Timoşenko (Tymoshenko) Ukraynaya qarşı – ərizə № 49872/11
30.4.2013 tarixli qərar [V Bölmə]
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Qanunsuz tutulma və ya həbsə alınma
Birinci instansiya məhkəməsinə qarşı iddia edilən hörmətsizliyə görə məhkəməyəqədər həbsə alınma: pozuntu baş verib
Maddə 18
Hüquqa zidd məqsədlər üçün hüquqların məhdudlaşdırılması
Müxalifət liderinin hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədi ilə deyil, başqa məqsədlə azadlıqdan məhrum edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi Ukraynada aparıcı siyasi partiyalardan birinin rəhbəri və keçmiş baş nazir idi. 2011-ci ilin aprelində hakimiyyət səlahiyyətini aşma və vəzifədən sui-istifadə etmə ittihamları ilə ona qarşı cinayət işi başlandı və 2011-ci ilin avqustunda birinci instansiya məhkəməsi onun məhkəməyəqədər həbsə alınması barədə qərar çıxardı. Sonradan ərizəçi irəli sürülmüş ittihamlar üzrə təqsirkar sayıldı və azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi digər məsələlərlə yanaşı həbsdə saxlanma şəraitindən, həbsdə olarkən adekvat tibbi yardım almamasından, xəstəxanaya köçürüldüyü zaman qəddar rəftara məruz qalmasından (Konvensiyanın 3-cü maddəsi), həbsinin qanunsuz olmasından, həbsindən şikayət etməsi və ya kompensasiya tələb etməsi üçün heç bir hüquqi müdafiə vasitəsinin olmamasından (5-ci maddə) və siyasi motivlərlə həbs edilməsindən (5-ci maddə ilə birgə götürülmüş halda 18-ci maddə) şikayət etdi.
Hüquqi məsələlər – Maddə 3
a) Məhkəməyəqədər həbsdə saxlanma şəraiti – Məhkəmə qəbul etdi ki, ərizəçi həbsdə saxlandığı müddətin müəyyən dövründə həbsdəki maddi şəraitlə bağlı də müəyyən problemlər yaşayıb – konkret olaraq, müəyyən müddətlərdə gün işığına çıxış imkanı məhdudlaşdırılıb, isti su və istilik təchizatından məhrum olub. O həmçinin hərəkət imkanları ilə bağlı problemləri olduğu üçün gündəlik gəzintilərə çıxa bilməyib, halbuki çəlik və ya qoltuq ağacı bu məhdudiyyəti aradan qaldıra bilərdi. Baxmayaraq ki, ərizəçinin şəraitini narahat hesab etmək olar, bu şərait 3-cü maddənin tətbiq dairəsinə düşəcək dərəcədə ağır deyildi.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (yekdilliklə).
b) İddia edildiyinə görə həbsdə saxlanma müddətində lazımi tibbi yardımın olmaması – Məhkəmənin sərəncamındakı materiallardan aydın olur ki, ərizəçinin sağlamlıq durumu Ukraynanın hakimiyyət orqanlarının yetərincə diqqət mərkəzində olub və onun sağlamlığının qorunmasına Ukraynada normal halda sıravi məhbusların sağlamlığının qorunmasına nisbətən daha çox səy göstərilib. Lakin ərizəçi onda hakimiyyət orqanlarına qarşı inamsızlıq olduğuna görə tibbi prosedurlara olduqca ehtiyatla yanaşıb və ona təklif olunan prosedurların çoxunu qəbul etməkdən mütəmadi olaraq imtina edib. Məhkəmə həkim-pasiyent münasibətlərində pasiyentin etimadının mühüm element olduğunu və həbsxanada bu münasibəti yaratmağın çətin olduğunu nəzərə alsa da, hər halda pasiyentlər səhiyyə orqanları ilə təmasa getmək və əməkdaşlıq etmək vəzifəsini daşıyırlar və həbsdə saxlandığı müddətdə ərizəçinin xəstəlik tarixçəsində onun tibb personalına qarşı tam inamsızlığını izah edən hər hansı konkret insident qeydə alınmayıb. İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) ərizəçinin saxlanıldığı müəssisələrdən birinə baş çəkib və ona göstərilən tibbi yardımın adekvat olmaması ilə bağlı hər hansı narahatlıq ifadə etməyib. Ərizəçi həmçinin mütəxəssisdən tibbi yardım almaq üçün kənar xəstəxanaya da köçürülüb. Bir sözlə, dövlət hakimiyyəti orqanları ərizəçinin hərtərəfli, səmərəli və şəffaf tibbi yardımla təmin ediblər.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (yekdilliklə).
c) Xəstəxanaya köçürülmə zamanı baş verdiyi iddia edilən qəddar rəftar – Həbsdə saxlandığı zaman ərizəçinin bədənində bir neçə qançır aşkar edilmişdi. Təkcə elə bu hal onların mənşəyi barəsində dövlət orqanlarının izahat verməsini tələb edirdi. Qançırların yeri (qarın nahiyəsində və qollarda) xəstəxanaya köçürüldüyü gün ərizəçinin zorla çarpayıdan düşürüldüyü və qarnına zərbələr endirildiyi barədə ərizəçinin söylədiklərinə uyğun gəlirdi. Lakin Məhkəmə ona təqdim edilmiş tibbi dəlilləri nəzərə almaya bilməz, belə ki, qançırların yarandığı vaxt ərizəçinin göstərdiyi vaxtla üst-üstə düşmürdü və qançırlar xarici zədədən savayı başqa səbəblərə görə də yarana bilərdi. Bu qənaətlər yalnız o halda əminliklə təsdiq və ya təkzib edilə bilərdi ki, o, hərtərəfli məhkəmə-tibb ekspertizasından keçsin, amma o, buna icazə verməkdən iki dəfə imtina etmişdi. Onun tibbi müayinədən imtina etməsi nəticəsində məhkəmə-tibb ekspertizasının rəyi olmadığına görə, qançırların ərizəçi xəstəxanaya köçürüldüyü zaman 3-cü maddəni pozan rəftar nəticəsində yarandığını zəruri sübutetmə standartına uyğun olaraq müəyyənləşdirmək mümkün deyildi. Onun məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etməsi həmçinin qəddar rəftar barədə şikayəti üzrə araşdırmanın səmərəliliyinə də mane olmuşdu, buna görə də 3-cü maddənin məqsədləri üçün həmin araşdırma "səmərəli" hesab edilə bilər.
Nəticə: pozuntu baş verməyib (üç səsə qarşı dörd səslə).
5-ci maddənin 1-ci bəndi: Ərizəçinin məhkəməyəqədər həbsdə saxlanması müəyyən müddətlə məhdudlaşmamışdı ki, bu da özü-özlüyündə 5-ci maddənin tələblərinə ziddi idi və ölkədə təkrarlanan hal olmaqla qanunvericilikdəki boşluqdan irəli gəlirdi. Bundan başqa, ərizəçinin həbsi üçün əsas təşkil etmiş ittihamlarda onun ədalət mühakiməsindən yayınması riskinin mövcudluğunu göstərən hər hansı əhəmiyyətli amil yox idi: göstərilən amillərin hamısı az əhəmiyyətli xarakter daşıyırdı və ərizəçinin məhkəmə iclaslarına gəlməməsinin nəticəsi idi. Faktiki olaraq, onun həbsdə saxlanması üçün irəli sürülən və hakim tərəfindən göstərilən başlıca əsas onun icraata maneə yaratması və məhkəməyə hörmətsizlik etməsi idi, bunlar isə 5-ci maddənin 1-ci bəndində göstərilmiş azadlıqdan məhrumetməyə haqq qazandıran əsasların siyahısında yoxdur. Həmçinin aydın deyildi ki, ərizəçidən şəhəri tərk etməməsi barədə iltizam alınması tədbirinin həbs ilə əvəzlənməsi nə üçün daha məqsədəuyğun qətimkan tədbiri hesab edilmişdi. Onun məhkəməyəqədər həbsdə saxlanması üçün gətirilən əsaslar məhkum edildiyi anadək dəyişməz olaraq qaldığına görə məhkəməyəqədər həbsdə qaldığı bütün müddət ərzində həbs qətimkan tədbiri əsassız və qanunsuz idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 4-cü bəndi: Ərizəçinin həbsinin qanuniliyinin daxili məhkəmələr tərəfindən yoxlanılması 5-ci maddənin 4-cü bəndinin tələblərinə cavab vermirdi, çünki bu yoxlamalar sadəcə belə bir qeyd ilə məhdudlaşırdı ki, məhkəmə tərəfindən təyin edilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə qərardan şikayət verilə bilməz və ardınca öncəki qərarlarda qeyd edilmiş qeyri-qənaətbəxş əsaslandırma təkrarlanırdı. Azad edilmək üçün verdiyi çoxsaylı vəsatətlərdə ərizəçinin irəli sürdüyü konkret və əhəmiyyətli arqumentlərin daxili məhkəmələr tərəfindən nəzərdən keçirildiyini göstərən heç bir dəlil yoxdur. Məhkəmə artıq digər işlərdə müəyyən edib ki, bütövlükdə Ukrayna qanunvericiliyində məhkəməyəqədər araşdırma yekunlaşdıqdan sonra şəxsin həbsdə saxlanmasının qanuniliyinin 5-ci maddənin 4-cü bəndinin tələblərinə cavab verən şəkildə yoxlanması proseduru nəzərdə tutulmayıb.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddənin 5-ci bəndi: Ukrayna qanunvericiliyinə əsasən, kompensasiya hüququ konkret olaraq qanunsuzluq faktının məhkəmə qərarı ilə müəyyən edildiyi halda yaranır. Lakin Ukrayna qanunvericiliyində 5-ci maddənin pozuntusu Avropa Məhkəməsi tərəfindən müəyyən edildiyi hallarda şəxsin kompensasiya tələb etməsi üçün prosedur nəzərdə tutulmayıb. Bu boşluq Ukraynaya qarşı qaldırılmış digər işlərdə artıq qeyd edilib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
5-ci maddə ilə birgə götürülmüş halda 18-ci maddə: Hüquq və azadlıqlarının hüquqa zidd səbəblərə görə məhdudlaşdırıldığını iddia edən hər hansı ərizəçi inandırıcı şəkildə sübut etməlidir ki, onu həbs etməkdə hakimiyyət orqanlarının əsil məqsədi açıqlamalarında göstərdikləri və ya açıqlamalarının kontekstindən irəli gələn məqsəd deyil. Hakimiyyət orqanlarının öz səlahiyyətlərindən Konvensiyada nəzərdə tutulan məqsədlər üçün deyil, başqa məqsədlər üçün istifadə etmələrindən sadəcə şübhələnmək 18-ci maddənin pozulduğunun sübutu üçün yetərli deyil.
Ərizəçinin işi ümumən Lutsenko Ukraynaya qarşı məhkəmə işinə (ərizə 6492/11, 3 iyul 2012-ci il, 154 saylı məlumat bülleteni) bənzəyir. Keçmiş baş nazir və ən güclü müxalifət partiyasının lideri olmuş ərizəçi, həmin işdə olduğu kimi, hakimiyyət dəyişikliyindən az sonra hakimiyyət səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilmiş və məsuliyyətə cəlb edilmişdi. Məhkəmə artıq müəyyən edib ki, ərizəçinin həbsi formal olaraq Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində nəzərdə tutulan məqsədlər üçün həyata keçirilsə də, həm işin faktları, həm də hakimiyyət orqanlarının gətirdiyi əsaslar belə düşünməyə əsas verir ki, bu tədbirin əsil məqsədi ərizəçini məhkəməyə qarşı hörmətsizliyə görə cəzalandırmaq idi və iddia edildiyinə görə həmin hörmətsizlik onun məhkəmə prosesindəki davranışında təzahür etmişdi. Müvafiq olaraq, ərizəçinin azadlığının məhdudlaşdırılması onun hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədi ilə deyil, başqa məqsədlərlə həyata keçirilmişdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ziyanla bağlı heç bir tələb irəli sürülmədi.
Full & Egal Universal Law Academy