Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
DÖRDÜNCÜ BÖLMƏ
VÖRĐUR ÓLAFSSON İSLANDİYAYA qarşı İŞİ
(CASE OF VÖRĐUR ÓLAFSSON v. ICELAND)
(20161/06 saylı ərizə)
QƏRAR
STRASBURQ
27 aprel 2010-cu il
YEKUN
27/07/2010
Bu qərar Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Qərar redaktə məqsədilə təhlil edilə bilər.
Vörður Ólafsson İslandiyaya qarşı işinə
Aşağıdakı tərkibdən:
Nicolas Bratza, Sədr,
Giovanni Bonello,
David Thór Björgvinsson,
Ján Šikuta,
Päivi Hirvelä,
Ledi Bianku,
Nebojša Vučinić, hakimlər,
və Fatoş Aracı, Bölmə Katibin müavini,
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
24 mart 2009-cu il, 5 yanvar 2010-cu il və 30 Mart 2010-cu il tarixlərində qapalı müşavirə keçirərək,
Sonuncu qeyd edilən tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır:
PROSES
1. Bu iş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən İslandiya vətəndaşı (“ərizəçi”) Cənab Vörður Ólafsson tərəfindən Məhkəməyə 16 may 2006-cı il tarixində İslandiya Respublikasına qarşı təqdim olunmuş (20161/06 saylı) ərizə əsasında açılmışdır.
2. Ərizəçi müvafiq olaraq Londonda və Reykyavikdə fəaliyyət göstərən hüquqşünaslar, c-b. T. Child və T. c-b. Einar Hálfdánarson tərəfindən təmsil olunmuşdur. İslandiya Hökuməti (“Hökumət”) onun nümayəndəsi qismində çıxış edən xanım Björg Thorarensen tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi iddia etmişdir ki, İslandiya Sənayelər Federasiyasına (“Fİİ”) Sənaye Rüsumu ödənilməsi üzrə qanunvericiliklə onun üzərinə qoyulan öhdəlik Konvensiyanın 9-cu və 10-cu Maddələrinin əsasında təfsir olunduqda onun Konvensiyanın 11-ci Maddəsi ilə təmin olunan birləşmək azadlığı hüququnu pozmuşdur. O, daha sonra Sənaye Rüsumunun vətəndaşların məhdud qrupunun üzərinə onların adətən ödədiyi vergidən əlavə olaraq qoyulmuş ayrıca bir vergi olmasından və bunun da 1 saylı Protokolun 1-ci Maddəsini pozmasından şikayətlənmişdir. Yekunda, ərizəçi Konvensiyanın 11-ci Maddəsi və 1 saylı Protokolun 1-ci Maddəsi ilə birlikdə Konvensiyanın 14-cü Maddəsinə zidd olan ayrı-seçkilikdən şikayətlənmişdir.
4. 2 dekabr 2008-ci il tarixli qərarı ilə Məhkəmə ərizəni qəbuledilən elan edib.
5. Dinləmə 24 mart 2009-cu ildə Strasburqda İnsan Hüquqları Binasında ictimaiyyətə açıq şəkildə həyata keçirildi (Qayda 59 § 3).
Məhkəmədə aşağıdakılar iştirak etmişlər:
(a) Hökumət adından
x-n Björg Thorarensen, Nümayəndə,
c-b Skarphedinn Thorisson, Baş Hüquqşünas, Vəkil,
c-b Gunnar Narfi Gunnarsson, Ədliyyə və Dini İşlər
Nazirliyinin Hüquqşünas Eksperti,
x-m Elin Flygering, Səfir, İslandiyanın Avropa Şurasındakı
Daimi Nümayəndəsi,Məsləhətçilər;
(b) Ərizəçinin adından
c-b T. Child, Hüquqşünas,Vəkil,
c-b Einar Hálfdánarson, Ali Məhkəmənin Vəkili,
x-mm C. Murray, Vəkil Köməkçisi,Məsləhətçilər.
Məhkəmə xanım Björg Thorarensen-in, cənab Skarphedinn Thorisson-un, cənab Child və cənab Einar Hálfdánarson-un çıxışlarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi, c-b. Vörður Ólafsson 1961-ci ildə doğulmuş və Reykyavikdə yaşayan İslandiya vətəndaşıdır.
A. Mübahisəli Sənaye Rüsumu
7. Ərizəçi inşaat ustasıdır və İnşaat Ustaları Assosiasiyasının (bundan sonra “MBA”) üzvüdür. Sənaye Rüsumu haqqında 134/1993 saylı Qanuna (bundan sonra, “1993-cü il Qanunu”) uyğun olaraq onun üzərində ərizəçinin və MBA-nın üzvü olmadığı İslandiya Sənayelər Federasiyasına (bundan sonra, “FII”) “Sənaye Rüsumu” adlanan haqqı ödəmək öhdəliyi var idi. 1993-cü il Qanunu ilə İslandiyada Qanunla müəyyən olunan mənada bütün sənaye fəaliyyətləri üzərinə 0.08%-lik rüsum ödənilməsi öhdəliyi qoyulurdu. Qanunla müəyyən olunan mənada sənaye fəaliyyətlərinə Qanunun Əlavəsində sadalanmış fəaliyyət kodlarına uyğun gələn bütün fəaliyyət növləri aid idi. Kodlarla əhatə olunmamış özəl sektor müəssisələri Sənaye Rüsumu ödəmirdi. Misal üçün, ət istehsalı, süd istehsalı və balıq məhsulları istehsal edən sənaye müəssisələrinə həmin rüsum tətbiq olunmurdu. Qida və içki istehsalı ilə məşğul olan digər sənaye müəssisələrinə isə tətbiq olunurdu. Tamamilə dövlət mülkiyyətində olan və ya xüsusi qanunla yaradılmış müəssisələr əhatə olunmurdu (bölmə 2). Sənaye Rüsumundan əldə olunan gəlirlər Fİİ-yə köçürülməli və İslandiyada sənayenin təbliği və inkişafı üçün istifadə olunmalı idi (bölmə 3). Toplanmış rüsumun 0.5%-i Dövlət Büdcəsinə köçürülürdü ki, rüsumun toplanma xərcləri ödənilsin (bölmə 1).
8. 10,000-dən artıq şəxs (hüquqi şəxslər və fərdi sahibkarlar) Sənaye Rüsumunu ödəmişdir. Fİİ-də üzvlərin sayı 1,100 və 1,200 nəfər şəxs (müəssisələr və fərdi sahibkarlar) arasında idi.
9. Hökumət Sənaye Rüsumunun 2000, 2003 və 2006-cı illər ərzində xərclənməsi üzrə Fİİ-nin hesabatların surətlərini Sənaye Nazirliyinə təqdim etmişdir.
10. Fİİ-nin 2003-cü il üzrə (4 iyul 2004-cü il tarixli) hesabatında aşağıdakılar qeyd olunurdu:
“Federasiyanın hesabları hər hansı xüsusi əməliyyat xərclərinin üzvlük haqlarından, kapital gəlirindən və ya Sənaye Rüsumundan toplanan vəsaitlər hesabına ödənilib-ödənilmədiyini göstərmirdi, çünki, onun işinin böyük hissəsindən Federasiyanın üzvü olub-olmadığından asılı olmayaraq sənaye şirkətləri faydalanırdı. Sənaye Nazirliyi bu məsələ ilə bağlı heç bir qeyd-şərt bildirməmişdi və Sənaye Rüsumu ilə bağlı qanunvericilik də hər hansı başqa tələblər müəyyən etmirdi.
Bununla belə, Federasiya və Sənaye Nazirliyi Sənaye Rüsumunun necə istifadə olunması üzrə daha təfsilatlı açıqlama tələbi ilə bağlı razılığa gəlmişlər və bu hesabatda bu tələbə əməl olunmuşdur.”
11. Hesabatda “Federasiyanın açıqlamalarına uyğun olaraq 2003-cü ildə Sənaye Rüsumunun İstifadə olunması” başlığı altında “2003-cü ildə Federasiyanın audit yoxlamasından keçmiş açıqlamalarına uyğun olaraq gəlir və xərclərini” göstərən cədvəl verilmişdir. Cədvəlin ayrıca bir sütununda hər bir bənd və yarımbənd üzrə Sənaye Rüsumundan əldə olunan vəsaitlərin faizi göstərilirdi. Buraya aşağıdakı bəndlər daxil idi: “İş fəaliyyətindən əldə olunan gəlirlər” və “İş fəaliyyəti xərcləri”. Cədvəldə həmçinin, “açıqlamalara uyğun olaraq Sənaye Rüsumunun istifadə olunması aşağıdakı bəndlər üzrə” göstərilirdi: (1) “Əmək haqları və əlaqəli xərclər”; (2) “Yığıncaqlar və konfranslar”; (3) “Təbliğat fəaliyyətləri”; (4) “Nəşrlər”; (5) “Filiallar və xüsusi layihələr”; və (6) “Ümumi və inzibati xərclər”.
Hesabatda bu yarımbəndlərdən hər biri üzrə izahlı qeydlər verilirdi ki, həmin qeydlərdə qeyri-üzvlərlə müqayisədə üzvlərə münasibət barədə məlumat verilirdi. Misal üçün, (1)-ci yarımbəndin altında qeyd olunurdu ki, 20 iş ilinin 2.5-i yalnız üzvlərin faydalandığı işlə bağlı idi. (3)-cü yarımbənddə isə qeyd olunurdu ki, Fİİ-nin sərgiləri hər kəsə açıqdır və Fİİ üzvləri endirimli iştirak haqqından yararlanır. (5)-ci yarımbənddə qeyd olunurdu ki, qeyri-üzvlər keyfiyyət üzrə idarəetmə layihələrində iştirak edə bilərdilər, lakin üzvlərə nisbətən daha yüksək haqq ödəməklə.
12. Cədvəldən görünür ki, 2003-cü ildə Fİİ-nin iş fəaliyyətindən əldə etdiyi məcmu gəlirləri 315,800,000 Islansiya kronası (krónur) (ISK) təşkil etmişdir ki, onun da 197,359,000 İSK-sı Dövlət Büdcəsi tərəfindən Fİİ-yə köçürülmüş Sənaye Rüsumundan; 84,973,000 İSK-sı üzvlük haqqlarından; və 33,468,000 İSK-sı digər gəlirlərdən formalaşmışdır. Eyni ildə iş fəaliyyəti üçün çəkilən xərclərin cəmi 289,654,000 İSK təşkil etmişdir ki, onun da (197,359,000 İSK-sı Sənaye Rüsumundan və 37,258,000 İSK-sı üzvlük haqqlarından və digər gəlirlərdən formalaşmış) 234,617,000 İSK-sı (81%) ictimai layihələrə sərf olunmuşdur.
13. Hökumət izah etdi ki, İslandiya sənayesinin təbliği rolunu və vəzifəsini yerinə yetirərkən 1993-cü il Qanununun 3-cü bölməsinə uyğun olaraq Fİİ sənayeni ictimailəşdirmək və onun imicini formalaşdırmaq üçün Sənaye Rüsumundan toplanan iri məbləğdə vəsaitləri təlimlərə, biznes ictimaiyyəti adından ekoloji münasibətlər sahəsində qanun layihəsinə rəy bildirilməsinə və dövlət satınalmalarına məhdudiyyətlərin tətbiq olunması və təmiz və şəffaf tender qaydalarına olan ehtiyac barədə tədricən hakimiyyət orqanlarına təsir etmək üçün xərcləmişdir.
14. İndiyə qədər, ərizəçi göstərilən illər üzrə aşağıdakı məbləğdə Sənaye Rüsumu ödəmişdir: 2001-ci il üçün 23,023 ISK (255 avro (EUR)); 2002-ci il üçün 20,639 ISK (EUR 229); 2003-cü il üçün 12,567 ISK (EUR 139); və 2004-cü il üçün 5,946 ISK (EUR 66).
B. Sənaye Rüsumunun mübahisələndirilməsi üçün başladılan məhkəmə icraatları
15. 8 noyabr 2004-cü ildə ərizəçi 2001-c ildən 2004-cü ilədək olan müddət üçün onun üzərinə qoyulmuş rüsumların etibarsız hesab olunmasını tələb edərək Reykyavik Rayon Məhkəməsində Dövlətə qarşı icraat başlatdı.
16. 13 iyul 2005-ci il tarixində Rayon Məhkəməsi Dövlətin lehinə qərar çıxardı və ərizəçinin iddiasını rədd etdi.
17. Ərizəçi 1993-cü il Qanununun 3-cü bölməsinin faktiki olaraq hər hansı biznes fəaliyyəti ilə məşğul olan bütün fərdlərin və şirkətlərin üzv olub-olmadıqlarından asılı olmayaraq Fİİ-yə üzvlük haqqı ödəməli olduğunu müəyyən etdiyi barədə mübahisə edərək İslandiya Ali Məhkəməsinə apelyasiya şikayəti etdi. Ərizəçi hesab edirdi ki, Federasiyanın Nizamnaməsinin üzvlük haqqı ilə bağlı 14-cü Maddəsi aydın şəkildə müəyyən edirdi ki, Fİİ-nin üzvlərinin ödədiyi Fİİ-yə köçürülən Sənaye Rüsumunun bir hissəsi onların ödədiyi üzvlük haqlarından çıxılmalı idi. Bununla da, həmin rüsumun tutulması və toplanması ilə Fİİ-yə üzvlük Fİİ-yə üzvlüyün verdiyi hüquqlardan faydalanmayan digər şəxslər üçün də faktiki olaraq məcburi xarakter daşıyırdı. Nəticə etibarilə, Sənaye Rüsumu sadəcə Fİİ-yə üzvlük haqqı idi. Ərizəçi bildirdi ki, o, İnşaat Ustaları Assosiasiyasının üzvüdür, öz rüsumlarını həmin təşkilata ödəyir və hesab edir ki, onun maraqları məhz həmin təşkilat vasitəsilə daha yaxşı təmin olunur və o, heç də Fİİ-nin üzvü olmaq istəmir. O, Fİİ-nin apardığı siyasət ilə razılaşmır və həmin siyasət onun maraqlarına ziddir. Fİİ-yə məcburi üzvlük onun Konstitusiyanın 74-cü Maddəsinin 2-ci bəndi və Konvensiyanın 11-ci Maddəsi ilə müdafiə olunan birləşmək azadlığı hüququ ilə bir araya sığmır. Bundan əlavə, ərizəçi iddia etdi ki, 1993-cü il Qanununa görə o, əsaslandırılmamış şəkildə digər vergilərdən əlavə olaraq vergiyə cəlb olunmuşdur və həmin Qanuna əsasən məhdud bir qrup “digər bir məhdud qrupun xeyrinə və ya digərlərinin məhdud maraqları üçün” vergiyə cəlb olunurdu. Yekun olaraq, o, bildirdi ki, rüsumun qoyulması Konstitusiyanın 65-ci Maddəsinə zidd olaraq ayrı-seçkilik idi, çünki, vergiqoyma müəssisənin mülkiyyət strukturundan asılı idi və vergiqoymanın əsaslandığı fəaliyyət kodlarının sıralanması mahiyyətcə təsadüfi idi.
Dövlət ərizəçinin Sənaye Rüsumunun Fİİ-yə üzvlük haqqı olması barədə bildirdiklərinə qarşı çıxdı. Hökumət tərəfi bildirdi ki, qanunla bu Dövlət tərəfindən ümumi və tətbiq olunan standartlara uyğun olaraq, əvəzsiz şəkildə müəyyən qrup fərdlərin və hüquqi şəxslərin üzərinə qoyulmuş vergi idi. Eyni Qanunla da həmin rüsumun Fİİ-yə köçürülməsi qərara alınmışdı ki, Fİİ də həmin vəsaitləri İslandiya sənayesinin təbliği və inkişafı üçün sərf etməli idi. Qanunla vergi gəlirlərinin assosiasiya üçün bu qaydada ayrılması o demək deyildi ki, müvafiq vergini vermiş şəxslər bununla məcburi şəkildə onun üzvü olmalı idilər. Həmin rüsum təkcə üzvlərin mənafeləri üçün deyil, həm də Sənaye Nazirliyinin nəzarəti altında bütün sənaye və İslandiyada sənayenin inkişafı üçün xərclənirdi. Üzvlər üçün hər hansı endirimlər, rüsumun qiymətləndirilməsi və toplanması ilə əlaqəli olmayıb birtərəfli qaydada Fİİ tərəfindən müəyyən edilirdi. Dövlət həmçinin, 1993-cü il Qanununun ərizəçinin vəziyyətində olan şəxslərlə rüsumdan azad edilmiş şəxslər arasında hər hansı ayrı-seçkiliyə səbəb olması fikri ilə də razılaşmadı. Dövlət müəssisələrini həmin rüsumdan azad etmək ağlabatan və obyektiv bir tədbir idi və dövlət mülkiyyətində olan müəssisələrə özəl müəssisələrdən fərqli münasibətin nəzərdə tutulması məhz məsələnin mahiyyətindən irəli gəlirdi. Dövlət həmçinin, bildirdi ki, sənayeyə və onun inkişafına dövlət dəstəyi bəzən sənaye fəaliyyətinin həyata keçirilməsi formasında həyata keçirilirdi ki, bunu da etməyə digərlərinin imkanı yetməzdi. Nəhayət, dövlət mülkiyyətində olan sənaye müəssisələrinin sayı son illərdə böyük ölçüdə azalmışdı. Dövlət vergitutmanı müəyyən edən fəaliyyət kodlarının sadalanmasının təsadüfi olması ilə bağlı iddiaya da qarşı çıxdı.
18. 20 dekabr 2005-ci il tarixli qərarı ilə Ali Məhkəmə bir səsə qarşı dörd səslə ərizəçinin apelyasiya şikayətini rədd etdi və Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Həmin qərarda aşağıdakılar müəyyən olunurdu:
“Rayon Məhkəməsinin qərarında qeyd olunduğu kimi, Ali Məhkəmə 17 dekabr 1998-ci il tarixində 166/1998 saylı, Gunnar Pétursson İslandiya Respublikasına qarşı işi üzrə qərar verdi və həmin qərar Məhkəmənin həmin il üzrə Hesabatlarında nəşr olunmuşdur. Həmin iş üzrə ərizəçi 1995 və 1996-cı illər üçün ona hesablanmış Sənaye Kredit Fondu üçün ödəniş və Sənaye Rüsumunun etibarsız hesab olunmasını tələb etmişdi. O, öz işində hazırkı iş üzrə ərizəçinin qaldırdığı arqumentlərə çox oxşar arqumentlərə əsaslanırdı. Cavabdehin yuxarıda qeyd olunan işin hazırkı iş üçün presedent kimi nəzərə alınması ilə bağlı mövqeyi o şərtlə qəbul olunmuşdur ki, hazırkı iş üzrə ərizəçinin öz tələblərini müdafiə edərkən qaldırdığı məsələlər həmin işdə həllini tapmış olsun.
Əvvəlki işdə də ərizəçi bu işdə olduğu kimi iddia edirdi ki, İslandiya Sənayelər Federasiyasına köçürüləcək Sənaye Rüsumunun onun üzrəinə qoyulması nəticəsində o Federasiyaya üzv olmağa məcbur edilmişdir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, rüsumun Federasiyaya köçürülməsinə baxmayaraq, o müəyyən məqsəd üçün istifadə olunmalı idi (bax: 1993-cü il Qanununun 3-cü bölməsi) və Federasiyaya verilmiş qrant hesab olunmurdu. Gəlirlərin istifadə olunmasına Sənaye Nazirliyi nəzarət edirdi. Məhkəmə qəbul etdi ki, bu Konstitusiyaya və Avropa Konvensiyasına zidd olaraq İslandiya Sənayelər Federasiyasına məcburi üzvlük demək deyil. Həmçinin, qeyd olunurdu ki, hətta İslandiya Sənayelər Federasiyası Qanunla onun üçün müəyyən olunmuş hədləri aşmış ola bilsə də, bu ərizəçiyə hesablanmış rüsumun etibarsızlığı üçün əsas ola bilməzdi. Bunu nəzərə alaraq və digər məsələlərlə bağlı barəsində şikayət verilmiş qərarda göstərilən əsaslara istinad edərək Məhkəmə ərizəçinin tələbinin təmin olunmasından imtina etməlidir. İslandiya Sənayelər Federasiyasının Sənaye Rüsumundan əldə olunan gəlirləri İslandiya sənayesinin təbliği və sənayenin inkişafı və nəticə etibarilə vergi qoyulan fəaliyyətlərin mənafeyi üçün istifadə etmək öhdəliyi daşıdığını nəzərə alaraq, Məhkəmə qanunvericinin öz səlahiyyətlərini aşdığını da qəbul edə bilməz.
Ərizəçi bildirdi ki, dövlət mülkiyyətində olan müəssisələr rüsumdan azad edilə bildiyindən bərabərlik təmin olunmamışdır. Bu arqumentlə bağlı nəzərə alınmalıdır ki, müxtəlif faktorlar dövlət mülkiyyətində olan müəssisələri özəl mülkiyyətdə olan müəssisələrdən fərqləndirir və müxtəlif sahələrdə onların vergiyə cəlb olunması da ümumiyyətlə İslandiya vergi qanunvericiliyindən göründüyü qədər fərqlənir. Öz işini hazırlayarkən ərizəçi öz vəziyyətini hər hansı dövlət müəssisələri ilə müqayisəli şəkildə təqdim etməmişdir. Ərizəçi ilə Qanunda nəzərdə tutulan istisnaların tətbiq olunduğu müəssisələr arasında hər hansı ayrı-seçkiliyə yol verilmiş olması müəyyən edilməmişdir. Yekun olaraq, ərizəçi öz tələbində ona əsaslanır ki, 1993-cü il Qanununun 2(1)-ci bölməsi ilə müəyyən olunan vegitutmanın həyata keçirilməsi üçün istinad edilən fəaliyyət kodlarının sadalanması mahiyyətcə təsadüfidir. Rüsum müvafiq olaraq 81/1996 saylı Qanunla edilmiş dəyişikliklərə əsasən 1993-cü il Qanununun Əlavəsində yer alan İslandiyada biznes fəaliyyətinin təsnifatında sadalanan fəaliyyət kodlarına uyğun gələn hər hansı fəaliyyət kimi müəyyənləşdirilən sənayenin üzərinə qoyulur. Beləliklə də, sənaye dedikdə yalnız istehsal sənayesi deyil, tikinti sənayesi də daxil olmaqla, əməliyyat və xidmətlər də başa düşülür. Bu, Qanunun müəyyən etdiyi məna çərçivəsində ‘sənaye’ termini ilə əhatə olunan fəaliyyətlərin dairəsini məhdudlaşdırır və kənd təsərrüfatı və balıqçılıq sahəsində formalaşmış fəaliyyətlər də daxil olmaqla iqtisadi fəaliyyətin digər sahələrindən fərqləndirir. İqtisadi fəaliyyətin bu cür təsnifatı daha sonra Sənaye Rüsumundan başqa digər vergiqoyma formalarının da əsası kimi qəbul olundu. Ərizəçinin iddiası onun istinad etdiyi əsaslarla təmin oluna bilməz.”
19. Ali Məhkəmənin razılaşmayan üzvü, c-b. Hakim Ólafur Börkur Þorvaldsson aşağıdakı fikirləri də özündə ehtiva edən ayrıca bir rəy verdi:
“I
Əsas Sənaye Rüsumu haqqında əsas Qanun 48/1975 saylı qanun idi. Həmin qanun layihəsinə verilmiş izahlı qeydlərdə bildirilirdi ki, o, Fİİ-nin, Milli Sənətkarlar Federasiyasının, İslandiya Kooperativ Şirkətlər Birliyinin tövsiyəsinə uyğun olaraq təqdim olunmuşdur. Bu təfsilatlı bir izah idi ki, söz-bə-söz izahlı qeydlərdə olduğu kimi də qəbul olunmuşdur. Burada belə bir mülahizə var idi: ‘... qeyd etmək olar ki, sənaye müəssisələri və sənaye sahəsində olan fərdi sahibkarlar dövlət üçün həm öz işçilərindən, həm də istehlakçılardan müxtəlif rüsumlar yığırlar. Onların həyata keçirdiyi və məsuliyyət daşıdığı illik vergi milyardlarla ölçülür və buna görə heç bir əvəz almırlar. Buna görə də, Dövlətin bu subyektlərin təşkil olunması üçün onların Dövlət üçün yığdıqlarının yalnız çox az bir hissəsini təşkil edən rüsum toplanmasını öz üzərinə götürməsi ağlabatan görünür. Bu gəlir mənbəyi İslandiya sənayesində peşəkar federasiyaların sənayenin gələcək inkişafı istiqamətində daha fəal iştirakı üçün maliyyə bazasını formalaşdırır.’ Qanunda həmçinin, qüvvədə olan Qanunun müddəası ilə eyni olan bir müddəa yer alırdı ki, həmin müddəaya əsasən Sənaye Nazirliyinə hər il rüsumdan əldə olunan gəlirlərin istifadə olunması barədə hesabat göndərilməli idi. Bu kontekstdə izahlı qeydlərdə də göstərilirdi ki, ‘həmin müddəanın məqsədi hakimiyyət orqanlarına Sənaye Rüsumunun necə istifadə olunması barədə ağlabatan hesabat verilməsinin təmin edilməsidir.’
48/1975 saylı Qanun hazırkı 134/1993 saylı Qanunla əvəzləndi. Həmin Qanuna verilmiş izahlı qeydlərdə göstərilirdi ki, rüsum öhdəliyi daşıyanlar eynilə əvvəl olduğu kimi qalacaq, lakin Statistika Bürosunun biznes fəaliyyəti təsnifatına uyğun olaraq fəaliyyət kodlarına istinad sistemi qəbul olundu ki, ‘kimin rüsum öhdəliyi daşıması ilə bağlı hər hansı şübhələr aradan qaldırılsın’. Daha sonra müəyyən olundu ki, həmin rüsumdan əldə olunan gəlirlər bütünlüklə Fİİ-yə köçürülməlidir, lakin əvvəlki Qanuna əsasən isə həmin gəlirlər İslandiya Kooperativ Şirkətlər Birliyi, Konservləşdirmə Sənayesi Satış Ofisi, İslandiya Sənayeçiləri Federasiyası və Milli Sənətkarlar Federasiyası arasında bölüşdürülürdü. Eyni zamanda, əvvəllər vergi bazasının müəyyənləşdirilməsi üçün istinad edilən bələdiyyə biznes vergisi ləğv olunduqdan sonra vergi bazasının müəyyənləşdirilməsi standartı da dəyişdirildi.
II
Nizamnaməsinə uyğun olaraq Fİİ 2-ci Maddədə sadalanan ümumi məqsədlərə birgə çatmaq istəyən müəssisələr, fərdi sahibkarlar, ticarət və usta sənətkarlar assosiasiyalarının federasiyasıdır. Bu Maddədə Federasiyanın məqsədləri və rolu İslandiya sənayesinin müxtəlif yollarla təbliğatı və bu və ya həmin maddədə daha təfsilatlı şəkildə müəyyən olunmuş digər yolla onun üzvlərinin dəstəklənməsi olmaqla 10 bənddə göstərilir. Təqdim olunmuş sənədlərə uyğun olaraq assosiasiya özlüyündə Avropa Birliyinə üzvlük və müxtəlif sahələr üzrə vergiqoyma kimi siyasi məsələlərlə də məşğul olur. 8-ci Maddəyə əsasən Federasiyanın hər bir üzvü onun yığıncaqlarında ödədiyi üzvlük haqlarına mütənasib olan səsvermə hüquqlarından istifadə edir. Maddə 14-də qeyd olunur ki, üzvlük haqları ən çoxu ötən ilin dövriyyəsinin 0.15%-i həcmindədir, lakin Federasiyanın idarə heyəti daha az üzvlük haqlarının yığılması barədə qərar qəbul edə bilər. Həmin müddəada daha sonra qeyd olunur: ‘Federasiyaya köçürülən Sənaye Rüsumunu ödəyən subyektlərin ödədiyi rüsumun federasiyaya köçürülən hissəsi ayrıca tanınır və onların Federasiyaya ödəməli olduqları üzvlük haqları hesablananda bu məbləğ üzvlük haqlarından çıxılır. Əgər şəxsdən Sənaye Rüsumunun tutulması dayandırılarsa, avtomatik olaraq bu cür çıxılma da ləğv olunmalıdır. Hər bir üzvün səsvermə hüququ onun ödədiyi üzvlük haqqı əsasında hesablanmalıdır. Federasiya daxilində idarəetmə və qərarların qəbul edilməsinə görə, ümumiyyətlə assosiasiyalar daxilində olduğu kimi, onun idarə heyəti və icraçı direktoru məsuliyyət daşıyır.’
Fİİ tərəfindən [ərizəçinin] tələblərinin aid olduğu müddətlə bağlı təqdim olunmuş sənədlərdə Sənaye Rüsumunun necə istifadə olunmasının aydın bölgüsü verilməmişdir. Həmçinin, Federasiyanın Hesabatlarında rüsumun 2002 və 2003-cü illər üzrə istifadəsi haqqında şərhdən də görünür ki, Federasiya ‘apardığı ayrı-ayrı əməliyyatlarını üzvlük haqlarından, kapital gəlirindən, yoxsa Sənaye Rüsumundan əldə olunan vəsaitlər hesabına maliyyələşdirməsi barədə ayrıca sənədləşmə aparmır.’ Bu məsələ ilə bağlı oxşar bir bəyanata 2001-ci il üzrə Nazirə təqdim olunmuş Hesabatda da rast gəlinir, lakin 2004-cü il üzrə hesabat işin sənədlərinin içində yoxdur. Federasiyanın Nazirə təqdim olunmuş Hesabatları da ayrı-ayrı illər üzrə digər məsələlərlə bağlı oxşardır. Əslində işin sənədlərindən görmək olur ki, rüsumun bir hissəsi Federasiyanın ümumi idarəetməsi üçün sərf olunur. Bu iş üzrə təqdim olunan materiallarda Sənaye Nazirliyinin rüsumun istifadəsi ilə bağlı hər hansı mülahizələrinə rast gəlinmir və rüsumun istifadə olunması ilə bağlı şikayətlərin ardınca, İnşaat Ustaları Assosiasiyasına ünvanlanmış 15 fevral 2002-ci il tarixli məktubda Nazirlik aşağıdakı fikirləri ifadə edir: ‘Sənaye Rüsumu haqqında Qanunda aydın şəkildə müəyyən olunur ki, Fİİ rüsumun necə istifadə olunması barədə qərar vermək üçün qeyri-məhdud səlahiyyətə malikdir və qanun çərçivəsində olduqca Sənaye Nazirliyi bu fəaliyyətə müdaxilə edə bilməz.’ İslandiya Sənayelər Federasiyasının bu işlə əlaqədar olan müddət üçün təqdim olunmuş Hesabatlarından görmək mümkündür ki, Federasiyanın Sənaye Rüsumu ödəyən üzvlərinə onların ödədiyi sənaye rüsumunun məbləğinə bərabər ölçüdə onların üzvlük haqları üzrə güzəşt tətbiq olunmuşdur. Misal kimi Federasiyanın 2003-cü il üçün Sənaye Nazirliyinə Hesabatındakı bu şərhi göstərmək olar: ‘Qeyd etmək olar ki, Sənaye Rüsumu ödəyən üzvlərin ödədiyi həmin məbləğ onların Federasiyaya ödədiyi üzvlük haqqından tam olaraq çıxılır. Federasiya daxilində Sənaye Rüsumunu ödəməli olan şirkətlərin Federasiyanın Fəaliyyəti üçün, Federasiyaya üzv olan, lakin rüsum öhdəliyi olmayan şirkətlərdən daha çox ödəməli olması münasib hesab olunmur. Federasiyaya üzv olan bütün şirkətlər Federasiyaya, Sənaye Rüsumu ödəməli olub-olmadıqlarından asılı olmayaraq, bərabər ödəniş edirlər. Digər tərəfdən isə, üzv olmayan digər şirkətlər yalnız Sənaye Rüsumu ödəyirlər və bununla da İslandiya sənayesinin maraqlarının ümumi müdafiəsinə töhfə verirlər.’
III
Konstitusiyanın 74-cü Maddəsində birləşmək azadlığı haqqında müddəalara rast gəlinir ... Onlarda birləşmək azadlığının qaydaları Konvensiyanın 11-ci Maddəsinin müddəalarında birbaşa ifadə olunan qaydalardan daha təfsilatlıdır ... Konstitusiyanın 74-cü Maddəsinin 2-ci bəndinə əsasən: ‘Heç kim hər hansı bir assosiasiyanın üzvü olmağa məcbur edilə bilməz. Bununla belə, əgər assosiasiyanın ictimai maraq kəsb edən və ya başqalarının hüquqları naminə öz funksiyalarını həyata keçirə bilməsi üçün zəruri olarsa, qanunla həmin assosiasiyaya məcburi üzvlük müəyyən edilə bilər.’
Yuxarıda qeyd edildiyi kimi, Sənaye Rüsumunun məqsədi 1993-cü il Qanununa uyğun olaraq İslandiya sənayesinin təbliğidir, lakin orada həmçinin qeyd olunur ki, Dövlət Büdcəsinə rüsumun yalnız onun toplanması xərclərinə uyğun bir hissəsi köçürülməlidir. Qalanı Fİİ-yə köçürülür və Federasiyanın qərarı əsasında istifadə olunur. O da görünür ki, rüsumun qeyri-müəyyən bir hissəsi də Federasiyanın ümumi fəaliyyəti üçün idarə heyətinin qərarı əsasında xərclənir. Rüsumun Qanunla müəyyən olunan qaydada xərclənməsini təmin etmək üçün Sənaye Nazirliyinə 1993-cü il Qanununun müddəaları ilə adekvat səlahiyyət verilmir; Nazirlik sadəcə Federasiyanın hesabatlarını qəbul edir. Bu səbəblərdən də, hesab etmək olmaz ki, 1993-cü il Qanununun müddəaları rüsumun Qanunla tələb olunan fəaliyyətlər üçün xərclənəcəyini təmin edir.
Assosiasiyaya üzvlük haqlarının ödənilməsi adətən bu cür ödənişi tələb edən assosiasiyanın üzvlərinin əsas öhdəliyidir. Ərizəçi İnşaat Ustaları Assosiasiyasının üzvüdür. Nə o, nə də onun assosiasiyası Fİİ-nin üzvü deyillər. Ərizəçi, apelyasiya şikayəti verdiyi qərarda da qeyd olunduğu kimi, Federasiyanın onun və həm də sənayedə olan və Federasiyanın üzvü olmadan Sənaye Rüsumu ödəyən xeyli digərlərinin maraqlarına zidd fəaliyyət göstərdiyini nəzərə alaraq Federasiyanın müxtəlif sahələrdəki məqsədləri ilə razılaşmır. Buna baxmayaraq, 1993-cü il Qanununa əsasən [ərizəçi] İslandiya sənayesində fəal olanların və onların üzvlərinin maraqlarının müdafiəsi məqsədilə azad bir birliyə köçürülən rüsumu ödəmək öhdəliyi daşıyır. Ayrı-ayrı vaxtlarda həmin maraqlar isə heç bir dövlət orqanının ciddi şəkildə iştirakı olmadan, icraçı direktorun və idarə heyətinin qərarları ilə dəyərləndirilir.
Yuxarıda qeyd olunanları və 1993-cü il Qanununun meydana çıxma tarixini, rüsumun Federasiyanın ümumi fəaliyyəti üçün istifadə olunmasını nəzərə alanda görürük ki, ərizəçinin öz razılığı olmadan Qanunla müəyyən olunan mexanizmlə əslində onun üzərinə Federasiyanın fəaliyyətində iştirak etmək öhdəliyi qoyulur. Konstitusiyanın 74 § 2-ci Maddəsinin insanların birliklərə qoşulmamaq hüquqları haqqında yuxarıda qeyd olunmuş müddəaları 1993-cü il Qanunu ilə müəyyən olunmuş mexanizmi o şərtlə qadağan edən müddəalar kimi təfsir olunmalıdır ki, həmin mexanizm Konstitusiyanın həmin Maddəsinin ikinci bəndində göstərilən tələbləri yerinə yetirməsin. İslandiya Sənayelər Federasiyası orada istinad olunmuş tipli fəaliyyətlərlə məşğul olan bir birlik deyil. Bu səbəbdən də, ərizəçinin 2001-2004-cü illər üzrə ödəməsi üçün ona hesablanmış Sənaye Rüsumunun ləğv edilməsi ilə bağlı tələbi təmin olunmalıdır və cavabdehin ərizəçinin həm Rayon Məhkəməsində, həm də Ali Məhkəmədə iş üçün çəkdiyi xərclərin əvəzini ərizəçiyə ödəməli olması barədə qərar verilməlidir.”
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK
20. İslandiya Konstitusiyasının 74-cü Maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən:
“Siyasi birliklər və həmkarlar ittifaqları da daxil olmaqla assosiasiyalar hər hansı qanuni məqsədlə əvvəlcədən icazə olmadan yaradıla bilər. Assosiasiya inzibati qərarla ləğv edilə bilməz. Bununla belə, assosiasiyanın fəaliyyətinin qeyri-qanuni məqsədlər üçün həyata keçirildiyi müəyyən olunduqda isə həmin assosiasiyanın ləğv olunması barədə qərar qəbul olunması üçün məhkəmə qaydasında həmin assosiasiyaya qarşı təxirəsalınmadan iddia qaldırılmalıdır.
Heç kim hər hansı bir assosiasiyanın üzvü olmağa məcbur edilə bilməz. Bununla belə, əgər assosiasiyanın ictimai maraq kəsb edən və ya başqalarının hüquqları naminə öz funksiyalarını həyata keçirə bilməsi üçün zəruri olarsa, qanunla həmin assosiasiyaya məcburi üzvlük müəyyən edilə bilər.”
21. Sənaye Rüsumu haqqında 134/1993 saylı Qanunun müvafiq maddələrinə əsasən aşağıdakılar müəyyən olunur:
Bölmə 1
“İslandiyanın 2-ci bölmə ilə müəyyən olunan bütün sənaye subyektlərinin üzərinə 0.08%-lik rüsum, Sənaye Rüsumu qoyulur. Rüsumun əsasını Əlavə Dəyər Vergisi haqqında Qanunun 11-ci bölməsi ilə müəyyən olunan dövriyyə, üstəgəl həmin Qanunun 12-ci bölməsinə uyğun olaraq əlavə dəyər vergisindən azad edilmiş hər hansı dövriyyə təşkil edir.
Sənaye Rüsumunun hesablanması və toplanması müvafiq olaraq Gəlir və Əmlak Vergisi haqqında Qanunun VII-XIV Fəsillərinin müddəaları ilə tənzimlənir.
Birinci bəndə uyğun olaraq Sənaye Rüsumunun toplanması üçün çəkilmiş xərclərin ödənilməsi üçün rüsumun 0.5%-i Dövlət Büdcəsinə çatır.
Sənaye Rüsumu əsaslandığı fəaliyyət ili üzrə gəlirdən çıxıla bilər.”
Bölmə 2
“Bu Qanunun Əlavəsində sadalanmış fəaliyyət kodlarına uyğun gələn hər hansı fəaliyyət ‘sənaye’ anlayışı ilə əhatə olunur.
Tamamilə dövlət mülkiyyətində olan müəssisələr və ayrıca qanunlar əsasında yaradılmış əsas etibarilə dövlət mülkiyyətində olan müəssisələr sözügedən qanunla başqa qayda müəyyən olunmursa, rüsumdan azad edilir.”
Bölmə 3
“Sənaye Rüsumundan əldə olunan gəlirlər İslandiya Sənayelər Federasiyasına köçürülür. Həmin gəlirlər İslandiyada sənayenin təbliği və inkişafı üçün xərclənir. Federasiya hər il gəlirlərin istifadə olunması haqqında Sənaye Nazirliyinə hesabat verir.”
Bölmə 7
“Baş Audit İdarəsi Dövlətdən maliyyə və ya təminatlar alan institutlardan, assosiasiyalardan, fondlardan və digər subyektlərdən hesabatlar tələb edə bilər və onlar Baş Audit İdarəsi tərəfindən tələb olunan materialları təqdim etmək öhdəliyi daşıyırlar. Bundan əlavə, Baş Audit İdarəsi qanuna və ya iş müqavilələrinə və ya razılaşmalarına uyğun olaraq fərdlərlə, şirkətlərlə və ya institutlarla razılaşdırılmış tariflər əsasında tamamilə və ya əsas etibarilə Dövlət Büdcəsi hesabına ödəniləcək iş və ya xidmətlərə görə Dövlətə və Dövlət orqanlarına verilən hesab-fakturalarla eyni vaxtda hazırlanmış material və ya hesabatların əslini həmin hesab-fakturaların məzmununu və Dövlət Büdcəsinin ödəniş öhdəliyini yoxlamaq üçün əldə edə bilər və onları araşdırmaq hüququna malikdir. ...
Bu bölməyə əsasən Baş Audit İdarəsinin araşdırmalar aparmaq hüququ ilə bağlı mübahisə yaranarsa, Baş Audit İdarəsi son qərar üçün rayon məhkəməsinə müraciət edə bilər.”
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Avropa Sosial Hüquqlar Komitəsinin Mövqeyi
22. Komitə xüsusilə də, aşağıda göstərilən bir neçə iş üzrə birliyin rüsumları və ödənişləri məsələsini Avropa Sosial Xartiyasının 5-ci Maddəsi baxımından dəyərləndirmişdir:
İsveç Müəssisələr Konfederasiyası İsveçə qarşı, 12/2002 saylı Kollektiv Şikayət, İşin mahiyyəti üzrə 15 May 2003-cü il tarixli Qərar
“39. Komitə ilkin olaraq onu bildirir ki, SBWU və İsveç İnşaat Federasiyası arasında imzalanmış kollektiv razılaşmaya əsasən işçilərin maaşlarından tutulan rüsumlar, həmin kollektiv razılaşmaya uyğun olaraq, maaşların monitorinqi xidməti üçündür. Komitə qeyd edir ki, maaşların monitorinqi sistemi milli ənənələrdən asılı olaraq ya dövlət tərəfindən, ya da qanunvericinin aydın və ya güman edilən şəkildə verdiyi səlahiyyət əsasında peşəkar assosiasiyalar və ya həmkarlar ittifaqları tərəfindən həyata keçirilir. Sonuncu halda bu xidmət üçün legitim olaraq rüsum ödənilməsi tələb oluna bilər.
40. Nəticədə Komitə bildirdi ki, həmkarlar ittifaqına maaşların monitorinqi fəaliyyətinin maliyyələşdirilməsi üçün ödənilən rüsum özü-özlüyündə əsassız hesab oluna bilməz. Həmçinin qeyd olunur ki, bu rüsum işçinin həmkarlar ittifaqına qoşulmaq azadlığına müdaxilə də hesab oluna bilməz, çünki, həmin ödəniş avtomatik olaraq SBWU-ya üzvlüyə səbəb olmur və əlavə olaraq, SBWU-dan başqa digər həmkarlar ittifaqlarının üzvləri olan işçilərdən tələb olunmur.
41. Bununla belə, Komitə hesab edir ki, rüsumların real istifadəsi ilə bağlı şübhələr mövcuddur və hazırkı işdə maaşların monitorinqindən başqa fəaliyyətlər maliyyələşməli olsaydı, bu rüsumların ən azı bir hissəsi 29-cu bənddə göstərilmiş əsaslarla, 5-ci Maddənin pozulması ilə, çıxılmalı idi.
42. Hazırkı işdə Komitə rüsumların istifadəsini və xüsusilə də rüsumların görülmüş xidmətin dəyərinə nə dərəcədə mütənasib olduğunu və maaş monitorinqinin işçilərə hansı faydaları verdiyini yoxlayacaq mövqedə deyil. Bunlar 39 və 40 və ya 41-ci bəndlərə əsasən, 5-ci Maddənin pozuntusunun müəyyənləşdirilməsi üçün həlledici faktorlardır. Buna görə də, Komitə hesab edir ki, Komitənin bu mövzu üzrə müəyyənləşdirdiyi prinsiplərin əsasında məsələ ilə bağlı qərar vermək milli məhkəmələrin üzərinə düşür və ya işin hallarından asılı olaraq qanunverici çalışmalıdır ki, məhkəmələr Xartiyaya uyğunluq və sözügedən müddəaların qanuniliyi ilə bağlı nəticələr çıxara bilsinlər.
43. Təcrübədə Komitə hesabat proseduru və işin hallarından asılı olaraq kollektiv şikayətlər proseduru vasitəsilə vəziyyətə nəzarət etmək hüququnu özündə saxlayır.
...”
2002-ci il üzrə Nəticələr, Rumıniya, səh. 126
“... Hesabata görə kollektiv razılaşma üzrə danışıqlar aparılması üçün müəssisədə olan qeyri-üzvlərin üzərinə rüsum ödəmək öhdəliyinin qoyulması və ‘ərizə formasının doldurulması’ həmkarlar ittifaqları üçün adi haldır. Komitənin tələbi ilə Hökumətdən alınmış əlavə məlumat göstərir ki, bu təcrübənin əsasını 2001-2002-ci illər üzrə vahid milli kollektiv razılaşma təşkil edir ki, həmin razılaşmaya əsasən çıxılmanın miqdarı maaşın 0.3 %-dən az və birliyin rüsumlarından çox olmamalı idi. Komitə qeyd edir ki, kollektiv razılaşmalar haqqında 130/1996 saylı Qanunun 9-cu Bölməsinə əsasən kollektiv razılaşmalar xidmət müddətindən və ya həmkarlar ittifaqına üzvlükdən asılı olmayaraq müəssisədəki bütün işçilərə tətbiq olunmalıdır. Bu hallarda həmkarlar ittifaqının üzvü olmayan işçilərin üzərinə rüsum qoyulması birliyin təhlükəsizlik təcrübəsini yaradır ki, bu da təşkilatlanmaq hüququna ziddir.
Komitə xahiş edir ki, növbəti hesabatda birliyə rüsumun ödənilməsindən əlavə, üzvlüyə müraciət etmək üçün həmin rüsumun qeyri-üzvlərdən də tələb olunub-olunmaması da göstərilsin. ...”
2004-cü il üzrə Nəticələr, Rumıniya, səh. 454-55
“...
Komitə daha əvvəl də qət etmişdi ki, ittifaqın üzvü olmayan işçilərin, kollektiv razılaşma üzrə danışıqlar aparmış həmkarlar ittifaqına (hətta baxmayaraq ki, bu cür razılaşmalar həmkarlar ittifaqının üzvü olub-olmadıqlarından asılı olmayaraq qanunla müstəqil qaydada bütün işçilərə tətbiq olunur) haqq ödəmək öhdəliyi olduğundan, Rumıniyadakı vəziyyət 5-ci Maddənin tələblərinə uyğun gəlmir (həmin vəziyyət 2002-ci ilin Yekunlarında, səh. 126-da təsvir olunub).
Komitə hesabatdakı izahatlara və 12/2002 saylı Şikayətdə (İsveç Müəssisələr Konfederasiyası İsveçə qarşı (Confederation of Swedish Enterprise v. Sweden), işin mahiyyəti üzrə 15 May 2003-cü il tarixli qərar, §§26-31) müəyyən etdiyi prinsiplərə əsaslanaraq vəziyyəti yenidən araşdırdı. Komitə qeyd edir ki, birincisi, ianələr bütün işçilərin faydalandığı fəaliyyətin, yəni kollektiv razılaşmalar üzrə danışıqların aparılmasının maliyyələşdirilməsinə kömək edir. İkincisi, təcrübənin əsaslandığı 2001-2002-ci illər üzrə vahid milli kollektiv razılaşmaya əsasən ianə məcburi deyil və həmkarlar ittifaqı üçün saxlanılmır. Yekunda, həmkarlar ittifaqına avtomatik qoşulma ilə bağlı heç bir qanunvericilik norması yoxdur. Buna görə də, Komitə hesab edir ki, bu vəsaitin ödənməsi özü-özlüyündə işçilərin həmkarlar ittifaqına qoşulmaq və ya qoşulmamaq hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz.”
Nəticələr XVIII-1, Macarıstan, səh. 390
“... Özünün daha əvvəl gəldiyi nəticədə Komitə mövcud qanunvericiliklə ittifaqın üzvü olmayanlar da daxil olmaqla bütün işçilərin maaşlarından çıxılmaların qadağan edilib-edilmədiyini sual etdi. Hesabatda qeyd olunur ki, həmkarlar ittifaqına ödəniləcək haqların çıxılması qaydalarına əsasən ittifaqa haqlar yalnız bu haqları ödəmək mandatı olan şəxslər tərəfindən ödənilir ki, bu da o deməkdir ki, həmin şəxslər həmkarlar ittifaqının üzvü olmalıdırlar.
İttifaqa haqlar iki yolla ödənilə bilər. İttifaqın üzvləri onlara düşən haqları ya birbaşa ittifaqın hesabına ödəyə bilərlər, ya da öz işəgötürənlərindən xahiş edə bilərlər ki, həmin haqqı onların maaşlarından tutsunlar və işçi sonuncu yolu seçdikdə işəgötürən işçinin istəyini yerinə yetirməlidir. 2002-ci ildə parlament ittifaqların dəstəyi ilə işəgötürənlərdən haqların maaşdan tutulmasını və köçürülməsini tələb edən qanun qəbul etdi. Buna qədər bu cür tutulmalar yalnız həm işəgötürənin və həm də işçinin razılaşması ilə mümkün idi. Komitə hesab edir ki, həmkarlar ittifaqına ianələrin maaşlardan mənbədə tutulması proseduru milli qanunvericiliklə qadağan və ya məcburi edilə bilməz. Bu prosedurdan qeyri-legitim məqsədlər üçün istifadə olunması, misal üçün həmkarlar ittifaqına üzvlüklə əsasında məlumat əldə edilməsi, üçün cinayət məsuliyyəti müəyyən olunmalıdır. ...”
B. Beynəlxalq Əmək Təşkilatının standartları
23. İşçilərin və işəgötürənlərin öz seçimləri əsasında təşkilatlar yaratmaq və ya təşkilatlara qoşulmaq hüququ barədə məlumata Beynəlxalq Əmək Təşkilatının (İLO) İdarəetmə Orqanının Birləşmək Azadlığı Komitəsinin qərarlarının və prinsiplərinin Xülasəsinin 5-ci Fəslində rast gəlmək mümkündür.
“Həmkarlar ittifaqı birliyi və plüralizm” yarım-başlığı altında qeyd olunur ki, işçilərin və işəgötürənlərin bir-briri ilə rəqabət aparan təşkilatların çoxalmasından qaçmağı ümumilikdə öz maraqlarına uyğun hesab etməsi Dövlətin birbaşa və ya dolayı müdaxiləsinin əsaslandırılması üçün kifayət deyil (bax Qərarların və prinsiplərin Xülasəsi, 2006, 319-cu bənd). Qanunla yaradılmış monopoliya vəziyyəti işçilərin və işəgötürənlərin təşkilat seçmək azadlığı prinsipinə ziddir (320-ci bənd). Dövlət həmkarlar ittifaqının mövcud təşkilatı aradan qaldırmaq üçün etdiyi hüquqi cəhdi nə dəstəkləməli, nə də ona mane olmalıdır. İşçilər hakimiyyətin müdaxiləsi olmadan onların işgüzar mənafelərini ən yaxşı müdafiə edəcəyini düşündükləri ittifaqı seçməkdə azad olmalıdırlar (322-ci bənd). Həmkarlar ittifaqlarının sənaye sahələri və regionlar üzrə yaradılmasına icazə verildiyi halda, nəzərdə tutulan kateqoriyadan olan bütün işçilərin üzərinə vahid milli həmkarlar ittifaqına ianələr ödəmək öhdəliyinin qoyulması işçilərin təşkilatlara “öz seçimləri əsasında” qoşulmaq hüququna malik olması prinsipi ilə bir araya sığmır (325-ci bənd).
24. “Ayrı-ayrı təşkilatlara münasibətdə himayəçilik və ya ayrı-seçkilik” yarım-başlığı altında aşağıdakılar qeyd olunur (Xülasədə hər bir bənddən sonra verilən istinadlar burada verilməmişdir):
“339. Bir iş üzrə, məhdud funksiyaların qanunla həmkarlar ittifaqlarının müəyyən kateqoriyalarına açıq olduğunu nəzərə alaraq, Komitə hiss etdi ki, milli qanunvericiliyə əsasən həmkarlar ittifaqları arasında aparılan fərqləndirmə dolayısı ilə işçilərin öz seçdikləri təşkilata məxsus olmaq azadlığının məhdudlaşdırılmasına səbəb ola bilər. Komitənin bu mövqeyə gəlməsinin səbəbləri aşağıdakılardır. Ümumi qayda kimi, dövlət hansısa bir təşkilata üstünlük verə bildikdə və ya başqa bir təşkilatın xeyirinə görə həmin üstünlüyü hansısa bir təşkilatın əlindən aldıqda, dövlətin belə bir niyyəti olmasa belə, bir həmkarlar ittifaqının digərlərinə qarşı ədalətsiz olaraq üstün və ya aşağı mövqeyə qoyulması riski vardır ki, bu da öz növbəsində ayrı-seçkilik aktı yaradır. Daha dəqiq desək, bir təşkilatı digərlərinə münasibətdə əlverişli və ya əlverişsiz vəziyyətə gətirməklə dövlət ya birbaşa, ya da dolayısı ilə işçilərin məxsus olmaq istədikləri təşkilatla bağlı seçimlərinə təsir edə bilər, çünki, hətta onların təbii seçimləri peşə, dini, siyasi və ya digər səbəblərdən onların başqa bir təşkilata qoşulmasına səbəb olardısa da, şübhəsiz ki, onlar onlara ən yaxşı xidmət göstərə bilən ittifaqa qoşulmaq istəyəcəklər. Subyektlərin seçmək azadlığı açıq şəkildə 87 Saylı Konvensiyada ifadə olunmuş bir hüquqdur.
...
340. Hansısa təşkilata digərləri ilə müqayisədə əlverişli və ya əlverişsiz münasibət göstərməklə dövlət işçilərin qoşulmaq istədikləri təşkilatla bağlı seçiminə təsir edə bilər. Bundan əlavə, bilərəkdən bu cür davranan dövlət 87 Saylı Konvensiya ilə müəyyən olunan, dövlət orqanlarının Konvensiya ilə təmin olunan hüquqları məhdudlaşdıran hər hansı müdaxilədən çəkinməli və ya onların qanuni şəkildə icra olunmasının qarşısını almalı olması barədə prinsipi pozur; dolayısı ilə, həmçinin, qanunların Konvensiya ilə müəyyən olunan təminatlara xələl gətirməməli və ya xələl gətirəcək formada tətbiq olunmamalı olması barədə prinsip də pozulur. Yaxşı olar ki, əgər dövlət həmkarlar ittifaqı təşkilatlarına müəyyən imkanlar təmin etmək istəyərsə, bu təşkilatların hamısına bərabər münasibət göstərsin.
...
341. Həmkarlar ittifaqı və əmək və digər dövlət orqanları arasında yaxın iş münasibətinin olduğu bir işdə Komitə həmkarlar ittifaqı hərəkatının müstəqilliyi ilə bağlı 1952-ci il qətnaməsinin vacibliyini vurğuladı və dövləti hər hansı bir həmkarlar ittifaqına münasibətdə himayədarlıq və ya ona qarşı ayrı-seçkilik etməkdən çəkinməyə çağırdı və ondan tələb etdi ki, işçilərin və işəgötürənlərin təşkilatları ilə işləyərkən özünə elə neytral mövqe müəyyən etsin ki, həmin təşkilatlar bərabər vəziyyətdə olsunlar.
...
342. Bir neçə dəfə Komitə dövlət orqanlarına qarşı onların bir və ya daha artıq həmkarlar ittifaqı təşkilatlarına münasibətdə himayədarlıq və ya onlara qarşı ayrı-seçkilik etməsi iddiaları üzrə işləri araşdırmışdır:
(1) ...
(2) ittifaqlar arasında subsidiyaların qeyri-bərabər paylanması ...
(3) ...
Bu və ya digər metodlarla ayrı-seçkilik işçilərin həmkarlar ittifaqına üzvlüyünə təsirin qeyri-rəsmi forması ola bilər. Buna görə də, bəzən bunu sübut etmək çətindir. Buna baxmayaraq, hər hansı bu tipli ayrı-seçkilik işçilərin 87 Saylı Konvensiyanın 2-ci Maddəsi ilə müəyyən olunmuş, öz seçimləri əsasında təşkilatlar yaratmaq və onlara qoşulmaq hüququnu pozur.”
25. Xülasənin 8-ci Fəslində həmkarlar ittifaqlarının dövlət tərəfindən maliyyələşdirilməsi və nəzarət ilə bağlı aşağıdakı prinsiplər müəyyən olunur (Xülasədə hər bir bənddən sonra verilən istinadlar burada verilməmişdir):
“466. İşçilərin öz seçimləri əsasında təşkilatlar yaratmaq hüququ və bu cür təşkilatların öz konstitusiyalarını və daxili qaydalarını hazırlamaq və öz idarəetmə və fəaliyyətlərini təşkil etmək hüququ onların maliyyə müstəqilliyini şərtləndirir. Bu cür müstəqillik o deməkdir ki, işçi təşkilatları elə maliyyələşdirilməlidir ki, dövlət orqanları onların üzərində səlahiyyətə malik olmasın.
...
467. Həmkarlar ittifaqının hərəkatının onu maliyyə baxımından dövlət orqanından asılı edən maliyyələşdirilməsi sistemləri ilə bağlı, Komitə bildirdi ki, dövlət nəzarətinin istənilən forması birləşmək azadlığının prinsipləri ilə bir araya sığmır və dövlət orqanlarının həmkarlar ittifaqlarının maliyyə idarəetməsinə müdaxiləsinə icazə verdiyinə görə ləğv olunmalıdır.
...
470. İşçilərin, öz növbəsində həmkarlar ittifaqı təşkilatlarını maliyyələşdirən bir dövlət təşkilatına ianə ödəməli olduğu bir sistem bu təşkilatların müstəqilliyinə qarşı ciddi bir təhlükədir.
...
473. Həmkarlar ittifaqı və işəgötürənlərin təşkilatlarının maliyyələşdirilməsi ilə bağlı məsələlər, həm onların öz büdcələri və həm də federasiya və konfederasiyaların büdcələri baxımından, həmin təşkilatların, federasiyaların və konfederasiyaların öz daxili qaydaları ilə tənzimlənməlidir və buna görə də, ianə tələb edən konstitusional və qanunvericilik normaları birləşmək azadlığının prinsiplərinə uyğun deyil.”
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU İLƏ BAĞLI
26. Ərizəçi iddia etdi ki, qanunla Fİİ-yə Sənaye Rüsumu ödəmək öhdəliyinin müəyyən edilməsi onun Konvensiyanın 11-ci Maddəsi ilə aşağıdakı mətndə təmin olunan birləşmək azadlığı hüququnu pozmuşdur:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə ... sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. ...”
Bundan əlavə, ərizəçi Konvensiyanın 9-cu (Fikir, vicdan və din azadlığı hüququ) və 10-cu (ifadə azadlığı hüququ) Maddələrinə əsaslandı.
27. Hökumət bu mövqeni mübahisələndirdi.
28. Məhkəmə hesab edir ki, ərizənin bu hissəsi 9 və 10-cu Maddələr əsasında təfsir olunaraq məhz Konvensiyanın 11-ci Maddəsi əsasında araşdırılmalıdır.
A. 11-ci Maddə ilə təmin olunan hüquqa müdaxilənin mövcudluğu
1. Tərəflərin təqdimatları
(a) Ərizəçi
29. Ərizəçinin fikrincə birləşmək azadlığı hüququnun neqativ aspekti həmin hüququn pozitiv aspekti ilə bərabər vəziyyətdə nəzərə alınmalıdır. Hər hansı başqa nəticə məntiqsiz olardı və birləşmək azadlığının prinsipinə xələl gətirərdi. Bununla da, Məhkəmə düzgün olaraq müəyyən etdi ki, birləşmək azadlığı hüququnun neqativ aspektinə zidd olaraq hansısa həmkarlar ittifaqına qoşulmağa və onun fəaliyyətini maliyyələşdirməyə məcburetmə “11-ci Maddə ilə təmin olunan birləşmək azadlığının birbaşa olaraq mahiyyətinə zərbədir” (Məhkəmə bu işlərə istinad etdi: Young, James və Webster Birləşmiş Krallığa qarşı (Young, James and Webster v. the United Kingdom) 13 avqust 1981-ci il, § 55, A Seriyası no. 44, və Sørensen və Rasmussen Danimarkaya qarşı [GC] (Sørensen and Rasmussen v. Denmark), nos. 52562/99 və 52620/99, § 54, ECHR 2006‑I ).
30. Ərizəçi Hökumətin hazırkı işin üzvlük haqqı deyil, vergi məsələsi ilə bağlı olması və buna görə də birləşmək azadlığı hüququnun neqativ aspektdən pozulmamış olması barədə mövqeyi ilə razılaşmadı. Hökumət verginin Dövlətə ümumi maraqlar naminə Dövlətin qərarlarına uyğun olaraq Dövlət tərəfindən istifadə olunacaq məcburi ödəniş olduğunu qəbul etdi, lakin Sənaye Rüsumunu bu xüsusiyyətlərə malik olmayan və Fİİ üçün Dövlət tərəfindən onun adından toplanan ödəniş kimi dəyərləndirmədi. Bu yolla toplanan vəsaitlərin necə istifadə olunması barədə qərarları öz qaydalarına və görüşlərinə əsasən Fİİ verirdi və bu qərarlar verilərkən onun maliyyələşdirilməsi üçün qanunla müəyyən olunan qaydada ianə verməli olan ərizəçinin və digərlərinin mövqeləri nəzərə alınmırdı. Ali Məhkəmənin razılaşmayan üzvünün rəyində ayrıca qeyd olunanlara əsasən, ərizəçi icbari haqqı ödəmək yolu ilə Fİİ-nin üzvü olmağa və/və ya Fİİ daxilində digərləri ilə birləşməyə məcbur edilmişdi. Sənaye Rüsumunun icbari xarakterinə və Fİİ üzvlərinin rüsumlarının onların üzvlük haqlarından çıxıla bilməsinə baxmayaraq, Fİİ ərizəçini və onu kimi digərlərini üzvlüyə qəbul etməmək hüququnu özündə saxlayırdı.
31. Ərizəçi daha sonra bildirdi ki, Sənaye Rüsumunun ödənilməsi ilə bağlı mübahisəli öhdəlik onun pozitiv birləşmək azadlığı hüququnun icrasına mənfi təsir etmişdir. 11 § 1-ci Maddə kollektiv birlik və ya assosiasiya yaratmaq və ona qoşulmaq hüququ da daxil olmaqla həmin qrupun üzvlərinin ümumi mənafelərinin təmin olunması üçün başqaları ilə birləşmək azadlığı hüququnu müdafiə edir. Sənaye Rüsumunun qoyulması ərizəçinin və digərlərinin onların görüşlərini və maraqlarını təmin edəcək assosiasiyalar yaratmaq və maliyyələşdirmək imkanlarını azaldır. Ən azından ərizəçinin və digərlərinin öz ümumi maraqları və görüşlərinin təmin olunması üçün könüllü olaraq başqaları ilə birləşmək hüququna müdaxilə edilmişdir. Bununla əlaqədar ərizəçi Beynəlxalq Əmək Təşkilatının (İLO) İdarəetmə Orqanının Birləşmək Azadlığı Komitəsinin qərarlarının və prinsiplərinin Xülasəsinin 339 və 342-ci bəndlərinə istinad etmişdir (bax yuxarıda 23 və 24-cü bəndlər). Hər hansı təşkilata başqaları ilə müqayisədə əlverişli və ya əlverişsiz münasibət göstərmək də daxil olmaqla, həmin bəndlərdə qeyd olunmuş tipdə olan hər hansı ayrı-seçkilik fərdlərin öz seçimləri əsasında təşkilatlar yaratmaq və onlara qoşulmaq hüquqlarına xələl gətirirdi.
32. Ərizəçinin fikrincə aydın idi ki, özəl bir assosiasiya olan Fİİ digər özəl assosiasiyalara nisbətən daha əlverişli vəziyyətdə idi. Sənaye Rüsumu Fİİ-nin fəaliyyətini maliyyələşdirmək üçün qoyulmuş bir vergi idi. Nə MBA, nə də hər hansı digər özəl təşkilat bu vergidən faydalanırdı.
33. Ərizəçi bildirdi ki, 9-cu Maddə ilə fikir azadlığının və 10-cu Maddə ilə ifadə azadlığının müdafiəsi seçim azadlığını ehtiva edirdi. Bu o deməkdir ki, şəxsin siyasi görüşlərin təbliği üçün digərləri tərəfindən çəkilən xərclərə görə maliyyə dəstəyi verib-verməmək və baxışları ilə razılaşmadığı və məqsədlərini dəstəkləmədiyi digər şəxslərlə qruplaşıb-qruplaşmamaq seçimi olmalıdır. Beləliklə də, şəxsi mövqeyi, fəaliyyəti və görüşləri ilə razılaşmadığı bir assosiasiyaya haqq ödəməyə və həmin assosiasiya tərəfindən həmin görüşlərin təbliği və yayılması üçün çəkilmiş xərclərə görə maliyyə yardımı etməyə məcbur etmək özü-özlüyündə şəxsin 11-ci Maddə ilə təmin olunan hüquqlarına müdaxilədir.
(b) Hökumət
34. Hökumət ərizəçinin Konvensiyanın 11-ci Maddəsi ilə təmin olunan birləşmək hüququna həm onun həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ baxımından, həm də onun heç bir assosiasiyaya qoşulmamaq hüququ baxımından, hər hansı müdaxilə edilmiş olması ilə razılaşmadı. Ərizəçi Fİİ-nin üzvü deyildi və hər hansı bir yolla üzv olmağa məcbur edilməmişdi. Ərizəçi sadəcə, 300,000-lik əhalisi olan ölkədə Sənaye Rüsumu ödəməli olan 10,000 nəfərdən biri idi. Sənaye Rüsumun məbləği biznes dövriyyəsinin 0.08% -ini təşkil etməklə çox aşağı idi. O, üzvlük haqqı deyil, spesifik məqsədlə, 1993-cü il Qanunu ilə İslandiyada sənayenin və sənaye inkişafının təbliğ olunması üçün müəyyən olunmuş vergi idi. Digər vergilər kimi bu rüsum da Dövlət tərəfindən yığılırdı. Qanuna uyğun olaraq, vəsaitlər Fİİ-yə köçürülür və Fİİ həmin vəsaitləri müəyyən olunmuş məqsəd üçün istifadə etməlidir. Qeyd olunmalıdır ki, hətta Fİİ-nin qeyri-hökumət təşkilatı olmasına baxmayaraq, ona Sənaye Rüsumunun ümumilikdə sənayenin faydası üçün istifadə olunması ilə bağlı aydın və qanunla müəyyən olunmuş rol verilmişdir. Ərizəçi də fərdi sahibkar kimi faydalanan qrupa daxildir.
35. Fİİ xüsusi olaraq öz üzvlərinin maraqları üçün işləyərkən, bir tərəfdən, Sənaye Rüsumundan əldə olunan gəlirlərin onların xüsusi maraqları üçün, digər tərəfdən isə bütövlükdə sənaye sektorunun ümumi maraqları üçün necə istifadə olunması ilə bağlı sənədləşmə aparır. Fİİ-nin Sənaye Rüsumundan əldə olunan vəsaitlərdən istifadə etməsi qanunla müəyyən olunan şərtlər əsasında və effektiv dövlət nəzarəti altında həyata keçirilmişdir. Bu sahədə nəzarət elə həyata keçirilmişdir ki, ərizəçi kimi, Fİİ-nin üzvü olmadan və ya hər hansı formada ona qoşulmadan ona haqq ödəyən şəxslərə münasibətdə şəffaflıq tələblərinə tam əməl olunsun. Bu baxımdan, hazırkı iş Evaldsson və Başqaları İsveçə qarşı (Evaldsson and Others v. Sweden) (no. 75252/01, 13 fevral 2007-ci il) işindən fərqlənirdi. Fİİ-nin Sənaye Rüsumu ödəyən üzvlərinə üzvlük haqlarından endirim etməsinin ərizəçinin vəziyyətinə təsiri yox idi. Bir qeyri-hökumət təşkilatı kimi Fİİ öz üzvlük haqlarının hesablanması ilə bağlı qərar verərkən tamamilə öz hüquqları çərçivəsində hərəkət etmişdir və bunu edərkən də dövlətin müdaxiləsinə qarşı 11-ci Maddə ilə təmin edilən müdafiədən yararlanmışdır.
36. Hökumət vurğuladı ki, Sənaye Rüsumunun qoyulması Beynəlxalq Əmək Təşkilatı tərəfindən özünün qərarlarının və prinsiplərinin Xülasəsində “Ayrı-ayrı təşkilatlara münasibətdə himayəçilik və ya ayrı-seçkilik” başlığı altında təsvir etdiyi vəziyyətdən mahiyyətcə fərqlidir (bax yuxarıda 24-cü bənd). Fİİ-yə köçürülən vergi gəlirlərinə Dövlət tərəfindən qeyri-bərabər şəkildə bir işəgötürən assosiasiyasına verilib digərlərinə verilməyən subsidiya kimi baxmaq olmaz. Əksinə, bu vəsaitlər İslandiya sənayesinin təbliği və sənayenin inkişafı ilə bağlı Fİİ-nin üzərinə qoyulmuş rəsmi vəzifələrin icrası üçün sərf olunan xərclərin ödənilməsi üçün nəzərdə tutulurdu. Başqa işəgötürən assosiasiyalarının da nə üçün Sənaye Rüsumundan əldə olunan gəlirlərdən almamasının səbəbi o idi ki, heç bir başqa assosiasiyanın üzərinə bu cür vəzifələr qoyulmamışdı. Buna görə də Fİİ və ənənəvi işəgötürən assosiasiyaları arasında İLO Komitəsinin nəzərdə tutduğu mənada heç bir ayrı-seçkilikdən söhbət gedə bilməzdi.
37. Hökumətin fikrincə hazırkı iş üzrə olan vəziyyətlə Məhkəmənin birləşmək azadlığının neqativ aspektləri ilə bağlı əvvəlki (misal üçün Young, James və Webster, yuxarıda istinad olunub; Sigurður A. Sigurjónsson İslandiyaya qarşı (Sigurður A. Sigurjónsson v. Iceland) (30 iyun 1993-cü il, A Seriyası no. 264); və Sørensen və Rasmussen, yuxarıda istinad olunub) qərarlarındakı vəziyyət arasında əsaslı fərq var idi. Həmin işlərdən fərqli olaraq, hazırkı işdə ərizəçinin Sənaye Rüsumu ödəməkdən imtina etməsi onun işini və ya yaşamaq üçün vasitələrini itirməsi ilə və bu aspektdən başqa bir məhrumiyyətlə nəticələnməyəcəkdi. Sözügedən məsələ sadəcə vergi ilə bağlı idi, üzvlük haqqı ilə deyil.
38. Ərizəçi Sənaye Rüsumu ödəməsəydi, o, nə əmək qanunvericiliyi, və ya cinayət qanunvericiliyinə əsasən heç bir şəxsi məhrumiyyətə məruz qalmayacaqdı, nə də əlavə dəyər vergisinin yığılması üçün tətbiq olunan xüsusi qaydalara əsasən biznesini bağlamağa məcbur edilməyəcəkdi. Hər hansı qalıq borca vergi orqanları tərəfindən istifadə olunan adi vergi yığımı tədbirləri, yəni bərpa və ərizəçinin əmlakının əlavə olunması (Məcburetmə Tədbirləri haqqında 90/1989 saylı Qanun,) və həmin əmlakların hərracda məcburi satılması (90/1991 saylı Qanun) tədbirləri çərçivəsində baxılacaqdı. Beləliklə də, əgər ərizəçi Sənaye Rüsumu ödəməkdən imtina etsəydi, bunun yeganə nəticəsi eynən adi qaydada vergilərlə bağlı tətbiq olunan maliyyə təzyiqi olacaqdı. Hər halda, ərizəçinin fəaliyyətinin üzərinə qoyulan rüsum çox cüzi (0.08%) olmaqla bütövlükdə 2004-cü il üçün cəmi 66 AVRO məbləğində idi. Bu cür kiçik məbləğ onun üçün maliyyə yükü ola bilməzdi və hazırkı işi Evaldsson və Başqaları (Evaldsson and Others) (yuxarıda istinad edilib) işindən fərqləndirirdi.
39. Hökumət daha sonra ərizəçinin Konvensiyanın 9 və 10-cu Maddələrinə əsaslanaraq təqdim etdikləri ilə razılaşmadı. Fİİ-nin hər hansı siyasi partiyaların fəaliyyəti və siyasəti ilə bağlı heç bir siyasi məqsədləri yox idi. O, heç vaxt hansısa xüsusi bir partiyaya və ya siyasi qruplara birbaşa və ya dolayı maliyyələşdirmə yolu ilə dəstəyini bəyan etməmişdir. Buna görə də, Hökumət ərizəçinin Fİİ-nin siyasi fəaliyyətdə iştirak etməsi barədə əsaslandırılmamış iddialarını qəti şəkildə rədd etdi. Fİİ təbii ki, zaman sənayenin maraqları və bu sektorun inkişafı üçün əlverişli şəraitin ən yaxşı formada necə təmin edilməsi ilə bağlı olan ictimai müzakirələrdə iştirak etmişdir. Lakin, bu hansısa vaxtda hakimiyyətdə olan siyasi partiya və ya partiyalarla bağlı deyildi. Bu baxımdan da, ərizəçinin vəziyyəti Young, James və Webster və Sørensen və Rasmussen işlərindəki ərizəçilərin vəziyyətindən fərqlənirdi, çünki, həmin işlərdə ərizəçilərin üzv olmağa məcbur olduqları həmkarlar ittifaqları ilə spesifik siyasi partiyalar arasında açıq və aydın bəyan edilmiş bağlılıq var idi.
40. Ərizəçinin işindəki hallar Chassagnou və Başqaları Fransaya qarşı (Chassagnou and Others v. France) ([GC], nos. 25088/94, 28331/95 və 28443/95, ECHR 1999‑III) işindəki hallarla müqayisə olunmazdır. İslandiyada bütövlükdə sənaye sektoru üçün ən böyük forum olan Fİİ Avropa Birliyinin sənayenin maraqlarına necə xidmət etdiyini və Avropa Birliyinə Üzv Ölkələrdə İslandiyadakı vəziyyətlə müqayisədə sənayenin fəaliyyəti üçün hansı şərtlərin təmin olunduğunu dəyərləndirmiş və öz rəyində ifadə etmişdir. Bununla belə, bu ərizəçinin istəklərinə zidd olaraq qoşulmağa məcbur olduğu hər hansı bir siyasi görüş və ya inancların qəbul edilməsi demək deyildi. Fİİ müxtəlif kateqoriyadan olan sənaye sahələri üzrə həddindən artıq geniş və fərqli müəssisələr və işəgötürənlər qrupunun təmsilçisi idi ki, burada yeganə siyasət sənayenin maraqları üçün çalışmaq idi, hansısa ayrıca siyasi partiya və ya partiyaların siyasi kursunu dəstəkləmək və ya siyasi fəaliyyətdə iştirak etmək deyildi.
41. Yuxarıda qeyd olunanlar əsasında, Hökumət bildirdi ki, ərizəçinin işində 11-ci Maddə ilə təmin olunan hüquqların mahiyyətinə zərbə vuracaq elə bir məcburiyyət forması yoxdur. Nə də, Məhkəmənin presedent hüququnda birləşmək azadlığı hüququnun neqativ aspektinin həmin hüququn pozitiv aspekti ilə bərabər səviyyədə nəzərə alınmalı olması müəyyən olunmur.
42. Rüsum ödəmək öhdəliyinin ərizəçinin pozitiv birləşmək azadlığına hər hansı təsirinə gəldikdə isə, qeyd olunmalı idi ki, bunun onun öz seçdiyi ittifaqa və ya assosiasiyaya qoşulmaq hüququna heç bir təsiri yoxdur. Fİİ-nin də qoşulmuş olduğu İslandiya İşəgötürənlər Konfederasiyası tərəfindən razılaşdırılmış kollektiv razılaşma onun üzvü olduğu MBA üçün məcburi qüvvəyə malik deyildi. Beləliklə də, ərizəçinin danışıqlar aparmaq azadlığına qarşı təhlükə yox idi. Hər hansı müdaxilə olmadan MBA öz üzvlərinin xüsusi maraqlarının təmin olunması üçün hərəkət edə və üzvləri tərəfindən ödənilmiş üzvlük haqlarının istifadəsini də bu məqsədlərə yönəldə bilərdi. Ərizəçinin Fİİ-nin fəaliyyətinin onun maraqlarına və ya inanclarına zidd olması barədə iddiaları əsassız idi. Həm MBA, həm də Fİİ işəgötürənlərin assosiasiyaları idi və ərizəçi özünün hansı maraqlarının Fİİ-nin maraqları ilə toqquşduğunu göstərməmişdir. Əksinə, inşaat şirkətlərinin maraqları digər sənaye şirkətlərinin maraqları kimi Fİİ tərəfindən müdafiə olunan maraqlarla tam olaraq üst-üstə düşürdü. Ərizəçi özü də Fİİ-nin İslandiya sənayesinin müdafiəsi ilə bağlı fəaliyyətindən faydalanmışdır.
43. Fİİ İslandiya sənayesinin fəaliyyət göstərdiyi şərtlərlə bağlı, İslandiyanın Avropa Birliyinə üzvlüyünün sərfəli olub-olmaması ilə bağlı ictimai müzakirələrdə iştirak edərkən ərizəçi də MBA kimi, Fİİ-nin fikirləri ilə razılaşmamaqda və öz mövqeyini qəbul etməkdə azad idi.
44. Yuxarıda deyilənlərə əsaslanaraq Hökumət Məhkəmədən ərizənin Konvensiyanın 11-ci Maddəsi ilə müəyyən olunan hüquqlarına qarşı heç bir müdaxilənin olmaması barədə qərar verməyi xahiş etdi.
2. Məhkəmənin qiymətləndirməsi
45. Məhkəmə təkrarən vurğuladı ki, həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ birləşmək azadlığının xüsusi bir aspektidir və birləşmək azadlığı anlayışında onun icrası üçün seçim azadlığı da nəzərdə tutulur (bax Young, James və Webster, yuxarıda istinad edilib, § 52). Buna uyğun olaraq Konvensiyanın 11-ci Maddəsinə həm də neqativ birləşmək hüququnu və ya başqa cür desək, assosiasiyaya qoşulmağa məcbur edilməmək hüququnu ehtiva edən müddəa kimi baxılmalıdır (bax Sigurður A. Sigurjónsson, yuxarıda istinad edilib, § 35). Hansısa həmkarlar ittifaqına məcburi qoşulmanın heç də həmişə Konvensiyaya zidd olmadığına baxmayaraq, bu cür məcburetmənin bu işdə 11-ci Maddə ilə təmin olunan birləşmək azadlığının mahiyyətinə zərbə vuran forması həmin azadlığa müdaxilə olacaqdır (bax Gustafsson İsveçə qarşı (Gustafsson v. Sweden), 25 aprel 1996-cı il, § 45, Qərarlar üzrə Hesabatlar 1996-II; və Young, James və Webster, § 55; Sigurður A. Sigurjónsson, § 36; və Sørensen və Rasmussen, § 54; hamısına yuxarıda istinad olunub).
46. Bundan əlavə, o da nəzərə alınmalıdır ki, şəxsi fikirlərin Konvensiyanın 9 və 10-cu Maddələri ilə təmin olunan müdafiəsi birləşmək azadlığının da təmin olunması məqsədlərindən biridir və bu cür müdafiəyə yalnız həm pozitiv, həm də neqativ birləşmək azadlığı hüququnun təmin olunması yolu ilə effektiv təminat vermək mümkündür (bax Chassagnou və Başqaları, § 103; Young, James və Webster, § 57; Sigurður A. Sigurjónsson, § 37; və Sørensen və Rasmussen, § 54, hamısına yuxarıda istinad edilib).
Bununla əlaqədar olaraq, şəxsi muxtariyyət anlayışı Konvensiya təminatlarının təfsirinin əsaslandığı vacib bir prinsipdir. Buna görə də, bu anlayışa fərdin 11-ci Maddədə nəzərdə tutulan seçim azadlığının əsas nəticəsi və həmin müddəanın neqativ aspektinin vacibliyinin təsdiqi kimi baxılmalıdır (bax Sørensen və Rasmussen, elə orada).
47. Hazırkı işdə, inşaat sektorunda işəgötürən və MBA-nın üzvü olan ərizəçi 1993-cü il Qanununa əsasən Fİİ-yə Sənaye Rüsumu ödəmək öhdəliyi daşıyır ki, nə ərizəçinin özü Fİİ-nin üzvüdür, nə də MBA onunla afilə edilməmişdir. Müəyyənləşdirilməli olan birinci məsələ ərizəçi tərəfindən irəli sürüldüyü, lakin Hökumət tərəfindən mübahisələndirildiyi kimi bu öhdəliyin ərizəçinin neqativ birləşmək azadlığına, daha dəqiq, yəni Məhkəmənin presedent hüququnda təfsir olunduğu kimi desək, onun iradəsinə zidd olaraq peşəkar təşkilata qoşulmamaq azadlığına qarşı olan məcburi üzvlük anlamına gəlib-gəlmədiyi məsələsidir.
48. Məhkəmə müşahidə edir ki, hazırkı işin halları onun tərəfindən araşdırılmış əvvəlki işlərinkindən o mənada fərqlənir ki, bu işdə nə ərizəçi, nə də onun üzv olduğu MBA Fİİ-yə onun üzvləri olmaq mənasında “qoşulmağa” məcbur edilməmişdir. Bununla belə, ərizəçinin daşıdığı öhdəlik rəsmi üzvlük demək olmasa da, o, assosiasiyaya qoşulmaqla eyni əhəmiyyətli ortaq cəhətə malik idi, yəni həmin öhdəliklə də Fİİ-nin maliyyələşməsinə töhfə vermək tələb olunurdu (cf. Sørensen və Rasmussen, yuxarıda istinad edilib, § 63). Bu ortaq cəhətin olması həm də, Sənaye Rüsumu ödəmiş Fİİ üzvlərinin üzvlük haqlarının həmin rüsumun məbləği qədər azaldılması faktı ilə təsdiqlənir.
49. Doğrudur ki, assosiasiyaya üzvlük haqqından fərqli olaraq Sənaye Rüsumu Fİİ-yə birbaşa olaraq deyil, dolayı olaraq Dövlət Büdcəsi vasitəsilə ödənilir və Dövlət tərəfindən yığılma xərcləri çıxıldılqdan sonra qalan vəsait Fİİ-yə köçürülür ki, orada da həmin vəsaitlər üzvlük haqqlarından ayrı sənədləşdirilir. Bu mənada Sənaye Rüsumunun xaraktercə təyinatlı vergi kimi görünə bilməsinə baxmayaraq, o, məhdud şəxslər qrupunun üzərinə qoyulan və gəlirləri dövlət orqanlarının hər hansı ciddi iştirakı və ya nəzarəti olmadan özəl bir assosiasiya tərəfindən istifadə olunmaq üçün həmin assosiasiyaya verilən xüsusi bir vergi növü idi.
50. Hökumət tərəfindən qeyd olunduğu kimi, o da doğrudur ki, ərizəçinin dövriyyəsindən qanunla müəyyən olunmuş 0.08%-lik tariflə hesablanmış ödəməli olduğu illik məbləğlər o qədər də çox deyildi və ərizəçinin həmin Rüsumu ödəmək öhdəliyinə hər hansı yolla əməl etməsə, ona qarşı yalnız, ödənilməli olan məbləğin əmlaka həbs qoyulması və ərizəçinin əmlakının satılması yolu ilə tutulması da daxil olmaqla mülki və ya inzibati sanksiyalar tətbiq olunardı. Bu baxımdan, ərizəçinin məruz qaldığı məcburiyyət dərəcəsi Məhkəmə tərəfindən baxılmış, ərizəçinin ittifaqa qoşulmaqdan imtina etməsinin onun iş yerini və ya peşə lisenziyasını, yəni nəticədə yaşamaq vasitələrini itirməsinə səbəb olduğu digər işlərlə (bax, misal üçün, Young, James və Webster, yuxarıda istinad edilib, § 55; Sigurður A. Sigurjónsson, yuxarıda istinad edilib, §§ 36-37). müqayisədə daha az ciddidir. Eyni zamanda, Məhkəmə müşahidə edir ki, ittifaqa qoşulmaq tələbindən imtinanın daha az ciddi nəticələri də Konvensiyanın 11-ci Maddəsi ilə müdafiə olunan birləşmək azadlığı hüququna xas olan seçim azadlığı və şəxsi muxtariyyətin mahiyyətinə zərbə vura bilər (bax, misal üçün, Sørensen və Rasmussen, yuxarıda istinad edilib, § 61).
51. Bir fakt da faktlığında qalır ki, hazırkı işdə ərizəçi qanunla öz seçimi olmayan özəl bir təşkilata maliyyə dəstəyi vermək öhdəliyi daşıyırdı. Bu həmçinin, ərizəçinin öz siyasi görüş və maraqlarına əsaslı şəkildə zidd olduğunu düşündüyü siyasi kursu, yəni, Avropa Birliyinə üzvlüyü dəstəkləyən bir təşkilat idi. Buna görə də, şəxsi fikrin müdafiəsi həm də 11-ci Maddə ilə təmin olunan birləşmək azadlığının məqsədlərindən biri olduğundan, ərizəçinin 11-ci Maddəyə əsaslanan şikayəti 9 və 10-cu Maddələrə əsaslanaraq da nəzərə alınmalıdır (bax Sørensen və Rasmussen, yuxarıda istinad edilib; Sigurður A. Sigurjónsson, yuxarıda istinad edilib, § 37; və Young, James və Webster, yuxarıda istinad edilib, § 57).
52. Məhkəmə daha sonra qeyd edir ki, fərdi nöqteyi-nəzərdən yanaşılsa illik ianələrin az məbləğdə olmasına baxmayaraq, Sənaye Rüsumunun sistemli, ekstensiv və davam edən xarakterli olması onun təsirini əhəmiyyətli edir. 10,000-dən artıq müəssisənin 1,100 nəfərdən bir az artıq üzvü olan bir təşkilata rüsum ödəməsini və təşkilatın maliyyəsinin böyük bir hissəsini formalaşdırmasını (bax yuxarıda bənd 12) təmin edən mexanizm bir təşkilatın, Fİİ-nin əlində cəmləşən iri miqyaslı maliyyə sistemindən ibarət idi. Ərizəçinin üzvü olduğu MBA də daxil olmaqla heç bir başqa təşkilat Sənaye Rüsumundan əldə olunan vəsait almırdı. Fİİ-nin üzvlərindən fərqli olaraq, digər təşkilatların ərizəçi kimi üzvlərinin müvafiq olaraq öz təşkilatlarına ödədikləri üzvlük haqları onların ödədikləri Sənaye Rüsumunun məbləği qədər azaldılmırdı. Vəsaitlərin bütövlükdə İslandiya sənayesinin təbliğatı və inkişafı üçün xərcləndiyinin Hökumət tərəfindən arqument kimi göstərilməsinə baxmayaraq, şübhəsiz ki, Fİİ və onun üzvlərinə, misal üçün MBA və ərizəçi də daxil olmaqla onun üzvləri ilə müqayisədə daha əlverişli münasibət göstərilmişdir.
53. Bununla əlaqədar Məhkəmə həmçinin Avropa Sosial Hüquqlar Komitəsinin (Avropa Sosial Xartiyasının 5-ci Maddəsi ilə bağlı) və Beynəlxalq Əmək Təşkilatının İdarəetmə Orqanının Birləşmək Azadlığı Komitəsinin (birləşmək azadlığı və təşkilatlanmaq hüququ haqqında 87 Saylı Konvensiya ilə bağlı) müvafiq yekun rəylərini də nəzərə aldı ki, həmin rəylərdən də görünürdü ki, ittifaqın üzvü olmayanların üzərinə həmkarlar ittifaqına haqq ödəmək öhdəliyinin qoyulması və Hökumətin həmkarlar ittifaqına münasibətdə himayəçiliyə və ya ona qarşı ayrı-seçkiliyə gətirib çıxaran tədbirləri müəyyən hallarda şəxsin öz seçimi ilə təşkilatlanmaq və təşkilata qoşulmaq hüququ ilə ziddiyyət təşkil edir (bax yuxarıda 22–24-cü bəndlər).
54. Xülasə, Məhkəmə qərara alır ki, qanunla ərizəçinin üzərinə qoyulmuş Sənaye Rüsumu ödəmək öhdəliyi ərizəçinin həmkarlar ittifaqı üzvü kimi özünün peşə maraqlarının həyata keçirilmək üçün malik olduğu seçim azadlığı ilə ziddiyyət təşkil edir və ərizəçinin 11-ci Maddənin 1-ci bəndi ilə müdafiə olunan birləşmək azadlığı hüququna müdaxilədir.
B. Müdaxilənin 11-ci Maddənin 2-ci bəndinə uyğunluğu ilə bağlı
1. Tərəflərin təqdimatları
(a) Ərizəçi
55. Ərizəçi Sənaye Rüsumunun ödənilməsi ilə bağlı tələbin “qanunla müəyyən olunduğunu” qəbul etdi, lakin onun birləşmək azadlığı hüququna müdaxilənin legitim məqsədlə edildiyi barədə Hökumətin təqdimatı ilə razılaşmadı.
56. Sənaye Rüsumunun ərizəçi kimi qeyri-üzvlərin üzərinə qoyulması Konvensiyanın 9 və 10-cu Maddələri əsasında təfsir edilməli olan 11-ci Maddənin ikinci bəndinin məqsədləri üçün zəruri hesab oluna bilməzdi. Ərizəçinin Fİİ-yə haqq ödəməsi vasitəsilə Fİİ-nin üzvü olmasını və/və ya Fİİ daxilində başqaları ilə birləşməsini tələb etməklə onun (neqativ) birləşmək azadlığı hüququna, fikir azadlığına və ifadə azadlığına müdaxilə üçün heç bir təcili və mütənasib tələb yox idi. Bu haqların bir hissəsi Fİİ tərəfindən ərizəçinin və onu kimi Fİİ-yə həmin məcburi rüsumları ödəmək yolu ilə Fİİ-nin, ərizəçinin (və digərlərinin) maraqlarına və milli maraqlara zidd olduğunu hesab etdiyi fəaliyyətində, iştirak etməyə məcbur edilmiş digərlərinin görüşlərinə zidd olan siyasi görüşlərin təbliği və yayılması xərclərinin ödənilməsi üçün istifadə olunurdu. İslandiyanın hakimiyyət orqanları İslandiya sənayesinin maraqlarını müdafiə etməyin Fİİ tərəfindən ərizəçinin (və digərlərinin) görüşlərinə zidd olan siyasi görüşlərin təbliği və yayılması üçün çəkilən xərclərin ödənilməsi üçün ərizəçidən (və digərlərindən) rüsum ödəməyin tələb olunmasından başqa yolunun olmadığını göstərə bilmədilər. Bununla əlaqədar ərizəçi Məhkəmənin Evaldsson və Başqaları (yuxarıda istinad olunub) işi üzrə verdiyi qərara istinad etdi.
57. Ərizəçi daha sonra vurğuladı ki, Fİİ-nin Sənaye Rüsumundan əldə olunan vəsaitlərin necə xərclənməsi ilə bağlı qərarları hər hansı bir dövlət orqanının iştirakı olmadan verilirdi. Hökumət özünün 15 fevral 2000-ci il tarixli məktubunda (Ali Məhkəmənin razılaşmayan üzvünün rəyinin “II” başlığı altında istinad olunmuşdur – bax yuxarıda 19-cu bənd) təsdiq etmişdir ki, Fİİ Sənaye Rüsumunun necə sərf olunması ilə bağlı qərar verməkdə qeyri-məhdud səlahiyyətə malik idi və Sənaye Nazirliyi müdaxilə edə bilməzdi.
58. Bundan əlavə, Fİİ-nin İslandiyanın Avropa Birliyinə üzvlüyü lehinə kampaniya aparmaq kimi siyasi fəaliyyətlə məşğul olması da mübahisəsiz idi.
59. Sənaye Rüsumun ödənilməsinin təmin edilməsi üçün məcburiyyət tədbirinin Fİİ tərəfindən deyil, Dövlət tərəfindən həyata keçirilməsi də Hökumətin mövqeyini gücləndirmir. Tamamilə əksinə, bu fakt ərizəçinin iddiasına dəstək verirdi ki, Sənaye Rüsumunun ödənilməsinin təmin edilməsi və yığılması Dövlət tərəfindən həyata keçirilsə də, həmin icbari rüsum Fİİ-yə köçürülürdü ki, o, da həmin vəsaitləri dövlət nəzarəti olmadan öz bildiyi kimi xərcləyirdi.
60. Hökumətin etdiyi təklifin əksinə olaraq, Sənaye Rüsumu ictimai və ümumi mənafe üçün deyil, özəl assosiasiya olan Fİİ-nin maraqları üçün yığılırdı.
61. Hökumət Məhkəmənin Evaldsson və Başqaları (yuxarıda istinad olunub) işi üzrə verdiyi qərarın kömək edəcəyinə arxalansa da, əskinə, həmin qərar ərizəçinin mövqeyini dəstəkləyirdi. Evaldsson və Başqaları işində müdaxilə hesab olunan haqq ödəmək öhdəliyi kollektiv əmək müqaviləsi ilə müəyyən olunurdusa, hazırkı işdə mübahisələndirilən öhdəlik qanunla müəyyən edilirdi və bu da o demək idi ki, əvvəlki iş üzrə qəbul olunmuş mövqe hazırkı işdə hətta daha sərt tətbiq olunurdu. Bundan əlavə, Evaldsson və Başqaları işindəki vəziyyətə oxşar olaraq, monitorinq fəaliyyəti və vəsaitlərin Fİİ tərəfindən xərclənməsi ilə bağlı məlumat və şəffaflıq çatışmazlığı var idi.
62. Həmçinin, əvvəlki işdə olduğu kimi ərizəçi öz istəyinə zidd olaraq dəstəkləmədiyi bir siyasi gündəliyi olan təşkilata haqq ödəməli idi. Bununla belə, əvvəlki işdə olan ərizəçilərdən fərqli olaraq bu işdə ərizəçi ödədiyi haqların əvəzində heç nə əldə etmirdi.
63. Yuxarıda qeyd olunanlara əsasən demək olmaz ki, İslandiya hakimiyyəti rəqabət aparan mənafelər arasında “ədalətli balanslaşdırma” aparmışdır.
(b) Hökumət
64. Yuxarıdakı arqumentlərə baxmayaraq, Məhkəmənin ərizəçinin 11-ci Maddənin 1-ci bəndi ilə müdafiə olunan birləşmək azadlığı hüququna müdaxilə edildiyini müəyyən etdikdə, Hökumət iddia etdi ki, həmin müdaxilə ikinci paraqrafda verilmiş şərtlərə uyğun qaydada edilmişdir. Sənaye Rüsumu aydın şəkildə qanunla müəyyən edilirdi və “başqalarının hüquq və azadlıqlarının müdafiəsi” kimi legitim məqsədə xidmət edirdi. Eyni zamanda, qeyd olunmalıdır ki, İslandiya iqtisadiyyatının ən vacib sektorlarından birinin inkişafına xidmət etməklə Sənaye Rüsumu həm də vacib ictimai maraqlara xidmət edirdi.
65. Müdaxilənin zəruriliyinə gəldikdə isə, Hökumət vurğuladı ki, qanunverici hesab etmişdir ki, İslandiya sənayesinin inkişaf etdirilməsi vəzifəsinin icrasına ən yaxşı formada nail olunması qanuna uyğun olaraq dövlət nəzarəti altında bu rolu Fİİ-yə etibar etməklə və Sənaye Rüsumundan əldə olunan vəsaitləri çoxlu kiçik təşkilatlar arasında bölüşdürməklə deyil, təkcə bu təşkilata köçürməklə mümkün ola bilərdi. Fİİ bu vəzifənin yerinə yetirilməsi istiqamətində Dövlətlə birlikdə işləmək məqsədilə geniş sayda müxtəlif müəssisələri, fərdləri və sənayenin bütün sahələri üzrə assosiasiyaları əhatə edən çətir federasiya idi. Fİİ həm İslandiyada, həm də xaricdə Hökumətin və maliyyə institutlarının, Dövlət orqanlarının və sənaye fəaliyyəti ilə məşğul olan digər subyektlərin siyasətlərinə təsir etməklə sənayenin bütün növlərinin maraqlarını müdafiə edirdi. Bu, İslandiya şirkətlərinin daxili və xarici bazarlarda heç bir maneə olmadan və mənfəətli şəkildə rəqabət apara bilməsinə imkan verən işgüzar mühitin təmin olunması məqsədi daşıyırdı.
66. Ərizəçinin birləşmək azadlığına müdaxilə edilmədiyi ilə bağlı yuxarıda göstərilən müxtəlif arqumentləri (bax yuxarıda 34-44-cü bəndlər) nəzərə alaraq Hökumət hər bir halda bildirdi ki, Sənaye Rüsumu ərizəçinin hüququna qeyri-mütənasib müdaxiləyə səbəb olmamışdır. Sənaye Rüsumu heç bir halda ərizəçi üçün ağır olmayıb, onun dövriyyəsinin sadəcə kiçik bir hissəsini (0.08%-ni) təşkil edirdi. Bu baxımdan bu iş Evaldsson və Başqaları (yuxarıda istinad olunub) işindən fərqlənirdi.
67. Sənaye Rüsumu haqqında Qanunun 3-cü bölməsi ilə qanunverici vəsaitlərin Qanunda göstərildiyi kimi ictimai mənafe və ümumilikdə sənaye sektorunun faydalanması üçün istifadə olunmasını təmin etmək üçün monitorinq aparmağı icra hakimiyyətinə həvalə etmişdir. Bu, tamamilə şəffaf şəkildə aparılmışdır və bu baxımdan da bu iş Evaldsson və Başqaları (yuxarıda istinad olunub) işindən fərqləndirilməli idi. Bundan əlavə, sözügedən gəlirlər dövlət vəsaitləri olduğundan, Baş Auditorun Fİİ-nin əməliyyatlarını və hesablarını araşdırmağa tam səlahiyyəti var idi.
68. Hökumət bundan əlavə bildirdi ki, aşağıdakı işdə sözügedən həmkarlar ittifaqının üzvü olmayan işçilərin maaşlarından əmək haqqı monitorinqi haqqının tutulması ilə bağlı olan İsveç Müəssisələr Konfederasiyası İsveçə qarşı (Confederation of Swedish Enterprise v. Sweden) işi üzrə 15 may 2003-cü il tarixli qərarında Avropa Sosial Hüquqlar Komitəsinin Avropa Sosial Xartiyasının 5-ci Maddəsinə verdiyi təfsir də yalnız Hökumətin hazırkı işdəki mövqeyini dəstəkləyir. Hazırkı iş üçün xüsusi əhəmiyyətli olan dörd əsas məqam da həmin işdən çıxarıla bilərdi. Birincisi, məqsədi müəyyən peşə sahəsində çalışan bütün işçilərin əsas mənafelərinə xidmət etmək olduqda, rüsum qanunla və ya kollektiv razılaşma ilə müəyyən oluna bilərdi. İkincisi və çox vacibi, spesifik bir assosiasiya üçün nəzərdə tutulan haqqın ödənilməsi avtomatik olaraq icbari üzvlüklə nəticələnmirdi. Üçüncüsü, haqqın yığılması yolu ilə əldə olunan vəsaitlər onların nəzərdə tutulan məqsədləri üçün istifadə olunmalıdır. Dördüncüsü, həmin haqqın miqdarı həmin assosiasiya tərəfindən göstəriləcək xidmətlərə mütənasib olmalıdır. Hazırkı işdə İsveç Müəssisələr Konfederasiyası işində göstərilən bütün şərtlərə əməl olunmuşdur.
69. Bundan əlavə, Sənaye Rüsumu ödəmək öhdəliyi İLO-nun “ayrı-ayrı təşkilatlara münasibətdə himayəçilik və ya ayrı-seçkilik”lə bağlı Xülasəsində təsvir olunan vəziyyətdən əsaslı şəkildə fərqlənirdi. Fİİ-yə köçürülən vergi gəlirlərinə işəgötürənlər assosiasiyaları arasında qeyri-bərabər şəkildə bölüşdürülən Dövlət subsidiyasının hər hansı forması kimi baxıla bilməzdi. Hökumət vurğuladı ki, bu gəlirlər Fİİ-nin üzərinə qoyulmuş İslandiya sənayesinin təbliği və sənayenin inkişafı vəzifələrinin icra olunması üçün çəkilən rəsmi xərclərin ödənilməsi üçün nəzərdə tutulurdu. Bu gəlirləri İslandiyada sənaye sahəsində olan heç bir başqa işəgötürənlər assosiasiyası almırdı, çünki aydın idi ki, heç bir başqa assosiasiya Fİİ ilə müqayisədə bu cür qanunla müəyyən olunan vəzifələr daşımırdı. Buna uyğun olaraq, Hökumət Fİİ və ənənəvi işəgötürənlər assosiasiyaları arasında İLO-nun standartları baxımından hansısa ayrı-seçkiliyə yol verildiyini qəti şəkildə rədd etdi.
70. Məhkəmə mübahisələndirilmiş Sənaye Rüsumunun 11-ci Maddəyə zidd olduğu barədə qərar verərsə, bu həmin müddəanın effekti və məzmunu ilə bağlı təfsirini xeyli dərəcədə yayındırardı. Bu, həmçinin, Konvensiyanın iştirakçısı olan Dövlətlərin vergi yığımı məsələlərində hərəkət azadlığına və peşə sektorlarında inkişafın dəstəklənməsi və həvəsləndirilməsi kimi vacib sahələrdə siyasi məqsədlərə çatmaq metodları ilə bağlı seçim azadlığına xələl gətirən gələcək nəticələrə səbəb olardı.
2. Məhkəmənin qiymətləndirməsi
71. Məhkəmə Sənaye Rüsumu ödəmək öhdəliyinin 11-ci Maddənin 2-ci bəndinin birinci cümləsində müəyyən olunmuş şərtlərə cavab verib-vermədiyini araşdıracaqdır.
72. Sözügedən tədbirin birinci şərtə, yəni “qanunla müəyyən olunmaq” şərtinə cavab verdiyi mübahisə olunmurdu. 1993-cü il Qanununun 1-3-cü bölmələrində Sənaye Rüsumu ödəmək öhdəliyinin aydın qanuni əsasları mövcud idi. Ali Məhkəmənin azlıqda qalan hissəsinin həmin öhdəliyin Konstitusiyanın 74-cü Maddəsinin 2-ci bəndinə zidd olduğunu hesab etdiyini qeyd edərək, Məhkəmə Ali Məhkəmənin əksəriyyətinin Sənaye Rüsumunun milli qanunvericiliyə uyğun olması barədə qərarını sual altına qoymağa bir əsas görmür. Dövlətdaxili qanunvericiliyin təfsiri və tətbiqi birinci növbədə dövlətdaxili hakimiyyət orqanlarının, daha dəqiq desək məhkəmələrin işidir (bax Jahn və Başqaları Almaniyaya qarşı (Jahn and Others v. Germany) [GC], nos. 46720/99, 72203/01 və 72552/01, § 86, ECHR 2005‑VI; Wittek Almaniyaya qarşı (Wittek v. Germany), no. 37290/97, § 49, ECHR 2002-X; Forrer-Niedenthal Almaniyaya qarşı (Forrer-Niedenthal v. Germany), no. 47316/99, § 39, 20 fevral 2003-cü il; və Yunanıstanın Keçmiş Kralı və Başqaları Yunanıstana qarşı (Former King of Greece and Others v. Greece) [GC], no. 25701/94, § 82, ECHR 2000‑XII). Bununla da, Məhkəmə razılaşır ki, müdaxilə “qanunla müəyyən olunmuşdur”.
73. İkinci şərtlə bağlı Məhkəmə ərizəçi ilə razılaşmır ki, Sənaye Rüsumu legitim məqsədə xidmət etmirdi. 1993-cü il Qanununun 3-cü bölməsinə əsasən həmin rüsumdan əldə olunan gəlirlər “İslandiyada sənayenin və sənayenin inkişafının təbliği üçün” istifadə olunmalı idi. Məhkəmənin fikrincə bu tədbir “başqalarının hüquq və azadlıqlarının” müdafiəsi kimi legitim məqsədə xidmət edirdi.
74. Üçüncü şərtə gəldikdə isə, Məhkəmə bir daha qeyd edir ki, demokratik cəmiyyətdə zərurilik testi şikayət olunan müdaxilənin “təcili sosial zərurətə” uyğun olub-olmadığının, həmin müdaxilənin xidmət etdiyi legitim məqsədə mütənasib olub-olmadığının və müdaxiləni əsaslandırmaq üçün dövlət orqanları tərəfindən gətirilən əsasların müvafiq və qənaətbəxş olub-olmadığının müəyyənləşdirilməsini tələb edir (bax, misal üçün, Türkiyənin Birləşmiş Kommunist Partiyası və Başqaları Türkiyəyə qarşı (United Communist Party of Turkey and Others v. Turkey), 30 yanvar 1998-ci il, § 47, Hesabatlar 1998-I).
75. Həmlarlar ittifaqı azadlığı sahəsində əmək və idarəetmə maraqları arasında münasib balans yaratmağa çalışarkən ortaya çıxan sosial və siyasi məsələlərin həssaslığı və bu sahədə dövlətdaxili sistemlər arasında geniş fərqlərin olduğu nəzərə alınaraq, Konvensiyaya üzv Dövlətlər, üzvlərinin pəşə maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqları azadlığının necə təmin olunması ilə bağlı mülahizə sərbəstliyinə malikdir (bax Swedish Engine Drivers’ Union, yuxarıda istinad olunub, § 39; Gustafsson, yuxarıda istinad olunub, § 45; Schettini və Başqaları İtaliyaya qarşı (Schettini and Others v. Italy) (dec.), no. 29529/95, 9 noyabr 2000-ci il; Wilson, Milli Jurnalistlər Birliyi və Başqaları Birləşmiş Krallığa qarşı (Wilson, National Union of Journalists and Others v. the United Kingdom), nos. 30668/96, 30671/96 və 30678/96, § 44, ECHR 2002‑V; və Sørensen və Rasmussen, yuxarıda istinad olunub, § 58).
76. Bununla belə, bu mülahizə sərbəstliyi qeyri-məhdud deyil və məhdudiyyətin 11-ci Maddə ilə müdafiə olunan birləşmək azadlığına uyğun olub-olmaması barədə yekun qərarı verəcək Məhkəmə tərəfindən aparılan Avropa nəzarəti ilə yanaşı həyata keçirilir. Nəzarət funksiyasını həyata keçirərkən Məhkəmənin vəzifəsi heç də milli məhkəmələri əvəz etmək deyil, mülahizə sərbəstliyi çərçivəsində qəbul olunmuş qərarları işi bütövlükdə nəzərə alaraq 11-ci Maddə əsasında nəzərdən keçirməkdir (bax Türkiyənin Birləşmiş Kommunist Partiyası və Başqaları Türkiyəyə qarşı (United Communist Party of Turkey and Others v. Turkey), yuxarıda istinad olunub, § 47).
77. Hazırkı işin ayrıca hallarına gəldikdə isə, Məhkəmə Hökumətin İslandiya qanunvericisinin İslandiya sənayesinin təbliğ edilməsi vəzifəsinin həyata keçirilməsinin ən yaxşı yolunu, həmin rolun qanuna uyğun olaraq dövlət nəzarəti altında icrasını Fİİ-yə həvalə etməkdə və Sənaye Rüsumundan əldə olunan vəsaitləri çoxlu kiçik təşkilatlar arasında bölüşdürməkdə deyil, təkcə bu təşkilata verməkdə görməsi ilə bağlı arqumentinə nəzər saldı. Hökumətin təqdim etdiyinə görə, Fİİ bu məqsədlə Dövlətlə birlikdə işləyən, çox sayda müxtəlif müəssisələri, fərdləri və sənayenin bütün sahələri üzrə assosiasiyaları əhatə edən geniş bir federasiya idi. Fİİ həm İslandiyada, həm də xaricdə Hökumətin və maliyyə institutlarının, Dövlət orqanlarının və sənaye fəaliyyəti ilə məşğul olan digər subyektlərin siyasətlərinə təsir etməklə sənayenin bütün növlərinin maraqlarını müdafiə edirdi. Bu, İslandiya şirkətlərinin daxili və xarici bazarlarda rəqabət qabiliyyətli ola bilməsinə imkan verən işgüzar mühitin təmin olunması üçün idi. Məhkəmə qəbul edir ki, bu fikirlər 11-ci Maddənin 2-ci bəndi ilə müəyyən olunan zərurilik testinin məqsədləri baxımından uyğundur.
78. Səbəblərin qənaətbəxş olub-olmaması ilə bağlı digər məsələlərə gəldikdə isə, Məhkəmə bildirir ki, Fİİ-nin Sənaye Rüsumundan əldə olunan vəsaitlərin istifadəsi ilə bağlı rolu və vəzifələri 1993-cü il Qanununun 3-cü bölməsində “İslandiyada sənayenin və sənayenin inkişafının təbliğ olunması” kimi çox geniş və ümumi terminlərlə müəyyən olunmuşdur. Eyni şey 3-cü bölmə ilə müəyyən olunan “gəlirlərin istifadəsi ilə bağlı hər il Sənaye Nazirliyinə hesabat vermək” öhdəliyinə də aiddir. Nə 1993-cü il Qanunu, nə də Məhkəmənin diqqətinə çatdırılan hər hansı digər normativ sənəd Sənaye Rüsumu ödəməklə Fİİ-yə maliyyə dəstəyi verən qeyri-üzvlərə münasibətdə hər hansı spesifik öhdəliklər müəyyən etmir (müqayisə et, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis), Evaldsson və Başqaları, yuxarıda istinad olunub, § 57).
79. Fİİ-nin Sənaye Nazirliyinə verdiyi illik hesabatlarında Sənaye Rüsumunun Fİİ-nin gəlirlərindəki payı və müxtəlif başlıqlar və yarım-başlıqlar üzrə xərclər barədə məlumat yer alsa da, Məhkəmə öz mülahizəsində, Ali Məhkəmənin razılaşmayan üzvünün də qeyd etdiyi kimi, bildirdi ki, Fİİ “apardığı ayrı-ayrı əməliyyatlarını üzvlük haqlarından, kapital gəlirindən, yoxsa Sənaye Rüsumundan əldə olunan vəsaitlər hesabına maliyyələşdirməsi barədə ayrıca sənədləşmə aparmır”dı (bax yuxarıda 19-cu bəndin “II” hissəsi).
80. Məhkəmə həm də inanmır ki, Fİİ-nin Sənaye Nazirliyinə hesabat verməsi nazirliyin əhəmiyyətli və sistemli nəzarətini təmin edir. Nazirliyin MBA-ya verdiyi 15 fevral 2002-ci il tarixli şərhlərə əsasən (yuxarıda 19-cu bəndin “II” hissəsində Ali Məhkəmənin razılaşmayan üzvü tərəfindən istinad edilib) “Sənaye Rüsumu haqqında Qanunda aydın şəkildə müəyyən olunur ki, Fİİ rüsumun necə istifadə olunması barədə qərar vermək üçün qeyri-məhdud səlahiyyətə malikdir və qanun çərçivəsində olduqca Sənaye Nazirliyi bu fəaliyyətə müdaxilə edə bilməz”.
81. Hazırkı instansiyada əsas məsələ ərizəçi kimi, Sənaye Rüsumu ödəməklə Fİİ-yə maliyyə dəstəyi vermək öhdəliyi daşıyan qeyri-üzvlərə münasibətdə şəffaflıq və hesabatlılığın çatışmamasıdır (bax, müvafiq dəyişikliklər nəzərə alınmaqla (mutatis mutandis),, Evaldsson və Başqaları, yuxarıda istinad olunub, §§ 63 və 64).
82. Uyğun olaraq, Məhkəmə bildirir ki, məsələ təkcə milli qanunvericiliyin Fİİ-nin rolunu və vəzifələrini qeyri-məhdud şəkildə və Fİİ üçün spesifik öhdəliklər qoymadan müəyyənləşdirməsində deyil, həm də Sənaye Rüsumundan əldə olunan gəlirlərin istifadə olunması ilə bağlı ərizəçi kimi qeyri-üzvlərə münasibətdə şəffaflıq və hesabatlılığın çatışmamasındadır. Bu halda, Fİİ-yə onun öz üzvlərinin spesifik maraqlarını təmin etməsi üçün daha əlverişli şəraitin yaradılmasını müəyyən edən və ərizəçini və onu kimi digər qeyri-üzvləri müqayisədə əlverişsiz vəziyyətə salan mexanizmə qarşı olan adekvat müdafiə imkanları Məhkəməni qane etmir.
83. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab etmir ki, ərizəçinin öz fikirlərinə zidd olaraq Fİİ-yə maliyyə dəstəyi vermək öhdəliyi nəticəsində onun birləşmək azadlığının məhdudlaşdırılması kifayət qədər əsaslı və “zəruri” idi. İslandiyanın təqdir səlahiyyətinə baxmayaraq, cavabdeh Dövlətin hakimiyyət orqanları ərizəçinin birləşmək azadlığı ilə İslandiya sənayesinin təbliği və inkişaf etdirilməsi kimi ümumi mənafe arasında uyğun balanslaşdırma apara bilməmişdir.
84. Bu səbəbdən də, Konvensiyanın 11-ci Maddəsi pozulmuşdur.
II. 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN VƏ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI İLƏ BAĞLI
85. Ərizəçi əsas etibarilə Konvensiyanın 11-ci Maddəsinə əsasən etdiyi (9-10-cu Maddələr də nəzərə alınmaqla baxılmış) şikayəti ilə əlaqədar göstərilən arqumentlərə istinad edərək 1 Saylı Protokolun 1-ci Maddəsinin də pozulduğunu iddia etdi. Onun fikrincə Sənaye Rüsumunun öhdəlik kimi qoyulması 1 Saylı Protokolun 1-ci Maddəsini pozmaqla onu sahib olduğu əmlakdan məhrum etmişdir. Sənaye Rüsumunun vergi adı altında Fİİ-yə ödənilməsinin onun ümumi mənafeyə xidmət etməsi ilə əsaslandırılmış hesab olunması ağlasığmaz idi. Onu kimi həmin rüsumu ödəmiş şəxslər ümumi vergi ödəyiciləri kimi ödədikləri vergidən əlavə olaraq, heç bir müvafiq əsaslandırma verilmədən, misal üçün, həmin verginin onların mənafeləri üçün istifadə olunması barədə tələb müəyyən edilmədən, ayrıca vergiyə cəlb olunmuşdular. Məhdud qrupun digər bir məhdud qrupun mənafeyi üçün və ya başqalarının maraqları naminə bu cür vergiyə cəlb olunması əsaslandırıla bilməzdi. 11-ci Maddənin kontekstində yuxarıda 56, 61 və 62-ci bəndlərdə göstərilən səbəblərə görə Məhkəmənin Evaldsson və Başqaları (yuxarıda istinad olunub) işi üzrə verdiyi qərar da bu mövqeni dəstəklədi.
86. Ərizəçi daha sonra əvvəlki müddəalarla birlikdə götürülməklə 14-cü Maddənin pozulduğunu da iddia etdi. Özü və qismən və ya tamamilə dövlət mülkiyyətində olan dövlət sektoru müəssisələri və həmçinin Sənaye Rüsumunu ödəməkdən azad edilmiş müəyyən özəl sektor müəssisələri arasında ayrı-seçkilik qoyulması hər hansı obyektiv və ağlabatan səbəblərlə əsaslandırıla bilməzdi. Digər təşkilatlarla müqayisədə Fİİ-yə daha əlverişli münasibət göstərilməsi Sənaye Rüsumunun ayrı-seçkilik xarakterli olduğuna dair əlavə sübut idi.
87. Sənaye Rüsumunun ərizəçinin öz əmlakından istifadəsi üzərində nəzarətə səbəb olduğunu və buna 1 Saylı Protokolun 1-ci Maddəsinin 2-ci bəndinə əsasən icazə verildiyini bildirməsinə baxmayaraq, Hökumət Sənaye Rüsumunun öhdəlik kimi qoyulmasının əmlakdan məhrumetmə olması barədə iddia ilə razılaşmadı. Hökumət vurğuladı ki, Sənaye Rüsumunun öhdəlik kimi qoyulması İslandiya qanunvericiliyində təfsir olunan bütün vergiqoyma xüsusiyyətlərinə malikdir və Konvensiyanın 1 Saylı Protokolunun 1-ci Maddəsinin 2-ci bəndində işlədilən “vergilər” anlayışı çərçivəsində nəzərə alınmalıdır. Mübahisələndirilən müdaxilə bu sahədə Dövlətlərə verilmiş geniş səlahiyyət sərbəstliyi çərçivəsindədir. Sənaye Rüsumu aydın şəkildə qanuni idi və təkcə sənaye sektorunda işləyənlərin deyil, bütövlükdə cəmiyyətin ümumi maraqlarına xidmət edirdi. 11-ci Maddə üzrə edilmiş şikayətlə bağlı yuxarıda 66 və 67-ci bəndlərdə göstərilən əsaslarla əlaqədar Hökumət Məhkəməni hazırkı işi Evaldsson və Başqaları (yuxarıda istinad olunub) işindən fərqləndirməyə dəvət etdi.
88. Hökumət daha sonra Sənaye Rüsumu ödəmək öhdəliyi olan və olmayan sənayelər arasında ayrı-seçkiliyin olmasını da rədd etdi. Sənaye Rüsumunun tutulması haqqında qaydalar ərizəçi ilə eyni vəziyyətdə olan bütün müəssisələrə bərabər şəkildə tətbiq olunurdu.
89. Məhkəmə Konvensiyanın 11-ci Maddəsinə əsasən edilmiş şikayətlə bağlı özünün yuxarıdakı mülahizələri əsasında hesab edir ki, müstəqil şəkildə 1 Saylı Protokolun 1-ci Maddəsi və ya 1 Saylı Protokolun 1-ci Maddəsi və 11-ci Maddə ilə birlikdə götürüldükdə 14-cü Maddə əsasında verilmiş şikayətlərə baxmağa lüzum yoxdur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI
90. Konvensiyanın 41-ci Maddəsinə əsasən:
“Əgər Məhkəmə Konvensiyanın və ya ona dair Protokolların müddəalarının pozulduğunu müəyyən edirsə və əgər Razılığa gələn Yüksək Tərəfin daxili hüququ yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Xərclər və ödənişlər
91. Ərizəçi bildirib ki, maddi və qeyri-maddi zərərə görə əvəzin ödənilməsini istəməyəcək, lakin cənab Einar Hálfdánarson və cənab Child tərəfindən müvafiq olaraq 28 fevral 2008-ci ildə və 20 mart 2009-cu ildə təqdim olunmuş aşağıdakı iddialar üzrə göstərilən hüquq xidmətlərinə görə müvafiq olaraq cəmi ISK 3,920,773 və 36,392.07 Britaniya funtu (GBP) (təxminən 22,000 Avro and 42,000 Avro) olmaqla hüquq xərclərinin və ödənişlərinin əvəzinin ödənilməsini tələb edib:
(a) C-b Einar Hálfdánarsonun ərizəçini dövlətdaxili məhkəmələrdə təmsil edərkən gördüyü işlərə görə ISK 1,494,000 (Əlavə Dəyər Vergisi daxil olmaqla);
(b) C-b Childın dövlətdaxili məhkəmə icraatları zamanı göstərdiyi hüquq məsləhətinə və 28 fevral 2008-ci il tarixinədək ərizəçini Strasburq Məhkəməsində təmsil etdiyinə görə GBP 25,860;
(c) tərcümə xərcləri üçün ISK 314,985;
(d) nəqliyyat məsrəfləri üçün ISK 281,925;
(e) surətçıxarma və çıxarış xərcləri üçün ISK 35,863 (müvafiq olaraq ISK 34,363 və ISK 1,500);
(f) C-b Einar Hálfdánarsonun 28 fevral 2008-ci il tarixindən sonra Strasburqdakı icraatlar üzrə gördüyü işə görə ISK 1,494,000;
(g) Onun 28 fevral 2008-ci il tarixindən sonra çəkdiyi müxtəlif xərclərə görə ISK 300,000;
(h) ) C-b Child tərəfindən 28 fevral 2008-ci il tarixindən sonra Strasburq icraatları üzrə görülən əlavə iş üçün GBP 9,500;
(i) C-b Childın 28 fevral 2008-ci il tarixindən sonra çəkdiyi xərclərə (qalmaq, nəqliyyat və tərcümə) görə GBP 1,032.07.
92. Hökumət (a) və (b) bəndləri üzrə 28 fevral 2008-ci il tarixində təqdim olunmuş iddialara etiraz etdi və bildirdi ki, Strasburq icraatları üzrə iki vəkil üçün tələb olunan hüquq xidməti haqqı həm göstərilən iş saatlarının sayı, həm də saat hesabı tarif baxımından həddindən artıq yüksəkdir. Hökumətin fikrincə (d) bəndində göstərilən məbləğ zərurət əsasında xərclənməyib. (f), (g), (h) və (i) bəndləri üzrə 20 mart 2009-cu ildə təqdim olunmuş iddialar hər hansı cədvəl və ya hesabatla müşayiət olunmamışdır və həmçinin həddindən artıq görünür.
93. Məhkəmə yuxarıda göstərilən iddiaları öz presedent hüququnda müəyyən olunmuş kriteriyalar, daha dəqiq desək xərclərin və məsrəflərin həqiqətən və zərurət əsasında Konvensiyanın pozulmasına səbəb olan məsələnin qarşısının alınması və ya pozuntunun aradan qaldırılması üçün çəkilib-çəkilməməsi və kəmiyyətcə ağlabatan olması əsasında nəzərə alacaqdır. Hazırkı işdə Məhkəmə hesab edir ki, (a), (b), (c) və (e) bəndləri üzrə iddialar tam şəkildə təmin edilməlidir. (d) bəndi üzrə xərclər zərurət əsasında çəkilmiş xərclər kimi görünmür və buna görə də həmin iddia rədd edilməlidir. 28 fevral 2008-ci il tarixindən 24 mart 2009-cu il tarixindəki şifahi məhkəmə baxışı da daxil olmaqla həmin tarixədək çəkilmiş xərclər üzrə (f)-dən (i)-dək olan bəndləri dəstəkləyən heç bir qəbz və ya hesabat təqdim olunmamışdır və əlavə rüsumlar heç bir halda kəmiyyətcə ağlabatan olmur. Buna baxmayaraq, Məhkəmə ərizəçinin şifahi Məhkəmə baxışında təmsil olnması üçün həqiqətən də və zərurət əsasında çəkildiyi iddia olunan əlavə xərc və rüsumları qəbul etməyə hazırdır. Əlində olan məlumatlara və yuxarıda qeyd olunan kriteriyalara əsaslanaraq Məhkəmə hesab edir ki, ərizəçiyə c-b Childın işinə görə 15,000 Avro, c-b Einar Hálfdánarsonun işinə görə 10,000 Avro və müfaviq olaraq onların xərcləri üçün 1,000 və 3,000 Avro ödnilməsi ağlabatandır.
B. Qərarın icrasının gecikdirilməsinə görə faiz
94. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Qərara alır ki, Konvensiyanın 11-ci maddəsi pozulub;
2. Qərara alır ki, ərizəçinin müstəqil şəkildə və ya 14-cü Maddə ilə birlikdə 1 Saylı Protokolun 1-ci Maddəsi əsasında və ya 11-ci Maddə ilə birlikdə götürüldükdə 14-cü Maddə əsasında verilmiş şikayətlərə ayrıca baxmağa lüzum yoxdur;
3. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın yekun hesab olunduğu tarixdən etibarən üç ay ərzində ərizəçiyə c-b Child tərəfindən tələb olunan xərclərə və məsrəflərə görə 16,000 (on altı min) Avro və c-b Einar Hálfdánarsonun tələb etdiyi xərclərə və məsrəflərə görə 13,000 (on üç min) Avro ödəməlidir ki, bunlar qərarın icra olunduğu tarixin məzənnəsi əsasında müvafiq olaraq Britaniya funtuna və cavabdeh Dövlətin milli valyutasına çevrilməlidir və tutula bilən hər hansı vergilər də məbləğin üzərinə gəlinməlidir;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;
4. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və qərar barədə, Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 27 aprel 2010-cu ildə yazılı məlumat verilmişdir.
Fatoş AracıNicolas Bratza
Katibin MüaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
.© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy