Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 3
Fevral 1999-cu il
***
Ueyt (Waite) və Kennedi (Kennedy) Almaniyaya qarşı [BP] – ərizə № 26083/94
18.2.1999 tarixli qərar [Böyük Palata]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Əmək mübahisəsi ilə bağlı məhkəmə yurisdiksiyasına qarşı beynəlxalq təşkilatın immuniteti: pozuntu baş verməyib
[Bu icmal Böyük Palatanın aşağıdakı qərarını da əhatə edir: Beyer və Reqan Almaniyaya qarşı (ərizə № 28934/95, 18 fevral 1999-cu il)]
Faktlar: Cənab Riçard Ueyt (Richard Waite) Britaniya vətəndaşıdır, 1946-cı ildə anadan olub və Qrishaymda yaşayır. Cənab Terri Kennedi (Terry Kennedy) də Britaniya vətəndaşıdır. O, 1950-ci ildə anadan olub və Darmştadtda yaşayır. Cənab Karlhaynts Beyer (Karlheinz Beer) Almaniya vətəndaşıdır, 1952-ci ildə anadan olub və Darmştadtda yaşayır. Cənab Filip Regan (Philip Regan) Britaniya vətəndaşıdır, 1960-cı ildə anadan olub və Birləşmiş Krallıqda, Londonda yaşayır. Ərizəçilərin hamısı xarici şirkətlərdə çalışırdılar, onlar Darmştadtdakı Avropa Kosmik Əməliyyatlar Mərkəzində peşə fəaliyyətlərini həyata keçirmək üçün Avropa Kosmik Agentliyinin (ESA) sərəncamına göndərilmişdilər. Müqavilələri yenilənmədikdə onlar Əmək mübahisələri üzrə Darmştadt məhkəməsində (Arbeitsgericht) ESA-ya qarşı iddia qaldıraraq bildirdilər ki, "Müvəqqəti personalın məşğulluqla təmin edilməsi" haqqında Almaniya qanuna (Arbeitnehmerüberlassungsgesetz) əsasən ESA-nın işçisi statusunu əldə ediblər. Bu məhkəmə prosesində ESA Avropa Kosmik Agentliyinin yaradılması haqqında Konvensiyaya və onun I saylı Əlavəsinə istinad edərək bu məhkəmənin yurisdiksiyasına qarşı immunitetə malik olduğunu bildirdi. Əmək mübahisələri üzrə məhkəmə ESA-nın yurisdiksiya immunitetinə istinad etmək hüququna malik olduğunu hesab edərək iddia ərizələrini qəbulolunmaz elan etdi. "Məhkəmələr haqqında" qanunun 20-ci maddəsinin 2-ci bəndində (Gerichtsverfassungsgesetz) nəzərdə tutulur ki, beynəlxalq hüquqi şəxslər beynəlxalq ümumi hüquq normalarına, yaxud beynəlxalq müqavilələrə və digər hüquq normalarına müvafiq olaraq yurisdiksiya immunitetinə malikdirlər. Cənab Ueyt və cənab Kennedinin işlərinə gəlincə, Əmək mübahisələri üzrə Frankfurt-Mayn apellyasiya məhkəməsi (Landesarbeitsgericht) Əmək mübahisələri üzrə Federal Məhkəmə (Bundesarbeitsgericht) təsdiq etdilər ki, yurisdiksiya immuniteti bu məhkəmə işlərinə baxılmasına imkan vermir. Federal Konstitusiya Məhkəməsi (Bundesverfassungsgericht) onların bu qərardan verdikləri şikayətləri qəbul etməkdən imtina etdi.
Ərizəçilər iddia etdilər ki, onlarla ESA arasında "Müvəqqəti personalın məşğulluqla təmin edilməsi" haqqında Almaniya qanuna müvafiq olaraq müqavilə münasibətlərinin mövcud olub-olmaması məsələsinə məhkəmə tərəfindən ədalətli baxılmayıb. Onlar iddia etdilər ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
Hüquqi məsələlər: Məhkəmə bir daha bildirdi ki, 6-cı maddənin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri ilə bağlı məhkəmə və ya tribunalda iddia qaldırmaq hüququnu təmin edir. Beləliklə həmin maddə "məhkəməyə müraciət etmək hüququnu" özündə ehtiva edir, məhkəməyə çıxış imkanına malik olmaq hüququ, yəni məhkəmələrdə mülki məsələlərlə bağlı iş qaldırmaq hüququ isə onun yalnız bir aspektini təşkil edir (Qolder Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 21 fevral 1975-ci il tarixli qərar, A seriyaları № 18). Məhkəmə qeyd etdi ki, ərizəçilərin ESA-ya qarşı iddia tələbi qəbulolunmaz elan edilib və əmək mübahisələri üzrə Almaniya məhkəmələrindəki icraatlarda məhkəmələr diqqətlərini bu məsələyə yönəldiblər ki, ESA yurisdiksiya immunitetinə malik olduğunu iddia etmək hüququna malik idimi? Məhkəmə hesab etdi ki, ESA-nın yurisdiksiya immunutetinə malik olduğunu təsdiqləmək üçün əmək mübahisələri üzrə Almaniya məhkəmələri tərəfindən gətirilən səbəblər əsassız sayıla bilməzdi. O daha sonra bu məsələni araşdırdı ki, işdə məhkəmə tərəfindən yalnız ilkin məsələ (məhkəmə aidiyyəti) araşdırılıbsa, bunu Avropa Məhkəməsinin presedent hüququnda müəyyən edilmiş prinsiplərin işığında (Fayed Birləşmiş Krallığa qarşı, 21 sentyabr 1994-cü il tarixli qərar, A seriyaları № 94) "məhkəməyə müraciət etmək hüququnun" təmin edilməsi üçün yetərli saymaq olarmı və konkret olaraq məhkəməyə bu cür məhdud çıxış imkanı qanuni məqsəd daşıyırmı və istifadə edilmiş vasitələrlə qarşıya qoyulmuş qanuni məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi varmı? Məhkəmənin bildirdiyinə görə, Almaniya məhkəmələrinin ESA-ya şamil etdikləri yurisdiksiya immuniteti qanuni məqsəd daşıyırdı. Bununla əlaqədar olaraq o qeyd etdi ki, beynəlxalq təşkilatlara imtiyaz və immunitetlərin verilməsi həmin təşkilatların ayrı-ayrı hökumətlərin birtərəfli müdaxiləsindən azad surətdə normal fəaliyyət göstərməsi üçün mühüm vasitədir. Mütənasiblik məsələsinə gəlincə, Məhkəmə hesab etdi ki, dövlətlər müəyyən fəaliyyət sahələrində əməkdaşlıqlarını davam etdirmək və ya gücləndirmək üçün beynəlxalq təşkilatları təsis edirlərsə və həmin təşkilatlara müəyyən səlahiyyətlər və immunitetlər verirlərsə, bu, əsas hüquqların müdafiəsi sahəsində müəyyən nəticələr doğura bilər. İştirakçı dövlətlər bu cür immunitetin şamil olunduğu fəaliyyət sahəsində Konvensiya üzrə daşıdıqları məsuliyyətdən bu qaydada azad edilsəydilər, bu hal Konvensiyanın məqsədinə və predmetinə zidd olardı. Məhkəmənin rəyinə görə, Almaniya məhkəmələrinin yurisdiksiyasına qarşı ESA-ya immunitet verilməsinin mümkünlüyünə dair qərar verərkən nəzərə alınmalı olan əsas amil ondan ibarətdir ki, ərizəçilər Konvensiyada nəzərdə tutulmuş hüquqlarını səmərəli şəkildə müdafiə edə bilmək üçün ağlabatan alternativ vasitələrə malik idilərmi? Məhkəmənin rəyi bundan ibarət oldu idi ki, ərizəçilər ESA ilə onlar arasında əmək münasibətlərinin mövcud olduğunu iddia etdiklərinə görə, ESA-nın Apellyasiya Şurasına müraciət edə bilərdilər və etməli idilər, bu Şura "Agentliyin özündən müstəqil" idi və "Agentlik tərəfindən birbaşa və ya dolayısı ilə qəbul edilmiş hər hansı qərarla əlaqədar olaraq onunla işçi personalı arasında yaranan mübahisələri həll etmək" səlahiyyətinə malik idi (ESA-nın "Personal haqqında əsasnamə"sinin 33.1-ci bəndi). Bundan başqa, Məhkəmə onu da nəzərə aldı ki, müvəqqəti işçilər onları işə qəbul etmiş və işdən azad etmiş firmalardan kompensasiya tələb etmək imkanına malik idilər. Məhkəmə bu qənaətə gəldi ki, mütənasiblik meyarı beynəlxalq təşkilatı milli əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək şərtləri ilə bağlı milli məhkəmə icraatına qatılmağa məcbur etmək üçün tətbiq edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin bu cür şərhi beynəlxalq təşkilatların normal fəaliyyətinə mane ola bilər və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və gücləndirilməsinə yönələn cari tendensiyaya ziddir. Bütün bu halları nəzərə alaraq, Məhkəmə müəyyən etdi ki, ESA-nın yurisdiksiya immunitetinin tətbiqini qəbul edərkən Almaniya məhkəmələri malik olduqları qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdılar.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Full & Egal Universal Law Academy