AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ
Üçüncü Bölmə
Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı
(Ərizə no 51279/09 və 32098/13)
QƏRAR
STRASBURQ
20 sentyabr 2016
Yekun
30 yanvar 2017
Bu qətnamə yekun qərardır, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Üçüncü Bölmə) aşağıda qeyd olunan tərkibdə:
Luis López Guerra, Sədr,
Helena Jäderblom,
Helen Keller,
Johannes Silvis,Dmitry Dedov,
BrankoLubarda,
Pere Pastor Vilanova, hakimlər,
və Fatoş Aracı, katib müavini ibarət Bölmədə,
30 avqust 2016-cı il tarixdə qapalı müşavirə keçirərək aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Rusiya Federasiyasının iki vətəndaşı Alekseyev Yuryeviç Vlasov və Mixayıl Mixayıloviç Benyaş tərəfindən, 10 fevral 2010-cu il və 21 aprel 2013-cü il tarixlərdə Rusiya Federasiyasına qarşı yönəldilmiş ərizələr (№ 51279/09 və 32098/13) əsasında başlanmışdır.
2. Birinci ərizəçi Moskvada fəaliyyət göstərən vəkil cənab V.Kuznetsov tərəfindən təmsil olunmuşdur. Rusiya Hökumətini (“Hökumət”) nümayəndəsi cənab Q.O.Matyuşkin təmsil etmişdir.
3. Ərizəçilər ölkədən çıxmaqlarının məhdudlaşdırılmasının əsassız olmasından şikayət etmişlər (Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi).
4. 20 noyabr 2014-cü il və 09 iyul 2015-ci il tarixlərdə yuxarıda qeyd edilən şikayət Rusiya Federasiyası Hökumətinə kommunikasiya edilmişdir, şikayətin digər hissəsi mahiyyəti üzrə baxılması üçün qəbuledilməz elan edilmişdir.
FAKTLAR
İŞİN HALLARI
5. Tərəflər işin hallarını qısa olaraq aşağıdakı kimi təqdim etmişlər.
Vlasovun işi
6. Birinci ərizəçi Aleksey Yuryeviş Vlasov 1957-ci ildə anadan olmuş və Moskva şəhərində yaşayır.
7. 06 oktyabr 2008-ci ildə cənab Vlasov Rusiya Federasiyasının Federal Miqrasiya Xidmətinə xarici pasportun verilməsi məqsədilə müraciət etmişdir.
8. 27 oktyabr 2008-ci ildə Moskva şəhəri Qolovinskiy rayon Məhkəməsi ərizəçini qaçaqmalçılıqda təqsirli bilərək aşağıdakı cəzanı təyin etmişdir:
“... üç il müddətinə azadlıqdan məhrum etmə növündə cəza, cəza icra edilməsin və şərti olaraq üç il sınaq müddəti təyin edilsin.
Aleksey Vlasova ayda iki dəfə şərti məhkum edilmiş şəxs barəsində nəzarəti həyata keçirən ixtisaslaşmış dövlət orqanında qeydə alınması vəzifəsi qoyulsun və daimi yaşayış yerini dəyişdirildiyi halda [bu orqanı] məlumatlandırsın.”
9. 11 noyabr 2008-ci il tarixdə ərizəçiyə üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edildiyindən və həmin müddət bitmədiyindən pasportun verilməsindən imtina edilmişdir.
10. Ərizəçi Vlasov bu qərarı məhkəmə qaydasında mübahisələndirmişdir.
11. 03 iyun 2009-cu ildə Moskva şəhər Butırskiy rayon Məhkəməsi xarici pasportun verilməsi barədə qərarı qünuni hesab edərək aşağıdakıları qeyd etmişdir:
“Vlasov iddia etmişdir ki, Qolovinskiy Rayon Məhkəməsi 27 oktyabr 2008-ci il tarixli qərarında şərti azadlıqdan məhrum edildiyi barədə qərarda sınaq müddəti ərzində ərizəçiyə tətbiq ediləcək məhdudiyyətlərin tam siyahısını vermiş və bu siyahıda Rusiya Federasiyasını tərk etmək qadağası olmamışdır, ərizəçinin fikrincə, dövlət qulluqçuları bu siyahını geniş şərh etməməlidirlər, həm həqiqi, həm də şərti cəzanın çəkilməsi hallarında vətəndaşın Rusiya Federasiyasından getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını nəzərdə tutan “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Qanunun 15-ci maddəsinin 4-cü bəndinə zidd deyildir.
Şərti cəzaya məhkum edilən şəxs yalnız şərti cəzası, yəni sınaq müddəti bitdikdən sonra cəzadan azad edilə bilən, cəzasını çəkmiş şəxs hesab edilir. Vlasovun şərti cəzası 14.01.2012-ci ildə bitir və bu müddət bitdikdən sonra Vlasovun məhkumluğu Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən ödənmiş hesab edilir. Bu müddətədək Vlasov Rusiya Federasiyasını tərk etmək hüququnun məhdudlaşdırılmasına əsas verən cəzanı çəkən məhkum hesab edilir.”
12. 18 avqust 2009-cu ildə Moskva Şəhər Məhkəməsi ərizəçinin kassasiya şikayətini təmin etməyərək aşağıdakıları qeyd etmişdir:
Nəzərə alınmalıdır ki, Vlasov barəsində olan hökmlə müəyyən məhdudiyyətlərə məruz qalmışdır. O, cəzasını Rusiya Federasiyasının ərazisində çəkmək məcburiyyətindədir. Doğrudur, o, işgüzar məqsədlə xaricə səfər etməlidir, lakin bu hal [birinci instansiya məhkəməsinin] qanuni qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz.”
“Vlasovun barəsində qəbul edilmiş hökmdə müəyyən edilənlərdən kənara çıxan məhdudiyyətlərə məruz qalması və işi ilə bağlı və öz vəzifələrini icra etmək üçün ölkədən kənara çıxmasının tələb edilməsinə baxmayaraq, cəzasını Rusiya Federasiyasında çəkmək məcburiyyətində olması barədə arqumentləri [birinci instansiya məhkəməsinin] qanuni qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz.”
Benyaşın işi
13. İkinci ərizəçi Mixayıl Mixayıloviç Benyaş 1977-ci ildə anadan olmuş və Soçi şəhərində yaşayır.
14. 31 avqust 2011-ci ildə Soçi şəhər Mərkəzi Rayon Məhkəməsi Benyaşı qanunsuz tələb etmədə ittiham etmiş və onu şərti olaraq üç il sınaq müddətinə məhkum etmişdir. O məhkəmə zalından azad edilmişdir. 12 oktyabr 2011-ci ildə Krasnodar Regional Məhkəməsi kassasiya şikayətinə baxaraq hökmü dəyişdirmədən saxlamışdır.
15. 05 dekabr 2011-ci ildə Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti Benyaşın 01.09.2010-cu ildə məhkum edildiyini və məlumatlara əsasən ərizəçi barəsində olan cinayət icraatının hələ də məhkəmədə baxılmaqda olduğunu qeyd edərək, Benyaşa xarici pasportun verilməsində imtina etmişdir.
16. Ərizəçi Benyaş imtinadan məhkəmə qaydasında şikayət etmişdir.
17. 28 iyun 2012-ci ildə Soçi şəhər Mərkəzi Rayon Məhkəməsi xarici pasportun verilməsindən imtiananı qanuni hesab etmişdir:
“... hazırda 31 avqust 2011-ci ildə Benyaşa təyin edilmiş cəzanın müddəti bitməmişdir və Benyaş məhkum edilmiş şəxs sayıldığından [xarici pasportun verilməsindən] imtina nəticəsində onun hüququ pozulmamışdır.”
18. 29 noyabr 2012-ci ildə Krasnodar Regional Məhkəməsi apellyasiya şikayətinə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi əsaslarla razılaşaraq qərarı dəyişdirmədən saxlamışdır.
19. 11 aprel 2013-cü ildə Krasnodar Regional Məhkəməsi kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
20. 15 avqust 1996-cı il, №114-F3 saylı “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Rusiya Federasiyasının Federal Qanunu aşağıdakıları müəyyən edir:
2-ci maddə
Rusiya Federasiyasının vətəndaşının Rusiya Federasiyasını tərk etmək hüququna mövcud Federal Qanunda nəzərdə tutulan hallar istisna olmaqla məhdudiyyət qoyula bilməz.
15-ci maddə
“Rusiya Federasiyası vətəndaşının Rusiya Federasiyasını tərk etmək hüququna müvəqqəti qadağa qoyula bilər, əgər...
(4) şəxs cinayət törtəməyə görə məhkum edilmişsə - cəza çəkənədək (icra olunanadək) və ya şəxs cəzanı çəkməkdən azad edilənədək.
21. Rusiya Federasiyasının Cinayət Məcəlləsi (bundan sonra RF-nin CM) nəzərdə tutur:
73-cü maddə. Şərti məhkumetmə
1.İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya səkkiz ilə qədər azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun real cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
2.Məhkəmə şərti məhkumetmə təyin edərkən, onun yaşını, əmək qabiliyyətini və sağlamlığını nəzərə alaraq, məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, taksimoniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, işləmək və ya ümumtəhsil müəssisələrində təhsilini davam etdirmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.
86-cı maddə. Məhkumluq
“1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günədək məhkum edilmiş hesab edilir.
2. Cəzadan azad edilmiş şəxs məhkum olunmamış şəxs sayılır.
3. Məhkumluq aşağıdakı hallarda götürülür-
(a) Şərti məhkum edilmiş şəxs-sınaq müddəti bitdikdə...”
22. 8 dekabr 2009-cu ildə xarici pasportun verilməsindən imtina edilmiş iki vətəndaş tərəfindən Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Qanunun 15-ci maddəsinin 4-cü bəndinin konstitusiyaya uyğunluğu məsələsinin yoxlanılması barədə verilən ərizəni rədd etmişdir. Birinci şikayət edən vətəndaş şərti olaraq məhkum edilmişdir, ikinci şikayət edən vətəndaş isə iş yeri tapması və yaşayış ünvanını, iş yerini, təhsil aldığı yeri vaxtından əvvəl şərti olaraq azad edilmiş şəxs barəsində nəzarəti həyata keçirən ixtisaslaşdırılmış dövlət orqanına xəbərdarlıq etmədən dəyişməmək şərtilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi qərara almışdır ki, hökmlərin icra edilməməsi insan hüquq və azadlıqlarının müdafiəsinin məqsədlərini təhlükə altına qoya və məhkəmə hakimiyyətinin nüfuzunu zədələyə bilər, qanuni qüvvəyə minmiş hökmlərin icrası konstitusiya anlayışı daşıyan məqsəd təşkil edir. Məhkəmə hökmünə əsasən təyin edilmiş şərti cəza cəzadan azad edilmə anlamını daşımır: məhkum edilmiş şəxs barəsində onun hüquq və azadlıqlarını məhdudlaşdıran müəyyən vəzifələr qoya bilən sınaq müddəti müəyyən edilən hökm qəbul edilir (RF-nin CM-nin 73 və 86-cı maddəsinin 3-cü bəndi). Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi qərara almışdır ki, şərti cəzaya məhkum edilmiş şəxsin Rusiya Federasiyasının hüdudlarından kənara çıxmaq hüququnun məhdudlaşdırılması “məhkəmə hökmünün icrasını təmin etmək məqsədi daşıyan” müvəqqəti tədbir təşkil edirdi. Vaxtından əvvəl şərti olaraq azad edilən şəxslərə münasibətdə isə Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, bu şəxslərin Rusiya Federasiyasının hüdudlarından kənara çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması bütün cəzanın çəkilməsi imkanının təminatını təşkil edirdi.
Nəzarət orqanlarının yalnız Rusiya Federasiyasının ərazisində yurisdikasiyası olduğundan, onlar şərti cəzaya məhkum edilmiş şəxslərin davranışlarına effektiv nəzarəti bir tək Rusiya Federasiyasında həyata keçirə bilərlər. Məhkum edilmiş şəxslərin Rusiya Federasiyasını tərk etməsi cəzanın məqsədlərini təmin etməyəcək və qanunu pozan şəxslərin reabilitasiyası məqsədilə cəzanı çəkmək üçün müəyyən edilmiş qaydaları inkar etməklə onları nəzarət sahəsindən çıxardacaqdır.
Nəhayət, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, federal qanunverici orqanları müəyyən fövqəladə halları, humanizm prinsipini, həqiqi və obyektiv səbəbləri nəzərə alaraq, səlahiyyətli orqanların hansı hallarda məhkum edilmiş şəxslərin Rusiya Federasiyasını tərk edə bilmələrini müəyyən etmək imkanında olmalıdır.
HÜQUQ
I. Şikayətlərin bir icraata birləşdirilməsi
23. Şikayətlərin əsasını təşkil edən faktiki və hüquqi halların oxşar vəziyyətini nəzərə alaraq Məhkəmə hesab edir ki, şikayətlər Məhkəmə Reqlamentinin 42-ci maddəsinin 1-ci Qaydasına əsasən bir icraatda birləşdirilməlidir.
II. Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin iddia edilən pozuntusu
24. Ərizəçilər şikayət etmişlər ki, Rusiya Federasiyasından getmək imkanı verən xarici pasportun verilməsindən imtina edilməsi barədə qərar Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunu təşkil edirdi və bu maddədə aşağıdakılar deyilir:
“2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.”
Şikayətlərin qəbuledilənliyi
25. Avropa Məhkəməsi qeyd edir ki, hazırkı şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası çərçivəsində açıq-aşkar əsassız deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, hər hansı digər əsaslarla da qəbuledilməz deyildir. Ona görə də, şikayətlər qəbuledilən elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin izahatları
26. Ərizəçilər vurğulamışdırlar ki, “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Qanunun 15-ci maddəsinin 4-cü bəndi məhdudiyyətin özünü deyil, yalnız Rusiya Federasiyasına girişin məhdudlaşdırılması imkanını nəzərdə tuturdu. Ərizəçi Vlasov qeyd etmişdir ki, 27 oktyabr 2008-ci ildə Rayon Məhkəməsi qərarında yaşayış yerinin dəyişdirildiyi halda müvafiq orqana məlumat vermək öhdəliyindən başqa heç bir məhdudiyyət tətbiq etmədən cəzanı icra etməməyi birbaşa qərara almışdır. Bunu ölkədən getmək məhdudiyyətini ehtiva edən öhdəlik kimi şərh etmək olmaz. Ərizəçi Benyaş isə iddia etmişdir ki, şərti cəzaya məhkum edilmiş şəxs kimi hərəkətlərini nəzarətdə saxlamaq məqsədilə ayda iki dəfə ixtisaslaşdırılmış dövlət orqanında qeydiyyatdan keçmək barədə üzərinə qoyulmuş öhdəlik işlə bağlı, turizm və ya müalicə məqsədilə qısa müddətli səyahətlər etmək imkanını ilə uyğun gəlmirdi. Əgər o, ixtisaslaşdırılmış dövlət orqanında qeydiyyatdan keçməyərək təyin edilmiş şərti cəzanın qaydalarını icra etməkdən yayınsa idi, şərti cəza ləğv edilə bilərdi, ərizəçinin adı isə ədalət mühakiməsindən yayınan şəxslərin siyahısına daxil edilərdi. Benyaş vurğulamışdır ki, Rusiya Federasiyasının hökuməti tərəfindən irəli sürülən arqumentlər ümumi və qeyri-müəyyən xarakterli olmuş və ərizəçinin ölkədən getdiyi təqdirdə hansı publik-hüquq maraqlarına toxunulduğu barədə heç bir dəlil göstərilməmişlər.
27. Rusiya Federasiyasının Hökuməti xarici pasportun verilməsindən imtina edilməsinin ərizəçilərin Rusiya Federasiyasından getmək hüquqlarına müdaxilə təşkil etməsi ilə razılaşmışdır. Hazırkı müdaxilə, “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Qanunun 15-ci maddəsinin 4-cü bəndi ilə əsaslandırılmışdır və cinayət cəzasının icra edilməsini təmin etmək və ərizəçilərin hərəkətlərinə ixtisaslaşdırılmış dövlət orqanı tərəfindən nəzarəti həyata keçirmək qanuni məqsədi daşımışdı (bax yuxarıda 22-ci bəndə). Demokratik cəmiyyətdə zəruri olmasına gəldikdə isə, Rusiya Federasiyasının Hökuməti vurğulamışdır ki, mübahisələndirilən tədbir sosial zərurətdən doğmuş, müddətlə məhdudlaşdırılmış və avtomatik qaydada uzadılması nəzərdə tutulmamışdır. Xarici pasportların verilməsi barədə ərizələrdə və məhkəmə iclaslarında ərizəçilər Rusiya Federasiyasından getmək üçün yetərli, dəqiq, obyektiv və tutarlı əsaslar göstərməmişlər. Ərizəçi Vlasova münasibətdə Rusiya Federasiyasının Hökuməti qeyd etmişdir ki, o qaçaqmalçılıqla, yəni dövlət sərhədini qanunsuz keçməklə bağlı iki dəfə məhkum edilmişdir və müvafiq olaraq onun tərəfindən residivin törədilməsi təhlükəsi mövcud idi. Rusiya Federasiyasından getmək hüququnun məhdudlaşdırılması müddəti qısa zaman kəsiyində olmuş, 14 yanvar 2009-cu ildən 20 mart 2010-cu ilədək, cəmi bir il və dörd ay olmuşdur. Ərizəçi Benyaş ağır cinayətin törədilməsi nəticəsində məhkum edilmişdir, barəsində bütün sınaq müddəti çərçivəsində ayda iki dəfə səlahiyyətli orqanda qeydiyyatdan keçmək daxil olmaqla, müəyyən məhdudiyyətlər müəyyən edilmişdir. Rusiya Federasiyasını tərk etdiyi halda isə bu öhdəliyin icra edilməsi mümkün olmazdı.
2. Avropa Məhkəməsinin qiymətləndirməsi
28. Avropa Məhkəməsi təkrarlayır ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsə hər hansı ərazini tərk etmək və şəxsin istədiyi hər hansı ölkəyə daxil olmaq hüququnu təmin edir. Şəxsə ölkəni tərk etməyə imkan yaradan sənədlərdən istifadə etməkdən imtina edilməsi üçün görülən tədbir Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndinə əsasən müdaxiləni təşkil edir və bu müdaxilə 3-cü bənddə nəzərdə tutulan şərtlərə cavab verməlidir (bax Bartik v. Russia, no. 55565/00, § 36, ECHR 2006‑XV, və Napijalo v. Croatia, no. 66485/01, § 68, 13 November 2003).
29. Aydındır ki, ərizəçilərə xarici pasportun verilməsindən imtina edilməsi barədə qərarlar özü-özlüyündə belə bir tədbiri ehtiva edir. Müvafiq olaraq, bu tədbirin “qanunla” nəzərdə tutulub-tutulmamasını, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan bir və ya daha çox hüquqi məqsədə uyğun olub-olmadığını və bu məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını araşdırmaq lazımdır.
30. Rusiya Federasiyasının Hökuməti iddia etmişdir ki, “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Qanunun 15-ci maddəsinin 4-cü bəndi müdaxilə etmək üçün qanuni əsası təşkil edirdi. Ərizəçilər iddia edirdilər ki, qeyd olunan qanunun 15-ci maddəsi yalnız ölkədən getmək hüququnun bir neçə hallarda və müəyyən müddətdə məhdudlaşdırması imkanını nəzərdə tuturdu, lakin bu müdaxilənin tətbiq edilməsi üçün prosessual və maddi şərtlərin müəyyənləşdirməməsi nəticəsində “qanunun keyfiyyəti” tələblərinə cavab vermirdi. Avropa Məhkəməsi öz növbəsində hesab edir ki, tətbiq edilən tədbirin “qanunla” nəzərdə tutulub-tutulmamasını müəyyən etmək ehtiyacı yoxdur, çünki Avropa Məhkəməsi hesab edir ki, qeyd edilən tədbir 4 saylı Protokolun 2-ci maddəsinə aşağıda qeyd edilən digər əsaslara uyğun deyildi (bax Nalbantski v. Bulgaria, no. 30943/04, § 62, 10 February 2011).
31. Avropa Məhkəməsi cinayəti törətməsinə və reabilitasiya edilməməsinə görə məhkumun ölkədən kənara çıxmaq hüququnun məhdudlaşdırılmasına yönəlmiş tədbiri ictimai asayişi qorumaq və cinayətin qarşısını almaq kimi qanuni məqsədlərə uyğun olması ilə razılaşır. Bununla birgə, qadağanın qoyulan məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə” zəruri olub-olmaması barədə sual yaranır (bax Kerimli v. Azerbaijan, no.3967/09, § 49, 16 July 2015).
32. Bununla bağlı Avropa Məhkəməsi xatırladır ki, 4 saylı Protokolun 2-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq dövlət orqanları fərdi şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının başladığı andan etibarən və bütün müddət ərzində əsaslı və mütənasib olmasını təmin etməlidir. Məhdudiyyətin əsaslılığının və mütənasibliyinin qiymətləndirilməsi ilə bağlı məhkəmə nəzarətinin təmin edilməsini həyata keçirmək imkanı nəzərdə tutulmalıdır, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir (bax Battista v. Italy, no. 43978/09, § 42, ECHR 2014, and Nalbantski, cited above, § 64).
33. Bəzi hallarda cinayət törətdikləri üçün məhkum edilmiş şəxs barəsində azad hərəkət etmək hüququnun məhdudlaşdırılması əsaslı ola bilər, məsələn, cinayətin residivinin qarşısının alınması məqsədilə. Belə ki, Avropa Məhkəməsi əvvəllər cinayətkar dəstəyə cəlb olunmaqda (bax Raimondo v. Italy, 22 February 1994, § 39, Series A no. 281-A, və Labita v. Italy [GC], no. 26772/95, § 195, ECHR 2000-IV) və ya ağır cinayət törətməkdə (bax Villa v. Italy, no. 19675/06, §§ 45-50, 20 April 2010) təqsirli bilinən şəxsin, həmçinin zorakılıq cinayətlərinin törədilməsində təqsirli bilinmiş şəxslərin azad hərəkət etmək hüququnun məhdudlaşdırılmasını haqlı hesab etmişdi.
34. Bu cür məhdudiyyətlər fərdi şəxslərin azad hərəkət etmək hüququndan daha üstün olan ictimai marağın mövcudluğunun aşkar sübutlarının olması şərtilə konkret hallarda əsaslı hesab edilə bilər. Məhdudiyyətlər konkret elementlərlə əsaslandırılmış olmalıdır. Şəxsin məhkum edilmiş və reabilitasiya edilməmiş statusunun nəticəsi olaraq ölkədən getməsinin qadağan edildiyi halda, Avropa Məhkəməsi hesab edir ki, bu cür ümumi və demək olar ki, avtomatik məhdudiyyətlər zəruri hesab edilə bilər (bax Milen Kostov v. Bulgaria, no. 40026/07, § 17, 3 September 2013; Sarkizov and Others v. Bulgaria, nos.37981/06, 38022/06, 39122/06, and 44278/06, § 67, 17 April 2012; and Nalbantski § 66). Avropa Məhkəməsi, həmçinin, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsini Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir (bax Battista İtaliyaya qarşı § 44).
35. Yuxarıda qeyd edilən Nalbantski Bolqarıstana qarşı işində olduğu kimi, hazırkı işdə də Rusiya Federasiyasının Hökuməti xarici pasportların verilməsindən imtina edilməsi üçün ərizəçilərin cinayət məsuliyyətinə cəlb edilmələri və reabilitasiyalarının olmamasını, ərizəçilərə münasibətdə bu tədbirin tətbiq edilməsinin zəruriliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Müvafiq olaraq, Rusiya Federasiyasının Hökuməti ərizəçilərin xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirməsini aparmamış, bu məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmamış, ərizəçilərin vəziyyətini öyrənməmişdir (Milen Kostov, § 17, and Nalbantski, § 67). Rusiya Federasiyasının Hökuməti, xüsusilə, izah etməmişdir ki, nə səbəbə onlar hesab edirlər ki, ərizəçilərin xaricə getməsinə qadağa qoyulması onların reabilitasiyasına gətirib çıxarmışdır və nə səbəbə ərizəçi Benyaşın qısa müddət ərzində xaricə səfər etməsi onun aidiyyəti dövlət orqanında iki dəfə qeydiyyatdan keçməsinə mane olur (bax Nalbantski, § 67).
Avropa Məhkəməsi təkrar qeyd edir ki, şəxsin öz ölkəsini tərk etmək hüququnun məhdudlaşdırılması tətbiqinin əsaslandırılması üçün şəxsin cinayət məsuliyyətinə cəlb olunması və reabilitasiya olmaması kifayət deyil.
36. Məhdudiyyət tətbiq edildikdən sonra qaldırılmış məhkəmə araşdırmasında Rusiya məhkəmələri qadağanın Rusiya Federasiyasının qanunvericiliyinin müddəalarına formal uyğunluğu ilə kifayətlənmişlər. (bax yuxarıda 11, 12 və 17-ci bəndlərə). “Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından gediş qaydaları” barədə Qanunun 15-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan şərtlərə, daha dəqiq desək məhkum edilməyə və reabilitasiyanın mövcud olmamasına, uyğunluq müəyyən edildikdən sonra məhkəmələr ölkədən çıxışa qadağanı qanuni hesab etmişlər. Məhkəmələr nə Vlasov tərəfindən ölkəni tərk etməsi üçün təqdim edilmiş konkret əsasları araşdırmağa cəhd etmişlər, nə də ki, ərizəçilərin Rusiya Federasiyasından getmək hüquqlarının məhdudlaşdırılmasının mütənasib tədbir olub-olmamasını və cəmiyyətin maraqları ilə ərizəçilərin azad hərəkət etmək hüquqları arasında ədalətli balansın saxlanıldığını analiz etmişlər. Bu cür ciddi və avtomatik yanaşma Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinə əsasən dövlət orqanlarının üzərinə işin halları nəzərə alınmaq şərti ilə şəxsin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması, onun tətbiq olunduğu andan və icra müddəti ərzində əsaslandırılmış və mütənasib olması barədə qoyulmuş öhdəliklərlə bir araya sığmır (bax Nalbantski, Sarkizov və Others and Milen Kostov). Hazırkı halda dövlət orqanları tərəfindən tətbiq edilən bu məhdudiyyətlərin mütənasibliyi məsələsi ilə əlaqədar məhdudiyyətlərin tətbiqi əsaslarının və lazımi məhkəmə nəzarətinin mövcud olmamasını nəzərə alaraq Avropa Məhkəməsi ölkəni tərk etməyə qadağaya bəraət verən əsasların olmasını ehtimal edə bilməz.
Rusiya Federasiyası hakimiyyətinin istinad etdiyi Vlasov ilə bağlı fərziyyə olunan residiv olmasına dair fikir Rusiya məhkəmələrinin qərarlarında qeyd olunmamış və ilk dəfə Avropa Məhkəməsinin icraatında bəyan olunmuşdur.
37. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Avropa Məhkəməsi hesab edir ki, maraqlı şəxsin şəxsi səbəblərini nəzərə almayaraq ölkəni tərk etmək hüququna qoyulan avtomatik qadağa “demokratik cəmiyyətdə” zəruri hesab edilə bilməz.
38. Beləliklə, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu baş vermişdir.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
39. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir."
Ziyan
40. Ərizəçi Vlasov 10.06.2010-cu ilədək əldə edəcəyi mənfəət itkisinə görə maddi ziyanla bağlı 13.620 avro məbləğinin ödənilməsini tələb etmişdir. Ərizəçilər həmçinin mənəvi ziyana görə müvafiq olaraq 1.800 avro və 12.000 avro məbləğinin ödənilməsini tələb etmişlər.
41. Rusiya Federasiyasının Hökuməti iddia etmişdir ki, ehtimal edilən mənfəətin itkisi hazırkı işdə araşdırılan pozuntu ilə bağlı deyildir və sənədlərlə sübuta yetirilməmişdir (onlar istinad etmişlər S.C. Prodcomexim SRL v. Romania (no. 2), no. 31760/06, § 53, 6 July 2010; Patrikova v. Bulgaria, no. 71835/01, §§ 108-09, 4 March 2010; və Marini v. Albania, no. 3738/02, § 190, 18 December 2007). Hökumət eləcə də iddia etmişdir ki, analoji işlərlə bağlı Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyaları nəzərə alaraq, ikinci ərizəçinin mənəvi ziyanla bağlı tələbləri həddindən artıq olmuşdur (Battista and Bartik, və Miażdżyk v. Poland, no. 23592/07, 24 January 2012).
42. Avropa Məhkəməsi aşkar edilən pozuntu ilə ərizəçi Vlasovun itirilmiş mənfəətlə tələb etdiyi maddi ziyan arasında səbəbli əlaqəni tapa bilmir. Bundan başqa Avropa Məhkəməsi mənəvi ziyanla bağlı ərizəçi Vlasova tələb etdiyi tam məbləği, yəni 1.800 avro məbləğini təyin edir, ərizəçi Benyaşa isə tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla 5.000 avro məbləğini təyin edir.
Məhkəmə xərcləri və digər məsrəflər
43. Ərizəçi cənab Vlasov Məhkəmədə çəkilmiş xərclər və digər məsrəflər üçün 150 avro məbləğini tələb etmişdir.
44. Hökumət qeyd etmişdir ki, təqdim edilmiş sübutlar bir tək 100 avro məbləği ilə bağlı olmuşdur.
45. Hazırkı işdə, Məhkəməyə təqdim edilmiş sənədləri nəzərə alaraq, Məhkəmə cənab Vlasova tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla 150 avro məbləğini təyin etməyi ağlabatan hesab edir.
Qərarın icrasının gecikdirilməsinə görə faiz
46. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
Şikayətləri bir icraata birləşdirməyi qərara alır;
Şikayətləri qəbuledilən elan edir;
Qərara alır ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu baş vermişdir;
Qərara alır ki,
(a) Cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərar qüvvəyə mindiyi gündən etibarən üç ay müddətində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
(i) Cənab Vlasova, mənəvi ziyana görə tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla EUR 1.800 (min səkkiz yüz avro);
(ii) Cənab Benyaşa, maddi ziyana görə tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla EUR 5.000 (beş min avro);
(iii) Cənab Vlasova, xərc və məsrəflər üçün, tətbiq ediləcək bütün vergi məbləği əlavə olunmaqla, EUR 150 (yüz əlli avro);
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
Stephen Phillips Luis Lopez Guerra
Katib müavini Sədr
Full & Egal Universal Law Academy