© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Varnava və başqaları Türkiyəyə qarşı [Böyük Palata] (Varnava and Others v. Turkey [GC]), ərizə № 16064/90
18.09.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 2
Pozitiv öhdəliklər
2-ci maddənin 1-ci bəndi
Səmərəli araşdırma aparmaq vəzifəsi
1974-cü ildə Kiprin şimalında Türkiyə tərəfindən hərbi əməliyyatlar aparıldıqdan sonra itkin düşmüş kiprli yunanların taleyi ilə bağlı səmərəli araşdırma aparılmaması: pozuntu baş verib
Maddə 3
Qeyri-insani rəftar
1974-cü ildə Kiprin şimalında Türkiyə tərəfindən hərbi əməliyyatlar aparıldıqdan sonra itkin düşmüş kiprli yunanların taleyi ilə bağlı real narahatlıqlar qarşısında dövlət orqanlarının susması: pozuntu baş verib
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Şəxsi azadlıq hüququ
1974-cü ildə Kiprin şimalında Türkiyə tərəfindən hərbi əməliyyatlar aparıldıqdan sonra itkin düşmüş kiprli yunanların həbsdə saxlanıldığı barədə əsaslı iddialarla bağlı səmərəli araşdırma aparılmaması: pozuntu baş verib
Maddə 35
35-ci maddənin 1-ci bəndi
Altı aylıq müddət haqqında qayda
İtkin düşmə ilə bağlı şikayətlər ərizəçilərin fərdi şikayət hüququnun cavabdeh dövlət tərəfindən tanınmasından altı aydan artıq müddət keçdikdən sonra verilib (cavabdeh Hökumətin ilkin etirazı): ilkin etiraz rədd edildi
35-ci maddənin 2-ci bəndi
Mahiyyətcə eyni məsələyə artıq baxılmış olması
Dövlətlərarası işdə mahiyyətcə eyni faktlara aid olan şikayətə artıq baxmış olan Avropa Məhkəməsinin bu işə baxmaq səlahiyyətinə malik olmaması (cavabdeh Hökumətin ilkin etirazı): ilkin etiraz rədd edildi
35-ci maddənin 3-cü bəndi
Zaman meyarına görə (ratione temporis) Məhkəmənin yurisdiksiyası
İtkin düşmə hallarının ərizəçilərin fərdi şikayət hüququnun cavabdeh dövlət tərəfindən tanınmasından təxminən on üç il əvvəl baş verməsi ilə əlaqədar olaraq Məhkəmənin zaman meyarına görə işə baxmaq səlahiyyətinə malik olmaması (cavabdeh Hökumətin ilkin etirazı): ilkin etiraz rədd edildi
Faktlar – Ərizəçilər 1974-cü ilin iyulunda və avqustunda Kiprin şimalında Türkiyə tərəfindən hərbi əməliyyatlar aparıldığı dövrdə itkin düşmüş doqquz Kipr vətəndaşının qohumlarıdır. Tərəflər arasında iş üzrə faktlarla əlaqədar fikir ayrılıqları var. İtkin düşmüş şəxslərdən səkkizi Kipr yunanlarının silahlı qüvvələrinin hərbçiləri idi və ərizəçilər iddia edirdilər ki, Türkiyənin silahlı qüvvələri tərəfindən tutularaq əsir götürüldükdən sonra itkin düşmüşdülər. Şahidlər ifadələrində bildirdilər ki, onlar 1974-cü ildə Türkiyə həbsxanalarında görüblər və bu adamların bəzilərinin yunan mətbuatında çap olunmuş fotoşəkilləri ailə üzvləri tərəfindən tanınmışdı. Türkiyə Hökuməti bu şəxslərin Türkiyənin silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü təkzib edərək iddia etdi ki, onlar münaqişə dövründə hərbi əməliyyatlar zamanı həlak olublar. İtkin düşmüş doqquzuncu şəxs – cənab Hacipanteli bank işçisi idi. Ərizəçilər iddia etdilər ki, o, 1974-cü ildə Türkiyə silahlı qüvvələri tərəfindən dindirilmək üçün tutulmuş şəxslər arasında idi və bundan sonra itkin düşmüşdü. Onun cəsədi BMT-nin Kiprdə itkin düşmüş şəxslərin işləri üzrə komitəsinin (CMP) fəaliyyəti sayəsində 2007-ci ildə aşkar edilmişdi. CMP hər iki münaqişə tərəfinə mənsub olan itkin düşmüş şəxslərin siyahısının tərtib edilməsi və onların salamat olub-olmadıqlarının müəyyənləşdirilməsi məqsədi ilə 1981-ci ildə təsis edilib. O, tərəflərin məsuliyyətini müəyyən etmək və ya ölümün səbəbi barədə rəy vermək səlahiyyətinə malik deyil. Cənab Hacipantelinin cəsədi Kipr türklərinin kəndinin yaxınlığındakı kütləvi məzarlıqdan çıxarıldı (ekshumasiya olundu). Tibbi rəyə əsasən, onun başında və sağ qolunda güllə yaraları, habelə sağ budunda yara vardı. Türkiyə Hökuməti onun əsir götürülməsi faktını təkzib edərək qeyd etdi ki, onun adı Beynəlxalq Qırmızı Xaç Komitəsinin baş çəkdiyi saxlanma yerlərində saxlanılan Kipr yunanlarının siyahısında yox idi.
10 yanvar 2008-ci il tarixli qərarla (104 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası müəyyən etdi ki, Konvensiyanın 2-ci və 5-ci maddələrinin, habelə 3-cü maddəsinin davamedici prosessual pozuntuları baş verib. O, 5-ci maddənin hər hansı maddi-hüquqi pozuntusunu müəyyən etmədi.
Hüquqi məsələlər
a) İlkin etirazlar – Cavabdeh Hökumət Məhkəmənin bu işə baxmaq səlahiyyətinə (yurisdiksiyasına) malik olmasına aşağıdakı səbəblərə görə etiraz etdi. Birincisi, o, qeyd etdi ki, şikayətlərə baxılması üçün hər hansı hüquqi maraq mövcud deyil, çünki Məhkəmə itkin düşmüş Kipr yunanlarının məsələsi ilə bağlı dördüncü dövlətlərarası işdə artıq qərar çıxarıb (Kipr Türkiyəyə qarşı [Böyük Palata], ərizə № 25781/94, 10 may 2001-ci il, 30 saylı Məlumat bülleteni). İkincisi, bu şikayətlər zaman meyarına görə Məhkəmənin yurisdiksiyası xaricindədir, çünki itkin düşmüş şəxslər Avropa Məhkəməsinə fərdi şikayət hüququnun 28 yanvar 1987-ci ildə Türkiyə tərəfindən tanınmasından xeyli əvvəl ölmüş hesab edilməlidir və bu şikayətlərin əsasını təşkil edən faktlarla əlaqədar hər hansı ayrıca prosessual öhdəlik yaranmır. İstənilən halda, 2-ci və 3-cü maddələrdən irəli gələn prosessual öhdəlik (araşdırma aparmaq öhdəliyi) məhkəmə praktikasının son dövrlərdəki inkişafının nəticəsidir və onu əvvəlki dövrlərə şamil edib həmin dövrlərdə dövlətlər üçün məcburi saymaq olmaz. Nəhayət, şikayətlər Avropa Məhkəməsinə fərdi şikayət hüququnun Türkiyə tərəfindən tanınmasından altı aydan artıq müddət keçdikdən sonra verilib və müvafiq olaraq, şikayətlər üçün nəzərdə tutulmuş müddət ötürülüb.
i) Hüquqi maraq: Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndinin məqsədləri üçün şikayət artıq Məhkəmənin baxmış olduğu şikayətlə o halda "mahiyyətcə eyni" sayılır ki, eyni faktlara aid olmaqla yanaşı, həm də eyni şəxslər tərəfindən verilmiş olsun. Beləliklə, bu məsələyə aid dövlətlərarası şikayətin mövcudluğu ərizəçiləri öz tələblərini təqdim etmək və ya müdafiə etmək hüququndan məhrum etmir. Bu şikayət ərizələrinin Məhkəmə tərəfindən baxılacaq işlərin siyahısından 37-ci maddənin 1-ci bəndinin "c" yarımbəndi əsasında çıxarılmalı olub-olmaması məsələsinə gəlincə, bu məsələyə aid dördüncü dövlətlərarası işdə Məhkəmənin çıxardığı qərarlarda həmin qərarların məhz hansı itkin düşmüş şəxslərə aid olduğu göstərilməyib. Bundan başqa, fərdi şikayət ərizələrinin verildiyi işlərdə Məhkəmə ayrı-ayrı ərizəçilərə ədalətli kompensasiya təyin etmək, habelə Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş tədbirləri təyin etmək səlahiyyətinə malikdir. Buna görə də işə baxılmasının davam etdirilməsi üçün hüquqi maraq mövcuddur.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (bir səsə qarşı on altı səslə).
ii) Zaman meyarına görə yurisdiksiya: 2-ci maddədən irəli gələn prosessual öhdəlik, yəni ölümlə əlaqədar olaraq araşdırma aparmaq öhdəliyi dövlətin ayrıca və müstəqil vəzifəsinə çevrilib və bu öhdəliyə "ayrıca götürülə bilən" öhdəlik kimi baxmaq olar, beləliklə, ölüm hadisəsi hətta Konvensiyanın qüvvəyə minməsindən əvvəl baş verdikdə belə, araşdırma aparmaq öhdəliyi dövlət üçün məcburi qüvvəyə malik olmaqda davam edir (Şilih Sloveniyaya qarşı [Böyük Palata], ərizə № 71463/01, 9 aprel 2009-cu il, 118 saylı Məlumat bülleteni). Məhkəmənin presedent hüququnda bu prosessual öhdəliyin təşəkkül tapmasının ərizəçilərin fərdi şikayət hüququnun Türkiyə tərəfindən tanınmasından sonra baş verməsi önəmli deyil, çünki presedent hüququ əvvəlki qərarlara aydınlıq gətirilməsi üçün vasitədir və qanunvericilik aktlarından fərqli olaraq, hüquqi aktların qüvvəsinin geriyə şamil olunmaması prinsipi presedent hüququna tətbiq edilmir.
İtkin düşmüş şəxslərin 1987-ci ildə zaman meyarına görə Məhkəmənin yurisdiksiyası yaranmazdan xeyli əvvəl ölmüş hesab edilməli olduğu barədə arqumentə gəlincə, Məhkəmə faktlara dair irəli sürülən prezumpsiyanı (ehtimalı) həmin prezumpsiyadan irəli gələn hüquqi nəticələrdən fərqləndirir. Cəsədin tapılması, yaxud itkin düşmüş şəxsin öldüyünün ehtimal olunması (ölüm prezumpsiyası) şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsini araşdırmaq öhdəliyinə xitam vermir, çünki onun itkin düşməsini və ya ölümünü araşdırmaq və qanunsuz hərəkətləri törədənləri müəyyənləşdirmək və məsuliyyətə cəlb etmək vəzifəsi, bir qayda olaraq, qüvvədə qalır. Müvafiq olaraq, şəxs barəsində hər hansı məlumat olmadan 34 illik müddətin keçməsi onun öldüyünü güman etmək üçün ciddi dolayı sübut olsa da, bu, araşdırma aparmaqdan ibarət prosessual öhdəliyi aradan qaldırmır.
Bundan başqa, şübhəli şəraitdə baş verən ölüm hallarını araşdırmaq vəzifəsi ilə şübhəli şəraitdə itkin düşmə hallarını araşdırmaqvəzifəsini fərqləndirmək lazımdır. İtkin düşmə şəxsin taleyi ilə bağlı uzunmüddətli qeyri-müəyyənliyin mövcud olması və məsuliyyət məsələsinin uzun müddət qeyri-müəyyən qalması ilə səciyyələnən elə bir hadisədir ki, bu zaman baş verənlərlə bağlı hər hansı məlumat olmur, yaxud baş verənləri bilərəkdən gizlətmək və pərdələmək niyyətinin mövcudluğu da bəlli olmur. İtkin düşmə "ani" olaraq baş verən akt və ya hadisə deyil; itkin düşmüş şəxsin yeri və ya taleyi ilə bağlı uzun müddət davam edən naməlum vəziyyətə sonradan aydınlıq gətirə bilən məlumatın verilməməsi də itkin düşməni fərqləndirən əlavə elementdir, özü də itkin düşmüş şəxsin taleyi aydınlaşdırılmayana qədər (hətta onun öldüyü ehtimal olunsa belə) prosessual öhdəlik qüvvədə qalır. Məhkəmə bununla əlaqədar olaraq qeyd etdi ki, ölüm hallarının müəyyənləşdirilməsinin və onlarla bağlı araşdırma aparmaq öhdəliyinin Konvensiyanın müvafiq dövlət barəsində qüvvəyə mindiyi tarixlə əlaqələndirilməsi barədə tələb yalnız qətl və ya şübhəli ölüm kontekstində tətbiq edilir (Şilihin işi üzrə yuxarıdakı qərara bax).
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (bir səsə qarşı on altı səslə).
iii) Altı aylıq müddət haqqında qayda: İtkin düşmüş şəxslərin işləri üzrə ərizəçilər həmin şəxslərin tapılması üçün müəyyən səy və təşəbbüs göstərdiklərinə dair sübut təqdim etməli və şikayətlərini əsassız gecikmə olmadan verməlidirlər. İtkin düşmə ilə əlaqədar cinayətlərin ciddiliyini nəzərə alsaq, şikayətlərin verilməsində qohumlardan gözlənilən operativlik standartı çox da sərt olmamalıdır, bununla belə, ərizəçilər araşdırmanın başlamadığını və ya araşdırma aparanların fəaliyyətsiz qaldığını, yaxud araşdırmanın səmərəsiz olduğunu və gələcəkdə araşdırmanın səmərəli şəkildə aparılacağına dair birbaşa və real perspektivin olmadığını bilirlərsə və ya bilməlidirlərsə, bu halda onlar şikayətlərin verilməsində həddən artıq və ya izahsız yubanmalara yol verdikləri təqdirdə həmin şikayətlər rədd edilə bilər. Bu mərhələnin nə vaxt gəlib çatması hər bir işin konkret hallarından asılıdır.
Adi istintaq prosedurlarının tətbiqinin mümkün olmadığı beynəlxalq münaqişə ilə əlaqədar olan hazırkı işin müstəsna hallarını nəzərə alsaq, Hökumətin və BMT-nin təşəbbüslərinin nəticə verəcəyinə ərizəçilər əsaslı olaraq ümid bəsləyə bilərdilər, çünki həmin təşəbbüslər məlum kütləvi məzarlıq yerlərinə baxış keçirilməsi ilə nəticələnə və sonrakı tədbirlər üçün əsas yarada bilərdi. Bu proseslərin ərizəçilərin qohumlarının cəsədlərinin tapılmasında və ya talelərinin müəyyənləşdirilməsində irəliləyiş üçün real ümid yaratmadığı 1990-cı ilin sonunda aydın olmuşdu, ərizəçilər isə Avropa Məhkəməsinə həmin ilin yanvarında müraciət etmişdilər. Müvafiq olaraq, bu işin xüsusi halları nəzərə alınmaqla onlar zəruri operativliklə hərəkət etmişdirlər.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (iki səsə qarşı on beş səslə).
b) Şikayətlərin mahiyyəti
Maddə 2: Məhkəmə etiraf etdi ki, bu işdə ən azı şahidlərin itkin düşmüş şəxsləri sonuncu dəfə Türkiyə silahlı qüvvələrinin nəzarətində olan və ya tezliklə nəzarətinə keçəcək ərazidə gördüklərinə dair əsaslı iddia var. Həmin şəxslərin ölüb-ölməməsi və ya əsir düşüb-düşməməsi məsələsi hələ də aydınlaşdırılmalı məsələ olaraq qalır. 2-ci maddə mümkün qədər beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn ümumi prinsipləri nəzərə alınmaqla şərh olunmalıdır, silahlı münaqişələrdən irəli gələn qəddar və qeyri-insani hərəkətlərin mümkün qədər azalmasında həmin prinsiplərin rolu əvəzsizdir və hamılıqla tanınır. Beynəlxalq münaqişə zonasında iştirakçı dövlətlər hərbi əməliyyatlarda ümumiyyətlə iştirak etməyən və ya artıq iştirak etməyən şəxslərin həyatlarını qorumaq öhdəliyini daşıyırlar. Bu öhdəlik həmçinin yaralılara tibbi yardım göstərilməsinə, cəsədlərin qalıqları ilə ləyaqətli şəkildə davranmağa və müvafiq şəxslərin kimliyi və taleyi barədə məlumatların təqdim edilməsinə şamil olunur. Cavabdeh Hökumət itkin düşmüş şəxslərin məhz onun nəzarəti altındakı ərazilərdə olarkən yoxa çıxdıqları barədə ərizəçilərin iddialarına cavab olaraq hər hansı sübut və ya inandırıcı izahat təqdim etmədi. İtkin düşənlərin həyatları üçün təhlükəli şəraitdə, hərbi əməliyyatların geniş miqyaslı həbslərlə və qətllərlə müşayiət olunduğu bir vəziyyətdə yoxa çıxdıqlarını nəzərə alsaq, bu halda 2-ci maddə cavabdeh Hökumətin üzərinə itkin düşmüş şəxslərin yeri və taleyi barədə izahat verməkdən ibarət davamedici (uzun müddət qüvvədə qalan) öhdəlik qoyur.
Bu öhdəliyə riayət edilməsi məsələsinə gəlincə, Məhkəmə CMP tərəfindən həyata keçirilən ekshumasiya və cəsədlərin qalıqlarının tanınması işinin əhəmiyyətini tam təsdiq edir və məlumat əldə etmək və cəsədlərin qalıqlarını mərhumların qohumlarına qaytarmaq üçün CMP tərəfindən görülən işə tam etibar edir. Bununla belə, o, qeyd edir ki, CMP-in işi araşdırma prosesində ilk mühüm addım olsa da, cavabdeh Hökumətin 2-ci maddədən irəli gələn səmərəli araşdırma aparmaq öhdəliyini yerinə yetirməsi üçün kifayət deyil. İtkin düşmüş şəxslərdən biri olan Hacipanteli barəsində təqdim edilmiş materiallardan belə görünür ki, cəsədin qalıqlarının tanınması proseduru ölüm haqqında tibbi arayışın verilməsindən ibarətdir, həmin arayışda ölümə səbəb olmuş xəsarətlər qısaca göstərilir. Lakin ölümün hallarının təhlilini əks etdirən, yaxud hətta ölümün tarixini göstərən hər hansı tibbi rəy yoxdur, həmçinin şahidlərin aşkar edilməsi və dindirilməsi üçün heç bir istintaq tədbiri görülməyib. Beləliklə, hətta cəsədin yeri aşkar edilsə də, bu, qurbanın ölümünün hallarına aydınlıq gətirilməsinə səbəb olmayıb.
Məhkəmə hadisələrdən bu qədər uzun vaxt keçdikdən sonra sübutların toplanmasında və işin araşdırılmasında əhəmiyyətli çətinliklər olduğunu etiraf etsə də, xatırlatdı ki, səmərəli araşdırma ölümün qanuna zidd olaraq baş verib-vermədiyini və əgər qanuna zidd olaraq baş veribsə, təqsirkarların müəyyən edilməsini və cəzalandırılmasını təmin etməli idi. CMP-in öz işində məhdud səlahiyyətləri çərçivəsindən kənara çıxdığını göstərən heç nə yoxdur, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün faktların müəyyən edilməsində, yaxud sübutların toplanmasında və qiymətləndirilməsində isə hər hansı digər orqan və ya qurum iştirak etməyib. Sonradan araşdırmanın nəticəsiz olduğunun məlum olması o demək deyil ki, araşdırma əvvəlcədən uğursuzluğa məhkum idi və nəticələrin əldə edilməməsi cavabdeh Hökuməti zəruri səy göstərmək vəzifəsindən azad etmirdi. Münaqişə iştirakçısı olan hər iki tərəfin "siyasi cəhətdən həssas" yanaşmaya üstünlük verməsi və məhdud səlahiyyətli CMP-in işinin BMT-nin vasitəçiliyi ilə məsələnin yeganə həlli yolu olması faktı Konvensiyanın bu işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Beləliklə, cavabdeh dövlət itkin düşmüş doqquz şəxsin taleyinin müəyyənləşdirilməsi üçün səmərəli araşdırma aparmaqdan davamlı olaraq yayınmışdı.
Nəticə: davamedici prosessual pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 3: Məhkəmə dördüncü dövlətlərarası işdə gəldiyi bu nəticədən kənara çıxmaq üçün heç bir səbəb görmür ki, itkin düşmüş qohumlarının taleyi ilə bağlı ərizəçilərin narahatlıq keçirmələrinə səbəb olmuş Türkiyənin dövlət orqanlarının etinasızlığı qeyri-insani rəftar hesab edilə bilər.
Nəticə: davamedici pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 5: Bu işdə itkin düşmüş və Beynəlxalq Qırmızı Xaç Komitəsinin siyahısına daxil edilmiş şəxslərdən ikisini sonuncu dəfə Türkiyənin və ya Kipr türklərinin nəzarəti atlında olduqları vəziyyətdə gördüklərini əsaslı olaraq iddia edən şahidlər vardı. Lakin Türkiyənin dövlət orqanları nə onların həbsə alındığını etiraf etdilər, nə də onların hara getdiklərini müəyyənləşdirməyə imkan verən hər hansı sübutedici sənəd təqdim etdilər. İtkin düşmüş şəxslərdən hər hansı birinin Məhkəmənin yursidksiyasına aid olan dövrdə həbsdə saxlanıldığına dair hər hansı sübut olmasa da, Türkiyə Hökuməti sübuta yetirməli idi ki, itkin düşmüş şəxslərdən ikisinin həbsə alındığı və ondan sonra onları heç kimin görmədiyi barədə əsaslı iddia ilə bağlı səmərəli araşdırma aparıb. Məhkəmənin yuxarıda 2-ci maddə ilə bağlı gəldiyi nəticələr şübhə yeri qoymur ki, dövlət orqanları bu məsələyə dair səmərəli araşdırma aparmayıblar.
Nəticə: itkin düşmüş şəxslərdən ikisi barəsində davamedici pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Məhkəmə işdəki pozuntuların ciddi xarakterini və ərizəçilərin on illər boyu qeyri-müəyyən vəziyyətdə qaldıqlarını nəzərə alaraq, ərizəçilərin hər birinə mənəvi ziyana görə 12.000 avro təyin etdi. Məhkəmə izah etdi ki, şəxslərin itkin düşməsi ilə əlaqədar işlərdə kompensasiya ödənişinin konkret dərəcələrini müəyyən etmir və belə hallarda ədalət prinsipini rəhbər tutur, bu prinsip işə şərait nəzərə alınmaqla və obyektiv şəkildə baxılmasına və bütün hallarda düzgün, ədalətli və əsaslı qərar çıxarılmasına imkan verir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy