© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 165 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, iyul
Vona Macarıstana qarşı - 35943/10 nömrəli ərizə
2013-cü il 9 iyul tarixli qərar [II Bölmə ]
11-ci maddə
11-1-ci maddə
Birləşmək azadlığı
Qaraçılar əleyhinə mitinqlərə və yarımhərbi yürüşlərə cəlb olunmuş assosiasiyanın ləğvi: pozuntu baş verməmişdir
Faktlar – Ərizəçi Daha Firavan Macarıstan Uğrunda Hərəkat adlanan siyasi partiyanın on üzvü tərəfindən 2007-ci ilin may ayında macar ənənələri və mədəniyyətini qorumaq məqsədi ilə yaradılmış Macar Mühafizə Assosiasiyasının (“Assosiasiya”) sədri idi. 2007-ci ilin iyulunda Assosiasiya Macar Mühafizə Hərəkatını (“Hərəkat”) təsis etmişdir ki, onun da məqsədi “müdafiəsiz Macarıstanı fiziki, mənəvi və intellektual baxımdan” müdafiə etmək kimi müəyyən edilmişdir.
Yaranmasından qısa müddət sonra Hərəkat xartiyasında müəyyən edilmiş məqsədlərə uyğun gəlməyən fəaliyyət həyata keçirmiş, o cümlədən 2007-ci ilin avqustunda Buda qəsrində 56 qvardiyaçının andiçmə mərasimini təşkil etmişdir. Hakimiyyət orqanları Assosiasiyadan qanunsuz fəaliyyətinə son qoymağı xahiş etmişdir. 2007-ci ilin noyabrında ərizəçi hakimiyyət orqanlarına qanunsuz fəaliyyətə son qoyulduğu və Assosiasiyanın xartiyasına dəyişiklik ediləcəyi barədə məlumat vermişdir. Lakin sonralar Hərəkatın üzvləri uniformalar geyinməklə Macarıstan ərazisi boyunca, o cümlədən çox sayda qaraçıların yaşadıqları kəndlərdə toplantı və nümayişlər keçirmiş və etnik macarları “qaraçı cinayətkarlıq”dan qorumaq barədə çağırışlar etmişlər. 2007-ci ilin dekabrında polisin nümayişin qaraçı ailələrin yaşadığı küçə boyunca keçməsinə imkan verməməsi hadisəsindən sonra hakimiyyət orqanları Assosiasiyanın ləğv edilməsi üçün məhkəməyə təqdimat vermişdir. Bu təqdimat 2008-ci ilin dekabrında təmin edilmiş və Hərəkatın daha iki nümayiş keçirməsindən sonra həmin qərar 2009-cu ilin iyulunda Hərəkat barəsində də tətbiq edilmiş və bu qərar Ali Məhkəmə tərəfindən qüvvəsində saxlanılmışdır.
Hüquqi məsələlər
(a) Ərizənin qəbuledilənliyi – Maddə 17: Hökumətin mövqeyinə görə ərizə 17-ci maddə nəzərə alınmaqla Konvensiyanın müddəalarına ratione materiae uyğun gəlmədiyi üçün qəbuledilməz elan edilməli idi. Belə ki, qeyd edilən assosiasiya yəhudi və qaraçı vətəndaşlara qarşı irqi nifrət hissini ifadə etmək üçün institusional baza yaratmışdı. Lakin Məhkəmə qeyd etmişdir ki, ərizəçinin şikayəti assosiasiyanın əsas etibarı ilə ölkə daxili səviyyədə qanunsuz hesab edilməmiş və heç bir zorakılığa yol açmamış nümayişə görə ləğv edilməsi ilə bağlı idi. Belə olan halda Məhkəmə Assosiasiyanın fəaliyyətinin “totalitar qruplara” xidmət göstərən əsarət ideologiyasına haqq qazandırmaq və ya onu təbliğ etmək məqsədi daşıması qənaətinə gələ bilməzdi. Həmin fəaliyyət Konvensiyada təsbit olunmuş hər hansı hüquq və azadlığın pozulması məqsədi daşıyan hər hansı prima facie əməli və ya ərizəçinin totalitar baxışları müdafiə etmək məqsədilə aparılan təbliğatı açıq şəkildə müdafiə etmək və ya yaymağa yönələn prima facie niyyətini üzə çıxarmırdı. Buna görə də ərizə Konvensiyanın 17-ci maddəsinin məqsədlərinə görə şikayət etmək hüququndan sui-istifadə halı hesab olunmamışdır.
Nəticə: ilkin etiraz təmin edilməmişdir (yekdilliklə).
(b) Ərizənin mahiyyəti - Maddə 11: Ərizəçinin sədri olduğu assosiasiyanın və sonradan hərəkatın ləğvi ərizəçinin birləşmək azadlığı hüququna müdaxilə idi. Bu müdaxilə qanunda nəzərdə tutulmuş və ictimai təhlükəsizliyin təmin edilməsi, iğtişaşların qarşısının alınması və digərlərinin hüquqlarının qorunması məqsədi daşımışdır.
İş siyasi partiyanın deyil, assosiasiya və hərəkatın ləğv edilməsi ilə bağlı olsa da, Məhkəmə razılaşmışdır ki, ərizəçinin sədrlik etdiyi assosiasiya kimi sosial təşkilatlar siyasətin formalaşdırılmasında mühüm rol oynaya bilər. O təkrar etmişdir ki, dövlət siyasi hərəkatın zorakılığa əl atmasını gözləyərək müdaxilə etməkdən çəkinməli deyil. Hətta həmin hərəkat hakimiyyəti ələ keçirmək üçün səy göstərməmişdirsə və onun siyasətinin demokratiyaya yaratdığı təhlükə qaçılmaz deyilsə belə, dövlət bu hərəkatın ictimai həyatda Konvensiya və demokratiyanın standartları ilə bir araya sığmayan siyasət həyata keçirməsi üçün konkret addımlar atmağa başlandığını müəyyən etdiyi halda demokratiyanı müdafiə etmək məqsədilə preventiv addımlar atmaq hüququna malik idi.
Mitinqlər zamanı heç bir zorakılıq baş verməsə də, fəallar hərbçilərin geyimlərinə bənzər uniformalar geyinməklə və hərbi hissələr kimi yürüş etməklə bir-birlərini salamlayır və əmrlər verirdilər. Bu mitinqlər başqalarına belə bir mesaj çatdıra bilərdi ki, onun təşkilatçılarının öz məqsədlərinə çatmaq üçün yarımhərbi təşkilatlardan istifadə etmək niyyəti və imkanı var idi. Bundan əlavə, yarımhərbi bölmə Macarıstanın Faşist hərəkatını (Oxvarı Xaçı) xatırladırdı ki, o da qaraçıların Macarıstanda kütləvi şəkildə məhv edilməsinə görə məsuliyyət daşıyan rejimin əsas dayağı idi. Oxvarı Xaç dövründəki Macarıstanda olan tarixi təcrübə nəzərə alınardısa, assosiasiyanın irqi ayrı-seçkiliyi ifadə edən və dolayı yolla irqçi əlamətlərə əsaslanan çağırışlar səsləndirən yarımhərbi nümayişlərə arxalanması irqi azlığın üzvləri üçün hədələyici təsirə malik idi və buna görə də fikri ifadə və ya toplantılarla bağlı Konvensiya ilə təmin olunan müdafiə çərçivəsinin hədlərini aşırdı. Əlbəttə ki, belə yarımhərbi yürüş narahatedici və ya təhqiredici fikri sadəcə olaraq yaymaqdan kənara çıxmışdır, belə ki, mesajlar mütəşəkkil fəalların hədələyici qrupunun fiziki cəhətdən hadisə yerində olması ilə müşayiət olunmuşdur.
Assosiasiyanın ləğvi məsələsinə gəlincə qeyd edilməlidir ki, ayrılıqda götürülmüş nümayişlərin qanunsuz olmadığı elə də əhəmiyyət kəsb etmir, belə ki, assosiasiyanın real xarakteri və məqsədləri yalnız belə nümayişlərin faktiki həyata keçirilməsi fonunda üzə çıxmışdır. Əlbəttə, yarımhərbi yürüşlər vasitəsilə “qaraçı cinayətkarlığı” guya ki, dayandırmaq məqsədilə bir sıra mitinqlər təşkil edilməsi irqi seqreqasiya siyasətinin həyata keçirilməsinə səbəb ola bilərdi. Anti-demokratik ideyaların təbliği özü-özlüyündə siyasi partiyanın və bundan daha da çox assosiasiyanın qadağan edilməsinə haqq qazandırılması üçün kifayət etməsə də, ümumilikdə götürülmüş hallar və xüsusilə Hərəkatın əlaqələndirilmiş və planlaşdırılmış əməlləri belə bir tədbirin görülməsi üçün kifayət edici və müvafiq səbəb kimi çıxış etmişdir. Buna görə də Macarıstanın dövlət orqanları tərəfindən təqdim edilmiş dəlillər sözü gedən tədbirin mühüm sosial tələbatdan irəli gəldiyini sübut etmək üçün əsaslı və qənaətbəxş olmuşdur.
Hərəkatın doğurduğu təhlükənin qarşısı yalnız ona Assosiasiya tərəfindən verilən təşkilati dəstəyin aradan qaldırılması ilə alına bilərdi. Hakimiyyət orqanları Hərəkatın və Assosiasiyanın hüquqi baxımdan mövcudluğunu saxlamaqla onların fəaliyyətlərinin davam etdirilməsinə rəvac verərdilərsə, ümumi ictimaiyyət dövlətin bu hədəni qanuniləşdirməsi kimi qəbul edə bilərdi. Bu, qanuni qeydiyyatdan keçmiş qurum imtiyazından yararlanan Assosiasiyanın Hərəkatı dəstəkləməyə davam etməsinə imkan yaradardı və bununla da, dövlət dolayı yolla onun mitinqləri təşkil etməsinə yardım göstərmiş olardı. Nəhayət, Assosiasiya və ya Hərəkat, yaxud onların üzvləri barədə hər hansı əlavə sanksiya tətbiq edilmədiyindən və beləliklə də, onlar siyasi fəaliyyətlərini digər formalarda həyata keçirməkdən məhrum olmadıqlarından, Məhkəmə ləğv etmə tədbirinin qeyri-mütənasib olmadığını qət etmişdir.
Nəticə: pozuntu baş verməmişdir (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy