© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Yumak və Sadak Türkiyəyə qarşı [Böyük Palata] (Yumak and Sadak v. Turkey [GC]), ərizə № 10226/03
08.07.2008-ci il tarixli qərar [Böyük Palata]
1 saylı Protokolun 3-cü maddəsi
Qanunverici orqanın seçilməsi
Xalqın öz rəyini sərbəst ifadə etməsi
Siyasi partiyalardan parlamentdə təmsil olunmaq üçün ümummilli seçkilərdə səslərin ən azı 10%-ini qazanmalarının tələb olunması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilər 2002-ci ilin noyabrında keçirilən parlament seçkilərində bir əyaləti əhatə edən seçki dairəsində DEHAP-dan (Demokratik Xalq Partiyasından) namizədliklərini irəli sürmüşdülər. Səslərin hesablanmasının nəticələrinə əsasən, DEHAP həmin əyalətdə səslərin təxminən 45,95%-ini (47.449 səs) qazanmışdı ki, bu da bütün ölkə üzrə səslərin ümumi sayının 6,22%-ini təşkil edirdi. "Böyük Millət Məclisinə seçkilər haqqında" 1983-cü il tarixli 2839 saylı Qanunda nəzərdə tutulmuşdu ki, "ölkə üzrə etibarlı sayılan səslərin ümumi sayının 10%-ini qazana bilməyən partiyalar deputat mandatı əldə edə bilməzlər", buna görə də ərizəçilər parlamentə seçilmədilər. Bu əyalət üçün ayrılmış üç deputat mandatından ikisini 14,05% (14.460 ədəd) səs qazanmış partiya, üçüncüsünü isə 9,69% (9.914 ədəd) səs qazanmış müstəqil namizəd əldə etdi. Seçkilərdə iştirak etmiş 18 partiyadan yalnız ikisi 10%-lik həddi aşa və beləliklə deputat mandatları əldə edə bildi. Onlardan biri 34,26% səs qazanaraq deputat mandatlarının 66%-ini, digər isə 19,4% səs qazanaraq deputat mandatlarının 33%-ini əldə etdi. Bundan başqa, parlamentə doqquz müstəqil namizəd seçildi. Nəticədə Böyük Millət Məclisi çoxpartiyalı sistemin tətbiq edildiyi dövrdən bəri ən az partiyanın təmsil olunduğu tərkibə malik oldu. Parlamentdə təmsil olunmayan seçicilərin say nisbəti təxminən 45%, seçicilərin seçkilərdə iştirakdan imtina faizi isə 20% təşkil etdi.
Hüquqi məsələlər – Seçkilərdə siyasi partiyaların parlamentdə təmsilçiliyi üçün ölkə səviyyəsində 10%-lik həddin tətbiqi ərizəçilərin seçki hüquqlarına müdaxilə təşkil edirdi. Lakin bu həddin tətbiqi qanuni məqsəd daşıyırdı, yəni parlamentin həddən artıq parçalanmasının və zəifləməsinin qarşısını almağa və beləliklə, hakimiyyətin stabilliyini möhkəmləndirməyə xidmət edirdi. Bu qaydaları qəbul etmiş qanunvericilik orqanının bu seçimi özlüyündə 1 saylı Protokolun 3-cü maddəsinə zidd deyildi, həmin maddə prinsipcə dövlətin üzərinə belə bir öhdəlik qoymur ki, ölkənin digər hissələrində verilmiş səslərdən asılı olmayaraq əsasən regional partiyaların parlamentdə təmsil olunmasını təmin edən seçki sistemi bərqərar etsin. Digər tərəfdən, əgər qüvvədə olan qanunvericilik belə partiyaları parlamentdə təmsil olunmaq imkanından məhrum edirsə, o halda problem yarana bilər. Parlamentə seçilmək üçün Türkiyədə tətbiq edilən hədd Avropa Şurasının üzvü olan dövlətlər arasında ən yüksək həddir. Digər üzv dövlətlərin yalnız üçündə yüksək hədd (7 və ya 8%) müəyyən edilib. Bu dövlətlərin üçdə birində 5%-lik hədd tətbiq edilir 13 dövlətdə isə daha aşağı rəqəm qəbul edilib. Bununla belə, Məhkəmə qeyd etdi ki, seçkilərdəki keçid həddi müxtəlif ölkələrdə fərqli ola bilər və bu hədd müxtəlif sistemlərdə bir-birinə zidd olan müxtəlif siyasi məqsədlər daşıya bilər. Bu məqsədlərin heç biri özlüyündə əsassız sayıla bilməz. Seçkilərdəki keçid həddinin rolu hər bir ölkədə bu həddin nə dərəcədə yüksək olmasından və ölkənin partiya sistemindən asılıdır. Keçid həddinin aşağı olması yalnız kiçik qrupların parlamentdən kənarda qalmasına səbəb olur ki, bu da parlamentdə stabil çoxluğun formalaşmasını mürəkkəbləşdirir, yüksək dərəcədə fraqmentar partiya sistemində isə keçid həddinin yüksək olması bir çox seçiciləri parlamentdə təmsil olunmaq imkanından məhrum edir. Məhkəmə razılaşa bilər ki, 5%-lik hədd üzv dövlətlərin ümumi praktikasına daha çox uyğun olar, amma bununla belə, o, müvafiq ölkənin seçki sistemini və siyasi inkişaf səviyyəsini nəzərə almadan mübahisəli keçid həddini qiymətləndirə bilməz. Beləliklə, Məhkəmə mübahisəli sistem çərçivəsində nəzərdə tutulmuş təshihlərin (korrektələrin) və digər təminatların təsirini qiymətləndirməlidir. Seçkilərdə müstəqil namizəd qismində iştirak etmək imkanına gəlincə, Məhkəmə qeyd etdi ki, Türkiyədə müstəqil namizədlərə onlar üçün əlverişsiz olan və siyasi partiyalara tətbiq edilməyən məhdudiyyətlər və şərtlər tətbiq edilir. Amma bu metod praktikada səmərəsiz sayıla bilməz, bunu xüsusən 2007-ci ilin seçkiləri inandırıcı şəkildə nümayiş etdirdi, həmin seçkilərdə müstəqil namizədlərə keçid həddinin tətbiq edilməməsi kiçik partiyaların deputat mandatı əldə etməsinə imkan yaratdı. Eyni sözlər digər siyasi qruplarla seçki koalisiyalarının yaradılması imkanına da aiddir. 2002-ci ilin noyabrında məğlub namizədlərə 14,5 milyona yaxın səs verildiyini nəzərə alsaq, yəqin ki, bu cür seçki strategiyalarının səmərəliliyi yalnız məhdud xarakter daşıyır. Lakin 2002-ci il seçkiləri bir sıra səbəblərə görə böhran (iqtisadi və siyasi böhran, zəlzələ) şəraitində keçirilmişdi və seçkilərdən sonra qeydə alınmış təmsilçiliyin yetərincə olmaması ölkədəki keçid həddinin yüksək olmasının deyil, qismən böhran şəraitinin nəticəsi idi. Bu, 1983-cü ildən bəri ilk seçkilər idi ki, səs vermiş seçicilərin belə yüksək faizi parlamentdə təmsilçilik qazanmamışdı. Bu o deməkdir ki, keçid həddini aşmaq tələbinin şamil olunduğu siyasi partiyalar praktikada bu həddin müəyyən nəticələrini dəf etməyə imkan verən strategiyalar formalaşdıra bilmişdilər, hərçənd ki, bu strategiyalar seçki həddinin bəyan edilmiş məqsədinə, yəni parlamentdəki qüvvələrin pərakəndəliyinin qarşısının alınması məqsədinə zidd idi. Avropa Məhkəməsi həmçinin Konstitusiya Məhkəməsinin roluna böyük önəm verir. Ədalətli təmsilçilik və stabil hakimiyyət prinsipləri arasında tarazlığı müəyyən etmək yolu ilə mübahisəli keçid həddinin hər hansı ifrat nəticələrinin qarşısını almaq məqsədi daşıyan nəzarət səlahiyyətlərini həyata keçirərkən Konstitusiya Məhkəməsi həmin keçid həddinin 1 saylı Protokolun 3-cü maddəsində bəyan edilən hüququn mahiyyətinə xələl gətirdiyi qənaətinə gəldikdə onun qüvvəsinin dayandırılmasını təmin edir. Yekunda Avropa Məhkəməsi bütövlükdə 10%-lik həddin olduqca yüksək göründüyünü qeyd etdi və onun azaldılmasını tövsiyə etmiş Avropa Şurasının orqanları ilə razılaşdı. Yüksək keçid həddi siyasi partiyaları vadar edir ki, seçki prosesinin şəffaflığına şərait yaratmayan strategiyalardan istifadə etsinlər. Lakin hazırkı işdə seçkilərin konkret siyasi kontekstini təshih (korrektə) imkanları ilə və digər təminatlarla birlikdə (bu imkan və təminatlar keçid həddinin mənfi nəticələrini məhdudlaşdırmağa imkan verirdi) nəzərə alaraq, Məhkəmə əmin deyil ki, bu işdə keçid həddi ərizəçilərin 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin edilən hüququnun mahiyyətinə xələl gətirən nəticələr doğurub.
Nəticə: pozuntu baş verməyib (dörd səsə qarşı on üç səslə).
93 saylı Məlumat bülletenində Palatanın qərarına bax.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy