Yaroslav Belousov (Yaroslav Belousov) Rusiyaya qarşı – ərizələr № 2653/13 və 60980/14
4.10.2016 tarixli qərar [III Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Cinayət işinə baxılarkən müttəhimin şüşə kabinənin içərisinə salınması: birinci məhkəmə zalında pozuntu baş verib, ikincidə isə pozuntu baş verməyib
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Şüşə kabinənin içərisinə salınmasının təqsirləndirilən şəxsin prosesdə səmərəli iştirak hüququnu həyata keçirməsinə təsiri: pozuntu baş verib
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Dinc toplaşmaq azadlığı
Kütləvi iğtişaşda iştirak etdiyinə görə etiraz mitinqi iştirakçısının məhkum olunması və azadlıqdan məhrum edilməsi: pozuntu baş verib
Faktlar – Ərizəçi 2012-ci ilin mayında Moskvada Bolotnaya meydanında siyasi mitinqin dağıdılması zamanı saxlanılmış və polis əməkdaşının göstərişinə tabe olmamaqda ittiham edilmişdi. Məhkəmə prosesinin ilk iki ayında keçirilmiş dinləmələrdə ərizəçi və digər təqsirləndirilən doqquz şəxs olduqca darısqal şüşə kabinəyə salınmışdılar. Sonradan dinləmələr ərizəçi və digər təqsirləndirilən şəxslər üçün yerin daha geniş olduğu iki şüşə kabinə ilə təchiz edilmiş digər məhkəmə zalında keçirildi. Avropa Məhkəməsinə şikayətlərində ərizəçi digər məsələlərlə yanaşı bildirdi ki, bu cür kabinəyə salınması ləyaqəti alçaldan rəftara bərabərdir və onun məhkəmə araşdırmasında səmərəli iştirak etmək hüququnu pozub. Bundan başqa, o, dinc toplaşmaq hüququnun pozulduğunu iddia etdi.
Hüquqi məsələlər
Maddə 3: Məhkəmə zalında qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün seçilmiş vasitə sərtlik dərəcəsinə və ya xarakterinə görə Konvensiyanın 3-cü maddəsinin tətbiq dairəsinə düşə biləcək məhdudlaşdırıcı tədbirləri özündə ehtiva etməməlidir. Konkret olaraq, metal qəfəsə salınma obyektiv baxımdan ləyaqəti alçaldan xarakter daşıdığına görə Konvensiyanın 3-cü maddəsinə ziddir (bax: Svinarenko və Slyadnev Rusiyaya qarşı [BP], ərizələr № 32541/08 və 43441/08, 17 iyul 2014-cü il, 176 saylı Məlumat bülleteni).
Şüşə kabinələr metal barmaqlıqlar qədər sıxıntılı görünməsələr də və müttəhimlərin şüşə arakəsmələr arxasında və ya şüşə kabinələrdə yerləşdirilməsi metal barmaqlıqlarda olduğu kimi özü-özlüyündə 3-cü maddənin tətbiqi üçün tələb olunan minimal qəddarlıq səviyyəsinə çatmaq üçün yetərli sayıla biləcək alçaldıcı element olmasa da, bütövlükdə götürüldükdə şüşə kabinələrdə yerləşdirilmə müttəhimlərə həbs üçün səciyyəvi olan qaçılmaz iztirabın hüdudlarını aşan dərədəcə iztirab və məhrumiyyətlər gətirərsə, yuxarıda qeyd edilən qəddarlıq səviyyəsinə çata bilər.
Dinləmələrin ilk iki ayı ərzində ərizəçi doqquz nəfər digər müttəhimlə birlikdə 5,4 kvadrat metr sahəsi olan şüşə kabinənin içərisində saxlanılmış və faktiki olaraq onların arasında məsafə qalmamışdı. Həmin dövrdə o, həftədə üç dəfə bir neçə saat məhkəmə iclasında bu şəraitdə saxlanmağa dözməli olmuşdu. Bu məhkəmə işi böyük rezonans doğurmuş və milli və beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən ətraflı işıqlandırılmışdı, beləliklə, ərizəçi geniş ictimaiyyətə daim bu darısqal qurğunun içərisində olduğu vəziyyətdə təqdim edilmişdi. Bu elementlər Məhkəmənin bu qənaətə gəlməsi üçün kifayət idi ki, dinləmələrin birinci iki ayı ərzində zalda saxlanma şəraiti ləyaqəti alçaldan rəftara bərabər olmaqla 3-cü maddənin pozuntusunu təşkil etmişdi. Lakin ikinci məhkəmə zalındakı dinləmələrə gəlincə, Məhkəmə qeyd etdi ki, həmin məhkəmə zalında quraşdırılmış iki kabinə ərizəçinin ən azı 1,2 kv. metr fərdi məkana malik olmasına imkan verirdi ki, bu da həddən artıq darısqallıqla bağlı narahatlığı və alçalmanı aradan qaldırmağa imkan yaradırdı. Şüşə qurğuların ərizəçinin prosesdə iştirak etməsinə və vəkili ilə ünsiyyətdə olmasına maneə yaratdığı barədə iddiaya gəlincə, onlara ərizəçinin keçirdiyi təşviş və iztirabları artıran elementlər kimi baxmaq olardı, amma təklikdə götürüldükdə bu amil 3-cü maddənin tətbiqindən ötrü zəruri olan qəddarlıq həddini aşan tədbir sayılmaq üçün yetərli deyildi.
Nəticə: birinci məhkəmə zalında pozuntu baş verib (yekdilliklə).
Nəticə: ikinci məhkəmə zalında pozuntu baş verməyib (yekdilliklə).
6-cı maddənin 3(b) və (c) bəndləri ilə əlaqəli şəkildə götürülmüş 1-ci bəndi: Məhkəmənin rəyinə görə, birinci məhkəmə zalında ərizəçinin həddən artıq sıxlıq şəraitində şüşə kabinədə saxlanılması ilə əlaqədar olaraq 3-cü maddənin pozulduğu müəyyən edildikdən sonra məhkəmə prosesi ərzində müttəhimin ləyaqətinin bu cür alçaldılmasını ədalətli məhkəmə araşdırması anlayışı ilə bir araya sığan hal hesab etmək çətindir. Buradan belə nəticə çıxır ki, ilk iki ay ərzində ərizəçinin işi üzrə məhkəmə araşdırması Konvensiyanın 6-cı maddəsi pozulmaqla aparılıb.
İkinci məhkəmə zalında kabinədəki sıxlıq məsələsi həll edilsə də, ərizəçinin məhkəmə prosesində iştirakı və vəkilinin yardımından istifadə etməsi qarşısında maneələr qalırdı. Təqsirləndirilən şəxsin vəkili ilə üçüncü şəxsin eşidə bilməyəcəyi şəraitdə ünsiyyətdə olmaq hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırmasının əsas tələblərindən biridir. Məhkəmə cinayət işinə baxılarkən məhkəmədə təhlükəsizliyin təmin edilməsi problemlərini də nəzərə alır. Bununla belə, müdafiə hüquqlarının mühümlüyünü və müttəhimin məhkəmə prosesində iştirakını və ya vəkilləri ilə qarşılıqlı əlaqəsini məhdudlaşdıran hər hansı tədbirlər yalnız zərurət olduqda tətbiq edilməli və konkret halda mövcud olan risklərə mütənasib olmalıdır. Ərizəçi məhkəmə zalının qalan hissəsindən şüşə arakəsmə ilə təcrid olunmuşdu və bu fiziki maneə onun dinləmədə iştirak etmək imkanını müəyyən dərəcədə azaldırdı. Bu tədbir onun vəkili ilə konfidensial fikir mübadiləsi aparmasımı mümkünsüz etmişdi, belə ki, o, vəkillə yalnız mikrofon vasitəsilə və mühafizəçi polislərə çox yaxın olan məsafədə danışa bilərdi. Təhlükəsizlik kabinəsindən istifadə hər hansı konkret risklərlə və ya məhkəmə zalında qayda-qanunu təmin etmək zərurəti ilə əlaqədar deyildi, sadəcə adi praktika idi. Birinci instansiya məhkəməsi ərizəçinin kabinədən kənarda yerləşdirilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik deyildi və belə görünür ki, məhkəmə zalında quraşdırılmış kabinələrin ərizəçinin müdafiə hüquqlarına təsir göstərdiyini qəbul etmirdi. O, bu məhdudiyyətləri kompensasiya edə biləcək hər hansı tədbirlər görməmişdi. Bu vəziyyət birinci instansiya məhkəməsindəki bütün icraat boyu davam etmişdi və bütövlükdə prosesin ədalətliliyinə mənfi təsir göstərməyə bilməzdi. Ərizəçinin prosesdə səmərəli iştirak etmək və praktiki və səmərəli hüquqi yardım almaq hüququ məhdudlaşdırılmışdı və bu məhdudiyyətlər nə zəruri, nə də mütənasib idi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 11: Bolotnaya meydanındakı toplantı 11-ci maddənin tətbiq dairəsinə düşürdü. Ərizəçinin kütləvi toplantıda iştiraka görə cinayət təqibinə məruz qalması və məhkum edilməsi onun toplaşmaq azadlığını həyata keçirməsinə müdaxilə təşkil edirdi, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və qanuni məqsədlər daşıyırdı, yəni iğtişaşın və cinayətin qarşısının alınmasına və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdi.
Ərizəçinin məhkum edilməsinin demokratik cəmiyyətdə zəruri olub-olmaması məsələsinə gəlincə, ərizəçi icazəli toplantıda iştirak etdiyinə, hökumət əleyhinə şüarlar səsləndirdiyinə və polis əməkdaşının çiyninə dəyərək onu ağrıtmış naməlum yumru əşyanı həmin polisə atdığına görə iki il üç ay müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə qəbul etdi ki, ola bilsin kütlənin içərisində bir sıra şəxslər vardı ki, etirazçılarla polislər arasında toqquşmaların baş verməsinə şərait yaratmışdılar. Lakin ərizəçinin işində önəmli olan bu idi ki, ilkin təcavüzkarlıq aktlarına görə təqsirkar olanlar arasında ərizəçi yox idi; o, artıq polislər etirazçıları həbsə etməyə başladıqları zaman sarı rəngli əşyanı savaşanların başı üzərindən yuxarıya doğru atmışdı. Ərizəçinin toplantıda əhəmiyyətli rola malik olmadığını və toqquşmalarda praktiki olaraq iştirak etmədiyini nəzərə alaraq, Məhkəmə Hökumətin qeyd etdiyi risklərin (potensial vətəndaş iğtişaşları, siyasi qeyri-sabitlik və ictimai qaydaya qarşı təhlükə) şəxsən ərizəçiyə aidiyyəti olduğunu hesab etmədi. Beləliklə, bu səbəblər ərizəçinin iki il üç ay müddətinə azadlıqdan məhrum edilməsinə haqq qazandıra bilməzdi və ərizəçinin bu müddətə azadlıqdan məhrum edilməsi təxirəsalınmaz ictimai tələbatdan irəli gəlmirdi. Ərizəçinin cinayətə görə məhkum edilməsi və xüsusən cəzanın ağırlığı onu və digər müxalifət tərəfdarlarını, eləcə də bütövlükdə ictimaiyyəti nümayişlərə getməkdən və daha geniş şəkildə götürsək, ictimai müzakirələrdə iştirak etməkdən çəkindirə bilərdi. Cəzanın ağırlığı qarşıya qoyulmuş qanuni məqsədlərə açıq-aydın qeyri-mütənasib idi. Ərizəçinin məhkum edilməsi demokratik cəmiyyətdə zəruri deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə bu qənaətə gəldi ki, məhkəməyəqədər həbsdə saxlanma şəraiti ilə, yaxud ərizəçi üçün adekvat tibbi yardımın təmin edilməməsi məsələsi ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulmayıb; onun məhkəmə binasına gətirilmə və oradan aparılma şəraiti ilə bağlı 3-cü maddənin pozuntusu baş verib və həmçinin 5-ci maddənin 3-cü bəndi pozulub.
Maddə 41: mənəvi ziyana görə 12.500 avro təyin edildi; qərara alındı ki, icraatın təzələnməsi, bunun üçün müraciət edildiyi təqdirdə, prinsipcə ən məqsədəuyğun kompensasiya forması olar.
Full & Egal Universal Law Academy