Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
V. Birləşmiş Krallığa qarşı [BP] - 24888/94
Qərar 16.12.1999 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Adamöldürmədə ittiham olunan yetkinlik yaşına çatmayan şəxslərin işinə böyüklər üçün açıq məhkəmə prosesində baxılması və icra orqanının üzvü tərəfindən müəyyən olunmuş minimum on beş illik müddətdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaq hüququ olmaqla, qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilməsi: pozuntu
Faktlar - Ərizəçi və digər on yaşlı oğlan iki yaşında oğlanın oğurlanması və ölənədək döyülməsində ittiham olunurdular. Onlar üç həftəlik müddətində, böyüklər üçün açıq məhkəmə prosesində mühakimə olunmuşlar. Məhkəmə böyüklər üçün nəzərdə tutulan formada təşkil olunmuş, lakin ərizəçinin yaşı (o zaman on bir yaşında) nəzərə alınaraq prosesə müəyyən dəyişikliklər edilmişdir: xüsusilə, onlar xüsusi kürsüdə öz valideynləri və vəkilləri ilə birgə, sosial işçilərin yanında əyləşmiş və iclasların müddəti azaldılmışdır. Hakim həmçinin müttəhimlərdə yorğunluq və ya stress halının müşahidə olunduğu zaman fasilə verəcəyini bildirmiş və bir dəfə fasilə vermişdir. Proses kütləvi şəkildə işıqlandırılırdı və ərizəçinin vəkilinin mətbuatda işıqlandırılmanın xarakteri və səviyyəsini nəzərə alaraq prosesi dayandırmaq barədə müraciəti uğursuz olmuşdur. Buna baxmayaraq, hakim ərizəçinin və digər müttəhimin adının və ya onları müəyyənləşdirəcək məlumatın mətbuatda dərc edilməməsi ilə bağlı qərar verdi. Psixiatr ifadə verərək qətli törətdiyi zaman ərizəçinin yaxşı və pisin nə olduğunu seçmək qabiliyyətində olduğunu bildirmiş və hakim andlılara vurğulamışdır ki, ittihamçı təqsiri əsaslı şübhə yerinin qalmaması şərtilə sübut etməlidir. Hər iki müttəhim adam oğurluğu və qətl törətməkdə təqsirli hesab olumuşdur və bunun ardınca hakim onların adlarının dərc olunmasına icazə verdi. Ərizəçi, qeyri-müəyyən müddətə azadlıqdan məhrum olundu. Hakim (cəza və çəkindirmə məqsədilə) minimum səkkiz illik müddətdən sonra, Lord Baş Hakim isə minimum on illik müddətdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmaq hüququnun verilməsini təklif etdi. Buna baxmayaraq, Dövlət Katibi ictimai marağı da nəzərə alaraq, on beş illik müddət müəyyən etdi. Ərizəçi təyin edilmiş müddəti qeyri-mütənasib dərəcədə uzun və reabilitasiya tələblərini nəzərə almadığı əsasları ilə məhkəmə nəzarəti prosesi başlamışdır. Bu məhkəmə prosesi üçün hazırlanmış tibbi hesabatda ərizəçinin məhkəmə prosesini anlamaq qabiliyyətində olmadığını və yetkin olmadığından, prosesi lazımi dərəcədə anlamaq və vəkilinə müvafiq təlimatları vermək iqtidarında olmadığı qeyd edilirdi. Bölgə Məhkəməsi Dövlət Katibi tərəfindən təyin olunan minimum həbs müddətini, Katibin ictimai etirazlara önəm verməklə yanlış istiqamət aldığını əsas gətirərək, ləğv etmişdir. Dövlət Katibinin Apellyasiya Məhkəməsi və Lordlar Palatasına etdiyi şikayətləri rədd edilmişdir. Yeni minimum müddət müəyyən olunmamışdır.
Hüquqi məsələlər - Maddə 6 § 1: Bu müddəalar ərizəçiyə öz cinayət məhkəməsində səmərəli iştirak hüququnu təmin edir. Cinayət məsuliyyəti üzrə minimal yaş həddi üzrə ümumi standartların olmaması səbəbindən, on bir yaşlı uşağın mühakimə edilməsinin öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu olduğu deyilə bilməz. Cinayət törətməkdə ittiham olunan uşağın məhkəmə işində onun yaşı, yetkinlik səviyyəsi, intellektual və emosional imkanları tam nəzərə alınmalı və məhkəmə prosesini tam anlamaq və iştirak etmək bacarıqlarının inkişaf etdirilməsi üçün müəyyən addımlar atılmalıdır. Ağır cinayət törətmiş azyaşlıya qarşı ittiham mətbuat və ictimaiyyətin marağını cəlb etdikdə, narahatlıq və təzyiq hallarının qarşısının mümkün qədər alınması zəruridir. Ədalət mühakiməsinin açıq keçirilməsində ictimai marağa, seçilmiş şəxslərin iştirakı və məhkəmə hesabatının dərc olunması ilə tamamlanan dəyişdirilmiş proseslə də riayət oluna bilər. Ərizəçinin məhkəmə prosesini anlaması üçün xüsusi tədbirlər görülməsinə baxmayaraq, məhkəmə qaydaları və ritualları ərizəçi üçün anlaşılmaz və narahatedici görünürdü. Ərizəçinin məhkəmə prosesində iştirak bacarığına şübhə salan bir sıra psixiatrik sübutlar mövcud idi və belə olan halda onun təcrübəli vəkillərlə təmsil olunması Maddə 6 § 1-in məqsədləri üçün kifayət etmir. Ərizəçi cinayət prosesində səmərəli iştirak edə bilməmişdir.
Nəticələr: pozuntu (bir səsə qarşı on altı səs).
Maddə 6 § 1: Cinayət məsələlərində bu müddəa cəzanın müəyyən olunması daxil olmaqla, bütün məhkəmə prosesini əhatə edir. Tətbiq edilən minimum cəza müddətinin qeyri-müəyyən müddətə məhkum edilən və təhlükəli olduğu hesab edilməyən azyaşlılara tətbiq edilən maksimum müddət olmasına görə, bu minimum müddətin müəyyən edilməsinə 6-cı Maddə tətbiq oluna bilər. 6-cı Maddə mənasında "müstəqillik" ifadəsi həm icra hakimiyyətindən, həm də tərəflərdən müstəqilliyi kimi işlənir. Buna baxmayaraq, ərizəçinin minimum həbs müddəti icra hakimiyyətindən müstəqil hesab edilməyən Dövlət Katibi tərəfindən müəyyən edilmişdir.
Nəticələr: pozuntu (yekdilliklə).
Full & Egal Universal Law Academy