© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BÖYÜK PALATA
VİNTER VƏ BAŞQALARI BİRLƏŞMİŞ KRALLIĞA QARŞI məhkəmə işi
(Ərizələr № 66069/09, 130/10 və 3896/10)
QƏRAR
Strasburq
9 iyul 2013-cü il
Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Vinter və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Jozep Kasadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Ziemele (Ineta Ziemele),
Mark Villiger (Mark Villiger),
İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Draqolyub Popoviç (Dragoljub Popović),
Luis Lopes Gerra (Luis López Guerra),
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Enn Pauer-Forde (Ann Power-Forde),
İşıl Karakaş (Işıl Karakaş),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Linos-Aleksandr Sisilyanos (Linos-Alexandre Sicilianos),
Pol Lemmens (Paul Lemmens),
Pol Mahoni (Paul Mahoney),
Yohannes Silvis (Johannes Silvis),
habelə Katib müavini Maykl O’Boyldan (Michael O’Boyle) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
28 noyabr 2012-ci ildə və 29 may 2013-cü ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən üç Britaniya vətəndaşı – cənab Duqlas Qari Vinter (Douglas Gary Vinter) ("birinci ərizəçi"), cənab Ceremi Nevill Bamber (Jeremy Neville Bamber) ("ikinci ərizəçi") və cənab Peter Hovard Mur (Peter Howard Moore) ("üçüncü ərizəçi") tərəfindən, müvafiq olaraq, 11 dekabr 2009-cu ildə, 17 dekabr 2009-cu ildə və 6 yanvar 2010-cu ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı üç ərizə (№ 66069/09, 130/10 və 3896/10) əsasında başlanıb.
2. Birinci ərizəçi 1969-cu ildə anadan olub və hazırda Frenkland krallıq həbsxanasında saxlanılır. Məhkəmədə onu Londonda "Bhatt Murphy Solicitors" firmasında vəkillik fəaliyyəti ilə məşğul olan cənab S. Krayton (S. Creighton) təmsil edib, sonuncuya isə hüquq məsləhətçisi cənab P. Veterbi (P. Weatherby QC) və professor D. van Zil Smit (D. van Zyl Smit) köməklik göstəriblər.
3. İkinci ərizəçi 1961-ci ildə anadan olub və hazırda Full Satton krallıq həbsxanasında saxlanılır. Məhkəmədə onu Lidsdə "Cousins Tyrer Solicitors" firmasında vəkillik fəaliyyəti ilə məşğul olan cənab B. Vuds (B. Woods) təmsil edib, sonuncuya isə cənab R. Horvell (R. Horwell QC) və hüquq məsləhətçisi cənab L. Hindmarş (L. Hindmarsh) köməklik göstəriblər.
4. Üçüncü ərizəçi 1946-cı ildə anadan olub və hazırda Veykfild krallıq həbsxanasında saxlanılır. Məhkəmədə onu Binqlidəki "Chivers Solicitors" firmasının nümayəndəsi təmsil edib, sonuncuya isə hüquq məsləhətçisi cənab M. Makkon (M. McKone) köməklik göstərib.
5. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər və Birlik Ölkələri üzrə Nazirlikdən olan xanım L. Douban (L. Dauban) təmsil edib.
6. Ərizəçilər iddia etdilər ki, onlara təyin olunmuş ömürlük həbs cəzası barədə qərarlar Konvensiyanın 3-cü maddəsinə zidd olmaqla qəddar rəftara bərabərdir.
7. Ərizələr Məhkəmənin Dördüncü Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). Hakimlər Qarlitski (Garlicki), David Tor Byörqvinsson (David Thór Björgvinsson), Bratsa (Bratza), Hirvela (Hirvelä), Nikolau (Nicolaou), Bianku (Bianku), De Qaetano (De Gaetano), habelə Bölmə Katibi T.L. Erlidən (T.L. Early) təşkil olunmuş bu Bölmənin Palatası 17 yanvar 2012-ci il tarixli qərarında bu ərizələri bir icraatda birləşdirməyi, ərizəçilərin 3-cü maddə üzrə şikayətlərini qəbul olunan, qalan şikayətlərini isə qəbul olunmayan elan etməyi yekdilliklə qərara aldı. Palata həmçinin üç səsə qarşı dörd səslə qərara aldı ki, hər bir ərizəçi barəsində 3-cü maddənin pozuntusu baş verməyib. Hakim De Qaetanonun qərarla üst-üstə düşən rəyi və hakimlər Qarlitski, David Tor Byörqvinsson və Nikolaunun qərarla qismən üst-üstə düşməyən birgə rəyi qərara əlavə olundu.
8. 9 iyul 2012-ci ildə ərizəçilərin 12 aprel 2012-ci il tarixli vəsatətləri əsasında Böyük Palatanın kollegiyası Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işi Böyük Palatanın icraatına verməyi qərara aldı.
9. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və Məhkəmə Reqlamentinin 24-cü Qaydasının müddəalarına uyğun olaraq müəyyən edildi. Yekun müzakirələrdə əvəzedici (ehtiyat) hakim İşıl Karakaş işə baxılmasında iştirakını davam etdirə bilməyən Andras Sayonu (András Sajó) əvəz etdi (Məhkəmə Reqlamentinin 24-cü Qaydasının 3-cü bəndi).
10. Ərizəçilər və Hökumət hər biri şikayətlərin mahiyyətinə dair sonrakı yazılı qeydlərini təqdim etdilər (Məhkəmə Reqlamentinin 59-cu Qaydasının 1-ci bəndi).
11. 28 noyabr 2012-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
a) Hökumətin adından:
xanım L. Douban (L. Dauban), nümayəndə,
cənab D. Perri (D. Perry, QC),
cənab L. Mabli, (L. Mably), vəkillər,
cənab C. Gess (J. Guess),
xanım A. Faulds (A. Foulds), məsləhətçilər;
b) ərizəçilərin adından:
cənab R. Horvell (R. Horwell QC),
cənab P. Veterbi (P. Weatherby QC),
cənab L. Hindmarş (L. Hindmarsh), vəkillər;
cənab S. Krayton (S. Creighton),
cənab B. Vuds (B. Woods),
professor D. van Zil Smit (D. van Zyl Smit), məsləhətçilər.
Məhkəmə cənab Perrinin və cənab Veterbinin çıxışlarını və Məhkəmənin verdiyi suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
A. Giriş
12. İngiltərədə və Uelsdə ölüm cəzası ləğv ediləndən bəri adamöldürməyə görə ömürlük həbs cəzasının təyin olunması məcburidir. Hazırda belə cəza təyin edildikdə birinci instansiya məhkəməsinin hakimindən tələb olunur ki, cinayət əməlinin ağırlıq dərəcəsini nəzərə almaqla cəzalandırma və çəkindirmə məqsədləri üçün həbsxanada qalmanın minimum müddətini təyin etsin. Birinci instansiya məhkəməsinin hakimi tərəfindən müvafiq minimum müddətin qiymətləndirilməsi üçün rəhbər prinsiplər Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 2003-cü il tarixli Qanuna əlavə olunmuş 21 saylı siyahıda öz əksini tapıb (aşağıda 38-39-cu bəndlərə bax). Cəzanın bu minimum müddətini çəkdikdən sonra məhbus xüsusi icazə əsasında azadlığa buraxılmaq üçün Şərti Azadetmə Şurasına müraciət edə bilər.
Lakin müstəsna hallarda birinci instansiya məhkəməsinin hakimi 21 saylı siyahıda əks olunmuş prinsipləri tətbiq edərkən cinayətin xüsusilə ağır olduğunu hesab edərsə, minimum müddəti təyin etmək əvəzinə "həmişəlik həbs qərarı" çıxara bilər.
Həmişəlik həbs qərarının nəticəsi ondan ibarətdir ki, məhbus nazirin diskresion qərarından savayı heç bir halda azad edilə bilməz. Nazirin məhbusu azad etmək səlahiyyəti Cinayət (cəzalar) haqqında 1997-ci il tarixli Qanunun 30-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulub. Nazir öz diskresion səlahiyyətini yalnız məhbus sağalmaz xəstəliyə düçar olduğu və ya fəaliyyət qabiliyyəti ciddi surətdə məhdudlaşdığı təqdirdə mərhəmət motivləri əsasında tətbiq edir (Həbsxanada cəzaçəkmə haqqında 4700 saylı əmrə bax – onun müddəaları aşağıda 43-cü bənddə verilib).
13. 2003-cü il tarixli Qanun qüvvəyə minənə qədər mövcud praktika ondan ibarət idi ki, məcburi ömürlük həbs cəzası barədə qərar birinci instansiya məhkəməsinin hakimi tərəfindən çıxarılır, nazir isə birinci instansiya məhkəməsinin hakiminin və baş hakim-lordun tövsiyələrini aldıqdan sonra məhbusun xüsusi icazə əsasında azadlığa buraxılmaq hüququ əldə etməzdən əvvəl həmin məhbus tərəfindən həbs cəzasının çəkilməli olan minimum müddəti barədə qərar qəbul edirdi. Həmin dövrdə minimum müddəti həmçinin cəzanın "tarif" müddəti də adlandırırdılar.
Nazir həmçinin məhbusa "həmişəlik tarif" müddəti təyin etmək səlahiyyətinə malik idi. Bu halda mövcud praktika ondan ibarət idi ki, cəzanın iyirmi beş ili çəkildikdən sonra nazir həmişəlik tarif müddətini yenidən nəzərdən keçirərək həmin müddətin qüvvədə qalması üçün hələ də əsasların olub-olmadığını araşdırır, xüsusən həbsxanada məhbusun islah olunmasında müstəsna irəliləyişlər olub-olmadığını nəzərə alırdı (aşağıda 46-cı bənddə qeyd edilən, Hindli (Hindley) tərəfindən qaldırılmış işə bax).
2003-cü il tarixli Qanun (konkret olaraq 276-cı maddə və həmin Qanuna əlavə olunmuş 22 saylı siyahı – həmin siyahıda artıq ömürlük həbs cəzası almış olan məhbuslar üçün bir sıra keçid tədbirləri nəzərdə tutulurdu: aşağıda 40-cı və 41-ci bəndlərə bax) qüvvəyə mindikdən sonra tarif müddətləri nazir tərəfindən müəyyən edilmiş bütün məhbuslar həmin tarif müddətlərinə yenidən baxılması üçün Yüksək Məhkəməyə müraciət etmək imkanı qazandılar. Belə müraciət olduqda Yüksək Məhkəmə həbs cəzasının çəkilməli olan minimum müddətini təyin edə və ya həmişəlik həbs qərarı çıxara bilər.
14. Bu iş İngiltərədə və Uelsdə adamöldürməyə görə ayrı-ayrı məhkəmə proseslərimdə məhkum olunmuş və hazırda məcburi ömürlük həbs cəzası çəkən üç ərizəçiyə aiddir. Hər üç ərizəçi barəsində həmişəlik həbs qərarı çıxarılmışdı: birinci ərizəçinin işində bu qərarı birinci instansiya məhkəməsinin hakimi hazırda qüvvədə olan cəza müddəaları əsasında çıxarmışdı; 2003-cü il tarixli Qanun qüvvəyə minənə qədər məhkum olunmuş və cəzalandırılmış ikinci və üçüncü ərizəçilərin işlərində isə qərarlar Yüksək Məhkəmə tərəfindən çıxarılmışdı. Hər üç ərizəçi iddia edirlər ki, onların işlərində tətbiq edilmiş bu həmişəlik həbs qərarları Konvensiyanın digər müddəaları ilə yanaşı 3-cü maddəsinə və 5-ci maddəsinin 4-cü bəndinə ziddir. Tərəflərin təqdim etdikləri iş üzrə faktları aşağıdakı kimi qısaca ümumiləşdirmək olar.
B. Cənab Vinter
15. 20 may 1996-cı ildə birinci ərizəçi həmkarını qətlə yetirdiyinə görə ömürlük həbs cəzası aldı və cəzasının çəkilməli olan minimum müddəti on il təyin edildi. O, xüsusi icazə əsasında 4 avqust 2005-ci ildə azadlığa buraxıldı.
16. O, bir qadınla birgə yaşamağa başladı və həmin qadın sonradan onun ikinci adamöldürmə cinayətinin qurbanı oldu. Cütlük 27 iyun 2006-cı ildə nikaha girdi. 31 dekabr 2006-cı ildə birinci ərizəçi içkixanada dalaşmada iştirak etdi və ictimai asayişi pozmaqda (qanunsuz güc tətbiq etməkdə və ya güc tətbiqi ilə hədələməkdə) ittiham olundu. Onun xüsusi icazəsi geri götürüldü və o, həbsxanaya qaytarıldı. 2007-ci ilin iyulunda o, ictimai asayişi pozma cinayətində təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edildi. 2007-ci ilin dekabrında o, yenidən xüsusi icazə əsasında azadlığa buraxıldı və arvadı və dörd uşağı ilə birlikdə yaşamaq üçün evə qayıtdı. Sonradan cütlük ayrıldı və birinci ərizəçi ailə evini tərk etdi.
17. 5 fevral 2008-ci ildə birinci ərizəçi arvadının arxasınca içkixanaya gəldi. O, sərxoş idi və kokain çəkmişdi. Cütlük mübahisə etdi və orada olan arvadının qızı polislərə zəng vuraraq mübahisə barədə onlara xəbər verdi. Birinci ərizəçi arvadına əmr etdi ki, maşına minsin. Arvadının qızı anasını müdafiə etmək üçün maşına minməyə cəhd etdikdə birinci ərizəçi zorla onu maşından çıxartdı. Sonra o, maşını sürüb getdi, arvadı da maşında idi. Polislər onun arvadının sağ-salamat olduğunu müəyyənləşdirmək üçün arvadına zəng vurduqda o, arvadını məcbur etdi ki, polislərə hər şeyin yaxşı olduğunu desin. Birinci ərizəçi də polislərə zəng vurdu və onlara dedi ki, arvadı sağ-salamatdır və qaydasındadır. Patoloji anatomiya müayinəsi göstərdi ki, mərhumun burnu sınıb, boğazında (əlamətləri boğma cəhdinə uyğun gələn) dərin və enli qançırlar var və sinəsində iti alətin qoyduğu dörd yara var. Hadisə yerində iki bıçaq tapıldı, onlardan birinin tiyəsi sınmışdı.
18. 21 aprel 2008-ci ildə birinci ərizəçi adamöldürmə əməlində təqsirini boynuna aldı və vəkilinə tapşırdı ki, zərərçəkənin ailəsinin kədərini artırmamaq üçün cəzanın yüngülləşdirilməsi barədə hər hansı vəsatət verməsin. Birinci instansiya məhkəməsinin hakimi hesab etdi ki, birinci ərizəçi daimi olaraq azadlıqdan məhrum edilməli olan azsaylı şəxslər kateqoriyasına aiddir. O, məcburi ömürlük həbs cəzası barədə qərar çıxardı və onun həmişəlik həbsdə qalması barədə qərar qəbul etdi.
19. Apellyasiya Məhkəməsi 25 iyun 2009-cu ildə onun apellyasiya şikayətini rədd etdi. O, məcburi ömürlük həbs cəzasının çəkilməli olan minimum müddətinin müəyyənləşdirilməsi üçün ümumi prinsipləri (bu prinsiplər 2003-cü il tarixli Qanuna əlavə olunmuş 21 saylı siyahıda öz əksini tapıb: aşağıda 38-ci və 39-cu bəndlərə bax) nəzərdən keçirdi. O, bu qənaətə gəldi ki, cinayətin halları nəzərə alınmaqla, 2003-cü il tarixli Qanuna əlavə olunmuş 21 saylı siyahıda təsbit edilmiş adi prinsipdən kənara çıxmaq üçün heç bir əsas yoxdur; adamöldürmə artıq eyni əmələ görə məhkum olunmuş şəxs tərəfindən törədilib; cəzalandırma və çəkindirmə məqsədi ilə həmişəlik həbs qərarı məqsədəuyğundur.
C. Cənab Bamber
20. 7 avqust 1985-ci ildə ikinci ərizəçinin valideynləri, ögey bacısı və sonuncunun iki azyaşlı uşağı güllə ilə qətlə yetirildilər. Sonradan ikinci ərizəçi bu qətllərdə ittiham olundu və 28 oktyabr 1986-cı ildə məhkum edildi. İttiham tərəfinin versiyası bundan ibarət idi ki, bu qətllər qabaqcadan düşünülmüş və planlaşdırılmış və maddi mənfəət üçün törədilmişdi. İttiham tərəfi həmçinin iddia etdi ki, ikinci ərizəçi polislərin zənnini azdırmaq üçün hadisə yerində dəyişikliklər edib və belə görüntü yaradıb ki, guya ögey bacısı ailəni öldürüb və sonra intihar edib.
21. Birinci instansiya məhkəməsinin hakimi nazirə tövsiyə etdi ki, ikinci ərizəçi cəzasının çəkilməli olan "minimum" (o, bu sözü onun altından xətt çəkməklə vurğulamışdı) müddəti kimi iyirmi beş il həbsxanada qalmalıdır. Birinci instansiya məhkəməsinin hakiminin nazirə məktubuna baş hakim-lord bu qeydi əlavə etdi ki, "mənim ixtiyarımda olsaydı, onu heç vaxt azadlığa buraxmazdım". 1988-ci ildə nazir "həmişəlik tarif" müddəti təyin etdi. Həmin vaxt mövcud olan praktikaya əsasən, bu qərar barəsində məhbusa məlumat verilmirdi. 15 dekabr 1994-cü il tarixli qərarla ərizəçiyə məlumat verildi ki, nazir bu qənaətə gəlib ki, cəzalandırma və çəkindirmə məqsədlərinin tələbləri yalnız ikinci ərizəçi həmişəlik həbsxanada qalacağı təqdirdə təmin edilə bilər.
22. 2008-ci ildə 2003-cü il tarixli Qanunun 276-cı maddəsi və həmin qanuna əlavə olunmuş 22 saylı siyahı qüvvəyə mindikdən sonra ikinci ərizəçi "həmişəlik tarif" müddətinə yenidən baxılması üçün Yüksək Məhkəməyə müraciət etdi. Bu Qanuna əlavə olunmuş 21 saylı siyahını nəzərə alaraq, Yüksək Məhkəmə bu nəticəyə gəldi ki, törədilmiş qətllərin sayı və ikinci ərizəçinin onları qabaqcadan düşünməsi nəzərə alınmaqla, bu cinayət açıq-aydın o işlər kateqoriyasına aiddir ki, həmin işlərdə başlanğıc üçün həmişəlik həbs müddətinin təyin olunması məqsədəuyğundur. Zərərçəkənlərin yaxın qohumlarının verdiyi ifadələri və ikinci ərizəçinin ifadələrini, o cümlədən onun həbsxanadakı davranışına və davranışında hər hansı irəliləyişlərin olub-olmadığına dair hesabatları nəzərə alaraq, Yüksək Məhkəmə bu qənaətə gəldi ki, baş hakim-lordun və nazirin rəylərindən kənara çıxmaq üçün heç bir əsas yoxdur. Buna görə də o, həmişəlik həbs qərarı qəbul etdi.
23. İkinci ərizəçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət etdi, sonuncu isə 14 may 2009-cu ildə şikayəti rədd etdi. Bu məhkəmə bu qənaətə gəldi ki, nazir 1988-ci ildə "həmişəlik tarif" müddəti təyin edərkən ona iki fərqli məhkəmə tövsiyəsi verilmişdi: birinci instansiya məhkəməsinin hakimi tərəfindən verilmiş birinci tövsiyəyə əsasən, cəzanın çəkilməli olan minimum müddəti iyirmi beş il olmalı, baş hakim-lord tərəfindən verilmiş digər tövsiyəyə əsasən isə, ikinci ərizəçi heç vaxt azadlığa buraxılmamalı idi. Nazir bu tövsiyələr arasında seçim etmək və ya onların heç birini qəbul etməmək hüququna malik idi. Apellyasiya Məhkəməsi həmçinin bu qənaətə gəldi ki, Yüksək Məhkəmə tərəfindən təyin olunmuş həmişəlik həbs qərarı nəinki düzgün qərar idi, həm də cəzalandırma və çəkindirmə məqsədləri üçün tamamilə əsaslı qərar idi.
24. R Bayberə qarşı (R v. Bieber) iş üzrə əvvəlki qərarında (aşağıda 47-ci bəndə bax), o, bu qənaətə gəlmişdi ki, həmin işdə Konvensiyanın 3-cü maddəsi üzrə hər hansı məsələ meydana çıxmır, çünki həmişəlik həbs qərarı, Kafkaris Kiprə qarşı iş üzrə qərarda ([BP], ərizə № 21906/04, ECHR 2008‑...) yer alan termindən istifadə etsək, müddəti azaldıla bilən ömürlük həbs qərarı deyildi. Sonda o, bu qənaətə gəldi ki, 2003-cü il tarixli Qanunda nəzərdə tutulmuş yenidən baxılma proseduru Konvensiyanın 7-ci maddəsinə uyğundur, belə ki, düzgün şərh edildiyi təqdirdə qanunun müvafiq müddəaları onu nəzərdə tuturdu ki, məhbus qərara yenidən baxılması nəticəsində əvvəlkindən əlverişsiz vəziyyətə salına bilməz: cəzanın çəkilməli olan müddəti azaldıla və ya olduğu kimi saxlanıla bilər, lakin artırıla və ya uzadıla bilməz.
25. İkinci ərizəçi Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət etdi ki, bu məhkəmə çıxardığı qərarın Lordlar Palatası tərəfindən baxılmalı olan, ictimai əhəmiyyət daşıyan hüquqi məsələlərlə əlaqədar olduğunu təsdiq etsin. Bu vəsatət 23 iyun 2009-cu ildə rədd edildi.
D. Cənab Mur
26. 29 noyabr 1996-cı ildə üçüncü ərizəçi Çesterdəki krallıq məhkəməsində işə baxıldıqdan sonra adamöldürmə ittihamının dörd bəndi üzrə məhkum edildi. Qurbanlar homoseksual kişilər idi, özü də homoseksual olan üçüncü ərizəçi, iddia edildiyinə görə, qətlləri seksual həzz almaq məqsədi ilə törətmişdi. Qurbanların hər birinə ərizəçinin bu məqsəd üçün aldığı iri döyüş bıçağı ilə çoxsaylı zərbələr endirilmişdi. Birinci qurbana 23 sentyabr 1995-ci ildə onun evində hücum edilmişdi. Az sonra həftə sonu 7 oktyabr 1995-ci ildə üçüncü ərizəçi barda ikinci qurbanla görüşmüş və onu cinsi əlaqə üçün evinə aparmaq barədə razılığa gəlmişdi, amma bunun əvəzinə onu meşəyə aparmış, ölənə qədər bıçaqlamış və cəsədini orada qoymuşdu. Üçüncü qurban yaşadığı furqonda 30 noyabr 1995-ci ildə bıçaqlanmışdı. Nəhayət, yeni, 1995-ci ildən az öncə üçüncü ərizəçi homoseksualların görüş yeri kimi tanınan çimərliyə getmişdi. Orada o, dördüncü qurbanla rastlaşmış və onu oradaca bıçaqlamışdı.
27. Birinci və üçüncü qurbanların qanları üçüncü ərizəçinin gödəkçəsinin və bıçağının üzərində tapıldı. Birinci, ikinci və dördüncü qurbanların əmlaklarının onda olduğu aşkar edildi. O, polisə geniş ifadələr verərək dörd qətlin hamısında təqsirini boyuna aldı. İkinci qurban barəsində üçüncü ərizəçi özü məlumat verməyənə qədər polislər onun qətlindən xəbərsiz idilər. Onun cəsədi üçüncü ərizəçinin köməyi ilə meşədən tapıldı. Məhkəmə araşdırmasında üçüncü ərizəçinin müdafiə arqumentləri bundan ibarət idi ki, qətllər başqa birisi tərəfindən törədilib, o, sadəcə qətllər zamanı həmin yerlərdə olduğunu etiraf etdi, yalnız ikinci qurbanın qətli istisna təşkil edirdi.
28. Üçüncü ərizəçi məhkum edildikdən sonra birinci instansiya məhkəməsinin hakimi məcburi ömürlük həbs qərarı çıxardı və daxili işlər nazirinə tövsiyəsinə bildirdi etdi ki, onun rəyinə görə, ərizəçi heç vaxt azadlığa buraxılmamalıdır. İşə yenidən baxdıqdan sonra baş hakim-lord məlumat verdi ki, onun fikrincə, üçüncü ərizəçinin azadlığa buraxılmaq hüququ əldə etməsi üçün otuz illik müddət təyin edilməlidir. 27 sentyabr 2002-ci ildə nazir həmişəlik tarif müddəti təyin etməyi qərara aldı.
29. 2008-ci ildə Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 2003-cü il tarixli Qanunun 276-cı maddəsinə və həmin qanuna əlavə olunmuş 22 saylı siyahıya uyğun olaraq üçüncü ərizəçi nazir tərəfindən təyin edilmiş həmişəlik tarif müddətinə yenidən baxılması üçün Yüksək Məhkəməyə müraciət etdi. 12 iyun 2008-ci il tarixli qərarında Yüksək Məhkəmə üçüncü ərizəçinin bu arqumentini rədd etdi ki, bu məhkəmə baş hakim-lordun otuz illik minimum müddət barədə tövsiyəsini qəbul etməlidir. O, belə hesab etdi ki, bu tövsiyə diqqətə alınmalı olsa da, hər halda baş hakim-lord 21 saylı siyahıda əks olunmuş prinsipləri nəzərə almayıb, amma Yüksək Məhkəmənin onları nəzərə alması tələb olunur. O, həmçinin bu arqumenti də rədd etdi ki, həmişəlik tarif müddətinin nazir tərəfindən təyin olunması Konvensiyanın 6-cı maddəsi üzrə məsələni meydana çıxarır. Yüksək Məhkəmə hesab etdi ki, Qanunun 276-cı maddəsinə və Qanuna əlavə olunmuş 22 saylı siyahıya əsasən Yüksək Məhkəməyə müraciət proseduru məhbusun azad edilməli olub-olmaması məsələsinə müstəqil surətdə baxılmasını tələb edən prosedurdur. Məhkəmə həmçinin bu qənaətə gəldi ki, həmişəlik həbs qərarı Konvensiyanın 3-cü və 5-ci maddələrinə uyğundur. Məcburi ömürlük həbs cəzasının çəkilməli olan minimum müddətinin müəyyənləşdirilməsi üçün ümumi prinsiplər (onlar Qanuna əlavə olunmuş 22 saylı siyahıda əks olunub) nəzərə alınarsa, qanuna zidd olan heç bir məsələ ortaya çıxmır və həmin cəzanın nə dərəcədə mütənasib olması məsələsi hər bir işin faktlarından asılıdır.
30. Yüksək Məhkəmə bu qənaətə gəldi ki, iki və ya daha artıq şəxsin öldürülməsini, seksual və ya sadist davranışı və müəyyən dərəcədə öncədən planlaşdırmanı özündə ehtiva edən iş, 21 saylı siyahıya əsasən, başlanğıc üçün həmişəlik həbs qərarı çıxarmağa əsas verir. Bu işdə yüngülləşdirici hallar yoxdur və hətta baş hakim-lord cəzanın çəkilməli olan minimum müddəti kimi otuz illik müddəti göstərsə də, birinci instansiya məhkəməsinin bu rəyini paylaşmışdı ki, üçüncü ərizəçinin azadlığa buraxılması mümkünsüz ola bilər. Buna görə də, həmişəlik həbs cəzasını yüngülləşdirmək üçün heç bir əsas yox idi. Yüksək Məhkəmə əlavə etdi ki, hətta başlanğıc üçün otuz illik minimum müddət götürülsə belə, qətllərin törədilməsində elə ağırlaşdırıcı hallar vardı ki, həmin hallar üçün həmişəlik həbs qərarı məqsədəuyğun idi.
31. 26 fevral 2009-cu ildə Apellyasiya Məhkəməsi üçüncü ərizəçinin apellyasiya şikayətini rədd edərək hesab etdi ki, Yüksək Məhkəmə nəinki həmişəlik həbs qərarının məqsədəuyğun olduğu qənaətinə gəlmək hüququna malikdir, həm də bu qərarında açıq-aydın haqlıdır.
32. Belə görünür ki, üçüncü ərizəçi Lordlar Palatasına müraciət etməsinə imkan yaranması üçün sonradan Apellyasiya Məhkəməsinə müraciət edib ki, bu məhkəmə çıxardığı qərarın Lordlar Palatası tərəfindən baxılmalı olan, ictimai əhəmiyyət daşıyan hüquqi məsələlərlə əlaqədar olduğunu təsdiq etsin. 14 avqust 2009-cu ildə Apellyasiya Məhkəməsinin Cinayət işləri üzrə apellyasiya ofisindən ona məlumat verildi ki, Apellyasiya Məhkəməsi onun cəzaya qarşı apellyasiya şikayəti verməsinə icazə verilməsi barədə ərizəsini rədd etdiyinə görə, o, qərarın Lordlar Palatası tərəfindən baxılmalı olan hüquqi məsələlərlə əlaqədar olduğunun təsdiq edilməsi üçün müraciət edə bilməz (bu hal apellyasiya şikayəti verməsinə icazə verildiyi və sonradan apellyasiya şikayətinin təmin edilmədiyi hallardan fərqlidir).
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. İnsan hüquqları haqqında 1998-ci il tarixli Qanun
33. İnsan hüquqları haqqında 1998-ci il tarixli Qanunun ("İnsan hüquqları haqqında Qanun") 3-cü maddəsinin 1-ci bəndində aşağıdakılar nəzərdə tutulur:
"Əsas və ikinci dərəcəli qanunvericilik mümkün olan dərəcədə Konvensiyada nəzərdə tutulmuş hüquqlara uyğun olan tərzdə nəzərə alınmalı və tətbiq edilməlidir".
Qanunun 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, dövlət orqanının Konvensiyada nəzərdə tutulmuş hüquqa uyğun olmayan tərzdə hərəkət etməsi qanunsuzdur.
7-ci maddənin 1-ci bəndində nəzərdə tutulur ki, dövlət orqanının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş qanunsuz tərzdə hərəkət etdiyini iddia edən şəxs həmin orqana qarşı məhkəmə icraatına başlaya bilər.
B. Məcburi ömürlük həbs cəzalarına dair qanunvericilik normaları
1. Adamöldürmə (Ölüm cəzasının ləğvi) haqqında 1965-ci il tarixli Qanun
34. İngiltərə və Uelsdə adamöldürməyə görə məcburi ömürlük həbs cəzası Adamöldürmə (Ölüm cəzasının ləğvi) haqqında 1965-ci il tarixli Qanunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulub.
2. Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 2003-cü il tarixli Qanun
a) 12-ci hissə, 7-ci fəsil
35. Cinayət (cəzalar) haqqında 1997-ci il tarixli Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş məhbusların məcburi ömürlük həbs cəzası üçün nazirin tarif müddətlərini təyin etmək səlahiyyəti R (Anderson) Daxili İşlər Nazirinə qarşı işdə ([2003] 1 AC 837) Lordlar Palatası tərəfindən Konvensiyanın 6-cı maddəsinə zidd hesab edilib. Bu, Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 2003-cü il tarixli Qanunun 12-ci hissəsinin 7-ci fəslinin ("Ömürlük həbs cəzalarının nəticələri") (269-277-ci maddələr) və həmin Qanuna əlavə olunmuş 21 və 22 saylı siyahıların qəbul edilməsi ilə nəticələnib.
36. 2003-cü il tarixli Qanunun 269-cu maddəsində birinci instansiya məhkəməsinin hakimi üçün belə bir göstəriş yer alıb ki, ömürlük həbs cəzası barədə qərar çıxararkən məhbusun xüsusi icazə əsasında azadlığa buraxılana qədər çəkməli olduğu cəzanın minimum müddətini təyin etsin. 269-cu maddənin 3-cü bəndinə əsasən, həmin minimum müddət müəyyən edilərkən cinayət əməlinin ağırlıq dərəcəsi nəzərə alınmalıdır. 269-cu maddənin 4-cü bəndi birinci instansiya məhkəməsinin hakiminə icazə verir ki, cinayət əməlinin ağırlığını nəzərə alaraq məhbusun vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malik olmadığı barədə qərar çıxarsın (yəni faktiki olaraq "həmişəlik həbs qərarı" çıxarsın). 269-cu maddənin 4-cü bəndi yalnız cinayət törətdiyi zaman yaşı 21 və ya daha yuxarı olan şəxslərə tətbiq edilir. 269-cu maddənin 5-ci bəndində birinci instansiya məhkəməsinin hakimi üçün belə bir göstəriş yer alıb ki, cinayət əməlinin ağırlıq dərəcəsini nəzərdən keçirərkən, digər məsələlərlə yanaşı, Qanuna əlavə olunmuş 21 saylı siyahıda əks olunan prinsipləri nəzərə alsın.
37. 276-cı maddə (keçid dövrünün işlərinə dair) 22 saylı siyahının tətbiqini nəzərdə tutur: aşağıda 40-cı bəndə bax.
b) 21 saylı siyahı
38. 21 saylı siyahıda ("Məcburi ömürlük həbs cəzası ilə əlaqədar minimum müddətin müəyyən edilməsi") "başlanğıc üçün" üç fərqli müddət nəzərdə tutulur, sonradan onlar cinayət əməlində ağırlaşdırıcı və ya yüngülləşdirici halların olmasından asılı olaraq azaldıla və ya artırıla bilər: həmişəlik həbs qərarı, həbs cəzasının ən azı otuz ilinin çəkilməsi və həbs cəzasının ən azı o beş ilinin çəkilməsi.
39. Siyahının 4.1-ci bəndinə əsasən, cinayət əməli "xüsusilə ağırdırsa", müvafiq başlanğıc müddəti kimi həmişəlik həbs qərarı nəzərdə tutulur. 4.2-ci bənddə nəzərdə tutulur ki, bir qayda olaraq bu kateqoriyaya aşağıdakı hallar aiddir:
"a) iki və ya daha artıq şəxsin öldürülməsi; bu zaman hər bir qətl aşağıdakıları özündə ehtiva etməlidir:
i) öncədən düşünülmənin və ya planlaşdırmanın əhəmiyyətli dərəcədə mövcud olması;
ii) qurbanın oğurlanması; yaxud
iii) seksual və ya sadist davranış;
b) uşağın öldürülməsi (əgər bu qətl uşağın oğurlanmasını, yaxud seksual və ya sadist davranışları özündə ehtiva edirsə);
c) qətlin siyasi, dini və ya ideoloji motivlərdən qaynaqlanan məqsəd naminə həyata keçirilməsi; yaxud
d) qətlin əvvəllər adamöldürməyə görə məhkum olunmuş şəxs tərəfindən həyata keçirilməsi".
5.1-ci bəndə əsasən, cinayət əməli ağırlıq dərəcəsinə görə 4.1-ci bəndin tətbiq dairəsinə düşmürsə, amma onun ağırlıq dərəcəsi "xüsusilə yüksəkdirsə", başlanğıc üçün cəzanın çəkilməli olan müvafiq minimum müddəti kimi otuz illik həbs cəzası götürülür. 5.2-ci bənddə nəzərdə tutulur ki, bir qayda olaraq bu kateqoriyaya aşağıdakı hallar aiddir:
"a) vəzifə başında olan polis əməkdaşının və ya həbsxana əməkdaşının öldürülməsi;
b) odlu silahdan və ya partlayıcıdan istifadəni özündə ehtiva edən adamöldürmə;
c) gəlir əldə etmək məqsədi ilə adamöldürmə (məsələn, soyğunçuluq edərkən və ya soyğunçuluğa yardım edərkən adamöldürmə; ölümün nəticəsində ödəniş almaq üçün; və ya gəlir əldə etmək gözləntisi ilə adamöldürmə);
d) ədalət mühakiməsinin gedişatına maneə yaratmaq və ya müdaxilə etmək niyyəti ilə adamöldürmə;
e) seksual və ya sadist davranışları özündə ehtiva edən adamöldürmə;
f) iki və ya daha artıq şəxsin öldürülməsi;
g) irqi və ya dini zəmində, yaxud seksual oriyentasiya zəminində ağırlaşdırıcı hallar olmaqla adamöldürmə; yaxud
h) cinayəti törədən zaman 21 yaşı olmayan cinayətkar tərəfindən törədilmiş, 4-cü maddənin 2-ci bəndinin tətbiq dairəsinə düşən adamöldürmə.
6-cı və 7-ci bəndlərdə nəzərdə tutulur ki, bütün digər hallarda başlanğıc üçün cəzanın çəkilməli olan minimum müddəti kimi on beş illik (yaşı on səkkizdən aşağı olanlar üçün on iki illik) həbs cəzası götürülür.
8-ci və 9-cu bəndlərdə nəzərdə tutulur ki, başlanğıc üçün müddəti seçdikdən sonra, yaxud həmişəlik həbs qərarı çıxararkən birinci instansiya məhkəməsinin hakimi (başlanğıc üçün hansı müddətin seçilməsindən asılı olmayaraq) həbs cəzasının çəkilməli olan minimum müddətinə təsir göstərə bilən hər hansı ağırlaşdırıcı və ya yüngülləşdirici amilləri nəzərə almalıdır.
10-cu bənddə deyilir ki, ağırlaşdırıcı amillərə aşağıdakılar daxildir:
"a) planlaşdırmanın və ya öncədən düşünülmənin əhəmiyyətli dərəcədə mövcud olması;
b) yaşı və ya fəaliyyətinin olmaması ilə əlaqədar olaraq qurbanın xüsusilə əlverişsiz vəziyyətdə olması;
c) ölümündən əvvəl qurbana ruhi və ya fiziki əzab verilməsi;
d) etibardan sui-istifadə edilməsi;
e) cinayətin törədilməsini asanlaşdırmaq üçün digər şəxsə qarşı məcburetmə və ya təhdidlərdən istifadə edilməsi;
f) qurbanın ictimai xidmətləri və ya ictimai vəzifələri yerinə yetirməsi; və
g) cəsədin gizlədilməsi, məhv edilməsi və ya hissələrə parçalanması".
11-ci bənddə deyilir ki, yüngülləşdirici amillərə aşağıdakılar daxildir:
"a) öldürmə niyyətinin deyil, ağır bədən xəsarəti yetirmə niyyətinin olması;
b) əməlin öncədən düşünülmüş olmaması;
c) Adamöldürmə haqqında 1957-ci il tarixli Qanunun (c. 11) 2-ci maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə düşməsə də, hər halda cinayətkarda onun təqsirini yüngülləşdirən dərəcədə psixi cəhətdən hər hansı çatışmazlığın və ya əlilliyin olması;
d) cinayətkarın təxribata məruz qalması, məsələn, uzunmüddətli stressdə olması (təxribata qarşı müdafiə təşkil edən hallar buraya daxil deyil);
e) cinayətkarın bu və ya digər dərəcədə özünümüdafiə məqsədi ilə hərəkət etməsi;
f) qətlin mərhəmət aktı olduğuna cinayətkarın inanması; və
g) cinayətkarın yaşı".
c) 22 saylı siyahı
40. 22 saylı siyahıda ("Məcburi ömürlük həbs cəzaları: keçid dövrünün işləri") Qanunun 269-cu maddəsi qüvvəyə minməzdən əvvəl məcburi ömürlük həbs cəzası almış və cəzalarının çəkilməli olan minimum müddəti nazir tərəfindən müəyyən edilmiş məhbuslar üçün bir sıra keçid tədbirləri nəzərdə tutulur. Bu siyahı həmçinin o məhbuslara şamil olunur ki, onlara xüsusi icazə əsasında azadlığa buraxılmaq hüququnun heç vaxt verilməməsi barədə öncə nazir tərəfindən göstəriş verilib (yəni bunlar o məhbuslardır ki, onların barəsində həmişəlik tarif müddəti təyin olunub). Siyahının 3-cü bəndi hər iki kateqoriyaya aid olan məhbusların Yüksək Məhkəməyə müraciət etməsinə icazə verir. Belə müraciət olduqda, əgər məhbusun həbs cəzasının çəkilməli olan minimum müddəti nazir tərəfindən müəyyən edilibsə, Yüksək Məhkəmə məhbusun vaxtından əvvəl azad edilmək hüququ əldə edənə qədər çəkməli olduğu minimum cəza müddətini təyin edən qərar çıxara bilər. 3.1.b bəndinə əsasən, nazir həmişəlik tarif müddətinin təyin edildiyi barədə məhbusa məlumat veribsə, Yüksək Məhkəmə məhbusun vaxtından əvvəl azad edilmək hüququna malik olmadığı barədə qərar ("həmişəlik həbs qərarı") qəbul edə bilər.
Yüksək Məhkəmə tərəfindən təyin olunan minimum müddət nazirin öncə təyin etmiş olduğu müddətdən artıq ola bilməz (3.1.a bəndi).
Analoji müddəalar Qanunun qüvvəyə minməsinə qədər törədilən, amma barəsində ittiham hökmləri Qanunun qüvvəyə minməsindən sonra çıxarılan qətllərə də şamil olunur. 10-cu bənddə nəzərdə tutulur ki, məhkəmə, onun rəyinə görə, əvvəlki praktikaya uyğun olaraq nazirin təyin edə biləcəyi minimum müddətlərdən daha artıq müddət təyin edilməsi barədə qərar qəbul edə bilməz.
41. 3-cü bənddə nəzərdə tutulan hallarda müraciətə dair qərar verərkən Yüksək Məhkəmə, digər məsələlərlə yanaşı, cinayətin ağırlıq dərəcəsini nəzərə almalı və bu zaman həm də 21 saylı siyahıda əks olunmuş ümumi prinsipləri və xüsusi icazə əsasında azadlığa buraxılmazdan əvvəl cinayətkarının cəzasının çəkilməli olan minimum müddəti barədə birinci instansiya məhkəməsinin hakiminin və ya baş hakim-lordun nazirə hər hansı tövsiyələrini nəzərə almalıdır (22 saylı siyahının 4-cü və 5-ci bəndləri). Cinayətkar həmçinin cinayətin törədildiyi vaxtdan bəri onun davranışına və həbsxanada nail olduğu irəliləyişlərə dair məlumatlar da daxil olmaqla Yüksək Məhkəməyə məlumatlar təqdim edə bilər. Məlumatlar həmçinin zərərçəkən və ya zərərçəkənlərin ailələri tərəfindən də təqdim edə bilər.
C. Nazirin məhbusu azadlığa buraxmaq səlahiyyəti
42. Cinayət (cəzalar) haqqında 1997-ci il tarixli Qanunun 30-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, nazir mərhəmət mülahizələrinə görə məhbusun azadlığa buraxılmasına haqq qazandıran müstəsna halların mövcud olduğunu hesab edərsə, ömürlük həbs cəzası almış məhbusu istənilən vaxt azadlığa buraxa bilər.
43. Bu diskresion səlahiyyətin tətbiqi üçün meyarlar Həbsxanada cəzaçəkmə haqqında 4700 saylı əmrin 12-ci fəslində əks olunub. Bu, nazirin səlahiyyəti əsasında qəbul edilmiş əmrdir. Orada cəza müddəti qeyri-müəyyən olan (o cümlədən məcburi ömürlük həbs cəzası çəkən) məhbuslara qarşı istər onlar həbsxanada olarkən, istərsə də xüsusi icazə əsasında azadlığa buraxıldıqdan sonra rəftarla əlaqədar siyasət və rəhbər prinsiplər əks olunub.
12-ci fəslin bu işə aidiyyəti olan müddəalarında nəzərdə tutulur ki:
"Cəza müddəti qeyri-müəyyən olan məhbusların mərhəmət mülahizələri əsasında tibbi səbəblərə görə azadlığa buraxılması üçün meyarlar aşağıdakılardır:məhbus sağalmaz xəstəlikdən əziyyət çəkirsə və ölümünün çox qısa müddətdə baş biləcəyi ehtimalı varsa (bu halda müəyyən müddət nəzərdə tutulmasa da, ictimai mühafizə məsələləri bölməsinə müraciət edilməsi üçün 3 aylıq müddət məqsədəuyğun müddət sayıla bilər), yaxud cəza müddəti qeyri-müəyyən olan məhbus yataqdan qalxa bilmirsə və ya analoji formada fəaliyyət qabiliyyətini itiribsə, məsələn, iflic olubsa və ya ağır tutmalardan əziyyət çəkirsə;təkrar cinayətin (xüsusən seksual və ya zorakı xarakterli cinayətin) törədilməsi ehtimalı çox azdırsa;bundan sonra həbsdə saxlanılmasının davam etdirilməsi məhbusun ömrünü qısaldacaqsa;məhbusa qulluq edilməsi və onun müalicəsi üçün həbsxanadan kənarda adekvat imkanlar varsa;vaxtından əvvəl azadlığa buraxılması məhbus və (və ya) onun ailəsi üçün əhəmiyyətli dərəcədə faydalı olacaqsa" [orijinal mətndə bu sözlərin altından xətt çəkilib].
Əmrdə həmçinin qeyd edilir ki, mərhəmət mülahizələrinə görə azadlığa buraxılma şəxsən nazir tərəfindən təsdiq edilməlidir; bu qərarın qəbulu digər vəzifəli şəxslərə həvalə oluna bilməz.
44. Hökumətin bildirdiyinə görə, 28 aprel 2011-ci ilədək olan məlumata əsasən İngiltərə və Uelsdə 4900 məhbus adamöldürməyə görə məcburi ömürlük həbs cəzası çəkirdi.
Hazırda qırx bir məhbus barəsində həmişəlik həbs qərarı çıxarılıb (psixiatriya xəstəxanalarında saxlanılanlar da daxil olmaqla). 2000-ci ildən bəri barəsində həmişəlik həbs qərarı çıxarılmış heç bir məhbus mərhəmət mülahizələri əsasında azadlığa buraxılmayıb. Birinci ərizəçinin məlumat azadlığına istinadən verdiyi sorğuya cavabında ədliyyə naziri qeyd edib ki, 30 noyabr 2009-cu ilədək olan məlumata əsasən barəsində həmişəlik həbs qərarı çıxarılmayan on üç məhbus mərhəmət mülahizələri əsasında azadlığa buraxılıb.
D. Məcburi ömürlük həbs cəzasına dair müvafiq ölkədaxili presedent hüququ və Konvensiya
1. 2003-cü il tarixli Qanunun qəbuluna qədərki sistem üzrə presedent hüququ
45. R. Liçnyaka qarşı (R. v. Lichniak) və R. Piraha qarşı (R. v. Pyrah) işlərdə ([2003] 1 AC 903) Lordlar Palatası hesab edib ki, həmin vaxt qüvvədə olan məcburi ömürlük həbs cəzası nə Konvensiyanın 3-cü maddəsinə, nə də 5-ci maddəsinə ziddir. Bu cəza qismən cəzalandırıcı, qismən də preventiv məqsəd daşıyırdı. Cəzalandırıcı elementi qətl törətmiş şəxsin məhkum olunduğu ağır cinayətə görə təyin olunan tarif müddəti təşkil edirdi. Preventiv elementi isə qətl törətdiyinə görə məhkum olunmuş şəxsin həbsdə saxlanılmasını davam etdirmək səlahiyyəti (müstəqil orqan olan Şərti Azadetmə Şurası onun azadlığa buraxılmasını məqsədəuyğun hesab etməyənə qədər), habelə qətl törətdiyinə görə məhkum olunmuş və azadlığa buraxılmış şəxsin cəmiyyətin müdafiəsi üçün həbsxanaya geri qaytarılması zəruri hesab edildikdə onu həbsxanaya qaytarılmaq səlahiyyəti təşkil edirdi (Kornhilldən olan lord Binqemin qərarın 8-ci bəndindəki rəyi).
Buna görə də Lordlar Palatası qərara aldı ki, birincisi, ərizəçilərin şikayətləri Konvensiyanın 3-cü maddəsinin tətbiqi üçün kifayət qədər ciddi şikayətlər deyil və ikincisi, ömürlük həbs cəzası qanunsuz deyil, yaxud hər hansı digər formada Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd deyil. Lord Binqem əlavə etdi ki:
"Palata adamöldürməyə görə ömürlük həbs cəzasının təyin olunması nəticəsində məhkum olunmuş qatilin ömrünün bütün qalan günləri ərzində azadlığını itirdiyi qənaətinə gəlibsə və daxili işlər naziri onun həbsdə saxlanılmasını davam etdirməkdənsə azadlığa buraxılmasının ictimai maraqlara daha çox xidmət edəcəyi qənaətinə gələnə qədər (əgər belə hal olarsa) o, həbsdə qalacaqsa, belə cəzanın qanuna zidd və qeyri-mütənasib cəza kimi İnsan hüquqları haqqında Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrini pozacağı barədə qərar çıxarılacağına məndə bir qədər şübhə var".
46. R. Daxili İşlər Nazirinə qarşı işdə (Hindli (Hindley) tərəfindən qaldırılmış iş, [2001] 1 AC 410, HL) və R. Andersona qarşı işdə ([2003] 1 AC 837, HL) Lordlar Palatası bu qənaətə gəldi ki, həmin vaxt qüvvədə olan tarif müddəti sisteminə əsasən, "cinayəti və ya cinayətləri, kifayət qədər dəhşətli olduqları təqdirdə, sırf cəzalandırma məqsədləri üçün ömürlük həbsə layiq hesab etməmək üçün prinsipcə heç bir əsas yoxdur" (lord Steyn, pp. 416H). Lord Steyn onu da qeyd etdi ki: "tarif müddəti konsepsiyasında məntiqə zidd olan heç nə yoxdur, belə ki, müəyyən hallarda cinayətlər o qədər müdhiş olur ki, hətta məhbus ölənə qədər həbsdə saxlanılsa belə, bu, cəza və çəkindirmə tələblərinin təmin edilməsi üçün yetərli olmur" (p. 417H). Lordlar Palatası həmçinin bu qənaətə gəldi ki, həmişəlik tarif müddəti tətbiq edildiyi hallarda məhbus cəzasının iyirmi beş ilini çəkdikdən sonra nazir belə məhbusların işinə yenidən baxarkən və məqsədəuyğun hallarda tarif müddətini azaldarkən öz diskresion səlahiyyətinin hüdudlarını qanunsuz olaraq daraltmayıb. Lordlar Palatasının qərarında nazirin bu sahədə siyasətə dair 10 noyabr 1997-ci il tarixli bəyanatı qeyd olunub, orada nazir qeyd edib ki, o, müstəsna hallarda, o cümlədən, məsələn, məhbus həbsdə saxlanılarkən davranışında müstəsna irəliləyişlər olduqda, tarif müddətinə yenidən baxmağı və onun müddətini azaltmağı məqsədəuyğun hesab edə bilər. Nazir onu da qeyd edib ki, barəsində həmişəlik tarif müddəti təyin olunmuş məhbusların işlərinə yenidən baxarkən belə halın mümkünlüyünü nəzərə alır və bu baxımdan cəzalandırma və çəkindirmə meyarlarından savayı digər məsələləri də nəzərdən keçirir (p. 417A-C).
2. 2003-cü il tarixli Qanunun qəbulundan sonrakı sistem üzrə presedent hüququ və həmin sistemin Konvensiyanın 3-cü maddəsinə uyğunluğu məsələsi
a) R Bayberə qarşı (R v. Bieber) məhkəmə işi
47. R Bayberə qarşı (R v. Bieber) məhkəmə işində ([2009] 1 WLR 223) Apellyasiya Məhkəməsi 2003-cü il tarixli Qanunun Konvensiyanın 3-cü maddəsinə uyğunluğu məsələsini Kafkaris Kiprə qarşı iş üzrə qərarın ([BP], ərizə № 21906/04, ECHR 2008‑...) işığında nəzərdən keçirdi.
Kafkarisin işində müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzası təyin edilməsinin 3-cü maddə üzrə məsələni meydana çıxara biləcəyi barədə Avropa Məhkəməsinin qənaətini qeyd edərək, Apellyasiya Məhkəməsi fikrini belə davam etdirdi:
"39. Bizim fikrimizcə, [Kafkarisin işində] Məhkəmə hesab edib ki, müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzasının təyin edilməsi o halda 3-cü maddə üzrə məsələni meydana çıxara bilər ki, cinayətkar həbs cəzasının qanuni məqsədlərinin haqq qazandırdığı müddətdən artıq həbsdə saxlanılmış olsun. Bu qənaətimiz belə bir faktdan irəli gəlir ki, hətta ömrü boyu cinayətkarın azadlığa buraxılması mümkün olmasa belə, yaxud ehtimal olunmasa belə, qanunvericilikdə və praktikada onun azadlığa buraxılması imkanı mövcuddursa, 3-cü maddə üzrə heç bir məsələ meydana çıxmır. Belə görünür ki, başlıca tələb ondan ibarətdir ki, şəxsin həbsdə saxlanılmasının davam etdirilməsinin hələ də əsaslılığını saxlayıb-saxlamadığını müəyyənləşdirmək üçün qərara yenidən baxılması imkanı mövcud olmalıdır.
40. Cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Cinayətə görə məcburi ömürlük həbs cəzası təyin edildikdə belə bir ehtimal mövcud olur ki, məhbusun bütün həyatı ərzində həbsin bütün məqsədlərinə nail oluna bilər. O, cəzalandırma və çəkindirmə tələblərini təmin edən müddət ərzində cəzasını çəkə bilər, islah olunması isə onu daha cəmiyyətə təhlükə yaratmayan şəxsə çevirə bilər. Buna baxmayaraq, o, ömrünün sonunadək həbsdə qalarsa, bunun qeyri-insani rəftar olduğunu ən azı iddia etmək olar. Beləliklə, biz bu nəticəyə gəldik ki, cinayət əməli bu əməlin konkret hallarından asılı olmayaq məcburi və müddəti azaldıla bilməyən ömürlük həbsə cəzasına səbəb olduqda 3-cü maddə ilə əlaqədar məsələ meydana çıxır.
41. Kafkarisin işi üzrə qərarda daha çətin məsələ qaldırılır. Cəzalandırma və çəkindirmə məqsədləri ilə haqq qazandırıla bilən müəyyən maksimal müddət varmı ki, şəxs həbs cəzasının həmin müddətini çəkdikdən sonra, əgər islah olunması onu bundan sonra cinayətkar davranış təhlükəsi yaratmayan şəxsə çeviribsə, azadlığa buraxıla bilsin? Əgər bu sualın cavabı müsbətdirsə, o halda iddia etmək olar ki, həmin müddətdən artıq davam edən və müddəti qısaldıla bilməyən ömürlük həbs cəzası qeyri-insani cəzadır və 3-cü maddə üzrə məsələni meydana çıxarır. Hakim Bratsanın qərarla üst-üstə düşən rəyində və rəyləri qərarla üst-üstə düşməyən beş hakimin rəyində bu mövqeyin düzgünlüyü barədə onların fikirləri yer alıb. Bizim istinad etdiyimiz Avropa materialları göstərir ki, bəzi üzv dövlətlər hesab edirlər ki, həbs cəzasının müəyyən maksimal müddəti var ki, cəza məqsədi ona haqq qazandıra bilər, həmin müddətdən sonra isə humanizm mülahizələri cinayətkarın bunu nümayiş etdirməsinə imkan verilməsini tələb edir ki, o, artıq cəmiyyətə qayıtmasına icazə verilməsi şərtlərinə cavab verir.
42. Belə üzv dövlətlərin arasında Birləşmiş Krallıq yoxdur. 2003-cü il tarixli Qanuna əlavə olunmuş 21 saylı siyahıda belə mülahizə bildirilir ki, bəzi cinayətlər o qədər müdhiş olur ki, onlar cinayətkarın ömrünün qalan hissəsini, bu müddət nə qədər uzun olursa-olsun, həbsdə keçirməsinə haqq qazandırır. Müxtəlif üzv dövlətlərin yanaşmalarında fərqlərin olması Kafkarisin işi üzrə qərarın 104-cü bəndində çoxluğun verdiyi şərhdə etiraf edilib. Həmin işdə Məhkəmə ömürlük həbs cəzası məsələsini araşdırırdı və Məhkəmənin yanaşması məhz həmin kontekstdə nəzərdən keçirilməlidir. Biz Böyük Palatadakı çoxluğun qərarından belə bir nəticə çıxdığını hesab etmirik ki, çox ciddi cinayətə görə müvafiq cəzalandırma və çəkindirmə məqsədi ilə hakim tərəfindən təyin olunan, müddəti qısaldıla bilməyən ömürlük həbs cəzası potensial olaraq 3-cü maddəyə zidd ola bilər".
48. Daha sonra Apellyasiya Məhkəməsi belə bir məsələni nəzərdən keçirdi ki, müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzası təyin edilməsinin özü 3-cü maddənin pozuntusunu təşkil edirmi, yoxsa potensial pozuntu yalnız o halda yarana bilər ki, cinayətkar cəzalandırma və çəkindirmə məqsədlərinin haqq qazandıra biləcəyi müddətdən artıq həbsxanada saxlanılmış olsun? Məhkəmə bu qənaətə gəldi ki, ikinci hal pozuntu təşkil edir.
49. Yuxarıdakıların əsasında Apellyasiya Məhkəməsi bu nəticəyə gəldi ki:
"45. İngiltərə hüququna əsasən adamöldürmə cinayəti məcburi ömürlük həbs cəzasına səbəb olsa da, bu, bir qayda olaraq, müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzası demək deyil. Hakim cinayətkarın xüsusi icazə əsasında azadlığa buraxılması məsələsinə baxılmazdan əvvəl cəzalandırma və çəkindirmə məqsədləri üçün onun çəkməli olduğu minimum cəza müddətini göstərir. Əgər onun tərəfindən həmişəlik həbs cəzası göstərilibsə, bu o deməkdir ki, hakim cinayət əməlinin o dərəcədə ciddi olduğunu hesab edir ki, cəzalandırma və çəkindirmə məqsədləri üçün cinayətkar ömrünün qalan hissəsini həbsxanada qalmalıdır. Yuxarıda gətirdiyimiz əsaslara görə biz hesab etmirik ki, Strasburq Məhkəməsi belə hallarda hakimin öz mülahizəsi əsasında təyin etdiyi, müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzasının 3-cü maddəni pozan həbs təşkil etdiyi barədə qərar çıxara bilərdi. Həmçinin biz hesab etmirik ki, o, gələcəkdə belə qərar çıxara bilər.
46. Ola bilər ki, Strasburq Məhkəməsinin yanaşmasında dəyişiklik baş versin. Belə görünür ki, Avropada müddətinin azaldılması mümkün olmayan həbs cəzasının təyin edilməsinə qarşı meyllər var. Beləliklə, bu bölgədə təyin edilən həmişəlik həbs cəzasının müddətinin azaldılmasının faktiki olaraq mümkün olub-olmadığını nəzərdən keçirmək zəruri ola bilər.
...
48. Hazırkı rejimə əsasən, Cinayət (cəzalar) haqqında 1997-ci il tarixli Qanunun 30-cu maddəsi əsasında nazirin ömürlük həbs cəzası almış məhbusu azadlığa buraxmaq səlahiyyəti məhduddur.
...
Hazırkı praktikaya əsasən nazir bu səlahiyyətindən çox az hallarda, məsələn, məhbus sağalmaz xəstəliyə düçar olduqda, yaxud yataqdan qalxa bilmədikdə, yaxud da fəaliyyət qabiliyyətini itirdiyi analoji hallarda istifadə edir. Lakin vəziyyət məhbusun davamlı olaraq həbsdə saxlanılmasının qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil etdiyi məqama gəlib çatarsa, o halda biz konkret olaraq Konvensiyaya riayət etmək tələbini nəzərə almaqla nazirin məhbusu azad etməkdən ibarət qanuni səlahiyyətindən istifadə etməməsi üçün bir səbəb görmürük.
49. Yuxarıdakı əsaslara görə biz, Kafkarisin işində Strasburq Məhkəməsinin tətbiq etdiyi yanaşmanı tətbiq edərək, hesab etmirik ki, həmişəlik həbs cəzası müddətinin azaldılması mümkün olmayan cəza sayılmalıdır. Buna görə də həmişəlik həbs cəzası səbəbindən 3-cü maddə üzrə məsələnin meydana çıxması ilə bağlı hər hansı etiraz cəza təyin edilən zaman irəli sürülməməli, o zaman bildirilməlidir ki, məhbus işin bütün əhəmiyyətli hallarını, o cümlədən cəzasının çəkilmiş müddətini və həbsxanada ikən davranışında olan irəliləyişləri nəzərə alaraq, bundan sonra həbsdə saxlanılmasının qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil etdiyini hesab etmiş olsun.
50. Bu əsalara görə biz cəza müddətinin 3-cü maddəyə zidd olduğu barədə müttəhimin etirazını rədd edirik".
b) R. Ouksa və başqalarına qarşı (R. v. Oakes and others)
50. R. Ouksa və başqalarına qarşı (R. v. Oakes and others) işdə ([2012] EWCA Crim 2435) Apellyasiya Məhkəməsi həmişəlik həbs cəzası barədə qərarların Konvensiyanın 3-cü maddəsinə uyğunluğu məsələsini bir daha nəzərdən keçirdi. Məhkəmə qeyd etdi ki:
"Hər bir sivil ölkə 3-cü maddədə yer alan prinsipi nəzərə alır.
...
Lakin eyni zamanda hər bir sivil ölkə bu prinsipi də nəzərə alır ki, cinayət əməllərinə görə məhkum olunanlar üçün ədalətli cəzanın olması məqsədəuyğundur. Ədalətli və mütənasib cəza ilə əlaqədar olan bu məsələlər rasional debatların və sivil formada fikir ayrılıqlarının predmetidir. Konkret halda hansı cəzanın ədalətli, hansının isə qeyri-insani və ya ləyaqəti alçaldan cəza hesab edilməli olduğunu qiymətləndirərkən təbii olaraq bu sualın cavabı müxtəlif ölkələrdə fərqli olacaq və həmçinin eyni ölkədə müxtəlif vaxtlarda verilən cavablar da fərqli olacaq. Bütün bunlar ən azı qismən hər bir ölkənin tarixindən irəli gələn nəticədir. Ömürlük həbs qərarının Konvensiyanın 3-cü maddəsini, yaxud uzun müddətdən bəri bərqərar olan və cəzanın bütün hallarda müvafiq cinayətə və cinayətkarın şəxsiyyətinə mütənasib olmasını nəzərdə tutan ümumi hüquq prinsipini pozub-pozmaması məsələsi yetərincə müzakirə olunub".
Məhkəmə fikrini davam etdirərək qeyd etdi ki, həm Vellinqtonun işində hakim-lord (aşağıda 54-cü bəndə bax), həm də hazırkı işdə Palatadakı azlıq həmişəlik həbs qərarlarına ciddi narahatlıq doğuran qərarlar kimi baxıblar. Bununla belə, o həm də qeyd etdi ki, digər işlərlə yanaşı Hindlinin (Hindley) və Vellinqtonun işlərində (yuxarıda 46-cı bəndə və aşağıda 57-ci bəndə bax) buna əks olan fikir ifadə edilib. Bu məsələyə dair haqlı, amma ziddiyyətli rəylərə yetərincə diqqət və hörmətlə yanaşmaq lazımdır.
51. Avropa Məhkəməsinin Babar Əhməd və başqaları Birləşmiş Krallığa qarşı (ərizələr № 24027/07, 11949/08, 36742/08, 66911/09 və 67354/09, 10 aprel 2012-ci il), Harkins və Edvards Birləşmiş Krallığa qarşı (ərizələr № 9146/07 və 32650/07, 17 yanvar 2012-ci il) işlərdə və hazırkı işdə çıxardığı qərarları nəzərdən keçirdikdən sonra məhkəmə (qərarının 22-ci bəndində) qeyd etdi ki:
"Avropa Məhkəməsinin qərarlarının bu təhlilindən bizə aydın olur ki, Məhkəmə məsələyə bu mövqedən yanaşır ki, şəxs olduqca ağır cinayətə görə məhkum edildikdən sonra müvafiq cəzalandırma və çəkindirmə vasitəsi qismində həmişəlik həbs qərarı çıxarılmasının qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil edib-etmədiyini müəyyənləşdirmək məhkəmənin mülahizəsinə aid olan məsələdir, bu şərtlə ki, məhbusun cəzasının yüngülləşdirilməsinə əsas verən məsələlərin olub-olmaması məhkəmə tərəfindən araşdırılmış olsun. Qısaca desək, konkret dövlət ömürlük həbs cəzasının çəkilməli olan minimum müddətini nəzərdə tutan qanunvericilik norması qəbul edə və müvafiq hallarda məhkəmə öz mülahizəsi əsasında bu barədə qərar çıxara bilər".
52. Nəhayət, həmişəlik həbs qərarının ən son cəza vasitəsi olduğunu, ədalət mühakiməsinin maraqları tələb etmədiyi təqdirdə birinci instansiya məhkəməsi hakiminin bu cür qərar çıxarmasını tələb edən heç bir qanunvericilik normasının olmadığını və 21 saylı siyahıda əks olunmuş prinsiplərin vəziyyətə uyğunlaşdırılmaqla tətbiq edilməli olduğunu vurğulayaraq məhkəmə sonda bunları bildirdi:
"Nəticə ondan ibarətdir ki, əsas qanunvericiliyin nəticəsi olan həmişəlik həbs qərarı müstəsna dərəcədə ağır olan azsaylı cinayətlər üçün nəzərdə tutulur və bu qərar o halda qəbul edilir ki, hakim bütün ağırlaşdırıcı və yüngülləşdirici hallar araşdırıldıqdan sonra ədalətli cəza və çəkindirmə elementinin həmişəlik həbs qərarının çıxarılmasını tələb etdiyi qənaətinə gəlmiş olsun. Əgər o, əsaslı olaraq bu qənaətə gələrsə, o halda həmişəlik həbs qərarı məqsədəuyğun sayılır, amma bu, yalnız hakimin yuxarıdakı qənaətə gəlməsindən sonra mümkündür. Cəzanın çəkilməli olan minimum müddəti kimi nəzərdə tutulmuş hər hansı məcburi və ya avtomatik müddət yoxdur.
Belə olan halda 2003-cü il tarixli Qanuna əlavə olunmuş 21 saylı siyahının müddəaları və konkret olaraq xüsusilə ağır cinayətin törədildiyi müstəsna hallarda məhkəmənin həmişəlik həbs qərarı çıxarmasına icazə verən həmin siyahının 4-cü bəndinin müddəaları Konvensiyanın 3-cü maddəsi ilə uyğunsuzluq təşkil etmir və ona zidd deyil".
3. R (Vellinqton) Daxili İşlər Nazirinə qarşı ([2008] UKHL 72)
53. Bİrləşmiş Ştatlar birinci dərəcəli adamöldürmə ittihamının iki bəndi üzrə Missuridə məhkəmə qarşısına çıxarılması üçün Ralston Vellinqtonun Birləşmiş Krallıqdan ekstradisiya olunmasından ötrü müraciət etmişdi. Ekstradisiyaya qarşı apellyasiya şikayətində cənab Vellinqton iddia etdi ki, onun təhvil verilməsi Konvensiyanın 3-cü maddəsini pozmuş olacaq və belə əsas gətirdi ki, onun şərti azad edilmə hüququ olmadan ömürlük həbs cəzası formasında qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalacağına dair real risk mövcuddur.
54. Yüksək Məhkəmədə qərar qəbul edilərkən ([2007] EWHC 1109 (Admin)) hakim-lord bu qənaətə gəldi ki, "cəzanın fəlsəfəsi ilə əlaqədar güclü arqumentlər" belə düşünməyə əsas verir ki, şərti azad edilmə hüququ olmadan həmişəlik həbsdə saxlanılma riski öz mahiyyətinə görə Konvensiyanın 3-cü maddəsini pozur. O, qeyd etdi ki:
"Ölüm cəzasının ləğvi bir çox cəhətdən təqdirəlayiq və əsaslı idi; lakin ən ilkin şərt olaraq belə hesab etmək olar ki, hər kəsin həyatı, pis əməllə nə dərəcədə korlanmış olursa-olsun, şəxsiyyətdən ayrılmaz olan dəyərdir. Həyatdan məhrum edilməni müəyyən xüsusi hallarda, məsələn, özünümüdafiə və ya sadəcə müharibə zamanı qəbul etmək olar; amma cəzalandırma məqsədi buna heç vaxt haqq qazandıra bilməz. Hər halda məhbusun azad edilmək ümidi olmadan həbsxanaya salınması bir çox cəhətdən ölüm cəzasına bənzəyir. O, cinayətə görə günahını heç vaxt yuya bilməyəcək. Amma həbsdə keçirdiyi müddətdən həyatında dəyişiklik etmək üçün vaxt kimi istifadə edə bilər, onun cəzası yalnız köksündən son nəfəsi çıxdıqdan sonra bitmiş olur. Ölüm cəzası kimi həmişəlik tarif müddəti də "talion" ("gözə göz, dişə diş") prinsipi kimidir. Amma məhbusa təyin olunmuş cəzanın cinayətlə mücərrəd və ya real simmetriyada olması (bu, "talion" prinsipinin yeganə məziyyətidir) cəzanın mütənasibliyini heç də təmin etmir, çünki həmişəlik tarif müddəti ixtiyari müddətdir: məhbusun nə qədər yaşayacağına müvafiq olaraq, bu müddət günlərlə və ya onilliklərlə ölçülə bilər. Buna görə də bu cəza qeyri-mütənasib olmağa məhkumdur (bu, qüsurlu cəzadır və 3-cü maddədə nəzərdə tutulmuş əsaslara görə pislənilir), amma əlbəttə ki, bu sözlər ölüm cəzasının məntiqinin tətbiq edilmədiyi hallara aiddir, belə ki, müəyyən hallarda cinayət o dərəcədə dəhşətli olur ki, cəza cinayətkarın günahını heç vaxt yuya bilmir. Lakin bu halda məhbusun şəxsiyyətindən ayrılmaz dəyər kimi qəbul edilən məhbusun həyatının dəyəri kiçildilərək sadəcə onun salamat qaldığı müddətlə ölçülür: bu halda layiqli şəraitdə yaşama, şübhəsiz ki, yalnız onun nəfəs alması və həyatını sürməsi ilə məhdudlaşır. Yəni həyatım dəyəri boş sözə çevrilir və layiqincə qiymətləndirilmir".
Bununla belə, o, müəyyən "tərəddüdlə də olsa", hesab etdi ki, müvafiq qərarlar, o cümlədən Avropa Məhkəməsinin qərarları heç də müddətinin azaldılması mümkün olmayan ölüm cəzasının həmişə 3-cü maddə üzrə məsələni meydana çıxardığı anlamına gəlmir.
55. Vellinqtonun Lordlar Palatasına apellyasiya şikayəti üzrə işdə hakim-lordların beşi də Missuri qubernatorunun mərhəmət mülahizəsinə əsaslanma və cəzanı yüngülləşdirmə səlahiyyətlərini nəzərə alaraq bu qənaətə gəldilər ki, yuxarıda qeyd edilən Kafkarisin işində nəzərdən keçirilmiş cəza kimi Vellinqtonun cəzası da azaldıla bilərdi.
56. Onlar həmçinin qeyd etdilər ki, yuxarıda qeyd edilən Kafkarisin işində Məhkəmə yalınız bunu söylədi ki, müddətinin azaldılması mümkün olmayan ölüm cəzasının təyin olunması 3-cü maddə üzrə məsələni meydana çıxara bilər. Hakim-lordların beşi də bu qənaətə gəldilər ki, həmişəlik həbs cəzasının təyin olunması özlüyündə 3-cü maddənin pozuntusu olan qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil etmir, bu şərtlə ki, o, açıq-aydın və ya şəksiz qeyri-mütənasib cəza olmamalıdır. Lord Braun konkret olaraq bu nəticəyə gəldi ki, müəyyən vaxt keçdikdən sonra (istər cəzalandırma, istər çəkindirmə, istərsə də cəmiyyətin müdafiəsi məqsədləri üçün) daha şəxsin həbsdə saxlanılmasına haqq qazandıran heç bir əsasın olmadığı hallar istisna olmaqla, Avropa Məhkəməsi hətta müddətinin azaldılması mümkün olmayan ölüm cəzasını belə 3-cü maddəni pozan cəza hesab etməzdi.
57. Bundan başqa, lord Hoffmann, lord Skott, baronessa Heyl və lord Braun yuxarıda qeyd edilən hakim-lordların belə bir rəyinə şübhə ilə yanaşdılar ki, şərti azad edilmə imkanı olmadan ömürlük azadlıqdan məhrum edilmə "talion" prinsipi kimidir. Lord Hoffmann, baronessa Heyl və lord Braun bu mülahizəni qəbul etmədirlər ki, ölüm cəzasının ləğvi belə bir ideyaya əsaslanıb ki, hər kəsin həyatı şəxsiyyətdən ayrılmaz olan dəyərdir; belə ki, bu cəzanın ləğvi üçün başqa, daha praqmatik səbəblər var, məsələn, ölüm cəzasının geridönməzliyi (yəni cəza səhvən təyin edildikdə bu səhvin düzəldilməsinin mümkünsüzlüyü) və çəkindirici təsirinin olmaması. Lord Skott bu rəyi rədd etdi ki, müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzası məhbusun günahını yumasına imkan yaratmaması səbəbindən qeyri-insani və ləyaqəti alçaldan rəftardır; həmişəlik həbs cəzası ədalətli cəza hesab edilibsə, məhbus bu cəzanı çəkməklə günahının yuyulmasına nail ola bilər.
58. Vellinqtonun Avropa Məhkəməsinə şikayət ərizəsi 5 oktyabr 2010-cu ildə baxılmalı işlərin siyahısından çıxarıldı, belə ki, ərizəçi ərizəsini geri götürmək istədiyini bildirdi: Vellinqton Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 60682/08, 5 oktyabr 2010-cu il).
III. ÖLÜM CƏZALARINA VƏ YA "AÇIQ-AYDIN QEYRİ-MÜTƏNASİB" CƏZALARA DAİR MÜVAFİQ AVROPA HÜQUQU, BEYNƏLXALQ HÜQUQ VƏ MÜQAYİSƏLİ HÜQUQ
59. Ömürlük həbs cəzasının təyin edilməsi və bu cəzaya yenidən baxılması ilə əlaqədar Avropa Şurasının və Avropa İttifaqının müvafiq sənədləri və digər beynəlxalq hüquqi sənədlər, o cümlədən fərdləri bu cür cəza ilə üzləşə biləcəkləri ölkəyə göndərərkən Avropa Şurasına üzv olan dövlətlərin daşıdığı öhdəliklər yuxarıda qeyd edilən Kafkarisin işi üzrə qərarın 68-76-cı bəndlərində əks olunub. Hazırkı işdə Məhkəmənin sərəncamında olan əlavə materialları (və tərəflərin açıq-aydın istinad etdikləri Kafkarisin işi üzrə materialları) aşağıdakı kimi qısaca ümumiləşdirmək olar.
A. Avropa Şurasının sənədləri
1. 76(2) saylı qətnamə
60. 1976-cı ildən başlayaraq Nazirlər Komitəsi uzun müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhbuslarla əlaqədar bir sıra qətnamə və tövsiyələr qəbul etdi. Onlardan birincisi Nazirlər Komitəsinin 17 fevral 1976-cı il tarixli 76(2) saylı qətnaməsidir, bu qətnamədə o, üzv dövlətlərə bir sıra tövsiyələr verib. Həmin tövsiyələrə bunlar daxildir:
"1. uzun müddətə azadlıqdan məhrumetmə cəzalarının yalnız cəmiyyətin müdafiəsi üçün zəruri olduqda təyin edilməsini nəzərdə tutan cinayət hüququ siyasətini yürütmək;
2. [uzun müddətə] azadlıqdan məhrumetmə cəzası çəkənlərlə müvafiq rəftarı təşviq etmək üçün zəruri qanunverici və inzibati tədbirləri görmək;
...
9. şərti olaraq azadlığa buraxılmanın mümkünlüyünü müəyyənləşdirmək üçün bütün məhbusların işlərinin mümkün qədər tezliklə araşdırılmasını təmin etmək;
10. müsbət proqnozun verilməsi mümkün olan kimi, cəzanın çəkilmiş müddəti ilə bağlı qanunvericilik tələblərindən asılı olaraq, məhbusu şərti olaraq azadlığa buraxmaq (məhbusu şərti azadlığa buraxmaqdan imtina edilməsi üçün ümumu preventiv mülahizələr əsas gətirilə bilməz);
11. ömürlük həbs cəzalarının prinsiplərini uzun müddətə azadlıqdan məhrumetmə cəzalarına tətbiq edilən prinsiplərə uyğunlaşdırmaq;
12. ömürlük həbs cəzası ilə əlaqədar olaraq [9-cu bənddə] qeyd edilən araşdırma əvvəllər aparılmayıbsa, həbsdə saxlanılma anından səkkiz ildən on dörd ilədək müddət keçdikdən sonra bu cür araşdırmanın aparılmasını və mütəmadi dövriliklə təkrarlanmasını təmin etmək".
2. 2003(23) saylı tövsiyə
61. 9 oktyabr 2003-cü ildə Nazirlər Komitəsi tərəfindən 2003(23) saylı tövsiyə (ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının penitensiar orqanlar tərəfindən icrası haqqında) qəbul edildi. Tövsiyənin preambulasında deyilir ki:
"Azadlıqdan məhrumetmə cəzalarının icrası bir tərəfdən penitensiar müəssisələrdə təhlükəsizliyin, qayda-qanunun və intizamın təmin edilməsi məqsədləri, digər tərəfdən isə məhbusların layiqli həyat şəraitinin, aktiv rejimlərin və azadlığa buraxılmaq üçün konstruktiv hazırlıqların təmin edilməsi arasında balansın gözlənilməsini tələb edir..."
Daha sonra Tövsiyənin 2-ci bəndində deyilir ki, ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrumetmə cəzalarının icrasının məqsədləri aşağıdakılardan ibarət olmalıdır:
"- həbsxanaların bu məhbuslar üçün və onlarla birgə işləyən və ya onlara baş çəkən bütün şəxslər üçün salamat və təhlükəsiz yer olmasını təmin etmək;
- ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmənin mənfi nəticələrini aradan qaldırmaq;
- azad edildikdən sonra bu məhbusların cəmiyyətə təkrarən uğurla qovuşması və qanuna əməl etməklə yaşaması imkanlarının artırılması və yaxşılaşdırılması".
Tövsiyələr bu cür məhbusların cəzalarının icrası üçün aşağıdakı ümumi prinsipləri özündə ehtiva edir: 1) fərdiləşdirmə prinsipi (ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhbusların fərdi xüsusiyyətlərinin müxtəlifliyi nəzərə alınmalı və cəzaların icrası üçün fərdi planların hazırlanmasında onlara diqqət yetirilməlidir); və 2) tərəqqi prinsipi (məhbusun cəzasının icrası üçün fərdi planlaşdırma onun penitensiar sistem vasitəsilə islahı istiqamətində tərəqqiyə nail olunmasını təmin etmək məqsədini daşımalıdır) (Tövsiyənin 3-cü və 8-ci bəndlərinə bax). Tövsiyəyə əlavə olunmuş izahedici qeydlərdə (Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsi tərəfindən hazırlanıb) əlavə olaraq deyilir ki, tərəqqiyə nail olmanın son məqsədi məhbusun həbsxana həyatından cəmiyyətdəki həyata konstruktiv keçidinə nail olmaqdır (izahedici qeydlərin 44-cü bəndi).
10-cu bənddə (cəzaların icrasının planlaşdırılması) nəzərdə tutulur ki, digər məsələlərlə yanaşı aşağıdakılarla əlaqədar sistematik yanaşmanı təmin etmək üçün bu cür planlardan istifadə olunmalıdır: penitensiar sistem vasitəsilə daha çox məhdudlaşdırıcı rejimdən daha az məhdudlaşdırıcı rejimə keçid istiqamətində tərəqqiyə nail olmaq və ideal halda cəzanın son mərhələsinin açıq rejim şəraitində və yaxşı olar ki, cəmiyyət arasında keçirilməsinə nail olmaq; şərti azadlığa buraxıldıqdan sonra məhbusun qanunlara əməl etməklə yaşamasına və cəmiyyətdəki həyata uyğunlaşmasına şərait yaradan şərtlərin və nəzarət tədbirlərinin tətbiqi.
16-cı bənddə nəzərdə tutulur ki, şəxsiyyətə xas olan təhlükəliliyinin və ya kriminogenliyin daimi xüsusiyyətlər olmadığı nəzərə alınaraq, müvafiq risklərin və tələbatların qiymətləndirilməsi müəyyən dövriliklə təkrarlanmalıdır.
Nəhayət, 33-cü və 34-cü bəndlərdə (cəmiyyətə təkrar inteqrasiyaya nail olma) nəzərdə tutulur ki:
"33. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların uzunmüddətli həbs şəraitindən qanunlara əməl olunan cəmiyyət şəraitinə keçidi ilə əlaqədar konkret problemin öhdəsindən gələ bilmələri üçün onlar azadlığa buraxılmağa xeyli qabaqcadan hazırlanmalıdırlar və bu zaman aşağıdakılar xüsusilə nəzərə alınmalıdır:
- azadlığa buraxılmaya qədərki və buraxılmadan sonrakı konkret planlara olan ehtiyac (bu planlarda müvafiq risklər və tələbatlar nəzərə alınır);
- həbsdə olarkən məhbusların azadlığa buraxılmasına nail olmaq üçün onlarla əlaqədar hər hansı proqramların, müdaxilələrin və ya islah tədbirlərinin həyata keçirilməsinin və onlar azadlığa çıxdıqdan sonra bunların davam etdirilməsinin mümkünlüyünün nəzərdən keçirilməsi;
- penitensiar orqanlarla məhbus azadlığa çıxdıqdan sonra ona nəzarət edən orqanlar, sosial və tibb xidmətləri arasında əməkdaşlığa nail olmaq tələbatı.
34. Ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların şərti azadlığa buraxılması qərarının qəbul edilməsində və icrasında Şərti azadetmə haqqında (2003)22 saylı Tövsiyədə əks olunmuş prinsiplər rəhbər tutulmalıdır".
Tövsiyəyə əlavə olunmuş izahedici qeydlərdə (131-ci bənddə) 34-cü bəndlə əlaqədar deyilir ki:
"(2003)22 saylı Tövsiyədə belə bir prinsip yer alıb ki, olduqca qısa müddətli cəza alanlar istisna olmaqla, şərti olaraq azad edilmə bütün məhbuslar üçün mümkün olmalıdır. Tövsiyənin müddəalarına əsasən, bu prinsip hətta ömürlük həbs cəzasına məhkum edilmiş məhbuslara da şamil olunur. Lakin nəzərə almaq lazımdır ki, ömürlük həbs cəzasına məhkum edilmiş məhbusların şərti azadlığa buraxılmasının mümkünlüyü yalnız tövsiyə olunur və bu o demək deyil ki, onlar bütün hallarda şərti azadlığa buraxılmalıdırlar".
3. 2003(22) saylı tövsiyə
62. 24 sentyabr 2003-cü ildə Nazirlər Komitəsi tərəfindən (2003)22 saylı Tövsiyə (şərti azadetmə haqqında) qəbul edildi. Kafkarisin işində onun təfsilatlı icmalı verilib (yuxarıda qeyd edilən həmin iş üzrə qərarın 72-ci bəndinə bax). Ümumən bu sənəddə məhbusun şərti azad edilməyə hazırlanmasını, şərti azadetmə qərarının qəbulunu, tətbiq edilə bilən şərtləri və prosessual təminatları tənzimləyən bir sıra tövsiyələr verilir. Tövsiyədəki ümumi prinsiplər arasında 3-cü bənddə və 4(a) bəndində yer alan prinsiplər də var, bu bəndlərdə deyilir:
"3. Şərti azadetmə məhbusun həbsxana həyatından qanunlara riayət edilən cəmiyyət həyatına keçidinə kömək etmək məqsədini daşımalı və bu, azad edildikdən sonra ona şərtlərin qoyulması və onun üzərində nəzarətin həyata keçirilməsi yolu ilə baş verməlidir ki, bunlar da həmin məqsədə nail olunmasına, ictimai təhlükəsizliyə və cəmiyyətdə cinayətkarlığın azalmasına şərait yaradır.
4. a) Azadlıqdan məhrum edilmənin zərərli nəticələrini azaltmaq və məhbusların cəmiyyətin təhlükəsizliyini təmin edən şərtlərlə cəmiyyətə qayıdışına şərait yaratmaq üçün qanuna əsasən şərti azad edilmə imkanı bütün məhbuslar üçün, o cümlədən ömürlük azadlıqdan məhrum edilənlər üçün mövcud olmalıdır".
Tövsiyəyə əlavə olunmuş İzahedici memorandumda 4-cü bəndlə bağlı deyilir ki:
"Ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar da azadlığa buraxılmaq ümidindən məhrum edilməməlidirlər. Birincisi, heç kəs iddia edə bilməz ki, ömürlük azadlıqdan məhrum edilənlər cəmiyyət üçün həmişə təhlükəli olaraq qalacaqlar. İkincisi, azadlığa buraxılmaq ümidi olmayan məhbusların həbsdə saxlanılması onlarda əməkdaşlığa stimullar yaratmaq, pozucu davranışların qarşısını almaq, fərdi inkişaf proqramlarını həyata keçirmək, cəzaçəkmə ilə bağlı planlar tərtib etmək və təhlükəsizliyi təşkil etmək baxımından ciddi idarəetmə problemləri yaradır. Buna görə də qanunvericiliklərində real olaraq ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulmuş ölkələr ömürlük azadlıqdan məhrum edilmiş məhbusun cəzasının qalan hissəsini cəmiyyətdə keçirməsinin mümkünlüyü məsələsini və bunun hansı şərtlərlə və hansı nəzarət tədbirləri şəraitində baş verə biləcəyini müəyyənləşdirmək üçün müəyyən illərdən sonra mütəmadi dövriliklə bu cəzaya yenidən baxılması üçün imkanlar yaratmalıdırlar".
4. Faktiki (real) olaraq ömürlük azadlıqdan məhrumetmə cəzaları haqqında CPT-nin işçi sənədi
63. İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) üzvü cənab Yorgen Vorsa Rasmussen (Jørgen Worsaae Rasmussen) tərəfindən hazırlanmış "Faktiki (real) olaraq ömürlük azadlıqdan məhrumetmə cəzaları haqqında" hesabat (CPT (2007) 55, 27 iyun 2007-ci il) Avropa Şurasının ömürlük həbs cəzalarına dair müxtəlif sənədlərində, o cümlədən (2003) 22 və (2003) 23 saylı tövsiyələrində nəzərdən keçirilib və aşağıdakı ifadələrdə öz əksini tapıb: a) şərti azadetmə prinsipi bütün məhbuslara, "hətta ömürlük azadlıqdan məhrum edilmiş məhbuslara" da şamil olunur; və b) Avropa Şurasının üzvü olan bütün dö mərhəmət mülahizələri əsasında azadetməni nəzərdə tutmalıdırlar, amma "azadetmənin bu xüsusi forması" şərti azadetmədən fərqlidir.
Sənəddə bu rəy əks olunub ki, şəxsin azadlıqdan məhrum edilməsində olduğu kimi onun diskresion səlahiyyət əsasında azad edilməsi də icra hakimiyyətinin deyil, məhkəmənin funksiyasına aiddir və bu rəy Danimarka, Finlandiya və İsveçdə ömürlük azadlıqdan məhrumetmə cəzalarına yenidən baxılması prosedurlarında təklif olunan dəyişikliklərin qəbuluna səbəb olub. Sənəddə həmçinin CPT-nin 2007-ci ildə Macarıstana səfəri ilə bağlı hesabatı təqdir edilir və belə bir sitat gətirilir:
"“Ömürlük azadlıqdan məhrum edilənlərə” gəlincə, CPT-nin bu anlayışın özü ilə bağlı ciddi qeyd-şərtləri var, belə ki, bu anlayışa görə bu cür məhbuslar məhkum olunduqdan sonra cəmiyyət üçün daimi təhlükə sayılır və şərti azadlığa buraxılma ümidindən məhrum edilirlər".
Sənədin sonunda aşağıdakı tövsiyələr verilib: məhbusların heç bir kateqoriyasına bütün ömürlərini həbsxanada keçirməli olan məhbus "damğası vurulmamalıdır"; şəxsi azadlığa buraxmaqdan imtina qərarı heç bir halda yekun qərar ola bilməz; və hətta yenidən həbsxanaya qaytarılmış məhbuslar da azadlığa buraxılma ümidindən məhrum edilə bilməzlər.
5. CPT-nin İsveçrəyə dair hesabatı
64. CPT-nin 10-20 oktyabr 2011-ci ildə İsveçrəyə səfərinə dair hesabatında (25 oktyabr 2012-ci il, CPT/Inf (2012) 26) İsveçrənin ömürlük azadlıqdan məhrumetmə sisteminə dair (bu sistemdə cinsi və ya zorakı cinayətlər xüsusilə təhlükəli sayılır və onları törədən şəxslərin islahı mümkünsüz hesab olunur) aşağıdakı qeydlər yer alıb:
"CPT-nin "ömürlük" həbsdə saxlanılma anlayışı ilə bağlı ciddi qeyd-şərtləri var, belə ki, bu anlayışa əsasən xüsusilə təhlükəli və islaholunmaz elan edilmiş insanlar cəmiyyət üçün daimi təhlükə yaradan şəxslər sayılır və beləliklə formal olaraq cəza rejiminin yüngülləşdirilməsinə, yaxud hətta şərti olaraq azadlığa buraxılmağa olan hər cür ümiddən məhrum edilirlər. Belə şəxsin azad edilməsi üçün yeganə yol elm sahəsindəki irəliləyişlər olduğuna görə o, son nəticədə azad edilməsi barədə qərara təsir göstərmək, məsələn, cəzaçəkmənin gedişində öz müsbət davranışı ilə təsir etmək imkanından məhrum olur.
Bununla əlaqədar olaraq CPT Avropa penitensiar qaydaları haqqında Nazirlər Komitəsinin 11 yanvar 2006-cı il tarixli (2006) 2 saylı tövsiyəsinə, habelə Şərti azadetməyə dair Nazirlər Komitəsinin 24 sentyabr 2003-cü il tarixli (2003) 22 saylı tövsiyəsinin 4(a) bəndinə istinad edir, sonuncuda aydın şəkildə qeyd edilir ki, qanuna əsasən şərti azad edilmə imkanı bütün məhbuslar üçün, o cümlədən ömürlük azadlıqdan məhrum edilənlər üçün mövcud olmalıdır. Sonuncu sənədə əlavə olunmuş İzahedici memorandumda təkidlə bildirilir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar azadlığa buraxılma ümidindən məhrum edilməməlidirlər.
Buna görə də CPT hesab edir ki, hər hansı şəxsi azadlığa buraxılmaq üçün heç bir real ümidi olmadan ömürlük həbsdə saxlamaq qeyri-insani tədbirdir. Komitə İsveçrənin dövlət orqanlarını ciddi surətdə dəvət edir ki, "ömürlük" həbsdə saxlama anlayışına müvafiq qaydada yenidən baxsınlar". [tünd şrift mətnin orijinalının özündədir]
B. Beynəlxalq cinayət hüququ
65. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 77-ci maddəsi cinayətlərin xüsusilə ağır olduğu və məhkumun fərdi xüsusiyyətləri buna haqq qazandırdığı hallarda ömürlük həbs cəzasının təyin olunmasına icazə verir. 110-cu maddənin 3-cü bəndində nəzərdə tutulur ki, şəxs ömürlük həbs cəzasının iyirmi beş ilini çəkdikdən sonra Məhkəmə cəza müddətinin azaldılmalı olub-olmadığını müəyyənləşdirmək üçün cəza müddətinə yenidən baxır. Həmin vaxt keçməyənə qədər bu cür yenidən baxma həyata keçirilə bilməz. 110-cu maddənin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulur ki:
"4. 3-cü bənddə nəzərdə tutulmuş yenidən baxmanı həyata keçirərkən Məhkəmə aşağıdakı amillərdən birinin və ya bir neçəsinin mövcud olduğu qənaətinə gələrsə, cəza müddətini azalda bilər:
a) şəxsin istintaq və cinayət təqibi məsələlərində Məhkəmə ilə əməkdaşlığa elə ilk dövrlərdən və davamlı olaraq hazır olması;
b) Məhkəmənin digər işlərdəki qərar və qərardadlarının icrasının təmin edilməsinə şəxsin könüllü yardım göstərməsi və xüsusən cərimə, müsadirə və ya kompensasiya qərarlarının predmeti olan və zərərçəkənlərin xeyrinə istifadə oluna biləcək əmlakların yerinin müəyyənləşdirilməsinə köməklik etməsi; yaxud
c) Prosedur və sübutetmə qaydalarında nəzərdə tutulduğu kimi, şəxsin vəziyyətində açıq-aydın və mühüm dəyişikliklərin baş verdiyini göstərən, cəza müddətini azaltmağa haqq qazandırmaq üçün yetərli olan digər amillər.
5. Məhkəmə 3-cü bənddə nəzərdə tutulmuş yenidən baxmanı ilk dəfə həyata keçirərkən cəza müddətini azaltmağın məqsədəuyğun olmadığını müəyyən edərsə, bundan sonra Prosedur və sübutetmə qaydalarında nəzərdə tutulmuş dövriliklə və orada nəzərdə tutulmuş meyarları tətbiq etməklə cəza müddətinin azaldılması məsələsinə yenidən baxır".
Yenidən baxma proseduru və yenidən baxma üçün əlavə meyarlar Prosedur və sübutetmə qaydalarının 223-cü və 224-cü Qaydalarında əks olunub.
223-cü Qaydada deyilir:
"Cəza müddətinin azaldılması ilə əlaqədar yenidən baxış üçün meyarlar
110-cu maddənin 3-cü və 5-ci bəndlərinə uyğun olaraq cəza müddətinin azaldılması məsələsinə yenidən baxılarkən Apellyasiya Palatasının üç hakimi 110-cu maddənin 4(a) və (b) bəndlərində sadalanan meyarları və aşağıdakı meyarları nəzərə alır:
a) məhkum olunmuş şəxsin həbsdə olduğu dövrdəki davranışının onun cinayət əməlindən səmimi olaraq əl çəkdiyini göstərməsi;
b) məhkum olunmuş şəxsin cəmiyyətdəki həyata uyğunlaşması və uğurla cəmiyyətə qovuşması perspektivi;
c) məhkum olunmuş şəxsin vaxtından əvvəl azad edilməsinin mühüm ictimai qeyri-sabitliyə səbəb olub-olmayacağı məsələsi;
d) məhkum olunmuş şəxs tərəfindən zərərçəkənlərin xeyrinə mühüm hərəkətlərin edilməsi, habelə vaxtından əvvəl azad edilmənin zərərçəkənlərə və onların ailələrinə hər hansı təsir göstərməsi;
e) məhkum olunmuş şəxsin fərdi xüsusiyyətləri, o cümlədən onun fiziki və ruhi sağlamlıq durumunun pisləşməsi və ya onun ahıl yaşda olması".
224-cü Qaydanın 3-cü bəndində deyilir ki, 110-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərarda yenidən baxmanın daha qısamüddətli dövriliyi nəzərdə tutulmayıbsa, Statutun 110-cu maddəsinin 5-ci bəndinin tətbiqi üçün Apellyasiya Palatasının üç hakimi hər üç ildən bir cəza müddətinin azaldılması məsələsinə yenidən baxmalıdırlar. 224-cü Qaydanın 3-cü bəndində həmçinin nəzərdə tutulur ki, məhkumun vəziyyətində mühüm dəyişiklik baş verdiyi təqdirdə həmin üç hakim onun üç il ərzində və ya bu üç hakimin təyin etdiyi daha qısa müddət ərzində cəza müddətinə yenidən baxılması üçün müraciət etməsinə icazə verə bilərlər.
66. Keçmiş Yuqoslaviya üzrə beynəlxalq cinayət tribunalının ("KYBCT") Nizamnaməsinin 27-ci maddəsində nəzərdə tutulur ki, azadlıqdan məhrumetmə cəzaları beynəlxalq tribunal tərəfindən təyin olunan ölkədə çəkilir. Bu cür azadlıqdan məhrum edilmə, onun icrasına beynəlxalq tribunal tərəfindən nəzarət edilməsi şərti ilə, müvafiq dövlətin qüvvədə olan qanunvericiliyinə uyğun olmalıdır. 28-ci maddədə (əfvetmə və ya cəzaların yüngülləşdirilməsi haqqında) deyilir:
"Məhkum olunmuş şəxsin həbsdə saxlanıldığı ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, o, əfv edilmə və ya cəzasının yüngülləşdirilməsi hüququna malikdirsə, müvafiq dövlət beynəlxalq tribunala müvafiq qaydada məlumat verməlidir. Beynəlxalq tribunalın sədri, hakimlərlə məsləhətləşməklə, bu məsələni ədalət mühakiməsinin maraqları və hüququn ümumi prinsipləri əsasında həll edir".
KYBCT-nin Nizamnaməsinin 27-ci və 28-ci maddələrinə bənzər müddəalar həmçinin Ruanda üzrə beynəlxalq cinayət tribunalının Nizamnaməsində (26-cı və 27-ci maddələr), Syerra-Leone üzrə xüsusi məhkəmənin Nizamnaməsində (22-ci və 23-cü maddələr) və Livan üzrə xüsusi tribunalın Nizamnaməsində (29-cu və 30-cu maddələr) yer alıb.
C. Avropa İttifaqı qanunvericiliyi
67. Avropa İttifaqı Şurasının "Avropa həbs orderi və üzv dövlətlər arasında təhvil vermə prosedurları haqqında" 13 iyun 2002-ci il tarixli Çərçivə qərarının 5-ci maddəsinin 2-ci bəndində deyilir:
"barəsində Avropa həbs orderi verilmiş cinayət ömürlük həbs cəzası ilə cəzalandırıla və ya şəxsin həyatı boyu həbsdə saxlanılması barədə qərar çıxarılmasına səbəb ola bilərsə, sözügedən həbs orderi bu şərtlə icra edilə bilər ki, təyin edilən cəzaya və ya tədbirə müraciət əsasında və ya ən geci 20 ildən sonra yenidən baxılması üçün, yaxud həbs orderini vermiş üzv dövlətin qanunvericiliyinə və ya praktikasına uyğun olaraq şəxsə tətbiq edilə bilən, mərhəmət mülahizələrinə əsaslanan və cəzanın və ya tədbirin icra edilməməsinə yönələn tədbirlərin tətbiqi üçün həmin üzv dövlətin hüquq sistemində müddəalar olsun".
D. İştirakçı dövlətlərdə ömürlük həbs cəzaları
68. Məhkəmənin sərəncamındakı müqayisəli materialların əsasında iştirakçı dövlətlərdə aşağıdakı praktikaları müşahidə etmək olar.
Birincisi, hazırda ömürlük həbs cəzasının mövcud olmadığı doqquz ölkə var: Andorra, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Norveç, Portuqaliya, San-Marino, Serbiya və İspaniya. Bu ölkələrdə azadlıqdan məhrumetmənin maksimum müddətləri iyirmi bir ildən (Norveçdə) qırx beş ilədək (Bosniya və Herseqovinada) dəyişir. Xorvatiyada məcmu halında cinayətlər törədildiyi təqdirdə əlli il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.
İkincisi, ömürlük həbs cəzasının təyin edilməsi mümkün olan ölkələrin əksəriyyətində məhbus cəzanın qanunla müəyyən edilmiş müəyyən minimum müddətini çəkdikdən sonra cəza müddətinə yenidən baxılmasını nəzərdə tutan mexanizm var. Cəzaların təyin edilməsinə dair qanunvericiliyin və praktikanın tərkib hissəsinə çevrilmiş bu mexanizm otuz iki ölkənin qanunvericiliyində nəzərdə tutulub: Albaniya (25 il), Ermənistan (20 il), Avstriya (15 il), Azərbaycan (25 il), Belçika (15 il, residivistlər üçün bu müddət 19 və ya 23 ilədək uzadıla bilər), Bolqarıstan (20 il), Kipr (12 il), Çexiya Respublikası (20 il), Danimarka (12 il), Estoniya (30 il), Finlandiya (12 il), Fransa (adi hallarda 18 il, amma müəyyən adamöldürmə hallarında 30 il), Gürcüstan (25 il), Almaniya (15 il), Yunanıstan (20 il), Macarıstan (20 il, əgər məhkəmə başqa cür qərar qəbul etməyibsə), İrlandiya (müəyyən adamöldürmə halları istisna olmaqla, 7 ildən sonra Şərti Azadetmə Şurası cəza müddətinə ilk dəfə yenidən baxır), İtaliya (26 il), Latviya (25 il), Lixtenşteyn (15 il), Lüksemburq (15 il), Moldova (30 il), Monako (15 il), Polşa (25 il), Rumıniya (20 il), Rusiya (25 il), Slovakiya (25 il), Sloveniya (25 il), İsveç (10 il), İsveçrə (15 il, bu müddət 10 ilədək azaldıla bilər), keçmiş Yuqoslaviya respublikası Makedoniya (15 il), Türkiyə (24 il, ağırlaşdırıcı hallarla törədilmiş cinayətə görə ömürlük həbs cəzası təyin olunarkən 30 il, ağırlaşdırıcı hallarla törədilmiş bir neçə cinayətə görə ömürlük həbs cəzası təyin olunarkən 36 il).
Birləşmiş Krallığa gəlincə, Məhkəmə qeyd edir ki, Şotlandiyada ömürlük həbs cəzası barədə qərar çıxararkən hakimdən tələb olunur ki, cəzanın çəkilməli olan minimum müddətini təyin etsin, baxmayaraq ki, bu müddətin məhbusun ömrünün qalan hissəsindən artıq olması ehtimalı ola bilər: Konvensiya hüquqları (uyğunluq) haqqında (Şotlandiya) 2001-ci il tarixli Qanuna bax.
Üçüncüsü, qanunvericiliklərində ömürlük həbs cəzasına məhkum olunmuş məhbusların şərti azadlığa buraxılması üçün heç bir müddəanın olmadığı beş ölkə var: İslandiya, Litva, Malta, Niderland və Ukrayna. Lakin bu ölkələrdə ömürlük həbs cəzasına məhkum olunmuş məhbusların nazirin, prezidentin və ya kralın əfv fərmanı ilə bu cəzanın yüngülləşdirilməsi üçün müraciət etməsinə icazə verilir. İslandiyada ömürlük həbs cəzasının təyin olunması mümkün olsa da, bu cəza heç vaxt təyin olunmayıb.
Dördüncüsü, İngiltərə və Uelsdən əlavə şərti azadetmə sistemlərinin mövcud olduğu daha altı ölkə var, amma bu ölkələrdə xüsusi müddəalar nəzərdə tutulub ki, onlara əsasən müəyyən cinayətlərlə və cəzalarla əlaqədar şərti azadetmə mümkün deyil. Həmin ölkələr bunlardır: Bolqarıstan, Macarıstan, Fransa, Slovakiya, İsveçrə (cinsi və ya zorakı cinayət törədən, təhlükəli və islaholunmaz hesab olunan cinayətkarlar üçün: yuxarıda 64-cü bənddə CPT-nin hesabatına bax) və Türkiyə.
A. Almaniya
69. Almaniya Federativ Respublikasının Əsas Qanununun 1-ci maddəsində nəzərdə tutulur ki, insan ləyaqəti toxunulmazdır və ona hörmət edilməsi və onun müdafiəsi bütün dövlət orqanlarının vəzifəsidir. 2-ci maddənin 2-ci bəndində deyilir:
"Hər kəs yaşamaq və fiziki toxunulmazlıq hüququna malikdir. Bu hüquqlara yalnız qanun əsasında müdaxilə edilə bilər".
"Əsassız qəddarlıqla" adamöldürməyə görə məcburi ömürlük həbs cəzasının bu müddəalara uyğunluğu məsələsi Ömürlük azadlıqdan məhrumetmə işində (lebenslange Freiheitsstrafe) (21 iyun 1977-ci il, 45 BVerfGE 187) Federal Konstitusiya Məhkəməsi tərəfindən nəzərdən keçirildi.[1]
Həmin işdə məhkəmə bu qənaətə gəldi ki, dövlət cinayət törətmiş şəxsin konstitusiya ilə qorunan hüququnun, yəni cəmiyyətdə yaşamağa layiq olma hüququnun ziyanına olaraq həmin şəxsi cinayətkarlığın qarşısının alınması obyektinə çevirə bilməz. İnsan ləyaqətinə və qanunun aliliyinə hörmət o deməkdir ki, ömürlük həbs cəzasının humanistcəsinə icrası yalnız o halda mümkündür ki, müəyyən müddətdən sonra azadlığını yenidən əldə etməsi üçün məhbusa "konkret və real surətdə gerçəkləşdirilə bilən" şans verilmiş olsun; əgər dövlət məhbusu nə vaxtsa azadlıq əldə edilmək ümidindən məhrum edərsə, onun insan ləyaqətinə toxunmuş olar.
Məhkəmə həmçinin vurğuladı ki, insan ləyaqətinə mərkəzi yer verilən istənilən cəmiyyətdə şəxsin islahı konstitusiyanın tələbidir. Cinayətkar cinayəti ilə bağlı günahını yuduqdan sonra ona cəmiyyətə yenidən qayıtmaq şansı verilməlidir. Dövlət (mümkün səlahiyyətləri çərçivəsində) bu məqsədə nail olmaq üçün zəruri olan bütün tədbirləri görməyə borcludur. Həbsxanalar məhbusların yenidən cəmiyyətə qayıtması, öz həyat problemlərinin öhdəsindən gəlmək bacarığını mühafizə etməsi, həbsdə saxlanılmanın mənfi təsirlərinə və həbsdə qalmaqdan irəli gələn şəxsiyyətlərindəki destruktiv dəyişikliklərə onların müqavimət göstərməsi naminə çalışmağa borcludurlar.
Bununla belə, məhkəmə etiraf etdi ki, cəmiyyət üçün təhlükəli olaraq qalan cinayətkarın islah olunması məqsədinə, ola bilər ki, heç vaxt nail olunmasın; bu halda məhz cinayətkarın konkret fərdi xüsusiyyətləri onun ömürlük həbs cəzasını aradan qaldırmağa imkan vermir və uğurla islah olunmasını istisna edir.
Məhkəmə gəldiyi bu nəticələri nəzərə alaraq hesab etdi ki, adamöldürməyə görə ömürlük həbs cəzası mənasız və ya qeyri-mütənasib cəza deyil. Cinayət Məcəlləsinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş məhbusların adətən cəzanın müəyyən müddətini çəkdikdən sonra azadlığa buraxılmaq şansının olması o deməkdir ki, Məcəllənin müvafiq müddəaları Əsas Qanuna uyğun şəkildə şərh və tətbiq edilə bilər.
70. Bu işdən bir müddət sonra baxılmış olan, əlli insanı qaz kamerasına göndərdiyinə görə təyin olunmuş ömürlük həbs cəzasının iyirmi ilini çəkmiş səksən altı yaşlı ərizəçi ilə əlaqədar olan Hərbi cinayətkarın işində (72 BVerfGE 105 (1986)) məhkəmə hesab etdi ki, şəxsin cinayətinin ağırlığı onun ömürlük həbs cəzasının çəkilməli olan müddətinə təsir göstərə bilər. Bununla belə, məhkəmə bu kimi amilləri şəxsin fərdi xüsusiyyətləri, ruhi durumu və yaşı ilə müqayisə edərək balanslaşdırarkən cinayətin ağırlığını həddən artıq qabartmamalıdır. Bu cür işdə ərizəçinin azadlığa buraxılmaq üçün vəsatətinə sonradan yenidən baxılarkən ərizəçinin şəxsiyyətinə, yaşına və həbsxanadakı davranış tarixçəsinə əvvəlki araşdırma ilə müqayisədə daha artıq önəm verilməsi tələb olunur. Bunun səbəbi ondan ibarətdir ki, şəxsin həbsdə saxlanılmasından qeyr-adi dərəcədə uzun müddət keçdikcə cəzanın mənfi nəticələri daha da güclənir.
Xüsusən cinayətin ağırlığı adamöldürmə üçün nəzərdə tutulan minimum müddətdən daha artıq cəza müddəti tələb edirsə, Əsas Qanun ömürlük həbs cəzasının müddətinin bütünlüklə çəkilməsini prinsipcə istisna etmir. Lakin hətta belə hallarda da azadlığa buraxılma məsələsinə yalnız şəxs ruhi və ya fiziki cəhətdən gücdən düşdüyü və ya ölümü yaxınlaşdığı təqdirdə baxılması Əsas Qanuna ziddir. Bu əsaslara görə azadlığa buraxılma, cinayətin xarakterindən asılı olmayaraq, insan ləyaqətinə, yaxud hər bir məhbusun yenidən azadlıq əldə etməsi üçün konkret və real şansa malik olması zərurətinə uyğun deyil.
71. Federal Konstitusiya Məhkəməsi Türkiyədə "ağırlaşdırıcı hallarla törədilmiş cinayətə görə ölənə qədər həbsdə saxlanılma" cəzası ilə üzləşən cinayətkarın ekstradisiyasına dair işə baxaraq 16 yanvar 2010-cu il tarixli qərar (BVerfG, 2 BvR 2299/09) çıxardı. Almaniya hökuməti həmin şəxsin azadlığa buraxılması məsələsinə baxılacağına dair zəmanətlər istəmiş və cavab almışdı ki, Türkiyə Prezidenti xroniki xəstəlik, əllilik və ya ahıllıqla əlaqədar olaraq məhkumu cəzanın qalan hissəsini çəkməkdən azad etmək səlahiyyətinə malikdir. Məhkəmə ekstradisiyaya icazə verməkdən imtina edərək bu qənaətə gəldi ki, cəzadan azad etmə səlahiyyəti azadlığa buraxılma ilə bağlı yalnız qeyri-müəyyən ümid yaradır və buna görə də yetərli deyil. Xarici ölkələrin hüquq qaydasına hörmət edilməsinin zəruriliyinə baxmayaraq, əgər şəxsin azadlığa buraxılma perspektivi praktiki olaraq yoxdursa, bu cür cəza qəddar və ya ləyaqəti alçaldan (grausam und erniedrigend) cəza təşkil edir və Əsas Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş insan ləyaqətinə hörmət tələblərini pozur.
F. İtaliya
72. İtaliya Konstitusiyasının 27-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulur ki, cəzalar qeyri-insani olmamalı və məhkumun islah olunmasına yönəlməlidir.
İtaliya Konstitusiya Məhkəməsi Konstitusiyanın 27-ci maddəsinin 3-cü bəndi üzrə dörd mühüm qərar qəbul edib.
27 iyun 1974-cü ildə məhkəmənin qəbul etdiyi birinci qərar (204/1974) məhbusun şərti azad edilmək üçün Ədliyyə Nazirinə müraciət etdiyi işlə əlaqədar idi. Ədliyyə Naziri cəzanın icrasına görə məsul olan hakimlə məsləhətləşmiş, o isə öz növbəsində Nazirin şərti azadetmə barədə qərarlar çıxararkən istinad etdiyi şərti azadetmə barəsindəki müvafiq qanunun konstitusiyaya uyğunluğu məsələsinə dair rəy verilməsi üçün işi Konstitusiya Məhkəməsinə göndərmişdi. Konstitusiya Məhkəməsi Konstitusiyanın 27-ci maddəsinin 3-cü bəndi əsasında bu qənaətə gəldi ki, islah olunma hər bir cəzanın məqsədi və hər bir məhbusun hüququdur. Belə olan halda cəzaya yenidən baxılması mümkün olmalıdır və cəzanın çəkilmiş müddətini nəzərə almaqla islah məqsədinə nə dərəcədə nail olunduğunun müəyyənləşdirilməsi icra hakimiyyətinin üzvü tərəfindən deyil, hakim tərəfindən həyata keçirilməlidir. Məhkəmə həmçinin vurğuladı ki, müvafiq şərtlər nəzərə alınmaqla, şərti azadetmə islah məqsədinə nail olunmasında mühüm vasitədir. Məhkəmə II Dünya Müharibəsi zamanı törədilmiş cinayətlərə görə hərbi həbsxanalarda ömürlük həbs cəzası çəkən iki alman hərbçisi barəsindəki qərarında da (192/1976) eyni nəticəyə gəldi.
Məhkəmənin 7 noyabr 1974-ü il tarixli ikinci qərarı (264/1974) Verona andlılar məhkəməsinin ona verdiyi belə bir sorğu ilə əlaqədar idi ki, ömürlük həbs cəzası məhbusun islahına imkan verirmi və beləliklə 27-ci maddənin 3-cü bəndinə uyğundurmu? Öncə qəbul etdiyi 27 iyun 1974-cü il tarixli qərarında məhkəmə bu qənaətə gəldi ki, şərti azadetmə imkanı həqiqətən mövcuddur (hətta ömürlük həbs cəzasına məhkum edilmiş məhbuslar üçün də) və şərti azadetmə barədə qərarlar icra hakimiyyəti tərəfindən deyil, məhkəmə hakimiyyəti tərəfindən qəbul edilməlidir. Bu amillər o demək idi ki, ömürlük həbs cəzasına məhkum edilmiş məhbusun islahı mümkündür və belə olan halda ömürlük həbs cəzasını təyin etmə praktikası 27-ci maddənin 3-cü bəndinə uyğundur.
Üçüncü qərar (21 sentyabr 1983-cü il, № 274/1983) İtaliya qanunvericiliyindəki müddəa ilə əlaqədar idi, bu müddəa həmin dövrdə cəzaların çəkilmiş müddətinin hər altı ayı üçün cəzanın qalan müddətini iyirmi gün azaltmağa imkan verirdi, amma ömürlük həbs cəzası çəkənlərə şamil olunmurdu. Bu müddəanı konstitusiyaya zidd elan edərək məhkəmə xatırlatdı ki, 27-ci maddənin 3-cü bəndi fərq qoyulmadan bütün cəzalara şamil olunur və cəzaların azaldılmasına imkan verən müddəanın (onun bəyan edilmiş məqsədi islah olunmanı stimullaşdırmaq idi) prinsipcə ömürlük həbs cəzalarına tətbiq edilməsinə heç nə mane ola bilməzdi. Bu qərarın ömürlük həbs cəzaları ilə əlaqədar nəticəsi ondan ibarət oldu ki, cəzaların azaldılması barədə müddəalar ömürlük həbs cəzası çəkən məhbusların şərti azad edilmə hüququ əldə edənə qədər çəkdikləri cəza müddətinə şamil olundu.
Dördüncü qərar (2-4 iyun 1997-ci il, № 161/1997) Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə əlaqədar idi, həmin maddədə nəzərdə tutulurdu ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbus şərti azadetmənin şərtlərini pozarsa (və beləliklə həbsxanaya qaytarılarsa), gələcəkdə şərti azadlığa buraxılmaq üçün müraciət etmək hüququnu itirir. İslah olunma barəsindəki əvvəlki qərarlarını və islah olunma üçün şərti azadetmənin vacibliyini xatırladaraq, Konstitusiya Məhkəməsi bu qənaətə gəldi ki, 177-ci maddənin doğurduğu nəticə ondan ibarətdir ki, məhbusun islah olunması imkanı tamamilə aradan qalxmış olur. Məhkəm daha sonra bu qənaətə gəldi ki, şərti azad edilmə imkanı ömürlük həbs cəzasını 27-ci maddənin 3-cü bəndinə uyğun hala gətirən yeganə vasitədir; əgər belə imkan olmasa, bu cəza 27-ci maddənin 3-cü bəndinə uyğun olmaz. Buna görə də 177-ci maddə konstitusiyaya ziddir. Bundan sonra təkcə o qalırdı ki, qanunverici orqan şərti azadetməyə hansı şərtlərlə nail oluna biləcəyini müəyyənləşdirsin, bu şərtlə ki, həmin şərtlər Konstitusiyaya uyğun olmalı idi.
G. Açıq-aydın qeyri-mütənasib cəzalarla və ömürlük həbs cəzaları ilə əlaqədar digər ölkələrin presedent hüququ
1. "Açıq-aydın qeyri-mütənasiblik"
73. Açıq-aydın qeyri-mütənasib cəzalara qoyulan qadağalara aşağıdakı ölkələrin qanunlarında və ya presedent hüququnda rast gəlmək olar:
- Kanada (Hüquqlar haqqında Xartiyanın 12-ci maddəsi: R Smitə (Edvard Deveyə) qarşı (R v. Smith (Edward Dewey), [1987] 1 SCR 1045); R Lakstona qarşı (R v. Luxton [1990] 2 SCR 711); və R Latimerə qarşı (R v. Latimer [2001] 1 SCR 3) işlərdə bu maddənin şərhi verilib);
- Honkonq (Lau Çeonq Honkonq xüsusi inzibati regionuna qarşı) (Lau Cheong v. Hong Kong Special Administrative Region [2002] HKCFA 18);
- Mavriki (Konstitusiyanın 7-ci maddəsi; Dövlət Filibertə qarşı (State v. Philibert), [2007] SCJ 274);
- Namibiya (Dövlət Tkoibə qarşı (State v. Tcoeib), [1997] 1 LRC 90), aşağıda 74-cü bəndə bax); Dövlət Vrisə qarşı (State v. Vries), 1997 4 LRC 1); və Dövlət Likuvaya qarşı (State v. Likuwa), [2000] 1 LRC 600);
- Yeni Zelandiya (Hüquqlar haqqında Bill barəsində Yeni Zelandiya Qanunu, 1990);
- Cənubi Afrika (Dodo Dövlətə qarşı (Dodo v. the State) (CCT 1/01) [2001] ZACC 16); Nimand Dövlətə qarşı (Niemand v. the State) (CCT 28/00) [2001] ZACC 11); və
- Amerika Birləşmiş Ştatları (Konstitusiyaya Səkkizinci Düzəliş; bu düzəlişin şərhi digər qərarlarla yanaşı aşağıdakı iş üzrə məhkəmə qərarında verilib: Qrehem Floridaya qarşı, (Graham v. Florida) 130 S. Ct. 2011, 2021 (2010)).
2. Ömürlük həbs cəzaları
74. Dövlət Tkoibə qarşı işdə ([1997] 1 LRC 90) Namibiya Ali Məhkəməsi diskresion səlahiyyət əsasında ömürlük həbs cəzası təyin olunmasının ölkə konstitusiyasının 8-ci maddəsinə uyğunluğu məsələsini nəzərdən keçirdi (həmin maddənin "c" bəndinin mətni Konvensiyanın 3-cü maddəsinin mətni ilə eynidir). Baş hakim Mahomed məhkəmənin yekdil rəyini ifadə edərək bildirdi ki, qanun əsasında müvafiq azadetmə sisteminin mövcudluğu yetərlidir, amma onu da qeyd etdi ki, əgər azadetmə penitensiar orqanların və ya icra hakimiyyəti orqanlarının diskresion səlahiyyətlərini "öz istədikləri kimi" həyata keçirmələrindən asılı olarsa, azadlığa buraxılma ümidi "çox zəif olar" və 8-ci maddənin nəzərdə tutduğu məhbusun ləyaqətinin qorunması tələbi baxımından "öncədən proqnozlaşdırıla bilməyən durum yaranar".
Baş hakim həmçinin qeyd etdi ki:
"Ömrünün qalan hissəsi ərzində vətəndaşın bilərəkdən həbsxanaya salınması ... faktiki olaraq həbsxananın çıxış qapılarını məhbusun üzünə birdəfəlik bağlayan və ömrünün qalan hissəsi ərzində onun bu şəraitdən qanuni yolla qurtulması üçün heç bir perspektiv saxlamayan və sonradan yarana biləcək heç bir haldan asılı olmayan cəza təşkil edirsə, buna haqq qazandırmaq olmaz. Belə hallar sırasına cinayətkarın xarakterində sosioloji və psixoloji təkamülün baş verməsi daxildir ki, bu zaman onun bir neçə ildən sonra azad edilməsinin başqalarının təhlükəsizliyinə təhlükə yarada biləcəyi ilə bağlı əvvəlki qorxu artıq aradan qalxa bilər, yaxud sübutlar hər hansı digər formada ona dəlalət edə bilər ki, cinayətkar elə bir ahıl yaşa və ya zəif və xəstə duruma gəlib çatıb ki, yaxud da keçmişi ilə bağlı o qədər peşmançılıq keçirir ki, həmin cinayətkarın həbsdə saxlanılmasının davam etdirilməsi qəddarlığa bərabərdir və həbsdə saxlanılmanın müdafiəsi üçün daha ictimai maraq mülahizələri əsas gətirilə bilməz".
Baş hakim əlavə etdi ki, bu cür "qarşılıqlı ümidsizlik durumu" cəmiyyətdə islahatlar aparılmasını və həbsdə olduqları müddətdə məhbusların islah olunmasını tələb edən Namibiya Konstitusiyasına ziddir.
75. De Buşervill Mavriki Dövlətinə qarşı işdə ([2008] UKPC 70) ərizəçi ölüm cəzasına məhkum olunmuşdu. Mavrikidə ölüm cəzası ləğv edildikdən sonra onun cəzası ömürlük həbs cəzası ilə əvəz olundu. Məxfi Şuranın Məhkəmə Komitəsi yuxarıda qeyd edilən Kafkarisin işi üzrə Avropa Məhkəməsinin qərarını nəzərdən keçirdi və bu qənaətə gəldi ki, Kiprdə mövcud olan, Kafkarisin azadlığa buraxılma ümidi olmadan həbsdə qalmasının qarşısını alan təminatlar Mavrikidə mövcud deyil. Mavriki Ali Məhkəməsi bu cür cəzanı de Buşervillin ömürlük katorqa cəzasına məhkum edilməsi kimi təfsir etdi, bu elə bir cəza idi ki, şərti azadetmə və cəzanın yüngülləşdirilməsi barədə müvafiq qanunvericilik normaları ona şamil olunmurdu. Məxfi Şuranın rəyinə görə, bu o demək idi ki, bu cəza açıq-aydın qeyri-mütənasib və əsassızdır və beləliklə Mavriki Konstitusiyasının 10-cu maddəsinə (qanun vasitəsilə müdafiə edilmək hüququna, o cümlədən ədalətli məhkəmə araşdırması hüququna dair müddəalara) ziddir.
Ərizəçi onu da iddia etdi ki, cəzanın məcburi xarakter daşıması Konstitusiyanın 7-ci maddəsini (işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan cəzaya, yaxud digər bu kimi rəftara qoyulan qadağanı) pozur. 10-cu maddə ilə əlaqədar gəldiyi nəticəni nəzərə alaraq, Məxfi Şura bu məsələni, yaxud da 75-ci maddə əsasında azad edilmə imkanının (prezidentin əfvetmə hüququ) bu işə aidiyyəti məsələsini araşdırmağa ehtiyac görmədi. Bununla belə, o, hesab etdi ki, Kiprdə mövcud olan təminatlar (Ədliyyə Nazirinin şəxsin azadlığa buraxılmasını tövsiyə etmək səlahiyyəti və Prezidentin cəzaları yüngülləşdirmək və ya şəxsin azad edilməsi barədə fərman vermək səlahiyyətləri formasında) Mavrikidə mövcud deyil. Məxfi Şura həmçinin hesab etdi ki, məcburi ölüm cəzaları ilə ömürlük həbs cəzaları arasında hər hansı fərqlər, ola bilsin ki, şişirdilib və bu baxımdan Liçnyakın işində lord Binqemin çıxışını və Vellinqtonun işində hakim-lordların çıxışını təqdir edərək həmin çıxışlardan sitat gətirdi (yuxarıda 45-ci və 54-cü bəndlərdə gətirilən sitatlar).
IV. MƏHBUSLARIN İSLAHINA DAİR MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR
76. Həbs cəzasının məqsədləri barədə Avropa Şurasının və beynəlxalq qurumların müvafiq sənədləri, xüsusən məhbusların islahına xüsusi önəm verən sənədlər Dikson Birləşmiş Krallığa qarşı iş üzrə qərarda əks olunub ([BP], ərizə № 44362/04, 28‑36-cı bəndlər, ECHR 2007‑V). Həmin sənədlərin bu işə aidiyyəti olan hissələrini qısaca aşağıdakı şəkildə ümumiləşdirmək olar.
A. Avropa Şurasının sənədləri
77. (2003)22 və (2003)23 saylı tövsiyələrin məhbusların islahına və azadlığa buraxılmağa hazırlanmasına aid olan hissələrindən əlavə, Avropa Şurasının bu məsələyə dair aparıcı sənədi 2006-cı il tarixli Avropa penitensiar qaydalarıdır.
Qaydaların əsas prinsiplərindən biri 6-cı Qaydada yer alıb, həmin prinsip aşağıdakıları nəzərdə tutur:
"Bütün hallarda həbsdə saxlanılma azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına şərait yaradan tərzdə təşkil olunmalıdır".
102.1-ci Qaydada nəzərdə tutulur ki, məhkum olunmuş məhbusların saxlanma rejimi onların məsuliyyətlə və cinayət törətmədən yaşamalarına imkan yaradılmasına yönəlməlidir. 2006-cı il tarixli Qaydaların şərhində (Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsi tərəfindən hazırlanıb) deyilir ki, 102-ci Qayda əsas beynəlxalq sənədlərin, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin 3-cü bəndinin tələblərinə uyğundur (aşağıda 80-ci bəndə bax).
103-cü Qayda məhkum olunmuş məhbuslara müvafiq rejimin tətbiqini tənzimləyir. Həmin Qaydanın müvafiq hissələrində deyilir:
"103.2. Məhkum olunmuş şəxslərin [həbsxanaya] qəbulundan sonra mümkün qədər tezliklə onlar üçün şəxsi iş açılır və onların hər biri üçün təklif olunan cəzaçəkmə planları və onların azadlığa buraxılmağa hazırlanması strategiyası tərtib edilir.
...
103.4. Belə planlara praktiki cəhətdən mümkün olan dərəcədə aşağıdakı məsələlər daxil edilməlidir:
a. iş;
b. təhsil;
c. digər növ fəaliyyətlər; və
d. azadlığa buraxılmağa hazırlanma.
...
103.8. Müvafiq cəzaçəkmə planlarının tərtib edilməsinə və ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların saxlanma rejimlərinə xüsusi diqqət yetirilməlidir".
107-ci Qaydada (bu Qayda məhkum olunmuş məhbusların azad edilməsi haqqındadır) digər məsələlərlə yanaşı nəzərdə tutulur ki, uzunmüddətli cəzalar almış məhbuslar barəsində onların tədricən cəmiyyətdəki azad həyata qayıdışını təmin edən tədbirlər görülməlidir (107.2-ci Qayda); və məhkum olunmuş bütün məhbusların cəmiyyətdəki həyata qayıtmalarına imkan yaratmaq üçün penitensiar orqanlar azadlığa buraxılmış məhbuslara nəzarət və kömək edən xidmətlərlə və idarələrlə sıx əməkdaşlıq şəraitində işləməlidirlər (107.4-cü Qayda).
B. Birləşmiş Millətlər Təşkilatının Minimal standart qaydaları
78. Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla rəftara dair minimal standart qaydaları (1957-ci il) məhkum olunmuş məhbuslarla bağlı aşağıdakı rəhbər prinsipləri özündə ehtiva edir:
"58. Azadlıqdan məhrumetmə cəzasının və ya azadlıqdan məhrum edilmə ilə bağlı analoji tədbirin məqsədi son nəticədə cəmiyyəti cinayətkarlıqdan qorumaqdır. Bu məqsədə yalnız o halda nail olmaq olar ki, azadlıqdan məhrumetmə müddətini çəkdikdən və cəmiyyətdəki həyata qayıtdıqdan sonra hüquqpozan təkcə qanunvericiliyə tabe olmaq və öz yaşayışını təmin etmək istəyində olmasın, həm də buna qadir olsun.
59. Bunun üçün müəssisə ixtiyarında olan və məqsədəuyğun hesab etdiyi bütün islahedici, tərbiyəvi, mənəvi, psixi və digər qüvvələrdən və yardım növlərindən istifadə etməli və onları məhbusların fərdi qaydada islah olunmasının tələbatlarına uyğun surətdə tətbiq etməyə çalışmalıdır.
60. 1) Müəssisədə qəbul edilmiş rejim məhbuslarda məsuliyyət hissini və ya insan ləyaqətinə hörmət hissini zəiflədən həbsxana həyatı ilə azadlıqdakı həyat arasındakı fərqin minimuma endirilməsinə yönəlməlidir.
2) Yaxşı olar ki, cəza müddəti bitməzdən əvvəl məhbusun tədricən cəmiyyətdəki həyata qayıtması üçün tədbirlər görülsün. Bu məqsədə, hər bir konkret haldan asılı olaraq, azad olunanlar üçün ya müəssisənin özündə, ya da hər hansı başqa müəssisədə xüsusi rejim tətbiq etməklə, yaxud da məhbusları müəyyən növ nəzarətin olması şərti ilə sınaq müddətinə azad etməklə nail olmaq olar, amma həmin nəzarət polis orqanlarının üzərinə qoyulmamalı və effektiv sosial yardımla birgə həyata keçirilməlidir.
61. Məhbuslarla davranışda onların cəmiyyətdən kənarlaşdırılmaları deyil, cəmiyyətin tərkib hissəsi olaraq qalmaları önə çəkilməlidir. Buna görə də, məhbusların cəmiyyətdəki həyata qaytarılması məqsədi ilə mümkün olan hallarda ictimai təşkilatları müəssisələrin personalı ilə əməkdaşlığa cəlb etmək lazımdır...
...
Məhbuslarla rəftar
65. Azadlıqdan məhrumetmə cəzasına və ya digər analoji tədbirə məruz qalmış şəxslərlə davranarkən, onların çəkdikləri cəza müddətini nəzərə almaqla, onlarda qanunlara tabe olmaq və azad edildikdən sonra öz yaşayışını təmin etmək istəyini oyatmağa və bunu həyata keçirmələrini onlara təlqin etməyə çalışmaq lazımdır. Onlarla elə rəftar edilməlidir ki, onlarda özünəhörmət və məsuliyyət hissi möhkəmlənsin.
66. 1) Bu məqsədlə məhbusun fərdi tələbatları, sosial və cinayət tarixçəsi, fiziki və əqli qabiliyyətləri və imkanları, fərdi xarakteri, həbsdə saxlanma müddəti və azad edildikdən sonrakı perspektivləri nəzərə alınmaqla, hansı ölkələrdə mümkündürsə dini qayğı da daxil olmaqla təhsil, peşə tədrisi və təlimi, sosial xidmətlərin göstərilməsi, məşğulluqla bağlı məsləhətlərin verilməsi, fiziki tərbiyə və xarakterin möhkəmləndirilməsi istiqamətində bütüm məqsədəuyğun tədbirlər görülməlidir.
79. İslah olunma barəsində qeydlər həmçinin 24-cü və 62-ci Qaydalarda (məhbusun islah olunmasına mane ola biləcək hər hansı fiziki və ya mənəvi qüsurları nəzərə almaq və müalicə etmək), 63-cü Qaydada (açıq şəraitin olması), 64-cü Qaydada (azad edilmədən sonra köməklik göstərilməsi), 67-ci Qaydada (təsnifat və fərdiləşdirmə), 75-ci Qaydanın 2-ci bəndində (iş), 80-ci Qaydada (həbsxana xaricindəki insanlarla münasibətlər) yer alıb.
C. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
80. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin müvafiq hissələrində deyilir:
"1. Azadlıqdan məhrum edilmiş bütün şəxslər onlarla humanistcəsinə davranılması və insan şəxsiyyətinə xas olan ləyaqətlərinə hörmət edilməsi hüququna malikdirlər.
...
3. Penitensiar sistem çərçivəsində əsas məqsədi məhbusların islah olunmasından və sosial baxımdan yenidən tərbiyələndirilməsindən ibarət olan rejim nəzərdə tutulur. Yetkinlik yaşına çatmayan hüquqpozanlar yetkinlik yaşına çatanlardan ayrılır və yaşlarına və hüquqi statuslarına uyğun olan rejimlərdə saxlanılırlar".
81. 10-cu maddəyə dair 21 (1992) saylı ümumi şərhində İnsan Hüquqları Komitəsi digər məsələlərlə yanaşı bildirib ki, penitensiar sistem təkcə cəzalandırma xarakteri daşımamalıdır; mahiyyət etibarı ilə onun məqsədi məhbusun islah olunmasından və cəmiyyətə qayıdışından ibarət olmalıdır (şərhin 10-cu bəndinə bax).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
82. Böyük Palatadakı icraatda ərizəçilər bu şikayətlərində israr etdilər ki, onların barəsindəki həmişəlik həbs qərarları Konvensiyanın 3-cü maddəsinə ziddir, həmin maddədə aşağıdakılar nəzərdə tutulur:
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
A. Palatanın gəldiyi nəticələr
83. Palataya təqdim etdikləri arqumentlərdə tərəflər bu məsələyə dair ümumi mövqedə oldular ki, hər hansı açıq-aydın qeyri-mütənasib cəza 3-cü maddəyə zidd olan qəddar rəftar təşkil edir. Palata bu mülahizə ilə razılaşdı (o, bu mülahizənin geniş şəkildə qəbul edildiyini qeyd etdi və cəzanın hansı hallarda qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil etdiyini müəyyənləşdirmək üçün müvafiq meyarları tətbiq etdi), amma vurğuladı ki, bu meyara uyğun gələn hallar yalnız "nadir və unikal hallardır" (Palatanın qərarının 88-ci və 69-cu bəndləri).
84. Palata daha sonra bu qənaətə gəldi ki, cəzanın açıq-aydın qeyri-mütənasib olmaması barədə ümumi tələbi nəzərə almaqla, ömürlük həbs cəzalarının üç növünü fərqləndirmək lazımdır (Palatanın qərarının 90-cı bəndi):
i) cəzanın müəyyən minimum müddəti çəkildikdən sonra azadlığa çıxma hüququ olmaqla ömürlük həbs cəzası;
ii) diskresion səlahiyyət əsasında təyin olunan, şərti azad edilmə imkanı olmadan ömürlük həbs cəzası (yəni, bu cür cəza qanunla nəzərdə tutulmuş olur, amma onun təyin olunması üçün məhkəmənin qərarı tələb olunur); və
iii) şərti azad edilmə imkanı olmadan məcburi ömürlük həbs cəzası (yəni, konkret cinayət əməlinə görə cəza qanunla nəzərdə tutulmuş olur və həmin cəzanı təyin edib-etməmək məsələsi hakimin mülahizəsinə buraxılmır).
85. Palata hesab etdi ki, birinci növ cəzanın müddəti açıq-aydın azaldıla bilər və buna görə də bu halda 3-cü maddə üzrə hər hansı məsələ meydana çıxmır (Palatanın qərarının 91-ci bəndi).
85. İkinci növ cəzaya gəlincə, Palata aşağıdakıları qeyd etdi:
"Adətən belə cəzalar olduqca ciddi cinayətlərə, məsələn, adamöldürməyə və ya qəsd niyyəti olmadan qətl törətməyə görə təyin olunur. İstənilən hüquq sistemində belə cinayətlər, əgər ömürlük həbs cəzasına səbəb olmursa, adətən uzun müddətə, bəlkə də bir neçə onilliyə azadlıqdan məhrumetmə cəzasına səbəb olur. Buna görə də bu cür cinayətə görə məhkum olunmuş hər hansı müttəhim, ömürlük və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası almasından asılı olmayaraq, həbsxanada uzun illər keçirməlidir ki, onun azadlığa buraxılması üçün real ümid yaranmış olsun. Beləliklə, buradan belə nəticə çıxır ki, ömürlük həbs cəzası məhkəmə tərəfindən müvafiq yüngülləşdirici və ağırlaşdırıcı amillərin hamısı nəzərə alınmaqla diskresion səlahiyyət əsasında təyin olunubsa, cəzanın təyin edildiyi anda 3-cü maddə üzrə məsələ meydana çıxa bilməz".
87. Bu əsaslara görə Palata bu qənaətə gəldi ki, 3-cü maddə üzrə məsələ yalnız o halda meydana çıxa bilər ki, aşağıdakılar sübuta yetirilmiş olsun: 1) ərizəçinin həbsdə saxlanılmasının davam etdirilməsinə hər hansı qanuni cəzalandırma məqsədləri ilə daha haqq qazandırıla bilməz; və 2) faktiki və hüquqi cəhətdən cəza müddətinin azaldılması qeyri-mümkündür (Palatanın qərarının 92-ci bəndinə bax).
88. Üçüncü növ cəzaya, yəni şərti azad edilmə imkanı olmadan məcburi ömürlük həbs cəzasına gəlincə, Palata bu qənaətə gəldi ki, bu halda cəzanın açıq-aydın qeyri-mütənasib olub-olmaması ilə bağlı daha ciddi araşdırma tələb olunsa da, bu cür cəza özlüyündə Konvensiyaya zidd deyil və bu zaman 3-cü maddə üzrə məsələnin meydana çıxa biləcəyi hallar şərti azad edilmə imkanı olmadan diskresion səlahiyyət əsasında ömürlük həbs cəzasının təyin olunduğu hallarla eynidir.
89. Palata bu meyarları tətbiq edərək bu qənaətə gəldi ki, faktiki olaraq ərizəçilərin cəzaları şərti azad edilmə imkanı olmadan diskresion səlahiyyət əsasında təyin olunan ömürlük həbs cəzaları idi.
90. Palata daha sonra qeyd etdi ki, mərhəmət mülahizəsi əsasında nazirin məhbusları azad etməsi siyasətinin tətbiq dairəsi, belə görünür ki, yuxarıda qeyd edilən Kafkarisin işində nəzərdən keçirilmiş Kiprin əfvetmə siyasətinin tətbiq dairəsindən xeyli məhduddur. Birincisi, bu o demək idi ki, məhbus, hətta həbsdə saxlanılmasının davam etdirilməsinə hər hansı qanuni cəzalandırma məqsədləri ilə daha haqq qazandırmaq mümkün olmasa belə, sağalmaz xəstəliyə düçar olmayana və ya fiziki cəhətdən fəaliyyət qabiliyyətini itirməyənə qədər həbsxanada qalacaq. İkincisi, Palata qeyd etdi ki, İngiltərə və Uelsdəki əvvəlki qanunvericiliyik sisteminə əsasən, həmişəlik həbs qərarına yenidən baxılmasına məhbus cəzasının iyirmi beş ilini çəkdikdən sonra ehtiyac yaranırdı. Bu yenidən baxma mexanizminin hazırkı qanunvericiliyə, yəni 2003-cü il tarixli Qanuna daxil edilməməsinin səbəbi barədə heç bir izahat verilməyib. Həmçinin bu da müəyyən əhəmiyyət kəsb edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda həmin məhkəmənin təyin etdiyi ömürlük həbs cəzalarına yenidən baxılması üçün eyni müddət nəzərdə tutulub. Üçüncüsü, əgər mərhəmət mülahizəsi əsasında azadetmə yalnız məhbusun həbsxana divarları arasında deyil, öz evində və ya ahıllar evində ölməsi üçün azad edilməsi deməkdirsə, Palata bu cür mərhəmət mülahizəsi əsasında azadetmənin həqiqətən azadetmə sayıla biləcəyinə şübhə ilə yanaşdı.
91. Bununla belə, qərarını 92-ci bəndində müəyyən etdiyi meyarları tətbiq edərək Palata bu qənaətə gəldi ki, ərizəçilərin işində 3-cü maddə üzrə məsələ meydana çıxmır, çünki onlar sübut etməyiblər ki, həbsdə saxlanılmalarının davam etdirilməsinə hər hansı qanuni cəzalandırma məqsədləri ilə haqq qazandırıla bilməz. Birinci ərizəçi cəzasını cəmi üç il idi ki, çəkirdi (Palatanın qərarının 95-ci bəndi). Baxmayaraq ki, ikinci və üçüncü ərizəçilər, müvafiq olaraq, həbsxanada cəzalarının iyirmi altı və on altı ilini çəkmişdilər, 2008-ci ildə barələrindəki həmişəlik həbs qərarlarına yenidən baxılması üçün Yüksək Məhkəməyə müraciət edərkən onların cəzası faktiki olaraq qüvvədə saxlanıldı. Yüksək Məhkəmə hesab etmədi ki, bu ərizəçilərin həbsdə saxlanılmalarının davam etdirilməsi qanuni cəzalandırma məqsədinə xidmət etmir; əksinə, hər iki halda Yüksək Məhkəmə bu qənaətə gəldi ki, cəzalandırma və çəkindirmə tələbləri yalnız həmişəlik həbs cəzası vasitəsilə yerinə yetirilə bilər (yenə eyni bəndə bax).
B. Tərəflərin arqumentləri
1. Hökumət
92. Hökumət bildirdi ki, Palata ömürlük həbs cəzasının üç növünü fərqləndirməkdə haqlı idi. Nə şərti azad edilmə imkanı olmadan ömürlük həbs cəzasının təyin olunması, nə də bu cəzanın çəkilməsi prinsipcə 3-cü maddəyə zidd deyildi. İştirakçı dövlətlər arasında ömürlük həbs cəzaları ilə əlaqədar konsensus (yekdil rəy) yox idi və bunu, məsələn, Avropa İttifaqı Şurasının Avropa həbs orderi haqqında Çərçivə qərarının 5-ci maddəsinin 2-ci bəndində yer alan məcburi xarakter daşımayan ifadələrindən də görmək olardı (yuxarıda 67-ci bəndə bax). İngiltərə və Uelsin cəza siyasəti uzun müddətdən bəri formalaşıb və yetincə oturuşub. O, həm daxili məhkəmələrin, həm də parlamentin bu rəyini əks etdirir ki, bəzi cinayətlər o dərəcədə ağır olur ki, onları sırf cəzalandırma məqsədləri üçün ömürlük həbs cəzasına layiq hesab etmək olar.
93. Palata bu qənaətində də haqlı idi ki, şərti azad edilmə imkanı olmadan diskresion səlahiyyət əsasında ömürlük həbs cəzası təyin edildiyi (yəni, İngiltərə və Uelsdə həmişəlik həbs qərarı qəbul edildiyi) anda 3-cü maddə üzrə hər hansı məsələ meydana çıxmır. Hökumətin bildirdiyinə görə, bu halda bu məsələ heç vaxt meydana çıxa bilməz. Bu səbəbdən Konvensiya ömürlük həbs cəzalarına yenidən baxılması üçün mexanizmin olmasını tələb etmir. Yenidən baxma mexanizmi azadlığa buraxılmağa yalnız cüzi ümidin mövcud olmasına yönəlmiş olacaqdı. Həmin ümidin cüzi xarakter daşıması bu faktdan irəli gəlir ki, həmişəlik həb qərarı cinayətkarı müstəsna dərəcədə ağır cinayətə görə cəzalandırmaq məqsədi ilə təyin olunurdu və həmin cinayətin ağırlıq dərəcəsi zaman keçdikcə dəyişməz qalırdı. 3-cü maddə bu cür cüzi ümid verən prosedurun olmasını tələb etmir. Əvəzində o, tələb edir ki, zaman keçdikdən sonra həbsdə saxlanılmanın davam etdirilməsi 3-cü maddəyə zidd olduğu təqdirdə məhbusun Konvensiyada nəzərdə tutulmuş hüquqları qorunmalıdır. Ərizəçilərin işində bu məsələ meydana çıxmayıb və heç vaxt meydana çıxa bilməzdi.
94. Bayberin işi üzrə Apellyasiya Məhkəməsinin qərarına və nazirin 1997-ci il tarixli Qanunun 30-cu maddəsində yer alan (yuxarıda 47-ci və 42-ci bəndlərə bax) azadetmə səlahiyyətinə istinad edərək Hökumət bildirdi ki, həmişəlik həbs qərarı əslində müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzası deyildi. Nazirin səlahiyyəti geniş idi və hər hansı müddətlə məhdudlaşdırılmırdı. O, bu səlahiyyətini tətbiq edərkən hərəkətlərinin Konvensiyaya uyğun olması tələb olunurdu. Beləliklə, ərizəçilər hər hansı məqamda həbsdə saxlanılmalarının davam etdirilməsinə hər hansı cəzalandırma məqsədləri ilə haqq qazandırmağın mümkün olmadığını iddia etsəydilər və bunu sübuta yetirsəydilər, o halda 30-cu maddə onların azadlığa buraxılmasına imkan yaradırdı. Nazirin istənilən əks qərarına məhkəmə tərəfindən yenidən baxıla bilərdi.
95. Həmişəlik həbs qərarları ilə bağlı hazırkı qanunvericilik bazasında, yəni 2003-cü il tarixli Qanunda iyirmi beş ildən sonra cəza müddətinə yenidən baxılmasının nəzərdə tutulmadığı barədə Palatanın qeydlərinə toxunarkən Hökumət bildirdi ki, bu Qanunun məqsədlərindən biri cəzalandırma və çəkindirmə məqsədləri üçün müxtəlif həbs müddətləri ilə bağlı qərarların qəbulunu məhkəmə orqanlarına həvalə etməkdir. 2003-cü il tarixli Qanuna əlavə olunmuş 21 saylı siyahıda ömürlük həbs cəzası təyin edilən hallarda cəzanın çəkilməli olan minimum müddətinin müəyyən edilməsi üçün təfsilatlı və məhdudiyyətsiz rəhbər prinsiplər yer almışdı. Hökumət həmçinin vurğuladı ki, hər üç ərizəçinin işində onlar barəsindəki həmişəlik həbs qərarları müstəqil hakimlər tərəfindən çıxarılmışdı və onlar ərizəçilərin cinayətlərinin ciddiliyini və bütün ağırlaşdırıcı və yüngülləşdirici amilləri nəzərə almışdılar. Bu qərarlara Apellyasiya Məhkəməsi tərəfindən yenidən baxılmışdı.
96. Yuxarıdakı səbəblərə və Palatanın öz qərarında gətirdiyi əsaslara görə Hökumət iddia etdi ki, üç ərizəçinin heç biri barəsində 3-cü maddənin pozuntusu baş verməyib.
2, Ərizəçilər
97. Ərizəçilər iddia etdilər ki, onların işlərində 3-cü maddənin pozuntusu baş verib. Hökumətin arqumentlərinə baxmayaraq, onların cəzaları müddətinin azaldılması mümkün olmayan cəzalar idi: barəsində həmişəlik həbs qərarı çıxarılmış heç bir məhbus 1997-ci il tarixli Qanunun 30-cu maddəsi əsasında və ya hər hansı digər səlahiyyət əsasında nə vaxtsa azadlığa buraxılmamışdı.
98. Ərizəçilər razılaşdılar ki, Palata ömürlük həbs cəzasının üç növünü fərqləndirməkdə haqlı idi. Lakin daha sonra Palatanın gəldiyi bu qənaət yanlış idi ki, nə qədər ki onların həbsdə saxlanılmasının davam etdirilməsinə hər hansı cəzalandırma məqsədləri ilə haqq qazandırmaq olar, 3-cü maddə üzrə məsələ meydana çıxmır. Bu yanaşma qüsurlu idi, çünki həmin yanaşmada iki məsələyə toxunulmamışdı: 1) 3-cü maddə üzrə substantiv (maddi-hüquqi) məsələyə, yəni ərizəçilərin barəsindəki həmişəlik həbs qərarlarının lap başlanğıcdan qəddar rəftar təşkil etməsinə; və 2) 3-cü maddənin pozuntusunun baş verməməsini təmin etmək üçün həmişəlik həbs qərarlarının qəbuluna yenidən baxılması barədə prosessual tələbə.
99. Birinci məsələ ilə bağlı ərizəçilər razılaşdılar ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusun cəmiyyət üçün təhlükəli olması davam etdiyinə görə o, ömrünün qalan hissəsini həbsxanada keçirə bilər və əgər bu baş verərsə, 3 maddə üzrə hər hansı məsələ meydana çıxmır. Lakin sırf cəzalandırma məqsədləri üçün təyin olunmuş həmişəlik həbs qərarı birbaşa insan ləyaqətinə xələl gətirir, insanın mənəvi qüvvəsini sarsıdır və şərti azadetmə üçün gələcəkdə yarana bilən və cəzanı kompensasiya edə bilən əsasları nəzərə almır. Palatanın gəldiyi qənaətə görə, cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri ərizəçilərin həbsdə qalmasına haqq qazandıran amillərdən idi. Lakin zaman keçdikcə bu amillər arasında balans dəyişə bilərdi. Yenidən baxıla bilməyən həmişəlik həbs qərarı o demək idi ki, cəzaçəkmə müddətində bu amillərdə dəyişikliklərin baş verməsindən asılı olmayaraq məhbus ölənə qədər həbsxanada qalmalı idi.
Bundan başqa, ölüm cəzasının ləğvindən bəri həmişəlik həbs qərarları yeganə cəza növü idi ki, məhbusu daimi olaraq cəmiyyətdən kənarlaşdırırdı və Avropanın cəza siyasətində üstün mövqe tutan cəmiyyətə yenidən qovuşma prinsipinə zidd idi. Avropa Şurasının heç bir sənədində həmişəlik həbs qərarları təqdir edilmirdi, CPT kimi bəzi qurumlar isə şərti azad edilmə imkanı olmadan ömürlük həbs cəzasını qeyri-insani cəza hesab edirdilər (yuxarıda 63-cü və 64-cü bəndlərdə qeyd edilən işçi sənədə və İsveçrəyə dair hesabata bax). Bu cür cəzaların təyin olunmasına qarşı Avropadakı konsensus, İtaliya və Almaniya Konstitusiya Məhkəmələrinin rəyləri və dünya ölkələrinin ali və konstitusiya məhkəmələrinin rəyləri də bu fikri təsdiq edirdi (yuxarıda 68-75-ci bəndlərdə əks olunmuş müvafiq müqayisəli hüququn müddəalarına bax). Bu da ibrətamiz nümunə idi ki, Şotlandiyada həmişəlik həbs qərarlarının çıxarılması mümkün deyildi və Şotlandiya hakimlərin bütün hallarda cəzanın çəkilməli olan minimum müddətini təyin etmələrini tələb edən parlament qanunu Şotlandiya qanunvericiliyinin Konvensiyaya uyğunluğunu təmin etmək məqsədi daşıyırdı (yuxarıda 68-ci bəndə bax).
100. İkinci məsələyə, yəni həmişəlik həbs qərarlarının qəbuluna yenidən baxılması barədə prosessual tələbə gəlincə, ərizəçilər bildirdilər ki, cəzanın iyirmi beş ili çəkildikdən sonra cəza müddətinə yenidən baxılması barədə müddəanın 2003-cü il tarixli Qanuna daxil edilməməsi ilə bağlı Hökumət hər hansı prinsipial səbəb göstərməyib. O, nə Məhkəməyə təqdim etdiyi qeydlərində, nə də yenidən baxma ilə əlaqədar qanunvericiliyə təklif olunan, amma 2012-ci ilin martında Lordlar Palatası tərəfindən rədd edilən dəyişiklik gündəmdə olarkən bu məsələni qaldırmayıb. İyirmi beş ildən sonra cəza müddətinə yenidən baxma məsələsinə dəstəyə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda rast gəlmək olar: həmin Statuta tərəfdar çıxmış 121 dövlət açıq-aydın təsdiq ediblər ki, hətta soyqırım kimi son dərəcə ciddi hallarda belə, bu cür yenidən baxma zəruridir.
101. Nəhayət, birinci və ikinci ərizəçi cəzalarının qəddar rəftara bərabər olduğu barədə şikayətlərini müdafiə edərək klinika psixoloqlarının iki ekspert rəyinə istinad etdilər, həmin rəylərdə hazırda onların depressiya və ümidsizlik durumunda yaşadıqları və cəzalarını çəkdikləri zaman şəxsi keyfiyyətlərində pisləşmənin baş verdiyi qeyd edilmişdi.
C. Böyük Palatanın qiymətləndirməsi
1. "Açıq-aydın qeyri-mütənasiblik"
102. Palata bu qənaətə gəldi ki, açıq-aydın qeyri-mütənasib cəza Konvensiyanın 3-cü maddəsini pozmuş olacaq. Tərəflər Palataya təqdim etdikləri qeydlərində bu mülahizəni qəbul etdilər və Böyük Palataya təqdim etdikləri qeydlərində də bu mövqedə qalmaqda davam etdilər. Böyük Palata Palatanın rəyi ilə razılaşır və onu təsdiq edir. O, həmçinin bu məsələdə də Palata ilə razılaşır ki, bu meyara uyğun gələn hallar yalnız "nadir və unikal hallardır" (yuxarıda 83-cü bəndə və Palatanın qərarının 88-ci və 89-cu bəndlərinə bax).
2. Ömürlük həbs cəzaları
103. Lakin ərizəçilər barələrindəki həmişəlik həbs qərarlarının açıq-aydın qeyri-mütənasib cəza təşkil etdiyini iddia etmədiklərinə görə həmin qərarların hər hansı digər əsaslara görə Konvensiyanın 3-cü maddəsinə zidd olub-olmadığını araşdırmaq zəruridir, belə araşdırma Palata tərəfindən də aparıb. Bu araşdırmada rəhbər tutulmalı ümumi prinsiplər aşağıdakılardır.
104. Məhkəmənin presedent hüququnda bərqərar olmuş prinsipə əsasən, cəzalara yenidən baxılması və azadlığa buraxılma məsələləri də daxil olmaqla cinayət işləri üzrə konkret ədalət mühakiməsi sisteminin dövlət tərəfindən seçilməsi prinsipcə Avropa səviyyəsində Məhkəmənin həyata keçirdiyi nəzarətin tətbiq dairəsindən kənardır, bu şərtlə ki, bu sistem Konvensiyada təsbit olunmuş prinsiplərə zidd olmamalıdır (bax: Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 99-cu bənd).
105. Bundan əlavə, R Ouksa qarşı (R v. Oakes) işdə Apellyasiya Məhkəməsinin qeyd etdiyi kimi (yuxarıda 50-ci bəndə bax), ədalətli və mütənasib cəza ilə əlaqədar olan məsələlər rasional debatların və sivil formada fikir ayrılıqlarının predmetidir. Müvafiq olaraq, konkret cinayətlərə görə həbs cəzalarının müvafiq müddəti barədə qərar verməkdə iştirakçı dövlətlərə müəyyən qiymətləndirmə sərbəstliyi verilməlidir. Məhkəmənin bildirdiyi kimi, konkret cinayətə görə hansı həbs müddətinin tətbiq edilməsinin məqsədəuyğun olduğu barədə qərar vermək, yaxud hansı müddətə həbsdə saxlanılmanın məqsədəuyğun olduğunu, yaxud da şəxs səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra onun hansı cəza müddətini çəkməli olduğunu elan etmək onun funksiyasına aid deyil (bax: T. Birləşmiş Krallığa qarşı [BP], ərizə № 24724/94, 117-ci bənd, 16 dekabr 1999-cu il; V. Birləşmiş Krallığa qarşı [BP], ərizə № 24888/94, 118-ci bənd, ECHR 1999‑IX; və Savonyuk Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 63716/00, ECHR 2001‑VI).
106. Eyni səbəblərə görə iştirakçı dövlətlər adamöldürmə kimi xüsusilə ağır cinayətlərə görə yetkinlik yaşına çatmış cinayətkarlara ömürlük həbs cəzası təyin etməkdə də sərbəst olmalıdırlar: yetkinlik yaşına çatmış cinayətkara belə cəzanın təyin olunmasını Konvensiyanın 3-cü maddəsi və ya hər hansı digər maddəsi qadağan etmir və belə cəza özülündə bu maddələrə zidd deyil (bax: Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 97-ci bənd). Bu sözlər xüsusən belə cəzanın təyin olunmasının məcburi xarakter daşımadığı hallara, yaxud belə cəzanın hər hansı konkret işdə müstəqil hakim tərəfindən bütün ağırlaşdırıcı və yüngülləşdirici amillər araşdırıldıqdan sonra təyin olunduğu hallara aiddir.
107. Bununla belə, Kafkarisin işində Məhkəmənin müəyyən etdiyi kimi, yetkinlik yaşına çatmış şəxsə müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzasının təyin olunması 3-cü maddə üzrə məsələni meydana çıxara bilər (yenə həmin bəndə bax). Bu prinsipin bir-biri ilə əlaqəli olan iki xüsusi aspekti var ki, Məhkəmə onları vurğulamağı və bir daha təsdiq etməyi zəruri sayır.
108. Birincisi, sadəcə olaraq praktikada ömürlük həbs cəzasını bütünlüklə çəkməyin mümkün olması faktı bu cəzanın müddətinin azaldılmasının mümkün olmamasına səbəb olmamalıdır. Cəzanın müddətinin azaldılması hüquqi və faktiki cəhətdən mümkündürsə, 3-cü maddə üzrə hər hansı məsələ meydana çıxmır (bax: Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 98-ci bənd).
Bununla bağlı Məhkəmə vurğulamaq istərdi ki, məsələn, ömürlük azadlıqdan məhrum edilmiş məhbus daxili qanunvericiliyə əsasən azadlığa buraxılması məsələsinə baxılması hüququna malikdirsə, amma cəmiyyət üçün təhlükəli olmaqda davam etdiyinə görə azadlığa buraxılmasından imtina edilibsə, o halda 3-cü maddə üzrə hər hansı məsələ meydana çıxmaya bilər. Bunun səbəbi ondan ibarətdir ki, dövlətlər Konvensiyaya əsasən cəmiyyəti zorakı cinayətlərdən qorumaq üçün tədbirlər görməyə borcludurlar və Konvensiya dövlətlərin ağır cinayətə görə məhkum olunmuş şəxsləri qeyri-müəyyən müddətə cəzalandırmasına mane olmur və cəmiyyətin müdafiəsi üçün zərurət olduqda cinayətkarın həbsdə qalmasına imkan verir (yuxarıda qeyd edilən bu iki işə bax (müvafiq dəyişikliklərlə): T. Birləşmiş Krallığa qarşı, 97-ci bənd; və V. Birləşmiş Krallığa qarşı, 98-ci bənd). Cinayətkarın yenidən cinayət törətməsinin qarısını almaq həbs cəzasının "mühüm funksiyalarından" biridir (bax: Mastromatteo İtaliyaya qarşı [BP], ərizə № 37703/97, 72-ci bənd, ECHR 2002‑VIII; Mayorano və başqaları İtaliyaya qarşı, ərizə № 28634/06, 108-ci bənd, 15 dekabr 2009-cu il; və (müvafiq dəyişikliklərlə): Xoreftakis və Xoreftaki Yunanıstana qarşı, ərizə № 46846/08, 45-ci bənd, 17 yanvar 2012-ci il). Bu sözlər xüsusən adamöldürməyə və ya şəxsiyyət əleyhinə digər ağır cinayətlərə görə məhkum olunanların işlərinə aiddir. Sadəcə olaraq belə məhbusların həbsxanada cəzalarını uzun müddətdən bəri çəkməsi faktı dövlətin cəmiyyəti qorumaqdan ibarət pozitiv öhdəliyini zəiflətmir; məhkum olunmuş bu cür məhbusların təhlükəli olaraq qaldığı müddət ərzində dövlətlər onları həbsdə saxlamaqda davam etməklə bu öhdəliyi yerinə yetirə bilərlər (misal üçün Mayorano və başqalarının işi üzrə yuxarıda qeyd edilən qərara bax).
109. İkincisi, konkret işdə ömürlük həbs cəzasının müddətinin azaldılması mümkün olmayan cəza olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə onu aydınlaşdırmağa çalışır ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusun azadlığa buraxılma perspektivinə malik olduğunu söyləmək olarmı? Milli qanunvericilikdə ömürlük həbs cəzasının başqa cəza ilə əvəzlənməsi, yüngülləşdirilməsi, bu cəzaya xitam verilməsi və ya məhbusun şərti azadlığa buraxılması məqsədi ilə bu cəzaya yenidən baxılması imkanı nəzərdə tutulubsa, bu, həmin cəzanın 3-cü maddənin tələblərinə uyğun olması üçün yetərlidir (bax: Kafkarisin işi üzrə yuxarıda qeyd edilən qərar, 98-ci bənd).
110. Ömürlük həbs cəzasının 3-cü maddəyə uyğun hesab edilməsi üçün azad edilmə perspektivi və cəzaya yenidən baxılması imkanı mövcud olmalıdır ki, bunun da bir sıra səbəbləri var.
111. Aydın məsələdir ki, həbslə cəzalandırma üçün qanuni əsaslar olmadıqda məhbus həbsdə saxlanıla bilməz. Bayberin işində Apellyasiya Məhkəməsinin və hazırkı işdə Palatanın qəbul etdiyi kimi, bu əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir. Ömürlük həbs cəzası təyin edildiyi zaman bu əsasların çoxu mövcud olur. Lakin həbsə haqq qazandıran bu əsaslar arasında balans statik (durğun) olmaya da bilər və cəzaçəkmənin gedişində dəyişə bilər. Cəzaçəkmənin başlanğıcında həbsə haqq qazandıran əsaslı səbəb həbsdən uzun müddət keçdikdən sonra artıq əsaslı olmaya bilər. Bu amilləri və ya dəyişiklikləri yalnız cəzaçəkmənin müəyyən məqamında davamlı həbsə haqq qazandıran əsaslara yenidən baxılması yolu ilə düzgün qiymətləndirmək olar.
112. Bundan əlavə, əgər məhbus azadlığa buraxılması üçün hər hansı perspektiv olmadan və barəsindəki ömürlük həbs cəzasına yenidən baxılması imkanı olmadan həbsdə saxlanılarsa, o zaman onun cinayətinə görə günahını heç vaxt yuya bilməməsi riski mövcud olar: bu halda məhbus həbsxanada nə edirsə-etsin, islah istiqamətində nə qədər müstəsna irəliləyişə nail olursa-olsun, onun cəza müddəti öncədən qəti müəyyənləşmiş olur və bu müddətə yenidən baxılması mümkün olmur. Hətta zaman keçdikcə cəza daha da böyük olur: məhbus nə qədər çox yaşayırsa, cəza müddəti də bir o qədər uzanır. Beləliklə, həmişəlik həbs cəzası təyin olunduğu zaman layiqli cəza olsa da, Vellinqtonun işində hakim lordların işlətdiyi ifadə ilə desək, zaman keçdikcə cəzalandırmanın ədalətliliyini və mütənasibliyini yetərincə təmin edə bilmir (yuxarıda 54-cü bəndə bax).
113. Bundan başqa, Ömürlük azadlıqdan məhrumetmə işində Almaniya Federal Konstitusiya Məhkəməsinin təsdiq etdiyi kimi (yuxarıda 69-cu bəndə bax), dövlət şəxsə ən azı nə vaxtsa yenidən azadlığa çıxma şansı vermədən onu məcburi qaydada azadlıqdan məhrum etsəydi, bu, Əsas Qanunun şəxsin insan ləyaqətinə hörmət edilməsi barəsindəki müddəasına zidd olardı. Məhz bu qənaətə görə Konstitusiya Məhkəməsi belə nəticəyə gəldi ki, penitensiar orqanlar ömürlük həbs cəzasına məhkum olunmuş məhbusun islah olunması istiqamətində çalışmalıdırlar və islah olunma məqsədi insan ləyaqətinə mərkəzi yer verən hər bir cəmiyyətdə konstitusiyanın tələbidir. Konstitusiya Məhkəməsi bir qədər sonra baxdığı Hərbi cinayətkarın işində aydınlıq gətirdi ki, bu rəy törətdikləri cinayətlərin xarakterindən asılı olmayaraq ömürlük azadlıqdan məhrum edilmiş bütün məhbuslara aiddir və yalnız əldən düşmüş və ya ölümü yaxınlaşan məhbusların azadlığa buraxılması yetərli deyil (yuxarıda 70-ci bəndə bax).
Bu mülahizələr Konvensiya sistemi əsasında tətbiq edilməlidir, bu sistemin mahiyyətini isə, Məhkəmənin dəfələrlə bildirdiyi kimi, insan ləyaqətinə hörmət təşkil edir (digər qərarlarla yanaşı bax: Pritti Birləşmiş Krallığa qarşı, ərizə № 2346/02, 65-ci bənd, ECHR 2002‑III; və V.C. Slovakiyaya qarşı, ərizə № 18968/07, 105-ci bənd, ECHR 2011, çıxarışlar).
114. Hazırda Avropa hüququnda və beynəlxalq hüquqda bu prinsip açıq-aydın dəstəklənir ki, bütün məhbusların, o cümlədən ömürlük həbs cəzası çəkənlərin islah olunmasına imkan yaradılmalı və islaha nail olunduqda onların azadlığa çıxma perspektivi olmalıdır.
115. Məhkəmə artıq digər işlərdə qeyd edib ki, azadlıqdan məhrumetmənin məqsədlərindən biri cəzalandırma olsa da, hazırda Avropanın cəza siyasətində islah məqsədi, xüsusən də uzunmüddətli həbs cəzasına son qoymaq məqsədi önə çəkilir (misal üçün bax: Dikson Birləşmiş Krallığa qarşı [BP], ərizə № 44362/04, 75-ci bənd, ECHR 2007‑V; və Bulua Lüksemburqa qarşı [BP], ərizə № 37575/04, 83-cü bənd (sonrakı istinadlarla), ECHR 2012). Avropa Şurasının hüquqi sənədlərində bu məsələ Avropa penitensiar qaydalarının 6-cı Qaydasında (bu Qaydada nəzərdə tutulur ki, bütün hallarda həbsdə saxlanılma azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə qayıdışına şərait yaradan tərzdə təşkil olunmalıdır) və 102.1-ci Qaydasında (bu Qaydada nəzərdə tutulur ki, məhkum olunmuş məhbusların saxlanma rejimi onların məsuliyyətlə və cinayət törətmədən yaşamalarına imkan yaradılmasına yönəlməlidir) daha aydın ifadə edilib (yuxarıda 77-ci bəndə bax).
116. Yuxarıda 60-64-cü və 76-cı bəndlərdə qeyd edilmiş Avropa Şurasının müvafiq sənədlərindən də görünür ki, birincisi, islah məqsədi ömürlük həbs cəzası almış məhbuslara da eynilə şamil olunur; və ikincisi, ömürlük həbs cəzası almış məhbuslar islah olunduqları təqdirdə şərti azad edilmə perspektivi onlar üçün də mövcud olmalıdır.
Avropa penitensiar qaydalarının 103-cü Qaydasında nəzərdə tutulur ki, məhkum olunmuş məhbusların saxlanma rejimi təyin olunarkən fərdi cəzaçəkmə planları tərtib edilməli və həmin planlara digər məsələlərlə yanaşı onların azadlığa buraxılmağa hazırlanması da daxil edilməlidir. 103.8-ci Qaydada xüsusi olaraq nəzərdə tutulur ki, bu cür cəzaçəkmə planları ömürlük həbs cəzası almış məhbuslara da şamil olunmalıdır (yuxarıda 77-ci bəndə bax).
Nazirlər Komitəsinin 76(2) saylı qətnaməsində tövsiyə edilir ki, şərti azadetmənin mümkünlüyünü müəyyənləşdirmək üçün bütün məhbusların (ömürlük həbs cəzası almış məhbuslar da daxil olmaqla) işləri mümkün qədər tezliklə araşdırılmalıdır. Bu qətnamədə həmçinin tövsiyə edilir ki, ömürlük həbs cəzalarına yenidən baxılması həbsdən səkkiz-on dörd il keçdikdən sonra baş verməli və mütəmadi dövriliklə təkrarlanmalıdır (yuxarıda 60-cı bəndə bax).
2003(23) saylı Tövsiyədə (ömürlük və digər uzun müddətlərə azadlıqdan məhrum edilmiş məhbusların cəzalarının penitensiar orqanlar tərəfindən icrası haqqında) vurğulanır ki, ömürlük həbs cəzası almış məhbuslar azadlığa buraxılmağa konstruktiv şəkildə hazırlanmalı, o cümlədən bu məqsədlə onların penitensiar sistem vasitəsilə islah olunma istiqamətində tərəqqiyə nail olmalarına imkan yaradılmalıdır. Tövsiyədə həmçinin aydın şəkildə deyilir ki, ömürlük həbs cəzası almış məhbuslar şərti azadlığa buraxılma imkanına malik olmalıdırlar (konkret olaraq Tövsiyənin 2, 8 və 34-cü bəndlərinə və Tövsiyəyə əlavə olunmuş izahedici qeydlərin 131-ci bəndinə bax – yuxarıda 61-ci bənddə onlar öz əksini tapıb).
2003(22) saylı Tövsiyədə (şərti azadetmə haqqında) də aydınlıq gətirilir ki, bütün məhbuslar şərti azad edilmə imkanına malik olmalı və ömürlük həbs cəzası almış məhbuslar azadlığa buraxılma ümidindən məhrum edilməməlidirlər (Tövsiyənin 4(a) bəndinə və Tövsiyəyə əlavə olunmuş İzahedici memorandumun 131-ci bəndinə bax – yuxarıda 62-ci bənddə onlar öz əksini tapıb).
İşgəncələrin qarşısının alınması üzrə Komitə son dövrlərdə İsveçrəyə dair hesabatında analoji rəylər ifadə edib (yuxarıda 64-cü bəndə bax).
117. Hər iki məqsəd – həm ömürlük həbs cəzası almış məhbusların islah olunması, həm də son nəticədə onların azadlığa buraxılma perspektivinin olması sonradan iştirakçı dövlətlərin praktikasında öz əksini tapıb. Bunu Almaniya və İtaliyanın Konstitusiya Məhkəmələrinin islah məsələsinə və ömürlük həbs cəzalarına dair qərarlarından (yuxarıda 69-71 və 72-ci bəndlərdə bu qərarlar öz əksini tapıb) və Məhkəmənin sərəncamında olan müqayisəli hüququn digər materiallarından görmək olar. Bunlar göstərir ki, iştirakçı dövlətlərin böyük əksəriyyəti ya ömürlük həbs cəzasını ümumiyyətlə təyin etmirlər, ya da təyin edirlərsə, cəza qanunvericiliyində müəyyən müddətdən (adətən cəzanın iyirmi beş ili çəkildikdən) sonra ömürlük həbs cəzalarına yenidən baxılmasını təmin edən müəyyən mexanizm nəzərdə tuturlar (yuxarıda 68-ci bəndə bax).
118. Eyni məqsədə, yəni ömürlük həbs cəzası almış məhbusların islah olunması və son nəticədə azadlığa buraxılma perspektivinin mövcud olması məqsədinə beynəlxalq hüquqda da rast gəlmək olar.
Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla rəftara dair minimal standart qaydalarında penitensiar orqanlara belə bir göstəriş yer alıb ki, cinayətkarların cəmiyyətə qayıdışını təmin etmək üçün sərəncamlarında olan bütün resurslardan istifadə etsinlər (bax: yuxarıda 78-ci bənddə verilmiş 58-61, 65 və 66-cı Qaydalara bax). Bundan əlavə, Qaydaların bütün mətni boyunca islah məqsədi açıq-aydın öz əksini tapıb (yuxarıda 79-cu bəndə bax).
Eynilə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin 3-cü bəndində xüsusi olaraq nəzərdə tutulur ki, penitensiar sistemin əsas məqsədi məhbusların islahından və cəmiyyətə qayıdışından ibarət olmalıdır. Bu, İnsan Hüquqları Komitəsinin 10-cu maddəyə dair ümumi şərhində vurğulanır, həmin şərhdə qeyd edilir ki, penitensiar sistem yalnız cəzalandırma xarakteri daşımamalıdır (yuxarıda 80-ci və 81-ci bəndlərə bax).
Nəhayət, Məhkəmə 121 dövlətin, o cümlədən Avropa Şurasına üzv olan dövlətlərin böyük əksəriyyətinin tərəfdar çıxdığı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun müvafiq müddəalarını qeyd edir. Statutun 110-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulur ki, şəxs ömürlük həbs cəzasının iyirmi beş ilini çəkdikdən sonra onun cəza müddətinə mütəmadi dövriliklə yenidən baxılmalıdır. 110-cu maddənin 3-cü bəndinin əhəmiyyətini bu fakt da göstərir ki, Statutun 110-cu maddəsinin 4-cü və 5-ci bəndlərində və Beynəlxalq Cinayət Məhkəməsinin Prosedur və sübutetmə qaydalarının 223-cü və 224-cü Qaydalarında həmin yenidən baxmanı tənzimləyən prosessual və substantiv təminatlar öz əksini tapıb. Cəza müddətinin azaldılması üçün meyarlar sırasına, digərləri ilə yanaşı, belə bir meyar da daxildir ki, məhkum olunmuş məhbusun davranışı onun həqiqətən cinayətkarlıqdan əl çəkdiyini və cəmiyyətə təkrar inteqrasiya oluna biləcəyini göstərirmi? (223-cü Qaydanın "a" və "b" bəndləri – onlar yuxarıda 65-ci bənddə əks olunub).
3. Ömürlük həbs cəzaları ilə bağlı ümumi nəticə
119. Yuxarıdakı səbəblərə görə Məhkəmə hesab edir ki, ömürlük həbs cəzası kontekstində 3-cü maddə cəzanın çəkilməli müddətinin azaldılmasının mümkünlüyünü nəzərdə tutan maddə kimi şərh olunmalıdır, yəni dövlət orqanlarının məhbusun həyatında hər hansı mühüm dəyişikliyin və cəzaçəkmənin gedişində islah istiqamətində irəliləyişin baş verib-vermədiyini nəzərdən keçirə bilmələri üçün cəza müddətinə yenidən baxılmalıdır, bunların baş verməsi isə o deməkdir ki, həbsdə saxlanılmanın bundan sonra da davam etdirilməsi qanuni cəzalandırma məqsədlərinə xidmət edə bilməz.
120. Bununla belə, Məhkəmə cinayət işləri üzrə ədalət mühakiməsi və cəzalandırma məsələlərində iştirakçı dövlətlərə müəyyən qiymətləndirmə sərbəstliyinin verilməli olduğunu nəzərə alaraq (yuxarıda 104-cü və 105-ci bəndlərə bax) vurğulamaq istərdi ki, yenidən baxmanın hansı formada (icra, yoxsa məhkəmə hakimiyyəti tərəfindən) aparılmalı olduğunu təyin etmək onun vəzifəsi deyil. Eyni səbəblərə görə, yenidən baxmanın nə zaman həyata keçirilməli olduğunu müəyyənləşdirmək də Məhkəmənin vəzifəsi deyil. Bunları deməklə yanaşı, Məhkəmə onu da qeyd etmək istərdi ki, sərəncamında olan müqayisəli hüquqla beynəlxalq hüququn materialları göstərir ki, ömürlük həbs cəzası təyin edildikdən sonra cəza müddətinə iyirmi beş ildən gec olmamaqla, daha sonra isə mütəmadi dövriliklə yenidən baxılmasını təmin edən müəyyən mexanizmin nəzərdə tutulması açıq-aydın dəstəklənir (yuxarıda 117-ci və 118-ci bəndlərə bax).
121. Bu qənaətdən belə nəticə çıxır ki, daxili qanunvericilikdə bu cür yenidən baxma imkanı nəzərdə tutulmayıbsa, ömürlük həbs cəzası Konvensiyanın 3-cü maddəsinin standartlarına cavab verməyəcək.
122. Baxmayaraq ki, zəruri yenidən baxma cəzanın təyin edilməsindən müəyyən müddət keçdikdən sonra baş verən, gələcək zamana aid olan hadisədir, ömürlük həbs cəzası almış məhbus cəza müddətinə yenidən baxılması baxımından ittiham hökmündə yer alan hüquqi şərtlərin 3-cü maddənin tələblərinə cavab vermədiyi barədə şikayət vermək üçün gözləməyə və cəzasının qeyri-müəyyən miqdarda illərini çəkməyə məcbur edilməməlidir. Bu, həm hüquqi müəyyənlik prinsipinə, həm də Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada qurbanın statusuna dair ümumi prinsiplərə zidd olardı. Bundan başqa, təyin edilmiş cəza daxili qanunvericiliyə əsasən müddətinin azaldılması mümkün olmayan cəzadırsa, məhbusun islah olunması əsasında azadlığa buraxılması məsələsinə tarixi naməlum olan gələcək gündə baxılacağına imkan yaradan hansısa mexanizmin tətbiq edilib-edilməyəcəyini bilmədən onun islah olunma istiqamətində çalışacağını gözləmək mənasız iş olardı. Barəsində həmişəlik həbs qərarı çıxarılmış məhbus cəzaçəkmənin başlanğıcında bunları bilmək hüququna malikdir ki, azadlığa buraxılması məsələsinə baxılması üçün nə etməlidir, bu məsələyə hansı şərtlərlə baxılacaq, o cümlədən cəza müddətinə nə zaman yenidən baxılacaq və ya yenidən baxma üçün nə zaman müraciət etməlidir. Müvafiq olaraq, həmişəlik həbs cəzasına yenidən baxılması üçün daxili qanunvericilikdə hər hansı mexanizm və ya imkan nəzərdə tutulmayıbsa, bu əsasa görə həmin cəzanın 3-cü maddəyə zidd olması məsələsi sonradan gələn azadlıqdan məhrumetmə cəzasının çəkilməsi mərhələsində deyil, artıq həmişəlik həbs cəzasının təyin edildiyi andan meydana çıxmış olur.
4. Hazırkı iş
123. İndi onu nəzərdən keçirmək qalır ki, yuxarıdakı qeydlərin işığında bu işdəki ərizəçilərin barəsindəki həmişəlik həbs qərarları Konvensiyanın 3-cü maddəsinin tələblərinə cavab verirmi?
124. Məhkəmə öncə qeyd edir ki, Palata öz qərarında (həmin qərarın 94-cü bəndində) bu qənaətə gəlib ki, cəza müddətinə iyirmi beş ildən sonra yenidən baxılması haqqında müddəanın İngiltərə və Uelsin ömürlük həbs cəzası barəsindəki cari qanunvericiliyinə, yəni 2003-cü il tarixli Qanuna daxil edilməməsinin səbəblərinə dair Hökumətin gətirdiyi əsaslar onu inandırmayıb (yuxarıda 95-ci bəndə bax). O, xatırladır ki, bu cür yenidən baxma, hətta icra hakimiyyətinə həvalə edilsə də, hər halda əvvəlki qanunvericilik sistemində mövcud idi (yuxarıda 46-cı bəndə bax).
Hökumət bildirdi ki, cəza müddətinə iyirmi beş ildən sonra yenidən baxılması 2003-cü il tarixli Qanuna daxil edilmişdi, belə ki, bu Qanunun məqsədlərindən biri ondan ibarət idi ki, cəzalandırma və çəkindirmə məqsədləri üçün müvafiq cəzaçəkmə müddətləri ilə bağlı qərarların qəbulu məhkəmə hakimiyyətinə həvalə edilsin (yuxarıda 95-ci bəndə bax). Lakin həmişəlik həbs qərarının təyin edilməsinin mümkünlüyü barədə müstəqil hakimlər tərəfindən qərar çıxarılması zərurəti sonrakı mərhələdə bu cür həbs qərarlarına qanuni cəzalandırma məqsədləri ilə hələ də haqq qazandırılmasının mümkünlüyünü müəyyənləşdirmək üçün həmin cəzalara yenidən baxılması zərurətindən tamamilə fərqlənən başqa bir məsələdir. Bundan başqa, nəzərə alınsa ki, qanunvericilikdəki dəyişikliyin bəyan edilmiş məqsədi ömürlük həbs cəzaları ilə bağlı qərarların qəbulu prosesindən icra hakimiyyətini tamamilə kənarlaşdırmaq idi, bunun ardınca iyirmi beş ildən sonra cəza müddətinə yenidən baxılmasını qanunvericilikdən tamamilə çıxarmaqdansa, həmin yenidən baxmanın əvvəllər olduğu kimi məhkəmə nəzarəti altında icra hakimiyyəti tərəfindən deyil, bütövlükdə məhkəmə sistemi tərəfindən həyata keçirilməsinin qanunvericilikdə nəzərdə tutulması daha ardıcıl mövqe olardı.
125. Üstəlik, cari qanunvericilikdə ömürlük həbs cəzası almış məhbusların azadlığa buraxılması perspektivi ilə bağlı aydınlıq yoxdur. Doğrudur, 1997-ci il tarixli Qanunun 30-cu maddəsi nazirə istənilən məhbusu, o cümlədən həmişəlik həbs cəzası çəkənləri azad etmək səlahiyyəti verir (yuxarıda 42-ci bəndə bax). Bu da doğrudur ki, bütün digər qanuni səlahiyyətləri kimi bu səlahiyyətini də həyata keçirərkən nazirin hərəkətləri, qanuna əsasən, Konvensiyaya uyğun olmalıdır (İnsan hüquqları haqqında Qanunun 6-cı maddəsinin 1-ci bəndinə bax – onun müddəaları yuxarıda 33-cü bənddə öz əksini tapıb). Məhkəmə qarşısındakı arqumentlərində Hökumət bu rəyini bildirdi ki, 30-cu maddə sadəcə nazirə məhbusları azad etmək səlahiyyəti verən maddə kimi deyil, onun üzərinə bu səlahiyyəti həyata keçirmək və məhbusun davamlı olaraq həbsdə saxlanılmasının 3-cü maddəyə zidd olduğu sübuta yetirildiyi təqdirdə, məsələn, onun həbsdə saxlanılmasına qanuni cəzalandırma məqsədləri ilə daha haqq qazandırmaq mümkün olmadığı halda məhbusu azad etmək vəzifəsi qoyan maddə kimi şərh edilməlidir.
Bu, faktiki olaraq 30-cu maddəyə Apellyasiya Məhkəməsi tərəfindən Bayberin işində verilən və Ouksun işində onun tərəfindən təsdiq edilən şərh idi (konkret olaraq yuxarıda 49-cu bəndə bax: həmin bənddə Bayberin işi üzrə qərarın 48-ci və 49-cu bəndləri verilib və Apellyasiya Məhkəməsinin bu qeydi əks olunub ki, 30-cu maddədə nəzərdə tutulmuş səlahiyyətdən çox az istifadə olunsa da, Konvensiyanın 3-cü maddəsinə riayət etməyin zəruriliyi baxımından onun nazir tərəfindən istifadə edilməməsi üçün heç bir əsas yox idi).
30-cu maddəyə verilən və həmişəlik həbs cəzası almış məhbusların qanuna əsasən azad edilməsi üçün müəyyən perspektivləri təmin edən bu şərh prinsipcə Məhkəmənin yuxarıda qeyd edilən Kafkarisin işi üzrə qərarındakı şərhə uyğun sayıla bilərdi. Əgər müəyyən edilsəydi ki, ərizəçilərin işində daxili qanunvericiliyin bu məqsəd üçün tətbiqi məsələsində kifayət qədər müəyyənlik var, o halda demək olmazdı ki, onların cəzaları müddətlərinin azaldılması mümkün olmayan cəzalardır və beləliklə 3-cü maddənin heç bir pozuntusu müəyyən edilməzdi.
126. Lakin Məhkəmənin maraqlandıran məsələ elan edilmiş siyasətin və məhkəmə rəylərinin hazırda qüvvədə olan qanunda öz əksini tapması və həmişəlik həbs cəzası almış məhbuslara praktikada tətbiq edilməsi məsələsidir. Fakt faktlığında qalır ki, Apellyasiya Məhkəməsinin Bayberin işi üzrə qərarına baxmayaraq, nazir 30-cu maddədə nəzərdə tutulmuş səlahiyyətini hansı hallarda tətbiq etməsi ilə bağlı açıq-aydın elan edilmiş məhdudlaşdırıcı siyasətinin şərtlərində dəyişiklik etməyib. 30-cu maddəyə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş şərhə baxmayaraq, Həbsxanada cəzaçəkmə haqqında əmr qüvvədə qalır və orada nəzərdə tutulur ki, azadlığa buraxılma barədə qərar yalnız əmrdəki tam siyahıda (bu siyahı nümunə xarakteri daşımır, yəni tam siyahıdır) göstərilən müstəsna hallarda, yəni məhbus sağalmaz xəstəliyə düçar olduqda, yaxud fiziki cəhətdən fəaliyyət qabiliyyəti olmadıqda və onun durumu digər əlavə meyarlara uyğun gəldikdə (yəni təkrar cinayətin törədilməsi ehtimalı çox az olarsa, bundan sonra həbsdə saxlanılmasının davam etdirilməsi məhbusun ömrünü qısaldacaqsa, məhbusa qulluq edilməsi və onun müalicəsi üçün həbsxanadan kənarda adekvat imkanlar varsa və vaxtından əvvəl azadlığa buraxılması məhbus və (və ya) onun ailəsi üçün əhəmiyyətli dərəcədə faydalı olacaqsa) qəbul edilə bilər.
127. Bunlar olduqca məhdudlaşdırıcı şərtlərdir. Məhkəmə hesab edir ki, hətta həmişəlik həbs cəzası çəkən məhbusun durumunun bu şərtlərə uyğun ola biləcəyini fərz etsək belə, Palata sağalmaz xəstəliyə düçar olan və ya fiziki cəhətdən fəaliyyət qabiliyyəti olmayan şəxsin mərhəmət mülahizələrinə görə azadlığa buraxılmasının ümumiyyətlə həqiqi azadetmə hesab edilməsinə şübhə ilə yanaşmaqda haqlı olub, çünki bu o deməkdir ki, məhbus həbsxana divarları arasında deyil, öz evində və ya ahıllar evində ölməsi üçün azad edilir. Məhkəmənin rəyinə görə, mərhəmət mülahizələrinə görə bu cür azadetmə yuxarıda qeyd edilən Kafkarisin işində nəzərdə tutulmuş "azadlığa buraxılma perspektivi" demək deyildi. Belə olan halda əmrin müddəaları Kafkarisin işi üzrə qərardakı şərtlərə uyğun deyil və buna görə də 3-cü maddənin məqsədlərinə cavab vermək üçün yetərli deyil.
128. Bundan başqa, Həbsxanada cəzaçəkmə haqqında əmr həm məhbuslara, həm də penitensiar orqanlara ünvanlanan əmr kimi qəbul edilməlidir. Lakin nazirin 1997-ci il tarixli Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş azadetmə səlahiyyətini həyata keçirməsinə İnsan hüquqları haqqında Qanunun və Konvensiyanın 3-cü maddəsinin nə kimi təsir göstərməsi ilə bağlı Apellyasiya Məhkəməsi tərəfindən Bayberin işi üzrə qərarda gətirilən və Məhkəmə qarşısında irəli sürdüyü arqumentlərində Hökumət tərəfindən istinad edilən əsaslara dair tövsifedici izahatlar həmin əmrə daxil edilməyib. Konkret olaraq, həmişəlik həbs cəzası almış məhbusların cəzalarının müəyyən müddətini çəkdikdən və qanuni cəzalandırma məqsədlərinə nail olunduqdan sonra azadlığa buraxılmaq üçün müraciət etməsi imkanı (İnsan hüquqları haqqında Qanunda nəzərdə tutulan imkan) əmrdə öz əksini tapmayıb. Bu baxımdan, qüvvədə olan daxili qanunvericiliyin vəziyyəti ilə bağlı Hökumətin öz arqumentlərinə əsaslansaq, Həbsxanada cəzaçəkmə haqqında əmr nazirin 30-cu maddədə nəzərdə tutulmuş səlahiyyətini həmişəlik həbs cəzası almış məhbuslara (yəni əmrin birbaşa ünvanlandığı məhbuslara) tətbiq etməsinə gətirib çıxara bilən müstəsna halların yalnız natamam mənzərəsini yarada bilərdi.
129. Nəticədə qüvvədə olan qanunvericilikdə həmişəlik həbs cəzası almış məhbuslarla bağlı aydınlığın olmadığını nəzərə alaraq, Məhkəmə Hökumətin bu arqumentini qəbul edə bilməz ki, ərizəçilər həbsdə saxlanılmalarının davam etdirilməsinə qanuni cəzalandırma məqsədləri üçün haqq qazandırmağın daha mümkün olmadığını və beləliklə həbsdə qalmalarının Konvensiyanın 3-cü maddəsinə zidd olduğunu sübuta yetirdikləri təqdirdə 1997-ci il tarixli Qanunun 30-cu maddəsi onları azadlığa buraxılmaq üçün münasib və yetərli vasitə ilə təmin edən maddə kimi götürülə bilərdi. Hazırda aydın deyil ki, həmişəlik həbs cəzası almış məhbusun 30-cu maddə əsasında azadlığa buraxılması üçün müraciətini nəzərdən keçirərkən nazir Həbsxanada cəzaçəkmə haqqında əmrdə əks olunmuş məhdudlaşdırıcı siyasətini tətbiq edəcəkdi, yoxsa Bayberin işində əks olunmuş 3-cü maddənin şərtlərinə uyğunluq meyarını tətbiq etməklə əmrdə yer alan açıq-aydın tam siyahının çərçivəsindən kənara çıxacaqdı? Əlbəttə, nazirin məhbusu azadlığa buraxmaqdan imtina qərarına məhkəmə tərəfindən yenidən baxıla bilərdi və elə də ola bilərdi ki, bu məhkəmə prosesinin gedişində, məsələn, Həbsxanada cəzaçəkmə haqqında əmrin nazir tərəfindən ləğv edilməsi və ya əvəzlənməsi, yaxud da məhkəmələr tərəfindən ləğv olunması yolu ilə bu məsələyə dair hüquqi mövqeyə aydınlıq gətirilərdi. Lakin belə imkanların mövcudluğu həmişəlik həbs cəzası almış məhbusların müstəsna qaydada azadlığa buraxılması imkanının tənzimləyən mövcud qanunvericiliyin vəziyyəti ilə bağlı indiki zamanda aydınlığın olmamasını aradan qaldırmaq üçün yetərli deyil.
130. Buna görə də, 30-cu maddənin geniş çərçivəli şərhi ilə (Apellyasiya Məhkəməsi bu maddəni Konvensiyaya uyğun tərzdə şərh edib, belə ki, İnsan hüquqları haqqında Qanuna əsasən Birləşmiş Krallıq qanunvericiliyinin şərhinin Konvensiyaya uyğun olması tələb olunur) Həbsxanada cəzaçəkmə haqqında əmrdə verilən tam siyahının şərtləri arasındakı bu ziddiyyəti, eləcə də həmişəlik həbs cəzası almış məhbusların cəza müddətinə yenidən baxılmasını nəzərdə tutan mexanizmin olmamasını nəzərə alaraq, Məhkəmə əmin deyil ki, Konvensiyanın 3-cü maddəsinin məqsədləri üçün hazırda ərizəçilərin ömürlük həbs cəzalarını müddətinin azaldılması mümkün olan cəza hesab etmək olar. Müvafiq olaraq, o, bu qənaətə gəlir ki, bu məsələdə hər üç ərizəçi barəsində 3-cü maddənin tələbləri yerinə yetirilməyib.
131. Bu nəticəyə gələrkən Məhkəmə onu da qeyd etmək istərdi ki, hazırkı icraatın gedişində ərizəçilər konkret olaraq onların işlərində həbsdə saxlanılmalarının davam etdirilməsi üçün hər hansı qanuni cəzalandırma məqsədlərinin daha mövcud olmadığını iddia etməyiblər. Ərizəçilər həmçinin bunu qəbul edirlər ki, hətta cəzalandırma və çəkindirmə tələbləri təmin edilmiş olsaydı belə, cəmiyyətə təhlükə yaratmaları ilə əlaqədar olaraq onların həbsdə saxlanılması davam etdirilə bilərdi. Buna görə də onların işində pozuntunun müəyyən edilməsi faktı onlar üçün dərhal azadlığa buraxılma perspektivi yaradan fakt kimi başa düşülməməlidir.
II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 4-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
132. Böyük Palataya təqdim etdikləri arqumentlərində ərizəçilər daxili qanunvericilikdə onların barəsindəki ittiham hökmünə yenidən baxılması üçün mexanizmin olmamasının Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozuntusunu təşkil etdiyi barədə şikayətlərində israr etdilər, həmin bənddə deyilir:
"4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs həbsinin qanuniliyi məsələsinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir".
Lakin Palata öz qərarında bu şikayəti qəbul olunmayan elan etmişdi, Böyük Palatanın iş üzrə yurisdiksiyası isə həmin məhz qərarın hüdudları ilə məhdudlaşır (digər qərarlarla yanaşı bax: Gillberq İsveçə qarşı [BP], ərizə № 41723/06, 53-cü bənd, 3 aprel 2012-ci il; həmçinin Kafkarisin işi üzrə yuxarıda istinad edilən qərarın 124-cü bəndinə, o cümlədən həmin bənddəki istinadlara bax). Buradan belə nəticə çıxır ki, bu şikayət Böyük Palatanın icraatındakı işin hüdudlarından kənara çıxır.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
133. Konvensiyanın 41-ci maddəsində deyilir:
"Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir".
134. Ədalətli təzminat barədə yeganə tələb birinci ərizəçi tərəfindən irəli sürülmüş tələb idi.
A. Ziyan
135. Cəzasını çəkdiyi müddətdə birinci ərizəçinin keçirdiyi iztirabları əks etdirmək üçün hazırlanmış ekspert rəyi əsasında birinci ərizəçi mənəvi ziyana görə 1500 funt sterlinq (GBP) (təxminən 1844 avro) tələb etdi.
136. Böyük Palata hesab edir ki, 3-cü maddənin pozuntusunun müəyyən edilməsi faktının özü ədalətli kompensasiya təşkil edir və müvafiq olaraq, o, bu bənd üzrə heç bir kompensasiya təyin etmir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
137. Birinci ərizəçi vəkilinin yerinə yetirdiyi 120 saatlıq hüquqi işə və hüquq məsləhətçisinin yerinə yetirdiyi 133 saatlıq hüquqi işə görə ümumilikdə 76646 GBP (təxminən 88957 avro) tələb etdi, bu məbləğə ƏDV də daxildir.
138. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi yalnız o halda məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, xərclərin faktiki və zəruri olaraq çəkildiyi sübut edilmiş olsun və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə sərəncamındakı sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmədəki icraat üçün çəkdiyi xərclərə görə birinci ərizəçiyə 40000 avro məbləğinin təyin edilməsini ağlabatan hesab edir.
C. İcranın gecikdirilməsinə görə faiz
139. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Bir səsə qarşı on altı səslə qərara alır ki, ərizəçilərin hər biri barəsində 3-cü maddənin pozuntusu baş verib;
2. Yekdilliklə qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi üzrə şikayət məhkəmə araşdırmasının hüdudlarından kənardır;
3. Bir səsə qarşı on altı səslə qərara alır ki, pozuntunun müəyyən edilməsi faktının özü birinci ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir;
4. Bir səsə qarşı on altı səslə qərara alır ki:
a) cavabdeh dövlət məhkəmə xərclərinə və digər məsrəflərə görə üç ay ərzində ərizəçiyə 40000 (qırx min) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini ödəməli və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə ilə funt sterlinqə çevrilməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
5. Ədalətli təzminat barəsində birinci ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 9 iyul 2013-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.
Din Şpilmann (Dean Spielmann)
Sədr
Maykl O’Boyl (Michael O’Boyle)
Katib müavini
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə uyğun olaraq bu qərara aşağıdakı xüsusi rəylər əlavə olunur:
a) Hakim Ziemelenin qərarla üst-üstə düşən rəyi;
b) Hakim Pauer-Fordenin qərarla üst-üstə düşən rəyi;
c) Hakim Mahoninin qərarla üst-üstə düşən rəyi;
d) Hakim Villigerin qərarla qismən üst-üstə düşməyən rəyi.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Qərardan çıxarışların ingiliscəyə tərcüməsini, şərhlərlə birlikdə, bu mənbədən tapmaq olar: D.P. Kommers, The Constitutional Jurisprudence of the Federal Republic of Germany (2nd ed.), Duke University Press, Durham and London, 1997 at pp. 306-313.
Full & Egal Universal Law Academy