© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Vinter və başqaları Birləşmiş Krallığa qarşı [BP] – ərizələr № 66069/09, 130/10 və 3896/10
9.7.2013 tarixli qərar [BP]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Şəxsin yalnız sağalmaz xəstəliyə düçar olduğu və ya fəaliyyət qabiliyyətini ciddi surətdə itirdiyi təqdirdə azadlığa buraxılmaq imkanına malik olmaqla ömürlük həbs cəzası alması: pozuntu baş verib
Faktlar – İngiltərə və Uelsdə adamöldürməyə görə məcburi ömürlük həbs cəzası təyin olunur. Cinayət işləri üzrə ədalət mühakiməsi haqqında 2003-cü il tarixli Qanun qüvvəyə minənə qədər nazir məcburi ömürlük həbs cəzası almış məhbuslar üçün tarif müddətini, yəni xüsusi icazə əsasında vaxtından əvvəl azadlığa buraxılmaq hüququ əldə etmək üçün cəzanın çəkilməli olan minimum müddətini təyin etmək səlahiyyətinə malik idi. Qanun qüvvəyə mindikdən sonra hazırda bu səlahiyyət birinci instansiya məhkəməsinin hakimi tərəfindən həyata keçirilir. Əvvəlki praktikaya uyğun olaraq tarif müddətləri nazir tərəfindən təyin olunmuş məhbuslar həmin müddətə yenidən baxılması üçün Yüksək Məhkəməyə müraciət edə bilərlər.
Hər üç ərizəçi adamöldürməyə görə məhkum edildikdən sonra barələrində "həmişəlik həbs qərarı" çıxarılmışdı. Bu qərar o demək idi ki, onların cinayətləri o qədər ciddi sayılır ki, nazir müstəsna halların (praktiki olaraq sağalmaz xəstəlik və ya fəaliyyət qabiliyyətinin ciddi surətdə itirilməsi hallarının) mövcud olduğu qənaətinə gələrək mərhəmət mülahizələri əsasında azadetmə qərarı çıxarmaqdan ibarət diskresion səlahiyyətini həyata keçirməsə, onlar ömürlərinin sonunadək həbsxanada qala bilərlər. Birinci ərizəçi cənab Vinter barəsində həmişəlik həbs qərarı birinci instansiya məhkəməsinin hakimi tərəfindən 2003-cü il tarixli Qanun əsasında çıxarılmış və Apellyasiya Məhkəməsi tərəfindən bu əsaslara görə qüvvədə saxlanılmışdı ki, cənab Vinter əvvəllər adamöldürməyə görə məhkum olunub. İkinci və üçüncü ərizəçilərin barəsində həmişəlik həbs qərarları əvvəlki praktikaya uyğun olaraq nazir tərəfindən qəbul edilmiş və Yüksək Məhkəmə 2003-cü il tarixli Qanun əsasında bu qərarlara yenidən baxdıqdan sonra öz qərarlarında onları təsdiq etmiş, onun qərarları isə sonradan apellyasiya icraatında qüvvədə saxlanılmışdı. İkinci ərizəçi cənab Bamberin işində qeyd edilmişdi ki, qətllər öncədən düşünülüb və çoxsaylı qurbanları əhatə edib; üçüncü ərizəçi cənab Murun işində isə bu amillər, eləcə də cinsi ehtirasları təmin etmək motivləri mövcud idi.
Avropa Məhkəməsinə ərizələrində ərizəçilər şikayət etdilər ki, həmişəlik həbs qərarlarının tətbiqi o deməkdir ki, onların cəzaları faktiki olaraq müddətlərinin azaldılması mümkün olmayan cəzalardır, bu isə Konvensiyanın 3-cü maddəsinin pozuntusudur.
17 yanvar 2012-ci il tarixli qərarında (148 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası üç səsə qarşı dörd səslə belə hesab etdi ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verməyib, çünki ərizəçilərin cəzaları qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təşkil etmir. Konkret olaraq, ərizəçilər həbsdə saxlanılmalarının davam etdirilməsinin artıq qanuni cəzalandırma məqsədlərinə xidmət etmədiyini sübuta yetirməyiblər. Palata həmçinin bu faktı vurğuladı ki, ərizəçilərin barəsindəki həmişəlik həbs qərarları ya son dövrlərdə birinci instansiya məhkəməsinin hakimi tərəfindən qəbul edilib (cənab Vinterin işində), ya da son dövrlərdə həmin qərara Yüksək Məhkəmə tərəfindən yenidən baxılıb (cənab Bamberlə cənab Murun işlərində).
Hüquqi məsələlər – Maddə 3: Böyük Palata Palatanın bu rəyi ilə razılaşdı və onu təsdiq etdi ki, açıq-aydın qeyri-mütənasib cəza Konvensiyanın 3-cü maddəsini pozmuş olacaq, hərçənd ki, bu meyara uyğun gələn hallar yalnız "nadir və unikal hallardır". Hazırkı işdə ərizəçilər həmişəlik həbs qərarlarının açıq-aydın qeyri-mütənasib cəza təşkil etdiyini iddia etməyiblər; əvəzində onlar bildiriblər ki, cəza müddətlərinə yenidən baxılmasını nəzərdə tutan prosessual tələbin olmaması qəddar rəftar təşkil edir və bu rəftar, Palata tərəfindən müəyyən edildiyi kimi, onların həbsdə saxlanılmasının davam etdirilməsinə qanuni cəzalandırma məqsədləri ilə daha haqq qazandırmağın mümkün olmadığı andan deyil, həmin qərarın qəbul edildiyi andan başlayıb.
Məhkəmə xatırlatdı ki, konkret cinayətlərə görə həbs cəzalarının müvafiq müddəti barədə qərar verməkdə iştirakçı dövlətlərə müəyyən qiymətləndirmə sərbəstliyi verilməlidir və onlar xüsusilə ağır cinayətlərə görə yetkinlik yaşına çatmış cinayətkarlara ömürlük həbs cəzası təyin etməkdə də sərbəst olmalıdırlar. Lakin yetkinlik yaşına çatmış şəxsə müddətinin azaldılması mümkün olmayan ömürlük həbs cəzasının təyin olunması 3-cü maddə üzrə məsələni meydana çıxara bilər. Konkret işdə ömürlük həbs cəzasının müddətinin azaldılması mümkün olmayan cəza olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə onu aydınlaşdırmağa çalışır ki, ömürlük azadlıqdan məhrum edilmiş məhbusun azadlığa buraxılma perspektivinə malik olduğunu söyləmək olarmı? Milli qanunvericilikdə ömürlük həbs cəzasının başqa cəza ilə əvəzlənməsi, yüngülləşdirilməsi, bu cəzaya xitam verilməsi və ya məhbusun şərti azadlığa buraxılması məqsədi ilə bu cəzaya yenidən baxılması imkanı nəzərdə tutulubsa, bu, həmin cəzanın 3-cü maddənin tələblərinə uyğun olması üçün yetərlidir.
Ömürlük həbs cəzasının 3-cü maddəyə uyğun hesab edilməsi üçün azad edilmə perspektivi və cəzaya yenidən baxılması imkanı mövcud olmalıdır ki, bunun da bir sıra səbəbləri var. Birincisi, aydın məsələdir ki, həbslə cəzalandırma üçün qanuni əsaslar olmadıqda məhbus həbsdə saxlanıla bilməz. Lakin həbsə haqq qazandıran əsaslar arasında balans statik (durğun) olmaya da bilər və cəzaçəkmənin gedişində dəyişə bilər. Bu amilləri və ya dəyişiklikləri yalnız cəzaçəkmənin müəyyən məqamında davamlı həbsə haqq qazandıran əsaslara yenidən baxılması yolu ilə düzgün qiymətləndirmək olar. İkincisi, əgər məhbus azadlığa buraxılması üçün hər hansı perspektiv olmadan və barəsindəki ömürlük həbs cəzasına yenidən baxılması imkanı olmadan həbsdə saxlanılarsa, bu halda o, həbsxanada nə edirsə-etsin, islah istiqamətində nə qədər müstəsna irəliləyişə nail olursa-olsun, cinayətinə görə günahını heç vaxt yuya bilməməsi riski mövcud olar. Üçüncüsü, dövlət şəxsə ən azı nə vaxtsa yenidən azadlığa çıxma şansı vermədən onu məcburi qaydada azadlıqdan məhrum etsəydi, bu, insan ləyaqətinə hörmət edilməsi tələbinə zidd olardı. Bundan başqa, hazırda Avropa hüququnda və beynəlxalq hüquqda bu prinsip açıq-aydın dəstəklənir ki, bütün məhbusların, o cümlədən ömürlük həbs cəzası çəkənlərin islah olunmasına imkan yaradılmalı və islaha nail olunduqda onların azadlığa çıxma perspektivi olmalıdır.
Müvafiq olaraq, 3-cü maddə cəzanın çəkilməli müddətinin azaldılmasının mümkünlüyünü nəzərdə tutan maddə kimi şərh olunmalıdır, yəni dövlət orqanlarının məhbusun həyatında hər hansı mühüm dəyişikliyin və cəzaçəkmənin gedişində islah istiqamətində irəliləyişin baş verib-vermədiyini nəzərdən keçirə bilmələri üçün cəza müddətinə yenidən baxılmalıdır, bunların baş verməsi isə o deməkdir ki, həbsdə saxlanılmanın bundan sonra da davam etdirilməsi qanuni cəzalandırma məqsədlərinə xidmət edə bilməz. Yenidən baxmanın hansı formada (icra, yoxsa məhkəmə hakimiyyəti tərəfindən) aparılmalı olduğunu təyin etmək və ya nə zaman həyata keçirilməli olduğunu müəyyənləşdirmək Məhkəmənin vəzifəsi olmasa da, Məhkəmənin sərəncamında olan müqayisəli hüquqla beynəlxalq hüququn materialları göstərir ki, ömürlük həbs cəzası təyin edildikdən sonra cəza müddətinə iyirmi beş ildən gec olmamaqla, daha sonra isə mütəmadi dövriliklə yenidən baxılmasını təmin edən müəyyən mexanizmin nəzərdə tutulması açıq-aydın dəstəklənir. Daxili qanunvericilikdə bu cür yenidən baxma imkanı nəzərdə tutulmayıbsa, ömürlük həbs cəzası Konvensiyanın 3-cü maddəsinin standartlarına cavab verməyəcək. Nəhayət, baxmayaraq ki, zəruri yenidən baxma cəzanın təyin edilməsindən müəyyən müddət keçdikdən sonra baş verən, gələcək zamana aid olan hadisədir, ömürlük həbs cəzası almış məhbus cəza müddətinə yenidən baxılması nöqteyi-nəzərindən ittiham hökmündə yer alan hüquqi şərtlərin 3-cü maddənin tələblərinə cavab vermədiyi barədə şikayət vermək üçün gözləməyə və cəzasının qeyri-müəyyən miqdarda illərini çəkməyə məcbur edilməməlidir. Barəsində həmişəlik həbs qərarı çıxarılmış məhbus cəzaçəkmənin başlanğıcında bunları bilmək hüququna malikdir ki, azadlığa buraxılması məsələsinə baxılması üçün nə etməlidir, bu məsələyə hansı şərtlərlə baxılacaq, o cümlədən cəza müddətinə nə zaman yenidən baxılacaq və ya yenidən baxma üçün nə zaman müraciət etməlidir. Müvafiq olaraq, həmişəlik həbs cəzasına yenidən baxılması üçün daxili qanunvericilikdə hər hansı mexanizm və ya imkan nəzərdə tutulmayıbsa, bu əsasa görə həmin cəzanın 3-cü maddəyə zidd olması məsələsi sonrakı mərhələ olan azadlıqdan məhrumetmə cəzasının çəkilməsi mərhələsində deyil, artıq həmişəlik həbs cəzasının təyin edildiyi andan meydana çıxmış olur.
Hökumət Məhkəmə qarısında iddia etdi ki, 2003-cü il tarixli Qanunun məqsədi ömürlük həbs cəzaları ilə bağlı qərarların qəbulu prosesindən icra hakimiyyətini kənarlaşdırmaq idi və nazirin əvvəllər mövcud olmuş 25 ildən sonra cəza müddətinə yenidən baxma səlahiyyətinin ləğv edilməsinin səbəbi də məhz bu idi. Lakin Məhkəmə hesab etdi ki, 25 ildən sonra cəza müddətinə yenidən baxılmasını tamamilə ləğv etməkdənsə, həmin yenidən baxmanın məhkəmə sistemi tərəfindən həyata keçirilməsinin qanunvericilikdə nəzərdə tutulması daha ardıcıl mövqe olardı.
Məhkəmə həmçinin bu qənaətə gəldi ki, İngiltərə və Uelsin cari qanunvericiliyində ömürlük həbs cəzası almış məhbusların azadlığa buraxılması perspektivi ilə bağlı aydınlıq yoxdur. 1997-ci il tarixli Qanunun 30-cu maddəsi ədliyyə nazirinə istənilən məhbusu, o cümlədən həmişəlik həbs cəzası çəkənləri azad etmək səlahiyyəti versə də, Həbsxanada cəzaçəkmə haqqında əmrin müvafiq müddəalarında nəzərdə tutulub ki, məhbus yalnız sağalmaz xəstəliyə düşər olduqda və ya fiziki cəhətdən fəaliyyət qabiliyyətini itirdikdə onun azadlığa buraxılması barədə qərar çıxarıla bilər. Bunlar olduqca məhdudlaşdırıcı şərtlər idi və Məhkəmənin rəyinə görə, mərhəmət mülahizələrinə görə bu cür azadetmə Kafkarisin işində nəzərdə tutulmuş "azadlığa buraxılma perspektivi" demək deyildi.
Buna görə də, 30-cu maddənin geniş çərçivəli şərhi ilə Həbsxanada cəzaçəkmə haqqında əmrdə verilən tam siyahının şərtləri arasındakı bu ziddiyyəti, eləcə də həmişəlik həbs cəzası almış məhbusların cəza müddətinə yenidən baxılmasını nəzərdə tutan mexanizmin olmamasını nəzərə alaraq, Məhkəmə əmin deyil ki, Konvensiyanın 3-cü maddəsinin məqsədləri üçün hazırda ərizəçilərin ömürlük həbs cəzalarını müddətinin azaldılması mümkün olan cəza hesab etmək olardı. Beləliklə, bu məsələdə hər üç ərizəçi barəsində həmin maddənin tələbləri yerinə yetirilməyib.
Bununla belə, Məhkəmə vurğuladı ki, ərizəçilərin işində pozuntunun müəyyən edilməsi faktı onlar üçün dərhal azadlığa buraxılma perspektivi yaradan fakt kimi başa düşülməməlidir. Onların azad edilməli olub-olmaması, məsələn, bu amillərdən asılıdır: onların həbsdə saxlanılmasının davam etdirilməsinə qanuni cəzalandırma məqsədləri ilə hələ də haqq qazandırmaq olarmı və onların cəmiyyət üçün təhlükəli olduqlarına görə həbsdə qalmasına əsas varmı? Bu suallar bu işdə cavablandırılmalı suallar deyil və Məhkəmədə bunlarla bağlı hər hansı arqument irəli sürülməyib.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı on altı səslə).
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü birinci ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir. Digər ərizəçilər tərəfindən heç bir kompensasiya tələbi irəli sürülməyib.
(Həmçinin bax: Kafkaris Kiprə qarşı [BP], ərizə № 21906/04, 12 fevral 2008-ci il, 105 saylı Məlumat bülleteni; İorqov Bolqarıstana qarşı (№ 2), ərizə № 36295/02, 2 sentyabr 2010-cu il, 133 saylı Məlumat bülleteni; Şuxter İtaliyaya qarşı (qərardad), ərizə № 68476/10, 11 oktyabr 2011-ci il, 145 saylı Məlumat bülleteni; və Harkins və Edvards Birləşmiş Krallığa qarşı, ərizələr № 9146/07 və 32650/07, 17 yanvar 2012-ci il, 148 saylı Məlumat bülleteni).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy