İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BÖYÜK PALATA
YUMAK VƏ SADAK TÜRKİYƏYƏ QARŞI
(CASE OF YUMAK AND SADAK v. TURKEY)
(10226/03 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
8 iyul 2008-ci il
Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil. Geniş məlumat üçün müəlliflik hüququ ilə bağlı bu sənədin sonundakı tam məlumata bax.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire 1’indication de copyright/droits d’auteur a la fin du present document.
Yumak və Sadak Türkiyəyə qarşı işi üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası
sədr Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
hakimlər:
Per Lorensen (Peer Lorenzen),
Fransuaz Tülkens (Françoise Tulkens),
Josep Kasadevall (Josep Casadevall),
Rıza Türmen,
Korneliu Birsan (Corneliu Bîrsan),
Volodimir Butkeviç (Volodymyr Butkevych),
Nina Vayiç (Nina Vajić),
Anatoliy Kovler (Anatoly Kovler),
Vladimiro Zaqrebelski (Vladimiro Zagrebelsky),
Elizabet Şteyner (Elisabeth Steiner),
Xavyer Borreqo Borreqo (Javier Borrego Borrego),
Xanlar Hacıyev,
Renate Yeqer (Renate Jaeger),
Yan Şikuta (Ján Šikuta),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Paaivi Hirvelaa (Päivi Hirvelä), ,
və yuriskonsult Vinsan Berjedən (Vincent Berger) ibarət tərkibdə
2007-ci il noyabrın 21-də və 2008-ci il iyunun 4-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının («Konvensiya») 34-cü maddəsinə əsasən Türkiyənin iki vətəndaşı - cənab Mehmet Yumak və cənab Resul Sadak (“ərizəçilər”) tərəfindən 2003-cü il martın 1-də Məhkəməyə Türkiyə Respublikasına qarşı verilmiş ərizə (№ 10226/03) əsasında başlanmışdır.
2. Hüquqi yardımla təmin edilmiş ərizəçiləri Diyarbəkirdə fəaliyyət göstərən vəkil cənab T.Elçi təmsil etmişdir. Türkiyə Hökumətini (“Hökumət”) onun səlahiyyətli nümayəndəsi təmsil etmişdir.
3. Ərizəçilər ölkədə parlament seçkilərində tətbiq edilmiş 10 faizlik seçki baryerinin xalqın qanunverici hakimiyyət orqanını seçərkən iradəsini sərbəst ifadə etməsinə müdaxilə olduğunu iddia etmişlər. Ərizəçilər 1 saylı Protokolun 3-cü maddəsinə istinad etmişlər.
4. Ərizə Məhkəmənin İkinci Seksiyasının icraatında verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 2006-cı il mayın 9-da həmin Seksiyanın hakimlər Jan-Pol Kosta, İreneu Kabral Barretto, Rıza Türmen, Mindia Uqrexelidze, Antonella Mularoni, Elizabet Fura-Sandström və Draqolyub Popoviç, habelə Seksiyanın katibi Salli Dolledən ibarət tərkibdə olan Palatası ərizənin qismən mümkün olması barədə qərar qəbul etmişdir.
5. İşə mahiyyət üzrə açıq iclasda Strasburqda İnsan Hüquqları Sarayında 2006-cı il sentyabrın 5-də baxılmışdır.
6. Palata 2007-ci il yanvarın 30-da qəbul etdiyi qərarda (Palatanın qərarı) beş səs lehinə və iki səs əleyhinə olmaqla hazırkı işdə 1 saylı Protokolun 3-cü maddəsinin pozulmadığı barədə qənaətə gəlmişdir. Hakimlər İreneu Kabral Barretto və Antonella Mularoninin birgə xüsusi rəyi qərara əlavə edilmişdir.
7. 2007-ci il aprelin 21-də ərizəçilər işin Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq Böyük Palataya verilməsini xahiş etmişlər. 2007-ci il iyulun 9-da Böyük Palatanın kollegiyası bu xahişi təmin etmişdir.
8. Böyük Palatanın tərkibi Konvensiyanın 27-ci maddəsinin 2-ci və 3-cü hissələrinə və Məhkəmənin Reqlamentinin 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur.
9. Həm ərizəçilər, həm də Hökumət işin mahiyyətinə dair yazılı izahatlarını Məhkəməyə təqdim etmişlər. Böyük Palatanın sədri tərəfindən yazılı icraatda iştirakına icazə verilmiş (Konvensiyanın 36-cı maddəsinin 2-ci hissəsi və 24-cü Qayda) “Azlıqların Hüquqları üzrə Beynəlxalq Qrup” (Minority Rights Group International) adlı Londonda yerləşən qeyri-hökumət təşkilatı də öz izahatlarını Məhkəməyə təqdim etmişdir.
10. Dinləmələr 2007-ci il noyabrın 21-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilmişdir (59-cu Qaydanın 3-cü bəndi).
Dinləmələrdə aşağıdakı şəxslər iştirak etmişlər:
(a) Hökumət tərəfindən
Cənab M. Özmen,həmnümayəndə,
Cənab H. Hünler,vəkil,
Xanım A. Özdemir,
Xanım V. Sirmen,
Xanım Y. Renda,
Xanım Ö. Gazialem,məsləhətçilər;
(b) ərizəçilər tərəfindən
Cənab T. Elçi,nümayəndə,
Cənab T. Fişer,
Xanım E. Frank,məsləhətçilər,
Cənab R. Sadak,ərizəçi.
Məhkəmə cənab Elçi və cənab Özmenin çıxışlarını, habelə cənab Fişer və cənab Özmenin bir sıra hakimlərin suallarına verdikləri cavabları dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
11. Müvafiq olaraq 1962-ci və 1959-cu illərdə doğulmuş ərizəçilər Şırnakda yaşayırlar. Onlar Şırnak vilayətində Xalqın Demokratik Partiyasının (DEHAP) namizədləri qismində 2002-ci il noyabrın 3-də keçirilmiş parlament seçkilərində iştirak etmiş, lakin onların heç biri seçilməmişdir.
A. 2002-ci il noyabrın 3-də keçirilmiş parlament seçkiləri
12. 1999-cu ilin zəlzələsindən sonra Türkiyə 2000-ci ilin noyabr ayında və 2001-ci ilin fevral ayında iki ciddi iqtisadi böhran yaşamışdır. Bundan sonra əsas səbəbləri birincisi Baş nazirin sağlamlıq vəziyyəti, ikincisi isə üç siyasi partiyanın qruplaşmasından ibarət iqtidar koalisiyasının daxilində çoxsaylı parçalamalar olan siyasi böhran meydana gəlmişdir.
13. Bu kontekstdə Türkiyə Böyük Millət Məclisi (“TBMM”) növbəti parlament seçkilərinin tarixini qabağa çəkərək seçkilərin 2002-ci il noyabrın 3-də keçirilməsi barədə qərar qəbul etmişdir.
14. Sentyabrın əvvəlində üç solçu siyasi partiya – Xalq Demokratiyası Partiyası (HADEP), Əmək Partiyası (EMEP) və Demokratik Sosialist Partiya (SDP) “Əmək, Sülh və Demokratiya Bloku”nu formalaşdırmaq və DEHAP adlı yeni siyasi partiyanı yaratmaq qərarına gəlmişdir. Ərizəçilər Şırnak vilayətində yeni partiyanın aparıcı namizədləri qismində seçki kampaniyalarına başlamışlar.
15. Bu cür seçkiqabağı alyanslar artıq 1991-ci ildə formalaşdırılmışdır; həmin il Millətçi Çalışma Partiyası (MÇP – MHP-nin varisi və sələfi) və İslahatçı Demokratik Partiya (İDP) Rifah Partiyasının (RH) təqdim etdiyi siyahıya qoşularaq parlamentdə yerlər qazanmış, Xalqın Əmək Partiyası (HEP – DEHAP-ın sələfi) isə namizədlərini Sosial-Demokrat Xalqçı Partiyasının (SHP) siyahısına daxil etməklə parlamentdə 18 yer qazanmışdır. Bu yolla ölkə üzrə səsvermədə səslərin 10 faizini toplamaq ehtimalı çox az olan bəzi partiyalar parlamentdə təmsilçiliyi bəzən əldə edə bilir: onlar daha böyük partiyanın siyahısına qoşulur, seçildikdən sonra isə həmin partiyanın siyahısını tərk edib fəaliyyətini müstəqil deputatlar kimi, yaxud digər partiyanın bayrağı altında davam etdirir.
16. 2002-ci il noyabrın 3-də keçirilmiş seçkilərin Şırnak vilayəti üzrə yekunlarına uyğun olaraq 103111 səsin 47449-u, yəni təxminən 45.95 faizi DEHAP siyahısına verilmişdir. Lakin, partiya ölkə üzrə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olmadığına görə ərizəçilər seçilməmişlər. Şırnak vilayəti üçün ayrılmış üç yer aşağıdakı kimi bölüşdürülmüşdür: iki yeri səslərin 14.05 faizini (14460 səs) toplamış AKP (Adalet ve Kalkınma – mühafizəkar sağçı partiya olan Ədalət və İnkişaf Partiyası), bir yeri isə səslərin 9.69 faizini (9914 səs) toplamış müstəqil namizəd cənab Tatar qazanmışdır.
17. Seçkilərdə iştirak etmiş on səkkiz partiyadan yalnız AKP və CHP (Cumhuriyet Halk Partisi – solçu partiya olan Respublika Xalq Partiyası) 10 faizlik seçki baryerini aşmağa müvəffəq olmuşdur. AKP səslərin 34.26 faizini toplayaraq 363 yer, yəni TBMM-də yerlərin 66 faizini qazanmışdır. Səslərin 19.4 faizini toplamış CHP parlamentdə 178 yer, yəni yerlərin ümumi sayının 33 faizini almışdır. Parlamentə həmçinin doqquz müstəqil namizəd seçilmişdir.
18. Lakin, səslərin 6.22 faizini toplamış DEHAP-dan başqa bir çox digər siyasi partiyalar parlamentdə yer qazana bilməmişdir. Bu partiyalara müvafiq olaraq səslərin 9.54, 8.36, 7.25 və 5.13 faizini toplamış Doğru Yol Partiyası (DYP, mərkəz-sağçı), Milli Hərəkət Partiyası (MHP, millətçi), Gənc Partiya (GP, mərkəzçi) və Ana Vətən Partiyası (ANAP, mərkəz-sağçı) aiddir.
19. Bu seçkilərin nəticələri ümumilikdə böyük siyasi sarsıntı kimi qiymətləndirilmişdir. Parlamentdə təmsil olunmamış seçicilərin nisbəti (təqribən 45 faiz) Türkiyə üçün rekord səviyyəyə çatmaqla yanaşı, səsvermədə iştirak etməyənlərin sayı (qeydə alınmış seçicilərin 22 faizi) 1980-ci ildən sonra ilk dəfə olaraq 20 faizlik həddi aşmışdır. Seçkilər nəticəsində formalaşmış TBMM çoxpartiyalı sistemin ilk dəfə tətbiq edildiyi 1946-cı ildən sonra təmsilçilik dərəcəsi ən aşağı olan parlament olmuşdur. Bundan əlavə, 1954-cü ildən sonra ilk dəfə parlamentdə yalnız iki partiya təmsil olunmuşdur.
20. TBMM-də təmsilçilik dərəcəsinin belə aşağı səviyyədə olmasını izah etmək üçün bəzi şərhçilər yüksək seçki baryerinin mövcud olmasına əlavə olaraq bir sıra digər amillərin kumulyativ təsirinə istinad etmişlər. Məsələn, 1999-cu ilin seçkilərində parlamentdə yerlər qazanmış beş partiya, o cümlədən 1999-cu ildən 2002-ci ilədək iqtidar koalisiyasının tərkibində olmuş üç partiya iqtisadi və siyasi böhranla bağlı olan etiraz səsvermə nəticəsində 2002-ci ildə 10 faizlik seçki baryerini aşa bilmədiyinə görə parlamentdə təmsilçilikdən məhrum olmuşdur. Seçkiqabağı koalisiyaların yaradılması ilə bağlı çoxsaylı cəhdlər seçki zamanı mövcud parçalanmaya görə həmçinin heç bir nəticə verməmişdir.
21. Bu seçkilərdən sonra parlamentdə yerlərin tam əksəriyyətini qazanmış AKP hökumət formalaşdırmışdır.
B. 2007-ci il iyulun 27-də (Palatanın qərarından sonra) keçirilmiş parlament seçkiləri
22. 2007-ci ilin may ayının əvvəlində Türkiyə parlamenti parlament seçkilərini vaxtından əvvəl keçirmək qərarına gələrək seçkiləri 2007-ci il iyulun 22-nə təyin etmişdir. Bu qərar Əhməd Necdet Sezərin birdəfəlik yeddi illik səlahiyyət müddətinin 2007-ci il mayın 16-da bitməsindən əvvəl parlamentin yeni prezident seçə bilmədiyinə görə baş vermiş böhrandan sonra qəbul edilmişdir. Normal halda növbəti parlament seçkiləri 2007-ci il noyabrın 4-də keçirilməli idi.
23. On dörd siyasi partiyanın iştirak etdiyi seçkilərin iki xarakterik cəhəti var idi. Birincisi, prezidentin seçilməsi ilə bağlı olan böhrandan sonra seçicilərin yüksək səfərbərliyi müşahidə olunmuş, seçicilərin seçkilərdə iştirakı dərəcəsi 84 faizə gəlib çatmışdır. İkincisi, siyasi partiyalar 10 faizlik seçki baryerini aşmaq üçün iki seçkiqabağı strategiyadan istifadə etmişdir. Demokratik Sol Partiya (DSP) özünün rəqibi olan CHP-nin bayrağı altında seçkilərdə iştirak etməklə parlamentdə 13 yer qazana bilmişdir. Demokratik Xalq Partiyası (DTP, kürdlərin maraqlarını təmsil edən solçu partiya) “Min ümid” şüarı ilə öz namizədlərini müstəqil namizədlər kimi təqdim etmişdir; o, həmçinin müəyyən solçu türk əsilli namizədləri dəstəkləmişdir. EMEP, SDP və ÖDP (Azadlıq və Demokratiya Partiyası, sosialist) kimi kiçik solçu qruplar bu hərəkata dəstək göstərmişdir. Qırxa yaxın vilayət seçki dairəsində altmışdan çox namizəd seçkilərdə iştirak etmişdir.
24. Həmin seçkilərdə AKP, CHP və MHP 10 faizlik seçki baryerini keçə bilmişdir. AKP səslərin 46.58 faizini toplayaraq 341 yer, yəni bütün yerlərin 62 faizini qazanmışdır. CHP səslərin 20.88 faizini toplayaraq 112 yer, yəni bütün yerlərin 20.36 faizini qazanmışdır; lakin yuxarıda 23-cü bənddə qeyd olunmuş 13 deputat sonradan CHP-nin sıralarını tərk edib yenidən DSP-yə - əvvəllər mənsub olduğu partiyaya qayıtmışdır. Səslərin 14.27 faizini toplamış MHP 71 yer, yəni bütün yerlərin 12.9 faizini qazanmışdır.
25. Parlamentə əhəmiyyətli sayda müstəqil namizədlərin seçilməsi 2007-ci il iyulun 22-də keçirilmiş seçkilərin əsas cəhətlərindən olmuşdur. Müstəqil deputatlar 1980-ci ildən 1999-cu ilədək TBMM-ə seçilmirdilər; ancaq 1999-cu ildə parlamentə üç müstəqil namizəd seçilmişdir. 2002-ci ildə ölkə üzrə seçkilərdə iştirak etmiş 260 müstəqil namizəddən doqquzu müstəqil deputat seçilmişdir. 2007-ci il 22 iyul tarixli seçkilərin nəticəsi olaraq parlamentə 27 müstəqil deputat seçilmişdir. Belə ki, seçkilərdə “Min ümid” şüarı ilə iştirak etmiş iyirmidən çox namizəd səslərin təqribən 2.23 faizini toplayaraq parlamentə seçilmişdir; seçildikdən sonra onlar DTP-yə qoşulmuşlar. 20 deputatla, yəni parlament qrupu yaratmağa imkan verən minimal sayda deputatlarla təmsil olunmuş DTP buna nail ola bilmişdir. Müstəqil deputatlar qismində həmçinin bir sosialist deputat (ÖDP-nin sabiq sədri), bir millətçi deputat (BBP - Böyük Birlik Partiyasının sabiq sədri) və mərkəzçi deputat (ANAP-ın sabiq sədri) seçilmişdir.
26. Hökumət bu dəfə də parlamentdə yerlərin tam əksəriyyətini qazanmış AKP tərəfindən formalaşdırılmışdır.
II. MİLLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ
A. Konstitusiyanın və müvafiq qanunvericiliyin müddəaları
1. Konstitusiya
27. Konstitusiyanın 1995-ci il iyulun 23-də dəyişdirilmiş 67-ci maddəsi:
“Vətəndaşlar qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq seçmək, seçilmək və müstəqil olaraq, yaxud siyasi partiyanın tərkibində siyasi fəaliyyətlə məşğul olmaq və referendumlarda iştirak etmək hüququna malikdirlər.
Seçkilər və referendumlar sərbəst, bərabər, gizli və ümumi seçki hüququ əsasında tək mərhələli səsvermə və səslərin açıq hesablanması yolu ilə məhkəmə hakimiyyəti orqanlarının rəhbərliyi ilə və onları nəzarəti altında həyata keçirilir. Lakin xaricdə olan Türkiyə vətəndaşlarına seçmək hüququnu həyata keçirməyə imkan verən şərtlər qanunla tənzimlənir.
On səkkiz yaşına çatmış hər bir Türkiyə vətəndaşı seçmək və referendumlarda iştirak etmək hüququna malikdir.
Bu hüquqların həyata keçirilməsi qanunla tənzimlənir.
Hərbi xidmətdə olan əsgər, kapral və hərbi məktəb tələbələri, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslər istisna olmaqla azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər seçmək hüququndan məhrumdurlar.
Həbsxanalarda və saxlanma yerlərində səslərin hesablanmasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər Milli Seçki Komissiyası tərəfindən müəyyən edilir və səslərin hesablanması səlahiyyətli hakimin rəhbərliyi ilə və onun nəzarəti altında həyata keçirilir.
Seçki qanunları ədalətli təmsilçilik və hakimiyyətin sabitliyi prinsiplərinin nəzərə alınmasını təmin edən tərzdə işlənib hazırlanmalıdır.
Seçki qanunlarında edilən dəyişikliklər onların qüvvəyə mindiyi tarixdən bir il müddətində keçirilən seçkilərə tətbiq edilmir.”
28. Konstitusiyanın 80-ci maddəsi:
“Türkiyə Böyük Millət Məclisinin üzvləri onları seçmiş bölgələri və ya şəxsləri deyil, bütün milləti təmsil edirlər.”
29. Konstitusiyanın 95-ci maddəsinin və “Siyasi partiyalar haqqında” 2820 nömrəli Qanunun 22-ci maddəsinin müddəalarına uyğun olaraq ən azı 20 deputatı olan siyasi partiya parlament qrupu təşkil edə bilər.
2. Seçki sistemi
30. Parlament seçkiləri sistemi ilə bağlı müddəalar 1983-cü il iyunun 13-də rəsmi qəzetdə dərc edilmiş “Millət Məclisi üzvlərinin seçilməsi haqqında” 2839 nömrəli Qanunda təsbit olunmuşdur.
31. Türkiyə Böyük Millət Məclisi hal-hazırda 5 illik müddətə seçilən 550 deputatdan ibarət tək palatalı parlamentdir. Seçkilər 81 vilayətdə təşkil edilən dairələrdə tək mərhələli səsvermə ilə keçirilir. Onlar ölkənin bütün ərazisi üzrə eyni gündə keçirilir; səsvermə hüququ azad, bərabər, ümumi və gizlidir. Səslərin hesablanması və nəticələrin qeydə alınması açıq həyata keçirilir. Hər vilayəti parlamentdə ən azı bir deputat təmsil edir. Qalan yerlər yerli əhalinin sayına nisbətən bölüşdürülür. 1-dən 18-ə qədər deputatla təmsil olunan vilayətlərdə bir seçki dairəsi təşkil edilir. 19-dan 35-dək deputatı olan vilayətlər iki seçki dairəsinə bölünür; 35-dən çox deputatla təmsil olunan İstanbul isə üç seçki dairəsinə bölünür.
32. 2839 nömrəli qanunun 16-cı maddəsində deyilir:
“... Siyasi partiyalar birgə siyahılar təqdim edə bilməz...”
33. 2839 nömrəli qanunun 33-cü maddəsində (1987-ci il mayın 23-də edilmiş dəyişikliklərlə) deyilir:
“Ümumi seçkilərdə ölkə üzrə etibarlı səslərin 10 faizindən çox toplamamış siyasi partiyalar parlamentdə yerlər qazana bilməz... Siyasi partiyanın siyahısında göstərilmiş müstəqil namizəd yalnız həmin partiya on faizlik həddi keçmək üçün kifayət edən səslər topladığı halda seçilə bilər...”
34. Parlamentdə yerlərin bölüşdürülməsində D’Hondt proporsional təmsilçilik sistemindən istifadə edilir. Bu üsul hər siyahıya verilmiş səslərin tam ədədlər sırasına (1, 2, 3, 4, 5 və sair) bölünməsini və ən böyük qisməti olan siyahılara yerlərin verilməsini nəzərdə tutmaqla səslərin əksəriyyətini toplamış partiya üçün sərfəli olur.
35. 2839 nömrəli qanunun 21(2)-ci və 41(1)-ci maddələrində deyilir:
Maddə 21(2)
“Seçkilərdə müstəqil namizəd qismində iştirak etmək istəyən şəxslər təminat olaraq ən yüksək rütbəli dövlət məmurunun aylıq vəzifə maaşına bərabər məbləği səlahiyyətli xəzinədarlıq orqanında depozitə qoymalı və tələb olunan məbləğin ödənilməsini təsdiq edən sənədi parlament seçkilərində namizədliklərinin qeydə alınması üçün təqdim edilən sənədlərə əlavə etməlidirlər.”
Maddə 41(1)
“... müstəqil namizəd parlament seçkilərində parlamentdə yer qazanmaq üçün kifayət qədər səslər toplamadıqda təminat olaraq depozitə qoyulmuş məbləğ Xəzinədarlıq nəfinə müsadirə olunur.”
36. “Siyasi partiyalar haqqında” 2820 nömrəli Qanunun (1983-cü il aprelin 24-də rəsmi qəzetdə dərc edilmişdir) 36-cı maddəsində deyilir:
“Seçkilərdə iştirak etmək üçün siyasi partiya vilayətlərin ən azı yarısında təmsil olunmalı və səsvermə gününə ən azı altı ay qalmış ümumi yığıncağını keçirməli və ya Böyük Millət Məclisində qrupa malik olmalıdır.”
37. 2820 nömrəli qanunun 81-ci maddəsində deyilir:
“Siyasi partiyalar Türkiyə Respublikasının ərazisində irq, din, məzhəb, mədəniyyət və ya dinə əsaslanan azlıqların mövcud olduğunu iddia edə bilməz.”
38. Müvafiq qanunvericiliyə uyğun olaraq müstəqil namizədlərin adları Türkiyə sərhədlərinin yaxınlığında verilən seçki bülletenlərində göstərilmir. Bu, o deməkdir ki, xaricdə yaşayan Türkiyə seçiciləri sərhəd-keçid məntəqələrində və ya iri aeroportlarda yerləşdirilən seçki qutuları vasitəsilə yalnız hər-hansı siyasi partiyanın lehinə səs verə bilərlər. Eyni ilə siyasi partiyalara seçki kampaniyalarının keçirilməsi üçün televiziya və ya radioda efir vaxtı ayrıldığı halda, müstəqil namizədlərə bu məqsəd üçün vaxt ayrılmır.
3. Konstitusiya Məhkəməsinin qərarları
39. Konstitusiya Məhkəməsinin seçki baryerlərinin mövcudluğunun demokratik dövlət prinsipinə uyğunluğu ilə bağlı qərarları ziddiyyətli olmuşdur.
40. İlkin olaraq 1968-ci il mayın 6-da qəbul edilmiş qərarda (E. 1968/15, K. 1968/13) Konstitusiya Məhkəməsi proporsional təmsilçilik sisteminin təsirini düzəltmək üçün parlamentin tətbiq etdiyi “adi seçki baryeri”nin demokratik dövlət prinsipinə zidd olması qənaətinə gəlmişdir. Bu seçki baryeri hər parlament dairəsi üçün ayrılan yerlərin sayından asılı olaraq fərqli olmuşdur. Konkret dairədə tətbiq edilən seçki baryeri verilmiş səslərin sayının həmin dairəyə ayrılmış yerlərin sayına bölünməsi yolu ilə hesablanır və yalnız bu seçki baryerini aşmış namizədlər parlamentdə yerlər qazanırlar. Konstitusiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, azlıqda olan seçicilərə hökumət formalaşdırmağa imkan verən bu cür seçki baryeri bütün müxtəlif mövqelərin parlamentdə təmsil olunması üçün maneə ola bilərdi.
41. 1982-ci ilin Konstitusiyası qəbul edildikdən sonra Konstitusiya Məhkəməsi 1984-cü il martın 1-də qəbul etdiyi qərarda (E. 1984/1, 1984/2) seçki sistemləri ilə bağlı aşağıdakı fikri ifadə etmişdir:
“Konstitusiyanın 67-ci maddəsinin birinci hissəsində vətəndaşların qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq seçmək və seçilmək hüququ təsbit edilmişdir. Lakin bu müddəa qanunverici hakimiyyət orqanına qeyri-məhdud mülahizə sərbəstliyini vermir. 67-ci maddəyə əsasən seçkilər məhkəmə hakimiyyəti orqanlarının rəhbərliyi ilə və onların nəzarəti altında sərbəst, bərabər, gizli və ümumi seçki hüququ əsasında tək mərhələli səsvermə və səslərin açıq hesablanması yolu ilə həyata keçirilir. Bu qaydalara riayət etmək şərti ilə qanunverici hakimiyyət orqanı ən məqsədəuyğun hesab etdiyi istənilən seçki sistemini nəzərdə tuta bilər. Əgər təsis yığıncağı hər hansı konkret sistemi nəzərdə tutmuş olsaydı, o, hüquqi qüvvəyə malik olan qayda qəbul edərdi. Belə qayda qəbul edilmədiyindən qanunverici hakimiyyət orqanı ölkədə mövcud siyasi və sosial vəziyyətə daha çox cavab verən sistemin qəbul edilməsində sərbəstdir...
Parlament xalqın iradəsini sərbəst ifadə etmək hüququnun məhdudlaşdırılmasına, yaxud siyasi həyatın bir partiyanın hegemonluğuna məruz qoyulmasına yönəlmiş tədbirləri tətbiq etməmək şərti ilə mövcud seçki sistemlərindən hər-hansı birini nəzərdə tuta bilər.”
42. Konstitusiya Məhkəməsi 1995-ci il 18 noyabr tarixli qərarında (E. 1995/54, K. 1995/59) 2839 nömrəli qanunun 34/A maddəsinin Konstitusiyaya uyğunluğuna dair mövqeyini bildirmişdir. Həmin qanunun 33-cü maddəsinə istinad edən bu maddə həmçinin Millət Məclisinin “vahid dairə”də seçilmiş üzvləri arasında yerlərin bölüşdürülməsi məqsədi ilə 10 faizlik seçki baryerinin tətbiqini nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi vahid dairənin yaradılmasını təsbit edən müddəaları qüvvədən düşmüş elan etmiş, lakin 10 faizlik seçki baryerinin Konstitusiyanın 67-ci maddəsinə uyğun olduğunu bildirmişdir.
Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilir:
“...Konstitusiya Türkiyə dövlətinin Respublika olduğunu təsbit edir... Dövlətin milli suverenliyə əsaslanan konstitusiya quruluşu xalqın azad seçkilər vasitəsilə ifadə edilən iradəsinin məhsuludur. Konstitusiyanın müxtəlif maddələrində vurğulanan bu seçim Konstitusiyanın “Seçmək, seçilmək və siyasi fəaliyyətdə iştirak etmək hüququ” adlanan 67-ci maddəsində aydın və dəqiq şəkildə əks olunmuşdur. 67-ci maddənin dəyişikliklərə məruz qalmış 6-cı abzası seçki qanunlarının “ədalətli təmsilçilik” və “hakimiyyətin sabitliyi” prinsipləri arasında balansı təmin edən tərzdə işlənib hazırlanmalı olduğunu təsbit edir. Məqsəd seçicilərin iradəsinin qanunverici hakimiyyət orqanında mümkün qədər geniş şəkildə təmsil olunmasını təmin etməkdən ibarətdir. Qanunverici hakimiyyət orqanında kollektiv iradənin ifadə olunması və kollektiv qərarların qəbul edilməsi, ... ölkənin xüsusiyyətlərini və Konstitusiyanın tələblərini nəzərə alan müvafiq qanunvericiliyin qəbul edilməsi üçün ən uyğun sistemi seçmək üçün Konstitusiyaya uyğun sistemi seçmək və ya Konstitusiyaya uyğun olmayan istənilən sistemi rədd etmək gərəkdir.
Təmsilçi demokratiyanın təsiri özünü müxtəlif sahələrdə büruzə verir. Sabitliyi təmin etmək üçün tətbiq edilən ədalətsiz sistemlərin təsiri sosial inkişafa mane olur... Təmsilçilikdə ədalətə verilən əhəmiyyət isə hakimiyyətin sabitliyinin əsas şərtidir. Ədalət sabitliyi təmin edir. Lakin ədalət olmadan, sabitlik ideyası qeyri-sabitlik yaradır. Konstitusiya “ədalətli təmsilçilik” prinsipinə riayət olunmasını tələb edir; bu prinsip sərbəst, bərabər, gizli və ümumi seçki hüququndan, tək mərhələli səsvermədən, səslərin açıq hesablanmasından ibarət olmaqla əldə edilmiş səslərin sayına proporsional olan sayda təmsilçiləri meydana gətirir. “Hakimiyyətin sabitliyi” prinsipi qanunverici hakimiyyət orqanında səslərin icra hakimiyyətinin güclü olmasını təmin edəcək tərzdə əks etdirilməsi kimi başa düşülür. Seçki baryerinin (“maneə” kimi təsvir edilir) tətbiqi vasitəsilə təmin edilməli olan “hakimiyyətin sabitliyi” “ədalətli təmsilçilik”lə bərabər olaraq Konstitusiya tərəfindən qorunur. Bəzi hallarda biri-birinə zidd kimi görünən bu iki prinsipin seçkilərdə elə şəkildə birgə tətbiqinə əhəmiyyət verilməlidir ki, onlar bir-birini tarazlaşdırsın və tamamlasın...
Konstitusiyada təsbit edilmiş “hakimiyyətin sabitliyi” məqsədinə nail olmaq üçün seçkilərdə ölkə üzrə [seçki baryeri] tətbiq edilməlidir...
Aydındır ki, 2839 nömrəli Qanunun 33-cü maddəsində nəzərdə tutulmuş ölkə üzrə 10 faizlik seçki baryeri qanunverici hakimiyyət orqanının razılığı ilə tətbiq edilir. Seçki sistemləri konstitusiya prinsiplərinə uyğun olmalı... və bu sistemlərdən bəzilərinin dəqiq qaydalar nəzərdə tutması qaçılmazdır. Belə sistemlərin mahiyyətindən irəli gələn, faizlərlə ifadə olunan və seçmək və seçilmək hüququnu ölkə miqyasında məhdudlaşdıran seçki baryerlərinin tətbiq edilməsi mümkündür və yolveriləndir ... bir şərtlə ki, onlar adi hüdudlardan kənara çıxmasın... 10 faizlik seçki baryeri hakimiyyətin sabitliyi və ədalətli təmsilçilik prinsiplərinə uyğundur...”
Konstitusiya Məhkəməsinin on bir hakimindən üçü çoxluğun arqumenti ilə razılaşmamışdır. Onlar hesab etmişlər ki, ölkə üzrə 10 faizlik keçid baryeri Konstitusiyanın 67-ci maddəsinə zidd olmuşdur.
43. Eyni zamanda, həmin qərarda Konstitusiya Məhkəməsi vilayətlərdə yerlərin bölüşdürülməsi üçün tətbiq edilən 25 faizlik seçki baryerini (vilayət üzrə seçki baryeri) qüvvədən düşmüş elan etmişdir. Konstitusiya Məhkəməsi belə seçki baryerinin ədalətli təmsilçilik prinsipinə zidd olduğunu bildirərək qeyd etmişdir ki:
“Parlament seçkilərində ölkə üzrə seçki baryerinin tətbiqinin “hakimiyyətin sabitliyi” prinsipinə uyğun olmasına baxmayaraq, hər bir seçki dairəsində əlavə seçki baryerinin tətbiq edilməsi “ədalətli təmsilçilik” prinsipi ilə ziddiyyət təşkil edir.”
4. Keçmişdə keçirilmiş parlament seçkiləri barədə qısa məlumat
44. Majoritar təmsilçilik sisteminin tətbiq edildiyi 1950, 1954 və 1957-ci illərin seçkiləri parlament çoxluğu ilə müxalifət arasında institusional balans təmin edə bilməmişdir. Belə disbalans 1960-cı ildə baş vermiş dövlət çevrilişinin əsas səbəblərindən biri olmuşdur. Silahlı qüvvələrin müdaxiləsindən sonra, plüralizmi və siyasi sistemi möhkəmləndirmək məqsədilə parlament D’Hondt üsulundan istifadə etməklə proporsional təmsilçilik sistemini təsdiq etmişdir. Nəticədə 1965-ci və 1969-cu illərdə keçirilmiş seçkilərdən sonra TBMM-də bir sıra partiyaların sabit çoxluğu formalaşmış, eyni zamanda kiçik partiyaların parlamentdə təmsil olunmaq imkanı təmin edilmişdir. Lakin, 1973-cü və 1977-ci illərin seçkilərindən sonra, əsas siyasi hərəkatlar seçicilərin geniş dəstəyinə malik olsalar da, sabit hökumət formalaşdıra bilməmişdir. Hökumətlərin qeyri-sabitliyi dövrü kiçik partiyaların hökumətin siyasətinə qeyri-proporsional təsiri ucbatından hər biri çox zəif olan koalisiyaların dalbadal dəyişməsi ilə səciyyələnmişdir.
45. 1980-1983-cü illərdə ölkədə tətbiq edilən hərbi vəziyyət rejimindən sonra 1983-cü ilin iyunun 13-də qəbul edilmiş “Millət Məclisi deputatlarının seçilməsi haqqında” 2839 nömrəli Qanunla iki seçki baryeri olan proporsional təmsilçilik sistemi bərpa olunmuşdur. Ölkə üzrə 10 faizlik seçki baryerinə vilayətlər üzrə seçki baryeri (seçicilərin sayı hər bir seçki dairəsinə ayrılmış yerlərin sayına bölünməklə hesablanır) əlavə edilmişdir. 1995-ci ildə Konstitusiya Məhkəməsi vilayətlər üzrə seçki baryerini qüvvədən düşmüş elan etmişdir. 1983-cü ilin parlament seçkilərində Ana Vətən Partiyası (ANAP) parlamentdə yerlərin tam əksəriyyətini qazanmışdır.
46. 1987-ci il noyabrın 29-da keçirilmiş parlament seçkilərində ANAP səslərin 36.31 faizini toplamaqla yenidən sabit parlament çoxluğu formalaşdırmağa nail olmuşdur. Digər iki partiya həmçinin parlamentdə yerlər qazanmışdır. 1991-ci il oktyabrın 20-də keçirilmiş seçkilərdə beş partiya parlamentdə yerlər qazanmışdır. Bu nəticə həmçinin ona görə mümkün olmuşdur ki, üç kiçik partiya (MÇP, IDP və HEP) 2839 nömrəli qanunun seçkilərdən əvvəl birgə siyahıların formalaşdırılmasını qadağan edən 16-cı maddəsinin təsirinə düşməmək üçün digər siyasi partiyaların bayrağı altında seçkilərdə iştirak etmişdir. Hökumət iki partiyanın koalisiyasına əsaslanırdı. Həmin seçkilərdə HEP-in (Xalqın Əmək Partiyası - kürdlərin maraqlarını təmsil edən partiya) on səkkiz namizədi SHP partiyasının (sosial-demokratlar) siyahısı ilə parlamentə seçilmişdir; sonradan onlar SHP-nin tərkibindən çıxıb öz partiyası olan HEP-ə qoşulmuşlar.
47. 1995-ci il dekabrın 24-də keçirilmiş ümumi seçkilərdə beş partiya parlamentdə yerlər qazanmışdır. Lakin onların heç biri parlamentdə çoxluğa malik olmadığına görə koalisiya formalaşdırılmışdır.
48. 1999-cu ilin parlament seçkilərində yenidən heç bir partiya çoxluq əldə edə bilməmişdir. Beş siyasi partiya TBMM-də yerlər qazanmışdır. Üç partiyanın koalisiyası hökumət formalaşdırmışdır.
49. 2002-ci il 3 noyabr tarixli seçkilərdən əvvəl son nəticədə parlamentə keçməmiş partiyalara ən çox səslərin (19.4 faiz) verildiyi il 1987-ci il olmuşdur. 1991-ci ilin seçkilərində iki seçkiqabağı koalisiyanın (birinin tərkibinə RP, MÇP və IDP, digərinin tərkibinə isə SHP və HEP daxil olmuşdur) bu rəqəm 0.5 faizə enmişdir. 2007-ci il 22 iyul tarixli seçkilərdə bu rəqəm 13.1 faiz təşkil etmişdir.
50. Yuxarıda göstərildiyi kimi (12-21-ci bəndlərə bax), 2002-ci il 3 noyabr tarixli seçkilər AKP-ya 2007-ci il iyulun 22-nə qədər fəaliyyət göstərmiş sabit hökumət formalaşdırmağa imkan vermiş, baxmayaraq ki, 14.5 milyon səsin təqribən 45.3 faizi parlamentdə təmsil olunmamışdır.
B. Avropa Şurasının müvafiq sənədləri
51. Avropa Şurası seçki baryerləri ilə bağlı hüquqi qüvvəyə malik hər hansı normaları müəyyən etməmişdir.
1. Avropa Şurası Parlament Assambleyasının sənədləri
52. Assambleya tərəfindən 2007-ci il aprelin 18-də qəbul edilmiş “Avropada insan hüquqları və demokratiya sahəsində vəziyyət” adlı 1547 (2007) nömrəli Qətnamənin aidiyyəti hissəsində aşağıdakılar qeyd olunur:
“58. Davamlı demokratik ənənələrə malik ölkələrdə parlament seçkiləri zamanı 3 faizdən yuxarı olan seçki baryerləri tətbiq edilməməlidir. Beləliklə, maksimal sayda fikirlərin ifadə edilməsi mümkün olmalıdır. Çoxlu sayda insan qruplarının təmsil olunmaq hüququndan məhrum edilməsi demokratik sistemə xələl gətirir. Davamlı demokratik ənənələrə malik ölkələrdə cəmiyyətdə fikirlərin ədalətli şəkildə təmsil edilməsi ilə parlamentin və hökumətin səmərəliliyi arasında balans tapılmalıdır.”
53. Assambleya 2007-ci il aprelin 18-də qəbul etdiyi “Avropada insan hüquqları və demokratiya sahəsində vəziyyət” adlı 1791 (2007) nömrəli Tövsiyədə Nazirlər Komitəsinə yuxarıda adı çəkilər Qətnamədə qeyd edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görməyi tövsiyə etmişdir. Assambleya seçki baryerləri ilə bağlı tövsiyə etmişdir ki, Nazirlər Komitəsi Avropa Şurasının üzv dövlətlərini aşağıdakı tədbirlər görməyə çağırsın:
“17.10 parlament seçkiləri üçün 3 faizdən yuxarı olan seçki baryerlərinin aşağı endirilməsi məsələsini nəzərdən keçirmək və ... ədalətli təmsilçiliklə parlamentin və hökumətin səmərəliliyi arasında balans məsələsini nəzərdən keçirmək”.
2. “Hüquq vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası)sənədləri
54. Venesiya Komissiyasının 2002-ci ildə qəbul etdiyi “Seçki məsələlərində yaxşı təcrübə kodeksi”ndə qəti surətdə vurğulanır ki, “Avropanın seçki irsinin təməlində olan beş prinsip - ümumi, bərabər, azad, gizli və birbaşa səsvermə hüququdur”. “Bu prinsiplərə riayət edildikdə üstünlük istənilən seçki sisteminə verilə bilər”.
55. Venesiya Komissiyasının “Avropada seçki hüququ və seçkilərin idarə edilməsi haqqında” 2006-cı il 12 iyun tarixli Hesabatının müvafiq hissəsində aşağıdakılar qeyd edilir:
“Konkret seçki sisteminin təsiri ölkədən ölkəyə fərqlənə bilər, [və] biz başa düşməliyik ki, seçki sistemləri müxtəlif, bəzən isə biri-birinə zidd olan siyasi məqsədlərə xidmət edə bilər. Bir seçki sistemi parlamentdə partiyaların ədalətli şəkildə təmsil olunmasına daha böyük əhəmiyyət verə bilər, digər sistem isə partiya sisteminin parçalanmasının qarşısının alınmasına və parlamentdə bir partiyanın həlledici çoxluğunun formalaşdırılımasının həvəsləndirilməsinə yönələ bilər. Bir seçki sistemi seçicilər ilə onların seçki dairələrində təmsilçiləri arasında sıx əlaqələri həvəsləndirə bilər, digər sistem isə siyasi partiyalara qapalı partiya siyahıları vasitəsilə qadınların, azlıqların və ya mütəxəssislərin parlamentə seçilməsinə asanlıqla nail olmağa imkan verir. Bəzi ölkələrdə bir necə siyasi məqsədə yönəlmiş mürəkkəb seçki sistemləri tətbiq edilir. Digər ölkələrdə isə seçki sisteminin seçicilər və seçki orqanları tərəfindən asanlıqla başa düşülən və idarə edilən olması prioritet məsələ kimi nəzərdən keçirilir. Seçki sisteminin yararlığı onun yerli şərait və problemlər nəzərə alınmaqla ədalətli ola biləcəyinə əsasən müəyyən edilir. Xüsusilə, siyahıların tərtib edilməsi prosesinin şəffaflığı təmin olunmalıdır. Beləliklə, seçki sistemləri və islahatlara dair təkliflər hər bir konkret halda fərdi qaydada qiymətləndirilməlidir.”
56. Venesiya Komissiyası “Seçki qanunvericiliyi və Avropa ölkələrində milli azlıqların qərarların qəbul edilməsi prosesində iştirakının həvəsləndirilməsi üzrə fəal tədbirlər haqqında” 2005-ci il 15 mart tarixli Hesabatında Avropa Şurasının bəzi üzv ölkələrinin təcrübəsini təhlil edib azlıqların təmsilçiliyini təşviq etmək üçün beş konkret tədbir barədə tövsiyə vermişdir. Bu tədbirlərin ikisi seçki baryerləri ilə bağlı idi:
“...
d. Seçki baryerləri milli azlıqların təmsil olunmaq imkanına mənfi təsir göstərməməlidir.
e. Seçki dairələri (onların sayı, ölçüləri və forması, habelə əhəmiyyəti) azlıqların qərarların qəbul edilməsi prosesində iştirakını artırmaq məqsədi ilə təşkil edilə bilər.”
3. Türkiyədəki seçkilərə birbaşa aid sənədlər
(a) Avropa Şurası Parlament Assambleyasının Ad hoc Komitəsinin Hesabatı
57. Hökumət Türkiyədə (2002-ci il 3 noyabr tarixli) Parlament Seçkilərinin Müşahidəsi üzrə Ad hoc Komitənin 2002-ci il dekabrın 20-də açıqladığı hesabata istinad etmişdir. Hesabatın müvafiq hissələrində deyilir:
“KİV-lər tərəfindən geniş şəkildə bildirildiyi kimi, 18 partiyadan yalnız ikisi - AKP (Ədalət və İnkişaf) və CHP (Respublika Xalq Partiyası)TBMM-ya seçilə bilmişdir; bu günə qədər Məclisdə təmsil edilmiş bütün digər partiyalar 10 faizlik baryerini aşa bilmədiyinə görə parlamentdən kənarda qalmışdır. Seçkilərdən əvvəl hakimiyyətdə olan partiya verilmiş səslərin yalnız 1 faizini toplaya bilmişdir. İqtisadi problemlər və korrupsiya seçkilərdə həlledici rol oynamışdır.
362 yer qazanmış AKP parlamentdə aydın və mütləq çoxluq əldə etmişdir. Müxalifət 179 yer, müstəqil namizədlər isə 9 yer qazanmışlar (həmin müstəqil namizədlər yüksək etibara malik olduqları kiçik qəsəbələrdə seçilmişlər). Xatırlatmaq lazımdır ki, AKP keçmiş parlamentdə (1999-cu ilin seçkiləri) 59 yerə, CHP isə üç yerə malik olmuşdur.
Belə vəziyyət mürəkkəb və qeyri-sabit koalisiyalardan yayınmaq imkanı verməklə ölkədə daha sabit mühit yarada bilər. Bazar ertəsi, 2002-ci il noyabrın 4-də Türkiyə fond birjasının göstəriciləri 6.1 faiz artmışdır.
Lakin, eyni zamanda bu o deməkdir ki, seçicilərin təxminən 44 faizi parlamentdə təmsil olunmadı.
Beləliklə, hökumət koalisiyasında olmuş üç partiyadan heç biri hətta bir yer qazanmaq üçün kifayət qədər səs toplaya bilmədiyinə görə, əldə edilmiş nəticələr bütün sistemə qarşı etiraz səsvermə kimi qiymətləndirilməlidir!”
(b) Parlament Assambleyasının 1380 (2004) nömrəli Qətnaməsi
58. Avropa Şurası Parlament Assambleyasının 2004-cü il 22 iyun tarixində qəbul etdiyi “Türkiyə tərəfindən öhdəliklərin yerinə yetirilməsi haqqında” 1380 (2004) nömrəli Qətnamənin 6-cı və 23-cü bəndlərində aşağıdakılar deyilir:
“6. Plüralist demokratiya ilə bağlı Assambleya Türkiyənin çoxpartiyalı sistemin, azad seçkilərin və hakimiyyətlər bölgüsünün mövcud olduğu işləyən demokratiya olmasını tanıyır. Buna baxmayaraq, siyasi partiyaların tez-tez ləğv edilməsi həqiqətən narahatlıq doğurur. Assambleya ümid edir ki, Konstitusiyada 2001-ci ilin oktyabr ayında edilmiş dəyişikliklər, habelə 2002-ci ilin mart ayında siyasi partiyalar haqqında qanunvericilikdə edilmiş dəyişikliklər gələcəkdə partiyanın ləğv edilməsi kimi son tədbirdən istifadə edilməsini məhdudlaşdıracaq. Assambleya həmçinin hesab edir ki, partiyaların parlamentdə təmsil olunmaq üçün ölkə üzrə seçkilərdə səslərin ən azı 10 faizini toplaması tələbi həddən artıq sərtdir və xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə şərtləri dəyişilməlidir.
...
23. Bu səbəbdən Assambleya təklif edir ki, Türkiyə hakimiyyətinin həyata keçirdiyi islahatlar çərçivəsində:
...
ii. 10 faizlik seçki baryerini aşağı salmaq və xaricdə yaşayan Türkiyə vətəndaşları üçün sərhədə şəxsən gəlmədən səs verməyə imkan yaratmaq məqsədi ilə seçki məcəlləsində dəyişikliklər etsin;
...”
(c) “Türkiyədə 2007-ci il 22 iyul tarixli Parlament Seçkilərinin Müşahidəsi haqqında” Hesabat
59. Avropa Şurası Parlament Assambleyasının ad hoc Komitəsinin hazırladığı “Türkiyədə parlament seçkilərinin müşahidəsi” adlı hesabatın müvafiq hissələrində aşağıdakılar qeyd edilir:
“XII. Nəticə və tövsiyələr
55. Türkiyədə 2007-ci il 22 iyul tarixində keçirilmiş parlament seçkiləri ümumilikdə Türkiyənin Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə və azad seçkilərə dair Avropa standartlarına uyğun olmuşdur.
56. Əksər hallarda səsvermə prosesi yaxşı təşkil edilmiş, sakit və peşəkarcasına həyata keçirilmiş və bu fakt Türkiyədə çoxdan formalaşmış demokratik seçkilər ənənəsinin mövcudluğuna dəlalət edir.
57. Seçicilərin seçkilərdə fəal iştirakı Türkiyədə demokratik prosesə etimadın olmasını nümayiş etdirir.
58. Seçkilərin bütün səviyyəli təşkilatçıları öz vəzifələrini səmərəli şəkildə və vicdanla yerinə yetirmişlər.
59. Lakin Məruzəçi hesab edir ki, Türkiyə parlamentin əsl təmsiledici olmasını təmin edə bilən daha da yaxşı seçkilərin təşkil edilməsi üçün daha çox iş görə bilərdi. 10 faizlik seçki baryeri 1380 (2004) və 1547 (2007) nömrəli Qətnamələrə uyğun olaraq aşağı salına bilərdi. 2007-ci il 22 iyul tarixində seçilmiş yeni parlamentin keçmiş parlament ilə müqayisədə daha təmsiledici olması və onun seçicilərin təxminən 90 faizinin fikirlərini təmsil etməsi faktı bu parlamentdə iki deyil, üç partiyanın təmsil olunması və müxalifət partiyalarının müstəqil namizədləri dəstəkləməsi ilə bağlıdır; qeyd edilən faktın Türkiyə hakimiyyəti tərəfindən görülən tədbirlərə heç bir bağlılığı yoxdur.
60. Türkiyə hakimiyyəti bu məsələ, habelə seçki qanunvericiliyinin sadələşdirilməsi məsələsi ilə bağlı Venesiya Komissiyasına müraciət etmə məsələsini nəzərdən keçirməyi istəyə bilər.”
60. Bundan başqa, Türkiyə Respublikasının Prezidenti 2007-ci il oktyabrın 3-də Assambleyada çıxışından sonra bir deputatın verdiyi suala cavab verərək bildirmişdir ki, 10 faizlik seçki baryeri həqiqi tələbata cavab verir, lakin vaxtı gələndə ondan imtina etmək olar (2007-ci il 3 oktyabr tarixli iclasın protokoluna bax). Onun cavabının müvafiq hissələrində (2007-ci il 3 oktyabr tarixli iclasın protokolunun fransız dilindəki xülasəsi Avropa Məhkəməsinin Katibliyi tərəfindən ingilis dilinə tərcümə edilmişdir) aşağıdakılar qeyd edilir:
“Cənab Gül izah etmişdir ki, 10 faizlik seçki həddi biri-birini tez-tez əvəzləyən koalisiya hökumətlərinin mövcud olduğu əvvəlki illərin qeyri-sabitliyini aradan qaldırmaq üçün tətbiq edilmişdir. Bu seçki baryeri müstəqil namizədləri seçkilərdə iştirak etmək imkanından məhrum etməmişdir. 2007-ci ilin iyulunda keçirilmiş parlament seçkilərində seçicilərin 85 faizinin iştirakı parlamentin nə dərəcədə təmsiledici olmasını nümayiş etdirir. Hal-hazırda siyasi sabitliyə nail olunmuş və 10 faizlik seçki baryerinə yenidən baxıla bilər.”
C. Müqayisəli hüquq
61. Səsvermə növləri və seçki sistemlərinin vahid təsnifatı mövcud olmasa da, adətən onların əsas üç növünü fərqləndirirlər – bunlar majoritar sistemlər, proporsional sistemlər və qarışıq sistemlərdir. Majoritar sistemlərdə həlledici səsvermədə səslərin əksəriyyətini qazanmış namizəd və ya namizədlər siyahısı qalib gəlir. Bu növ səsvermə aşkar parlament çoxluğu olan ölkələrdə seçkilər keçirməyə imkan verir, lakin eyni zamanda o, az səs toplamış siyasi partiyaların parlamentdə təmsil olunmasına mane olur. Məsələn, Böyük Britaniyada uzun onilliklər ərzində tətbiq edilən majoritar sistem çərçivəsində bir mərhələli səsvermədə səslərin əksəriyyətini toplamış namizəd və ya partiya qalib gəlir. Belə vəziyyət iki əsas partiyanın mövcud olduğu şəraitdə digər partiyaların onlara verilmiş səslərə nisbətən parlamentdə çox az yer qazanmasına gətirib çıxarmışdır. Oxşar vəziyyət səsvermənin iki mərhələdə keçirildiyi majoritar sistemin mövcud olduğu Fransada yaranmışdır. Belə sistemlərin əksi olan proporsional təmsilçilik sisteminin məqsədi seçkilərdə verilmiş səslərin parlamentdə proporsional sayda yerlər ilə əks etdirilməsini təmin etməkdən ibarətdir. Proporsional təmsilçilik müxtəlif siyasi qüvvələri ən dəqiq şəkildə əks etdirdiyinə görə ən ədalətli sistem hesab olunur. Lakin proporsional təmsilçilik sisteminin zəif tərəfi ondan ibarətdir ki, o, seçicilərin dəstəyini axtaranların parçalanmasına gətirib çıxarmaqla sabit parlament çoxluqlarının formalaşmasını daha da çətinləşdirir.
62. Hal-hazırda Avropada daha çox proporsional sistemlər tətbiq edilməkdədir. Misal üçün, Bolqarıstan, Çexiya Respublikası, Danimarka, Estoniya, İrlandiya, Lüksemburq, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, İspaniya, İsveç və Türkiyə proporsional təmsilçiliyin bu və ya digər variantını seçmişlər. Həmçinin, səsvermənin bu iki növünün müxtəlif kombinasiyalarını özündə birləşdirən qarışıq sistemlər mövcuddur (məsələn, Almaniyada, İtaliyada və Litvada).
63. Bəzi proporsional sistemlərdə proporsional səsvermənin neqativ nəticələrini düzəltmək, o cümlədən parlamentin daha sabit olmasını təmin etmək üçün qanunvericiliklə müəyyən edilən seçki baryerləri tətbiq edilir. Adətən verilmiş səslərin müəyyən faizi ilə ifadə olunan bu seçki baryerləri “parlamentdə yerlərin bölüşdürülməsində bu və ya digər siyahın və ya namizədin payını müəyyən edən və seçkilərin nəticələrinə uyğun olaraq müəyyən edilən sabit və ya dəyişən məhdudiyyətlər” kimi təsvir edilir. Lakin seçki baryerlərin oynadığı rol onların hansı səviyyədə qoyulmasından və konkret ölkədəki partiya sistemindən asılı olaraq fərqlənir. Aşağı seçki baryeri yalnız çox kiçik birləşmələrin parlamentə keçməsinə imkan vermir; bu səbəbdən sabit parlament çoxluqlarını formalaşdırmaq çətin olur. Eyni zamanda, partiya sistemi həddən artıq parçalanmış olduqda, yüksək seçki baryeri xeyli sayda seçicini parlamentdə təmsil olunmaq imkanından məhrum edir.
64. Proporsional sistemin mövcud olduğu Avropa Şurasına üzv dövlətlərin tətbiq etdikləri seçki baryerlərinin təhlili göstərir ki, onlardan yalnız dördü yüksək seçki baryerləri lehinə seçim etmişdir: Türkiyənin müəyyən etdiyi keçid ən yüksək olmaqla 10 faiz təşkil edir; Lixtenşteyndə seçki baryeri 8 faiz təşkil edir; Rusiya və Gürcüstan 7 faizlik seçki baryerini tətbiq edir. Ölkələrin üçdə biri 5 faizlik seçki baryerini tətbiq edir, 13 ölkədə isə daha aşağı seçki baryeri tətbiq edilir. Digər üzv dövlətlər (cəmi 7 ölkə) hər hansı seçki baryerini tətbiq etmir. Bundan əlavə, bir sıra sistemlərdə seçki baryerləri parlamentdə yalnız məhdud sayda yerlərin bölüşdürülməsi üçün tətbiq edilir (məsələn Norveçdə və İslandiyada). Partiyalar üçün müəyyən edilən seçki baryerləri koalisiyalar üçün müəyyən edilən seçki baryerlərindən fərqlənə bilər. Məsələn, Çexiya Respublikasında bir partiya üçün seçki baryeri 5 faiz səviyyəsində müəyyən olunmuş, koalisiya üçün isə bu hədd onu təşkil edən hər bir partiyaya görə 5 faiz qaldırılır. Polşada koalisiyalar üçün seçki baryeri onları təşkil edən partiyaların sayından asılı olmayaraq 8 faiz səviyyəsində müəyyən edilmişdir. Müstəqil namizədlər üçün müəyyən edilən seçki baryerləri həmçinin fərqlənir: məsələn, Moldovada müvafiq seçki baryeri 3 faiz səviyyəsində müəyyən olmuşdur.
HÜQUQİ MƏSƏLƏLƏR
I. BÖYÜK PALATANIN YURİSDİKSİYASININ HƏDLƏRİ
65. Məhkəmə qeyd edir ki, Palatanın qərarında (40-cı bənd) şikayət aşağıdakı formada ifadə edilmişdir:
“Ərizəçilər parlament seçkilərində 10 faizlik seçki baryerinin tətbiqinin xalqın qanunverici hakimiyyət orqanını seçərkən iradəsini sərbəst ifadə etməsinə müdaxilə olduğunu iddia etmişlər”.
66. Palatadakı icraat zamanı ərizəçilər əsasən 2002-ci il 3 noyabr tarixli seçkilərin nəticələrinə istinad etməklə 10 faizlik seçki baryerinin tətbiqindən şikayət etmişlər. Bu məqsədlə onlar Türkiyə Respublikasında çoxpartiyalı sistemin ilk dəfə tətbiq olunduğu 1946-cı ildən başlayaraq ölkədə keçirilmiş bütün seçkiləri hərtərəfli təhlil etmişlər. Sonradan ərizəçilər işin Böyük Palataya verilməsi barədə 2007-ci il 20 aprel tarixli vəsatətində Palatanın qərarında əks olunmuş Türkiyə seçki sisteminin təhlilini tənqid edərək bildirmişlər ki, Palata öz qərarında Razılaşan Tərəfə seçki sisteminin tətbiqi və idarə edilməsi məsələlərində həddindən artıq geniş təqdir səlahiyyəti vermişdir.
67. 2007-ci il iyulun 9-dan sonra – beş hakimdən ibarət kollegiya tərəfindən ərizəçilərin işin Böyük Palataya verilməsi barədə vəsatətinin təmin edildiyi tarix – Türkiyədə vaxtından əvvəl parlament seçkiləri keçirilmişdir.
68. Ərizəçilər 2007-ci il sentyabrın 7-də Böyük Palataya təqdim etdikləri izahatlarda 2007-ci il 22 iyul tarixli seçkilərə kifayət qədər böyük diqqət ayırmışlar. Lakin ərizəçilər 2007-ci il 21 noyabr tarixli dinləmələrdə aydın şəkildə bildirmişlər ki, onlar ərizəsini Konvensiyada təsbit olunmuş hüququnun 2007-ci il 22 iyul tarixli seçkilərdə deyil, məhz 2002-ci il 3 noyabr tarixli seçkilərdə pozulması barədə qərarın qəbul edilməsinə nail olmaq məqsədi ilə vermişlər.
69. Hökumət dinləmələrdə iddia etmişdir ki, ərizəçilərin şikayətləri Türkiyənin konstitusiya quruluşuna aid olduqlarına görə actio popularis hesab edilməlidir. Hökumət həmçinin bildirmişdir ki, 2007-ci il 22 iyul tarixli seçkilərin ümumi yekunları Palatanın 2007-ci il 20 yanvar tarixli qərarında gəldiyi nəticələri təsdiq etmişdir.
70. Beləliklə, Məhkəmə hazırkı işə baxılmanın hədlərini müəyyən etməli, xüsusilə Palatanın qəbul etdiyi qərardan sonra baş vermiş hadisələri nəzərə almadan özünü yalnız 2002-ci il 3 noyabr tarixli seçkilərin nəticələrinin araşdırılması ilə məhdudlaşdırmalı olub-olmaması məsələsini həll etməlidir.
71. Məhkəmə xatırladır ki, özünün formalaşmış presedent hüququna əsasən, Böyük Palataya baxılmaq üçün verilən “iş” mütləq Palatanın qərarında araşdırılmış ərizənin bütün aspektlərini əhatə etməlidir; işin yalnız müəyyən hissədə baxılmaq üçün Böyük Palataya verilməsi üçün əsaslar mövcud deyildir (bax: “Kumpana və Mazare Rumıniyaya qarşı” (Cumpǎnǎ and Mazǎre v. Romania [GC]), application № 33348/96, § 66, ECHR 2004‑XI) və “K. və T. Finlandiyaya qarşı” (K. and T. v. Finland [GC]), application № 25702/94, §§ 140 and 141, ECHR 2001‑VII)).
72. Böyük Palataya baxılmaq üçün verilən “iş” dedikdə, ərizənin baxılması mümkün hesab edilmiş hissəsi başa düşülür. Lakin bu o demək deyil ki, Böyük Palata zəruri hallarda, Palatadakı adi icraatda olduğu kimi, ərizəyə baxılmanın mümkünlüyü məsələsini araşdıra bilməz. Məsələn, belə araşdırma Konvensiyanın 35-ci maddəsinin sonuncu hissəsinə əsasən (bu hissə Məhkəməyə “baxılması mümkün olmayan hesab etdiyi istənilən ərizəni ... icraatın istənilən mərhələsində rədd etmək” səlahiyyəti verir), yaxud ərizənin mümkünlüyü məsələsi işə mahiyyəti üzrə baxılması məsələsinə birləşdirildikdə və ya işə mahiyyəti üzrə baxılması mərhələsində ərizənin mümkünlüyü məsələsi hər hansı digər səbəbə görə əhəmiyyət kəsb etdikdə (yuxarıda qeyd edilmiş K. və T. Finlandiyaya qarşı işin 141-ci bəndinə bax) aparıla bilər.
73. Məhkəmə ilk növbədə qeyd edir ki, o, milli seçki qanunvericiliyinə abstrakt şəkildə baxmaq səlahiyyətinə malik deyildir; milli qanunvericiliyin şərh edilməsi və tətbiqi əsas etibarilə müvafiq dövlət orqanları, xüsusilə aidiyyəti məhkəmələr tərəfindən həyata keçirilməlidir (nümunə üçün bax: “Qitonas və digərləri Yunanıstana qarşı” iş (Gitonas and Others v. Greece, judgment of 1 July 1997, Reports of Judgments and Decisions 1997‑IV, § 44) və “Brike Latviyaya qarşı” (Briķe v. Latvia (dec.), no. 47135/99, 29 June 2000)). Lakin hazırkı işdə ərizəçilərin şikayəti actio popularis deyildir. Barəsində şikayət edilən seçki baryeri 2002-ci il 3 noyabr tarixli seçkilər zamanı onlara birbaşa və dərhal təsir göstərmişdir (bax: mutatis mutandis, “Serj Muro və digərləri Belçikaya qarşı” (Serge Moureaux and Others v. Belgium, no. 9267/81, Commission decision of 12 July 1983, Decisions and Reports (DR) 33, p. 127)). Palatanın qərarı 2007-ci il 22 iyul tarixli seçkilərdən əvvəl qəbul edildiyinə görə Məhkəmə həmin qərarda əsasən 2002-ci il 3 noyabr tarixli seçkilərin yekunlarını və Türkiyədə o dövrdə yaranmış vəziyyəti nəzərə almışdır. İndi isə Məhkəmə işə 2002-ci il 3 noyabr tarixli seçkilərin nəticələrini nəzərə alaraq baxacaq; bununla belə, Məhkəmə 2007-ci il 22 iyul tarixli seçkiləri də yaddan çıxarmayacaq - ərizəçilər həmin seçkilərdə namizədlər qismində iştirak etməsələr də, həmin seçkilərin barəsində şikayət edilən seçki baryerinin təsirinin qiymətləndirilməsinə müəyyən aidiyyəti var.
II. 1 SAYLI PROTOKOLUN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
74. Ərizəçilər ölkədə parlament seçkilərində tətbiq edilmiş 10 faizlik seçki baryerinin xalqın qanunverici hakimiyyət orqanını seçərkən iradəsini sərbəst ifadə etməsinə müdaxilə olduğunu iddia etmişlər. Ərizəçilər 1 saylı Protokolun 3-cü maddəsinə istinad etmişlər. Həmin maddədə deyilir ki:
“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə ağlabatan dövriliklə gizli səsvermə əsasında azad seçkilər keçirməyi öhdələrinə götürür.”
A. Palatanın qərarı
75. Palata belə qənaətə gəlmişdir ki, parlament seçkilərində 10 faizlik seçki baryeri parlament tərkibinin ölkəni zəiflədə biləcək həddən ziyadə parçalanmasının qarşısını almaqla hakimiyyətin sabitliyini təmin etmək məqsədi daşıyır. Bundan əlavə, seçkilərdə seçki baryerinin tətbiqi bu məqsədə nail olunması üçün zəruri və mütənasib hesab edilə bilər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlmişdir ki, “barəsində şikayət edilən seçki baryerinin səviyyəsinin yüksək olmasına baxmayaraq, Türkiyə 1 saylı Protokolun 3-cü maddəsi ilə əlaqədar öz təqdir səlahiyyətinin hüdudlarından kənara çıxmamışdır (Palatanın qərarının 66-79-cu bəndlərinə bax).
B. Tərəflərin dəlilləri
1. Ərizəçilər
76. Ərizəçilər Palatanın mülahizələrini mübahisələndirərək iddia etmişlər ki, o, azad seçkilər hüququnu məhdudlaşdırıcı və səthi surətdə şərh etmişdir.
77. Ərizəçilər ilk növbədə hesab edirlər ki, 10 faizlik seçki baryeri əhalinin böyük hissəsinin onun parlamentdə təmsil olunması məsələsində seçim etməsinə imkan vermədiyinə görə 1 saylı Protokolun 3-cü maddəsi baxımından heç bir qanuni məqsəd daşımır və o, seçkilərdə iştirak etmək hüququna ciddi müdaxilə təşkil edir.
78. Bununla əlaqədar ərizəçilər barəsində şikayət edilən tədbirin parlament sabitliyinin təmin edilməsinə yönəlməsi ilə bağlı arqumenti mübahisələndirmişlər. Onlar iddia etmişlər ki, 1980-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş hərbiçilər 1970-ci -1980-ci illər arasındakı sosial və siyasi sarsıntılara və bu sarsıntıların səbəb olduğu qeyri-sabitliyə görə o vaxt qüvvədə olmuş seçki sistemini günahlandırırdılar. Ərizəçilərin fikrinə görə Palata öz qərarında seçkilərdə tətbiq edilən seçki baryeri ilə Türkiyədə 1970-ci illərdə yaranmış vəziyyət arasında səbəb-nəticə əlaqəsinin olmasını süni olaraq müəyyənləşdirmişdir.
79. Ərizəçilər vurğulamışlar ki, seçki baryeri olmadan proporsional təmsilçilik sisteminin tətbiq edildiyi dörd seçkidən ikisi (1965-ci və 1969-cu illərdə) tək partiyalı hökumətlərin meydana gəlməsinə gətirib çıxarmışdır; digər iki halda (1973-cü və 1977-ci illərdə) isə seçkilər koalisiya hökumətlərinin formalaşmasına gətirib çıxarmışdır.
80. Bundan əlavə, ölkə üzrə seçki baryerinin aşağı salınması və ya ləğv edilməsi nəticəsində koalisiya hökumətlərinin formalaşacağı istisna edilməsə də, belə nəticənin hakimiyyətin qeyri-sabitliyinin sinonimi olması heç də həmişə demək deyildir. Koalisiya hökumətləri bəzən tək partiyalı hökumətlərdən daha sabit olur.
81. Ərizəçilər iddia etmişlər ki, şikayət edilən müstəsna tədbirin təmsilçilik demokratiyasını gücləndirməsi fikrini müdafiə etmək çətin olmuşdur. Avropa Şurası demokratiyanın və demokratik dəyərlərin möhkəmləndirilməsi üçün yaradılmışdır. Şübhəsiz ki, Razılığa gələn Yüksək Tərəflərin bu məsələdə malik olduğu təqdir səlahiyyətinin hüdudları genişdir. Lakin onlar ədalətli təmsilçilik hüququnu nəzərə almadan, əhalinin müəyyən seqmentini ölkənin siyasi həyatından kənarda qoymaqla bu sərbəstlikdən qeyri-məhdud və ya qeyri-mütənasib dərəcədə istifadə edə bilməzlər.
82. Parlament istənilən demokratiyanın azad tribunası olmalıdır, buna görə də ölkə üzrə bu cür yüksək seçki baryeri təmsilçiliyin həddən artıq ədalətsiz olmasına səbəb olmuş və hakimiyyətin legitimliyi böhranına gətirib çıxarmışdır. Aydındır ki, tərkibi verilmiş səslərin təxminən 55 faizini əks etdirən parlament istənilən demokratiyanın əsası olan seçicilərin maraqlarının təmsil edilməsi baxımından legitim ola bilməz. Bununla əlaqədar ərizəçilər qeyd etmişlər ki, 1987-ci, 1991-ci, 1995-ci və 1999-cu illərin parlament seçkilərində parlamentdə təmsil olunmamış partiyalar müvafiq olaraq səslərin 19.4 faizini (təxminən 4.5 milyon səs), 0.5 faizini (təxminən 140,000 səs), 14 faizini (təxminən 4 milyon səs) və 18.3 faizini (təxminən 6 milyon səs) toplamışdır. 2002-ci ilin parlament seçkiləri “təmsilçilik böhranı”na səbəb olmuş, verilmiş səslərin 45.3 faizi, yəni təxminən 14.5 milyon səs nəzərə alınmamış və parlamentin tərkibində əks olunmamışdı.
83. Ərizəçilər bildirmişlər ki, Məhkəmə aşağıdakı amilləri nəzərə almalıdır: birincisi, demokratiyanın dayaqlarından biri olan plüralizmin olduqca mühüm rolu və siyasi partiyaların, xüsusilə ölkənin konkret regionunun səsini parlamentə eşitdirmək məqsədilə fəaliyyət göstərən partiyaların bu roldan irəli gələn əhəmiyyəti; ikincisi, Türkiyədə tətbiq edilən seçki baryerinin Avropa Şurasının üzv dövlətləri arasında ən yüksək olması və təshihedici tədbirlərin mövcud olmadığı halda, bu seçki baryerinin bəzi sosial qruplar tərəfindən öz iradəsinin ifadə edilməsi üçün maneə törətməsi; nəhayət üçüncüsü, Türkiyədə yaranmış vəziyyət və seçki baryerinin tətbiqinin praktiki nəticələri, yəni yalnız bir regionda fəaliyyət göstərən partiyanın nümayəndələrinin TBMM-ə seçilməsinin qeyri-mümkün olması. Bu amillər nəzərə alınmasa, ayrı-ayrı dövlətlər azad seçkilər hüququnu istədikləri kimi şərh etməklə 10 faizdən yuxarı olan seçki baryerlərinin mövcudluğunu əsaslandırmaq üçün bu faktdan istifadə edəcəklər.
84. Ərizəçilər həmçinin iddia etmişlər ki, 10 faizlik seçki baryeri ümumavropa standartlarına uyğun olmamışdır. Türkiyədə ölkə üzrə tətbiq edilən seçki baryeri Avropada və ola bilsin ki, dünyanda ən yüksəkdir. Belə seçki baryeri digər ölkələrdə tətbiq edilmiş olsaydı, bir çox nüfuzlu partiyalar hökuməti formalaşdırılmasında iştirak edə bilməzdi; bu, misal üçün Almaniyadakı azad demokratlara, Skandinaviyadakı mərkəzçi və xristian partiyalara, Niderlanddakı yaşıllara və İtaliyadakı sol-mərkəzçi və sağ partiyalara aiddir. Seçki baryeri tətbiq edilən ölkələrin əksəriyyəti 5 faizlik seçki baryerinin lehinə seçim etmişdir (2001-ci ildə Mərkəzi və Şərqi Avropada orta göstərici 4.25 faiz təşkil etmişdir). Hətta inteqrasiya baxımından ciddi problemlərin və partiya təmsilçiliyinin sabitləşdirilməsi zərurətinin olduğu ölkələr, müstəqil və ya çox kiçik partiyaların mövcudluğunu nəzərə alaraq, bundan iki dəfə yüksək olan seçki baryerlərinin tətbiqini məqsədəmüvafiq hesab etməmişdir. Ərizəçilər buna misal kimi qeyd etmişlər ki, 2002-ci ilin parlament seçkilərində 5 faizlik seçki baryeri tətbiq edilsəydi, ölkə üzrə iki əsas partiyanın əvəzinə səkkiz partiya (öz namizədlərini irəli sürmüş 18 partiyadan), o cümlədən DEHAP Türkiyə parlamentində yerlər qazanardı.
85. Hökumətin əsas arqumentlərindən biri ondan ibarət idi ki, ərizəçilər və ya mənsub olduqları partiyanın digər üzvləri müstəqil namizədlər qismində seçkilərdə iştirak edə bilərdilər; bu arqument Palata qərarının əsaslarından birini təşkil etmişdir. Lakin iddiaçılar bildirmişlər ki, bu arqument siyasi sistemin kontekstində siyasi partiyaların rolunu nəzərə almır. Siyasi partiyalar demokratiyanın fundamental elementləri olmaqla mühüm rol oynadığına görə, nə müstəqil namizədlər, nə də alyanslar onları əvəz edə bilməz. Aydındır ki, yalnız öz adından seçkilərdə iştirak edən və yalnız öz məhdud şəxsi və maliyyə resurslarına güvənən namizədlər əhəmiyyətli təşkilati və maliyyə resurslarına malik olan partiyalarla rəqabət apara bilməzlər.
86. Bundan əlavə, Türkiyədə müstəqil namizədlərə münasibətdə bir sıra əlverişsiz məhdudiyyət və şərtlər tətbiq edilir. Məsələn, müstəqil namizədlərin adları sərhəd zonalarında verilən seçki bülletenlərində çap olunmurdu, bu isə o deməkdir ki, məhz sərhəddə yerləşən seçki məntəqəsində seçkilərdə iştirak etmək üçün Türkiyəyə gələn şəxslərin müstəqil namizədlərə səs vermək imkanı yox idi. Bu hal müstəqil namizədlərin seçilmək şanslarını xeyli azaldırdı. Bütün siyasi partiyalar televiziya və radioda efir vaxtından istifadə etmək hüququna malik olduğu halda, müstəqil namizədlərin belə imkanlara malik olmamaları da onlar üçün ciddi maneə yaradırdı. Nəhayət, seçicilərin müstəqil namizədlər tərəfindən deyil, siyasi partiyalar tərəfindən təmsil olunmaları lehinə sərbəst və bərabər qaydada seçim etmək hüququ və bütün partiyaların bərabər şəraitdə rəqabət aparmaq hüququ 1 saylı Protokolun 3-cü maddəsinin məqsədləri üçün əhəmiyyətli prinsiplərdir.
87. Ərizəçilər 10 faizlik seçki baryerini aşmaq üçün digər siyasi partiyalar ilə koalisiya yaratmaq imkanı ilə bağlı qeyd etmişlər ki, 2839 nömrəli Qanunun 16-cı maddəsi siyasi partiyaların birgə siyahılar təqdim etməsini və tamamilə qanuni koalisiyaların formalaşdırılması yolu ilə parlament seçkilərində iştirak etməsini qadağan etmişdir. Onlar həmçinin bildirmişlər ki, millətçiliyin artması ilə səciyyələnən siyasi mühitdə belə alyansların formalaşdırılması qeyri-mümkün olmuşdur.
88. Daha sonra ərizəçilər izah etmişlər ki, “Siyasi partiyalar haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq siyasi partiya ölkədə kifayət qədər geniş təmsil olunmadığı halda seçkilərdə öz namizədlərini irəli sürə bilməz (yuxarıda 36-cı bəndə bax). Bundan əlavə, həmin qanuna uyğun olaraq hər hansı konkret etnik qrupa və ya regiona əsaslanan siyasi partiyanın yaradılması qadağan olunmuşdur (yuxarıda 37-ci bəndə bax). Bu norma Türkiyədə geniş yayılmış rəsmi ideologiyanı əks etdirir. Regional partiyaların ölkənin siyasi həyatından mütləq şəkildə kənarda qoyulması Məhkəmənin əvvəllər bəyan etdiyi “plüralizm olmadan demokratiya olmaz” prinsipinin ciddi pozuntusudur. Türkiyə cəmiyyətinin geniş çox mədəniyyətli təbiəti nəzərə alınmalıdır. Ərizəçilərin və onların partiyasının cəzalandırılması ona görə qaçılmaz idi ki, onlar hətta milli siyasəti müdafiə etməklə bütün ölkə üzrə dəstək axtarsaydılar belə, onları əsasən əhalinin məhz konkret seqmenti dəstəkləyəcəkdi.
89. Ərizəçilərin fikrincə, seçilən partiyalar sisteminə əsaslanan demokratiyanın başlıca məqsədlərindən biri seçicilərinin hamısının və ya əksəriyyətinin konkret regionda cəmləşdiyi siyasi partiyaların heç bir məhdudiyyət olmadan sərbəst şəkildə fəaliyyət göstərə və parlamentə seçilə bilməsini, habelə bu partiyalara səs vermiş seçicilərin bərabər əsasda təmsil olunmasını təmin etməkdən ibarətdir. Bu prinsip tətbiq edilsəydi, aydın olacaqdı ki, Türkiyənin cənub-şərq hissəsində səslərin 45 faizindən çoxunu (təxminən iki milyon səs) toplamış DEHAP-ın parlamentə seçilməsinin qeyri-mümkün olması bu parlamentin tərkibinin təmsilçilik keyfiyyətini əhəmiyyətli dərəcədə təhrif etmişdir. Bundan əlavə, siyasi partiyanın ölkə üzrə fəaliyyət göstərməsi tələbi Məhkəmənin presedent hüququna zidd olaraq Türkiyənin cənub-şərq bölgələrində əhalinin böyük hissəsinin iradəsini sərbəst şəkildə ifadə etməsinin açıq surətdə qarşısını almaqla “kürd məsələsi”nə dair müzakirələrə sistematik şəkildə etinasızlıq göstərən siyasi mədəniyyət kontekstində nəzərdən keçirilməlidir. Beləliklə, həmin regionda seçicilərin əksəriyyətinin iradəsinin ifadə edilməsi üçün maneə bilərəkdən yaradılmışdır.
90. Ərizəçilər daha konkret olaraq bildirmişlər ki, kürd məsələsinə marağı olan və onun həll edilməsi üçün səy göstərən DEHAP 2002-ci ilin parlament seçkilərində bir sıra dairələrdə çox yüksək nəticələr əldə etməsinə baxmayaraq, həmin seçkilərdə seçki baryerinin tətbiqinə görə parlamentdə yer qazanmamışdır. Ərizəçilərin fikrincə, 2007-ci il 22 iyul tarixli seçkilər bu problemi həll etməmiş, baxmayaraq ki, DEHAP-ın varisi olan DTP müstəqil namizədləri irəli sürmüşdür. Kürdlər tərəfindən dəstəklənən partiyaların müstəqil namizədləri irəli sürməsi faktı öz-özlüyündə maneə olmuşdur.
91. Beləliklə, ərizəçilər iddia etmişlər ki, onların mənsub olduqları DEHAP-ın siyahısı 2002-ci il 3 noyabr tarixli parlament seçkilərində Şırnak vilayətində səslərin 45.95 faizini topladığı halda, ərizəçilərin 10 faizlik seçki baryeri tətbiq edildiyinə görə TBMM-ə seçilməməsi faktı 1 saylı Protokolun 3-cü maddəsi ilə uyğunsuzluq təşkil etmişdir. Ərizəçilərin fikrincə, seçki baryerinin həddən artıq yüksək olması həmin maddənin xalqın qanunverici hakimiyyət orqanını seçərkən iradəsini sərbəst ifadə etmək hüququnun təmin olunmasından ibarət obyekt və məqsədinə zidd olmuşdur. Ölkə üzrə tətbiq edilən seçki baryeri əhalinin bir seqmentini onun mövqeyini səsləndirən partiya tərəfindən parlamentdə təmsil olunmaq imkanından məhrum etməklə bu hüququ öz mahiyyətindən məhrum etmişdir. Əhalinin bir qrupunun hüquqlarına bu cür ciddi və sistematik müdaxilənin Avropa seçki sistemlərində analoqu olmamışdır; dövlətin təqdir səlahiyyəti bu müdaxiləyə haqq qazandıra bilməz, beləliklə bu müdaxilə Konvensiyanın açıq-aşkar pozuntusunu təşkil edir.
2. Hökumət
92. Hökumət Böyük Palatadan hazırkı işdə 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusunun olmamasına dair Palata qərarını təsdiq etməyi xahiş etmişdir.
93. Hökumət bildirmişdir ki, 10 faizlik seçki baryeri parlament tərkibinin həddən ziyadə parçalanmasının qarşısının alınması yolu ilə ölkədə siyasi sabitlik təmin etmək və siyasi partiyaları ölkə üzrə əhalinin böyük hissəsinin bölüşdüyü siyasi proqram təklif etməyə həvəsləndirməklə, bu partiyaları və demokratiyanı möhkəmləndirmək məqsədi ilə tətbiq edilirdi. Sözügedən seçki baryeri plüralizm daxil olmaqla, demokratiyanın fundamental prinsiplərini pozmurdu. Əksinə, müstəqil namizədlərə münasibətdə 10 faizlik seçki baryerinin tətbiq edilməməsi və bununla onların seçilməsi üçün şəraitin yaradılması cəmiyyətdə plüralizmi möhkəmlətmişdir. Bununla əlaqədar hökumət vurğulamışdır ki, Türkiyədə seçkilərdə hər hansı seçki baryerinin tətbiq edilmədiyi dövrdə, yəni 1961-1980-ci illər arasında on doqquz il ərzində iyirmi hökumət dəyişdiyi halda, 10 faizlik seçki baryerinin tətbiq edildiyi 1980-2007-ci illərdə keçirilmiş yeddi seçki nəticəsində üç koalisiya hökuməti və üç tək partiyalı hökumət formalaşdırılmışdır. Bu rəqəmlər seçkilərdə tətbiq edilən seçki baryerinin hakimiyyətin sabitliyinə müsbət təsirini nümayiş etdirir.
94. Hökumət həmçinin bildirmişdir ki, siyasi partiyanın ölkə üzrə əhalinin böyük hissəsinin bölüşdüyü siyasi proqramlar təklif etməkdən imtinası və yalnız müəyyən bir regionu və ya seçki dairəsini təmsil etməklə özünü ölkənin qalan hissəsindən ayırması dövlətin unitar strukturuna uyğun hesab edilə bilməz. Türkiyə bu mövqedə duran yeganə ölkə deyildir. Avropa Məhkəməsinin “Matyo-Moen və Klerfayt Belçikaya qarşı” (Mathieu-Mohin and Clerfayt v. Belgium) işi üzrə qərarı göstərmişdir ki, hətta müxtəlif dil qruplarının mövcud olduğu Belçikada parlament üzvləri və senatorlar Belçika xalqını təmsil edirlər. Türkiyə Konstitusiyasının 80-ci maddəsində həmçinin nəzərdə tutulur ki, parlament üzvləri bütövlükdə cəmiyyəti təmsil edirlər.
95. Hökumət hesab edir ki, seçkilərdə tətbiq edilmiş seçki baryeri mütənasib tədbir olmaqla dövlətin təqdir səlahiyyətinin hüdudlarından kənara çıxmamışdır. Belə ki, Hökumət bildirmişdir ki, ərizəçilər müstəqil namizədlər kimi seçkilərdə iştirak etsəydi və ya DEHAP bir və ya bir neçə böyük partiya ilə seçki koalisiyası yaratsaydı, ərizəçilər 2002-ci il 3 noyabr tarixli seçkilərdə seçilə bilərdi; 2007-ci il 22 iyul tarixli parlament seçkiləri bunu təsdiq etmişdir.
96. Bununla əlaqədar Hökumət bildirmişdir ki, 2007-ci il 22 iyul tarixli parlament seçkilərinin yekunları Palatanın 2007-ci il 30 yanvar tarixli qərarında gəldiyi nəticələrin düzgün olduğunu bir daha təsdiq etmişdir. DTP-nin üzvləri - ərizəçilərin sözlərinə görə, bu partiya onların mənsub olduqları partiyanın varisi olmuşdur - 2007-ci ilin seçkilərində müstəqil namizədlər qismində iştirak etməklə parlamentə asanlıqla seçilmişlər, ona görə ki, seçki baryeri onlara şamil olunmurdu. Seçildikdən bir neçə gün sonra onlar yenidən DTP-yə qoşularaq parlament qrupu yaratmışlar (yuxarıda 25-ci bəndə bax). DTP 2007-ci ilin seçkilərində seçki baryerini aşa bilməyəcəyini dərk edərək üzvlərini seçkilərdə müstəqil namizədlər qismində iştirak etməyə çağırmış və nəticədə parlamentdə iyirmi yer qazana bilmişdir. Qeyd edilməlidir ki, DTP-nin müstəqil namizədləri tərəfindən toplanmış səslər ölkə üzrə verilmiş bütün səslərin yalnız 2.04 faizini təşkil etmişdir. Bu isə o deməkdir ki, DTP ərizəçilərin sözlərinə görə Avropa ölkələrinin “ümumi demokratik siyasi ənənə”sinin ifadəsi olan 5 faizlik seçki baryerini də aşa bilməyəcəkdi. Seçkilərdə daha aşağı seçki baryeri, məsələn 2 faizlik seçki baryeri tətbiq edilsəydi, səslərin 2.04 faizini toplamış DTP bir, ən çoxu isə iki yer qazanardı. DTP iyirmi yer, yəni Böyük Millət Məclisinin bütün yerlərinin 3.6 faizini qazanmaqla parlamentdə təmsilçiliyini maksimal səviyyəyə qaldırmağa nail olmuşdur.
97. Bundan əlavə, “Parlament üzvlərinin seçilməsi haqqında” 2839 nömrəli Qanunun 16-cı maddəsində birgə siyahıların formalaşdırılmasının qadağan edilməsinə baxmayaraq, siyasi partiyaların iri partiyanın bayrağı altında birgə fəaliyyət göstərmək imkanı olmuşdur. Məsələn, 1999-2002-ci illərdə iqtidar koalisiyasının üzvü olmuş DSP 2002-ci ilin parlament seçkilərində 10 faizlik seçki baryerinin aşa bilməmişdir. Bu səbəbdən o, 2007-ci ilin seçkilərindən özünün rəqibi olan CHP ilə əməkdaşlıq etməklə həmin partiyanın siyahısında on üç yer əldə edə bilmişdir. Bunun nəticəsində seçilmiş parlament üzvləri CHP-nin tərkibindən çıxıb əvvəllər mənsub olduqları DSP-yə qoşulmuşlar. Son nəticədə ərizəçilərin mənsub olduqları partiyaya çevrilmiş HEP 1991-ci ilin seçkilərində həmçinin digər partiyanın siyahısı sayəsində öz namizədlərinin parlamentə seçilməsinə nail ola bilmişdir.
98. 2007-ci ilin seçkilərində tətbiq edilmiş iki texnologiya - seçkilərdə müstəqil namizəd qismində iştirak etmə və digər partiyanın siyahısı üzrə seçilmək məqsədi ilə həmin partiya ilə əməkdaşlıq etmə - seçki baryerinin təsirini neytrallaşdıran tədbirlərin konkret nümunəsidir. Son seçkilərdə bu təshihedici tədbirlərin tətbiqi bütün seçicilərin 85 faizinin parlamentdə təmsil olunmasını təmin etməyə imkan vermişdir. Hökumət bildirmişdir ki, əgər 2002-ci ildə həmin tədbirlər tətbiq edilsəydi, oxşar nəticələr əldə edilə bilərdi.
99. Ərizəçilər işin baxılmaq üçün Böyük Palataya verilməsi haqqında vəsatətində iddia etmişlər ki, 2002-ci və 2007-ci illərin seçkilərində 10 faizlik seçki baryeri mənsub olduqları siyasi partiyanı və onun varisi olan DTP-ni parlamentə buraxmamaq üçün tətbiq edilmişdir. Lakin 2007-ci ilin yekunları bu iddiaların əsassız olduğunu sübut etmişdir. DTP iyirmi deputatdan ibarət parlament qrupunu formalaşdırmış və bu səbəbdən bütün ölkə üzrə fəaliyyət göstərmək tələbinə cavab verməyəcəyi halda da “Siyasi partiyalar haqqında” 2820 nömrəli Qanunun 36-cı maddəsinə uyğun olaraq özünün növbəti seçkilərdə iştirakını təmin etmişdir. 36-cı maddədə nəzərdə tutulurdu ki, parlament qrupu formalaşdırmış siyasi partiyalar bütün ölkə üzrə fəaliyyət göstərmək tələbinə cavab vermədiyi halda da növbəti seçkilərdə iştirak edə bilərlər.
100. Hökumət Palatanın 2007-ci il 30 yanvar tarixli qərarının bundan sonra dövlətlərə səsvermənin nəticələrindən asılı olaraq seçki baryerini artırmaq imkanı verməsi barədə ərizəçilərin dəlili ilə razılaşmamışdır. Palata qərarının əsaslandırıcı hissəsində açıq-aydın göstərilmişdir ki, Palata seçki baryerlərinə mövcud alternativləri, habelə biri-birini tamamlamalı “ədalətli təmsilçilik” və “hakimiyyətin sabitliyi” prinsipləri əsasında Konstitusiya Məhkəməsi tərəfindən aparılmış təhlili nəzərə almışdır. Palata mümkün alternativləri nəzərə alaraq həmçinin belə nəticəyə gəlmişdir ki, xalqın öz iradəsini sərbəst ifadə etməsi üçün hər hansı maneə olmamış və Hökumət təqdir səlahiyyətinin hüdudlarından kənara çıxmamışdır. 2007-ci ilin seçkilərinin yekunları Palatanın gəldiyi nəticələri aydın şəkildə təsdiq etmişdir.
101. 2007-ci ilin səsvermənin nəticələrinə gəldikdə isə Hökumət hesab etmişdir ki, ölkədəki seçicilərin 85 faizinin parlamentdə təmsil olunması nəzərə alınmaqla, ədalətli təmsilçilik prinsipinə riayət olunmuşdur. Bundan əlavə, daha kiçik vilayətlərdə, konkret olaraq 2007-ci ildə DTP-nin müstəqil namizədlərinin əksəriyyətinin seçkilərdə iştirak etdiyi vilayətlərdə seçilmək şansı böyük vilayət və ya seçki dairələrinə nisbətən daha yüksək idi. Məsələn, namizəd İstanbulun 1-ci seçki dairəsində seçilmək üçün 111750 səs toplamalı idi, Hakkari vilayətində (Türkiyənin cənub-şərq hissəsi) isə bunun üçün 34000 səs tələb olunurdu. Vilayətlər arasında yerlərin bölüşdürülməsi qaydası aşkar surətdə kiçik vilayətlər üçün daha əlverişli olmaqla, ədalətli təmsilçilik prinsipinə riayət olunmasının təmin edilməsini mümkün etmişdir.
102. Nəhayət, Hökumət bildirmişdir ki, xalqın qanunverici hakimiyyət orqanını seçərkən iradəsini sərbəst ifadə etməsi üçün hər hansı maneə olmadıqda, Konvensiyanın iştirakçısı olan dövlətin seçki sisteminin və siyasi təmsilçilik sisteminin tənzimlənməsi 1 saylı Protokolun 3-cü maddəsi ilə əhatə olunmur. Parlament seçkilərində siyasi partiyalara münasibətdə tətbiq edilən 10 faizlik seçki baryeri xalqın öz namizədlərini parlamentə seçərkən iradəsini sərbəst ifadə etməsi üçün maneə törətməmişdir. 2007-ci il 22 iyul tarixli seçkilər bunu sübut etmişdir. Bu səbəbdən Palata 2007-ci il 20 yanvar tarixli qərarında düzgün nəticələrə gəlmişdir. Palata Məhkəmənin presedent hüququndan kənara çıxmamış və 1 saylı Protokolun 3-cü maddəsinin yeni şərhini verməmişdir.
C. İş üzrə üçüncü tərəfin dəlilləri
103. “Azlıqların Hüquqları üzrə Beynəlxalq Qrup” adlı qeyri-hökumət təşkilatı ərizəçilərin arqumentləri ilə razılaşmışdır. O, 10 faizlik seçki baryerinin Avropada ölkə üzrə ən yüksək seçki baryeri olduğunu bildirmişdir. Bu seçki baryerinin tətbiqi hətta onun yaratdığı problemləri aradan qaldıra biləcək cüzi təshihedici tədbirlərlə belə müşayiət olunmamışdır. Seçki baryerinin tətbiqinə görə ölkənin bir və ya bir neçə regionunda fəaliyyət göstərən partiyanın parlamentə seçilməsi qeyri-mümkün idi. Türkiyədə bu o demək idi ki, fəaliyyət göstərdiyi regionlarda ərizəçilərin 2002-ci ildə əldə etdikləri nəticələrlə (verilmiş səslərin 45 faizi) müqayisə oluna bilən nəticələri müntəzəm əldə etməyinə baxmayaraq, kürd partiyalarının heç biri parlamentə daxil ola bilmirdi. Aydındır ki, dövlət tərəfindən 10 faizlik seçki baryeri ilə əlaqədar həyata keçirilən bütün tədbirlər bu partiyaların ölkənin siyasi həyatından kənarda qoyulmasına yönəlmiş məqsədyönlü siyasətin nəticəsidir. Bununla belə, bu siyasətin məqsədyönlü olmadığı halda da o, eyni nəticələrə gətirib çıxaracaqdı.
104. Bundan əlavə, həddən ziyadə seçki baryeri 1 saylı Protokolun 3-cü maddəsinin obyekt və məqsədinə, yəni qanunverici hakimiyyət orqanının seçilməsində xalqın iradəsinin sərbəst ifadəsinin təmin edilməsinə zidd olmuşdur. Ölkə üzrə seçki baryeri əhalinin bir seqmentini onun mövqeyini səsləndirən partiya tərəfindən parlamentdə təmsil olunmaq imkanından məhrum etməklə bu hüququ öz mahiyyətindən məhrum etmişdir. Əhalinin bir qrupunun hüquqlarına bu cür ciddi və sistematik müdaxilənin Avropa seçki sistemlərində analoqu olmamışdır; dövlətin təqdir səlahiyyətinin hüdudları bu müdaxiləyə haqq qazandıra bilməz, beləliklə o, Konvensiyanın açıq-aşkar pozuntusunu təşkil edir.
D. Məhkəmənin qiymətləndirməsi
1. Konvensiya orqanlarının presedent hüququ ilə müəyyən edilən ümumi prinsiplər
(a) Məhkəmənin 1 saylı Protokolun 3-cü maddəsi ilə əlaqədar tətbiq etdiyi meyarlar
105. Məhkəmə ilk növbədə vurğulayır ki, 1 saylı Protokolun 3-cü maddəsində səmərəli demokratiyanın xarakterik prinsipi təsbit olunduğuna görə o, Konvensiya sistemində ümdə əhəmiyyət kəsb edir (bax: “Matyo-Moen və Klerfayt Belçikaya qarşı” (Mathieu-Mohin and Clerfayt v. Belgium, judgment of 2 March 1987, Series A no. 113, § 47). Demokratiya “Avropa hüquq qaydası”nın fundamental elementidir, 1 saylı Protokolun 3-cü maddəsində təsbit edilən hüquqların isə hüququn aliliyinə əsaslanan səmərəli demokratiyanın bünövrəsinin formalaşdırılması və qorunub saxlanması üçün həyati əhəmiyyəti var (bax: bir çox digər qərarlarla yanaşı ən son qərarlardan “Jdanoka Latviyaya qarşı” (Ždanoka v. Latvia [GC], no. 58278/00, §§ 98 and 103, ECHR 2006‑IV)).
106. Məhkəmə plüralizmin təminatçısı qismində dövlətin rolunu tez-tez vurğulayaraq bildirirdi ki, dövlət bu funksiyasını həyata keçirərkən “qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə” demokratik seçkilərin “təşkil edilməsi” ilə bağlı pozitiv öhdəliyi öz üzərinə götürür. (bax: yuxarıda qeyd edilmiş “Matyo-Moen və Klerfayt”, 54-cü bənd; həmçinin, bax: “Lentia İnformasiya Birliyi və digərləri Avstriyaya qarşı” (Informationsverein Lentia and Others v. Austria, judgment of 24 November 1993, Series A no. 276, § 38)).
107. Azad seçkilər və fikri ifadə etmək azadlığı, xüsusilə də siyasi məsələləri sərbəst müzakirə etmək azadlığı istənilən demokratiyanın özəyini təşkil edir. (bax: yuxarıda qeyd edilmiş “Matyo-Moen və Klerfayt”, səh. 22, 47-ci bənd və “Linqens Avstriyaya qarşı” (Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, §§ 41 and 42). “Qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə etməsi” məsələsinə həmçinin Konvensiyanın 11-ci maddəsinin aidiyyəti var. Həmin maddə birləşmək azadlığını, bununla da dolayı yolla siyasi partiyaların azadlığını təmin edir; partiyaların azadlığı demokratiya üçün böyük əhəmiyyətə malik olan birləşmə növlərindən biridir. Ölkə əhalisinin müxtəlif təbəqələrinin fikirlərini təmsil edən çoxlu sayda siyasi partiyalar olmadan, xalqın öz iradəsini ifadə etməsi mümkün deyildir. Siyasi partiyalar bu fikirləri yalnız siyasi təsisatlar çərçivəsində deyil, həmçinin kütləvi informasiya vasitələrinin köməyi ilə cəmiyyətin həyatının bütün səviyyələrində əks etdirməklə demokratik cəmiyyət konsepsiyasının özəyini təşkil edən siyasi diskussiyaya əvəzolunmaz töhfə verir (bax: yuxarıda qeyd edilmiş “Linqens”, səh. 26, 42-ci bənd; “Kastels İspaniyaya qarşı” (Castells v. Spain, judgment of 23 April 1992, Series A no. 236, p. 23, § 43); və “Türkiyənin Birləşmiş Kommunist Partiyası və digərləri Türkiyəyə qarşı” (United Communist Party of Turkey and Others v. Turkey, judgment of 30 January 1998, Reports 1998‑I, § 44)).
108. İnsan Hüquqları üzrə Avropa Komissiyasının dəfələrlə qeyd etdiyi kimi, “xalqın iradəsini sərbəst ifadə etməsi” sözləri o deməkdir ki, seçkilər seçicilərin bir və ya bir neçə namizədi seçərkən istənilən formada təzyiqə məruz qalmaları şəraitində keçirilə bilməz və seçicilər bu və ya digər partiyaya səs verməyə məcbur edilə bilməzlər (bax: “X Birləşmiş Krallığa qarşı” (X. v. the United Kingdom, no. 7140/75, Commission decision of 8 October 1976, DR 7, p. 96)). Beləliklə, seçicilər namizəd və ya partiyalarla bağlı seçim edərkən hər hansı formada məcburiyyətə məruz qala bilməzlər. “Seçim” sözü isə o deməkdir ki, müxtəlif siyasi partiyalara seçkilərdə öz namizədlərini irəli sürmək üçün ağlabatan imkan verilməlidir (həmin yerdə; həmçinin, bax: “X İslandiyaya qarşı” (X. v. Iceland, no. 8941/80, Commission decision of 8 December 1981, DR 27, p. 156)).
109. Məhkəmə öz qərarlarında 1 saylı Protokolun 3-cü maddəsinin ümumi şərhi ilə bağlı aşağıdakı əsas prinsipləri müəyyən etmişdir (bax: digər qərarlarla yanaşı “Matyo-Moen və Klerfayt”, səh. 22 və 23, 46-51-ci bəndlər; yuxarıda qeyd edilmiş “Jdanoka”, 115-ci bənd; “Podkozlina Latviyaya qarşı” (Podkolzina v. Latvia, no. 46726/99, § 33, ECHR 2002‑II); və “Xirst Birləşmiş Krallığa qarşı” (Hirst v. the United Kingdom (no. 2) [GC], no. 74025/01, § 61, ECHR 2005‑IX)):
(i) ilk baxışdan 1 saylı Protokolun 3-cü maddəsi Konvensiyanın və onun Protokollarının insan hüquqlarını təmin edən digər maddələrindən fərqlənən kimi görünə bilər, çünki o, hər hansı konkret hüquq və ya azadlığı deyil, dövlətlərin xalqın iradəsini sərbəst ifadə etməsinin təmin olunduğu şəraitdə seçkilər keçirmək öhdəliyini təsbit edir. Lakin Məhkəmə 1 saylı Protokolun 3-cü maddəsinin işlənib-hazırlanması ilə bağlı materialları və bu maddənin bütövlükdə Konvensiya kontekstində necə şərh edildiyini nəzərə alıb müəyyən etmişdir ki, 1 saylı Protokolun 3-cü maddəsi seçmək hüququ və seçilmək hüququ daxil olmaqla fərdi hüquqları təmin edir (bax: yuxarıda istinad edilən “Matyo-Moen və Klerfayt”).
(ii) 1 saylı Protokolun 3-cü maddəsində təsbit edilmiş hüquqlar mütləq deyildir. Onlar “nəzərdə tutulan məhdudiyyətlər”ə məruz qala bilər, Razılığa gələn Tərəflərə isə bu sahədə geniş təqdir səlahiyyəti verilməlidir (bax: digər qərarlarla yanaşı “Metyus Birləşmiş Krallığa qarşı” (Matthews v. the United Kingdom [GC], no. 24833/94, § 63, ECHR 1999‑I) və “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 201, ECHR 2000‑IV)).
(iii) 1 saylı Protokolun 3-cü maddəsindəki “nəzərdə tutulan məhdudiyyətlər” anlayışı həmin maddədə təsbit olunmuş hüquqlara tətbiq edilən məhdudiyyətlərin xidmət etdiyi məqsədlərin hüquqa uyğunluğunun müəyyən olunması üçün böyük əhəmiyyət kəsb edir. Konvensiyanın 8-11-ci maddələrindən fərqli olaraq, 1 saylı Protokolun 3-cü maddəsində “qanuni məqsədlər”in konkret siyahısı verilmədiyinə görə, Razılığa gələn Tərəflər həmin maddədə nəzərdə tutulmuş hüquqlara tətbiq edilən hər hansı məhdudiyyətə bəraət qazandırmaq üçün qeyd edilən siyahıda göstərilməyən məqsədə də istinad etməkdə sərbəstdir, bir şərtlə ki, bu məqsədin hüququn aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğunluğu işin halları ilə sübut edilmiş olsun. Bu, həmçinin o deməkdir ki, Məhkəmə Konvensiyanın 8-11-ci maddələri kontekstində tətbiq edilən ənənəvi “zərurilik” və “ciddi ictimai tələbat” testlərindən istifadə etmir. Məhkəmə konkret işdə 1 saylı Protokolun 3-cü maddəsinə riayət edilməsi məsələsinə baxarkən diqqətini əsasən iki meyar üzərində cəmləşdirir: özbaşınalığa və ya qeyri-mütənasibliyə yol verilib-verilməməsi və tətbiq olunmuş məhdudiyyətin xalqın iradəsini ifadə etməsinə müdaxilə edib-etməməsi.
(iv) Lakin son nəticədə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət olunub-olunmamasının müəyyən edilməsi Məhkəmənin işidir. Məhkəmə yəqin etməlidir ki, bu maddədə təsbit olunmuş hüquqlara münasibətdə tətbiq edilən məhdudiyyətlər həmin hüquqların mahiyyətinə toxunmur və onların qeyri-effektiv olmasına səbəb olmur. Məhkəmə həmçinin tətbiq olunan məhdudiyyətlərin qanuni məqsədə xidmət etdiyini və istifadə olunan vasitələrin qeyri-mütənasib olmadığını yəqin etməlidir (bax: yuxarıda qeyd edilmiş “Matyo-Moen və Klerfayt”, 52-ci bənd). Konkret olaraq, istənilən məhdudiyyətlər qanunverici orqanın seçilməsi zamanı xalqın iradəsini sərbəst ifadə etməsi üçün maneə yaratmamalı – başqa sözlərlə, onlar ümumi səsvermə yolu ilə xalqın iradəsinin müəyyən edilməsinə yönəlmiş seçki prosesinin bütövlüyü və səmərəliliyinin təmin edilməsi mənafeyini əks etdirməli və yaxud həmin mənafeyə zidd olmamalıdır (bax: yuxarıda qeyd edilmiş “Xirst” (Hirst (no. 2), 62-ci bənd); “Hilbe Lixtenşteynə qarşı” (Hilbe v. Liechtenstein (dec.), no. 31981/96, ECHR 1999‑VI) və “Melniçenko Ukraynaya qarşı” (Melnychenko v. Ukraine, no. 17707/02, § 56, ECHR 2004‑X)). Ümumi səsvermə prinsipindən istənilən kənara çıxma bu yolla seçilmiş qanunverici hakimiyyət orqanının və onun qəbul etdiyi qanunların demokratik legitimliyini sarsıda bilər. (bax: yuxarıda qeyd edilmiş “Xirst” (Hirst (no. 2), 62-ci bənd).
(v) Seçkilərdə namizəd qismində iştirak etmək hüququ, yəni 1 saylı Protokolun 3-cü maddəsinin təmin etdiyi hüquqların “passiv” aspektinə gəldikdə isə, Məhkəmə bu kontekstdə tətbiq edilən məhdudiyyətlərin qiymətləndirilməsində 1 saylı Protokolun 3-cü maddəsindəki hüquqların “aktiv” elementi olan seçmək hüququ ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin nəzərdə keçirilməsi ilə müqayisədə daha da ehtiyatlı olmuşdur. Yuxarıda (57-ci bənddə) istinad edilən Melniçenkonun işi üzrə qərarında Məhkəmə qeyd etmişdir ki, parlament seçkilərində namizəd qismində iştirak edənlərə səs verənlərlə müqayisədə daha ciddi tələblər tətbiq edilə bilər. Bununla bağlı Məhkəmə belə nəticəyə gəlmişdir ki, dövlətlər bu cür tələbləri abstrakt şəkildə müəyyən edərkən geniş təqdir səlahiyyətinə malik olsa da, hüquqların effektivliyi prinsipi seçkilərdə namizədliyin qeydə alınması prosesində özbaşına qərarların qəbul edilməsinə imkan verməyən təminatların mövcud olmasını tələb edir (həmin yerdə, 59-cu bənd; həmçinin bax: yuxarıda qeyd edilmiş “Podkolzina”, 35-ci bənd).
(vi) Məhkəmə həmçinin qeyd etmişdir ki, demokratik qayda üçün ciddi əsasların mövcud olması halı istisna olmaqla, xalqın iradəsi sərbəst və demokratik surətdə ifadə edildikdən sonra seçki sisteminin quruluşunda edilmiş hər hansı dəyişikliklər bu seçimi şübhə altına qoya bilməz (bax: “Likurezos Yunanıstana qarşı” (Lykourezos v. Greece, no. 33554/03, § 52, ECHR 2006‑VIII)).
(b) Seçki sistemləri və seçki baryerləri
110. Məhkəmə bir daha qeyd edir ki, Razılığa gələn Tərəflər qanunverici orqanın seçilməsində xalqın iradəsinin sərbəst ifadə edilməsini təmin edən səsvermə növünü müəyyən edərkən geniş təqdir səlahiyyətinə malikdir. Bununla bağlı 1 saylı Protokolun 3-cü maddəsində yalnız “xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə” “ağlabatan dövriliklə” və “gizli səsvermə əsasında” keçirilən “azad” seçkilər nəzərdə tutulur. Həmin maddədə bu şərtlərdən başqa “hər hansı konkret sistemin tətbiqi ilə bağlı öhdəlik”, məsələn, bir və ya iki mərhələli səsvermə əsasında proporsional və ya majoritar seçki sisteminin tətbiqi nəzərdə tutulmur (bax: yuxarıda qeyd edilmiş “Matyo-Moen və Klerfayt”, 54-cü bənd).
111. Bu sahədə mövcud qaydalar hər bir dövlət üçün xarakterik olan tarixi və siyasi amillərə görə fərqlənir; Avropa Şurasının çoxsaylı üzv dövlətlərinin seçki qanunvericiliyində nəzərdə tutulmuş müxtəlif hallar mümkün seçimlərin rəngarəngliyini nümayiş etdirir. 1 saylı Protokolun 3-cü maddəsinin tətbiqi məqsədləri baxımından istənilən seçki qanunvericiliyi konkret ölkənin siyasi təkamülü kontekstində qiymətləndirilməlidir; belə ki, bir sistem çərçivəsində qeyri-məqbul hesab edilən xüsusiyyətlərə başqa bir sistemin kontekstində, ən azı seçilmiş sistem “qanunverici hakimiyyət orqanının seçilməsində xalqın iradəsini sərbəst ifadə etməsi”ni təmin edəcək şərtləri təsbit etdiyi təqdirdə, haqq qazandırıla bilər (bax: “Pi Fransaya qarşı” (çıxarışlar) (Py v. France, no. 66289/01, § 46, ECHR 2005‑I (extracts)).
112. Bundan əlavə, unudulmamalıdır ki, seçki sistemləri bəzən biri-birinə, demək olar ki, uyğun olmayan məqsədlərə xidmət edir: bir tərəfdən bu sistemlər xalqın fikirlərini müəyyən dəqiqliklə əks etdirməyə çalışır, digər tərəfdən isə onlar həmin fikirləri kifayət qədər aydın və ziddiyyətsiz siyasi iradənin formalaşdırılmasına imkan verəcək istiqamətə yönəltmək məqsədinə xidmət edir. 1 saylı Protokolun 3-cü maddəsi bütün səslərin seçkilərin nəticələrinə təsir etmək imkanı baxımından mütləq eyni çəkiyə malik olmasını və bütün namizədlərin seçkilərdə qalib gəlmək şanslarının bərabər olmasını nəzərdə tutmur. Beləliklə, heç bir seçki sistemi “boş yerə sərf edilmiş səslər”in mövcudluğunu aradan qaldıra bilməz (bax: yuxarıda qeyd edilmiş “Matyo-Moen və Klerfayt”, 54-cü bənd).
113. Seçki baryerlərinin hansı səviyyədə müəyyən edilməsi məsələsi ilə əlaqədar qeyd edilməlidir ki, hazırkı işin hallarına ən çox oxşarlığı olan “Silvius Maqnaqo və Cənubi Tirol Xalq Partiyası İtaliyaya qarşı” (Silvius Magnago and Südtiroler Volkspartei v. Italy (no. 25035/94, Commission decision of 15 April 1996, DR 85-A, p. 116)), Komissiya belə bir fikir ifadə etmişdir ki, “Deputatlar Palatasının üzvlərinin yerdə qalan 25 faizinin seçilməsi üçün tələb olunan 4 faizlik seçki baryeri” və hətta “nisbətən yüksək seçki baryerini nəzərdə tutan sistemlər” dövlətin bu sahədə malik olduğu təqdir səlahiyyətindən kənara çıxmır. Komissiya həmçinin qeyd etmişdir ki, oxşar seçki baryerləri Avropanın digər hüquq sistemlərində də mövcud olmuşdur (bax: “Etyen Tet Fransaya qarşı” (Etienne Tête v. France, no. 11123/84, Commission decision of 9 December 1987, DR 54, p. 68) - həmin qərar Avropa Parlamenti seçkilərində yerlərin bölüşdürülməsində tətbiq edilmiş 5 faizlik seçki baryerinə aiddir). Nəhayət, Komissiya belə qənaətə gəlmişdir ki, seçki baryerləri cəmiyyətin kifayət qədər dəstəklədiyi ideyaların formalaşdırılmasına xidmət edir.
114. “Kanaria Millətçi Federasiyası İspaniyaya qarşı” (Federación nacionalista Canaria v. Spain ((dec.), no. 56618/00, ECHR 2001‑VI) işində Məhkəmə Kanar Adalarının Muxtar İcmasında tətbiq edilən proporsional təmsilçilik sisteminin tərkib hissəsi olan seçki baryerləri nəzərdən keçirmişdir. Həmin sistem çərçivəsində bir-birinə alternativ olan iki şərt müəyyən edilmişdir: namizədlər adalardakı seçki dairələrinin hər hansı birində verilmiş səslərin ən azı 30 faizini və ya bütövlükdə Muxtar İcma üzrə verilmiş səslərin ən azı 6 faizini toplamalı idilər. Məhkəmə qeyd etmişdir ki, “ərizəçi qismində çıxış edən federasiyanın irəli sürdüyü namizədlər kimi seçkilərdə iştirak edən şəxslər üçün maneələr törətməkdən uzaq olan” bu cür sistem “kiçik siyasi qrupların müəyyən dərəcədə müdafiəsini təmin edir”.
115. Nəhayət, Məhkəmə inter alia parlament seçkilərində tətbiq edilən 5 faizlik seçki baryeri ilə bağlı olan ən son qərarında (“Yeni Demokratlar” Partiyası və “Yeni Yurd” Partiyası Latviyaya qarşı” (Partija “Jaunie Demokrāti” and Partija “Mūsu Zeme” v. Latvia (dec.), nos. 10547/07 and 34049/07, 29 November 2007)) belə mövqe tutmuşdur ki, sözügedən seçki baryeri cəmiyyətdə kifayət qədər geniş dəstəyə malik ideyaları təşviq etdiyinə və parlament tərkibinin həddən ziyadə parçalanmasının qarşını almağa imkan verdiyinə görə 1 saylı Protokolun 3-cü maddəsinə zidd hesab edilə bilməz.
2. Yuxarıdakı prinsiplərin hazırkı işdə tətbiqi
116. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçilər DEHAP-ın (ərizəçilər həmin partiyanın siyahısı üzrə seçkilərdə iştirak etmişlər) Şırnak vilayətində səslərin 45.95 faizini topladığına baxmayaraq, 2002-ci il 3 noyabr tarixli parlament seçkilərində TBMM-yə seçilməmələri faktı ilə əlaqədar 1 saylı Protokolun 3-cü maddəsinin pozulduğunu iddia etmişlər. Onlar izah etmişlər ki, mənsub olduqları partiya ölkə üzrə səslərin 6.22 faizini toplamış, lakin 10 faizlik baryerini aşmadığına görə parlamentdə təmsilçilikdən məhrum olunmuşdur.
117. Məhkəmə qeyd edir ki, sözügedən seçki baryeri qanunda, daha dəqiq 2839 nömrəli Qanunun 33-cü maddəsində təsbit edilmişdir; o, parlamentdə yerlərin müxtəlif siyahılar və müxtəlif namizədlər arasında necə bölüşdürülməsini müəyyən edir. Həmin seçki həddi ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarına açıq-aşkar müdaxilə təşkil edir. Tərəflərin heç biri bu faktı mübahisələndirmir.
118. Məhkəmə yuxarıda qeyd edilən prinsipləri nəzərə alaraq ilk növbədə şikayət edilən tədbirin (tərəflər bu tədbirin nəticələrinin qabaqcadan proqnozlaşdırıla bilən olmasını mübahisələndirmirlər) qanuni məqsədə xidmət etdiyini yəqin etməlidir. Daha sonra Məhkəmə sözügedən tədbirin tətbiqində özbaşınalığa yol verilib-verilməməsini, habelə istifadə edilmiş vasitələr ilə onların xidmət etdiyi məqsəd arasında ağlabatan proporsionallıq əlaqəsinin olub-olmamasını yoxlamalıdır. Bu iki meyarı tətbiq edərkən, Məhkəmə barəsində şikayət edilən məhdudiyyətin 1 saylı Protokolun 3-cü maddəsinin mənasında xalqın öz iradəsini ifadə etmək hüququnun mahiyyətinə xələl gətirib-gətirmədiyini müəyyən etməyə çalışacaq.
(a) Qanuni məqsəd
119. Məhkəmə qeyd edir ki, Konvensiyanın digər müddəalarından fərqli olaraq, 1 saylı Protokolun 3-cü maddəsi bu maddədə nəzərdə tutulmuş hüquqlara tətbiq edilən məhdudiyyətlərin xidmət etməli olduğu məqsədləri göstərmir və ya məhdudlaşdırmır. Beləliklə, çoxlu sayda müxtəlif məqsədlər bu maddənin tələblərinə cavab verə bilər, bir şərtlə ki, hər bir konkret məqsədin hüququn aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğunluğu işin halları ilə sübut edilmiş olsun.
120. Ərizəçilər bildirmişlər ki, barəsində şikayət edilən seçki baryeri əhalinin böyük hissəsini parlamentdə təmsil olunması ilə bağlı öz seçimini ifadə etmək imkanından məhrum etdiyinə görə hər hansı qanuni məqsədə xidmət etməmişdir. Hökumət bu arqumenti rədd edərək bildirmişdir ki, həmin seçki baryerinin tətbiqi parlament tərkibinin həddən ziyadə parçalanmasının qarşısını almaq, bununla da hakimiyyətin sabitliyini təmin etmək məqsədinə xidmət edirdi.
121. Seçki sistemləri ilə bağlı Məhkəmənin vəzifəsi parlament seçkilərinin keçirilməsini tənzimləyən qaydaların doğurdu nəticələrin müəyyən şəxsləri və qrupları ölkənin siyasi həyatında iştirakdan kənarlaşdırması (bax: “Aziz Kiprə qarşı” (Aziz v. Cyprus, no. 69949/01, § 28, ECHR 2004‑V)) və konkret seçki sisteminin yaratdığı ziddiyyətlərin özbaşına və ya sui-istifadə xarakteri daşıması və sistemin seçki məsələlərində bir siyasi partiya və ya namizədə digərləri ilə müqayisədə üstünlük verməklə onlar üçün daha əlverişli olub-olmaması məsələlərinə baxılmasından ibarətdir (bax: yuxarıda qeyd edilmiş “X İslandiyaya qarşı”).
122. Məhkəmə razılaşır ki, yüksək seçki baryerləri seçicilərin bir hissəsini parlamentdə təmsil olunmaq imkanından məhrum edə bilər. Lakin, bu hal öz-özlüyündə həlledici rol oynamır. Bu cür seçki baryerləri proporsional sistem üçün zəruri təshihedici tədbir qismində çıxış edə bilər. Belə sistem həmişə xalqın iradəsini sərbəst ifadə etməsinə imkan verən sistem kimi qəbul olunmuşdur, baxmayaraq ki, həmin sistem yüksək seçki baryerlərinin tətbiqi ilə müşayiət edildikdə kiçik partiyaların zərərinə işləyə bilər (bax: mutatis mutandis, “Liberal Partiya, xanım R. və cənab R. Birləşmiş Krallığa qarşı” (Liberal Party, Mrs R. and Mr P. v. the United Kingdom, no. 8765/79, Commission decision of 18 December 1980, DR 21, p. 225)).
123. Türkiyədə 10 faizlik seçki baryeri namizədliklərinin hansı seçki dairəsində irəli sürülməsindən asılı olmayaraq, bütün siyasi partiyaların namizədlərinə tətbiq edilən ümumi qaydadır. Seçki baryerinin tətbiq edildiyi 1983-cü ildən etibarən müxtəlif siyasi proqramlarla çıxış edən çoxsaylı partiyalar seçki baryerini aşa bilmədiyinə görə parlamentdə yerlər qazana bilməmişdir. 2002-ci il 3 noyabr tarixli seçkilər bu halı nümayiş etdirir: yalnız ərizəçilərin mənsub olduqları DEHAP deyil, bir sıra digər partiyalar, o cümlədən DYP, MHP, GP və ANAP (bu partiyalar müvafiq olaraq səslərin 9.54, 8.36, 7.25 və 5.13 faizini toplamışdır) parlamentdə yerlər qazana bilməmişdir (yuxarıda 18-ci bəndə bax). 1991-ci və 2007-ci illərdə DEHAP-ın proqramı ilə eyni siyasi proqramla çıxış edən bir sıra namizədlər digər partiyaların siyahıları üzrə və ya müstəqil namizədlər qismində parlamentdə yerlər qazana bilmişlər (yuxarıda 15-ci və 25-ci bəndlərə bax).
124. Bundan əlavə, bir çox digər ölkələrdə olduğu kimi, Türkiyənin seçki sisteminin xüsusiyyətləri bu sistemin unitar dövlət şəraitində fəaliyyət göstərməsi faktı işə şərtləndirilir. Türkiyə Konstitusiyasının 80-ci maddəsinə uyğun olaraq, parlament üzvləri “onları seçmiş bölgələri və ya şəxsləri” deyil, “bütün milləti” təmsil edirlər (yuxarıda 29-cu bəndə bax); bu hal məhz Türkiyə dövlətinin unitar xarakteri ilə bağlıdır. Hər vilayət parlamentdə ən azı bir deputatla təmsil olunur. Qalan yerlər vilayətin əhalisinin sayına uyğun olaraq bölüşdürülür, bununla da ölkənin bütün ərazisinin parlamentdə təmsil olunması təmin edilir (yuxarıda 32-ci bəndə bax). Bu qayda qanunvericilik hakimiyyət orqanının ölkənin konstitusiya quruluşunu əks etdirən və siyasi və institusional meyara əsaslanan seçiminin nəticəsidir. Həmin qayda öz-özlüyündə 1 saylı Protokolun 3-cü maddəsinə zidd deyildir: prinsip etibarilə, sözügedən maddə yalnız bir və ya bir neçə regionda fəaliyyət göstərən partiyaların ölkənin digər hissələrində keçirilmiş səsvermənin nəticələrindən asılı olmayaraq parlamentdə təmsil olunmasını təmin edən seçki sistemini tətbiq etmək öhdəliyi Razılığa gələn Tərəflər üzərinə qoymur. Digər tərəfdən, müvafiq qanunvericilik belə partiyaları parlamentdə təmsil olunmaq imkanından məhrum edirsə, müəyyən problemlər meydana çıxa bilər (yuxarıda 121-ci bəndə bax).
125. Nəhayət, Konvensiya əsasında təsis edilmiş qurumlar bir qayda olaraq bu fikirlə razılaşır ki, seçki baryerlərinin tətbiqi əsasən ölkədə kifayət qədər geniş dəstəyə malik ideyaların formalaşdırılmasının təşviq edilməsinə yönəlmişdir (bax: yuxarıda qeyd edilmiş “Silvius Maqnaqo və Cənubi Tirol Xalq Partiyası” və “Etyen Tet”; həmçinin, həmin məsələ ilə bağlı bax: yuxarıda qeyd edilmiş “Yeni Demokratlar” Partiyası və “Yeni Yurd” Partiyası”). Beləliklə, Məhkəmə Palatanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçilərin hüquqlarına müdaxilə parlament tərkibinin ölkəni zəiflədəcək həddən ziyadə parçalanmasının qarşısını almaqla hakimiyyətin sabitliyini təmin etmək kimi qanuni məqsədə xidmət etmişdir.
(b) Mütənasiblik
126. Palata Türkiyə Konstitusiya Məhkəməsinin 1995-ci il 18 noyabr tarixli qərarına istinadən belə nəticəyə gəlmişdir ki, seçki baryerinin yüksək olmasına baxmayaraq, o, milli hakimiyyətin bu sahədə malik olduğu təqdir səlahiyyətindən kənara çıxmamış, çünki sözügedən seçki həddi cəmiyyətdə siyasi alternativlərin meydana çıxması üçün maneələr yaratmamışdır. Ərizəçilər Palatanın gəldiyi nəticəni mübahisələndirmiş, Hökumət isə onun təsdiq edilməsini xahiş etmişdir.
127. Məhkəmə qeyd edir ki, Türkiyədə parlament seçkilərində tətbiq edilən 10 faizlik seçki baryeri Avropada tətbiq edilən seçki baryerləri arasında ən yüksəkdir (yuxarıda 64-cü bəndə bax). Bu seçki baryerinin qeyri-mütənasib olmadığını yəqin etmək üçün Məhkəmə ilk növbədə onun səviyyəsini digər Avropa ölkələrində tətbiq edilən seçki baryerləri ilə müqayisədə nəzərdən keçirəcək. Daha sonra Məhkəmə seçki baryerinin tətbiqinin müşayiət olunduğu təshihedici tədbirləri və digər təminatları nəzərdən keçirəcək.
i. Müqayisəli hüququn elementləri
128. Ərizəçilər bildirmişlər ki, hazırkı işdə tətbiq edilmiş seçki baryeri Avropa ölkələrinin “ümumi demokratik siyasi ənənəsi”nə uyğun olmamışdır.
129. Məhkəmə qeyd edir ki, seçki baryerləri Avropa seçki sistemləri üçün yenilik deyildir; onların müxtəlif növləri seçkilərin tipindən və tətbiq edildiyi kontekstdən asılı olaraq fərqlənir. Avropa Şurasına üzv dövlətlərdə tətbiq edilən seçki baryerlərinin təhlili göstərir ki, Türkiyədən başqa yalnız üç ölkə yüksək seçki baryerinin lehinə seçim etmişdir. Lixtenşteyndə seçki baryeri 8 faiz səviyyəsində, Rusiya Federasiyası və Gürcüstanda isə 7 faiz səviyyəsində təsbit edilmişdir. Üzv dövlətlərin üçdə biri 5 faizlik seçki baryerinin tətbiq edir, onlardan 13-ü daha aşağı rəqəmi seçmişdir. Proporsional təmsilçilik sisteminin tətbiq edildiyi digər üzv dövlətlərdə seçki baryerləri mövcud deyil. Seçki baryerləri həmçinin partiyaya, yaxud koalisiyaya münasibətdə tətbiq edilməyindən asılı olaraq fərqlənir, bəzi ölkələrdə isə seçki baryerləri müstəqil namizədlərə münasibətdə tətbiq olunur (60-63-cü bəndlərə bax).
130. Məhkəmə həmçinin Avropa Şurası orqanlarının ifadə etdiyi mövqelərə əhəmiyyət verir: onlar Türkiyədə ölkə üzrə tətbiq edilən seçki baryerinin səviyyəsinin çox yüksək olması fikri ilə razılaşmış və onu aşağı salmağa çağırmışlar. Avropa Şurasının Parlament Assambleyası 2007-ci il 18 aprel tarixli Qətnaməsində demokratiyanın təmsilçilik xüsusiyyəti ilə seçki baryerləri arasında qırılmaz əlaqənin olmasını vurğulayıb qeyd etmişdir ki, “davamlı demokratik ənənələrə malik ölkələrdə parlament seçkiləri zamanı 3 faizdən yuxarı olan seçki baryerləri tətbiq edilməməlidir”. Həmin fikir Parlament Assambleyasının 1791 (2000) nömrəli Tövsiyəsində təkrar olunmuşdur (yuxarıda 52-ci və 53-cü bəndlərə bax). Bundan əlavə, Türkiyəyə aid mətnlərdə, daha dəqiq Parlament Assambleyasının 1380 (2004) və 1547 (2007) nömrəli Qətnamələrində, habelə Parlament Assambleyasının ad hoc Komitəsinin hazırladığı “Türkiyədə 2007-ci il 22 iyul tarixli parlament seçkilərinin müşahidəsi haqqında” hesabatda Avropa Şurasının orqanları digər tövsiyələrlə yanaşı Türkiyəni 10 faizlik seçki baryerini aşağı salmaq məqsədi ilə seçki məcəlləsində dəyişikliklər etməyə çağırmışdır (yuxarıda 58-ci və 59-cu bəndlərə bax).
131. Lakin seçki baryerinin doğurduğu nəticələr ölkədən ölkəyə fərqlənə bilər, müxtəlif sistemlər isə fərqli, bəzən biri-birinə zidd olan siyasi məqsədlərə xidmət edə bilər. Bir seçki sistemi parlamentdə partiyaların ədalətli şəkildə təmsil olunmasına daha böyük əhəmiyyət verə bilər, digər sistem isə partiya sisteminin parçalanmasının qarşısının alınmasına və parlamentdə bir partiyanın həlledici çoxluğunun formalaşdırılmasının həvəsləndirilməsinə yönələ bilər (yuxarıda 55-ci bəndə bax). Bu məqsədlərin heç biri öz-özlüyündə əsassız hesab oluna bilməz. Bundan əlavə, seçki baryerlərinin oynadığı rol onların hansı səviyyədə təsbit olunmasından və konkret ölkənin partiya sistemindən asılıdır. Aşağı seçki baryeri yalnız çox kiçik qrupları seçki prosesindən kənarlaşdırır, nəticədə parlamentdə sabit çoxluğu formalaşdırmaq daha çətin olur; eyni zamanda, partiya sisteminin həddən artıq parçalanmış olduğu halda yüksək seçki baryeri xeyli sayda seçiciləri parlamentdə təmsil olunmaq imkanından məhrum edir (yuxarıda 58-ci və 59-cu bəndlərə bax).
132. Avropa Şurasının üzv dövlətlərinin seçki qanunvericiliyində nəzərdə tutulmuş müxtəlif hallar mümkün seçimlərin rəngarəngliyini nümayiş etdirir. Bu, həmçinin onu göstərir ki, Məhkəmə konkret seçki həddinin tərkib hissəsi olduğu seçki sistemini nəzərə almadan həmin seçki baryerini qiymətləndirə bilməz. Bununla belə, Məhkəmə 5 faizlik seçki baryerinin Avropa Şurasının üzv dövlətlərinin ümumi təcrübəsinə daha uyğun olması barədə ərizəçilərin fikri ilə razılaşa bilər. Lakin, artıq qeyd edildiyi kimi, istənilən seçki qanunvericiliyi konkret ölkənin siyasi təkamülü kontekstində qiymətləndirilməlidir; belə ki, bir sistem çərçivəsində qeyri-məqbul hesab edilən xüsusiyyətlərə başqa bir sistemin kontekstində, ən azı seçilmiş sistem “qanunverici hakimiyyət orqanının seçilməsində xalqın iradəsini sərbəst ifadə etməsi”ni təmin edəcək şərtləri təsbit etdiyi təqdirdə, haqq qazandırıla bilər (bax: digər qərarlarla yanaşı yuxarıda qeyd edilmiş “Matyo-Moen və Klerfayt”, 54-cü bənd). Bu səbəbdən Məhkəmə indi barəsində şikayət edilən sistemin nəzərdə tutduğu təshihedici tədbirləri və digər təminatları qiymətləndirməlidir.
ii. Təshihedici tədbirlər və digər təminatlar
133. Hökumət bildirmişdir ki, Türkiyənin seçki sistemində seçki baryerinin doğurduğu neqativ effektləri neytrallaşdıran təshihedici tədbirlər nəzərdə tutulmuşdur. Bununla əlaqədar Hökumət bildirmişdir ki, ərizəçilər 2002-ci il 3 noyabr tarixli seçkilərdə müstəqil namizədlər qismində iştirak etsəydi və ya onların mənsub olduqları partiya (DEHAP) iri partiyalardan biri ilə koalisiya yaratsaydı, onlar həmin parlament seçkilərində seçilə bilərdi; 2007-ci il 22 iyul tarixli seçkilər bunu bir daha təsdiq etmişdir.
134. Məhkəmə qeyd edir ki, əslində, ərizəçilər yuxarıda göstərilən seçki strategiyalarından istifadənin onlara parlamentə seçilmək üçün real şans verə biləcəyi barədə Hökumətin arqumentini mübahisələndirməmişlər. Lakin onlar təmsilçi demokratiyalarda siyasi partiyaların əhəmiyyətini vurğulayıb iddia etmişlər ki, nə müstəqil namizədlər, nə də seçki alyansların formalaşması demokratiyanın fundamental elementləri rolunu oynayan siyasi partiyaları əvəz edə bilməz.
135. Beləliklə, Məhkəmə Hökumətin istinad etdiyi alternativlərin seçki baryerinin doğurduğu neqativ təsiri zəiflədə biləcək vasitə hesab edilə bilib-bilməyəcəyini müəyyən etməlidir.
136. Seçkilərdə müstəqil namizəd qismində iştirak etmək imkanı məsələsinə gəldikdə, Məhkəmə (əvvəllər Palata öz qərarının 71-ci bəndində vurğuladığı kimi) partiyaların siyasi diskussiyaya verdiyi töhfəni vurğulamışdır. Onlar həm vətəndaşların siyasi diskussiyada iştirak etmək üçün istifadə edə biləcəkləri vasitə, həm də vətəndaşların müxtəlif siyasi proqramlara öz dəstəklərini ifadə edə biləcəkləri tribuna rolunu oynayır (bax, mutatis mutandis, yuxarıda qeyd edilən “Türkiyənin Birləşmiş Kommunist Partiyası və digərləri”, səh. 17, 25-ci bənd). Bu səbəbdən onları digər siyasi subyektlərdən, məsələn bir qayda olaraq bir regionda fəaliyyət göstərən müstəqil namizədlərdən fərqləndirmək olar. Eyni zamanda Məhkəmə qeyd edir ki, Türkiyədə müstəqil namizədlər barəsində siyasi partiyalara tətbiq edilməyən bir sıra əlverişsiz məhdudiyyət və şərtlər tətbiq edilir. Belə ki, onlar təminat qismində müəyyən məbləğ depozitə qoymalı, onların adları sərhəd-keçid məntəqələrində və böyük aeroportlarda verilən bülletenlərdə göstərilmir, həmçinin bütün siyasi partiyalar televiziya və radioda efir vaxtından istifadə etmək hüququna malik olduqları halda, müstəqil namizədlər bu formada seçkiqabağı təbliğatı həyata keçirə bilmirlər (yuxarıda 36-cı və 39-cu bəndlərə bax).
137. Lakin Məhkəmə qeyd edir ki, bu metod təcrübədə qeyri-effektiv hesab edilə bilməz. Konkret olaraq, 2007-ci il 22 iyul tarixli seçkilərdə kiçik partiyalar müstəqil namizədləri irəli sürməklə seçki baryerinin doğurduğu mənfi təsirdən yayına və parlamentdə yerlər qazana bilmişdir. Məsələn, DEHAP-ın varisi olan DTP parlamentdə iyirmi yer qazandıqdan sonra parlament qrupu formalaşdıra bilmişdir (yuxarıda 25-ci bəndə bax).
138. Doğrudur, belə nəticə ona görə əldə edilmişdir ki, müxalifət partiyaları müstəqil namizədləri öz adından irəli sürmək əvəzinə “partiya tərəfindən dəstəklənən müstəqil namizədlər” adlandırıla biləcək strategiya lehinə seçim etmişlər (yuxarıda 23-cü bəndə bax). Yuxarıda (36-cı və 39-cu bəndlərə bax) sadalanmış məhdudiyyətlərə baxmayaraq, müstəqil namizədlərdən hər hansı seçki baryerini aşmalarını tələb olunmaması faktı həmin strategiya lehinə seçim edilməsinə xeyli kömək etmişdir. Lakin, bütün bunlara baxmayaraq, məsələnin bu cür həlli hər hansı namizədə mənsub olduğu partiya tərəfindən rəsmi dəstək göstərilməsi ilə müqayisədə yalnız yarımçıq tədbir olmuşdur.
139. Eyni dəlillər partiyanın digər siyasi qruplar ilə seçki koalisiyası yaratmaq imkanına da aiddir. Məhkəmə qeyd edir ki, 2839 nömrəli Qanunun 16-cı maddəsi partiyalar tərəfindən birgə siyahıların təqdim edilməsini, habelə onların tam qanuni koalisiyalar yaratmaqla seçkilərdə iştirak etməsini qadağan edir. Hökumətin qeyd etdiyi kimi, siyasi partiyalar tərəfindən bu qadağanın təsiri altına düşməməyə imkan verən seçki strategiyası işlənib hazırlanmışdır. Bu strategiyanın tətbiqi xüsusən 1991-ci və 2007-ci illərin seçkilərində gözəçarpan nəticələr vermişdir. 1991-ci il 20 oktyabr tarixli seçkilərdən qabaq iki iri siyasi partiyanın bayrağı altında iki alyans formalaşdırılmışdır. Bu yolla bəzi kiçik partiyalar, o cümlədən DEHAP-ın sələfi olmuş HEP parlamentdə on səkkiz yer qazana bilmişdir (yuxarıda 15-ci bəndə bax). Həmin seçki strategiyası 2007-ci il 22 iyul tarixli seçkilərdə də məhsuldar nəticə vermişdir (yuxarıda 24-cü bəndə bax).
140. Sözsüz ki, 2002-ci il 3 noyabr tarixli seçkilərdə səslərin 45.3 faizinin (təxminən 14.5 milyon səs) parlamentə keçməmiş namizədlərə verildiyi nəzərə alınaraq, bu seçki strategiyalarının seçkilərin nəticələrinə təsiri məhdud olmuşdur. Palata qərarının 73-cü bəndində göstərildiyi kimi, seçicilərin belə böyük hissəsinin son nəticədə parlamentdə təmsil olunmaması faktı çətin ki, demokratik nəzarətin və siyasi məsuliyyətin əsas aləti olan və əsl demokratik siyasi rejimə nail olmaq arzusunu mümkün qədər dəqiq əks etdirməli olan parlamentin təmsilçi demokratiyada oynadığı mühüm rola uyğun gəlsin.
141. Lakin qeyd etmək lazımdır ki, bir çox təhlilçilərin fikrinə görə, 2002-ci ilin noyabrındakı seçkilər bir çox müxtəlif səbəblərin (iqtisadi və siyasi böhran, zəlzələlər və sair səbəblər –yuxarıda 12-ci və 20-ci bəndlərə bax) doğurduğu böhran mühitində keçirilmişdir. Bu kontekstdə 1999-cu ilin seçkilərindən sonra iqtidar koalisiyasını yaratmış üç partiyanın 10 faizlik seçki baryerini aşa bilmədiyinə görə parlamentdə təmsil olunmaması (yuxarıda 20-ci bəndə bax) böyük əhəmiyyət kəsb edir.
142. Bundan əlavə, 1983-cü ildən sonra keçirilmiş parlament seçkilərinin ümumi təhlili göstərir ki, 2002-ci ilin noyabrındakı seçkilərindən sonra müşahidə olunmuş təmsilçilik defisiti yalnız seçkilərdə ölkə üzrə tətbiq edilmiş yüksək seçki baryeri ilə deyil, ölkədə yaranmış vəziyyətlə qismən bağlı ola bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, sözügedən seçkilər istisna olmaqla, son nəticədə parlamentə keçməmiş namizədlərə verilmiş səslərin sayı heç vaxt 19.4 faizdən yuxarı olmamışdır (1987-ci ildə 19.4 faiz, 1991-ci ildə 0.5 faiz, 1995-ci ildə 14 faiz və 1999-cu ildə 18 faiz). Parlamentdə heç bir yer qazanmamış namizədlərə verilmiş səslərin sayı 2007-ci il 22 iyul tarixli seçkilərdə 13.1 faizə düşmüşdür (yuxarıda 49-cu bəndə bax).
143. Beləliklə, Məhkəmə qeyd edir ki, 10 faizlik seçki baryerinin təsirinə məruz qalmış siyasi partiyalar təcrübədə həmin seçki baryerinin təsirini müəyyən dərəcədə zəiflətməyə imkan verən strategiyalar işləyib hazırlaya bilmiş, baxmayaraq ki, belə strategiyalar seçki baryerinin bəyan olunmuş məqsədlərinin birinə, yəni parlament tərkibinin həddən ziyadə parçalanmasının qarşısının almaq məqsədinə zidd olmuşdur (yuxarıda 65-ci və 120-ci paraqraflara bax).
144. Məhkəmə həmçinin Türkiyə Konstitusiya Məhkəməsinin bu məsələdə oynadığı rola böyük əhəmiyyət verir. 1961-ci ilin Konstitusiyasının qüvvədə olduğu dövrdə Konstitusiya Məhkəməsi öz qərarını demokratik dövlət və plüralizm prinsipləri ilə əsaslandırmaqla hər bir seçki dairəsində “adi seçki baryeri”nin tətbiqi ideyasını rədd etmişdir (yuxarıda 40-cı bəndə bax). 1982-ci ilin Konstitusiyası qəbul edildikdən sonra, Konstitusiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunverici hakimiyyət orqanının bu sahədə qeyri-məhdud təqdir səlahiyyətləri olmamış və o, xalqın iradəsini sərbəst ifadə etmək hüququnun məhdudlaşdırılmasına, yaxud siyasi həyatın bir partiyanın hegemonluğuna məruz qoyulmasına və ya çoxpartiyalı sistemin ləğv olunmasına yönəlmiş tədbirlər tətbiq edə bilməzdi” (yuxarıda 41-ci bəndə bax).
145. Konstitusiya Məhkəməsi 1995-ci il 18 noyabr tarixli qərarında barəsində şikayət edilən seçki baryerinin ölkəni zəiflədə biləcək parlament tərkibinin həddən ziyadə parçalanmasının qarşısını almağa imkan verən təshihedici tədbir qismində mövcudluğunun əsaslarını nəzərdən keçirmişdir. Həmin qərarla Konstitusiya Məhkəməsi özünün 1968-ci ildən formalaşmış məhkəmə təcrübəsini dəyişmişdir (yuxarıda 40-cı bəndə bax). Konstitusiya Məhkəməsi seçki baryerinin “seçmək və seçilmək hüququ”nu məhdudlaşdırması fikri ilə razılaşsa da, onların tətbiqinin normal hüdudlardan kənara çıxmamaq şərti ilə yolverilən olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, 10 faizlik seçki baryeri konstitusiya prinsiplərinə uyğun olmuşdur. Digər tərəfdən, Konstitusiya Məhkəməsi “ədalətli təmsilçilik” prinsipinə istinadən vilayətlərdə yerlərin bölüşdürülməsi üçün tətbiq edilən 25 faizlik seçki baryerini qüvvədən düşmüş elan etmişdir. Beləliklə, Konstitusiya Məhkəməsi təsdiq etmişdir ki, “ədalətli təmsilçilik” və “hakimiyyətin sabitliyi” konstitusiya prinsipləri mütləq biri-birini tarazlaşdıran və tamamlayan tərzdə birgə tətbiq olunmalıdır.
146. Yuxarıda qeyd edilən mülahizələrdən görünür ki, Konstitusiya Məhkəməsi “ədalətli təmsilçilik” və “hakimiyyətin sabitliyi” prinsipləri arasında tarazlıq nöqtəsini axtarmaqla barəsində şikayət edilən seçki baryerinin hər hansı həddən ziyadə mənfi nəticələr doğurmasının qarşısını almağa yönələn sayıqlıq nümayiş etdirən zaman həmin seçki baryerinin 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüququn mahiyyətinə zərər vurmamasını təmin edir.
iii. Nəticə
147. Yekunda, Məhkəmə ümumilikdə 10 faizlik seçki baryerinin yüksək olduğunu hesab edir. Bununla əlaqədar Məhkəmə seçki baryerinin yüksək olduğunu qeyd etmiş və onu aşağı salmağı tövsiyə etmiş Avropa Şurası orqanlarının mövqeyi ilə razılaşır (yuxarıda 57-ci və 130-cu bəndlərə bax). Belə yüksək seçki baryerləri siyasi partiyaları seçki prosesinin şəffaflığının təmin olunmasına kömək etməyən hiylələrdən istifadə etməyə məcbur edir. Lakin Məhkəmə hazırkı işdə seçki baryerini müzakirə edilən seçkilərin xüsusi siyasi kontekstində qiymətləndirərək və təcrübədə onun doğura biləcəyi mənfi nəticələri məhdudlaşdıran təshihedici tədbirlər və digər təminatlar ilə müşayiət edildiyini nəzərə alaraq hesab edir ki, bu seçki baryerinin ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsində təsbit edilmiş hüquqlarının mahiyyətinə zərər vurması sübuta yetirilməmişdir.
148. Beləliklə, hazırkı işdə yuxarıda qeyd olunan maddənin pozulmasına yol verilməmişdir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ
On üç səs lehinə və dörd səs əleyhinə olmaqla hazırkı işdə 1 saylı Protokolun 3-cü maddəsinin pozulmadığını qət edir.
Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2008-ci il iyunun 8-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.
Vincent BergerBoştyan M. Zupançiç
JurisconsultSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq hakimlər Tülkens, Vayiç, Yeqer və Şikutanın birgə xüsusi rəyi bu qərara əlavə edilir.
B.M.Z.
V.B.
© Avropa Şurası/İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, 2012.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının “Hyuman Rayts Trast Fondu”nun dəstəyi ilə həyata keçirilmişdir (/humanrightstrustfund). O, Məhkəmə üçün məcburi deyil və Məhkəmə tərcümənin keyfiyyətinə görə hər hansı məsuliyyət daşımır. Tərcüməni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin HUDOC presedent hüququ məlumat bazasından () və ya Məhkəmənin onu bölüşdüyü istənilən digər məlumat bazasından yükləmək olar. Bu tərcümə işin tam adının, yuxarıda qeyd edilmiş müəlliflik hüququna dair məlumatın göstərilməsi və “Hyuman Rayts Trast Fondu”na istinad edilməsi şərti ilə qeyri-kommersiya məqsədləri üçün çoxaldıla bilər. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədləri üçün istifadə etmək istəyi olduqda, bu ünvanla əlaqə saxlaya bilərsiniz: publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour europeenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour europeenne des droits de l’homme sont le francais et l’anglais. La presente traduction a ete effectuee avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund’). Elle ne lie pas la Cour, et celle-ci decline toute responsabilite quant a sa qualite. Elle peut etre telechargee a partir de HUDOC, la base de jurisprudence de la Cour europeenne des droits de l’homme (), ou de toute autre base de donnees a laquelle HUDOC l’a communiquee. Elle peut Itre reproduite a des fins non commerciales, sous reserve que le titre de l’affaire soit cite en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la reference au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la presente traduction a des fins commerciales est invitee a le signaler a l’adresse suivante: publishing@
Full & Egal Universal Law Academy