Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 199
Avqust-sentyabr 2016-cı il
***
Venner (Wenner) Almaniyaya qarşı – ərizə № 62303/13
1.9.2016 tarixli qərar [V Bölmə]
Maddə 3
Pozitiv öhdəliklər
Həbsxana müdiriyyətinin narkotik aludəçisi olan məhbusun lazımi qaydada müalicəsindən ötrü müstəqil tibb mütəxəssisinin məsləhəti üçün müraciət etmək öhdəliyi: pozuntu baş verib
Faktlar – Ərizəçi uzun müddətdən bəri narkotik aludəçisi olan məhbusdur. 1991-ci ildən 2008-ci ilədək onun narkotik aludəçiliyini tibbi göstərişlər əsasında narkotik əvəzləyicilərinin köməyi ilə müalicə edir və nəzarətdə saxlayırdılar. 2008-ci ildə o, azadlıqdan məhrum edildi və müalicəsi dayandırıldı.
Avropa Məhkəməsinə şikayət ərizəsində o, Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etdi ki, həbsxana müdiriyyəti onu narkotik əvəzləyicilərinin köməyi ilə müalicə etməkdən imtina edib və iddia etdi ki, bu müalicə onun sağlamlıq durumu ilə bağlı yeganə adekvat müalicə üsulu idi. Ərizəçi narkotik əvəzləyicilərinin köməyi ilə müalicə edilməsinin zəruriliyinin həbsxana personalından olmayan kənar həkim tərəfindən yoxlanılmasına həbsxana müdiriyyəti tərəfindən icazə verilməməsini tənqid etdi, belə ki, onun azadlıqdan məhrum edilməsindən əvvəl on yeddi il ərzində ona təklif olunan bu müalicə üsulu özünü doğrultmuşdu.
Hüquqi məsələlər – Maddə 3: Həbsxanada saxlanıldığı müddətdə ərizəçinin tam və adekvat tibbi yardım aldığını sübut edən həqiqətə uyğun və inandırıcı dəlillər təqdim etmək vəzifəsi Hökumətin üzərinə düşürdü. Bir sıra ciddi elementlər göstərirdi ki, narkotik əvəzləyicilərinin köməyi ilə müalicə ərizəçinin müalicə olunması üçün zəruri üsul sayıla bilər. O, uzun müddət idi ki, narkotik vasitə olan opioidlərin açıq-aydın aludəçisi idi. Bu aludəçilikdən qurtulmaq üçün onun etdiyi bütün cəhdlər uğursuz olmuşdu və onun narkotik aludəçiliyindən xilas ola biləcəyinə böyük ehtimalla daha ümid etmək olmazdı. Bundan başqa, bu fakt mübahisələndirilmir ki, ərizəçi uzunmüddətli narkotik istehlakı ilə əlaqədar olaraq xroniki ağrılardan əziyyət çəkirdi. Azadlıqdan məhrum edilməzdən əvvəl o, tibbi göstərişlər əsasında narkotik əvəzləyicilərinin köməyi ilə müalicə almış və nəzarətdə saxlanılmışdı. Federal Tibb Assosiasiyasının "Opiat aludəçilərinin narkotik əvəzləyicilərinin köməyi ilə müalicəsinə dair rəhbər prinsiplər"ində narkotik əvəzləyicilərinin köməyi ilə müalicə açıq-aşkar opiat aludəçiləri üçün elmi cəhətdən sınaqdan keçirilmiş müalicə üsulu kimi göstərilmişdi. Prinsipcə, narkotik əvəzləyicilərinin köməyi ilə müalicə Almaniya həbsxanalarının xaricində və daxilində əlçatan idi (Avropa Şurasına üzv olan dövlətlərin çoxunda olduğu kimi) və əslində ərizəçinin həbsxanada saxlanıldığı Bavariyadan savayı bir neçə digər federal əyalətlərdə həbsxanalarda praktiki olaraq tətbiq edilirdi.
Məhkəmə qeyd etdi ki, narkotik əvəzləyicilərinin köməyi ilə müalicənin ərizəçinin müalicə olunması üçün zəruri üsul sayıla biləcəyini göstərən ciddi əlamətlər vardı: bu, azadlıqdan məhrum edilməsindən əvvəl ərizəçiyə narkotik əvəzləyicilərinin köməyi ilə müalicə kursu yazmış həkimlər tərəfindən, eləcə də həbsxana personalından olmayan iki kənar həkim tərəfindən təsdiqlənmişdi, özü də sonunculardan biri onu şəxsən müayinə etmişdi. Bu o deməkdir ki, dövlət hakimiyyəti orqanları abstinensiya yönümlü terapiyanın davam etdirilməsinin ərizəçinin müalicəsi üçün uyğun sayılmalı olub-olmadığını ciddi şəkildə nəzərdən keçirmək öhdəliyini daşıyırdılar.
Lakin dövlət hakimiyyəti orqanlarının müvafiq daxili qanunvericilik normalarında müəyyən edilmiş meyarları və tibbi qaydaları nəzərə almaq şərti ilə narkotik əvəzləyicilərinin köməyi ilə müalicənin zəruriliyi məsələsini tibb mütəxəssislərinin yardımı ilə nəzərdən keçirdiklərini göstərən heç bir əlamət yoxdur. Ərizəçinin bundan öncə on yeddi il narkotik əvəzləyicilərinin köməyi ilə müalicə aldığına baxmayaraq, həbsxana personalından olmayan kənar həkimlərin ərizəçini yenidən bu cür müalicə ilə təmin etməyin zəruriliyi barədə ifadə etdikləri rəylərə əməl etmək üçün heç bir addım atılmamışdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Qərara alındı ki, pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə yetərincə ədalətli təzminat təşkil edir; mənəvi ziyanla bağlı kompensasiya tələbi isə rədd edildi.
(Bax: AİHM-in presedent hüququnda sağlamlıqla bağlı məsələlərə aid tədqiqat işinə dair məruzə; və Məhbusların sağlamlıqla bağlı hüquqları mövzusunda tematik material)
Full & Egal Universal Law Academy