© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
FON HANNOVER ALMANİYAYA qarşı İŞİ (2 saylı)
CASE OF VON HANNOVER v. GERMANY (no. 2)
( 40660/08 və 60641/08 saylı ərizələr)
QƏRAR
STRASBURQ
7 fevral 2012
Bu qərar yekundur, lakin redaktə məqsədi ilə təhlil edilə bilər.
Von Hannover Almaniyaya qarşı işinə (2 saylı)
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Jean-Paul Costa,
Françoise Tulkens,
Josep Casadevall,
Lech Garlicki,
Peer Lorenzen,
Karel Jungwiert,
Renate Jaeger,
David Thór Björgvinsson,
Ján Šikuta,
Mark Villiger,
Luis López Guerra,
Mirjana Lazarova Trajkovska,
Nona Tsotsoria,
Zdravka Kalaydjieva,
Mihai Poalelungi,
Kristina Pardalos, hakimlər,
və Michael O’Boyle, Katibin Müavini,
Ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
1 oktyabr və 7 dekabr 2011-ci il tarixlərində qapalı müşavirə keçirərək,
sonuncu qeyd olunmuş tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROCESS
1. Bu iş Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü Maddəsinə əsasən Məhkəməyə 22 avqust və 15 dekabr tarixlərində müvafiq olaraq Monako vətəndaşı Şahzadə xanım Karolina fon Hannover (Caroline von Hannover) və Almaniya vətəndaşı Şahzadə Ernst Avqust fon Hannover (Ernst August von Hannover ) (ərizəçilər) tərəfindən Almaniya Federativ Respublikasına qarşı verilmiş iki şikayət ərizəsi (40660/08 və 60641/08 saylı) əsasında açılmışdır.
2. Ərizəçilər iddia ediblər ki, Almaniya məhkəmələri tərəfindən onların fotoşəkillərinin yenidən çap edilməsinə qadağan qoyulmasından imtina edilməsi Konvensiyanın 8-ci Maddəsində nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququnun pozulmasına səbəb olmuşdur.
3. Ərizələr ilkin olaraq Məhkəmənin Beşinci Bölməsinə təyin edilmişdir (Məhkəmə Reqlamentinin (“Reqlament”) 52-ci Qaydasının 1-ci bəndi). 13 noyabr 2008-ci ildə həmin Bölmənin Palatası 40660/08 saylı ərizə ilə bağlı Almaniya Hökumətinə (“Hökumət”) məlumat verməyi qərara alıb. Konvensiyanın 29-cu Maddəsinin 3-cü bəndinə əsasən, müvafiq zamanda ifadə edildiyi kimi, o, həmçinin qərara almışdır ki, işə qəbuledilənliyi ilə bağlı və mahiyyəti üzrə birgə baxılmalıdır. 8 yanvar 2009-cu ildə Beşinci Bölmənin Sədri 60641/08 saylı ərizə ilə bağlı Hökumətə məlumat verməyi qərara alıb. Konvensiyanın 29-cu Maddəsinin 3-cü bəndinə əsasən, müvafiq zamanda ifadə edildiyi kimi, o, həmçinin qərara almışdır ki, işə qəbuledilənliyi ilə bağlı və mahiyyəti üzrə birgə baxılmalıdır. 24 noyabr 2009-cu ildə Beşinci Bölmənin Palatası iki ərizəni birləşdirməyi qərara alıb.
30 mart 2010-cu ildə aşağıdakı hakimlər: Peer Lorenzen, Sədr, Renate Jaeger, Karel Jungwiert, Rait Maruste, Mark Villiger, Mirjana Lazarova Trajkovska və Zdravka Kalaydjieva, və həmçinin Bölmənin katibi Claudia Westerdiek-dən ibarət Palata hazırki ərizələri 13 noyabr 2008-ci ildə kommunikasiya edilmiş və televiziya aktyorunun həbsi və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iki materialın çap edilməsinin ərizəçi şirkətə qadağan edilməsi ilə bağlı olan Aksel Springer AG Almaniyaya qarşı (Axel Springer AG v. Germany) (39954/08 saylı) ərizəsi ilə birləşdirməyə dair qərar qəbul etdikdən sonra bu işləri Böyük Palataya göndərməyi (öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etməyi) qərara alıb və tərəflərdən heç biri bu imtinaya etiraz etməyib (Konvensiyanın 30-cu Maddəsi və 72-ci Qayda).
4. Böyük Palatanın tərkibi Konvensiyanın keçmiş 27-ci Maddəsinin 2 və 3-cü bəndlərinə (hazırki 26-cı Maddənin 4 və 5-ci bəndləri) və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına əsasən müəyyən edilib. 3 noyabr 2011-ci ildə Jean-Paul Costa-nın Məhkəmənin Sədri olaraq səlahiyyət müddəti başa çatıb. Onu bu vəzifədə Nicolas Bratza əvəz etmiş və bu işdə Böyük Palataya sədrlik etmişdir (9-cu Qaydanın 2-ci bəndi). C-b Costa səlahiyyət müddəti başa çatdıqdan sonra Konvensiyanın 23-cü Maddəsinin 3-cü bəndinə və 24-cü qaydanın 4-cü bəndinə əsasən Palatanın tərkibində qalmağa davam edib. Yekun müşavirə zamanı əvəzedici hakimlər olan Lech Garlicki və Nona Tsotsoria işə baxılmasında artıq iştirak etmək iqtidarında olmayan Rait Maruste və Christos Rozakis–i əvəz ediblər (24-cü Qaydanın 3-cü bəndi).
5. Böyük Palatanın Sədri Konvensiyanın 29-cu Maddəsinin 3-cü bəndinin tətbiq edilməsini davam etdirərək işin qəbuledilənliyi və mahiyyəti üzrə birgə baxılmasını qərara alıb. O, həmçinin qərara alıb ki, hazırki işlər üzrə icraatlar Axel Springer AG v. Germany işi üzrə icraatla eyni vaxtda aparılsın (42-ci Qaydanın 2-ci bəndi).
6. Ərizəçilər və Hökumət hər biri işin qəbuleilənliyi və mahiyyəti ilə bağlı yazılı müşahidələrini təqdim ediblər. Tərəfflər bir-birinin müşahidələrinə yazılı cavab veriblər.
7. Buna əlavə olaraq, üçüncü tərəf müşahidələri Almaniya Jurnal Nəşriyyatçıları Assosiasiyası (Verband Deutscher Zeitungsverleger), sözügedən fotoşəkillərdən birini dərc etdirən nəşriyyat şirkəti olan Ehrlich & Sohn GmbH & Co. KG-dan, Nedia Hüquqşünasları Assosiasiyasından, Media Hüquq Müdafiə Təşəbbüsündən, Beynəlxalq Mətbuat İnstitutundan və Qəzet və Xəbər Nəşriyyatçıları Dünya Assosiasiyasından alınmışdır ki, Sədr tərəfindən onlara yazılı prosedura müdaxilə etmək icazəsi verilib (Konvensiyanın 36-cı Maddəsinin 2-ci bəndi və 44-cü Qaydanın 2-ci bəndi). Tərəflərə həmin rəylərə cavab vermək imkanı verilib (44-cü Qaydanın 5-ci bəndi).
8. 17 noyabr 2008-ci ildə yazılı müşahidələrini təqdim etmək hüququ ilə bağlı məlumatlandırılan Monako Hökuməti Məhkəməyə bildirmişdir ki, onlar məhkəmə prosesində iştirak etmək niyyətində deyillər. Palatanın öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etmək qərarının ardından həmin hüquqla bağlı 31 mart 2010-cu ildə təkrar məlumatlandırıldıqdan sonra Monako Hökuməti məhkəmə prosesində iştirak etməklə bağlı məramını nümayiş etdirməyib.
9. Dinləmə13 oktyabr 2010-cu il tarixində Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq şəkildə keçirilib (59-cu Maddənin 3-cü bəndi).
Məhkəmədə aşağıdakılar iştirak edib:
(a) Hökumətin adından
X-mA. Wittling-Vogel, Federal Ədliyyə Naziri,Nümayəndə,
C-bC. Walter, Ümumi Hüquq üzrə professor,Vəkil,
C-bA. von Ungern-Sternberg, Köməkçi,
C-bR. Sommerlatte, Federal Mədəniyyət Idarəsi,
C-bA. Maatsch, Hamburq Regional Məhkəməsi,Məsləhətçilər;
(b) ərizəçilərin adından
C-bM. Prinz, Hamburq Vəkillər Kollegiyasının üzvü,
C-bM. Lehr, Hamburq Vəkillər Kollegiyasının üzvü,Vəkillər,
X-mS. Lingens, Vəkil,Məsləhətçi.
Məhkəmə c-b Walter və c-b Prinz-in çııxışlarını dinləyib.
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçilər, yəni Monakonun mərhum Şahzadəsi III Rainierin böyük qızı və onun əri müvafiq olaraq 1957 və 1954-cü illərdə doğulmuş və Monakoda yaşayırlar.
A. İşlər barədə ümumi məlumat
11. 1990-cı illərin əvvəllərindən etibarən birinci ərizəçı- əksər hallarda məhkəmə vasitəsilə olmaqla – onun şəxsi həyatı haqqında fotoşəkillərin mətbuatda dərc olunmasına qarşı çıxmağa çalışıb.
12. Fotoşəkillərin müvafiq olaraq 1993 və 1997-ci illərdə Almaniya jurnallarında dərc edilən və birinci ərizəçini aktyor Vincent Lindon və ya əri ilə birlikdə əks etdirən iki seriyası Almaniya məhkəmələrində üç dəfə məhkəmə proseslərinin predmeti olmuş və xüsusilə Federal Ədliyyə Məhkəməsinin 19 dekabr 1995-ci il tarixli və Federal Konstitusiya Məhkəməsinin 15 dekabr 1999-cu il tarixli birinci ərizəçinin iddialarını rədd edən və presedent yaradan qərarlarının çıxarılmasına səbəb olmuşdu. .
13. Həmin məhkəmə prosesləri 24 iyun 2004-cü il tarixli Fon Hannover Almaniyaya qarşı (Von Hannover v. Germany ) (no. 59320/00, ECHR 2004‑VI) işinin predmeti olmuşdur ki, həmin işlə bağlı çıxarılan qərarda Məhkəmə müəyyən etmişdir ki, məhkəmə qərarları birinci ərizəçinin Konvensiyanın 8-ci Maddəsi ilə nəzərdə tutulmuş hüquq olan şəxsi həyatına hörmət hüququnun pozulmasına səbəb olmuşdur.
14. Ölkədaxili məhkəmələrin əsaslandırmalarına gədikdə Məhkəmə xüsusilə aşağıdakı nəticələrə gəlmişdir:
“72. Məhkəmə ölkədaxili məhkəmələrin Müəllif Hüququ Qanununun 23(1) maddəsinə verdikləri şərh ilə razılaşmanın çətin olduğunu bildirmişdir ki, həmin maddə də şəxsi müasir cəmiyyətin “xarakterik (par excellence)” fiquru olaraq təsvir etməkdən ibarətdir. Həmin tərif şəxsə onun şəxsi həyatının qorunması və ya onun rəsmindən istifadə edilməsinə nəzarət baxımından olduqca məhdud müdafiə təmin etdiyinə görə həmin maddəni öz rəsmi vəzifələrini icra edən siyasətçilərə şamil etmək böyük ehtimalla uyğun olardı. Lakin, maddənin, ərizəçi kimi “özəl” şəxsə şamil edilməsini əsaslandırmaq mümkün deyil, belə ki, onun həyatına ictimaiyyət və mətbuat tərəfindən göstərilən maraq yalnız onun hakim ailəyə mənsub olması faktına əsaslanır və o özü heç bir rəsmi funksiya icra etmir.
İstənilən halda Məhkəmə hesab edir ki, bu şərtlər daxilində Qanun dar məcrada şərh edilməli və Dövlətin Konvensiyaya əsasən götürdüyü pozitiv öhdəliyə uyğun olaraq şəxsi həyata hörmət hüququ və öz rəsmindən istifadə üzərində nəzarətə malik olma hüququnu təmin etməlidir.
73. Nəhayət, müasir cəmiyyətin “xarakterik” üzvləri və “nisbətən” ictimai şəxsiyyət sayılanlar arasında aydın və aşkar fərq qoyulmalıdır ki, qanunun aliliyinə əsaslanan Dövlətdə fərdi şəxs sərgiləməli olduğu davranışın əlamətləri ilə bağlı dəqiq fikrə malik olsun. Bundan əlavə, onlar harada və nə zaman müdafiə altında olan sahədə olduqları və ya tam əksinə, digərlərindən, xüsusilə bulvar mətbuatından müdaxilə gözləməyi tələb edən sahədə olduqlarını dəqiq bilməlidirlər.
74. Buna görə də Məhkəmə hesab edir ki, ölkədaxili məhkəmələrin öz qərarlarını əsaslandırdıqları meyarlar ərizəçinin şəxsi həyatını effektiv şəkildə qorumaq üçün yetərli deyildi. Müasir cəmiyyətin “xarakterik” üzvü olaraq o, - mətbuat azadlığı və ictimai maraqlar naminə - ictimaiyyətin gözündən uzaq təcrid olunmuş yerdə yaşamadığı və bunu sübuta yetirə bilmədiyi (bunu da etmək olduqca çətin ola bilərdi) təqdirdə şəxsi həyatının qorunacağına etibar edə bilməzdi. Belə olmadığı təqdirdə o, qəbul etməli idi ki, onun demək olar ki, istənilən vaxt sistemli bir şəkildə şəkli çəkilə bilər və həmin şəkillər geniş şəkildə ictimaiyyətə yayıla bilər və bəzən hətta, hazırki işdə olduğu kimi, bu şəkillər sırf onun şəxsi həyatına aid olan təfərrüatlar barədə yazılar ilə də müşayiət edilə bilər.
75. Məhkəmənin fikrincə, məkan nöqteyi-nəzərindən təcrid olunmanın meyarları, nəzəriyyədə uyğun olsa da, praktikada olduqca mücərrəddir və sözügedən şəxsin əvvəlcədən müəyyən etməsi baxımından çətindir. Hazırki işdə, sadəcə olaraq ərizəçini müasir cəmiyyətin “xarakterik” üzvü kimi səciyyələndirmək onun şəxsi həyatına edilən bu müdaxiləni əsaslandırmaq üçün kifayət etmir.”
B. Sözügedən fotoşəkillər
15. Birinci ərizəçinin işi ilə bağlı Məhkəmənin çıxardığı qərara istinad edən ərizəçilər bir neçə mülki məhkəmə prosesi başladaraq alman jurnallarında onların şəkillərinin yenidən dərc olunmasını qadağan edən məhkəmə əmrinin çıxarılmasına çalışıblar.
1. Frau im Spiegel jurnalında dərc edilən fotoşəkillər
16. İlk üç şəkil nəşriyyat şirkəti olan Ehrlich & Sohn GmbH & Co.KG tərəfindən Frau im Spiegel jurnalında dərc edilib.
(a) Birinci şəkil
17. 20 fevral tarixli 9/02 sayında dərc edilən birinci şəkil ərizəçilərin St. Moritz-də xizək tətilində ikən gəzməyə çıxdıqları vaxt çəkilib. Şəkilin yanında aşağıdakı başlıqla bir yazı verilib: Şahzadə Rainier – evdə yalnız deyil” (“Fürst Rainier – Nicht allein zu Haus”). Məqalədə aşağıdakılar yazılıb:
“İlk maqnoliya tumurcuqları Monako Sarayının ətrafında çiçək açıb – lakin Şahzadə Rainier (78) sanki bu çiçəklənən baharla heç maraqlanmır. O, öz qızı Stéphanie (37) ilə gəzməyə çıxıb. O, yavaş-yavaş addımladıqca qızı ona dəstək verir. Havanın günəşli olmasına baxmayaraq ona soyuqdur. Yaşlı centlmen yorğun və bitkin görünür. Monakolular öz şahzadələrini son dəfə üç həftə öncə sirk festivalında görüblər. O vaxtı o, olduqca nəşəli görünür və qəhqəhələr atan qızı ilə birlikdə gəzirdi. Lakin, həmin vaxtdan etibarən şahzadə saraydan çıxmayıb, hətta Monako Knyazlığının əsas müqəddəsi olan Müqəddəs Devota bayramında belə görünməyib. Bu vəziyyət həm ölkəni, həm də Şahzadə Rainier-in uşaqlarını narahat edir. Şahzadə Albert (hal-hazırda Salt Lake City-de keçirilən Olimpiya Oyunlarında iştirak edir), Şahzadə Caroline (hal-halzırda St. Moritz-de Şahzadə Ernst August von Hannover ilə tətildədir) və Şahzadə Stéphanie növbə ilə atalarına qulluq edirlər. Özünü yaxşı hiss etmədiyi zaman onu evdə tək qoymaq olmaz. Uşaqlar öz sevgilərini ondan əsirgəməməlidirlər.”
Şahzadə Rainier-in öz qızı Şahzadə Stéphanie və Monako Şahzadəsi Albertin Salt Lake City-de keçirilən Olimpiya oyunlarında iştirakı zamanı çəkilən şəkilləri də eyni səhifədə verilib.
(b) İkinci fotoşəkil
18. 20 fevral tarixli 9/03 sayında çıxan ikinci fotoşəkil ərizəçilərin St. Moritz-də gəzintiyə çıxdıqları zaman çəkilib. Şəkilaltı sözlərdə yazılıb: “Ernst August von Hannover və xanımı Monako Şahzadəsi Caroline St. Moritz-də günəş və qardan zövq alırlar.” Eyni səhifədə Şahzadə Albertin kiçik bir fotoşəkli və Avropa Kral ailəsinin iki üzvünün fotoşəkilləri də yerləşdirilib. Şəkilləri müşayiət edən və “Qarda Kraliyyət əyləncəsi” başlığını daşıyan məqalədə şəkildəki insanların St.Moritzdə görüşməkdən necə məmnun olduqlarından bəhs edilir.
(c) Üçüncü fotoşəkil
19. 11 mart tarixli 12/04 sayında çıxan üçüncü fotoşəkil ərizəçilər Zürs am Arlberg-də xizək tətili keçirdikləri zaman oturacaq liftdə oturarkən çəkilib. Həmin səhifədə Şahzadə Rainier-in, birinci ərizəçinin və Şahzadə Albertin 19 noyabr milli bayramı zamanı çəkilən şəkli yerləşdirilib və aşağıdakı başlıq verilib “Şahzadə xanımın son görünüşü”. Səhifənin yarısını tutan digər bir fotoşəkildə birinci ərizəçi Qızılgül Balında (Rose Ball) görüntülənib.
Hər üç məqalə “Şahzadə Caroline. Bütün Monako onu gözləyir” başlığı ilə verilən yazıya illyustrasiya olaraq yerləşdirilib. Həmin məqalənin bu işə aidiyyatı olan hissələrində deyilir:
“20 martda Monakoda keçiriləcək Qızılgül Balının biletləri həftələrdir ki, satılır. Qonaqlar buraya yalnız onun üçün gələcək: Şahzadə Caroline von Hannover (47). Milli bayram günündən bəri o, heç bir rəsmi tədbirdə iştirak etməyib...Sirk festivalında və Monakonun əsas müqəddəsi sayılan Müqəddəs Devota-nın bayramında görünməyib. Ən-ənəyə görə Şahzadə Rainier-in (80) böyük qızı balın açılışını həyata keçirir. Bu rol ona həyatını avtomaşın qəzasında itirən anasından miras qalıb və Caroline-nin ən sevimli balıdır... Ciddi xəstəliyə düçar olmuş Şahzadə ürəyindən əməliyyat olduğu xəstəxanadan təzəcə çıxıb və balda iştirak etmək üçün hələ çox zəifdir. Onun qonaqların şərəfinə edəcəyi açılış nitqi televiziya kanalları ilə göstəriləcək və böyük ekranda nümayiş etdiriləcək. Şahzadə Caroline və onun həyat yoldaşı Ernst August von Hannover Qızılgül Balını vals ilə açacaqlar.
Onlar toylarının beşinci ildönümünü yanvar ayında birlikdə qeyd ediblər. Von Hannover-in evində qeyd edilməli digər bir məsələ də var: 26 fevral tarixində Şahzadənin 50 yaşı tamam olub. O, ad gününü Caroline və bir neçə dostu ilə birlikdə dəbdə olan St. Moritz tətil kurortunda parıldayan qarlar arasında qeyd edib. Ər-arvad əslində tətillərini Zürs am Arlberg-də keçirirdilər, lakin ad gününü qeyd etmək üçün bir neçə günlük St. Moritz-dəki Palace mehmanxanasına gediblər.”
2. Frau Aktuell jurnalında dərc edilən fotoşəkil
20. WZV Westdeutsche Zeitschriftenverlag GmbH & Co. KG adlı nəşriyyat şirkəti Frau Aktuell jurnalının 20 fevral 9/02 sayında eyni gündə Frau im Spiegel jurnalının 9/02 sayında dərc edilən fotoşəkli (və ya demək olar ki, həmin şəklin eyni olan fotoşəkil) dərc edib (bax yuxarıda 17-ci bənd). Frau Aktuell jurnalındakı şəkli müşayiət edən məqaləyə aşağıdakı başlıq verilmişdi: “Bu əsl məhəbbətdir. Şahzadə Stéphanie. O, xəstə Şahzadəyə baxan yeganə şəxsdir”. Məqalənin aidiyyatı olan hissələrində yazılıb:
“Onun sevgi həyatı dağınıq görünə bilər. Lakin bir məsələ qətidir: söhbət atasından gedən zaman Şahzadə Stéphanie ürəyinin harada olduğunu çox yaxşı bilir. Ailənin yerdə qalan hissəsi dünyanı səyahət edərkən, o, ciddi şəkildə xəstə olan atası Şahzadə Rainier-in (78) yanında olmağa tələsib. O, xəstə hökmdara qayğı göstərən yeganə şəxsdir. Stéphanie-nin bacısı Caroline (45) əri Ernst August (48) və qızları Aleksandra ilə Isveçrədəki dəbdə olan St. Moritz xizək kurortuna bir neçə günlük tətil keçirmək üçün gedib. Şahzadə Albert öz növbəsində Salt Lake City-də keçirilən Olimpiadada dörd adamlıq xizək yarışlarında iştirak edir. Dediyi kimi, ‘Beşinci və sonuncu dəfə’. Arada o, bir neçə gün gözdən itərdi. Deyirlər ki, Monako Şahzadəsi onun qəlbini titrədən 24 yaşlı amerikalı hündürlüyə tullanma ustası Alicia Warlick ilə görüşürmüş. Hazırda yalnız qalmaqdan nifrət edən Şahzadə [Rainier] öz kiçik qızını görməyinə çox sevinmişdi. Stéphanie Şahzadəyə çox vaxt sərf etmişdi. O, yaşlı Şahzadə ilə birlikdə uzun-uzadı gəzintilərə çıxırdı və onlar bir-birilərinə çox etibar edirdilər. ‘Rainier kiçik qızının iştirakını tamamlayırdı. Kiçik qızı yanında olanda o, sanki dirçəlir. Həmin anlar zamanı o, yaşlı və xəstə olduğunu unudur’, - bunu monakalılar deyir. ‘Stéphanie daha tez-tez gəlməlidir’.”
Həmin səhifədə Şahzadə Stéphanie-nin atası ilə birlikdə çəkdirdiyi şəkil yer almışdı ki, həmin şəkil eyni gündə Frau im Spiegel jurnalının 9/02 sayında dərc edilmişdi (bax yuxarıda 17-ci bənd); bundan əlavə burada onun başının şəkli və daha iki şəkil, Şahzadə Albertin şəkli və Şahzadənin Alicia Warlick ilə birgə şəkli yer almışdı.
C. Sözügedən icraatlar
1. Birinci ərizəçi tərəfindən başladılan icraatlar
(a) Məhkəmə proseslərinin birinci qrupu
(i) regional Məhkəmənin 29 aprel 2005-ci il tarixli qərarı
21. 2004-cü ildə qeyri-müəyyən tarixdə birinci ərizəçi Ehrlich & Sohn şirkəti tərəfindən yuxarıda qeyd olunan üç fotoşəkilin yenidən dərc etdirilməsinin qadağan edilməsinə nail olmaq məqsədilə Hamburq Regional Məhkəməsinə müraciət edib.
22. 29 aprel 2005-ci il tarixli qərarı ilə Regional Məhkəmə həmin qadağanı belə bir əsasla tətbiq edib ki, ərizəçi həmin fotoşəkillərin dərc edilməsinə razılıq verməyib, bu isə Müəllif Hüququ Qanununun (bundan sonra “Müəllif Hüququ Qanunu” – bax aşağıda 70-ci bənd) müddəalarına əsasən şərt idi. Lakin məhkəmə müəyyən etmişdir ki, hətta birinci şəkil ilə bağlı razılıq almaq zəruri olmasa da, belə ki, həmin fotoşəkil həmin Qanunun 23(1)(1) maddəsinin mənası baxımından müasir cəmiyyətdə çəkilmişdi (Bildnis aus dem Bereich der Zeitgeschichte), fotoşəklin dərc etdirilməsi əsaslandırılmamışdı. Həmin müddəanın 2-ci yarımbəndinə əsasən belə bir rəsmin dərc etdirilməsi yalnız o zaman qanunauyğun sayıla bilərdi ki, fotoşəkli çəkilən şəxsin qanuni maraqlarına müdaxilə edilmiş olmasın. Məhkəmənin fikrincə, belə bir qanuni marağın olub-olmaması məsələsinin müəyyən edilməsi üçün fotoşəkli çəkilmiş şəxsin maraqları ilə məlumat əldə edən ictimaiyyətin maraqları arasında tarazlıq yaratmaq tələb olunur.
23. Regional Məhkəmə müəyyən edib ki, hazırki işdə üstünlük təşkil edən birinci ərizəçinin şəxsi həyatının qorunması hüququ idi. Həmin nəticəyə gəlməklə Regional Məhkəmə geniş şəkildə Məhkəmənin Von Hannoverin işi ilə bağlı qəbul etdiyi qərara istinad edib. O, aşkar edib ki, birinci ərizəçinin öz atası ilə münasibəti, onun xəstə olması faktından asılı olmayaraq, cəmiyyətin ümumi maraqları naminə aparılan debatlara töhfə vermirdi, belə ki, birinci ərizəçi Dövlətin beynəlxalq siyasət baxımından bir o qədər də əhəmiyyətli xadim olmayan Şahzadəsinə sadəcə ailə münasibətləri ilə bağlı idi və özü heç bir rəsmi funksiya icra etmirdi.
24. Regional Məhkəmə bildirmişdir ki, həmin əsaslandırma, fotoşəkli çəkilən şəxs ictimaiyyətin gözündən uzaqlaşaraq təcrid olunmuş şəkildə yaşamayınca legitim marağı tanımayan Federal Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmiş prinsiplərə tamamən uyğun olmasa da, o, həmin presedentə görə Məhkəmənin presedent hüququnu nəzərə almayacaq mövqedə deyil.
(ii) Apelyasiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı
25. Nəşriyyat şirkəti həmin qərardan şikayət edib.
26. 31 yanvar 2006-cı il tarixli qərarı ilə Hamburq Apelyasiya Məhkəməsi qərarı ləğv etmiş və bunu belə əsaslandırmışdır ki, ərizəçinin Konvensiyanın 8-ci Maddəsinə əsasən malik olduğu hüquq mətbuatın əsas hüquqları ilə münasibətdə üstünlük təşkil etməli idi. O, müəyyən etmişdir ki, məqalələr əsasən əyləncə xarakterli olsa da, fotoşəkillərin dərc etdirilməsinin əsas hüquqi əsaslandırması (tragende Erwägungen) Apelyasiya Məhkəməsi üçün məcburi hüquqi qüvvəyə malik olan Federal Konstitusiya Məhkəməsinin 15 dekabr 1999-cu il tarixli qərarı baxımından qanunauyğun idi. O, qeyd etmişdir ki, ictimai xadimlər əlbəttə ki, istənilən anda və istənilən yerdə fotoşəkli çəkilmək və daha sonra həmin fotoşəkillərin dərc etdirilməsi riskindən qorunmalıdırlar. Lakin, Apelyasiya Məhkəməsinin mülahizəsinə görə, belə şəxslərin legitim maraqları Müəllif Hüququ üzrə Qanunun 23(2) Maddəsinin mənası çərçivəsində məşhur şəxslərin rəsmi vəzifələrini icra etmədikləri zaman onlar barədə istənilən xəbər və ya məlumat yaymanın qadağan edilməsi ilə nəticələnməməlidir. İstənilən halda, şəxsi həyata hörmət hüququ hamıya açıq olan və fotoşəkli çəkilmiş bir çox digər şəxsin əhatə olunduğu ictimai yerlərdə çəkilmiş fotoşəkillərin dərc etdirilməsini qadağan etmirdi.
(iii) Federal Ədliyyə Məhkəməsinin 6 mart 2007-ci il tarixli qərarı
27. Birinci ərizəçi həmin qərardan hüquqi məsələlərlə bağlı şikayət etmişdir.
28. 6 mart 2007-ci il tarixli qərarında (no. VI ZR 51/06) Federal Ədliyyə Məhkəməsi onun birinci fotoşəkil ilə bağlı şikayətini rədd edib. Onun ikinci və üçüncü fotoşəkillər ilə bağlı şikayətini məhkəmə dəstəkləyərək Apelyasiya Məhkəməsinin qərarını ləğv etmiş və Regional Məhkəmə tərəfindən verilmiş qərarı yenidən qüvvədə saxlamışdır.
29. Federal Ədliyyə Məhkəməsi müəyyən etmişdir ki, Apelyasiya Məhkəməsinin qərarı Müəllif Hüququ haqqında Qanunun 22 və 23-cü maddələrinə əsasən mövcud olan presedent hüququnda irəli sürülmüş və onun Van Hannover işi ilə bağlı qərarın ardından çıxarılmış bir sıra qərarlarda aydınlaşdırdığı tədrici müdafiə konseptinə (abgestuftes Schutzkonzept) və Məhkəmənin həmin qərarda ifadə etdiyi prinsiplərin qeyd-şərtlərinə uyğun gəlmir. Həmin yeni müdafiə konseptinə əsasən, Müəllif Hüququ haqqında Qanunun 23(1) maddəsi, hansı ki, qaydadan istisna təşkil edirdi və ona əsasən fotoşəkil sözügedən şəxsin əvvəlcədən verilmiş razılığı olmadan dərc etdirilə bilməzdi, ictimaiyyətin məlumat əldə etmək marağını və kütləvi informasiya vasitələrinin azadlığı məsələsini nəzərə alırdı. Buna müvafiq olaraq, mübahisələndirilən fotoşəkillərin Müəllif Hüququ Qanununun 23(1)(1) maddəsinin mənası baxımından müasir cəmiyyətin bir aspektini nümayiş etdirib-etdirmədiyini qiymətləndirən zaman, bir tərəfdən Əsas Qanunun 1 § 1 və 2 § 1 maddələrinə və Konvensiyanın 8-ci Maddəsinə əsasən təmin edilən hüquqlar, digər tərəfdən isə Əsas Qanunun və 5-ci Maddəsinin 1-ci bəndinin ikinci cümləsinə və Konvensiyanın 10-cu Maddəsinə əsasən təmin edilən hüquqlar arasında tarazlaşdırma tədbiri görülməlidir.
30. Federal Ədliyyə Məhkəməsi əlavə etmişdir ki, Məhkəmə tərəfindən “müasir cəmiyyətin xarakterik (par excellence) nümayəndəsi” ifadəsi ilə tənqidi nəticə etibarı ilə, kütləvi informasiya vasitələrinin bunlar kimi məşhur şəxslər barədə hansı şərtlərlə məlumat yaya biləcəkləri ilə bağlı idi. O hesab etmişdir ki, birinci ərizəçinin müasir cəmiyyətin xarakterik nümayəndəsi kimi qəbul edilib-edilməməsindən asılı olmayaraq, o, istənilən halda ictimaiyyətin diqqət mərkəzində duran məşhur şəxs idi. Məhkəmənin fikrincə, həmin fakt fotoşəkillərin çəkildiyi zaman onun ictimaiyyətin gözündən uzaq təcrid edilmiş şəkildə olmadığı faktı ilə birləşdikdə belə onu özəl həyatın qorunması hüququndan məhrum etmək üçün yetərli deyildi. Həmin nəticə sadəcə Məhkəmənin qərarı nöqteyi-nəzərindən uyğun deyildi, o, eyni zamanda bu minvalla yaradılmış konsepsiyanın düzgün şəkildə başa düşülməsini əks etdirirdi.
31. Buna müvafiq olaraq, Federal Ədliyyə Məhkəməsi müəyyən etmişdir ki, nəzəri cəhətdən Müəllif Hüququ haqqında Qanunun 23(1)(1) maddəsinə əsasən cəmiyyətin məşhur üzvlərinin şəkillərinin dərc olunmasına dözümlülük göstərmələri tələb edilsə də, həmin şəxslərin qanuni hüquqları pozulduğu təqdirdə onların şəkillərinin çap edilməsi qeyri-qanuni sayılırdı (23(2) maddə). Müasir cəmiyyət üçün əhəmiyyətli hadisədən söhbət getmədiyi təqdirdə, sözügedən şəxsin razılığını almaq öhdəliyinə heç bir istisna edilməməlidir. “Müasir cəmiyyət” ifadəsi və əlbəttə ki, “informasiyanın dəyəri” termini geniş mənada və ictimaiyyətin marağının olub-olmaması kontekstində şərh olunmalıdır. Bu, cəmiyyət üçün ümumi maraq kəsb edən istənilən məsələdən ibarət olmalı və əyləncə xəbərlərini də əhatə etməlidir, belə ki, həmin xəbərlər ictimaiyyətin rəyinin formalaşmasında rol oynaya və hətta adi faktlarla müqayisədə həmin rəyə daha çox təsir göstərə və ya onu stimullaşdıra bilər.
32. Mətbuatın azadlığı və senzuranın qadağan edilməsi mətbuatın özünün hansı məsələlərlə bağlı məlumat yaymağın və nəyi dərc etdirməyin mümkün ola biləcəyini müəyyənləşdirməyi tələb etdiyinə görə, mətbuat özünün məlumatı dərc etdirmək marağı ilə sözügedən şəxsin şəxsi həyatını qorumaq hüququnu müqayisə etmək öhdəliyindən azad edilməmişdir. İnformasiyanın əhəmiyyəti ictimaiyyət üçün nə qədər çox olarsa, qoruma hüququ da bir o qədər çox təmin edilməlidir. Əksinə, ictimaiyyəti məlumatlandırmaq marağı azaldıqda, sözügedən şəxsin özəl həyat hüququnu qorumaq daha çox çəki kəsb edir. Bir qayda olaraq oxucuların əyləndirilməsi özəl həyatın qorunması ilə müqayisədə daha az çəkiyə malikdir, belə ki, burada oxucuların marağını qorumaq tələb olunmur.
33. Federal Ədliyyə Məhkəməsi müvafiq olaraq bəyan etmişdir ki, hətta hal-hazıra qədər müasir cəmiyyətin nümayəndələri kimi qəbul edilən şəxslərlə bağlı hallarda belə diqqəti verilən xəbərin faktlar əsasında debat (mit Sachgehalt) yaradıb-yaratmaması və kontentin yalnızca ictimaiyyətin marağını təmin etmək məqsədindən daha irəli gedib-getmədiyi məsələsinə yönləndirmək lazımdır. Həmin məsələni müəyyənləşdirərkən, həmin şəxsin ictimaiyyətə nə dərəcədə tanındığına verilən diqqəti aradan qaldırmaq üçün heç bir tədbir görülməmişdi.
34. Federal Ədliyyə Məhkəməsi vurğulamışdır ki, müxtəlif maraqlar arasında tarazlıq yaratmaq üsulu Məhkəmənin özəl sahəni effektiv şəkildə qorumaq və mətbuat azadlığı ilə bağlı irəli sürdüyü tələblərə uyğundur və Federal Konstitusiya Məhkəməsinin 15 dekabr 1999-cu il tarixli qərarının məcburi hüquqi qüvvəsinə ziddiyyət təşkil etmir. Qəbul edilməlidir ki, Məhkəmə arzu edilməyən şəkillərin dərc etdirilməsinin özəl həyatın qorunması ilə bağlı məhdudlaşdırılmasını məkan nöqteyi-nəzərindən təcridolunma ilə sərhədləndirib. Lakin, bu məhkəmələri – müxtəlif tərəflərin maraqları arasında tarazlıq yaratdıqları zaman – ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin dəyərinə daha çox çəki verməkdən çəkindirməyib. Bundan əlavə, Federal Konstitusiya Məhkəməsi bir müddət əvvəl Federal Ədliyyə Məhkəməsi tərəfindən ikinci ərizəçinin işi ilə bağlı verilən qərarda həmin meyarlara əsasən tətbiq etdiyi tarazlaşdırma tədbirini təsdiq edib (13 iyun 2006-cı il tarixli qərar, no. 1 BvR 565/06).
35. Federal Ədliyyə Məhkəməsi qeyd etmişdir ki, tarazlaşdırma tədbiri üçün istifadə edilən meyar sözügedən fotoşəklin məlumat təşkil etmək dəyəri olduğuna görə və həmin fotoşəkil yazılmış məqalənin kontekstində çap edildiyinə görə, fotoşəkli müşayiət edən mətnə göz yummaq olmaz.
36. Bu şəkildə müəyyən edilmiş meyarları ona təqdim edilmiş işə tətbiq edərkən Federal Ədliyyə Məhkəməsi ikinci və üçüncü şəkillərdən başlayaraq müşahidə etmişdir ki, ikinci fotoşəkildə ərizəçilər St.Moritz şəhərinin qələbəlik küçələrindən birində xizək tətili zamanı görüntülənib. Prinsip etibarı ilə öz nəşrlərinin kontenti ilə bağlı müstəqil qərar qəbul edə bildiklərinə və ərizəçilərin görüntüləndikləri zaman ictimai yerdə digər insanların arasında olduqlarına görə, nə fotoşəkil, nə də məqalə ümumi maraq kəsb edən və ya müasir cəmiyyətin həyatını əks etdirən hadisəyə aid deyildi. Məşhur şəxslərin tətildə keçirdikləri vaxt onların özəl həyat sahələrinin əsas hissəsinə (Kernbereich) aiddir. Məqalə və fotoşəklin dərc etdirilməsi yalnız əyləncə məqsədinə xidmət edirdi və hər hansı şəkildə ictimai maraq kəsb edən məsələlərlə bağlı deyildi, buna görə də onların həyata keçirilməsi yalnız birinci ərizəçinin icazəsi ilə mümkün ola bilərdi.
37. Federal Ədliyyə Məhkəməsi bildirmişdir ki, üçüncü fotoşəkildə ərizəçilər Zürs şəhərində keçirdikləri xizək tətili zamanı oturacaqlı xizək liftində ikən təsvir edilib. Monakoda keçirilməsi planlaşdırılan və fotoşəkli müşayiət edən məqalədə bəhs edilən Qüzülgül Balı ictimai nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən və müasir cəmiyyətin həyatı ilə bağlı olan hadisə olaraq qiymətləndirilə bilsə də, fotoşəkillə həmin hadisə arasında heç bir əlaqə yox idi. Fotoşəklin məqsədi ikinci ərizəçinin St.Moritzdə keçirilən ad günü və ərizəçilərin Zürsdə keçirdikləri xizək tətili ilə bağlı yazılmış məqaləni müşayiət etməkdən ibarət idi. Buna görə də, verilən məlumatın mərkəzində istisna şəklində birinci ərizəçinin şəxsi həyatı dururdu və həmin məlumat yalnız əyləndirmək məqsədinə xidmət edirdi. Buna müvafiq olaraq, üçüncü fotoşəkil də birinci ərizəçinin razılığı olmadan dərc etdirilə bilməzdi.
38. Birinci şəklə gəldikdə, Federal Ədliyyə Məhkəməsi müşahidə etmişdir ki, həmin fotoşəklin müasir cəmiyyətin həyatı ilə bağlı olan və ictimai maraq kəsb edən hadisə ilə bağlı heç bir əlaqəsi olmasa və ya ümumi maraq kəsb edən debatlara töhfə verməsə də, eyni məsələni şəkli müşayiət edən məqalə ilə bağlı söyləmək mümkün deyil. Qəbul edilməlidir ki, birinci ərizəçinin xizək tətilinə aid olan hissənin müasir cəmiyyətin həyatına və ya ümumi maraq kəsb edən hadisələrə heç bir aidiyyatı yox idi və həmin terminləri geniş şəkildə şərh etdikdə belə əlaqəni müəyyən etmək mümkün deyildi. Lakin, Şahzadənin səhhətinə gəldikdə, Federal Ədliyyə Məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
“Məlumatın həm də Monakonun hakimiyyətdə olan Şahzadəsinin pisləşmiş sağlamlıq vəziyyətinə aidiyyatı var idi. Onun pisləşmiş sağlamlığı müasir cəmiyyətin həyatı ilə bağlı olan məsələ idi və mətbuatın bu barədə məlumat yaymaq öhdəliyi var idi. Burada jurnalistika nöqteyi-nəzərindən nə dərəcədə keyfiyyətli iş görüldüyünün və məqalənin məqsədinin həlledici əhəmiyyəti yox idi, belə ki, mətbuatın azadlığı prinsipi fundamental hüququn məlumatı hazırlayan jurnalistin nə dərəcədə keyfiyyətli iş gördüyü və ya məqalənin hansı şəkildə hazırlandığından asılı olmasına imkan vermirdi. Bu eyni zamanda məqalədə yer alan Şahzadənin səhhətinin pisləşdiyi dövrdə ailə üzvlərinin davranışı ilə bağlı şərhlərə də şamil edilirdi və yeri gəlmişkən, ərizəçi bu məsələ ilə bağlı məqalədən ümumiyyətlə şikayət etməmişdi. Sözügedən fotoşəkil çatdırılan məlumatı təsdiqləyir və nümayiş etdirirdi.”
39. Federal Ədliyyə Məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin şərtlər daxilində və verilən xəbərin məzmununu bütövlükdə nəzərə aldıqda birinci ərizəçinin ərizəçilərin küçədə çəkilmiş fotoşəklinin dərc etdirilməsinə ziddiyyət təşkil edə biləcək heç bir qanuni marağı yox idi. Xüsusilə fotoşəklin özü ilə bağlı pozuntu (eigenständiger Verletzungseffekt) təşkil edə biləcək heç bir xüsus mövcud deyildi və buna görə də fərqli bir nəticəni əsaslandırmaq mümkün deyildi; bundan əlavə fotoşəklin gizli şəkildə və ya gizli cihazlardan istifadə etməklə çəkildiyi və bununla onun dərc etdirilməsin qanunsuz olması barədə fikir yürütmək üçün heç bir əsas yox idi.
(iv) Federal Konstitusiya Məhkəməsinin 26 fevral 2008-ci il tarixli qərarı
40. 26 fevral 2008-ci il tarixli qərarında Federal Konstitusiya Məhkəməsinin Birinci Bölməsi (Senat) birinci ərizəçi və Ehrlich & Sohn GmbH & Co. KG adlı nəşriyyat şirkəti tərəfindən Federal Ədliyyə Məhkəməsinin qərarından verilmiş konstitusiya şikayətlərini (no. 1 BvR 1626/07) rədd edib (no. VI ZR 51/06).
Eyni qərarda o, Klambt-Verlag GmbH & Co. adlı nəşriyyat şirkətinin Federal Konstitusiya Məhkəməsi tərəfindən verilmiş qərardan etdiyi konstitusiya şikayətini (no. 1 BvR 1606/07) qəbul edib (6 mart 2007-ci il tarixli qərar, no. VI ZR 52/06); bu şikayət 7 Tage jurnalında dərc edilmiş və ərizəçiləri müəyyən edilməmiş yerdə tətildə ikən təsvir edən və Von Hannover ailəsinin Kenyadakı villasını icarəyə götürmək imkanını əks etdirən fotoqrafik məlumatla bağlı idi. Həmin icraat birinci ərizəçi tərəfindən Məhkəməyə verilmiş ayrıca şikayət ərizəsinin predmetidir (no. 8772/10).
41. Federal Konstitusiya Məhkəməsi hər şeydən əvvəl müşahidə etmişdir ki, məhkəmə qərarları birinci ərizəçinin Əsas Qanunun 1 § 1 və 2 § 1maddələri ilə təmin edilən şəxsi həyat hüququnun qorunması hüququna müdaxilə təşkil edirdi. Lakin həmin hüquq tərəfindən təmin edilən qoruma və mətbuat azadlığının müəyyən hüdudları vardır. Mətbuat azadlığına Müəllif Hüququ haqqında Qanunun 22(1) maddəsində və Konvensiyanın 8-ci Maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər şamil edilir, Müəllif Hüququ haqqında Qanunun müddəaları və Konvensiyanın 10-cu Maddəsi isə şəxsi həyatın qorunmasına məhdudiyyətlər qoyur. Almaniya hüquq sisteminə əsasən Konvensiyanın müddəaları adi federal qanun statusuna malikdir. Konstitusiya hüququ səviyyəsində Konvensiya və Məhkəmənin presedent hüququ ilə təmin edilən azadlıqlar və hüquqlar fundamental hüququn məzmunu və əhatə dairəsini şərh edərkən bələdçi rolunu oynamışdır.
42. Federal Konstitusiya Məhkəməsi Məhkəmənin Konvensiyanın 8 və 10-cu Maddələrinə əsasən yaradılmış presedent hüququnu və öz presedent hüququnu təkrarlamış və 15 dekabr 1999-cu il tarixli presedent təşkil edən qərarında (Von Hannover, yuxarıda sitat gətirilib, § 25) müəyyən edilmiş prinsiplərə istinad etmişdir. O, əlavə etmişdir ki, görüntü özü-özlüyündə ictimai rəyin formalaşmasına təsir göstərməsə də onun informasiya dəyəri onu müşayiət edən məqalənin kontekstində qiymətləndirilməlidir. Lakin, həmin məqalə yalnız məşhur şəxsin fotoşəklini dərc etdirmək üçün bir bəhanə idisə, o, ictimai fikrin formalaşmasına heç bir təsir göstərməmişdi və buna görə də, məqalənin dərc olunması ilə bağlı maraqların şəxsi həyatı qorumaqla bağlı maraqlar üzərində üstünlük təşkil etməsi üçün heç bir əsas yox idi.
43. Federal Konstitusiya Məhkəməsi davam edərək bildirmişdir ki, özəl həyat hüququnun qorunmasına verilən marağın çəkisini müəyyən etmək üçün yalnız fotoşəklin hansı şəraitdə çəkildiyini, məsələn gizli şəkildə və ya fotomüxbirlərin təkidli izləməsi ilə çəkilib-çəkilmədiyini deyil, eyni zamanda sözügedən şəxsin hansı vəziyyətdə çəkildiyini və necə təsvir edildiyini də nəzərə almaq lazımdır. Bununla da, fotoşəkildə şəxsin özəl həyatına aid olan və bir qayda olaraq ictimai maraq kəsb etməyən təfərrüatlar əks etdirildikdə şəxsi həyat hüququnun qorunması daha artıq çəkiyə malik olur. Bu eyni şəkildə, sözügedən şəxsin fotoşəkillər çəkildiyi zaman özəl yerdə (räumliche Privatheit), məsələn xüsusi olaraq qorunan yerə olduğuna görə qanuni olaraq heç bir fotoşəklin dərc etdirilməyəcəyini gözlədiyi hallara da şamil edilir. Şəxsi hüquqların müdafiəsi hüququ da dərc etmə ilə bağlı maraq ilə müqayisədə üstünlük təşkil edə bilər, lakin bu elə hallarda baş verir ki, orada sözügedən şəxs gündəlik peşə və ya adi həyatında uzaq yerdə dincəlmək və sərbəst qalmağa çalışaraq məkan nöqteyi-nəzərindən təcrid olunmuş yerdə olsun.
44. Federal Konstitusiya Məhkəməsi bəyan etmişdir ki, həmin anlamda faktların təqdim olunması və sübutetmə yükü ilə bağlı prosedur öhdəliklərinə də əhəmiyyət vermək lazımdır. Nə mətbuat, nə də fotoşəkli çəkilən şəxsin bir-birinə ziddiyyət təşkil edən maraqların tarazlaşdırılması məqsədilə sübutları təqdim etmək imkanından məhrum edilməməsini təmin etmək zərüru idi. Mətbuat sözügedən şəxsin fotoşəklini onun razılığı olmadan dərc etdirməyə çalışdıqda, fotoşəklin hansı şəraitdə çəkildiyini əsaslandırmaq tələb edilə bilər ki, məhkəmələr sözügedən şəxsin fotoşəklinin dərc etdirilməsinin fotoşəkli çəkilmiş şəxsin qanuni maraqlarının əsaslarına ziddiyyət təşkil edib-etmədiyini qiymətləndirə bilsin.
45. Federal Konstitusiya Məhkəməsi müşahidə etmişdir ki, mülki məhkəmələrin vəzifəsi Konvensiyanın müddəalarını da nəzərə almaqla fundamental hüquqlarla bağlı mülki qanunvericiliyin müddəalarını tətbiq və şərh etməkdən ibarət idi. O, əlavə etmişdir ki, onun öz rolu aşağı məhkəmələrin qanunu şərh və tətbiq edərkən və bir-birinə qarşı duran hüquqları tarazlaşdırarkən fundamental hüquqların təsirini kifayət qədər nəzərə alıb-almamalarını yoxlamaqdan ibarətdir. Bu eyni şəkildə Konstitusiya Məhkəməsi tərəfindən məhkəmələrin Məhkəmənin müvafiq presedent hüququnun milli hüquq sisteminə (Teilrechtsordnung) daxil edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirib-yetirmədikləri üzərində həyata keçirilən nəzarətin də əhatə dairəsinə aid idi. Məhkəmənin çoxqütblü, yəni bir neçə şəxsin marağının mövcud olduğu və müxtəlif nəticəyə gəlinməsinə səbəb ola biləcək mübahisələrdə müxtəlif hüquqlar arasında tarazlıq yaratması faktı Federal Konstitusiya Məhkəməsindən məhkəmə qərarını düzəltməyi tələb etmək üçün yetərli səbəb deyildi. Lakin, əgər fundamental hüququn qoruyucu əhatə dairəsi (Schutzbereich) və ya miqyası səhvən müəyyən edilsə idi və buna müvafiq olaraq tarazlaşdırma tədbiri qüvvədən düşsəydi, və ya konstitusiya qanunu və ya Konvensiyaya əsasən mövcud olan tələblər düzgün şəkildə nəzərə alınmasaydı, Konstitusiyanın pozuntusu baş vermiş olardı.
46. Həmin prinsipləri ona təqdim edilmiş işə tətbiq edərkən Federal Konstitusiya Məhkəməsi müşahidə etmişdir ki, Federal Ədliyyə Məhkəməsi və onun müəyyən etdiyi meyarlara qarşı konstitusion nöqteyi-nəzərdən etiraz etmək mümkün deyildi. O, xüsusilə hesab etmişdir ki, konstitusiya hüququ nöqteyi-nəzərindən heç nə Federal Ədliyyə Məhkəməsinin onun özü tərəfindən bu sahədə yaradılmış presedent hüququndan kənarlaşmasına və yeni qoruma konsepsiyası yaratmasına mane olmamışdır. Onun özünün 15 dekabr 1999-cu il tarixli presedent təşkil edən qərarında Federal Ədliyyə Məhkəməsi tərəfindən yaradılmış qoruma konsepsiyasını mübahisələndirməməsi faktı özlüyündə bunun konstitusiya hüququ meyarına uyğun olduğu mənasını kəsb edirdi. Lakin bu o demək deyildi ki, başqa bir konsepsiya həmin meyarlara cavab verə bilməzdi. Federal Ədliyyə Məhkəməsinə heç nə mane olmurdu ki, o, “müasir cəmiyyətin nümayəndəsi” ifadəsinin hüquqi konsepsiyasını şərh etsin və fotoşəklin müasir cəmiyyətin bir hissəsini əks etdirib-etdirmədiyini və buna müvafiq olaraq sözügedən şəxsin razılığı olmadan çəkilib-çəkiləməyəcəyi məsələsini (sonuncunun qanuni maraqlarına müdaxilə təşkil edən hallar istisna olmaqla) nəzərdən keçirən zaman bir-biri ilə yarışan maraqlar arasında tarazlıq yaratsın.
47. Bu şəkildə müəyyən edilmiş meyarları sözügedən fotoşəkillərə tətbiq edərkən barəsində məhkəmə qərarı çıxarılmış və daha sonra Ehrlich & Sohn nəşriyyat şirkəti tərəfindən mübahisələndirilmiş (bax yuxarıda 40-cı bənd) ikinci və üçüncü fotoşəkildən başlayaraq Federal Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Federal Ədliyyə Məhkəməsi nəzərə almışdır ki, ikinci fotoşəkildə ərizəçi ictimai yerdə təsvir olunmuşdur ki, həmin yeri də nə təcrid olunmuş, nə də ictimaiyyətin gözündən uzaq yer adlandırmaq olmaz. Lakin o, məqalənin ərizəçinin xizək tətilinə, yəni şəxsi həyatın özəyini təşkil edən sahəyə aid olduğu və ərizəçinin sakitlik və dinc şəraitə ehtiyacı olduğu faktını və buna müvafiq olaraq bu məsələyə ictimai marağın olmadığını və xəbərin yalnız ictimaiyyətin hər şeyi öyrənmək həvəsini təmin etməyə xidmət etdiyinin həlledici çəkiyə malik olduğunu qeyd etmişdir. Nəşriyyat şirkətinin təqdim etdiyi məlumatların əksinə olaraq, oxucunun ərizəçinin dəbdə olan xizək kostyumunda çəkilmiş şəklinə olan marağı ictimai maraq kimi qiymətləndirilmirdi. Bundan əlavə, həmin aspekt məqalənin heç bir yerində xatırladılmırdı.
48. Federal Konstitusiya Məhkəməsinin rəyinə əsasən eyni nəticəyə dərc etdirilməsi birinci ərizəçi tərəfindən mübahisələndirilən üçüncü fotoşəkil ilə bağlı da gəlmək mümkün idi. Nə birinci ərizəçinin əri ilə birlikdə St. Moritzə sonuncunun ad gününü qeyd etmək üçün getdiyi barədə yazılmış məqalə, nə də onların hər ikisini oturacaqlı xizək liftində görüntüləyən fotoşəkillər ictimaiyyətin hər şeyi bilmək həvəsini təmin etməkdən başqa heç bir ictimai maraq kəsb etmirdi. Məqalədə bəhs edilən Qüzülgül Balı – Federal Ədliyyə Məhkəməsinin rəyinə görə müasir ictimaiyyət həyatının bir aspekti adlandırıla bilsə də, həmin tədbir ilə fotoşəkil arasında heç bir əlaqə müəyyən edilməmişdi.
49. Birinci fotoşəkil ilə bağlı, Federal Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, Federal Ədliyyə Məhkəməsinin əlində tutarlı əsaslar var idi ki, Monakonun hakimiyyətdə olan Şahzadəsinin pisləşən sağlamlığının ümumi maraq kəsb edən məsələ olduğunu hesab etsin və buna müvafiq olaraq mətbuatın da hüququ var idi ki, Şahzadənin uşaqlarının öz ailə həmrəyliyi öhdəliklərini şəxsi həyat ilə bağlı ehtiyacları (tətilə getmək arzusu da daxil olmaqla) ilə necə uzlaşdırdıqları barədə məlumat yaysın. Federal Ədliyyə Məhkəməsinin gəldiyi nəticə, yəni dərc etdirilən fotoşəklin məqalədə bəhs edilən tədbir ilə kifayət qədər yaxın əlaqəsinin olması, konstitusiya nöqteyi- nəzərindən danılmaz idi.
50. Federal Konstitusiya Məhkəməsi qeyd etdiyinə görə, Federal Ədliyyə Məhkəməsi göstərmişdir ki, şəxsi hüquqların qorunması xüsusilə elə hallarda üstünlük təşkil etməlidir ki, orada fotoşəkil sözügedən şəxs üçün xüsusilə əlverişsiz şəraitdə, məsələn, fotoşəkil gizli olaraq və ya foto-müxbirlərin davamlı və təkidli təqibi nəticəsində çəkilmişdir. Lakin, nəşriyyat şirkəti fotoşəklin hansı şəraitdə çəkilməsi barədə təfərrüatlı məlumat vermişdir və birinci ərizəçi həmin təfərrüatların düzgün olmadığı ilə bağlı nə mülki məhkəmələr, nə də Federal Ədliyyə Məhkəməsi qarşısında iş qaldırmamışdır. Xüsusilə, o, şəkillərin onun üçün əlverişsiz olan şəraitdə çəkildiyini iddia etməmişdir.
51. Federal Konstitusiya Məhkəməsi həmçinin birinci ərizəçinin, Federal Ədliyyə Məhkəməsinin Məhkəmənin presedent hüququnu nəzərə almadığı və ya yetərincə nəzərə almadığı ilə bağlı iddiasını rədd etmişdir. Bu qəbildən olan şikayətin konstitusiya məhkəməsində yalnız Əsas Qanunla təmin edilən hüquqların pozuntusu baş verdiyi hallarda qaldırılmasının mümkün olduğunu qeyd etməklə, o, müşahidə etmişdir ki, Federal Ədliyyə Məhkəməsi yuxarıda sitat gətirilmiş Von Hannover və Karhuvaara və Iltalehti (Karhuvaara and Iltalehti (no. 53678/00, ECHR 2004‑X)) işləri ilə bağlı qəbul edilmiş qərarlara istinad etmişdir və Konvensiya tərəfindən müəyyən edilmiş meyarlara uyğunluq öhdəliyinə zidd hərəkət etməmişdir. Federal Konstitusiya Məhkəməsi Məhkəmənin müvafiq presedent hüququnu təhlil etmiş və müşahidə etmişdir ki, Məhkəmənin bir-biri ilə yarışan hüquqları tarazlaşdırma hallarında müəyyən etdiyi həlledici meyarlar elə bir məsələ idi ki, burada bütövlükdə xəbərin (fotoşəkil və məqalə) ictimai rəyin sərbəst şəkildə formalaşmasına töhfə verib-vermədiyi nəzərə alınırdı. Bundan əlavə, siyasi xadimlər, ictimai xadimlər və sadə vətəndaşlar arasında fərq qoyulmalı idi. Bu üç qrupun nümayəndələri arasında sonuncular ən çox qoruma ilə təmin edildiyindən siyasi xadimlər onlar barəsində mətbuat tərəfindən xəbər yayımlanmasından çox az dərəcədə qoruma gözləyə bilərdilər.
52. Məhkəmənin presedent hüququna əsasən (Qurqenidze Gürcüstana qarşı və Skiakka İtaliyaya qarşı işləri (Gurgenidze v. Georgia, no. 71678/01, § 57, 17 October 2006, və Sciacca v. Italy, no. 50774/99, § 27, ECHR 2005-I) birinci ərizəçi ictimaiyyət nümayəndəsi idi, buna görə də mətbuat hətta onların ictimaiyyət arasında öz gündəlik işləri ilə məşğul olduqları zaman çəkilmiş şəkillərini də dərc etdirə bilərdi. Bundan əlavə bu səpgidən olan və Konvensiyanın 10-ci Maddəsinə əsasən qorumanı cəlb edən dərc iqtisadi, mədəni və ya mətbuat sahəsində təsirə malik olan şəxslərin şəxsi davranışı üzərində ictimai nəzarəti həyata keçirmək üçün bir vasitə ola bilərdi. Federal Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə əvvəllər yerli məhkəmələr tərəfindən tətbiq edilən və mətbuatın, siyasi həyatın bir hissəsi olmayan şəxslərin özəl həyatına aid olan hallar barədə məlumat yaymalı olub-olmamasına həddindən artıq məhdudlaşdırıcı meyarlar tətbiq edən yanaşmanı tənqid etmişdir (Tonberqs Blad A.S. və Haukom Norveçə qarşı (Tønsbergs Blad A.S. and Haukom v. Norway, no. 510/04, § 87, ECHR 2007‑III). Kifayət idi ki, sözügedən xəbər ən azından müəyyən dərəcədə siyasət və ya digər sahədə əhəmiyyətli olan məsələlərlə əlaqəli olsun (Karhuvaara və Iltalehti Finlandiyaya qarşı, yuxarıda sitat gətirilib, § 45).
53. Federal Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə görə Federal Ədliyyə Məhkəməsi hazırkı işdə aşkar etmişdir ki, sözügedən xəbər demokratik cəmiyyətdə əhəmiyyətli olan məsələlərə aid idi. Özünün yuxarıda sitat gətirilmiş Von Hannover işi ilə bağlı qəbul etdiyi qərarında Məhkəmə qəti şəkildə belə bir imkanı istisna etməmişdir ki, ictimaiyyətin marağına səbəb olan məsələlərə dair debatlar haqqında xəbərləri siyasi və ya ictimai xadimin gündəlik həyatından çəkilmiş şəkillər müşayiət edə bilər. Məhkəmə yuxarıda sitat gətirilmiş Von Hannover işində sözügedən şəkillərin informasiya dəyərinin olmadığı qənaətinə gəlsə də, Federal Ədliyyə Məhkəməsi tərəfindən – ona təqdim edilmiş işin hallarını araşdırdıqdan və Məhkəmənin presedent hüququna istinad etdikdən sonra sözügedən fotoşəkillərin informasiya dəyərinə malik olması ilə bağlı qəbul etdiyi qərarı konstitusiya nöqteyi-nəzərindən danılmaz idi.
(b) İkinci icraat qrupu
54. Müəyyən edilməmiş tarixdə birinci ərizəçi Hamburq Regional Məhkəməsinə müraciət edərək Frau Aktuell jurnalının 20 fevral 2002-ci il tarixli 9/02 sayında dərc edilən şəkillərin yenidən dərc olunmasına qadağan qoyulmasını tələb edib.
55. 1 iyul 2005-ci il tarixli qərarında Regional Məhkəmə ərizəçinin müraciətini təmin edib.
56. 13 dekabr 2005-ci il tarixli qərarında Hamburq Apelyasiya Məhkəməsi nəşriyyat şirkəti tərəfindən verilmiş şikayəti təmin və Regional Məhkəmənin qərarını ləğv etdi.
57. 6 mart 2007-ci il tarixli qərarında (no. VI ZR 14/06) Federal Ədliyyə Məhkəməsi birinci ərizəçinin onun eyni tarixli qərarında müəyyən edilmiş əsaslarla verilmiş şikayətini rədd etdi (no. VI ZR 51/06 – bax yuxarıda 28-39-cu bəndlər). O, müəyyən etmişdir ki, birinci ərizəçi şəklin gizli şəkildə və ya buna ekvivalent olaraq gizli cihazlardan istifadə etməklə çəkildiyinə dair ona şikayət edərək həmin fotoşəkillərin qanunsuz şəkildə çəkildiyini iddia etməmişdir.
58. 16 iyun 2008-ci il tarixli qərarında (no. 1 BvR 1625/07) Federal Konstitusiya Məhkəməsinin üç hakimdən ibarət paneli birinci ərizəçi tərəfindən verilmiş konstitusiya şikayətini, hər hansı bir əsas gətirmədən rədd etdi.
2. İkinci ərizəçi tərəfindən başladılmış məhkəmə işləri
(a) Birinci qrup icraatlar
59. 30 noyabr 2004-cü il tarixində ikinci ərizəçi Hamburq Regional Məhkəməsinə müraciət edərək Frau im Spiegel jurnalında dərc etdirilən üç fotoşəklin Ehrlich & Sohn GmbH & Co. KG nəşriyyat şirkəti tərəfindən hər hansı şəkildə yenidən dərc etdirilməsinin qarşısını almağı qadağan edən əmr verilməsini tələb etdi.
60. 1 iyul 2005-ci il tarixli qərarı ilə Regional Məhkəmə həmin əmri verdi.
61. 31 yanvar 2006-ci il tarixli qərarı ilə Hamburq Apelyasiya Məhkəməsi nəşriyyat şirkəti tərəfindən verilən apelyasiya şikayətini qəbul etdi.
62. 6 mart 2007-ci il tarixli qərarı ilə (no.VI ZR 50/06) Federal Ədliyyə Məhkəməsi ikinci ərizəçi tərəfindən birinci fotoşəkil ilə bağlı olaraq hüquqi məsələlərlə bağlı verilmiş apelyasiya şikayətini rədd etdi. İkinci və üçüncü fotoşəkillərə gəldikdə o, apelyasiya şikayətini qəbul etmiş, Apelyasiya Məhkəməsinin qərarını ləğv etmiş və Regional Məhkəmə tərəfindən verilmiş əmri qüvvədə saxlamışdır. O gəldiyi nəticəni eyni gündə qəbul etdiyi no. VI ZR 51/06 saylı qərarını əsaslandırdığı arqumentlərlə əsaslandırmışdır (bax yuxarıda 28-39-cu bəndlər). İkinci ərizəçinin yüksək nüfuzuna gədikdə, o, Apelyasiya Məhkəməsinin rəyini qüvvədə saxlamışdır ki, o, ictimaiyyətə yaxşı tanınan şəxsiyyət idi, belə ki, xüsusilə birinci ərizəçinin əri ictimaiyyətin diqqət mərkəzində olan şəxs idi.
63. 16 iyun 2008-ci il tarixli qərarı ilə (no.1 BvR 1624/07) Federal Konstitusiya Məhkəməsinin üç hakimdən ibarət paneli heç bir əsas göstərmədən ikinci ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməkdən imtina etdi.
(b) İkinci icraatlar qrupu
64. 29 noyabr 2004-cü ildə ikinci ərizəçi Hamburq Regional Məhkəməsinə müraciət edərək Frau Aktuell jurnalında dərc etdirilən fotoşəklin WZV Westdeutsche Zeitschriftenverlag GmbH & Co KG nəşriyyat şirkəti tərəfindən hər hansı şəkildə yenidən dərc etdirilməsinin qarşısını almağı qadağan edən əmr verilməsini tələb etdi.
65. 24 iyun 2005-ci il tarixli qərarı ilə Regional Məhkəmə həmin əmri verdi.
66. 13 dekabr 2005-ci il tarixli qərarı ilə Hamburq Apelyasiya Məhkəməsi nəşriyyat şirkəti tərəfindən verilmiş apelyasiya şikayətini təmin etdi.
67. 6 mart 2007-ci il tarixli qərarı ilə (no. VI ZR 13/06) Federal Ədliyyə Məhkəməsi ikinci ərizəçi tərəfindən hüquqi məsələlərlə bağlı verilmiş şikayəti eyni tarixli qərarını (no. VI ZR 14/06 – bax yuxarıda 57-ci bənd) əsaslandırdığı arqumentlərlə əsaslandıraraq rədd etdi.
68. 16 iyun 2008-ci il tarixli qərarı ilə (no. 1 BvR 1622/07) Federal Konstitusiya Məhkəməsinin üç hakimdən ibarət paneli heç bir əsas göstərmədən ikinci ərizəçi tərəfindən verilmiş konstitusiya şikayətini təmin etməkdən imtina etdi.
II. MÜVAFİQ ÖLKƏDAXİLİ VƏ AVROPA QANUNVERİCİLİYİ
A. Əsas Qanun
69. Əsas Qanunun müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulub:
Maddə 1 § 1
“İnsanların ləyaqəti toxunulmazdır. Bütün hakimiyyət qurumları onu müdafiə etmək və qorumaq öhdəliyi daşıyır.”
Maddə 2 § 1
“Hər bir şəxsin digərlərinin hüquqlarına müdaxilə etməmək və ya konstitusiya qaydasını pozmamaq və ya əxlaq qanununu [Sittengesetz] pozmamaq şərti ilə öz şəxsiyyətini sərbəst şəkildə inkişaf etdirmək hüququ vardır.”
Maddə 5 §§ 1 və 2
“1. Hər bir şəxsin öz fikrini çıxışlar, yazılar və şəkillər vasitəsilə sərbəst şəkildə ifadə etmək və yaymaq və ümumi şəkildə açıq olan mənbələrdən sərbəst şəkildə informasiya əldə etmək hüququ vardır. Mətbuat azadlığı və radio, televiziya və kino vasitəsilə xəbər çatdırma azadlığı təmin edilməlidir. Senzura mövcud olmamalıdır.
Bu hüquqlar ümumi qanunların müddəalarına və gənclərin qorunmasını nəzərdə tutan qanunvericilik müddəalarına və şəxsi şərəfə hörmət öhdəliyinə [Recht der persönlichen Ehre]əsasən məhdudlaşdırıla bilər.”
B. Müəllif (Arts Domain) Hüquqları haqqında Qanun
70. Müəllif Hüquqları (Arts Domain) haqqında Qanunun 22-ci Maddəsində (Gesetz betreffend das Urheberrecht an Werken der bildenden Künste und der Photographie) nəzərdə tutulub ki, hər hansı şəxsin fotoşəkilləri və digər görüntüləri yalnız onun aydın şəkildə ifadə olunmuş razılığı ilə yayıla bilər. Qanunun 23(1)(1) maddəsində nəzərdə tutulub ki, hansı hallarda həmin qaydaya istisnalar edilə bilər; bu həmin hallara şamil edilir ki, orada sözügedən görüntülər müasir cəmiyyətin aspektlərini (Bildnisse aus dem Bereich der Zeitgeschichte) əks etdirsin, bu şərtlə ki, dərc edilən görüntülər sözügedən şəxsin qanuni maraqlarına müdaxilə təşkil etməsin (maddə 23(2)).
C. Avropa Şurası Parlament Assambleyasının şəxsi həyat hüququ haqqında 1165 (1998) saylı Qətnaməsi
71. Avropa Şurası Parlament Assambleyası tərəfindən 26 iyun 1998-ci ildə qəbul edilmiş bu qətnamənin müvafiq bəndləri aşağıdakıları nəzərdə tutur:
“1. Assambleya 1997-ci ilin sentyabrında Uels Şahzadəsinin ölümünə səbəb olan qəzadan bir neçə həftə sonra təşkil etdiyi sessiyada keçirdiyi cari məsələlər üzrə debatı xatırladır.
2. Həmin məsələ ilə bağlı, bəziləri şəxsi həyatın, xüsusilə ictimai şəxslərin şəxsi həyatının konvensiyada nəzərdə tutulmuş vasitələrlə qorunmasınun gücləndirilməsinə çağırmış, digərləri isə inandıqlarını ifadə etmişlər ki, şəxsi həyat hüququ milli qanunvericiliklər və Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən kifayət qədər qorunur və ifadə azadlığı təhlükə altına alınmamalıdır.
3. Məsələnin araşdırılmasını genişləndirmək məqsədilə Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi 16 dekabr 1997-ci ildə Parisdə ictimai xadimlərin və ya onların nümayəndələrinin və mətbuatın iştirakı ilə dinləmə təşkil etmişdir.
4. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci Maddəsi ilə təmin edilən şəxsi həyat hüququ artıq Assambleya tərəfindən kütləvi informasiya vasitələri və insan hüquqları ilə bağlı qəbul edilmiş 428 (1970) saylı qətnamədə “hər hansı bir şəxsin öz həyatını minimal müdaxilə ilə yaşamaq hüququ” kimi müəyyən edilib”.
5. Şəxsi məlumatları saxlamaq və istifadə etməyə imkan verən yeni kommunikasiya texnologiyaları kontekstində hər hansı bir şəxsin şəxsi məlumatlarının qorunması da bu anlayışa daxil edilməlidir.
6. Assambleyaya məlumdiur ki, hətta onu qorumaq üçün xüsusi qanunvericiliyin mövcud olduğu ölkələrdə belə şəxsi həyat hüququna əksər hallarda müdaxilə edilir, belə ki, insanların şəxsi həyatı medianın müəyyən sektorları üçün yüksək gəlir gətirən sahəyə çevrilmişdir. Qurbanlar bir qayda olaraq ictimai xadimlər olur, belə ki, onların şəxsi həyatının təfərrüatları satış üçün cəlbedici olur. Eyni zamanda, ictimai xadimlər əksər hallarda onların özü tərəfindən seçilən ictimai mövqeləri avtomatik olaraq onların şəxsi həyatları üzərinə daha yüksək təzyiq qoyulmasına gətirib çıxarır.
7. İctimai xadimlər dövlət qulluğunda olan və/və ya dövlət resurslarından istifadə edən və daha geniş mənada şərh etsək, siyasət, iqtisadiyyat, incəsənət, sosial həyat, idman və ya digər hər hansı bir sahədə ictimaiyyətin həyatında rol oynayan bütün şəxslərdir.
8. Əksər hallarda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu Maddəsində nəzərdə tutulmuş ifadə azadlığının birtərəfli şərhi sayəsində kütləvi informasiya vasitələri insanların şəxsi həyatına müdaxilə edir və bunu onunla əsaslandırırlar ki, oxucular ictimai xadimlər haqqında hər şeyi bilmək hüququna malikdirlər.
9. İctimai xadimlərin, xüsusilə siyasətçilərin şəxsi həyatına aid olan müəyyən faktlar əlbəttə ki, vətəndaşların marağına səbəb ola bilər və buna görə də, bu eyni zamanda seçicilər olan oxucuların həmin faktlarla bağlı məlumat almaq kimi qanuni hüquqları ola bilər.
10. Buna görə də iki fundamental hüququn tarazlaşdırılması üçün müvafiq üsulun tapılması zərurət kəsb edir, belə ki, bu hüquqların hər ikisi Avropa İnsan hüquqları Konvensiyası tərəfindən təmin edilir: hər hansı bir şəxsin özəl həyatına hörmət hüququ və ifadə azadlığı hüququ.
11. Assambleya hər bir şəxsin özəl həyatına hörmət hüququnu və ifadə azadlığı hüququnu bir daha təsdiqləyir, belə ki, onlar demokratik cəmiyyətdə zərurət təşkil edir. Bu hüquqlar mütləq deyildir və heç bir ierarxiya ardıcıllığına malik deyildir, belə ki, onlar eyni dəyərə malikdir.
12. Buna baxmayaraq, Assambleya qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci Maddəsinə əsasən təmin edilən şəxsi həyat hüququ yalnız fərdləri dövlət qurumları tərəfindən edilən müdaxilədən deyil, digər şəxslər və mətbuat da daxil olmaqla, institutlar tərəfindən edilən müdaxilələrdən də qorumalıdır.
13. Assambleya inanır ki, bütün üzv dövlətlər artıq Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etdiyinə və əksər milli qanunvericilik sistemlərində bu qorumanı təşkil edən müddəalar olduğuna görə şəxsi həyatın qorunması üzrə ayrıca konvensiya qəbul etməyə ehtiyac yoxdur.
...”
D. Nazirlər Komitəsinin Von Hannover işi ilə bağlı qərarın (no. 59320/00) icrası ilə bağlı qəbul etdiyi 24 iyun 2004-c il tarixli qətnaməsi
72. Nazirlər Komitəsinin 31 oktyabr 2007-ci ildə Nazir müavinlərinin 1007-ci toplantısında qəbul edilən Qətnaməsi (CM/ResDH(2007)124), əlavələr (çıxarışlar) də daxil olmaqla aşağıdakıları nəzərdə tutur:
“Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət etməsini nəzərdə tutan İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın (bundan sonra “Konvensiya” və “Məhkəmə”) 46-cı Maddəsinin 2-ci bəndinə əsasən;
Yekun qüvvəyə mindikdən sonra Məhkəmə tərəfindən Komitəyə ötürülən qərarları nəzərə alaraq;
Məhkəmə tərəfindən bu işdə aşkar edilən Konvensiyanın pozuntusunun, yəni Alman məhkəmələri tərəfindən onun silsilə fotoşəkillərinin dərc edilməsinin qadağan edilməsi ilə bağlı müraciətlərinin təmin edilməməsinin ərizəçinin – Monako Şahzadəsi İİİ Rainierin böyük qızı Şahzadə Caroline von Hannoverin şəxsi həyatıma hörmət hüququnun pozulmasına aid olduğunu xatırladaraq (Əlavədəki detallara bax);
Cavabdeh Dövlətin Hökumətini Komitəyə Almaniyanın Konvensiyanın 46-I Maddəsinin 1-ci bəndinə əsasən qərarlara uyğunluğu təmin etmək məqsədilə gördüyü tədbirlər barədə məlumat verməyə dəvət edərək;
Hökumət tərəfindən Konvensiyanın 46-cı Maddəsinin 2-ci bəndinin tətbiqi ilə bağlı Komitə Qaydalarına uyğun olaraq təqdim edilmiş məlumatları nəzərdən keçirərək;
Müəyyən edilmiş vaxt müddətində respondent dövlətin ərizəçiyə qərarda nəzərdə tutulmuş zərərin ədalətli ödənilməsini həyata keçirməsi faktı ilə özünü təmin edərək (Əlavədə detallara baxın),
Məhkəmə tərəfindən aşkar edilmiş pozuntuların qərarda nəzərdə tutulmuş zərərin ədalətli ödənilməsindən başqa, respondent dövlət tərəfindən müvafiq hallarda aşağıdakıların qəbul edilməsini xatırladaraq
- pozuntulara son qoymaq və onların nəticələrini aradan qaldırmaq və bununla da mümkün olan dərəcədə restitutio in integrum (pozuntulara qədər mövcud olan vəziyyətə çatma) nail olmaq məqsədilə tədbirlərin görülməsi; və
- bənzər pozuntuların qarşısını almaq məqsədilə ümumi tədbirlər;
ELAN EDİR Kİ, cavabdeh dövlət tərəfindən görülmüş tədbirləri, yəni bu işlə bağlı onun Konvensiyanın 46 Maddəsinin 2-ci bəndinə əsasən öz funksiyalarını yerinə yetirməsinə dair gördüyü tədbirləri təhlil edərək və
QƏRARA ALİR Kİ, bu işin araşdırılmasına xitam versin.
CM/ResDH(2007)124 Qətnaməsinə əlavə
Aşağıdakı işlə bağlı qəbul edilmiş qərara uyğunluğu təmin etmək məqsədilə görülməli olan tədbirlər barədə məlumat
...
I. Əvəzin ədalətli ödənilməsi və fərdi tədbirlər
...
b) Fərdi tədbirlər
Almaniyanın qanunvericiliyinə əsasən mümkün olsa da, ərizəçi Avropa Məhkəməsinin qərarından sonra sözügedən fotoşəkillərin yenidən dərc olunmasının qarşısını almaq üçün addım atmamış, lakin aşağıdakı bənzər fotoşəklə qarşı hüquqi tədbirlər görmüşdür (bax “Ümumi Tədbirlər”, No. 4). Katiblikdə olan məlumata əsasən, Avropa Məhkəməsinin qərarında sözügedən fotoşəkillər Almaniya mətbuatı tərəfindən təkrar çap edilməyib.
II. ÜMUMİ tədbirlər
- Avropa Məhkəməsinin qərarının dərc etdirilməsi və yayılması: Qərar geniş şəkildə dərc etdirilmiş və Almaniyanın hüquq cəmiyyəti tərəfindən geniş şəkildə müzakirə edilmişdir. Avropa Məhkəməsi tərəfindən Almaniyaya qarşı qəbul edilmiş bütün qərarlar kimi bu qərar da Federal Ədliyyə Məhkəməsinin internet səhifəsində yerləşdirilib (, Themen: Menschenrechte, EGMR) və burada Məhkəmənin qərarlarının alman dilində yerləşdirildiyi səhifəyə keçid etmək üçün linkdən istifadə etmək mümkündür (/T/D/Menschenrechtsgerichtshof/
Dokumente_auf_Deutsch/). Bundan əlavə, qərar Hökumət Nümayəndəsinin məktubu ilə əlaqədar məhkəmələrə və ədliyyə qurumlarına göndərilib.
- Ölkədaxili qanunvericiliyə dəyişiklik: Bənzər işlərlə bağlı qərarlar qəbul edərkən ölkədaxili məhkəmələr Avropa Məhkəməsinin qərarını nəzərə almış, bununla da həmin qərarın Almaniya qanunvericiliyində birbaşa təsirə malik olmasını təmin etmişlər:
1) Məşhur müğənninin partnyorunun Berlin Apelyasiya Məhkəməsinə verdiyi apelyasiya şikayətinə müvəffəqiyyətlə baxılmışdır (KG Urt. v. 29.10.2004, 9 W 128/04, Neue Juristische Wochenschrift, NJW, 2005, p. 605- 607).
2) Hamburq Rayon Məhkəməsinin keçmiş Kansler Schröder-in populyarlığından kommersiya məqsədi ilə istifadə edilməsini qadağan edən qərarında Konvensiyanın müddəaları, bu işin halları ilə birbaşa əlaqəli olmasa da, Avropa Məhkəməsinin qərarlarında şərh edildiyi şəkildə qəbul etmişdir (AG Hamburg, Urt. v. 2.11.2004, 36A C 184/04, NJW-RR 2005, p. 196 - 198).
3) Avropa Məhkəməsinin qərarına əsasən Almaniya Federal Mülki Məhkəməsi qərar qəbul etmişdir ki, həmin qərarla ərizəçinin Fransanın avtomobil yolunda avtomaşın idarə edərkən sürəti yüksəltdiyi və buna görə də ona cərimə kəsildiyinə dair məqalənin dərc etdirilməsinə icazə verilib. Məhkəmə qeyd etmişdir ki, ictimaiyyətin bu məlumata əsaslandırılmış marağı var idi, belə ki, həmin məlumat pozuntuya aid idi və həmin davranış ictimai müzakirələr aparılması üçün uyğun mövzu idi (BGH, Urt. v. 15.11.2005, VI ZR 286/04, available via ).
4) Ərizəçinin özünə gəldikdə, 2005-ci ilin iyul ayında Hamburq Regional Məhkəməsi (Landgericht), Avropa Məhkəməsinin qərarına istinad edərək ərizəçinin xeyrinə qərar qəbul etmiş və onun əri ilə birlikdə St.Moritzdə keçirdiyi xizək tətili zamanı küçədə çəkilmiş şəklinin dərc etdirilməsini qadağan etmişdir. Buna baxmayaraq, 2005-ci ilin dekabrında ikinci instansiya məhkəməsi (Hamburq Apelyasiya Məhkəməsi, Oberlandesgericht) həmin qərarı nəzərdən keçirmiş və öz qərarını Almaniya Federal Konstitusiya Məhkəməsinin (Bundesverfassungsgericht) presedent hüququ ilə əsaslandırmışdır. Ərizəçinin müraciət etdiyi Federal Mülki Məhkəmə (Bundesgerichtshof) 6 mart 2007-ci ildə qərar qəbul etmişdir ki, sözügedən fotoşəkil dərc etdirilə bilər. Öz əsaslandırmasında ölkədaxili məhkəmə iştirak edən müxtəlif maraqları tarazlaşdıraraq aydın şəkildə Konvensiyanın tələblərini Avropa Məhkəməsinin qərarında şərh edildiyi şəkildə diqqətə almışdır (BGH, Urt. v. 6.3.2007, VI ZR 14/06 available via ) ... .”
HÜQUQİ MƏSƏLƏLƏR
I. ƏRİZƏLƏRİN AYRILMASI
73. Məhkəmə qeyd edir ki, işi Böyük Palataya baxılması üçün təqdim etməzdən əvvəl Palata hazırki ərizələri digər ərizə, Aksel Springer AG Almaniyaya qarşı (Axel Springer AG v. Germany (no. 39954/08 – bax yuxarıda 3-cü bənd) ərizəsi ilə birləşdirmək qərarına gəlmişdir. Buna baxmayaraq, bu işlərdə qaldırılmış substantiv məsələləri və faktların təbiətini nəzərə alaraq Böyük Palata qərara gəlir ki, 39954/08 saylı ərizəni bu işlərdən ayırsin.
II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
74. Ərizəçilər Almaniya məhkəmələrinin Frau im Spiegel jurnalının 9/02 sayında və Frau aktuell jurnalının 9/02 sayında dərc etdirilmiş fotoşəkillərin yenidən dərc etdirilməsini qadağan edən qərar çıxarmadıqlarından şikayət etmişlər. Onlar iddia etmişlər ki, onların Konvensiyanın 8-ci Maddəsində nəzərdə tutulan şəxsi həyat hüquqlarının pozuntusu baş vermişdir; həmin Maddənin müvafiq hissələrində deyilir:
“1. Hər bir şəxsin özəl və şəxsi həyatına hörmət hüququ vardır ...
2. ... digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
A. Qəbuledilənlik
75. Məhkəmə müşahidə edir ki, bu şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin mənası baxımından aşkar şəkildə əsassız deyildir. O daha sonra qeyd edir ki, işin qəbuledilməz elan edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir və buna görə də iş qəbuledilən elan edilir.
B. İşin halları
1. Tərəflərin təqdimatları
(a) Hökumət
76. Hökumət əvvəl başdan qeyd etmişdir ki, Federal Konstitusiya Məhkəməsi və Məhkəmə arasında heç bir münaqişə baş verməmişdir. Onlar müşahidə etmişlər ki, özünün 14 oktyabr 2004-cü il tarixli qərarında (Görgülü qərarı – no. 2 BvR 1481/04, Federal Konstitusiya Məhkəməsinin Qərarları və Qətnamələri no. 111, səh. 307) Federal Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, yerli məhkəmələr tərəfindən Konvensiyanın müddəaları və ya Məhkəmənin presedent hüququ qənaətbəxş şəkildə nəzərə alınmadığı hallarda onun özünə konstitusiya şikayəti təqdim etmək üçün əsas mövcud olur. Onlar qeyd etmişlər ki, hazırki işlərdə Federal Ədliyyə Məhkəməsi və Federal Konstitusiya Məhkəməsi Məhkəmənin presedent hüququnu, daha dəqiq desək, Von Hannover qərarını nəzərə alıblar. Buna görə də, iddia etmək olmaz ki, Almaniya məhkəmələri tərəfindən inkar etmə faktı baş verib. Bunun əksinə, onlar əvvəlki işlərlə müqayisədə şəxsi hüquqların qorunmasına daha çox çəki təmin etmişlər.
77. Hökumət bildirmişdir ki, hazırkı ərizələr mahiyyət etibarı ilə yalnız bir fotoşəkilə aid idilər. Öz təqdimatlarında onlar bildirmişlər ki, 20 fevral 2002-ci il tarixində çap edilmiş fotoşəkillər tam eyni olmasa da, aşkar şəkildə eyni silsilədən olan fotoşəkillər idi və belə bir fakt qalmaqda davam edirdi ki, qərəzsiz kənar müşahidəçinin nöqteyi-nəzərindən bu fotoşəkillərin ölçüsü və formatı fərqli olsa da, onlar ərizəçiləri eyni şəkildə görüntüləyən fotoşəkillər idi. Hökumət müşahidə etmişdir ki, Federal Konstitusiya Məhkəməsinin 26 fevral 2008-ci il tarixli qərarında araşdırılmış digər fotoşəkillərə gəlincə, Federal Ədliyyə Məhkəməsi ya onların dərc etdirilməsi ilə bağlı əmr vermişdir və ya onlar Məhkəmə tərəfindən aparılan digər icraatın predmeti olmuşdur. Ərizəçilərin öz müşahidələrində bəhs etdikləri digər fotoşəkillər Məhkəmə tərəfindən nəzərə alına bilməz, belə ki, müvafiq ölkədaxili məhkəmə prosesləri hələ yekunlaşmamışdır.
78. Hökumət bildirmişdir ki, Von Hannover qərarına qədər Almaniya məhkəmələri “müasir cəmiyyətin xarakterik (par excellence ) nümayəndəsi” kimi güclü və sürətli konsepsiyadan istifadə edirdilər ki, buna müvafiq olaraq Almaniya qanunvericiliyində yalnız məhdud qoruma nəzərdə tutulub. Von Hannover qərarından sonra Federal Ədliyyə Məhkəməsi həmin konsepsiyadan kənarlaşmış və yeni qoruma (tədrici) konsepsiyası hazırlamışdır ki, həmin konsepsiyaya əsasən hər bir fotoşəklin dərc olunmasına gətirib çıxaran marağı və onun səbəblərini göstərmək zəruri idi. Daha sonra, Federal Ədliyyə Məhkəməsi tərəfindən qəbul edilmiş yeni yanaşmaya əsasən bir-biri ilə rəqabət aparan maraqların tarazlaşdırılması nöqteyi-nəzərindən dərc etdirmənin ictimai debatlara töhfə verib-vermədiyini aydınlaşdırmaq zəruri idi. Dərc etdirilən materialın və ya fotoşəklin informasiya dəyəri bu mənada xüsusi əhəmiyyət kəsb edirdi. Nəticədə, Federal Ədliyyə Məhkəməsinin Federal Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənmiş presedent hüququ şəxsi həyat hüquqlarına daha çox əhəmiyyət verirdi və bu belə bir faktla nümayiş etdirilirdi ki, ilkin olaraq göstərilmiş üç fotoşəkildən ikisinin dərc etirilməsinə qadağan qoyulmuşdu. Bundan əlavə, sözügedən fotoşəkil və onu müşayiət edən məqalələrin Von Hannover qərarının predmeti olan fotoşəkillərdən ayırd edilə bilinməsi aşkar idi.
79. Hökumət ərizəçilərin aşağıdakı iddiasını mübahisələndirmişdir: onlar iddia etmişlər ki, Məhkəmənin gəldiyi aydın nəticələrə əsasən birinci ərizəçi fərdi şəxs idi. Məhkəmə bir neçə qərarda ona ictimai xadim kimi istinad etmişdir və bununla da onu hər hansı bir fərdi şəxsdən ayırmışdır (Gurgenidze, yuxarıda sitat gətirilib, § 40, 17 oktyabr 2006; Sciacca, yuxarıda sitat gətirilib, § 27; və Reklos və Davourlis Yunanıstana qarşı (Reklos and Davourlis v. Greece, no.1234/05, § 38, 15 yanvar 2009). Almaniya məhkəmələri ərizəçiləri ictimai xadim olaraq tanımaqla sadəcə olaraq Məhkəmənin presedent hüququna istinad etmişlər. Hakimiyyətdə olan sülalənin nümayəndəsi olaraq birinci ərizəçi ictimaiyyət qarşısına Knyazlığın rəsmi funksiyalarını icra edərkən çixmışdır. Bundan əlavə, o, Şahzadə Grace Fondunun Sədri idi və onun bu sahədə fəaliyyətləri Monako hakimiyyəti tərəfindən Knyazlığın rəsmi illik kitabinda dərc etdirilirdi.
80. Hökumət bildirmişdir ki, ərizəçilər milli məhkəmələrə fotoşəkillərin hansı şəraitdə çəkildiyi ilə bağlı şikayət etməyiblər, baxmayaraq ki, həmin faktorlar, bir qayda olaraq, məhkəmələr tərəfindən müvafiq şəkildə nəzərə alınması tələb edilən faktorlar idi. Şəkillərin sözügedən tərəflərin məlumatı və ya razılığı olmadan çəkilməsi o demək deyildi ki, həmin fotoşəkillər gizli şəkildə və ya ərizəçilər üçün əlverişsiz olan şəraitdə çəkilmişdilər.
81. Hökumət mübahisə etmişdir ki, hazırki iş kimi bəzi işlərin, harada ki, ölkədaxili məhkəmələrdən iki və ya daha çox fərdi şəxsin hüquq və maraqlarını tarazlaşdırmaq tələb olunur, xüsusi təbiəti belə bir faktla bağlıdır ki, Məhkəmə qarşısında aparılan icraatlar əslində ölkədaxili məhkəmələr tərəfindən baxılmiş ilkin hüquqi prosesin davamıdır və həmin prosesin bütün iştirakçılarının potensial olaraq Məhkəməyə müraciət etmək imkanı vardır. Məhz bu səbəbdən bir-biri ilə yarışan maraqlar arasında tarazlaşdırma aparma tədbiri yetərli deyildi və belə bir həll yolları “koridoru” yaradılmalı idi ki, milli məhkəmələr onların arasından seçim edərək Konvensiyaya uyğun olaraq qərar qəbul etmiş olsunlar. Buna əməl olunmadıqda, Məhkəmə hər bir işlə bağlı özü qərar qəbul edə bilər ki, əslində onun rolu da bundan ibarət deyildir. Nəticədə, o, özünün nəzarət dairəsini məhdudlaşdırmalı və yalnız elə hallarda müdaxilə etməlidir ki, orada ölkədaxili məhkəmələr tarazlaşdırma tədbiri görərkən müəyyən spesifik halları nəzərə almasınlar və ya həmin tədbirin nəticəsi aydın şəkildə qeyri-mütənasib olsun (bax, misal üçün, Kumpanya və Mazare Rumıniyaya qarşı (Cumpănă and Mazăre v. Romania [GC], no. 33348/96, §§ 111‑120, ECHR 2004‑XI). Hökumət iddia etmişdir ki, Dövlətlə vətəndaş arasında münasibətlərə aid mübahisə yarandıqda sözügedən şəxsin azadlığından əldə olunan nailiyyət yalnız Dövlətin öz səlahiyyətini itirməsi olur, iki vətəndaş arasında əlaqələrə dair mübahisə baş verdikdə isə, həmin şəxslərdən birinin hüquqlarının təmin olunması və ya həmin hüquqa üstünlük verilməsi digərlərinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır ki, buna da, Konvensiyanın 53-cü Maddəsinə əsasən yol verilmir. Buna müvafiq olaraq Məhkəmənin nəzarət dairəsi belə işlərdə azalmışdır.
82. Hökumət hazırki işdə Dövlətin istifadə edə biləcəyi mülahizə sərbəstliyini vurğulamışdır. Həmin sərbəstlik sözügedən tədbirlərin mahiyyətindən və məhdudiyyətlərin məqsədindən asılıdır. Özünün son illərdə qəbul edilmiş presedent hüququnda Məhkəmə Konvensiyanın 8-ci Maddəsinə aid olan işlərdə Dövlətə geniş mülahizə sərbəstliyi vermişdir ( A. Norveçe qarşı (A. v. Norway, no. 28070/06, § 66, 9 aprel 2009, və Armoniene Litvaya qarşı (Armonienė v. Lithuania, no. 36919/02, § 38, 25 noyabr 2008). Ümumilikdə, Dövlətlərə verilən mülahizə sərbəstliyi Avropa konsensusu olmayan hallarda daha geniş idi. Hökumətin təqdimatında bildirilmişdir ki, Avropada hüquq sistemlərinin harmonizasiyası istiqamətində meyl olsa da, fərqlər qalmaqda davam edir, buna da misal olaraq Avropa İttifaqının qanunlarla sahəsində münaqişə qaydaları ilə bağlı aparılan danışıqların uğursuzluğa düçar olmasını göstərmək olar (Regulation EC No. 864/2007 of 11 July 2007 – Rome II Regulation). Mülahizə sərbəstliyi həm də həmin hallarda geniş olur ki, orada milli qurumlar bir-birinə rəqib olan fərdi və ictimai maraqlar və ya Konvensiyada nəzərdə tutulmuş hüquqlar arasında tarazlıq yaratmağa çalışsınlar (Dikson Birləşmiş Krallığa qarşı (Dickson v. the United Kingdom [GC], no. 44362/04, § 78 ECHR 2007‑XIII, və Evans Birləşmiş Krallıöa qarşı (Evans v. the United Kingdom [GC], no. 6339/05, § 77, ECHR 2007‑I). Bundan əlavə, Avropa İttifaqı Ədalət Məhkəməsinin presedent hüququ aydın şəkildə eyni yanaşmanı nümayiş etdirmişdir (12 iyun 2003-cü il tarixli Schmidberger, C-112/00, və 14 oktyabr 2004-cü il tarixli Omega, C‑36/02 işləri).
(b) Ərizəçilər
83. Ərizəçilər hazırki şikayətlərin kontekstini vurğulamaq niyyətində olduqlarını bildiriblər. Birinci ərizəçi öz birinci ərini 1985-ci ildə faciəvi avtomobil qəzasında itirdiyinə görə mətbuat hiss etmişdi ki, dul qalmış qadın və onun üç uşağının hekayəsi yaxşı satışlara səbəb olaraq yüksək gəlir gətirə bilər. Belə şəkillərin çəkilməsi və dərc etdirilməsi Fransa qanunvericiliyinə görə qanunsuz olsa da, ərizəçilər paparazzilərin təqibinə məruz qalmışdılar, belə ki, onlar həmin şəkilləri digər bazarlarda, xüsusilə Almaniyada sata bilərdilər. İctimaiyyət ikinci ərizəçi barədə əvvəllər heç nə eşitməsə də, o da paparazzilərin təqibinə məruz qalmışdı və buna səbəb onun birinci ərizəçi ilə nikahı və övladlarının dünyaya gəlməsi olmuşdu. Almaniya mülki məhkəmələrinin Federal Konstitusiya Məhkəməsi tərəfindən 1999-cu ildə qüvvədə saxlanılan qərarlarına əsasən ərizəçilər həmin fotoşəkillərin dərc etdirilməsinə yalnız o hallarda etiraz edə bilərdilər ki, fotoşəkillər təcrid olunmuş bir yerdə ictimaiyyətin gözündən uzaqda çəkilmiş olsun. Ərizəçilər daim müşahidə altında, izləndiklərindən və təqib edildiklərindən xəbərdar idilər və buna görə də, Məhkəmə yerli məhkəmələrin presedent hüququnu mübahisələndirməyi tələb etdiyi Von Hannover qərarından sonra yüksək ümidlərə malik idi. Buna görə də onlar Von Hannover qərarının predmeti olan fotoşəklə bənzəyən altı fotoşəkillə bağlı altı test işi qaldırıblar. Lakin, belə görünə bilər ki, Almaniya hakimiyyəti həmin qərarı icra etməyə hazır deyildilər. Bunu həmin vaxt Almaniyanın Federal Ədliyyə Naziri və Almaniya Kansleri tərəfindən verilən bəyanatlar, həm də aidiyyatı olan məruzəçi hakimlər tərəfindən Caroline von Hannover-in Federal Konstitusiya Məhkəməsində olan işləri barədə verilən müsahibə, eləcə də müvafiq olaraq 2004 və 2009-cu illərdə dərc etdirilən hüquqi məqalələr bariz şəkildə nümayiş etdirirdi, belə ki, həmin bəyanatlara əsasən Məhkəmənin qərarları Almaniya məhkəmələri üçün məcburi hüquqi qüvvəyə malik deyildi, belə ki, Federal Konstitusiya Məhkəməsinin presedent hüququ Konvensiya ilə müqayisədə üstnlük təşkil edirdi.
84. Almaniya Konvensiyanın 46-ci Maddəsini pozaraq hal-hazıra qədər Von Hannover işi ilə bağlı qərarı icra etməkdən imtina edib. Buna müvafiq olaraq özünün Görgülü qərarında Federal Konstitusiya Məhkəməsi müşahidə etmişdir ki, Məhkəmənin qərarlarının blanket icrasından imtina etmək lazımdır. Apelyasiya Məhkəməsi hazırki işdə aydın şəkildə bəyan etmişdir ki, Federal Konstitusiya Məhkəməsinin 1999-cu il tarixli qərarı presedent təşkil etmişdir. Federal Ədliyyə Məhkəməsi və Federal Konstitusiya Məhkəməsi hər biri, Von Hannover qərarından yan keçərək müasir cəmiyyətin nümayəndəsi (xarakterik- par excellence) konsepsiyasına istinad etməyə davam etmişlər ki, həmin konsepsiya Məhkəmə tərəfindən mübahisələndirilmiş və Məhkəmə bu məqsədlə “görkəmli şəxslər” və ya “yüksək nüfuzlu şəxslər” ifadələrindən istifadə etmiş və - de facto – məkan nöqteyi-nəzərindən təcridolunma meyarından istifadə edərək bunu “peşə həyatı və ya gündəlik işlərdən qurtularaq sərbəst qalıb rahatlaşma anları” ifadələri ilə ifadə etmişdir. Ərizəçilər öz gündəlik peşə və ailə həyatları nöqteyi-nəzərindən mətbuatda çıxan məqalələrin hədəfində qalmağa davam etmiş və paparazzilər onları təqib etməyə davam etmişlər, lakin Almaniya məhkəmələri buna son qoymaq üçün heç bir tədbir görməmişlər. Onların paparazzilərin narahatedici hərəkətlərindən qorunub-qorunmadıqlarını bilməsi mümkün olmadığından, onlar hüquqi nöqteyi-nəzərdən təhlükəsizliyin olmaması və məhkəmə prosesi və bundan irəli gələ biləcək yüksək xərclərlə bağlı vəziyyətin dözülməz olduğundan şikayət etmişlər.
85. Ərizəçilər iddia etmişlər ki, şəkillərdən heç biri, ayrılıqda və ya yazılmış məqalənin kontekstində götürüldükdə, müasir cəmiyyətdə ictimaiyyətin marağına səbəb olan debatların keçirilməsinə töhfə verməmişdir. Onlar yalnız müəyyən kateqoriyadan olan oxucuların hər şeyi bilmək marağının təmin edilməsinə xidmət etmişlər. Ərizəçilərin öz tətillərini harada və necə keçirməsinin ictimaiyyətə təsir edə biləcək heç bir məsələyə aidiyyatı yox idi. Ərizəçilərin tətil zamanı gəzintiyə çıxması müasir cəmiyyətə aid olan hadisə deyildi, xüsusilə ona görə ki, bu gəzinti hər hansı rəsmi funksiyanın icrası zamanı həyata keçirilməmişdi.
86. Sözügedən şəkilləri müşayiət edən məqalədə Şahzadə Rainierin uzun müddətli xəstəliyindən bəhs edilməsi həmin nəticəni dəyişə bilməzdi. Məqalədə Şahzadənin xəstəliyi üzündən bir neçə vəzifəsini icra edə bilməməsindən bəhs edilmirdi. Orada yalnız bir neçə cümlə ilə oxuculara xəstəlik barədə məlumat verilirdi; məqalə əsasən ərizəçilərin və Şahzadənin ailəsinin digər üzvlərinin şəxsi həyatına həsr olunmuşdu. Şahzadənin xəstəliyi yalnız ərizəçilərin özəl həyatı ilə bağlı məlumata başlamaq üçün kiçik bir ön söz idi. Şahzadə Rainierin qızı Stéphanie ilə çəkilmiş şəklinin dərc etdirilməsi artıq şübhə doğurmuşdu, ona görə də bu işdə mübahisələndirilən fotoşəklin dərc etdirilməsi aydın şəkildə əsassız idi. Şahzadənin xəstəliyi ilə bağlı məlumatın informasiya dəyəri olsa idi belə, ərizəçilərin xizək tətili ilə həmin xəstəlik arasında heç bir həqiqi əlaqə yox idi. Bundan əlavə, sadə bir məqalə də ictimaiyyətin marağını yatırmağa yetərdi.
87. Ərizəçilər bildirmişlər ki, şahzadənin xəstə olduğu müddətdə onların, digər ailələr kimi, öz qızları ilə birlikdə bir neçə günlük xizək tətilinə çıxmasında heç bir qeyri-adi və ya qəbahətli bir şey yox idi. Həmin məlumatın Monako Knyazlığının necə idarə olunması ilə heç bir əlaqəsi yox idi. Məhz ailə üzvlərindən birinin uzun müddətli xəstəliyə düçar olduğu hallarda onun qohumlarının bir neçə gün rahatlaşa bilmələri üçün xüsusi qorumaya ehtiyacı olur. Əgər qohumun xəstə olması şəkilləri dərc etdirmək üçün yetərli əsas idisə, bu zaman 8-ci Maddədə nəzərdə tutulan təminatlara xələl gətirilə bilərdi və mətbuat daim ərizəçilərin şəxsi həyatı ilə bağlı məlumat yaymağa davam edərdi. Şəkillərdə ərizəçilərin şahzadəni ziyarət etdiyi görüntülənəndə, həmin ziyarət müasir cəmiyyətlə bağlı hadisə kimi qiymətləndirilə bilərdi, onlar haradasa başqa bir yerdə olduqları zaman isə onların orada olmaması bir hadisə kimi qələmə verilərdi. Almaniya mətbuatı bu sahəyə tam hakim olmuşdu: onlar məqalələrinə bir neçə cümlə əlavə etməklə onun informasiya dəyərini süni surətdə artıra bilirdilər.
88. Ərizəçilər Almaniya Məhkəmələri tərəfindən həyata keçirilən tarazlaşdırma tədbirində iki əhəmiyyətli amilin çatmadığını qeyd etmişlər. Onlar mübahisə etmişlər ki, məhkəmələr belə bir faktı nəzərə almamışlar ki, onlar heç vaxt öz şəxsi həyatlarının təfərrüatlarını mətbuatda dərc etmək niyyətində olmamışlar və həmişə özlərini qanunsuz dərc etdirmələrdən qorumağa çalışmışlar. Bununla da onlar legitim olaraq şəxsi həyatlarının qorunacağını gözləyirdilər. Bundan əlavə, Məhkəmədən fərqli olaraq Almaniya məhkəmələri belə bir faktı nəzərə almamışdılar ki, ərizəçilər daim paparazzilər tərəfindən müşahidə və təqib edilirdilər və fotoşəkillər onların xəbəri və ya razılığı olmadan çəkilmişdi. Eyni zamanda, birinci ərizəçi heç vaxt Monako Knyazlığının taxtına dəvət edilməmişdi: bu şəkillər çəkilən zaman onun atası hələ sağ idi. Sonuncu rəhmətə getdikdən sonra onun qardaşı Albert onun yerinə taxta çıxmışdı.
89. Ərizəçilər təqdim etmişlər ki, Məhkəmə tərəfindən fotoşəkillərin qanunsuz dərc etdirilməsi ilə bağlı işlərdə tətbiq edilməli olan meyarların müəyyən edildiyi Von Hannover qərarı çıxarıldıqdan sonra Almaniya hakimiyyəti artıq mülahizə sərbəstliyindən istifadə edə bilməzdi. Təqdim etdikləri məlumatlarda onlar qeyd etmişlər ki, həmin qərarın təsiri altında Avropa konsensusu yaranmışdır ki, bu da Parlament Assambleyası tərəfindən 1998-ci ildə qətnamənin qəbul edilməsi ilə aydın şəkildə nümayiş etdirilmişdi. Qalmaqda davam edən fərqlər yalniz nyuanslara aid idi. Von Hannover qərarı oturuşmuş presedent hüququ xəttinin bir parçası idi və bu səbəbdən dəfələrlə təsdiq edilmişdi. Bundan əlavə ərizəçilər təəccübləndiklərini ifadə etmişdilər ki, Məhkəmə Ali Avropa Məhkəməsi olaraq Federal Konstitusiya Məhkəməsi ilə müqayisədə daha az nəzarət səlahiyyətinə malik idi; Federal Konstitusiya Məhkəməsi 7 Tage jurnalında dərc edilən fotoşəkillərlə bağlı məhkəmə prosesi zamanı (bax yuxarıda 40-cı bənd) işə baxan on bir peşəkar hakimin qərarını ləğv edərək öz qərarını çıxarmış və bu qərarda son təfərrüata qədər bütün detalları əhatə etmişdir.
2. Tərəflərin müşahidələri
(a) Almaniya jurnal redaktorları assosiasiyası
90. Üçüncü tərəf assosiasiyası müşahidə etmişdir ki, Məhkəmə tərəfindən çıxarılmış Von Hannover qərarı Almaniya mətbuat azadlığına olduqca əhəmiyyətli təsir göstərmişdi. Həmin qərardan sonra Almaniya məhkəmələri mətbuat azadlığına əvvəlki illərlə müqayisədə daha az çəki verməyə başladılar. Onların qərarları hal-hazırda Məhkəmənin onların daha çox istinad etdiyi presedent hüququnun xəttinə daxil olmuşdur. Assosiasiya qeyd etmişdir ki, mətbuat “ictimaiyyətin nəzarətçisi olaraq” yalnız parlamentlər, hökumətlər və digər siyasi tərəflər üzərində nəzarət həyata keçirməli deyil, eyni zamanda siyasət, iqtisadiyyat, incəsənət, sosial sahə, idman və digər sahələrdə baş verən tədbirlərə də ümumi nəzarəti həyata keçirməlidir. Digər kraliyyət ailələrinin üzvləri kimi, birinci ərizəçi də müəyyən bir funksiyaya malik idi və buna görə də şübhəsiz ki, ictimai xadim hesab edilirdi. Üçüncü tərəf assosiasiya qeyd etmişdir ki, 2003-cü ildən etibarən birinci ərizəçi UNESCO-nun Xoşməramlı səfiri olmuşdu; bu titul Nelson Mandela, Claudia Cardinale və ya Pierre Cardin kimi məşhur şəxslərə verilirdi. Bundan əlavə Məhkəmə birinci ərizəçini Von Hannover qərarından sonra çıxan qərarlarda ictimai xadim kimi təsvir etmişdi. Assosiasiyanın fikrincə Von Hannover qərarına qədər də şəxsi həyat hüququ kifayət qədər geniş şəkildə müdafiə olunurdu və bu qoruma müvafiq olaraq daha da genişləndirilmişdi. Almaniya Məhkəmələri buna görə də mülahizə səlahiyyətindən kənara çıxmamışlar. Fransada mövcud olan standart Avropa üçün model olaraq xidmət edə bilməzdi.
(b) Ehrlich & Sohn GmbH & Co KG nəşriyyat şirkəti
91. Üçüncü tərəf nəşriyyat şirkəti Almaniyada mətbuat azadlığını əhəmiyyətini bir daha qeyd etmiş və xüsusilə ölkənin keçmiş sosialist dövrünə istinad etmişdir. O, müşahidə etmişdir ki, Federal Konstitusiya Məhkəməsinin oturuşmuş presedent hüququna əsasən əyləncə mediası da mətbuat azadlığının qoruması altında idi. Bundan əlavə, Avropa ölkəsinin keçmiş müstəqil şahzadəsinin qızı, hazırki müstəqil şahzadənin bacısı və keçmiş alman zadəgan sülaləsinin başçısının həyat yoldaşı olaraq o, ən azından Avropada diqqət mərkəzində olan ictimai xadim idi. Nəhayət nəşriyyat bildirmişdir ki, Məhkəmə tərəfindən 2004-cü ildə çıxarılmış Von Hannover qərarından sonra Almaniya məhkəmələri mövcud presedentlərdən kənarlaşaraq şəxslərin rəsmi tədbirlərdən kənarda və onların razılığı və ya xəbəri olmadan çəkilmiş fotoşəkillərinin dərc etdirilməsini məhdudlaşdırmış və bununla da informasiya və mətbuat azadlığına ciddi məhdudiyyətlər tətbiq etmişdir.
(c) Media Hüquqşünasları Assosiasiyası
92. Üçüncü tərəf assosiasiyası iddia etmişdir ki, Konvensiyanın 8-ci Maddəsində təsvir və ya ondan əlavə nüfuz hüququ nəzərdə tutulmamışdı. Şəxsin fotoşəklinin dərc etdirilməsi özü-özlüyündə heç də mütləq həmin müddəada nəzərdə tutulmuş hüquqlara müdaxilə demək deyildi. Müdaxilənin olub-olmamasını müəyyən etmək üçün işin bütün hallarını nəzərə almaq və müəyyən dərəcədə ciddi münasibət tələb edilirdi. İctimai marağa səbəb olan bütün məsələlərə dair məlumat yayan mətbuatın güclü qoruma altında olması olduqca vacib idi. Assosiasiya bildirmişdir ki, Məhkəmə özünün Von Hannover qərarında düzgün olaraq fotoşəklin hansı şəraitdə çəkilmiş olduğunu nəzərə almağın vacibliyini qeyd etsə də, o, istənilən fotoşəklin dərc etdirilməsinin 8-ci Maddənin təsiri altına düşməsini müəyyən etməklə çox irəliyə getmişdir. Təəssüf ki, Məhkəmə bu mövqeyi sonrakı qərarlarda da təkrarlamışdır. Assosiasiya bildirmişdir ki, düzgün yanaşma ondan ibarət olardı ki, hər şeydən əvvəl dərc etdirilən fotoşəklin şəxsi həyat sahəsinə aid olub-olmadığı aydınlaşdırılsın. Həmin kontekstdə nəzərdən keçirmək lazım idi ki, sözügedən şəxs bütün şərtləri nəzərə almaqla legitim olaraq şəxsi həyat hüququna hörmət gözləyirdi ya yox. Bu belə deyildisə, məsələ bununla bitmiş olardı, belə ki, Konvensiyanın 8-ci Maddəsi artıq tətbiq edilə bilməzdi. Əgər bu belə olsaydı, ölkədaxili məhkəmələr bütün şərtləri nəzərə almaqla Konvensiyanın 8 və 10-cu Maddələrinə əsasən eyni statusa malik olan və bir-biri ilə yarışan hüquqlar arasında tarazlaşdırma aparmalı idilər. Tarazlaşdırma tədbiri və onun nəticəsi Dövlətin mülahizə sərbəstliyinin təsiri altına düşən məsələlər idi. Məhkəmə yalnız elə hallarda müdaxilə edə bilərdi ki, orada milli hakimiyyətlər tarazlaşdırma tədbiri görməsin və ya onların qərarları əsassız olsun. Nəhayət, yazılı məqalənin yanında fotoşəkil yerləşdirməklə bağlı qərar vermək səlahiyyəti redaktora aid idi və hakimlər onun qərarını əvəz edə bilməzdilər.
(d) Mətbuatın Hüquqi Müdafiəsi Təşəbbüsü, Beynəlxalq Mətbuat İnstitutu və Dünya Qəzet və Xəbər Nəşriyyat Evləri tərəfindən verilən birgə təqdimatlar
93. Üç üçüncü tərəf assosiasiyası bildirmişdir ki, Müqaviləyə Qoşulan Dövlətlərdə geniş şəkildə belə bir meyl mövcuddur ki, Məhkəmə tərəfindən Konvensiyanın 8-ci və 10-cu Maddələrində nəzərdə tutulmuş hüquqların tarazlaşdırılması ilə bağlı müəyyən edilmiş prinsip və standartların milli məhkəmələr tərəfindən assimilyasiya edilməsi müşahidə olunur, baxmayaraq ki, ayrı-ayrı işlərdə müəyyən faktorlara daha ağır çəki verilməsi ölkədən ölkəyə dəyişə bilər. Onlar Məhkəməni üzv dövlətlərə daha geniş mülahizə sərbəstliyi verməyə dəvət etmişlər və bunun Konvensiyanın 53-cü Maddəsinin tələbi olduğunu qeyd etmişlər. Onlar Məhkəmənin Kassanyu və Başqaları Fransaya qarşı (Chassagnou and Others v. France ([GC], nos. 25088/94, 28331/95 and 28443/95, § 113, ECHR 1999‑III) işi ilə bağlı qəbul edilmiş qərarına istinad etmişlər və bildirmişlər ki, Məhkəmə qeyd etmişdir ki, bir-biri ilə yarışan maraqlar mövcud olduqda o, Üzv Dövlətlərə daha çox mülahizə sərbəstliyi verməlidir. Üzv Dövlətlərə buna bənzər olaraq özəl tərəflər arasında əlaqələr zamanı və ya demokratik cəmiyyətdə rəylərin əhəmiyyətli dərəcədə fərqləndiyi hallarda pozitiv öhdəliklərin icrasında daha geniş mülahizə sərbəstliyi verilir (Frette Fransaya qarşı (Fretté v. France, no. 36515/97, § 41, ECHR 2002‑I). Bundan əlavə Məhkəmə artıq Üzv Dövlətlərə 8-ci və 10-cu Maddələrdə nəzərdə tutulmuş hüquqların tarazlaşdırılması zamanı geniş mülahizə sərbəstliyi vermişdir (A. Norveçə qarşı (A. v. Norway), yuxarıda sitat gətirilib, § 66). Onun rolu məhz Üzv Dövlətlərin ədalətli balans yaratmaq üçün mexanizm yaradıb-yaratmamalarını təmin etməkdən və belə balans yaradıldığı zaman Üzv Dövlətlər tərəfindən nəzərə alınan spesifik faktorların Konvensiya və onun presedent hüququna uyğun olub-olmadığını müəyyən etməkdən ibarətdir. O, yalnız elə hallarda müdaxilə edə bilərdi ki, ölkədaxili məhkəmələr əlaqəsi olmayan faktları əhəmiyyətli saysınlar, aydın şəkildə əsassız qərar çıxarmış olsunlar və ya şəxsi həyat və ya nüfuz hüququna aydın şəkildə xələl gətirən qərar qəbul etmiş olsunlar. Belə olmasaydı, Məhkəmə bu qəbildən olan işlərdə apelyasiya məhkəməsi rolunu oynamaq riski ilə qarşılaşardı.
3. Məhkəmənin qiymətləndirməsi
(a) Ərizənin əhatə dairəsi
94. Məhkəmə əvvəl başdan müşahidə edir ki, hazırki işdə onun vəzifəsi Almaniyanın Konvensiyanın 46 Maddəsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək Məhkəmənin 2004-cü ildə çıxardığı Von Hannover qərarını icra edib-etmədiyini araşdırmaqdan ibarət deyildir, belə ki, həmin məsuliyyət Nazirlər Komitəsinin üzərindədir (bax İsveçrəyə qarşı (Verein gegen Tierfabriken Schweiz (VgT) v. Switzerland (no. 2) [GC], no. 32772/02, § 61, ECHR 2009‑..., və Öcalan Türkiyəyə qarşı (Öcalan v. Turkey (dec.), no. 5980/07, 6 July 2010). Hazırki ərizələr yalnız ərizəçinin Von Hannover işindən sonra açdığı işlərə və onların digər fotoşəkillərinin dərc etdirilməsinə aiddir (bax yuxarıda 15-20-ci bəndlər).
(b) Ümumi prinsiplər
(i) Şəxsi həyatla bağlı
95. Məhkəmə yenidən təkrar edir ki, şəxsi həyat hüququ şəxsiyyətlə bağlı məsələləri, məsələn, şəxsin adı, fotoşəkilləri, fiziki və ya əxlaqi dürüstlüyü ilə əlaqədar ola bilər; Konvensiyanın 8-ci Maddəsində nəzərdə tutulan təminat əsasən, hər bir fərdin şəxsiyyətinin digər şəxslərlə münasibətdə kənardan heç bir müdaxilə olmadan inkişaf etdirilməsinə yönəldilmişdir. Buna görə də, hər bir şəxsin digər şəxslərlə qarşılıqlı əlaqədə olduğu bir zona vardır ki, həmin zona hətta ictimai kontekstdə belə şəxsi həyatın əhatə dairəsinə düşə bilər. Bununla da fotoşəklin dərc etdirilməsi, həmin şəxs ictimai xadim olsa belə, şəxsin özəl həyatına müdaxilə hesab edilə bilər (bax Şüssel Avstriyaya qarşı (Schüssel v. Austria (dec.), no. 42409/98, 21 fevral 2002; Von Hannover, yuxarıda sitat gətirilib, §§ 50 və 53; Sciacca, yuxarıda sitat gətirilib, § 29; və Petrina Rumıniyaya qarşı (Petrina v. Romania, no. 78060/01, § 27, 14 October 2008)).
96. Fotoşəkillərə gəldikdə Məhkəmə qeyd edib ki, şəxsin görüntüsü onun şəxsiyyətinin ən vacib əlamətlərindən biridir, belə ki, o, şəxsin unikal keyfiyyətlərini ifadə edir və onu digərlərindən fərqləndirir. Buna görə də, bir şəxsin təsvirinin qorunması hüququ şəxsi inkişafın zəruri elementlərindən biridir. O, əsasən şəxsin həmin təsvirin istifadəsi üzərində nəzarət həyata keçirməsini nəzərdə tutur ki, buraya da həmin təsvirlərin dərc olunmasından imtina da daxildir (bax Reklos və Davourlis Yunanıstana qarşı (Reklos and Davourlis v. Greece, yuxarıda sitat gətirilib, § 40).
97. Məhkəmə eyni zamanda təkrarlayır ki, müəyyən şərtlər daxilində şəxs ictimaiyyətə tanınan biri olsa belə o, öz şəxsi həyatının qorunması və ona hörmət bəslənməsi ilə bağlı “qanuni gözləntilərə” malik ola bilər (bax Von Hannover, yuxarıda sitat gətirilib, § 51; Limpoel və S.A. ED. Sine Revue Belçikaya qarşı (Leempoel & S.A. ED. Ciné Revue v. Belgium, no. 64772/01, § 78, 9 noyabr 2006; Standart Verlags Hamburq Avstriyaya qarşı (Standard Verlags GmbH v. Austria (no. 2), no. 21277/05, § 48, 4 iyun 2009; və Haşet Filipaççi Assosiyes (İSİ PARİS) Fransaya qarşı (Hachette Filipacchi Associés (ICI PARIS) v. France, no. 12268/03, § 53, 23 iyul 2009).
98. Burada təhlil olunan işlərin qəbilindən olan işlərin predmeti Dövlət tərəfindən görülən tədbir deyil, ölkədaxili məhkəmələr tərəfindən ərizəçinin şəxsi həyatının qorunması üçün kifayət qədər müdafiənin təmin edilmədiyinin iddia edilməsidir. 8-ci Maddənin məqsədi şəxsi Dövlətin qanunsuz müdaxilələrindən qorumaq olsa da, o, Dövləti sadəcə olaraq belə müdaxilələrdən kənar qalmağa çağırmır: bu neqativ yanaşmaya əlavə olaraq şəxsi həyat və ya ailə həyatına hörmət bəslənməsi nöqteyi-nəzərindən pozitiv öhdəliklər də meydana gələ bilər. Bu öhdəliklərə fərdi şəxslərin bir-biri ilə münasibətlərində belə şəxsi həyata hörmət bəslənməsini təmin etmək üçün tədbirlərin görülməsi daxil ola bilər (bax X və Y Niderlanda qarşı (X and Y v. the Netherlands, 26 mart 1985, § 23, Series A no. 91, və Armonienė, yuxarıda sitat gətirilib) Buraya eyni zamanda şəxsin şəklinin digərlərinin sui-istifadəsindən qorunması da daxildir (bax Schüssel, yuxarıda sitat gətirilib; Von Hannover, yuxarıda sitat gətirilib, § 57; və Reklos and Davourlis, yuxarıda sitat gətirilib, § 35).
99. 8-ci Maddəyə əsasən mövcud olan pozitiv və neqativ öhdəliklərin arasında olan sədd aydın bir tərifə malik deyildir; buna baxmayaraq şamil edilən prinsiplər bənzərdir. Hər iki kontekstdə bir-biri ilə yarışan maraqlar arasında ədalətli balans yaradılması nəzərə alınmalıdır (bax Uayt İsveçə qarşı (White v. Sweden, no. 42435/02, § 20, 19 sentyabr 2006, və Gurgenidze, yuxarıda sitat gətirilib, § 37).
(ii) İfadə azadlığı ilə bağlı
100. Hazırki ərizələrdə ərizəçilərin şəxsi həyatına hörmət bəslənməsi hüququ ilə nəşriyyat şirkətinin Konvensiyanın 10-cu Maddəsinə əsasən təmin edilən ifadə azadlığı hüququ arasında ədalətli balans yaradılıb-yaradılmamasını araşdırmaq tələb olunur. Buna görə də Məhkəmə həmin müddəanin tətbiqi ilə bağlı ümumi prinsipləri təkrarlamağın faydalı olduğunu hesab edir.
101. İfadə azadlığı demokratik cəmiyyətin təməlini və onun inkişafının və hər bir fərdin özünü icra etməsinin əsasını təşkil edən elementlərdən biridir. 10-cu Maddənin 2-ci bəndinin predmeti olaraq o, yalnız təhqiramiz olmayan və ya biganəliklə qarşılanan “informasiya” və “ideyalara” deyil, eyni zamanda təhqir edən, şok yaradan və ya narahat edən məlumatlara da şamil edilir. Bunlar pluralism, dözümlülük və geniş şəkildə düşünmə tələbləridir ki, onlar olmadan “demokratik cəmiyyətin” mövcudluğu mümkün deyil.10-cu Maddədə nəzərdə tutulduğu kimi, ifadə azadlığına istisnalar edilə bilər, lakin bu istisnalar üçün əsaslar ciddi şəkildə təfsir edilməli və hər bir məhdudiyyətə olan ehtiyac aydın şəkildə əsaslandırılmalıdır (bax, digər səlahiyyətlərlə yanaşı, Handisayd Birləşmiş Krallığa qarşı (Handyside v. the United Kingdom, 7 dekabr 1976, § 49, Series A no. 24, Adision Pont Fransaya qarşı (Editions Plon v. France, no. 58148/00, § 42, ECHR 2004‑IV; və Lindon, Otçakovski-Laurens və Culay Fransaya qarşı (Lindon, Otchakovsky-Laurens and July v. France [GC], nos. 21279/02 və 36448/02, § 45, ECHR 2007‑IV).
102. Məhkəmə həmçinin dəfələrlə mətbuatın demokratik cəmiyyətdə oynadığı əhəmiyyətli rolu vurğulamışdır. Mətbuat, xüsusilə nüfuzun və digərlərinin hüquqlarının qorunması nöqteyi-nəzərindən müəyyən sərhədləri keçməməli olsa da, onun vəzifəsi, öz öhdəliklərinə və məsuliyyətlərinə uyğun şəkildə ictimai marağa səbəb olan məsələlərlə bağlı ideya və məlumatları yaymaqdan ibarətdir. Lakin mətbuatın yalnız bu məlumat və ideyaları yaymaq öhdəliyi yoxdur; ictimaiyyətin də həmin informasiya və ideyaları almaq hüququ vardır. Belə olmayan hallarda, mətbuat özünün əhəmiyyətli “ictimai nəzarətçi” rolunu oynaya bilməz (bax Bladet Tromso və Stensaas Norveçe qarşı (Bladet Tromsø and Stensaas v. Norway [GC], no. 21980/93, §§ 59 və 62, ECHR 1999‑III, və Pedersen və Baadsqard Danimarkaya qarşı (Pedersen and Baadsgaard v. Denmark [GC], no. 49017/99, § 71, ECHR 2004‑XI).
Bundan əlavə, bu və ya digər hallarda hansı məlumatvermə üsullarından istifadə edilməsi ilə bağlı nə Məhkəmə, nə də milli məhkəmələr mətbuatın fikirlərini öz fikirləri ilə əvəz edə bilməz (bax Cersild Danimarkaya qarşı (Jersild v. Denmark, 23 sentyabr 1994, § 31, Series A no. 298, və Stoll İsveçrəyə qarşı (Stoll v. Switzerland [GC], no. 69698/01, § 146, ECHR 2007‑V).
103. Nəhayət ifadə azadlığına fotoşəkillərin dərc etdirilməsi də daxildir (bax Österreyçester Randfank Avstriyaya qarşı (Österreichischer Rundfunk v. Austria (dec.), no. 57597/00, 25 may 2004, və Verlaqsqrup Nyus Hamburq Avstriyaya qarşı (Verlagsgruppe News GmbH v. Austria (no. 2), no 10520/02, §§ 29 və 40, 14 dekabr 2006). Lakin, yenə də bu elə sahədir ki, burada digərlərinin hüquqlarının və nüfuzunun qorunması xüsusi əhəmiyyət kəsb edir, belə ki, fotoşəkillərdə şəxs və ya onun ailəsi ilə bağlı olduqca özəl və bəzən hətta intim məlumatlar ola bilər (bax Von Hannover, yuxarida sitat gətirilib, § 59; Haşet Filippaççi Assosiye Fransaya qarşı (Hachette Filipacchi Associés v. France, no. 71111/01, § 42, ECHR 2007‑VII; və Eerikanen və Başqaları Finlandiyaya qarşı (Eerikäinen and Others v. Finland, no. 3514/02, § 70, 10 fevral 2009).
Bundan əlavə, “qalmaqallı” mətbuatda və ya “romantik” jurnallarda dərc olunan fotoşəkillər bir qayda olaraq ictimaiyyətin şəxslərin şəxsi həyatının detalları ilə bağlı hər şeyi bilmə həvəsini təmin etməyə xidmət edir (bax Sosyete Prizma Press Frans Fransaya qarşı (Société Prisma Presse v. France (dec.), nos. 66910/01 və 71612/01, 1 iyul 2003, və Hachette Filipacchi Associés (ICI PARIS), yuxarıda sitat gətirilib, § 40), və əksər hallarda elə davamlı və narahatedici təkid şəraitində çəkilir ki, sözügedən şəxsin özünün güclü müdaxilə və ya hətta təqibə məruz qaldığını hiss etməsinə səbəb olur (bax Von Hannover, yuxarıda sitat gətirilib, § 59, və Gurgenidze, yuxarıda sitat gətirilib, § 59).
(iii) Mülahizə sərbəstliyi ilə bağlı
104. Məhkəmə təkrarlayır ki, şəxslərin bir-biri ilə münasibətləri sahəsində Konvensiyanın 8-ci Maddəsinə uyğunluğu təmin etmək üçün hesablanmış vasitələrin seçimi, Dövlətin öhdəliyinin pozitiv və ya neqativ olmasından asılı olmayaraq, prinsip etibarı ilə Üzv Dövlətin mülahizə sərbəstliyinə aid olan bir məsələdir. Şəxsi həyata hörmət hüququnu təmin etmək üçün müxtəlif üsullar mövcuddur və Dövlətin öhdəliyi özəl həyatın sırf sözügedən aspektindən asılı olacaqdır (bax X and Y v. the Netherlands, yuxarıda sitat gətirilib, § 24, və Odievr Fransaya qarşı (Odièvre v. France [GC], no. 42326/98, § 46, ECHR 2003‑III).
Buna bənzər olaraq, Konvensiyanın 10-cu Maddəsinə əsasən Üzv Dövlətlərin bu müddəa ilə qorunan ifadə azadlığına müdaxilənin və onun səviyyəsinin qiymətləndirilməsində mülahizə sərbəstliyi vardır (bax Tammer Estoniyaya qarşı (Tammer v. Estonia, no. 41205/98, § 60, ECHR 2001‑I, və Pedersen and Baadsgaard, yuxarıda sitat gətirilib, § 68).
105. Lakin, bu sərbəstlik Avropa nəzarəti ilə birlikdə mövcuddur və həm qanunvericilik aktlarını, həm də onların tətbiqini əhatə edir ki, buraya da müstəqil məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar da daxildir (bax, mutatis mutandis, Pek Birləşmiş Krallığa qarşı (Peck v. the United Kingdom, no. 44647/98, § 77, ECHR 2003‑I, və Karhuvaara and Iltalehti, yuxarıda sitat gətirilib, § 38). Öz nəzarət funksiyasını həyata keçirərkən, Məhkəmənin vəzifəsi milli məhkəmələri əvəz etməkdən ibarət deyildir, bunun əvəzində, bütövlükdə işin kontekstində həmin məhkəmələr tərəfindən qəbul edilmiş qərarların Konvensiyanın istinad edilmiş müddəalarına uyğun olub olmamasını yoxlamaqdan ibarətdir (bax Petrenko Moldovaya qarşı (Petrenco v. Moldova, no. 20928/05, § 54, 30 mart 2010; Polanko Torrez və Movillo Polanko İspaniyaya qarşı (Polanco Torres and Movilla Polanco v. Spain, no. 34147/06, § 41, 21 sentyabr 2010; və Petrov Bolqarıstana qarşı (Petrov v. Bulgaria (dec.), no. 27103/04, 2 noyabr 2010).
106. Şəxsi həyata hörmət hüququnun ifadə azadlığı ilə tarazlaşdırılması tələb olunan hazırki iş kimi işlərdə, Məhkəmə hesab edir ki, gəlinən nəticə şikayətin Məhkəməyə 8-ci Maddəyə əsasən həmin Maddənin təsiri altına düşən şəxs və ya 10-cu Maddəyə əsasən nəşriyyatçı tərəfindən verildiyindən asılı olaraq fərqli olmamalıdır. Əlbəttə ki, prinsip etibarı ilə bu hüquqlara bərabər səviyyədə hörmət bəslənməsi labüddür (bax Hachette Filipacchi Associés (ICI PARIS), yuxarıda siztat gətirilib, § 41; Timkiuk Rumıniyaya qarşı (Timciuc v. Romania (dec.), no. 28999/03, § 144, 12 October 2010; və Mosley Birləşmiş Krallığa qarşı (Mosley v. the United Kingdom, no. 48009/08, § 111, 10 may 2011; bax həm də Parlament Assambleyasının Qətnaməsinin 11-cı bəndi – yuxarıda 71-ci bənd). Buna müvafiq olaraq, nəzəri cəhətdən mülahizə sərbəstliyi hər iki halda eyni olmalıdır.
107. Milli qurumlar tərəfindən Məhkəmənin presedent hüququnda nəzərdə tutulmuş meyarlara uyğun olaraq tarazlaşdırma tədbirləri görüldüyü təqdirdə, Məhkəmənin milli məhkəmələrin rəyini öz rəyi ilə əvəz etməsi üçün güclü əsasları olmalıdır (bax MGN Limited Birləşmiş Krallığa qarşı (MGN Limited v. the United Kingdom, no. 39401/04, §§ 150 və 155, 18 yanvar 2011, və Palomo Sançes və Başqaları İspaniyaya qarşı (Palomo Sánchez and Others v. Spain [GC], nos. 28955/06, 28957/06, 28959/06 və 28964/06, § 57, 12 sentyabr 2011).
(iv) Tarazlaşdırma tədbiri ilə bağlı meyarlar
108. İfadə azadlığı hüququ ilə şəxsi həyata hörmət hüququ tarazlaşdırıldığı hallarda, presedent hüququnda hazırki işə aidiyyatı olan meyarlar aşağıdakı şəkildə nəzərdə tutulmuşdur.
(α) Ümumi marağa səbəb olan məsələlərlə bağlı debatlara töhfə
109. Əsas ən vacib olan meyar mətbuatda dərc edilmiş fotoşəkillərin ümumi marağa səbəb olan məsələlərlə bağlı debatlara töhfə verib-verməməsidir (bax Von Hannover, yuxarıda sitat gətirilib, § 60; Leempoel & S.A. ED. Ciné Revue, yuxarıda sitat gətirilib, § 68; və Standard Verlags GmbH, yuxarıda sitat gətirilib, § 46). Ümumi marağa nəyin səbəb olduğunun anlayışı işin hallarından asılı olan məsələdir. Amma yenə də, Məhkəmə qeyd etməyi faydalı hesab edir ki, o, belə marağın yalnız dərc olunan məlumat və ya şəkillərin siyasi hadisələrə və ya cinayət hadisələrinə aid olduğu zaman mövcud olduğunu hesab etmir (bax White, yuxarıda sitat gətirilib, § 29; Egeland və Hanseyd Norveçə qarşı (Egeland and Hanseid v. Norway, no. 34438/04, § 58, 16 aprel 2009; və Leempoel & S.A. ED. Ciné Revue, yuxarıda sitat gətirilib, § 72), belə maraq həmçinin idman xəbərləri və ya artistlərin həyatı ilə bağlı məsələlərdə də meydana gəlir (bax Nikovitz və Verlaqsqrup Nyus Hamburq Avstriyaya qarşı (Nikowitz and Verlagsgruppe News GmbH v. Austria, no. 5266/03, § 25, 22 fevral 2007; Colaço Mestre and SIC – Sociedade Independente de Comunicação, S.A. v. Portugal, nos. 11182/03 və 11319/03, § 28, 26 aprel 2007; və Sapan Türkiyəyə qarşı (Sapan v. Turkey, no. 44102/04, § 34, 8 iyun 2010). Lakin, Respublika Prezidentinin evliliyi ilə bağlı dedi-qodular və ya məşhur müğənninin maliyyə çətinlikləri ümumi marağa səbəb olan məsələ kimi qəbul edilməməlidir (bax Standard Verlags GmbH, yuxarıda sitat gətirilib, § 52, və Hachette Filipacchi Associés (ICI PARIS), yuxarıda sitat gətirilib, § 43).
(β) Sözügedən şəxs nə dərəcədə məşhurdur və xəbərin predmeti nədir?
110. Sözügedən şəxsin rolu və ya funksiyası və xəbərin və ya fotoşəklin mövzusu olan hadisələrin təbiəti bundan əvvəlki əhəmiyyətli meyarla əlaqəli olan digər əhəmiyyətli meyarı təşkil edir. Həmin anlamda fərdi şəxslər və siyasi xadimlər və ictimai xadimlər kimi ictimai kontekstdə çıxış edənlər arasında fərq qoyulması tələb olunur. Buna müvafiq olaraq, əgər ictimaiyyətə tanınmayan fərdi şəxs öz şəxsi həyatının qorunması hüququnun təmin olunmasını tələb edə bilsə də, ictimai xadimlər bunu edə bilməzlər (bax Minelli İsveçrəyə qarşı (Minelli v. Switzerland (dec.), no. 14991/02, 14 iyun 2005, və Petrenco, yuxarıda sitat gətirilib, § 55). Məsələn, rəsmi funksiyalarını icra edən siyasətçilərlə bağlı olan və ictimai debatlara töhfə verə biləcək faktlarla bağlı məlumatların yayımlanması ilə belə funksiyaları icra etməyən fərdi şəxslərin şəxsi həyatı ilə bağlı xəbərlərin yayılması arasında fundamental fərq qoyulması vacibdir (bax Von Hannover, yuxarıda sitat gətirilib, § 63, və Standard Verlags GmbH, yuxarıda sitat gətirilib, § 47).
Əgər keçmiş işdə mətbuat özünün demokratik cəmiyyətdə “ictimai nəzarətçi” rolunu icra etmək məqsədi ilə ictimaiyyətin marağına səbəb olan məsələlərlə bağlı məlumat və ideyaların yayılmasını həyata keçirmişdisə, sonuncu işdə həmin rol daha az əhəmiyyətli gəlir. Buna bənzər olaraq, bəzi xüsusi hallarda ictimaiyyətin məlumat əldə etmə hüququ ictimai xadimlərin, xüsusilə siyasətçilərin şəxsi həyatına qədər gedib çıxsa da, digər hallarda – şəxs ictimaiyyətə yaxşı tanınan biri olsa belə - yayımlanan material və fotoşəkillər şəxsin sirf şəxsi həyatı ilə əlaqəli olduqda və bu yalnız ictimaiyyətin bununla bağlı hər şeyi bilmə marağını təmin etməyə xidmət etdikdə, bu hüquq mövcud olmur (bax Von Hannover, yuxarıda sitat gətirilib, § 65 burada sitat gətirilmiş istinadlarla, və Standard Verlags GmbH, yuxarıda sitat gətirilib, § 53; bax həm də Parlament Assambleyasının Qətnaməsinin 8-ci bəndi – yuxarıda 7-ci bənd). Sonuncu işdə ifadə azadlığı daha dar məcrada şərh olunmanı tələb edir (bax Von Hannover, yuxarıda sitat gətirilib, § 66; Hachette Filipacchi Associés (ICI PARIS), yuxarıda sitat gətirilib, § 40; və MGN Limited, yuxarıda sitat gətirilib, § 143).
(γ) Sözügedən şəxsin əvvəlki davranışı
111. Sözügedən şəxsin xəbərin dərc etdirilməsindən əvvəlki davranışı və ya fotoşəklin və ona aid olan məqalənin daha əvvəlki nəşrlərdə dərc etdirilməsi faktı da nəzərə alınmalı amillərdir (bax Hachette Filipacchi Associés (ICI PARIS), yuxarıda sitat gətirilib, §§ 52-53, və Sapan, yuxarıda sitat gətirilib, § 34). Lakin, daha əvvəl mətbuatla əməkdaşlıq etmə faktı özü-özlüyündə sözügedən tərəfin sözügedən fotoşəklin dərc etdirilməsindən qorunma hüququndan məhrum edilməsi üçün yetərli arqument deyildir (bax Egeland and Hanseid, yuxarıda sitat gətirilib, § 62).
(δ) Nəşrin məzmunu, forması və nəticələri
112. Fotoşəklin və ya xəbərin hansı şəkildə dərc etdirilməsi və ya sözügedən şəxsin fotoşəkil və ya xəbərdə hansı şəkildə təmsil olunması da nəzərə alınması zəruri olan amillər ola bilər (bax Wirtschafts-Trend Zeitschriften-Verlagsgesellschaft m.b.H. v. Austria (no. 3), nos. 66298/01 və 15653/02, § 47, 13 dekabr 2005; Reklos and Davourlis, yuxarıda sitat gətirilib, § 42; və Yokitaipale və Başqaları Finlandiyaya qarşı (Jokitaipale and Others v. Finland, no. 43349/05, § 68, 6 aprel 2010). Fotoşəkil və xəbərin nə dərəcədə yayımlanması da, qəzetin bütün ölkə ərazisini əhatə edən və ya yerli qəzet olmasından, yəni geniş və ya məhdud dövriyyəyə malik olmasından asılı olaraq, əhəmiyyətli faktor ola bilər (bax Karhuvaara and Iltalehti, yuxarıda sitat gətirilib, § 47, və Gurgenidze, yuxarıda sitat gətirilib, § 55).
(ε) Fotoşəkillərin hansı şəraitdə çəkilməsi
113. Nəhayət, Məhkəmə artıq qeyd etmişdir ki, dərc etdirilən fotoşəkillərin hansı kontekstdə və şəraitdə çəkildiyini nəzərə almamaq olmaz. Həmin anlamda fotoşəkli çəkilmiş şəxsin onun çəkilməsinə və dərc etdirilməsinə razılıq verib-verməməsi (bax Gurgenidze, yuxarıda sitat gətirilib, § 56, və Reklos and Davourlis, yuxarıda sitat gətirilib, § 41) və ya bunun onların xəbəri olmadan və ya aldatma yolu ilə və ya digər qeyri-qanuni yolla çəkilməsi də nəzərə alınmalıdır (bax Hachette Filipacchi Associés (ICI PARIS), yuxarıda sitat gətirilib, § 47, və Flinkila və Başqaları Finlandiyaya qarşı (Flinkkilä and Others v. Finland, no. 25576/04, § 81, 6 aprel 2010). Eyni zamanda müdaxilənin mahiyyəti və ağırlığı və fotoşəklin dərc etdirilməsinin sözügedən şəxs üçün nəticələri də nəzərə alınmalıdır (bax Egeland and Hanseid, yuxarıda sitat gətirilib, § 61, və Timciuc, qərar, yuxarıda sitat gətirilib, § 150). İctimaiyyətə tanınmayan fərdi şəxs nöqteyi-nəzərindən fotoşəklin dərc etdirilməsi mahiyyət etibarı ilə yazılı məqalədən daha çox müdaxilə sayıla bilər (bax Eerikäinen and Others, yuxarıda sitat gətirilib, § 70, və A. v. Norway, yuxarıda sitat gətirilib, § 72).
(c) Prinsiplərin hazırki işə tətbiqi
114. Məhkəmə Von Hannover qərarından sonra Federal Ədliyyə Məhkəməsinin özünün əvvəlki presedent hüququna etdiyi dəyişiklikləri diqqətə alır. Həmin məhkəmə, digər məsələlərlə yanaşı (inter alia) qeyd etmişdir ki, gələcəkdə verilən xəbərin faktiki debatlara töhfə verdiyi və ya ictimaiyyətin hər şeyi bilmə marağına xidmət etdiyinin aydınlaşdırılmasına əhəmiyyət verilməsi zəruridir. O, həmin məsələ ilə bağlı müşahidə etmişdir ki, ictimaiyyət üçün məlumatın informasiya dəyəri nə qədər çox olarsa, şəxsin onun dərc olunmasından qorunma marağı da artacaqdır və əksinə. İfadə azadlığının əyləncə mətbuatını da əhatə etməsini qeyd edərək o, bildirmişdir ki, bir qayda olaraq oxucuların əylənmək hüququ şəxsi həyatı qorumaqla müqayisədə daha az çəkiyə malikdir.
115. Federal Konstitusiya Məhkəməsi həmin yanaşmanı təsdiq etmiş və bildirmişdir ki, onun 15 dekabr 1999-cu il tarixli qərarında Federal Ədliyyə Məhkəməsinin əvvəlki presedent hüququnu mübahisələndirməsə də, bu o demək deyildir ki, digər qoruma konsepsiyası – sözügedən fotoşəklin müasir cəmiyyətin bir aspekti olduğu və buna görə də sözügedən şəxsin razılığı olmadan dərc etdirilə bilməsi ilə bağlı bir-biri ilə yarışan maraqlar arasında tarazlıq yaradılmasına daha ağır çəki verilməsi – Əsas Qanuna uyğun ola bilməz.
116. Ərizəçilərin iddia etdiklərinə gəldikdə ki, Federal Ədliyyə Məhkəməsi və Federal Konstitusiya Məhkəməsinin yeni yanaşması sadəcə olaraq keçmiş presedent hüququnun yeni ifadələrlə təkrarlanmasını təmin etmişdir, Məhkəmə təkrarən bildirir ki, onun vəzifəsi ölkədaxili qanunvericiliyi və təcrübəni in abstracto təhlil etməkdən ibarət deyildir, sadəcə həmin qanunvericilik və təcrübənin ərizəçilərə tətbiq edilməsinin Konvensiyanın 8-ci Maddəsini pozub-pozmadığını aydınlaşdırmaqdan ibarətdir (see Karhuvaara and Iltalehti, yuxarıda sitat gətirilib, § 49).
117. Məhkəmə müşahidə edir ki, bu yeni yanaşmanı tətbiq etməklə Federal Ədliyyə Məhkəməsi müəyyən etmişdir ki, nə fotoşəkilləri müşayiət edən məqalənin bir hissəsi, nə də həmin fotoşəkillərin özləri müasir cəmiyyətlə bağlı məlumat daşımırdı və ümumi maraq doğuran məsələlərlə bağlı debatlara töhfə vermirdi. Federal Ədliyyə Məhkəməsi müəyyən etmişdir ki, eyni sözləri Monako Knyazlığının həmin vaxt hakimiyyətdə olan Şahzadəsi III Rainier-in xəstəliyi və həmin xəstəlik zamanı onun ailə üzvlərinin davranışı ilə bağlı məlumat haqqında demək mümkün deyildi. Federal Ədliyyə Məhkəməsinin rəyinə görə həmin mövzu müasir cəmiyyətin həyatına aid olan hadisə kimi qiymətləndirilmişdi və buna görə də qəzetlərin həmin hadisələrdən xəbər yaymaq və həmin xəbərlərə şəkillər əlavə etmək hüququ var idi, çünki həmin şəkillər məqalədəki məlumatı əks etdirir və dəstəkləyirdi.
Federal Konstitusiya Məhkəməsi öz növbəsində müşahidə etmişdir ki, Federal Ədliyyə Məhkəməsi qəbul etmişdir ki, Monakonun hakimiyyətdə olan şahzadəsinin xəstəliyi ümumi marağa səbəb olan hadisə kimi qiymətləndirilə bilərdi və buna görə də mətbuatın şahzadənin uşaqlarının ailə həmrəyliyi öhdəliyi ilə özlərinin legitim şəxsi həyat hüquqları arasında necə tarazlıq yaratmağa çalışdıqları barədə məlumat yaymağa hüququ var idi. O həmçinin təsdiq etmişdir ki, fotoşəkil və məqalədə təsvir edilən hadisə arasında kifayət qədər yaxın əlaqə mövcud idi.
118. Məhkəmə müşahidə edir ki, Federal Ədliyyə Məhkəməsinin sözügedən fotoşəklin informasiya dəyərinin onu müşayiət edən məqalə nöqteyi-nəzərindən qiymətləndirilməsi Konvensiyaya əsasən tənqid edilə bilməz (bax, mutatis mutandis, Tønsbergs Blad A.S. and Haukom, Yuxarıda sitat gətirilib, § 87, və Österreiçisçer Randfank Avstriyaya qarşı (Österreichischer Rundfunk v. Austria, no. 35841/02, §§ 68 və 69, 7 dekabr 2006). Şahzadə Rainierin xəstəliyinin müasir cəmiyyətin həyatı ilə bağlı hadisə kimi səciyyələndirilməsi məsələsinə gəldikdə, Məhkəmənin rəyi ondan ibarətdir ki, Almaniya məhkəmələri tərəfindən irəli sürülmüş səbəbləri nəzərə aldıqa, həmin interpretasiyanı əsassız hesab etmək mümkün deyil. (bax, mutatis mutandis, Editions Plon, yuxarıda sitat gətirilib, §§ 46-57). Bu məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, Federal Ədliyyə Məhkəməsi ərizəçiləri eyni şəraitdə əks etdirən iki digər fotoşəklin dərc etdirilməsini qadağan edən məhkəmə əmrini qüvvədə saxlamışdı və bunu dəqiqliklə belə əsaslandırmışdı ki, həmin fotoşəkillər məhz əyləncə məqsədilə dərc etdirilmişdi (bax yuxarıda 36 və 37-ci bəndlər). Buna görə də Məhkəmə qəbul edir ki, sözügedən fotoşəkillər, onları müşayiət edən məqalələrin kontekstində nəzərdən keçirilərkən ümumi maraq doğuran debatlara ən azından müəyyən dərəcədə töhfə verirdi. O, bu məsələ ilə bağlı təkrar edir ki, yalnız mətbuatın ictimai maraq doğuran məsələlərlə bağlı məlumat və ideyaları ötürmək öhdəliyi yoxdur, ictimaiyyətin də onları almaq hüququ vardır (bax yuxarıda 102-ci bənd).
119. Ərizəçilərin belə bir riskdən şikayət etmələrinə gəldikdə ki, mətbuat Federal Ədliyyə Məhkəməsi tərəfindən müəyyən edilmiş əsasları nəzərə almayaraq istənilən ictimai tədbirdən onların fotoşəklinin dərc edilməsini əsaslandırmaq üçün istifadə edə bilər, Məhkəmə qeyd edir ki, hazırki işlərin kontekstində ərizəçilərin şəkillərinin gələcəkdə dərc olunmasının Konvensiyaya uyğun olub-olmadığı ilə bağlı qərar çıxarmaq onun vəzifəsi deyil. Belə bir hal baş verərsə, onların bu barədə milli məhkəmələrə şikayət etmək imkanı olacaqdır. Məhkəmə eyni zamanda müşahidə edir ki, Federal Konstitusiya Məhkəməsi öz qərarında müəyyən etmişdir ki, məqalə yalnız məşhur şəxsin fotoşəklini dərc etdirmək üçün bəhanə olduğuna görə, bununla ictimai rəyin formalaşmasına heç bir töhfə verilməmişdi, buna görə də ictimai nöqteyi-nəzərdən fotoşəkillərin dərc etdirilməsi üçün şəxsi həyat hüquqlarından üstün olan heç bir əsas yox idi.
120. Qəbul edilməlidir ki, Federal Ədliyyə Məhkəməsi öz əsaslandırmasını belə bir səbəbə bağlamışdır ki, ərizəçilər ictimaiyyətə yaxşı tanış olan şəxslər idilər və cəmiyyətin xüsusi marağına səbəb olurdular, lakin həmin nəticəni əldə etmək üçün öz səbəblərindən istifadə etməmişdilər. Lakin, Məhkəmə hesab edir ki, birinci ərizəçinin Monako Knyazlığı adından hər hansı rəsmi funksiya icra edib-etməməsindən və ya nə dərəcədə icra etməsindən asılı olmayaraq tələb etmək olmaz ki, şübhəsiz çox məşhur olan bu şəxslər adi vətəndaşlar idilər. Tam əksinə, onlara ictimai xadim kimi münasibət bəslənməlidir (bax Gurgenidze, yuxarıda sitat gətirilib, § 40; Sciacca, yuxarıda sitat gətirilib, § 27; Reklos and Davourlis, yuxarıda sitat gətirilib, § 38; və Georgi Nikolaşvili Gürcüstana qarşı (Giorgi Nikolaishvili v. Georgia, no. 37048/04, § 123, ECHR 2009‑...)).
121. Federal Ədliyyə Məhkəməsi daha sonra fotoşəkillərin ərizəçilər üçün əlverişsiz olan şəraitdə çəkilib-çəkilmədiyini araşdırmışdır. Hökumət təqdim etmişdir ki, fotoşəkillərin ərizəçilərin xəbəri olmadan çəkilməsi faktı heç də o demək deyildir ki, onlar gizli şəkildə ərizəçilər üçün əlverişsiz olan şəraitdə çəkiliblər. Sonuncular öz növbələrində iddia ediblər ki, fotoşəkillər onların davamlı şəkildə narahat edildiyi təqib şəraitində çəkilib.
122. Məhkəmə müşahidə edir ki, Federal Ədliyyə Məhkəməsi belə nəticəyə gəlmişdir ki, ərizəçilər bu məsələ ilə bağlı əlverişsiz şəraitə dair sübutlar təqdim etməmişdi və fotoşəkillərin hansısa gizli şəkildə və ya ekvivalent gizli vasitələrlə çəkilməsinə, bununla da qanunsuz olduğuna dair heç bir dəlil yox idi. Federal Konstitusiya Məhkəməsi öz növbəsində qeyd etmişdir ki, müvafiq nəşriyyat şirkəti Frau im Spiegel jurnalında dərc etdirilən fotoşəkillərin hansı şəraitdə çəkildiyinin təfərrüatlarına dair məlumat təqdim etmişdir, lakin birinci ərizəçi nə milli məhkəmələrə həmin təfərrüatların doğru olmadığına dair şikayət etmiş, nə də sözügedən fotoşəklin onun üçün əlverişsiz şəraitdə çəkildiyini bildirməmişdir.
123. Məhkəmə müşahidə edir ki, Almaniya məhkəmələrinin presedent hüququna əsasən fotoşəkillərin çəkildiyi şərait elə bir amildir ki, bir-biri ilə yarışan maraqlar arasında tarazlıq yaratmaq tələb olunan zaman həmin şərtlər araşdırılmalıdır. Hazırki işdə milli məhkəmələrin qərarlarından görünür ki, bu amil daha hərtərəfli araşdırılma aparılmasını tələb etməyib, belə ki, ərizəçilər bununla bağlı heç bir arqument irəli sürməyiblər və fotoşəkillərin dərc etdirilməsinin qadağan olunması üçün məhkəmə əmrinin verilməsi üçün heç bir əsas yox idi. Məhkəmə bundan əlavə qeyd edir ki, Federal Ədliyyə Məhkəməsinin qeyd etdiyi kimi ərizəçilərin qış vaxtı St. Moritzdə küçənin ortasında çəkilmiş şəkli özü-özlüyündə heç bir təhqir təşkil etmirdi və buna görə də onların dərc etdirilməsini qadağan edən məhkəmə əmrinin çıxarılması üçün əsas ola bilməzdi.
(d) Nəticə
124. Məhkəmə müşahidə edir ki, öz presedent hüquqlarına əsasən milli məhkəmələr ehtiyatlı bir şəkildə nəşriyyat şirkətlərinin ifadə azadlığı hüququ ilə ərizəçilərin şəxsi həyat hüququ arasında tarazlıq yaratmışlar. Bunu edərkən onlar onları müşayiət edən məqalələrin kontekstində nəzərdən keçirilən fotoşəkillərin ümumi maraq kəsb edən debatlara töhfə verib-vermədiyinə fundamental əhəmiyyət vermişlər. Onlar həmçinin fotoşəkillərin hansı şəraitdə çəkildiyini də araşdırmışlar.
125. Məhkəmə eyni zamanda müşahidə edir ki, milli məhkəmələr aydın şəkildə Məhkəmənin müvafiq presedent hüququnu diqqətə alıblar. Von Hannover qərarından sonra Federal Ədliyyə Məhkəməsi öz yanaşmasını dəyişsə də, Federal Konstitusiya Məhkəməsi öz növbəsində sadəcə həmin yanaşmanı təsdiqləməmiş, həm də ərizəçinin öz şikayətində Federal Ədliyyə Məhkəməsinin Konvensiyanı və Məhkəmənin presedent hüququnu nəzərə almadığı ilə bağlı bildirdiklərinə cavab olaraq Məhkəmənin presedent hüququnu dərindən təhlil etmişdir.
126. Həmin şərtlər daxilində və milli məhkəmələrin bir-biri ilə yarışan maraqlar arasında tarazlıq yaratdıqları zaman istifadə etdikləri mülahizə sərbəstliyini nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, sonuncu Konvensiyanın 8-ci Maddəsinə əsasən öz pozitiv öhdəliyini pozmayıb. Buna müvafiq olaraq həmin müddəanın pozuntusu baş verməyib.
BU SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Aksel Springer AG Almaniyaya qarşı (Axel Springer AG v. Germany) (no. 39954/08) işini hazırki işlərdən ayırır;
2. Hazırki ərizələri qəbuledilən elan edir;
3. Konvensiyanın 8-ci Maddəsinin pozulmadığını müəyyən edir.
İngilis və fransız dillərində hazırlanıb və 2 fevral 2012-ci ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq şəkildə elan edilib
Michael O’BoyleNicolas Bratza
Katibin müaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy