Veykon (Vékony) Macarıstana qarşı – ərizə № 65681/13
13.1.2015 tarixli qərar [II Bölmə]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin ikinci hissəsi
Mülkiyyətdən istifadəyə nəzarət
Tütün məmulatları ticarəti üçün lisenziyanın qanunla kompensasiya ödənilmədən ləğv edilməsi və yenilənməməsi: pozuntu baş verib
Faktlar – 1994-cü ildən ərizəçinin ailəsi istehlak malları dükanı işlədirdi və orada aksiz vergisi tətbiq edilən tütün məmulatlarını satırdı. 2012-ci ildə qanunvericililikdə dəyişiklik edildikdən sonra tütün məmulatlarının pərakəndə ticarəti dövlət inhisarına alındı, tütün məmulatlarının pərakəndə satıcıları isə konsessiya müsabiqəsi yolu ilə lisenziya almalı idilər. Nəticədə ərizəçi tütün məmulatlarının pərakəndə ticarəti üçün lisenziyasından məhrum oldu. O, yeni qaydalara əsasən yeni lisenziya almaq imkanına malik deyildi.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi: Ərizəçinin tütün məmulatları ticarəti üçün lisenziyasının qanunla ləğv edilməsi və yenilənməməsi mülkiyyətdən istifadəyə nəzarət tədbiri idi və ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edirdi.
Lisenziyadan məhrum olma ərizəçinin biznesinə ciddi təsir göstərdi, belə ki, onun ticarət dövriyyəsi üç dəfə azaldı və nəhayət, o, bu biznesdən imtina etməli oldu. Mübahisəli qanunun qəbul edildiyi gündən tütün məmulatlarının ticarətinə xitam vermək üçün təyin olunmuş son müddətədək olan aralıq dövrdə satışa icazə verilməsi yetərli deyildi. Bundan başqa, 1 saylı Protokolun 1-ci maddəsində dolayısı ilə nəzərdə tutulur ki, mülkiyyətdən maneəsiz istifadə hüququna hər hansı müdaxilə müvafiq şəxslərin dövlət orqanları qarşısında öz arqumentlərini irəli sürmələrinə və müvafiq tədbirlərdən praktiki olaraq şikayət etmələrinə imkan yaradan prosessual təminatlarla müşayiət olunmalıdır. Qeyri-mütənasib və əsassız nəzarət tədbiri 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətin müdafiəsi tələblərinə cavab verə bilməzdi.
Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin üzərinə həddən artıq ağır fərdi yük qoyulub. Bu nəticəyə gələrkən o qeyd etdi ki, ərizəçinin lisenziyası kompensasiya ödənilmədən ləğv edilib, bu tədbir qanunvericilikdə daimi dəyişikliklərlə müşayiət olunub və heyrətamiz tələskənliklə tətbiq edilib, əvvəlki lisenziya avtomatik olaraq qüvvəsini itirib, yeni lisenziya verilməsindən imtina qərarı üzərində ictimai nəzarət olmayıb və hər hansı hüquqi müdafiə vasitələri də mövcud olmayıb, habelə ərizəçinin öz mülkiyyətinin sahibi olaraq qalması üçün real şansı olmayıb, belə ki, yeni konsessiyaların verilməsi prosesi özbaşına formada aparılır və əvvəlki lisenziya sahiblərinə üstünlük verilmirdi. Nəhayət, ərizəçinin qanun pozuntusuna yol verdiyini düşünmək üçün heç bir əsas yoxdur.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi və mənəvi ziyana görə 15.000 avro tətin edildi.
Full & Egal Universal Law Academy