© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
İKİNCİ BÖLMƏ
VONA MACARISTANA QARŞI
(35943/10 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
9 iyul 2013-cü il
QƏTİ QÜVVƏYƏ MİNMİŞDİR
09/12/2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qəti qüvvəyə minmişdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Vona Macarıstana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İkinci Bölmə):
Sədr - Qido Raymondi (Guido Raimondi),
hakimlər:
Peer Lorenzen (Peer Lorenzen),
Draqolyub Popoviç (Dragoljub Popović),
Andras Sajo (András Sajó),
Neboyşa Vuçiniç (Nebojša Vučinić),
Paulo Pinto de Albuqerqe (Paulo Pinto de Albuquerque),
Helen Keller (Helen Keller),
və Bölmə katibi Steynli Neysmitdən (Stanley Naismith) ibarət tərkibdə Palata qismində,
2013-cü il 11 iyunda qapalı müşavirə keçirərək,
həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Macarıstan vətəndaşı cənab Qabor Vona (“ərizəçi”) tərəfindən 2010-cu ilin 24 iyun tarixində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Macarıstan Respublikasına qarşı ərizənin (35943/10 nömrəli) təqdim edilməsi ilə başlanmışdır.
2. Ərizəçini Budapeştdə fəaliyyət göstərən vəkil cənab T.Qaudi-Naqi, Macarıstan Hökumətini isə (“Hökumət”) səlahiyyətli nümayəndəsi, Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin əməkdaşı cənab Z.Tallodi təmsil etmişdir.
3. Ərizəçi iddia etmişdir ki, sədrlik etdiyi “Magyar Gárda Egyesület” assosiasiyasının ləğv edilməsi ilə Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı pozulmuşdur.
4. 2012-ci il 14 martda ərizə barədə Hökumətə məlumat verilmişdir. Məhkəmə həmçinin ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə məsələlərə eyni vaxtda baxmaq barədə qərar qəbul etmişdir (29-cu maddənin 1-ci bəndi).
5. 2012-ci ilin 12 iyununda Bölmənin sədri Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 44-cü qaydasının 3-cü bəndinə uyğun olaraq Qaraçıların Hüquqları üzrə Avropa Mərkəzinin prosesdə üçüncü tərəf kimi iştirak etməsinə icazə vermişdir.
FAKTLAR
İŞİN HALLARI
6. Ərizəçi 1978-ci ildə anadan olmuşdur və Budapeşt şəhərində yaşayır.
7. 2007-ci il 8 mayda “Jobbik Magyarországért Mozgalom”-un (Daha Firavan Macarıstan Uğrunda Hərəkat) on üzvü tərəfindən məqsədi, inter alia, macar ənənələrini və mədəniyyətini qorumaq olan “Magyar Gárda Egyesület” (Macar Mühafizə Assosiasiyası – “Assosiasiya”) təsis edilmişdir.
8. Öz növbəsində Assosiasiya tərəfindən 2007-ci il 18 iyulda “Magyar Gárda Mozgalom”-un (Macar Mühafizə Hərəkatı – “Hərəkat”) əsası qoyulmuşdur. Assosiasiyanın Bürosu bildirmişdir ki, o, “Macar Qvardiyasını yaratmaq, onu ilk öncə hərəkat kimi idarə etmək, sonra isə bölmə qismində Assosiasiyaya inteqrasiya etmək” qərarına gəlmişdir”. Həmçinin qərara alınmışdır ki, “Macar Qvardiyasını Assosiasiyaya inteqrasiya etmək məqsədilə sonuncunun hazırkı xartiyasında 2007-ci il 10 oktyabr tarixinə qədər dəyişiklik edilməlidir”.
Hərəkatın məqsədi “müdafiəsiz Macarıstanı fiziki, mənəvi və intellektual baxımdan” müdafiə etmək kimi müəyyən edilmişdir. Hərəkatın təsis sənədinə görə vəzifələrinə üzvlərinin fiziki və psixoloji təlim keçməsi, fəlakətlərin idarə olunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmə, həmçinin ictimai tədbirlər keçirməklə bu məsələlərlə bağlı sosial dialoq qurma da daxil idi.
9. 2007-ci il 4 oktyabrda Budapeşt prokurorluğu Assosiasiyaya xəbərdarlıq göndərərək qanunsuz fəaliyyətini dayandırmağı tələb etmişdir. Qeyd olunurdu ki, Assosiasiya xartiyasında müəyyən edilmiş məqsədlərə uyğun gəlməyən fəaliyyət həyata keçirirdi. Xüsusilə, 2007-ci ilin 25 avqustunda onun Buda qəsrində əlli altı “qvardiyaçı”nın andiçmə mərasimini keçirdiyi müəyyən edilmişdir. Sonradan Assosiasiya Hərəkatın vəzifələrini populyarlaşdırmaq məqsədilə milli kompaniya keçirmişdir ki, bu da onun məqsədlərinə uyğun deyildi. Qeyd edilirdi ki, Hərəkatın bəzi məqsədləri Assosiasiyanın məqsədləri ilə üst-üstə düşmürdü və eyni zamanda Assosiasiyanın mədəniyyəti və ənənələri qorumaq xüsusiyyətinə də uyğun gəlmirdi.
2007-ci il 9 noyabrda Assosiasiyanın sədri prokurorluğa məlumat vermişdir ki, Hərəkatın təsis aktının mübahisə olunan hissəsi ləğv olunmaqla qanunsuz fəaliyyətə son qoyulmuşdur və o, Assosiasiyanın xartiyasına dəyişiklik etmək təşəbbüsü ilə çıxış etmişdir. Buna uyğun olaraq 2007-ci il 7 dekabrda Assosiasiyanın Baş Assambleyası xartiyasına aşağıdakı məzmunda 2-ci bənd əlavə etmək qərarına gəlmişdir: “f) Macar Mühafizə Assosiasiyası adına uyğun olaraq vətəndaşların təhlükəsizliyinə təsir göstərən məsələlər, misal üçün, fəlakətlərin idarə olunması, milli müdafiə və həyatı xilas texnikaları üzrə cəmiyyətlə dialoqa girmək və ictimai tədbirlər və yığıncaqlar keçirilməsində iştirak etmək məqsədinə xidmət edir”.
10. Ehtimal olunur ki, bu məqsədlərə xidmət edərək Hərəkatın üzvləri uniformalar geyinməklə Macarıstan ərazisi boyunca, o cümlədən çox sayda qaraçıların yaşadıqları kəndlərdə toplantı və nümayişlər keçirmiş və “etnik macarları” “qaraçı cinayətkarlıq”dan qorumaq barədə çağırışlar etmişlər. Bu nümayiş və toplantılara dövlət orqanları tərəfindən qadağa qoyulmamışdı.
200 nəfər fəalın daxil olduğu bu nümayişlərdən biri 2007-ci ilin 9 dekabrında 1800-ə yaxın sakini olan Tatárszentgyörgy kəndində təşkil edilmişdir. Polis nümayiş keçirilən yerdə olmuş və nümayişin qaraçı ailələrin yaşadığı küçə boyunca keçməsinə imkan verməmişdir.
11. Bu tədbirə cavab olaraq Budapeştin Baş prokurorluğu 2007-ci il 17 dekabrda Assosiasiyanın ləğv edilməsi üçün məhkəməyə təqdimat vermişdir. Təqdimat Assosiasiyanın toplaşmaq azadlığı hüququndan sui-istifadə etdiyi və çıxışlarla, həmçinin fəalların uniformalar geyinməsi, hərbçilər kimi yürüş etməsi və hərbi qaydada əmrlər verməsi ilə qaraçılar arasında qorxu yaratmaqla onların hüquqlarını pozan fəaliyyət həyata keçirdiyi iddialarına əsaslanırdı.
Baş prokurorluq belə bir fikirdə idi ki, Hərəkat Assosiasiyanın bir qurumudur və əslində onun fəaliyyəti sonuncunun fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir. O, Hərəkatın “spontan icma” olmadığını, bütün üzvlərinin qeydiyyatdan keçdiyini bildirmiş və onun Assosiasiyanın sədarəti tərəfindən yaradıldığını, üzvlük üçün müraciətlərin Assosiasiya tərəfindən qiymətləndirildiyini və uniformaların Assosiasiyadan alına bilindiyini vurğulamışdır.
12. Lakin prosesin sonrakı mərhələlərində Assosiasiya onunla Hərəkat arasında iki qurumun birliyi hesab olunacaq səviyyədə hər hansı təşkilatı bağlantının olmadığını iddia etmişdir. Buna görə də o, Hərəkata görə hər hansı məsuliyyət daşımadığını bildirmişdir. O həmçinin bildirmişdir ki, hər bir halda Hərəkatın fəaliyyəti heç kim üçün obyektiv təhlükə doğurmur. Assosiasiyanın bildirdiyinə görə qorxu ilə bağlı subyektiv xarakterli hisslər əsas hüquqlara, o cümlədən toplaşmaq azadlığına hər hansı məhdudiyyətin qoyulmasına səbəb ola bilməz və obyektiv şəkildə baxılarsa, Hərəkatın davranışı hədə-qorxu xarakteri daşımamışdır.
13. Budapeşt Regional Məhkəməsi dörd iclas keçirdikdən sonra 2008-ci il 16 dekabrda Baş prokurorluğun təqdimatını təmin etmiş və Birləşmək azadlığı hüququ haqqında 1989-cu il tarixli II nömrəli qanunun 16 (2) (d) maddəsinə əsasən Assosiasiyanın ləğv olunması barədə qərar çıxarmışdır (aşağıda 18-ci bəndə bax).
Məhkəmə iki qurum arasında fərqlərin olması barədə dəlilləri qəbul etməmiş və onlar arasında “simvolik əlaqənin” olduğunu bildirmişdir. O, Assosiasiyanın əsas fəaliyyətinin Hərəkatın yaradılması, idarə olunması, maliyyələşdirilməsi və ona nəzarət edilməsi olduğunu qət etmiş və inter alia, Hərəkatın Assosiasiyanın bank hesabı vasitəsilə ianələr aldığını qeyd etmişdir. Bununla belə qərarın hüquqi nəticəsi Assosiasiyanın ləğv edilməsi ilə məhdudlaşmışdır. Belə ki, məhkəmənin mövqeyinə görə Hərəkat hüquqi şəxs deyildi və qərar birbaşa ona münasibətdə tətbiq olunmurdu.
Tatárszentgyörgy-da keçirilmiş toplantıya gəlincə Regional Məhkəmə aşağıdakıları qeyd etmişdir:
“Tədbirin əsas məqsədi əlbəttə ki, əsas diqqəti “qaraçı cinayətkarlığa” yönəltmək idi. Açıq-aşkar irqi və etnik əsaslara söykənən belə bir ümumiləşdirmədən istifadə edilməsi insan ləyaqətinin bərabərliyi prinsipini pozmuşdur. ... Bundan əlavə, bu, birdəfəlik hadisə deyildi ... [Hərəkat] proqramını insanlar arasında ayrı-seçkiliyin salınması üzərində qurmuş və bunu bir neçə halda yürüşlər vasitəsilə ifadə etmişdir. Bu, güc nümayişinə və görüntülərlə [yürüşlərin iştirakçılarının] digərlərini qorxutmağa bərabər idi. ... Məhkəmənin mövqeyinə görə konstitusion nöqteyi-nəzərdən qorxutmağı faktiki olaraq missiya kimi qarşıya qoyma məqsəd və ya rol kimi qəbuledilməzdir”.
14. Məhkəmə qeyd etmişdir ki, uniformada olan iştirakçılar qollarına Oxvarı Xaçın (1944-45-ci illərdə Macarıstanda terrorun hökm sürməsinə görə məsuliyyət daşıyan qurum) əsgərlərinin sarğılarına oxşar sarğılar taxmışdırlar. Onun mövqeyinə görə bu cür geyinmiş iştirakçılarla yürüş etmək obyektiv olaraq “tarixi hissiyyatları” yaralaya bilərdi.
Məhkəmə daha sonra bildirmişdir ki, Assosiasiyanın bəyan edilmiş məqsədinin olmasına baxmayaraq onun davranışı Macarıstanın assosiasiyalar haqqında qanunvericiliyini pozmuş və qaraçılar əleyhinə əhval-ruhiyyə yaratmışdır. Məhkəmənin bildirdiyinə görə tarixi təcrübə fonunda sadəcə gücün sözlə və vizual olaraq nümayişi qanun pozuntusu hesab olunur. Beləliklə də, Assosiasiyanın ləğv olunması üçün onun faktiki olaraq hüquq pozuntusu törətməsi zəruri deyildi. Onun proqramının ayrı-seçkiliyə dair müddəaları ehtiva etməsi 1989-cu il tarixli II nömrəli qanunun 2-ci maddəsinin 2-ci bəndinin mənasında digərlərinin hüquqlarını təhlükə altına almağa bərabərdir.
15. 2009-cu ilin 2 iyulunda Budapeşt Apellyasiya Məhkəməsi Regional Məhkəmənin qərarını qüvvəsində saxlamışdır. O, həmçinin Hərəkatın 2008-i ilin 21 iyununda Fadd kəndində və qeyri-məlum tarixdə Sárbogárd kəndində həyata keçirdiyi iki oxşar nümayişi də nəzərdən keçirmişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, Hərəkat üzvlərinin Fadd kəndində keçirilən mitinqdəki çıxışlarda qaraçıların təcrid edilməsinə yönəlmiş bir sıra ifadələr səsləndirilmişdir. Sárbogárd kəndindəki tədbirə gəlincə, Apellyasiya Məhkəməsi bir neçə dəfə anti-semit ifadələrin işləndiyini qeyd etmişdir.
Apellyasiya Məhkəməsi bu iki qurum arasında daha yaxın əlaqənin olduğunu təsbit edərək qərarının qüvvəsini Hərəkata da aid etmişdir. Məhkəmə qət etmişdir ki, faktiki olaraq Hərəkat “qurum” kimi Assosiasiyanın tərkibinə daxil idi. Buna görə də qərar onların hər ikisinə aid idi. Assosiasiyanın ləğv edilməsi ləğv edilmiş assosiasiyaya aidiyyəti olan istənilən hərəkatın daxilində fəaliyyət göstərən fərdlərin təşkilati strukturlarının ləğv edilməsini də nəzərdə tutur.
Məhkəmə qət etmişdir ki, nümayişlərin keçirilməsi yeri kimi çox sayda qaraçı əhalisinin yaşadığı kəndlərin seçilməsinə sosial dialoq kimi deyil, hərbi tərzdə uniformaların, sıra düzümlərinin, əmrlərin və salamlamaların ümumi nəticəsindən ibarət yarım hərbi güc nümayişi kontekstində mürtəce ifadə forması kimi baxılmalıdır. Apellyasiya Məhkəməsi əsasən Regional Məhkəmənin dəlillərini təsdiq etsə də, kəndlərin əhalisinin bu mürtəce və təcridedici fikirlərin “əsir auditoriyasına” çevrildiyini və onların qarşısını ala bilmədiklərini bildirmişdir. Məhkəmənin mövqeyinə görə polisin güclü nəzarəti altında keçmiş bütün nümayişlərin hər hansı zorakılıq aktı olmadan başa çatmasına baxmayaraq Hərəkatın təşkil etdiyi tədbirlər zorakılığın baş verməsi riskini yaratmış, münaqişəyə səbəb olmuş, ictimai qayda və asayişi pozmuş və kəndlərin sakinlərinin azadlıq və təhlükəsizlik hüququnu pozmuşdur.
Məhkəmə həmçinin ərizəçinin fikri ifadə etmək azadlığı məsələsinə də baxmışdır. O, birinci instansiya məhkəməsinin qərarındakı dəlilləri təsdiq edərək və Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək bildirmişdir ki, bu azadlıq nifrət dolu çıxışlara və ya zorakılığa təhrikə tətbiq edilmir.
16. 2009-cu il 15 dekabrda Ali Məhkəmə Budapeşt Apellyasiya Məhkəməsinin qərarını qüvvəsində saxlamışdır. O, Hərəkatın faktiki olaraq Assosiasiyanın tərkibində qurum olması ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi nəticəni təsdiq etmişdir. O, həmçinin Assosiasiyanın ləğv edilməsi zərurəti ilə bağlı aşağı məhkəmələrin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Hərəkatın nümayişləri münaqişəli vəziyyətə səbəb olmuşdur ki, onun da ardıcılları potensial olaraq zorakılığa əl ata bilərdilər.
Bu qərar 2010-cu il 28 yanvarda tərəflərə verilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
17. Qüvvədə olan Konstitusiyada aşağıdakı müddəalar təsbit olunmuşdur:
Maddə 2
“(3) Sosial qurumlar, hökumət orqanları və ya fərdlərin fəaliyyəti dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və ya həyata keçirilməsinə yönəldilə bilməz. Hər kəsin qanuni yollarla belə fəaliyyətə qarşı çıxmaqla bağlı hüquq və vəzifələri mövcuddur”.
Maddə 63
“(1) Macarıstan Respublikasında hər kəsin birləşmək azadlığı əsasında məqsədləri qanunla qadağan olunmayan təşkilatlar təsis etmək və belə təşkilatlara qoşulmaq hüququ vardır.
(2) Birləşmək hüququ əsasında siyasi məqsədləri olan silahlı təşkilatların təsis edilməsinə icazə verilmir.
(3) Toplaşmaq azadlığı, siyasi partiyaların maliyyə baxımdan idarəçiliyi və fəaliyyəti ilə bağlı qanunun qəbul olunması üçün parlamentin deputatlarının üçdə iki səs çoxluğu tələb olunur”.
18. Birləşmək azadlığı haqqında 1989-cu il tarixli II nömrəli qanunda aşağıdakılar qeyd olunmuşdur:
Maddə 2
“(1) Fiziki şəxslər, hüquqi şəxslər və onların hüquqi şəxs statusuna malik olmayan struktur bölmələri fəaliyyət məqsədlərini və təsisçilərin niyyətlərini nəzərə alaraq birləşmək hüququ əsasında vətəndaş cəmiyyəti təşkilatlarını təsis və idarə edə bilərlər.
(2) Birləşmək azadlığının həyata keçirilməsi Konstitusiyanın 2-ci maddəsinin 3-cü bəndinin pozulmasına, cinayət törədilməsinə və ya cinayətə təhrikçiliyə səbəb olmamalı və digərlərinin hüquq və azadlıqlarını təhlükə altına almamalıdır”.
Maddə 3
“(1) Vətəndaş cəmiyyəti təşkilatı təsis müddəalarında bəyan edilmiş məqsəd üçün yaradılmış, qeydiyyatdan keçmiş üzvləri olan və məqsədinə nail olmaq üçün üzvlərinin fəaliyyətini təşkil edən, könüllülük əsasında yaranan, müstəqil idarə olunan təşkilatdır.
(2) Geniş miqyaslı ictimai tədbirlərdə qeydiyyatdan keçməyən üzvlər də iştirak edə bilərlər”.
Maddə 4
“(1) ... vətəndaş cəmiyyəti təşkilatı məhkəmədə qeydiyyatdan keçdikdən sonra fəaliyyətə başlayır”.
Maddə 5
“Birləşmək hüququna əsasən yaradılmış, fəaliyyəti müntəzəm xarakter daşımayan, yaxud qeydiyyatdan keçmiş üzvləri və ya bu qanunda göstərilmiş strukturu olmayan fiziki şəxslərin birliyi vətəndaş cəmiyyəti təşkilatı hesab edilmir”.
Maddə 16
“(2) Məhkəmə prokurorun təqdimatına əsasən:
(d) fəaliyyəti 2-ci maddənin 2-ci bəndinə zidd olan vətəndaş cəmiyyəti təşkilatını ləğv edir; ...”
Assosiasiyaların hüquqi statusu qısa şəkildə aşağıdakı kimi xarakterizə oluna bilər. Fəaliyyətində ictimai marağa xidmət göstərməyən assosiasiyalar fiziki şəxslərdən gəlir vergisindən azad olan ianələr və başqa ianələr almaq, yaxud dövlətdən subsidiyalar almaq üçün müraciət etmək hüququna malik deyil. Belə ki, bu imtiyazlar 1996-cı il tarixli CXXVI nömrəli və 2011-ci il tarixli CLXXV nömrəli qanunlara görə ictimai rifah naminə fəaliyyət göstərən təşkilatlara məxsusdur. Bununla belə, 1996-cı il tarixli LXXXI nömrəli qanunda nəzərdə tutulmuşdur ki, hər hansı assosiasiyanın gəlir məqsədi daşımayan fəaliyyətindən irəli gələn qazanc gəlir vergisindən azaddır və assosiasiyanın biznes fəaliyyətinə münasibətdə preferensial gəlir vergisi tətbiq olunur. Bundan əlavə, 1995-ci il tarixli CXVII nömrəli qanuna görə gəlir vergisi ilə bağlı əlverişli qaydalar assosiasiyalar tərəfindən göstərilən bəzi xidmətlərə və onlardan alınan bəzi mükafat və sosial nemətlərə münasibətdə tətbiq olunur. Bundan əlavə, 1959-cu il tarixli IV nömrəli qanuna (Mülki Məcəllə) görə assosiasiyanın üzvləri assosiasiyanın borclarına görə məsuliyyət daşımırlar.
19. Qüvvədə olan Milli və etnik azlıqların hüquqları haqqında 1993-cü il tarixli LXXVII nömrəli qanunda aşağıdakı müddəalar təsbit olunmuşdur:
Maddə 4
“(1) Macarıstan Respublikası aşağıdakı xarakterli bütün fəaliyyətləri və hərəkətləri qadağan edir:
(a) azlığın əksəriyyəti təşkil edən xalqa assimilyasiya edilməsi, ondan təcrid olunması və ya seqreqasiyası məqsədi daşıyan və ya bununla nəticələnən;
(b) azlıqların məskunlaşdıqları ərazilərin milli və ya etnik tərkibini dəyişdirmək məqsədi daşıyan;
(c) şəxslərin azlığa aid olması ilə əlaqədar təqibi, həyatları üçün təhlükə yaratma və ya hüquqlarının həyata keçirilməsinə maneçilik törətmə; ...”.
20. 1966-cı il 16 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 21-ci sessiyasında qəbul edilmiş Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı implementasiya edən 1976-cı il tarixli 8 nömrəli qanunda aşağıdakılar qeyd olunmuşdur:
Maddə 20
“2. Ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrikçilik xarakteri daşıyan milli, irqi və ya dini nifrətin istənilən formada təbliği qanunla qadağan olunur”.
21. 1965-ci il 21 dekabrda Nyu-Yorkda qəbul olunmuş İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyanı implementasiya edən 1969-cu il tarixli 8 nömrəli qanunda aşağıdakılar qeyd olunurdu:
Maddə 1
“1. Bu Konvensiyada “irqi ayrı-seçkilik” dedikdə bərabər əsasda siyasi, iqtisadi, sosial, mədəni və ya ictimai həyatın istənilən digər sahəsində insan hüquqları və əsas azadlıqların tanınması, onlardan istifadə və ya onların həyata keçirilməsini heçə endirmək və ya buna mane olmaq məqsədi daşıyan və ya belə nəticələrə səbəb olan irq, rəng, mənşə və ya milli, yaxud etnik mənsubiyyət əlamətlərinə görə hər hansı fərq, təcrid, məhdudiyyət tətbiq etmə və ya üstünlük vermə başa düşülür”.
Maddə 2
“1. İştirakçı Dövlətlər irqi ayrı-seçkiliyi pisləyir və bütün müvafiq vasitələrlə və təxirə salmadan irqi ayrı-seçkiliyi bütün formalarda aradan qaldırmaq və bütün irqlər arasında anlaşmaya təkan vermək siyasətini həyata keçirmək öhdəliyini üzərilərinə götürürlər. Bu məqsədlə: ...
(d) İştirakçı Dövlətlər bütün müvafiq vasitələrdən, o cümlədən bunun tələb olunduğu hallarda qanunvericilikdən istifadə etməklə hər hansı şəxs, qrup və ya təşkilat tərəfindən irqi ayrı-seçkiliyə yol verilməsini qadağan etməli və onu ləğv etməlidir; ...”
Maddə 4
“İştirakçı Dövlətlər istənilən formada irqi nifrətə və ayrı-seçkiliyə haqq qazandırmaq və ya onlara təkan verməyə səy göstərən bütün təbliğatı və qurumları pisləyir və aşağıdakıları öhdəliklərinə götürürlər: ...
(a) irqi ayrı-seçkiliyə təhrikin bütün formalarını, həmçinin irqçi fəaliyyətlərə, o cümlədən onun maliyyələşdirilməsinə hər hansı yardım göstərməni qanunla cəzalandırılan əməl kimi qiymətləndirmək;
(b) irqi ayrı-seçkiliyə təkan verən və ya təhrik edən təşkilatları, həmçinin mütəşəkkil və bütün digər təbliğat fəaliyyətlərini qanunsuz elan etmək və qadağan etmək və belə təşkilatlarda və ya fəaliyyətlərdə iştirakı qanunla qadağan edilən əməl kimi qiymətləndirmək;...”.
22. Konstitusiya Məhkəməsinin 30/1992 (V. 26) AB nömrəli qərarında aşağıdakı müddəalar əks olunmuşdur:
“II. 3. Kontinental hüquq sisteminə malik olan Avropanın bütün demokratik ölkələrinin, həmçinin Anqlo-sakson hüquq sisteminə malik İngiltərə, Uels, Kanada və Yeni Zelandiyanın cinayət məcəllələri “irqi” əlamətlərə görə təhrikçiliyi qadağan edir. Təhrikçilik, nifrət oyatma və fikri ifadə etmə arasındakı sərhəd hətta beynəlxalq səviyyədə belə qaynar mübahisələrə səbəb olur.
IV. 1. Nifrətə təhrikçilik və alçaldıcı nifrət dolu ifadələrin əhalinin müəyyən qrupları üçün doğurduğu potensial zərərli nəticələr insan təcrübəsinə dair xroniki materiallarda geniş şəkildə təsbit olunmuşdur. ...
Əsrimizin faciəli tarixi təcrübəsi sübut edir ki, irqi, etnik, milli və ya dini aşağılığı və ya üstünlüyü təbliğ edən baxışlar və nifrət və təcrid ideyalarının yayılması bəşər sivilizasiyasının dəyərlərini təhlükə altına alır.
İstər tarix, istərsə də zəmanəmizin hadisələri sübut edir ki, konkret əhali qrupuna qarşı nifrət oyatmaq niyyətini ifadə edən istənilən fikrin ifadəsi sosial gərginliyi son həddə qaldıra, sosial ahəngi poza və müstəsna hallarda cəmiyyətin bəzi qrupları arasında zorakı toqquşmalara səbəb ola bilər.
Nifrət oyatmanın son dərəcə zərərli nəticələr doğurduğunu sübut edən tarixi və müasir təcrübələrə əlavə olaraq, nifrət oyada bilən ideya və konsepsiyaların sonsuz ifadəsindən irəli gələn gündəlik təhlükələrin də nəzərdən keçirilməsi zəruridir. Belə ifadələr insan icmalarının digər qruplarla harmoniya halında yaşamasının qarşısını alır. Bu, daha kiçik və ya daha böyük icma daxilində emosional və sosial gərginliyi artırmaqla cəmiyyət daxilindəki bağlantıları dağıda, mürtəce mövqeləri gücləndirə və yanlış fikirləri və dözümsüzlüyü artıra bilər. Bütün bunlar plüralizmi, fərqli olmaq hüququnu və bütün insanların bərabər ləyaqətə malik olduğunu qəbul edən və ayrı-seçkiliyə dəyər kimi baxılmadığı tolerant və multikultural cəmiyyətin yaradılması imkanlarını aşağı salır.
2. Fikri ifadə etmək və mətbuat azadlığı görüntüsü altında müəyyən qruplara qarşı nifrətə təhrikçiliyin konstitusion qaydada müdafiəsi Konstitusiyada ifadə olunmuş sistem və siyasi oriyentasiya dəyəri, yəni Konstitusiyanın müxtəlif maddələri ilə tanınan demokratik qanunun aliliyi, insanların bərabərliyi, bərabər ləyaqət, ayrı-seçkiliyin qadağan olunması, din və etiqad azadlığı və milli və etnik azlıqların müdafiəsi ilə həll edilməsi mümkün olmayan ziddiyyət yaradacaqdır. ...
Nifrət oyatma yuxarıda qeyd edilmiş məfhumların inkar edilməsi, zorakılıqdan istifadəyə emosional hazırlıqdır. O, demokratik deyil, diktatorluğun hökm sürdüyü cəmiyyətlərdə qrupun xüsusiyyətlərinin dözümsüz şəkildə qiymətləndirilməsi olmaqla fikri ifadə etmək azadlığından sui-istifadədir. ... Fikri ifadə etmək və mətbuat azadlığının Cinayət Məcəlləsinin 269-cu maddəsinin 1-ci bəndində qadağan edilmiş şəkildə həyata keçirilməsinə dözmək demokratik qanunun aliliyindən irəli gələn tələblərə zidd getmiş olardı. ...
Konstitusiya Məhkəməsi bu mövqeyə xülasə verərək bildirmişdir ki, əhalinin müəyyən qruplarına qarşı nifrət oyadılmasını əhatə edən neqativ tarixi təcrübələr, konstitusion dəyərlərin müdafiəsi və Macarıstan Respublikasının beynəlxalq hüquqla təsbit edilən öhdəliklərinə əməl etməsi fikri ifadə etmək və mətbuat azadlığına məhdudiyyət qoyulmasını zəruri edir və ona haqq qazandırır. ...”.
23. Konstitusiya Məhkəməsinin 14/2000 (V. 12) AB nömrəli qərarında aşağıdakı müddəalar əks olunmuşdur:
“3. Şəxsin rəyini ifadə etmək azadlığı yalnız subyektiv hüquq deyil, həmçinin ictimai rəyi formalaşdıran müxtəlif fikirlərin azad ifadəsinin təminatıdır. ...
Bu hüquq məhdudlaşdırılmasının mümkün olmasına baxmayaraq başlıca rol oynaması ilə bağlı xüsusi müdafiədən istifadə edir və yalnız bir neçə başqa hüquqa münasibətdə məhdudlaşdırıla bilər. Buna görə də ictimai asayiş kimi ikinci dərəcəli nəzəri dəyərlər bu hüquqla müqayisədə daha aşağı səviyyədə müdafiə olunur. ...
Yaşamaq hüququ kimi şərəf və ləyaqət hüququ da Konstitusiyada yüksək səviyyədə müdafiə olunur. ... Konstitusiya dəyərdən məhrum deyil, onun da öz dəyərləri vardır. Konstitusion dəyərlərlə bir araya sığmayan fikirlərin ifadə olunması Konstitusiyanın 61-ci maddəsi ilə müdafiə olunmur. ...
Konstitusiya Məhkəməsi qeyd edir ki, həmçinin Konvensiyaya əsasən ifadə azadlığı “vəzifə və məsuliyyəti” də ehtiva edir. Bütün dövlət orqanları qanunun aliliyinə əsasən demokratik dövlət dəyərlərini müdafiə etməli və insanların ləyaqətinə hörmətlə yanaşmalıdır. Zorakılıq, nifrət və münaqişə formasında olan rəftara qarşı tədbirlər görülməlidir. Münaqişələrin həlli vasitəsi kimi gücdən istifadənin və ya güclə hədələmənin rədd edilməsi mürəkkəb demokratiya konsepsiyasının tərkib hissəsidir”.
24. Konstitusiya Məhkəməsinin 18/2004 (V. 25) AB nömrəli qərarında aşağıdakı müddəalar əks olunmuşdur:
“III. 2.1. ... Mürtəce fikirlərin söyləndiyi hallarda belə fikri ifadə etmək azadlığına məhdudiyyət qoyulmasına və mülki, bəzən isə cinayət hüququ əsasında hüquqi tədbirlər tətbiq edilməsinə haqq qazandıran fikrin məzmunu deyil, onun ifadəsinin birbaşa və görülə bilən nəticələridir”.
25. Konstitusiya Məhkəməsinin 95/2008 (VII. 3) AB nömrəli qərarında aşağıdakı müddəalar təsbit olunmuşdur:
“III. 3.4. ... Cinayət Məcəlləsinə dəyişikliyin məqsədi hətta zərərçəkmişin müəyyən edilməsi mümkün olmadığı halda belə nifrət dolu çıxışların və jestlərin cəzalandırılmasıdır. Lakin nəticə etibarı ilə dəyişiklik yalnız konkret şəxslərin şərəf və ləyaqətini alçaldan rəftarın deyil, nifrət dolu çıxışların bütün formalarını, o cümlədən ümumiləşdirmə aparan irqçi bəyanatların cəzalandırılmasını nəzərdə tutacaqdır. Bu da o deməkdir ki, “zərərçəkmiş” tərəflər və ya özünü “zərərçəkmiş” hesab edən tərəflər nifrət ifadə edən şəxslər arasındakı ünsiyyətdə iştirak etməyə və ya onu davam etdirməyə, yaxud da bəzi mətbuat orqanlarında nifrət dolu mövqelərlə üzləşməyə məcbur olmayacaqlar. ... Konstitusiyalı demokratik ölkələrdə mürtəce çıxışlar yalnız məzmunlarına görə təqib olunmur. Demokratik cəmiyyətdə belə ümumiləşdirmə, irqçi çıxışlar dövlətin perspektivindən hər bir vətəndaşın eyni dərəcədə dəyərli olduğu və eyni əsas hüquqlara malik olduğu faktını dəyişmir.
Bu düzəliş də hazırkı formasında həmçinin yalnız belə ümumiləşdirməni nəzərdə tutan çıxışların cəzalandırılmasını nəzərdə tutacaqdır. Hücuma məruz qalan qrupa mənsub şəxslərin ünsiyyətində iştirak, yəni onlara qulaq asma və ya hər hansı şəkildə irqçi bəyanatlara məruz qalma düzəlişdə nəzərdə tutulan əməlin tərkib elementini təşkil etmir.
Lakin bu məhz o hallardır ki, burada fikir ifadəsi yalnız müəyyən şəxslərin hissiyyatını və ya ləyaqət hissini deyil, həmçinin onların konstitusion hüquqlarını da poza bilər. Misal üçün, əgər hüquq pozuntusuna yol verən şəxs mürtəce siyasi baxışlarını zərərçəkmiş qrupa mənsub olan şəxsin qorxu altında buna qulaq asmağa məcbur olduğu şəkildə ifadə edirsə və sonuncu bunun qarşısını ala bilmirsə (“əsir auditoriya”) ...Belə olan halda maraqlı şəxsin xoşagəlməz və ya təhqiredici fikirlərə qulaq asmamaq və ya onlardan xəbərdar olmamaq hüququ müdafiə olunmağa layiqdir. ...
İnsanlar yalnız vətəndaş ictimaiyyətinə deyil, həmçinin daha dar qrupa və ya icmaya mənsubdurlar. Həmçinin fərd belə bir qrupa mənsub olduğuna görə elə ağırlıqda və intensivlikdə olan zərərə məruz qala bilər ki, məsələnin həll olunması üçün cinayət cəzasına əl atmaq zərurəti ortaya çıxa bilər”.
III. İNSAN HÜQUQLARININ MONİTORİNQİ ÜZRƏ BEYNƏLXALQ QURUMLARIN MÜŞAHİDƏLƏRİ
26. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komitəsinin Macarıstanla bağlı yekun qeydlərində (2010-cu il 11-29 oktyabr tarixlərində Cenevrədə qəbul edilmişdir) aşağıdakılar əks olunmuşdur:
“18. Komitə ləğv edilmiş “Magyar Gárda” təşkilatının üzvləri tərəfindən qaraçılar əleyhinə səsləndirilən qəddar və geniş yayılmış bəyanatlardan narahatlıq hissi keçirir. ...Bundan əlavə, o, iştirakçı dövlətdə antı-semitizm əhval-ruhiyyəsinin artmasından da narahatdır. Komitə Konstitusiya Məhkəməsinin Cinayət Məcəlləsinin zorakılığa çağırışla bağlı 269-cu maddəsinə məhdudlaşdırıcı təfsir verməsindən də narahatdır. Belə ki, bu, iştirakçı dövlətin 20-ci maddədə nəzərdə tutulan öhdəliyi ilə bir araya sığmaya bilər...”.
27. İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyasının 2008-ci il 20 iyunda Macarıstanla bağlı qəbul etdiyi hesabatda aşağıdakılar qeyd olunmuşdur:
“61. ...Macarıstanda ictimaiyyət arasında irqçilik və dözümsüzlüyün artımı narahatlıq doğurur. Xüsusilə radikal sağ yönümlü Macarıstan Qvardiyasının (“Magyar Garda”) yaradılması davamlı olaraq dərin narahatlığın səbəbi kimi göstərilmişdir. Macarıstan Qvardiyası 2007-ci ilin avqust ayında yaradılmasından və 2007-ci ilin oktyabrında yüzlərlə üzvünün açıq andiçmənin keçirilməsindən sonra ölkə boyunca, o cümlədən qaraçı əhalisinin əksəriyyət təşkil etdiyi kəndlərdə çox sayda açıq mitinqlər təşkil etmişdir. Assosiasiyanın sənədlərindəki müddəaların açıq-aşkar mənfi xarakterli olmamasına baxmayaraq, qrupun əsas mesajlarından biri kimi etnik macarların “qaraçı cinayətkarlıqdan” qorunması göstərilir[1]. Macarıstan Qvardiyasının üzvləri yarımhərbi tərzdə qara botinkalar və uniformalar geyinməklə, II Dünya Müharibəsi zamanı qısa müddət ərzində Macarıstanda hakimiyyətdə olmuş və hakimiyyət dövründə on minlərlə yəhudi və qaraçının öldürüldüyü və deportasiya olunduğu aşkar faşist təşkilatı olan Oxvarı Xaç təşkilatının bayrağına bənzər nişan və bayraqlardan istifadə etməklə yürüşlər keçirirlər.
73. ... Macarıstan Qvardiyası kimi qruplar eyni zamanda açıq şəkildə anti-semit baxışlar ifadə edir, ... hazırda Macarıstanda anti-semit baxışların ifadə edilməsi halları artmaqdadır”.
28. Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyanın Məşvərətçi Komitəsinin Macarıstanla bağlı 2010-cu ilin 19 martında qəbul etdiyi Üçüncü Rəydə aşağıdakılar qeyd olunurdu:
“75. Macarıstan Qvardiyası (“Magyar Gárda”) 2007-ci ildə yaradılmasından sonra ölkə boyunca, o cümlədən qaraçı əhalisinin əksəriyyət təşkil etdiyi kəndlərdə çox sayda açıq mitinqlər təşkil etmişdir. Bu mitinqlər zamanı Macarıstan Qvardiyasının üzvləri yarımhərbi tərzdə qara botinkalar və uniformalar geyinməklə, faşist nişan və bayraqlardan istifadə etməklə yürüşlər keçirmişlər. ... Məşvərətçi Komitə bu təhlükəli hərəkətlərdən narahatlıq hissi keçirir”.
IV. MÜQAYİSƏLİ HÜQUQ
29. Almaniya Federal Konstitusiya Məhkəməsinin “Stoppt den Synagogenbau!” qərarında (BVerfGE, 111, 147 – Inhaltsbezogenes Versammlungsverbot) (23.06.2004) qət edilmişdir ki, ictimai qaydaya təhlükənin qarşısının alınması üçün toplaşmaq azadlığının məhdudlaşdırılması mümkündür. Bu, o halda baş verə bilər ki, “Art und Weise” olsun, yəni narahatlığa səbəb toplantının məzmunu deyil, onun həyata keçirilmə tərzi olsun. Buna görə də “iştirakçıların vətəndaşları qorxu altında saxlayan və nümayişçilərin zorakı nümayiş və zorakılıq üçün potensial hazırlıq mühitinin yaradılmasına imkan verən aqressiv və təhrikçi davranışını” məhdudlaşdırmağa icazə verilir. Holokostu Anma Günündə sağ təmayüllü mürtəce qrupların yürüşünə gəlincə, məhkəmə əlavə olaraq qət etmişdir ki, “toplantının həyata keçirilmə qaydası və ya tərzi mənəvi hisslərə (sittliches Empfinden) əhəmiyyətli dərəcədə toxunan provokasiyaya səbəb ola bilər”. Federal Konstitusiya Məhkəməsi toplantının keçirilmə tərzi ilə bağlı eyni zamanda etirazçıların provokasiya xarakterli davranışına da önəm vermişdir. O əlavə etmişdir ki, “yürüş ümumi xarakter baxımından (durch sein Gesamtgepräge) faşist tiraniyasının ritual və simvolları ilə xarakterizə olunursa və keçmiş totalitarizmin və qeyri-insani rejimin dəhşətlərini oyandırmaqla vətəndaşlarda qorxu hissi yaradarsa”, ona münasibətdə eyni yanaşma tətbiq olunur.
30. Almaniya Federal İnzibati Məhkəməsi assosiasiyanın ləğv edilməsinə dair iş üzrə qəbul etdiyi qərarında (BVerwG 6 A 3.08 (05.08.2009) assosiasiyaların qadağan edilməsi ilə bağlı məhkəmə təcrübəsini aşağıdakı kimi ümumiləşdirmişdir:
16. Assosiasiyanın məqsədi və fəaliyyətinə münasibətdə cinayət hüquqi sanksiyaların tətbiqinin mümkünlüyü məsələsi onun üzvlərinin niyyəti və davranışından asılı olacaq. Özü-özlüyündə assosiasiya cinayət məsuliyyətinə cəlb oluna bilməz. Yalnız fiziki şəxslər cinayət hüququna əsasən cəzalandırıla bilərlər, belə ki, cinayət cinayət məsuliyyətinə cəlb edilə bilmək imkanını (Schuldzurechnungsfähigkeit) nəzərdə tutur ki, bu xüsusiyyətə də yalnız fiziki şəxslər malikdir. Assosiasiya haqqında qanunun (VereinsG) 3-cü maddəsinin 5-ci bəndindən də aydın olduğu kimi, bununla belə assosiasiyanın cinayət hüququna əsasən cavabdehlik daşıması (Strafgesetzwidrigkeit einer Vereinigung) hüquqi cəhətdən mümkündür, belə ki, assosiasiya üzvləri və təmsilçi orqanları vasitəsilə fərdi üzvlərindən ayrılan və öz məqsədini (Zweckrichtung) inkişaf etdirərək müstəqil hərəkət edə bilən kollektiv formalaşdıra bilər. Əgər assosiasiyanın öz məqsədini həyata keçirilməsi və ya müstəqil hərəkətləri nəticəsində cinayət hüquq normaları pozulursa, qadağanın (Verbotstatbestand) tətbiq edilməsi üçün bütün şərtlər mövcud olmuş olur. Burada həlledici amil ondan ibarətdir ki, üzvlərin hərəkəti assosiasiyaya aid edilə bilər. Assosiasiyanın xarakteri üzvlərinin törətdikləri cinayətlərlə (Strafgesetzwidrigkeit) formalaşmalıdır (prägen). Assosiasiya eyni zamanda müxtəlif məqsədlərə xidmət göstərə bilər. O, hüquqi sənədlərində əks edilmiş qanuni məqsədindən başqa üzvlərinin davranışı ilə nail olduğu cinayətkar məqsədə də xidmət göstərə bilər. ...
17. Assosiasiyanın Əsas Qanunun 9-cu maddəsinin 2-ci bəndinin birinci alternativi ilə birlikdə Assosiasiyalar haqqında qanunun 3-cü maddəsinin 1-ci bəndinin birinci cümləsi, birinci alternativi əsasında qadağan olunması de iure assosiasiyanın üzvünün və ya rəsmisinin cinayət məsuliyyətinə cəlb olunması məsələsinə münasibətdə müstəqil addımdır. Cinayət hüquq normalarının pozulması məsələsini (Gesetzeswidrigkeit) araşdırmaq səlahiyyəti qadağanı tətbiq edən orqana və işi araşdıran inzibati məhkəməyə məxsusdur. Bununla belə, qadağanın qoyulması (Verbotstatbestand) artıq cinayət hüquq normalarını pozmuş fərdlərə münasibətdə əlavə sanksiyaların tətbiq edilməsi məqsədini daşımır. Bu müddəanın məqsədi cinayət əməlləri planlaşdıran və ya törədən təşkilatın yaradılması və ya fəaliyyətinin davam etdirilməsində ifadə olunan ictimai təhlükəsizliyə və ictimai qaydaya konkret təhlükənin aradan qaldırılmasıdır. Belə təşkilatlar cinayət hüququ ilə qorunan maraqlara (Rechtsgüter) konkret təhlükə yaradır. Təşkilatın ona xas hərəkətverici qüvvəsi və mütəşəkkil insan və maddi ehtiyatları cəzalandırılmalı olan aktların törədilməsini asanlaşdırır və onlara təkan verir. Eyni zamanda, hər bir üzvün cavabdehlik hissi bir çox hallarda azaldılır, cinayət əməlinin törədilməsinə fərdi müqavimət aşağı düşür və yeni cinayət əməllərinin törədilməsi üçün stimul yaranır (judgment of 18 October 1988, op. cit., p. 307 and pp. 23-24 respectively; Löwer, in: v. Münch/Kunig, GG, Vol. 1, 5th ed. 2000, note 39 ad Article 9).”.
Almaniyanın Federal İnzibati Məhkəməsi dəfələrlə neo-faşist ideyalarını dəstəkləyən assosiasiyaların ləğv edilməsi barədə göstərişləri qüvvəsində saxlamışdır. Federal İnzibati Məhkəmə özünün “Heimattreue Deutsche Jugend” işi üzrə (bu işdə assosiasiyanın üzvləri faşist irqçi əsərləri və ideyaları təbliğ edirdilər) qərarında (BVerwG 6 A 4.09 (01.09.2010) müvafiq məhkəmə təcrübəsini təkrar edərək bildirmişdir ki, qadağanın tətbiq oluna bilməsi üçün assosiasiya anti-konstitusion məqsədlərini hərbi və ya aqressiv yolla həyata keçirmək niyyətində olmalı idi. Bu şərt gücdən istifadə olunmasını və ya qanunun konkret müddəalarının pozulmasını tələb etmir. Qadağana haqq qazandıran qeyri-konstitusion məqsədin mövcud olduğunu təsbit etmək üçün proqramın, təsvirlərin və tərzin faşizmlə əhəmiyyətli yaxınlığının olduğunu göstərmək kifayət idi. Assosiasiyanın özünü faşist partiyası (Almaniyada fəaliyyəti qadağan olunmuşdur) ilə bağlaması və ya ayrı-seçkiliyə konstitusiyada qoyulmuş qadağanla bir araya sığmayan irqçi nəzəriyyəni təbliğ etməsi assosiasiyanın qadağan olunması üçün kifayət edir. Əgər assosiasiya qeyri-konstitusion niyyətini gizlətməyə səy göstərirsə, qadağanın tətbiq edilməsi üçün şərtlər sadəcə olaraq fərdi bəyanat və davranışların ümumi mənzərəsindən aydın olacaqdır. Bu elementlərin müxtəlif sayda zərərsiz hallardan asılı olması təsəvvürü özü-özlüyündə onların əhəmiyyəti barədə heç nə demirdi.
31. ABŞ-ın Ali Məhkəməsi “Virginia v. Black” (538 U.S. 343 (2003) işində hədələmə ilə bağlı problemə baxmışdır. Virciniya ştatının qanununa görə “istənilən şəxsin hər hansı şəxsi və ya qrupu hədələmək məqsədilə başqasının mülkiyyəti üzərində, magistral yolda və ya başqa ictimai yerdəki xaçı yandırması” ağır cinayətdir və “istənilən belə yandırma şəxsi və ya qrupu hədələmək niyyətinin prima facie sübutudur”.
Ali Məhkəmə qət etmişdir ki, ABŞ-da xaçın yandırılması Ku Kluks Klanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Klan tez-tez xaçın yandırılmasından qorxutma vasitəsi və qaçılmaz zorakılıq hədəsi kimi istifadə edirdi. Bu gün də mesajın siyasi xarakter və ya həmçinin qorxutmaq məqsədi daşımasından asılı olmayaraq xaç yandırılması “nifrət simvolu” kimi çıxış edir. Xaç yandırılması birbaşa hədələmək mesajını verməsə də, çox zaman bunu edən şəxs mesajı alanların həyatları ilə bağlı qorxuya düşmələri məqsədini daşıyır. ABŞ Konstitusiyasına Birinci Dəyişiklik ştata “əsl təhlükələri” qadağan etməyə icazə verir. Bura çıxışçının konkret fərdə və ya fərdlər qrupuna münasibətdə qanunsuz zorakılıq aktı törətmək niyyətini ciddi ifadələrlə çatdırmaq məqsədi güddüyü bəyanatlar da daxildir. Çıxışçının əslində hədəni həyata keçirmək niyyətinin olub-olmaması vacib deyil. Əsl hədələrin qadağan edilməsi fərdləri zorakılıq qorxusundan və həmin qorxunun doğurduğu vəziyyətdən, həmçinin hədə kimi səsləndirilən zorakılığın həyata keçirilə biləcəyi imkanından müdafiə etmişdir. Sözün konstitusion qaydada qadağan edilə bilən mənasında hədə-qorxu gəlmə əsl hədənin bir növüdür. Bu zaman çıxışçı hədəni şəxsə və ya şəxslər qrupuna yönəltməklə zərərçəkənlərdə bədən xəsarəti alma və ya ölüm təhlükəsi yaratmaq niyyəti daşıyır. Birinci Dəyişiklik Virciniya ştatına qorxutmaq niyyəti ilə xaç yandırılmasını qadağan etməyə icazə vermişdir. Belə ki, xaç yandırılması hədələmənin xüsusilə təhlükəli formasıdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
32. Ərizəçi şikayət edərək bildirmişdir ki, sədrlik etdiyi Assosiasiyanın ləğv edilməsi Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozmuşdur. Həmin maddədə aşağıdakılar qeyd edilmişdir:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur”.
Hökumət bu arqumenti qəbul etməmişdir.
A. Ərizənin qəbuledilənliyi
33. Hökumətin mövqeyinə görə ərizə 17-ci maddə nəzərə alınmaqla Konvensiyanın müddəalarına ratione materiae uyğun gəlmədiyi üçün qəbuledilməz elan edilməlidir. Belə ki, qeyd edilən assosiasiya yəhudi və qaraçı vətəndaşlara qarşı irqi nifrət hissini ifadə etmək üçün institusional baza yaratmışdı. Hökumət insan hüquqları sahəsində monitorinqi həyata keçirən beynəlxalq qurumların (misal üçün, Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyanın Məşvərətçi Komitəsi və İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası kimi, yuxarıda 25-28-ci bəndlərə bax) da Hərəkatın nümayişlərində istifadə olunmuş uniforma, nişan və bayraqların hədələyici təsir yaratmasından narahatlıqlarını ifadə etdiklərinə diqqəti yönəltmişdir.
34. Hökumət Konvensiya ilə yaradılmış təsisatların qərarlarına, o cümlədən Məhkəmənin “Qarodi Fransaya qarşı” (Garaudy v. France (24 June 2003, no. 65831/01, ECHR 2003-IX (extracts)) işi üzrə qərarına istinad etmişdir. O qeyd etmişdir ki, ərizəçilərin birbaşa Konvensiyanın ruhunu və əsas demokratik dəyərləri sarsıdan mətnlərin dərc edilməsinə haqq qazandırmaq üçün fikri ifadə etmək azadlığı hüququnu əsas kimi götürdükləri hallarda İnsan Hüquqları üzrə Avropa Komissiyası onların dəlillərini rədd etmək və ərizələrini qəbuledilməz elan etmək üçün birbaşa və ya dolayısı ilə Konvensiyanın 17-ci maddəsinə istinad etmişdir (misal üçün, “Qlimmerveen və Heygenbeek Niderlanda qarşı” (Glimmerveen and Hagenbeek v. the Netherlands, nos. 8348/78 and 8406/78 (joined), Komissiyanın 11 oktyabr 1979-cu il qərarı, Qərarlar və Hesabatlar (DR) 18, 187-ci səhifə və “Pyer Mare Fransaya qarşı” (Pierre Marais v. France, no. 31159/96), Komissiyanın 24 iyun 1996-cı il tarixli qərarı, DR 86, 184-cü səhifə). Hökumətin fikrincə Məhkəmə sonralar bu yanaşmanı təsdiq etmişdir (Hökumət “Leidö və İsorni Fransaya qarşı” (Lehideux and Isorni v. France, 23 September 1998, §§ 47 and 53, Reports of Judgments and Decisions 1998-VII) işinə istinad etmişdir). Bundan əlavə, Hökumət qeyd etmişdir ki, 11-ci maddə ilə bağlı olan işdə (W.P. and Others v. Poland (dec.), no. 42264/98, 2 September 2004, Reports 2004-VII) Məhkəmə bildirmişdir ki, “17-ci maddənin ümumi məqsədi totalitar qrupların Konvensiyada nəzərdə tutulmuş prinsiplərdən öz maraqları naminə istifadə etmələrinin qarşısını almaqdır”. “Norvud Birləşmiş Krallığa qarşı” (Norwood v. the United Kingdom ((dec.), no. 23131/03, 16 November 2004, Reports 2004-XI) və “Vitzş Almaniyaya qarşı” (Witzsch v. Germany ((dec.), no. 7485/03, 13 December 2005); müqayisə üçün Hökumət “Vajnai Macarıstana qarşı” (Vajnai v. Hungary (no. 33629/06, § 25, ECHR 2008) işinə istinad etmişdir) işlərində də oxşar nəticələrə gəlinmişdir.
35. Ərizəçi cavabında bildirmişdir ki, Assosiasiyanın fəaliyyəti fikri ifadə etmək və birləşmək azadlığı hüququndan sui-istifadə hesab oluna bilməz və onun məqsədi vətəndaşları cinayətkarlardan müdafiə etməklə qanunun aliliyinin bərpa edilməsi olmuşdur. Assosiasiya Konvensiyada təsbit edilmiş hər hansı hüquq və ya azadlığın pozulması məqsədi daşıyan fəaliyyətlə məşğul olmamışdır.
36. Məhkəmə ilk öncə qeyd edir ki, Hökumətin fikri ifadə etmək azadlığı hüququ ilə bağlı istinad etdiyi işlərdən fərqli olaraq hazırkı ərizə ərizəçinin birləşmək azadlığı hüququ və bu hüquqa Assosiasiyanın hüquqi mövcudluğuna xitam verməklə başa çatmış kifayət qədər ciddi məhdudiyyətin qoyulması ilə bağlıdır. Buna görə də bu ərizə Hökumətin istinad etdiyi işlərdən fərqləndirilməlidir. Sonuncularla bağlı Məhkəmə bildirir ki, xüsusilə “Qarodi” və “Leidö və İsorni” (hər iki işə yuxarıda istinad edilmişdir) işlərində faşist tərzli siyasətə haqq qazandırılması məsələsinə baxılırdı. Buna görə də 17-ci maddəyə görə sui-istifadə faktının olmasının qət edilməsinin əsasında totalitar motivləri olan qrupların 10-cu maddəni əsas kimi götürmələri faktı dayanırdı.
37. Lakin hazırkı işdə Hökumət ərizəçinin totalitar rejimin qurbanlarına qarşı nifrət ifadə etdiyini (müqayisə üçün, “Vitzş” işi (yuxarıda qeyd edilmişdir)) və ya totalitar ambisiyaları olan qrupa mənsub olduğunu iddia etməmişdir. İş materiallarında olan informasiya da belə qənaətə gəlməyə əsas vermir. Ərizəçi müvafiq zamanda qeydiyyatdan keçmiş assosiasiyanın sədri idi. O, assosiasiyanın və onunla birlikdə ölkə məhkəmələrinin assosiasiyanın bir hissəsi kimi qəbul etdikləri hərəkatın əsas etibarı ilə ölkə daxili səviyyədə qanunsuz hesab edilməmiş və heç bir zorakılığa yol açmamış nümayişə görə ləğv edilməsindən şikayət etmişdir. Belə olan halda Məhkəmə Assosiasiyanın fəaliyyətinin “totalitar qruplara” xidmət göstərən əsarət ideologiyasına haqq qazandırmaq və ya onu təbliğ etmək məqsədi daşıması qənaətinə gələ bilməz.
38. Konvensiyanın 11-ci maddəsinə uyğunluğu məsələsinin işin mahiyyəti üzə baxışının predmeti olacağı həmin fəaliyyət (“Feret Belçikaya qarşı” (Féret v. Belgium, no. 15615/07, § 52, 16 July 2009) işi ilə müqayisə et) Konvensiyada təsbit olunmuş hər hansı hüquq və azadlığın pozulması məqsədi daşıyan hər hansı prima facie əməli (bax: “Sidiropulos və Digərləri Yunanıstana qarşı” (Sidiropoulos and Others v. Greece, 10 July 1998, § 29, Reports 1998‑IV)) və ya ərizəçinin totalitar baxışları müdafiə etmək məqsədilə aparılan təbliğatı açıq şəkildə müdafiə etmək və ya yaymağa yönələn prima facie niyyətini (yuxarıda qeyd edilmiş “Vajnai” işinə bax, 24-26-cı bəndlər) üzə çıxarmır. Yalnız yuxarıda qeyd edilmiş icmal başa çatdırıldıqdan sonra Məhkəmə işin hallarını nəzərə alaraq 17-ci maddənin tətbiq edilib-edilməməli olduğu barədə qərar çıxara bilər (bax: “Refah Partisi və Digərləri Türkiyəyə qarşı” (Refah Partisi (the Welfare Party) and Others v. Turkey [GC], nos. 41340/98, 41342/98, 41343/98 and 41344/98, § 96, ECHR 2003‑II)).
39. Beləliklə, Məhkəmə üçün ərizə Konvensiyanın 17-ci maddəsinin məqsədlərinə görə şikayət etmək hüququndan sui-istifadə halı hesab olunmur. Buna görə də o, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında Konvensiya müddəalarına ratione materiae uyğunsuzluq təşkil etmir. Məhkəmə daha sonra qeyd edir ki, o, hər hansı digər əsaslara görə də qəbuledilməz deyildir. Buna görə də ərizə qəbuledilən elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
(a) Hökumət
40. Hökumət bildirmişdir ki, Hərəkat fərqli hüquqi statusa malik olmamış, Assosiasiya tərəfindən yaradılaraq, təşkil edilərək və maliyyələşdirilərək onun bir qurumu kimi fəaliyyət göstərmişdir. Onun üzvləri Assosiasiyanın maraqları naminə və onun rəhbərliyi altında fəaliyyət göstərmiş və ona üzvlük haqqı ödəmişlər. Assosiasiyanın xartiyasının onun daxili strukturuna aydınlıq gətirməməsi Hərəkatın de iure Assosiasiyanın tərkib hissəsi olmadığı nəticəsinə gəlməyə səbəb ola bilməz. Lakin hətta Hərəkatlın de iure ayrıca qurum olduğu güman edilərsə belə, onun Assosiasiyaya de facto bağlılığı Assosiasiyanın Hərəkatın əməliyyatlarına görə fikri ifadə etmək azadlığının hədlərini aşdığı nəticəsinə gəlinməsinə haqq qazandırır. Buna görə də ərizəçinin sədrlik etdiyi Assosiasiya ayrı bir qurumun hərəkətlərinə görə deyil, öz hərəkətlərinə görə ləğv edilmişdir.
41. Bundan əlavə, Hökumətin mövqeyinə görə ərizəçinin birləşmək azadlığına heç bir müdaxilə olmamışdır, belə ki, həmin azadlıq irqçi təbliğatı yaymaq məqsədilə birləşmək hüququnu əhatə etmir. Lakin hətta müdaxilə baş vermişdisə, o, qanunda nəzərdə tutulmuş və ictimai təhlükəsizliyin qorunması, iğtişaşın və ya cinayətlərin qarşısının alınması və digərlərinin hüquq və azadlıqlarının müdafiəsi kimi qanuni məqsədlərə xidmət göstərmişdir.
42. Bundan əlavə, Hərəkatın həyata keçirdiyi hədələyici və xəsarət verici, seqreqasiyaya təkan verən, sosial gərginliyi artıran və zorakılığa təşviq edən nümayişlərinin və yarımhərbi ayinlərinin irqçi və anti-semit məzmunu nəzərə alınarsa, bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmuşdur. Mütənasiblik məsələsinə gəlincə, ləğv etmə irqi ayrı-seçkiliyin və seqreqasiyanın təbliği üçün mütənasib sanksiya olmuşdur. Hətta bu, mövcud sanksiyalar içərisində ən sərti deyildi, belə ki, irqi nifrətin ən ciddi ifadələrlə səsləndirilməsinə, digərlərini zorakılığa təhrik etməyə görə məsuliyyət daşıyan şəxslərə qarşı ultima ratio kimi cinayət cəza tədbiri də tətbiq oluna bilərdi.
(b) Ərizəçi
43. İlk öncə ərizəçi vurğulamışdır ki, ölkə məhkəmələrinin gəldikləri nəticələrin əksinə olaraq sözü gedən Hərəkatın hərəkətləri Assosiasiyanı ləğv etmək üçün ona aid edilə bilməzdi. O, Hərəkatın Assosiasiyanın ayrılmaz hissəsi olması mülahizəsini mübahisələndirərək iki qurumun əməkdaşlıq etməsinə baxmayaraq ayrıca və müstəqil fəaliyyət göstərdiklərini bildirmişdir. O, həmçinin Assosiasiyanın üzvlərindən heç kimin Hərəkatda iştirak etmədiyini vurğulamışdır.
44. Ərizəçi Assosiasiyanın ləğv edilməsinin Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin mənasında milli və ictimai təhlükəsizlik maraqları naminə, yəni iğtişaşların və cinayətlərin qarşısının alınması və digərlərinin hüquq və azadlıqlarının qorunması üçün qanuni məqsədə xidmət etməsinə dair Hökumətin arqumenti ilə razılaşmamışdır. Onun fikrincə məhkəmələr hər hansı iğtişaş faktını və ya digərlərinin hüquqlarının pozulması halını müəyyən edə bilməmişdir. O vurğulamışdır ki, ölkə daxili qərarlarda yalnız hipotetik təhlükəyə istinad edilmişdir ki, onun da qarşısının alınmasına Konvensiyanın mənasında qanuni məqsəd kimi baxıla bilməz.
45. Bundan əlavə, ərizəçi iddia etmişdir ki, hətta Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş hüquqlara müdaxilənin qanuni olduğu güman edilsə belə, assosiasiyanın ləğvi nail olunmasına çalışılan məqsədlərə çatmaq üçün nə zəruri, nə də mütənasib olmuşdur. O qeyd etmişdir ki, dövlət orqanlarının birləşmək azadlığı hüququnun həyata keçirilməsinə istənilən müdaxiləsi mübahisə predmeti olan davranışın ciddiliyinə mütənasib olmalıdır. Lakin ölkə məhkəmələri tərəfindən elan edilmiş sanksiya həddindən artıq ağır olmuşdur. Məhkəmənin təcrübəsinə əsasən ləğv etmə o hallarda tətbiq olunur ki, assosiasiyanın fəaliyyəti demokratik sistemin bilavasitə özülünü ciddi təhlükə altına alsın. Nə Assosiasiyanın, nə də Hərəkatın fəaliyyəti belə bir nəticəyə yönəldilməmiş və ya ona səbəb olmamışdır. Hər bir halda müvafiq ölkə daxili qanunvericilik assosiasiyanın iddia olunan qanunsuz fəaliyyətinə görə ləğv etmədən başqa sanksiya növü nəzərdə tutmamışdır ki, bu fakt da özü-özlüyündə bütün mütənasiblik imkanlarını aradan qaldırmışdır.
46. Ərizəçi həmçinin qeyd etmişdir ki, 11-ci maddənin 2-ci bəndində təsbit olunmuş istisnalar dar təfsir olunmalıdır. Birləşmək azadlığına məhdudiyyətin tətbiq edilməsinə yalnız inandırıcı və təkzibolunmaz səbəblər haqq qazandıra bilər. Lakin hazırkı işdə ölkə məhkəmələri məhdudiyyətin tətbiq olunması üçün kifayət edici və müvafiq səbəblər göstərməmişdir. Belə ki, onlar Assosiasiyanın fəaliyyətinin münaqişələrə səbəb olacağını və ya zorakılığa dəstək olacağı, yaxud ona təkan verəcəyini və demokratiyanı sarsıdacağını sübut edə bilməmişdir. Əlbəttə ki, Assosiasiyanın fəaliyyəti sadəcə olaraq əhalinin zəif təbəqəsinin təhlükəsizliyi və cinayətkarlığın səviyyəsinin kifayət qədər yüksək olması kimi həllinin gözləyən sosial problemlərin müzakirəsinə şərait yaratmaq məqsədinə xidmət etmişdir.
47. Ərizəçi daha sonra diqqəti Məhkəmənin 11-ci maddəyə 10-cu maddəni nəzərə almaqla baxan təcrübəsinə yönəltmişdir. O, bu kontekstdə qəbul etmişdir ki, Hərəkatın ifadə etdiyi ideyalar təhqir və ya şok edici ola bilərdi. Bununla belə, onları nifrətə və ya dözümsüzlüyə təhrikə bərabər tutmaq olmazdı. Ona görə də bu ideyalar demokratik cəmiyyətdə plüralizm və dözümlülük prinsiplərinə uyğun gəlirdi.
(c) Üçüncü tərəf
48. Qaraçıların Hüquqları üzrə Avropa Mərkəzi bildirmişdir ki, Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş azadlıqlar azlıqda qalan icmaların hüquq və azadlıqlarının müdafiə olunması üçün məhdudlaşdırıla bilər. O, inter alia, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üçün Beynəlxalq Konvensiyanın müvafiq müddəalarına istinad edərək bildirmişdir ki, irqi nifrətə istənilən formada haqq qazandırmaq və ya ona təkan verməyə səy göstərən təşkilatlar 11-ci maddədə nəzərdə tutulmuş müdafiədən istifadə etmir. Üçüncü tərəf daha sonra diqqəti belə bir fakta yönəltmişdir ki, azlıqlar və xüsusilə qaraçılar Konvensiyanın 14-cü maddəsinə əsasən xüsusi müdafiədən istifadə edirlər. O, qaraçıların təhlükəsizliyinin qorunması öhdəliyini tanımaq istiqamətində Avropa Şurasının İştirakçı Dövlətləri arasında beynəlxalq konsensusun yaranmasını nəzərə çatdırmışdır.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Müdaxilənin olub-olması məsələsi
49. Məhkəmə qeyd edir ki, ərizəçinin sədrlik etdiyi Assosiasiya ləğv edilmişdir və bu tədbirin nəticələri Hərəkata da aid edilmişdir (yuxarıda 15-ci bəndə bax). Buna görə də o hesab edir ki, ərizəçinin Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə olmuşdur.
(b) Müdaxilənin əsaslı olub-olmaması məsələsi
50. Belə müdaxilə qanunla nəzərdə tutulmadığı, 11-ci maddənin 2-ci bəndinin məqsədləri üçün bir və ya bir-neçə qanuni məqsədə xidmət etmədiyi və həmin məqsədlərə çatmaq üçün demokratik cəmiyyətdə zəruri olmadığı hallarda 11-ci maddənin pozuntusu hesab olunacaqdır.
(i) “Qanunda nəzərdə tutulmuş”
51. Məhkəmə qeyd edir ki, Assosiasiya və beləliklə Hərəkat Birləşmək azadlığı hüququ haqqında 1989-cu il tarixli II nömrəli qanunun 16 (2) (d) və 2 (2) (“digərlərinin hüquq və azadlıqlarına təhlükə”) maddələri əsasında ləğv olunmuşdur.
O, daha sonra ölkə məhkəmələrinin Assosiasiyanın buraxılmasına dair göstərişlərinin qanuni şəkildə Hərəkatın ləğv edilməsini də ehtiva edib-etmədiyi ilə bağlı tərəflərin fərqli arqumentlərdən çıxış etdiyini nəzərə alır.
Məhkəmə bununla bağlı qeyd edir ki, Budapeşt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə prokurorluq orqanlarının faktlarına (təfsilatı ilə yuxarıda 11-ci bəndə bax) cavab olaraq bildirmişdir ki (yuxarıda 15-ci və 16-cı bəndlərə bax), assosiasiyalar haqqında ölkə daxili qanunun təfsirinə əsasən Hərəkata müstəqil şəkildə deyil, Assosiasiyanın tərkibində fəaliyyət göstərən qurum kimi baxılmalıdır. Həmin məhkəmələr qeyd etmişdir ki, Assosiasiyanın əsas fəaliyyəti Hərəkatın yaradılması, fəaliyyəti ona rəhbərlik və onun maliyyələşdirilməsindən ibarət olmuşdur.
Məhkəmə iş materialında və ya tərəflərin izahatlarında qanunun belə tətbiqinin qanunsuz olmasına dəlalət edən hər hansı elementə rast gəlməmişdir. Milli dövlət orqanları milli hüququ təfsir etmək və sübutları qiymətləndirmək üçün daha yaxşı imkanlara malikdir. Hərəkatın yaradılmasının Assosiasiyanın layihəsi olduğu, Hərəkat və Assosiasiyanın eyni bank hesabına malik olduğu, Hərəkata üzvlüyə namizədlərin Assosiasiya tərəfindən qiymətləndirildiyi və birincinin uniformasının ikincidən alınmasının mümkünlüyü nəzərə alınarsa, Məhkəmə həmin ölkə məhkəmələrinin mövqelərini əsassız hesab edə bilməz.
Buna görə də Məhkəmə qəbul edir ki, ölkə məhkəmələrinin iki qurum arasındakı əlaqələrə dair mövqeyi nəzərə alınarsa, Assosiasiyanın Hərəkatın fəaliyyətinə görə ləğv edilməsi “qanunla nəzərdə tutulmuşdur”.
(ii) Qanuni məqsəd
52. Məhkəmə hesab edir ki, sözü gedən tədbirin ictimai təhlükəsizliyin təmin edilməsi, iğtişaşların qarşısının alınması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi məqsədlərə xidmət etdiyini hesab etmək olar ki, bütün bu məqsədlər də ərizəçinin ölkə məhkəmələrinin hər hansı iğtişaş və ya digərlərinin hüquqlarının pozulması halını sübut etmədiyinə dair iddiasına baxmayaraq Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndinin məqsədləri üçün qanuni xarakter daşıyır.
Belə olduqda sözü gedən tədbirin demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək məsələsi qalır.
(iii) Demokratik cəmiyyətdə zəruri olub-olmama məsələsi
(α) Ümumi prinsiplər
53. Məhkəmənin bu sahədəki presedent hüququnun əsas prinsipləri “Türkiyə Birləşmiş Kommunist Partiyası və Digərləri Türkiyəyə qarşı (30 yanvar 1998-ci il, Hesabatlar 1998-I)” işi üzrə qərarda aşağıdakı kimi təsbit olunmuşdur:
“42. Məhkəmə təkrar edir ki, 11-ci maddənin müstəqil rola və konkret tətbiq sferasına malik olmasına baxmayaraq, onu 10-cu maddənin fonunda da nəzərdən keçirmək lazımdır. Fikirlərin və onları ifadə etmək azadlığının müdafiəsi 11-ci maddədə təsbit olunmuş toplaşmaq və birləşmək azadlığının əsas məqsədlərindəndir (digər qərarlarla yanaşı bax, “Yanq, Ceyms və Uebster Birləşmiş Krallığa qarşı” (Young, James and Webster v. the United Kingdom judgment of 13 August 1981, Series A no. 44, p. 23, § 57) və “Foqt Almaniyaya qarşı” (Vogt v. Germany judgment of 26 September 1995, Series A no. 323, p. 30, § 64)).
43. Bu, təbii olaraq plüralizmin və demokratiyanın lazımı səviyyədə fəaliyyətinin təmin edilməsində əhəmiyyətli rol oynayan siyasi partiyalara münasibətdə də tətbiq olunur (yuxarıda 25-ci bəndə bax).
Məhkəmənin dəfələrlə bildirdiyi kimi plüralizm olmadan demokratiyanın olması mümkün deyil. Bu səbəbdən də 10-cu maddədə təsbit olunmuş fikri ifadə etmək azadlığı 2-ci bənddəki məhdudiyyətlər nəzərə alınmaqla yalnız müsbət şəkildə və ya qeyri-təhqiredici kimi, yaxud da laqeydliklə qəbul edilən “informasiya” və ya “ideyalara” deyil, təhqir edən, sarsıdan və ya narahatlıq doğuran “informasiya” və ya “ideyalara” da tətbiq olunur (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş “Foqt” işi üzrə qırar, 25-ci səhifə, 52-ci bənd). Onların fəaliyyətinin fikri ifadə etmək azadlığının kollektiv şəkildə həyata keçirilməsinin tərkib hissəsini təşkil etməsi faktı öz-özlüyündə siyasi partiyalara Konvensiyanın 10-cu və 11-ci maddəsində nəzərdə tutulmuş müdafiədən istifadə etmək hüququ verir. ...
45. Heç şübhəsiz demokratiya Avropa ictimai qaydasının əsas elementidir (bax: yuxarıda qeyd edilmiş “Luizidu” işi üzrə qərar, 25-ci səhifə, 75-ci bənd). ...
Bundan əlavə, Konvensiyanın 8-ci, 9-cu, 10-cu və 11-ci maddələri burada təsbit olunmuş hüquqların həyata keçirilməsinə müdaxilənin “demokratik cəmiyyətdə zəruri olma” meyarı ilə qiymətləndirilməsini tələb edir. Buna görə də həmin hüquqlardan hər hansı birinə müdaxiləyə haqq qazandıra biləcək yeganə zərurət “demokratik cəmiyyət” meyarından irəli gələndir. Beləliklə də, demokratiya Konvensiyada nəzərdə tutulmuş və buna görə də ona uyğun yeganə gələcək siyasi modeldir. ...
46. Buna görə də 11-ci maddədə təsbit olunmuş istisnalar siyasi partiyalarla bağlı dəqiq şəkildə təfsir olunmalıdır. Belə partiyaların birləşmək azadlığının məhdudlaşdırılmasına yalnız inandırıcı və təkzibolunmaz səbəblər haqq qazandıra bilər. Razılığa Gələn Dövlətlər 11-ci maddənin 2-ci bəndinin mənasında zəruriliyin mövcud olub-olmadığını müəyyənləşdirən zaman yalnız məhdud təqdir səlahiyyətinə malikdirlər və bu, istər hüququ, istərsə də onu tətbiq edən qərarları, o cümlədən müstəqil məhkəmələrin qərarlarını ehtiva edən sərt Avropa nəzarət mexanizmi ilə birlikdə mövcuddur. Məhkəmə artıq qət etmişdir ki, belə bir nəzarət təhqir yaydığı üçün məhkum edilmiş parlament deputatı ilə bağlı işdə zəruri idi (bax: yuxarıda qeyd edilmiş “Kastells” işi üzrə qərar, 22-23-cü səhifələr, 42-ci bənd). Təbii ki, bütünlükdə siyasi partiya ləğv edildiyi və onun rəhbərlərinə gələcəkdə istənilən belə oxşar fəaliyyəti həyata keçirmək qadağan edildiyi halda belə bir nəzarət zəruri xarakter daşıyır.
47. Nəzarət həyata keçirilən zaman Məhkəmənin vəzifəsi milli dövlət orqanlarının mövqeyini öz mövqeyi ilə əvəz etmək deyil, həmin orqanların diskresion səlahiyyətlərini həyata keçirən zaman qəbul etdikləri qərarların 11-ci maddəyə əsasən yoxlanılmasını yerinə yetirməkdir. Bu o demək deyildir ki, Məhkəmə cavabdeh Dövlətin diskresion səlahiyyətlərini ağlabatan şəkildə, diqqətlə və vicdanla həyata keçirib-keçirmədiyini müəyyənləşdirməklə məhdudlaşdırmalıdır. O, barəsində şikayət edilmiş müdaxiləyə bütün işin fonunda baxmalı və onun “nail olunmasına çalışılan qanuni məqsədə mütənasib” olub-olmadığını və bu müdaxiləni əsaslandırmaq üçün milli dövlət orqanları tərəfindən irəli sürülmüş səbəblərin “işə aidiyyəti və qənaətbəxş” olduğunu müəyyənləşdirməlidir. Məhkəmə bunu edərkən milli dövlət orqanlarının 11-ci maddədə təsbit olunmuş prinsiplərə uyğun standartlar tətbiq etdiyinə və bundan əlavə, qərarlarını qəbul edən zaman müvafiq faktları məqbul şəkildə qiymətləndirdiyinə əmin olmalıdır (bax: mutatis mutandis, “Cersild Danimarkaya qarşı” (Jersild v. Denmark judgment of 23 September 1994, Series A no. 298, p. 26, § 31)).
54. Bu sahədə işə aid digər prinsiplər yuxarıda qeyd edilmiş “Refah Partisi və Digərləri” işində təsbit olunmuşdur:
“(γ) Məhdudiyyətlərin qoyulması mümkünlüyü və sərt Avropa nəzarət mexanizmi
96. Konvensiyanın 11-ci və 9 və 10-cu maddələrində təsbit olunmuş azadlıqlar fəaliyyəti ilə dövlət təsisatları üçün təhlükə yaradan assosiasiyanın ərazisində olduğu dövlətin hakimiyyət orqanlarını həmin təsisatları qorumaq hüququndan müdafiə edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, o, əvvəllər də qərarlarında Konvensiya sisteminin demokratik cəmiyyətin müdafiəsi ilə fərdi hüquqların müdafiəsi tələbləri arasında müəyyən kompromisi ehtiva etdiyini qət etmişdir. Belə bir kompromisə nail olunması üçün dövlət orqanlarının istənilən müdaxiləsi 11-ci maddənin 2-ci bəndinə uyğun olmalıdır. Məhkəmə bu məsələni aşağıda nəzərdən keçirəcəkdir. ...
98. Siyasi partiya iki şərtlə qanuna və ya dövlətin hüquqi və konstitusion quruluşuna dəyişikliyə səbəb ola bilər: birincisi, bu məqsədlə istifadə olunan vasitələr qanuni və demokratik olmalıdır; ikincisi, təklif olunan dəyişiklik özü əsas demokratik prinsiplərlə uyğun olmalıdır. Buradan zəruri olaraq belə çıxır ki, rəhbərləri zorakılığa təhrik edən və ya demokratiyaya hörməti təmin etməyən, yaxud demokratiyanı sarsıtmaq və demokratik cəmiyyətdə tanınan hüquq və azadlıqları pozan siyasət irəli sürən siyasi partiya bu səbəblərdən ona tətbiq olunan cəzalardan müdafiə olunmaq üçün Konvensiyaya istinad edə bilməz (bax: “Yazar və Digərləri Türkiyəyə qarşı” (Yazar and Others v. Turkey, nos. 22723/93, 22724/93 and 22725/93, § 49, ECHR 2002-II) və mutatis mutandis, digər qərarlar: “Stankov və Birləşmiş Makedoniya Təşkilatı İlinden Bolqarıstana qarşı” (Stankov and the United Macedonian Organisation Ilinden v. Bulgaria, nos. 29221/95 and 29225/95, § 97, ECHR 2001-IX) və “Sosialist Partiyası və Digərləri Türkiyəyə qarşı” (Socialist Party and Others v. Turkey, judgment of 25 May 1998, Reports 1998-III, pp. 1256-57, §§ 46-47)).
99. Belə bir imkan istisna edilə bilməz ki, öz müdafiəsi üçün Konvensiyanın 11-ci maddəsi və həmçinin 9-cu və 10-cu maddələrində təsbit olunmuş hüquqlara istinad edən siyasi partiya həmin hüquqdan istifadə edərək reallıqda Konvensiyada əks olunmuş hüquq və azadlıqların pozulması niyyəti daşıyan və beləliklə də, demokratiyanın sarsıdılmasına yönələn fəaliyyəti həyata keçirməyə səy göstərə bilər (bax: “Kommunist Partiyası (KPD) Almaniyaya qarşı” (Communist Party (KPD) v. Germany, no. 250/57, Commission decision of 20 July 1957, Yearbook 1, p. 222)). Konvensiya ilə demokratiya arasında çox açıq əlaqənin olduğu nəzərə alınaraq (yuxarıda 86-89-cu bəndlərə bax), heç kəsin demokratik cəmiyyətin idealları və dəyərlərini zəiflətmək və ya sarsıtmaq məqsədilə Konvensiyada nəzərdə tutulmuş müddəalara arxalanmasına imkan verilməməlidir. Plüralizm və demokratiya bütünlükdə ölkənin daha geniş sabitliyinin təmin edilməsi məqsədilə istifadə etdikləri azadlıqların müəyyən qisminin bəzən məhdudlaşdırılmasına razılaşan fərdlər və ya fərdlər qrupu tərəfindən müxtəlif güzəştlərə gedilməsini tələb edən kompromisə əsaslanır (bax: mutatis mutandis, “Petersen Almaniyaya qarşı” (Petersen v. Germany (dec.), no. 39793/98, ECHR 2001-XII)).
Məhkəmə bu kontekstdə hesab edir ki, siyasi partiyalar formasında təşkil olunmuş totalitar hərəkatların demokratik rejim daxilində inkişaf etdikdən sonra demokratiyadan uzaqlaşması mümkünsüz deyildir və müasir Avropa tarixində bunun nümunələri olmuşdur. ...
(δ) Siyasi partiyanın üzvlərinin hərəkət və çıxışlarının ona aid edilə bilməsi məsələsi
101. Məhkəmə daha sonra hesab edir ki, siyasi partiyanın təsis aktı və proqramı onun məqsəd və niyyətlərini müəyyənləşdirmək üçün yeganə meyar kimi çıxış edə bilməz. Razılığa Gələn Dövlətlərin siyasi təcrübəsi göstərmişdir ki, keçmişdə demokratiyanın əsas prinsiplərinə zidd gedən məqsədlərə malik siyasi partiyalar hakimiyyətə gələnə qədər öz rəsmi nəşrlərində bu məqsədləri üzə çıxarmamışlar. Buna görə də Məhkəmə həmişə qeyd etmişdir ki, partiyanın siyasi proqramı elan edildiyindən fərqli məqsəd və niyyətlərini gizlədə bilər. Bunun əksini yoxlamaq üçün proqramın məzmunu partiya liderlərinin hərəkətləri və onların müdafiə etdikləri mövqelərlə müqayisə olunmalıdır. Bu hərəkət və mövqelər birlikdə götürüldükdə siyasi partiyanın ləğvi ilə bağlı proseslərdə əsas ola bilər. Bir şərtlə ki, bütünlükdə onlar partiyanın məqsəd və niyyətlərini üzə çıxarmış olsun. ...
(ε) Ləğv etmək üçün müvafiq vaxtın seçilməsi
102. Bundan əlavə, Məhkəmə hesab edir ki, siyasi partiyanın siyasətinin demokratiya üçün təhlükə doğurduğu kifayət qədər təsbit edildiyi və qaçılmaz olduğu hallarda dövlətdən bu partiyanın hakimiyyəti ələ keçirməsi və Konvensiyaya uyğun olmayan bu siyasətini həyata keçirmək üçün konkret addımlar atmasına qədər müdaxilə etməyərək gözləməsini tələb etmək olmaz. Məhkəmə qəbul edir ki, milli məhkəmələrin ətraflı araşdırma apardıqdan sonra belə bir təhlükənin olduğunu təsbit etdiyi və bunun sərt Avropa nəzarət mexanizmi tərəfindən yoxlanıldığı halda dövlət “Konvensiya müddəalarına zidd olan bu siyasətin vətəndaş asayişi və ölkənin demokratik rejiminə təhlükə yarada biləcək şəkildə konkret addımlar atmaqla həyata keçirməyə səy göstərməsindən öncə onun qarşısını ağlabatan tərzdə ala bilər” (Palatanın qərarının 81-ci bəndinə bax).
103. Məhkəmə belə bir mövqedədir ki, dövlət tərəfindən belə bir preventiv müdaxilə etmək səlahiyyəti həmçinin Razılığa Gələn Dövlətlərin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş yurisdiksiyası altında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi kimi pozitiv öhdəliyinə də uyğundur. Həmin öhdəliklər yalnız dövlətin nümayəndələrinə aid edilə bilən hərəkət və ya hərəkətsizlikdən irəli gələ bilən müdaxilə halları deyil, eyni zamanda qeyri-dövlət qurumları daxilində olan fiziki şəxslərə aid edilə bilən müdaxilə halları ilə də bağlıdır. ...
Razılığa Gələn Dövlətin əsas məğzi hakimiyyətə gəlmək və dövlət aparatının əksər hissəsinin işini istiqamətləndirmək olan siyasi partiyaların üzərinə Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlara hörmət etmək vəzifəsini və demokratiyanın əsas prinsiplərinə zidd olan siyasi proqram irəli sürməmək öhdəliyini qoymasına pozitiv öhdəlik baxımından haqq qazandırılması mümkündür.
(ζ) Ümumi araşdırma
104. Yuxarıdakılar nəzərə alınaraq Məhkəmənin siyasi partiyanın demokratik prinsiplərin təhlükə altına alınması mülahizəsi əsasında ləğvinin “mühüm sosial tələbat” meyarına cavab verib-vermədiyi məsələsini (misal üçün bax: yuxarıda qeyd edilmiş “Sosialist Partiyası və Digərləri” işi, 1258-ci səhifə, 49-cu bənd) ümumi araşdırması aşağıdakılara diqqəti yönəltməlidir: i) demokratiya üçün təhlükənin (onun mövcudluğunun sübut edildiyi güman edilərsə) kifayət qədər qaçılmaz olduğunu təsdiq edən inandırıcı sübutun mövcudluğu; ii) müvafiq siyasi partiyanın liderləri və üzvlərinin hərəkətləri və çıxışlarının bütünlükdə partiyaya aid edilməsinin mümkünlüyü; və iii) siyasi partiyaya aid edilən hərəkət və çıxışların partiya tərəfindən “demokratik cəmiyyət” konsepsiyasına zidd olan cəmiyyət modelinin təsvir edildiyini və dəstəkləndiyini açıq şəkildə üzə çıxarması.
105. Məhkəmə tərəfindən yuxarıdakı məsələlərin ümumi araşdırılması zamanı həmçinin ləğv etmənin baş verdiyi müvafiq ölkədə “demokratik cəmiyyətin” lazımı qaydada fəaliyyətinin təmin edilməsi üçün tarixi kontekst də nəzərə alınmalıdır (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Petersen” işi)”.
55. Məhkəmənin “Herri Batasuna və Batasuna İspaniyaya qarşı” (Herri Batasuna and Batasuna v. Spain (nos. 25803/04 and 25817/04, ECHR 2009)) işində də məsələ ilə bağlı müddəalar öz əksini tapmışdır:
“79. ... Buradan zəruri olaraq belə çıxır ki, liderləri zorakılığa təhrik edən və ya demokratiyaya hörməti ehtiva etməyən siyasət irəli sürən, yaxud da demokratiyanın sarsıdılması və demokratik cəmiyyətdə tanınmış hüquq və azadlıqların pozulması məqsədi daşıyan siyasi partiya bu səbəblərdən ona tətbiq olunan cəzalardan müdafiə olunmaq üçün Konvensiyanın müddəalarına arxalana bilməz. ...
81. ....Dövlət “Konvensiya müddəalarına zidd olan bu siyasətin vətəndaş asayişi və ölkənin demokratik rejiminə təhlükə yarada biləcək şəkildə konkret addımlar atmaqla həyata keçirməyə səy göstərilməsindən öncə onun qarşısını ağlabatan tərzdə ala bilər” (bax: yuxarıda qeyd edilmiş “Refah Partisi” işi, 102-ci bənd). ...
83. Məhkəmənin siyasi partiyanın demokratik prinsiplərin təhlükə altına alınması mülahizəsi əsasında ləğvinin “mühüm sosial tələbat” meyarına cavab verib-vermədiyi məsələsini (misal üçün bax: yuxarıda qeyd edilmiş “Sosialist Partiyası və Digərləri” işi, 49-cu bənd) ümumi araşdırması aşağıdakılara diqqəti yönəltməlidir: i) demokratiya üçün təhlükənin (onun mövcudluğunun sübut edildiyi güman edilərsə) kifayət qədər qaçılmaz olduğunu təsdiq edən inandırıcı sübutun mövcudluğu; ii) müvafiq siyasi partiyanın liderləri və üzvlərinin hərəkətləri və çıxışlarının bütünlükdə partiyaya aid edilməsinin mümkünlüyü; və iii) siyasi partiyaya aid edilən hərəkət və çıxışların partiya tərəfindən “demokratik cəmiyyət” konsepsiyasına zidd olan cəmiyyət modelinin təsvir edildiyini və dəstəkləndiyini açıq şəkildə üzə çıxarması. ...
(β) Həmin prinsiplərin hazırkı işə tətbiqi
56. Məhkəmə ilk öncə qeyd edir ki, sosial təşkilatları yaratmaq və idarə etmək hüququ kimi siyasi partiyalar yaratmaq və idarə etmək hüququnun 11-ci maddənin müdafiəsindən istifadə etməsinə baxmayaraq, bu iki qurum tipi digər elementlərlə yanaşı demokratik cəmiyyətdə oynadıqları rola görə də fərqlənirlər, belə ki, sosial təşkilatların bir çoxu bu işə yalnız dolayı yolla öz töhfəsini verir.
Avropa Şurasının üzvü olan bir-neçə dövlətdə siyasi partiyalar ümumiyyətlə siyasətdə, xüsusilə də seçkilərdə iştiraklarına imkan yaradan hüquqi statusa malikdir. Onlar həmçinin seçki prosesində və dövlət siyasətinin və ictimai rəyin formalaşdırılmasında xüsusilə qanunla təsbit edilmiş funksiyalara malikdir.
Normal olaraq sosial təşkilatlar belə hüquqi imtiyazlardan istifadə etmir və mahiyyət etibarı ilə siyasi qərarların qəbulu prosesinə təsir etmək üçün az imkana malikdir. Bununla bağlı assosiasiyaların müxtəlif formaları arasında dəqiq fərqin qoyulmadığına və onların əsl siyasi aidiyyəti məsələsinin yalnız konkret işlər üzrə müəyyənləşdirilməsi mümkünlüyünə baxmayaraq, bu sosial təşkilatların çoxu dövlətin siyasi həyatında iştirak etmir.
Sosial hərəkatlar siyasətin formalaşdırılmasında mühüm rol oynaya bilər, lakin siyasi partiyalarla müqayisə edildikdə belə təşkilatlar adətən siyasi sistemə təsir etmək üçün daha az hüquqi cəhətdən imtiyazlı imkanlara malikdir. Lakin Sosial təşkilatlar və hərəkatların faktiki siyasi təsiri nəzərə alınaraq demokratiyaya istənilən təhlükə qiymətləndirilən zaman onların nüfuzuna diqqət verilməlidir.
57. Məhkəmənin mövqeyinə görə digər şəxslərin hüquqlarına qarşı kifayət qədər qaçılmaz təhlükə demokratik cəmiyyətin əsasında qurulduğu və fəaliyyət göstərdiyi fundamental dəyərləri sarsıdarsa, dövlət həmçinin demokratiyanı belə qeyri-partiya qurumlarından müdafiə etmək üçün preventiv tədbirlər görmək hüququna malikdir. Belə dəyərlərdən biri cəmiyyətin üzvlərinin irqi seqreqasiyadan azad birgə yaşayışıdır ki, bunsuz da demokratik cəmiyyəti təsəvvür etmək mümkün deyil. Dövlətdən siyasi hərəkatın demokratiyanı sarsıtmaq üçün hərəkət etməsini və ya zorakılığa əl atmasını gözləyərək müdaxilə etməməyi tələb etmək mümkün deyil. Hətta həmin hərəkat hakimiyyəti ələ keçirmək üçün səy göstərməmişdirsə və onun siyasətinin demokratiyaya yaratdığı təhlükə qaçılmaz deyilsə belə, dövlət bu hərəkatın ictimai həyatda Konvensiya və demokratiyanın standartları ilə bir araya sığmayan siyasət həyata keçirməsi üçün konkret addımlar atmağa başlandığını müəyyən etdiyi halda preventiv addımlar atmaq hüququna malikdir (bax: yuxarıda qeyd edilmiş “Refah Partisi və Digərləri” işi, 102-ci bənd).
58. Məhkəmə barəsində şikayət edilən tədbirin zəruriliyi və mütənasibliyi məsələsini qiymətləndirərkən qeyd edir ki, hazırkı iş siyasi partiyanın deyil, assosiasiyanın və hərəkatın ləğv edilməsi ilə bağlıdır. Avropa Şurasının üzvü olan dövlətlərdə siyasi partiyaların konkret konstitusion rolu və hüquqi imtiyazlarından irəli gələn məsuliyyətlər sosial təşkilatlara onların müqayisə oluna biləcək dərəcədə siyasi təsirə malik olduqları həddə tətbiq oluna bilər. Digər tərəfdən Məhkəmə anlayır ki, Assosiasiya və Hərəkatın hüquqi mövcudluğuna son qoyulması kifayət qədər ağır sanksiya idi. Belə ki, bunun nəticəsində bu qruplar ölkələrin əksəriyyətində qeydiyyatdan keçmiş assosiasiyaların normal olaraq malik olduqları hüquqi, maliyyə və praktiki üstünlüklərdən məhrum edilmişdir (yuxarıda 18-ci bəndə bax). Buna görə də siyasi partiyanın ləğvi məsələsində olduğu kimi burada da belə bir tədbir işə aidiyyəti olan və kifayət edici səbəblərlə əsaslandırılmalıdır. Baxmayaraq ki, assosiasiyanın milli təsirin həyata keçirilməsindəki imkanlarının daha məhdud olması ilə əlaqədar olaraq, bu halda preventiv xarakterli məhdudlaşdırıcı tədbirlərin əsaslandırılması hüquqi baxımdan siyasi partiyalarla bağlı məsələdən daha az inandırıcı ola bilər. Siyasi partiya ilə qeyri-siyasi assosiasiya arasında onların demokratiya üçün önəmi baxımından fərqlərin olduğu nəzərə alınarsa, yalnız birincinin birləşmək hüququna məhdudiyyət qoyulmasının zəruriliyinin ən dəqiq şəkildə yoxlanılması lazımdır (per analogiam, siyasi çıxışla ictimai marağa səbəb olmayan məsələlərə dair çıxışa verilən müdafiənin səviyyəsini müqayisə etmək üçün bax: “Lingens Avstriyaya qarşı” (Lingens v. Austria, 8 July 1986, § 42, Series A no. 103) və “Tammer Estoniyaya qarşı” (Tammer v. Estonia, no. 41205/98, § 62, ECHR 2001‑I)). Bu fərq kifayət qədər yumşaq şəkildə tətbiq olunmalıdır. Siyasi məqsədləri və təsir imkanları olan assosiasiyalara gəlincə, yoxlamanın səviyyəsi işin halları nəzərə alınmaqla assosiasiyanın faktiki xarakteri və funksiyalarından asılıdır.
59. Məhkəmə qeyd edir ki, ərizəçinin ləğv olunması barədə şikayət etdiyi Hərəkat Assosiasiya tərəfindən “fiziki, mənəvi və intellektual baxımdan müdafiəsiz Macarıstanı qorumaq” məqsədilə yaradılmışdır (yuxarıda 8-ci bəndə bax). Hərəkatın sonrakı fəaliyyətinə mitinq və nümayişlər daxil idi, onun üzvləri uniformalarda gəzir və hərbçilər kimi yürüşlər edirdilər. Bu tədbirlər ölkənin müxtəlif yerlərində və xüsusilə Tatárszentgyörgy kimi qaraçıların çoxluq təşkil etdiyi kəndlərdə keçirilirdi. Eyni zamanda “etnik macarların” “qaraçı cinayətkarlıq”dan müdafiə edilməsi kimi çağırışlar da edilirdi (yuxarıda 10-cu bəndə bax). Bu hadisələrə cavab olaraq prokuror Hərəkata və Assosiasiyaya qarşı iddia qaldırmışdır. İddiaya görə cavabdehlərin fəaliyyəti qaraçı əslli vətəndaşların irqçi qaydada hədələnməsinə bərabər idi (yuxarıda 11-ci bəndə bax).
60. Sonrakı məhkəmə proseslərində məhkəmələr iki cavabdeh arasındakı əlaqələri araşdırmış və onların ayrıca qurumlar kimi fəaliyyət göstərmədiklərinə dair mötəbər sübutlar əldə etmişdir. Bu kontekstdə nəzərdən keçirilmiş arqumentləri nəzərə alan Məhkəmə bu nəticənin əsassız və ya qanunsuz olması qənaətinə gələ bilməz (yuxarıda 11-ci, 13-cü, 15-ci, 16-cı və 51-ci bəndlərə bax).
61. İş həm Assosiasiyanın, həm də Hərəkatın ləğv edilməsi ilə nəticələnmişdir. Məhkəmələr işə mahiyyəti üzrə baxaraq qət etmişdir ki, cavabdehlərin fəaliyyəti nəticəsində faktiki olaraq hər hansı zorakılıq baş verməsə də, onlar şifahi və vizual güc nümayiş etdirməklə anti-qaraçı mühitinin yaradılmasına görə məsuliyyət daşıyırdılar. Bu, assosiasiyalar haqqında müvafiq qanunu pozmuş, insan ləyaqətinə ziddiyyət təşkil etmiş və digərlərinin, yəni qaraçı vətəndaşların hüquqlarını təhlükə altına almışdır. Məhkəmələr sonuncu məsələ ilə bağlı bildirmişdir ki, Tatárszentgyörgy mitinqində mərkəzi məsələ irqçi konsepsiya olan “qaraçı cinayətkarlığı” idi. Məhkəmələr sözü gedən mitinqlərdə hərbçi geyimlərinə bənzər uniformaların geyinilməsinə, əmrlər verilməsinə, salamlamağa və yürüşlərə, həmçinin Oxvarı Xaç simvollarını xatırladan bağların qola taxılmasına xüsusi diqqət vermişdir. İşə apellyasiya qaydasında baxılarkən bu əsaslandırma bir qədər də genişləndirərək Hərəkatın hədəfə aldığı kəndlərin əhalisinin “əsir auditoriya” olduğu qənaətini də ehtiva etmişdir. Belə ki, həmin vətəndaşlar Hərəkatın hərəkətləri ilə çatdırdığı mürtəce və təcridedici baxışların qarşısını almaq imkanına malik olmamışlar. Məhkəmələrin mövqeyinə görə bu, sosial gərginliyi artırmaqla ictimai qorxu hissinin və qaçılmaz zorakılıq mühitinin yaradılmasına gətirib çıxarmışdır (yuxarıda 15-ci və 16-cı bəndlərə bax).
62. Məhkəmə təkrar edir ki, ölkə qanunvericiliyini təfsir və tətbiq etmək ilk növbədə milli dövlət orqanlarının, xüsusilə məhkəmələrin səlahiyyətidir (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş “Leidö və İsorni” işi, 50-ci bənd). Məhkəmənin vəzifəsi sadəcə dövlət orqanlarının təqdir səlahiyyəti çərçivəsində qəbul etdikləri qərarları yoxlamaqdır (bax: “İncal Türkiyəyə qarşı” (Incal v. Turkey, 9 June 1998, § 48, Reports 1998‑IV)). Hazırkı işin hallarında Məhkəmə Macarıstan məhkəmələrinin gəldikləri nəticələrin əsassız və ya qanunsuz olması qənaətinə gələ bilməz və o, həmin məhkəmələrin Hərəkatın fəaliyyəti və ifadə etdiyi ideyaların qaraçı azlığı ilə etnik macar çoxluğu arasında irqçi əlamətlərə görə fərq qoyulmasına söykəndiyinə dair baxışlarını bölüşür (yuxarıda 13-cü bəndə bax).
63. Məhkəmə əvvəllər də 10-cu maddənin kontekstində qət etmişdir ki, ideya və davranışların sadəcə müəyyən qrup vətəndaşlarda narahatlıq hissi yaratması və ya bəzilərinin onları hörmətsizlik kimi qəbul etməsi səbəbindən Konvensiyanın müdafiə sferasından çıxarılması mümkün deyil (yuxarıda qeyd edilmiş “Vajnai” işi, 57-ci bənd). O, belə bir fikirdədir ki, eyni mülahizələr birləşmək azadlığına onun geniş qəbul edilməyən, şok edən və ya narahatlıq doğuran ideyaları inkişaf etdirmək məqsədi daşıyan fərdlərin birliyi ilə bağlı olduğu halda tətbiq oluna bilər. Əlbəttə, sözü gedən assosiasiyanın zorakılıq üçün zəmin hazırlayan və ya demokratik prinsipləri inkar edən qurum hesab olunması üçün ağlabatan əsaslar olmadıqda, demokratiyanı qorumaq adı altında birləşmək azadlığı kimi fundamental hüquqların məhdudlaşdırılmasına yönələn radikal tədbirləri siyasi baxışların (hətta hakimiyyət orqanları və ya vətəndaşların böyük qruplarının qəbul etməsi çətin olan və cəmiyyətin mövcud qaydasını mübahisələndirən siyasi baxışların) bütün dinc və qanuni vasitələrlə, o cümlədən assosiasiyalar və toplantılar vasitəsilə yayılmasını təmin etmək məqsədi daşıyan Konvensiyanın ruhuna uyğunlaşdırmaq çətindir (bax: mutatis mutandis, “Güneri və Digərləri Türkiyəyə qarşı” (Güneri and Others v. Turkey, nos. 42853/98, 43609/98 and 44291/98, § 76, 12 July 2005)).
64. Belə olduqda, hazırkı konkret işdə Assosiasiya və Hərəkatın əməllərinin hüquqi və dinc fəaliyyət çərçivəsində həyata keçirib-keçirmədiklərini müəyyənləşdirmək lazımdır. Bununla bağlı Məhkəmə onların fəaliyyəti çərçivəsində təxminən 1800 sakini olan Tatárszentgyörgy-də təxminən 200 şəxsin iştirakı ilə keçirilmiş tədbir kimi bir-neçə mitinqin həyata keçirildiyi faktını göz ardı edə bilməz. Heç bir zorakılığın baş vermədiyi həqiqət olsa da, geriyə baxmaqla bunun polisin mitinq yerində olmadığı ilə bağlı olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Fəallar hərbçilərin geyimlərinə bənzər uniformalar geyinməklə və qollarına qorxu hissi yaradan sarğılar bağlamaqla kənddə hərbi hissələr kimi yürüş edir və eyni şəkildə bir-birlərini salamlayaraq əmrlər verirdilər.
65. Məhkəmənin fikrincə belə mitinq başqalarına belə bir mesaj çatdıra bilərdi ki, onun təşkilatçılarının öz məqsədlərinə çatmaq üçün, bu məqsədlərin nə olmasından asılı olmayaraq, yarımhərbi təşkilatlardan istifadə etmək niyyəti və imkanı vardır. Yarımhərbi bölmə Macarıstanın Faşist hərəkatını (Oxvarı Xaçı) xatırladırdı ki, o da digər işlərlə yanaşı qaraçıların Macarıstanda kütləvi şəkildə məhv edilməsinə görə məsuliyyət daşıyan rejimin əsas dayağı idi. Məhkəmə fəalları mitinqdə iştirak etmiş Hərəkatla Assosiasiya arasında möhkəm təşkilati əlaqələrin olduğunu nəzərə alaraq həmçinin qət edir ki, mitinqlərin hüquqi baxımdan tanınmış, qeydiyyatdan keçmiş assosiasiya tərəfindən dəstəklənməsi faktı Tatárszentgyörgy və digər yerlərdəki bu mitinqlərin hədələyici təsir gücünü artırmalı idi və əlbəttə ki, bunu da etmişdi.
66. Məhkəmə hesab edir ki, siyasi qüvvələrin yarımhərbi güc təşkil etmək iqtidarını və istəyini nümayiş etdirməsi siyasi baxışların yayılması üçün dinc və hüquqi vasitələrdən istifadə edilməsi hədlərini aşır. Oxvarı Xaç dövründəki Macarıstanda olan tarixi təcrübə nəzərə alınarsa, assosiasiyanın irqi ayrı-seçkiliyi ifadə edən və dolayı yolla irqçi əlamətlərə əsaslanan çağırışlar səsləndirən yarımhərbi nümayişlərə arxalanması, xüsusilə evlərində olan və beləliklə də, əsir auditoriyanı təşkil edən irqi azlığın üzvləri üçün hədələyici təsirə malikdir. Məhkəmənin mövqeyinə görə bu, fikri ifadə və ya toplantılarla bağlı Konvensiya ilə təmin olunan müdafiə çərçivəsinin hədlərini aşır (bax: “Vajnai” işi) və hədələməyə bərabər tutulur. Bu da ABŞ Ali Məhkəməsinin “Virginia Bləkə qarşı” işində bildirdiyi kimi (yuxarıda 31-ci bəndə bax) “əsl hədədir”. Buna görə də dövlətin hədəf qrupunun üzvlərini hədəyə məruz qalmadan yaşamaq hüququnu qorumaq səlahiyyəti vardır. Bu, xüsusilə ona görə həqiqətdir ki, onlar irqi əlamətlərinə görə digərlərindən ayrılmış və etnik qrupa mənsub olduqlarına görə hədə-qorxuya məruz qalmışdırlar. Məhkəmənin mövqeyinə görə yarımhərbi yürüş narahatedici və ya təhqiredici fikri sadəcə olaraq yaymaqdan kənara çıxır, belə ki, mesajlar mütəşəkkil fəalların hədələyici qrupunun fiziki cəhətdən hadisə yerində olması ilə müşayiət olunur. Məhkəmə hesab edir ki, fikirləri ifadə etmək müəyyən davranış forması ilə müşayiət olunduqda fikri ifadə etmək azadlığı üçün adi halda müəyyən edilən müdafiə səviyyəsi həmin davranışa olan mühüm ictimai maraq fonunda azaldıla bilər. Fikirlərin ifadə olunması ilə bağlı olan davranış qorxuducu və ya hədələyicidirsə, yaxud da həmin şəxsin irqi ilə bağlı Konvensiyada nəzərdə tutulmuş hüquq və ya imtiyazdan sərbəst şəkildə istifadə etməsinə müdaxilə edirsə, bu mülahizələrə hətta 10-cu və 11-ci maddələrin kontekstində məhəl qoyulmaya bilməz.
67. Hazırkı işdə sözü gedən fəaliyyətin hədəfi açıq-aşkar “qaraçı cinayətkarlığı”na görə məsuliyyət daşıdığı fərz edilən qaraçı azlığı idi və Məhkəmə ləğv edilmiş qurumların niyyətinin bu zəif qrupu digərlərindən ayırmaqla hədələmək olmadığına dair ərizəçinin dəlillərini inandırıcı hesab etmir (bax: “Horvat və Kiss Macarıstana qarşı” (Horváth and Kiss v. Hungary, no. 11146/11, § 102, 29 January 2013)). Məhkəmə bununla bağlı müxtəlif beynəlxalq qurumların narahatlığını anlayır (yuxarıda 26-cı və 28-ci bəndlərə bax).
68. Məhkəmənin artıq qeyd etdiyi kimi (yuxarıda 57-ci bəndə bax) belə halda dövlət orqanlarından digərlərinin hüquqlarını qorumaq məqsədilə müdaxiləni həyata keçirməzdən qabaq gələcək hadisələri gözləmək tələb oluna bilməz, belə ki, Hərəkat Konvensiya və demokratiya standartları ilə bir araya sığmayan siyasətin ictimai həyatda həyata keçirilməsi üçün konkret addımlar atmışdır.
69. Məhkəmə hesab edir ki, faktiki toplantıların dövlət orqanları tərəfindən qadağan edilməməsinə və hər hansı zorakılıq və ya cinayətin baş verməməsinə baxmayaraq, sözü gedən mitinqlərin hədələyici xarakteri daha mühüm mülahizə kimi çıxış edir. Burada məsələ ondadır ki, mitinqlərin təkrar olaraq təşkili (yuxarıda 15-ci bəndə bax) digərlərini qorxuda və buna görə də xüsusilə yürüşlərin keçirilmə yeri nəzərə alınarsa, onların hüquqlarına təsir edə bilərdi. Assosiasiyanın ləğvi məsələsinə gəlincə qeyd edilməlidir ki, ayrılıqda götürülmüş nümayişlərin qanunsuz olmadığı elə də əhəmiyyət kəsb etmir və Məhkəmədən hazırkı işdə nümayişlərin nə dərəcədə Konvensiyada nəzərdə tutulmuş toplaşmaq azadlığının həyata keçirilməsi hesab oluna biləcəyini müəyyənləşdirmək xahiş olunmamışdır. Assosiasiyanın real xarakteri və məqsədləri yalnız belə nümayişlərin faktiki həyata keçirilməsi fonunda aşkar edilə bilər. Məhkəmənin fikrincə yarımhərbi yürüşlər vasitəsilə “qaraçı cinayətkarlığı” guya ki, dayandırmaq məqsədilə bir sıra mitinqlər təşkil edilməsinə irqi seqreqasiya siyasətinin həyata keçirilməsi kimi baxıla bilər. Faktiki olaraq hədələyici yürüşlərə mahiyyət etibarı ilə irqçi xarakter daşıyan “qanun-qaydanın” müəyyən görüntüsünün həyata keçirilməsi üçün atılmış ilk addımlar kimi baxıla bilər.
Məhkəmə bu kontekstdə qeyd edir ki, toplaşmaq azadlığı hüququ böyük qrupların iştirak etdiyi hədələyici yürüşlər vasitəsilə dəfələrlə həyata keçirilirsə, dövlət belə geniş miqyaslı hədə-qorxunun demokratiyanın fəaliyyəti üçün doğurduğu təhlükənin qarşısını almaq məqsədilə zəruri olduğu dərəcədə müvafiq birləşmək azadlığının məhdudlaşdırılmasına yönəlmiş tədbirlər görmək səlahiyyətinə malikdir (yuxarıda 54-cü bəndə bax). Demokratiyanın əsas dəyərləri ilə bir araya sığmayan irqçi fəaliyyətlərin təbliğ edilməsi ilə bağlı geniş miqyaslı, əlaqələndirilmiş şəkildə hədə-qorxu gəlmə hətta hazırkı işdə tətbiq olunan dar təqdir səlahiyyəti çərçivəsində belə, dövlətin birləşmək azadlığına müdaxilə etməsinə haqq qazandıra bilər. Bunun səbəbi hədə-qorxunun insanların siyasi iradəsinə mənfi təsiri ilə bağlıdır. Arabir anti-demokratik ideyaların təbliği özü-özlüyündə qaçılmaz zərurət əsası ilə siyasi partiyanın və bundan daha da çox siyasi partiyalara verilən xüsusi statusdan faydalanmaq imkanına malik olmayan assosiasiyanın qadağan edilməsinə haqq qazandırılması üçün kifayət etməsə də (yuxarıda 53-cü bəndə bax), ümumilikdə götürülmüş hallar və xüsusilə istənilən əlaqələndirilmiş və planlaşdırılmış əməllər belə bir tədbirin görülməsi üçün kifayət edici və müvafiq səbəb kimi çıxış edə bilər (xüsusilə əgər digər sarsıdıcı fikirlərin başqa potensial ifadə formalarına birbaşa təsir göstərmirsə) (aşağıda, in fine 71-ci bəndə bax).
70. Yuxarıdakı mülahizələri nəzərə alan Məhkəmə əmindir ki, milli dövlət orqanları tərəfindən təqdim edilmiş dəlillər sözü gedən tədbirin mühüm sosial tələbatdan irəli gəldiyini sübut etmək üçün əsaslı və qənaətbəxşdir.
71. Məhkəməyə məlumdur ki, Hərəkatın və Assosiasiyanın ləğv edilməsi kifayət qədər sərt bit tədbir olmuşdur. Lakin o razılaşır ki, dövlət orqanları məsələnin həll edilməsi üçün ən son və əlbəttə ki, yeganə ağlabatan tədbiri seçmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, ölkənin hakimiyyət orqanları əvvəllər Hərəkatın fəaliyyətinin qanunsuz xarakter daşıdığını Assosiasiyanın diqqətini çatdırmışdır. Bu xəbərdarlığa yalnız formal cəhətdən əməl edilmiş (yuxarıda 9-cu bəndə bax), sadəcə olaraq sonrakı mitinqlər davam edən proseslər dövründə keçirilmişdir (yuxarıda 15-ci bəndə bax) (müqayisə et: “S.H. və Digərləri Avstriyaya qarşı” (S.H. and Others v. Austria [GC], no. 57813/00, § 84, ECHR 2011)). Məhkəmənin fikrincə Hərəkatın mitinqlərinin digərlərinin hüquqları üçün doğurduğu təhlükənin qarşısı yalnız ona Assosiasiya tərəfindən verilən təşkilati dəstəyin aradan qaldırılması ilə alına bilərdi. Hakimiyyət orqanları Hərəkatın və Assosiasiyanın hüquqi baxımdan mövcudluğunu assosiasiyalar haqqında qanuna uyğun olaraq qurum kimi imtiyazlı formada saxlamaqla onların fəaliyyətlərinin davam etdirilməsinə rəvac verərdilərsə, ümumi ictimaiyyət dövlətin bu hədəni qanuniləşdirməsi kimi qəbul edə bilərdi. Bu, qanuni qeydiyyatdan keçmiş qurum imtiyazından yararlanan Assosiasiyanın Hərəkatı dəstəkləməyə davam etməsinə imkan yaradardı və bununla da, dövlət dolayı yolla onun mitinqləri təşkil etməsinə yardım göstərmiş olardı. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Assosiasiya və ya Hərəkat, yaxud onların üzvləri barədə hər hansı əlavə sanksiya tətbiq edilməmiş və onlar siyasi fəaliyyətlərini digər formalarda həyata keçirməkdən məhrum olmamışlar (bax: a fortiori, yuxarıda qeyd edilmiş “Refah Partisi və Digərləri Türkiyəyə qarşı” işi, 133-134-cü bəndlər). Belə olan halda Məhkəmə qət edir ki, barəsində şikayət edilmiş tədbir nail olunmasına çalışılan qanuni məqsədlərə qeyri-mütənasib deyildi.
72. Yuxarıdakılar Məhkəmənin Konvensiyanın 11-ci maddəsinin pozulmadığı nəticəsinə gəlməsi üçün kifayət edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Ərizəni qəbuledilən elan edir;
2. Konvensiyanın 11-ci maddəsinin pozulmadığını qət edir.
Qərar Məhkəmənin prosedur qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il 9 iyul tarixində ingilis dilində tərtib edilmiş və tərəflərə bu barədə yazılı bildiriş göndərilmişdir.
Steynli NeysmitQido Raymondi
Bölmə katibi Sədr
Hakim Pinto de Albuqerqenin xüsusi rəyi Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərara əlavə edilir[2].
Q.R.A.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Digər yerlərdə cinayətkarlıq kimi göstərilir.
[2] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy