İvanova (Ivanova) və Çerkezov (Cherkezov) Bolqarıstana qarşı – ərizə № 46577/15
21.4.2016 tarixli qərar [V Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Mənzil toxunulmazlığına hörmət hüququ
Tikinti qaydaları pozulduğuna görə ərizəçilərin evinin sökülməsi barədə qərar çıxarılması və bu tədbirin mütənasibliyinin qiymətləndirilməməsi: evin sökülməsi pozuntu təşkil edəcək
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Tikinti qaydaları pozulduğuna görə ərizəçilərin evinin uçurulması barədə qərar çıxarılması və bu tədbirin mütənasibliyinin qiymətləndirilməməsi: evin sökülməsi pozuntu təşkil etməyəcək
Faktlar – Ərazinin təşkili haqqında 2001-ci il tarixli qanunun 148.1-ci maddəsində nəzərdə tutulurdu ki, tikililər yalnız bu qanun əsasında lazımi icazə alındığı təqdirdə inşa edilə bilər. 225.2.2-ci maddəyə əsasən, tikinti icazəsi olmadan inşa edilmiş tikili qanunsuz inşa edilmiş sayılır və sökülməlidir. Qanunsuz inşa edilmiş tikili bu qanunun qanunsuz inşa edilmiş tikililər üçün amnistiya nəzərdə tutan keçid müddəalarının tətbiq dairəsinə düşmürsə, sonradan qanuniləşdirilə bilməz. Bolqarıstan Ali İnzibati Məhkəməsi qərarında bildirdi ki, bu qanunvericilik aktı cəmiyyətin tikintilərin nəzarətdə saxlanmasında olduqca maraqlı olduğunu nümayiş etdirir və tikintiyə nəzarət edən dövlət orqanları qanunsuz tikililərin sökülməsi sahəsində diskresion səlahiyyətə (yəni seçim imkanına) malik deyillər və yalnız tikilinin sökülməsi barədə qərar verməlidirlər.
Ərizəçilər evi tikinti üçün icazə almadan inşa etmişdilər. Yerli hakimiyyət orqanı onlara evin sökülməsi barədə qərar təqdim etdi. Birinci ərizəçi qərara məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün müraciət edərək iddia etdi ki, bu ev onun yeganə yaşayış yeridir və evin sökülməsi ona böyük çətinliklər yaradacaq, çünki o özünü başqa yaşayış yeri ilə təmin etmək imkanına malik deyil. Lakin Ali İnzibati Məhkəmə evin qanunsuz olaraq tikildiyinə və amnistiyaya dair keçid müddəaları əsasında qanuniləşdirilməli tikili olmadığına görə sökülməli olduğu barədə qərar çıxardıqdan sonra milli hakimiyyət orqanları birinci ərizəçinin əleyhinə qərar qəbul etdilər.
Konvensiya üzrə icraatda ərizəçilər şikayət etdilər ki, evlərinin sökülməsi onların mənzil toxunulmazlığına hörmət hüququnu (Konvensiyanın 8-ci maddəsi) pozub. Bundan başqa, birinci ərizəçi şikayət etdi ki, sökülmə onun öz mülkiyyətindən maneəsiz istifadə hüququna (1 saylı Protokolun 1-ci maddəsi) qeyri-mütənasib müdaxilə təşkil edəcək.
Hüquqi məsələlər – Maddə 8: Hüquqi cəhətdən ev üzərində yalnız birinci ərizəçinin hüquqları olsa da, hər iki ərizəçi illərlə bu mülkiyyətdə yaşamışdılar. Buna görə bu tikili onların hər ikisi üçün "ev" idi. Sökülmə qərarı onların mənzil toxunulmazlığına hörmət hüququna müdaxilə təşkil edirdi. Müdaxilə qanunla nəzərdə tutulmuşdu və qanuni məqsədlər daşıyırdı, yəni iğtişaşın qarşısını almaq və ölkənin iqtisadi rifah maraqlarını qorumaq məqsədini güdürdü, belə ki, o, Bolqarıstanda kəskin şəkil almış qanunsuz tikinti problemini həll etməyə yönəlmişdi. Cəmiyyətin maraqlarının qorunması naminə ərizəçilərin evlərini itirməsinin demokratik cəmiyyətdə zəruri olub-olmadığı məsələsi təkcə işin mahiyyətinə aid məsələləri deyil, həm də belə bir prosessual sualı özündə ehtiva edirdi ki, qərarın qəbulu prosesində ərizəçilərin 8-ci maddə ilə qorunan hüquqlarına hörmət edilmişdimi? Aşağıdakılar qanunsuz tikililərlə bağlı işlərdə əhəmiyyət daşıya biləcək amillər sırasında idi: evin qanunsuz olaraq tikilməsi; onu inşa edənlərin tikintinin qanunsuz olduğunu bilmələri; qanunsuzluğun xarakteri və dərəcəsi; evin sökülməsi yolu ilə qorunması nəzərdə tutulan marağın dəqiq xarakteri; və münasib alternativ yaşayış yerinin olması və ya işin daha yüngül formada həlli yollarının olması.
Ərizəçilərin işi üzrə icraat prosessual tələblərə cavab vermirdi. İcraat zamanı diqqət yalnız evin icazəsiz tikilib-tikilməməsi və amnistiyaya dair keçid müddəalarının tətbiq dairəsinə düşüb-düşməməsi məsələsinə yönəlmişdi. Ali İnzibati Məhkəmədəki icraatda işə mahiyyəti üzrə baxılmaması bir yana qalsın, hətta bu məhkəmə evin onun yeganə yaşayış yeri olduğu və evin sökülməsinin ona ciddi təsir göstərəcəyi barədə ərizəçinin söylədiklərinə heç bir münasibət göstərməmişdi. Hökumət və ya Ali İnzibati Məhkəmə tərəfindən təklif olunmuş hüquqi müdafiə vasitələrinin heç biri (sökülmə qərarının icrasının təxirə salınması; 2006-cı il tarixli İnzibati Prosessual Məcəllənin 294-cü və sonrakı maddələrinə uyğun olaraq işə məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün müraciət etmə; yaxud həmin məcəllənin 292-ci maddəsi əsasında deklarativ qərar çıxarılmasını tələb etmə), belə görünür ki, praktikada səmərəli deyildi. Eynilə, məsələyə sosial xidmətlərin cəlb olunması da tədbirin mütənasibliyinin lazımi qaydada qiymətləndirilməməsi kimi qüsuru düzəldə bilməzdi.
Bir sözlə, hazırkı işin hallarını nəzərə alsaq, ərizəçilərin sərəncamında yaşadıqları evin planlaşdırılan söküntüsünün mütənasibliyinin lazımi qaydada nəzərdən keçirilməsinə imkan yaradacaq prosedur yox idi.
Nəticə: evin sökülməsi pozuntu təşkil edəcək (bir səsə qarşı altı səslə).
1 saylı Protokolun 1-ci maddəsi: Birinci ərizəçi "mülkiyyətə" malik idi, çünki Bolqarıstan qanunvericiliyində nəzərdə tutulmuşdu ki, qanunsuz tikililər mülkiyyət hüququnun obyekti ola bilərlər və daxili məhkəmələr bu qənaətə gəlmişdilər ki, o istər torpaq sahəsində, istərsə də tikilidə paya sahibdir. Söküntü qərarı "mülkiyyətdən istifadəyə nəzarət" formasında müdaxilə təşkil edirdi. Müdaxilə aydın hüquqi əsasa malik idi və buna görə də "qanuni" idi və həmçinin "ümumi maraqlara uyğun" idi, belə ki, tikinti qaydalarına riayət edilməsini təmin etmək məqsədi daşıyırdı.
Əsas sual ondan ibarət idi ki, müdaxilə zamanı birinci ərizəçinin öz əmlakının toxunulmazlığını qoruyub saxlamaq marağı ilə icazəsiz tikintiyə qarşı qadağanın səmərəli icrasının təmin edilməsində cəmiyyətin ümumi marağı arasında ədalətli balans gözlənilmişdimi? Dövlətlər ərazi planlaşdırılması və daşınmaz əmlakın inşası ilə bağlı siyasətin həyata keçirilməsində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Bu səbəbdən, Konvensiyanın 8-ci maddəsindən fərqli olaraq, 1 saylı Protokolun 1-ci maddəsi müvafiq planlaşdırma qaydalarının həyata keçirilməsinə yönələn hər bir tədbirin fərdi qaydada qiymətləndirilməsini tələb edən prosedurun mövcud olmasını nəzərdə tutmur.
Birinci ərizəçinin situasiyasında ev bilərəkdən icazəsiz tikilmişdi ki, bu da ölkədaxili tikinti qaydalarının kobud pozuntusu idi. Bu, 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı mühüm amil idi. Evin tikilməsindən sonra ağlabatan müddət ərzində qəbul edilmiş söküntü qərarı sadəcə olaraq əvvəlki vəziyyətin bərpasına yönəlmişdi, söhbət o vəziyyətdən gedir ki, birinci ərizəçi qanunun tələblərinə etinasız yanaşmasaydı həmin vəziyyət mövcud olacaqdı. Qərar və onun icrası həm də potensial qanun pozucularının belə əməldən çəkindirilməsinə xidmət edəcəkdi. Bolqarıstanda qanunsuz tikinti probleminin açıq-aydın geniş yayıldığı nəzərə alınarsa, bu, əhəmiyyətli amil idi. Dövlətin bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malik olduğunu nəzərə alsaq, ərizəçinin evlə əlaqədar mülkiyyət marağı yuxarıdakı mülahizələrin heç birindən üstün sayıla bilməzdi.
Nəticə: evin sökülməsi pozuntu təşkil etməyəcək (yekdilliklə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir.
Full & Egal Universal Law Academy