kabral Barreto (I. Cabral Barreto),
cənab V. Fürmann (W. Fuhrmann),
cənab B. Zupançiç (B. Zupančič),
xanım N. Vayiç (N. Vajić),
cənab C. Hediqan (J. Hedigan),
cənab M. Pellonpyaya (M. Pellonpää),
xanım M. Tsatsa-Nikolovska (M. Tsatsa-Nikolovska),
cənab T. Pantsıru (T. Panţîru),
cənab E. Levits (E. Levits),
cənab K. Traya (K. Traja),
cənab Q. Kumantos (G. Koumantos) (ad hoc hakim),
habelə Məhkəmə Katibinin müavinin xanım M. de Bur-Bukikkiodan (M. de Boer-Buquicchio) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
14 iyun və 25 oktyabr 2000-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 11 saylı Protokolu qüvvəyə minənədək [Katibliyin qeydi: 11 saylı Protokol 1 noyabr 1998-ci ildə qüvvəyə minib] tətbiq edilən müddəalara uyğun olaraq Avropa İnsan Hüquqları Komissiyası (“Komissiya”) tərəfindən 30 oktyabr 1999-cu ildə Məhkəməyə təqdim edilib (11 saylı Protokolun 5-ci maddəsinin 4-cü bəndi və Konvensiyanın keçmiş 47-ci və 48-ci maddələri).
2. İş Konvensiyanın keçmiş 25-ci maddəsinə əsasən Yunanıstanın keçmiş kralı və onun səkkiz ailə üzvü tərəfindən 21 oktyabr 1994-cü ildə Komissiyaya təqdim edilmiş Yunanıstan Respublikasına qarşı ərizə (№25701/94) əsasında başlanıb. Ərizəçilər iddia etdilər ki, 16 aprel 1994-cü ildə Yunanıstan parlamenti tərəfindən qəbul edilmiş və 11 may 1994-cü ildə qüvvəyə minmiş 2215/1994 saylı qanun onların Konvensiya hüquqlarını pozub. Ərizəçiləri "Naten və Ko." (Messrs Nathene & Co.) firmasının vəkilləri təmsil etdilər. Yunanıstan Hökumətini ("Hökumət") onun nümayəndəsi cənab L. Papidas və daha sonra onun xələfi cənab E. Volanis təmsil etdi.
3. 21 aprel 1998-ci ildə Komissiya ərizənin keçmiş Yunanıstan kralına, onun bacısı şahzadə İrenaya (Irene) və xalası şahzadə Yekaterinaya (Ekaterini) ("ərizəçilər") aid hissəsini qəbul olunan elan etdi. O özünün 21 oktyabr 1999-cu il tarixli məruzəsində (Konvensiyanın keçmiş 31-ci maddəsi) [Katibliyin qeydi: Məruzəni Katiblikdən əldə etmək olar] belə bir yekdil rəy ifadə etdi ki, 1 saytlı Protokolun 1-ci maddəsi pozulub, 1 saytlı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozulub-pozulmadığını isə araşdırmağa ehtiyac yoxdur.
4. 6 dekabr 1999-cu ildə Böyük Palatanın kollegiyası qərara aldı ki, iş Böyük Palata tərəfindən həll edilməlidir (Məhkəmə Reqlamentinin 100-cü Qaydasının 1-ci bəndi). İşə Komissiya tərəfindən baxılmasında iştirak etmiş Yunanıstandan seçilən hakim cənab X.L. Rozakis (C.L. Rozakis) Böyük Palatadakı iclasda iştirakdan imtina etdi (28-ci Qayda). Müvafiq olaraq, Hökumət cənab Q. Kumantosu iclasda ad hoc hakim qismində iştirak üçün təyin etdi (Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndi və 29-cu Qaydanın 1-ci bəndi).
5. Ərizəçi və Hökumət hər biri yazılı qeydlərini təqdim etdilər.
6. 14 iyun 2000-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi.
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
Hökumətin nümayəndəsinin təmsilçiləri:
cənab P. Georqakopulos (P. Georgakopoulos), baş məsləhətçi, Dövlət Hüquq Şurası,
cənab M. Apessos (M. Apessos), məsləhətçi, Dövlət Hüquq Şurası,
cənab K. Qriqoriu (K. Grigoriou), məsləhətçi, Dövlət Hüquq Şurası,
vəkillər:
cənab D. Pannik (D. Pannick), krallıq vəkili, barrister,
xanım D. Rouz (D. Rose), barrister,
professor D. Tsatsos (D. Tsatsos),
professor N. Alivizatos (N. Alivizatos),
məsləhətçilər:
cənab X. Pampukis (Ch. Pampoukis), dosent,
cənab Q. Katruqalos (G. Katrougalos), vəkil (dikigoros),
cənab E. Kastanas (E. Kastanas), Xüsusi Hüquq Xidmətinin üzvü, Yunanıstan Xarici İşlər Nazirliyi,
cənab F. Liakiras (P. Liakouras); xüsusi məsləhətçi, Xarici İşlər Nazirliyi;
a) ərizəçilərin adından:
vəkillər:
lord Lester, Hern Hilldən olan krallıq vəkili (Lord Lester of Herne Hill),
cənab X. Bravos (J. Bravos),
xanım M. Karss-Frisk (M. Carss-Frisk),
xanım N. Arnautis (N. Arnaoutis),
professor A. Georgiades (A. Georgiades),
xanım A. Georgiades (A. Georgiades).
Məhkəmə Hern Hilldən olan lord Lesterin, cənab Pannikin, professorlar Tsatsos və Alivizatosun çıxışlarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
7. Danimarka kralı IX Kristianın oğlu I Georqun kral seçildiyi və taxta çıxdığı 1864-cü ildə Yunanıstanda krallıq demokratiyası quruldu. Yunanıstanın keçmiş kralı Konstantin (birinci ərizəçi) I Georqun birbaşa varisidir. O, atası kral I Pavelin ardınca 1964-cü ildə 24 yaşında Yunanıstanda taxta çıxıb.
A. Ərizəçilərin əmlakı və mülkiyyət hüquqları
8. Ərizəçilər Yunanıstanda olan aşağıdakı əmlaklarla bağlı mülkiyyət hüququna malik olduqlarını bildirdilər.
1. Tatoidəki daşınmaz əmlak
9. Yunanıstanın keçmiş kralı iddia etdi ki, Tatoidə 41990000 kv. m. sahəsi olan torpaq sahəsinin və tikilinin mülkiyyətçisidir. Bu əmlak I Georqun (birinci ərizəçinin ulu babasının) hökmranlığı dövründə torpaq sahələrinin ardıcıl olaraq alınması yolu ilə formalaşıb.
- 15 may 1872-ci il tarixli 24101 saylı akt əsasında kral I Georq Liopessi-Mahoniyada Skarlatos Sutzosdan daşınmaz əmlak alıb və həmçinin Sutzosun arvadından Taotidə qonşuluqdakı daşınmaz əmlakı alıb və bunların ümumi məbləği 300000 drahma (GRD) olub.
- 17 fevral 1877-ci il tarixli 599 saylı qanun əsasında Yunanıstan dövləti Bafi adı ilə tanınan, sahəsi təxminən 15567000 kv. m. olan meşəni kral I Georqun tam və qeyri-məhdud mülkiyyətinə verib. Ərizəçilərin təqdim etdiyi sənədlərdə göstərilir ki, Yunanıstan hökuməti Bafi meşəsini kral I Georqa bağışlamaq niyyətini ifadə etsə də, sonuncu bu torpağı hədiyyə olaraq almaq istəməyib və onu hökumət tərəfindən təyin olunan qiymətlə almaq niyyətində israr edib. Belə olan halda kompromis əldə edilib, belə ki, Bafi meşəsinin kral I Georqa "verildiyi" (yəni "hədiyyə edilmədiyi") bildirilib. Bunun qarşılığında sonuncu Milli Bankda depozitə faizlə 60000 GRD qoyub.
Yuxarıda göstərilən əmlakın təxminən 1000000 kv. metri sonradan eyni sahəyə malik olan, Tatoiyə bitişik torpaq sahəsində yerləşən, yerli torpaq sahiblərinə məxsus olan daşınmaz əmlaka dəyişdirilib və dəyişdirilən əmlakların dəyərindəki fərqin kompensasiyası qismində sonunculara kral I Georq tərəfindən 3000 GRD ödənilib.
- 4 aprel 1891-ci il tarixli 55489 saylı akt əsasında kral I Georq Kiurkada yerləşən, Tatoidəki daşınmaz əmlakın qonşuluğunda olan daşınmaz əmlakın bir hissəsini Andreas Sinqrosdan 110000 GRD müqabilində satın alıb.
- 20 oktyabr 1878-ci il tarixli 382 saylı şəhadətnamə ilə Marafonas şəhərinin girov əmlakların qeydiyyatı bürosu təsdiq edib ki, Keramididəki daşınmaz əmlak kral I Georqa məxsusdur və onun əvvəlki sahibləri İoannis Malakindis, Dimitrios Vassilios, Panagis Dionissiotis, Georq Kiriazis, Georq Sardelis və Stamata Sikaminioti tərəfindən mülkiyyət hüququ əsasında ona verilib. Bu şəxslər həmin əmlakı 1844-cü ildən 1878-ci ilədək ardıcıl olaraq hissə-hissə almaqla onun üzərində mülkiyyət hüququ əldə etmişdilər.
10. Tatoidəki daşınmaz əmlakın Yunanıstanın hakimiyyətdə olan kralının daimi rezidensiyası rolunu oynaması üçün 24 iyul 1904-cü ildə özünün könüllü iradəsi ilə kral I Georq onu ailənin etibarnaməli idarəçiliyə verilən mülkiyyətinə (familia-fideicommis) çevirdi. Lakin həmin vaxt üstün qüvvəyə malik olan Bizans-Roma hüququna əsasən, etibarnaməli idarəçiliyə verilən ailə mülkiyyəti vərəsəlik yolu ilə yalnız dörd dəfə ötürülə bilərdi, bu isə o demək idi ki, dördüncü vərəsəlikdən sonra etibarnaməli idarəçiliyə xitam verilirdi.
11. 5 mart 1913-cü ildə kral I Georqun ölümündən sonra Tatoidəki əmlak onun varisi kral I Konstantinə, sonuncunun 1917-ci ildə taxtdan devrilməsindən sonra isə onun ikinci oğlu kral Aleksandra keçdi. 1920-ci ildə sonuncunun ölümündən sonra Tatoidəki əmlak həmin dövrdə yenidən taxta çıxmış kral I Konstantinin mülkiyyətinə qayıtdı. Sonuncu 1922-ci ilin sentyabrında taxt-tacdan əl çəkdikdən sonra Tatoidəki əmlak onun birinci oğlu krallıq şahzadəsi II Georqa keçdi.
12. Yunanıstanın dördüncü Təsis Məclisinin 25 mart 1924-cü il tarixli qətnaməsi ilə monarxiya ləğv edildikdən və respublika elan olunduqdan sonra Yunanıstan dövləti 14 və 20 avqust 1924-cü il tarixli 2312 saylı qanunla Tatoidəki əmlakı müsadirə etdi, Bafidəki daşınmaz əmlak isə qanun əsasında və hər hansı kompensasiya ödənilmədən dövlətə keçdi.
13. Kral II Georq taxta qayıtdıqdan sonra 22 yanvar 1926-cı il tarixli Fövqəladə qanunla Tatoidəki əmlak onun tam mülkiyyətinə və sahibliyinə verildi, amma Bafi-Keramididəki daşınmaz əmlak (sahəsi 3785000 kv. m.) istisna təşkil etdi, həmin əmlak torpağı olmayan qaçqınlara verilmişdi. Bu qanuna dair izahedici məlumatda, digər məsələlərlə yanaşı, deyilirdi ki, müsadirə 1911-ci il Konstitusiyasının 11-ci maddəsi pozulmaqla aparılıb, həmin maddəyə əsasən bütün hallarda müsadirədən əvvəl mülkiyyətçiyə məhkəmələr tərəfindən müəyyən edilən kompensasiya ödənilməli idi.
14. 1 aprel 1947-ci ildə II Georqun ölümündən sonra qardaşı Pavel taxta çıxdı. 5 və 11 oktyabr 1949-cu il tarixli 1136 saylı qanunvericilik fərmanında deyilirdi: "Mərhum kral II Georqa qaytarılmış Tatoidəki daşınmaz əmlak əlahəzrət kral Pavel taxta çıxdığı andan onun qeyd-şərtsiz, sərbəst və müstəsna mülkiyyətinə çevrilib". 6 mart 1964-cü ildə kral Pavelin ölümündən sonra mülkiyyət onun oğlu və varisi II Konstantinə (birinci ərizəçi) keçdi, bu, atasının öz əli ilə tərtib etdiyi 8 dekabr 1959-cu il tarixli vəsiyyətnamə əsasında baş verdi.
2. Polidendridəki daşınmaz əmlak
15. Keçmiş kral və şahzadə İrena iddia etdilər ki, hər biri Polidendridə 33600000 kv. m. torpaq sahəsinin 101.5/288 hissəsini əldə ediblər və daha sonra şahzadə İrena həmin sahənin 36/288 hissəsini əldə edib. Bu sahə ardıcıl olaraq əmlakın aşağıdakı qaydada bir şəxsdən digərinə keçməsi yolu ilə formalaşıb:
- Larissa şəhərindən olan torpaq sahibi Hassan Əfəndi Leondaritis (Hassan Efendi Leondaritis) "Polidendri əmlakı" adı ilə tanınan daşınmaz əmlakı 38939/1906 saylı aktla krallıq şahzadəsi I Konstantinə 397500 GRD müqabilində sataraq təhvil verib. I Konstantinin vəsiyyətnamə qoymadan vəfat etməsindən sonra həmin daşınmaz əmlak onun varisləri arasında aşağıdakı qaydada bölünüb: 2/8 hissə – şərikli mülkiyyət formasında arvadı Sofiyaya; 1/8 hissə isə övladlarının hər birinə – II Georqa, Pavelə, Yelenaya, İrenaya, Yekaterinaya (üçüncü ərizəçi) və daha tez vəfat etmiş oğlu Aleksandrın qızı Aleksandraya.
- 18 fevral 1924-cü il tarixli 79847 saylı və 24 mart 1924-cü il tarixli 80452 saylı aktlarla yuxarıda adı çəkilən müştərək varislər və müştərək mülkiyyətçilər (Yekaterina istisna olmaqla) şərikli daşınmaz əmlakın 7/8 hissəsini ticarət gəmisinin kapitanı Afanassios Qaleosa (Athanassios Galeos) 4585000 GRD müqabilində sataraq təhvil verdilər. Şərikli mülkiyyətin şahzadə Yekaterinanın payına düşmüş 1/8 hissəsinə gəlincə, qabaqcadan 650000 GRD məbləği razılaşdırıldı və tələb olunan rəsmiyyətlər tamamlana qədər torpaq sahəsi yeni sahibinə icarəyə verildi, tamamlanmadan sonra isə onun mülkiyyətinə keçəcəkdi.
- 20 mart 1925-ci il tarixli 4289 saylı aktla Afanassios Qaleos və digərləri "Meşəçilik şirkəti" (Αvώvυμoς Δασική Εταιρία) yaratdılar və Afanassios Qaleos əldə etdiyi daşınmaz əmlakın 7/8 hissəsinin hamısını onun mülkiyyətinə verdi. Bu şirkət özünün ümumi yığıncağının 12 may 1938-ci il tarixli qərarı ilə buraxıldı. 7 oktyabr 1939-cu il tarixli 22408 saylı aktla şirkətin ləğvediciləri daşınmaz əmlakın 7/8 hissəsinin hamısını krallıq şahzadəsi Pavelə 4000000 GRD müqabilində sataraq təhvil verdilər, həmin məbləğ onun arvadı şahzadə Frederikanın cehizinin vəsaitindən ödənilmişdi. Şahzadə Pavelin ölümündən sonra onun Polidendri əmlakındakı payının 14/32 hissəsi dul xanımına, 14/96 hissəsi isə üç övladının hər birinə – Sofiyaya, Konstantinosa (birinci ərizəçi) və İrenaya (ikinci ərizəçi) verildi. 1968-ci ildə şahzadə Sofiya mirasdan imtina etdi və onun daşınmaz əmlak payı mütənasib qaydada qalan varislərin payına əlavə olundu. 6 dekabr 1981-ci ildə kraliça Frederikanın vəsiyyətnamə qoymadan vəfat etməsindən sonra onun Polidendri əmlakındakı şərikli payının 49/96 hissəsi bərbər paylarla övladlarına keçdi və beləliklə hər bir övladı onun payının 49/288 hissəsini əldə etdi.
3. Korfu adasındakı Mon Repos daşınmaz əmlakı
16. Bu əmlak üzərində mülkiyyət hüququ barədə ilk qeydlər Korfu əyalət şurasının iclasının 1 iyun 1864-cü il tarixli 278 saylı protokolunda yer alıb, həmin protokola əsasən şura qərara aldı ki, İoniya adalarının Yunanıstana birləşdirilməsinə verdiyi töhfəyə görə minnətdarlıq əlaməti olaraq kral I Georqa təklif edilsin ki, "Qaritsadakı müqəddəs Panteleymon mülkü" adı ilə tanınan məkanda yerləşən, vaxtı ilə Ali Şuranın britaniyalı magistratının yaşadığı evdən ətraf ərazi ilə birlikdə istifadə etsin. Həmin dövrdə mövcud olan qeydlərdə bağışlanmış daşınmaz əmlakın sahəsi, dəqiq yeri və ya sərhədləri göstərilməmişdi. Bağışlanma faktı sonradan 7870/1887 saylı aktla açıq-aydın təsdiqləndi.
17. 1870-ci ildən 1912-ci ilədək kral I Georq təsərrüfat sahəsinin ətrafında və ya daxilində yerləşən, üçüncü şəxslərə məxsus olan müəyyən kiçik və ya böyük torpaq sahələrini ardıcıl olaraq almaq yolu ilə yuxarıda göstərilən daşınmaz əmlakların sahəsini artırdı. II Georqun həyata keçirdiyi son iki alış əməliyyatından sonra yekunda Mon Repos əmlakının sahəsi təxminən 238000 kv. metrə çatdı.
18. Kral I Georqun ölümündən sonra Mon Repos əmlakı kral Georqun 24 iyul 1904-cü il tarixli vəsiyyətnaməsi əsasında şahzadə Andreasın mülkiyyətinə keçdi.
19. 1922-ci il inqilabından sonra 1767/1923 saylı qərarla Mon Reposun hakimiyyətdə olan kralın yay rezidensiyası qismində istifadə olunması üçün məcburi qaydada dövlətin xeyrinə müsadirə olunduğu elan edildi. 1931-ci ildə şahzadə Andreasın oradan inzibati qaydada çıxarılması haqqında qərar qəbul edildi. Daha sonra məhkəmə iddiası qaldırıldı və Korfu Apellyasiya Məhkəməsinin (Εφετείo) 57/1934 saylı qərarı ilə şahzadə Andreas həmin daşınmaz əmlakın qanuni mülkiyyətçisi kimi tanındı və həmin əmlakın ona qaytarılması barədə qərar çıxarıldı. "Krallıq demokratiyası" bərpa olunduqdan sonra 514/1937 saylı Fövqəladə qanunda aydın şəkildə nəzərdə tutulmuşdu ki, Mon Repos şahzadə Andreasın mülkiyyəti sayılmalı və onun tam mülkiyyətinə və sahibliyinə verilməlidir.
20. 11909/1937 saylı aktla şahzadə Andreas 400000 GRD məbləğində ömürlük renta əsasında Mon Reposu Kral II Georqa satdı. 1 aprel 1947-ci ildə Kral II Georq vəfat etdi. Onun müştərək varisləri öz paylarını Kral Georqun qardaşı kral Pavelə bağışladılar və o, Mon Repos əmlakı üzərində tam mülkiyyət hüququ əldə etdi (3650/1957, 3816/1957 və 5438/1959 saylı aktlar). Kral Pavelin ölümündən sonra onun vəsiyyətnaməsi əsasında Mon Repos əmlakı onun dul xanımı Frederikaya (özgə əmlakına ziyan yetirmədən ondan istifadə (uzufrukt) hüququ ilə) və oğluna, yəni birinci ərizəçiyə (etibarnaməli idarəçi hüququ ilə) keçdi. 6 dekabr 1981-ci ildə kraliça Frederikanın ölümündən sonra uzufrukta xitam verildi və birinci ərizəçi Mon Repos əmlakı üzərində tam mülkiyyət hüququ əldə etdi.
21. 5 avqust 1994-cü ildə 2215/1994 saylı qanun qüvvəyə mindikdən sonra (aşağıda 41-ci bəndə bax) Mon Reposdan rezidensiya qismində istifadəyə xitam verildi. Hazırda orada Korfu bələdiyyəsi məskunlaşıb.
B. Hərbi diktatura dövründə (aprel 1967 – iyul 1974) və demokratiyanın bərpasından sonra əmlakın statusu
22. 21 aprel 1967-ci ildə Yunanıstanda hərbi çevriliş baş verdi. Yunanıstanın keçmiş kralı 13 dekabr 1967-ci ilədək ölkədə qaldı, sonra isə Romaya getdi.
23. 15 noyabr 1968-ci ildə hərbi rejim yeni Konstitusiyanı (əvvəlki 1952-ci ildə qüvvəyə minmişdi) elan etdi, 1973-cü ildə kral devrildikdən sonra sonuncuya dəyişikliklər edildi (aşağıda 25-ci bəndə bax). 1968-ci il Konstitusiyasının 21-ci maddəsində (1973-cü ildə edilmiş dəyişikliklərlə) mülkiyyət hüququna təminat verilir və nəzərdə tutulurdu ki, heç kəs mülkiyyətindən məhrum edilə bilməz, yalnız ictimai maraqlar üçün zəruri olan hallar istisna təşkil edir və belə hallarda mülkiyyətdən məhrum edilmə yalnız məbləği mülki məhkəmələr tərəfindən müəyyən edilən kompensasiya tam ödənildikdən sonra baş verə bilər. Lakin eyni Konstitusiyanın 134-cü maddəsinin 3-cü bəndində keçmiş kralın və kral ailəsinin daşınar və daşınmaz əmlakının müsadirə olunmasına yönələn müstəsna qanunvericilik tədbirinin tətbiqi nəzərdə tutulmuşdu.
24. 21 aprel 1967-ci ildən 31 may 1973-cü ilədək hərbi diktatura formal olaraq "krallıq demokratiyasını" saxladı, baxmayaraq ki, keçmiş kral öz seçimi ilə sürgün həyatı yaşayırdı.
25. 1 iyun 1973-cü ildə hərbi rejim "krallıq demokratiyasını" ləğv etmək, Yunanıstanın keçmiş kralını və onun varislərini taxtdan salınmış elan etmək və prezidentli parlament respublikası elan etmək fikrinə düşdü.
26. 1973-cü ilin oktyabrında hərbi diktatura 1968-ci il Konstitusiyasının (1973-cü ildə edilmiş dəyişikliklərlə) 134-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq belə bir qanunvericilik fərmanı (№ 225/1973) qəbul etdi ki, keçmiş kralın və kral ailəsinin daşınar və daşınmaz əmlakı fərmanın rəsmi nəşrdə dərc edildiyi tarixdən (4 oktyabr 1973-cü il) etibarən müsadirə olunur və müsadirə olunmuş əmlak üzərində mülkiyyət hüququ Yunanıstan dövlətinə keçir. Bu işdə nəzərdən keçirilən üç daşınmaz əmlak müsadirə edilməli olan daşınmaz əmlakların tərkib hissəsi kimi xüsusi olaraq göstərilmişdi.
27. Yuxarıda qeyd edilən fərmanda 120000000 GRD məbləğində kompensasiya nəzərdə tutulmuşdu, bu məbləğ əmlakı müsadirə olunacaq kral ailəsi üzvləri arasında bölüşdürülməli idi və bank hesabına depozitə qoyulmuşdu ki, kral ailəsi tələb etdikdə onu ala bilsin. Keçmiş kralın kompensasiyadakı payı 94000000 GRD, şahzadə İrenanın payı isə 12000000 GRD təşkil edirdi. Şahzadə Yekaterina üçün kompensasiya nəzərdə tutulmamışdı. Fərmanda daha sonra deyilirdi ki, kompensasiya 31 dekabr 1975-ci ilədək tələb olunmalıdır. İndiyədək kompensasiyanın heç bir hissəsi tələb olunmayıb.
28. 24 iyul 1974-cü ildə Yunanıstanda hərbi diktaturanı cənab Karamanlisin rəhbərlik etdiyi mülki hökumət əvəz etdi.
29. 1 avqust 1974-cü il tarixli qanunla ("1974-cü il tarixli Birinci Konstitusiya aktı") hökumət 1952-ci il Konstitusiyasını, hökumətin formalaşdırılmasına aid müddəalar (1-ci maddə) istisna olmaqla, bərpa etdi.
30. Bu qanunun 10-cu maddəsində nəzərdə tutulurdu ki, Milli Məclisin iclası yenidən çağırılana qədər qanunvericilik hakimiyyəti Nazirlər Komitəsinə həvalə olunur və bu hakimiyyət qanunvericilik fərmanları vasitəsilə həyata keçirilməlidir. 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulurdu ki, 21 aprel 1967-ci ildən sonrakı hər hansı konstitusiya aktlarından irəli gələn istənilən məsələyə münasibətdə həmin qanunvericilik fərmanlarının qüvvəsi geriyə şamil oluna bilər. 15-ci maddədə nəzərdə tutulurdu ki, 1968-ci il Konstitusiyası (sonrakı dəyişikliklərlə) və 21 aprel 1967-ci ildən sonra hərbi diktatura dövründə qəbul edilmiş bütün digər konstitusiya aktları və ya konstitusion xarakterli aktlar ləğv olunur.
31. 1974-cü il tarixli Birinci Konstitusiya aktının 1-ci və 10-cu maddələrinə uyğun olaraq, hökumət qanunvericilik fərmanı (№72/1974) qəbul etdi, orada nəzərdə tutulurdu ki, idarəetmə rejiminin forması qəti müəyyənləşdirilənə qədər Yunanıstanın keçmiş kralının və ailəsinin mülkiyyəti yeddi üzvdən ibarət komitə tərəfindən qorunacaq və idarə olunacaq.
32. Yuxarıda qeyd edilən fərmanın icrası üçün nazirlik səviyyəsində üç qərar qəbul edildi.
i) 1 oktyabr 1974-cü il tarixli 18443/1509 saylı qərarla "kral ailəsinin əmlakının qorunması və idarə olunması məqsədi ilə" yeddi üzvdən ibarət komitə təşkil edildi.
ii) 24 oktyabr 1974-cü il tarixli 21987 saylı qərarda nəzərdə tutulmuşdu ki, "kral ailəsinin mülkiyyətinin dövlət tərəfindən komitəyə təhvil verilməsi" 31 dekabr 1974-cü ilədək həyata keçirilməlidir.
iii) 23 dekabr 1974-cü il tarixli 25616 saylı qərarda nəzərdə tutulmuşdu ki, kral ailəsinin mülkiyyətinin komitəyə təhvil verilməsi prosesi həmin mülkiyyətin mülkiyyətçilərə və ya onların təyin etdiyi şəxsə təhsil verilməsi yekunlaşana qədər davam edəcək.
33. 1974-cü ildən 1979-cu ilədək keçmiş kralın və kral ailəsinin Yunanıstandakı bütün daşınar və daşınmaz əmlakı 72/1974 saylı qanunvericilik fərmanına uyğun olaraq yaradılmış komitə tərəfindən keçmiş kralın və kral ailəsinin maraqları naminə qorundu və idarə olundu. 1979-cu ildə daşınar əmlak onlara təhvil verildi.
34. 17 noyabr 1974-cü ildə Milli Məclisə seçkilər keçirildi və bundan sona yenidən Məclisin iclası çağırıldı. Daha sonra 8 dekabr 1974-cü ildə referendum keçirildi və onun nəticəsi olaraq parlamentli respublikanın lehinə səs verildi. 18 yanvar 1975-ci il tarixli D18 saylı qərarla Milli Məclis, digər məsələlərlə yanaşı, qərara aldı və elan etdi ki, Yunanıstanda demokratiya qanunla heç vaxt qadağan olunmayıb və 21 aprel 1964-cü il tarixli inqilabi çevriliş, eləcə də onun nəticəsində yaranmış və 23 iyul 1974-cü ilədək davam etmiş vəziyyət hakimiyyətin zəbt olunmasına və xalqın suveren hüquqlarının qəsb edilməsinə yönələn dövlət çevrilişi idi.
35. 1975-ci ildə Milli Məclis 11 iyun 1975-ci ildə qüvvəyə minmiş hazırkı Yunanıstan Konstitusiyasını qəbul etdi.
36. 1981-ci ildə cənab Papandreunun rəhbərlik etdiyi PASOK (Ümumyunan Sosialist Partiyası) Yunanıstanda seçki yolu ilə hakimiyyətə gəldi. 1984-cü ilin yanvarından başlayaraq keçmiş kralla onun mülkiyyəti ilə bağlı müzakirələr aparıldı. 1988-ci ildə hökumətlə keçmiş kral arasında kral ailəsinin mülkiyyəti və vergi öhdəlikləri ilə əlaqədar prinsipial saziş əldə edildi. Amma saziş heç vaxt icra olunmadı.
C. 1992-ci il müqaviləsi
37. 1990-cı ildə mühafizəkar "Yeni demokratiya" partiyası seçki yolu ilə hakimiyyətə gəldi.
38. 1992-ci ildə keçmiş kralla Yunanıstan dövləti arasında aşağıdakıları nəzərdə tutan razılaşma əldə edildi:
i) Keçmiş kral ona məxsus olan Tatoidəki meşənin 200030 kv. m. sahəsini 460000000 GRD müqabilində Yunanıstan dövlətinə verir.
ii) Keçmiş kral ona məxsus olan Tatoidəki meşənin 401541,75 kv. m. sahəsini ictimai fonda, yəni Hippokrat adına Beynəlxalq Tibb Fondu və Tədqiqat Mərkəzinə bağışlayır.
iii) İctimai fond, yəni "Tatoi Milli Meşəsi" Fondu yaradılır və keçmiş kral ona məxsus olan Tatoidəki meşənin 37426000 kv. m. sahəsini bu fonda bağışlayır.
iv) Keçmiş kral, kral ailəsi və Yunanıstan dövləti yuxarıdakılarla bağlı bütün qanuni hüquqlarından imtina edirlər və kral ailəsinin vergi öhdəlikləri ilə bağlı davam edən bütün məhkəmə proseslərinə xitam verilir.
v) Keçmiş kral və kral ailəsi Yunanıstan dövlətinə faizlər və cərimələrlə birlikdə miras vergisi, gəlir vergisi və kapital vergisi üzrə 817677937 GRD məbləğini ödəməyə razılıq verirlər. Keçmiş kral tərəfindən ödənilməli olan məbləğlər sazişə əsasən krala çatası hər hansı məbləğlərdən çıxılacaq.
39. Müqavilə bağlandı və 3 iyun 1992-ci il tarixli 10573/1992 saylı notarial aktı ilə təsdiqləndi. 28 sentyabr 1992-ci ildə Yunanıstan parlamentinin Elmi tədqiqatlar şöbəsi (διεύθυvση Επιστημovικώv Μελετώv) yuxarıda qeyd edilən notariat aktını təsdiqləyən qanun layihəsinə dair məruzə təqdim etdi. Məruzədə digər məsələlərlə yanaşı deyilirdi ki, 225/1973 saylı qanunvericilik fərmanı 72/1974 saylı qanunvericilik fərmanı ilə ləğv edilib və beləliklə mülkiyyət "özünün keçmiş mülkiyyətçisinə qayıdıb". Sonradan müqavilə 2086/1992 saylı qanunla təsdiqləndi və qanuni qüvvəyə mindi.
D. 1992-ci il müqaviləsinin ləğv olunması – 2215/1994 saylı qanun
40. 1993-cü ilin yayında Yunanıstanın keçmiş kralı və ailəsi Yunanıstana səfər etdilər.
41. 1993-cü ilin payız seçkilərindən sonra cənab Papandreunun rəhbərlik etdiyi hökumət yenidən Yunanıstanda hakimiyyətə gəldi. Yeni hökumət "konstitusion qanunçuluğu və tarixi yaddaşı" bərpa etmək və "Yunanıstan xalqının 1974-cü il referendumunda ifadə etdiyi demokratiya hisslərini" qane etmək məqsədi ilə keçmiş kral ailəsinin mülkiyyəti ilə bağlı məsələlərə baxmaq niyyətini bəyan etdi [o vaxtkı maliyyə nazirinin 1 aprel 1994-cü il tarixli açıqlaması]. Nəticə etibarı ilə hökumətin təqdim etdiyi 2215/1994 saylı qanunun layihəsi 16 aprel 1994-cü ildə parlamentdən keçdi və 11 may 1994-cü ildən qanuni qüvvəyə mindi. Qanun "Yunanıstanın devrilmiş kral ailəsinin əmlakının müsadirəsi ilə bağlı məsələlərin həlli" adlanırdı, orada aşağıdakılar nəzərdə tutulmuşdu:
i) 2086/1992 saylı qanun və 10573/1992 saylı akt ləğv edilir. Onların əsasında edilmiş istənilən hərəkətlər etibarsız və qanuni qüvvədən düşmüş sayılır (1-ci maddə). Etibarsız və qanuni qüvvədən düşmüş sayılan bu cür hərəkətlərə əmlakın Hippokrat adına Beynəlxalq Tibb Fondu və Tədqiqat Mərkəzinə və "Tatoi Milli Meşəsi" Fonduna bağışlanması da daxildir. [Qeyd: 8 dekabr 1997-ci ildə "Tatoi Milli Meşəsi" Fondu Konvensiyanın keçmiş 25-ci maddəsi əsasında Avropa İnsan Hüquqları Komissiyasına şikayət ərizəsi verdi. Ərizə (№ 39654/98) 4 fevral 1998-ci ildə qeydiyyata alındı. 1 noyabr 1998-ci ildə 11 saylı Protokolun 5-ci maddəsinin 2-ci bəndi əsasında şikayət ərizəsi baxılmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə verilməli idi].
ii) Yunanıstan dövləti keçmiş kralın, şahzadə İrenanın və şahzadə Yekaterinanın daşınar və daşınmaz əmlakının mülkiyyətçisinə çevrilir. Hesab edilir ki, 225/1973 saylı qanunvericilik fərmanı qüvvədə qalmalıdır (2-ci maddə).
iii) Korfu adasındakı Mon Repos əmlakı üzərində mülkiyyət hüququ Korfu bələdiyyəsinə keçir (4-cü maddənin 2-ci bəndi).
iv) Artıq müəyyən edilmiş vergi məbləğləri silinir. Miras vergisi və digər vergilərlə, dəbbə pulu və cərimələrlə bağlı inzibati məhkəmələrin və ya Ali İnzibati Məhkəmənin (Συμβoύλιo της Επικρατείας) icraatında olan bütün məhkəmə işlərinə xitam verilir. Keçmiş kral və kral ailəsinin digər üzvləri tərəfindən vergilərlə bağlı ödənilmiş məbləğlər Yunanıstan dövlətindən geri tələb oluna bilər, amma dövlət bu cür tələbin müqabilində dövlətin kral ailəsinə qarşı hər hansı iddia tələbindən imtina etməsinə qarşı çıxa bilər (5-ci maddənin 1-ci bəndi).
v) İcarə müqavilələri istisna olmaqla kral ailəsinin hər hansı mülkiyyəti ilə əlaqədar istənilən müqavilələr etibarsız elan edilir. Kral ailəsinə məxsus torpaq sahəsinin icarə müqavilələri qüvvədə qalmaqda davam edəcək və hesab olunacaq ki, onlar icarəyə götürənlə dövlət arasında bağlanıb (5-ci maddənin 2-ci bəndi).
vi) Keçmiş kral və ya kral ailəsinin digər üzvləri tərəfindən "kral" titulundan və ya hər hansı digər kral nişanələrindən istifadə edilməklə Yunanıstan məhkəmələrində başlanmış hər hansı məhkəmə prosesləri, hətta titulun əvvəlində "sabiq" və ya "keçmiş" sözlərindən istifadə edilsə belə, etibarsız sayılır (6-cı maddənin 4-cü bəndi).
vii) Keçmiş kral və kral ailəsinin Yunanıstan vətəndaşlığının əvvəlkitək tanınması və onların Yunanıstan pasportlarının qüvvədə qalması üçün aşağıdakı ilkin şərtlər tətbiq edilir:
- Afina şəhərinin doğum, nikah və ölüm hallarının qeydiyyatı orqanına (ληξιαρχείo) keçmiş kral və kral ailəsi tərəfindən 1975-ci il Konstitusiyasına qeyd-şərtsiz əməl edəcəkləri və Yunanıstan Respublikasının mövcudluğunu qəbul etdikləri və onu tanıdıqları barədə bəyannamə təqdim edilməlidir;
- həmin orqana belə bir növbəti bəyannamə təqdim edilməlidir ki, keçmiş kral və kral ailəsi keçmişdə tutduqları hər hansı vəzifə və ya malik olduqları hər hansı rəsmi titulla bağlı istənilən tələblərindən qeyd-şərtsiz imtina edirlər;
- keçmiş kral və kral ailəsinin üzvləri Vətəndaşların bələdiyyə reyestrində (μητρώα αρρέvωv ή δημoτoλόγια) öz adları və soyadları ilə qeydiyyata alınmalıdırlar.
viii) Bu qanunvericilik altına zidd olan istənilən qanunvericilik norması avtomatik olaraq ləğv olunur (6-cı maddənin 5-ci bəndi).
E. Yunanıstan məhkəmələrindəki icraatlar
42. Ərizəçilər Yunanıstan məhkəmələrində daşınmaz əmlakları üzərində mülkiyyət hüquqları ilə bağlı bir neçə məhkəmə prosesinə başladılar.
43. Ərizəçilər həmçinin 2215/1994 saylı qanunun Konstitusiyaya uyğunluğunu münahisələndirdilər. Kassasiya Məhkəməsinin (Αρειoς Πάγoς) və Ali İnzibati Məhkəmənin iki ziddiyyətli qərarından sonra iş Xüsusi Ali Məhkəməyə (Αvώτατo Ειδικό Δικαστήριo) göndərildi.
Xüsusi Ali Məhkəmənin 25 iyun 1997-ci il tarixli qərarı
44. Məhkəmə əvvəlcə bu məsələni araşdırdı ki, ərizəçilər soyadlarından istifadə etmədən ona iddia ərizəsi vermək hüququna malikdirlərmi? Məhkəmə qərara aldı ki, "hüquqi sənədlərdə “keçmiş kral” ifadəsi Konstitusiya ilə qadağan olunan əsilzadə titulu kimi deyil, öncə göstərilmiş səbəblərdən soyadına malik olmayan, prosesin iştirakçısı olan tərəf olaraq onların kimliyini bildirmək üçün işlədilib... O elə bir tarixi faktı təqdim etmək üçün işlədilib ki, həmin fakt, digər elementlər kimi, yuxarıda qeyd edilən şəxsin kimliyini həqiqətən göstərə bilər və beləliklə bu şəxs məhkəmə qaydasında müdafiə oluna bilər".
45. Kral mülkiyyəti məsələsinə gəlincə, məhkəmə vurğuladı ki, "bu məsələ lap əvvəldən siyasi məsələdir", ərizəçilərin mülkiyyət hüquqları idarəetmə forması ilə əlaqədardır və "kral ailəsinin hakimiyyəti dövründə krala və kral ailəsinə məxsus olmuş əmlaka mülkiyyətin xüsusi kateqoriyası kimi yanaşılıb". Məhkəmə digər məsələlərlə yanaşı aşağıdakıları bildirdi:
"Konstitusiyanın 1-ci maddəsində idarəetmə rejiminin forması müəyyən edilərkən, qəbul edildiyi siyasi şərait və konstitusiya quruluşu çərçivəsində tarixi nöqteyi-nəzərdən şərh edilməli olan həmin maddənin vasitəsilə, Birinci Konstitusiya aktının normalarına və onun 10-cu maddəsi əsasında qəbul edilmiş 72/1974 saylı qanunvericilik fərmanının müddəalarına uyğun olaraq, kral mülkiyyəti məsələsi də həll olunub. Başqa sözlə, referendum həmin mülkiyyətin dövlətə verilməsini geriyə döndərilməsi mümkün olmayan akta çevirib, buna görə də onun keçmiş krala qaytarılması Konstitusiyaya zidd olacaq. Beləliklə, keçmiş kral mülkiyyətinin əvvəlkitək devrilmiş monarxa və keçmiş kral ailəsinin üzvlərinə məxsus olduğunu nəzərdə tutan və faktiki olaraq bu şəxsləri həmin mülkiyyətlə əlaqələndirən 2086/1992 saylı qanunun 1-ci maddəsi Konstitusiyaya ziddir".
46. Müvafiq olaraq, Xüsusi Ali Məhkəmə dörd səsə qarşı on üç səslə qərara aldı ki, 2215/1994 saylı qanun Konstitusiyaya uyğundur. Konstitusiyaya əsasən, Xüsusi Ali Məhkəmənin qərarları qətidir və Yunanıstanlın bütün məhkəmələri üçün məcburi qüvvəyə malikdir (100-cü maddənin 4-cü bəndi).
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
47. 1975-ci il Konstitusiyasının müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulur:
Maddə 4
"1. Bütün yunanıstanlılar qanun qarşısında bərabərdirlər.
2. Yunanıstanlı kişi və qadınlar bərabər hüquqlara və öhdəliklərə malikdirlər".
Maddə 17
"1. Mülkiyyət dövlət tərəfindən qorunur; lakin ondan irəli gələn hüquqlardan ictimai maraqlara zidd olaraq istifadə edilə bilməz.
2. Lazımi qaydada sübut edilməli olan ictimai maraqlar naminə mülkiyyətdən məhrumetmə halları istisna olmaqla heç kəs mülkiyyətindən məhrum edilə bilməz və bu məhrumetmə qanunla göstərilən hallarda və qaydada həyata keçirilməli və bütün hallarda kompensasiya məbləğinin ilkin olaraq müəyyənləşdirilməsi üçün məhkəmə dinləməsi keçirilən anda müsadirə olunan mülkiyyətin qüvvədə olan dəyərinə uyğun olan tam kompensasiya ödənilməlidir. Kompensasiya məbləğinin qəti olaraq müəyyənləşdirilməsi üçün vəsatət verildikdə mülkiyyətin dəyəri kimi bu vəsatətə məhkəmə iclasında baxıldığı anda qüvvədə olan dəyər götürülür.
...
4. Bütün hallarda kompensasiya mülki məhkəmələr tərəfindən təyin olunur. Bu cür kompensasiya onu alacaq şəxsin məhkəmə tərəfimdən dinlənilməsindən və ya məhkəməyə çağırılmasından sonra məhkəmə tərəfindən ilkin olaraq təyin oluna bilər və məhkəmə öz mülahizəsi əsasında həmin şəxsin üzərinə kompensasiya almaq üçün qanunla nəzərdə tutulan qaydada müvafiq təminat təqdim etmək öhdəliyini qoya bilər".
48. Yunanıstanda bir sıra mülkiyyət hüquqları məhdudlaşdırılıb (numerus clausus). Şəxsin malik ola biləcəyi real hüquqlar bunlardır: sahiblik, servitut, borc öhdəliyi müqabilində girov və ipoteka girovu (Mülki Məcəllənin 973-cü maddəsi).
49. Mülki Məcəllənin 999-1141-ci maddələrində mülkiyyət hüququ və şərikli mülkiyyət hüququ institutlarından bəhs edilir. Mülkiyyət hüququ müxtəlif üsullarla, məsələn, heç kimə məxsus olmayan əşyalara sahib olmaqla, əşyanın əvvəlki sahibinin və ya hətta mülkiyyətçi olmayan şəxsin əşyanı başqasına verməsi yolu ilə, qanunun göstərişi ilə, məhkəmə qərarları nəticəsində və hakimiyyət orqanlarının qərarları vasitəsilə əldə edilə bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun başqasına ötürülməsi üçün qanunla tələb olunur ki, mülkiyyətçi ilə əmlakın ötürüldüyü şəxs arasında əmlakın qanuni əsasla ötürüldüyünə dair razılaşma olmalı, bu razılaşma notarial qaydada təsdiqlənmiş sənəddə əks olunmalı və bu barədə qeydlər daşınmaz əmlakın olduğu rayondakı daşınmaz əmlakın qeydiyyatı reyestrinə daxil edilməlidir (1033-cü maddə).
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
50. Ərizəçilər şikayət etdilər ki, 2215/1994 saylı qanun onların mülkiyyət hüququnu pozub. Onlar 1 saylı Protokolun 1-ci maddəsinə istinad etdilər, həmin maddədə deyilir:
"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunların yerinə yetirilməsini təmin etmək hüququnu məhdudlaşdırmır".
Bu maddə üç "əlahiddə" normadan ibarətdir. Birinci abzasın birinci cümləsində ifadə edilən və ümumi xarakter daşıyan birinci norma mülkiyyətdən maneəsiz istifadə prinsipini təsbit edir. Həmin abzasın ikinci cümləsində yer alan ikinci norma mülkiyyətdən məhrumetmə hallarını əhatə edir və bu məhrumetmənin şərtlərini müəyyən edir. İkinci abzasda yer alan üçüncü norma təsdiqləyir ki, iştirakçı dövlətlər, digər məsələlərlə yanaşı, ictimai maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarət etmək hüququna malikdirlər. Bu normaların "əlahiddəliyi" o demək deyil ki, onların bir-biri ilə əlaqəsi yoxdur: mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələrinə aid olan ikinci və üçüncü normalar birinci normada təsbit olunmuş ümumi prinsipin işığında şərh olunmalıdır.
A. 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada "mülkiyyət" mövcud idimi?
1. Məhkəmə qarşısında irəli sürülən arqumentlər
51. Hökumətin arqumentinin əsas mahiyyəti ondan ibarət idi ki, mübahisəli daşınmaz əmlak "dövlət başçısı" institutu ilə ayrılmaz surətdə əlaqəlidir və buna görə də 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan "mülkiyyət" anlayışının əhatə dairəsinə düşmür.
Hökumət belə bir ümumi qeydini bildirdi ki, dövlət mülkiyyəti ilə monarxların özəl mülkiyyəti arasında dəqiq fərq qoyulması bütün Avropa ölkələrinə xas olan ümumi cəhətdir. Dövlət mülkiyyəti dövlətə məxsusdur və monarxlar dövlət başçısı qismində vəzifələrini icra etdikləri zaman istifadə etmələri üçün onların sərəncamında olur. Hökumət bildirdi ki, xüsusi imtiyazlar və immunitetlər əsasında sahiblik edilən bu cür əmlaklar 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyət və ya əmlak anlayışının əhatə dairəsinə düşmür. Digər tərəfdən, Avropa monarxlarının özəl mülkiyyətinə qarşı rəftar adi vətəndaşların mülkiyyətinə qarşı rəftardan fərqlənmir. O, fiziki şəxslər arasındakı bütün əqdlərə tətbiq edilən adi ölkədaxili mülki hüquq normalarına uyğun olaraq alınır, istifadə edilir və başqasına ötürülür. Hökumətin bildirdiyinə görə, məhz bu cür özəl mülkiyyətlərin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunduğunu güman etmək məntiqə uyğun olar.
52. Hazırkı işdə Hökumət bildirdi ki, Yunanıstan taxt-tacına məxsus olduğu iddia edilən "kral mülkiyyətinin" hüquqi statusunun ən mühüm xüsusi cəhəti ondan ibarətdir ki, həmin status həmişə özünəməxsus (sui generis) xarakterli olub və bir növ ictimai xarakter daşıyıb. Müxtəlif faktlar bunu sübut edir. Birincisi, mübahisələndirilən daşınmaz əmlaklar keçmiş kral ailəsi tərəfindən Yunanıstan mülki hüququnun ümumi müddəaları əsasında əldə edilməyib, sadəcə benefisiar funksiyaları ilə əlaqədar olaraq əldə edilib. Həmin əmlakların xeyli hissəsi krallıq institutuna hörmət əlaməti olaraq Yunanıstan dövləti tərəfindən keçmiş Yunanıstan krallarına hədiyyə edilib. İkincisi, krallıq taxt-tacının varisə keçdiyi halların heç birində vərəsəliyə dair ümumi hüquq normaları tətbiq edilməyib. Əksinə, mirasın ümumi qaydada varisə keçməsinə yol verməmək və müvafiq mübahisələri həll etmək üçün həmişə xüsusi hüquq normaları tətbiq edilib. Üçüncüsü, mübahisələndirilən daşınmaz əmlaklar vergilərdən, o cümlədən miras vergisindən tam azad edilib. 1913-cü ildən 1964-cü ilədək Yunanıstan taxt-tacının dörd dəfə varislərə keçdiyi halların hər birində miras vergisi tətbiq edilmiş olsaydı, müvafiq vergi yükünün həcmi mübahisələndirilən daşınmaz əmlakların hazırkı bazar dəyərindən artıq olardı. Dördüncüsü, sözügedən mülkiyyət nəinki prosessual məqsədlər üçün dövlət mülkiyyətinə bərabər tutulmuşdu (məsələn, həmin mülkiyyətə münasibətdə xüsusi müddət məhdudiyyətləri ilə və borcların qaytarılması ilə bağlı dövlət imtiyazları tətbiq edilmiş, şərti olaraq mülkiyyətin məkanından məcburi çıxarılma qadağan olunmuşdu), həm də ona böyük dövlət güzəştləri şamil olunmuşdu (həmin mülkiyyətə iddia müddəti şamil edilmirdi, sahibliklə əlaqədar iddia müddəti bitdikdən sonra mülkiyyət hüququnun əldə edilməsi birmənalı olaraq qadağan olunmuşdu, başqasının sahiblik hüququnun pozulması cinayət əməli kimi müəyyən edilmişdi və s.). Beləliklə, mübahisələndirilən daşınmaz əmlakların hər birinin necə əldə edildiyindən asılı olmayaraq, Konstitusiya ilə qorunan meşələri, tarixi və arxeoloji məkanları özündə ehtiva edən torpaq sahəsinin bütövlüyü qorunmuş və hətta monarxların dövlət statusuna şamil olunan imtiyazlarla əlaqədar olaraq həmin sahənin dəyərliliyi artmışdı. Adi Yunanıstan vətəndaşlarının heç biri bu torpağı heç vaxt qanuni yolla əldə edə və başqasına ötürə bilməzdi.
53. Yuxarıda qeyd edilənlərin işığında Hökumət hesab etdi ki, mübahisələndirilən daşınmaz əmlaklar özəl mülkiyyət təşkil etməyib; müvafiq olaraq, onlar 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan "mülkiyyət" anlayışının əhatə dairəsinə düşmür.
54. Ərizəçilər buna cavab olaraq bildirdilər ki, onların iddia tələbinin predmeti olan mülkiyyətin heç vaxt kral ailəsinə məxsus olmadığı barədə Hökumətin yeni və qəribə arqumentinin istər tarixi fakt baxımından, istərsə də Yunanıstan qanunvericiliyi baxımından qətiyyən heç bir əsası yoxdur. Ərizəçilər vurğuladılar ki, Konvensiya orqanlarındakı icraatı nəzərə almasaq, bu arqument Yunanıstanın hər hansı hökuməti tərəfindən heç vaxt irəli sürülməyib. Kral ailəsinin ayrı-ayrı üzvlərinin özəl mülkiyyətə malik olması faktı birinci ərizəçinin ulu babası I Georq 1863-cü ildə kral seçildiyi zaman bərqərar edilmiş "krallıq demokratiyası" adlandırılan dövrdə Yunanıstanın hakimiyyət orqanları tərəfindən dəfələrlə təsdiq edilib. Bu həmçinin respublikanın yaradılmasından sonra da dəfələrlə etiraf edilib. Bu özəl mülkiyyətin kralın konstitusion statusu ilə əlaqədar olaraq kral ailəsinin ixtiyarında olan hər hansı mülkiyyətlərdən, məsələn, heç vaxt kral ailəsinin özəl mülkiyyəti sayılmayan Afinadakı kral sarayından fərqli olduğu həmişə təsdiq edilib. Mülkiyyətləri ilə əlaqədar tarixən onlara verilmiş imtiyazlara gəlincə, ərizəçilər hesab etdilər ki, bu imtiyazların kral ailəsinin özəl mülkiyyətinin statusu ilə heç bir əlaqəsi yoxdur. İstənilən halda, təxminən əlli il öncə təmir-bərpa işlərinə dövlət tərəfindən vəsait ödənilməsi əmlakın dövlətin mülkiyyətində olduğu və baxımsız qaldığı dövrdə həmin əmlaka dəymiş ziyanın etirafı idi. Vergilərdən azad olunmağa gəlincə, ərizəçilər Məhkəməni bu faktı nəzərə almağa çağırdılar ki, kral dövlət başçısı qismində rəsmi vəzifələrini icra edərkən bundan irəli gələn çox böyük miqdarda xərclərin hamısını ödəyib. Eləcə də 1949-cu ilədək kral dövlət başçısı qismində dövlət tərəfindən onun ixtiyarına verilmiş sarayların təmir və texniki qulluq xərclərini sivil siyahı (kral ailəsinin saxlanmasına büdcədən ayrılan vəsait) hesabına ödəməli olub.
55. Ərizəçilər daha sonra bildirdilər ki, özəl mülkiyyətin kral ailəsinə məxsus olması hətta 21 aprel 1967-ci ildən 24 iyul 1974-cü ilədək mövcud olmuş qeyri-konstitusion hərbi diktatura dövründə də açıq-aydın etiraf edilmişdi. 1968-ci il Konstitusiyasına keçmiş kralın və ailəsinin daşınar və daşınmaz əmlakdan məhrum edilməsinə və ya həmin əmlakların müsadirəsinə yönələn müstəsna qanunvericilik tədbirinin tətbiqini nəzərdə tutan müddəa (134-cü maddənin 3-cü bəndi) daxil edilmişdi. Daha sonra kral ailəsinin mülkiyyətinin müsadirə olunması üçün diktatura tərəfindən qanunvericilik fərmanı (№225/1973) qəbul edildi. Əgər kral mülkiyyəti həmişə dövlətə məxsus olsaydı bu tədbirlər heç bir məqsədə xidmət etməzdi. Diktatura tərəfindən müsadirə olunmuş əmlakın kral ailəsinə məxsus olması diktaturanın çökməsindən sonra 1974-cü il tarixli qanunvericilik fərmanı ilə etiraf edildi və həmin əmlak kral ailəsinin maraqları naminə xüsusi komitə tərəfindən idarə olundu. 1979-cu ildə daşınar əmlak kral ailəsinə təhvil verildi. Daşınar və daşınmaz əmlakın təhvil verilməsini tənzimləyən protokollar müvafiq dövlət orqanları və xüsusi komitə tərəfindən lazımi qaydada imzalandı. Prezidentli parlament respublikasının yaradılması ilə nəticələnmiş 8 dekabr 1974-cü il tarixli referendumun nəticəsi həmin əmlakın statusuna heç bir təsir göstərmədi. Sadəcə olaraq kral ailəsinin mülkiyyətinin statusu məsələsi referenduma çıxarılmamışdı. 1975-ci il Konstitusiyasının qüvvəyə minməsi də həmin mülkiyyətin statusuna heç bir təsir göstərmədi. Əgər təsir göstərsəydi, dövlət 1979-cu ildə daşınar əmlakı kral ailəsinə qaytarmaz və beləliklə onların qanuni mülkiyyət hüququnu tanımış olmazdı.
56. Bundan başqa, ərizəçilər vurğuladılar ki, 1974-cü ildən 1996-cı ilədək, yəni 1994-cü il qanunu qüvvəyə mindikdən sonra sözügedən əmlakla bağlı vergi bəyannamələri təqdim ediblər və vergi ödəyiblər. Onlar anlaya bilmirlər ki, torpaq vergisi onun mülkiyyətçisindən savayı başqası tərəfindən necə ödənilə bilərdi, yaxud hökumət həmin vergini başqasından vicdanla və lazımi qaydada necə tələb edə və ala bilərdi?
57. Bundan əlavə, 1992-ci ildə keçmiş kral və Yunanıstan dövləti 2086/1992 saylı qanunla təsdiqlənmiş saziş bağlamışdılar ki, həmin sazişə əsasən Tatoi mülkiyyətinin böyük bir hissəsi keçmiş kral tərəfindən Yunanıstan dövlətinə verilmiş və ictimai maraqlar naminə iki fonda hədiyyə edilmişdi. Bu saziş onun əsasında bağlanmışdı ki, sözügedən əmlakın mülkiyyətçisi kral idi; əks halda həmin sazişin heç bir mənası olmazdı. Müvafiq əmlakın kral ailəsinə məxsus olması hətta 2215/1994 saylı qanunda da təsdiqlənmişdi, onun preambulasında "Yunanıstanın devrilmiş kral ailəsinin əmlakının müsadirəsi ilə bağlı məsələlərin həlli" ifadəsi yer almışdı (kursiv ərizəçilər tərəfindən əlavə olunub). Bundan başqa, ərizəçilər vurğuladılar ki, 1974-cü il qanununda hərbi diktatura tərəfindən qəbul edilən, kral ailəsinin mülkiyyətinin müsadirəsini nəzərdə tutan 225/1973 saylı qanunvericilik fərmanına istinad edilib. Həmin fərmana istinad edilməsi kral ailəsinin heç vaxt özəl mülkiyyətinin olmadığı barədə Hökumətin arqumentinə tamamilə ziddir; əgər mülkiyyət əvvəlcədən dövlətə məxsus olsaydı, onun müsadirəsi barədə öncəki fərmana dövlətin istinad etməsinə ehtiyac olmazdı.
58. Ərizəçilər bu nəticəyə gəldilər ki, keçmiş kralın konstitusion funksiyası ilə onun mülkiyyətinin statusu arasında hər hansı əlaqə axtarmaq üçün Yunanıstan qanunvericiliyində heç bir əsas yoxdur. Yunanıstanın mülki hüququnda mülkiyyət hüququ ilə bağlı "sui generis" (özünəməxsusluq, müstəsnalıq) adlandırılan konsepsiya qəbul edilmir. Yunanıstan Mülki Məcəlləsinin 973-cü maddəsində Yunanıstanın qanunvericiliyi ilə tanınan mülkiyyət hüquqlarının anlayışı dəqiq müəyyənləşdirilir. Onlar sahiblikdən, servitutdan, borc öhdəliyi müqabilində girovdan və ipoteka girovundan ibarətdir (yuxarıda 48-ci bəndə bax).
59. Komissiya hesab etdi ki, 2215/1994 saylı qanun qüvvəyə minənədək sözügedən mülkiyyət ərizəçilərə məxsus olub.
2. Məhkəmənin qiymətləndirməsi
60. Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan "mülkiyyət" anlayışı müstəqil məna daşıyır və bu anlayışın daxili qanunvericilikdəki rəsmi təsnifatından asılı deyil (bax: Beyeler İtaliyaya qarşı, [BP], ərizə № 33202/96, 100-cü bənd, ECHR 2000-I). Araşdırılmalı məsələ ondan ibarətdir ki, bütövlükdə götürülməklə bu işin halları belə düşünməyə əsas verirmi ki, ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi-hüquqi marağı mövcuddur? Məhkəmə hesab edir ki, bu yanaşma onun aşağıdakı hüquqi və faktoloji məsələləri nəzərə almasını tələb edir.
61. Məhkəmə hər şeydən əvvəl Hökumətin ən azı dolayı şəkildə bildirdiyi bu mülahizə ilə razılaşmır ki, kral ailəsinin üzvləri ümumiyyətlə Yunanıstanda hər hansı özəl mülkiyyətə malik olmayıblar.
Məhkəmə qeyd edir ki, kral mülkiyyətinin ən azı bir hissəsini ərizəçilərin sələfləri satın alıblar və dəyərini şəxsi vəsaitlərindən ödəyiblər. Bundan başqa, bir çox hallarda kral mülkiyyəti, ilkin mənşəyindən asılı olmayaraq, sonradan Yunanıstan mülki hüququnun tələblərinə uyğun olaraq mülkiyyətçinin sağlığında (inter vivos) və ya ölümündən sonra (mortis causa) kral ailəsinin üzvlərinə, bəzi hallarda isə kral ailəsinin üzvləri ilə üçüncü tərəflərə keçib.
62. Bundan başqa, Məhkəmə bu faktı xüsusi olaraq nəzərə alır ki, 2215/1994 saylı qanun qüvvəyə minməzdən əvvəl Yunanıstan dövləti bəzi hallarda kral ailəsinin üzvləri ilə (onların arasında ərizəçilər də vardı) sözügedən əmlakların özəl mülkiyyətçiləri kimi davranıb. Məhkəmə buna misal olaraq aşağıdakı faktları qeyd edir.
- 1924-cü ildə monarxiya ləğv edildikdən sonra Yunanıstan dövləti Tatoi əmlakını müsadirə edib, sonradan həmin əmlak 1936-cı ildə kralın taxt-taca qayıtmasından sonra onun tam mülkiyyətinə və sahibliyinə qaytarılıb (yuxarıda 12-13-cü bəndlərə bax).
- 1923-cü ildə baş vermiş məcburi müsadirədən sonra 514/1937 saylı Fövqəladə qanunda aydın şəkildə nəzərdə tutulmuşdu ki, Mon Repos şahzadə Andreasın mülkiyyəti sayılmalı və onun tam mülkiyyətinə və sahibliyinə verilməlidir (yuxarıda 19-cu bəndə bax).
- Bu fakt şübhə altına alınmır ki, 1974-cü ildən 1996-cı ilədək ərizəçilər əmlakları ilə bağlı vergi bəyannamələri təqdim ediblər və vergi ödəyiblər (yuxarıda 36, 38, 41 və 56-cı bəndlərə bax).
- 1992-ci ildə keçmiş kralla Yunanıstan dövləti arasında məcburi qüvvəyə malik müqavilə bağlanıb və həmin müqaviləyə əsasən, digər məsələlərlə yanaşı, Tatoidəki 200030 kv. metrlik daşınmaz əmlak birinci ərizəçi tərəfindən Yunanıstan dövlətinə satılıb, Tatoidəki qalan əmlakın böyük bir hissəsi isə ictimai maraqlar naminə iki fonda hədiyyə edilib. 28 sentyabr 1992-ci ildə Yunanıstan parlamentinin Elmi tədqiqatlar şöbəsi bu müqaviləni təsdiqləyən qanun layihəsinə dair məruzə təqdim edib və məruzədə digər məsələlərlə yanaşı deyilirdi ki, 225/1973 saylı qanunvericilik fərmanı 72/1974 saylı qanunvericilik fərmanı ilə ləğv edilib və beləliklə mülkiyyət "özünün keçmiş mülkiyyətçisinə qayıdıb" (yuxarıda 38-39-cu bəndlərə bax).
63. Komissiya kimi Məhkəmə də bu fikirdədir ki, bütün bu hərəkətlər yalnız ərizəçilərin və onların sələflərinin sözügedən əmlakın mülkiyyətçisi olması əsasında həyata keçirilə bilərdi, belə ki, mübahisələndirilən əmlak heç vaxt kral ailəsinə mənsub olmasaydı və ya onun 1973-cü ildəki müsadirəsi qanuni olsaydı və nəticədə həmin əmlak artıq Yunanıstan dövlətinə məxsus olsaydı, sözügedən hərəkətlərin heç bir mənası olmazdı.
64. Nəhayət, kral mülkiyyətinə tətbiq edilən xüsusi normalara, məsələn, vergilərdən azad edilmə barədə normalara Hökumətin istinad etməsinə gəlincə, Məhkəmə özü-özlüyündə bu normaların həmin əmlakların özəl mülkiyyət xarakterini istisna etməsi üçün səbəb görmür. Məsələn, məlumdur ki, dövlət başçıları özəl mülkiyyətlərinə münasibətdə vergi güzəştlərindən istifadə edirlər. Eləcə də Yunanıstan dövləti kral mülkiyyətinin dövlət mülkiyyəti hesab edildiyini və bu qisimdə xərcləndiyini göstərən hər hansı sənəd, məsələn, dövlət əmlakı reyestrindən və ya "sivil siyahı" (kral ailəsinin saxlanmasına büdcədən ayrılan vəsait) adlandırılan siyahıdan çıxarış təqdim etməyib.
65. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə sözügedən mülkiyyətlərə Hökumətin yanaşmasında ziddiyyət olduğunu sezməyə bilməz. Müvafiq olaraq, Məhkəmə kral mülkiyyətinin bir çox cəhətdən xüsusi statusa malik olduğunu qəbul etsə də, Yunanıstan dövlətinin özünün dəfələrlə onunla özəl mülkiyyət kimi rəftar etməsi və onun statusunu tənzimləyən ümumi normalar toplusunu təqdim etməməsi Məhkəmənin həmin mülkiyyətin statusunun özünəməxsus (sui generis) xarakterli olması və bir növ ictimai xarakter daşıması və beləliklə heç vaxt keçmiş kralın ailəsinə mənsub olmaması qənaətinə gəlməsinə imkan vermir.
66. Buna görə də Məhkəmə bu fikirdədir ki, müvafiq mülkiyyətlər kral ailəsinin üzvü olan şəxs qismində deyil, adi fiziki şəxs qismində ərizəçilərə məxsus olub; müvafiq olaraq, mübahisələndirilən əmlaklar 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün "mülkiyyət" təşkil edir və həmin maddə bu işə tətbiq edilə bilər.
B. Ərizəçilərin əmlaklarının siyahısı
67. İndi isə Məhkəmə konkret olaraq hansı əmlakların ərizəçilərin əmlakı olduğunu nəzərdən keçirməlidir.
1. Tatoi əmlakı (ümumi sahəsi təxminən 41000000 kv. m.)
68. Hökumət iddia etdi ki, bu əmlakın üçdə bir hissəsindən çoxu, yəni Bafi meşəsi parlamentin 1877-ci il tarixli qanunu ilə kral I Georqa (birinci ərizəçinin ulu babasına) bağışlanıb. Aydın məsələdir ki, bu hədiyyənin ənənəvi əsasını (causa traditionis) və (və ya) qanuni əsasını (iusta causa) hüquqi varisin kral funksiyasını yerinə yetirməsi təşkil edirdi. Məhz bu səbəbdən 1924-cü ildə monarxiya ləğv edildikdən sonra Bafi torpaq sahəsi heç bir kompensasiya ödənilmədən qanun əsasında (ipso jure) dövlətə keçdi. Bundan əlavə, bu torpaq sahəsinin 3785000 kv. metri 1925-ci ildə evsiz qaçqınlara bağışlandı; 1935-ci ildə monarxiyanın bərpa edilməsindən sonra həmin sahə heç vaxt kral ailəsinə qaytarılmadı.
Bundan başqa, Hökumət qeyd etdi ki, 1992-ci ildə birinci ərizəçi Tatoidəki torpaq sahəsinin 90%-indən çoxunu qeyri-kommersiya fonduna ("Tatoi Milli Meşəsi" Fonduna) bağışlayıb. Sonradan bu fond Komissiyaya şikayət ərizəsi təqdim edib və hazırda o (ərizə № 39654/98), Məhkəmənin icraatındadır. Həqiqətən 2215/1994 saylı qanunla 1992-ci il müqaviləsi ləğv olunub, amma eyni zamanda 1994-cü il tarixli qanun qəbul edilib və ərizəçilər Tatoi əmlakının 10%-indən az hissəsi üzərində mülkiyyət hüquqları əldə ediblər.
69. Ərizəçilər iddia etdilər ki, Bafi meşəsi kral I Georqa bağışlanmayıb, onun tərəfindən satın alınıb. Bununla əlaqədar olaraq ərizəçilər Komissiyanın məruzəsindən sonra diqqətlərinə çatdırılan sənədlərə istinad etdilər, onlar göstərirdi ki, Yunanıstan hökuməti Bafi meşəsini kral I Georqa bağışlamaq niyyətini ifadə etsə də, sonuncu bu torpağı hədiyyə olaraq almaq istəməyib və onu hökumət tərəfindən təyin olunan qiymətlə almaq niyyətində israr edib. Belə olan halda kompromis əldə edilib, belə ki, Bafi meşəsinin kral I Georqa "verildiyi" (yəni "hədiyyə edilmədiyi") bildirilib. Bunun qarşılığında sonuncu Milli Bankda depozitə faizlə 60000 drahma (GRD) qoyub.
70. Məhkəmə qeyd edir ki, öncə Tatoi əmlakının bir hissəsi kral I Georqun özəl mülkiyyəti olaraq onun tərəfindən satın alınmışdı. Sonradan kral I Georqun Bafi meşəsi adı ilə tanınan torpaq sahəsini Yunanıstan dövlətindən əldə etməsi ilə həmin əmlaka yenisi əlavə olundu (yuxarıda 9-cu bəndə bax). Bu torpaqların əldə edilmə üsulu ilə bağlı tərəflər arasında fikir ayrılığının olmasına baxmayaraq, onlar üzərində mülkiyyət hüququ aşağıdakı qaydada müəyyən edilib: 1924-cü ildə Bafi meşəsi də daxil olmaqla Tatoi əmlakı Yunanıstan dövləti tərəfindən heç bir kompensasiya ödənilmədən məcburi qaydada müsadirə olunub. 1936-cı ildə monarxiyanın bərpa olunmasından sonra Tatoi əmlakı qanunla kral II Georqun mülkiyyətinə və sahibliyinə qaytarılıb. Bu yolla qaytarılmış əmlaka Bafi meşəsinin torpaq sahəsi də daxil idi, amma müsadirə zamanı evsiz qaçqınlara verilmiş 3785000 kv. metrlik sahə istisna təşkil edirdi. Buna görə də Məhkəmə bu fikirdədir ki, ərizəçilərin sələflərinin mülkiyyətinə heç vaxt qaytarılmayan bu sahə istisna olmaqla, qalan Tatoi torpaqları 1994-cü ildə müsadirə olunmuş mülkiyyətin bir hissəsini təşkil edib.
71. Bundan başqa, Məhkəmə Hökumətin iddia etdiyi bu fikirlə razılaşa bilməz ki, 1994-cü il qanunu qəbul edildiyi vaxt ərizəçilər Tatoi əmlakının 10%-indən az hissəsi üzərində mülkiyyət hüquqlarına malik idilər. Həqiqətən 1992-ci ildə bu əmlakın bir hissəsi birinci ərizəçi tərəfindən ictimai maraqlar naminə iki fonda hədiyyə edilib, 200030 kv. metrlik sahə isə Yunanıstan dövlətinə satılıb. Lakin 2215/1994 saylı qanunla 1992-ci il müqaviləsi ləğv edilib və həmin müqavilə əsasında edilmiş hərəkətlər etibarsız və hüquqi qüvvəsiz elan olunub (yuxarıda 41-ci bəndə bax). 1992-ci il müqaviləsinin sonradan qəbul edilmiş qanunla ləğv edilməsinə baxmayaraq onun hüquqi nəticələrinin hələ də etibarlı olduğunu və nəzərə alınmalı olduğunu düşünmək təkcə özü-özlüyündə ziddiyyətli fikir deyil, həm də lex posterior derogat anteriori ("sonrakı qanun əvvəlkindən üstün sayılır") prinsipinə ziddir.
72. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, 2215/1994 saylı qanun qüvvəyə minənə qədər Tatoi əmlakı, 1924-cü ildə müsadirə olunmuş və qaçqınlara verilmiş 3785000 kv. metrlik sahə istisna olmaqla, birinci ərizəçiyə məxsus olub.
2. Polidendri əmlakı (ümumi sahəsi təxminən 33600000 kv. m.)
73. Məhkəmə qeyd edir ki, Hökumət Polidendri əmlakının hər hansı cəhətdən Tatoi və Mon Repos əmlakları ilə müqayisə oluna bilən xüsusi statusa malik olduğunu iddia etməyib. Bu əmlakla bağlı mülkiyyət hüquqlarına dair ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin düzgün olmadığını güman etmək üçün heç bir sübut yoxdur (yuxarıda 15-ci bəndə bax). Buna görə də Məhkəmə hesab edir ki, 2215/1994 saylı qanun qüvvəyə minənə qədər Polidendri əmlakı üç ərizəçiyə məxsus olub.
3. Mon Repos əmlakı (ümumi sahəsi təxminən 238000 kv. m.)
74. Hökumət bildirdi ki, bu əmlakdan istifadə hüququ dövlət başçısı qismində kral I Georqa verilmişdi və onun krallıq funksiyası bu əmlakdan istifadənin yeganə ənənəvi əsasını (causa traditionis) təşkil edirdi. Hətta fərz etsək ki, Mon Repos əmlakının onlara bağışlanması əsasında keçmiş kral ailəsi bu əmlak üzərində mülkiyyət hüquqları əldə etmişdi, onun 1864-cü və 1937-ci illərdə kral ailəsinə ötürülməsi yalnız belə bir dolayı, amma aydın şərt ilə şərtlənirdi ki, bu ötürmə hüquqi varislərin öz funksiyalarını yerinə yetirməkdə davam edəcəkləri təqdirdə hüquqi cəhətdən etibarlı ola bilər.
Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçilər Mon Repos əmlakı üzərində mülkiyyət hüququnu sahibliklə əlaqədar iddia müddəti bitdikdən sonra mülkiyyət hüququnun əldə edilməsi əsasında əldə edə bilməzdilər, çünki 9 sentyabr 1915-ci ildən etibarən Yunanıstan qanunvericiliyi sahibliklə əlaqədar iddia müddəti bitdikdən sonra mülkiyyət hüququnun əldə edilməsini dövlət mülkiyyətinin əldə edilməsi üsulu qismində açıq-aydın istisna etmişdi.
75. Ərizəçilər iddia etdilər ki, bu mülkiyyət heç vaxt Yunanıstan dövlətinə məxsus olmayıb. O, İoniya adalarının Yunanıstana birləşdirilməsinə verdiyi töhfəyə görə minnətdarlıq əlaməti olaraq 1864-cü ildə Korfu adasının əyalət şurası tərəfindən kral I Georqa hədiyyə edilib. Bu hədiyyə 7870/1887 saylı aktla açıq-aydın təsdiqlənib. Bu mülkiyyət kral I Georqun və sonradan kral II Georqun fiziki şəxs qismində satın aldıqları əmlaklara əlavə olunub.
76. Məhkəmə qəbul edir ki, Mon Repos üzərində ilkin mülkiyyət hüququ bağışlama əsasında yaranıb və həmin bağışlama yolu ilə Korfu adasının əyalət şurası sözügedən əmlakın birinci hissəsini təşkil edən əmlakdan istifadə hüququnu Kral I Georqa verib. Bununla belə, Məhkəmə qeyd edir ki, Yunanıstan mülki hüququnun adi normalarına əsasən, mülkiyyət hüquqları müxtəlif üsullarla, məsələn, əvvəlki mülkiyyətçi tərəfindən mülkiyyət hüququnun ötürülməsi yolu ilə əldə edilə bilər və bağışlama, şübhəsiz ki, mülkiyyət hüquqlarının ötürülməsinin və əldə edilməsinin etibarlı üsullarından biridir. Bundan başqa, Məhkəmə hesab edir ki, Hökumət kral I Georqun dövlət başçısı səlahiyyətinin onun Mon Reposdan istifadə etməsinin yeganə ənənəvi əsasını (causa traditionis) təşkil etdiyi barədə arqumentini əsaslandıra bilməyib. Bundan əlavə, Məhkəmə qeyd edir ki, sonradan həmin əmlak üçüncü şəxslərə məxsus olan torpaq sahələrinin ardıcıl olaraq alınması yolu ilə genişləndirilib və belə görünür ki, bununla bağlı müvafiq əqdlərdə dövlətin iştirakı olmayıb. 1937-ci ildə daşınmaz əmlak üzərində tam mülkiyyət və sahiblik hüququ qanunla şahzadə Andreasa keçib. Bu hüququn ardıcıl olaraq ötürülməsindən sonra birinci ərizəçi atasının vəsiyyətnaməsinə uyğun olaraq Mon Repos üzərində tam mülkiyyət hüququ əldə edib (yuxarıda 20-ci bəndə bax).
77. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, 2215/1994 saylı qanun qüvvəyə minənə qədər Mon Repos əmlakı birinci ərizəçiyə məxsus olub.
C. 1 saylı Protokolun 1-ci maddəsinə uyğunluq
1. Mülkiyyət hüququna müdaxilə baş vermişdimi?
78. 2215/1994 saylı qanun qüvvəyə minənə qədər sözügedən əmlakların ərizəçilərə məxsus olduğunu qəbul edərək, Məhkəmə də Komissiya kimi hesab edir ki, 1994-cü ildə ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə hüququna müdaxilə baş verib və bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulan mənada mülkiyyətdən "məhrum edilməyə" bərabərdir.
Buna görə də Məhkəmə bu məsələni araşdırmalıdır ki, barəsində şikayət edilən müdaxiləyə həmin maddə əsasında haqq qazandırmaq olarmı?
2. Müdaxilə "qanunla nəzərdə tutulmuşdumu"?
79. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadəyə dövlət orqanı tərəfindən hər hansı müdaxilə qanuni olmalıdır: maddənin birinci abzasının ikinci cümləsi mülkiyyətdən məhrum edilməyə yalnız "qanunla nəzərdə tutulmuş şərtlərlə" icazə verir, ikinci abzasında isə təsdiq edilir ki, dövlətlər "qanunlar" qəbul etməklə mülkiyyətdən istifadəyə nəzarət etmək hüququna malikdirlər. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir (bax: Amyur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Reports of Judgments and Decisions 1996-III, səh. 850-851, 50-ci bənd).
80. Hökumət bildirdi ki, həm 225/1973 saylı qanunvericilik fərmanı, həm də 2215/1994 saylı qanun 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada "qanunlar" idi, belə ki, onlar yetərincə əlçatan idi və məzmunları kifayət qədər dəqiq idi. Onlardan birincisi demokratiya bərpa olunduqdan sonra qüvvədə saxlanılıb, ikincisi isə parlamentdə açıq və demokratik müzakirələrdən sonra səsvermə yolu ilə qəbul edilib. Şübhəsiz ki, hər iki qanun fərdi xarakterə malik idi. Amma bu işin halların unikaldır: son dövrlərin respublikasında yalnız bir kral ailəsi vardı. Bu ailənin vəziyyəti hər hansı digər ailə ilə müqayisə oluna bilən vəziyyət deyildi. Onun mülkiyyəti ilə bağlı qanunvericilik öz mahiyyətinə görə təkcə həmin ailəyə aid idi; amma bu hal həmin qanunvericiliyin normalarını qanunilikdən məhrum etmir.
81. Ərizəçilər iddia etdilər ki, 2215/1994 saylı qanun retrospektiv qaydada (geriyə şamil olunmaqla) onların mülkiyyətdən məhrum edilməsinə icazə versə də, "qanun" anlayışının mühüm tələbinə cavab vermirdi, belə ki, o təkcə özbaşınalıq, cəzalandırma və ayrı-seçkilik xarakteri daşımırdı, həm də mülkiyyətdən məhrumetmənin ictimai maraqlara uyğun olmasını və tam həcmdə kompensasiya ödənilməsini tələb edən Yunanıstan Konstitusiyanın 17-ci maddəsini pozurdu. 225/1973 saylı qanunvericilik fərmanına gəlincə, ərizəçilər bildirdilər ki, o, hərbi diktatura tərəfindən əmlakın qanunsuz müsadirə olunması aktına bərabər idi və istənilən halda 1994-cü ildə onların mülkiyyətinin müsadirə olunmasına onun qətiyyən aidiyyəti yox idi.
82. Komissiya kimi Məhkəmə də hesab edir ki, 2215/1994 saylı qanun şikayət edilən müdaxilə üçün yeganə hüquqi əsas təşkil edir. Məhkəmə qeyd edir ki, müdaxilənin əsaslandığı qanun iştirakçı dövlətin daxili qanunvericiliyinə, o cümlədən Konstitusiyanın müvafiq normalarına uyğun olmalıdır. Həqiqətən hazırkı işdə ərizəçilər bu qanunun Konstitusiyaya uyğunluğunu daxili məhkəmələrdəki və Konvensiya orqanlarındakı icraatda şübhə altına alıblar və iddia ediblər ki, mübahisələndirilən müddəalar Konstitusiyaya ziddir və barəsində şikayət etdikləri mülkiyyətdən məhrumetmə üçün etibarlı hüquqi əsas təşkil etmir. Lakin 2215/1994 saylı qanunun Konstitusiyaya uyğun olmadığı barədə ərizəçilərin şikayətlərinə Xüsusi Ali Məhkəmə tərəfindən baxılıb və həmin şikayət onun 25 iyun 1997-ci il qərarı ilə rədd edilib (yuxarıda 46-cı bəndə bax). Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyi şərh və tətbiq etmək və onların Konstitusiyaya uyğunluğu məsələsinə dair qərar vermək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir. Xüsusi Ali Məhkəmənin qərarını nəzərə alaraq, Məhkəmə 2215/1994 saylı qanunu Konstitusiyaya zidd hesab edə bilməz. Yekun olaraq, mülkiyyətdən məhrumetmə, 1 saylı Protokolun 1-ci maddəsinin tələb etdiyi kimi, qanunla nəzərə tutulmuşdu.
3. Müdaxilə "cəmiyyətin maraqları naminə" həyata keçirilmişdimi?
83. İndi isə Məhkəmə onu müəyyənləşdirməlidir ki, mülkiyyətdən məhrumetmə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci normasında nəzərdə tutulan mənada "cəmiyyətin maraqları naminə" həyata keçirilməklə qanuni məqsəd daşıyırdımı?
84. Hökumət bildirdi ki, 1994-cü il qanunu, dövlətin mübahisələndirilən üç daşınmaz əmlakın ərazisində meşələri və arxeoloji məkanları müdafiə etməyə yönələn qanuni marağından əlavə, həm də ölkənin konstitusiya ilə müəyyən edilmiş respublika quruluşunu qorumağa yönələn mühüm ictimai maraqla əlaqədar idi. Tarix göstərir ki, monarxiyanın ləğv olunduğu bütün Avropa ölkələrində, Portuqaliya kralı II Manuelin özəl mülkiyyəti istisna olmaqla, bütün keçmiş monarxların və ya imperatorların özəl mülkiyyətləri kompensasiya olunmadan və ya tam həcmdə kompensasiya olunmaqla bu və ya digər formada müsadirə olunub. Bundan başqa, barəsində ərizəçilərin şikayət etdikləri bu qanunun yalnız 1994-cü ildə qəbul edilməsinin səbəbi sadəcə olaraq mürəkkəb hüquqi və siyasi məsələlərin həllinin uzun vaxt aparmasından ibarət idi.
85. Ərizəçilər iddia etdilər ki, mülkiyyətlərinin müsadirə edilməsi hər hansı milli iqtisadi və ya sosial proqramın tərkib hissəsi deyildi və 1994-cü il qanununun özündə bunun nə üçün zəruri olduğu izah edilmirdi. Konkret olaraq, mülkiyyətlərinin müsadirəsinin sözügedən üç daşınmaz əmlakın ərazisindəki meşələri və arxeoloji məkanları qorumaq zərurətindən qaynaqlandığı barədə iddiaya gəlincə, ərizəçilər iddia etdilər ki, müvafiq meşələr və arxeoloji məkanlar kral ailəsinin mülkiyyətində olduğu bütün müddət ərzində onlara necə qulluq edilməsi ilə bağlı heç bir şikayət edilməyib; və ərizəçilərin fikrincə Hökumətin bu arqumenti qətiyyən inandırıcı deyil. Bundan başqa, onlar hesab etdilər ki, Hökumət keçmiş monarxın özəl mülkiyyətinin müsadirə olunmasının cəmiyyətin maraqlarına necə xidmət etdiyini izah etməyib. Keçmiş monarxın və ailəsinin özəl mülkiyyəti mahiyyət etibarı ilə onun dövlət başçısı qismində rolu ilə əlaqəli deyildi və monarxiyadan respublika quruluşuna konstitusion keçid ilə heç bir əlaqəsi yox idi. İstənilən halda, bu keçid 1975-ci ildə, 2215/1994 saylı qanunun qüvvəyə minməsindən az qala iyirmi il öncə baş vermişdi. Ərizəçilər vurğuladılar ki, keçmiş kral bir neçə dəfə rəsmən Yunanıstan Respublikasını tanımışdı və ona hər hansı şəkildə təhlükə təşkil etmirdi. Bundan başqa, 1994-cü il qanunu qüvvəyə mindiyi vaxt ərizəçilərin mülkiyyəti ilə və hər hansı digər məsələlərlə bağlı ərizəçilərlə Yunanıstan dövləti arasında heç bir mübahisə olmamışdı.
Bütün bu yuxarıda qeyd edilənlərin işığında ərizəçilər hesab etdilər ki, Hökumət onların mülkiyyətinin müsadirəsinə haqq qazandıran hər hansı inandırıcı və ya yetərli əsas gətirə bilməyib və həmin müsadirə cəmiyyətin maraqlarına xidmət etməyə yönələn həqiqi istəkdən daha çox, siyasi və şəxsi antipatiyadan qaynaqlanıb.
86. Komissiya hesab etdi ki, keçmiş kral ailəsinin mülkiyyəti ilə bağlı mübahisələrin həlli üçün siyasi zərurətin mövcud olduğu barədə Yunanıstan dövlətinin rəyi açıq-aydın əsassız sayıla bilməz.
87. Məhkəmə bu fikirdədir ki, öz cəmiyyəti və onun ehtiyacları barədə birbaşa məlumatlı olmaları səbəbindən milli hakimiyyət orqanları "cəmiyyəti maraqlarının" qiymətləndirilməsində prinsipcə beynəlxalq hakimə nisbətən daha əlverişli vəziyyətdədirlər. Konvensiyanın bərqərar etdiyi müdafiə sisteminə əsasən, mülkiyyətdən məhrumetmə tədbirlərinə haqq qazandıran ictimai əhəmiyyətli problemin mövcudluğunu ilkin olaraq qiymətləndirmək milli hakimiyyət orqanlarının üzərinə düşür. Müvafiq olaraq, Konvensiyada müəyyən edilmiş müdafiənin şamil olunduğu digər sahələr kimi bu sahədə də milli hakimiyyət orqanları müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər.
Bundan başqa, "cəmiyyətin maraqları" anlayışı labüd surətdə geniş anlayışdır. Konkret olaraq, mülkiyyətin müsadirəsi haqqında qanunun qəbulu barədə qərar adətən siyasi, iqtisadi və sosial məsələlərin nəzərdən keçirilməsini özündə ehtiva edir. Məhkəmə sosial və iqtisadi siyasətin həyata keçirilməsi sahəsində qanunverici orqanın malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarının geniş olmasını təbii hesab edir və "cəmiyyətin maraqlarına" məhz nəyin xidmət etdiyi barədə qanunverici orqanın rəyinə hörmətlə yanaşır, bu şərtlə ki, həmin rəyin açıq-aydın məntiqi əsası olmalıdır (bax: Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, № 98, səh. 32, 46-cı bənd). Eyni sözlər ölkənin konstitusiya quruluşundakı bu cür fundamental dəyişikliklərə də labüd surətdə və bəlkə də ilk növbədə aiddir.
88. Məhkəmə qeyd edir ki, meşələri və arxeoloji məkanları qorumaq zərurəti barədə Hökumətin arqumentini dəstəkləyən heç bir sübut yoxdur. Digər tərəfdən, şübhə yoxdur ki, respublika quruluşu üçün zərərli hesab etdiyi məsələni Yunanıstan dövlətinin həll etməsi zəruri idi. Monarxiyadan respublika quruluşuna konstitusion keçidin 1975-ci ildə, yəni barəsində şikayət edilən qanunun qüvvəyə minməsindən az qala iyirmi ildən sonra baş verməsi faktı görülmüş tədbirlərin səbəbləri ilə bağlı müəyyən şübhə yarada bilər, amma bu, ümumən 2215/1994 saylı qanunun "cəmiyyətin maraqlarına" xidmət etməyə yönələn məqsədinin qanuni olmadığını iddia etmək üçün yetərli deyil.
4. Müdaxilənin mütənasibliyi
89. Mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə edilərkən cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunmasının tələbləri arasında balansı gözləmək lazımdır (digər qərarlar arasında bax: Sporronq və Lönnrot İsveçə qarşı, 23 sentyabr 1982-ci il tarixli qərar, A seriyaları, № 52, səh. 26, 69-cu bənd). Bu balansa nail olma məsələsi 1 saylı Protokolun 1-ci maddəsinin bütün mətninin və deməli həm də ikinci cümləsinin quruluşunda öz əksini tapıb, belə ki, həmin cümlə birinci cümlədə bəyan edilən ümumi prinsipin işığında şərh olunmalıdır. Konkret olaraq, şəxsi onun mülkiyyətindən məhrum edən istənilən tədbir zamanı istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi mövcud olmalıdır (bax: Pressos Compania Naviera S.A. və başqaları Belçikaya qarşı, 20 noyabr 1995-ci il tarixli qərar, A seriyaları, № 332, səh. 23, 38-ci bənd).
Barəsində etiraz edilən tədbirin tələb olunan ədalətli balansa uyğun olub-olmadığının və xüsusən ərizəçilərin üzərinə qeyri-mütənasib dərəcədə ağır yük qoyub-qoymadığının qiymətləndirilməsində müvafiq qanunvericilikdə nəzərdə tutulmuş kompensasiya şərtləri mühüm əhəmiyyət daşıyır. Bununla əlaqədar olaraq Məhkəmə artıq müəyyən edib ki, əmlakın dəyərinə ağlabatan dərəcədə uyğun olan məbləği ödəmədən onun müsadirə olunması adətən mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir, ümumiyyətlə heç bir kompensasiyanın ödənilməməsinə isə yalnız müstəsna hallarda 1 saylı Protokolun 1-ci maddəsi əsasında haqq qazandırmaq olar (bax: Müqəddəs monastırlar Yunanıstana qarşı, 9 dekabr 1994-cü il tarixli qərar, A seriyaları, № 301-A, səh. 35, 71-ci bənd).
90. Hazırkı işdə 2215/1994 saylı qanunda heç bir kompensasiya nəzərdə tutulmamışdı. Nəzərdən keçirilən müdaxilənin qanunilik tələbinə cavab verməsi və əsassız olmaması faktının artıq müəyyən edilməsini nəzərə alsaq, kompensasiyanın verilməməsi ərizəçilərin mülkiyyətinin müsadirəsini qanunsuz hala gətirmir (əks qərar üçün bax: Papamixalopulos və başqaları Yunanıstana qarşı (50-ci maddə), 31 oktyabr 1995-ci il tarixli qərar, A seriyaları, № 330-B, 59-60-cı bəndlər, 36-cı bənd). Beləliklə, indi bu məsələni araşdırmaq qalır ki, mülkiyyətlərinin qanuni müsadirəsi kontekstində ərizəçilərin üzərinə qeyri-mütənasib və həddən artıq ağır yük qoyulubmu?
91. Hökumət bildirdi ki, ədalətli balansa və mütənasibliyə riayət edilməsini qiymətləndirərkən Məhkəmə iştirakçı dövlətə geniş qiymətləndirmə sərbəstliyi verməlidir. Bunun səbəbi ondan ibarətdir ki, 1 saylı Protokolun 1-ci maddəsində "zərurilik" tələbi yoxdur və bu sahəyə aid qərarlar adətən siyasi, iqtisadi və sosial məsələlərin qiymətləndirilməsini özündə ehtiva edir, həmin məsələlər barəsində demokratik cəmiyyətdəki rəylər isə həqiqətən və əsaslı olaraq xeyli dərəcədə fərqlənə bilər. Keçmiş kral ailəsi, bu işdə olduğu kimi, müvafiq əmlaklara özünün kral statusu əsasında sahib olubsa, o halda dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları xüsusilə geniş olur. Demokratik qanunverici orqan məsələnin konstitusion yolla nizamlanmasının tərkib hissəsi qismində belə düşünmək hüququna malikdir ki, keçmiş kral ailəsinin kral funksiyaları ilə əlaqədar olaraq əldə etdikləri əmlaka görə kompensasiya (xüsusən də tam kompensasiya) tələb etmək hüququ yoxdur. Başqa sözlə, müstəsna hallar, məsələn, mülkiyyətin əldə edilmə və istifadə üsulu, keçmişdə sabiq kral ailəsinə verilmiş imtiyazlar, kral əmlakının vergilərdən azad olunması və həmin əmlaka Yunanıstan dövlətinin xərcləri hesabına qulluq edilməsi heç bir kompensasiyanın ödənilməməsinə haqq qazandırır.
92. İstənilən halda, Hökumət qeyd etdi ki, 2215/1994 saylı qanun keçmiş kral ailəsinin 1974-cü ildən bəri Yunanıstan dövlətinə ödəməli olduğu bütün vergilərin silinməsini nəzərdə tutmaqla kompensasiya məsələsini dolayısı ilə həll etmişdi. Bu yolla keçmiş kral ailəsi iri həcmdə vergi borclarını ödəməkdən azad edilmişdi. Bundan başqa, 1994-cü il qanununu qüvvədə saxlamış 225/1973 saylı qanunvericilik fərmanında 120000000 GRD-yə bərabər olan maddi kompensasiya da nəzərdə tutulmuşdu. Bu məbləğ ərizəçilərin ixtiyarına verilmiş, amma heç vaxt onlar tərəfindən tələb olunmamışdı, bunun səbəbi isə, şübhəsiz ki, onların taxt-tacda qalmaq istəyi ilə əlaqədar olan siyasi səbəblər idi.
93. Nəhayət, Hökumət bildirdi ki, mübahisələndirilən əmlakın kommersiya dəyəri əhəmiyyətli dərəcədə azalmışdı. Həm Tatoi, həm də Polidendri əmlakı meşə torpaqları idi, buna görə də onlara xüsusi müdafiə statusu şamil olunurdu: onların istifadəsinin təyinatı dəyişdirilə bilməzdi və bu ərazilər həmişə meşə kimi qalmalı idilər; onlar kiçik torpaq sahələrinə bölünə bilməzdi; onların istismarı dövlətin nəzarət altında idi. Müvafiq olaraq, onlara alıcı marağı yox idi və onların real kommersiya dəyəri cüzi idi. Bundan başqa, onlara qulluq edilməsinin, onların mühafizəsinin və idarə olunmasının yüksək xərcləri ilə əlaqədar olaraq onların istismarına qoyulan məhdudiyyətlər onların real bazar dəyərini aşağı salmışdı. Onların kommersiya dəyərini əlavə olaraq bu fakt da aşağı salmışdı ki, burada arxeoloji məkanlar vardı və onlar fiziki şəxs olan vətəndaşlar tərəfindən kommersiya qaydasında istismar oluna bilməzdi. Bununla əlaqədar olaraq Hökumət vurğuladı ki, Mon Repos əmlakının daxilində geniş arxeoloji məkan – Paleopolis yerləşirdi və təxminlərə görə antik feakların paytaxtı idi. Bu səbəbdən Mədəniyyət Nazirliyi artıq bu əmlakın 23 hektar ərazisini qorunan ərazi kimi müəyyən etmişdi.
94. Ərizəçilər bildirdilər ki, heç bir kompensasiya ödənilmədən mülkiyyətlərinin müsadirə olunması tamamilə qeyri-mütənasib tədbir idi. Onlar hesab etdilər ki, hüquqi prinsipə və məntiqə görə, mülkiyyətin əldə edilmə üsulunun onun müsadirəsinə görə ödənilməli olan kompensasiyanın tələb olunan mütənasiblik dərəcəsinə heç bir aidiyyəti yoxdur. Şəxsin müəyyən mülkiyyəti hədiyyə və ya miras olaraq əldə etməsi o demək deyil ki, həmin mülkiyyət onun sahibi üçün heç bir dəyər kəsb etmir və onu kompensasiya ödəmədən müsadirə etmək olar. Mütənasiblik prinsipi mülkiyyətçiyə, onun (və ya sələflərinin) müsadirə olunan əmlakı hansı yolla əldə etməsindən asılı olmayaraq, itirdiklərinə görə ədalətli kompensasiya ödənilməsini tələb edirdi.
95. Bundan başqa, onlar bildirdilər ki, keçmişdə sabiq kralın dövlət başçısı vəzifəsi ilə əlaqədar olaraq sabiq krala və ailəsinə verilmiş hər hansı imtiyazların və ya kral ailəsinin vergilərdən azad olunmasının onların özəl mülkiyyətinin özbaşına müsadirəsinin mütənasibliyi məsələsinə aidiyyəti yox idi. Eyni sözlər xüsusən ərizəçilərin sələflərinə verilən, amma ərizəçilərə verilməyən imtiyazlara və vergi güzəştlərinə də aiddir; bundan başqa, 1974-cü ildən bəri ərizəçilər heç bir vergi imtiyazına malik deyildilər. İstənilən halda, bu hal kreditorla borclu arasında qarşılıqlı iddia tələblərinin olduğu hal deyildi, belə ki, sonuncu halda kreditor borclunun tələblərinin qarşılığında öz tələblərini tamamilə geri götürə və ya azalda bilər. Hökumət Yunanıstan Konstitusiyasına və Konvensiyaya əsasən ərizəçilərin mülkiyyətinin dəyərini kompensasiya etməyə borclu idi. Onların qarşılıqlı və ya müştərək borcları yox idi ki, bir-birinin qarşılığında həmin borcları silmək olsun.
96. Nəhayət, ərizəçilər Hökumətin bu arqumentini şübhə altına aldılar ki, mübahisələndirilən əmlakların kommersiya dəyəri çox az idi.
97. Komissiya bu nəticəyə gəldi ki, 2215/1994 saylı qanun nəzərdən keçirilən müxtəlif maraqlar arasında 1 saylı Protokolun 1-ci maddəsinin tələb etdiyi ədalətli balansı təmin etmirdi.
98. Məhkəmə hesab edir ki, Hökumət Yunanıstanın hakimiyyət orqanlarının ərizəçilərə mülkiyyətlərinin müsadirəsinə görə nə üçün heç bir kompensasiya ödəmədiklərinə dair inandırıcı izahat təqdim edə bilməyib. Məhkəmə qəbul edir ki, Yunanıstan dövləti kompensasiya ödənilməməsinə haqq qazandıran müstəsna halların mövcud olduğunu vicdanlı şəkildə düşünə bilərdi, amma bu qiymətləndirməni obyektiv şəkildə əsaslandırmayıb.
Məhkəmə ilk növbədə qeyd edir ki, ən azı müsadirə olunmuş əmlakın bir hissəsini ərizəçilərin sələfləri satın almış və onların dəyərini öz vəsaitlərindən ödəmişdilər. Bundan başqa, 1973-cü ildə sonuncu dəfə mülkiyyət müsadirə olunarkən kompensasiya ödənilmişdi. Buna görə də Məhkəmə hesab edir ki, əmlaklarının müsadirə olunmasına görə Yunanıstanın qanunvericilik orqanının kompensasiya təyin etməsinə ümid etmək üçün ərizəçilərin qanuni əsasları vardı.
Bundan əlavə, kompensasiya məsələsinin dolayısı ilə həll olunduğu barədə Hökumətin arqumentinə gəlincə, Məhkəmə ilk növbədə qeyd edir ki, 225/1973 saylı qanunvericilik fərmanında nəzərdə tutulmuş kompensasiyanın hazırkı işə aidiyyəti yoxdur və barəsində ərizəçilərin şikayət etdikləri müdaxilə üçün yeganə hüquqi əsas 2215/1994 saylı qanundur. Eləcə də Hökumətin qeyd etdiyi hallar kompensasiyanın ödənişi sayıla bilməz. Bu baxımdan Məhkəmə ərizəçilərin bu arqumenti ilə razılaşır ki, sözügedən müsadirə kontekstində bir-birinin qarşılığında silinə biləcək qarşılıqlı və ya müştərək borclar yox idi. Keçmişdə sabiq krala və ailəsinə imtiyazlar və ya vergi güzəştləri verilməsinin və sabiq kral ailəsinin bütün vergi borclarının silinməsinin mütənasiblik məsələsinə birbaşa aidiyyəti yoxdur, amma onlar ərizəçilərin Konvensiyanın 41-ci maddəsinə əsaslanan ədalətli kompensasiya tələblərinin dəqiq qiymətləndirilməsi üçün nəzərə alına bilər.
99. Beləliklə, Məhkəmə bu fikirdədir ki, mülkiyyətlərindən məhrum edilmələrinə görə ərizəçilərə heç bir kompensasiya verilməməsi mülkiyyətin müdafiəsi tələbi ilə ictimai maraqların müdafiəsi tələbi arasındakı balansı ərizəçilərin zərərinə olaraq pozub.
Müvafiq olaraq, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib.
II. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
100. Ərizəçilər şikayət etdilər ki, 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarından istifadə etmək məsələsində ayrı-seçkiliyin qurbanı olublar ki, bu da Konvensiyanın 14-cü maddəsinin pozuntusudur. Konvensiyanın 14-cü maddəsində deyilir:
"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır".
101. Ərizəçilər bildirdilər ki, 2215/1994 saylı qanun bir konkret ailəyə qarşı yönələn unikal tədbir idi. Qanunun özündə onun qəbul edilməsinin səbəbi izah edilməmişdi, amma aydın idi ki, onun qəbulu ərizəçilərin kral ailəsinin üzvü statusunu daşımaları ilə əlaqədar olaraq ərizəçilərə qarşı şəxsi və siyasi antipatiyadan qaynaqlanır. Onlar hesab etdilər ki, qisasçı və cəzalandırıcı məqsədlər üçün mənfi münasibətin hədəfi kimi seçiliblər və bu fərqli rəftarın heç bir obyektiv və ağlabatan əsası yoxdur.
102. Hökumət bildirdi ki, 2215/1994 saylı qanun ona görə yalnız keçmiş kral ailəsinə ünvanlanmışdı ki, bununla müqayisə oluna bilən situasiyada heç bir başqa şəxs bu cür imtiyaz və güzəştlərə malik olmamışdı və monarxiya ləğv olunarkən və demokratiya bərpa edilərkən həmin imtiyaz və güzəştlərə yenidən baxılması tələb olunurdu.
103. Ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə hüququnun pozulduğunun artıq müəyyən edildiyini nəzərə alaraq (yuxarıda 99-cu bəndə bax), Məhkəmə də Komissiya kimi 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozulduğu barədə ərizəçilərin iddiasına baxmağı zəruri hesab etmir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
104. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
105. Ərizəçilər əsas tələbləri ilə əlaqədar olaraq 2215/1994 saylı qanunun ləğv olunmasını və mübahisələndirilən əmlakların onlara qaytarılmasını, habelə mənəvi ziyanın və hüquqlarını müdafiə edərkən çəkdikləri xərclərin və itkilərinin kompensasiyasını istədilər. Onlar bildirdilər ki, əmlakları geri qaytarılmayacağı təqdirdə onlar həmin əmlakların hazırkı bazar dəyərindən aşağı qiymətlə kompensasiya olunması üçün heç bir əsas görmürlər.
Ərizəçilər konkret olaraq daşınmaz əmlaklarına görə 165562391740 GRD, üstəgəl şəxsi daşınar əmlaklarına görə (mebel, şəkillər, kitablar və s.) 3416330 funt sterlinq tələb etdilər. Bundan başqa onlar mənəvi ziyanın kompensasiyası üçün 100000 funt sterlinq tələb etdilər və həmin məbləği 1999-cu ilin sentyabrında Afinada baş vermiş zəlzələdən zərər çəkənlərə vermək üçün istədiklərini bildirdilər. Nəhayət, onlar Avropa Məhkəməsində dinləmənin keçirildiyi tarixədək milli məhkəmələrdəki və Konvensiya orqanlarındakı icraata çəkdikləri məhkəmə xərclərinin və digər məsrəflərin kompensasiyası üçün 644502,42 funt sterlinq tələb etdilər.
106. Hökumət bildirdi ki, Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən edərsə, tərəflərin ədalətli kompensasiya ilə bağlı əlavə qeydlərini təqdim etmələrinə imkan yaratmaq zəruri olacaq.
107. Məhkəmə hesab edir ki, 41-ci maddənin tətbiqi məsələsi baxılmaq üçün hazır deyil. Müvafiq olaraq, bu məsələ təxirə salınır və Hökumətlə ərizəçilər arasında əldə edilə biləcək hər hansı razılaşma nəzərə alınmaqla növbəti prosedur müəyyənləşdiriləcək (Məhkəmə Reqlamentinin 75-ci Qaydasının 1-ci bəndi).
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. İki səsə qarşı on beş səslə qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulub;
2. Yekdilliklə qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi üzrə ərizəçilərin şikayətini araşdırmağa ehtiyac yoxdur;
3. Yekdilliklə qərara alır ki, 41-ci maddənin tətbiqi məsələsi baxılmaq üçün hazır deyil və müvafiq olaraq,
a) həmin məsələyə baxılmasını bütünlüklə təxirə salır;
b) Hökuməti və ərizəçiləri qarşıdakı altı ay ərzində bu məsələyə dair yazılı qeydlərini təqdim etməyə və xüsusən əldə etdikləri hər hansı razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;
c) növbəti proseduru təxirə salır və ehtiyac olacağı təqdirdə həmin proseduru təyin etmək səlahiyyətini Böyük Palatanın sədrinə həvalə edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və 23 noyabr 2000-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Lutsius Vildhaber (Luzius Wildhaber)
Sədr
Mod de Bur-Bukikkio (Maud de Boer-Buquicchio)
Katib müavini
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara cənab Kumantosun qərarla qismən üst-üstə düşməyən rəyi əlavə olunur (bu rəyə cənab Zupançiç də qoşulub).
HAKİM KUMANTOSUN QƏRARLA QİSMƏN ÜST-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
(BU RƏYƏ HAKİM ZUPANÇIÇ DƏ QOŞULUB)
Mən 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən etməyin əleyhinə səs verdim. 1-ci maddə fiziki və ya hüquqi şəxslərə məxsus özəl mülkiyyətin müdafiəsi üçün nəzərdə tutulub. O, müəyyən şəxslərin dövlət vəzifələri ilə əlaqədar olaraq onlara həvalə olunmuş əmlaka, hətta həmin əmlak xüsusi hüquq sistemi ilə tənzimlənən müəyyən cəhətləri saxlasa belə, tətbiq edilə bilməz. Belə hallarda əmlaka qismən dövlət mülkiyyətinə və qismən özəl mülkiyyətə tətbiq edilən xüsusi rejim (sui generis rejimi) tətbiq edilir ki, bu da 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqini istisna edir.
Bu iş aşağıdakı səbəblərə görə Yunanıstanın keçmiş kralına məxsus əmlakla əlaqədar olan işdir və bu sözlər bütövlükdə həmin əmlakı təşkil edən ayrı-ayrı hissələrin hamısına aiddir: a) müvafiq əmlakın böyük bir hissəsi dövlətin və ya digər dövlət qurumlarının hədiyyələri hesabına yaranıb və əgər onları alan şəxs kral səlahiyyətlərini həyata keçirmirsə, belə hədiyyələr Konstitusiyaya əsasən verilməməlidir və ya verilə bilməz; b) bu əmlaklara həmişə varisliyə və vergilərə aid normalarla (vərəsəlik, mülkiyyət hüququnun ötürülməsi və 1974-cü ilədək həm də əmlakdan gəlir əldə etmə), prosessual və maddi-hüquqi imtiyazlarla (iddia müddətinin tətbiq edilməməsi, başqalarının əmlaka sahibliklə bağlı iddialarının qəbul edilməməsi, əmlaka qəsd edilməsinə görə cinayət cəzası), təmir-bərpa xərcləri və işçi heyətinin maaşları ilə bağlı xüsusi əlverişli rejim şamil olunub; c) siyasi şəraitin əlverişli olduğu bütün hallarda kral ailəsinin bu əmlaklar üzərində hüquqları xüsusi qanunlarla təsdiqlənib və əgər bu hüquqlar yalnız "adi" mülki hüquqla tənzimlənsəydi, həmin qanunlar lüzumsuz olardı; d) 72/1974 saylı qanunvericilik fərmanında (diktaturanın çökməsindən sonra və demokratiyanın yenidən bərqərar edilməsindən sonra qəbul olunub) "idarəetmə forması qəti müəyyənləşdirilənə qədər" kral mülkiyyəti üzərində xüsusi idarəçilik nəzərdə tutulmuş və beləliklə həmin mülkiyyətin taleyi açıq-aydın idarəetmə forması (respublika və ya monarxiya) ilə əlaqələndirilmişdi.
Keçmiş kral ailəsinin konkret əmlaklarına gəlincə, aşağıdakı faktlar nəzərə alınmalıdır: a) Korfudakı Mon Repos əmlakı lap əvvəldən "istifadə" üçün kralın ixtiyarına verilmişdi; b) kral I Georq tərəfindən imzalanmış vəsiyyətnamədə deyilirdi ki, Tatoidəki əmlak "hakimiyyətdə olan Yunanıstan kralının daimi rezidensiyası" kimi istifadə olunmalıdır; c) 1917-ci ildə kral Konstantin sonradan I Aleksandr adı ilə adlandırılmış ikinci oğlunun xeyrinə tax-tacdan əl çəkməyə məcbur olarkən sonuncu həmin Tatoi əmlakını atasının sağlığında əldə etmişdi, baxmayaraq ki, "adi" mülki hüquqda müəyyən edilmiş müştərək varislər mövcud idi; d) 1920-ci ildə I Aleksandrın ölümündən və I Konstantinin yenidən taxta çıxmasından sonra Tatoi əmlakı I Aleksandrın varislərinə deyil, yenidən I Konstantinin mülkiyyətinə keçmişdi; e) I Konstantinin ölümündən sonra Tatoidəki mülkiyyət onun digər varislərinə deyil, birinci oğlu və taxt-tacın varisi olan şəxsə keçmişdi.
Bundan əlavə, Tatoidəki mülkiyyət hazırkı şikayət ərizəsinin əhatə dairəsi xaricində qalmalıdır, ona görə ki: a) o, hədiyyə edildiyi fond tərəfindən təqdim edilən və Məhkəmə tərəfindən baxılacaq başqa bir şikayət ərizəsinin predmetidir; və b) ərizəçinin özü aydın şəkildə bəyan edib ki, ərizəsinin həmin mülkiyyətə aidiyyəti yoxdur (bax: ərizəçilərin 12 aprel 2000-ci il tarixli yazılı qeydləri, 16-cı mətnaltı qeyd).
Full & Egal Universal Law Academy