© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı [Böyük Palata] (Vilho Eskelinen and Others v. Finland [GC]), ərizə № 63235/00
19.04.2007-ci il tarixli qərar [Böyük Palata]
6-cı maddə
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Polis əməkdaşlarının xüsusi müavinət almaq hüququ ilə bağlı mübahisə: 6-cı maddə bu işə tətbiq edilə bilər (dövlət qulluqçuları ilə əlaqədar olan işdə Məhkəmənin qəbul etdiyi yeni yanaşma)
Faktlar – Ərizəçilər rayon polis bölməsinə çalışırdılar, onlardan beşi polis, biri isə inzibati köməkçi idi. 1986-cı il tarixli kollektiv müqaviləyə əsasən, onlar ucqar rayonda qulluq etdiklərinə görə xüsusi müavinət almaq hüququna malik idilər. 1988-ci ildə müavinət ləğv edildikdən sonra məvacibdəki fərqin kompensasiyası üçün onların əmək haqlarına əlavə fərdi ödəniş təyin edildi. 1990-cı ildə ərizəçilər qulluq etmək üçün evlərindən xeyli uzaq yerə köçürüldükdən sonra fərdi ödənişlər ləğv olundu. Ərizəçilər iddia etdilər ki, regional polis bölməsinin rəhbərliyi onlara kompensasiya ödəniləcəyini vəd etmişdi. 1991-ci ildə Maliyyə Nazirliyi ərizəçilərin əmək haqlarına ayda 500-700 fin markası (84-118 avro) məbləğində fərdi ödənişlərin əlavə olunmasına icazə verməkdən imtina etdi. Bundan sonra ərizəçilər kompensasiya almaq üçün ərizə verdilər, amma ərizələri rədd edildi. Ərizəçilər bu qərardan şikayət etdilər və konkret olaraq onlara kompensasiya vəd edilməsi faktının sübutu üçün şifahi araşdırma keçirilməsini tələb etdilər. Onların şikayəti rədd edildi və belə əsas gətirildi ki, araşdırılan dövrdə kompensasiya ödənişinə icazə vermək səlahiyyəti regional polis bölməsinin rəhbərliyinə deyil, yalnız Maliyyə Nazirliyinə məxsus idi. İşə baxan məhkəmə həmçinin müəyyən etdi ki, analoji işlərdə şikayətçilərə kompensasiya təyin edilməyib. Ərizəçilər bu qərardan da şikayət etdilər və şifahi dinləmə keçirilməsini tələb edərək qeyd etdilər ki, analoji vəziyyətlərdə digər polis əməkdaşlarına müavinətlər təyin edilib. 2000-ci ildə Ali İnzibati Məhkəmə qərara aldı ki, qanunvericilikdə ərizəçilərin əmək haqlarına fərdi ödənişlərin əlavə olunması nəzərdə tutulmayıb, iş üzrə şifahi dinləmə keçirilməsinə isə ehtiyac yoxdur, çünki regional polis bölməsinin rəhbərliyinin vədi bu iş üçün heç bir əhəmiyyət daşımır. 2006-cı ildə Avropa Məhkəməsinin Palatası Böyük Palatanın xeyrinə öz yurisdiksiyasından imtina etdi.
6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqinin mümkünlüyü məsələsi: Hökumət 6-cı maddənin bu işə tətbiqini iki əsasa görə şübhə altına aldı. Birincisi, ərizəçilərin əmək haqlarına həmin əlavə ödənişləri almaq "hüququ" yox idi. İkincisi, Məhkəmənin presedent hüququna əsasən, dövlət qulluqçularının (onların sırasına polislər də aiddir) və polis idarələrində çalışan digər personalın qulluq şərtləri ilə əlaqədar olaraq onların hüquqları 6-cı maddənin tətbiq dairəsinə düşmür. Məhkəmə birinci məsələ ilə əlaqədar bu qənaətə gəldi ki, ərizəçilərin yuxarıda qeyd edilən hüquqa malik olduqlarını iddia etmək üçün əsasları vardı və 6-cı maddənin bu məsələyə tətbiq edilməsinə mane olan heç bir hal yox idi. Məhkəmə ikinci məsələ ilə əlaqədar xatırlatdı ki, bu sahəyə aid əvvəlki presedent hüququndakı qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədi ilə o, Pelleqrin Fransaya qarşı (Pellegrin v. France) iş üzrə 1999-cu il tarixli qərarında dövlət qulluqçusunun vəzifələrinin və məsuliyyətinin xarakterinə əsaslanan funksional meyarlar müəyyən edib. Həmin işdə Məhkəmə qərara almışdı ki, 6-cı maddənin 1-ci bəndinin tətbiq dairəsindən yalnız o dövlət qulluqçularının mübahisələri xaric edilir ki, həmin qulluqçular dövlət hakimiyyətinin daşıyıcıları və dövlətin və ya digər hakimiyyət orqanlarının ümumi maraqlarının qorunmasına görə cavabdeh olan şəxslər qismində dövlət qulluğuna xas olan konkret fəaliyyətləri həyata keçirirlər. Silahlı qüvvələrin və polisin fəaliyyəti belə fəaliyyətlərə konkret misal ola bilər.
Lakin hazırkı işdə aşkar edildi ki, qeyd edilən funksional meyarın tətbiqi özlüyündə düzgün olmayan nəticələrə gətirib çıxara bilər. Araşdırılan dövrdə ərizəçilər Daxili İşlər Nazirliyinin tabeliyində qulluq edirdilər. Onlardan beşi polis əməkdaşı idi ki, bu da qanunla nəzərdə tutulmuş hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsində və dövlətin ümumi maraqlarını qorumaq məqsədi daşıyan vəzifələrin icrasında onların birbaşa iştirak etməsi demək idi. İnzibati köməkçinin funksiyaları qərarların qəbulu üzrə hər hansı səlahiyyəti, yaxud birbaşa və ya dolayısı ilə hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsini nəzərdə tutmurdu. Onun səlahiyyətləri dövlət müəssisəsində və ya özəl müəssisədə analoji vəzifədə çalışan işçinin səlahiyyətlərindən fərqlənmirdi. Pelleqrinin işində qəbul edilmiş yanaşmanın bu işə olduğu kimi tətbiq edilməsi ona gətirib çıxara bilərdi ki, sonuncu ərizəçi (inzibati köməkçi) 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş təminatlardan istifadə etmək imkanına malik olar, polis əməkdaşları ilə belə imkana malik olmazdılar. Özü də bu zaman mübahisə predmetinin bütün ərizəçilər üçün eyni olması əhəmiyyətə malik olmazdı.
Pelleqrin Fransaya qarşı iş üzrə qərarda müəyyən edilmiş funksional meyarın tətbiqi məsələsini yenidən nəzərdən keçirdikdən sonra Məhkəmə bu qənaətə gəldi ki, həmin meyar tərəflərdən birinin dövlət qulluqçusu olduğu işə 6-cı maddənin tətbiqi məsələsinin təhlilini sadələşdirməyib və bu məsələyə kifayət qədər aydınlıq gətirməyib. Əvvəlki presedent hüququnu nəzərə alsaq, Pelleqrinin işi üzrə qərara 6-cı maddənin dövlət qulluğu ilə bağlı işlərə tətbiq edilməməsi prinsipindən imtina etmək istiqamətində ilk addım kimi baxılmalıdır. Bu qərarda əks olunmuş əsas şərt ondan ibarətdir ki, müəyyən dövlət qulluqçuları öz funksiyaları ilə əlaqədar olaraq işəgötürənə xüsusi etimad və loyallıq münasibləri ilə bağlı olur. O vaxtdan bəri baxılmış bir sıra işlər göstərir ki, bir çox iştirakçı dövlətlərdə özəl sektorun işçiləri kimi dövlət qulluqçularının da əmək haqqı, müavinət və hətta işdən azad edilmə və məşğulluq məsələlərinə aid tələblər irəli sürmək məqsədi ilə ədalət mühakiməsinə müraciət etmələrinə icazə verilir. Belə hallarda milli hüquq sistemləri dövlətin birinci dərəcəli maraqları ilə şəxsin müdafiə hüququ arasında ziddiyyət olmadığını nəzərdə tutur.
Buna görə də Məhkəmə bu problemlə bağlı yeni yanaşma qəbul etməyi qərara aldı, həmin yanaşmaya əsasən, yalnız işi şərt mövcud olduqda cavabdeh dövlət 6-cı maddənin konkret işə tətbiqinin mümkün olmadığını iddia edərkən ərizəçinin dövlət qulluqçusu statusuna malik olduğuna istinad edə bilər. Birincisi, bunun üçün dövlət öz qanunvericiliyində müəyyən vəzifələri tutan şəxslərin və ya sözügedən kateqoriyaya aid personalın bu cür məsələlərlə əlaqədar ədalət mühakiməsinə müraciət etməsini istisna etməlidir. İkincisi, belə istisna dövlətin maraqlarına xidmət edən obyektiv səbəblərlə əsaslandırılmalıdır. Ərizəçinin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsində iştirak edən dövlət sektorunda və ya idarəsində çalışması faktı həlledici əhəmiyyət daşımır. İstisnanın əsaslı olması üçün dövlətin – həmin dövlət qulluqçusunun hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsində iştirak etdiyini, yaxud dövlət qulluqçusu ilə onun işəgötürəni olan dövlət arasında "xüsusi etimad və loyallıq" münasibətinin olduğunu sübut etməsi kifayət deyil. Bunlardan başqa dövlət onu da sübut etməlidir ki, mübahisə predmeti hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə, yaxud qeyd edilən xüsusi etimad və loyallıq münasibəti ilə əlaqədardır.
Beləliklə, konkret dövlət qulluqçusu ilə dövlət arasındakı münasibətlərin xüsusi xarakterini əsas gətirməklə konkret olaraq əmək haqqları, müavinətlər və ya analoji ödənişlərlə bağlı adi əmək mübahisələrinin 6-cı maddənin tətbiq dairəsindən xaric edilməsinə prinsipcə haqq qazandırmaq olmaz. Mahiyyət etibarı ilə bu məsələlərə 6-cı maddənin tətbiqi prezumpsiyası (ehtimalı) şamil olunur. Belə hallarda cavabdeh dövlət sübut etməlidir ki, birincisi, dövlət qulluqçusu olaraq ərizəçi milli qanunvericiliyə əsasən yuxarıdakı məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüququna malik deyil və ikincisi, 6-cı maddədə nəzərdə tutulan hüquqların ona şamil olunmaması əsaslı səbəblərə söykənir. Hazırkı işdə bu məsələdə tərəflər arasında fikir ayrılığı yoxdur ki, ərizəçilər milli qanunvericiliyə əsasən yuxarıdakı məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüququna malik idilər.
Nəticə: 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər (beş səsə qarşı on iki səslə).
6-cı maddəyə riayət edilib-edilməməsi məsələsi – "Ağlabatan müddət" tələbi: "Ağlabatan müddət" tələbinə riayət edilib-edilmədiyini araşdırarkən nəzərə alınmalı olan müddətin axımı ərizəçilərin 1993-cü ildə dairə inzibati şurasına ərizə ilə müraciət etdikləri gündən başlayıb, çünki onlar vəziyyətin düzəldilməsi üçün verdikləri ərizələri ilə bağlı həmin şuranın qərarını almamış dairə inzibati məhkəməsinə şikayət ərizəsi ilə müraciət edə bilməzdilər. Məhkəmə prosesi 2000-ci ilin aprelində Ali İnzibati Məhkəmə tərəfindən qərar çıxarılması ilə başa çatmış və beləliklə, yeddi ildən artıq davam etmişdi. Dairə inzibati şurası tərəfindən işə baxılarkən yubanmalara yol verilmişdi və Avropa Məhkəməsinin rəyinə görə, həmin yubanmalarla əlaqədar yetərli izahat verilməyib.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı on dörd səslə).
Şifahi məhkəmə iclasının (dinləmənin) keçirilməməsi: İş üzrə şifahi dinləmənin keçirilməməsi ilə əlaqədar ərizəçilərin şikayətinə gəlincə, Məhkəmə qeyd etdi ki, onlar şifahi dinləmənin keçirilməsinin tələb etmək hüququndan məhrum edilməmişdilər, hərçənd ki, belə dinləmənin keçirilməsinin zəruriliyi məhkəmə tərəfindən həll edilirdi. İnzibati məhkəmələr onların bu tələbini nəzərdən keçirmiş və tələbi təmin etməmək barədə qərarlarını əsaslandırmışdılar. Yazılı prosedur çərçivəsində ərizəçilərin öz mövqelərini müdafiə etmələrinə və digər tərəfin hərəkətlərinə etiraz etmələrinə kifayət qədər imkan yaradıldığına görə, ədalətlilik tələblərinə riayət edilib və şifahi məhkəmə iclasının (dinləmənin) keçirilməməsi ilə əlaqədar olaraq 6-cı maddənin pozuntusu baş verməyib.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 13: Məhkəmə bu qənaətə gəldi ki, qeyd edilən araşdırmanın uzun sürməsindən şikayət etmək və mübahisəyə baxılmasının sürətləndirilməsinə nail olmaq üçün ərizəçilər hər hansı xüsusi hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanına malik deyildilər. Müvafiq olaraq, 13-cü maddənin pozuntusu baş vermişdi ki, belə ki, 6-cı maddə ilə təmin edilən hüquqlarını, yəni işin ağlabatan müddətdə araşdırılması hüququnu həyata keçirə bilmələri üçün ərizəçilərin ixtiyarında heç bir hüquqi müdafiə vasitəsi yox idi.
Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).
Təklikdə və ya 14-cü maddə ilə birgə götürülməklə 1 saylı Protokolun 1-ci maddəsinin pozulub-pozulmaması məsələsi: Ərizəçilər şikayət etdilər ki, dövlət orqanları və məhkəmələr onların tələbini rəddə edərkən milli qanunvericiliyin tətbiqində səhvə yol veriblər. Məhkəmə xatırlatdı ki, tələb hüququna o halda 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan "mülkiyyət" kimi baxıla bilər ki, həmin tələb üçün qanunvericilikdə yetərincə əsas olsun, məsələn, milli məhkəmələrin bərqərar olmuş presedent hüququnda həmin tələb hüququ tanınmış olsun. Hazırkı işdə tətbiq edilmiş təlimatdan belə görünür ki, ərizəçilərin əmək haqlarına əlavə ödəniş almaq gözləntiləri əsaslı deyildi, çünki qulluq yerlərini dəyişdikləri üçün onların həmin ödənişləri almaq hüququna xitam verilmişdi. Ölkə qanunvericiliyində iş yerinin uzaq məsafədə yerləşməsinə görə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdı. Konvensiyanın 14-cü maddəsinə gəlincə, o yalnız o halda tətbiq edilə bilər ki, işin halları Konvensiyanın bir və ya bir neçə maddəsinin tətbiq dairəsinə düşsün.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hər birinə 2.500 avro təyin edildi.
Əlavə məlumat üçün lütfən 243 saylı press-relizə baxın.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy