© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"İsveçrədə heyvanların sənaye üsulu ilə artırılması əleyhinə assosiasiya (VGT)" İsveçrəyə qarşı (№ 2) [Böyük Palata] (Verein gegen Tierfabriken Schweiz (VGT) v. Switzerland (no. 2) [GC]), ərizə № 32772/02
30.06.2009-cu il tarixli qərar [Böyük Palata]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
İfadə azadlığının pozulduğu barədə Avropa Məhkəməsinin qərarına baxmayaraq, televiziyada reklam çarxının yayımlanmasına davamlı qadağa qoyulması: pozuntu baş verib
Faktlar – Ərizəçi heyvanların hüquqlarının müdafiəsi ilə məşğul olan assosiasiyadır. Onun ilk ərizəsi (№ 24699/94) ilə bağlı 28 iyun 2001-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi 10-cu maddənin pozulduğunu müəyyən etdi, çünki İsveçrənin dövlət orqanları heyvanların sənaye metodları ilə məhv edilməsinə qarşı etirazı ifadə edən reklam çarxının televiziyada nümayişinə icazə verməkdən imtina etmişdilər. Ərizəçi assosiasiya Məhkəmənin qərarına istinad edərək İsveçrə Federal Məhkəməsinə ərizə ilə müraciət etdi ki, reklam çarxının yayımlanmasını qadağa edən qərarına yenidən baxsın. 2002-ci ildə Federal Məhkəmə bu ərizəni rədd edərək belə əsas gətirdi ki, ərizəçi assosiasiya "qərara edilməli olan dəyişikliyin xarakterini və tələbinin hansı formada təmin edilməli olduğunu" kifayət qədər izah etməyib, yaxud reklam çarxının səkkiz il əvvəlki ilkin versiyada yayımlanmasında hələ də maraqlı olduğunu yetərincə sübut etməyib. Bundan sonra ərizəçi assosiasiya Avropa Məhkəməsinə bu şikayət ərizəsini təqdim edərək həmin qərara etiraz etdi. Məhkəmənin qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsinə hadisələrin bu cür gedişatı barədə məlumat verilməmişdi. Federal Məhkəmənin 2002-ci il tarixli qərarından xəbərsiz olan Nazirlər Komitəsi 2003-cü ildə ərizəçi assosiasiyanın ilkin ərizəsinin icrasına nəzarəti yekunlaşdırdı və qeyd etdi ki, ərizəçi assosiasiya reklam çarxının nümayişini qadağan edən Federal Məhkəmənin ilkin qərarına yenidən baxılması üçün həmin məhkəməyə müraciət etmək hüququna malikdir.
Bu arada ərizəçi assosiasiya reklam çarxının yayımlanmasına icazə verilməsi üçün yenidən İsveçrənin dövlət orqanlarına ərizə ilə müraciət etdi və ərizəyə şərhlərini əlavə etdi. Bu yeni müraciət də rədd edildi. Bu qərara qarşı şikayət ərizəsi isə 2003-cü ildə Federal Kommunikasiya İdarəsi tərəfindən rədd edildi.
4 oktyabr 2007-ci ildə Palata tərəfindən çıxarılmış qərarda Avropa Məhkəməsi iki səsə qarşı beş səslə bu qənaətə gəldi ki, 10-cu maddənin pozuntusu baş verib (101 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – a) Şikayətin qəbulunun mümkünlüyü məsələsi: i) Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi – Daxili hüquqi müdafiə vasitələri tükəndirilmişdi, çünki ərizəçi assosiasiyanın icraatı təzələmək barədə ərizəsini rədd etmiş 2002-ci il tarixli qərarında Federal Məhkəmə işi mahiyyəti üzrə həll etmişdi (hərçənd ki, qərarda bu məsələ qısa şəkildə əks olunmuşdu).
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (iki səsə qarşı on beş səslə).
ii) Şikayətin mahiyyətinə görə (ratione materiae) Məhkəmənin yurisdiksiyası – Məhkəmənin qərarlarının icrası məsələsində Nazirlər Komitəsinin nəzarətçi rolu o demək deyil ki, Məhkəmə tərəfindən aşkar edilmiş pozuntunu düzəltmək üçün cavabdeh dövlətin gördüyü tədbirlər həmin məsələ ilə əlaqədar yeni şikayətin Məhkəməyə təqdim edilməsinə səbəb ola bilməz. İcraatın təzələnməsi barədə ərizəçi assosiasiyanın ərizəsini rədd edərkən Federal Məhkəmə yeni əsaslara istinad etdi, yəni xeyli vaxt keçdikdən sonra reklam çarxının yayımlanmasında ərizəçi assosiasiyanın daha maraqlı olmadığını qeyd etdi. Müqayisə üçün qeyd edək ki, reklam çarxının yayımlanmasını qadağan edən ilkin qərar çıxarılarkən belə əsas gətirilmişdi ki, siyasi reklam qadağandır. Bundan başqa, Nazirlər Komitəsi Avropa Məhkəməsinin 2001-ci il tarixli qərarının icrasına nəzarəti yekunlaşdırmağı qərara alarkən Federal Məhkəmənin çıxardığı qərar barədə məlumatlandırılmamışdı. Beləliklə, icraatın təzələnməsindən imtina barədə qərarın qəbulu 10-cu maddənin yeni pozuntusunu üzə çıxaran yeni fakt təşkil edirdi. Məhkəmə bu yeni faktla bağlı şikayətə baxmaq səlahiyyətinə malik olmasaydı, Konvensiyanın icrasına nəzarət funksiyası öz əhəmiyyətini itirmiş olardı.
Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (altı səsə qarşı on bir səslə).
b) Şikayətin mahiyyəti – Milli səviyyədə icraatın təzələnməsi özlüyündə məqsəd deyil, sadəcə Məhkəmənin qərarlarının tam və düzgün icrası üçün istifadə edilə bilən vasitədir. Bununla belə, icraatın təzələnməsi cavabdeh dövlətin hakimiyyət orqanlarına imkan verir ki, Məhkəmənin qərarını yerinə yetirsinlər və qərarın ruhuna uyğun hərəkət etsinlər, eyni zamanda Konvensiyada nəzərdə tutulan prosessual təminatlara əməl etsinlər. Konvensiya sistemi çərçivəsində çıxarılmış qərarların icrasının əhəmiyyətini və cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli balansa riayət etməyin vacibliyini nəzərə alaraq, Məhkəmə müəyyənləşdirməli idi ki, cavabdeh dövlət 10-cu maddənin pozulduğu barədə Məhkəmənin qərarı çıxarıldıqdan sonra sözügedən reklam çarxının televiziyada yayımlanmasına imkan yaradan zəruri tədbirlər görməkdən ibarət pozitiv öhdəlik daşıyırdımı? Sözügedən reklam çarxı istehlakçıların sağlamlığına, habelə heyvanların və ətraf mühitin qorunmasına aid idi və bu səbəbdən ictimai maraq doğururdu. Müəyyən zamanın ötməsi hökmən o demək deyil ki, ictimai maraq kəsb edən məlumatların yayılması öz əhəmiyyətini itirmiş olur. Məhkəmə Palata ilə razılaşdı ki, Federal Məhkəmənin məsələyə yanaşmasında həddən artıq formalizm vardı və reklam çarxının yayımlanmasının öz əhəmiyyətini itirib-itirmədiyi barədə qərar vermək səlahiyyətinə prosesin bu mərhələsində yalnız ərizəçi assosiasiya malik idi. Bundan başqa, Federal Məhkəmə heyvanların sənaye üsulu ilə artırılması məsələsinə ictimai marağın 1994-cü ildən bəri (reklam çarxı ilk dəfə həmin ildə yayımlanmalı idi) dəyişdiyini və ya bu məsələnin aktuallığının azaldığını nəyə əsasən müəyyənləşdirdiyini izah etməyib. O, həmçinin Məhkəmənin 2001-ci il tarixli qərarından sonra vəziyyətin dəyişdiyini və 10-cu maddənin pozulduğu barədə Məhkəmənin qərarının çıxarılmasına səbəb olmuş əsasların artıq öz qüvvəsini itirdiyini sübut edən heç nə göstərməyib. Avropa Məhkəməsi bu arqumenti də rədd etdi ki, ərizəçi assosiasiyanın ixtiyarında sözügedən reklam çarxını yayımlamaq üçün alternativ variantlar, məsələn, özəl və regional kanallar vardı, çünki bu halda milli hakimiyyət orqanlarının üzərinə düşən vəzifəni, yəni Məhkəmənin qərarı ilə əlaqədar tədbir görmək vəzifəsini üçüncü tərəflər və ya assosiasiyanın özü yerinə yetirməli olacaqdı. Məhkəmənin bərqərar etdiyi prinsipə əsasən, iştirakçı dövlətlər öz məhkəmə sistemlərini elə təşkil etməlidirlər ki, onların məhkəmələrinin işi Konvensiyanın tələblərinə uyğun olsun və bu prinsip eni zamanda Məhkəmə qərarlarının icrası məsələsinə də şamil olunur. Müvafiq olaraq, Federal Məhkəmənin istənilən halda reklam çarxının yayımlanması və ərizəçi assosiasiyanın mülki iddia qaldırması barədə qərar çıxarmaq səlahiyyətinə malik olmadığı barədə Hökumətin arqumenti əhəmiyyət kəsb etmir. Beləliklə, İsveçrənin dövlət orqanları Konvensiyanın 10-cu maddəsi əsasında daşıdıqları pozitiv öhdəliyi yerinə yetirməyiblər.
Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy