© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BEŞİNCİ BÖLMƏ
Y. SLOVENİYAYA QARŞI məhkəmə işi
(Ərizə № 41107/10)
QƏRAR
[Çıxarışlar]
Strasburq
28 may 2015-ci il
Qüvvəyə minmə tarixi:
28.08.2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Y. Sloveniyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə),
hakimlər:
Mark Villiger (Mark Villiger), sədr,
Angelika Nyussberger (Angelika Nußberger),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Qanna Yudkivska (Ganna Yudkivska),
Andre Potoki (André Potocki),
Helena Yaderblom (Helena Jäderblom),
Aleş Peyçal (Aleš Pejchal),
habelə Bölmə katibi Klaudiya Vesterdikdən (Claudia Westerdiek) ibarət tərkibdə Palatada iclas keçirərək,
31 mart 2015-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Sloveniya vətəndaşı xanım Y. (“ərizəçi”) tərəfindən 17 iyul 2010-cu ildə Məhkəməyə təqdim edilmiş Sloveniya Respublikasına qarşı ərizə (№ 41107/10) əsasında başlanıb. Bölmənin sədri adının açıqlanmaması barədə ərizəçinin xahişini təmin edib (Məhkəmə Reqlamentinin 47-ci qaydasının 4-cü bəndi).
2. Ərizəçini Lyublyanada vəkillik fəaliyyəti ilə məşğul olan cənab İ. Ahlin (J. Ahlin) təmsil edib. Sloveniya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, dövlət müvəkkili xanım B. Yovin Hrastnik (B. Jovin Hrastnik) təmsil edib.
3. Ərizəçi iddia etdi ki, ona qarşı törədilmiş seksual zorakılıqlarla bağlı cinayət prosesi əsassız olaraq gecikdirilib, qərəzsiz olmayıb və onu şəxsi toxunulmazlıq hüququna müdaxilə təşkil edən ciddi mənəvi zədəyə məruz qoyub.
4. 20 fevral 2012-ci ildə ərizə barədə Hökumətə məlumat verildi.
FAKTLAR
I. İŞİN HALLARI
A. Tarixçə
5. Ərizəçi 1987-ci ildə Ukraynada anadan olub və 2000-ci ildə bacısı və Sloveniya vətəndaşı ilə nikahda olan anası ilə birlikdə Sloveniyaya gəlib.
6. 2001-ci ilin iyul və dekabr ayları arasında 14 yaşında ikən o, iddia edildiyinə görə, ailənin dostu X tərəfindən dəfələrlə seksual zorakılıqlara məruz qalıb, həmin vaxt 55 yaşında olan bu şəxs gözəllik müsabiqələrinə hazırlaşmasında arvadı ilə birlikdə çox zaman ona köməklik göstərirdi.
7. 2002-ci ilin iyulunda ərizəçi X tərəfindən seksual zorakılıqlara məruz qaldığını anasına danışsa da, bu barədə başqa birisi ilə danışmaq istəmirdi.
8. 15 iyul 2002-ci ildə keşiş Maribor polisinə ifadə verərək söylədi ki, ərizəçinin anası ona deyib ki, ərizəçinin X tərəfindən zorlanması ilə bağlı narahatlıq keçirir.
B. Polis araşdırması
9. 16 iyul 2002-ci ildə ərizəçinin anası X-a qarşı cinayət işi başlanması üçün şikayət ərizəsi təqdim edərək iddia etdi ki, X ərizəçini bir neçə dəfə onunla cinsi əlaqədə olmağa məcbur edib.
10. 17 iyul 2002-ci ildə ərizəçi Maribor polisi tərəfindən dindirildi və X-in onu müxtəlif seksual hərəkətlərə necə məcbur etdiyini təsvir etdi. Hücumların vaxtına gəlincə, ərizəçi bildirdi ki, X ilk dəfə onu 2001-ci ilin iyulundan əvvəl, hələ onun moda nümayişlərində model kimi çıxış etməyə başlamasından öncə öpməyə cəhd edib. O daha sonra X-in ona qarşı yol verdiyi bır sıra seksual zorakılıq halları barədə də məlumat verdi. Həmin halların birində o X-in evində yatarkən X onun üstünə uzanmış, bir əli ilə onun ayaqlarını aralayaraq və qışqırmasının qarşısını almaq üçün o biri əli ilə ağzını yumaraq onunla cinsi əlaqədə olmağa cəhd etmiş, amma kiçik oğlunun pilləkənlə yuxarı çıxması onu dayandırmışdı. Digər bir halda ərizəçi hovuzda olduğu zaman o suyun altında ərizəçinin bədəninə əl gəzdirmişdi. Başqa bir halda isə, ərizəçinin iddia etdiyinə görə, X ərizəçini onun ailəsinə məxsus olan tərk edilmiş emalatxanaya aparmış və onun cinsiyyət orqanını ağzına götürmüşdü. Bundan başqa, ərizəçinin sözlərinə görə, X ərizəçini ən azı üç dəfə məcbur etmişdi ki, onun cinsiyyət üzvünü ağzına götürsün, bunlardan biri onun evində, digəri onun şirkətinin qarajında, üçüncüsü isə onun şəhər yaxınlığındakı meşəlikdə saxladığı furqon tipli avtomobildə baş vermişdi. Həmin sonuncu halda ərizəçi, iddia etdiyinə görə, qaçıb qurtulmağa çalışmış, amma ətraf yerləri tanımadığına görə furqona qayıtmağa məcbur olmuşdu. Ərizəçi bildirdi ki, X bir neçə dəfə onunla cinsi əlaqədə olmağa cəhd edib, amma ərizəçi X-in onun cinsiyyət orqanına müdaxilə etməyə nail olduğuna və yaxud olmadığına əmin deyil. O daha sonra bildirdi ki, qışqırmaqla və X-i kənara itələməklə özünü müdafiə etməyə çalışıb, amma buna nail olmayıb.
11. Ərizəçi həmçinin mütəxəssis ginekoloq tərəfindən müayinə olunmuş və o müəyyən etmişdi ki, ərizəçinin bakirəliyinə toxunulmayıb. Bundan başqa, 2002-ci ilin iyulunda və avqustunda polis X-i və üç nəfər şahidi dindirdi, amma X ərizəçi ilə hər hansı cinsi əlaqəsinin olduğunu inkar etdi.
12. İstintaqın gedişi barədə polisdən konkret məlumat almaq üçün etdiyi bir sıra cəhdlər uğursuz olduqdan sonra ərizəçinin anası Maribor rayon prokurorluğuna şikayət etdi.
13. 27 iyun 2003-cü ildə prokurorluq Maribor polisinə məktub göndərərək X-a qarşı qaldırılmış cinayət işinin materiallarının dərhal onlara göndərilməsini istədi.
14. 18 avqust 2003-cü ildə polis orqanı prokurorluğa məlumat verərək bildirdi ki, ərizəçi söylədiklərinin təfsilatlarını təqdim edə və iddia etdiyi zorlamanın baş verdiyi yeri göstərə bilməyib. Polis orqanı qeyd etdi ki, ərizəçi güclü psixoloji stress altında olan və anasının reaksiyasından qorxan şəxs təəssüratını oyadır. O, bu qənaətə gəldi ki, ərizəçinin zorlama barədə söylədiklərini təsdiq etmək mümkün deyil və həmçinin onun keçirdiyi ciddi emosional stressin səbəblərini müəyyənləşdirmək də eynilə mümkün deyil.
C. Məhkəmə istintaqı
15. 28 avqust 2003-cü ildə prokurorluq yaşı on beşdən aşağı olan yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş seksual zorakılıq ittihamları əsasında X barəsində məhkəmə istintaqı aparılması üçün vəsatət qaldırdı. Vəsatətdə iddia edilirdi ki, X ərizəçinin bunu istəmədiyinə və müqavimət göstərdiyinə baxmayaraq, onu minetlə məşğul olmağa məcbur edib və ən azı üç dəfə onunla cinsi əlaqədə olub.
16. 7 yanvar 2005-ci ildə X Maribor rayon məhkəməsinin istintaq aparan hakiminin yanına çağırıldı. O, şifahi ifadə verməkdən imtina etdi. 10 mart 2005-ci ildə vəkili vasitəsilə təmsil olunan X yazılı ifadəsini təqdim etdi və ifadəsində ittihamları rədd etdi. O həmçinin sol qolunun anadangəlmə şikəst olduğunu göstərən tibbi rəy təqdim etdi.
17. 26 may 2005-ci ildə məhkəmə istintaqını aparan hakim X barəsində cinayət işi açılmasına dair qərar qəbul etdi. Sonuncunun bu qərardan verdiyi şikayət Maribor rayon məhkəməsinin məhkəməyəqədər icraat kollegiyası tərəfindən rədd edildi.
18. 17 oktyabr 2005-ci ildə ərizəçi Lyublyana rayon məhkəməsində şahid qismində dindirildi, dindirmənin keçirilməsi ona görə həmin məhkəmədən xahiş edilmişdi ki, ərizəçi onun yerləşdiyi ərazidə yaşayırdı. 8 noyabr 2005-ci ildə dindirmə davam etdirildi. X və vəkilinə bu dindirmə barədə məlumat verildi. Ərizəçi iddia etdiyi cinayət əməllərinin nə vaxt, harada və necə baş verdiyi barədə ifadə verdi. O əvvəlcə X-in evində yatdığı zaman orada baş vermiş zorakılığı təsvir edərək təkrarən bildirdi ki, həmin vaxt X-a oğlu mane olmuşdu. Ərizəçinin ifadəsinə əsasən, ikinci zorakılıq o zaman baş vermişdi ki, X furqonu ərizəçinin evinə sürmək əvəzinə meşəlikdə saxlamış və onu zorla öpməyə başlamışdı. Sonra X ərizəçini soyundurmuş, bir əli ilə ayaqlarını aralamış, o biri əli ilə onun biləklərini tutmuş və yenidən onunla cinsi əlaqədə olmağa cəhd etmişdi, amma cinsi orqana müdaxilə baş verməmişdi. Ərizəçi daha sonra söylədi ki, X bir dəfə onu ailəsinin tərk edilmiş emalatxanasına aparmış və onunla minetlə məşğul olmuşdu. O bildirdi ki, onun əllərindən qurtulmağa cəhd edib, amma X yenidən onun biləklərini sıxaraq aşağıya endirib və həmçinin sifətini şillələyib. Yenidən cinsi orqana müdaxilə cəhdi baş verib, amma müdaxilə faktiki olaraq baş tutmayıb. X ona əmr edib ki, bu barədə heç kimə danışmasın, yoxsa onu və ailəsini Sloveniyadan deportasiya etdirər. Ərizəçi əlavə etdi ki, bu üç hadisəni yaxşı xatırlayır və hadisələr məhz onun təsvir etdiyi kimi baş verib, amma 2001-ci ilin iyulundan dekabrınadək bunlara bənzər bir sıra digər insidentlər də olub.
19. 13 və 20 dekabr 2005-ci ildə X-in arvadı və digər bir şahid Maribor rayon məhkəməsinin istintaq aparan hakimi tərəfindən dindirildilər.
20. 13 yanvar 2006-cı ildə Maribor rayon məhkəməsinin vəsatəti əsasında Koper rayon məhkəməsi şahid D.-ni dindirdi və o ifadəsində dedi ki, ərizəçi zorlandığı barədə ona danışıb.
21. 14 aprel 2006-cı ildə məhkəmə istintaqını aparan hakim X-in və arvadının şirkətində işləyən şahid H.-ni dindirdi. H. ifadəsində bildirdi ki, şirkətin binasında X-in ərizəçiyə qarşı nalayiq davrandığını görməyib.
22. 16 may 2006-cı ildə məhkəmə istintaqını aparan hakim 2001-ci ilin iyulu ilə dekabrı arasında ərizəçinin cinsi əlaqədə olması ehtimalının mümkünlüyünü müəyyənləşdirmək üçün B.-ni ginekologiya üzrə ekspert təyin etdi. Sonuncu isə tibbi müayinədən imtina edən ərizəçi ilə söhbət apardı. Ərizəçi, digər məsələlərlə yanaşı, B-yə söylədi ki, X-in etdiyi cəhdlərə baxmayaraq, faktiki cinsi akt olmayıb. Söhbət zamanı ekspert ərizəçinin söylədiklərini ortopedik rəylə tutuşdurdu, həmin rəydə deyilirdi ki, X sol qolundan ərizəçinin söylədiyi tərzdə istifadə edə bilməzdi, bunun cavabında ərizəçi bildirdi ki, X-in müəyyən yükləri qaldırdığını görüb. Bundan əlavə, B. ərizəçiyə polisin hesabatını təqdim etdi, orada deyilirdi ki, ərizəçi seksual zorakılıqları təfsilatlı şəkildə təsvir edə və konkret yerləri göstərə bilməyib; B. həmçinin ərizəçidən soruşdu ki, niyə X-ə qarşı özünü müdafiə etməyib, məsələn, onu cırmaqlamayıb və ya dişləməyib. Ərizəçi cavab verdi ki, özünü müdafiə edə bilməyib və ya buna imkanı olmayıb. 19 iyun 2006-cı ildə ekspert rəyini hazırladı, rəy işin materiallarındakı sübutlara, o cümlədən 2002-ci il tarixli ginekoloji rəyə (həmin rəydə göstərilmişdi ki, həmin vaxtadək ərizəçinin bakirəliyi pozulmayıb) və ərizəçi ilə söhbət zamanı deyilənlərə əsaslanırdı. O, bu qənaətə gəldi ki, ərizəçinin araşdırılan dövrdə X ilə cinsi əlaqədə olduğunu əminliklə söyləməyə əsas verən heç nə yoxdur. Özünün tibbi rəyi ilə yanaşı, ekspert həmçinin bu qeydlərini bildirdi ki, sözügedən hadisələr barədə ərizəçinin danışdıqlarında müəyyən uyğunsuzluqlar var. Rəydən belə məlum olur ki, onun iddia etdiyi uyğunsuzluqların heç biri hər hansı tibbi məsələyə aid deyil.
23. 20 iyun 2006-cı ildə məhkəmə istintaqını aparan hakim R.-i klinik psixologiya üzrə ekspert təyin etdi. Sonuncu isə ərizəçi ilə söhbət apardıqdan sonra 4 iyul 2006-cı ildə öz rəyini təqdim etdi və həmin rəydə aşağıdakı nəticələrə gəldi:
"2001-ci ildən bəri Y.-nin durumu onun seksual zorakılığın qurbanı olmasının bütün simptomlarını (emosional simptomlar, davranış simptomları və fiziki simptomlar) nümayiş etdirir.
...
Emosional nəticələrdən əlavə, qız həm də məruz qaldığı pis rəftarla əlaqədar olan tipik davranış tərzi nümayiş etdirir və onda bəzi fiziki simptomlar (narahat yatmaq, qarabasmalar, ruh düşkünlüyü) özünü göstərir. Simptomlar rəydə göstərilib...
Nəticələrin (fiziki və xüsusən cinsi sağlamlıq üçün nəticələrin) ağırlıq dərəcəsini hazırda qiymətləndirmək çətindir. Amma qısamüddətli nəticələr kimi uzunmüddətli nəticələri də proqnozlaşdırmaq olar. Onların real miqyası qızın həyatının mühüm məqamlarında və stress vəziyyətlərində açıq-aydın üzə çıxacaq.
...
Bu nəticələr onun psixoloji durumuna ciddi təsir etdiyinə görə, ... hüquqpozanın zorakı hərəkətləri zamanı azyaşlı qurbanın bakirəliyinin pozulub-pozulmadığı o qədər də önəmli deyil...
Seksual davranış nümunələri yalnız klinik psixologiya sahəsinin mütəxəssisi tərəfindən düzgün qiymətləndirilə bilər...".
24. 15 sentyabr 2006-cı ildə Maribor rayon prokurorluğu Cinayət Məcəlləsinin 183-cü maddəsinin 1-ci və 2-ci bəndləri əsasında X barəsində yaşı on beşdən aşağı olan uşağa qarşı seksual zorakılıq ittihamını irəli sürdü. X-in bu ittiham aktına etirazı 20 oktyabr 2006-cı ildə Maribor rayon məhkəməsinin məhkəməyəqədər icraat kollegiyası tərəfindən rədd edildi.
D. Məhkəmə araşdırması
25. Maribor rayon məhkəməsi iş üzrə dinləməni 27 iyun 2007-ci ilə təyin etdi. Lakin X-in vəsatətindən sonra dinləmə təxirə salındı, həmin vəsatət onun xəstəliyə görə bir neçə həftəliyə işə çıxmayacağını sübut edən sənədə əsaslanırdı.
26. Belə olan halda dinləmə 3 oktyabr 2007-ci ilə təyin edildi, amma X-in vəkilinin vəsatəti əsasında yenə təxirə salındı. Növbəti dinləmə 12 noyabr 2007-ci ildə keçirilməli idi. Lakin hakimlər heyətinin bir üzvü iştirak etmədiyinə görə dinləmə təxirə salındı. Daha sonra X məhkəməyə məlumat verdi ki, işgüzar səfərə yollanır və bu səbəbdən növbəti dinləmə 16 yanvar 2008-ci ilədək təxirə salındı.
27. 16 yanvar 2008-ci ildə X məhkəməyə gəlmədi. 17 yanvar 2008-ci ildə o, xəstəlik haqqında arayış təqdim etdi.
28. 25 yanvar 2008-ci ildə X-in vəkili məhkəməyə məlumat verdi ki, X ona verdiyi etibarnaməni ləğv edib və həmin andan onu başqa vəkil – M. təmsil edəcək. Amma məhkəmə M.-in X.-in vəkili qismində hərəkət etməsinə səlahiyyət verən heç bir etibarnamə almadı. X məcburi qaydada vəkillə təmsil olunmasını tələb edən cinayət əməlində ittiham olunduğuna görə 28 yanvar 2008-ci ildə məhkəmə M.-i X-in vəkili təyin etdi.
29. 14 mart 2008-ci ildə məhkəmə dinləmə keçirdi, şəxsi həyatın və ictimai mənəviyyatın qorunması əsas gətirilərək ictimaiyyət məhkəmə zalından çıxarıldı. Məhkəmə X-in ifadəsini dinlədi. Dinləmə zamanı ərizəçinin vəkili X-in vəkili M.-in işdən kənarlaşdırılmasını istədi və belə əsas gətirdi ki, ərizəçi və anası araşdırılan məsələlərlə bağlı 2001-ci ildə ondan hüquqi məsləhət istəyiblər. Bundan başqa, ərizəçinin anası onunla yaxın münasibətdə olub. M. ərizəçini və ya onun anasını nə vaxtsa görmüş olduğunu inkar etdi və dedi ki, bildiyi yeganə şey budur ki, həmin vaxt firmasında çalışdığı vəkil ərizəçinin anasının ondan ayrı yaşayan ərini boşanma prosesində təmsil edib. Hakimlər kollegiyası ərizəçinin vəsatətini rədd edərək qərara aldı ki, vəkili işdən kənarlaşdırmaq üçün qanuni əsas yoxdur.
30. 14 mart 2008-ci ildə X iş üzrə yazılı qeydlərini təqdim edərək iddia etdi ki, ərizəçini fiziki cəhətdən nəyəsə məcbur etmək iqtidarında deyildi, çünki sol qolunda anadangəlmə ciddi şikəstlik var və həmin qolu sağ qolundan 15 santimetr qısadır. X iddia etdi ki, praktiki olaraq şikəst qolundan istifadə etmir. Bundan başqa, o iddia etdi ki, onun özü və ailəsi ərizəçiyə və bacısına yeni cəmiyyətə inteqrasiya olunmaqda və Slovakiyanı öyrənməkdə kömək ediblər, onların anası isə öz şəxsi işləri ilə məşğul olub. X-in sözlərinə görə, seksual zorakılıq ittihamları ondan pul qoparmaq üçün ərizəçinin anası tərəfindən irəli sürülüb.
31. 14 aprel 2008-ci ildə məhkəmə iş üzrə ikinci dinləmə təyin etdi. Prokuror X-i dindirərkən əsasən onun sol qolundan istifadə etməsi barədə suallar verdi və bu halı mümkün hesab etdi ki, o adətən avtomatik transmissiyalı avtomobili idarə etsə də, bəzən mexaniki transmissiyalı kiçik avtomobili də idarə edə bilərdi. Lakin nə vaxtsa iri yük avtomobili idarə edib-etmədiyi barədə sual verildikdə X cavab verdi ki, bunun işə aidiyyəti yoxdur, amma hər halda etiraf etdi ki, bütün növ nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi var. Sonra ərizəçi ifadə verməyə çağırıldı və məhkəmə X-in iclas zalından çıxarılması barədə ərizəçinin vəsatətini təmin etdi. X tərəfindən törədilmiş seksual sui-istifadə hallarından danışarkən ərizəçi dəfələrlə ağlayır və bu səbəbdən dinləmə bir neçə dəqiqəliyə dayandırılırdı. Sonra X.-in vəkili M. ərizəçini dindirərək sual verdi ki, araşdırılan dövrdə onun boyu və çəkisi nə qədər idi. Ərizəçi bərk həyəcanlandı və M.-dən soruşdu ki, onun əhvalatını hamıdan əvvəl eşitdiyi halda nəyə görə bunu yenə soruşur və X.-in vəkili kimi çıxış edir. M. qeyd etdi ki, bu, müdafiə taktikasının tərkib hissəsidir. Ərizəçinin stress keçirməsi ilə əlaqədar olaraq dinləmə təxirə salındı.
32. 9 may 2008-ci ildə məhkəmə üçüncü dinləməni keçirdi. Ərizəçinin dindirilməsi yenə də X-in iştirakı olmadan davam etdirildi. Keçmişdə yaranmış bu vəziyyətlə əlaqədar nə düşündüyünü ondan soruşduqda ərizəçi ağladı və dedi ki, heç kim ona kömək etməyib, işin icraatı bir neçə il uzanıb və bu dövrdə o aldığı mənəvi zədəni yenidən yaşayıb.
33. 27 avqust 2008-ci ildə ərizəçi məhkəmə prosesinin sürətləndirilməsi üçün "Dinləmənin əsassız gecikdirmə olmadan keçirilməsi hüququnun müdafiəsi" haqqında qanun (bundan sonra "2006-cı il qanunu" adlandırılacaq) əsasında məhkəmə nəzarəti qaydasında şikayət təqdim etdi.
34. 26 sentyabr 2008-ci ildə məhkəmə ictimaiyyətin iştirakı olmadan dördüncü dinləməni keçirdi və bu dinləmədə X şəxsən ərizəçiyə yüzə yaxın sual verdi və sorğularına sual formasında olan belə bir mülahizə ilə başladı: "Sən göstəriş əsasında ağlamağı bacardığını və bu zaman hər kəsin sənin doğrudan ağladığına inandığını mənə demisən və göstərmisən, elə deyilmi"? Dinləmə protokolundakı qeydlərdən belə görünür ki, ərizəçi bu suala cavab verməyib. Sonra X ərizəçiyə bir sıra suallar verdi, həmin sualların məqsədi bunu sübut etməkdən ibarət idi ki, onlar bir-birlərini əsasən ailələri bir yerə toplaşdıqda görürdülər, yaxud ərizəçi avtomobillə harayasa aparılmasına və ya digər yardıma ehtiyacı olduğu hallarda onun ərizəçiyə yoldaşlıq etməsini istəyirdi. X-in verdiyi suallar arasında bu sual da vardı: "Hadisə baş verdiyi axşam mənim sənə qarşı sui-istifadəyə yol verməyim, aprelin 14-də verdiyin ifadədə dediyin kimi, mümkün deyildi, elə deyilmi"; "Mən cinsi tələbatlarımı ödəmək istəsəydim azı bir dəfə sənə zəng vurmalı idim, elə deyilmi"; "Əgər mən sentyabrdan əvvəl səni beş dəfə zorlamışdımsa nəyə görə sən sentyabrda mənə zəng vurmuş və xahiş etmişdin ki, səni şəhərdən kənara aparım"; "Mən sənə heç vaxt zəng etmədiyim halda sən niyə mənə zəng edirdin"; yaxud "Sən xüsusi olaraq xahiş etmişdin ki, şəhər kənarına avtomobillə təklikdə gedək, çünki mənimlə söhbət etmək və gözəllik nümayişindəki uğurunu qeyd etmək istəyirdin, elə deyilmi". Ərizəçi israr etdi ki, heç vaxt X-ə zəng vurmayıb və ya onunla şəhər kənarına çıxmağın təşəbbüskarı olmayıb, amma X özü ona zəng vurub. X həmçinin ərizəçidən soruşdu ki, ərizəçi ona deyibmi ki, sevgilisi olan kimi həmişə ondan üstün mövqedə olacaq, çünki hökmlü xanım olmaq istəyir.
35. Bundan əlavə, X iddia etdi ki, zorlama ittihamları ərizəçinin anası tərəfindən quraşdırılıb. Müvafiq olaraq, o, ərizəçiyə anası haqqında, o cümlədən anasının sloven dilini bilib-bilməməsi, anasının işi və şəxsi münasibətləri barədə çoxlu suallar verdi. Daha sonra X ərizəçinin dediklərini tibbi rəydəki qeydlərlə tutuşdurdu, həmin qeydlər göstərirdi ki, onun sol qolunda ciddi şikəstlik var. Ərizəçi israr etdi ki, gündəlik işlərdə X-in sol qolundan istifadə etdiyini, o cümlədən avtomobil idarə etdiyini, uşaqlarını yuxarı qaldırdığını və qucağında apardığını, onların məktəb çantalarını və ya qutuları və butulkaları daşıdığını görüb. Bütün dindirmə boyu X ərizəçinin cavablarının düzgün və inandırıcı olduğunu şübhə altına alaraq onun təsvir etdiyi hallara dair geniş şərhlər verdi və hadisələr barədə onun versiyasını təkzib etdi. Hətta sədrlik edən hakim ərizəçinin dindirilməsindən sonra X-in şərhlər bildirmək imkanına malik olacağını izah etdikdən sonra da o, şərhlərini bildirməkdə davam etdi.
36. Çarpaz dindirmə zamanı X bir sıra suallarını təkrarlardı və son nəticədə sədrlik edən hakim yenidən ona xəbərdarlıq etdi. Bundan əlavə, sədrlik edən hakim yeddi sualı araşdırılan işə aidiyyəti olmayan suallar hesab edərək onların verilməsinə icazə vermədi.
37. Üç halda məhkəmə ərizəçinin həyəcanlı olması və ağlaması səbəbindən qısa fasilə elan etdi. Bu fasilələrin birindən sonra X ərizəçidən soruşdu ki, həmişə olduğu kimi hamılıqla nahar etməyə getsəydilər özünü daha yaxşı hiss edərdimi və dedi ki, bəlkə o zaman ərizəçi bu qədər çox ağlamazdı.
38. Müəyyən bir məqamda ərizəçi məhkəməyə vəsatət verdi ki, dinləmə təxirə salınsın, çünki suallar onda stress yaradırdı. Lakin X növbəti işgüzar səfərdən qayıdanadək, yəni 19 noyabr 2008-ci ilədək növbəti dinləməni keçirməyin mümkün olmayacağını dedikdən sonra ərizəçi ağlaya-ağlaya onun suallarına cavab verə biləciyini söylədi, çünki bütün bunların tez bitməsini istəyirdi. Nəhayət, ərizəçi dörd saat ərzində çarpaz dindirildikdən sonra sədrlik edən hakim dinləməni 13 oktyabr 2008-ci ilədək təxirə saldı.
39. Növbəti dinləmədə X-in arvadı, qaynanası və şirkətinin işçisi dindirildi və onların hər üçü iddia etdilər ki, X sol qolundan çox az hallarda istifadə edir və birmənalı olaraq hər hansı yükü qaldırmaq iqtidarında deyil.
40. 24 noyabr 2008-ci ildə altıncı dinləmə keçirildi. Ərizəçinin X tərəfindən dindirilməsi saat yarım çəkdi. X-in vəkili M. tərəfindən dindirilərkən ərizəçi yenə də iddia etdi ki, bütün əhvalatı bir müddət öncə artıq ona danışıb. M. bunu təkzib edərək bildirdi ki, o bunları bilsəydi ərizəçiyə məsləhət görərdi ki, xəstəxanaya və polisə getsin. Ərizəçinin dindirilməsi başa çatan kimi onun anası dindirildi və ona əsasən şəxsi münasibətləri barədə suallar verildi.
41. Dinləmənin sonunda X-in vəkili M. təsdiq etdi ki, ərizəçinin anasını müəyyən məhkəmə proseslərində təmsil etmiş vəkillə birlikdə hüquq firmasında işlədiyi zaman ərizəçinin anası ilə təmasda olub. O həmçinin bildirdi ki, hazırkı məhkəmə prosesində X-i təmsil etməkdən kənarlaşdırılmasına dair vəsatət verib-verməyəcəyi barədə üç gün ərzində məhkəməni məlumatlandıracaq. 25 noyabr 2008-ci ildə M. məhkəməyə bu işdən kənarlaşdırılması barədə vəsatət verdi, çünki ərizəçinin anasının verdiyi müəyyən ifadələrin şəxsən ona aidiyyəti vardı.
42. 15 dekabr 2008-ci il tarixli dinləmədə məhkəmə X-in vəkili M.-in vəsatətini təmin etmədi və bu qənaətə gəldi ki, onun bu işdən kənarlaşdırılması üçün heç bir qanuni əsas mövcud deyil. Bundan başqa, ginekologiya üzrə ekspert B. şahid qismində dindirildi. O təsdiq etdi ki, işin hallarını aydınlaşdırmaq üçün öz rəyində müəyyən məsələlərə də toxunub ki, həmin məsələlər məhkəmə istintaqını aparan hakimin sorğusuna daxil deyildi. Bundan əlavə, o təkrarən bildirdi ki, araşdırılan dövrdə ərizəçinin bakirəliyi pozulmayıb.
43. 22 yanvar 2009-cu ildə məhkəmə iş üzrə səkkizinci dinləməni keçirdi və klinik psixologiya üzrə ekspert R.-i dindirdi, o isə bir daha bildirdi ki, uzun illər öncə baş vermiş seksual zorakılığı hər hansı maddi dəlillərlə sübuta yetirmək olmaz və yalnız onun psixoloji nəticələri qiymətləndirilə bilər. O daha sonra təkrar etdi ki, ərizəçidə seksual zorakılığın qurbanı olmasının aydın simptomları müşahidə olunur.
44. 20 fevral 2009-cu ildə məhkəmə ginekologiya üzrə digər bir ekspert T.-ni bu barədə rəy verilməsi üçün təyin etdi ki, tibbi müayinənin nəticələri nəzərə alınmaqla (yuxarıda 11-ci bəndə bax) ərizəçinin araşdırılan dövrdə cinsi əlaqədə olması mümkün idimi? 10 mart 2009-cu ildə ekspert rəyini təqdim etdi, orada deyilirdi ki, müayinənin nəticələri sözügedən hadisələrə dair ərizəçinin versiyasına zidd deyil.
45. 16 mart 2009-cu ildə məhkəmə dinləmə keçirdi və ortopediya üzrə ekspert N.-i bu barədə rəy hazırlanması üçün təyin etdi ki, sol qolunun şikəst olması nəzərə alınmaqla X ərizəçinin təsvir etdiyi hərəkətləri edə bilərdimi?
46. 5 may 2009-cu ildə ekspert N. rəyini təqdim etdi, rəydə o bu qənaətə gəlmişdi ki, X-in sol qolunda ciddi şikəstlik var və bu səbəbdən bəzi hadisələr ərizəçinin təsvir etdiyi şəkildə baş verə bilməzdi.
47. 8 iyun 2009-cu ildə məhkəmə dinləmə keçirdi və ekspert N.-i dindirdi. Ərizəçinin vəkilinin verdiyi sualları cavablandırmaqdan əlavə N. həm də izah etdi ki, onun rəyi X tərəfindən ona təqdim edilmiş X-in tibb tarixçəsindəki sənədlərə, rentgen müayinəsinin nəticələrinə və onun tərəfindən X-in müayinəsinə əsaslanıb.
48. 9 iyul 2009-cu ildə dinləmə keçirildi. Ərizəçi N.-in bir daha dindirilməsi üçün vəsatət verdi.
49. 29 sentyabr 2009-cu ildə məhkəmə iş üzrə on ikinci, sonuncu dinləməni keçirdi. Dinləmədə ərizəçi və prokuror N.-i dindirdilər, o isə digər məsələlərlə yanaşı bildirdi ki, X sol qolundan yalnız müəyyən işləri görməkdən ötrü sağ qoluna yardım etmək üçün istifadə edə bilərdi, amma praktiki olaraq sol qolu heç bir gücə malik deyildi. Ekspertin rəyinə görə, X nə sol qolu ilə ərizəçinin ayaqlarını aralamaq, nə də ərizəçinin iddia etdiyi kimi öz şalvarını çıxarmaq iqtidarında deyildi. Prokuror "bu qiymətləndirmə ərizəçinin X-a müqavimət göstərmək üçün bütün gücündən istifadə etməsi ehtimalına əsaslanırmı" sualını verdikdən sonra N. bunları bildirdi: "Mənin gəldiyim nəticə bu ehtimala əsaslana bilməz, çünki mən onun müqavimət göstərib-göstərmədiyini və ya bu hərəkətlərə könüllü tabe olub-olmadığını bilmirəm". O vaxt 14 yaşında olan ərizəçinin onun üstündə uzandığı iddia edilən X-a müqavimət göstərə bilməsinin mümkünlüyü barədə sual verildikdən sonra o dedi ki, bunun mümkün olduğunu hesab edir. N. həmçinin ifadəsində bildirdi ki, X-in sağ qolunun gücü adi gücdən çox olsa da, o, ərizəçinin iddia etdiyi formada ona qarşı zorakılıq edə bilməzdi.
50. Məhkəmə prosesinə cəlb olunmayan digər bir ortopeddən rəy istəmiş və X-in sol qolundan məhdud dərəcədə olsa da istifadə etməsinin mümkünlüyü barədə ondan rəy almış ərizəçi N. dindirildikdən sonra həmin şəxsin iş üzrə ekspert təyin olunması üçün vəsatət verdi və belə əsas gətirdi ki, N.-in gəldiyi nəticələr onda şübhə doğurur. Bu vəsatət, eləcə də bacısının və həmçinin anasının keçmiş ərinin (iddia edildiyinə görə, o, X-in hər iki əli ilə avar çəkdiyini görmüşdü) şahid qismində çağırılması barədə ərizəçinin vəsatəti məhkəmə tərəfindən lüzumsuz hesab edilərək rəd edildi. Bundan əlavə, ərizəçinin yenidən dindirilməsi barədə prokurorun vəsatəti də rədd edildi.
51. Dinləmənin sonunda məhkəmə hökmünü elan etdi və X-ə bütün ittihamlar üzrə bəraət verdi. Bu qərarı nəzərə alaraq, məhkəmə ərizəçinin məhkəmə prosesinin gedişində qaldırdığı ziyana görə kompensasiya tələbini baxılmaq üçün mülki məhkəməyə göndərdi.
52. 15 dekabr 2009-cu ildə ərizəçi 2006-cı il qanununa uyğun olaraq məhkəmə nəzarəti qaydasında yeni şikayət təqdim etdi. 22 dekabr 2009-cu ildə o həmin məhkəmədən cavab aldı, cavabda ona məlumat verilirdi ki, hökmün yazılı əsasları həmin gün ona göndərilib.
53. Həmin yazılı əsaslarda məhkəmə izah edirdi ki, ortopediya üzrə ekspertin rəyi X-in ərizəçi tərəfindən təsvir edilmiş müəyyən hərəkətləri etmək iqtidarında olduğunu təkzib edirdi, belə ki, həmin hərəkətlər üçün o hər iki qolundan istifadə etməli idi. Ekspertin izahına görə, X sol əlini öz şalvarını çıxarmasına və ərizəçinin ayaqlarını aralamasına imkan verən formada hərəkət etdirmək iqtidarında deyildi. Məhkəmənin rəyinə görə, ərizəçinin bəzi iddialarının ekspert tərəfindən təkzib edilməsi bütövlükdə hadisələrə dair onun versiyasına qarşı şübhələr yaradırdı. "İstənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunur" (in dubio pro reo) prinsipi əsasında məhkəmə X-a bəraət vermişdi. Ərizəçinin seksual sui-istifadəyə məruz qaldığı barədə psixologiya üzrə ekspert R.-in rəyinə gəlincə, məhkəmə qeyd etdi ki, ərizəçinin anasının ondan ayrı yaşayan ərinə qarşı aparılmış məhkəmə prosesində qəbul edilən qərara məhəl qoymamaq olmazdı, həmin qərarda səlahiyyətli məhkəmə bu faktı qəbul etmişdi ki, həmin şəxs ərizəçinin və bacısının qarşısında cinsi aktla məşğul olub və həmçinin ərizəçiyə qarşı nalayiq davranıb.
54. 30 dekabr 2009-cu ildə prokuror hökmdən şikayət verdi və yaşı, cinsi mənsubiyyəti və bədəninin çəkisi ilə əlaqədar olaraq X-in ərizəçidən xeyli güclü olduğunun və həmçinin maddi durumu və sosial statusu səbəbindən ondan üstün mövqedə olduğunun nəzərə alınmamasına görə məhkəməni tənqid etdi. Bundan əlavə, o qeyd etdi ki, X mexaniki transmissiyalı nəqliyyat vasitələrini idarə edib ki, bu da onun hər iki qollarından istifadə etməsini tələb edir. Prokuror daha sonra iddia etdi ki, sözügedən cinayət əməli cinsi aktın zorla həyata keçirilməsini tələb etmir; bu baxımdan ərizəçinin həmin aktın əleyhinə olması faktı kifayətdir. O həmçinin vurğuladı ki, məhkəmə prosesi səkkiz il idi ki, davam edirdi, bu isə ərizəçinin məruz qaldığı mənəvi zədəni daha da ağırlaşdırırdı.
55. Şikayət 26 may 2010-cu ildə Maribor Yüksək Məhkəməsi tərəfindən rədd edildi. Sonuncu bu qənaətə gəldi ki, iddia edilən cinayət hərəkətlərinin X tərəfindən törədildiyini şübhə altına alan arqumentlər birinci instansiya məhkəməsinin hökmündə aydın və dəqiq şəkildə göstərilib.
56. Ərizəçi daha sonra baş prokurora müraciət edərək xahiş etdi ki, qanunçuluğun müdafiəsi məqsədi ilə təqdimat versin (müstəsna hüquqi müdafiə vasitəsi). 28 iyul 2010-cu ildə baş prokuror ərizəçiyə məlumat verdi ki, yuxarıda qeyd edilən təqdimat ərizəçinin şübhə altına aldığı faktların qiymətləndirilməsi üçün deyil, yalnız hüquqi məsələlərin nəzərdən keçirilməsi üçün verilir.
E. Cinayət prosesində ləngimələrə görə kompensasiya
57. 11 fevral 2011-ci ildə ərizəçi və Hökumət 2006-cı il qanununa uyğun olaraq belə bir məhkəmədənkənar razılığa gəldilər ki, məhkəmə araşdırmasının əsassız ləngimələr olmadan keçirilməsi hüququnun pozulması nəticəsində sözügedən cinayət prosesində ərizəçinin məruz qaldığı bütün maddi və mənəvi ziyanların əvəzində ərizəçiyə 1.080 avro ödəniləcək. Ərizəçi həmçinin məhkəmə xərclərinə və digər məsrəflərə görə 129,60 avro aldı.
II. MÜVAFİQ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. Müvafiq ölkədaxili cinayət hüququ
58. Yaxşı 15-dən aşağı olan şəxsə qarşı seksual zorakılığı tənzimləyən Cinayət Məcəlləsinin 183-cü maddəsinin 1-ci və 2-ci bəndlərinin araşdırılan dövrdə qüvvədə olan mətnində deyilir:
"1) On beş yaşı tamam olmayan əks və ya eyni cinsli şəxslə cinsi əlaqədə olan və ya hər hansı digər cinsi hərəkətlər edən şəxs, əgər cinayətkarın və zərərçəkənin yetkinlik səviyyəsi açıq-aydın qeyri-mütənasibdirsə, bir ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
2) On yaşı tamam olmayan, yaxud da on beş yaşı tamam olmayan və əlverişsiz vəziyyətdə olan şəxs barəsində zor tətbiq etməklə, yaxud həyatına qəsd etmə və ya bədəninə xəsarət yetirmə hədəsi ilə yuxarıdakı hərəkəti etmiş şəxs üç il və ya daha artıq müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
...".
59. "Cinayət prosessual qanunu"nun 148-ci maddəsinin araşdırılan dövrdə qüvvədə olan mətnində nəzərdə tutulur ki, polis iddia edilən cinayət əməli ilə bağlı ibtidai istintaqı yekunlaşdırdıqdan sonra toplanmış məlumatlar əsasında cinayət barədə şikayət ərizəsi tərtib edir və onu prokurorluğa göndərir. Hətta toplanmış məlumatlar cinayət barədə bu cür şikayət ərizəsinin təqdim edilməsi üçün əsas təşkil etmədikdə belə, polis atdığı addımlar barədə prokurorluğa məlumat verir.
60. Cinsi xarakterli cinayət əməllərindən zərər çəkən yetkinlik yaşına çatmayanların məhkəmə istintaqının gedişində müdafiəsi məsələsinə gəlincə, "Cinayət prosessual qanunu"na cinayət prosesində azyaşlı zərərçəkənlərin və ya şahidlərin müdafiəsinə yönələn bir sıra müddəalar daxil edilib. Cinsi toxunulmazlıq əleyhinə cinayətlərlə bağlı məhkəmə proseslərinə gəlincə, yetkinlik yaşına çatmayanlar cinayət işi başlanmasının təşəbbüskarı olmaqdan tutmuş hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmağa qədər hüquqlara malikdirlər. Vəkili olmayan yetkinlik yaşına çatmayan zərərçəkənlərə birinci instansiya məhkəməsi tərəfindən vəkil təyin olunur. Bundan başqa, müttəhim cinsi toxunulmazlığa qarşı cinayət əməllərinin qurbanı olduğunu iddia edən və yaşı 15-dən aşağı olan şahidlərin dindirilməsində iştirak edə bilməz. Bununla bağlı həmin qanunun 240-cı maddəsində nəzərdə tutulur ki, yetkinlik yaşına çatmayanların, xüsusən cinayət əməlinin təsirinə məruz qalanların dindirilməsi onların yaşı nəzərə alınmaqla aparılmalıdır ki, mənəvi durumlarına hər hansı zərərli təsirlərə yol verilməsin.
61. Məhkəmə istintaqının rəvan gedişatını təmin etmək üçün tərəflər və zərərçəkən, 1994-cü il tarixli "Cinayət prosessual qanunu"nun 191-ci maddəsinə uyğun olaraq, məhkəmə istintaqını aparan məhkəmənin sədrinə ləngimələr və ya digər pozuntular barədə şikayət edə bilərlər. Şikayətə baxıldıqdan sonra sədr şikayətlərlə bağlı hansı addımların atıldığı barədə şikayətçiyə məlumat verməlidir.
62. Bundan başqa, cinayət işi üzrə məhkəmə araşdırmasının müddətinə gəlincə, "Cinayət prosessual qanunu"nun 286-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, prosesə sədrlik edən hakim ittiham aktını aldıqdan sonra iki ay ərzində birinci dinləməni təyin edir. Bunu etmədiyi təqdirdə o, həmin məhkəmənin sədrinə bu barədə məlumat verməli, sonuncu isə dinləmənin vaxtının təyin olunması üçün zəruri addımları atmalıdır.
63. Dinləmənin gedişinə gəlincə, "Cinayət prosessual qanunu"nun 295-ci maddəsində nəzərdə tutulur ki, tələb olunan hallarda, məsələn, müttəhimin və ya zərərçəkənin şəxsi və ya ailə həyatının qorunması üçün zərurət olduqda ictimaiyyət iclas zalından çıxarıla bilər. Qanunun 199-cu maddəsində əsasən, sədrlik edən hakim dinləməni idarə edir, tərəflərin danışmaq və müttəhimə, şahidlərə və ekspertlərə suallar vermək hüququnu tənzimləyir. Bundan əlavə, işin hərtərəfli araşdırılmasını, həqiqətin üzə çıxarılmasını və prosesi ləngidən hər hansı əngəllərin aradan qaldırılmasını təmin etmək sədrlik edən hakimin vəzifəsidir.
64. Şahid müttəhimin yanında ifadə verməkdən imtina edərsə, müttəhim müvəqqəti olaraq iclas zalından çıxarıla bilər. Şahidin ifadəsi sonradan müttəhimə oxunulur və o, şahidə suallar vermək hüququna malikdir. Bununla belə, "Cinayət prosessual qanunu"nun 334-cü maddəsinin 2-ci bəndinə əsasən, sədrlik edən hakim artıq verilmiş olan və ya işə aidiyyəti olmayan, yaxud da yönəldici xarakter daşıyan hər hansı sualların verilməsini qadağan edə bilər.
B. Mülki ölkədaxili mülki hüquq və praktika
1. Kompensasiya üçün mülki iddia
65. Tabeliklərində olan qurumlardan hər hansı birinin vurduğu ziyana görə hüquqi şəxslərin məsuliyyətini tənzimləyən və həmçinin ziyana görə dövlətin məsuliyyətinin müəyyən edilməsinə şamil olunan Öhdəliklər Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulur ki, tabeliyində olan qurumlardan hər hansı birinin öz funksiyalarını yerinə yetirərkən və ya funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərə vurduğu ziyana görə hüquqi şəxs məsuliyyət daşıyır. Dövlətin vurduğu ziyana görə iddiaçıya kompensasiya təyin olunması üçün iddiaçı dövlətin məsuliyyətinin bütün dörd elementini sübut etməli, yəni dövlətin hərəkətinin qanunsuzluğunu, ziyanın mövcudluğunu, səbəb-nəticə əlaqəsinin mövcudluğunu, habelə dövlətin səhlənkarlığının və ya təqsirinin mövcudluğunu göstərməlidir.
66. Mənəvi ziyana görə kompensasiya təyin olunması üçün qanuni əsas təşkil edən Öhdəliklər Məcəlləsinin 149-cu maddəsinə əsasən, bu cür kompensasiya fərdin şəxsiyyətinə aid hüquqlar pozulduğu təqdirdə, habelə gündəlik həyat fəaliyyətlərinin məhdudlaşdırılması, eybəcər hala salınma, diffamasiya, yaxın qohumun ölümü və ya qorxu ucbatından fiziki və ya mənəvi əzablara məruz qaldığı təqdirdə təyin oluna bilər, bu şərtlə ki, işin halları və xüsusən əzabların və qorxunun dərəcəsi və müddəti kompensasiya təyin olunmasına əsas verməlidir.
67. Ali Məhkəmənin II Ips 305/2009 saylı qərarına əsasən, mənəvi ziyana görə kompensasiya təyin olunması kəmiyyət məhdudiyyəti ("numerus clausus") prinsipinə uyğun olaraq yalnız Öhdəliklər Məcəlləsində göstərilən ziyan kateqoriyaları ilə məhdudlaşır. Beləliklə, Ali Məhkəmə qərara alıb ki, məhkəmə prosesinin həddən artıq gecikdirilməsindən irəli gələn mənəvi ziyan Öhdəliklər Məcəlləsində tanınan ziyanlar kateqoriyasına aid edilə bilməz, çünki ağlabatan müddətdə məhkəmə araşdırması hüququ şəxsiyyətə aid hüquq kimi şərh oluna bilməz.
2. "Dinləmənin əsassız gecikdirmə olmadan keçirilməsi hüququnun müdafiəsi" haqqında qanun (2006-cı il qanunu)
68. 2006-cı il qanununun 1-ci maddəsinə əsasən, cinayət əməlindən zərər çəkən şəxs də daxil olmaqla məhkəmə prosesindəki istənilən tərəf hüquqlarına aid qərarın məhkəmə tərəfindən gecikdirilmədən qəbul edilməsi hüququna malikdir.
C. Müvafiq beynəlxalq hüquq
69. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli 40/34 saylı qətnaməsi ilə qəbul edilmiş "Cinayət və hakimiyyətdən sui-istifadənin qurbanları üçün ədalət mühakiməsinin əsas prinsiplərinə dair bəyannamə"də nəzərdə tutulur ki, cinayət qurbanları ilə mərhəmətlə və ləyaqətlərinə hörmət edilməklə davranılmalıdır. Bundan başqa, məhkəmə proseslərində və inzibati proseslərdə zərərçəkənlərin tələbatlarının nəzərə alınmasına şərait yaradılmalı və bu iş, digər vasitələrlə yanaşı, zərərçəkənlərin rahatsızlıqlarının minimuma endirilməsinə, onların şəxsi həyatının qorunmasına və zərurət olduqda onların özlərinin, eləcə də ailə üzvlərinin və onların xeyrinə ifadə verən şahidlərin təhdid və qisaslara qarşı təhlükəsizliyinin təmin edilməsinə yönələn tədbirlərin görülməsi yolu ilə həyata keçirilməlidir (Bəyannaməyə Əlavə, maddə 6(d)).
70. Bundan əlavə, cinayət əməllərinin qurbanları Avropa İttifaqı qanunvericiliyinə əsasən müdafiə ilə təmin olunurlar. 2001-ci ildə cinayət qurbanlarının hüquqlarının və müdafiəsinin minimal standartlarının qəbulu məqsədi ilə "Cinayət prosesində qurbanların statusuna dair" Avropa İttifaqı Şurasının Çərçivə qərarı (2001/220/JHA) qəbul edildi. Çərçivə qərarının 2-ci maddəsi üzv dövlətlərdən tələb edir ki, qurbanlar onların hüquq sistemlərində real və lazımi rola malik olsunlar və məhkəmə proseslərində bu şəxslərlə onların ləyaqətinə hörmət edilən tərzdə davranılsın. Bundan əlavə, 3-cü maddədə nəzərdə tutulur ki, məhkəmə proseslərində qurbanlara dinlənilmək və sübutlar təqdim etmək imkanı verilməlidir; lakin eyni zamanda onların dövlət orqanları tərəfindən yalnız cinayət prosesinin məqsədləri üçün zəruri olan hallarda dindirilməsini təmin etməkdən ötrü lazımi tədbirlər görülməlidir. 8-ci maddə üzv dövlətlərdən tələb edir ki, cinayət prosesi çərçivəsində qurbanların salamatlığının və şəxsi həyatının toxunulmazlığının təmin edilməsinə yönələn bir sıra tədbirlər görsünlər. Digər tədbirlərlə yanaşı, məhkəmə binasında qurbanlarla hüquqpozanlar arasında təmasların baş verməməsinin təmin edilməsinə yönələn tədbirlər də görülməlidir, lakin cinayət prosesinin maraqlarının bunu tələb etdiyi hallar istisna təşkil edir. Üzv dövlətlər həmçinin özlərinin əsas qanunvericilik prinsiplərinə uyğun olan istənilən münasib vasitələrlə təmin etməlidirlər ki, qurbanları (xüsusən ən əlverişsiz vəziyyətdə olanları) açıq məhkəmə iclasında ifadə vermələrinin nəticələrindən müdafiə etməyə ehtiyac olduqda onlar bu məqsədə nail olunmasına şərait yaradan formada ifadə vermək imkanına malik olsunlar.
71. Bundan başqa, Avropa İttifaqının üzvü olan dövlətlərin cinayət qurbanlarının hüquqlarını gücləndirmək səyləri 25 oktyabr 2012-ci ildə Avropa İttifaqının Parlamenti və Şurası tərəfindən qurbanların hüquqlarının, dəstəklənməsinin və müdafiəsinin minimal standartlarını müəyyən edən və Avropa İttifaqı Şurasının 2001/220/JHA saylı Çərçivə qərarını əvəzləyən direktivin (2012/29/EU) qəbul olunması ilə nəticələndi. 16 noyabr 2015-ci ilədək Avropa İttifaqının üzvü olan dövlətlərin milli qanunvericiliklərinə daxil ediləcək həmin direktivin bu işə aidiyyəti olan hissələrində deyilir:
Maddə 19
"Şəxsin cinayət qurbanı sayılması cinayətkarın müəyyənləşdirilməsindən, yaxalanmasından, barəsində cinayət təqibinin aparılmasından və ya məhkum edilməsindən və qurbanla aralarında ailə münasibəti olmasından asılı deyil...".
Maddə 20. Cinayət istintaqı zamanı qurbanların müdafiə edilmək hüququ
"Müdafiə hüquqlarına xələl gətirmədən və məhkəmənin diskresion səlahiyyətinə uyğun olaraq, cinayətlərin istintaqı zamanı üzv dövlətlər aşağıdakıları təmin etməlidirlər:
a) səlahiyyətli orqana cinayət əməli barədə şikayət verildikdən sonra qurbanların dindirilməsi əsassız gecikdirmələr olmadan aparılmalı;
b) dindirmələrin sayı minimuma endirilməli və dindirmələr yalnız cinayət istintaqının məqsədləri üçün mütləq zərurət olduqda aparılmalı;
...
d) tibbi müayinələrin sayı minimuma endirilməli və onlar yalnız cinayət istintaqının məqsədləri üçün mütləq zərurət olduqda aparılmalıdır".
Maddə 22. Xüsusi müdafiə tələbatlarının müəyyənləşdirilməsi üçün qurbanların durumunun fərdi qaydada qiymətləndirilməsi
"1. Üzv dövlətlər milli prosedurlara uyğun olaraq qurbanların xüsusi müdafiə tələbatlarını müəyyənləşdirmək və cinayət prosesinin gedişində onların 23-cü və 24-cü maddələrdə nəzərdə tutulmuş xüsusi tədbirlərdən yararlanmasının mümkünlüyünü və nə dərəcədə yararlana biləcəyini təyin etmək üçün qurbanların durumunun vaxtında və fərdi qaydada qiymətləndirilməsini təmin etməlidirlər, çünki onlar xüsusilə əlverişsiz vəziyyətdə olmaları səbəbindən dolayısı ilə və təkrarən qurbana çevrilə, təhdidə və qisasa məruz qala bilərlər.
2. Fərdi qiymətləndirmə zamanı xüsusən aşağıdakılar nəzərə alınmalıdır:
a) qurbanın fərdi xüsusiyyətləri;
b) cinayətin növü və xarakteri; və
c) cinayətin halları.
3. Fərdi qiymətləndirmə kontekstində aşağıdakı qurbanların durumuna xüsusi diqqət yetirilməlidir: cinayətin ağırlığı səbəbindən əhəmiyyətli ziyana məruz qalmış qurbanların; konkret olaraq onların fərdi xüsusiyyətləri ilə əlaqədar ola bilən, qərəzlilik və ya ayrı-seçkilik zəminində törədilən cinayətdən əziyyət çəkən qurbanların; cinayətkarla münasibətləri və ondan asılılıqları səbəbindən xüsusilə əlverişsiz vəziyyətə düşən qurbanların. Bu baxımdan terrorizmin, mütəşəkkil cinayətkarlığın, insan alverinin, cinsi mənsubiyyətə əsaslanan zorakılığın, qurbanla yaxın münasibətdə olan şəxsin zorakılığının, seksual zorakılığın, istismar və ya nifrət zəminində törədilən cinayətin qurbanlarının və əlilliyi olan qurbanların durumu yetərincə nəzərə alınmalıdır.
...".
Maddə 23. Xüsusi müdafiə tələbatları olan qurbanların cinayət istintaqı zamanı müdafiə edilmək hüququ
"1. Üzv dövlətlər müdafiə hüquqlarına xələl gətirmədən və məhkəmənin dikresion səlahiyyətinə uyğun olaraq, 22-ci maddənin 1-ci bəndində nəzərdə tutulan fərdi qiymətləndirmə nəticəsində müəyyən edilmiş xüsusi tədbirlərdən yararlanan, xüsusi müdafiə tələbatları olan qurbanların bu maddənin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan tədbirlərdən yararlana bilməsini təmin etməlidirlər. Fərdi qiymətləndirmədən sonra nəzərdə tutulmuş xüsusi tədbirin tətbiqini əməli və ya praktiki maneələr mümkünsüz edərsə, yaxud qurbanın dindirilməsinə təcili ehtiyac yaranarsa və bu dindirmənin aparılmaması qurbana və ya digər şəxsə, yaxud da cinayət prosesinin gedişinə zərər yetirə bilərsə, həmin tədbir tətbiq edilmir.
2. 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş xüsusi müdafiə tələbatları olan qurbanlara cinayətlərin istintaqı zamanı aşağıdakı tədbirlər tətbiq edilir:
...
b) qurbanların dindirilməsi bu məqsəd üçün hazırlıq keçmiş peşəkar şəxslər tərəfindən və ya onların köməyi ilə aparılır;
...
3. 22-ci maddənin 1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş xüsusi müdafiə tələbatları olan qurbanlara məhkəmə prosesi zamanı aşağıdakı tədbirlər tətbiq edilir:
a) kommunikasiya texnologiyaları da daxil olmaqla lazımi vasitələrdən istifadə etməklə qurbanla cinayətkar arasında vizual təması, o cümlədən ifadə verildiyi zaman bu cür təması aradan qaldıran tədbirlər;
b) lazımi vasitələrdən, xüsusən kommunikasiya texnologiyalarından istifadə etməklə qurbanın məhkəmə zalında olmadan dinlənilməsini təmin etməyə yönələn tədbirlər;
c) cinayət əməlinə aidiyyəti olmayan, qurbanın şəxsi həyatına aid olan məsələlər barədə lüzumsuz sorğu-sualların aradan qaldırılmasına yönələn tədbirlər; və
d) dinləmənin ictimaiyyətin iştirakı olmadan keçirilməsinə imkan yaradan tədbirlər".
72. 5 may 2011-ci ildə Avropa Şurası Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə aparılması haqqında Konvensiya qəbul etdi və 1 avqust 2014-cü ildə bu Konvensiya qüvvəyə mindi. Konvensiya Sloveniya tərəfindən 8 sentyabr 2011-ci ildə imzalanıb, amma hələ ratifikasiya olunmayıb. Konvensiyanın bu işə aidiyyəti olan hissələrində deyilir:
Maddə 49. Ümumi öhdəliklər
"1. Tərəflər bu Konvensiyanın tətbiq dairəsinə düşən bütün zorakılıq formaları ilə bağlı istintaq və məhkəmə proseslərinin əsassız gecikdirmələr olmadan və cinayət prosesinin bütün mərhələlərində qurbanın hüquqları nəzərə alınmaqla aparılmasını təmin etmək üçün zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görürlər.
2. Tərəflər, insan hüquqlarının təməl prinsiplərinə uyğun olaraq və zorakılığın cinsi yönümlü anlayışını nəzərə almaqla, bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hüquqpozmalarla bağlı səmərəli istintaq və məhkəmə təqibi aparılmasını təmin etmək üçün zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görürlər".
Maddə 54. Araşdırmalar və dəlillər
"1. Tərəflər istənilən mülki və ya cinayət prosesində qurbanın seksual münasibətlərinə və davranışına aid dəlillərin sübut qismində qəbuluna yalnız onlar işin mahiyyətinə aid olduğu təqdirdə və zəruri olduğu halda icazə verilməsini təmin etmək üçün zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görürlər".
Maddə 56. Müdafiə tədbirləri
"1. Tərəflər konkret olaraq aşağıdakı hərəkətlər vasitəsilə istintaq və məhkəmə prosesinin bütün mərhələlərində qurbanların hüquqlarını və maraqlarını qorumaq, o cümlədən onların şahid qismində xüsusi tələbatlarını təmin etmək üçün zəruri qanunvericilik tədbirlərini və digər tədbirləri görürlər:
a) onların, eləcə də ailələrinin və şahidlərin təhdidlərdən, qisasdan və təkrarən qurbana çevrilməkdən müdafiəsini təmin etmək;
b) ən azı qurbanlar və ailələri təhlükə altında ola biləcək hallarda zorakılıq törədənin həbsdən qaçması, yaxud müvəqqəti və ya birdəfəlik azadlığa buraxılması barədə qurbanların məlumatlandırılmasını təmin etmək;
c) daxili qanunvericilik əsasında və onun şərtlərinə riayət etməklə, hüquqları və ixtiyarlarında olan xidmətlər haqqında, habelə şikayətləri ilə bağlı sonrakı addımlar, ittihamlar, istintaq və ya məhkəmə prosesindəki ümumi irəliləyişlər və bu proseslərdə onların rolu, eləcə də baxılan işin nəticəsi barədə onları məlumatlandırmaq;
d) daxili qanunvericiliyin prosessual normalarına uyğun şəkildə qurbanların birbaşa və ya vasitəçinin köməyi ilə dinlənilməsinə, dəlillər təqdim etməsinə və rəylərini, tələbatlarını və narahatlıqlarını bildirməsinə və bütün bunlara baxılmasına imkan yaratmaq;
e) hüquqlarının və maraqlarının lazımi şəkildə təmsil olunması və nəzərə alınması üçün qurbanı lazımi yardım xidmətləri ilə təmin etmək;
f) qurbanın şəxsi həyatının və şəxsiyyətinin qorunması üçün tədbirlərin görülməsini təmin etmək;
g) məhkəmənin və ya hüquq mühafizə orqanının binasında qurbanlarla zorakılıq törədənlər arasında təmasın mümkün qədər aradan qaldırılmasını təmin etmək;
h) qurbanlar məhkəmə prosesində iştirak edərkən və ya dəlilləri təqdim edərkən onları müstəqil və ixtisaslı tərcüməçilərlə təmin etmək;
i) daxili qanunvericiliklərində nəzərdə tutulmuş normalara uyğun olaraq, mümkün olan hallarda lazımi kommunikasiya texnologiyalarından istifadə etməklə qurbanın məhkəmə zalında olmadan, yaxud ən azından zorakılıq törətdiyi iddia edilən şəxsin iştirakı olmadan məhkəməyə ifadə verməsinə imkan yaratmaq.
2. Qadına qarşı zorakılığın və ya məişət zorakılığının qurbanı və ya şahidi olan uşaq lazımi hallarda onun mənafelərini nəzərə alan xüsusi müdafiə tədbirləri ilə təmin olunur".
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ VƏ 8-Cİ MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU
73. Ərizəçi Konvensiyanın 3-cü və 8-ci maddələrinə əsasən şikayət etdi ki, ona qarşı törədilmiş seksual zorakılıq üzrə cinayət prosesi cavabdeh dövlətin pozitiv öhdəliyinə, yəni seksual zorakılığa qarşı səmərəli hüquqi müdafiə vasitəsini təmin etmək öhdəliyinə zidd şəkildə həyata keçirilib, belə ki, proses əsassız olaraq yubadılıb, qərəzsiz şəkildə keçirilməyib və şəxsiyyətinin toxunulmazlığının pozulması ucbatından ərizəçi bir neçə dəfə mənəvi zədəyə məruz qalıb. Bundan əlavə, ərizəçi iddia etdi ki, şikayətləri ilə bağlı Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi hüquqi müdafiə vasitəsinə malik olmayıb.
74. Yuxarıdakı şikayətlərin xarakterini və mahiyyətini nəzərə alaraq, Məhkəmə hesab edir ki, məhkəmə prosesində baş verdiyi iddia edilən ləngimələr və daxili məhkəmələrin qərəzliliyi yalnız Konvensiyanın 3-cü maddəsi əsasında araşdırılmalıdır (bax: P.M. Bolqarıstana qarşı, ərizə № 49669/07, 58-ci bənd, 24 yanvar 2012-ci il), həmin maddədə deyilir:
Maddə 3
"Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".
75. Lakin cinayət prosesində hüquqlarının müdafiəsini təmin edən tədbirlərin olmaması ilə bağlı ərizəçinin qalan şikayətləri dövlətin cinayət prosesində şahid qismində çıxış edən cinayət qurbanlarını müdafiə etmək öhdəliyinin hüdudları ilə bağlı müəyyən suallar ortaya çıxarır. Hazırkı işin xüsusi hallarını nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, bu məsələlərə Konvensiyanın 8-ci maddəsi əsasında baxılmalıdır, həmin maddədə deyilir:
Maddə 8
"1. Hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanlarının mane olmasına yol verilmir".
...
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
a) Ərizəçi
85. Ərizəçi iddia etdi ki, ona qarşı törədilmiş seksual zorakılıqla bağlı istintaq və bunun ardınca aparılmış məhkəmə prosesi əsassız olaraq gecikdirilib və səmərəsiz olub, Ukrayna mənşəli olduğuna görə dövlət orqanları ona qarşı qərəzli olublar. O iddia etdi ki, birincisi, Maribor polisi onun şikayəti ilə bağlı heç bir istintaq hərəkəti etməyib və yalnız həmin hərəkətlərin edilməsi Maribor rayon prokurorluğu tərəfindən tələb edildikdən sonra prokurorluğa hesabat göndərib. Bundan əlavə, Maribor rayon məhkəməsi tərəfindən məhkəmə araşdırması milli qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət edilmədən aparılıb. Bununla əlaqədar olaraq ərizəçi həmçinin iddia etdi ki, məhkəmə prosesinin gedişini sürətləndirməyə cəhd etmək onun vəzifəsi deyildi.
86. İkincisi, Maribor rayon məhkəməsi X-in əlilliyinin ərizəçinin iddia etdiyi zorakılıq hərəkətlərinin törədilməsinə həqiqətən maneə yaradıb-yaratmadığını aydınlaşdırmaq üçün mühüm şahidləri çağırmaqdan və ortopediya üzrə yeni ekspert təyin etməkdən imtina edib. Eləcə də məhkəmə ərizəçinin özünü aktiv şəkildə müdafiə etmək iqtidarında olduğu barədə ortopediya üzrə yeni ekspertin rəyinə əhəmiyyətli dərədəcə əsaslanmaqda qərəzsizlik prinsipini pozub. Bundan əlavə, həmin rəy X-in sol qolundan müəyyən dərəcədə istifadə edə bildiyini göstərən bəzi digər sübutlarla ziddiyyət təşkil edirdi.
87. Bundan başqa, ərizəçi şikayət etdi ki, məhkəmə prosesi zamanı dövlət onun şəxsiyyətinin toxunulmazlığını qorumayıb. Bununla əlaqədar olaraq o iddia etdi ki, ginekologiya üzrə ekspert B. səlahiyyətinin hüdudlarını aşıb və cinayətin törədilməsi üçün əhəmiyyət daşıyan cinsi əlaqənin mümkünlüyü barədə məhkəmə istintaqını aparan hakimin sualına cavab vermək əvəzinə ərizəçiyə özünü ekspertdən müdafiə etmək məcburiyyətində qoyan bir sıra suallar verib (yuxarıda 22-ci bəndə bax).
88. Bundan əlavə, ərizəçi istintaq zamanı dindirilmiş olsa da, sonradan Maribor rayon məhkəməsindəki dörd dinləmədə ifadə verməli olub, nəticədə müttəhimin çoxsaylı təxribatçı və təkrarlanan suallar vasitəsilə ona əzab verməsinə imkan yaradılıb, halbuki müttəhimin vəkili var idi və həmin sualları vəkil verə bilərdi. Bu dindirmə onun dərin psixoloji iztirab keçirməsinə səbəb olub; o özünü məyus, alçaldılmış və köməksiz hiss edib. Bundan əlavə, müttəhimi elə bir vəkil təmsil edib ki, ərizəçi əvvəllər bu hadisələr barədə onunla söhbət etmişdi və o, aldığı məlumatlardan düzgün olmayan şəkildə istifadə edə, yaxud hətta sui-istifadə edə bilərdi. Bununla bağlı ərizəçi Məhkəmənin presedent hüququna, konkret olaraq Doorson Niderlanda qarşı (26 mart 1996-cı il, Reports of Judgments and Decisions 1996‑II), Van Mehelen və başqaları Niderlanda qarşı (23 aprel 1997-ci il, Reports of Judgments and Decisions 1997‑III) və S.N. İsveçə qarşı (ərizə № 34209/96, ECHR 2002‑V) işlər üzrə qərarlarına istinadən iddia etdi ki, daxili qanunvericilik təqsirləndirilən şəxsin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş müdafiə hüquqları ilə qurbanların 3-cü və 8-ci maddələrlə qorunan şəxsiyyətlərinin və şəxsi həyatlarının qorunması hüququ arasında balansın gözlənilməsini təmin etmirdi. Ərizəçinin sözlərinə görə, aldığı psixoloji zədə onun üçün ciddi və daimi psixoloji çətinliklər doğurub ki, bu da autoimmun xəstəliklərə gətirib çıxarıb. Nəhayət, ərizəçi şikayət etdi ki, daxili qanunvericilik onu şikayətləri ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin etməyib.
b) Hökumət
89. Hökumət iddia etdi ki, ərizəçiyə qarşı törədildiyi iddia edilən seksual zorakılıqlarla bağlı istintaq və onun ardınca aparılmış məhkəmə araşdırması səmərəli idi. Polis ərizəçini və X-i, habelə işə aidiyyəti olan şahidləri dindirmişdi və Hökumətin bildirdiyinə görə, prokurorluğun müdaxiləsi olmadığı halda cinayət işinin polis orqanı tərəfindən prokurorluğa göndərilməyəcəyini göstərən heç bir sübut yox idi. Məhkəmə istintaqı lazımi qaydada aparılmış və X-a qarşı ittiham aktının tərtib edilməsi ilə nəticələnmişdi.
90. Hökumət iddia etdi ki, məhkəmə araşdırması da qərəzsiz aparılıb. Ortopediya üzrə ekspert rəyinin digər sübutlarla ziddiyyət təşkil etdiyi barədə iddiaya gəlincə, o qeyd etdi ki, həmin rəy tibbi sənədlərə və X-in klinik müayinəsinin nəticələrinə əsaslanmışdı və rəydə onun düzgünlüyünü şübhə altına ala biləcək heç bir ziddiyyət və ya uyğunsuzluqlar yox idi. İddia edilən seksual zorakılıq aktlarını nə bir şahid görmüşdü, nə də ginekoloji müayinələrin nəticələri onu təsdiqləyirdi, buna görə də Maribor rayon məhkəməsi X-ə bəraət vermişdi. Ərizəçinin seksual sui-istifadəyə məruz qalmasının simptomları özünü büruzə versə də, məhkəmə bu faktı nəzərə almaya bilməzdi ki, ərizəçiyə qarşı seksual sui-istifadəyə yol vermiş digər bir şəxs barəsində cinayət prosesi hələ davam etməkdə idi və bu fakt psixologiya üzrə ekspert rəyi hazırlanarkən nəzərə alınmamışdı. İkincisi, Hökumət iddia etdi ki, ginekologiya üzrə ekspert ərizəçini "dindirməsə" də, məhkəmə zalından kənarda onunla söhbət etmişdi. Hökumətin fikrincə, ərizəçi ekspertin öz işini lazımi qaydada yerinə yetirmədiyini hesab edirdisə, onun prosesdən kənarlaşdırılması üçün vəsatət verə bilərdi.
91. Bundan başqa, X-in məhkəmə tərəfindən təyin olunmuş vəkili M.-ə gəlincə, Hökumət iddia etdi ki, X vəkilin məcburi qaydada təyin edilməsi hüququndan istifadə etmiş, Maribor rayon məhkəməsi isə bu cür təyinatları tənzimləyən qanunvericilik normalarına əməl etmişdi. Bundan əlavə, M.-in prosesdən kənarlaşdırılması barədə vəsatətində ərizəçi milli qanunvericiliyə əsasən bu məsələdə məhkəmənin onun xeyrinə qərar çıxarmasına əsas verən heç bir səbəb göstərməmişdi; buna görə də məhkəmə tərəflərin bu məsələ barədə rəylərini dinləməyə borclu deyildi. Hökumət əlavə etdi ki, M.-in nə vaxtsa boşanma prosesində ərizəçinin anasının ərini təmsil etmiş hüquq firmasında işləməsi faktı bu nəticəyə gəlməyə əsas vermir ki, M. X-in müdafiəçisi ola bilməzdi.
92. Bundan əlavə, Hökumət iddia etdi ki, ərizəçinin aldığı psixoloji zədənin ağırlaşmasının qarşısını almaq üçün həm istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı bir sıra tədbirlər görülmüşdü. İstintaq zamanı ərizəçi X-in və onun vəkilinin iştirakı olmadan dindirilmişdi. Beləliklə, məhkəmə dinləməsi müttəhimin ərizəçiyə suallar verməsi üçün yaranmış ilk imkan idi, çünki X tərəfindən törədildiyi iddia edilən cinayətkar hərəkətlərin yeganə şahidi ərizəçi hesab olunurdu. Hökumətin bununla bağlı rəyi ondan ibarət oldu ki, ərizəçinin işində müttəhimin müdafiə hüquqları onun ərizəçini çarpaz dindirməsini mümkünsüz edən dərəcədə məhdudlaşdıra bilməzdi. O qeyd etdi ki, hazırkı iş Doorsonun işindən, Van Mehelen və başqalarının işindən və S.N. İsveçə qarşı işdən fərqlənir, çünki bu işdə söhbət ərizəçinin təhlükəsizliyindən getmirdi və o artıq azyaşlı deyildi. Bununla belə, Hökumət vurğuladı ki, Maribor rayon məhkəməsi ictimaiyyəti məhkəmə zalından çıxarıb və ərizəçi ifadə verdiyi zaman X-i zaldan kənarlaşdırıb. Ərizəçi ifadəsini verdikdən sonra məhkəmə müttəhimin növbəti dinləmədə onu çarpaz dindirməsi barədə vəsatətini təmin edib.
93. Bununla əlaqədar olaraq Hökumət qeyd etdi ki, X-in işə aidiyyəti olmayan müəyyən sualları ərizəçiyə verməsinə icazə verilməyib, yaxud bu cür suallar verildikdə onların qarşısı alınıb. Bundan başqa, ərizəçinin çarpaz dindirilməsi zamanı məhkəmə bir neçə dəfə fasilə elan edib; Hökumət iddia etdi ki, ərizəçi zəruri hesab etdiyi təqdirdə əlavə fasilələr verilməsi üçün vəsatət verə bilərdi. Bundan əlavə, ərizəçi bütün məhkəmə prosesi ərzində vəkillə təmsil olunmuşdu.
94. Nəhayət, cinayət prosesindəki ləngimələrə gəlincə, Hökumət qeyd etdi ki, prosesin istintaq mərhələsində ərizəçi ləngimələr barədə səlahiyyətli məhkəmənin sədrinə şikayət edə bilərdi (yuxarıda 61-ci bəndə bax), amma bunu etmədi. Bununla belə, Hökumət etiraf etdi ki, ərizəçi 2006-cı il qanunu əsasında məhkəmə nəzarəti qaydasında iki şikayət ərizəsi verib (yuxarıda 33-cü və 52-ci bəndlərə bax). Maribor rayon məhkəməsi hər iki halda buna adekvat reaksiya verib; birinci dəfə bir ay ərzində dinləmə təyin olunub, ikinci dəfə isə məhkəmənin qərarını əsaslandıran səbəblər yazılı şəkildə hazırlanıb və şikayətin verilməsindən bir neçə gün sonra ərizəçiyə göndərilib. Məhkəmə dinləmələri həqiqətən müxtəlif səbəblərdən doqquz dəfə dayandırılıb; lakin yalnız birinci dəfə X-in xəstəliyi ilə əlaqədar olaraq dinləmə kifayət qədər uzun müddətə təxirə salınıb. Hökumət daha sonra iddia etdi ki, nəzərdən keçirilməli olan sübutların çoxluğu da bütövlükdə məhkəmə araşdırmasının uzun sürməsinə şərait yaradıb.
2. Məhkəmənin qiymətləndirməsi
...
b) Ərizəçiyə qarşı törədilmiş seksual zorakılıqla bağlı cinayət prosesində onun şəxsiyyətinin toxunulmazlığının müdafiəsi
101. Məhkəmə onu araşdırmalıdır ki, ərizəçiyə qarşı törədildiyi iddia edilən seksual zorakılıqla bağlı cinayət prosesində dövlət onun şəxsi həyatına hörmət hüququnu və xüsusən şəxsiyyətinin toxunulmazlığını yetərincə qorumuşdumu? Beləliklə, araşdırılacaq məsələ dövlətin hər hansı hərəkəti deyil, cinayət prosesində qurbanın hüquqlarının müdafiəsinə yönələn tədbirlərin görülməməsi və ya qeyri-adekvat olmasıdır. Bununla əlaqədar olaraq Məhkəmə bir daha bildirir ki, 8-ci maddənin əsas obyekti fərdi dövlət orqanlarının əsassız müdaxilələrindən qorumaq olduğuna görə həmin maddə dövlətin üzərinə təkcə bu cür müdaxiləyə yol verməkdən çəkinmək öhdəliyi qoymur: bu neqativ öhdəlikdən əlavə, şəxsi və ya ailə həyatına hörmət hüququndan irəli gələn pozitiv öhdəliklər də mövcud ola bilər. Bu öhdəliklər hətta fərdlərin öz aralarındakı münasibətlərdə də şəxsi həyata hörmətin təmin edilməsi məqsədini daşıyan tədbirlərin görülməsini özündə ehtiva edə bilər (bax: X və Y Niderlanda qarşı, 26 mart 1985-ci il, 23-cü bənd, A seriyaları, № 91).
102. Dövlətin 8-ci maddə üzrə daşıdığı pozitiv və neqativ öhdəliklər arasındakı sərhədi dəqiq müəyyən etmək mümkün deyil; bununla belə, bu cür hallarda tətbiq edilə bilən prinsiplər oxşardır. Hər iki kontekstdə ziddiyyətə girən müvafiq maraqlar arasında ədalətli balansın gözlənilməsinə diqqət yetirilməlidir (bax: Uayt İsveçə qarşı, ərizə № 42435/02, 20-ci bənd, 19 sentyabr 2006-cı il).
103. Cinayət prosesində müdafiə tərəfi ilə şahidlərin maraqları arasında münaqişələrə gəlincə, Məhkəmə artıq bir neçə işdə bildirib ki, cinayət prosesi şahidlərin həyatı, azadlığı və ya təhlükəsizliyinin əsassız risklərə məruz qalmamasını təmin edən tərzdə təşkil olunmalıdır və xüsusən məhkəmə prosesində ifadə verməyə çağırılan qurbanlar və ya onların maraqları bir qayda olaraq Konvensiyanın 8-ci maddəsinin tətbiq dairəsinə düşür. Beləliklə, müdafiə tərəfinin maraqlarını ifadə verməyə çağırılan şahidlərin və ya qurbanların maraqları ilə balanslaşdırmaq lazımdır (bax: Doorsonun işi üzrə yuxarıda istinad edilən qərar, 70-ci bənd). Qeyd etmək lazımdır ki, cinsi cinayətlərlə bağlı cinayət prosesləri bir çox hallarda, xüsusən də qurban öz istəyi əleyhinə müttəhimlə üz-üzə gəldiyi zaman qurban üçün sınağa çevrilir. Bu cəhətlər yetkinlik yaşına çatmayanların cəlb olunduğu işlərdə xüsusilə nəzərə çarpır. Buna görə də bu cür proseslərdə qurbanın müdafiəsi məqsədi ilə müəyyən tədbirlər görülə bilər, bu şərtlə ki, onlar müdafiə hüquqlarının adekvat və səmərəli şəkildə həyata keçirilməsi ilə uzlaşdırılmış olsun (bax: S.N. İsveçə qarşı işi üzrə yuxarıda istinad edilən qərar, 47-ci bənd; Ayqner Avstriyaya qarşı, ərizə № 28328/03, 35-ci bənd, 10 may 2012-ci il).
104. Məhkəmənin araşdırdığı işlərdə bir-biri ilə ziddiyyət təşkil edən müdafiə tərəfinin maraqları ilə qurbanın hüquqları arasında, xüsusən təqsirləndirilən şəxsin 6-cı maddənin 3"d" bəndində nəzərdə tutulmuş şahidləri çağırmaq və çarpaz dindirmək hüququ ilə qurbanın 8-ci maddədə nəzərdə tutulmuş hüquqları arasında dövlət orqanlarının balansa nail olub-olmamaları məsələsi təqsirləndirilən şəxs tərəfindən qaldırılıb. Bu işdə isə əksinə, Məhkəmənin bu məsələni iddia edilən qurbanın nöqteyi-nəzərindən araşdırması tələb olunur. Bu məsələni həll edərkən Məhkəmə müvafiq beynəlxalq sənədlərdə əks olunmuş meyarları nəzərə alacaq (yuxarıda 69-72-ci bəndlərə bax). Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə aparılması haqqında Avropa Şurasının Konvensiyası qurbanların hüquqlarının və maraqlarının müdafiəsi üçün zəruri qanunvericilik tədbirlərinin və digər tədbirlərin görülməsini iştirakçı dövlətlərdən tələb edir. Bu tədbirlər sırasına, digərləri ilə yanaşı, qurbanların təhdidlərdən və təkrarən qurbana çevrilməkdən müdafiə edilməsi, qurbanların dinlənilməsinə və rəylərini, tələbatlarını və narahatlıqlarını bildirməsinə və onların lazımi şəkildə nəzərdən keçirilməsinə imkan yaradılması və qüvvədə olan qanunvericilik imkan verdiyi hallarda ehtimal olunan cinayətkarın iştirakı olmadan qurbanın ifadə verməsinə şərait yaradılması daxildir. Bundan əlavə, cinayət qurbanlarının hüquqlarının və müdafiəsinin minimal standartlarını müəyyən edən Avropa İttifaqının direktivində, digər məsələlərlə yanaşı, nəzərdə tutulur ki, qurbanların dindirilməsi əsassız gecikdirmələr olmadan aparılmalı və tibbi müayinələrin sayı minimuma endirilməlidir.
105. Sözügedən cinayət prosesində ərizəçinin hüquqlarının müdafiə edilməsinin üsullarına gəlincə, Məhkəmə qeyd edir ki, birincisi, məhkəmədəki dinləmədə onun verdiyi ifadələr iş üzrə yeganə birbaşa dəlillər idi. Bundan başqa, təqdim edilmiş digər dəlillər bir-birinə zidd idi, belə ki, seksual zorakılığın baş verdiyini təsdiq edən psixoloq rəyi ortopedik rəy ilə ziddiyyət təşkil edirdi. Bunları nəzərə alaraq bir daha qeyd etmək lazımdır ki, ədalətli məhkəmə araşdırmasının maraqları müdafiə tərəfinə ərizəçini çarpaz dindirmək imkanının yaradılmasını tələb edirdi və həmin vaxt o daha yetkinlik yaşına çatmayan şəxs deyildi. Bununla belə, bu məsələni müəyyənləşdirməyə ehtiyac var ki, ərizəçinin dindirilməsi onun şəxsiyyətinin toxunulmazlığı ilə X-in müdafiə hüquqları arasında ədalətli balansa riayət edilən tərzdə aparılmışdımı?
106. Bununla bağlı Məhkəmə bir daha bildirir ki, bir qayda olaraq, müttəhimin 6-cı maddənin 1 və 3"d" bəndində nəzərdə tutulmuş hüquqları tələb edir ki, müttəhimin onun əleyhinə ifadə verən şahidin ifadəsini həmin şahid ifadə verdiyi məqamda, ya da prosesin hər hansı sonrakı mərhələsində şübhə altına almasına və ona suallar verməsinə adekvat və lazımi imkan yaradılmalıdır (bax: Saadi Fransaya qarşı, 20 sentyabr 1993-cü il, 43-cü bənd, A seriyaları, № 261-C; və A.M. İtaliyaya qarşı, ərizə № 37019/97, 25-ci bənd, ECHR 1999-IX). Bundan başqa, Məhkəmə müəyyən dindirmə xəttini qiymətləndirərkən ehtiyatlı olmalı və nəzərə almalıdır ki, sübutların qəbulunun mümkünlüyünə və işə aidiyyəti məsələsinə dair qərar vermək ilk növbədə milli hakimiyyət orqanlarının işidir (bax: Şenk İsveçrəyə qarşı, 12 iyul 1988-ci il, 46-cı bənd, A seriyaları, № 140; və Engel və başqaları Niderlanda qarşı, 8 iyun 1976-cı il, 91-ci bənd, A seriyaları, № 22). Bunu söyləyərkən onu da qeyd etmək lazımdır ki, Məhkəmə artıq qərarlarında bildirib ki, şəxsin özünü müdafiə etmək hüququ ona istənilən müdafiə arqumentlərindən məhdudiyyətsiz istifadə etmək hüququ vermir (bax (müvafiq dəyişikliklərlə): Brandştetter Avstriyaya qarşı, 28 avqust 1991-ci il, 52-ci bənd, A seriyaları, № 211). Beləliklə, seksual zorakılıq cinayətlərində ittiham olunan müttəhimlərlə həmin cinayətlərin iddia edilən qurbanlarının birbaşa üzləşdirilməsi sonuncuların yeni mənəvi zədələr alması riskini doğurduğuna görə, Məhkəmənin fikrincə, şəxsən müttəhim tərəfindən çarpaz dindirmənin həyata keçirilməsinin zəruriliyi, xüsusən də olduqca intim məsələlərdən söhbət getdiyi hallarda, milli məhkəmələr tərəfindən çox diqqətlə qiymətləndirilməlidir.
107. Ərizəçinin dindirilməsinin yeddi ay ərzində keçirilmiş dörd məhkəmə dinləməsi ərzində davam etməsi (yuxarıda 31, 32, 34-38 və 40-cı bəndlərə bax) kifayət qədər uzun müddətdir və xüsusən də dinləmələr arasında uzun fasilələr üçün hər hansı aşkar səbəbin olmadığını nəzərə alsaq, Məhkəmənin fikrincə bu hal özü-özlüyündə narahatlıq doğurur. Bundan başqa, həmin dinləmələrin ikisində məhkəmə prosesi boyunca vəkillə təmsil olunmuş müttəhim X şəxsən ərizəçini çarpaz dindirib. Fiziki cəhətdən ərizəçiyə hücum etmək gücündə olmadığını iddia etməkdən əlavə, X həm də apardığı çarpaz dindirməni bu mülahizə üzərində qurmuşdu ki, ərizəçi ona etibar edir və onun yanında olmağa çalışırdı, onun özü isə buna can atmırdı, ərizəçinin ona qarşı irəli sürdüyü ittihamlar isə ərizəçinin anasının ondan pul qoparmaq istəyindən irəli gəlirdi.
108. Məhkəmə qeyd edir ki, X-in verdiyi bəzi suallar elə qurulmuşdu ki, onların mümkün cavabları elə sualların özündən anlaşılırdı, bir sıra suallar isə bir neçə dəfə verilmişdi (yuxarıda 34-cü və 36-cı bəndlərə bax). X həmçinin ərizəçinin cavablarının doğruluğunu daim şübhə altına alaraq hadisələrə dair öz versiyasını irəli sürürdü. Ərizəçinin ifadələrinin mötəbərliyini və inandırıcılığını şübhə altına almaq və onun ifadəsindəki uyğunsuzluqları aşkara çıxarmaq üçün müdafiə tərəfinə həqiqətən müəyyən dərəcədə sərbəstlik verilməlidir. Bununla belə, Məhkəmə hesab edir ki, çarpaz dindirmədən şahidləri hədələmək və ya alçaltmaq vasitəsi kimi istifadə edilməməlidir. Bununla bağlı Məhkəmə hesab edir ki, X-in bəzi sualları və mülahizələri hər hansı sübuta söykənməyən ehtimallara əsaslanırdı, belə ki, guya ərizəçi insanların hissləri ilə manipulyasiya etmək üçün göstəriş əsasında ağlaya bilərdi və əgər X ilə nahar etsəydi iztirabları azalardı, yaxud da guya o X-ə etiraf etmişdi ki, kişilər üzərində hökmranlıq etməyi arzulayır və bütün bunlar təkcə ərizəçinin ifadələrinin inandırıcılığına şübhə yaratmağa yönəlməmişdi, həm də onun xarakterini mənfi tərəfdən təqdim etməyə yönəlmişdi.
109. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı ərizəçinin şəxsiyyətinin toxunulmazlığına hörmətin təmin edilməsinə görə cavabdehliyi ilk növbədə sədrlik edən hakim daşıyırdı. Məhkəmənin rəyinə görə, ərizəçinin bilavasitə ona qarşı seksual zorakılıq törədilməsində ittiham etdiyi şəxs tərəfindən təfsilatlı şəkildə və uzun-uzadı dindirildiyi situasiyanın həssaslığı sədrlik edən hakimdən tələb edirdi ki, X-in suallarının və şərhlərinin formasına və məzmununa nəzarət etsin və zərurət yarandıqda müdaxilə etsin. Dinləmənin protokolundan belə məlum olur ki, sədrlik edən hakim həqiqətən işə aidiyyəti olmayan müəyyən sualların verilməsini X-ə qadağan edib. Bununla belə, Məhkəmə bu fikirdədir ki, X-in ərizəçi barəsindəki təhqiramiz mülahizələri onun səmərəli müdafiəsini qura bilməsi üçün yol verilə bilən hüdudları aşmışdı və analoji reaksiya tələb edirdi. Digər tərəfdən, X-in apardığı çarpaz dindirmənin geniş məsələləri əhatə etdiyini nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, X-in şəxsi mülahizələrini söyləməsinin məhdudlaşdırılması onun müdafiə hüquqlarının əsassız olaraq məhdudlaşdırılması sayıla bilməzdi. Bu cür müdaxilə ərizəçinin keçirdiyi iztirabları yüngülləşdirə bilərdi (yuxarıda 37-ci və 38-ci bəndlərə bax).
110. Bundan başqa, ərizəçi seksual hücumlar barədə polisə müraciət etməzdən əvvəl bu məsələ barəsində X-in vəkili M.-dən məsləhətlər aldığına görə M.-in məhkəmə prosesindən kənarlaşdırılmalı olduğuna dair ərizəçinin iddiasına gəlincə, məhkəmə araşdırmasına qədər ərizəçi ilə M.-in bir-birini tanıyıb-tanımaması və əgər tanıyırdılarsa aralarında nə cür münasibətin olması barədə mülahizə yürütmək Məhkəmənin deyil, milli hakimiyyət orqanlarının vəzifəsidir. Hər halda belə görünür olur ki, daxili qanunvericiliyə əsasən ərizəçi ilə M. arasında məhkəməyə qədər qeyri-formal məsləhətləşmənin aparılması sonuncunun məhkəmə prosesindən kənarlaşdırılmasına gətirib çıxara biləcək maraqlar münaqişəsini doğurmur (yuxarıda 29, 31 və 40-42-ci bəndlərə bax). Müvafiq olaraq, M.-in prosesdən kənarlaşdırılması üçün ərizəçi tərəfindən heç bir qanuni əsas göstərilmədiyinə görə Maribor rayon məhkəməsi onun vəsatətini rədd etmişdi.
111. Bununla belə, ərizəçinin iddiasının doğru olduğunu fərz etsək, Məhkəmə yalnız bu nəticəyə gələ bilər ki, ərizəçinin M. tərəfindən çarpaz dindirilməsinin mənfi psixoloji təsiri onun başqa vəkil tərəfindən çarpaz dindirilməsi ilə müqayisədə əhəmiyyətli dərəcədə böyük idi. Müvafiq olaraq, M.-in prosesdən kənarlaşdırılması məsələsini həll edərkən bu mülahizəyə tamamilə əhəmiyyət verməmək olmazdı. Üstəlik, Məhkəmə məsələyə daha geniş kontekstdə yanaşaraq əlavə etmək istərdi ki, M.-in vəkil qismində ərizəçidən aldığı istənilən məlumat, hətta həmin məlumatın icazəsiz yayılmaması barədə razılaşma olmasaydı belə, konfidensial məlumat sayılmalı idi və bu məsələyə dair məhkəmə prosesində qarşı tərəfin maraqları üçün istifadə edilə bilməzdi. Beləliklə, Məhkəmə bu qənaətə gəlir ki, müdafiəçinin prosesdən kənarlaşdırılmasına dair daxili qanunvericilik normaları, yaxud bu işdə onların tətbiq edilmə forması, ərizəçinin maraqlarını yetərincə nəzərə almamışdı.
112. Nəhayət, ərizəçi şikayət etdi ki, araşdırılan dövrdə ərizəçinin cinsi əlaqədə olub-olmadığını müəyyənləşdirməli olan ginekologiya üzrə ekspert B. vəzifəsinə aidiyyəti olmayan bir sıra suallara cavab verməyə onu məcbur edib. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, birincisi, mövcud situasiyanın təbiəti cinayət prosesində cinayət qurbanlarının şəxsiyyətinin toxunulmazlığının ilk növbədə həmin prosesi həyata keçirən dövlət orqanları tərəfindən qorunmasını tələb edir. Bununla əlaqədar olaraq Məhkəmə bu fikirdədir ki, dövlət orqanları işin istintaqının aparılmasına və iş üzrə qərarın qəbuluna yardım göstərmək vəzifəsi daşıyan digər proses iştirakçıları tərəfindən cinayət qurbanlarının və şahidlərinin insan ləyaqətinə hörmətlə yanaşılmasını və onlara lüzumsuz narahatlıq yaradılmamasını təmin etməlidirlər. Hazırkı işə gəlincə, qeyd etmək lazımdır ki, Hökumət bu faktı şübhə altına almayıb ki, B.-nin prosesdəki statusundan asılı olmayaraq onun davranışına görə dövlət məsuliyyət daşıya bilər. Məhkəmə başqa cür düşünmək üçün əsas görmür və qeyd edir ki, ekspert məhkəmə istintaqını aparan hakim tərəfindən təyin olunmuş və etiraz doğuran müayinənin keçirilməsi barədə qərar həmin hakim tərəfindən məhkəmə səlahiyyətlərinin icrası prosesində qəbul edilmişdi.
113. Bundan başqa, ekspert B. tərəfindən ərizəçinin müayinəsinin gedişatına gəlincə, Məhkəmə qeyd edir ki, o, ərizəçinin ifadələrini polisdən aldığı məlumatlarla, ortopedik rəylə tutuşdurmuş və ondan soruşmuşdu ki, nəyə görə özünü daha cidd-cəhdlə müdafiə etməyib (yuxarıda 22-ci bəndə bax); bununla da o, həqiqətən apardığı müayinənin predmeti olan məsələyə aidiyyəti olmayan suallar qoymuşdu. Məhkəmənin rəyinə görə, B.-nin sualları və mülahizələri, habelə öz ekspert rəyində gəldiyi hüquqi qənaətlər onun və apardığı tibbi müayinənin qarşısında qoyulmuş vəzifənin hüdudlarından kənara çıxırdı. Bundan əlavə, belə görünür ki, B. seksual zorakılıq qurbanları ilə dindirmənin aparılması ilə bağlı peşə hazırlığına malik deyildi; müvafiq olaraq, prokurorluq və məhkəmə orqanlarının səlahiyyətinə aid olan məsələlərə onun müdaxilə etməsinin məqsədini başa düşmək çətindir. Daha önəmlisi budur ki, ərizəçinin iddia etdiyi kimi, o, müdafiə mövqeyi tutmağa məcbur edilmişdi, bu isə, Məhkəmənin rəyinə görə, cinayət prosesinin yaratdığı gərginliyi lüzumsuz olaraq daha da artırmışdı.
114. Məhkəmə bu faktı nəzərə alır ki, dövlət orqanlarının və xüsusən sözügedən məhkəmə araşdırmasında sədrlik edən hakimin qarşısında ziddiyyətə girən maraqların balanslaşdırılması, habelə müttəhimin hüquqi yardım almaq və onun əleyhinə ifadə verən şahidləri dindirmək hüququnun səmərəli şəkildə həyata keçirilməsinin təmin edilməsi kimi həssas vəzifə dururdu. Ərizəçinin əlavə mənəvi zədə almasının qarşısını almaq üçün həqiqətən bir sıra tədbirlər görülmüşdü. Məhkəmə istintaqını aparan hakim onun ifadəsini müttəhimin və vəkilinin iştirakı olmadan almış, ictimaiyyət məhkəmə zalından xaric edilmiş və ərizəçi ifadə verdiyi zaman müttəhim məhkəmə zalından çıxarılmışdı (yuxarıda 18, 29, 31 və 34-cü bəndlərə bax). İfadə verdiyi zaman və çarpaz dindirmə zamanı ərizəçi stress keçirdiyinə görə məhkəmə dinləmələri bir neçə dəfə bir neçə dəqiqəliyə təxirə salınmış və ya başqa günə keçirilmişdi (yuxarıda 31, 37 və 38-ci bəndlərə bax). Bundan başqa, sədrlik edən hakim çarpaz dindirmədə sualların təkrarən verilməsinin yolverilməzliyi barədə müttəhimə xəbərdarlıq etmiş və bir sıra sualların verilməsinə icazə verməmişdi (yuxarıda 36-cı bəndə bax). Bununla belə, Məhkəmənin rəyinə görə, ərizəçi ilə müttəhim arasında öncədən mövcud olan münasibətlər və araşdırılan məsələnin intim xarakteri, habelə ərizəçinin yaşının az olması (iddia edilən seksual zorakılıq baş verdiyi zaman o, yetkinlik yaşına çatmamışdı) olduqca həssas məsələlər idi və sözügedən cinayət prosesini aparan dövlət orqanlarının işə lazımi həssaslıqla yanaşmasını tələb edirdi. Yuxarıda təhlil edilən və ərizəçinin şəxsiyyətinin toxunulmazlığına mənfi təsir göstərən amillərin məcmu nəticələrini nəzərə alaraq (yuxarıda 107-113-cü bəndlərə bax), Məhkəmə hesab edir ki, həmin amillər iddia edilən seksual zorakılıqların qurbanının ifadə verməsindən irəli gələn diskomfort hissini əhəmiyyətli dərəcədə artırıb və müvafiq olaraq, bu hala ədalətli məhkəmə araşdırmasının tələbləri ilə haqq qazandırmaq olmaz.
115. Beləliklə, Məhkəmə bu fikirdədir ki, hazırkı işdə cinayət prosesinin aparılması üsulu ərizəçini zəruri müdafiə ilə təmin etməyib, söhbət elə müdafiədən gedir ki, bu zaman ərizəçinin 8-ci maddə ilə qorunan hüquq və maraqları ilə X-in Konvensiyanın 6-cı maddəsi ilə qorunan müdafiə hüquqları arasında lazımi balans gözlənilmiş olsun.
116. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.
...
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:
1. Yekdilliklə ərizəni qəbulolunan elan edir;
2. Yekdilliklə qərara alır ki, cavabdeh dövlətin hakimiyyət orqanları seksual zorakılıq barədə ərizəçinin şikayəti üzrə istintaqın və məhkəmə təqibinin yubadılmadan aparılmasını təmin etmədiklərinə görə Konvensiyanın 3-cü maddəsi pozulub;
3. Bir səsə qarşı altı səslə qərara alır ki, cavabdeh dövlətin hakimiyyət orqanları ərizəçiyə qarşı seksual zorakılıqla bağlı cinayət prosesində onun şəxsiyyətinin toxunulmazlığını qorumadıqlarına görə Konvensiyanın 8-ci maddəsi pozulub;
...
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 28 may 2015-ci ildə yazılı şəkildə elan olunub.
Mark Villger (Mark Villiger)
Sədr
Klaudiya Vesterdik (Claudia Westerdiek)
Katib
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy