Ünsped Paket Servisi SaN. Ve TiC. A.Ş. Bolqarıstana qarşı – ərizə № 3503/08
13.10.2015 tarixli qərar [IV Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsi
Mülkiyyətdən məhrumetmə
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Narkotik vasitələrin daşınmasında istifadə edilmiş nəqliyyat vasitəsinin müsadirə olunması: pozuntu baş verib
Faktlar – Logistika xidmətləri göstərən Türkiyə şirkəti olan ərizəçiyə məxsus yük maşını 2007-ci ildə gömrük postunda baxış üçün saxlanıldı. Orada narkotik vasitələr aşkar edilərək götürüldü və yük maşınının sürücüsünə qarşı cinayət işi başlandı. Yük maşını maddi sübut kimi müsadirə olundu. Sonradan yük maşınının sürücüsü prokurorla razılaşma əldə etdi, həmin razılaşma sürücünün bir il yarım müddətinə azadlıqdan məhrum edilməsini və yük maşınının müsadirə olunmasını nəzərdə tuturdu. Ərizəçi şirkət sürücü barəsindəki cinayət prosesində iştirak edə bilmədi, amma cinayət məhkəməsindən xahiş etdi ki, yük maşını müsadirə olunmasın, belə ki, onun dəyəri həmin narkotik vasitələrin dəyərindən üç dəfə baha idi və buna görə də daxili qanunvericiliyə əsasən müsadirə oluna bilməzdi. Lakin cinayət məhkəməsi öz qərarında yuxarıda göstərilmiş razılaşmanı təsdiq etdi, həmin qərardan şikayət verilə bilməzdi və elə həmin gün qərar qüvvəyə mindi. Yük maşınının dəyərinin kompensasiya olunması üçün ərizəçi şirkətin sürücüyə qarşı qaldırdığı məhkəmə iddiası uğursuzluqla nəticələndi, çünki sonuncunun əmlakı yox idi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Yük maşınının müsadirəsi ərizəçi şirkətin mülkiyyət hüquqlarına müdaxilə təşkil edirdi. Bu müdaxilə daxili qanunvericiliyin müvafiq müddəalarına əsaslanırdı və həmin müddəalar əlçatan və dəqiq idi və onların əsasında müvafiq hərəkətlərin nəticələrini öncədən görmək mümkün idi.
Müsadirə qanuni məqsəd daşıyırdı, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədini güdürdü. Bununla belə, milli məhkəmələr daxili qanunvericilik əsasında müsadirənin qanuniliyi məsələsini nəzərdən keçirməmiş və konkret olaraq nəqliyyat vasitəsinin dəyərinin qaçaqmalçılıq yolu ilə daşınan narkotik vasitələrin dəyərindən xeyli baha olduğunu nəzərə almamışdılar. Ərizəçi şirkətin bu hüquq pozuntusundan xəbərdar olduğunu və ya xəbərdar olmağa borclu olduğunu göstərən heç bir sübutun olmadığına baxmayaraq, onlar nəqliyyat vasitəsinin sahibi qismində onun davranışını da araşdırmamışdılar. Həqiqətən daxili qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin sahibi iş üzrə mövqeyini bildirmək imkanına malik deyildi. Bu məsələlərin təhlilinin aparılmaması işdəki müxtəlif maraqlar arasında ədalətli balansın təmin olunmasına imkan vermirdi.
Müsadirə o halda Konvensiyaya uyğun ola bilərdi ki, özbaşınalığa qarşı lazımi təminatların yer aldığı prosedur əsasında aparılsın. Hazırkı işdə daxili qanunvericilikdə ərizəçi şirkətin müvafiq orqanlar qarşısında iş üzrə mövqeyini müdafiə etməsi üçün heç bir prosedur nəzərdə tutulmamışdı. Dövlət Konvensiya əsasında bu cür proseduru təmin etmək vəzifəsindən boyun qaçıra bilməzdi və müvafiq şəxs barəsində aparılmayan, amma əmlakının müsadirəsi ilə nəticələnən cinayət işi çərçivəsində ondan tələb edə bilməzdi ki, mülkiyyətinin kompensasiyasını üçüncü şəxsdən tələb etsin.
Beləliklə, ərizəçi şirkətin üzərinə fərdi xarakterli və həddən artıq ağır yük qoyulmuşdu və bu hal yalnız o zaman qanuni sayıla bilərdi ki, iştirakçısı olmadığı cinayət prosesi nəticəsində əmlakının müsadirəsi olunmasından real olaraq şikayət etməsi üçün ona imkan yaradılsın. Lakin ona belə imkan yaradılmadığına görə, ərizəçinin mülkiyyət hüququnun qorunması ilə cəmiyyətin maraqlarının qorunması tələbləri arasında ədalətli balans pozulmuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Bu maddə üzrə qərarın qəbulu təxirə salındı.
(Həmçinin bax: Andonoski keçmiş Yuqoslaviya respublikası Makedoniyaya qarşı, 16225/08, 17 sentyabr 2015-ci il, 188 saylı məlumat bülleteni)
Full & Egal Universal Law Academy