Verentsov (Vyerentsov) Ukraynaya qarşı – ərizə № 20372/11
11.4.2013 tarixli qərar [V Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Daxili qanunvericilikdə nümayiş keçirmə qaydası nəzərdə tutulmadığı halda şəxsin nümayiş keçirmə qaydasını pozduğuna görə inzibati qaydada həbs edilməsi: pozuntu baş verib
Maddə 46
46-cı maddənin 2-ci bəndi
Məhkəmə qərarının icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh dövlətin öz qanunvericiliyində və inzibati praktikasında dinc nümayişlərin keçirilməsi qaydası ilə bağlı islahat aparması tələb olunur
Faktlar – Ərizəçi insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-nin adından Lvov şəhər meriyasına bildiriş verdi ki, cəmiyyəti prokurorluq orqanlarındakı korrupsiya barədə məlumatlandırmaq üçün bir neçə ay ərzində silsilə nümayişlər keçirəcək. 12 oktyabr 2010-cu ildə o, dinc nümayiş təşkil etdi, nümayiş zamanı polislər əvvəlcə onu özləri ilə apardılar, amma sonra getməsinə imkan verdilər. Ertəsi gün şəhər şurasının şikayətindən sonra inzibati məhkəmə öncədən elan edilmiş növbəti nümayişlərin keçirilməsini qadağan etdi və bu qərar 19 oktyabr 2010-cu ildən qüvvəyə mindi. Ərizəçi rayon polis bölməsinə dəvət edildi, orada konkret olaraq nümayişlərin təşkili və keçirilməsi qaydasını pozmaqda təqsirləndirildi. Ertəsi gün o, rayon məhkəməsinə gətirildi, məhkəmə onu təqsirləndirildiyi hüquq pozuntularında təqsirkar hesab etdi və ona üç gün müddətinə inzibati həbs cəzası təyin etdi. Cəzasını çəkib qurtaran kimi ərizəçi bu qərardan regional apellyasiya məhkəməsinə şikayət etdi, amma şikayəti uğursuzluqla nəticələndi.
Hüquqi məsələlər
Maddə 11: Ərizəçinin həbsi üçün hüquqi əsas İnzibati Xətalar Məcəlləsinin nümayiş keçirmə qaydasının pozulmasına görə məsuliyyət müəyyən edən müddəaları idi və Məhkəmə həmin müddəaları yetərincə əlçatan hesab etdi. Bununla belə, Sovet İttifaqının mövcudluğuna son qoyulandan bəri Ukraynada dinc nümayişlərin keçirilməsi üçün aydın və dəqiq qayda yox idi. Əslində Ukrayna Konstitusiyasında toplaşmaq azadlığına məhdudiyyətlərin tətbiqinin mümkünlüyü barədə ümumi normalar təsbit olunmuşdu, amma onların daxili qanunvericilikdə daha da ətraflı əks olunması tələb olunurdu. Konkret olaraq, 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bu qənaətə gəlmişdi ki, dinc toplantı keçirmək barədə Ukrayna dövlət orqanlarına bildiriş vermə qaydası qanunvericilik vasitəsilə tənzimlənən məsələdir. Bundan başqa, belə qaydanı müəyyən edən yeganə mövcud sənəd 1988-ci ildə hazırda mövcud olmayan dövlət (SSRİ) tərəfindən qəbul edilmiş fərman idi və bir qayda olaraq daxili məhkəmələr onu hələ də qüvvədə olan sənəd kimi qəbul etmirdilər. Beləliklə, bu nəticəyə gəlmək olmazdı ki, İnzibati Xətalar Məcəlləsində qeyd edilən "qayda" mövcud vəziyyətdə hərəkətlərinin nəticələrini ərizəçinin öncədən ağlabatan dərəcədə dəqiqliklə görə bilməsinə imkan yaradan şəkildə ifadə edilmişdi. Belə görünür ki, öz regionlarında nümayişlərin təşkilini və keçirilməsini tənzimləmək üçün yerli hakimiyyət orqanlarının qəbul etdiyi qaydalar da yetərli hüquqi əsas təşkil etmirdi. Məhkəmə Ukrayna kimi bir ölkənin hazırda yaşadığı keçid dövründə öz hüquq sistemini qurması üçün müəyyən vaxt lazım gəldiyini qəbul etsə belə, xüsusən söhbət dinc nümayiş keçirmək hüququ kimi təməl hüquqdan getdiyi halda iyirmi ildən artıq yubanmanın əsaslı olduğunu qəbul edə bilməz. Beləliklə, ərizəçinin dinc toplaşmaq azadlığı hüququna müdaxilə qanunla nəzərdə tutulmamışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 7: İnzibati Xətalar Məcəlləsində nümayişlərin keçirilməsi qaydasını pozma adlanan hüququ pozuntusu nəzərdə tutulsa da, bu qayda daxili qanunvericilikdə kifayət qədər dəqiqliklə müəyyən edilməmişdi. Dinc nümayişlərin keçirilməsi qaydalarını müəyyən edən aydın və dəqiq qanunvericiliyin olmadığı bir şəraitdə ərizəçinin mövcud olmayan qaydanı pozmağa görə cəzalandırılması 7-ci maddəyə zidd idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 1-ci və 3-cü bəndləri: İnzibati xəta haqqında protokolun polis tərəfindən tərtib edilməsi ilə işə birinci instansiya məhkəməsi tərəfindən baxılması arasında cəmi bir neçə saat keçmişdi. Nəticədə ərizəçi ona qarşı irəli sürülən ittihamı dəyərləndirmək və öz müdafiəsini lazımi qaydada hazırlamaq imkanına malik deyildi. Bundan başqa, o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulduğu kimi vəkillə təmsil olunmasını tələb etsə də, birinci instansiya məhkəməsi onun özünün hüquq müdafiəçisi olduğunu nəzərə alaraq bu tələbi rədd etmişdi, halbuki bu əsasa görə imtina qanunsuz və əsassız idi. Bundan əlavə, birinci instansiya məhkəməsinin qənaətləri üçün başcıla əsas polis protokolları idi və ərizəçinin tələbinə baxmayaraq məhkəmə heç bir şahidi dindirməmişdi. Üstəlik, apellyasiya məhkəməsi də yol verilmiş pozuntuları düzəltməmişdi, belə ki, o işə baxdığı zaman ərizəçi artıq inzibati həbs cəzasını çəkmişdi. Nəhayət, iş üçün əhəmiyyətli olduqlarına baxmayaraq onun arqumentlərinə daxili məhkəmələr tərəfindən əhəmiyyət verilməmişdi və onların qərarları lazımi qaydada əsaslandırılmamışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 46: Hazırkı işdə müəyyən edilmiş 11-ci və 7-ci maddələrin pozuntuları toplaşmaq azadlığı ilə bağlı qanunvericilik boşluğundan irəli gəlirdi və bu boşluq iyirmi ildən artıq idi ki, Ukraynanın hüquq sistemində qalırdı. Problemin struktur xarakterli olduğu nəzərə alınaraq, Ukraynanın qanunvericiliyində və inzibati praktikasında təcili surətdə konkret islahatlar aparılmalıdır ki, həmin qanunvericilik və praktika Məhkəmənin bu qərarda gəldiyi nəticələrə uyğun olaraq təkmilləşdirilsin və 7-ci və 11-ci maddələrin tələblərinə cavab versin.
Maddə 41: mənəvi ziyana görə 6.000 avro təyin edildi.
Full & Egal Universal Law Academy