Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 200
Oktyabr 2016-cı il
***
Vukota-Boyiç (Vukota-Bojić) İsveçrəyə qarşı – ərizə № 61838/10
18.10.2016 tarixli qərar [III Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Sosial sığorta işi üzrə iddiaçının hərəkətlərinin özəl xəfiyyələr tərəfindən qanunsuz olaraq müşahidə altında saxlanması: pozuntu baş verib
Faktlar – Ərizəçi yol-nəqliyyat qəzasında xəsarət almışdı. Qəza onun sığorta şirkəti ilə müxtəlif mübahisələrinə və uzunmüddətli məhkəmə araşdırmalarına səbəb olmuşdu, həmin araşdırmalar onun əmək qabiliyyətinin səviyyəsi ilə qəza arasında əlaqənin və ona düşən müavinətin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı idi. Ərizəçi bir neçə tibbi ekspertizadan keçmiş və əlavə tibbi ekspertizadan keçməkdən imtina etdikdən sonra sığorta şirkəti dövlət sığorta sistemi çərçivəsində ona verilmiş səlahiyyətlərdən istifadə edərək ərizəçini müşahidə altında saxlamağı qərara almışdı. Sığorta şirkəti tərəfindən cəlb olunan özəl xəfiyyələr 23 gün müddətində ayrı-ayrı dörd tarixdə onun hərəkətlərinin müşahidəsini aparmışdılar. Sığorta şirkəti ərizəçinin iddia etdiyi əmək qabiliyyəti səviyyəsini və onun istinad etdiyi tibbi rəyləri şübhə altına almaq üçün məhkəmə prosesində müşahidənin ətraflı hesabatlarına istinad etmək niyyətində idi. Ərizəçi şikayət etdi ki, onun gündəlik fəaliyyətlərinin sığorta şirkəti tərəfindən təşkil edilmiş gizli müşahidəsi onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozub. Konkret olaraq, o, hərəkətlərinin müşahidəsini aparmaq üçün əsas təşkil etmiş daxili qanunvericilik normalarının kifayət qədər aydın və dəqiq olmadığını iddia etdi.
Hüquqi məsələlər – Maddə 8: Barəsində şikayət edilən müşahidə tədbiri özəl sığorta şirkəti tərəfindən tətbiq edilmişdi. Lakin məcburi tibbi sığortadan irəli gələn müavinətləri ödəmək və sığorta mükafatlarını toplamaq hüququ həmin şirkətə dövlət tərəfindən vermişdi. Dövlət öz öhdəliklərinin icrasını özəl qurumlara və ya fərdlərə həvalə etməklə Konvensiya əsasında daşıdığı məsuliyyətdən özünü kənarlaşdıra bilməz. Sığorta şirkətinin dövlət sığorta sistemini idarə etdiyini və ölkədaxili hüquq sistemində publik qurum hesab edildiyini nəzərə alsaq, ona dövlət orqanı kimi baxmaq və etdiyi hərəkətlərə görə dövlətin məsuliyyət daşıdığını hesab etmək olar.
Ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilənin olub-olmadığına gəlincə, Məhkəmə qeyd etdi ki, onu sığortalamış sığorta şirkətinin tapşırıqları əsasında hərəkət edən peşəkarlar 23 gün müddətində ayrı-ayrı dörd tarixdə onu sistematik və məqsədyönlü şəkildə müşahidə etmiş və hərəkətlərinin videoçəkilişini aparmışdılar. Əldə edilmiş materiallar toplanmış və seçilmişdi, çəkilmiş videogörüntülər ekspert rəyi üçün əsas qismində istifadə edilmiş və son nəticədə onun sığorta müavinətlərinin yenidən hesablanması üçün əsas təşkil etmişdi. Məhkəmə əmindir ki, videoçəkilişlərin mütəmadi xarakter daşıması və sonradan sığorta mübahisəsi üzrə işdə istifadə edilməsi ərizəçinin fərdi məlumatlarının emalı və toplanması hesab edilə bilər ki, bu da onun şəxsi həyatına müdaxilə təşkil edir.
Məhkəmənin qarşısındakı sual ondan ibarət idi ki, ərizəçinin hərəkətlərinin müşahidəsi barədə qərar çıxarılması üçün hüquqi əsas təşkil etmiş daxili qanunvericilik normaları müdaxilənin "qanunla nəzərdə tutulmuş" hesab edilməsi üçün yetərincə aydın və ətraflı idimi? Məhkəmə bununla bağlı qeyd etdi ki, müvafiq daxili qanunvericilik normalarının sığorta şirkətləri tərəfindən həyata keçirilən araşdırma tədbirləri çərçivəsində fotoların və ya videogörüntülərin əldə edilməsini birbaşa və ya dolayısı ilə nəzərdə tutduğu təəssüratı yaranmasa da, İsveçrə Federal Məhkəməsi bu qənaətə gəlmişdi ki, həmin müddəalar ərizəçinin işindəkinə bənzər hallarda aparılan gizli müşahidə tədbirlərini əhatə edir. Daxili qanunvericilikdə sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminatların olub-olmadığını araşdırarkən Məhkəmə qeyd etdi ki, konkret sığorta mübahisələri kontekstində məxfi müşahidə tədbirlərinə icazə verilməsi və onlara nəzarət edilməsi üçün həmin qanunvericilikdə heç bir prosedur nəzərdə tutulmamışdı. Bundan əlavə, müvafiq qanunvericilik normalarında məxfi müşahidə tədbirləri vasitəsilə əldə edilmiş məlumatların saxlanması, qiymətləndirilməsi, yoxlanması, istifadəsi, ötürülməsi və ya məhv edilməsi prosedurları barədə heç nə deyilmirdi. Beləliklə, ərizəçinin vudeogörüntülərinin və fotoşəkillərinin yer aldığı hesabatın nə qədər müddətə saxlanılacağı, kimlər üçün əlçatan olacağı və ərizəçinin həmin hesabatın istifadəsinə etiraz etmək üçün hər hansı hüquqi vasitələrə malik olub-olmadığı aydın deyildi. Məhkəmə qəbul etdi ki, bu işdəki müşahidə, məsələn, telefon danışıqlarının dinlənilməsi ilə müqayisədə şəxsi həyata daha az müdaxilə hesab edilməlidir; amma bununla belə, bu cür müşahidə zamanı 8-ci maddədə nəzərdə tutulmuş hüquqlara özbaşına müdaxilələrə qarşı adekvat müdafiəni nəzərdə tutan ümumi prinsiplərə riayət edilməlidir.
Bu səbəblərə görə (və ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilənin dərəcəsinin çox az olduğuna baxmayaraq), Məhkəmə hesab etmədi ki, publik orqan qismində hərəkət edən sığorta şirkətlərinə sığorta mübahisələri zamanı sığorta olunmuş şəxslərin məxfi müşahidəsini aparmaq üçün verilmiş diskresion səlahiyyətlərin hüdudları və tətbiqi qaydası daxili qanunvericilikdə kifayət qədər aydın şəkildə müəyyən edilib. Konkret olaraq, həmin qanunvericilikdə sui-istifadə hallarına qarşı təminatlar yer almamışdı. Beləliklə, ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə qanunla nəzərdə tutulmamışdı.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Məhkəmə yekdilliklə qərara aldı ki, məxfi qaydada görüntüyə alınmış materialların ərizəçinin işi üzrə məhkəmə prosesində istifadəsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırmasının ədalətliliyi tələblərinə zidd deyildi.
Maddə 41: mənəvi ziyana görə 8.000 avro təyin edildi.
(Həmçinin bax: De La Flor Kabrera İspaniyaya qarşı, ərizə № 10764/09, 27 may 2014-cü il; və Uzun Almaniyaya qarşı, ərizə № 35623/05, 2 sentyabr 2010-cu il, 133 saylı Məlumat bülleteni)
Full & Egal Universal Law Academy