© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
DÖRDÜNCÜ BÖLMƏ
VELYO VELEV BOLQARISTANA QARŞI
(16032/07 nömrəli ərizə)
QƏRAR
(Çıxarışlar)
STRASBURQ
27 may 2014-cü il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən
qəti qüvvəyə minir. Onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Velyo Velev Bolqarıstana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Dördüncü Bölmə)
sədrİneta Ziemele (Ineta Ziemele),
hakimlər:
Paivi Hirvela (Päivi Hirvelä),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoria (Nona Tsotsoria),
Zdravka Kalaycıyeva (Zdravka Kalaydjiyeva),
Pol Mahoni (Paul Mahoney),
Faris Vehaboviç (Faris Vehabović)
və bölmənin məhkəmə katibi Fransuaz Elens-Passosdan (Françoise Elens-Passos) ibarət tərkibdə
2014-cü il mayın 6-da qapalı müşavirə keçirərək
həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR
1. İş Bolqarıstan vətəndaşı cənab Velyo Velev (bundan sonra - “ərizəçi”) tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə müvafiq olaraq 2007-ci il martın 5-də Bolqarıstan Respublikasına qarşı Məhkəməyə verilmiş ərizə (16032/07 nömrəli) əsasında başlamışdır.
2. Ərizəçini Stara Zaqora şəhərində fəaliyyət göstərən vəkil xanım E.Syarova təmsil etmişdir. Bolqarıstan Hökumətini (bundan sonra - “Hökumət”) onun Məhkəmədəki səlahiyyətli nümayəndəsi xanım M.Kotseva təmsil etmişdir.
3. Ərizəçi iddia etmişdir ki, Stara Zaqora həbsxanasında saxlanıldığı müddətdə onun təhsil almasına 1-ci Protokolun 2-ci maddəsinə zidd olaraq icazə verilməmiş, həmçinin onun işi üzrə yekun qüvvəyə minmiş hökm olmadığı halda Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsinə zidd olaraq “residivistlər” üçün müəyyən olunmuş rejimdə saxlanılmışdır.
4. 2010-cu il dekabrın 14-də Hökumətə ərizə barədə bildiriş göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1977-ci ildə anadan olmuş və Stara Zaqora şəhərində yaşayır. 2003-cü ildə o, dələduzluq törətdiyinə görə məhkum edilmiş və 2003-cü il fevralın 11-dən 2004-cü il avqustun 4-dək Stara Zaqora həbsxanasında azadlıqdan məhrum etmə cəzasını çəkmişdir. 2004-cü il oktyabrın 1-də o, qanunsuz olaraq odlu silah saxlamaqda şübhə olunaraq həbs edilmişdir. 2004-cü il noyabrın 29-dan 2007-ci il aprelin 20-dək olan müddətdə o, Stara Zaqora həbsxanasında, onun iddialarına görə, “residivistlər” ilə birlikdə həbsdə saxlanılmışdır (aşağıda 20-ci abzasa bax).
6. Ərizəçi orta təhsili tam almadığına görə, Stara Zaqora həbsxanasında fəaliyyət göstərən məktəbə getmək barədə müraciət etmişdir. 2005-ci ilin avqust ayında o, 2005-2006 dərs ilində məktəbə getməsi üçün Stara Zaqora həbsxanasının müdiriyyətinə ərizə ilə müraciət etmişdir. 2005-ci il sentyabrın 15-də dərs ili başladıqda o, heç bir cavab almamış və buna görə 2005-ci il sentyabrın 29-da yenidən həbsxana müdiriyyətinə, həmçinin Təhsil Nazirliyinə və prokurorluğa (Bolqarıstanda həbs qətimkan tədbirinin və azadlıqdan məhrum etmə cəzasının icrasının qanuniliyinə nəzarəti prokurorluq həyata keçirir) müraciət etmişdir. Ərizəçiyə daxil olmuş prokurorluğun 2005-ci il 6 oktyabr tarixli məktubunda bildirilmişdir ki, ərizəçinin əvvəlki məhkumluğu nəzərə alınaraq, onun təhsil almaq imkanı həbsxana müdiriyyəti tərəfindən lazımi qaydada nəzərə alınmışdır. Məktubda həmçinin bildirilmişdir ki, ərizəçinin təhsil almaq imkanından məhrum edilməsi barədə iddiaları təsdiq edilməmişdir. Ərizəçiyə həmçinin Təhsil Nazirliyinin 2005-ci il 24 oktyabr tarixli məktubu daxil olmuşdur. Məktubda azadlıqdan məhrum edilmiş şəxslərin (лишени от свобода) həbsxanada təhsilini davam etdirmək hüququna malik olması bildirilsə də, xüsusilə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə istinad edilməmişdir.
7. Eyni zamanda, 2005-ci il oktyabrın 19-da ərizəçi həbsxana müdiriyyətinə, Təhsil Nazirliyinə və yuxarı prokurora yenidən müraciət etmişdir. 2005-ci il oktyabrın 26-da ərizəçi 2005-2006 dərs ilində məktəbə getməsi üçün həbsxana müdiriyyətinə yenidən ərizə ilə müraciət etmişdir. 2005-ci il 24 oktyabr tarixli məktuba istinadən ərizəçi bildirmişdir ki, Təhsil Nazirliyi onun həbsxanada təhsil almaq hüququnu tanımışdır. 2005-ci il dekabrın 7-də o, müraciətinin rədd edilməsi barədə Ədliyyə Nazirliyi Cəzaların İcrası İdarəsinin rəisi tərəfindən imzalanmış cavab məktubunu almışdır. Məktubda digər məsələlər arasında bildirilmişdir ki:
“Müəyyən edilmişdir ki, (ərizəçi) hələ məhkum edilməmişdir. Məhkum edildiyi təqdirdə o, residivistlər üçün nəzərdə tutulmuş həbsxanaya köçürüləcəkdir.
Residivist olmayan məhkumlar üçün nəzərdə tutulmuş həbsxanada təhsil və əmək proqramlarına residivistlərin cəlb olunması müxtəlif kateqoriyalı məhkumların ayrı saxlanması və islah proqramlarında ayrı iştirak etməsinə dair tələbin pozulmasına gətirib çıxaracaqdı ...”
8. 2005-ci il dekabrın 21-də ərizəçi məktəbə qəbul etməkdən imtinadan şikayət edərək bildirmişdir ki, ikinci azadlıqdan məhrum etmə cəzası olmadığı halda o, “residivist” sayıla bilməzdi. Ərizəçi öz yazılı şikayətində təhsil hüququnun Konstitusiyanın 53-cü maddəsi və Konvensiyanın 1-ci Protokolunun 2-ci maddəsi ilə təmin olunmasına əsaslanaraq qeyd etmişdir ki, BMT-nin “Məhbuslarla rəftarın minimal standart qaydalarının” 77-ci maddəsində, inter alia, nəzərdə tutulur ki, “təhsildən yararlanmaq imkanında olan bütün məhbuslar üçün təhsil təmin edilməlidir”. Ərizəçinin fikrincə, “Cəzaların icrası haqqında” 1969-cu il Qanununda (aşağıda 15-19-cu abzaslara bax) məhkum edilmiş şəxslər üçün təhsil almaq imkanını təmin etmək öhdəliyi ilə bərabər dövlət orqanlarının barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər üçün təhsil almaq imkanını təmin etmək öhdəliyi nəzərdə tutulmuşdur. İmtina heç bir qanuni məqsəd güdməmiş və “Təhsil haqqında” Qanuna və BMT-nin “Təhsildə ayrı-seçkiliyə qarşı Konvensiyasına” zidd olmuşdur. Məhkəmə iclasında o, bildirmişdir ki, onun vəziyyətində olan başqa şəxslərə oxumağa icazə verilmiş, həbsxana müdiriyyəti isə imtina üçün qanuni əsas gətirməmişdir. Həbsxana müdiriyyəti etiraf etmişdir ki, əvvəllər təhsil almaq imkanı təmin edilmiş, lakin sonradan “residivistlərin” “residivist olmayanlara” təsiri nəzərə alınaraq buna son qoyulmuşdur. Ərizəçiyə təhsil almaq imkanı yaradılmamış, çünki “Cəzaların icrası haqqında” 1969-cu il Qanunun mənasında o, “residivistlər” üçün nəzərdə tutulmuş rejimdə saxlanılmalı olmuş (aşağıda 20-ci abzasa bax) və məktəbdə residivist olmayanlar ilə təmasda ola biləcəyinə görə məktəbə buraxıla bilməmişdir.
9. Stara Zaqora Vilayət Məhkəməsinin 2006-cı il 4 mart tarixli qərarı ilə ərizəçinin şikayəti təmin edilmiş və onun həbsxana müdiriyyəti tərəfindən həbsxananın təhsil proqramına daxil edilməsi təyin edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, həbsxana müdiriyyətinin rədd cavabı ərizəçinin “residivist” olması fikrinə əsaslanmış, Stara Zaqora həbsxanası isə “residivist olmayanlar” üçün nəzərdə tutulduğundan həbsxana müdiriyyəti onu əksəriyyəti “residivist olmayanlar” olan digər məhbuslar üçün təhsil proqramlarına buraxmamağa borclu idi. Məhkəmə nəticəyə gəlmişdir ki, ərizəçi “Cəzaların icrası haqqında” Qanunun 158-ci maddəsində müəyyən edildiyi kimi “residivist” sayıla bilməzdi, çünki əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna baxmayaraq, hazırkı cinayət işi üzrə hökm çıxarılmamış və o, ikinci dəfə məhkum edilməmiş, barəsində cəza təyin edilməmişdir. Buna görə, “residivistlərin” “residivist olmayanalardan” ayrı saxlanılması barədə tələb tətbiq oluna bilməzdi.
10. Həbsxana müdiriyyəti bu qərardan şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, müxtəlif kateqoriya məhbuslar üçün ayrı-ayrı rejim prinsipinə uyğun olaraq, ərizəçi məhkum etmə nəticəsində “residivist” kateqoriyasına düşəcək şəxslər qrupuna aid edilmişdir. Bundan başqa, Stara Zaqora həbsxanası “residivist olmayanlar” üçün nəzərdə tutulmuş, “residivistlərin”, o cümlədən bu rejimə aid olan barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin burada saxlanılması müstəsna xarakter daşımışdır.
11. Kassasiya şikayətinə baxıldıqdan qabaq, 2006-cı il avqustun 9-da ərizəçi həbsxana müdiriyyətinə müraciət edərək 2006-cı il sentyabrın 15-dən başlayan yeni dərs ilinə buraxılmasını xahiş etmişdir. Bu müraciətə cavab almadığı üçün ərizəçi 2006-cı il sentyabrın 21-də Ədliyyə Nazirliyinin Cəzaların İcrası İdarəsinə eyni məzmunlu ərizə göndərmişdir.
12. 2006-cı il sentyabrın 26-da Ali İnzibati Məhkəmə ərizəçinin şikayətləri ilə bağlı iş üzrə yekun qərar çıxarmışdır. Ali İnzibati Məhkəmədə prokuror (Ali Məhkəmədə aparılan bütün məhkəmə proseslərində iştirak edən prokuror) belə fikirdə olmuşdur ki, Stara Zaqora Vilayət Məhkəməsinin qərarı qanuni olmuş, həbsxana müdiriyyətinin kassasiya şikayəti isə rədd edilməlidir. Prokuror həmçinin bildirmişdir ki, kassasiya şikayətinin verilməsi əsasları aydın olmamış, şikayət edilən birinci instansiya məhkəməsinin verdiyi düzgün şərhinə zidd olaraq müvafiq qanunvericiliyin səhv şərhinə əsaslanmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, 2002-ci ildə edilmiş düzəlişlərdən əvvəl, “Cəzaların icrası haqqında” Qanunda 40 yaşına çatmamış bütün məhbusların təhsil almaq vəzifəsi müəyyən edilmişdir. Qanunun hazırkı mətnində yalnız 16 yaşına çatmamış şəxslərin icbari təhsili nəzərdə tutulmuş; 16 yaşına çatmış şəxslər üçün dövlət tərəfindən təhsil almaq imkanının yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunvericiliyə müvafiq olaraq, dərs ilini yekunlaşdırmaq üçün, yalnız bir ildən artıq müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər təhsil almaq hüququna malik olmuşlar (aşağıda 15-19-cu abzaslara bax). Ali Məhkəmə aşağıdakı nəticəyə gəlmişdir:
“...təhsil (icbari və ya könüllü) hüququ Bolqarıstan Respublikasının qanunvericiliyində qətimkan tədbirinin seçilməsi nəticəsində həbs edilmiş şəxslərə (задържане под стража) münasibətdə deyil, yalnız qüvvəyə minmiş hökm əsasında azadlıqdan məhrum edilmiş şəxslərə (лишаване от свобода) münasibətdə nəzərdə tutulur”.
Nəticə etibarilə, həbsxana müdiriyyəti tərəfindən ərizəçinin “residivist” sayması məsələsinin aidiyyəti olmamışdır.
13. Bu qərara istinadən 2006-cı il noyabrın 6-da Cəzaların İcrası İdarəsi ərizəçinin 2006-cı il 9 avqust və 21 sentyabr tarixli ərizələrinə cavab olaraq bildirmişdir ki, o, 2006-2007 dərs ilinə buraxılmayacaqdır.
14. Daha sonra ərizəçi qanunsuz olaraq odlu silah saxlamaya görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2007-ci il aprelin 20-də o, cəzasını çəkmək üçün Stara Zaqora həbsxanasından Pazarcık həbsxanasına keçirilmişdir. Hökumət Məhkəməyə məlumat verişdir ki, ərizəçi həmin həbsxanada təhsil proqramlarında iştirak etmək üçün müraciət etməmişdir. Eyni zamanda, məhkəməyə müraciətlərində ərizəçi bildirmişdir ki, o, Pazarcık həbsxanasında məktəb olmadığına görə, müraciət etməmişdir. Bundan əlavə, o, “residivist” sayılan heç olmazsa bir şəxsin Stara Zaqora həbsxanasında təhsil alması barədə sənədləri Məhkəməyə təqdim etmişdir. 2008-ci il avqustun 27-də ərizəçi Pazarcık həbsxanasından azad edilmişdir.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ HÜQUQ
A. Məhbusların təhsil almaq imkanı
15. Nəzərdən keçirilən müddətdə məhbusların təhsil almaq imkanı “Cəzaların icrası haqqında” 1969-cu il Qanunu (2009-cu ilə qədər qüvvədə olmuş; bundan sonra - “1969-cu il Qanunu”), 1969-cu il Qanununun tətbiqinə dair qaydalar, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin statusuna dair 1999-cu il 2 nömrəli Fərman (2007-ci ilə qədər qüvvədə olmuş; bundan sonra – “Fərman”), “Dövlət təhsili haqqında” 1991-ci il Qanunun (bundan sonra – “1991-ci il Qanunu”), 1991-ci il Qanununun tətbiqinə dair qaydalar ilə tənzimlənmişdir. Qeyd edilməlidir ki, 2002-ci ilə qədər barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin statusu ədliyyə nazirinin əmrləri ilə tənzimlənmişdir. 2002-ci ildə bu əmrlər 1969-cu il Qanununa daxil edilmişdir. Görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin statusunu daha təfərrüatlı nizamlayan müddəalar 1969-cu il Qanununun tətbiqinə dair qaydalara əlavə edildiyi 2006-cı ilə qədər Fərman qüvvədə olmuşdur.
16. 2002-ci ilə qədər həbsxanada təhsil 40 yaşınadək məhbuslar üçün icbari olmuş (1969-cu il Qanununun 39(1) maddəsi), lakin bu, yalnız bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə şamil olunmuşdur (1969-cu il Qanununun tətbiqinə dair qaydaların 47(1) maddəsi). 1969-cu il Qanununun 39(1) maddəsi 2002-ci ildə qüvvədən düşmüş, lakin qaydalardakı müddəa qüvvədə qalmışdır.
17. Müvafiq müddəalarda təhsil almaq imkanının üç ayrı-ayrı rejimi nəzərdə tutulmuşdur. Birincisi, həbsxanalarda deyil, “islah evlərində” saxlanılmış 14 və 18 yaş arası məhkumların dərslərdə iştirak etmək hüququ olmuşdur. 16 yaşınadək məhbuslar üçün təhsil icbari olmuşdur (1969-cu il Qanununun 39(3) maddəsi və 1991-ci il Qanununun 7(1) maddəsi). Daha yaşlı məhbusların təhsil proqramlarında iştirak etmək üçün müraciət etmək hüququ olmuş, həbsxana müdiriyyəti isə bunu təmin etməyə borclu idi (1969-cu il Qanununun 39(4) maddəsi və 1969-cu il Qanununun tətbiqinə dair qaydaların 75(1) maddəsi). Məhkum islah müəssisəsinə daxil olduğu zaman həbsxana müdiriyyəti onun təhsillə bağlı ehtiyaclarını qiymətləndirməli idi (1969-cu il Qanununun 66a(1)(3) maddəsi). Təhsil almış və işləməyən məhbuslar məktəbdə keçirilmiş vaxtın iş günü kimi cəza müddətindən çıxarılması hüququna malik olmuşlar (1969-cu il Qanununun 103(4) maddəsi).
18. 1969-cu il Qanununun 128-ci maddəsində bildirilmişdir ki, başqa cür nəzərdə tutulmayıbsa, məhkum olunmuş məhbuslarla bağlı 1969-cu il Qanununun müddəaları barəsində həbs qətimkan tədbiri seçilmiş məhbuslara şamil olunmuşdur. 1969-cu il Qanununun tətbiqinə dair qaydalarda eyni müddəa əks etdirilmişdir (168-ci maddə).
19. Təzəlikcə qüvvəyə minmiş “Cəzaların icrası və həbs haqqında” 2009-cu il Qanununda (bundan sonra – “1969-cu il Qanunu”) eyni müddəalar əks etdirilmişdir. Burada təsbit edilmişdir ki, məhkum edilmiş 16 yaşınadək məhbusların təhsil proqramlarına cəlb edilməsi məcburi olmuşdur (2009-cu il Qanununun 162(1) maddəsi). Müdiriyyət daha yaşlı məhbuslar üçün təhsil proqramlarını nəzərdə tuta bilərdi (162(2) maddə). Həbs edilmiş şəxslərin təhsil proqramlarına cəlb olunması “təşviq edilmişir” (257(2) maddə). Nəhayət, məktəbdə keçirilmiş müddət iş günü kimi cəza müddətindən çıxarılmalı idi (178(4) maddə).
B. Residivistlər
20. Müvafiq dövrdə 1969-cu il Qanununun 158(1) maddəsində nəzərdə tutulmuşdur ki, bu qanunda “residivist” sözü altında aşağıdakılar başa düşülür:
“a) cinayətlərin məcmusuna görə cəzanın təyin olunmasını tələb etməyən qəsdən törədilmiş cinayətlərə görə iki və daha çox dəfə məhkum edilmiş şəxslər ..., azadlıqdan məhrum etmə cəzasını çəkdikdə;
b) təhlükəli residiv sayılan cinayət törətməyə görə məhkum edilmiş şəxslər”.
1969-cu il Qanununun 12-ci maddəsi ilə tələb edilmişdir ki, “residivistlər” öz cəzasını ayrıca müəssisələrdə çəkməlidir. 8a(3) maddəsində tələb edilmişdir ki, “müxtəlif kateqoriya məhbuslar barəsində islah tədbirləri ayrı-ayrı həyata keçririlməlidir”. Bu qanunda nəzərdə tutulmuş mənada “residivistlər” müstəsna hallarda, yalnız islah olunduqda və digər məhbuslara mənfi təsir göstərə bilmədikdə başqa həbsxanaya keçirilə bilərdi (1969-cu il Qanununun 12(2) maddəsi). Əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu götürülməyən həbs edilmiş şəxslər digər şəxslərdən ayrı saxlanılırdı (1969-cu il Qanununun 130б(1)(5) maddəsi). 2009-cu il Qanununda eyni müddəalar əks etdirilir.
II. AVROPA ŞURASININ MÜVAFİQ SƏNƏDLƏRİ
A. Avropa Penitensiar Qaydaları
21. Avropa Penitensiar Qaydaları – Nazirlər Komitəsinin Avropa Şurasının üzv dövlətlərinə həbsxanalarda tətbiq edilməli minimal standartlara dair tövsiyələridir. Dövlətlər dəvət olunur ki, qanunvericilikdə və siyasətdə Qaydaları rəhbər tutsun, habelə Qaydaların məhkəmələr, həbsxana əməkdaşları və məhbuslar arasında geniş yayılmasını təmin etsin.
1. Avropa Penitensiar Qaydaları barədə 87(3) nömrəli Tövsiyə
22. Avropa Penitensiar Qaydaları Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 1987-ci il fevralın 12-də qəbul edilmişdir. Onlarda məhkəmədə işlərinə baxılmamış məhbuslar ilə bağlı, inter alia, aşağıdakı müddəalar əks etdirilir:
“11.1. Məhbusların ayrı-ayrı rejimli müəssisələrə yerləşdirilməsi zamanı onların hüquqi vəziyyəti (məhkəmədə işinə baxılmamış, yaxud məhkum edilməmiş, ilk dəfə cinayət törətmiş, yaxud təkrarən cinayət törətmiş, qısa, yaxud uzun müddətə cəzaya məhkum edilmiş), onlarla rəftarın xüsusi ehtiyacları, onların tibbi tələbləri, cinsi və yaşı lazımi qaydada nəzərə alınır.
...
3. Prinsip etibarilə, məhkəmədə işlərinə baxılmamış məhbuslar, onların məhkum edilmiş məhbuslarla saxlanılmasına və onlar üçün faydalı fəaliyyətlə məşğul olmasına razılıq verməsi halları istisna edilməklə, məhkum edilmiş məhbuslardan ayrı saxlanılır.
...
91. Şəxsi əmlakın müdafiəsinə dair hüquqi normalara, yaxud məhkəmədə işinə baxılmamış məhbuslar ilə bağlı riayət olunmalı prosedurlara xələl gətirməyərək, təqsiri müəyyən edilənədək təqsirsiz sayılan belə məhbuslar ... yalnız cinayət prosesi və müəssisənin məqsədləri üçün zəruri olan məhdudiyyətlər tətbiq edilməklə rəftar olunur.
...
96. Mümkün hallarda Məhkəmədə işlərinə baxılmamış məhbuslar üçün işləmək imkanı yaradılır, lakin onlar işə mütləq cəlb edilmir. İşləyənlərin əməyi digər məhbusların əməyi kimi ödənilir. Tədris və ya peşə hazırlığı kursları mövcud olduqda, məhkəmədə işlərinə baxılmamış məhbuslar bunlardan istifadə etməyə dəvət olunur.”
2. Həbsxanada təhsil barədə (89) 12 nömrəli Tövsiyə
23. 1989-cu il oktyabrın 13-də Nazirlər Komitəsi həbsxanada təhsil barədə tövsiyəni qəbul etmişdir. Preambulada aşağıdakılar bəyan edilmişdir:
“Təhsil hüququnun əsas olduğu nəzərə alınaraq;
Təhsilin şəxsin və cəmiyyətin inkişafındakı əhəmiyyəti nəzərə alınaraq;
Məhbusların böyük nisbətinin çox zəif təhsil təcrübəsinə malik olması və buna görə təhsilə böyük ehtiyac olduğu xüsusilə anlanaraq;
Həbsxanada təhsilin həbsxanaları humanistləşdirməyə və saxlama şəraitini yaxşılaşdırmağa kömək etdiyi nəzərə alınaraq;
Həbsxanada təhsilin məhbusun cəmiyyətə qayıtmasına yardım göstərməyə vacib yol olduğu nəzərə alınaraq;
Müəyyən hüquqların və ya tədbirlərin aşağıdakı tövsiyələrə uyğun təcrübədə tətbiqi zamanı məhkum olunmuş və məhkəmədə işlərinə baxılmamış məhbuslar arasında fərqlərin əsaslı ola bilməsi etiraf edilərək;
Avropa Penitensiar Qaydaları barədə R (87) 3 nömrəli Tövsiyə və Yaşlılar üçün təhsil siyasəti barədə R (81) 17 nömrəli tövsiyə nəzərə alınaraq”.
Tövsiyədə daha sonra aşağıdakılar bildirilir, inter alia:
“1. Bütün məhbusların siniflərdə oxuma, peşə hazırlığı, yaradıcılıq və mədəniyyət tədbirləri, fiziki tərbiyə və idman, sosial təhsil və kitabxanadan istifadəni əhatə edən təhsil almaq imkanı vardır; ...
4. Penitensiar sisteminin rəhbərliyi və həbsxanaların müdiriyyəti mümkün qədər təhsilə dəstək verməlidirlər; ...
6. Məhbusun təhsilin bütün aspektlərində iştirak etməyə həvəsləndirmək üçün bütün səylər göstərilməlidir; ...
17. Məhbuslara zəruri təhsil almaq imkanını yaratmaq üçün maliyyə vəsaiti, avadanlıq və müəllimlər mövcud olmalıdır”.
3. Avropa Penitensiar Qaydaları barədə R (2006) 2 nömrəli Tövsiyə
24. 2006-cı il yanvarın 11-də Avropa Şurasının Nazirlər Komitəsi 1987-ci il Qaydalarına “Avropada cəza siyasəti, cəzalandırma təcrübəsi və ümumiyyətlə həbsxanaların idarəetməsində baş vermiş dəyişiklikləri əks etdirmək üçün əhəmiyyətli dərəcədə yenidən baxmaq və onları təkmilləşdirmək” zərurətini qeyd edərək Avropa Penitensiar Qaydalarını yeni redaksiyada qəbul etmişdir. 2006-cı il Qaydalarında aşağıdakı əsas prinsiplər ehtiva edilir:
“Əsas prinsiplər
1. Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış zamanı onların hüquqlarına hörmət edilməlidir.
2. Azadlıqdan məhrum edilmiş şəxslər məhkum olunduqları və həbsdə saxlandıqları qanuna və məhkəmənin qərarına əsasən məhrum olunmadıqları bütün hüquqları saxlayırlar.
3. Azadlıqdan məhrum edilmiş bütün şəxslərə tətbiq olunan məhdudiyyətlər onun tətbiqinin əsas məqsədinə uyğun və minimal olmalıdır.
4. Məhbusların insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz.
5. Azadlıqdan məhrum etmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır.
6. Həbsdə saxlanma elə təşkil olunmalıdır ki, bu azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına kömək etsin...
Tətbiq dairəsi
...
10.2. Məhkəmənin qərarı ilə həbs edilmiş, azadlıqdan məhrum edilmiş şəxslər bir qayda olaraq penitensiar müəssisələrdə, yəni hər iki kateqoriyaya aid olan məhbuslar üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanmalıdırlar.
Cəzanın çəkilmə yeri və yerləşdirilmə
...
18.8. Məhbusun bu və ya digər penitensiar müəssisəyə, yaxud penitensiar müəssisənin konkret bölməsinə göndərilməsi barədə qərar qəbul edilərkən həbsdə saxlanmanın aşağıdakı qaydalarını ciddi şəkildə nəzərə almaq lazımdır:
a. təqsirləndirilən şəxslər məhkumlardan ayrı;
b. kişilər qadınlardan ayrı; və
c. yetkinlik yaşına çatmayan məhbuslar yaşlı məhbuslardan ayrı.
18.9. Məhbusların yerləşdirilməsi ilə əlaqədar 8-ci bənddə göstərilmiş tələblərdən istisnalara təşkil olunmuş tədbirlərdə onların birgə iştirakını təmin etmək məqsədilə yol verilə bilər, yalnız məhbuslar bir yerdə saxlanmaq üçün razı olmadıqda və penitensiar müəssisəsinin müdiriyyəti bunu məhbusların maraqlarına daha çox cavab verməsini hesab etmirsə, bu qruplar həmişə gecə ayrılırlar.
...
Təhsil
28.1. Hər bir penitensiar müəssisə bütün məhbuslara maksimal geniş və onların fərdi ehtiyaclarına cavab verən, məqsədlərinə uyğun olan təhsil proqramlarından istifadə etmək imkanları verməyə çalışmalıdır.
28.2. İlk növbədə oxumağı, yazmağı və saymağı bacarmayan, habelə ilkin təhsili və peşə hazırlığı olmayan məhbuslara diqqət yetirmək lazımdır.
28.3. Gənc məhbusların, habelə xüsusi ehtiyacları olan məhbusların təhsilinə xüsusi diqqət yetirmək lazımdır.
28.4. Daxili rejimə əsasən təhsilin statusu əməyin statusundan aşağı olmamalı və məhbuslar təhsil proqramlarında iştiraka görə maliyyə cəhətdən məhdudiyyətlərə məruz qalmamalıdırlar.
28.5. Hər bir penitensiar müəssisə lazımi qaydada müxtəlif populyar və tədris materialları, kitablarla və digər məlumat daşıyıcıları ilə komplektləşdirilmiş kitabxanaya malik olmalıdır.
28.6. İmkan daxilində penitensiar müəssisələrin kitabxanalarının işi yerli kitabxana xidmətləri ilə birgə təşkil edilir.
28.7. İmkan daxilində məhbusların təhsili:
a. onlar azadlığa çıxdıqdan sonra öz təhsillərini və peşə hazırlıqlarını problemsiz davam etdirmələri üçün ümummilli təhsil və peşə hazırlığı sisteminə inteqrasiya olunmalıdır; və
b. kənarda olan təhsil müəssisələrinin himayəsi altında həyata keçirilməlidir.
...
Məhkəmədə işlərinə baxılmamış məhbuslar
Məhkəmədə işlərinə baxılmamış məhbuslara yanaşma
95.1. Məhkəmədə işlərinə baxılmamış məhbusların rejimi, onların törədilmiş cinayətə görə məhkum ediləcəkləri nöqteyi-nəzərindən müəyyən edilməməlidir.
95.2. Bu hissənin Qaydaları məhkəmədə işlərinə baxılmamış məhbuslar üçün əlavə təminatlar nəzərdə tutur.
95.3. Penitensiar müəssisələr məhkəmədə işlərinə baxılmamış məhbuslar üçün rejim müəyyən edərkən bütün məhbuslara tətbiq edilən Qaydaları rəhbər tutur, onların bu Qaydalarla müəyyən edilmiş müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutur.
...
Məhkum edilmiş məhbuslar üçün rejimin tətbiqi
101. Məhkəmədə işlərinə baxılmamış məhbus ona məhkum edilmişlərin rejiminin tətbiqini arzu edirsə, penitensiar müəssisə imkan daxilində, bu xahişi yerinə yetirməlidir”.
HÜQUQİ MƏSƏLƏLƏR
...
II. ŞİKAYƏTİN MAHİYYƏTİ
A. Konvensiyanın 1-ci Protokolunun 2-ci maddəsinin iddia edilən pozuntusu
26. Ərizəçi şikayət etmişdir ki, o, Konvensiyanın 13-cü maddəsinə və 1-ci Protokolun 2-ci maddəsinə zidd olaraq Stara Zaqora həbsxanasında məktəbə getmək imkanından məhrum edilmişdir. Məhkəmə hesab edir ki, bu şikayətə aşağıdakılar nəzərdə tutulan 1-ci Protokolun 2-ci maddəsinə əsasən baxılmalıdır:
“Heç bir şəxsin təhsil hüququ rədd edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
1. Tərəflərin dəlilləri
27. Ərizəçi iddia etmişdir ki, həbs edilmiş məhbusların həbsxanada təhsil proqramında iştirakı qanunvericiliklə birbaşa qadağan edilməmiş və buna görə, ona, məhkum edilmiş məhbuslara kimi rəftar göstərilməli və təhsil almaq imkanına icazə verilməli idi. Xüsusilə, onun fikrincə, məhkum edilmiş məhbusların təhsil imkanlarından istifadə ilə bağlı müddəalar bütün məhbuslara münasibətdə tətbiq edilməli idi. O, öz ifadəsində göstərmişdir ki, dövlət orqanları müvafiq müddəaları düzgün ifadə etməmiş və bunun nəticəsində onu ayrı-seçkiliyə məruz qoymuş; onun hüquqlarını həbsin məqsədlərindən artıq dərəcədə məhdudlaşdırmış; onu təhsil hüququndan avtomatik və əsassız olaraq məhrum etmişdir.
28. Ərizəçi həmçinin həbsxana müdiriyyətinin və Hökumətin öz ifadələrində əsas gətirdikləri səbəbə, yəni onun “residivist” kimi məhkum oluna biləcəyinə görə məktəbə gedən “residivist olmayanların” maraqları üçün onun məktəbə buraxılmamasına etiraz etmişdir. O, qeyd etmişdir ki, Stara Zaqorada həbsdə olduğu müddətdə “residivist” sayılan məhkum olunmuş məhbuslar həbsxana məktəbinə getmişlər. Onun ifadələrinə görə, bu, “residivistlərin” digər məhbuslardan ayrılması prinsipinə əməl edilmədiyini nümayiş etdirmişdir. Bundan başqa, ərizəçi nəticəyə gəlmişdir ki, onun məhkəmədə işinə baxılmamış məhbus kimi, bəraət qazandıra və dərs ilinin sonuna qədər azad edilə biləcəyinə görə məktəbə buraxılmaması məntiqsiz idi. Əslində, o, Stara Zaqora həbsxanasında tam iki dərs ili ərzində həbsdə saxlanılmışdır. Həbsxana müdiriyyətinin onun həbs müddəti ilə bağlı hər hansı sualları olduğu halda prokurorluğa müraciət edə bilərdi. Ərizəçi bildirmişdir ki, məhkum edilənədək o, təqsirsizlik prezumpsiyasına malik olmuşdur və bu müddət ərzində onun təhsil hüququ rədd edilməməli idi. Məhkum edildikdən sonra o, Pazarcık həbsxanasına keçirilmiş və burada məktəb olmadığı üçün təhsil ala bilməmişdir.
29. Hökumət bildirmişdir ki, Məhkəmənin presedent hüququna müvafiq olaraq, ölkədə təhsil imkanlarını nizamlama və planlaşdırma dövlət orqanlarının səlahiyyətlərinə aiddir. Müxtəlif kateqoriya məhbuslar ilə bağlı müxtəlif standartları və saxlama şəraitini tətbiq etmək zəruriliyi nəzərə alınaraq həbsxana müdiriyyətinin qərarı əsaslı olmuşdur. Ərizəçinin ilk növbədə “residivist olmayanlar” üçün nəzərdə tutulmuş açıq tipli həbsxana olan Stara Zaqora həbsxanasında saxlanılması müstəsna xarakter daşımış və o zaman onun həbsdə saxlanılması müddəti məlum olmamışdır. Birincisi, Hökumət iddia etmişdir ki, həbsdə olan ərizəçinin məhkum edilmiş şəxslərlə birlikdə məktəbə getməsi məqsədəuyğun olmamışdır. Bundan əlavə, “Cəzaların icrası haqqında” Qanunun o zaman qüvvədə olmuş müddəalarına müvafiq olaraq, həbs edilmiş şəxslərin heç olmazsa bir dərs ili ərzində həbsdə saxlanılması dəqiq olmadığı təqdirdə, onların məktəbə qəbuluna yol verilməmişdir. İkincisi, “residivist” kimi məhkum olunmaq riski ilə üzləşən həbs edilmiş şəxs olduqdan, “residivist” məhbuslara yad qaydaların ona tətbiq edilməsi məqsədəuyğun idi (yuxarıda 20-ci abzasa bax). Belə olmadığı təqdirdə, həbsxana müdiriyyəti “residivist olmayan” məhbusları “residivist” məhbuslarla təmasdan qoruya bilməzdi. Bundan əlavə, “residivistlərə” tətbiq edilən qaydaların yumşaldılması azadlıqdan məhrum etmənin saxlayıcı təsirini azaldardı. Ərizəçi sonradan bəraət qazandırsa idi, o, dərhal azad edilərək həbsxana məktəbinə buraxılmaması daha ona təsir etməzdi. Nəhayət, Hökumət vurğulamışdır ki, Pazarcık şəhərindəki həbsxanaya keçirildikdən sonra ərizəçi təhsil almaq üçün müraciət etməmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
a) Ümumi prinsiplər
30. Məhkəmə ilk növbədə vurğulayır ki, qanuni qaydada təyin edilmiş həbs Konvensiyanın 5-ci maddəsinin əhatə dairəsinə daxil olduqda azadlıq hüququ istisna edilməklə, məhbuslar Konvensiya ilə təmin edilən bütün əsas hüquqlar və azadlıqlara malik olmaqda ümumiyyətlə davam etdirir. Məsələn, məhbuslar pis rəftara, qeyri-insani və ya ləyaqəti alçaldan cəzalara, yaxud Konvensiyanın 3-cü maddəsinə zidd olan şəraitə məruz qala bilməz; onların ailə həyatına hörmət hüququ, ifadə azadlığı, dini etiqad azadlığı, 6-cı maddənin məqsədləri üçün müdafiəçiyə və ya məhkəməyə müraciət etmək hüququ, yazışmaya hörmət hüququ və ailə qurmaq hüququ vardır. Həmin hüquqlar üzərində hər hansı məhdudiyyətlər əsaslandırılmalıdır, baxmayaraq ki, bunun əsasları həbs etmənin şəraitindən mütləq irəli gələn təhlükəsizlik, xüsusilə cinayətlərin və iğtişaşların qarşısının alınması mülahizələrində tapıla bilər (bax: “Hörst Birləşmiş Krallığa qarşı (№ 2) (BP)” (Hirst v. the United Kingdom (no. 2) [GC], no. 74025/01, § 69, ECHR 2005‑IX) və orada qeyd edilən qərarlar; həmçinin bax: “Ştummer Avstriyaya qarşı (BP)” (Stummer v. Austria [GC], no. 37452/02, § 99, ECHR 2011). Yuxarıda qeyd edilən “Hörst” qərarının 70-ci abzasında Məhkəmə göstərmişdir ki, “şübhə ... yoxdur ki, məhbus sadəcə məhkumluq nəticəsində həbs edilmiş şəxs olduğuna görə Konvensiya hüquqlarından məhrum olmur”. Bu prinsip müvafiq dövrdə ərizəçi olduğu kimi, məhkum edilməmiş və təqsirsiz sayılan şəxsə münasibətdə a fortiori tətbiq olunur (bax, misal üçün, “Laduna Slovakiyaya qarşı” (Laduna v. Slovakia, no. 31827/02, §§ 64 və 67, ECHR 2011).
31. Təhsil hüququna gəldikdə isə, 1-ci Protokolun 2-ci maddəsi tərəfdar çıxmış dövlət üzərində xüsusi təhsil müəssisələrini yaratmaq və ya maliyyələşdirmək öhdəliyini müəyyən edən kimi şərh oluna bilməz, bunu edən hər bir dövlət üzərində onlardan səmərəli surətdə istifadəni təmin etmək öhdəliyi olacaq. Başqa sözlə, müvafiq dövrdə mövcud olan təhsil müəssisələrinə getmək imkanı 1-ci Protokolun 2-ci maddəsinin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz tərkib hissəsidir (bax: “Belçikada təhsildə dillərdən istifadəyə dair qanunların müəyyən aspektləri ilə bağlı” iş (Case “relating to certain aspects of the laws on the use of languages in education in Belgium”, judgment of 23 July 1968, Series A no. 6, §§ 3-4); “Ponomaryovlar Bolqarıstana qarşı” (Ponomaryovi v. Bulgaria, no. 5335/05, § 49, ECHR 2011); və “Katan və Digərləri Moldova Respublikasına və Rusiyaya qarşı (BP)” (Catan and Others v. the Republic of Moldova and Russia [GC], nos. 43370/04, 8252/05 and 18454/06, § 137, ECHR 2012 (extracts)). Bu müddəa ibtidai, orta və ali təhsilə tətbiq olunur (bax: “Leyla Şahin Türkiyəyə qarşı (BP)” (Leyla Şahin v. Turkey [GC], no. 44774/98, §§ 134 and 136, ECHR 2005-XI).
32. Eyni zamanda, Məhkəmə etiraf edir ki, öz əhəmiyyətinə baxmayaraq, təhsil hüququ mütləq deyil və üzərində məhdudiyyətlər müəyyən edilə bilər. İstifadə etmək hüququ “öz təbiətinə görə dövlət tərəfindən tənzimlənməsini tələb etdiyi üçün”, hüququn mahiyyətinə zərər vurmamaq şərtilə, həmin məhdudiyyətlərə yol verilə bilər. Müəyyən edilən məhdudiyyətlər nəticəsində müvafiq hüququ onun mahiyyətini pozacaq və səmərililiyindən məhrum edəcək dərəcədə sıxmamasını təmin etmək üçün Məhkəmə qənaətə gəlməlidir ki, onlar müvafiq şəxslər üçün qabaqcadan məlum olmuş və qanuni məqsədləri güdmüşdür. Eyni zamanda. Konvensiyanın 8-11-ci maddələri ilə əlaqədar mövqedən fərqli olaraq Məhkəmə 1-ci Protokolun 2-ci maddəsində “qanuni məqsədlərin” dəqiq siyahısı ilə bağlı deyil. Bundan başqa, yalnız istifadə olunmuş vasitələrlə nail edilməli məqsəd arasında əsaslı mütənasiblik əlaqələri mövcud olduqda məhdudiyyət 1-ci Protokolun 2-ci maddəsinə uyğun olacaq. Konvensiya tələblərinə riayət olunması ilə bağlı son qərarın Məhkəmə tərəfindən verildiyinə baxmayaraq, tərəfdar çıxmış dövlətlər bu sahədə müəyyən hədlərdə mülahizə hüququna malikdir (bax: yuxarıda qeyd edilən Catan, § 140, və orada göstərilən qərarlar).
33. Həqiqətən, təhsil – mürəkkəb təşkil edilən və baxalı idarə edilən sahədir, dövlət orqanlarının buna sərf etdiyi vəsaitlər tükənməz deyil. Həmçinin, təhsil almaq imkanının tənzimlənməsinə dair qərar qəbul edərkən dövlət bir tərəfdən öz yurisdiksiyası altında olanların təhsil ehtiyacları, digər tərəfdən isə bunlara cavab vermək üçün məhdud imkanlar arasında ədalətli tarazlığa nail olmalıdır. Eyni zamanda, Məhkəmə, bəzi başqa dövlət xidmətlərindən fərqli olaraq, təhsilin Konvensiya ilə bilavasitə qorunan hüquq olması faktını nəzərdən qaçıra bilməz. Bu, həmçinin, ondan istifadə edənlər üçün birbaşa faydalı olan və daha geniş ictimai funksiyalara xidmət göstərən dövlət xidmətinin xüsusi növüdür. Əslində, Məhkəmə artıq qeyd etmişdir ki, “demokratik cəmiyyətdə təhsil hüququ ... insan hüquqlarının dəstəklənməsi üçün əvəzolunmazdır və ... əsas rol ... oynayır” (bax, mutatis mutandis, Ponomaryovi v. Bulgaria, no. 5335/05, § 55, ECHR 2011).
b) Həmin prinsiplərin hazırkın işin faktiki hallarına tətbiqi
34. Məhkəmə təhsil almaq imkanlarının bütün məhbuslar üçün açıq olması barədə Nazirlər Komitəsinin tövsiyələrindən xəbərdar olsa da (yuxarıda 21-24-cü abzaslara bax), xatırladır ki, 1-ci Protokolun 2-ci maddəsində tərəfdar çıxmış dövlətlər üzərində məhbuslar üçün bu cür imkanlar mövcud olmadıqda, onları yaratmaq öhdəliyi müəyyən edilmir (bax: “Natoli İtaliyaya qarşı” (Natoli v. Italy, no. 26161/95), Komissiyanın 1995-ci il 18 mart tarixli qərarı və “Epistau Rumıniyaya qarşı” (Epistatu v. Romania, no. 29343/10, § 63, 24 September 2013). Eyni zamanda, hazırkı ərizəçinin şikayəti mövcud olmuş təhsil müəssisəsinə, yəni Stara Zaqora həbsxanasının məktəbinə buraxılmaması ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, mövcud olan təhsil müəssisəsinə buraxılmaq hüququ 1-ci Protokolun 2-ci maddəsinin əhatə dairəsinə daxildir. Buna görə, bu hüquq üzərində hər hansı bir məhdudiyyət qabaqcadan məlum olmalı, qanuni məqsəd güdməli və bu məqsədə mütənasib olmalıdır (yuxarıda 32-ci abzasa bax). 1-ci Protokolun 2-ci maddəsi ilə bütün hallarda həbsxanalarda təhsili təmin etmək üzrə pozitiv öhdəlik nəzərdə tutulmasa da, bu cür imkanlar mövcud olduqda, özbaşına və əsassız məhdudiyyətlərə məruz qalmamalıdır.
35. Məhkəmə hesab edir ki, ərizəçi barəsində məhdudiyyətin 1-ci Protokolun 2-ci maddəsinin mənasında qabaqcadan məlum olması şübhə doğurur. Müvafiq qanunvericilikdə nəzərdə tutulmuşdur ki, 16 yaşına çatmış məhbusun öz xahişi ilə təhsil proqramlarında iştirak etmək hüququ vardır, qanunvericilikdə başqa cür nəzərdə tutulmayıbsa, məhkum olunmuş məhbuslar barəsində müddəalar həbs edilmiş şəxslərə şamil olunur. Həbs edilmiş şəxslərin təhsil hüququ ilə bağlı yeganə dəqiq ifadəni həbs edilmiş şəxslərin həbsxana təhsil proqramlarında iştirakının həbsxana müdiriyyəti tərəfindən “həvəsləndirməsi” barədə müddəa olmuşdur (yuxarıda 15-19-cu abzaslara bax).
36. Qanunvericilikdə dəqiq ifadələrin olmaması həmçinin bu faktda əks etdirilmişdir ki, yerli məhkəmələrdəki və bu Məhkəmədəki proses zamanı dövlət orqanları ərizəçinin məktəbə getməsi barədə müraciətinin rədd edilməsi üçün müxtəlif əsaslar gətirmişdir. Onun müraciəti Ədliyyə Nazirliyinin Cəzaların İcrası İdarəsi tərəfindən belə əsasla rədd edilmişdir ki, o, “məhkum edildikdə” “residivistlər” üçün həbsxanaya keçiriləcəkdi, eyni zamanda isə onun “residivist olmayanlar” ilə birlikdə həbsxana məktəbinə buraxılması nəticəsində “residivistlərin” “residivist olmayanların” ayrı saxlanmasına dair qanunvericilik tələbi pozulacaqdı (yuxarıda 7-ci abzasa bax). Sonradan həbsxana müdiriyyəti də onun müraciətinin eyni əsaslarla rədd etmişdir (yuxarıda 8-ci abzasa bax). Ərizəçi onun məktəbə buraxılmaması barədə həbsxana müdiriyyətinin qərarından şikayət verdikdə Stara Zaqora Vilayət Məhkəməsi onun “residivist” sayıla bilmədiyini müəyyən etdi və həbsxana müdiriyyətinə onu məktəbə buraxılmasını əmr etdi. Həbsxana müdiriyyətinin sonrakı şikayəti əsasında Ali İnzibati Məhkəmə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş təhsil hüququnun həbs edilmiş şəxslərə deyil, yalnız məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə tətbiq olunmasına görə ərizəçinin həbsxananın təhsil proqramlarında iştirak edə bilməməsi əsası ilə Stara Zaqora Vilayət Məhkəməsinin qərarını ləğv etdi (yuxarıda 12-ci abzasa bax).
37. Bundan əlavə, bu Məhkəmədəki proses zamanı Hökumət ərizəçinin məktəbə buraxılmaması üçün üç səbəb gətirmişdir. Birincisi, Hökumət iddia etmişdir ki, həbs edilmiş şəxs olduğuna görə onun məhkum edilmiş məhbuslarla birlikdə məktəbə getməsi məqsədəuyğun deyildi. İkincisi, iddia edilmişdir ki, qeyri-müəyyən müddətə həbs edilmiş şəxs olduğuna görə onun 12 aydan artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhbuslarla bir məktəbə getməsi məqsədəuyğun deyildi. Üçüncüsü, iddia edilmişdir ki, ərizəçi “residivist” kimi məhkum olunmaq riski ilə üzləşdiyi üçün ərizəçinin məktəbə buraxılması məktəbə gedən “residivist olmayan” məhkumların maraqlarına cavab verməzdi.
38. Məhkəmə qeyd edir ki, Hökumət öz dəlillərinin müdafiəsi üçün Stara Zaqora həbsxanasında şəraitə dair hər hansı sübutlar təqdim etməmişdir. Ərizəçinin həbs edilmiş şəxs statusuna görə, məhkum olunmuş məhbuslardan ayrı saxlamaqla onu qorumaq ehtiyacı həbsxana müdiriyyəti tərəfindən müraciət rədd edildikdə əsas kimi gətirilməmişdir. Bundan əlavə, ərizəçinin məktəbə buraxılması barədə çoxsaylı müraciətlərindən görünür ki, o, məhkum olunmuş məhbuslarla birgə təhsil almasına etiraz etməmişdir. Məhkəmə qarşısında olan materiallarda həbs edilmiş şəxslərin nəzarət altında olan sinif otağında hər hansı zərər ala bilməsinin, yaxud Stara Zaqora həbsxanasında həbs edilmiş şəxslərin məhkum olunmuş və ya “residivist” məhbuslardan ayrı saxlanmasının, bununla bu cür ayrılmanın həbsxanadakı rejimin bütün aspektlərinə aid olmasının heç bir sübutu yoxdur.
39. Hökumətin irəli sürdüyü ikinci əsası həbsin qeyri-müəyyən müddəti və qanunvericilikdə məhbusların həbsxanada məktəbə buraxılmaq üçün bir ildən artıq müddətdə cəza çəkməsi barədə tələb təşkil etmişdir. Eyni zamanda, Hökumət bunun həbsxana məktəbinə buraxılış üçün zəruri şərt olmasının səbəblərini izah etməmişdir. Ərizəçi kimi həbs edilmiş şəxslər ilə əlaqədar olaraq Məhkəmə hesab etmir ki, həbs qətimkan tədbiri müddətinin əvvəlcədən məlum olmaması, bəlkə bəzi hallarda həbs müddətinin qısa olması əvvəlcədən məlum olduğu hallar istisna edilməklə, şəxsin təhsilə buraxılmaması üçün səbəb ola bilər. Bundan əlavə, Hökumət, misal üçün, uzun müddət cəza çəkən məhbuslara əsas diqqətin yetirilməsini əsaslandırmaq üçün məktəbdəki resurslar barədə hər hansı statistik məlumatları Məhkəməyə təqdim etməmişdir.
40. Nəhayət, Hökumət əsas gətirdiyi sonuncu dəlillə, yəni ərizəçinin “residivist” kimi məhkum olunmaq riskinə görə onun başqa məhbuslardan ayrı saxlamaq zəruriliyi ilə əlaqədar olaraq Məhkəmə, həmin müddətdə işinə məhkəmədə baxılmadığı üçün onun təqsirsizlik prezumpsiyasına malik olduğuna görə hesab etmir ki, bu, qanuni əsasdır.
41. Buna görə, Məhkəmə Hökumətin irəli sürdüyü əsasları, xüsusilə Stara Zaqora həbsxana məktəbində təhsil almaq imkanının dəqiq modallıqları ilə bağlı hər hansı sübutla təsdiq olunmadığı üçün, inandırıcı hesab etmir. Tərəzinin digər tərəfində orta təhsili bitirmək üçün ərizəçinin şübhəsiz marağı olmalıdır. Həm fərdi məhbus və həbsxana mühiti, həm də ümumiyyətlə cəmiyyət baxımından həbsxanada təhsilin təmin olunmasının dəyəri Avropa Şurası Nazirlər Komitəsinin həbsxanada təhsil barədə və Avropa Penitensiar Qaydaları barədə tövsiyələrində etiraf edilmişdir (yuxarıda 21-24-cü abzaslara bax).
42. Hazırkı işdə Hökumət, misal üçün, nə məktəbdə məhdud resurslar kimi praktiki səbəbləri, nə də ərizəçi üzərində müəyyən edilmiş məhdudiyyətlərin hüquqi əsaslarını göstərməmişdir. Belə şəraitdə qarşısında olan sübutlara əsasən Məhkəmə müəyyən etmir ki, ərizəçinin Stara Zaqora həbsxana məktəbinə buraxılmaması qabaqcadan kifayət qədər məlum olmuş, qanuni məqsəd güdmüş və bu məqsədə mütənasib olmuşdur. Nəticədə, bu işdə 1-ci Protokolun 2-ci maddəsinin pozuntusu baş vermişdir.
...
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəni qəbuledilən elan edir;
2. Konvensiyanın 1-ci Protokolunun 2-ci maddəsinin pozulduğunu qət edir;
...
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü hissələrinə müvafiq olaraq 2014-cü il mayın 27-də yazılı qaydada göndərilmişdir.
Fransuaz Elens-Passosİneta Zimele
Məhkəmə katibiSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy