(Ərizə Nº 63235/00)
MƏHKƏMƏ QƏRARI
Strasburq
19 aprel 2007-ci il
Bu qərarın qəti qərara çevriləcəyi tarix:
11.04.2007
Bu qərar qətidir, lakin ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Vilho Eskelinen Finlandiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Seksiya),
hakimlər:
Cənab J.-P. Kosta (J.-P.Costa), Sədr,
Cənab L.Vildhaber (L.Wildhaber),
Cənab X.L.Rozakis (C.L.Rozakis),
Ser Nikolas Bratsa (Nicolas Bratza),
Cənab P.Lorensen (P.Lorenzen),
Xanım F.Tulkens (F.Tulkens),
Cənab G.Bonello (G.Bonello),
Cənab R.Türmen (R.Türmen),
Cənab M.Pelonpyaa (M.Pellonpää),
Cənab K.Traya (K.Traja),
Cənab M.Uqrexelidze (M.Ugrekhelidze),
Cənab A.Kovler (A.Kovler),
Cənab L.Qarlitski (L.Garlicki),
Cənab J.Borreqo Borreqo (J.Borrego Borrego),
Xanım L.Mijoviç (L.Mijović),
Cənab E.Mayer (E.Myjer),
Xanım D. Josyen (D.Jočienė)
və katib Cənab E.Frayberqdən (E.Fribergh) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
20 sentyabr 2006-cı ildə və 21 fevral 2007-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən səkkiz Finlandiya vətəndaşı, baş polis əməkdaşı Vilho Eskelinen, baş polis əməkdaşı Arto Huttunen, serjant Markku Komulaynen, ofis üzrə köməkçi Lea İhatsu, Cənab Toyvo Pallonen (1 yanvar 1993-cü ildə istefaya çıxmış polis əməkdaşı), habelə 22 avqust 1995-ci ildə vəfat etmiş polis əməkdaşı Cənab Hannu Matti Lappalaynenin varisləri olan Xanım Payvi Lappalaynen, Cənab Jan Lappalaynen və Cənab Jirki Lappalaynen (“ərizəçilər”) tərəfindən 19 oktyabr 2000-ci ildə Məhkəməyə təqdim edilmiş Finlandiya Respublikasına qarşı ərizə (Nº 63235/00) əsasında başlanmışdır.
2. Ərizəçiləri (onlardan ikisinə hüquqi yardım ödənilmişdir) Haapayarvidə vəkillik fəaliyyəti ilə məşğul olan Cənab Paavo M. Petaya və Cənab Pasi Orava təmsil etmişlər. Finlandiya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər Nazirliyinin əməkdaşı cənab Arto Kosonen təmsil etmişdir.
3. Ərizəçilər konkret olaraq iddia etmişlər ki, məvacibləri ilə bağlı şifahi məhkəmə iclasının keçirilməsi barədə müraciətləri rədd edilib və məhkəmə icraatı həddən artıq uzun çəkib.
üo, istintaq müddətində həbsxanada adekvat tibbi yardım almayıb; onun həbsdə saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan olub; məhkəməyə qədər həbsdə saxlandığı müddət ağlabatan müddət həddini aşıb; azadlığa buraxılmaq barədə müraciətlərinə əhəmiyyətli yubanmalarla baxılıb və ya heç baxılmayıb; və nəhayət, onun məhkum olunması bütünlüklə polisin təhrikçiliyi nəticəsində əldə edilmiş sübutlara əsaslanıb.
4. Ərizə Məhkəmənin Dördüncü Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 29 noyabr 2005-ci ildə o, həmin Seksiyanın hakimlər Bratsa, Bonello, Pellonpyaa, Traya, Qarlitski, Borreqo Borreqo və Mijoviçdən ibarət tərkibdə Palatası tərəfindən qəbul olunan elan edilmişdir. Palata Konvensiyanın 6-cı maddəsinin tətbiqinin mümkünlüyünə baxılmasını işin mahiyyətinə baxılması ilə birləşdirmişdir. 21 mart 2006-cı ildə Palata Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etmişdir, tərəflərdən heç biri bu imtinaya etiraz etməmişdir (Konvensiyanın 30-cu maddəsi və Məhkəmə Reqlamentinin 72-ci Qaydası).
5. 6. Böyük Palatanın təşkili qaydası Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edildi. Dinləməyə sədrlik etdikdən sonra səlahiyyət müddəti başa çatmış Cənab L.Vildhaber işdə hakimlik etməkdə davam etdi (Konvensiyanın 23-cü maddəsinin 7-ci bəndi). 21 fevral 2007-ci ildə müşavirədə iştirak edə bilməyən Cənab B.M. Zupançiçi əvəzləyici hakim Xanım Tulkens əvəz etdi (24-cü Qaydanın 3-cü bəndi).
6. Ərizəçilər və Hökumət işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər. Tərəflər bir-birinin izahatlarına yazılı cavab vermişlər.
7. Dinləmə 20 sentyabr 2006-cı ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq şəkildə keçirilmişdir (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
Cənab A.Kosonen, Xarici İşlər Nazirliyi, nümayəndə,
Xanım A.Manner, Ədliyyə Nazirliyi, məsləhətçi,
Xanım T.Eranko, Daxili İşlər Nazirliyi, məsləhətçi.
b) Ərizəçilərin adından:
Cənab P.Orava, vəkil.
8. Məhkəmə Cənab Kosonen və Cənab Oravanın müraciətlərini və hakimlərin verdikləri suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçilər müvafiq surətdə 1955, 1953, 1954, 1956, 1937, 1957, 1983 və 1981-ci ildə anadan olmuşlar və Sonkakoskidə və Sonkayarvidə yaşayırlar.
A. Sonkayarvi polis məntəqəsinin birləşdirilməsi
10. İlk beş ərizəçi və mərhum cənab Hannu Matti Lappalaynen Sonkayarvi polis məntəqəsində işləyirdilər. 1986-cı ildə bağlanmış kollektiv müqaviləyə əsasən, onlara ucqar ərazidə işlədiklərinə görə əlavə vəsait almaq hüququ verildi. Əlavə vəsaitin məbləği konkret ərazinin ucqarlığına əsasən hesablanırdı. 15 mart 1988-ci ildə bağlanmış kollektiv müqaviləyə əsasən, ucqar ərazidə işləməyə görə əlavə vəsait ləğv edildi. Bu, qulluq vəzifələrini Sonkayarvidə yerinə yetirən mülki qulluqçulara ödənilməli olan məvaciblərin azalması ilə nəticələnə bilərdi. Bu azalmanın qarşısını almaq üçün kollektiv müqavilədə onların məvaciblərinə 1 mart 1988-ci ildən fərdi əlavələr nəzərdə tutuldu.
11. 1 noyabr 1990-cı ildə Sonkayarvi polis məntəqəsi daxili işlər nazirinin qərarı ilə (sisäasiainministeriö, inrikesministeriet) İisalmi polis məntəqəsinə birləşdirildi. Birləşmədən sonra ərizəçilərin qulluq yeri dəyişdirildi. Onlar həmçinin məvaciblərinə fərdi əlavələrdən məhrum oldular və iddia etdiklərinə görə, hər gün qulluq yerinə getmək üçün yolları 50 kilometrədək artdı, belə ki, onlar Sonkayarvidən İisalmiyə getməli idilər.
12. Ərizəçilərin bildirdiyinə görə, onların 17 oktyabr 1990-cı il tarixli müraciətindən sonra Kuopio əyalət polis komandanlığı (läänin poliisijohto, länspolisledningen) onların itkilərinin kompensasiya olunacağını vəd etdi.
13. 25 mart 1991-ci ildə Daxili İşlər Nazirliyinin Polis Departamenti əyalət polis komandanlığının xahişi əsasında qulluq yeri Sonkayarvidən İisalmiyə dəyişdirilmiş polis əməkdaşlarının və digər əməkdaşların məvaciblərinə adambaşına 500-700 fin markası (84-118 avro) məbləğində aylıq fərdi əlavələr ödənilməsi barədə müraciət təqdim etdi. Müraciətdə analoji işə (Mantiharyu işinə) istinad edilmişdi, həmin işdə Maliyyə Nazirliyi (valtiovarainministeriö, finansministeriet) 29 dekabr 1989-cu ildə məvacibə fərdi əlavələr barədə xahişi təmin etmişdi. 3 iyul 1991-ci ildə Maliyyə Nazirliyi cavab verdi ki, müraciəti təmin edə bilməz. O, imtinanı heç nə ilə əsaslandırmadı.
14. 1 oktyabr 1992-ci ildə yerli polis qüvvələrinin məvaciblərinə fərdi əlavələr barədə qərar vermək səlahiyyəti dairə inzibati şuralarına (lääninhallitus, länsstyrelsen) verildi.
B. Kuopio Dairə İnzibati Şurasında icraat
15. 19 mart 1993-cü ildə ərizəçilər itkilərinin kompensasiyası edilməsi xahişi ilə müraciət verdilər. Onlar yuxarıda qeyd edilən Mantiharyu işi üzrə qərara istinad etdilər. Onlar həmçinin o vaxt qüvvədə olan Konstitusiyada təsbit olunmuş bərabərlik prinsipinə istinad etdilər (Suomen hallitusmuoto, Regeringsform för Finland; Act no. 94/1919).
16. Dörd ildən sonra, 19 mart 1997-ci ildə müraciət Kuopio Dairə İnzibati Şurası tərəfindən rədd edildi. O, qərarını belə əsaslandırdı:
“Keçmiş Sonkayarvi polis məntəqəsinin mülki qulluqçuları ... polis məntəqələrinin birləşdirilməsindən irəli gələn itkilərinin kompensasiyası üçün müraciət etmiş, bunun cavabında müraciəti müdafiə edən əyalət polis komandanlığı müvafiq sənədləri Daxili İşlər Nazirliyinin Polis Departamentinə göndərmişdir. 25 mart 1991-ci il tarixli məktubu ilə Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyinə tövsiyə etdi ki, birləşmədən sonra qulluq yeri İisalmiyə dəyişdirilmiş mülki qulluqçuların məvaciblərinə 1 noyabr 1990-cu ildən retroaktiv qaydada fərdi əlavələr ödənilsin.
3 iyul 1991-ci il tarixli məktubu ilə Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinə məlumat verdi ki, o, bu nəticəyə gəlmişdir ki, müraciəti təmin edə bilməyəcək.
Maliyyə Nazirliyinin bu qərarı çıxardıqdan sonra məvaciblərə fərdi əlavələr barədə qərar vermək səlahiyyəti dairə inzibati şuralarına verildi. 28 yanvar 1993-cü ildə əyalət polis komandanlığı rəhbərliyinin ərizəçiləri təmsil edən cənab Lappalaynenlə keçirdiyi görüşdəki danışıqlar zamanı qeyd edildi ki, Uusimaa dairəsindəki Askola polis məntəqəsinin analoji işi ilə bağlı danışıqlar davam edir. Müvafiq səlahiyyətlərə malik olmuş Maliyyə Nazirliyi artıq Sonkayarvi polis məntəqəsi ilə bağlı tələblərə dair qərar çıxardığına görə ədalət prinsipi əsasında belə qərara alındı ki, Uusimaa dairəsi ilə bağlı qərar Maliyyə Nazirliyinin qərarından fərqli olsa, Kuopio dairəsinə də şamil olunsun. Uusimaa dairəsinin İnzibati Şurası sözügedən işdə ərizəni təmin etmədi və Ali İnzibati Məhkəmə bu qərarı qüvvədə saxladı. 19 mart 1993-cü il tarixli məktubda bu qərarla bağlı, yaxud da artıq barəsində Maliyyə Nazirliyi tərədinfən qərar çıxarılmış tələbləri müdafiə etmək üçün sonradan cənab Pallonenin verdiyi 17 avqust 1994-cü il tarixli ayrıca tələbin rədd edilməsi ilə bağlı hər hansı əlavə əsaslar göstərilmədi.
Dairə İnzibati Şurası Maliyyə Nazirliyinin yuxarıda qeyd edilmiş qərarından sonra ölkənin digər yerlərində polis məntəqələrinin birləşdirilməsi ilə əlaqədar olan analoji işlərdə kompensasiya ödənilməsi ilə bağlı hər hansı müsbət qərarları öyrənmədi.
1990-cı ildə artıq birləşmə baş verdikdən sonra əyalət polis komandanlığı xərclərin kompensasiyası ilə bağlı məcburi qüvvəyə malik hər hansı vədlər vermək səlahiyyətini itirdi. O, ərizəçilərin kompensasiya müraciətini dəstəkləməklə öz mövqeyini nümayiş etdirmişdi.
Dairə İnzibati Şurası öz səlahiyyətindən istifadə edərək və müvafiq orqanın əvvəlki qərarına əsaslanaraq, hesab edir ki, qərar müəyyən dərəcədə res judicata [bir dəfə həll olunmuş işə təkrar baxılmaması] effektinə malik olmuşdur. Dairə İnzibati Şurası bərabərlik və ədalət prinsiplərini vurğulayaraq, bütün ölkə ərazisində hakim olan praktikaya əməl etməyi özünə borc bilir”.
17. Bundan az öncə, 1996-cı ilin dekabrında ərizəçilər ədliyyə kanslerinə (oikeuskansleri, justitiekanslern) şikayət vermişdilər, o, 27 yanvar 1997-ci il tarixli qərarında diqqəti belə bir fakta cəlb etmişdi ki, ərizəçilər hələ də öz müraciətlərinə cavab almayıblar.
C. Kuopio Dairə İnzibati Məhkəməsində icraat
18. 25 aprel 1997-ci ildə ərizəçilər Dairə İnzibati Şurasının qərarından şikayət verdilər və şifahi dinləmə keçirilməsini xahiş etdilər, onlar iddia etdilər ki, belə dinləmə işin faktlarının, xüsusən də əyalət polis komandanlığı tərəfindən onlara verilmiş vədin müəyyən edilməsini mümkün edə bilər. Kuopio Dairə İnzibati Məhkəməsi (lääninoikeus, länsrätten) şikayətlə bağlı əyalət polis komandanlığının və əyalətin dövlət prokurorunun (lääninasiamies, länsombudet) cavablarını aldı, həmin cavablar hər hansı qeydlərini bildirmələri üçün ərizəçilərə göndərildi.
19. 8 iyun 1998-ci il tarixli qərarında Dairə İnzibati Məhkəməsi gəldiyi nəticəni belə əsaslandırdı:
“Məvaciblərdə pensiya məsələlərinə təsir göstərən artımlar Dairə İnzibati Məhkəməsinin səlahiyyəti xaricindədir.
Polis məntəqələrinin birləşdirilməsi ilə bağlı, yaxud məsələyə aydınlıq gətirmək üçün işin başqa şəkildə necə həll edilə biləcəyi ilə bağlı Dairə İnzibati Şurasının əyalət polis komandanlığının vədlərinə gəldikdə, tərəflərdən şifahi ifadələr almağa ehtiyac yoxdur.
25 mart 1991-ci il tarixli məktubunda Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyinə təklif edib ki, 1 noyabr 1990-cı ildən Sonkayarvi polis məntəqəsi İisalmi polis məntəqəsinə birləşdirilsin [əslində Daxili İşlər Nazirliyi birləşməni deyil, kompensasiyanın ödənilməsini tövsiyə etmişdi] və qulluq məntəqəsinin dəyişdirilməsindən irəli gələn uyğunsuzluqlar 1 noyabr 1990-cı ildən məvaciblərə ayda 500-700 fin markası məbləğində əlavələr formasında retrospektiv qaydada kompensasiya edilsin. 3 iyul 1991-ci il tarixli məktubunda Maliyyə Nazirliyi hesab etdi ki, bu müraciəti təmin edə bilməz. 3 sentyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin Polis Departamenti ilə Polis Assosiasiyası (fin dilində: Suomen Poliisiliitto ry) arasında və 28 yanvar 1993-cü ildə Kuopio Dairə İnzibati Şurasının əyalət polis komandanlığı ilə ərizəçilərin təmsilçiləri arasında danışıqlar keçirildi.
Kollektiv dövlət müqaviləsi haqqında Fərmanın 9-cu maddəsinin 2-ci bəndinə əsasən (18 sentyabr 1992-ci il tarixli dəyişikliklərlə), Dairə İnzibati Şurası ... yerli polis qüvvələrində çalışan mülki qulluqçuların məvaciblərinə əlavələr barəsində qərar çıxarmaq səlahiyyətinə malikdir.
Dairə İnzibati Şurası, yəqin ki, ərizəçilərin Mülki dövlət qulluqçuları haqqında Qanunun 84-cü maddəsində qeyd edilmiş kompensasiya tələbi ilə bağlı 19 mart 1993-cü il tarixli müraciətini nəzərdən keçirmişdir. Əgər Maliyyə Nazirliyinin 3 iyul 1991-ci il tarixli qərarından hesablasaq, kompensasiya tələbi Mülki dövlət qulluqçuları haqqında Qanunun 95-ci maddəsinin 1-ci bəndində göstərilmiş müddət çərçivəsində verilmişdir.
1990-cı ildə Dairə İnzibati Şurasının əyalət polis komandanlığı kompensasiya ilə bağlı məcburi qüvvəyə malik hər hansı vədlər vermək səlahiyyətini itirdi. Bu işi həll etmək səlahiyyəti həmin vaxt Maliyyə Nazirliyinə məxsus idi, o, 3 iyul 1991-ci il tarixli məktubunda bildirdi ki, kompensasiya müraciəti ilə razılaşa bilməz. 1 oktyabr 1992-ci ildən Dairə İnzibati Şurası yerli polis qüvvələrinin məvacibləri ilə bağlı qərar çıxarmaq səlahiyyətinə malikdir.
Dairə İnzibati Şurası ona müraciət edildikdən sonra öz qərarını çıxararkən əvvəlki səlahiyyətli orqanın qərarına əsaslanıb, həmçinin belə bir fakta da əsaslanıb ki, 3 iyul 1991-ci ildən sonra baxılmış polis məntəqələrinin birləşdirilməsi ilə bağlı digər işlərdə əməkdaşlara heç bir kompensasiya ödənilməyib. Buna görə də qərar həmin vaxt bütün ölkə ərazisində hakim olan praktikaya əsaslanıb”.
D. Ali İnzibati Məhkəmədə icraat
20. 7 iyul 1998-ci ildə ərizəçilər daha bir şikayət verərək şifahi dinləmə keçirilməsini tələb etdilər və oxşar situasiyalarda digər polis məntəqələrində məvaciblərə analoji əlavələrin təyin edildiyini vurğuladılar. Məsələn, onlar Pohjois-Karyala Dairə İnzibati Şurasının 10 yanvar 1997-ci il tarixli qərarına istinad etdilər, həmin qərarda Valtimo polis məntəqəsi Nurmes polis məntəqəsinə birləşdirildikdən sonra polis əməkdaşının məvacibinə 1 dekabr 1996-cı ildən əlavələr təyin edilməsi nəzərdə tutulmuşdu.
21. 27 aprel 2000-ci ildə Ali İnzibati Məhkəmə (korkein hallinto-oikeus, högsta förvaltningsdomstolen) əyalət polis komandanlığından və əyalətin dövlət prokurorundan izahatlar aldıqdan və onlara dair qeydlərini bildirmələri üçün onları ərizəçilərə göndərdikdən sonra aşağı məhkəmənin qərarını qüvvədə saxladı. O, qərarını belə əsaslandırdı:
“Ali İnzibati Məhkəmə işi araşdırmışdır.
Polis məntəqələrinin birləşdirilməsindən irəli gələn itkilərin kompensasiyası ilə bağlı Kuopio Dairə İnzibati Şurasının əyalət polis komandanlığının verdiyi vədlərin işə heç bir hüquqi aidiyyəti yoxdur. Buna görə də, şifahi dinləmənin keçirilməsinə qətiyyən ehtiyac yoxdur. Müvafiq surətdə, İnzibati məhkəmə icraatı haqqında Qanunun 38-ci maddəsinin 1-ci bəndini nəzərə alaraq, Ali İnzibati Məhkəmə ərizəçilərin şifahi dinləmə barədə müraciətini rədd edir.
19 mart 1993-cü il tarixli məktublarında ərizəçilər polis məntəqələrinin birləşdirilməsindən irəli gələn itkilərinin məvaciblərinə əlavələr formasında kompensasiya edilməsini tələb etdilər. 1 oktyabr 1992-ci ildə Kollektiv dövlət müqaviləsi haqqında Fərmanın 9-cu maddəsinin 2-ci bəndinə (18 sentyabr 1992-ci il tarixli dəyişikliklərlə) uyğun olaraq, yerli polis qüvvələrində çalışanların məvaciblərinə əlavələr barəsində qərar çıxarmaq səlahiyyəti Dairə İnzibati Şurasına verildi.
Şikayətçilər sözügedən fərdi əlavələri almaq üçün qanuni hüquqa malik deyillər. Koupio Dairə İnzibati Şurası öz səlahiyyətinin hüdudlarını aşmayıb. Dairə İnzibati Şurasının qərarı qanuna zidd deyil. Buna görə də İnzibati məhkəmə icraatı haqqında Qanunun 7-ci maddəsinin 1-ci bəndini nəzərə alaraq, Ali İnzibati Məhkəmə hesab edir ki, Dairə İnzibati Şurasının qərarında çıxarılmış nəticəyə hər hansı əlavə etmək üçün əsas yoxdur və müvafiq surətdə, həmin qərar artıq qəti qərardır”.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Məvaciblərə fərdi əlavələr
22. Soyuq ərazilərdə çalışan mülki qulluqçuların məvaciblərinə əlavələrlə bağlı kollektiv müqavilənin tətbiqinə dair 26 aprel 1988-ci il tarixli təlimatda deyilir:
“Bələdiyyədə işləyən (29 fevral 1988-ci ilədək) və yeni kollektiv müqavilənin şamil olunmadığı mülki qulluqçu, əgər o, bu cür əlavələr almaq hüququ verən bələdiyyədə işləyirsə, məvacibinə fərdi əlavələr almaq hüququna malikdir. ... Məvacibinə fərdi əlavələr almaq hüququna malik olan mülki qulluqçu digər mülki qulluqçunun vəzifələrini müvəqqəti və ya əvəzləmə qaydasında icra etmək barədə göstəriş aldıqda, yaxud onun qulluq etdiyi məntəqə ucqar ərazidə işləməyə görə əlavə vəsait ödənilməyən bələdiyyəyə köçürüldükdə, başqasının vəzifələrini icra etdiyi müddətdə həmin mülki qulluqçunun məvacibinə fərdi əlavələr ödənilmir, çünki məvacibinə əlavələr almaq üçün mülki qulluqçu öz vəzifələrini məvacibə əlavələrin ödənildiyi bələdiyyədə icra etməlidir.
Ərizəçilərin sözlərinə görə, bu təlimatın bu işə aidiyyəti yox idi, çünki o, başqa işə müvəqqəti köçürülməyə aid idi, ərizəçilərin qulluq yerinin dəyişdirilməsi isə daimi xarakter daşıyırdı.
23. 25 mart 1991-ci il tarixli müraciətində Daxili İşlər Nazirliyinin Polis Departamenti analoji işə istinad etmişdi, həmin işdə Maliyyə Nazirliyi 29 dekabr 1989-cu ildə Pertunmaa polis məntəqəsi Mantiharyu polis məntəqəsinə birləşdirildikdən sonra məvacibə fərdi əlavələr ödənilməsi barədə xahişi təmin etmişdi (Mantiharyu işi).
24. 3 iyul 1991-ci ildə Maliyyə Nazirliyi Askola polis məntəqəsinin Mantsala və Porvoo polis məntəqələrinə birləşdirilməsindən sonra qulluq məntəqəsi dəyişdirilmiş mülki qulluqçuların itkilərinin əvəzində kompensasiya ödənilməsi barədə xahişi rədd etdi. Müvafiq surətdə 7 aprel 1993-cü ildə və 7 dekabr 1994-cü ildə Uusimaa Dairə İnzibati Şurası və Ali İnzibati Məhkəmə bu qərarı qüvvədə saxladılar.
25. 10 yanvar 1997-ci il tarixli qərarı ilə Pohyois-Karyala Dairə İnzibati Şurası Valtimo polis məntəqəsi Nurmes polis məntəqəsinə birləşdirildikdən sonra polis əməkdaşının soyuq ərazidə işləməyə görə məvacibinə əlavələr ödənilməsi barədə xahişini təmin edərək, ona 2-ci səviyyəli soyuq ərazi (Valtimo) ilə 1-ci səviyyəli soyuq ərazi (Nurmes) arasındakı fərqə uyğun olaraq 1 plyus səviyyəsində kompensasiya təyin etdi (Nurmes işi).
B. Şifahi dinləmələr
26. İnzibati məhkəmə icraatı haqqında Qanunun (hallintolainkäyttölaki, förvaltningsprocesslagen; Act no. 586/1996) 38-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, şifahi dinləmə yalnız işdə tərəf olan fiziki şəxsin xahişi ilə keçirilə bilər. Lakin həmin tərəfin xahişinin qəbuledilməz olduğu müəyyən edildikdə və ya həmin xahiş dərhal rədd edildikdə, yaxud da işin xarakteri ilə və ya digər hallarla əlaqədar olaraq şifahi dinləmə keçirməyə qətiyyən ehtiyac olmadığı müəyyən edildikdə, şifahi dinləmə keçirilməyə bilər.
27. İnzibati məhkəmə icraatı haqqında Qanunun qüvvəyə minməsi üçün Hökumət tərəfindən təqdim edilmiş qanun layihəsinə dair izahedici məruzədə (Nº 217/1995) Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş şifahi dinləmə hüququ araşdırılır və sözügedən Qanunun 38-ci maddəsinin 1-ci bəndində qeyd edildiyi kimi, inzibati məsələlərdə şifahi dinləmə açıq-aydın lüzumsuz olduqda şifahi dinləməsiz keçinməyin mümkünlüyü nəzərdən keçirilir. Orada deyilir ki, şifahi dinləmə xüsusi araşdırma tələb edən və təxirə salına bilməyən icraatın həyata keçirilməsinə yardım edir, lakin o, heç də həmişə məsələyə nəsə dəyərli bir şey əlavə edə bilmədiyinə görə inzibati prosedurun çevikliyinə və ucuzluğuna xələl gətirməməlidir. Şifahi dinləmə işdəki məsələlərin aydınlaşdırılması üçün zəruri olduqda və bütövlükdə işə faydalı olacağı hesab edildikdə keçirilməlidir.
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ PRAKTİKA
28. Pelleqrin Fransaya qarşı məhkəmə işində ([GC], ərizə Nº 28541/95, AİHM 1999-VIII) Məhkəmənin rəhbər tutduğu beynəlxalq hüquq və praktika həmin qərarda xüsusi qeyd edildi (bax: b. 37-41).
29. 7 dekabr 2000-ci ildə bəyan edilmiş Avropa Birliyinin Əsas hüquqlar haqqında Xartiyasının səmərəli hüquqi müdafiə vasitəsi və ədalətli məhkəmə araşdırması hüququ haqqında 47-ci maddəsində deyilir:
“Birliyin qanunvericiliyi ilə təmin edilən hüquq və azadlıqları pozulmuş hər kəs bu maddədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq məhkəmə orqanı qarşısında səmərəli hüquqi müdafiə vasitəsi hüququna malikdir.
Hər kəs, əvvəlcədən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəs məsləhətləşmək, müdafiə olunmaq və təmsil edilmək imkanına malik olmalıdır.
Kifayət qədər vəsaiti olmayanlar ədalət mühakiməsinə səmərəli çıxışın təmin edilməsi üçün zəruri olan dərəcədə hüquqi yardım ala bilməlidirlər”.
30. Xartiyanı tərtib etmiş Konvensiya Prezidiumunun rəhbərliyi altında ilkin olaraq hazırlanan və sonda “Avropa üçün Konstitusiyanın yaradılması haqqında Müqavilənin Yekun Aktı”na daxil edilən “Əsas hüquqlar haqqında Xartiyaya dair İzahatlar” Xartiya ilə eyni qüvvəyə malik deyil. Bununla belə, onlar “Xartiyanın müddəalarının aydınlaşdırılması məqsədini daşıyan şərh üçün dəyərli vasitədir”
İzahatlardan çıxarış:
“47-ci maddənin ikinci bəndi İHAK-ın 6-cı maddəsinin 1-ci bəndinə uyğundur, həmin bənddə deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər”.
Birliyin qanunvericiliyində ədalətli məhkəmə araşdırması hüququ mülki hüquq və vəzifələrlə bağlı mübahisələrlə məhdudlaşmır. Bu, belə bir faktdan irəli gəlir ki, “Les Verts” Avropa Parlamentinə qarşı məhkəmə işində (23 aprel 1986, iş Nº 294/83, [1988] ECR 1339) Məhkəmə tərəfindən qeyd edildiyi kimi, Avropa Birliyi qanunun aliliyinə əsaslanan birlikdir. Bununla belə, İHAK-da nəzərdə tutulmuş təminatlar hər cəhətdən eyni ilə Birliyə də şamil olunur”.
Buradan belə nəticə çıxır ki, Avropa Birliyi qanunvericiliyi kontekstində 47-ci maddə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mənada mülki hüquq və vəzifələrlə və ya cinayət hüququ məsələləri ilə məhdudlaşmır. Bu baxımdan Xartiya Avropa Birliyi Məhkəməsinin mövcud presedent hüququnu kodifikasiya etmişdir (bax: Marqarita Conston Birləşmiş Krallığın Olster üzrə polis qüvvələrinin rəisinə qaşı, iş Nº 222/84, [1986] ECR 1651, aşağıda 60-cı bənddə bu qərara istinad edilir).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
31. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət etdilər ki, onların mülki qulluqçu qismində iş şərtlərinə dair icraat həddən artıq uzun çəkib və dövlətdaxili instansiyaların heç birində şifahi dinləmə keçirilməyib.
Həmin bəndin müvafiq hissəsində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
32. Ərizəçilər Hökumətin belə bir fikrinə etiraz etdilər ki, polis əməkdaşı qismində onların bəzilərinə 6-cı maddə şamil olunmur. Onlar vurğuladılar ki, onların qulluğu və məvacibləri ümumi hüququn müddəaları ilə müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə əlaqədar deyil. Burada həll edilməli olan məsələ onların məvacib almaq hüququ ilə bağlı idi. Bu hüquq xarakterinə görə xüsusi hüquq sahəsinə aiddir. Onların məvaciblərinin miqdarı müqavilə əsasında müəyyən edilən məsələ idi və işçi işlə işəgötürən arasındakı kollektiv müqavilə ilə tənzimlənirdi. Ərizəçilər vurğuladılar ki, onlar qulluq etdikləri yerin bir yerdən başqa yerə köçürülməsi haqqında qərardan şikayət etməyiblər. Bu iş həmçinin dövlət hakimiyyəti səlahiyyətindən istifadə, əmlak kirayəsi, karyera və ya qulluq müddətinin başa çatması ilə də əlaqədar deyildi.
33. Ərizəçilər hesab edirlər ki, icraat 17 oktyabr 1990-cı ildə, yəni onlar ilk ərizələrini təqdim edərkən başlayıb. 3 iyul 1991-ci ildə Maliyyə Nazirliyi öz qərarını çıxarıb. 19 mart 1993-cü ildə dövlətlə təxminən iki illik faydasız danışıqlardan sonra ərizəçilər Dairə İnzibati Şurasına şikayət etdilər. Daxili İşlər Nazirliyindəki Dairə İnzibati Şurasındakı prosedurların da bu işə aidiyyəti vardı, çünki həmin prosedurlar iş üzrə qərar çıxarılması üçün zəruri idi. Ərizəçilər əvvəlcə Şuranın qərarını almamış Dairə İnzibati Məhkəməsinə müraciət edə bilməzdilər. İcraat 27 aprel 2000-ci ildə başa çatdı. Onlar Hökumətin belə bir fikrini rədd etdilər ki, Askola işinin nəticəsini gözləmək vacib idi və iddia etdilər ki, həmin işi onların işi ilə müqayisə etmək olmazdı. İstənilən halda, həmin iş üzrə 7 dekabr 1994-cü ildə qəti qərar çıxarılmışdı. Ərizəçilər çox cəld hərəkət etmişdilər. Həmin iş onların yaşayışını təmin edən vəsaitlərlə bağlı idi.
34. Sonda ərizəçilər iddia etdilər ki, işin konkret halları barədə onlardan şifahi ifadə alınması üçün dinləmə keçirilməli idi. Müdiriyyət onlara kompensasiya vəd etmişdi. Faktiki olaraq, İnzibati məhkəmə icraatı haqqında Qanunun 38-ci maddəsinin 1-ci bəndi dinləmənin keçirilməsini tələb edirdi, çünki dinləmənin keçirilməsinə ehtiyac vardı.
2. Hökumət
35. Hökumət 6-cı maddənin bu işə tətbiqinə belə bir əsasa görə etiraz etdi ki, ofis üzrə köməkçinin vəzifələri istisna olmaqla, ərizəçilərin vəzifələri ümumi hüququn müddəaları əsasında onlara verilmiş hakimiyyət səlahiyyətinin tətbiqində birbaşa iştirak ilə və dövlətin ümumi maraqlarını qorumaq məqsədi daşıyan vəzifələrlə ilə bağlı idi (bu məsələ ilə bağlı Hökumət yuxarıda adı çəkilən Pelleqrin Fransaya qarşı məhkəmə işi üzrə qərarın 66-cı bəndinə istinad etdi). Ofis üzrə köməkçi olan ərizəçinin vəzifələrinin hakimiyyət səlahiyyətinin tətbiqinə dolayısı ilə aid olub-olmaması dərhal nəzərə çarpan məsələ deyildi. Lakin Hökumət Vereşova Slovakiyaya qarşı məhkəmə işində (ərizənin qəbuledilənliyinə dair qərar, ərizə Nº 70497/01, 1 fevral 2005) Məhkəmənin gətirdiyi əsasa istinad etdi, həmin işdə Məhkəmə müəyyən etdi ki, 6-cı maddə polis orqanında xidmət edən vəkilə tətbiq edilmir və qərara aldı ki, ərizəçinin “polis orqanındakı funksiya və vəzifələrinin xarakterini nəzərə alaraq, ərizəçinin işi dövlət hakimiyyəti səlahiyyətinin tətbiqində iştirak və dövlətin ümumi maraqlarını qorumaq məqsədi daşıyan fəaliyyət sayıla bilər”. Polis əməkdaşlarının hüquq və vəzifələri 6-cı maddənin məqsədləri baxımından açıq-aydın “xüsusi hüquq” sahəsinə deyil, “ümumi hüquq” sahəsinə aid idi. Bu işdə ərizəçilərin maddi maraqları məsələsinin həll edilməli olduğu barədə iddiaya gəldikdə, bu, icraatı 6-cı maddənin tətbiq dairəsinə aid etmək üçün kifayət deyil, çünki “işdə sadəcə iqtisadi məsələnin qaldırılması onun icraatını mülki icraata çevirmirdi” (bax: Pyer-Bloş Fransaya qarşı, 21 oktyabr 1997, Qərarlar toplusu, 1997-VI, s. 2223, b. 51). Müvafiq surətdə, şikayətlər mahiyyətinə görə (ratione materiae) Konvensiyaya uyğun deyildi.
36. Hökumət 6-cı maddənin tətbiqinə həmçinin belə bir əsasa görə etiraz etdi ki, sözügedən əlavəni almaq hüququ qanunda nəzərdə tutulmamışdı. Ərizəçilər ucqar ərazidə işlədikləri ilə əlaqədar olaraq kollektiv müqaviləyə, yaxud məvaciblərə əlavələr haqqında təlimata əsasən məvaciblərinə əlavələr almaq hüququna və ya imtiyazına malik deyildilər. Beləliklə, bu baxımdan da bütün ərizəçilərin şikayətləri mahiyyətinə görə Konvensiyaya uyğun deyildi.
37. Hökumət bildirdi ki, hətta Məhkəmə başqa cür düşünsə belə, istənilən halda, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmayıb. Hökumətin fikrincə, icraat 25 aprel 1997-ci ildə, yəni ərizəçilər Dairə İnzibati Məhkəməsinə ərizə təqdim edərkən başlamış və 27 aprel 2000-ci ildə Ali İnzibati Məhkəmənin qərarı ilə başa çatmışdı. İş mürəkkəb deyildi; Dairə İnzibati Şurası icraatı ona görə dayandırmışdı ki, müxtəlif polis məntəqələrindən olan əməkdaşlarla bərabər qaydada rəftar etmək məqsədi ilə Askola işinin nəticəsini gözləyirdi, baxmayaraq ki, ərizəçilərin məsələsi artıq həll olunmuşdu. Dairə İnzibati Şurasının ərizəçilərin müraciətini dörd il araşdırması faktı nəzərə alına bilməz, çünki bu prosedur məhkəmə icraatı deyildi və buna görə də həmin prosedurun müddəti ümumi müddətin üzərinə hesablanmamalı idi. Bu iş yaşayış vəsaiti ilə bağlı deyildi və ona təcili baxılması üçün hər hansı başqa səbəb də yox idi. 3 iyul 1991-ci il ilə 19 mart 1993-cü il arasında işi danışıqlar vasitəsilə həll etməyə cəhdlər göstərilmişdi. Danışıqlar zamanı ərizəçilərə məlumat verilmişdi ki, məvaciblərə əlavələr yalnız o halda təyin edilə bilər ki, Ali İnzibati Məhkəmə Askola işində aşağı məhkəmənin çıxardığı qərara dəyişiklik etsin.
38. Dinləmənin keçirilməməsinə gəldikdə, Hökumət qeyd etdi ki, Dairə İnzibati Məhkəməsi müəyyən etmişdi ki, şifahi dinləmədə ərizəçilərin təqdim etmək istədikləri faktların işin nəticəsinə heç bir aidiyyəti yox idi, eləcə də Ali İnzibati Məhkəmə müəyyən etmişdi ki, əyalət polis komandanlığının verdiyi vədlərin hüquqi cəhətdən bu işə aidiyyəti yox idi və hər iki məhkəmə hesab etmişdi ki, şifahi dinləməyə ehtiyac yoxdur. Ərizəçilərə əlavə yazılı izahatlarını təqdim etmək imkanı verilmişdi. Bu işdəki məsələ texniki məsələ idi və müvafiq sənədlərə əsaslanırdı. İşin materialları və tərəflərin yazılı izahatları əsasında adekvat qaydada həll edilməsi mümkün olmayan hər hansı faktiki və ya hüquqi məsələ yox idi. Hər hansı ərizəçinin şəxsən dinlənilməsi vasitəsilə hər hansı əlavə məlumat əldə edilməyəcəkdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. 6-cı maddənin tətbiqinin mümkünlüyü məsələsi
39. Hökumət iki əsasa görə 6-cı maddənin tətbiqinin mümkünlüyünə etiraz etdi: 1) iddia edilən “hüquq” mövcud idimi; 2) o, xarakterinə görə “xüsusi hüquq” sahəsinə aid idimi?
a) Hüququn mövcudluğu məsələsi
40. Birincisi, Məhkəmə bu işdə sözügedən “hüququn” mövcud olub-olmadığını araşdıracaqdır. Onun presedent hüququ ilə bərqərar edilmiş prinsiplərə əsasən (digər qərarlara yanaşı bax: Pudas İsveçə qarşı, 27 oktyabr 1987, A seriyaları, c. 125-A, s. 14, b. 31), ən azı daxili qanunvericiliklə tanınması əsaslı olaraq söylənilə bilən “hüquq”la bağlı mübahisə həqiqi və ciddi olmalıdır; o, təkcə hüququn faktiki həyata keçirilməsinə deyil, həm də tətbiqi dairəsinə və həyata keçirilmə üsuluna aid olmalıdır; və nəhayət, icraatın nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici əhəmiyyət daşımalıdır.
41. Məhkəmə qeyd edir ki, əyalət polis komandanlığının ərizəçilərə kompensasiya vəd etməsi şübhə altına alınmayıb. İşin materialları onu da göstərir ki, ərizəçilərin situasiyasından o qədər də fərqlənməyən situasiyalarda məvaciblərə fərdi əlavələr təyin edilib. Eləcə də, milli məhkəmələr ərizəçilərin iddialarını heç bir əsası olmayan iddia kimi rədd etməyiblər. Ərizəçilərin tələblərinin rədd edilməsi həqiqət olsa da, hesab etmək olar ki, inzibati məhkəmələr ərizəyə mahiyyəti üzrə baxıblar və bununla da onların hüquqlarına dair mübahisəni həll ediblər. Məhkəmə hesab edir ki, belə olan halda ərizəçilər sözügedən hüquqa malik olduqları barədə əsaslı iddia irəli sürə bilərlər (digər qərarlara yanaşı bax: Neves və Silva Portuqaliyaya qarşı, 27 aprel 1989, A seriyaları, c. 153-A, s. 14, b. 37).
b) Hüququn xüsusi hüquq sahəsinə aid olması
42. İkincisi, Məhkəmə Pelleqrinin işinə istinadən Hökumətin irəli sürdüyü arqumenti (yuxarıya bax) araşdırdı, həmin arqumentə görə, 6-cı maddə bu işə tətbiq edilə bilməzdi, çünki dövlət qulluqçuları, məsələn, polis əməkdaşları tərəfindən qulluq şəraiti ilə bağlı qaldırılan mübahisələr 6-cı maddənin tətbiq dairəsinin xaricində idi. Bu iş mülki qulluqçu olan birinci beş ərizəçinin və mərhum cənab Hannu Matti Lappalaynenin məvaciblərinə əlavələr almaq hüququna malik olub-olmadıqlarını həll etməli olan məhkəmə icraatı ilə əlaqədardır. Bu məsələni həll etmək üçün Məhkəmə Pelleqrinin işinin qaldırılmasına səbəb olan halları, həmin iş üzrə qərarın motivlərini və həmin qərarın sonrakı işlərə praktiki olaraq necə tətbiq edildiyini yada salmalıdır.
1. Presedent hüququnun qısa xülasəsi
43. Pelleqrinin işi üzrə qərardan əvvəl Məhkəmə qərara almışdı ki, mülki qulluqçuların qulluğa qəbulu, karyerası və qulluq müddətini bitirməsi məsələləri bir qayda olaraq 6-cı maddənin tətbiq dairəsinin xaricindədir. Lakin bu ümumi prinsip bir sıra qərarlarda məhdudlaşdırıldı və ona aydınlıq gətirildi. Məsələn, Françesko Lombardo İtaliyaya qarşı (26 noyabr 1992, A seriyaları, c. 249-B, s. 26-27, b. 17) və Massa İtaliyaya qarşı (24 avqust 1993, A seriyaları, c. 265-B, s. 20, b. 26) məhkəmə işlərində Məhkəmə hesab etdi ki, ərizəçilərin şikayətləri nə mülki qulluqçuların qulluğa “qəbulu” ilə, nə də “karyerası” ilə bağlı deyildi və yalnız “qulluq müddətinin bitməsi” məsələsinə aid idi, belə ki, həmin şikayətlər qulluq müddəti bitdikdən sonra sırf pul məsələlərinə aid olan, qanunvericilikdən irəli gələn hüquqlara dair tələblərlə əlaqədar idi. İtaliya dövləti həmin işdəki pensiyaları ödəmək vəzifəsini yerinə yetirmək üçün özünün “qiymətləndirmə səlahiyyətlərindən” istifadə etmirdi və xüsusi hüquq sahəsinə aid normalarla tənzimlənən əmək müqaviləsinin tərəfi olan işəgötürənlə müqayisə edilə bilərdi və Məhkəmə həm bunu, həm də yuxarıda qeyd edilən halları nəzərə alaraq, qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi baxımından ərizəçilərin iddiaları xarakterinə görə “xüsusi hüquq” sahəsinə aiddir.
44. Digər tərəfdən, Naycel Fransaya qarşı məhkəmə işində (17 mart 1997, Qərarlar toplusu, 1997-II, s. 411, b. 44) Məhkəmə ərizəçinin etiraz etdiyi qərarı, yəni onun mülki qulluqdakı daimi işinə bərpa olunmasından imtina edilməsini “qulluğa qəbul”, “karyera” və “qulluq müddətinin başa çatması” ilə əlaqədar olan qərar hesab etdi. 6-cı maddənin 1-ci bəndi ərizəçinin işə bərpa ediləcəyi təqdirdə almalı olduğu məvacibini tələb etməsi ilə bağlı iddiasına da şamil olunmur, çünki inzibati məhkəmə tərəfindən bu cür kompensasiyanın təyin olunması “öncə işdən azad edilmənin qanunsuz olduğu barədə çıxarılmalı olan qərardan asılıdır”. Müvafiq surətdə, Məhkəmə qərara aldı ki, həmin mübahisə 6-cı maddənin 1-ci bəndinin mənası baxımından “xüsusi hüquq” sahəsinə aid deyil.
45. Digər məhkəmə qərarlarına əsasən, araşdırılan tələb “sırf iqtisadi” hüquqa, məsələn, məvacibin ödənilməsinə (bax: De Santa İtaliyaya qarşı; Lapalorsia İtaliyaya qarşı; və Abenavoli İtaliyaya qarşı, 2 sentyabr 1997, Qərarlar toplusu, 1997-V, müvafiq surətdə s. 1663, b. 18; s. 1677, b. 21; s. 1690, b. 16), yaxud da “əsasən iqtisadi” hüquqa aiddirsə (bax: Nikodemo İtaliyaya qarşı, 2 sentyabr 1997, Qərarlar toplusu, 1997-V, s. 1703, b. 18) və “dövlət orqanlarının müstəqil səlahiyyətlərini əsasən şübhə altına almırsa”, belə hallarda 6-cı maddənin 1-ci bəndi tətbiq edilir (bax: Benkessuar Fransaya qarşı; və Kuez Fransaya qarşı, 24 avqust 1998, Qərarlar toplusu, 1997-V, müvafiq surətdə s. 2287-88, b. 29-30; və s. 2265, b. 25; Le Kalves Fransaya qarşı, 29 iyul 1998, Qərarlar toplusu, 1997-V, s. 1900-01, b. 58; və Kazenave de la Roş Fransaya qarşı, 9 iyun 1998, Qərarlar toplusu, 1998-III, s. 1327, b. 43).
46. Məhkəmə Pelleqrinin işindəki (b. 60) situasiyanı araşdırarkən belə hesab etdi ki, yuxarıda qeyd edilən presedent hüququnda dövlət sektorundakı işçilərin qulluq şəraiti ilə bağlı qaldırdıqları mübahisələrdə iştirakçı dövlətlərin 6-cı maddənin 1-ci bəndi üzrə öhdəliklərinin hüdudları məsələsində bir qədər müəyyənlik vardır. Məhkəmə dövlətdaxili əmək münasibətləri sistemindən, xüsusən də dövlət orqanı ilə inzibati orqan arasında hüquqi münasibətin xarakterindən asılı olmayaraq, “mülki qulluq” anlayışının müstəqil şərhini verməklə bu məsələdə qeyri-müəyyənliyə son qoymağa çalışmışdır, həmin şərh Konvensiyanın iştirakçısı olan dövlətlərdə ekvivalent və ya oxşar vəzifələri icra edən dövlət qulluqçuları ilə bərabər rəftarı mümkün etmək məqsədi daşıyırdı.
47. Bu məqsədlə Məhkəmə işçilərin öhdəlik və vəzifələrinin xarakterinə əsaslanan maliyyə meyarı tətbiq etdi. Tutduğu vəzifə ümumi maraqlara xidmət edən və ya ümumi hüquq sahəsinə aid hakimiyyət səlahiyyətinin tətbiqində iştirak edən şəxslər dövlətin suveren hakimiyyətinin bir hissəsinə malikdirlər. Buna görə də, həmin vəzifəli şəxslərdən xüsusi sadiqlik və loyallıq münasibətləri tələb etməkdə dövlətin qanuni marağı vardır. Digər tərəfdən, bu cür “dövlət idarəçiliyini” özündə ehtiva etməyən digər vəzifələrə gəldikdə, belə maraq yoxdur (bax: yuxarıda adı çəkilən qərar, b. 65). Beləliklə, Məhkəmə qərara aldı ki, 6-cı maddənin 1-ci bəndinin tətbiq dairəsi xaricində olan mübahisələr yalnız vəzifələri dövlət qulluğuna xas olan spesifik fəaliyyətləri həyata keçirməkdən ibarət olan, dövlət hakimiyyətinin həvalə olunduğu və dövlətin və ya dövlət hakimiyyəti orqanlarının ümumi maraqlarının qorunmasına görə məsuliyyət daşıyan dövlət qulluqçuları tərəfindən qaldırılan mübahisələrdir. Silahlı qüvvələrin və polisin fəaliyyəti bu cür fəaliyyətlərin aydın nümunəsidir (bax: yuxarıdakı qərar, b. 66). Məhkəmə bu qənaətə gəldi ki, inzibati orqanlarla ümumi hüquq sahəsinə aid hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə bağlı vəzifələr tutan işçilər arasında heç bir mübahisə 6-cı maddənin 1-ci bəndinin tətbiqinə səbəb olmur (bax: yuxarıdakı qərar, b. 67).
48. Məhkəmə qeyd edir ki, Pelleqrinin işi üzrə qərar qəti sözlərlə ifadə olunmuşdu; əgər şəxsin tutduğu vəzifə yuxarıda qeyd edilən kateqoriyaya aid idisə, xarakterindən asılı olmayaraq bütün mübahisələr 6-cı maddənin hüdudlarından kənarda qalırdı. Qərar yalnız bir istisnaya yol verirdi: pensiyalara aid olan bütün mübahisələr 6-cı maddənin 1-ci bəndinin hüdudları daxilinə düşür, çünki şəxs istefaya çıxdıqdan sonra işçilərlə dövlət orqanları arasındakı bütün xüsusi münasibətlərə son qoyulurdu; belə halda işçilər vəzifələri xüsusi hüquq sahəsinə aid olan işçilərlə müqayisə edilə bilən vəziyyətdə olurdular, belə ki, dövlətin onlardan tələb etdiyi xüsusi sadiqlik və loyallıq münasibətləri daha mövcud olmurdu və işçiyə daha dövlətin suveren hakimiyyətinin bir hissəsi həvalə olunmurdu (bax: yuxarıda adı çəkilən qərar, b. 67).
49. Məhkəmənin bunu da vurğuladığını qeyd etmək vacibdir ki, o, funksional meyar tətbiq edərkən Konvensiyanın predmet və məqsədinə uyğun olaraq 6-cı maddənin 1-ci bəndi ilə təmin olunan hüquqlardan istisnalara məhdud çərçivəli şərh verməlidir (bax: yuxarıdakı qərar, b. 64-67). Bu istisnalar yalnız dövlət qulluqçularının Konvensiyanın təmin etdiyi praktiki və səmərəli müdafiədən məhrum edilə biləcəyi hallarla məhdudlaşmalıdır (bu fikrin təsdiqi üçün bax: Fridlender Fransaya qarşı [GC], ərizə Nº 30979/96, b. 40, AİHM 2000-VII).
2. Presedent hüququnun təkmilləşdirilməsinə ehtiyacın olub-olmaması
50. Presedent hüququnun təkmilləşdirilməsi zəncirində son dövrlərə aid ən mühüm halqa olan Pelleqrinin işi üzrə qərar elə bir işlək konsepsiyanı təmin etmək məqsədi daşıyır ki, hər bir konkret işdə ərizəçinin tutduğu vəzifənin (ərizəçinin üzərinə qoyulan vəzifə və öhdəliklərin xarakteri baxımından) ümumi hüquq sahəsinə aid səlahiyyətlərin tətbiqində birbaşa və ya dolayı iştirakla bağlı olub-olmadığını və dövlətin və dövlət hakimiyyəti orqanlarının ümumi maraqlarını qorumaq məqsədi daşıyıb-daşımadığını onun əsasında müəyyən etmək mümkün olsun. Daha sonra müəyyən etmək lazımdır ki, ərizəçi bu vəzifə kateqoriyalarından birinin çərçivəsində həqiqətən dövlət hakimiyyəti səlahiyyətinin tətbiqi kimi səciyyələndirilə bilən funksiyaları yerinə yetiribmi, yəni dövlət vəzifələri iyerarxiyasında ərizəçinin tutduğu vəzifə dövlətin hakimiyyət səlahiyyətinin tətbiqindən danışmağa imkan verəcək qədər önəmli və ya yüksək olubmu?
51. Lakin bu iş nümayiş etdirir ki, funksional meyarın tətbiqi özlüyündə qeyri-normal nəticələrə gətirib çıxara bilər. Nəzərdən keçirilən vaxtda ərizəçilər Daxili İşlər Nazirliyinin əməkdaşları idilər. Onlardan beşi qulluğa qəbul edilmiş, yuxarıda müəyyən edilən spesifik fəaliyyətləri həyata keçirən polis əməkdaşları idi. Həmin fəaliyyətlər ümumi hüquq sahəsinə aid səlahiyyətlərin tətbiqində birbaşa iştirakı və dövlətin ümumi maraqlarını qorumaq məqsədi daşıyan vəzifələrin icrasını nəzərdə tuturdu. Ofis üzrə köməkçi olan ərizəçinin funksiyaları sırf inzibati funksiyalar idi, onun hər hansı qərar qəbul etmək, yaxud dövlət hakimiyyətini birbaşa və ya dolayısı ilə hər hansı başqa formada tətbiq etmək səlahiyyəti yox idi. Buna görə də onun funksiyaları dövlət sektorunda və ya özəl sektorda çalışan hər hansı digər ofis üzrə köməkçinin funksiyalarından fərqlənmirdi. Yuxarıda qeyd edildiyi kimi, Pelleqrinin işində polisin fəaliyyətləri dövlət hakimiyyətinin tətbiqi ilə bağlı olan fəaliyyətlərin açıq-aydın nümunəsi kimi qeyd edilmiş, bununla da fərdlərin bütöv bir kateqoriyası 6-cı maddənin tətbiq dairəsindən xaric edilmişdi. Pelleqrinin işindəki yanaşma bu işə dəqiq şəkildə tətbiq edilsəydi, aydın olardı ki, bu işdə ofis üzrə köməkçi olan ərizəçi 6-cı maddənin 1-ci bəndindəki hüquqlardan istifadə edə bilər, halbuki polis əməkdaşı olan ərizəçilər, şübhəsiz ki, bunu edə bilməzlər. Mübahisənin bütün ərizəçilər üçün eyni olması faktından asılı olmayaraq, məsələ məhz bu cür olardı.
52. Bundan başqa, Pelleqrinin işindən sonra baxılmış işlərin araşdırılması göstərir ki, ərizəçinin funksiyalarının xarakterinin və statusunun müəyyən edilməsi asan iş deyil; həm də ərizəçinin çalışdığı dövlət qulluğu kateqoriyasını heç də həmişə onun aktual rolu əsasında dəqiq şəkildə fərqləndirmək olmur. Bəzi işlərdə aydın deyil ki, fərdin vəzifələri konkret dövlət qulluğu sektoruna nə dərəcədə aid olmalıdır ki, bu, onun vəzifələrinin xarakterini nəzərdən keçirmədən 6-cı maddənin tətbiqinin istisna edilməsi üçün yetərli olsun.
Məsələn, Kepka Polşaya qarşı məhkəmə işində (ərizənin qəbuledilənliyinə dair qərar), ərizələr Nº 31439/96 və 35123/97, AİHM 2000-IX) Məhkəmə müəyyən etdi ki, bütün karyerası boyu milli yanğınsöndürmə xidmətində mühazirəçi işləmiş ərizəçinin funksiyaları yanğınsöndürənin funksiyalarına uyğun deyil, onun həssas xarakterli məlumatların tədqiqi və əldə edilməsi ilə əlaqədar olan vəzifələri dövlətin suveren hakimiyyətinin tətbiq edildiyi milli müdafiə sahəsinə aid vəzifələr sayılmalıdır və ən azı dolayısı ilə dövlətin ümumi maraqlarını qorumaq məqsədi daşıyan vəzifələrin icrasında iştirak hesab edilməlidir (bax: əks qərarın çıxarıldığı iş – Frindlender Fransaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 39). Müvafiq surətdə, 6-cı maddənin həmin işə tətbiqi mümkün deyildi. Yeri gəlmişkən, Kanayev Rusiyaya qarşı məhkəmə işi (ərizə Nº 43726/02, b. 18, 27 iyul 2006) daha bir nümunədir, həmin işdə ərizəçi Rusiya hərbi-dəniz qüvvələrində xidmət edən zabit – üçüncü dərəcəli kapitan idi və bu baxımdan “dövlətin suveren hakimiyyətinin bir hissəsi” ona həvalə edilmişdi; bu işdə qərara alındı ki, hətta məsələ nəqliyyat xərclərinə aid mübahisə ilə bağlı olan işdə ərizəçinin xeyrinə çıxarılmış məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar olsa belə, 6-cı maddənin 1-ci bəndi ərizəçiyə tətbiq edilə bilməz. Yuxarıda adı çəkilən Vereşova Slovakiyaya qarşı məhkəmə işində 6-cı maddənin 1-ci bəndinin polis orqanında çalışan vəkilə tətbiqi belə bir əsasa görə istisna edildi ki, bütövlükdə polis xidmətinin funksiya və vəzifələrinin xarakteri həmin bəndin tətbiqini istisna edirdi, özü də bu qərar fərdin polis orqanındakı rolunun nədən ibarət olduğu aydın şəkildə araşdırılmadan qəbul edilmişdi.
53. Bundan başqa, xüsusilə təəccüblü haldır ki, hərfi mənada götürüldükdə “funksional yanaşma” dövlət qulluqçusu qismində ərizəçinin tutduğu vəzifənin hər hansı digər iddiaçının vəzifəsindən fərqlənmədiyi hallarda, yaxud başqa sözlə, işçi ilə işəgötürən arasındakı mübahisənin “xüsusi sadiqlik və loyallıq” münasibətləri ilə səciyyələnmədiyi hallarda 6-cı maddənin tətbiqinin istisna olunmasını tələb edir.
54. Lakin Martini Fransaya qarşı məhkəmə işində ([GC], ərizə Nº 58675/00, b. 30, 12 aprel 2006) təsdiq edildi ki, önəmli olan mübahisənin xarakteri deyil, ərizəçinin tutduğu vəzifədir, həmin işdə Böyük Palata qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər (ərizənin qəbuledilənliyinə dair qərar, 13 yanvar 2004), lakin Böyük Palata bu qərarı başqa əsasa görə qəbul etdi. O, belə bir faktı nəzərə aldı ki, ərizəçi məktəbdə mühasib işləyən və dövlət səlahiyyətlərinin tətbiqində iştirak etməyən mülki qulluqçu idi, eyni zamanda, Böyük Palata ərizəçi ilə dövlət arasındakı mübahisənin xarakterinə (yəni icazəsiz ödənişləri qaytarmaq vəzifəsinə) də xüsusi diqqət yetirdi və qərara aldı ki, ərizəçinin vəzifələri 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “mülki hüquqi” vəzifələr idi və işdə xüsusi hüquq sahəsinə aid məsələlər üstünlük təşkil edirdi.
55. Məhkəmə yalnız bu qənaətə gələ bilər ki, praktikada tətbiq edilən funksional meyar mülki qulluqçunun tərəf olduğu proseslərdə 6-cı maddənin tətbiqinin təhlilini sadələşdirməyib, yaxud bu məsələyə arzu edildiyi kimi daha artıq dərəcədə aydınlıq gətirməyib (müvafiq dəyişikliklərlə bax: Peres Fransaya qarşı, [GC], ərizə Nº 47287/99, b. 55, AİHM 2004-I).
56. Belə olan halda, Məhkəmə yuxarıdakı əsasları nəzərə alaraq hesab edir ki, Pelleqrinin işində qəbul edilmiş funksional meyar daha da təkmilləşdirilməlidir. Hüquqi müəyyənlik, davranışın nəticələrini öncədən görə bilmə və qanun qarşısında bərabərlik prinsiplərinin maraqları naminə Məhkəmə əsaslı səbəb olmadan əvvəlki işlərdə bərqərar edilmiş presedentlərdən kənara çıxmamalıdır, amma eyni zamanda, Məhkəmə dinamik və təkamülə uğrayan yanaşmanı mühafizə etməsə, islahatın və ya təkmilləşdirmənin yolunda maneələr yarana bilər (müvafiq dəyişikliklərlə bax: Mamatkulov və Əskərov Türkiyəyə qarşı, [GC], ərizələr Nº 46827/99 və 46951/99, b. 121, AİHM 2005-I).
57. Pelleqrinin işi üzrə qərar Məhkəmənin əvvəlki presedent hüququ kontekstində başa düşülməli və 6-cı maddənin mülki qulluğa tətbiq edilməməsini nəzərdə tutan əvvəlki prinsipdən qismən tətbiq edilməsi istiqamətində ilk addım kimi qəbul edilməlidir. Bu addım belə bir əsas qaydanı əks etdirir ki, müəyyən mülki qulluqçular öz funksiyaları ilə əlaqədar olaraq işəgötürənlərinə xüsusi sadiqlik və loyallıq bağları ilə bağlıdırlar. Lakin o vaxtdan bəri həll edilmiş işlərdən aydın görünür ki, iştirakçı dövlətlərin çoxunda mülki qulluqçuların məhkəməyə müraciət etməsinə imkan yaradılmışdır və onların məvaciblərlə və onlara əlavələrlə bağlı, hətta qulluqdan azad edilmə ilə və ya qulluğa qəbulla bağlı özəl sektorun işçiləri ilə eyni qaydada iddia qaldırmalarına icazə verilir. Belə hallarda dövlətdaxili sistemdə dövlətin həyati maraqları ilə fərdin müdafiə olunmaq hüququ arasında heç bir münaqişə yaranmır. Baxmayaraq ki, nə Konvensiya, nə də onun Protokolları mülki qulluğa qəbula həqiqətən təminat verir, buradan heç də belə nəticə çıxmır ki, mülki qulluqçular mülki qulluğun digər məsələləri ilə bağlı Konvensiyanın tətbiq dairəsindən kənarda qalırlar (müvafiq dəyişikliklərlə bax: Əbdüləziz, Kabales və Balkandalinini işi, 28 may 1985, A seriyaları, c. 94, s. 31-32, b. 60; və Qlazenapp Almaniyaya qarşı, 28 avqust 1986, A seriyaları, c. 104, s. 26, b. 49).
58. Bundan başqa, Konvensiyanın 1-ci və 14-cü maddələrində nəzərdə tutulur ki, iştirakçı dövlətlər “yurisdiksiyasında olan hər kəs üçün” “hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan” I bölmədə müəyyən olunmuş hüquq və azadlıqlar təmin etməlidirlər (müvafiq dəyişikliklərlə bax: Engel və başqaları Niderlanda qarşı, 8 iyun 1976, A seriyaları, c. 22, s. 23, b. 54). Bir qayda olaraq, Konvensiyadakı təminatlar mülki qulluqçulara da şamil olunur (müvafiq dəyişikliklərlə bax: Şmidt və Dalström İsveçə qarşı, 6 fevral 1976, A seriyaları, c. 41, s. 15, b. 33; Engel və başqaları Niderlanda qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, s. 23, b. 54; Qlazenapp Almaniyaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, s. 26, b. 49; Əhməd və başqaları Birləşmiş Krallığa qarşı, 2 sentyabr 1998, Qərarlar toplusu, 1998-VI, s. 2378, b. 56).
59. Pilliqrinin işində funksional meyarın məhdud şərh olunması qəbul edilmişdir, buna görə də, hər hansı ərizəçi kateqoriyasını 6-cı maddənin 1-ci bəndinin müdafiəsindən məhrum etmək üçün inandırıcı əsaslar olmalıdır. Eyni ilə bu işdə də ərizəçilər – polis əməkdaşları və inzibati köməkçi milli qanunvericiliyə əsasən məvaciblərinə əlavələrin ödənilməsi tələbinə məhkəmə tərəfindən baxılması hüququna malikdirlər və ədalətsiz və ya həddən artıq uzun məhkəmə prosesinə qarşı Konvensiyada nəzərdə tutulmuş müdafiədən onları məhrum etmək üçün dövlət funksiyalarının icrası ilə və ya hər hansı digər ictimai zərurətlə bağlı heç bir əsas irəli sürülməyib.
60. Məhkəmə faydalı rəhbər prinsipləri təmin edən Avropa hüququna nəzər salaraq (bax: Kristin Qudvin Birləşmiş Krallığa qarşı [GC], ərizə Nº 28957/95, b. 43-45, 92 və 100, AİHM 2002-VI; Posti və Rahko Finlandiyaya qarşı, ərizə Nº 27824/95, b. 54, AİHM 2002-VII; Meftah və başqaları Fransaya qarşı [GC], ərizələr Nº 32911/96, 35237/97 və 34595/97; b. 45, 92 və 100, AİHM 2002-VII) qeyd edir ki, Pelleqrinin işində o, hərəkət etmək azadlığının istisna edilməsi ilə bağlı Avropa Komissiyasının və Avropa Birliyi Məhkəməsinin sadaladığı fəaliyyət və vəzifə kateqoriyalarını nəzərdən keçirərək yardım üçün onlardan istifadə etmişdir (bax: Pelleqrinin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 66). Lakin Məhkəmə qeyd etmək istərdi ki, Lüksemburq Məhkəməsinin özünün son dərəcə mühüm qərarı olan Marqarita Conston Birləşmiş Krallığın Olster üzrə polis qüvvələrinin rəisinə qaşı (iş Nº 222/84, [1986] ECR 1651, b. 18) məhkəmə işi üzrə qərarında (bu iş Ayrı-seçkilik haqqında Direktivə istinadən polis əməkdaşı olan qadın tərəfindən qaldırılmışdı) bu sahədə məhkəmə nəzarətinin xeyrinə daha geniş yanaşma tətbiq edilib. Lüksemburq Məhkəməsi qərarını belə əsaslandırdı:
“[Şuranın 76/207 saylı Direktivinin 6-cı maddəsində] nəzərdə tutulmuş məhkəmə nəzarəti haqqında tələb üzv dövlətlərin ümumi konstitusiya ənənələrini vurğulayan ümumi hüquq prinsipini əks etdirir. Bu hüquq həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasının 6-cı və 13-cü maddələrində təsbit olunmuşdur. Avropa Parlamenti, Şurası və Komissiyası 5 aprel 1977-ci il tarixli birgə bəyanatlarında, ... məhkəmə isə öz qərarlarında təsdiq etmişlər ki, Konvensiyanın əsaslandığı prinsiplər Birliyin qanunvericiliyində nəzərə alınmalıdır”.
Birliyin qanunvericiliyi ilə bağlı olan bu və digər presedentlər göstərir ki, Avropa Birliyində məhkəmə nəzarətinin tətbiqinin hüdudları genişdir. Əgər fərd Birliyin qanunvericiliyi ilə təmin edilən maddi hüquqa istinad edə bilərsə, onda onun dövlət hakimiyyəti səlahiyyətinə malik şəxs statusu məhkəmə nəzarəti haqqında tələblərin ona tətbiq edilməsinə mane olmur. Bundan başqa, səmərəli məhkəmə nəzarətinin daha geniş hüdudlarını Konvensiyanın 6-cı və 13-cü maddələrinə istinad etməklə Lüksemburq Məhkəməsi də vurğulamışdır (bax: Marqarita Constonun işi üzrə yuxarıda adı çəkilən qərar; və Panayotova və başqaları daxili işlər nazirinə qarşı, iş Nº C-327/02, [2004], ECR I-00000, b. 27), eləcə də, bu məsələ Əsas hüquqlar haqqında Xartiyada öz əksini tapmışdır (yuxarıda 29-30-cu bəndlərə bax).
61. Məhkəmə müəyyən işçi kateqoriyasının məhkəməyə müraciət etməsinə nəzarət üzrə dövlət maraqlarını tanıyır. Lakin dövlət hakimiyyətinə xas olan sərbəst səlahiyyətlərin tətbiq edildiyi dövlət qulluğu sahələrini aydın şəkildə müəyyən etmək ilk növbədə iştirakçı dövlətlərin, xüsusən də milli qanunvericilik orqanının vəzifəsidir, söhbət fərdin öz maraqlarını güzəştə getməsini tələb edən sahələrdən gedir. Məhkəmə öz nəzarət funksiyasını subsidiarlıq prinsipindən asılı olaraq tətbiq edir (bax: Z və başqaları Birləşmiş Krallığa qarşı [GC], ərizə Nº 29392/95, b. 103, AİHM 2001-V). Dövlətdaxili sistem məhkəməyə müraciətə maneə yaradırsa, Məhkəmə mübahisənin 6-cı maddə ilə təmin edilən hüquqların tətbiq edilməməsinə haqq qazandıran mübahisə olub-olmadığını yoxlayır. Əgər mübahisə buna haqq qazandırmırsa, onda heç bir problem meydana çıxmır və 6-cı maddənin 1-ci bəndi tətbiq edilir.
Lakin qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən işlərdəki situasiya Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş mülki və cinayət hüquq münasibətləri ilə bağlı olmayan tələblərin qaldırıldığı işlərdəki situasiyadan fərqlidir (digər qərarlarla yanaşı bax: vergi məsələsinin qiymətləndirilməsi ilə bağlı: Ferrazini İtaliyaya qarşı, [GC], ərizə Nº 44759/98, AİHM 2001-VII; ölkədə sığınacaq, vətəndaşlıq və yaşayış yeri almaqla bağlı: Maauia Fransaya qarşı, [GC], ərizə Nº 39652/98, AİHM 2000-X; və parlament üzvlərinin seçkiləri ilə əlaqədar olan mübahisələrlə bağlı: Pyer-Bloş Fransaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar). Belə ki, yuxarıda qeyd edilən işlərdə qərarların əsaslandırılması mülki qulluqçuların vəziyyəti ilə məhdudlaşır.
62. Qısaca desək, cavabdeh dövlətin 6-cı maddədə təsbit olunmuş müdafiəni istisna etmək məqsədi ilə Məhkəmədə ərizəçinin mülki qulluqçu statusuna istinad edə bilməsi üçün iki şərtə əməl edilməlidir. Birincisi, dövlət öz milli qanunvericiliyində aydın şəkildə nəzərdə tutmalıdır ki, müəyyən vəzifələri tutan və ya müəyyən işçi kateqoriyasına aid olan şəxslər məhkəməyə müraciət edə bilməzlər. İkincisi, bu istisnalara dövlətin maraqları naminə obyektiv əsaslarla haqq qazandırılmalıdır. Ərizəçinin sadəcə ümumi hüquq sahəsinə aid səlahiyyətlərin tətbiq edildiyi sektorda və ya sahədə işləməsi faktı özlüyündə həlledici amil ola bilməz. Dövlətin istisnalara haqq qazandırmaq üçün sözügedən mülki qulluqçunun dövlət hakimiyyəti səlahiyyətinin tətbiqində iştirak etdiyini, yaxud Pelleqrinin işi üzrə qərarda Məhkəmənin işlətdiyi sözlərlə desək, işçi qismində mülki qulluqçu ilə işəgötürən qismində dövlət arasında “xüsusi sadiqlik və loyallıq bağlarının” olduğunu sübut etməsi kifayət deyil. Dövlət həmçinin sübut etməlidir ki, araşdırılan mübahisənin predmeti dövlət hakimiyyəti səlahiyyətinin tətbiqi ilə bağlıdır və ya dövlətlə mülki qulluqçu arasındakı xüsusi münasibətlərlə əlaqədardır. Beləliklə, prinsipcə adi əmək mübahisələrini, məsələn, əmək haqları ilə, onlara əlavələrlə və ya analoji hüquqlarla bağlı mübahisələri, konkret mülki qulluqçu ilə sözügedən dövlət arasındakı xüsusi münasibətlərin xarakterinə əsaslanmaqla, 6-cı maddədə nəzərdə tutulmuş təminatların tətbiqi dairəsindən xaric etməyə haqq qazandırmaq mümkün deyil. Əslində 6-cı maddənin tətbiqi prezumpsiyası mövcuddur. Cavabdeh dövlət sübut etməlidir ki, birincisi, mülki qulluqçu olan ərizəçi ümumi hüquq normalarına əsasən məhkəməyə müraciət etmək hüququna malik deyil, ikincisi, 6-cı maddədə nəzərdə tutulmuş hüquqların mülki qulluqçuya şamil edilməməsinə haqq qazandırmaq olar.
63. Bu işdə hamı razılaşır ki, bütün ərizəçilər milli qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək hüququna malik olublar. Müvafiq surətdə, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər.
64. Məhkəmə qeyd etmək istərdi ki, 6-cı maddənin tətbiqinin mümkünlüyü ilə bağlı onun çıxardığı nəticə həmin maddədəki müxtəlif təminatların mülki qulluqçulara aid mübahisələrə necə tətbiq edilməsi (məsələn, bu məsələyə milli məhkəmələr tərəfindən hansı hüdudlar daxilində baxılması) məsələsinə (bax: Zimtobel Avstriyaya qarşı, 21 sentyabr 1993, A seriyaları, c. 268-A, s. 14, b. 32) xələl gətirmir. Bu işdə Məhkəmə belə təminatlardan yalnız ikisini, yəni icraatın müddəti ilə və şifahi dinləmələrlə bağlı olan təminatları nəzərdən keçirməlidir.
2. 6-cı maddəyə uyğunluq məsələsi
a) İcraatın müddəti
65. Məhkəmə bir daha bildirir ki, mülki məsələlərdə ağlabatan müddət bəzi hallarda hətta məhkəmənin iddiaçının qaldırdığı mübahisə üzrə icraata başlamağı qərara almasından əvvəl başlayır (bax: Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975, A seriyaları, c. 18, s. 15, b. 32). Ərizəçilərin işində vəziyyət məhz belə olmuşdur, belə ki, Dairə İnzibati Şurası öncə ərizəçilərin kompensasiya tələblərinə dair qərar çıxarmalı idi ki, onlar həmin qərardan məhkəməyə şikayət edə bilsinlər (müvafiq dəyişikliklərlə bax: Köniq Almaniyaya qarşı, 28 iyun 1978, A seriyaları, c. 27, s. 33, b. 98; Yanssen Almaniyaya qarşı, ərizə Nº 23959/94, b. 40, 20 dekabr 2001; və Hellborq İsveçə qarşı, ərizə Nº 47473/99, 28 fevral 2006).
66. Müvafiq surətdə, 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş ağlabatan müddət bu işdə ərizəçilərin Dairə İnzibati Şurasına müraciət etdikləri gündən, yəni 19 mart 1993-cü ildən başlamışdı (bundan əvvəlki bəndə bax). Heç kim şübhə altına almır ki, icraat 27 aprel 2000-ci ildə Ali İnzibati Məhkəmənin qərarı ilə başa çatıb. Beləliklə, icraat yeddi ildən artıq davam edib.
67. Məhkəmə icraatın müddətinin ağlabatan olub-olmadığını işin konkret hallarının işığında qiymətləndirəcək və bu zaman presedent hüququ ilə bərqərar edilmiş meyarları, xüsusən işin mürəkkəb olub-olmadığını, habelə ərizəçinin və müvafiq dövlət orqanlarının davranışını nəzərə alacaqdır. Bu məsələləri nəzərdən keçirdikdən sonra Məhkəmə işin ərizəçilər üçün nə dərəcədə əhəmiyyətli olduğunu da nəzərə alınmalıdır (bax: Filis Yunanıstana qarşı (Nº 2), 27 iyun 1997, Qərarlar toplusu, 1997-IV, s. 1083, b. 35).
68. Məhkəmə tərəflərlə razılaşır ki, iş mürəkkəb deyildi. İş üzrə baxılan məsələ müstəsna əhəmiyyət daşımırdı.
69. Ərizəçilərin davranışına gəldikdə, onlar icraatı ləngitməmişdilər. Dövlət orqanlarının davranışına gəldikdə, onlar Məhkəmə hesab edir ki, Dairə İnzibati Şurası şikayət ərizəsini 19 mart 1993-cü ildə almışdı. O, ərizəyə cavabları da almış və sonra qeydlərini bildirmələri üçün ərizəçilərə göndərmiş və 19 mart 1997-ci ildə qərar çıxarmışdı. Beləliklə, onun işi araşdırması dörd il çəkmişdi. Bu qədər müddət nə görülmüş prosessual tədbirlərlə, nə də Askola işinin nəticəsini gözləmək zərurəti ilə izah edilə bilərdi, çünki həmin iş üzrə qəti qərar 7 dekabr 1994-cü ildə çıxarılmışdı.
70. Dairə İnzibati Məhkəməsindəki və Ali İnzibati Məhkəmədəki icraata gəldikdə, Məhkəmə bu qənaətə gəlir ki, bu iki instansiyada işə baxılması ümumilikdə təxminən üç il çəkib. O, hesab edir ki, bu icraatın müddəti özlüyündə hər hansı sual doğurmur.
71. Yekun olaraq Məhkəmə bu nəticəyə gəlir ki, Dairə İnzibati Şurasındakı icraatda ləngimələr olub və hesab edir ki, onlarla bağlı yetəli izahat verilməyib. Beləliklə, icraatın müddəti məsələsində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
b) Şifahi dinləmə
72. Bu məsələyə tətbiq edilə bilən prinsiplər Yussila Finlandiyaya qarşı məhkəmə işi ([GC], ərizə Nº 73053/01, b. 44-45) üzrə Məhkəmənin qərarında əks olunub.
73. Bu işdə dinləməni tələb etməkdə ərizəçilərin məqsədi polis müdiriyyətinin onlara iqtisadi itkilərin kompensasiyasını vəd etdiyini sübuta yetirmək idi. İnzibati məhkəmələr işin hallarına əsasən hesab etdilər ki, şifahi dinləmənin keçirilməsi açıq-aydın lüzumsuzdur, çünki iddia edilən vədin işə aidiyyəti yoxdur. Məhkəmə Hökumətin bu arqumentini ciddi hesab edir ki, iş üzrə hər hansı faktiki və ya hüquqi məsələlər tərəflərin yazılı izahatları əsasında adekvat qaydada həll edilə bilərdi.
74. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçilər şifahi dinləmənin keçirilməsini tələb etmək imkanından məhrum edilməmişdilər, hərçənd ki, dinləmənin zəruri olub-olmadığını məhkəmələr həll etməli idi (müvafiq dəyişikliklərlə bax: Martini Fransaya qarşı məhkəmə işi üzrə yuxarıda adı çəkilən qərar, b. 44). İnzibati məhkəmələr bu barədə əsaslandırılmış fikirlərini bildirdilər. İş üzrə qeydlərini yazılı şəkildə təqdim etmələri və digər tərəfin izahatları ilə bağlı şərhlərini yazılı şəkildə bildirmələri üçün ərizəçilərə kifayət qədər imkan verildiyinə görə Məhkəmə hesab edir ki, ədalətlilik tələblərinə əməl olunmuşdu və şifahi dinləməyə ehtiyac yox idi.
75. Müvafiq surətdə, şifahi dinləmənin keçirilməməsi məsələsində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmayıb.
II. KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
76. Ərizəçilər iddia etdilər ki, Konvensiyanın 13-cü maddəsinin pozulmasının qurbanıdırlar, həmin maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
77. Ərizəçilər iddia etdilər ki, icraatın uzun sürməsi onların şikayətlərini səmərəsiz edib. Buna görə də, apellyasiya şikayəti səmərəli müdafiə vasitəsi deyildi.
2. Hökumət
78. Hökumət hesab etdi ki, 6-cı maddə pozulmadığına görə 13-cü maddə üzrə də hər hansı əsaslı tələb meydana çıxmamalıdır. Hökumət bildirdi ki, hətta Məhkəmə başqa cür düşünsə belə, bu şikayət əsassızdır, çünki ərizəçilər Dairə İnzibati Şurasının qərarından iki məhkəmə instansiyasına şikayət etmişdilər. İcraatın uzun sürməsinə gəldikdə, ərizəçilər səmərəli hüquqi müdafiə vasitəsinə malik idilər, bunu belə bir fakt da təsdiq edir ki, ərizəçilərdən biri ədliyyə kanslerinə şikayət verərək uğura nail olmuşdu, belə ki, ədliyyə kansleri Şuranın diqqətini icraatın uzanmasına cəlb etmişdi. Hökumət həmçinin belə bir prinsipə istinad etdi ki, baxmayaraq ki, hər hansı ayrıca hüquqi müdafiə vasitəsi özlüyündə 13-cü maddənin tələblərinə bütünlüklə cavab verə bilməz, həmin vasitələrin daxili qanunvericilikdə nəzərdə tutulmuş məcmusu bu tələblərə cavab verə bilər (nümunə üçün bax: X Birləşmiş Krallığa qarşı, 5 noyabr 1981, A seriyaları, c. 46, s. 26, b. 60; Van Droogenbrok Belçikaya qarşı, 24 iyun 1982, A seriyaları, c. 50, s. 32, b. 56; və Leander İsveçə qarşı, 26 mart 1987, A seriyaları, c. 116, b. 77 və 81-82). Bundan əlavə, 13-cü maddədə qeyd edilən “dövlət orqanının” məhkəmə orqanı olması vacib deyil.
B. Məhkəmənin qiymətləndirməsi
79. Məhkəmə ərizəçilərin 13-cü maddə üzrə şikayətini belə şərh etdi ki, onlar dövlətdaxili məhkəmə icraatını sürətləndirmək üçün heç bir imkana malik olmayıblar. Ərizəçilərin iddia etdikləri Konvensiya hüququ 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən “məhkəmə vasitəsi ilə ağlabatan müddətdə ... işin araşdırılması hüququ” olduğuna görə, Məhkəmə cavabdeh dövlətin 13-cü maddə üzrə öhdəliyinin, yəni ərizəçiləri “dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri” ilə təmin etmək öhdəliyinin hüdudlarını müəyyən etməlidir.
80. Məhkəmə bir çox hallarda müəyyən edib ki, Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların mahiyyətcə həyata keçirilməsi üçün milli səviyyədə hüquqi müdafiə vasitələrinə əl atmaq imkanını təmin edir (dövlətdaxili hüquq qaydasında onların hansı formada nəzərdə tutulmasından asılı olmayaraq). Buna görə də 13-cü maddənin məqsədi Konvensiya üzrə “əsaslı şikayətin” mahiyyəti ilə bağlı daxili hüquqi müdafiə vasitəsinin təmin olunmasını və məsələnin müvafiq qaydada həllini tələb etməkdir. İştirakçı dövlətlərin 13-cü maddə üzrə öhdəliklərinin hüdudları ərizəçinin şikayətindən asılı olaraq fərqlənir; hər halda, 13-cü maddənin tələb etdiyi hüquqi müdafiə vasitəsi həm hüquqi, həm də praktiki baxımdan “səmərəli” olmalıdır (digər qərarlar arasında bax: Kudlya Polşaya qarşı [GC], ərizə Nº 30210/96, b. 157, AİHM 2000-XI).
81. İndi Məhkəmə Finlandiya qanunvericiliyinə əsasən işlərinin icraatının uzanması ilə bağlı şikayət vermələri üçün ərizəçilərin ixtiyarında olan vasitələrin “səmərəli” olub-olmadığını müəyyən etməlidir, səmərəli hesab edilmək üçün həmin vasitələr iddia edilən pozuntunun və ya onun davam etməsinin qarşısını ala, yaxud artıq baş vermiş hər hansı pozuntuya görə adekvat kompensasiyanı təmin edə bilməlidirlər.
82. Elə bir konkret hüquqi imkan mövcud deyildi ki, ərizəçilər ondan istifadə edərək icraatın uzun sürməsindən şikayət etsinlər və mübahisələrinin həllini tezləşdirsinlər. Məhkəmə Hökumətin belə bir arqumentinə diqqət yetirir ki, ədliyyə kanslerinə şikayət icraatı sürətləndirib. Həqiqətən, belə görünür ki, kanslerin 24 yanvar 1997-ci il tarixli qərarı Dairə İnzibati Şurasına təsir göstərmiş, o da 1997-ci ilin martında qərarını çıxarmışdı. Lakin ədliyyə kansleri tədbir görənə qədər ərizəçilər dörd ilə yaxın gözləmişdilər. Məhkəmə hesab edir ki, bu işdə ədliyyə kanslerinin müdaxiləsinin müsbət nəticəsi etiraf edilməli olsa da, Kanslerin İdarəsinə verilmiş şikayət 13-cü maddənin məqsədləri baxımından “səmərəlilik” standartına cavab vermir. Hökumət öncə etiraf edib ki, Finlandiya qanunvericiliyinə əsasən icraatın sadəcə gecikdirilməsi özlüyündə kompensasiya üçün əsas ola bilməz (bax: Kanqasluoma Finlandiyaya qarşı, ərizə Nº 48339/99, b. 43, 20 yanvar 2004).
83. Beləliklə, Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsi pozulub, belə ki, ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən ağlabatan müddətdə məhkəmə vasitəsilə işlərinə baxılması hüququnu həyata keçirə bilmək üçün daxili hüquqi müdafiə vasitələrinə malik olmayıblar.
III. KONVENSİYANIN 14-cü MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ 1 SAYLI PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
84. Ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu iddia etdilər, həmin maddədə deyilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
Onlar həmçinin Konvensiyanın 14-cü maddəsinin də pozulduğunu iddia etdilər, həmin maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır”.
A. Tərəflərin arqumentləri
1. Ərizəçilər
85. Ərizəçilər iddia etdilər ki, onlar əvvəlcə ucqar ərazidə işləməyə görə məvaciblərinə əlavələr almaq hüququna malik idilər, sonradan əlavələr ləğv edildi. Nəticədə Sonkayarvidə işləyən mülki qulluqçuların almalı olduğu pul məbləği ixtisara düşdü. Gəlirlərindəki bu azalmanın kompensasiya edilməsi üçün onların məvaciblərinə fərdi əlavələr təyin edildi, həmin əlavələr onların məvacibinin sabit hissəsini təşkil edirdi və məvaciblərindəki azalmanı açıq-aydın kompensasiya edirdi. Bu, dövlətin inzibati praktikasına uyğun idi və əldə edilən imtiyazların itirilməməsi məqsədini daşıyırdı, ödəniş sisteminə dair sonrakı (2003-cü ildə qəbul edilmiş) sərəncamlar da bunu nümayiş etdirdi. Bu dəyişiklik polis məntəqələrinin birləşdirilməsindən qabaq baş vermişdi və sonradan onların məvaciblərinin bir hissəsini (yəni məvaciblərinə əlavələri) itirmələrinə səbəb oldu. Beləliklə, ərizəçilərin pul almaq hüququ vardı, amma dövlət birtərəfli qərarı ilə bu hüququ onların əlindən almışdı.
86. Ərizəçilər daha sonra bildirdilər ki, Nurmes işi onların işi ilə eyni idi. Həmin işdə polis əməkdaşının işlədiyi polis məntəqəsi Pohjois-Karyala Dairə İnzibati Şurasının qərarı ilə Nurmes polis məntəqəsinə birləşdirildikdən sonra onun məvacibindəki itkilər kompensasiya edilmişdi və nəticədə həmin polis əməkdaşının məvacibi əvvəlki səviyyədə saxlanmışdı. Ərizəçilərin məvacibləri isə əvvəlki səviyyədə saxlanmadı. Askola işi onların işi ilə müqayisə oluna bilməzdi, çünki Askola işindəki polis əməkdaşları heç vaxt nə ucqar, nə də soyuq ərazidə işləməyə görə məvaciblərinə əlavələr almamışdılar, yaxud onların məvaciblərinə heç vaxt fərdi əlavələr təyin edilməmişdi. Ərizəçilər həmçinin Mantiharyu işinə istinad etdilər, həmin işdə mülki qulluqçuların qulluq etdikləri məntəqə Perumaadan Mantiharyuya köçürüldükdən sonra onların yol xərcləri məvaciblərinə fərdi əlavələr formasında kompensasiya edilmişdi. Ərizəçilər isə belə kompensasiya almamışdılar.
87. Ərizəçilər Hökumətin yuxarıda istinad etdiyi təlimatı işə aidiyyəti olmayan sənəd kimi rədd etdilər, çünki onlar daimi vəzifələr tutan daimi mülki qulluqçu idilər, təlimat isə qulluq vəzifəsinə müvəqqəti təyin olunan və ya əvəzləmə qaydasında başqasının vəzifələrini icra edən mülki qulluqçulara aid idi və bunlar ərizəçilərin daimi yerinə yetirdikləri vəzifələrdən fərqli idi.
88. Ərizəçilər iddia etdilər ki, polis rəisi P.P.E. və onun pensiyası ilə bağlı Ali İnzibati Məhkəmənin 30 iyun 1994-cü ildə çıxardığı qərardan belə məlum olur ki, polis məntəqələrinin birləşdirilməsindən sonra məvacibdəki itkilərin kompensasiyası haqlı qərardır.
2. Hökumət
89. Hökumət bildirdi ki, əgər ərizəçilər 6-cı maddədə nəzərdə tutulmuş “hüquqa” malik deyildilərsə, deməli onlar həm də 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətə də malik deyildilər. Buna görə də nə 1 saylı Protokolun 1-ci maddəsi, nə də 14-cü maddə bu işə tətbiq edilə bilməz. Məhkəmə başqa cür düşünsə belə, hər halda Hökumət aşağıdakıları bildirdi.
90. Ərizəçilərə qarşı digər işçilərə nisbətən fərqli rəftar edildiyi barədə iddialarla bağlı Hökumət izah etdi ki, kollektiv müqaviləyə əsasən Sonkayarvidə işləyən mülki qulluqçular ucqar ərazidə işləməyə görə məvaciblərinə əlavələr almaq hüququna malik idilər. 29 fevral 1992-ci ilədək qüvvədə olmuş sonrakı kollektiv müqavilədə isə ucqar ərazidə işləməyə görə əlavələr soyuq ərazidə işləməyə görə əlavələrlə əvəz olundu və Sonkayarvi bələdiyyəsi də daxil olmaqla müəyyən bələdiyyələr bu əlavələrin ödənilməli olduğu ərazilər qrupundan çıxarıldı. Məvaciblərə əlavələrin itirilməsi kollektiv müqavilənin tətbiqinə təlimatdakı müddəaya əsaslanmışdı, həmin müddəaya əsasən məvacibə əlavələr yalnız o halda ödənilə bilərdi ki, müvafiq şəxs məvaciblərə əlavələrin ödənildiyi bələdiyyənin ərazisində qulluq etsin. Qulluq yeri daimi və ya müvəqqəti olaraq dəyişdirildikdə, əlavələrin ödənilməsinə son qoyulurdu. Nurmes işinə gəldikdə, həmin işdə məvacibə əlavələr soyuq ərazilərin tarif dərəcələrində fərq olduğuna görə təyin edilmişdi və həmin iş ərizəçilərin işi ilə müqayisə oluna bilməz. Sonkayarvi və Askola işlərində və sonrakı məhkəmə proseslərində yol xərclərinə görə kompensasiyanın ödənilməsi ilə bağlı açıq-aydın neqativ mövqeyi Maliyyə Nazirliyi tutdu (3 iyul 1991-ci il tarixli qərarlar), bu mövqe hər iki işdə Ali İnzibati Məhkəmənin mənfi qərarı ilə nəticələndi. Daxili İşlər Nazirliyi yalnız on nəfərin, o cümlədən ərizəçilərin yol xərclərinin artması ilə əlaqədar olaraq onların məvaciblərinə əlavələr ödənilməsi üçün müraciət etmiş və bundan öncə Mantiharyu işində Maliyyə Nazirliyinin tətbiq etdiyi praktikaya istinad etmişdi. Beləliklə, Daxili İşlər Nazirliyi ucqar ərazidə işləməyə görə məvaciblərə əlavələrin itirilməsi ilə bağlı müraciət etməmişdi. Müvafiq surətdə, ərizəçilərin işini Askola işi ilə tam müqayisə etmək olardı. Əslində ərizəçilərin işi ilə müqayisə oluna bilən işlərdə 3 iyul 1991-ci ildən sonra digər polis məntəqələrinə birləşdirilmiş polis məntəqələrində kompensasiya ödəməmək praktikası mövcud idi.
91. Hökumət bildirdi ki, bir nəfər (yəni artıq Sonkayarvidən kənarda yaşayan cənab Vilho Eskelinen) istisna olmaqla, ərizəçilər birləşmədən sonra nisbətən az miqdarda əlavə yol xərcləri çəkməli olublar. Bu xərclərdən vergi tutulurdu və ərizəçilərin bəziləri 1991-ci ilin mayına qədər qulluq yerinə gəlmək üçün polis qüvvələrinin nəqliyyat vasitələrindən istifadə edirdilər. Yerli polis əməkdaşlarının məvacibləri ilə bağlı Dairə İnzibati Şurasının qərar çıxarmaq səlahiyyəti hər bir konkret iş üzrə fərqli qərar çıxarmağa imkan verirdi. Burada siyasət ondan ibarət idi ki, oxşar işlərdə vahid praktika tətbiq edilsin.
92. Hökumət qeyd etdi ki, 4 dekabr 1996-cı ildə Daxili İşlər Nazirliyi soyuq ərazilərdə işləməyə görə ödənilən əlavələrdəki dəyişikliklərlə və polis məntəqələrinin birləşdirilməsi ucbatından yol xərclərinin artması ilə bağlı məvaciblərin azalması ilə əlaqədar olaraq məvaciblərə əlavələr formasında kompensasiya ödənilməsi haqqında təlimat qəbul edib. Lakin bu təlimatın retroaktiv (yəni geriyə) qüvvəsi yoxdur.
B. Məhkəmənin qiymətləndirməsi
93. Məhkəmə belə başa düşür ki, ərizəçilər 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayəti həm ayrıca, həm də 14-cü maddə ilə birgə götürülməklə təqdim ediblər və milli hakimiyyət orqanları ilə məhkəmələr onların şikayət ərizəsini rədd edərkən milli qanunvericiliyi yanlış tətbiq ediblər.
94. Məhkəmə qeyd edir ki, Konvensiyada konkret məbləğdə məvacibi davamlı olaraq almaq hüququ nəzərdə tutulmayıb (müvafiq dəyişikliklərlə bax: Kyartan Asmundsson İslandiyaya qarşı, ərizə Nº 60669/00, b. 39, AİHM 2004-IX). Əizəçilərin “həqiqi mübahisənin” və ya “əsaslı iddianın” mövcudluğuna istinad etmələri kifayət deyil (b. 37-38). 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün iddia tələbi yalnız o halda “mülkiyyətlə” bağlı hesab edilə bilər ki, onun milli qanunvericilikdə yetərli əsası olsun, məsələn, daxili məhkəmələr tərəfindən bərqərar edilmiş və həmin tələbi təsdiq edən presedent hüququ mövcud olsun (bax: Kopetski Slovakiyaya qarşı [GC], 28 sentyabr 2004, Qərarlar toplusu, 2004-IX, sə 144, b. 45-52). Hazırkı işdə kollektiv müqavilənin tətbiqinə dair təlimatdan (yuxarıda 22-ci bəndə bax) belə nəticə çıxır ki, birləşmədən sonra ərizəçilərin məvaciblərinə fərdi əlavə almaq ümidləri qanuna əsaslanmırdı, çünki qulluq məntəqəsinin Sonkayarvidən kənarda yerləşən bələdiyyəyə dəyişdirilməsi nəticəsində həmin əlavələrin alınması hüququ daha mövcud deyildi. Daxili qanunvericilikdə yol xərclərinin kompensasiyası hüququ da nəzərdə tutulmamışdı.
95. Konvensiyanın 14-cü maddəsinə gəldikdə, o, Konvensiyanın və onun Protokollarının digər maddi hüquqi müddəalarının əlavəsidir. O, müstəqil qüvvəyə malik deyil, çünki yalnız maddi hüquqi müddəaların təsbit etdiyi “hüquq və azadlıqlardan istifadə” ilə bağlıdır. 14-cü maddənin tətbiqi heç də hökmən o demək deyil ki, həmin maddi hüquqi müddəalar pozulmuşdur (bu baxımdan 14-cü maddə müstəqil xarakterlidir), lakin əgər işdəki faktlar bir və ya daha artıq maddi hüquqi müddəanın tətbiq dairəsinə düşmürsə, 14-cü maddənin tətbiqi mümkün deyil (bax: Qayqusuz Avstriyaya qarşı, 16 sentyabr 1996, Qərarlar toplusu, 1996-IV, s. 1141, b. 36; Domalevski Polşaya qarşı, (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 34610/97, AİHM 1999-V). Hazırkı işdə Konvensiyanın hər hansı digər müddəalarının tətbiqi mümkün deyil.
96. Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, istər ayrıca, istərsə də Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmayıb.
IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
97. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
98. Ərizəçilər maddi ziyana görə 1 noyabr 1990-cı ildən başlayaraq ayda 117,73 avro və hər ayın əvvəlindən illik on faiz hesabı ilə faiz tələb etdilər. Bu tələblər aşağıda hər bir ərizəçi üçün bənd-bənd göstərilmişdir, yəni 30 sentyabr 2006-cı ilədək (bu tarix ərizəçilər tərəfindən seçilmişdir) arxada qalan aylar toplanmış və hər bir ərizəçi üçün ümumi məbləğ qeyd edilmişdir:
Cənab Vilho Eskelinen – 191 ay, ümumi məbləğ 22.486,42 avro;
Cənab Arto Huttunen – 191 ay, ümumi məbləğ 22.486,42 avro;
Cənab Markku Komulaynen – 191 ay, ümumi məbləğ 22.486,42 avro;
Cənab Toyvo Pallonen* – 26 ay, ümumi məbləğ 3.060,98 avro;
Xanım Lea İhatsu** – 116 ay, ümumi məbləğ 13.656,68 avro;
Cənab Hannu Lappalaynenə*** çatası məbləğ – 58 ay, ümumi məbləğ 6.828,34 avro.
* 1 yanvar 1993-cü ildə istefaya çıxmışdır: işin nəticəsi onun pensiyasının məbləğinə təsir göstərə bilər.
** 1 iyul 2000-ci ildə vəzifəsini tərk etmişdir.
*** 22 avqust 1995-ci ildə vəfat etmişdir: işin nəticəsi onun dul arvadının pensiyasının məbləğinə təsir göstərə bilər.
99. Ərizəçilərin hər biri çəkdikləri həyəcan və iztirabla bağlı məruz qaldıqları mənəvi ziyana görə 10.000 avro üstəgəl faiz tələb etdi.
100. Hökumət qeyd etdi ki, ərizəçilər iki əsasa görə maddi kompensasiya tələb ediblər və onları bir-birindən ayırmaq lazımdır: birincisi, məvaciblərinə fərdi əlavələri itirdiklərinə görə; və ikincisi, yol xərclərinin artmasına görə. Tələb olunan məbləğlər və faizlər ehtimallara əsaslanıb və Məhkəmə əsas qərarını çıxardıqdan sonra onların dəqiq məbləği (pensiyalara mümkün təsirlə və s. ilə birlikdə) tərəflərlə razılaşdırılmaqla, yaxud ayrıca qərar çıxarılmaqla müəyyən edilməlidir.
101. Hökumət mənəvi ziyana görə tələb olunan məbləğləri həddən artıq yüksək hesab etdi. O, bildirdi ki, adambaşına kompensasiya 1.000 avrodan artıq olmamalıdır. Faizlərə dair tələblər rədd edilməlidir.
102. Məhkəmə hesab edir ki, icraatın uzanması ilə bağlı müəyyən edilmiş pozuntu ilə iddia edilən maddi ziyan arasında səbəbli əlaqə yoxdur. Buna görə də maddi ziyana görə hər hansı kompensasiya təyin etmək əsassızdır. Məhkəmə razılaşır ki, ərizəçilər müəyyən mənəvi ziyana məruz qalıblar, məsələn, icraatın uzanması ilə bağlı iztirab və məyusluq keçiriblər ki, Konvensiyanın pozuntusunun müəyyən edilməsi faktı bunu kompensasiya etmək üçün kifayət deyil. Məhkəmə qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək, hər bir ərizəçiyə 2.500 avro təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
103. Ərizəçilər ədliyyə kanslerinə təqdim etdikləri şikayətə görə 1.622,11 avro, Dairə İnzibati Məhkəməsinə verdikləri şikayətə görə 1.226,88 avro, Ali İnzibati Məhkəməyə təqdim etdikləri şikayətə görə 1.688,57 avro və Konvensiya üzrə icraata görə 12.963,40 avro tələb etdilər.
104. Hökumət hesab etdi ki, ədliyyə kanslerinə şikayətlə bağlı çəkilən xərclər kompensasiya edilə bilməz, çünki bu fövqəladə şikayət Avropa Məhkəməsinə şikayət ərizəsi vermək üçün zəruri şərt deyildi və milli məhkəmələrdəki icraata çəkilmiş xərclər 6.200 avronu aşmamalıdır.
105. Məhkəmə bir daha bildirir ki, bu bənd üzrə kompensasiya yalnız o halda ödənilə bilər ki, məhkəmə xərcləri və digər məsrəflər pozuntunun qarşısını almaq üçün və ya baş vermiş pozuntunun kompensasiyası üçün faktiki və zəruri olaraq çəkilmiş olsun, özü də, onlar miqdarca ağlabatan olmalıdır (digər qərarlar arasında bax: Hertel İsveçrəyə qarşı, 25 avqust 1998, Qərarlar toplusu, 1998-VI, s. 2334, b. 63).
Hazırkı işdə daxili məhkəmə prosesləri icraatın uzun sürməsi ilə bağlı deyildi, bu məsələyə yalnız ədliyyə kanslerinə verilmiş şikayətin müəyyən dərəcədə aidiyyəti vardı. Buna görə də, ərizəçilərin tələbləri yalnız məhdud həcmdə, yəni 1.622,11 avro məbləğində təmin edilə bilər (əlavə dəyər vergisi də əlavə olunmaqla).
Məhkəmə hesab edir ki, Strasburqdakı icraatla bağlı məhkəmə xərcləri və digər məsrəflər müəyyən edilmiş pozuntunun kompensasiya edilməsi üçün zəruri olaraq çəkilib. Lakin onlar ərizəçilərə tam məbləğdə təyin edilə bilməz, çünki Məhkəmə ərizəçilərin şikayətlərinin bir hissəsini rədd edib. Bütün bu halları, o cümlədən Avropa Şurasının hüquqi yardımını nəzərə alaraq, Məhkəmə ərizəçilərə 8.000 avro təyin edir (əlavə dəyər vergisi də əlavə olunmaqla).
C. İcranın gecikdirilməsinə görə faiz
106. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. 5 səsə qarşı 12 səslə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bu işə tətbiq edilə bilər;
2. 3 səsə qarşı 14 səslə qərara alır ki, icraatın uzun sürməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
3. Yekdilliklə qərara alır ki, şifahi dinləmənin keçirilməməsi məsələsində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmayıb;
4. 2 səsə qarşı 15 səslə qərara alır ki, Konvensiyanın 13-cü maddəsi pozulub;
5. Yekdilliklə qərara alır ki, istər ayrılıqda, istərsə də Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürülməklə 1 saylı Protokolun 1-ci maddəsi pozulmayıb;
6. 4 səsə qarşı 13 səslə qərara alır ki:
a) cavabdeh dövlət üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i. mənəvi ziyana görə – hər bir ərizəçiyə 2.500 (iki min beş yüz) avro;
ii. məhkəmə xərclərinə və digər məsrəflərə görə – ümumilikdə bütün ərizəçilərə 9.622,11 avro (doqquz min altı yüz iyirmi iki avro on bir sent);
iii. yuxarıdakı məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği.
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
7. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 19 aprel 2007-ci ildə Strasburqda açıq dinləmədə elan edilmişdir.
Erik Frayberq (Erik Fribergh)
Katib
Jan-Pol Kosta (Jean-Paul Costa)
Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq, bu qərara çoxluğun rəyi ilə üst-üstə düşən aşağıdakı rəylər və üstə-üstə düşməyən aşağıdakı xüsusi rəylər əlavə olunur:
a) xanım Josyenin çoxluğun rəyi ilə qismən üstə-üstə düşməyən rəyi;
b) Cənab Kostanın, Cənab Vildhaberin, Cənab Türmenin, Cənab Borreqo Borreqonun və Xanım Jozyenin çoxluğun rəyi ilə qismən üstə-üstə düşməyən birgə rəyi.
HAKİM JOSYENİN ÇOXLUĞUN RƏYİ İLƏ QİSMƏN ÜSTƏ-ÜSTƏ DÜŞMƏYƏN RƏYİ
Mən bu işdə 6-cı maddənin 1-ci bəndinin tətbiqinin əleyhinə səs verdim və mənim bu məsələyə dair rəyim hakimlər Kosta, Vildhaber, Türmen, Borreqo Borreqo və Jozyenin birgə rəyində öz əksini tapdı.
Çoxluğun rəyi ilə qismən üst-üstə düşməyən bu rəydə mən icraatın uzun sürməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunun, habelə 13-cü maddənin pozuntusunun müəyyən edilməsinin əleyhinə səs verməyimin əsas səbəbini izah etmək istərdim. Mən həmçinin bu konkret işdə ərizəçilərə hər hansı kompensasiya ödənilməsinin əleyhinə səs verdim.
Mənim yuxarıda qeyd edilən şəkildə səs verməyimin əsas səbəbi budur ki, 6-cı maddənin 1-ci bəndi sözügedən icraata tətbiq edilə bilməz. Əgər 6-cı maddənin 1-ci bəndi tətbiq edilə bilməzsə, onda, mənim fikrimcə, icraatın uzun sürməsi ilə bağlı 6-cı maddənin 1-ci bəndinin hər hansı pozuntusu ola bilməz.
13-cü maddə barəsində də eyni nəticəyə gəlmək olar. Bu konkret məsələdə mən Finlandiya Hökumətinin Böyük Palatanın qərarının 78-ci bəndində irəli sürdüyü birinci arqumenti ilə tam razıyam, həmin arqumentə görə, əgər 6-cı maddənin 1-ci bəndinin heç bir pozuntusu baş verməyibsə, 13-cü maddə üzrə hər hansı əsaslı iddia da mövcud ola bilməz. Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların mahiyyətcə həyata keçirilməsi üçün milli səviyyədə hüquqi müdafiə vasitələrinə əl atmaq imkanını təmin edir (dövlətdaxili hüquq qaydasında onların hansı formada nəzərdə tutulmasından asılı olmayaraq). Buna görə də, 13-cü maddənin məqsədi Konvensiya üzrə “əsaslı şikayətin” mahiyyəti ilə bağlı daxili hüquqi müdafiə vasitəsinin təmin olunmasını və məsələnin müvafiq qaydada həllini tələb etməkdir. Mənim fikrimcə, əgər milli səviyyədə Konvensiya üzrə “əsaslı şikayət” mövcud deyilsə, onda Konvensiyanın 13-cü maddəsi pozulmuş sayıla bilməz.
Nəticə etibarı ilə mən 6-cı maddənin 1-ci bəndinin bu işə tətbiqi ilə razılaşa bilmərəm və Konvensiyanın hər hansı pozuntusunun baş verdiyini hesab etmirəm. Bu səbəbə görə mən ərizəçilərə ödənilməli olan hər hansı kompensasiyanın əleyhinə səs verdim.
HAKİMLƏR KOSTA, VİLDHABER, TÜRMEN, BORREQO BORREQO VƏ XANIM JOZYENİN ÇOXLUĞUN RƏYİ İLƏ QİSMƏN ÜSTƏ-ÜSTƏ DÜŞMƏYƏN BİRGƏ RƏYİ
1. İşin məğzi polis xidmətində çalışan fərdlərlə onların işəgötürəni, yəni dövlət arasındakı mübahisəyə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq edilib-edilməməsi ilə bağlı idi. Mübahisə onların iş yerlərini dəyişmələri ilə əlaqədar olaraq məvaciblərinə əlavələrin ödənilməsindən imtina edilməsi ətrafında gedirdi; bir nəfər (inzibati köməkçi) istisna olmaqla ərizəçilər polis əməkdaşları idi.
2. Çoxluqdakı həmkarlarımızdan fərqli olaraq, biz belə hesab etdik ki, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilməz.
3. Qərarımızın əsasında dayanan səbəb Pelleqrin Fransaya qarşı məhkəmə işində ([GC], ərizə Nº 28541/95, AİHM 1999-VIII, 8 dekabr 1999) qəbul edilmiş aşağıdakı yanaşmadan ibarətdir.
4. Bu geniş şərh olunmuş məşhur qərar vasitəsilə Məhkəmə “dövlətlə onun qulluqçuları arasındakı mübahisələrə 6-cı maddənin 1-ci bəndindəki təminatların tətbiqi ətrafındakı qeyri-müəyyənliyə son qoymağa” çalışdı (b. 61). Bu məqsədlə, o, “işçinin vəzifə və öhdəliklərinin xarakterinə əsaslanan funksional meyarın” xeyrinə (b. 60) bəzi meyarlardan, məsələn, mübahisənin iqtisadi xarakterinə aid olan, “müəyyən dərəcədə sui-istifadə hallarına yer qoyan” (b. 60) meyarlardan imtina etdi. 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən hüquqlardan istisnaların məhdud şərhini qəbul etməklə yanaşı, Məhkəmə eyni zamanda qərara aldı ki, “Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq dairəsi xaricində olan mübahisələr yalnız vəzifələri dövlət qulluğuna xas olan spesifik fəaliyyətləri həyata keçirməkdən ibarət olan, dövlət hakimiyyətinin həvalə olunduğu və dövlətin və ya dövlət hakimiyyəti orqanlarının ümumi maraqlarının qorunmasına görə məsuliyyət daşıyan dövlət qulluqçuları tərəfindən qaldırılan mübahisələrdir. Silahlı qüvvələrin və polisin fəaliyyəti bu cür fəaliyyətlərin aydın nümunəsidir (kursiv bizə məxsusdur) (b. 66).
5. Yaxşı məlumdur ki, bu funksional meyarı müəyyən edərkən Məhkəmə Pelleqrinin işi üzrə qərarın 37-41-ci bəndlərində nəzərdən keçirilmiş Avropa Komissiyasının hüquq nəzəriyyəsinə və Avropa Birliyi Məhkəməsinin presedent hüququna əsaslanıb. Bu baxımdan biz cari iş üzrə qərarın 60-cı bəndində çoxluğun “son dərəcə mühüm qərar” adlandırdığı Avropa Birliyi Məhkəməsinin 222/84 saylı iş üzrə qərarına istinad edilməsi ilə razı deyilik. Hamının qəbul etdiyi kimi, o, həqiqətən ilkin qərar çıxarılması üçün edilmiş müraciətdən sonra qəbul edilmiş son dərəcə mühüm qərar idi, həmin qərarda deyilirdi ki, məhkəmə nəzarəti hüququn ümumi prinsiplərini əks etdirir (Marqarita Constonun işi üzrə Avropa Birliyi Məhkəməsinin bu qərarına Afanassoğlu və başqaları İsveçrəyə qarşı məhkəmə işi üzrə qərarda ([GC] ərizə Nº 27644/95, AİHM 2000-IV, 6 aprel 2000) hakimlər Kosta, Tulkens, Fişbax, Kasadevall və Marustenin çoxluğun rəyi ilə üstə-üstə düşməyən birgə rəyində istinad edilir. Lakin həmin qərarın tətbiq dairəsi cari iş üzrə qərarda nəzərdə tutulan tətbiq dairəsindən fərqlənir. Həmin işdə həll edilən məsələ dövlətlə onun nümayəndələri arasındakı hər bir mübahisənin Konvensiyanın 6-cı maddəsinin tətbiq dairəsinə düşüb-düşmədiyini müəyyən etmək deyildi, məqsəd sadəcə bunu təsdiq etmək idi ki, hüququn ümumi prinsipinə əsasən, dövlət orqanının hər bir hərəkətinin qanuni olub-olmaması prinsipcə nəzarət üçün açıq olmalıdır (məsələn, Fransa hüququndakı recours pour excès de pouvoir prinsipi kimi).
6. İstənilən halda, Pelleqrinin işi üzrə qərarın bərqərar etdiyi presedentdən bu işdə Məhkəmənin imtina etməsinin hansı nəzəri və ya praktiki zərurətdən irəli gəldiyi bizə məlum olmadı. O, hər hansı problem olmadan yeddi il idi ki, tətbiq edilirdi və gözlənildiyi və arzu edildiyi kimi, 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş təminatların tətbiqini nəinki məhdudlaşdırmamış, hətta genişləndirmişdi. Bu təminatların hüdudlarından kənarda qalan dövlət nümayəndələrinin, məsələn, bütövlükdə polis xidmətində çalışanların sayı ümumən dövlət qulluğunda çalışanların sayı ilə müqayisədə məhduddur (nümunə üçün qərarın 52-ci bəndinə bax). Pelliqrinin işi üzrə qərar çıxarılana qədər mövcud olan situasiya ilə sonrakı situasiyanı müqayisə etsək, hüquqi müəyyənlik məsələsi həqiqətən yaxşılaşmışdır. Daxili məhkəmələrə müraciət etmənin əlçatan olması barədə arqumentə gəldikdə, həmin arqument bizi inandırmadı. Konvensiyanın 53-cü maddəsində haqlı olaraq qeyd edildiyi kimi, Konvensiyada heç nə Razılığa gələn hər hansı Yüksək Tərəfin öz qanunvericiliyində Konvensiya ilə təsbit olunmuş azadlıq və təminatlardan daha geniş azadlıq və təminatları qəbul etməsinə mane olmur; bu səbəbdən, habelə hüquq sistemləri dövlətdən-dövlətə fərqli olduğuna görə, cari qərarda gətirilmiş əsas, yəqin ki, 6-cı maddənin 1-ci bəndini dövlətlə onun nümayəndələri arasındakı mübahisələrə tətbiq edilməsi ilə nəticələnəcəkdir (dövlətdaxili hüquq sistemi çərçivəsində onları həll etmək səlahiyyətinə malik olan məhkəmələrə müraciət imkanının mövcudluğundan asılı olaraq). Xülasə, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün “avtonom şərhin” (Məhkəmə tərəfindən verilən) bərqərar edilməsini vacib sayan Məhkəmə (bax: Pelleqrinin işi üzrə qərar, b. 63) bu qərarı ilə “avtonom şərh” əvəzinə vəziyyətdən asılı olan və dəyişə bilən şərhi, bəlkə də qeyri-müəyyən şərhi, başqa sözlə özbaşına şərhi həvəsləndirmiş olur. Bizim fikrimizcə, bu, geriyə doğru lüzumsuz addımdır.
7. Sonda qeyd edək ki, Məhkəmə özünün bərqərar olmuş presedent hüququndan üz döndərdi. Ola bilsin ki, bu, onun haqqıdır (hərçənd, sözügedən presedent hüququ nisbətən son dövrlərə aiddir). Lakin ümumiyyətlə, Məhkəmə bu addımı hadisələrin yeni inkişafı baş verdikdə və yeni zərurət yarandıqda atır. Bu işdə belə hal yoxdur. Belə vəziyyətdə sanballı presedentdən imtina edilməsi hüquqi qeyri-müəyyənlik yaradır və bizim fikrimizcə, öz öhdəliklərinin hüdudlarını müəyyən etməkdə dövlətlər üçün çətinlik yaradacaqdır.
Full & Egal Universal Law Academy