© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
X VƏ BAŞQALARI AVSTRİYAYA QARŞI İŞİ
(CASE OF X AND OTHERS v. AUSTRIA)
(19010/07 saylı ərizə)
QƏRAR
STRASBURQ
19 fevral 2013-cü il
Bu qərar qətidir, lakin redaktə məqsədilə təhlil edilə bilər.
X və Başqaları Avstriyaya qarşı işinə,
Aşağıdakı tərkibdən:
Dean Spielmann, Sədr,
Josep Casadevall,
Guido Raimondi,
Ineta Ziemele,
Nina Vajić,
Lech Garlicki,
Peer Lorenzen,
Anatoly Kovler,
Elisabeth Steiner,
Khanlar Hajiyev,
Egbert Myjer,
Danutė Jočienė,
Ján Šikuta,
Vincent A.de Gaetano,
Linos-Alexandre Sicilianos,
Erik Møse,
André Potocki, hakimlər,
və Johan Callewaert, Böyük Palatanın Katib Müavini
ibarət Böyük Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi,
3 oktyabr 2012-ci il və 9 yanvar 2013-cü ildə qapalı müşavirə keçirərək,
Sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSES
1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü Maddəsinə əsasən Avstriyanın üç vətəndaşı (“ərizəçilər”) tərəfindən 24 aprel 2007-ci il tarixində Məhkəməyə təqdim edilmiş Avstriyaya qarşı şikayət ərizəsi (19010/07 saylı ərizə) əsasında açılıb. Böyük Palatanın Sədri ərizəçilərin adlarının açıqlanmaması barədə xahişini təmin edib (Məhkəmə Reqlamentinin 47-ci Qaydasının 3-cü bəndi).
2. Ərizəçilər Vyanada fəaliyyət göstərən cənab H. Graupner tərəfindən təmsil olunublar. Avstriya Hökumətini (“Hökumət”) onun Nümayəndəsi Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyin Beynəlxalq Hüquq Departamentinin Rəhbəri, Səfir H.Tichy təmsil edib.
3. Ərizəçilər iddia etdilər ki, müxtəlif-cinsli cütlüklərlə müqayisədə onlar ayrı-seçkiliyə məruz qalmışdılar, belə ki, eyni-cinsli cütlüklərin uşaq övladlığa götürməsi qanunla mümkün deyildi.
4. Şikayət Məhkəmənin Birinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 29 yanvar 2009-cu ildə şikayət barədə Hökumətə məlumat verildi. Həmçinin qərara alındı ki, şikayətin qəbuledilənliyi və mahiyyəti üzrə baxılması eyni vaxtda keçirilsin (29-cu Maddənin 1-ci bəndi). İşə Birinci Bölmə tərəfindən 1 dekabr 2011-ci ildə baxıldı. 5 iyun 2012-ci ildə hakimlər Nina Vajić, Anatoly Kovler, Elisabeth Steiner, Khanlar Hajiyev, Julia Laffranque, Linos-Alexandre Sicilianos və Erik Møse, və həmçinin Bölmə Katibi Søren Nielsendən ibarət tərkibdə həmin Bölmənin Palatası öz yurisdiksiyasından Böyük Palatanın xeyrinə imtina etdi (Konvensiyanın 30-cu Maddəsi), tərəflərdən heç biri icazə verilən müddət ərzində bu imtinaya etiraz etmədi (72-ci Qayda).
5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı Maddəsinin 4-cü və 5-ci bəndlərinin müddəalarına və Məhkəmə Reqlamentinin 24-cü Qaydasına müvafiq olaraq müəyyən edildi.
6. Hökumət və ərizəçi hər biri işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı sonrakı yazılı müşahidələrini təqdim etdilər.
7. Bundan əlavə, aşağıdakı altı qeyri-hökumət təşkilatlarının adından prof. R. Vintemute-dən (R. Wintemute) üçüncü tərəfin rəyi alındı: Böyük Palatanın Sədrindən yazılı prosedura müdaxilə etmək icazəsi verilən Fédération internationale des ligues des droits de l’Homme (FIDH), Hüquqşünasların Beynəlxalq Komissiyası (HBK), Beynəlxalq Lezbian, Gey, Biseksual, Trans və İntersekslər Assosiasiyasının Avropa Regionu (BLGA - Avropa), Övladlığa götürmə və tərbiyə üzrə Britaniya Assosiasiyası (ÖTBA), Avropa LGBT Ailələri Assosiasiyasının Şəbəkəsi (ALAAŞ) və Cinsi Oriyentasiya Hüququ üzrə Avropa Komissiyası (SOHAK). Daha sonra üçüncü tərəfin qeydləri hər birinə yazılı prosedura müdaxilə etmək icazəsi verilən Hüquq və Ədalət naminə Avropa Mərkəzindən (HƏAM), Şimali İrlandiya üzrə Baş Prokurordan, Beynəlxalq Amnistiya Təşkilatından (Amnesty İnternational) və Azadlığı Müdafiə Alyansından (AMA) alındı.
8. İşə açıq şəkildə baxılması 3 oktyabr 2012-ci ildə Strasburqda, İnsan Hüquqları Binasında keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:
(a) Hökumət tərəfindən
Xanım B. Ohms, Federal Kargüzarlıq, Nümayəndənin Müavini,
Cənab M. Stormann, Federal Ədliyyə Nazirliyi,
Xanım A. Jankovic, Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirlik
Məsləhətçilər;
(b) ərizəçilər tərəfindən
Cənab H. Graupner,Vəkil.
Məhkəmə xanım Ohms və cənab Graupnerin müraciətlərini, eləcə də hakimlərin verdiyi suallara onların cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
9. Birinci və üçüncü ərizəçilər 1967-ci ildə və ikinci ərizəçi 1995-ci ildə anadan olub.
10. Birinci ərizəçi və üçüncü ərizəçi stabil münasibətlərdə yaşayan iki qadındır. İkinci ərizəçi üçüncü ərizəçinin oğludur və nikahdan kənar doğulub. Onun atası atalığı qəbul edib, lakin onun yeganə qəyyumu anası idi. İkinci ərizəçinin beş yaşından bəri ərizəçilər ümumi ev təsərrüfatında yaşayıblar və birinci və üçüncü ərizəçilər birgə olaraq onun qayğısına qalırlar.
11. 17 fevral 2005-ci ildə birinci ərizəçi və anası tərəfindən təmsil olunan ikinci ərizəçi razılaşma bağladılar, bununla da ikinci ərizəçi birinci ərizəçi tərəfindən övladlığa götürülürdü. Ərizəçilərin niyyəti uşağın anası olan üçüncü ərizəçi ilə əlaqəni qırmadan, onlar arasındakı əlaqələrə uyğun olaraq, birinci və ikinci ərizəçi arasında hüquqi münasibətlər yaratmaq idi.
12. Ərizəçilər Mülki Məcəllənin (Allgemeines Bürgerliches Gesetzbuch) 182-ci maddəsinin 1-ci bəndinin mətninin eyni-cinsli cütlüklərdə tərəflərdən birinin digər tərəfin uşağını bioloji valideyni ilə münasibətinə xitam vermədən övladlığa götürməsini istisna etdiyini başa düşülə biləcəyini anlayaraq, Konstitusiya Məhkəməsindən bu müddəanın onların cinsi oriyentasiyasına görə onlara qarşı ayrı-seçkilik kimi qeyri-konstitusion olduğunu bəyan etməyi xahiş etdilər. Heteroseksual cütlüklərdə, Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi ikinci-valideyn tərəfindən övladlığa götürməyə, yəni tərəflərdən birinin digər tərəfin uşağının ikincinin uşaqla olan hüquqi münasibətinə təsir etmədən övladlığa götürməsinə icazə verilir.
13. 14 iyun 2005-ci ildə Konstitusiya Məhkəməsi Federal Konstitusiyanın 140-cı maddəsinə əsasən bu tələbi qəbuledilməyən olaraq rədd etdi. O qeyd etdi ki, övladlığa götürmə barədə razılaşma təsdiq edib-etməmək barədə qərar verərkən səlahiyyətli Rayon Məhkəməsi Mülki Məcəlləsinin 182-ci maddəsinin 2-ci bəndinin eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə icazə verib-verməməsi məsələsini araşdırmalıdır. Əgər Rayon Məhkəməsi övladlığa götürmə barədə razılaşmanı təsdiq etməkdən imtina edərsə, ərizəçilər bu müddəanın iddia edilən qeyri-konstitusionallığı ilə bağlı öz arqumentlərini apelyasiya məhkəmələrinə təqdim etməkdə azaddırlar, hansılar ki, öz növbələrində ərizəçilərin fikirlərini bölüşdürdükləri halda məsələni Konstitusiya Məhkəməsi qarşısında qaldıra bilərlər.
14. Nəticədə, 26 sentyabr 2005-ci ildə ərizəçilər Rayon Məhkəməsindən hər iki - birinci və üçüncü ərizəçinin ikinci ərizəçinin valideynləri olmaları ilə əlaqədar övladlığa götürmə barədə razılaşmanı təsdiq etməyi xahiş etdilər. Öz təqdimatlarında onlar izah etdilər ki, birinci və ikinci ərizəçi sıx emosional bağlar yaratmışlar və ikinci ərizəçi iki qayğıkeş yetkin şəxslə ev təsərrüfatında yaşamaqdan faydalanır. Məqsəd onların de facto ailə birliyinin hüquqi cəhətdən tanınmasını əldə etmək idi. Birinci ərizəçi beləliklə ikinci ərizəçinin atasını əvəz edəcək. Onlar qeyd etdilər ki, ikinci ərizəçinin atası mövqeyini əsaslandırmaq üçün hər hansı səbəb göstərmədən övladlığa götürməyə razılıq verməmişdir. Bundan əlavə, onlar iddia etdilər ki, o, ailəyə qarşı son dərəcə ədavət nümayiş etdirmişdi və məhkəmə buna görə də Mülki Məcəllənin 181-ci maddəsinin 3-cü bəndinə əsasən onun razılıq verməkdən imtina etməsinə diqqət yetirməməlidir, belə ki, övladlığa götürmə ikinci ərizəçinin maraqlarına uyğundur. Öz arqumentlərinə dəstək olaraq, ərizəçilər Gənclərin İşləri üzrə İdarənin hesabatını əlavə etdilər, hansı ki, təsdiq edirdi ki, birinci və üçüncü ərizəçi ikinci ərizəçinin qayğısına qalmaqla bağlı gündəlik işləri və onun tərbiyəsi üçün zəruri olan ümumi məsuliyyəti bölüşmüşdülər və hüquqi mövqe ilə bağlı şübhələri ifadə etməklə o nəticəyə gəlirdi ki, birgə himayəçilik arzuedilən ola bilər.
15. 10 oktyabr 2005-ci ildə Rayon Məhkəməsi Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndinin ərizəçilərin arzu etdiyi nəticəni yaradan övladlığa götürmənin hər hansı formasını nəzərdə tutmadığına qərar verərək, övladlığa götürmə barədə razılaşmanı təsdiq etməkdən imtina etdi. Onun əsaslandırıcı hissəsində deyilir:
“Xanım ..., üçüncü ərizəçi, nikahdan kənar doğulan, öz yetkinlik yaşına çatmamış oğlunun yeganə himayəçisidir .... [O], ... öz partnyoru ... (birinci ərizəçi) və ... (ikinci ərizəçi) ilə bir evi paylaşır.
12 oktyabr 2011-ci ildə uşağın anası və onun partnyoru tərəfindən hər iki qadının birgə himayəçiliyi həyata keçirə bilmələri üçün, [uşağın] üzərində himayənin qismən ananın partnyoruna verilməsi barədə məhkəmələrə birgə verilən ərizə son nəticə olaraq rədd edildi.
Hazırda təsdiqi xahiş edilən 17 fevral 2005-ci il tarixli övladlığa götürmə barədə razılaşmanın şərtlərinə əsasən, [uşağın] anasının partnyoru kimi birinci ərizəçi uşağı övladlığa götürməyə razılıq verib.
Ərizəçilər məhkəmənin bu cür övladlığa götürməni təsdiq etməsini istəyirlər ki, ailə qanunvericiliyinə əsasən bioloji ata və onun qohumları ilə münasibətlərin mövcudluğu kəsiləcək, bioloji ana ilə münasibətlər tam toxunulmamış qalacaq. Onlar məhkəmələrdən uşağın atasının razılıq verməsindən imtina etməsinə diqqət yetirməməyi xahiş edirlər.
Bioloji ananın və onunla eyni-cinsli münasibətlərdə yaşayan övladlığa götürən ananın birgə himayəçiliyini təmin etməyə de facto yönəlmiş ərizə qanunla əsaslanmır.
Mülki Məcəllənin 179-cu maddəsi ya bir şəxsin və yaxud evli cütlüyün övladlığa götürməsini nəzərdə tutur. Yalnız müəyyən ciddi şərtlər altında evli şəxs uşağı təkbaşına övladlığa götürə bilər.
Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndinin ikinci cümləsinə əsasən, ailə hüququnda hüquqi münasibətlər – qanuni qohumluğun özündən əlavə - əgər uşaq yalnız kişi (və ya qadın) tərəfindən övladlığa götürülürsə, yalnız bioloji ataya (bioloji anaya) və onun qohumlarına münasibətdə xitam olunur. Digər valideynlə münasibətlər bundan sonra (yəni övladlığa götürmədən sonra) toxunulmaz qaldığı halda, məhkəmə müvafiq valideynə münasibətdə onun razılığı şərti ilə, onların kəsilmiş olduğunu bəyan edir.
Mülki Məcəllənin 182-ci maddəsinə sonuncu dəfə 1960-cı ildə dəyişiklik edilib (Federal Qəzet 58/1960). Bu müddəanın birmənalı mətninə və həmin vaxtda qanunvericinin mübahisəsiz niyyətinə əsasən güman edilməlidir ki, bir şəxs tərəfindən övladlığa götürmə halında, övladlığa götürən valideynlə eyni cinsdən olan bioloji valideynlə hüquqi münasibətlərin mövcudluğu dayanır, əks cinsdən olan valideynlə münasibətlər dəyişilməz qalır (bax həmçinin Schlemmer in Schwimann, ABGB2 I § 182, bənd 3). Yalnız bu halda qanunvericilik məhkəmələrə - özlüyündə övladlığa götürmə nəticəsində dəyişilməz qalan - sonuncu münasibətlərin pozulmuş olduğunu bəyan etməyə icazə verir.
Buna görə də ərizəçilərin tələb etdiyi nizamlanma, yəni [uşağın] qadın tərəfindən övladlığa götürülməsi və onun bioloji anası ilə deyil, bioloji atası ilə münasibətlərə xitam verilməsi, qanunvericiliyə uyğun deyil. Məhkəmənin fikrincə bu qanunvericilik müddəasının Konstitusiyaya uyğunluğunun şərhi - tələb olunduğunu deməyə ehtiyac yoxdur - bu nəticəni dəyişdirmir.
Bildirmək doğru olar ki, Avropa İnsan Hüquqları Məhkəməsinin oturuşmuş presedent hüququna əsasən, cinsi oriyentasiyaya aid məsələlər şəxsi və ailə həyatına hörmət hüququnun əhatə dairəsinə düşür (Maddə 8 AİHK). Həmçinin doğrudur ki, Məhkəmənin presedent hüququna əsasən, cinsi oriyentasiya əlamətinə əsasən ayrı-seçkilik əsaslı şəkildə Konvensiyanın 8 və 14-cü Maddələrinə uyğun deyil. Lakin qeyd edilməlidir ki, Avropa Məhkəməsi həmçinin dəfələrlə qət etmişdir ki, Avropa Şurasına üzv olan Dövlətlərə bununla əlaqədar mülahizə sərbəstliyi verilməlidir, hansı ki, üzv Dövlətlərin hüquq sistemləri arasındakı uyğunluqdan müvafiq olaraq daha genişdir. Fretté Fransaya qarşı (Fretté v. France) işi üzrə qərarının 41-ci bəndində (36515/97 saylı ərizə, 26 may 2002-ci il), Avropa Məhkəməsi aydın şəkildə bildirdi ki, homoseksualların övladlığa götürmək hüququ sahəsində üzv Dövlətlərə geniş mülahizə sərbəstliyi verilməlidir, belə ki, müvafiq məsələlər sosial dəyişikliyə məruz qalıb və keçid vəziyyətindədir; lakin, bu mülahizə sərbəstliyi özbaşına səlahiyyəti həyata keçirmək üçün Dövlətlərə kart-blanş verilməsi kimi şərh edilməməlidir.
Üzv Dövlətin eyni cinsdən olan iki şəxsə uşaqla bərabər əsasda hüquqi münasibətlər qurmaq imkanı verib-verməməsi məsələsi buna görə də Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudiyyətləri nəzərə almaqla Dövlətin özünün qərar verəcəyi məsələdir. Bu məhkəmənin fikrincə hətta qanunun, tələb olunduğu kimi, Konstitusiyaya uyğunluğu şərh olunduqda, hazırda Avstriya qanunvericiliyinə əsasən belə imkanın mövcud olmadığı aşkar edilir. Ərizəçilərin səy göstərdiyi nizamlama qanunvericiliyə dəyişikliyi tələb edəcək; Mülki Məcəllənin 182-ci maddəsini şərh edən adi məhkəmə qərarı vasitəsilə bu müddəanın birmənalı olmayan mətninə zidd olan tərzdə buna səlahiyyət verilə bilməz.
Bu səbəblərdən məhkəmə övladlığa götürmə barədə razılaşmanın təsdiq edilməsi ilə bağlı ərizəni rədd edir.”
16. Ərizəçilər şikayət etdilər və Konvensiyanın 8 və 14-cü Maddələrinə istinad edərək iddia etdilər ki, Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi ayrı-seçkilik xarakteri daşıyır, belə ki, o, müxtəlif-cinsli və eyni-cinsli cütlüklər arasında əsassız fərqə gətirib çıxarır. Belə adlandırılan ikinci valideynin övladlığa götürməsi eyni-cinsli cütlüklər üçün deyil, evli və ya evli olmayan heteroseksual cütlüklər üçün mümkündür. Hazırkı iş bir homoseksual tərəfindən övladlığa götürmə barədə olan Fretté-nin işindən fərqləndirilməlidir. Əksinə, bu iş müxtəlif-cinsli və eyni-cinsli cütlüklər arasında rəftarda fərqə aiddir.
17. Karner Avstriyaya qarşı (Karner v. Austria) işində (№ 40016/98, ECHR 2003‑IX) Məhkəmənin qərarını nəzərə alsaq nikahda olmayan heteroseksual cütlüklər və eyni-cinsli cütlüklər arasında rəftar xüsusilə problematikdir. Yalnız bəzi Avropa Dövlətləri eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə icazə verib; Dövlətlərin əksəriyyəti ikinci valideynin övladlığa götürməsini yalnız nikahda olan cütlüklərə icazə verib və nikahda olmayan müxtəlif-cinsli cütlüklərlə və eyni-cinsli cütlüklərlə fərqli şəkildə rəftar olunmayacağı barədə razılıq əldə olunub. Şikayət edilən fərq qanuni məqsəd daşımır; xüsusilə də, bu, uşağın maraqlarını qorumaq üçün zəruri olmayıb. Araşdırma göstərir ki, homoseksual valideynli ailələrdəki uşaqlar heteroseksual valideynli ailələrdəki kimi yaxşı inkişaf edirlər. Vacib olan valideynlərin cinsi oriyentasiyası deyil, onların sabit və qayğıkeş ailə təmin etmək bacarığıdır. Ərizəçilər apelyasiya məhkəməsindən Rayon Məhkəməsinin qərarını ləğv etməyi və onların 26 sentyabr 2005-ci il tarixli xahişini təmin etməyi və ya, alternativ olaraq, işi yeni qərar üçün Rayon Məhkəməsinə geri göndərməyi xahiş etdilər.
18. Regional Məhkəmə məhkəmə baxışı keçirmədən, ərizəçilərin 21 fevral 2006-cı il tarixli apelyasiya şikayətini rədd etdi. Öz qərarında o, (ikinci ərizəçinin atasının ona baş çəkmək hüquqları, eləcə də onu saxlamaq vəzifələri və birinci və üçüncü ərizəçilərin ikinci ərizəçinin üzərində birgə himayəçiliyi əldə etmək üçün uğursuz şəkildə cəhd etdikləri proseslərlə bağlı) bir sıra əlaqədar prosesləri təsvir etdi. Regional Məhkəmə müəyyən etdi ki, üçüncü ərizəçinin öz oğlunu proseslərdə təmsil edə bilib-bilməyəcəyi ilə bağlı şübhələri vardı, belə ki, burada potensial maraqların toqquşması mövcuddur. O, aşağıdakıları bildirərək davam etdi:
“Lakin bu məsələnin sonrakı araşdırmasına obyektiv olaraq ehtiyac yoxdur, belə ki, bu məhkəmənin fikrincə - aşağıda təsbit edildiyi kimi – övladlığa götürmə barədə razılaşmanın təsdiqi hər hansı sonrakı araşdırmaya zərurət olmadan hər bir halda bu işdə rədd edilməlidir və həqiqətən birinci instansiya məhkəməsi tərəfindən bu nəticə ilə rədd edilmişdir ki, uşağın proseslərdə effektiv təmsil olunması mübahisələndirilmir.
Hələ [uşağın] üzərində himayənin qismən [ananın partnyoruna] verilməsi barədə ərizə ilə bağlı qərarda, işi araşdıran məhkəmələr müəyyən etdilər ki, Avstriya qanunvericiliyi ‘valideynlər’ anlayışının hər hansı hüquqi tərifini nəzərdə tutmasa da, bununla belə ümumilikdə Avstriya ailə qanunvericiliyinin müddəalarından tamamilə aydın olur ki, qanunverici zənn edir ki, valideyn cütlüyü prinsipcə iki əks cinsli şəxslərdən ibarət olmalıdır. Buna görə də qanunvericilik ilk növbədə bioloji valideynlərin və ya uşaq nikahdan kənar doğulduğu halda bioloji ananın himayəsini təmin edir. Yalnız bu mümkün olmadıqda qanunvericilik digər şəxslərin uşaq üzərində himayəçi təyin olunmasını nəzərdə tutur. Əgər bioloji valideynlər (ata və ana) mövcuddursa, hətta sırf faktiki baxımdan, digər şəxsin uşaqla sıx münasibətləri olsa da, həmin şəxsin himayəçi təyin olunması zəruri deyil (müqayisə et OGH, 7 Ob 144/02 f). Məhkəmələr vurğulayır ki, bu hüquqi vəziyyətdən eyni-cinsli partnyorluqda hər hansı ayrı-seçkilik nəticəsi çıxarıla bilməz, belə ki, ailə qanunvericiliyinin müddəaları bioloji reallığa uyğun şəkildə, əks cinsdən olan valideynlərdən təşkil olunan cütlüyün mövcudluğuna əsaslanıb. Bu məhkəmənin fikrincə bu mülahizələr həmçinin burada araşdırılan məsələyə, yəni yetkinlik yaşına çatmamış uşağın valideynlərindən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsinin təsdiqinə tətbiq olunur. Burada həmçinin, uşağın hər iki əks-cinsli valideynləri mövcud olduqda, əlavə ‘qanuni valideynin’ yaradılmasına ehtiyac yoxdur. Məqsəd heç bir mənada uşağın anasının eyni-cinsli partnyorluğuna qarşı ayrı-seçkilik etmək deyil; lakin, hər iki əks-cinsli valideynlər mövcud olduqda, valideynlərdən birinin digərinin eyni-cinsli partnyoru ilə əvəz edilməsinə imkan verən müddəaya sadəcə ehtiyac yoxdur.
Yetkinlik yaşına çatmamış uşağın övladlığa götürülməsi əsaslı surətdə bioloji valideynlərlə onların uşaqları arasında mövcud olan münasibətə yaxın olan münasibəti yaratmaq üçün nəzərdə tutulub. Hazırkı işdəki iş materialları göstərir ki, bioloji ata müntəzəm olaraq öz uşağı ilə əlaqə saxlayır, nəticədə uşaq hər iki əks-cinsli valideyni ilə anlamlı əlaqələr saxlayır. Belə halda, uşağın övladlığa götürülməsinə icazə verməklə, bioloji valideynlərdən hər hansı birinin digər valideynin eyni-cinsli partnyoru ilə əvəz etməyə ehtiyac yoxdur.
Valideynlərin ünsiyyət saxlamaq hüququ ilə bağlı presedent hüququ həmçinin ümumi və mübahisəsiz olaraq tanıyır ki, əldə edilən psixoloji və sosioloji nəticələrə müvafiq olaraq, uşağın sonrakı inkişafı üçün xüsusilə vacibdir ki, onun birgə yaşamadığı valideynlə müvafiq şəxsi ünsiyyət saxlansın (bax, xüsusilə də, EFSlg 100.205). Müvafiq olaraq, qanunverici uşağa eyni evdə yaşamayan valideynlə şəxsi ünsiyyətdə olmaq hüququ verərək irəli gedir (bax, xüsusilə də, OGH, 3 Ob 254/03 z). Eyni zamanda mübahisəsizdir ki, yetkinlik yaşına çatmayan uşağın inkişafı üçün yüksək dərəcədə arzuediləndir ki, o, hər iki - əks-cinsli – valideynləri ilə, başqa sözlə, hər iki qadın (ana) və kişi (ata) himayəçiləri ilə şəxsi münasibətə malik olsun və bu məqsədə nail olmaq üçün səy göstərilsin (müqayisə et, xüsusilə də, EFSlg 89.668). Ən azından uşaq və iki valideyni arasında şəxsi ünsiyyətin minimum dərəcəsi beləliklə çox arzuediləndir və ümumiyyətlə uşağın sağlam inkişafının maraqları baxımından tələb edilir (müqayisə et OGH, 7 Ob 234/99 h). Bu mülahizələr həmçinin əgər bu, digər valideynlə ailə-hüququ münasibətlərinin ayrılması təsirinə malikdirsə, uşağın valideynlərdən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsinə icazə verilməsinə mane olur.
Yuxarıda qeyd edildiyi kimi, bu hüquqi mövqe heç bir mənada eyni-cinsli partnyorluqda olan insanlara qarşı ayrı-seçkiliyə bərabər tutulmur. Bu məsələ ilə bağlı birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın əsaslandırıcı hissəsində düzgün olaraq Avropa Məhkəməsinin bərqərar olmuş presedent hüququnu göstərdi, hansına görə ki, cinsi oriyentasiya şəxsi və ailə həyatın qorunmasının əhatə dairəsinə düşür (Konvensiyanın 8-ci Maddəsi), nəticədə cinsi oriyentasiya zəminində ayrı-seçkilik Konvensiyanın 8 və 14-cü Maddələrinə əsaslı şəkildə uyğun deyil. Lakin, birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq göstərdi ki, qanunvericiliyin qəbul edilməsində milli hüquq sistemlərinə mülahizə sərbəstliyi verilməlidir, bu sərbəstlik sözügedən sahədə üzv Dövlətlərin hüquq sistemləri arasında aydın razılıq olmadıqda, müvafiq olaraq daha genişdir. Mülahizə sərbəstliyinin Dövlətlərə özbaşına qərarlar qəbul etmək üçün kart-blanş verilməsi kimi təfsir edilməməli olduğunu qeyd edərək, birinci instansiya məhkəməsi qeyd etdi ki, bu, homoseksualların övladlığa götürmək hüququ sahəsində çox geniş şərh olunmalıdır, çünki bunlar sosial dəyişikliyə məruz qalan məsələlərdir. Bu qiymətləndirmənin kontekstində Avstriya hüquq sistemi valideynlərdən birinin eyni-cinsli partnyoru tərəfindən uşağın övladlığa götürülməsini nəzərdə tutmur.
Şikayətçilər qüvvədə olan müddəaların eyni-cinsli partnyorlara münasibətdə ayrı-seçkiliyə bərabər olduğunu göstərmək üçün hər hansı inandırıcı arqumentlər təqdim etmədilər. Hətta heteroseksual cütlüklərdə, partnyorun uşağı övladlığa götürüldükdə xitam oluna bilən yeganə hüquqi münasibət uşaq və övladlığa götürən valideynlə eyni cinsdən olan valideyn arasında olan münasibətdir. Belə hallarda beləliklə uşaq əvvəlki kimi iki əks-cinsli valideynlərə və tərbiyəçilərə malik olur. Uşağın inkişafı üçün vacib olan bu hal bununla belə onun valideynlərdən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsi halında tətbiq olunmur; müvafiq olaraq bununla əlaqədar rəftarda əsassız fərqlə bağlı hər hansı sübut mövcud deyil. Bundan əlavə, ərizəçilərin istinad etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında (bax Karner Avstriyaya qarşı iş (Karner v. Austria), 24 iyul 2003-cü il), Məhkəmə xatırlatdı ki, eyni-cinsli münasibətlərdə yaşayan insanlarla rəftarda fərq yalnız o halda ayrı-seçkilik hesab olunmalıdır ki, onun obyektiv və ağlabatan əsaslandırması olmasın, yəni, o, qanuni məqsəd daşımasın və ya istifadə edilən vasitələrlə həyata keçirilməli olan güdülən məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi mövcud olmasın. Məhkəmə beləliklə yalnız çox tutarlı səbəblər irəli sürüldükdə, rəftarda fərqliliyin Konvensiyaya uyğunluğunu nəzərdən keçirəcək. Buna görə də cinsi oriyentasiya əlamətinə əsaslanan rəftarda hər hansı fərqi əsaslandırmaq üçün xüsusilə əhəmiyyətli səbəblər irəli sürülməlidir. Lakin Məhkəmə həmçinin bununla əlaqədar dəqiq şəkildə təsdiq etdi ki, ‘ənənəvi ailənin’ qorunması, prinsipcə, milli qanunvericilik tərəfindən rəftarda fərqliliyi əsaslandıra biləcək tutarlı və qanuni səbəbdir. Eyni zamanda, o, müəyyən etdi ki, ənənəvi mənada ailənin qorunması məqsədi olduqca mücərrəddir və konkret tədbirlərin geniş müxtəlifliyi onun həyata keçirilməsi üçün istifadə oluna bilər. Homoseksual münasibətlərdə yaşayan insanları müəyyən hüquqi müddəaların tətbiqi dairəsindən çıxarmaq üçün tutarlı səbəblər təqdim edilməlidir. Mərhum şəxsin eyni-cinsli partnyorunun icarəyə varis olmaq hüququ ilə bağlı sözügedən işdə, Məhkəmə müəyyən etdi ki, belə səbəblər təqdim edilməmişdir.
Bununla belə, sözügedən qərar hazırkı işdə şikayətçilərin arqumentlərinə hər hansı dəstək vermir. Məhkəmənin tanıdığı - ‘ənənəvi ailəni’ qorumaq üçün milli hüquq sistemində tədbirləri daxil etmək hüququnun əsasında, prinsip etibarilə və bioloji reallığa müvafiq olaraq, yetkinlik yaşına çatmamış uşağın valideynləri qismində əks-cinsli cütlüyün olması ilə bağlı Avstriya hüquq sistemində götürülən mövqeyə riayət edilməlidir. Bu səbəbdən, bu məhkəmənin fikrincə, əks-cinsli valideynlə münasibətin kəsilməsi nəticəsi ilə, uşağın valideynlərdən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsini təmin etməmək barədə qanunvericinin qərarı şübhəsiz ‘qanuni məqsəd’ daşıyır. Eyni zamanda demək olmaz ki, bu məqsəd ilə istifadə edilən vasitələr arasında ‘mütənasibliyin ağlabatan əlaqəsi’ mövcud deyil. Bu hüquqi mövqe – şikayətçilərin iddialarına əks olaraq – ‘heterseksual çoxluğun homoseksual azlığa münasibətdə qərəzliliyə əsaslanmır’, sadəcə yetkinlik yaşına çatmayan uşaqların böyüdükləri müddətdə hər iki qadın və kişi valideynləri ilə müntəzəm olaraq ünsiyyətdə olmalarını təmin etmək üçün nəzərdə tutulub. Bu məqsədə uşağın anasının eyni-cinsli partnyorluqda yaşamaq qərarı ilə eyni şəkildə hörmət edilməlidir. Beləliklə, uşağın digər cinsdən olan valideyni ilə ailə-hüququ münasibətlərindən məhrum etmək üçün aşkar səbəblər yoxdur. Lakin, bu, məhz uşağın anasının və onun partnyorunun hazırkı işdə səy göstərdiyi və apelyasiya şikayəti təqdim etdikdən bəri səy göstərməyə davam etdikləridir.
Müvafiq olaraq, bütün bu mülahizələri nəzərə alaraq, hazırkı şikayət rədd edilməlidir.
Hüquq məsələləri ilə bağlı apelyasiya şikayətinin qəbuledilənliyi barədə qərar Mübahisəsiz İcraat haqqına Qanunun 59(1)(2) və 62(1) bəndlərinə əsaslanır. Ali Məhkəmənin hazırkı iş üzrə artıq bir qərar qəbul etdiyi doğru olsa da, həmin qərar uşağın anasının eyni-cinsli partnyoruna himayəçiliyin (qismən) verilməsinin qanuniliyi ilə bağlı idi. Bununla belə, hazırda müəyyən edilməli olan məsələyə münasibətdə, yəni uşağın valideynlərdən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsinin qanuni olub-olmaması ilə bağlı, məhkəmənin bildiyi dərəcədə, bu günədək Ali Məhkəmənin hər hansı xüsusi və dəqiq ifadə edilmiş qərarları yoxdur. Bu səbəbdən hazırkı qərar qanunun birliyi, hüquqi müəyyənlik və hüququn inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.”
19. Ərizəçilər hüquqi məsələlərlə bağlı Ali Məhkəməyə şikayət verdilər. Onlar bildirdilər ki, məhkəmələrin tətbiq etdiyi kimi Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi bir partnyorun digər partnyorun bioloji uşağını övladlığa götürməyə arzuladığı hallarda, müxtəlif-cinsli və eyni-cinsli cütlüklər arasında rəftarda fərqliliyə gətirib çıxarır. Heteroseksual cütlüklər (nikahda olmayanlar daxil olmaqla) uşaq və onun valideyninin partnyoru arasında əlavə valideyn-uşaq münasibətlərini yarada bildiyi halda, bu, eyni-cinsli cütlüklər üçün mümkün deyil, belə ki, eyni cinsli partnyor bioloji valideyni əvəz edəcək. Beləliklə, ikinci valideynin övladlığa götürməsinin istənilən anlamlı növü istisna edilirdi. Regional Məhkəmə ailənin ənənəvi mənada qorunması və uşağa hər iki kişi və qadın himayəçiləri ilə böyümək imkanının verilməsi məqsədlərinə istinad edərək rəftarda bu fərqliliyi əsaslandırmağa cəhd etdi. Lakin Regional Məhkəmə eyni-cinsli ailələrin ikinci valideynin övladlığa götürməsindən təcrid olunmasının bu məqsədə nail olmaq üçün zəruri olduğunu göstərməmişdi. Son tədqiqatlar göstərdi ki, eyni-cinsli cütlüklər müxtəlif-cinsli cütlüklər qədər uşaqları tərbiyə etməyə qadirdilər. Bundan əlavə, hazırkı iş ikinci ərizəçinin eyni-cinsli ailədə böyüməli olub-olmadığı məsələsinə toxunmayıb. O, artıq de facto eyni-cinsli ailənin bir hissəsi idi. Beləliklə, məsələ onunla birinci ərizəçi arasındakı münasibətlərin hüquqi cəhətdən tanınmasının inkar edilməsinin əsaslı olub-olmaması idi. Nikahda olmayan heteroseksual və eyni-cinsli cütlüklər arasında fərq qoyulmasının zəruri olduğu göstərilməmişdi. Nəhayət, ərizəçilər bildirdilər ki, bir çox Avropa Dövlətlərində ikinci valideynin övladlığa götürməsi nikahda olan cütlüklər üçün nəzərdə tutulub. Onlar bildirdilər ki, Avstriyanın etdiyi kimi, Dövlət nikahda olmayan cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə icazə verməyi qərara aldıqda, cinsi oriyentasiya əsasında fərqləndirmə aparmaq azad olmayıb.
20. 27 sentyabr 2006-cı ildə Ali Məhkəmə ərizəçilərin hüquq məsələləri ilə bağlı verdiyi şikayəti rədd etdi. O, aşağıdakı qərara gəldi:
“[Azyaşlı] üçüncü ərizəçi, xanım ..., və cənab ..., ... anadan olmuş bioloji uşağıdır. Uşağın anası onun yeganə himayəçisidir. O, partnyoru (birinci ərizəçi) və [uşağı] ilə bir evi paylaşır. Ərizəçilər birinci ərizəçi və anası tərəfindən təmsil olunan yetkinlik yaşına çatmamış uşaq arasında 17 fevral 2005-ci ildə bağlanmış övladlığa götürmə barədə razılaşmanın təsdiqi üçün məhkəməyə müraciət etdilər; razılaşmanın şərtlərinə görə birinci ərizəçi uşağı övladlığa götürməyə razılıq verib. Lakin razılaşma birinci ərizəçinin uşağın anasının deyil, onun bioloji atasının yerini tutmasını nəzərdə tuturdu. Ərizəçilər belə övladlığa götürmənin təsdiq olunmasını istəyirdilər ki, ailə hüququna əsasən bioloji ata və onun qohumları ilə münasibətlərin mövcudluğuna son qoyulacaq, lakin uşağın bioloji anası ilə münasibətləri tam toxunulmamış qalacaq. Onlar məhkəmələrdən uşağın atasının razılıq verməsindən imtina etməsinə diqqət verməməyi xahiş etdilər. Birinci instansiya məhkəməsi bundan irəli gələrək ərizəni rədd etdi ki, Mülki Məcəllənin 182-ci maddəsi qanunvericinin bu aydın niyyətini əks etdirir ki, bir şəxs tərəfindən övladlığa götürmə zamanı, övladlığa götürən valideynlə eyni cinsdən olan valideynlə hüquqi münasibətlərin mövcudluğu kəsilir və əks-cinsli valideynlə münasibətlər saxlanılır. Yalnız bu halda, birinci instansiya məhkəməsinə əsasən, qanunvericilik məhkəmələrə özlüyündə övladlığa götürmə nəticəsində dəyişilməz qalan sonuncu münasibətlərin pozulmuş olduğunu bəyan etmək hüququ verib. Birinci instansiya məhkəməsinin fikrincə ərizəçilərin cəhd etdiyi nizamlanma, hansına görə ki, [uşaq] qadın tərəfindən övladlığa götürüləcək və onun bioloji anası ilə deyil, bioloji atası ilə hüquqi münasibətləri kəsiləcək, qanuna uyğun deyil. Bu şərh Konstitusiya və xüsusilə də Avropa İnsan Hüquqları Konvensiyasının 8 və 14-cü Maddələrinə uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, üzv Dövlətlər homoseksuallar tərəfindən övladlığa götürmə sahəsində xüsusilə geniş mülahizə sərbəstliyinə malikdirlər, belə ki, bu məsələlər sosial dəyişikliyə məruz qalıb və keçid vəziyyətindədir. Üzv Dövlətin eyni cinsdən olan iki şəxslərə bərabər əsasda uşaqla hüquqi münasibətlər qurmaq imkanı verib-verməməsi məsələsi buna görə də Konvensiyanın 8-ci Maddəsinin 2-ci bəndində nəzərdə tutulan məhdudiyyətləri nəzərə almaqla Dövlətin özünün qərar verəcəyi məsələdir. Ərizəçilərin səy göstərdiyi nizamlanma Avstriya qanunvericiliyinə əsasən mümkün deyil. Apelyasiya məhkəməsi ondan irəli gələrək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı ki, qanun aydın şəkildə o şərtə əsaslanır ki, ‘valideynlər’ termini zəruri olaraq əks cinsdən iki şəxsi nəzərdə tutur. Bu, prinsip etibarilə digər şəxslərlə müqayisədə bioloji valideynlərə üstünlük verən himayəçilik haqqında qanunda öz əksini tapıb. Övladlığa götürmə haqqında qanunvericilik sahəsində eyni mülahizələr tətbiq olunur. Burada da qanunvericilik müddəaları bioloji reallığa uyğun olaraq, əks cinsdən ibarət olan valideynlərdən ibarət cütlüyün mövcudluğuna əsaslanır. Hər iki əks cinsdən valideynlər mövcud olduqda, valideynlərdən birinin digərinin eyni-cinsli partnyoru tərəfindən əvəz olunmasına imkan verən müddəaya ehtiyac yoxdur; bu, eyni-cinsli partnyorlara qarşı hər hansı ayrı-seçkilik etmək arzusunu əks etdirmir. Ünsiyyət hüququ sahəsində həmçinin mübahisəsiz olaraq tanınıb ki, yetkinlik yaşına çatmayan uşağın inkişafı üçün, yüksək dərəcədə arzuediləndir ki, o, hər iki - əks-cinsli – valideynləri ilə, başqa sözlə, hər iki qadın (ana) və kişi (ata) himayəçiləri ilə şəxsi münasibətə malik olmalıdır. Ən azından uşaq və iki (bioloji) valideynləri arasında şəxsi ünsiyyətin minimum dərəcəsi arzuedilən olub və ümumiyyətlə uşağın sağlam inkişafının maraqları baxımından tələb edilib. Bu mülahizələr də övladlığa götürməyə münasibətdə tətbiq oluna bilərdi. Apelyasiya məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin fikrini təsdiq etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ baxımından eyni-cinsli partnyorlara qarşı hər hansı ayrı-seçkilik olmayıb. Eyni-cinsli münasibətlərdə yaşayan şəxslərlə rəftarda fərq yalnız o halda ayrı-seçkilik hesab olunmalıdır ki, onun obyektiv və ağlabatan əsaslandırması olmasın, başqa sözlə, sözügedən qayda qanuni məqsəd daşımasın və ya istifadə edilən vasitələrlə həyata keçirilməli olan güdülən məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi mövcud olmasın. Tutarlı səbəblər irəli sürüldükdə, rəftarda fərqliliyin Konvensiyaya uyğunluğu müəyyən edilir. Avstriya qanunvericisi uşaqlar böyüdükcə, onların inkişafı tələb etdiyi kimi, hər iki - kişi və qadın valideynləri ilə müntəzəm ünsiyyətdə olmalarının təmin edilməsi cəhdində belə bir qanuni məqsəd güdür. Bu məqsədə ananın eyni-cinsli partnyorluqda yaşamaq qərarı ilə eyni dərəcədə hörmət edilməlidir. Bununla belə, uşağın digər cinsdən olan valideyni ilə ailə hüququ altında münasibətlərdən məhrum edilməsi üçün heç bir əsaslandırma olmayıb.
Apelyasiya məhkəməsi qərara aldı ki, hüquq məsələləri ilə bağlı apelyasiya şikayətini vermək icazəsi təqdim edilməlidir, belə ki, uşağın bioloji valideynlərindən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsinin qanuniliyi məsələsi ilə bağlı hər hansı presedent hüququ mövcud deyil.
Ərizəçilərin hüquq məsələləri ilə bağlı şikayəti apelyasiya məhkəməsi tərəfindən təqdim edilən əsaslara görə qəbulediləndir. O, bununla belə əsassızdır.
Mülki Məcəllənin 179-cu Maddəsinin 2-ci bəndi nəzərdə tutur ki, uşağın birdən çox şəxs tərəfindən övladlığa götürülməsi yalnız övladlığa götürən valideynlər nikahda olduqda mümkündür. Hüquq şərhçiləri buradan o nəticəyə gəliblər ki, eyni cinsdən olan birdən çox şəxs tərəfindən övladlığa götürmə (eyni zamanda və ya ardıcıl olaraq) qadağandır (bax Schwimann in Schwimann, Mülki Məcəllə § 179, bənd 6, və Hopf in Koziol/Bydlinksi/Bollenberger,§ 179, bənd 2, hər ikisinə Vyana Regional Mülki Məhkəməsi tərəfindən istinad edilib, 27 avqust 2001 – EFSlg 96.699).
Mülki Məcəllənin 182-ci masddəsinin 2-ci bəndinin ikinci cümləsi bir övladlığa götürən valideyn tərəfindən övladlığa götürmə zamanı yaranmış nəticələri tənzimləyir. Əgər uşaq yalnız atalıq (analıq) tərəfindən övladlığa götürülürsə, qohumluq əlaqələri yalnız bioloji ata (bioloji ana) və onun qohumlarına münasibətdə kəsilir. Materiallardan tam aydındır ki, (ErlBem RV 107 BlgNR IX. GP, 21) bu müddəa o mənada izah edilməlidir ki, yalnız eyni cinsdən olan övladlığa götürən valideyn tərəfindən əvəz edilən bioloji valideynlə qeyri-əmlak hüquqi əlaqələri kəsilir. Aydın dildə, bu o deməkdir ki, uşaq, məsələn, əgər yalnız qadın tərəfindən övladlığa götürülübsə o, öz bioloji atasından məhrum edilə bilməz (bax həmçinin: Schwimann in Schwimann, op. cit., § 182, sub-paraqraf 3; Stabentheiner in Rummel I § 182, sub‑paraqraf 2).
Ərizəçilərin iddialarının əksinə olaraq, bu müddəa nə onların mübahisələndirdiyi kimi geniş təfsir edilə bilər, nə də ki, burada analogiya üzrə tamamlanmağa ehtiyac olan, nəzərdə tutulmayan qanunvericilik boşluğu mövcuddur. Materiallara əsasən (op. cit., 11) övladlığa götürmənin əsas məqsədi yetkinlik yaşına çatmayan uşağın rifahına kömək etməkdir (mühafizə prinsipi). Övladlığa götürmə valideynləri olmayan, dağılan ailələrdən gələn və ya valideynləri hər hansı səbəbdən uşaqlarına lazımi şəkildə tərbiyə edə bilməyən və ya hətta ola bilsin ki, öz uşaqlarını istəməyən, uşaqların qayğısını və tərbiyəsini uyğun və məsuliyyətli fərdlərə etibar edilməsinin müvafiq vasitələrini təşkil etməlidir. Lakin bu məqsədə yalnız o zaman nail oluna bilər ki, övladlığa götürmə bioloji ailədəki vəziyyətin mümkün olduğu qədər bərpasına imkan versin
Presedent hüququ (6 Ob 179/05z) həmçinin aydınlaşdırır ki, uşaqla övladlığa götürən valideyn arasındakı əlaqə bioloji valideynlərlə onların uşaqları arasındakı münasibətlərə yaxın olan, sosial və psixoloji münasibətlər kimi başa düşülməlidir. Yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi kontekstində uşaq-valideyn münasibətlərinin modeli valideynlər və yetkinlik yaşına çatan gənc insanlar arasında mövcud olan xüsusi sosial və psixoloji əlaqələr vasitəsilə tamamlanır. Fiziki və şəxsi yaxınlığın sosial tipli əlaqələrindən (ümumi təsərrüfat, valideynləri tərəfindən uşağın fiziki və psixoloji ehtiyaclarının qayğısı) əlavə, bunlar valideynlərlə onların uşaqları arasındakı sevgi ilə müqayisə edilə bilən emosional əlaqələri və valideynlərin tərbiyəçi və bənzəmək üçün nümunə kimi xüsusi rolunu əhatə edir.
Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi uşağın bioloji atası ilə qohumluq əlaqələri hələ mövcud olduğu müddətdə kişi tərəfindən, bioloji ana ilə belə əlaqələr hələ mövcud olduqda qadın tərəfindən (yəni, nəinki eyni cinsli partnyorların halında) övladlığa götürməyə ümumi qadağa qoyur. 182-ci maddənin 2-ci bəndinə əsasən, bununla da, uşağı şəxsən övladlığa götürən şəxs istəyinə görə hər hansı valideynin yerini deyil, yalnız eyni cinsdən olan valideynin yerini tutur. Bioloji ananın qadın partnyoru tərəfindən uşağın övladlığa götürülməsi bu səbəbdən qanunla mümkün deyil. Ərizəçilərin fikrinə zidd olaraq, bu müddəa həmçinin Konstitusiyaya uyğunluq (fundamental hüquqlar baxımından) testini keçir.
Frette Fransaya qarşı işdə (Fretté v. France), Avropa İnsan Hüquqları Məhkəməsi hakimiyyət orqanlarının uşağın homoseksual tərəfindən övladlığa götürülməsinə icazə verməsindən imtinanın ayrı-seçkiliyə bərabər olub-olmadığını araşdırmalı idi. 26 fevral 2002-ci il tarixli qərarında Məhkəmə müəyyən etdi ki, övladlığa götürmə ‘ailənin uşaqla deyil, uşağın ailə ilə təmin edilməsi’ deməkdir. Məhkəmənin fikrincə övladlığa götürməyə qərar verən şəxslərin uşağa hər baxımdan ən uyğun yaşayışı təklif edə biləcək şəxslərin olduğunu təmin etmək Dövlətin vəzifəsidir. Uşağın bir və ya daha çox homoseksual valideynlər tərəfindən övladlığa götürülməsinin mümkün nəticələri ilə bağlı dövlətdaxili və beynəlxalq mövqedə geniş fərqləri ən son növbədə olmamaq şərti islə nəzərə alaraq və övladlığa götürmək üçün tələblərin ödənilməsi üçün kifayət qədər uşaqların olmadığı faktını nəzərdə tutaraq, Dövlətlərə bu sahədə geniş mülahizə sərbəstliyi verilməlidir. Homoseksual tərəfindən övladlığa götürmə əgər qanuni məqsəd daşıyıbsa, yəni uşağın maraqlarını qoruyubsa və istifadə olunan vasitələrlə nail olunacaq məqsəd arasında mütənasiblik prinsipini pozmayıbsa, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsini pozmur.
Ərizəçilər Avstriya Mülki Məcəlləsinin 182-ci maddəsinin 2-ci bəndinin müddəalarının Avropa Məhkəməsinin verdiyi mülahizə sərbəstliyini aşdığını və ya onların mütənasiblik prinsipini pozduğunu nümayiş etdirmədilər və ya bunu göstərəcək hər hansı digər sübutlar yoxdur. Buna görə də, ərizəçilərin mübahisələndirdiyi bu müddəanın Konstitusiyaya uyğunluğu ilə bağlı Ali Məhkəmənin hər hansı şübhəsi yoxdur.
Övladlığa götürmənin qanunla mümkünsüzlüyünü nəzərə alaraq, Mülki Məcəllənin 181-ci maddəsinin 3-cü bəndinə əsasən müstəsna tədbir kimi, atanın razılıq verməkdən imtinasına əhəmiyyət verilməməsi şərtlərinə əməl edib-edilməməsinin sonrakı araşdırmasına da ehtiyac yoxdur.”
Bu qərar ərizəçilərin vəkilinə 24 oktyabr 2006-cı ildə təqdim edildi.
II. MÜVAFİQ DÖVLƏTDAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Övladlığa götürmə
21. Mülki Məcəllədə (Allgemeines Bürgerliches Gesetzbuch) “ana” və “ata”ya aşağıdakı anlayışlar verilir:
137-ci Maddənin (b) bəndində deyilir:
“Ana uşağı dünyaya gətirən qadındır.”
138-ci Maddədə nəzərdə tutulur:
“(1) Uşağın atası
1. uşaq doğulduğu zaman uşağın anası ilə nikahda olan və ya uşağın doğuşundan üç yüz gün öncədən tez olmayaraq ölən ananın əri və ya
2. atalığı tanıyan, və ya
3. atalığı məhkəmə tərəfindən müəyyən edilən kişidir.”
22. Mülki Məcəllənin aşağıdakı müddəaları hazırkı işdə tətbiq olunur.
179-cu maddənin işə aid olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
“(1) Tam hüquq və fəaliyyət qabiliyyətli şəxslər ... övladlığa götürə bilərlər. Övladlığa götürmə övladlığa götürən valideyn-uşaq münasibətlərini yaradır.
(2) Uşağın eyni zamanda və ya - övladlığa götürmə münasibətləri mövcud olduğu müddətdə - ardıcıl olaraq, birdən çox şəxslər tərəfindən övladlığa götürülməsi, yalnız övladlığa götürən valideynlər evli cütlük təşkil etdiyi halda icazə verilir.
Bir qayda olaraq, yalnız ər-arvad uşağı birgə övladlığa götürə bilərlər. Övladlığa götürülən uşaq ərin və ya arvadın bioloji uşağı olduqda, ər və ya arvaddan biri tam yetkinlik yaşına çatmaq tələbinə və ya övladlığa götürülənlə tələb edilən yaş fərqinə cavab vermədikdə, ər və ya arvaddan birinin olduğu yer ən azı bir ildən çox müddətdə məlum olmadıqda, ər-arvad ən azı üç il müddətində ər-arvad birliyində yaşamadıqda və ya ər və ya arvaddan yalnız birinin övladlığa götürməsini əsaslandıran oxşar və xüsusilə ciddi səbəblər olduqda istisna edilə bilər.
23. Mülki Məcəllənin 179a maddəsinə müvafiq olaraq övladlığa götürmə övladlığa götürən valideynlə övladlığa götürülən uşaq (azyaşlı olduqda onun qanuni nümayəndəsi tərəfindən təmsil olunacaq) arasında yazılı razılaşma və bu razılaşmanın səlahiyyətli məhkəmə tərəfindən təsdiqini tələb edir.
24. Uşağın maraqlarına xidmət edirsə və bioloji valideyn-uşaq münasibətləri artıq mövcuddursa və ya belə münasibətlərin yaradılması nəzərdə tutulubsa, məhkəmə razılaşmanı təsdiq etməlidir (Mülki Məcəllənin 180a maddəsi).
25. Mülki Məcəllənin 181-ci maddəsinin işə baxılması zamanı qüvvədə olan versiyasında və işə aid olan hissəsində aşağıdakılar nəzərdə tutulur:
“(1) Yalnız aşağıdakı şəxslər övladlığa götürməyə razılıq verdikdə razılaşma təsdiq edilə bilər
1. yetkinlik yaşına çatmayan övladlığa götürülən uşağın valideynləri;
2. övladlığa götürən valideynin əri-arvadı;
3. övladlığa götürülən uşağın əri-arvadı;
4. on dörd yaşından yuxarı övladlığa götürülən uşaq;
...
(3) 1-ci paraqrafın 1-3 bəndlərində istinad edilən şəxslərdən biri əsaslı səbəblər olmadan razılıq verməkdən imtina edirsə, məhkəmə tərəflərdən birinin ərizəsi əsasında imtinanı rədd edir.”
26. Dövlətdaxili məhkəmələrin presedent hüququna əsasən Mülki Məcəllənin 181 (3) maddəsinə əsasən tərəfin razılıq verməkdən imtinasının rədd edilməsi yalnız övladlığa götürülən uşağın maraqları bioloji valideynin maraqlarından, məsələn uşaqla ünsiyyət saxlanmasından aydın şəkildə üstün olduqda nəzərdə tutulacaq müstəsna tədbirdir. Əgər imtina mənəvi baxımdan əsaslandırılmayıbsa, məsələn əgər razılıq verməkdən imtina edən valideyn ailəyə qarşı daimi olaraq ifrat düşmənçilik nümayiş etdiribsə və ya uşaqla bağlı qanunda nəzərdə tutulan öhdəliklərinə münasibətdə kobud laqeydliyinə görə təqsirlidirsə, belə ki, uşağın inkişafı davamlı əsasda təhlükədə qoyulubsa və ya üçüncü şəxsin köməyi olmadığı halda təhlükədə qoyulacaqdısa, bu, həmçinin nəzərdə tutula bilər.
27. Mülki Məcəllənin 182-ci maddəsi övladlığa götürmənin nəticələrini tənzimləyir. Orada aşağıdakılar nəzərdə tutulur:
“(1) Qanuni törəmə nəticəsində yaranan eyni hüquqlar həmin vaxt bir tərəfdən övladlığa götürən valideyn və onun uşaqları, və digər tərəfdən övladlığa götürülən uşaq və övladlığa götürmə qüvvəyə minən zaman onun azyaşlı uşaqları arasında yaradılır.
(2) Əgər uşaq nikahda olan cütlük tərəfindən övladlığa götürülübsə, bir tərəfdən bioloji valideynlər və onların qohumları və digər tərəfdən övladlığa götürülən uşaq və övladlığa götürmə qüvvəyə minən zaman onun azyaşlı uşaqları arasında ailə hüququna əsasən hüquqi münasibətlər – qanuni qohumluğun özündən əlavə (Maddə 40) – 182a maddəsində istinad edilən istisnalar çıxmaq şərti islə kəsilir.
Əgər uşaq sadəcə bir övladlığa götürən ata (övladlığa götürən ana) tərəfindən övladlığa götürülübsə, münasibətlər yalnız bioloji ataya (bioloji anaya) və onun qohumlarına münasibətdə kəsilir; digər valideynlə hüquqi münasibətlər övladlığa götürmədən sonra toxunulmazlıq qaldığı həddə, məhkəmə müvafiq valideynə münasibətdə onun razılığı şərti ilə, onların qırılmış olduğunu bəyan edir. Münasibətlərin mövcudluğuna razılıq barədə bəyanat verilən tarixdən etibarən, lakin övladlığa götürmə qüvvəyə mindiyi tarixdən tez olmayaraq, son qoyulur.”
Hazırkı işdə Ali Məhkəmənin qərarında göstərdiyi kimi, bu müddəanın eyni-cinsli cütlükdə bir partnyorun uşağının digər partnyor tərəfindən övladlığa götürülməsini istisna etdiyi başa düşülür.
28. Övladlığa götürmə zamanı övladlığa götürülən uşaq və onun bioloji valideyni və ya valideynləri arasındakı qanuni qohumluqdan savayı bütün ailə-hüququ münasibətlərinin mövcudluğuna son qoyulur. Bu, xüsusilə də o deməkdir ki, bioloji valideynlər və ya valideyn himayəçilik, baş çəkmək hüququ və məlumat və məsləhətləşmək hüquqları kimi bütün valideynlik hüquqlarını itirir (bax aşağıda).
29. Mülki Məcəllənin 182a maddəsinə müvafiq olaraq, övladlığa götürmədən sonra bioloji valideyn və ya valideynlərin uşağa münasibətdə yalnız əlavə saxlamaq öhdəliyi qalır. Münasibətlər həmçinin vərəsəlik hüququnda toxunulmaz qalır: 182b maddəsinə müvafiq olaraq övladlığa götürülən uşağın hələ də bioloji valideynlərinə münasibətdə vərəsəlik hüquqları var; lakin bioloji valideynlər və onların törəmələri övladlığa götürülən uşağa münasibətdə əlavə vərəsəlik hüquqlarına malikdirlər; övladlığa götürən valideynlərin və onların törəmələrinin vərəsəlik hüquqları bu hüquqlardan üstünlüyə malikdir.
30. Mülki Məcəllənin yuxarıda təsbit edilən müddəalarından belə çıxır ki, Avstriya qanunvericiliyinə görə övladlığa götürmə ya cütlük tərəfindən birgə övladlığa götürmə (bu forma evli cütlüklər üçün nəzərdə tutulub) və ya bir şəxs tərəfindən övladlığa götürmədir. Təkbaşına övladlığa götürənlər heteroseksual ola bilərlər və nikahda olan cütlükdə (bu halda təkbaşına övladlığa götürmə imkanları sərt şəkildə məhdudlaşdırılıb), nikahda olmayan cütlükdə və ya tək yaşaya bilərlər. Onlar həmçinin homoseksual ola bilərlər və qeydiyyata alınmış partnyorluqda, qeyri-rəsmi cütlükdə ola və ya tək yaşaya bilərlər.
31. İkinci valideynin övladlığa götürməsi, yəni bir partnyorun bioloji uşağının digər partnyor tərəfindən övladlığa götürülməsi heteroseksual cütlüklərdə (nikahda olan və ya olmayan) icazə verilir, lakin eyni-cinsli cütlüklərdə mümkün deyil.
32. Hazırda valideyn və uşaq arasındakı münasibətləri və ad daşımaq hüququnu tənzimləyən Mülki Məcəllənin müddəalarına dəyişiklikləri, eləcə də bir sıra digər qanunlara dəyişiklikləri təklif edən qanun layihəsinə baxılır (Kindschaftsrechts- und Namensrechtsänderungsgesetz). O, burada mübahisələndirilən müddəaların, xüsusilə də Mülki Məcəllənin 179-182-ci Maddələrinin dəyişdirilməsi üzrə hər hansı təklifləri nəzərdə tutmur. Təklif edilən dəyişikliklərə əsasən bu müddəaların yenidən nömrələnməsinə baxmayaraq, onların mətni dəyişilməz olaraq qalır.
B. Eyni-cinsli cütlüklər
33. Mülki Məcəllənin 44-cü maddəsinə müvafiq olaraq, eyni-cinsli cütlüklərin nikaha girməsinə icazə verilmir (bu məsələ ilə bağlı, bax Şalk və Kopf Avstriyaya qarşı iş (Schalk and Kopf v. Austria), № 30141/04, 24 iyun 2010-cu il). Mülki Məcəllənin 44-cü maddəsində nəzərdə tutulur:
“Nikah müqaviləsi ailə münasibətləri üçün əsas təşkil edir. Nikah müqaviləsinə əsasən əks cinsdən olan iki şəxs ayrılmaz nikahda birgə yaşamaq, uşaqlar doğmaq və böyütmək və bir-birilərinə dəstək olmaq barədə qanuni niyyətlərini bəyan edirlər.”
34. 1 yanvar 2010-cu ildə Qeydiyyata alınmış Partnyorluq haqqında Qanun qüvvəyə mindi. O, eyni-cinsli cütlüklərə qeydiyyatda olan partnyorluğa daxil olmaq imkanı verir.
35. Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunun 2-ci bəndi aşağıdakıları nəzərdə tutur:
“Qeydiyyata alınmış partnyorluq yalnız eyni cinsdən olan iki şəxs tərəfindən (qeydiyyata alınan partnyorlar) təşkil oluna bilər. Onlar bununla da özlərini qarşılıqlı hüquq və vəzifələrlə uzunmüddətli münasibətlərə təhkim edirlər.”
36. Qeydiyyata alınmış partnyorluğun yaradılması qaydaları, onun nəticələri və onun pozulması nikahı tənzimləyən qaydalarla oxşardır (daha ətraflı məlumat üçün, bax yuxarıda istinad edilən Şalk və Kopfun işi (Schalk and Kopf), §§ 16-23). Evli cütlüklər kimi, qeydiyyata alınmış partnyorlar hər cəhətdən ər-arvad kimi birgə yaşamalı, ümumi evi paylaşmalı, bir-birilərinə hörmətlə yanaşmalı və qarşılıqlı yardım etməlidirlər (bənd 8(2) və (3)) Qeydiyyata alınmış partnyorlar təminatla bağlı ər-arvadla eyni vəzifələrə malikdirlər (bənd 12). Qeydiyyata alınmış Partnyorluq haqqında Qanun həmçinin vərəsəlik hüququ, əmək, sosial və sosial təminat hüququ, maliyyə hüququ, inzibati prosessual hüquq, məlumatın qorunması hüququ və dövlət qulluğu, pasport və qeydiyyat məsələləri, eləcə də əcnəbilər haqqında qanunvericilik kimi hüququn müxtəlif sahələrində qeydiyyata alınmış partnyorların ər-arvadla eyni statusla təmin edilməsi məqsədilə mövcud qanunvericiliyə geniş həcmdə dəyişiklikləri ehtiva edir.
37. Lakin nikah və qeydiyyata alınmış partnyorluq arasında müəyyən fərqlər qalır, bunlardan ən vacibi valideynlik hüquqlarına aiddir. Nəticə etibarilə, köməkçi reproduksiya yalnız nikahda olan və ya olmayan müxtəlif-cinsli cütlüklər üçün mümkündür (Süni Mayalanma haqqında Qanunun 2(1) bəndi – Fortpflanzungsmedizingesetz).
38. Bundan əlavə, qeydiyyata alınmış partnyorlara birgə övladlığa uşaq götürməyə icazə verilmir, ikinci valideyn tərəfindən övladlığa götürməyə də yol verilmir.
39. Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunun 8(4) bəndi aşağıdakıları nəzərdə tutur:
“Qeydiyyata alınmış partnyorlara birgə övladlığa uşaq götürməyə icazə verilmir, bir qeydiyyata alınmış partnyorun digər partnyorun uşağını övladlığa götürməsinə də icazə verilmir.”
40. Qeydiyyata alınmış partnyorluqda yaşayan şəxs təkbaşına uşaq övladlığa götürə bilər: Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunla eyni zamanda qüvvəyə minən Mülki Məcəllənin 181-ci Maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə edilən dəyişiklik bildirir ki, qeydiyyata alınmış partnyor, onun partnyoru uşaq övladlığa götürmək istəyərsə razılığını verməlidir.
41. Qanun layihəsi ilə bağlı izahedici hesabatın ümumi bəndində (Erläuterungen zur Regierungsvorlage, Milli Şuranın Protokollarına Əlavə 485, XXIV GP) qeyd edilib ki, Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunun məqsədi digər Avropa ölkələrindəki hadisələri xüsusilə nəzərə alaraq, eyni-cinsli cütlükləri onların münasibətlərini tanımaq və onlara qanuni qüvvə vermək üçün formal mexanizmlə təmin etmək olub. Lakin o, uşaqlara aid olan hər hansı müddəaları və ya uşaqlara münasibətdə qüvvədə olan qanunvericiliyə hər hansı dəyişiklikləri daxil etməyi nəzərdə tutmurdu. Bununla əlaqədar izahedici hesabatda qeyd edildi ki, qeydiyyatda olan partnyorlar tərəfindən birgə uşağın övladlığa götürülməsi, eləcə də qeydiyyatda olan bir partnyorun uşağının digər partnyor tərəfindən övladlığa götürülməsi istisna edilib.
42. Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunun 8(4) bəndi ilə bağlı xüsusi şərh qeyd etdi ki, bu müddəa, məsləhətləşmə prosesi ərzində dəfələrlə tələb olunduğu kimi, övladlığa götürmə ilə bağlı qadağa nəzərdə tutub. Bundan əlavə, şərhlər o mövqeyi ifadə etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin E.B. Fransaya qarşı (E.B v. France) (№4 35466/02, 22 yanvar 2008-ci il) və (yuxarıda istinad edilən) Frette-nin (Fretté) işlərindəki qərarları bu kontekstə uyğun deyil, belə ki, onlar yalnız ərizəçilərin uşağı tərbiyə etmək qabiliyyəti ilə bağlıdır. Qanunverici bu məsələni tənzimləməkdə azad olub. Bundan əlavə, ikinci valideyn tərəfindən övladlığa götürmə və ya qeydiyyatda olan partnyorlar tərəfindən birgə övladlığa götürmə hər bir halda istisna edilirdi, belə ki, övladlığa götürmə ilə bağlı qüvvədə olan Avstriya qanunvericiliyi uşağın, qanuni məqsədlər üçün, iki ataya və ya iki anaya malik olduğu hallara icazə vermirdi.
43. Mülki Məcəllənin 181-ci maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinin dəyişikliyi ilə bağlı xüsusi şərh sadəcə qeyd etdi ki, diqqətsizlik nəticəsində, qanunvericilik layihəsi dəyişiklik təklif etməmişdi, boşluq sonradan düzəldilmişdi.
C. Nikahdan kənar doğulan uşaqlar
44. Mülki Məcəllənin 166-cı maddəsinə əsasən nikahdan kənar doğulan uşağın anası onun yeganə himayəçisidir (bu o deməkdir ki, o, uşağın qayğısına qalmaqla və onu tərbiyə etməklə, uşağı hüquqi məsələlərdə təmsil etməklə və onun əmlakını idarə etməklə valideynlik məsuliyyəti daşıyır).
45. Əgər nikahdan kənar doğulan uşağın valideynləri ümumi təsərrüfatda yaşayırlarsa, onlar Mülki Məcəllənin 167-ci maddəsində əsasən birgə himayəçiliyi həyata keçirmək barədə razılığa gələ bilərlər. 1 iyul 2001-ci ildə qüvvəyə minən Mülki Məcəlləyə dəyişiklikdən etibarən, nikahdan kənar doğulan uşağın valideynləri əgər ümumi təsərrüfatda yaşamırlarsa, həmçinin birgə himayəçiliyi həyata keçirmək barədə razılığa gələ bilərlər. Birgə himayəçiliyi həyata keçirmək barədə razılaşma məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə razılaşmanın uşağın maraqların xidmət edib-etmədiyini qiymətləndirməlidir.
46. Hər iki valideynlər uşağın saxlanmasını təmin etməlidirlər (Mülki Məcəllənin 140-cı Maddəsinin 1-ci bəndi). Prinsipcə, təminat naturada verilməlidir. Uşaqla eyni evdə yaşamayan valideyn təminatı aliment formasında təqdim etməlidir.
47. Uşaqla eyni evdə yaşamayan valideynin Mülki Məcəllənin 148-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq ünsiyyət saxlamaq hüquqları var. 1 iyul 2001-ci ildən etibarən bu sözügedən uşağın da hüququ hesab olunur (bu tarixdən əvvəl bu yalnız valideynin hüququ hesab olunurdu). Valideynlər və uşaq ünsiyyət saxlamaq hüquqlarının həyata keçirilməsi ilə bağlı razılığa gəlməlidirlər. Əgər onlar razılığa gələ bilmirsə, sözügedən şəxslərdən birinin müraciətinə əsasən və uşağın ehtiyaclarını və arzularını nəzərə alaraq, məhkəmə uşağın maraqlarına xidmət edən ünsiyyət barədə razılaşma qəbul etməlidir.
48. Bundan əlavə, Mülki Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən uşağın himayəçisi olmayan valideyn, uşağa aid müəyyən vacib, bunlardan bəziləri onun təsdiqini tələb edən məsələlər barədə məlumatlandırılmaq hüququna malikdir.
III. BEYNƏLXALQ KONVENSİYALAR VƏ AVROPA ŞURASININ SƏNƏDLƏRİ
A. Uşaq Hüquqları haqqında Konvensiya
49. Uşaq Hüquqları haqqında Konvensiya 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilib və 2 sentyabr 1990-cı ildə qüvvəyə minib. O, Avropa Şurasının bütün üzv Dövlətləri tərəfindən ratifikasiya olunub. Onun müvafiq müddəalarında deyilir:
Maddə 3
“1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın ən yaxşı maraqlarının təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
3. İştirakcı dövlətlər təmin edirlər ki, uşaqlara qayğı və ya onların müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə sahəsində normalara onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından da cavab versinlər.”
Maddə 21
“Övladlığa götürmə sistemini qəbul edən və/və ya onun mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı maraqlarının ilk növbədə nəzərə alınmasını təmin edirlər və onlar:
(a) təmin edirlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər. Bu orqanlar tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq və işə aid bütün səhih məlumatlar əsasında uşağın valideynlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürülməsinin mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək məsləhətləşmə əsasında uşağı övladlığa göturməyə öz şüurlu razılığını verməsini müəyyən edirlər;
...”
B. Uşaqların Övladlığa Götürülməsi barədə Avropa Konvensiyası (yenidən işlənmiş)
50. Yenidən işlənmiş Uşaqların Övladlığa Götürülməsi barədə Avropa Konvensiyası 27 noyabr 2008-ci ildə imzalanmaq üçün açıq elan edildi və 1 sentyabr 2011-ci ildə qüvvəyə mindi. O, yeddi Dövlət tərəfindən, yəni Danimarka, Finlandiya, Niderland, Norveç, Rumıniya, İspaniya və Ukrayna tərəfindən ratifikasiya olunub. Avstriya Konvensiyanı nə ratifikasiya edib, nə də ki, imzalayıb.
51. 2008-ci il Konvensiyasının preambulasında qeyd edildiyi kimi, yenidən işlənmənin səbəblərindən biri o idi ki, Uşaqların Övladlığa Götürülməsi barədə 1967-ci il tarixli Konvensiya köhnəlmişdi və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna zidd idi. 2008-ci il Konvensiyasının müvafiq müddəalarında deyilir:
Maddə 4 – Övladlığa götürmənin müəyyən edilməsi
“1. Səlahiyyətli hakimiyyət orqanı övladlığa götürmənin uşağın maraqlarına xidmət etdiyinə əmin olmadığına qədər, övladlığa götürməni müəyyən edə bilməz.
2. Hər işdə səlahiyyətli hakimiyyət orqanı uşağı sabit və harmoniyalı ailə ilə təmin edən övladlığa götürmənin vacibliyinə xüsusi diqqət yetirməlidir.”
Maddə 7 – Övladlığa götürmənin şərtləri
“1. Qanunvericilik uşağın övladlığa götürülməsinə icazə verir:
a. i. aralarında nikah olan və ya
ii. belə institut mövcud olduqda, birlikdə qeydiyyata alınmış partnyorluğa daxil olan
müxtəlif cinsdən iki şəxs tərəfindən;
b. bir şəxs tərəfindən.
2. Dövlətlər həmçinin bu Konvensiyanın əhatə dairəsini nikahda olan və ya birlikdə qeydiyyata alınmış partnyorluğa daxil olmuş eyni-cinsli cütlüklərə aid etmək hüququna malikdirlər. Onlar həmçinin bu Konvensiyanın əhatə dairəsini stabil münasibətlərdə birgə yaşayan müxtəlif-cinsli cütlüklərə və eyni-cinsli cütlüklərə aid etmək hüququna malikdirlər.”
Maddə 11 – Övladlığa götürmənin nəticələri
“1. Övladlığa götürmədən sonra uşaq övladlığa götürənin (övladlığa götürənlərin) tam hüquqlu ailə üzvü olur və övladlığa götürənə (övladlığa götürənlərə) və onun və ya onların ailəsinə münasibətdə valideynliyi qanunla müəyyən edilmiş övladlığa götürənin (övladlığa götürənlərin) uşağı ilə eyni hüquqlara və vəzifələrə malik olur. Övladlığa götürən (övladlığa götürənlər) uşağa görə valideynlik məsuliyyəti daşıyır. Övladlığa götürmə uşaq və onun bioloji atası, anası və ailəsi arasındakı hüquqi münasibətlərə xitam verir.
2. Bununla belə, övladlığa götürənin əri-arvadı və yaxud qeydiyyata alınan və ya alınmayan partnyoru övladlığa götürülən uşağa münasibətdə, əgər sonuncu onun uşağıdırsa, öz hüquq və vəzifələrini saxlayır, bir şərtlə ki, qanunda başqa hal nəzərdə tutulmasın.
...”
52. 2008-ci il Konvensiyası ilə bağlı izahedici hesabatda “Ümumi mülahizələr” başlığı altında aşağıdakılar qeyd edilir:
“14. Müəyyən mənada, övladlığa götürmənin yaxşı təcrübəsi üçün əhəmiyyətli olan yalnız bir prinsip var, yəni övladlığa götürmə Konvensiyanın 4-cü Maddəsinin 1-ci bəndində qeyd edildiyi kimi uşağın maraqlarında olmalıdır. ...”
53. İzahedici hesabatın “Maddə 7 – Övladlığa götürmənin şərtləri” başlığı altında hazırkı kontekstə uyğun olan hissəsində deyilir:
“42. Bu maddə bir cütlük və ya bir şəxs tərəfindən övladlığa götürməni nəzərdə tutur.
43. 1967-ci il Konvensiyasının dairəsi yalnız heteroseksual nikahda olan cütlükləri əhatə etsə də, yenidən işlənmiş Konvensiyanın dairəsi qeydiyyata alınmış partnyorluq institutunu tanıyan Dövlətlərdə, ona daxil olan heteroseksual nikahda olmayan cütlüklərə də şamil edilir. Belə bir tənzimlənmə ilə bu tendensiya bir çox Dövlətlərdə nəzərə alınır.
..
45. 2-ci bəndə gəldikdə qeyd olundu ki, müəyyən İştirakçı Dövlətlər (2002-ci ildə İsveç və 2005-ci ildə Birləşmiş Krallıq) 1967-ci il Konvensiyasını o əsasla etibarsız elan etdi ki, dövlətdaxili qanunvericiliyə görə qeydiyyatda olan eyni cinsli partnyorlar övladlığa götürən valideynlər olmaq üçün birgə müraciət edə bilərlər və bu Konvensiyaya uyğun deyildi. Digər Dövlətlərdə oxşar situasiyalar həmçinin 1967-ci il Konvensiyasının etibarsız elan edilməsinə gətirib çıxara bilər. Bununla belə, həmçinin qeyd olundu ki, eyni cinsli partnyorların birgə uşaq övladlığa götürmək hüququ İştirakçı Dövlətlərin böyük hissəsinin hal-hazırda qəbul etməyə hazır olduğu həll yolu deyildi.
46. Belə olan halda, 2-ci bənd nikahda olan və ya qeydiyyata alınmış partnyorlar olan eyni cinsli cütlüklər tərəfindən övladlığa götürməni əhatə etmək üçün bunu etmək arzusunda olan Dövlətlərə yenidən işlənmiş Konvensiyanı genişləndirmək imkanı verir. Bununla əlaqədar, yenilikçi müddəaları təqdim etmək deyil, onların tətbiqinin genişləndirilməsi ilə bağlı qərar qəbul etməyi İştirakçı Dövlətlərin öhdəsinə buraxmaq Avropa Şurasının sənədləri üçün qeyri-adi deyil ...
47. Dövlətlər həmçinin Konvensiyanın dairəsini stabil münasibətdə birgə yaşayan müxtəlif və ya eyni cinsli cütlüklərə şamil etmək hüququna malikdirlər. Belə münasibətin stabilliyinin qiymətləndirmə meyarlarını müəyyən etmək İştirakçı Dövlətlərdən asılıdır.”
C. Nazirlər Komitəsinin Tövsiyəsi
54. Nazirlər Komitəsinin cinsi oriyentasiya və ya gender şəxsiyyəti əlamətlərinə görə ayrı-seçkiliklə mübarizəyə dair tədbirlər haqqında 31 mart 2010-cu ildə qəbul edilmiş üzv Dövlətlərə CM/Rec(2010)5 saylı tövsiyəsi lesbian, qey, biseksual və transseksual şəxslərin ayrı-seçkiliklə rastlaşa biləcəyi geniş spektrli sahələri əhatə edir. “Şəxsi və ailə həyatına hörmət hüququ” ilə bağlı fəsildə o, aşağıdakıları nəzərdə tutur:
“23. Əgər milli qanunvericilik nikahda olmayan cütlüklərə hüquq və vəzifələr verirsə, üzv dövlətlər təmin etməlidirlər ki, bunlar, ailə başçısının ölümünə görə pensiya və icarə hüquqları daxil olmaqla, ayrı-seçkilik olmadan hər iki eyni-cinsli və müxtəlif-cinsli cütlüklərə tətbiq olunsun,
24. Əgər milli qanunvericilik eyni-cinsli qeydiyyata alınmış partnyorluğu tanıyırsa, üzv dövlətlər səy göstərməlidirlər ki, onların hüquqi statusunun və onların hüquq və vəzifələrinin müqayisə edilən situasiyada heteroseksual cütlüklərin hüquq və vəzifələrinə ekvivalent olduğu təmin edilsin.
25. Əgər milli qanunvericilik qeydiyyata alınmış eyni-cinsli partnyorluqları və nikahda olmayan cütlükləri tanımırsa və onlara hüquq və vəzifələr vermirsə, üzv dövlətlər, o cümlədən müxtəlif cinsli cütlüklərə münasibətdə, hər hansı ayrı-seçkilik olmadan, eyni-cinsli cütlükləri onların yaşadığı sosial reallığa uyğun praktiki problemləri həll etmək üçün hüquqi və digər tədbirlərlə təmin edilməsinin mümkünlüyünü nəzərdən keçirməyə dəvət olunurlar.
...
27. Nəzərə alsaq ki, uşağın ən yaxşı maraqları uşağın övladlığa götürülməsi ilə bağlı qərarlarda birinci dərəcəli əhəmiyyətə malik olmalıdır, milli qanunvericiliyi fərdi şəxslərin uşağı övladlığa götürməyə icazə verən üzv dövlətlər təmin etməlidirlər ki, qanunvericilik cinsi oriyentasiya və ya gender şəxsiyyətinə əsaslanan ayrı-seçkilik olmadan tətbiq olunsun.”
IV. MÜQAYİSƏLİ HÜQUQ
A. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının tədqiqatı
55. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının “Avropada cinsi oriyentasiya və gender şəxsiyyətinə əsaslanan ayrı-seçkilik” (Avropa Şurasının Nəşriyyatı, iyun 2011) adlı son dövrün tədqiqatı bu məsələ ilə bağlı aşağıdakı məlumatı ehtiva edir:
“LGBT [lesbian, gey, biseksual və transseksual şəxslər] üç prosedurdan biri üzrə uşaq övladlığa götürə bilərlər. Tək lesbian qadın və ya gey kişi övladlığa götürmək üçün müraciət edə bilər (tək valideyn tərəfindən övladlığa götürmə). Alternativ olaraq, eyni-cinsli cütlük birinci valideynin qanuni hüquqlarına xitam vermədən, onların partnyorunun bioloji və ya övladlığa götürülən uşaqlarını övladlığa götürə bilər. Bu, ‘ikinci valideynin övladlığa götürməsi’ kimi adlanır və uşağa iki qanuni himayəçi verir. İkinci valideynin övladlığa götürməsi həmçinin valideynlərin hər ikisinə qanunla tanınan valideynlik statusu verməklə onları qoruyur. İkinci valideynin övladlığa götürməsinin mövcud olmaması bioloji valideyn vəfat etdikdə və ya boşanma, ayrı yaşama və ya valideynlik vəzifələrinin yerinə yetirilməsinə mane ola biləcək digər hallarda uşağı və bioloji olmayan valideyni hüquqlardan məhrum edir. Uşağın həmçinin bioloji olmayan valideynin vərəsəsi olmaq hüququ yoxdur. Bundan əlavə, gündəlik həyatda ikinci valideynin övladlığa götürməsinin mövcud olmaması valideynlik məzuniyyətini istisna edir, bu isə LGBT ailələri üçün maliyyə baxımından zərərli ola bilər. Üçüncü prosedur uşağın eyni cinsli cütlük tərəfindən birgə övladlığa götürülməsidir.
On üzv dövlətlər eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsinə icazə verir (Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, Niderland, Norveç, İspaniya, İsveç və Birləşmiş Krallıq). Finlandiya və Almaniyadan başqa bu üzv dövlətlər həmçinin eyni-cinsli cütlüklərin birgə övladlığa götürməsinə yol verir. Avstriyada və Fransada ikinci valideynin övladlığa götürməsinə imkan yoxdur, lakin qeydiyyata alınmış partnyorluqda olan eyni-cinsli cütlüklərin bəzi valideynlik hüquqlarına və vəzifələrinə icazə verilir. 35 üzv dövlətdə birgə övladlığa götürməyə və ya ikinci valideynin övladlığa götürməsinə imkanın olmaması reallıqdır: Albaniya, Andorra, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çex Respublikası, Estoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Çernoqoriya, Polşa, Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San Marino, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə, ‘keçmiş Yuqoslaviya Respublikası Makedoniya’, Türkiyə və Ukrayna. ...”
B. Müqayisəli hüquq haqqında əlavə məlumat
56. Məhkəmənin sərəncamında olan məlumatdan, o cümlədən Avropa Şurasının otuz yeddi üzv Dövlətinin sorğusundan görünür ki, Komissarın tədqiqatında qeyd olunan on üzv Dövlətdən əlavə (Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, Niderland, Norveç, İspaniya, İsveç və Birləşmiş Krallıq (Şimali İrlandiya istisna olmaqla)) daha bir üzv Dövlət, yəni Sloveniya məhkəmələrin son presedent hüququnda eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsini qəbul edib.
57. Məhkəmənin məlumata malik olduğu Avropa Şurasının otuz doqquz üzv Dövlətin əksəriyyəti (iyirmi dörd) ikinci valideynin övladlığa götürməsini nikahda olan cütlüklər üçün nəzərdə tutub. On üzv Dövlət (Belçika, İslandiya, Niderland, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, İspaniya, Ukrayna və Birləşmiş Krallıq (Şimali İrlandiya istisna olmaqla) həmçinin nikahda olmayan cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsinə icazə verir. Bu qrupda altı Dövlət nikahda olmayan heteroseksual və nikahda olmayan eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsinə eynilə icazə verir, lakin dördü (Portuqaliya, Rumıniya, Rusiya və Ukrayna) buna – Avstriya kimi – nikahda olmayan eyni-cinsli cütlüklərə deyil, yalnız nikahda olmayan müxtəlif-cinsli cütlüklərə icazə verir.
Qalan sorğu edilən Dövlətlər müxtəlif qərarlar qəbul ediblər, məsələn ikinci valideynin övladlığa götürməsinə heteroseksual və ya homoseksual olmasından asılı olmayaraq, nikahda olmayan cütlüklərə deyil, nikahda olan cütlüklərə və qeydiyyata alınmış partnyorlara (məsələn, Almaniyada və Finlandiyada) icazə veriblər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ 14-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
58. Ərizəçilər Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəyə əsasən şikayət etdilər ki, onlar birinci və üçüncü ərizəçinin cinsi oriyentasiyasına görə ailə həyatının həyata keçirilməsində ayrı-seçkiliyə məruz qalıblar. Onlar bildirdilər ki, nikahda olan və ya olmayan heteroseksual cütlüklərdə bir partnyorun uşağının digər partnyor tərəfindən övladlığa götürülməsinə icazə verilməsi, lakin eyni-cinsli cütlüklərdə bir partnyorun uşağının digər partnyor tərəfindən övladlığa götürülməsinə qadağa qoyulması üçün ağlabatan və obyektiv əsaslandırma olmayıb
Konvensiyanın 8-ci Maddəsində deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
14-cü Maddə nəzərdə tutur:
“[Bu] Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
A. Qəbuledilənlik
59. Hökumət bildirdi ki, ərizə açıq-aşkar əsassız olduğundan qəbuledilməyən elan edilməlidir. O iddia etdi ki, işin faktları üzrə ayrı-seçkilik mövcud olmayıb. Xüsusilə də, o bildirdi ki, dövlətdaxili məhkəmələr ikinci valideynin övladlığa götürməsinə icazə verməkdən o əsasla imtina ediblər ki, onun atası razılıq verməmişdi və bu, uşağın maraqlarına uyğun deyildi. Nəticə etibarilə, homoseksualın öz partnyorunun uşağını övladlığa götürməsinin Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndindən irəli gələn qanuni baxımından mümkünsüzlüyü ortaya çıxmamışdı. Hökumətin fikrincə ərizəçilər buna görə də Məhkəmədən bu müddəanı abstrakt şəkildə nəzərdən keçirməyi xahiş edirdilər.
60. Beləliklə, görünür Hökumət əsaslandırır ki, ərizəçilər Konvensiyanın 34-cü Maddəsinin mənası baxımından iddia edilən pozuntunun qurbanları olduğunu iddia edə bilməzlər, belə ki, işin konkret hallarında, onlar şikayət edilən qanunun birbaşa təsirinə məruz qalmayıblar. Lakin Məhkəmə qeyd edir ki, Hökumət bu əsasa görə qəbuledilənliklə bağlı açıq etiraz irəli sürməyib. Məhkəmə Hökumət tərəfindən irəli sürülən bu məsələlərə işin mahiyyəti üzrə araşdırılması kontekstində baxmağı məqsədəuyğun hesab edir.
61. Məhkəmə qeyd edir ki, şikayət Konvensiyanın 35-ci Maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin mənası baxımından açıq-aşkar əsassız deyil. O, daha sonra qeyd edir ki, o, digər hər hansı əsaslara görə qəbuledilməyən deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin təqdimatları
(a) Ərizəçilər
62. Ərizəçilər iddia etdilər ki, onlar uşaqlarını tərbiyə edən müxtəlif-cinsli evli cütlüklərlə müvafiq oxşar situasiyada idilər. Onlar uşaqların eyni-cinsli ailələrdə və müxtəlif-cinsli ailələrdə eyni dərəcədə yaxşı inkişaf etdiyini təsdiq edən bir sıra tədqiqatlara istinad etdilər.
63. Ərizəçilər qeyd etdilər ki, nikahda olan cütlüklərə ikinci valideynin övladlığa götürməsinə icazə verilirdi. Avstriya qanunvericiliyinə görə eyni-cinsli cütlüklərin evlənməsinə icazə verilmirdi. Hətta onlar qeydə alınmış partnyorlar olduqları halda, ikinci valideynin övladlığa götürməsi Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunun 8(4) bəndi ilə açıq-aşkar qadağan edilir. Bununla belə, ərizəçilər qeyd etdilər ki, onlar yalnız nikaha əsaslanan ailələrə verilən hüquqa iddia etmək arzusunda deyillər.
64. Onlar vurğuladılar ki, hazırkı işdə əsas məsələ nikahda olmayan müxtəlif-cinsli cütlüklər və nikahda olmayan eyni-cinsli cütlüklər arasındakı qeyri-bərabər rəftardır. Avstriya qanunvericiliyinə əsasən ikinci valideynin övladlığa götürməsi nikahda olmayan heteroseksual cütlüklər üçün mümkündür, lakin nikahda olmayan eyni-cinsli cütlüklər üçün mümkün deyil. Ərizəçilər qeyd etdilər ki, bu, Gas və Dyubua Fransaya qarşı işlə (Gas and Dubois v. France (№ 25951/07, 15 mart 2012-ci il), müqayisədə çox fərqlidir, belə ki, Fransa qanunvericiliyinə əsasən ikinci valideynin övladlığa götürməsinə yalnız nikahda olan cütlüklərə icazə verilib. Beləliklə hazırkı iş Karner Avstriyaya qarşı işdəki (Karner v. Austria) (№ 40016/98, AİHM 2003‑IX) məsələyə oxşar o məsələni qaldırır ki, nikahda olmayan heteroseksual cütlüklərə verilmiş hüquq eyni-cinsli cütlüklərə imtina edilib. Bundan əlavə, onlar qeyd etdilər ki, yalnız dörd Avropa Şurası Dövləti Avstriya ilə eyni mövqeni qəbul ediblər, yəni ikinci valideynin övladlığa götürməsini nikahda olmayan əks-cinsli cütlüklərə icazə verdikləri halda, bunu eyni-cinsli cütlüklərə qadağan ediblər. Böyük əksəriyyət ya ikinci valideynin övladlığa götürməsinə yalnız nikahda olan cütlüklərə icazə veriblər və yaxud bunu həmçinin cinsi oriyentasiyasından asılı olmayaraq nikahda olmayan cütlüklərə icazə veriblər.
65. Ərizəçilər bildirdilər ki, mübahisələndirilən proseslərdə onlara qarşı həqiqətən də fərqli rəftar olunub. Dövlətdaxili məhkəmələrdə onlar iddia etmişdilər ki, ikinci valideynin atasının övladlığa götürməyə razılıq verməkdən imtina etməsi əsaslandırılmayıb, belə ki, o, uşağın maraqlarına qarşı hərəkət etmişdir. Nəticə etibarilə, ikinci ərizəçinin övladlığa götürmədə olan marağı onun atasının buna etiraz etməkdə olan marağından üstün gəlirdi. Beləliklə, onlar iddia etdilər ki, Mülki Məcəllənin 181-ci Maddəsinin 3-cü bəndinə uyğun olaraq məhkəmə atanın imtinasına əhəmiyyət verməməli idi. Əks-cinsli cütlüyün işində Rayon Məhkəməsi ətraflı araşdırma aparardı və bu məsələ ilə bağlı ayrıca qərar qəbul edərdi. Lakin ərizəçilərin işində o, faktları araşdırmaqdan o əsasla imtina etdi ki, onların tələb etdiyi övladlığa götürmə hər bir halda Avstriya qanunvericiliyinə əsasən mümkün deyildi. Bu mövqe Ali Məhkəmə tərəfindən açıq şəkildə təsdiq olundu.
66. Ərizəçilər vurğuladılar ki, onların şikayətinin mahiyyəti odur ki, onlar avtomatik olaraq övladlığa götürmənin istənilən imkanından xaric edilmişdilər. Bununla da, bu iş E.B. Fransaya qarşı (E.B. v. France [Böyük Palatanın qərarı], № 43546/02, 22 yanvar 2008-ci il) işlə ona görə oxşardır ki, onlar birinci və ikinci ərizəçilərin cinsi oriyentasiyalarına görə övladlığa götürmənin hər hansı anlamlı mümkünlüyündən xaric ediliblər.
67. Ərizəçilər Avstriyanın övladlığa götürmə haqqında qanunvericiliyinin uşağın maraqlarının qorunmasına yönəldiyi barədə Hökumətin arqumentini qeyd etdilər. Məhkəmənin presedent hüququna müvafiq olaraq, eyni-cinsli cütlüklərin ikinci valideynin övladlığa götürməsindən xaric edilməsinin bu məqsədə nail olmaq üçün zəruri olduğunu Hökumət göstərməlidir. Eyni-cinsli cütlüklərin uşağın pozitiv inkişafının təmin edilməsində müxtəlif cinsli cütlüklər qədər qadir olduğu barədə geniş elmi konsensus mövcuddur. Təqdim etdikləri tədqiqatlar arasında, ərizəçilər məhkəmə baxışı zamanı Almaniya Ədliyyə Nazirliyi tərəfindən sifariş edilən “Eyni-cinsli partnyorluqlarda uşaqların həyatı” adlanan geniş miqyaslı tədqiqata istinad etdilər (Rupp Martina (ed.), Die Lebenssituation von Kindern in gleichgeschlechtlichen Partnerschaften, Köln,2009).
68. Hökumət Avstriya qanunvericiliyinin qanuni məqsədlər baxımından uşağın iki ataya və ya iki anaya malik olduqları situasiyadan qaçmağa səy göstərdiyini bildirdiyi üçün, ərizəçilər qeyd etdilər ki, onlar uzun illər ərzində de facto ailəni formalaşdırmışdılar, lakin hələ də onlar ailə həyatlarının hüquqi tanınmasının istənilən imkanından məhrum olmuşdular. Bundan əlavə, onlar bildirdilər ki, Avstriya qanunvericiliyinə əsasən övladlığa götürülən uşağın çox zaman iki anası və ya iki atası olur. Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndinə əsasən övladlığa götürmə övladlığa götürülən uşaq və bioloji valideyn və ya valideynlər arasındakı ailə-hüquqi münasibəti ayırır. Bununla belə, qarşılıqlı təminat vəzifələri və vərəsəlik hüquqları, övladlığa götürən valideynlərə münasibətdə hüquq və vəzifələrə əlavə olsa da, toxunulmaz qalır.
69. Ərizəçilər növbəti arqumentlərini Uşaqların Övladlığa Götürülməsi haqqında 2008-ci il Avropa Konvensiyasına, Nazirlər Komitəsinin 31 mart 2010-cu il Tövsiyəsinə və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasına əsaslanaraq təqdim etdilər. Bütün bu mətnlərdə övladlığa götürməyə münasibətdə əsas anlayış gender və ya valideynlərin cinsi oriyentasiyası deyil, uşağın ən yaxşı maraqlarıdır. Nəhayət, onlar Avstriya qanunvericiliyinə əsasən uşaqla onun valideyninin eyni-cinsli partnyoru arasındakı münasibətin hüquqi cəhətdən tanınması üçün kifayət qədər alternativ imkanların mövcud olduğu barədə Hökumətin arqumentini mübahisələndirdilər.
(b) Hökumət
70. Hökumət 8-ci Maddə ilə birgə götürməklə 14-cü Maddənin tətbiqini mübahisələndirmədi. Onlar qəbul etdi ki, üç ərizəçi arasındakı münasibətlər ailə həyatını təşkil edir. Lakin o, qeyd etdi ki, hazırkı işdə faktlar (yuxarıda istinad edilən) Gas və Dyubua (Gas and Dubois) işindəki faktlardan fərqlənir, belə ki, ikinci ərizəçinin həm də ailə münasibəti saxladığı atası var.
71. Bundan əlavə, Hökumət iddia etdi ki, ərizəçilərin vəziyyəti bir həyat yoldaşının digər həyat yoldaşının uşağını övladlığa götürmək arzusunda olduğu evli cütlüklərin vəziyyəti ilə müqayisə edilən deyil və Məhkəmədən (yuxarıda istinad edilən, §§ 66-68) Gas və Dyubua (Gas and Dubois) işində özünün gəldiyi nəticələrə riayət etməyi xahiş etdi.
72. Nikahda olmayan müxtəlif-cinsli cütlüklərlə müqayisəyə münasibətdə, şəxsi mənada, eyni-cinsli cütlüklərin prinsipcə müxtəlif-cinsli cütlüklər kimi ümumilikdə uşaqları övladlığa götürmək üçün və ya xüsusilə də ikinci valideynin övladlığa götürməsi üçün uyğun və ya qeyri-uyğun ola bildiyini təsdiq edərək, Hökumət qəbul etdi ki, ərizəçilər müqayisə ediləcək vəziyyətdə idilər. Onlar həm də bununla bağlı müqayisə ediləcək vəziyyətdə idilər ki, istənilən övladlığa götürmə hər iki bioloji valideynin razılığını tələb edirdi.
73. Hökumət əlavə etdi ki, azyaşlının övladlığa götürülməsinin valideynlik əlaqələrinə xitam verməsi faktının 8-ci Maddəyə uyğun gəldiyi hesab olunur (onlar Emonet və Başqaları İsveçrəyə qarşı işə (Emonet and Others v. Switzerland) (№ 39051/03, 13 dekabr 2007-ci il), və Eski Avstriyaya qarşı işə (Eski v. Austria) (№ 21949/03, 25 yanvar 2007-ci il) istinad etdilər), və Dövlətlər övladlığa götürmə barədə qanunvericilik sahəsində geniş mülahizə sərbəstliyindən istifadə edirlər. Uşaqların qayğısına qalmaq məsələsinə gəldikdə, Avstriyanın övladlığa götürmə barədə qanunvericiliyi bioloji valideynlərə üstünlük verdi. Övladlığa götürmə valideynlik hüquqlarının itirilməsi ilə nəticələndiyindən, buna yalnız o halda icazə verilir ki, bu, aydın şəkildə uşağın maraqlarında olsun. Uşaqla münasibəti həmçinin 8-ci Maddə ilə qorunan, əvəz edilən valideynin razılığı, buna görə də övladlığa götürmə üçün ilkin şərtdir. Avstriya qanunvericiliyi bütün cəlb olunan maraqlar arasında ağlabatan tarazlıq yaradır.
74. İşin faktları üzrə Hökumət iddia etdi ki, bu, ayrı-seçkilik məsələsini qaldırmır, belə ki, birinci və üçüncü ərizəçilərin işi ilə nikahda olmayan müxtəlif-cinsli cütlüyün işi arasında rəftarda hər hansı fərq olmayıb. Onlar təsdiq etdi ki, dövlətdaxili məhkəmələr, xüsusilə də Regional Məhkəmə ikinci ərizəçinin övladlığa götürmədə marağı məsələsini hərtərəfli şəkildə qiymətləndirmişdi və bu nəticəyə gəlmişdi ki, onun atası ilə münasibəti var və buna görə də sonuncunu övladlığa götürən valideynlə əvəz etməyə ehtiyac yoxdur. Hökumət xüsusilə də vurğuladı ki, hər iki bioloji valideynin razılığı istənilən övladlığa götürmə üçün əsas ilkin şərtdir. İkinci ərizəçinin atası hazırkı işdə razılıq vermədiyindən, müraciət üçüncü ərizəçinin nikahda olmayan müxtəlif-cinsli partnyoru tərəfindən verilsəydi, məhkəmələrin analoji olaraq övladlığa götürməyə razılıq vermək imkanının qarşısı alınacaqdı. Hökumət bundan əlavə iddia etdi ki, ərizəçilər nə atanın övladlığa götürməyə razılıq verməkdən imtinasına əhəmiyyət verilməmək üçün əsasların olduğu barədə öz iddialarını əsaslandırmayıblar, nə də ki, bu məsələ ilə bağlı rəsmi qərar tələb etməyiblər.
75. Bundan əlavə, Hökumət təsdiq etdi ki, Mülki Məcəllə eyni-cinsli partnyorların istisna edilməsinə yönəlməyib. Bir qadının digər qadının uşağını övladlığa götürməyi həmçinin o halda mümkünsüz olacaq ki, xala (bibi) öz bacısı oğlunu (qardaşı oğlunu) onun anası ilə münasibəti hələ də dəyişilməz qaldığı halda, övladlığa götürməyi arzu edər. Eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinin aydın şəkildə istisna olunması yalnız 2010-cu ildə Qeydiyyata alınmış Partnyorluq haqqında Qanun tərəfindən tətbiq edildi. Bu işə dövlətdaxili məhkəmələrdə baxılarkən həmin Qanun qüvvəyə minməmişdi və buna görə də hazırkı kontekstdə uyğun deyildi.
76. Əgər Məhkəmə rəftarda fərqin mövcud olduğunu hesab edirsə və eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinin qadağan edilməsinin əsaslandırılması məsələsini qaldırırsa, Hökumət əsaslandırdı ki, bioloji ailənin bərpası və uşağın rifahının təmin edilməsi qanuni məqsədlər idi. Avstriyanın övladlığa götürmə barədə qanunvericiliyi eyni-cinsli cütlükləri istisna etməyə yönəlməyib, lakin ümumi qayda olaraq, hüquqi məqsədlər baxımından uşağın iki anaya və ya iki ataya malik olduğu situasiyadan qaçmağa çalışır. Qanunvericilik həmçinin cəlb edilən digər şəxslərin maraqlarını nəzərə almalı olduğundan, müvafiq vasitələrdən istifadə etməklə bu məqsədləri güdür, və digər vasitələrlə uşağın valideyninin partnyorunun maraqlarını təmin edir.
77. Nəhayət, Hökumət təsdiq etdi ki, Dövlətlər eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsi məsələsi ilə bağlı geniş mülahizə sərbəstliyinə malikdirlər. Hökumətin məlumatına görə Avropa Şurasının yalnız on üzv Dövləti belə övladlığa götürməyə icazə verir. Belə nəticə çıxır ki, burada hər hansı Avropa standartı yoxdur və hətta meylin və ya tendensiyanın mövcud olduğunu da demək olmaz.
(c) Üçüncü tərəflər
(i) FIDH, HBK, BLGA-Avropa, ÖTBA, ALAAŞ və SOHAK
78. Özlərinin birgə qeydlərində bu altı qeyri-hökumət təşkilatı vurğuladı ki, (yuxarıda istinad edilən) Karnerin işi kimi, hazırkı iş nikahda olmayan eyni-cinsli cütlüyə imtina edilən hüququn nikahda olmayan müxtəlif-cinsli cütlüyə verilməsi ilə əlaqədar rəftarda fərqlə bağlıdır. Karnerin işində işlənib hazırlanmış standartlar buna görə də tətbiq olunmalıdır. Bundan əlavə, Salgueiro da Silva Mouta Portuqaliyaya qarşı işdə (Salgueiro da Silva Mouta v. Portugal (№ 33290/96, ECHR1999‑IX) və (yuxarıda istinad edilən) E.B. Fransaya qarşı işdə (E.B. v. France), Məhkəmə qeyd-şərtsiz qəbul etdi ki, uşağın niyə eyni-cinsli partnyorla birgə yaşayan lesbian və ya gey fərd tərəfindən tərbiyə oluna bilməməsinin səbəbləri yoxdur. İnsan Hüquqları üzrə İnter-Amerikan Məhkəməsi bu yaxınlarda Atala Riffo və Qızları Çiliyə qarşı işdə (Atala Riffo and Daughters v. Chile) oxşar nəticəyə gəlmişdi (24 fevral 2012-ci il tarixli qərar).
79. Bundan əlavə, əgər Avropa konsensusu məsələsini nəzərə alsaq, üçüncü tərəf iştirakçıları qeyd etdilər ki, Avropa Şurasının qırx yeddi üzv Dövlətinin əksəriyyəti ikinci valideynin övladlığa götürməsini yalnız nikahda olan müxtəlif-cinsli cütlüklərə icazə veriblər. Hazırkı işdə yalnız ikinci valideynin övladlığa götürməsini başqalarına, məsələn (nikahda olan, qeydiyyata alınmış partnyorluqda və ya vətəndaş nikahında yaşayan) eyni-cinsli cütlüklərə və ya nikahda olmayan müxtəlif-cinsli cütlüklərə şamil edən Dövlətlər müqayisə edilə bilərlər. Bu qrup daxilində on dörd Dövlət ikinci valideynin övladlığa götürməsini eyni-cinsli cütlüklərə şamil ediblər və ya şamil etməyi planlaşdırırlar, yalnız beşi (Avstriya daxil olmaqla) eyni-cinsli cütlükləri xaric etməklə, bunu nikahda olmayan müxtəlif cinsli cütlüklərə şamil ediblər.
80. Nəhayət, Uşaqların Övladlığa Götürülməsi haqqında 2008-ci il Avropa Konvensiyasının 7-ci Maddəsi övladlığa götürmə haqqında qanunvericiliyin müxtəlifliyini tanıyıb. Bu, o faktı dəyişdirmir ki, Konvensiyanın 8 və 14-cü Maddələri üzv Dövlətlərə övladlığa götürmək hüququnu ayrı-seçkilik əsasında bir qrupa deyil, digər qrupa aid etməyi qadağan edib.
(ii) Hüquq və Ədalət naminə Avropa Mərkəzi (HƏAM)
81. HƏAM əsaslandırdı ki, 8-ci Maddə tətbiq olunmur, belə ki, ərizəçinin de facto ailə həyatına müdaxilə olunmayıb. O, daha sonra qeyd etdi ki, övladlığa götürmək və ya övladlığa götürülmək hüququ mövcud olmayıb. Mahiyyət etibarilə ərizəçilər onların ailə həyatının qanuni baxımından tanınması hüququnu təsdiq etmək arzusunda idilər. Lakin 12-ci Maddəyə əsasən ailə qurmaq hüququ, eləcə də nikaha daxil olmaq hüququ yalnız əks-cinsli cütlüklərə verilib.
82. Hətta ərizəçilərin ailə həyatına hörmət hüququna müdaxiləni ehtimal edərək, iş 8-ci Maddəyə əsasən araşdırılmalı olsa, bu müdaxilə qanunda, yəni Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndində təsbit edilmişdi və qanuni məqsədə, yəni ikinci ərizəçi ilə övladlığa götürməyə razılıq verməyən atası arasındakı münasibətin qorunmasına xidmət edirdi. Dövlətdaxili məhkəmələrin ərizəçilərin xahiş etdikləri övladlığa götürməyə razılıq verməməsi həm də təbii ailənin qorunması və uşaq üçün hüquqi müəyyənliyin təmin olunması qanuni məqsədlərinə xidmət edirdi. Bioloji reallıq obyektiv amildir və buna görə də ağlabatan əsaslandırma hesab olunmalı idi.
83. 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddə ilə əlaqədar, HƏAM bildirdi ki, birinci və üçüncü ərizəçilər müxtəlif-cinsli cütlüklərlə oxşar situasiyada deyildirlər, belə ki, onların ailə qurmaq kimi bioloji imkanları yox idi. Rəftarda fərq olmayıb, belə ki, Mülki Məcəllənin 182-ci masddəsinin 2-ci bəndi müxtəlif cinsli və ya eyni cinsli olmasından asılı olmayaraq, bütün cütlüklərə tətbiq olunub. Eyni-cinsli cütlüklər üçün nəticələrin fərqli olması faktı ayrı-seçkiliyə bərabər deyil.
(iii) Şimali İrlandiya üzrə Baş Prokuror
84. Şimali İrlandiya üzrə Baş Prokuror Uşaqların Övladlığa Götürülməsi haqqında 2008-ci il Avropa Konvensiyasına istinad edərək, qeyd etdi ki, bu, övladlığa götürmə ilə bağlı Avropa konsensusunun vəziyyətini qiymətləndirməyə xidmət edə bilər. O, xüsusilə də qeyd etdi ki, 4-cü Maddə istənilən övladlığa götürmənin rəhbər prinsipi olaraq, uşağın ən yaxşı maraqlarını müəyyən edib. 7-ci Maddə bəyan etdi ki, eyni-cinsli cütlüklər tərəfindən övladlığa götürməyə münasibətdə hər hansı konsensus yoxdur.
85. Baş Prokuror aydınlıq gətirdi ki, Şimali İrlandiyada məhkəmə prosesi hazırda davam edir, belə ki, Vətəndaş Partnyorluğu haqqında Qanunla dəyişiklik edilmiş 1987-ci il Övladlığa götürmə haqqında (Şimali İrlandiya) Qərarın 14 və 15 (1) Maddələrinə əsasən vətəndaş partnyorlar olub-olmamasından asılı olmayaraq nə eyni-cinsli cütlüklər, nə də ki, vətəndaş partnyorluqda yaşayan gey və ya lesbian şəxslər övladlığa götürmə ilə bağlı müraciət edə bilməzlər, lakin cinsi oriyentasiyasından asılı olmayaraq, vətəndaş partnyorluğunda yaşamayan tək şəxs övladlığa götürmə ilə bağlı müraciət edə bilər. Bu proseslərdə iddia edildi ki, bu müddəaların məcmu təsiri 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddəni pozub.
86. Konvensiyanın övladlığa götürmək hüququna təminat vermədiyinə dair müşahidəyə əsaslanaraq, Şimali İrlandiya üzrə Baş Prokuror Məhkəmənin son presedent hüququna (yuxarıda istinad edilən E.B. Fransaya qarşı iş (E.B. v. France), Gas və Dyubuanın işi (Gas and Dubois), Şalk və Kopfun işi (Schalk and Kopf) və S.H. və Başqaları Avstriyaya qarşı iş (S.H. and Others v. Austria) [Böyük Palatanın qərarı], № 57813/00, 3 noyabr 2011-ci il) əsasən o nəticəyə gəldi ki, ailə, nikah və valideynlərlə uşaqlar arasındakı münasibətlər anlayışı ilə bağlı məsələləri qiymətləndirmək üçün dövlətdaxili qanunvericiliyin Avropalı hakimdən daha yaxşı imkana malik olduğunu qəbul edərək, Məhkəmə bugünədək məhkəmə məhdudiyyətini tətbiq etmiºdir.
(iv) Beynəlxalq Amnistiya Təşkilatı
87. Beynəlxalq Amnistiya Təşkilatı insan hüquqları ilə bağlı beynəlxalq və regional müqavilələrdə ayrı-seçkiliklərlə bağlı maddələri və Avropa Məhkəməsinin və İnsan Hüquqları üzrə İnter-Amerikan Məhkəməsinin müvafiq presedent hüququnu nəzərdən keçirdi. Onlar həmçinin Birləşmiş Millətlər Təşkilatının müxtəlif müqavilə nəzarət orqanları, xüsusilə də İnsan Hüquqları Komitəsi və Uşaq Hüquqları üzrə Komitə tərəfindən müvafiq maddələrin şərhinə diqqət yetirdilər.
88. Onlar qeyd etdilər ki, cinsi oriyentasiyaya əsaslanan rəftarda fərq olduqca inandırıcı və tutarlı əsaslar tələb edir və xüsusilə də İnter-Amerikan Məhkəməsinin son qərarına istinad etdilər (Atala Riffo və Qızları Çiliyə qarşı (Atala Riffo and Daughters v. Chile)), həmin qərar aydınlaşdırdı ki, “cinsi oriyentasiya şəxsin cinsi münasibətlərinin bir hissəsidir və şəxsin valideynliyə uyğunluğu ilə bağlı aspektlər araşdırılarkən münasib deyil”.
89. Beynəlxalq Amnistiya daha sonra Uşaq Hüquqları haqqında Konvensiyaya istinad edərək qeyd etdi ki, 3-cü Maddə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinin “ilk növbədə nəzərə alınmasını” müəyyən edir. Övladlığa götürməyə münasibətdə Uşaq Hüquqları haqqında Konvensiyanın 21-ci Maddəsi müəyyən etdi ki, uşaqların maraqlarının daha yaxşı təmin edilməsi “birinci dərəcədə nəzərə alınır”. Beləliklə, Uşaq Hüquqları haqqında Konvensiya, məsələn, uşağın ailəsinin tərkibinə və ya valideynin cinsi oriyentasiyasına əsasən müxtəlif standartları tətbiq etməyə qadağa qoymaqla, Dövlətlərin mülahizə sərbəstliyinə mühüm məhdudiyyətlər qoyur. Nəticədə, istənilən övladlığa götürmə sistemi məhkəmələrə və ya digər müvafiq hakimiyyət orqanlarına övladlığa götürmə ilə bağlı ərizələr barədə qərarı ilk növbədə uşaq üçün ən yaxşı olana uyğun olaraq əsaslandırmağa imkan verməlidir.
(v) Azadlığı Müdafiə Alyansı
90. Azadlığı Müdafiə Alyansı qeyd etdi ki, Konvensiya övladlığa götürmə hüququna təminat vermir və Məhkəmənin presedent hüququ 8-ci Maddə altında belə hüququ tanımayıb. Bunun əksinə olaraq, Məhkəmə övladlığa götürmə prosesində iddia edilən ayrı-seçkilik hallarında 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddənin tətbiq edilməli olduğunu müəyyən etmişdir və az sayda belə işləri araşdırmışdı (Frette Fransaya qarşı iş (Fretté v. France) № 36515/97, ECHR 2002-I və hər ikisi yuxarıda istinad edilən E.B Fransaya qarşı iş (E.B. v. France) və Gas və Dyubuanın işi (Gas and Dubois)). Qeyd etmək vacibdir ki, E.B. Fransaya qarşı işdə Məhkəmə üçün həlledici olan mülahizələrdən biri o fakt idi ki, fransız qanunvericiliyi tək şəxslərə övladlığa götürməyə icazə verməklə, tək homoseksualın övladlığa götürməsinə imkan vermişdi. Hazırkı iş fərqlidir, belə ki, pozuntunun müəyyən olunması yalnız heteroseksual cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə icazə verən dövlətdaxili qanunvericiliyin yenidən yazılmasına bərabər olacaq. Bu kontekstdə üçüncü tərəf iştirakçısı qeyd etdi ki, bu məsələ ilə bağlı Avropada konsensus yoxdur.
91. Arqumentin ikinci qolu olaraq, Azadlığı Müdafiə Alyansı təsdiq etdi ki, geniş yayılmış “fərqin olmaması” tezisi – yəni eyni-cinsli cütlüklər tərəfindən tərbiyə edilən uşaqların heteroseksual valideynlər tərəfindən tərbiyə edilən uşaqlarla müqayisədə hər hansı əhəmiyyətli münasibətdə əlverişsiz şəraitdə olmamaları barədə müxtəlif tədqiqatlar tərəfindən irəli sürülən iddia – son zamanların sosial araşdırmaları tərəfindən, xüsusilə də Birləşmiş Ştatlarda aparılan tədqiqatlar tərəfindən sual altına alınmışdır. Elmi tədqiqatın inandırıcı olmayan nəticələrini və Dövlətlərin ailə hüququ sahəsində istifadə etdikləri mülahizə sərbəstliyini nəzərə alaraq, ikinci valideynin övladlığa götürməsi daxil olmaqla, övladlığa götürmənin yalnız heteroseksual cütlüklərə aid olunması uşağın maraqları baxımından əsaslandırılıb.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddənin tətbiqi
92. Məhkəmə ailə və şəxsi həyat sahəsində cinsi oriyentasiya əlamətinə görə ayrı-seçkiliklə bağlı bir sıra işlərə baxıb. Bəziləri, yəni yetkinlik yaşına çatmış şəxslər arasında homoseksual münasibətlərin cinayət qanunvericiliyinə əsasən qadağan olunması (bax Dudgeon Birləşmiş Krallığa qarşı iş (Dudgeon v. the United Kingdom), 22 oktyabr 1981-ci il, Seriya A № 45; Norris Irlandiyaya qarşı iş (Norris v. Ireland), 26 oktyabr 1988-ci il, Seriya A № 142; və Modinos Kiprə qarşı iş (Modinos v. Cyprus), 22 aprel 1993-cü il, Seriya A № 259) və homoseksualların silahlı qüvvələrdən azad edilməsi (Smit və Qredi Birləşmiş Krallığa qarşı işi (Smith and Grady v. the United Kingdom) № 33985/96 və 33986/96, ECHR 1999‑VI) ilə bağlı işlər ayrılıqda 8-ci Maddə altında araşdırılıb. Digəriləri 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddə altında araşdırılıb. Baxılan məsələlərə cinayət qanunvericiliyinə əsasən homoseksual əlaqələr üçün razılıq yaşının fərqləndirilməsi (bax L. və V. Avstriyaya qarşı iş (L. and V. v. Austria), № 39392/98 və 39829/98, AİHM 2003‑I), valideynlik hüquqlarının verilməsi (bax yuxarıda istinad edilən Salgueiro da Silva Mouta-nın işi), uşağı övladlığa götürməyə icazə (bax yuxarıda istinad edilən Fretté, E.B. Fransaya qarşı iş və Gas və Dubois-in işləri), vəfat edən partnyorun icarə hüququnu vərəsəlik qaydasında almaq hüququ (bax yuxarıda istinad edilən Karner və Kozak Polşaya qarşı iş (Kozak v. Poland), № 13102/02, 2 mart 2010-cu il), sosial sığorta hüququ (bax P.B. və J.S Avstriyaya qarşı iş (P.B. and J.S. v. Austria), № 18984/02, 22 iyul 2010-cu il) və eyni-cinsli cütlüklərin nikaha və ya qanuni baxımından tanınmanın alternativ formasına çatımı (yuxarıda istinad edilən Şalk və Kopfun işi (Schalk and Kopf)) daxildir.
93. Hazırkı işdə ərizəçilər onların üçünün birgə ailə həyatından faydalandıqlarını iddia edərək, öz şikayətlərini 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddəyə əsasən formallaşdırıblar. Hökumət 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddənin tətbiq edilə bildiyini mübahisələndirmədi. Məhkəmə aşağıdakı səbəblərə görə fərqli yanaşmanı tutmaq üçün səbəb görmür.
94. Məhkəmə dəfələrlə bildirdiyi kimi 14-cü Maddə Konvensiyanın və onun Protokollarının digər maddi-hüquqi müddəalarını tamamlayır. O, müstəqil mövcud deyil, belə ki, o, yalnız bu müddəalarla təminat verilən “hüquq və azadlıqlardan istifadə”yə münasibətdə qüvvəyə malikdir. Baxmayaraq ki, 14-cü Maddənin tətbiqi bu müddəaların öncədən pozulmasını ehtimal etmir – və bu mənada bu Maddə muxtardır - baxılan faktlar Konvensiyanın bir və ya daha çox Maddələrinin tətbiq dairəsinə düşməyənədək, bu Maddə tətbiq oluna bilməz (bax, məsələn, yuxarıda istinad edilən Şalk və Kopf-un işi(Schalk and Kopf), § 89; E.B. Fransaya qarşı iş (E.B. v. France), § 47; yuxarıda istinad edilən Karner-in işi (Karner), § 32; və Petroviç Avstriyaya qarşı iş (Petrovic v. Austria), 27 mart 1998-ci il, § 22, Qərarlar və Qərardadlar Toplusu 1998‑II).
95. Məhkəmə təkrar edir ki, stabil de facto münasibətlərdə birgə yaşayan eyni-cinsli cütlüklərin münasibəti müxtəlif-cinsli cütlüklərin eyni vəziyyətdəki münasibətləri kimi “ailə həyatı” anlayışının dairəsinə düşür (bax yuxarıda istinad edilən Şalk və Kopf-un işi (Schalk and Kopf), § 94). Bundan əlavə, Məhkəmə özünün Gas və Dyubua Fransaya qarşı işi (Gas and Dubois v. France) (№ 25951/07, 31 avqust 2010-cu il) üzrə qəbuledilənliklə bağlı qərarında müəyyən etdi ki, birgə yaşayan və vətəndaş partnyorluğuna daxil olan iki qadın və süni mayalanma vasitəsilə onlardan birinin hamilə qaldığı, lakin hər ikisi tərəfindən tərbiyə edilən uşaq arasındakı münasibətlər Konvensiyanın 8-ci Maddəsinin mənası baxımından “ailə həyatını” təşkil edir.
96. Hazırkı işdə birinci və üçüncü ərizəçilər stabil eyni-cinsli cütlük təşkil edir. Onlar uzun illər ərzində birgə yaşayırlar və ikinci ərizəçi onlarla evlərini paylaşır. Onun anası və onun partnyoru birlikdə onun qayğısına qalırlar. Buna görə də Məhkəmə müəyyən edir ki, bütün üç ərizəçilər arasındakı münasibətlər Konvensiyanın 8-ci Maddəsinin mənası baxımından “ailə həyatına” bərabərdir.
97. Məhkəmə o nəticəyə gəlir ki, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddə hazırkı işin faktların tətbiq olunur.
(b) 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddəyə uyğunluq
(i) Məhkəmənin presedent hüququnda müəyyən edilən prinsiplər
98. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən 14-cü Maddə altında məsələnin qalxması üçün müvafiq olaraq oxşar situasiyalarda olan şəxslərlə rəftarda fərq olmalıdır. Rəftarda belə fərq o halda ayrı-seçkilikdir ki, onun obyektiv və ağlabatan əsaslandırması olmasın; başqa sözlə, o, “qanuni məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur. Razılığa gələn Dövlətlər digər oxşar situasiyalardakı fərqliliklərin rəftardakı fərqliliyə haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirərkən müəyyən mülahizə sərbəstliyindən istifadə edirlər (bax yuxarıda istinad edilən Şalk və Kopfun işi (Schalk and Kopf), § 96, və Burden Birləşmiş Krallığa qarşı iş (Burden v. the United Kingdom) [Böyük Palatanın qərarı], № 13378/05, § 60, ECHR 2008).
99. Cinsi oriyentasiya 14-cü Maddə ilə əhatə olunan anlayışdır. Məhkəmə dəfələrlə qət edib ki, cinsi mənsubiyyətə əsaslanan fərqlər kimi cinsi oriyentasiyaya əsaslanan fərqlər əsaslandırma üçün xüsusilə ciddi səbəblər və ya bəzən deyildiyi kimi, xüsusilə inandırıcı və tutarlı səbəblər tələb edir (bax, məsələn, yuxarıda istinad edilən E.B. Fransaya qarşı iş (E.B. v. France), § 91; yuxarıda istinad edilən Kozak-ın işi (Kozak), § 92; yuxarıda istinad edilən Karnerin işi (Karner), §§ 37 və 42; yuxarıda istinad edilən L. və V. Avstriyaya qarşı iş (L. and V. v. Austria), §45; və yuxarıda istinad edilən Smit və Qredi-nin işi (Smith and Grady), § 90). Rəftarda fərq cinsi mənsubiyyətə və ya cinsi oriyentasiyaya əsaslandıqda, Dövlətin mülahizə sərbəstliyi dar olur (bax yuxarıda istinad edilən Kozak-ın (Kozak) işi, § 92 və yuxarıda istinad edilən Karner-in işi (Karner), § 41). Sadəcə cinsi oriyentasiya mülahizələrinə əsaslanan fərqlər Konvensiyaya əsasən qəbuledilməzdir (bax yuxarıda istinad edilən E.B. Fransaya qarşı iş (E.B. v. France), §§ 93 və 96, və yuxarıda istinad edilən Salguiero sa Silva Mouta-nın işi (Salgueiro da Silva Mouta), § 36).
100. Ərizəçilərin şikayətini araşdırmamışdan öncə Məhkəmə qeyd edir ki, homoseksuallar tərəfindən övladlığa götürmənin kontekstində üç növ situasiya fərqləndirilə bilər. Birincisi, şəxs özü tək övladlığa götürə bilər (fərdi övladlığa götürmə). İkincisi, eyni-cinsli cütlükdə onların hər ikisinə qanuni baxımından tanınan valideynlik statusunun verilməsi məqsədilə, bir partnyor digər partnyorun uşağını övladlığa götürmək arzusunda ola bilər (ikinci valideynin övladlığa götürməsi). Nəhayət, eyni-cinsli cütlük uşaq övladlığa götürmək arzusunda ola bilər (birgə övladlığa götürmə) (bax yuxarıda 55-ci bənddə istinad edilən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının tədqiqatı; həmçinin bax yuxarıda istinad edilən E.B. Fransaya qarşı iş (E.B. v. France), § 33).
101. Bugünədək Məhkəmə homoseksuallar tərəfindən fərdi övladlığa götürmə ilə bağlı iki işə (hər ikisi yuxarıda istinad edilən Frettenin işi (Fretté) və E.B. Fransaya qarşı iş (E.B. v. France) və eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsi ilə bağlı bir işə baxmalı olub.
102. (Yuxarıda istinad edilən) Frettenin (Fretté) işində fransız hakimiyyət orqanları ərizəçinin “həyat tərzinə” (onun homoseksuallığını nəzərdə tutaraq) görə uşağı övladlığa götürmək üçün zəruri təminatları təqdim etmədiyini müəyyən edərək, övladlığa götürməyə icazə verilməsi ilə bağlı ərizəni rədd etmişdir. Məhkəmə işi 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddə altında araşdıraraq qeyd etdi ki, Fransa qanunvericiliyi istənilən nikahda olmayan şəxsə, kişiyə və ya qadına, övladlığa götürmə ilə bağlı müraciət etməyə icazə verib və Fransa hakimiyyət orqanları – aşkar olmasa da - cinsi oriyentasiyasına görə ilkin razılığın alınması ilə bağlı ərizəçinin müraciətini rədd etmişdir. Beləliklə, burada cinsi oriyentasiyaya əsaslanan rəftarda fərq mövcud olub (§ 32). Məhkəmə müəyyən etdi ki, dövlətdaxili hakimiyyət orqanlarının qərarları qanuni məqsəd daşıyıb, yəni övladlığa götürmə prosesinə cəlb oluna biləcək uşaqların sağlamlığını və hüquqlarını qoruyub. Rəftarda fərqin əsaslı olub-olmadığı ilə bağlı, Məhkəmə xüsusilə də qeyd etdi ki, qanunvericiliyin keçid dövrünü yaşadığı görünən Avropa Şurasının üzv Dövlətləri arasında ümumi mövqe yox idi və milli hakimiyyət orqanları belə məsələlərlə bağlı qərar qəbul edərkən geniş mülahizə sərbəstliyindən istifadə etməlidirlər. Övladlığa götürmə üçün uyğun olan ərizəçinin və uşaqların yarışan maraqlarına münasibətdə, Məhkəmə qeyd etdi ki, elmi ictimaiyyət xüsusilə də həmin vaxtda nəşr edilmiş elmi tədqiqatlarının məhdud sayını nəzərə alaraq, bir və ya daha çox homoseksual valideynlər tərəfindən tərbiyə edilən uşaqların mümkün nəticələri ilə bağlı bölünmüşdür. Nəticədə, Məhkəmə hesab etdi ki, övladlığa götürməyə icazə verməkdən imtina mütənasiblik prinsipini pozmamışdır və müvafiq olaraq, şikayət edilən rəftarda fərq Konvensiyanın 14-cü Maddəsinin mənası baxımından ayrı-seçkilik olmayıb (§§ 37-43).
103. (Yuxarıda istinad edilən) E.B. Fransaya qarşı işi (E.B. v. France) üzrə Böyük Palatanın qərarında Məhkəmə yenidən 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddə altında işi araşdırarkən, öz mövqeyini dəyişdirdi. O, digər qadınla stabil eyni-cinsli münasibətlərdə yaşayan ərizəçiyə övladlığa götürməyə icazə verməkdən imtinaya görə Fransa hakimiyyət orqanlarının gətirdiyi əsasları ətraflı şəkildə təhlil etdi. Məhkəmə qeyd etdi ki, dövlətdaxili hakimiyyət orqanları öz qərarlarını iki əsas əsasla əsaslandırdılar, ərizəçinin evində və ya ailə və dostların yaxın dairəsində “ata referentinin” olmaması və onun partnyorunun öhdəliyinin olmaması. O əlavə etdi ki, bu iki əsas ərizəçinin vəziyyətinin ümumi qiymətləndirməsinin hissəsini formallaşdırır, bunun nəticəsində əsaslardan birinin qanunsuzluğu bütün qərarı korlayır. İkinci əsas əsassız olmadığı halda, birinci əsas şərtsiz olaraq ərizəçinin homoseksuallığı ilə bağlı idi və hakimiyyət orqanlarının buna istinad etməsi tək şəxsin övladlığa götürməyə icazə verilməsi ilə bağlı xahişi çərçivəsində həddən artıq idi. Ümumilikdə ərizəçinin cinsi oriyentasiyası davamlı olaraq onunla bağlı müzakirələrin mərkəzində idi və onun övladlığa götürməsinə icazə verilməsindən imtina ilə bağlı qərarın qəbul edilməsi üçün həlledici olmuşdur (§§ 72-89). Məhkəmə davam etdi ki, əgər fərqli rəftar üçün irəli sürülən səbəblər sadəcə ərizəçinin cinsi oriyentasiyası ilə bağlı mülahizələrə əsaslanıbsa, bu, Konvensiyaya əsasən ayrı-seçkiliyə bərabər olacaq (§ 93). O qeyd etdi ki, Fransa qanunvericiliyinə əsasən tək şəxsə övladlığa götürməyə icazə verilir və mübahisəsizdir ki, tək homoseksual tərəfindən övladlığa götürməyə imkan verilir. Fransa hakimiyyət orqanlarının irəli sürdüyü səbəblərlə bağlı öz təhlilini nəzərə alaraq, o, bu nəticəyə gəldi ki, ərizəçinin övladlığa götürməsinə icazə verməkdən imtina etməklə, onlar Konvensiyaya əsasən qəbul olunmayan cinsi oriyentasiyaya əsaslanan fərqləndirmə apardılar. Məhkəmə müvafiq olaraq 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddənin pozuntusunu müəyyən etdi (§§ 94‑98).
104. (Yuxarıda istinad edilən) Gas və Dyubua-nın işi (Gas and Dubois) Fransa qanunvericiliyinə əsasən vətəndaş partnyorluğu (pacte civil de solidarité (s)) bağlayan eyni-cinsli cütlüyü formalaşdıran iki qadınla bağlıdır. Onlardan biri süni mayalanma vasitəsilə hamilə qalan uşağın anasıdır. Fransa qanunvericiliyinə əsasən o, uşağın yeganə valideyni idi. Ərizəçilər Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəyə əsasən şikayət etdilər ki, bir partnyor digərinin uşağını övladlığa götürə bilmir. Daha dəqiq desək, onlar valideynlik məsuliyyətini bölüşdürmək imkanı baxımından uşaqla onun anasının partnyoru arasındakı valideyn-uºaq münasibətlərini yaratmaq məqsədilə sadə övladlığa götürmə haqqında qərarı (adoption simple) əldə etmək arzusunda idilər. Dövlətdaxili məhkəmələr o əsasla övladlığa götürmə haqqında ərizəni rədd etmişdir ki, bu, valideynlik hüquqlarını uşağın anasından onun partnyoruna keçirəcək, bu isə uşağın maraqlarında deyildi (§ 62). Məhkəmə ərizəçinin vəziyyətini nikahda olan cütlüklə müqayisədə araşdırdı. O qeyd etdi ki, sadə övladlığa götürmə hallarında Fransa qanunvericiliyi valideynlik hüquqlarını bölüşdürməyi yalnız nikahda olan cütlüklərə icazə verib. Razılığa gələn Dövlətlər eyni-cinsli cütlüklərə nikaha çatım vermək vəzifəsini daşımadıqlarından, və nikah tərəfindən verilən xüsusi statusu nəzərə alsaq, ərizəçilərin hüquqi vəziyyəti nikahda olan cütlüyün hüquqi vəziyyəti ilə müqayisə edilən deyildi (§ 68). Birlikdə yaşayan və nikahda olmayan müxtəlif-cinsli cütlüklərin vəziyyətinə gəldikdə, vətəndaş partnyorluğunda olan ərizəçilər kimi, Məhkəmə qeyd etdi ki, ikinci valideynin övladlığa götürməsinə onlara da icazə verilmir (§ 69). Beləliklə, cinsi oriyentasiyaya əsaslanan fərqli rəftar olmayıb. Nəticədə, Məhkəmə müəyyən etdi ki, 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddə pozulmamışdır.
(ii) Bu prinsiplərin hazırkı işə tətbiqi
(α) Bir həyat yoldaşının digər həyat yoldaşının uşağını övladlığa götürməyə arzuladığı nikahda olan cütlüklə müqayisə
105. Baxılacaq birinci məsələ ərizəçilərin, yəni eyni-cinsli cütlük olaraq birgə yaşayan birinci və üçüncü ərizəçilərin və üçüncü ərizəçinin oğlunun, bir həyat yoldaşının digər həyat yoldaşının bioloji uşağını övladlığa götürməyə arzuladığı nikahda olan müxtəlif-cinsli cütlüyün vəziyyətinə müvafiq olaraq oxşar vəziyyətdə olub-olmadıqlarıdır.
106. Məhkəmə bu yaxınlarda Gas və Dyubuanın işində bu suala mənfi cavab verdi. Məhkəmə oradakı müvafiq mülahizələri təkrar və təsdiq etməyi uyğun hesab edir. O birinci növbədə xatırladır ki, Konvensiyanın 12-ci Maddəsi Razılığa gələn Dövlətlərin üzərinə eyni-cinsli cütlüklərə nikaha çatım vermək vəzifəsini qoymur (bax yuxarıda istinad edilən Şalk və Kopf-un işi (Schalk and Kopf), §§ 54-64). Həmçinin eyni-cinsli nikaha hüquq həmçinin 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddədən irəli gəlmir (elə orada, § 101). Əgər Dövlət eyni-cinsli cütlüklərə hüquqi tanınmanın alternativ vasitələrini təqdim etməyi seçirsə, o, verilən dəqiq statusa münasibətdə müəyyən mülahizə sərbəstliyindən istifadə edir (elə orada, § 108; bax həmçinin yuxarıda istinad edilən Gas və Dyubuanın işi (Gas and Dubois), § 66). Bundan əlavə, Məhkəmə dəfələrlə qeyd edib ki, nikah ona daxil olan şəxslərə xüsusi status verir. Nikah hüququnun həyata keçirilməsi Konvensiyanın 12-ci Maddəsi tərəfindən qorunur və sosial, şəxsi və hüquqi nəticələr yaradır (bax, digər qərarlarla yanaşı, yuxarıda istinad edilən Gas və Dyubuanın işi (Gas and Dubois), § 68 və yuxarıda istinad edilən Burden-in işi (Burden), § 63).
107. Avstriya qanunvericiliyi həqiqətən nikahda olan cütlüklər üçün övladlığa götürmə ilə bağlı xüsusi rejim yaradır. Mülki Məcəllənin 179-cu maddəsinin 2-ci bəndinə əsasən birgə övladlığa götürməyə yalnız nikahda olan cütlüklərə icazə verilir. Öz növbəsində, yalnız nikahda olan cütlüklər, bir qayda olaraq, birgə övladlığa götürə bilərlər. Digər həyat yoldaşının uşağının ikinci valideyn tərəfindən övladlığa götürmə bu qaydadan istisna olaraq, yuxarıda adı çəkilən Maddədə nəzərdə tutulub.
108. Hökumət Məhkəmənin Gas və Dyubuanın işi üzrə qərarına istinad edərək iddia etdi ki, ərizəçilər nikahda olan cütlüklə müvafiq oxşar vəziyyətdə deyildirlər. Öz tərəflərindən ərizəçilər vurğuladılar ki, onlar yalnız nikahda olan cütlüklərə verilən hüququn təsdiq olunmasını arzu etməyiblər. Məhkəmə bununla bağlı öz presedent hüququndan çəkilmək üçün heç bir səbəb görmür.
109. Bu mülahizələrin işığında, Məhkəmə bu nəticəyə gəlir ki, birinci və üçüncü ərizəçilər ikinci valideynin övladlığa götürməsi ilə bağlı evli cütlüklərlə müvafiq oxşar vəziyyətdə deyillər.
110. Nəticədə, ərizəçilərin vəziyyəti bir həyat yoldaşının digər həyat yoldaşının uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olan cütlüyün vəziyyəti ilə müqayisə edildikdə, 8-ci Maddə ilə birgə götürülməklə, Konvensiyanın 14-cü Maddəsi pozulmayıb.
(ß) Bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olmayan müxtəlif-cinsli cütlüklə müqayisə
111. Məhkəmə qeyd edir ki, ərizəçilərin təqdimatları nikahda olmayan müxtəlif-cinsli cütlüklə müqayisə üzərində cəmlənib. Onlar qeyd etdilər ki, Avstriya qanunvericiliyinə əsasən ikinci valideynin övladlığa götürməsinə nəinki nikahda olan cütlüklərə, həmçinin nikahda olmayan heteroseksual cütlüklərə icazə verilirdi, lakin bu, eyni-cinsli cütlüklər üçün hüquqi baxımından mümkünsüz idi.
Müvafiq oxşar vəziyyət
112. Məhkəmə qeyd edir ki, nikahda olan cütlüklə müqayisədən fərqli olaraq, nikahda olmayan heteroseksual cütlüyü eyni-cinsli cütlükdən fərqləndirəcək xüsusi hüquqi statusun mövcud olduğu mübahisələndirilmir. Həqiqətən Hökumət şəxsi baxımından, eyni-cinsli cütlüklərin prinsipcə müxtəlif-cinsli cütlüklər kimi övladlığa götürmə üçün, o cümlədən ikinci valideynin övladlığa götürməsi üçün uyğun və ya qeyri-uyğun ola bildiyini qəbul edərək, vəziyyətlərin müqayisə edilən olduğunu mübahisələndirmədi. Məhkəmə qəbul edir ki, birinci və ikinci ərizəçilər arasında hüquqi münasibətlər yaratmaq arzusunda olan ərizəçilər, bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək arzusunda olduğu müxtəlif-cinsli cütlüklə müvafiq oxşar vəziyyətdə idilər.
Rəftarda fərq
113. Məhkəmə hazırda birinci və üçüncü ərizəçilərə münasibətdə cinsi oriyentasiyaya görə rəftarda fərqin olub-olmadığı məsələsinə baxacaq.
114. Avstriya qanunvericiliyi nikahda olmayan müxtəlif-cinsli cütlük tərəfindən ikinci valideynin övladlığa götürməsinə icazə verir. Ümumi şəkildə, fərdi şəxslər Mülki Məcəllənin 179-cu maddəsinə əsasən övladlığa götürə bilərlər və övladlığa götürmənin nəticələrini tənzimləyən Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi nikahda olmayan heteroseksual cütlükdə partnyor və uşaq arasındakı münasibətlərə xitam vermədən, bir partnyor tərəfindən digər partnyorun uşağını övladlığa götürməyin qarşısını alır. Əksinə olaraq, eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsi qanunla mümkün deyil. Bu, Mülki Məcəllənin 182-ci maddsəsinin 2-ci bəndindən irəli gəlir, Maddəyə görə övladlığa götürən istənilən şəxs eyni cinsdən olan bioloji valideyni əvəz edir. Bu işdə birinci ərizəçi qadın olduğundan, onun tərəfindən ikinci ərizəçinin övladlığa götürülməsi onun eyni-cinsli partnyoru olan anası ilə münasibətləri yalnız ayıra bilər. Övladlığa götürmə buna görə də ikinci ərizəçinin anası, üçüncü ərizəçi ilə münasibətlərdən əlavə, birinci və ikinci ərizəçilər arasında valideyn-uşaq münasibətlərini yaratmağa xidmət edə bilməz. İlk baxışdan neytral olsa da, Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsini istisna edir.
115. Mənzərənin tamlığı üçün Məhkəmə qeyd edir ki, 1 yanvar 2010-cu ildə Qeydiyyata alınmış Partnyorluq haqqında Qanun qüvvəyə mindikdən etibarən eyni-cinsli cütlüklər qeydiyyata alınmış partnyorluğa daxil olmaq imkanına malik olublar. Birinci və üçüncü ərizəçilər bu imkandan istifadə etməyiblər. Hər bir halda bu, onlara ikinci valideynin övladlığa götürməsinə imkan yaratmayacaq, belə ki, Qanunun 8(4) bəndi bir qeydiyyata alınmış partnyorun uşağının digər partnyor tərəfindən övladlığa götürməsinə aydın şəkildə qadağa qoyur.
116. Beləliklə şübhəsizdir ki, qüvvədə olan qanunvericilik ikinci valideynin övladlığa götürməsinə münasibətdə nikahda olmayan müxtəlif-cinsli cütlük və eyni-cinsli cütlük arasında fərq qoyur. Qüvvədə olan Avstriya qanunvericiliyinə əsasən ikinci valideynin övladlığa götürməsi ərizəçilərin işində mümkünsüz idi və mümkünsüz olaraq qalır. Hətta ikinci ərizəçinin bioloji atası ölmüş və ya naməlum olsaydı və ya onun övladlığa götürməyə razılıqdan imtina etməsinə məhəl qoymamaq üçün əsaslar mövcud olsayda belə, bu, belə olacaqdı. İkinci ərizəçinin atası övladlığa götürməyə razılıq vermiş olsaydı belə, bu, mümkünsüz olacaqdı. Bu, Hökumət tərəfindən mübahisələndirilmədi.
117. Bununla belə, Hökumət işin faktları üzrə iddia etdi ki, o, ayrı-seçkiliyin heç bir elementini müəyyən etməyib. Onlar bildirdilər ki, ərizəçilərin övladlığa götürmə ilə bağlı xahişi birinci və üçüncü ərizəçilərin cinsi oriyentasiyası ilə bağlı olmayan əsaslara görə rədd edilmişdir. Birincisi, məhkəmələr və xüsusilə də Regional Məhkəmə o əsasla övladlığa götürməyə icazə verməmişdi ki, bu, ikinci ərizəçinin maraqlarında deyildi. İkincisi, istənilən övladlığa götürmə uşağın bioloji valideynlərinin razılığını tələb edirdi. İkinci ərizəçinin atası razılıq vermədiyindən, məhkəmələr övladlığa götürmə ilə bağlı ərizəni rədd etməli olmuşdular. Onlar birinci ərizəçinin üçüncü ərizəçinin kişi partnyoru olduğu barədə eyni qaydada qərar verməli idilər. Başqa sözlə, Mülki Məcəllənin 182-ci Maddəsinin 2-ci bəndindən irəli gələn qanunvericilikdə fərq ərizəçilərin işinin hallarında müəyyən olunmadı. Nəticə etibarilə, Hökumət bildirdi ki, ərizəçilər Məhkəmədən qanunvericiliyi abstrakt şəkildə nəzərdən keçirməyi xahiş edirdilər.
118. Dövlətdaxili məhkəmələrin qərarlarının məzmununu nəzərə alaraq (bax yuxarıda 15, 18 və 20-ci bəndlər), Hökumətin arqumenti Məhkəməni inandırmadı. Hər şeydən əvvəl, dövlətdaxili məhkəmələr aydınlaşdırdı ki, ərizəçilərin arzu etdiyi nəticəni doğuran övladlığa götürmə, yəni ikinci ərizəçi və onun anası arasındakı valideyn-uşaq münasibətindən əlavə, birinci və ikinci ərizəçilər arasında valideyn-uşaq münasibətinin yaradılması istənilən halda Mülki məcəllənsin 182-ci Maddəsinin 2-ci bəndinə əsasən mümkünsüz idi.
119. Rayon Məhkəməsi yalnız qanuni baxımdan mümkünsüzlük arqumentinə əsaslandı. O, işin halları ilə bağlı hər hansı araşdırma aparmadı. Xüsusilə də, o, ikinci ərizəçinin atasının övladlığa götürməyə razılıq verib-vermədiyi və ya ərizəçilərin iddia etdikləri kimi onun razılıq verməkdən imtinasına məhəl qoymamaq üçün hər hansı əsasların olub-olmadığı ilə bağlı məsələyə ümumiyyətlə baxmadı.
120. Regional Məhkəmə də ərizəçilərin xahiş etdiyi övladlığa götürmənin qanuni baxımından mümkünsüzlüyünə istinad etdi. O, övladlığa götürmə ilə bağlı icraatda mümkün olan maraqların toqquşmasına görə ikinci ərizəçinin anası tərəfindən təmsil oluna bilməsi ilə bağlı şübhələrini ifadə etdi. Bununla belə, o müəyyən etdi ki, məsələnin həll olunmasına ehtiyac yoxdur, belə ki, Rayon Məhkəməsi haqlı olaraq hər hansı sonrakı araşdırma aparılmadan övladlığa götürməni müəyyən etməkdən imtina etmişdir. Məhkəmədə olan məlumatlara əsasən Regional Məhkəmənin sözügedən şəxslərdən hər hansı birinin, yəni ərizəçilərin və ikinci ərizəçinin atasının ifadələrini dinlədiyi görünmür. Sonuncunun roluna gəldikdə Regional Məhkəmə - iş materialları əsasında – onun oğlu ilə müntəzəm olaraq əlaqə saxladığına diqqət yetirməklə məhdudlaşdı. O, ərizəçilərin iddia etdiyi kimi Mülki Məcəllənin 181-ci maddəsinin 3-cü bəndinə əsasən atanın razılıq verməkdən imtinasına əhəmiyyət verilməməsi üçün əsasların olub-olmadığı ilə bağlı məsələyə baxmadı. Əksinə olaraq, o, bu faktın üzərində ətraflı olaraq dayandı ki, Avstriya ailə hüququnda “valideynlər” anlayışı əks cinsdən olan iki şəxsi nəzərdə tutur. O, həmçinin müxtəlif cinsdən olan iki valideynlə əlaqə saxlanmasında uşağın marağını nəzərə aldı, hansı ki, onun fikrincə uşağın valideynlərindən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsinə icazə verilməsinə aydın şəkildə mane olurdu. Bundan əlavə, o, Məhkəmənin (yuxarıda istinad edilən) Karnerin işi ilə bağlı qərarının işığında qüvvədə olan övladlığa götürmə haqqında qanunvericiliyin eyni-cinsli partnyorlara qarşı ayrı-seçkilik edib-etmədiyini araşdırdı.
121. Müzakirə edilməli olan sonrakı mühüm element bu faktdır ki, Regional Məhkəmə hüquqi məsələlərlə bağlı Ali Məhkəməyə şikayəti “hazırda müəyyən edilməli olan məsələyə,... yəni uşağın onun valideynlərindən birinin eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsinin qanuni olub-olmaması”na dair presedent hüququnun olmaması əsası ilə qəbuledulən elan etdi. Məhkəmənin fikrincə bu, eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsinin qanuni baxımından mümkünsüzlüyünün hazırkı işin müəyyən olunmasında rol oynamadığı barədə Hökumətin iddiasına açıq şəkildə ziddir
122. Ali Məhkəmə uşağın bioloji anasının qadın partnyoru tərəfindən övladlığa götürülməsinin Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndinə əsasən qanuni baxımından mümkünsüz olduğunu təsdiq edərək, Dövlətin mülahizə sərbəstliyinə aid olduğundan, bu müddəanın 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddəyə uyğunluğunu müəyyən etdi. Nəhayət, o, həmçinin təsdiq etdi ki, tələb edilən övladlığa götürmənin qanuni baxımdan mümkünsüzlüyünü nəzərə alaraq, Mülki Məcəllənin 181-ci maddəsinin 3-cü bəndinə əsasən müstəsna tədbir olaraq atanın razılıq verməkdən imtinasına əhəmiyyət verilməməsi üçün şərtlərin yerinə yetirilib-yetirilməməsini araşdırmağa zərurət yoxdur.
123. Nəticədə, Məhkəmə ərizəçilərin Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndindən irəli gələn qanunvericilikdəki fərqin təsirinə məruz qalmadıqları barədə Hökumətin arqumentini rədd edir. Məhkəmənin fikrincə ərizəçilərin xahiş etdiyi övladlığa götürmənin qanuni baxımdan mümkünsüzlüyü davamlı olaraq dövlətdaxili məhkəmələrin diqqət mərkəzində olub (bax, müvafiq dəyişikliklərlə, yuxarıda istinad edilən E.B. Fransaya qarşı işi (E.B. v. France), § 88).
124. Doğrudan, bu fakt dövlətdaxili məhkəmələri övladlığa götürmənin Mülki Məcəllənin 180a maddəsinin tələb etdiyi kimi ikinci ərizəçinin maraqlarında olub-olmadığını istənilən anlamlı şəkildə araşdırmaqdan çəkindirib. Nəticə etibarilə, onlar işin hallarını ətraflı şəkildə araşdırmayıblar. Bundan əlavə, onlar Mülki Məcəllənin 181-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq, atanın icazə verməkdən imtinasına əhəmiyyət verilməməsini əsaslandıra biləcək hər hansı səbəblərin olub-olmadığını araşdırmayıblar. Hökumət iddia etdi ki, ərizəçilər belə səbəblərin olduğu barədə öz iddialarını kifayət qədər əsaslandırmamışdılar və qeyd etdi ki, onlar bu məsələ ilə bağlı rəsmi qərar tələb etməmişdilər. Məhkəmənin qeyd etməsi kifayətdir ki, dövlətdaxili məhkəmələr bu əsaslardan hər hansı biri ilə bağlı ərizəçilərin təqdimatlarını rədd etməyiblər. Yuxarıda təsbit edildiyi ki, Rayon Məhkəməsi və Regional Məhkəmə ümumiyyətlə bu məsələyə baxmadı və Ali Məhkəmə birmənalı şəkildə təsdiq etdi ki, tələb edilən övladlığa götürmənin qanuni baxımdan mümkünsüzlüyünü nəzərə alaraq, ona baxılmasına zərurət olmamışdır.
125. Birinci və üçüncü ərizəçi nikahda olmayan müxtəlif-cinsli cütlük olsaydı, dövlətdaxili məhkəmələr prinsipcə övladlığa götürmə ilə bağlı ərizəni rədd edə bilməzdilər. Bunun əvəzinə, məhkəmələrdən övladlığa götürmənin Mülki Məcəllənin 180a maddəsinin mənası baxımından ikinci ərizəçinin maraqlarına xidmət edib-etmədiyini araşdırmaq tələb olunardı. Əgər uşağın atası övladlığa götürməyə razılıq verməmişdirsə, məhkəmələr Mülki Məcəllənin 181-ci maddəsinin 3-cü bəndinə əsasən onun imtinasına əhəmiyyət verilməməsinə haqq qazandıran müstəsna halların olub-olmadığını araşdırmalı idilər (müxtəlif cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsi ilə bağlı bax, misal olaraq, yuxarıda istinad edilən Eski-nin işinə, §§ 39-42, həmin işdə Avstriya məhkəmələri aidiyyatı olan bütün şəxslərin – cütlüyün, uşağın və uşağın bioloji atasının maraqlarını tarazlaşdıraraq, onların lazımi qaydada ifadələrini dinləyərək və bütün müvafiq faktları müəyyən edərək, bu məsələ ilə bağlı ətraflı araşdırma aparıblar).
126. Müvafiq olaraq, Məhkəmə müəyyən edir ki, ərizəçilərin şikayəti heç bir mənada actio popularis (red. pozuntunun qurbanı olmayan fərdi şəxslər və ya təşkilatlar tərəfindən ictimai maraqların müdafiəsi üçün iddia) deyil. Artıq qeyd olunduğu kimi (bax yuxarıda 123-cü bənd), ərizəçilər şikayət edilən qanunun birbaşa olaraq təsirinə məruz qalıblar, belə ki, Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi işin xüsusi hallarının hər hansı araşdırılmasını lüzumsuz və uyğunsuz edərək və prinsipcə onların övladlığa götürmə ilə bağlı ərizələrinin rədd olunmasına gətirib çıxararaq, eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsinə mütləq qadağa ehtiva edir. Buradan belə çıxır ki, Məhkəmə qanunvericiliyi abstrakt şəkildə (in abstracto) nəzərdən keçirmir: sözügedən ümumi qadağa, özünün təbiətinə görə, işin faktiki hallarını dövlətdaxili məhkəmələrin və bu Məhkəmənin araşdırma dairəsindən kənarlaşdırır (bax, müvafiq dəyişikliklərlə, Hirst Birləşmiş Krallığa qarşı iş (Hirst v. the United Kingdom) (№ 2) [Böyük Palatanın qərarı], № 74025/01, § 72, ECHR 2005‑IX).
127. Məhkəmə əlavə etmək istərdi ki, ilk baxışdan, rəftarda fərq əsasən yalnız digər partnyorun uşağını övladlığa götürmək arzusunda olan və nikahda olmayan müxtəlif cinsli cütlüyün bir üzvü ilə müqayisədə fərqli şəkildə rəftar olunan birinci ərizəçiyə aid olduğu görünə bilər. Lakin üç ərizəçinin hamısı ailə həyatından birgə faydalandıqlarından (bax yuxarıda 96-cı bənd) və övladlığa götürmə barədə xahiş bu ailə həyatının hüquqi tanınmasının əldə olunması məqsədini daşıdığından, Məhkəmə hesab edir ki, üç ərizəçinin hamısı sözügedən rəftarda fərqin birbaşa təsirinə məruz qalıblar və buna görə də iddia edilən pozuntunun qurbanı olduqlarını iddia edə bilərlər.
128. Nəhayət, Hökumət digər arqumenti irəli sürdü, yəni ərizəçilərin övladlığa götürmə ilə bağlı ərizələrinin təmin edilməsinin qanuni baxımdan mümkünsüzlüyü ayrı-seçkilik olmayıb, belə ki, o, birinci və üçüncü ərizəçinin cinsi oriyentasiyasına əsaslanmırdı. O bildirdi ki, uşağın anası ilə hüquqi əlaqələr saxlandığı halda, bir qadının bu uşağı övladlığa götürməsini mümkünsüz edən Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi ümumi qayda olaraq tətbiq olunub. Bu qayda həmçinin xalaya (bibiyə) öz bacısı oğlunu (qardaşı oğlunu), onun anası ilə münasibəti dəyişilməz qaldığı halda, övladlığa götürməsinə qadağa qoyacaq.
129. Məhkəmə bu arqumentlə razı deyil. Ərizəçilər iddia etdilər ki, ikinci valideynin övladlığa götürməsi vasitəsilə öz ailə həyatlarının hüquqi tanınmasının əldə edilməsi imkanı ilə əlaqədar nikahda olmayan heteroseksual cütlüklə müqayisədə fərqli rəftar ediliblər. Məhkəmə birincisi qeyd edir ki, iki yetkinlik yaşına çatmış bacı və ya xala (bibi) və onun bacısı oğlu (qardaşı oğlu) arasındakı münasibətlər prinsipcə Konvensiyanın 8-ci Maddəsinin mənası baxımından “ailə həyatı” anlayışının təsiri altına düşmür. İkincisi, hətta belə olsaydı belə, Məhkəmə artıq qərara alıb ki, birgə yaşayan iki bacı arasındakı münasibət cütlüyün, o cümlədən eyni-cinsli cütlüyün münasibətindən keyfiyyətcə müxtəlif təbiətlidir (bax, müvafiq dəyişikliklərlə, yuxarıda istinad edilən Burden-in işi, § 62). Nəticə etibarilə, Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi digər şəxslərə, ailə həyatı eyni-cinsli cütlüyə əsaslanan ərizəçilərə təsir etdiyi kimi eyni şəkildə təsir etmir.
130. Yuxarıda təsbit edilən bütün mülahizələri nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, ərizəçilər və bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək istədiyi nikahda olmayan müxtəlif-cinsli cütlük arasında rəftarda fərq mövcud olub. Bu fərq ayrılmaz surətdə o faktla bağlı idi ki, birinci və üçüncü ərizəçi eyni-cinsli cütlük təşkil edirdilər və beləliklə fərq onların cinsi oriyentasiyasına əsaslanırdı.
131. Buna görə də hazırkı iş (yuxarıda istinad edilib, § 69), Gas və Dyubuanın işindən fərqləndirilməlidir, həmin işdə Məhkəmə müəyyən etdi ki, nikahda olmayan müxtəlif-cinsli cütlüklə eyni-cinsli cütlük arasında cinsi oriyentasiyaya əsaslanan fərqli rəftar olmayıb, belə ki, Fransa qanunvericiliyinə əsasən, onların heç birinə ikinci valideynin uşağını övladlığa götürməyə icazə verilmirdi.
Qanuni məqsəd və mütənasiblik
132. Yuxarıda təsbit edilən mülahizələrdən irəli gəlsə də (bax, xüsusilə də, 116 və 126-cı bəndlər), Məhkəmə o faktı vurğulamağı məqsədəuyğun hesab edir ki, hazırkı iş ərizəçilərin övladlığa götürmə ilə bağlı müraciətlərinin bu işin hallarında təmin edilməli olub-olmadığı məsələsinə aid deyil. Müvafiq olaraq, bu iş ikinci ərizəçinin atasının rolu və ya onun razılıq verməkdən imtinasına əhəmiyyət verilməməsi üçün hər hansı səbəblərin olub-olmadığı ilə bağlı deyil. Bütün bu məsələlərin həll edilməsi dövlətdaxili məhkəmələrə aiddir, onlar övladlığa götürmə ilə bağlı ərizəni mahiyyəti üzrə araşdırmaq imkanına malik idilər.
133. Məhkəmə qarşısındakı məsələ o faktdan ibarətdir ki, onlar ərizəçinin işində belə imkana malik deyildirlər, belə ki, ikinci ərizəçinin onun anasının eyni-cinsli partnyoru tərəfindən övladlığa götürülməsi hər bir halda Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq qanuni baxımdan mümkünsüz idi. Əksinə olaraq, məsələ nikahda olmayan heteroseksual cütlükdə ikinci valideynin övladlığa götürməsinə aid olsaydı, dövlətdaxili məhkəmələrdən övladlığa götürmə ilə bağlı ərizəni mahiyyəti üzrə araşdırmaq tələb olunardı.
134. Baxmayaraq ki, hazırkı işə eyni-cinsli cütlüklərin valideynlik hüquqları ilə bağlı geniş müzakirələrin fonunda baxıla bilər, Məhkəmə ümumilikdə eyni-cinsli cütlüklər tərəfindən övladlığa götürmə məsələsi bir tərəfə qalsın, eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsi məsələsi ilə bağlı qərar qəbul etməli deyil. O, ikinci valideynin övladlığa götürməsi ilə bağlı nikahda olmayan müxtəlif-cinsli cütlüklərlə eyni-cinsli cütlüklər arasındakı iddia edilən ayrı-seçkiliyin dar şəkildə müəyyən edilən məsələsi barədə qərar qəbul etməlidir.
135. Məhkəmə xatırladır ki, 14-cü Maddədə təsbit edilən ayrı-seçkiliyin qadağan olunması Konvensiyanın və ona dair Protokolların Dövlətdən təminat verməyi tələb etdiyi hüquq və azadlıqlardan istifadədən kənara çıxır. Bu, həmçinin Konvensiyanın istənilən Maddəsinin ümumi əhatə dairəsinə düşən, Dövlətin könüllü olaraq təmin etməyə qərar verdiyi əlavə hüquqlara tətbiq olunur. 8-ci Maddə övladlığa götürmək hüququna təminat vermədiyi halda, Məhkəmə tək homoseksualın övladlığa götürməsinə münasibətdə artıq qərara alıb ki, Konvensiyanın 8-ci Maddəsinə əsasən öhdəliklərindən kənara çıxan hüququ yaradan Dövlət həmin hüququ 14-cü Maddənin mənası baxımından ayrı-seçkilik olan qaydada tətbiq edə bilməz (bax, yuxarıda istinad edilən, E.B. Fransaya qarşı iş (E.B. v. France), § 49).
136. Bu işin kontekstində Məhkəmə qeyd edir ki, Konvensiyanın 8-ci Maddəsinə əsasən ikinci valideynin övladlığa götürmək hüququnu nikahda olmayan cütlüklərə tətbiq etmək öhdəliyi yoxdur (bax yuxarıda istinad edilən Gas və Dyubuanın işi (Gas and Dubois), §§ 66-69; bax həmçinin yuxarıda istinad edilən Emonet və Başqalarının işi (Emonet and Others), §§ 79-88). Bununla belə, Avstriya qanunvericiliyi nikahda olmayan müxtəlif-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə icazə verir. Buna görə də Məhkəmə (nikahda olmayan) eyni-cinsli cütlüklərin bu hüquqdan məhrum edilməsinin qanuni məqsəd daşıyıb-daşımadığını və həmin məqsədə mütənasib olub-olmadığını araşdırmalıdır.
137. Həm dövlətdaxili məhkəmələr, həm də Hökumət bildirdi ki, Avstriyanın övladlığa götürmə haqqında qanunvericiliyi bioloji ailənin bərpasına yönəlib. Regional Məhkəmə özünün 21 fevral 2006-cı il tarixli qərarında qeyd etdiyi kimi, sözügedən müddəalar “ənənəvi ailəni” qorumağa yönəlib. Avstriya qanunvericiliyi o prinsipə əsaslanıb ki, bioloji reallığa uyğun olaraq, azyaşlı uşağın valideynləri əks cinsdən olan iki şəxs olmalıdır. Beləliklə, əks-cinsdən olan valideynlə münasibətin qırılması ilə nəticələnməklə valideynlərdən birinin eyni-cinsli partnyoru tərəfindən uşağın övladlığa götürülməsinin təmin edilməməsi barədə qərar qanuni məqsəd daşıyırdı. Eynilə, Ali Məhkəmə özünün 27 sentyabr 2006-cı il tarixli qərarında qeyd etdi ki, övladlığa götürmənin əsas məqsədi valideynləri olmayan və ya valideynləri onların qayğısına qala bilməyən uşaqları məsuliyyətli tərbiyəçilərlə təmin etməkdir. Bu məqsədə yalnız bioloji ailənin vəziyyətini mümkün olduğu qədər bərpa etməklə nail olmaq olar. Bir sözlə, dövlətdaxili məhkəmələr və Hökumət yalnız müxtəlif cinsdən olan valideynli ailənin uşağın ehtiyaclarını lazımi qaydada təmin edə biləcəyi barədə dinməz fərziyyəyə əsaslanaraq, ənənəvi ailənin qorunmasına istinad etdilər.
138. Məhkəmə qəbul etdi ki, ənənəvi mənada ailənin qorunması prinsipcə rəftarda ayrı-seçkiliyə haqq qazandıra biləcək tutarlı və qanuni əsasdır (bax yuxarıda istinad edilən Karnerin işi, § 40, və yuxarıda istinad edilən Kozakın işi § 98). Təbii ki, uşağın maraqlarının qorunması da qanuni məqsəddir. Bu işin hallarında mütənasiblik prinsipinə riayət olunub-olunmamasını müəyyən etmək qalır.
139. Məhkəmə presedent hüququnda işlənib hazırlanmış prinsipləri xatırladır. Ənənəvi mənada ailəni qorumaq məqsədi daha mücərrəddir və onu həyata keçirmək üçün konkret tədbirlərin geniş müxtəlifliyindən istifadə oluna bilər (bax yuxarıda istinad edilən Karnerin işi, § 41, və yuxarıda istinad edilən Kozakın işi § 98). Həmçinin Konvensiyanın bugünkü şərtlərdə şərh edilməli olan canlı alət olduğunu nəzərə alaraq, 8-ci Maddəyə əsasən tələb olunan ailəni qorumağa və ailə həyatına hörməti təmin etməyə yönəlmiş üsulların seçimində Dövlət cəmiyyətdəki hadisələri və sosial, vətəndaş-statusu və əlaqəli məsələlərin qəbul edilməsində dəyişiklikləri, o cümlədən şəxsin öz ailə və ya şəxsi həyatını sürməyə gəldikdə, yalnız bir üsulun və ya bir seçimin olmadığına dair faktı mütləq nəzərə almalıdır (bax, yuxarıda istinad edilən Kozakın işi § 98).
140. Mülahizə sərbəstliyi dar olan hallarda, cinsə və ya cinsi oriyentasiyaya əsaslanan rəftarda fərq olduğu vəziyyətdə, mütənasiblik prinsipi sadəcə seçilən tədbirin prinsipcə güdülən məqsədə nail olmaq üçün uyğun olmasını tələb etmir. Həmçinin göstərilməlidir ki, bu məqsədə nail olmaq üçün müəyyən kateqoriyaya daxilolan şəxsləri, bu misalda homoseksual münasibətlərdə yaşayan şəxsləri, sözügedən müddəaların tətbiqi dairəsindən istisna etmək zəruridir (bax yuxarıda istinad edilən Karnerin işi, § 41, və yuxarıda istinad edilən Kozakın işi § 99).
141. Yuxarıda istinad edilən presedent hüququnu tətbiq edərək, Məhkəmə qeyd edir ki, sübutetmə yükü Hökumətin üzərinə düşür. Hökumət göstərməlidir ki, ənənəvi mənada ailənin qorunması və daha konkret olaraq, uşağın maraqlarının qorunması nikahda olmayan heteroseksual cütlüklərə icazə verilən ikinci valideynin övladlığa götürməsindən eyni-cinsli cütlüklərin istisna edilməsini tələb edir.
142. Məhkəmə təkrar etmək istərdi ki, Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndi eyni-cinsli cütlüklərə ikinci valideynin övladlığa götürməsinin dolayı olsa da, mütləq qadağasını ehtiva edir. Hökumət eyni cindən olan iki valideynli ailənin uşağın ehtiyaclarını heç bir halda lazımi şəkildə təmin edə bilmədiyini göstərən hər hansı xüsusi arqument, hər hansı elmi araşdırmalar və ya hər hansı sübut növü təqdim etmədi. Əksinə olaraq, o, qəbul etdi ki, şəxsi baxımdan, övladlığa götürmə ilə bağlı eyni-cinsli cütlüklər müxtəlif-cinsli cütlüklər kimi uyğun və ya qeyri-uyğun ola bilərlər. Bundan əlavə, Hökumət bildirdi ki, Mülki Məcəllə eyni-cinsli cütlüklərin ikinci valideynin övladlığa götürməsindən istisna edilməsinə yönəlməyib. Buna baxmayaraq, o, vurğuladı ki, qanunverici orqan hüquqi məqsədlər baxımından uşağın iki anaya və ya iki ataya malik olduğu situasiyanın qarşısını almaq istəyirdi. Eyni-cinsli cütlüklərdə ikinci-valideynin övladlığa götürməsinin açıq şəkildə istisna edilməsi hazırkı işə dövlətdaxili məhkəmələrdə baxıldığı zaman qüvvədə olmayan və buna görə də hazırkı işə uyğun olmayan 2010-cu il tarixli Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunda nəzərdə tutulmuşdu.
143. Məhkəmə artıq o arqumentə baxıb ki, Mülki Məcəllə xüsusi olaraq eyni-cinsli cütlükləri istisna etmək məqsədi daşımır (bax yuxarıda 128 və 129-cu bəndlər). Qeydiyyata alınmış Partnyorluq haqqında Qanuna gəldikdə, Məhkəmə razılaşır ki, hazırkı işdə o, birbaşa olaraq baxış predmeti deyil. Lakin o, eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinin qadağan olunduğunu vurğulayan səbəblərə aydınlıq gətirə bildiyindən uyğun ola bilər. Bununla belə, qanun layihəsi ilə bağlı izahedici hesabat (bax yuxarıda 42-ci bənd) sadəcə qeyd edir ki, Qanunun 8(4) bəndi məsləhətləşmə prosesi ərzində dəfələrlə edilən müraciətlər nəticəsində daxil edilib. Başqa sözlə, bu, sadəcə olaraq eyni-cinsli cütlüklərə ikinci valideynin övladlığa götürməsinə imkan verən ideyanın əksinə çıxan cəmiyyətin təbəqəsinin mövqeyinin əks etdirir.
144. Məhkəmə əlavə etmək istərdi ki, Avstriya qanunvericiliyində uyğunluğun olmaması görünür. Bir şəxs, o cümlədən bir homoseksual tərəfindən övladlığa götürmə mümkündür. Əgər onun partnyoru varsa, sonuncu Qeydiyyata alınmış Partnyorluq haqqında Qanunla Mülki Məcəllənin 181-ci maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə edilən dəyişiklikliyə uyğun olaraq razılıq verməlidir (bax yuxarıda 40-cı bənd). Beləliklə, qanunverici uşağın eyni-cinsli cütlüyə əsaslanan ailədə böyüyə bildiyini qəbul etməklə, bunun uşaq üçün zərərli olmadığını qəbul edir. Bununla belə, Avstriya qanunvericiliyi təkid edir ki, uşağın iki anası və ya iki atası olmamalıdır (bax, müvafiq dəyişikliklərlə, Kristin Qudvin Birləşmiş Krallığa qarşı iş (Christine Goodwin v. the United Kingdom) [Böyük Palatanın qərarı], № 28957/95, § 78, ECHR 2002‑VI, burada da Məhkəmə dövlətdaxili hüquq sistemində uyğunsuzluğun olduğunu nəzərə almışdır).
145. Məhkəmə ərizəçilərin o arqumentini inandırıcı hesab edir ki, eyni-cinsli cütlüyə əsaslanan ailələr de facto mövcuddur, lakin onlar hüquqi tanınmanı və qorunmanı əldə etmək imkanından məhrumdular. Məhkəmə qeyd edir ki, adətən əvvəlcədən övladlığa götürənlə əlaqəsi olmayan uşaqla əlaqənin yaradılması məqsədini güdən fərdi və ya birgə övladlığa götürmədən fərqli olaraq, ikinci valideynin övladlığa götürməsi uşaqla bağlı hüquqların uşağın valideynlərindən birinin partnyoruna verilməsinə xidmət edir. Məhkəmə özü tez-tez de facto ailə həyatının hüquqi baxımdan tanınmasının vacibliyini vurğulayır (bax Vaqner və J.M.V.L Lüksemburqa qarşı iş (Wagner and J.M.W.L. v. Luxembourg), № 76240/01, § 119, 28 iyul 2007-ci il; bax həmçinin, ikinci-valideynin övladlığa götürməsi kontekstində, yuxarıda istinad edilən Eskinin işi (Eski), § 39 və yuxarıda istinad edilən Emonet və Başqalarının işi (Emonet and Others), §§ 63-64).
146. Bütün yuxarıdakı mülahizələr - ərizəçilər arasında de facto ailə həyatının mövcudluğu, buna görə hüquqi tanınmanın əldə olunması imkanına malik olmanın vacibliyi, uşağın eyni-cinsli cütlük tərəfindən tərbiyə olunmasının və ya hüquqi məqsədlər baxımından iki anaya və ya iki ataya malik olmasının uşaq üçün zərərli olacağını göstərmək məqsədilə Hökumətin sübut təqdim etməməsi, xüsusilə də onun eyni-cinsli cütlüklərin müxtəlif-cinsli cütlüklər kimi ikinci valideynin övladlığa götürməsi üçün uyğun ola bilmələrini qəbul etməsi - Mülki Məcəllənin 182-ci maddəsinin 2-ci bəndindən irəli gələn eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə mütləq qadağanın mütənasibliyini ciddi şübhə altına alır. Əgər hər hansı xüsusilə inandırıcı və tutarlı səbəblər belə mütləq qadağanın xeyrinə ifadə vermirsə, indiyə qədər təqdim edilən mülahizələr daha çox məhkəmələrə hər konkret işin araşdırılmasını aparmağa icazə verilməsinin xeyrinə görünür. Bunun həmçinin müvafiq beynəlxalq sənədlərdə əsas anlayış olan uşağın ən yaxşı maraqlarına daha çox uyğun olduğu görünür (bax, xüsusilə də, yuxarıda 49-cu bənd, və yuxarıda istinad edilən E.B. Fransaya qarşı iş (E.B. v. France), § 95).
147. Hökumət şikayət edilən rəftarda fərqi əsaslandırmaq üçün digər arqumenti irəli sürdü. Konvensiyanın 8-ci maddəsinə istinad edərək, o təsdiq etdi ki, cəlb edilən bütün şəxslərin maraqları arasında dəqiq tarazlıq yaratmalı olan övladlığa götürmə ilə bağlı qanunvericilik sahəsində mülahizə sərbəstliyi genişdir. Hazırkı kontekstdə bu daha da genişdir, belə ki, eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsi məsələsi ilə bağlı Avropada konsensus mövcud olmayıb.
148. Məhkəmə qeyd edir ki, Konvensiyanın 8-ci Maddəsinə əsasən Dövlətin mülahizə sərbəstliyinin genişliyi bir sıra amillərdən asılıdır. Söhbət fərdin mövcudluğu və ya şəxsiyyəti ilə bağlı xüsusilə vacib aspektdən gedirsə, Dövlətə icazə verilən sərbəstlik normalda məhdudlaşdırılacaq. Lakin Avropa Şurasının üzv Dövlətləri arasında sözügedən marağın müvafiq uyğunluğu və ya onun qorunmasının ən yaxşı vasitələri ilə bağlı konsensus yoxdursa, xüsusilə də iş həssas mənəvi və ya etik məsələləri qaldırdığı halda, sərbəstlik daha geniş olacaq (bax, son nümunələr qismində, yuxarıda istinad edilən S.H. və Başqaları Avstriyaya qarşı iş (S. H. and Others v. Austria), § 94, və A, B və C İrlandiyaya qarşı iş (A, B and C v. Ireland) [Böyük Palatanın qərarı], № 25579/05, § 232, ECHR 2010). Lakin Məhkəmə bir daha təsdiq edir ki, cinsə və ya cinsi oriyentasiyaya əsaslanan ayrı-seçkiliklə bağlı məsələlərin 14-cü Maddəyə əsasən araşdırılmasına gəldikdə, Dövlətin mülahizə sərbəstliyi dardır (bax yuxarıda 99-cu bənd).
149. Bundan əlavə və Avropada konsensusun olmaması ilə bağlı Hökumətin iddiasına cavab vermək məqsədilə nəzərdə tutulmalıdır ki, Məhkəmə qarşısındakı məsələ eyni-cinsli cütlüklərin ikinci valideynin övladlığa götürməsinə çatımla bağlı ümumi məsələ deyil, nikahda olmayan müxtəlif-cinsli cütlüklərlə eyni-cinsli cütlüklər arasında bu cür övladlığa götürmə ilə bağlı rəftarda fərqdir (bax yuxarıda 134-cü bənd). Nəticə etibarilə, yalnız nikahda olmayan cütlüklərə ikinci valideynin övladlığa götürməsini icazə verən Avropa Şurasının on üzv Dövləti müqayisə üçün əsas qismində nəzərdən keçirilə bilərlər. Bu qrup daxilində altı Dövlət heteroseksual cütlüklərə və eyni-cinsli cütlüklərə eyni şəkildə münasibət göstərir, bununla belə dördu Avstriya ilə eyni mövqeni qəbul edib (bax yuxarıda 57-ci bənddə müqayisəli-hüquqi məlumata). Məhkəmə hesab edir ki, bu nümunə o qədər dardır ki, Avropa Şurasının üzv Dövlətləri arasında mümkün konsensusun mövcudluğu ilə bağlı heç bir nəticə çıxarmaq olmaz.
150. Məhkəmənin mövqeyinə görə bu, Uşaqların Övladlığa Götürülməsi haqqında 2008-ci il tarixli Konvensiyaya da aiddir. Birincisi, o qeyd edir ki, bu Konvensiya Avstriya tərəfindən ratifikasiya olunmayıb. İkincisi, bugünədək ratifikasiyaların aşağı sayını nəzərə alsaq, Konvensiyanın hazırda Avropa Dövlətləri arasında qarşılıqlı anlaşmanı əks etdirib-etdirməməsi şübhə altına alına bilər. Hər bir halda, Məhkəmə qeyd edir ki, Uşaqların Övladlığa Götürülməsi haqqında 2008-ci il tarixli Konvensiyanın 7-ci Maddəsinin 1-ci bəndi nəzərdə tutur ki, Dövlətlər (nikahda olan və ya belə institut mövcud olduğu halda qeydiyyata alınmış) müxtəlif cinsdən olan iki şəxs tərəfindən və ya bir şəxs tərəfindən övladlığa götürməyə icazə verməlidirlər. 7-ci Maddənin 2-ci bəndinə əsasən, Dövlətlər Konvensiyanın əhatə dairəsini nikahda olan və ya qeydiyyata alınmış partnyorluğa daxil olmuş eyni cinsli cütlüklərə, eləcə də “stabil münasibətlərdə birgə yaşayan müxtəlif-cinsli və eyni-cinsli cütlüklərə” tətbiq etməkdə azaddırlar. Bu onu göstərir ki, 7-ci Maddənin 2-ci bəndi o demək deyil ki, Dövlətlər stabil münasibətlərdə yaşayan heteroseksual və eyni-cinsli cütlüklərə fərqli rəftar etməkdə azaddırlar. Nazirlər Komitəsinin 31 mart 2010-cu il tarixli Tövsiyəsinin (CM/Rec (2010)5) eyni istiqamətdə göstərdiyi görünür: 23-cü bənd üzv Dövlətləri nikahda olmayan cütlüklərə verilən hüquq və vəzifələrin ayrı-seçkilik olmadan hər iki eyni-cinsli və müxtəlif cinsli cütlüklərə tətbiq olunmasını təmin etməyə çağırır. Hər bir halda hətta 2008-ci il tarixli Konvensiyanın 7-ci Maddəsinin 2-ci bəndinin şərhi digər nəticəyə gətirərsə, Məhkəmə xatırladır ki, Dövlətlər Konvensiya qüvvəyə mindikdən sonrakı müqavilə öhdəliklərinə münasibətdə Konvensiyaya üzrə məsuliyyəti saxlayırlar (bax Al-Saadoon və Mufdhi Birləşmiş Krallığa qarşı iş (Al-Saadoon and Mufdhi v. the United Kingdom), № 61498/08, § 128, ECHR 2010 (çıxarışlar)).
151. Məhkəməyə məlumdur ki, ənənəvi mənada ailənin qorunması və cinsi azlıqların Konvensiya hüquqları arasında tarazlığın yaradılması təbii olaraq çətin və həssas işdir, hansı ki, Dövlətdən fundamental müxalifətdə olaraq sözügedən tərəflərin qəbul etdiyi ziddiyyətli fikirləri və maraqları uzlaşdırmağı tələb edə bilər (bax, yuxarıda istinad edilən Kozakın işi (Kozak), § 99). Lakin yuxarıda təsbit edilən mülahizələri nəzərə alaraq, Məhkəmə müəyyən edir ki, Hökumət eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsinin istisna edilməsinin, eyni zamanda bu imkanı nikahda olmayan müxtəlif-cinsli cütlüyə verilməsinin ənənəvi mənada ailənin qorunması üçün və ya uşağın maraqlarının qorunması üçün zəruri olduğunu göstərmək məqsədilə xüsusilə tutarlı və inandırıcı səbəblər təqdim etməyib. Buna görə də bu fərq Konvensiyaya uyğun deyil.
152. Məhkəmə bir daha vurğulayır ki, hazırkı iş ərizəçilərin övladlığa götürmə ilə bağlı müraciətlərinin bu işin hallarında təmin edilməli olub-olmadığı məsələsi ilə bağlı deyil. Bu, tələb edilən övladlığa götürmənin, onun hər bir halda qanuni baxımdan mümkün olmadığını nəzərə alaraq, ikinci ərizəçinin maraqlarında olub-olmasının məhkəmələrin istənilən anlamlı şəkildə araşdırmaq imkanlarının olmaması ilə bağlı ərizəçilərə qarşı ayrı-seçkiliyin olub-olmadığı məsələsi ilə bağlıdır. Bununla əlaqədar Məhkəmə son qərarlara istinad edir, bu qərarlarda o, 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddənin pozuntusunu müəyyən edib, belə ki, nikahdan kənar doğulmuş uşağın atası hər iki valideynə birgə himayəçiliyin və ya onun tək özünə himayəçiliyin verilməsinin uşağın maraqlarında olub-olmadığı ilə bağlı dövlətdaxili məhkəmələr tərəfindən araşdırmaya nail ola bilməmişdi (bax Zaunegger Almaniyaya qarşı iş (Zaunegger v. Germany), № 22028/04, §§ 61-63, 3 dekabr 2009-cu il, və Şporer Avstriyaya qarşı iş (Sporer v. Austria), № 35637/03, §§ 88-90, 3 fevral 2011-ci il).
153. Sonda Məhkəmə müəyyən edir ki, ərizəçilərin vəziyyəti bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olmayan müxtəlif-cinsli cütlüyün vəziyyəti ilə müqayisə edildikdə, 8-ci Maddə ilə birgə götürülməklə Konvensiyanın 14-cü Maddəsi pozulub.
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
154. Konvensiyanın 41-ci Maddəsində nəzərdə tutulur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
155. Ərizəçilər mənəvi ziyanla bağlı hər birinə 50.000 asvro ödənilməsini tələb ediblər.
156. Hökumət iddia etdi ki, mənəvi ziyana görə kompensasiyanın verilməsi hazırkı hallarda əsaslandırılmayıb. O, xüsusilə də qeyd etdi ki, ərizəçilər arzuladığı kimi birgə yaşamaqdan məhrum edilməmişdilər. İstənilən halda ərizəçilərin tələb etdiyi məbləğ müqayisə oluna bilən işlərdə verilən təzminatlara uyğun gəlmir.
157. Məhkəmə hesab edir ki, ərizəçilər yalnız 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddənin pozuntusunun müəyyən edilməsi ilə kifayət qədər kompensasiya edilməyən mənəvi ziyan çəkmiş olmalıdılar. Bundan əlavə, Məhkəmə hesab edir ki, ərizəçilər bir ailə olaraq müəyyən edilmiş pozuntunun təsirinə məruz qalıblar. Buna görə də o, mənəvi ziyana görə birgə təzminat təyin etməyi məqsədəuyğun hesab edir. Ədalət prinsipi əsasında qiymətləndirməni həyata keçirərək və müqayisə edilən işdə təyin edilmiş məbləği nəzərə alaraq (bax, yuxarıda istinad edilən E.B. Fransaya qarşı iş (E.B. v. France), o, mənəvi ziyana münasibətdə ərizəçilərə birgə 10.000 avro ödənilməsini təyin edir.
B. Məhkəmə xərcləri və məsrəflər
158. Ərizəçilər həmçinin məhkəmə xərcləri və məsrəfləri başlığı altında 49,680.94 avro ümumi məbləğ tələb etdilər. Bu məbləğ dövlətdaxili məhkəmələrdə çəkilən 6,156.59 avro və Məhkəmədə çəkilən 43,524.35 avro xərclərdən ibarətdir. Bu məbləğə əlavə dəyər vergisi daxildir (ƏDV).
159. Dövlətdaxili icraatların xərclərinə Konstitusiya Məhkəməsindəki icraatlarla bağlı 2,735.71 avro və mülki məhkəmələrdəki icraatlarla bağlı 3,420.88 avro daxildir. Ərizəçilər bildirdilər ki, Konstitusiya Məhkəməsindəki icraat zəruri idi, belə ki, yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə aydın oldu ki, onlar övladlığa götürmə barədə razılaşmanın təsdiqi üçün, ərizənin üçüncü ərizəçinin valideynlik hüquqlarının itirilməsi ilə nəticələnəcəyi riski olmadan, mülki məhkəmələrə müraciət edə bilərlər.
160. Konvensiya ilə bağlı icraatın xərclərinə ərizəçilərin vəkilinin Birinci Bölmədə işə baxılmasında iştirakı zamanı çəkdiyi 889.08 avro yol və yaşayış xərcləri və Böyük Palatada işə baxılmasında iştirakı zamanı çəkdiyi 913.22 avro yol və yaşayış xərcləri daxildir. Onlar daha sonra hər iki dinləmədə iştirak etmək üçün vəkilin Strasburqa gəlməsi və orada qalması ilə əlaqədar vaxt itkisinin kompensasiyasına münasibətdə 1,832.30 avro daxil etdilər. Tələb edilən xərclərin qalan hissəsi vəkilin qonorarı idi. Ərizəçilər qeyd etdilər ki, Böyük Palatadakı icraat Palatadakı icraatın sadəcə təkrarı deyildi, belə ki, Məhkəmə tərəflərə bir sıra yeni suallar ünvanlamışdı və bir sıra üçüncü tərəfin qeydləri dinləmədə araşdırılmalı və baxılmalı idi.
161. Hökumət hesab etdi ki, Konstitusiya Məhkəməsindəki icraata çəkilən xərclər zəruri deyildi. O iddia etdi ki, Federal Konstitusiyanın 140-cı Maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin presedent hüququnu nəzərə alaraq, şəxs yalnız o halda Konstitusiya Məhkəməsinə şikayət verə bilər ki, iddia edilən pozuntu qanunun birbaşa tətbiqindən irəli gəlsin. Hazırkı işdə ərizəçilər mülki məhkəmədə iddia qaldırmaq imkanına malik olmuşdular.
162. Konvensiya ilə bağlı icraata münasibətdə, Hökumət bildirdi ki, tələb edilən xərclər ümumilikdə həddən artıq çoxdur. Bundan əlavə, o, bildirdi ki, ərizəçilər artıq dövlətdaxili icraatlarda təqdim edilmiş arqumentlərə geniş dərəcədə istinad etmək iqtidarında idilər və Böyük Palatadakı icraatlarda onlar Palata qarşısındakı təqdimatlarına istinad etmək iqtidarında idilər.
163. Məhkəmənin presedent hüququna əsasən ərizəçi o halda məhkəmə xərclərinin və məsrəflərin əvəzinin ödənilməsi hüququna malik olur ki, onların həqiqətən və zəruri olaraq çəkildiyi və ağlabatan məbləğdə olduğu göstərilsin. Dövlətdaxili icraatlara münasibətdə Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsindəki icraatla bağlı tələb edilən xərclər zəruri olaraq çəkilməyib. O, xüsusilə də qeyd edir ki, Konstitusiya Məhkəməsi ərizəçilərin şikayətini qəbuledilməyən olaraq rədd etdi. Buna görə də o, yalnız mülki məhkəmələrdəki icraatlarla bağlı tələb edilən xərcləri, yəni 3,420.88 avro təyin edir. Konvensiya ilə bağlı icraatdakı xərclərə gəldikdə, Məhkəmə sərəncamında olan sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, 25,000 avro təyin etməyi müvafiq hesab edir. Ümumilikdə məhkəmə xərcləri və məsrəflər başlığı altında ərizəçilərə 28,420.88 avro təyin edilir.
C. İcranın gecikdirilməsinə görə faiz
164. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ
1. Yekdilliklə ərizəni qəbuledilən elan edir;
2. Yekdilliklə qərara alır ki, ərizəçilərin vəziyyəti bir həyat yoldaşının digər həyat yoldaşının uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olan cütlüyün vəziyyəti ilə müqayisə edildikdə, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsi pozulmayıb;
3. Yeddi səsə qarşı on səslə qərara alır ki, ərizəçilərin vəziyyəti bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olmayan müxtəlif-cinsli cütlüyün vəziyyəti ilə müqayisə edildikdə, Konvensiyanın 8-ci Maddəsi ilə birgə götürülməklə 14-cü Maddəsi pozulub;
4. Altı səsə qarşı on səslə qərara alır ki,
(a) cavabdeh Dövlət üç ay müddətində aşağıdakı məbləğləri ödəməlidir:
(i) ərizəçilərə mənəvi ziyana görə birgə 10,000 avro (on min avro), bu məbləğlərdən tutula biləcək hər hansı vergi məbləği onların üzərinə əlavə olunmalıdır;
(ii) məhkəmə xərclərinə və məsrəflərə görə 28,420.88 avro (iyirmi səkkiz min dörd yüz iyirmi avro və səksən səkkiz sent), bu məbləğlərdən ərizəçilərdən tutula biləcək hər hansı vergi məbləği onların üzərinə əlavə olunmalıdır;
(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər sözügedən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı yuxarı kredit faizinə bərabər olan faiz məbləği və onun üzərinə daha üç faiz əlavə edilməlidir;
5. Əvəzin ədalətli ödənilməsi barədə ərizəçilərin qalan tələblərini yekdilliklə rədd edir.
Qərar ingilis və fransız dillərində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə müvafiq olaraq, 19 fevral 2013-cü ildə Strasburqda İnsan Hüquqları Binasında açıq iclasda elan edilib.
Johan CallewaertDean Spielmann
Katibin müaviniSədr
Konvensiyanın 45-ci Maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə əsasən aşağıdakı ayrı rəylər bu qərara əlavə olunur:
(a) Hakim Spielmannın üst-üstə düşən rəyi;
(b) Hakimlər Casadevall, Ziemele, Kovler, Jočienė, Šikuta, de Gaetano və Sicilianosun birgə qismən xüsusi rəyi.
D.S.
J.C.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy