© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Tısyak Polşaya qarşı (Tysiąc v. Poland), ərizə № 5410/03
20.03.2007-ci il tarixli qərar [IV Bölmə]
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Ananın görmə qabiliyyətinin ciddi şəkildə pisləşməsi təhlükəsinə baxmayaraq, abortun həyata keçirilməsindən imtina: pozuntu baş verib
Faktlar – Ərizəçi uzun illər güclü miopiyadan (göz zəifliyindən) əziyyət çəkirdi. O, üçüncü dəfə hamilə olarkən hamiləliyin sağlamlığına göstərə biləcəyi təsirlə əlaqədar tibbi məsləhət almaq üçün müraciət etdi. Onun məsləhətləşdiyi üç oftalmoloq bu nəticəyə gəldilər ki, gözün tor qişasındakı patoloji dəyişikliklər hamiləliyin davam edəcəyi təqdirdə onun görmə qabiliyyətinə ciddi təhlükə yarada bilər. Lakin ərizəçinin tələblərinə baxmayaraq, onlar hamiləliyin dayandırılması üçün ona arayış verməkdən imtina etdilər, çünki tor qişanın aralanması ehtimalı mövcud olsa da, bu nəticənin baş verəcəyinə tam əminlik yox idi. Ərizəçi məsləhət üçün terapevtə də müraciət etdi və ondan arayış aldı, arayışda hamiləliyin tor qişa üçün yarada biləcəyi problemlər sadalanır, habelə qeysəriyyə kəsiyi metodu ilə aparılmış əvvəlki iki hamiləliyin nəticələri göstərilirdi. Hamiləliyinin ikinci ayında ərizəçinin hər iki gözündə miopiya xeyli inkişaf etdi. Onu dövlət xəstəxanasının mamalıq və ginekologiya şöbəsinin müdiri həkim R.D. müayinə etdi və abort etmək üçün tibbi səbəblərin olmadığı qənaətinə gəldi. Beləliklə, ərizəçi hamiləliyini dayandıra bilmədi və qeysəriyyə kəsiyi metodu ilə övlad dünyaya gətirdi. Tor qişaya qan sızması nəticəsində onun görmə qabiliyyəti daha da pisləşdi. Ona məlumat verdilər ki, tor qişadakı dəyişikliklər öz inkişafının elə bir mərhələsindədir ki, artıq onları cərrahi müdaxilə yolu ilə aradan qaldırmaq mümkün deyil. Həkimlərin tibbi konsiliumu bu qənaətə gəldi ki, onun səhhəti müalicə və gündəlik qulluq tələb edir və o, əmək qabiliyyətinin böyük bir hissəsini itirib. Ərizəçi həkim R.D. barəsində cinayət işi başlanması üçün ərizə verdi, amma rayon prokuroru işə xitam verdi və belə əsas gətirdi ki, həkimin hərəkətləri ilə ərizəçinin görmə qabiliyyətinin pisləşməsi arasında səbəbiyyət əlaqəsi yoxdur, çünki qansızma istənilən vaxt baş verə bilərdi. Həkim barəsində heç bir intizam tədbiri görülmədi, ona görə ki, peşə səhlənkarlığı faktı müəyyən edilmədi. Üç uşağını təkbaşına böyüdən ərizəçi hazırda əmək qabiliyyəti olmayan şəxs kimi qeydiyyata alınıb və qorxur ki, son nəticədə kor ola bilər.
Hüquqi məsələlər – Hamiləliyin dayandırılmasını tənzimləyən qanunvericilik şəxsi həyat sahəsinə aiddir, belə ki, qadın hamilə olarkən onun şəxsi həyatı bətnindəki dölün inkişafı ilə sıx bağlı olur. Hamiləliyi dayandırmaqdan imtinanın ərizəçinin öz hüquqlarını həyata keçirməsinə dövlət tərəfindən müdaxilə təşkil edib-etmədiyini araşdırmağa ehtiyac yoxdur, çünki bu işin hallarını və konkret olaraq şikayətin xarakterini nəzərə alsaq, işi yalnız dövlətin pozitiv öhdəlikləri, yəni gələcək anaların fiziki toxunulmazlığını təmin etmək vəzifəsi baxımından araşdırmaq zəruridir. Ölkə qanunvericiliyinə əsasən aborta yalnız o halda icazə verilirdi ki, praktiki fəaliyyət göstərən iki həkim hamiləliyin ananın həyatı və ya sağlamlığı üçün təhlükə yaratdığını təsdiq etsin. Qanunvericilikdə müəyyən edilmiş şərtləri pozmaqla hamiləliyi dayandırmış həkim cinayət törətmiş sayılırdı və üç ilədək müddətə azadlıqdan məhrum edilə bilərdi. Polşanın Qadın və ailə planlaşdırması federasiyasının məlumatlarına əsasən, bu hal, xüsusən də tibbi mülahizə əsasında abortun məqsədəuyğunluğu üçün hüquqi şərtlərin mövcudluğunu müəyyənləşdirməyə imkan verən şəffaf və aydın prosedurların olmaması həkimləri hamiləliyin dayandırılması barədə arayış verməkdən çəkinməyə vadar edirdi. Öz növbəsində Hökumət qanunvericiliyin praktikada tətbiqində qüsurlar olduğunu etiraf etdi.
Prosessual təminatların olması xüsusən ona görə zəruri idi ki, bu işdə qanuni abort üçün ilkin şərtlərin mövcudluğu məsələsi ilə bağlı fikir ayrılıqları istər hamilə qadınla həkimlər arasında, istərsə də həkimlərin öz arasında yaranmışdı. Belə vəziyyətdə qüvvədə olan hüquq normaları elə ifadə edilməli idi ki, hamilə qadının hüquqi vəziyyəti aydın olsun və qanunla aborta qoyulan qadağanın və cinayət məsuliyyəti təhlükəsinin həkimlərə göstərdiyi çəkindirici təsirin qarşısı alınsın. Qanunverici orqan aborta icazə verməyi qərara aldığına görə onun praktikada həyata keçirilməsini məhdudlaşdıran hüquqi strukturun yaradılmasının qarşısı alınmalı və əksinə, elə prosedur təşkil edilməli idi ki, həmin prosedur vasitəsilə müstəqil və səlahiyyətli orqan əsaslandırılmış yazılı qərar çıxara, qadın isə qərardan şikayət verə bilsin. Belə qərarlar vaxtında qəbul edilməli idi ki, ananın sağlamlığına dəyə biləcək ziyan məhdudlaşdırılsın və ya onun qarşısı alınsın. Mübahisəli vəziyyətin sonradan yoxlanılması bu funksiyanı yerinə yetirə bilməzdi. Ölkə qanunvericiliyində bu cür qabaqlayıcı prosedurların olmaması dövlətin pozitiv öhdəliklərinin pozuntusunu təşkil edir. Araşdırılan dövrdə ərizəçi miopiyadan əziyyət çəkirdi və qorxurdu ki, hamiləlik və doğuş onun görmə qabiliyyətini daha da pisləşdirə bilər. Onun xəstəlik tarixçəsini və aldığı tibbi məsləhətləri nəzərə alsaq, onun bu qorxusunu əsassız hesab etmək olmazdı.
Müvafiq qanunvericilik normalarında tibbi mülahizələrə görə abort haqında qərarların qəbulu üçün nisbətən sürətli və sadə prosedur nəzərdə tutulsa da, həmin normalar istər hamilə qadınla həkimlər arasında, istərsə də həkimlərin öz arasında yaranan fikir ayrılıqlarına baxılması və onların həlli üçün prosessual baza təşkil etmirdi. Baxmayaraq ki, ümumi qanunvericiliyə əsasən lazım gəldikdə həkim abort üçün ikinci tibbi rəy ala bilərdi, bu, həmin rəyin alınacağını pasiyentlər üçün təmin etmirdi, yaxud həmin rəylə razılaşmadıqları təqdirdə pasiyentlərin ona etiraz etmək hüququnu təmin etmirdi və beləliklə, konkret məsələ, yəni hamilə qadının qanuni abort tələbi öz həllini tapmırdı. Müvafiq olaraq, belə qənaətə gəlmək üçün əsas yoxdur ki, ərizəçinin işində tətbiq edilmiş ölkə qanunvericiliyində konkret halda qanuni abort üçün nəzərdə tutulan şərtlərin mövcud olub-olmadığını müəyyənləşdirməyə imkan verən səmərəli mexanizm vardı. Bu hal uzun müddət davam edən qeyri-müəyyən vəziyyət yaradırdı, nəticədə ərizəçi sağlamlığına dəyə biləcək ziyanla bağlı ciddi iztirab və təşviş keçirmişdi. Ziyanın kompensasiyasına aid olan mülki hüquq normaları da onun şəxsi həyatına hörmət hüququnu müdafiə etməsinə imkan vermirdi, çünki həmin normalar yalnız ziyanın baş verdiyi hal üçün hüquqi müdafiə vasitələrini nəzərdə tuturdu. Cinayət və ya intizam prosesləri də ərizəçinin sağlamlığına dəyə biləcək ziyanın qarşısını ala bilməzdi. Sonradan görülən tədbirlər isə ərizəçinin olduğu bu cür əlverişsiz vəziyyətdə fiziki toxunulmazlıq hüququnun lazımi qaydada müdafiəsi üçün yetərli deyildi.
Yuxarıda qeyd edilən bütün halları nəzərə alsaq, Polşa dövləti ərizəçinin şəxsi həyatına hörməti təmin etməkdən ibarət pozitiv öhdəliyini yerinə yetirməyib.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Maddə 41: Mənəvi ziyana görə 25.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy