Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Vera Fernández-Huidobro (Vera Fernández-Huidobro) İspaniyaya qarşı - 74181/01
Qərar 6.1.2010 [III Bölmə]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Cinayət ittihamı
İstintaq hakiminin qərəzsiz olmaması iddiası: pozuntu yoxdur
Ədalətli məhkəmə araşdırması
Qərəzsiz məhkəmə
İstintaq zamanı qərəzsizliyin olmaması faktının başqa bir məhkəmənin hakimi tərəfindən yeni istintaq həyata keçirilməklə aradan qaldırılması: pozuntu yoxdur
Faktlar - Qeyd olunan zaman ərizəçi Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə Dövlət Katibi vəzifəsini tutmuşdu. 1988-ci ildə mərkəzi istintaq hakimi tərəfindən Anti-Terrorist Azadlıq Qrupları kimi tanınan terror təşkilatına qarşı cinayət prosesi başladılmışdır. 1993-cü ildə mərkəzi istintaq hakimi ümumi seçkilərdə iştirak etmək üçün şəxsi məqsədlərə görə məzuniyyətə çıxmış və Hökumət daxilində müxtəlif vəzifələr tutmuşdur. Vəkil yardımı almaq üçün müraciət məktubundan başqa onun məzuniyyəti və əvəz edilməsi müddətində heç bir əhəmiyyətli istintaq tədbiri görülməmişdir. Məzuniyyətdə olduğu müddətdə hakimin tutduğu vəzifələr sırasına Daxili İşlər Nazirliyində Dövlət Katibi vəzifəsi də daxildir. 1994-cü ildə bir neçə gün ərzində o, həmin dövrdə Daxili İşlər Nazirliyində Təhlükəsizlik üzrə Dövlət Katibi vəzifəsində çalışan ərizəçi ilə eyni vəzifəni tutmuşdur (lakin qısa müddət sonra istefa vermişdir). Ərizəçinın sözlərinə görə bu iki şəxs arasında siyasi məsuliyyətləri səbəbi ilə ciddi düşmənçiliyi mövcud idi və hakim bunu dansa da, bu vəziyyət hakimin istefaya getməsi ilə nəticələnmişdir. Hökumətdən öz istəyi ilə istefaya getdikdən bir neçə gün sonra, mərkəzi istintaq hakimi vəzifəsinə geri qayıtmış və GAL işi üzrə istintaq prosesini davam etdirmişdir. Həmin müddətdən etibarən istintaq prosesi fəal şəkildə davam etmişdir. 1995-ci ilin yanvar ayında mərkəzi istintaq hakimi ərizəçini dövlət vəsaitindən sui-istifadə və saxta həbs qərarlarında şübhəli bilərək rəsmi istintaq prosesinə cəlb etmişdir; o, GAL təşkilatında maliyyə və digər vasitələr ilə iştirak etməkdə təqsirləndirilirdi. Ərizəçi hakimin qərəzli olmasından şikayət etmiş, lakin uğur qazanmamışdır. O, 1995-ci ildə bir neçə ay müddətində məhkəməyə qədər həbsdə olmuş, sonra girov ödəyərək azad edilmişdir. 1995-ci ilin avqust ayından etibarən istintaq prosesi Ali Məhkəmənin Cinayət Şöbəsi məhkəməsinin hakimi tərəfindən həyata keçirilməyə başlamışdır, buna səbəb bəzi şübhəli şəxslərin parlament toxunulmazlığına malik olması üzündən yurisdiksiya məsələsi idi. Yeni təyin edilmiş hakim yeni istintaq aparmış və bu proses zamanı bir çox istintaq tədbirləri yenidən həyata keçirilmişdir. O, mərkəzi istintaq hakiminə ifadə verən şahidlərdən yenidən ifadə almışdır. İfadə verən şəxslər tərəflərin vəkilləri tərəfindən çarpaz dindirilmiş və təyin edilmiş istintaq hakimi tərəfindən suallara cavab vermişlər. Həmçinin əlavə sübutların (yazılı sübutlar, şahid ifadələri və mütəxəssis hesabatları) əldə edilməsi üçün təlimatlar verilmişdir. İstintaqın sonunda, ərizəçiyə silahlı təşkilata üzvlük kimi əlavə ittiham da irəli sürülmüşdür. İşə 1998-ci ilin may ayında Ali Məhkəmədə baxılmışdır. Ərizəçinin mərkəzi istintaq hakiminin qərəzli olması barədəki iddiaları rədd edilmiş, Cinayət Şöbəsi hakimin düşmənçiliyi ilə bağlı heç bir sübut təqdim etmədiyini qeyd etmişdir. Ərizəçi dövlət vəsaitlərinin mənimsənilməsi və qeyri-qanuni azadlıqdan məhrum etməyə görə görə on illik həbs cəzasına məhkum olunmuşdur. Ərizəçinin amparo apellyasiya şikayəti 2001-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: (a) 6-cı Maddənin tətbiqi - İstintaq hakiminin atdığı addımların məhkəmə prosesi daxil olmaqla, prosesin sonrakı mərhələlərinin keçirilməsi və ədalətliliyinə birbaşa və dolayı təsiri ilə bağlı Məhkəmə hesab edir ki, 6 § 1-ci Maddənin müddəaları ilə nəzərdə tutulmuş prosessual təminatların bəzilərinin istintaq mərhələsində tətbiq olunmamasına baxmayaraq, geniş anlamda ədalətli məhkəmə araşdırması hüququ mütləq istintaq keçirən hakiminin qərəzsiz olmasını nəzərdə tutmalıdır. Bundan əlavə, İspaniya qanunları ərizəçinin lehinə və əleyhinə sübutların toplanması üzrə məsuliyyət daşıyan istintaq hakiminin qərəzsizlik meyarlarına cavab verməsini tələb edir. Konstitusiya Məhkəməsi öz növbəsində hesab etmişdir ki, istintaq hakimi hər hansı başqa bir hakim kimi obyektiv və subyektiv olaraq qərəzsiz olmalıdır. Bu səbəbdən, 6-cı Maddə mərkəzi istintaq hakimi tərəfindən aparılan hazırki işdəki istintaq prosesinə tətbiq olunur.
(b) İşin mahiyyəti - Hazırki işdəki istintaq prosesi 1989-cu ildə mərkəzi istintaq hakiminə tapşırılmışdır. Hüquqi yardım almaq üçün müraciət məktubundan əlavə, hakim şəxsi səbəblərə görə məzuniyyətə çıxmasından öncə heç bir önəmli istintaq hərəkəti edilməmişdir. Yalnız mərkəzi istintaq hakimi olaraq öz vəzifəsinə geri döndükdən sonra istintaq prosesi fəal şəkildə davam etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi və hakim arasında şəxsi rəqabət və ya iddia edilən düşmənçilik münasibətlərindən asılı olmayaraq, obyektiv qərəzsizliyin olmaması iddiasının əsaslandığı fakt o idi ki, hakim dövlət postları tutmuş və inter alia onlara qarşı istintaq prosesinə geri qayıtmazdan öncə bu vəzifələri ilə əlaqədar olaraq, müəyyən şəxslər ilə əlaqədə olmuşdur. İşin hallarını nəzərə alaraq Məhkəmə hesab etdi ki, mərkəzi istintaq hakiminin qərəzsizliyi şübhə doğura bilərdi. Buna görə də ərizəçinın narahatlığı obyektiv olaraq əsaslandırılmış hesab edilə bilərdi; obyektiv testin nəticəsinə görə, seçkilərdə iştirak etmək üçün məzuniyyətə çıxdıqdan sonra hakim vəzifəsinə qayıtdığı və istintaqa dava etdiyi zaman mərkəzi istintaq hakimi 6-cı Maddənin qərəzsizlik tələbinə riayət etməmişdir.
Nəzərdən keçirilməli olan növbəti məsələ Ali Məhkəmənin və xüsusilə də onun Cinayət Şöbəsi tərəfindən təyin olunan istintaq hakiminin həmin nöqsanı aradan qaldırıb-qaldırmadığıdır. Hazırki işdə ərizəçi, yeni istintaq aparması üçün yeni istintaq hakimi təyin edən, tək yurisdiksiya kimi Ali Məhkəmə tərəfindən məhkum olunmuşdur. Mərkəzi istintaq hakimi tərəfindən həyata keçirilən istintaq Ali Məhkəmə tərəfindən təyin edilmiş yeni istintaq hakimi tərəfindən yoxlanılmış və nəzərdən keçirilmişdir. Tərəflər Ali Məhkəmə tərəfindən təyin edilmiş yeni istintaq hakimi tərəfindən aparılan istintaqın əhatəsi ilə bağlı fərqli fikirlər bildirmişlər. Məhkəmə bildirir ki, yeni hakimin fəaliyyəti, yalnız öncəki istintaq prosesini təkrar etməkdən ibarət olmamış, əksinə əksər istintaq tədbirlərinin yenidən təşkil edildiyi yeni istintaq prosesi həyata keçirilmişdir. Bundan əlavə, ərizəçinin yeni istintaq prosesinin mərkəzi istintaq hakimi tərəfindən həyata keçirilən prosesin təkrarı olduğunu iddia etməsinə baxmayaraq, Ali Məhkəmə tərəfindən yeni təyin edilmiş istintaq hakiminin şəxsi qərəzsizliyinə heç bir şübhə ifadə etməmişdir. Yeni təyin edilən istintaq hakiminin ifadə verməyə çağırılacaq şəxsləri artıq tanıması və birinci istintaq hakiminin təşəbbüsü ilə tərtib olunmuş sorğu istiqamətini davam etdirdiyi və tamamladığı doğru olsa da, tərəflər həm yeni istintaq hakimi, həm də Ali Məhkəmə qarşısında bütün müvafiq təminatlara və öncə verdikləri ifadələri təsdiq və ya inkar etmək imkanına malik olmuşlar. Belə olan halda, Məhkəmə Ali Məhkəmənin Cinayət Şöbəsi tərəfindən təyin edilən yeni istintaq hakiminin qərəzsizliyi mübahisələndirilə bilməz və hakim öncəki istintaq prosesindəki nöqsanları aradan qaldırmışdır.
Nəticə: pozuntu yoxdur (üç səs dörd səsə qarşı).
Full & Egal Universal Law Academy