İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
YUSİFOVA AZƏRBAYCANA QARŞI
(25315/08 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
18 dekabr 2012-ci il
Yusifova Azərbaycana qarşı işində,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən – Nina Vayiç,
Hakimlər -
Xanlar Hacıyev,
Julia Laffranq,
və Bölmə katibi – Andre Vampak,
27 noyabr 2012-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin tarixdə qərar qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş Azərbaycan Respublikasının vətəndaşı xanım Aybəniz Yusifovanın (“ərizəçi”) İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 5 may 2008-ci ildə təqdim etdiyi şikayət (25315/08 nömrəli) ilə başlanmışdır.Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab İ.Əliyev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.12 mart 2010-cu ildə şikayət barədə Hökumətə məlumat verilmişdir.Hökumət ərizənin Komitə tərəfindən baxılmasına etiraz etmişdir. Məhkəmə Hökumətin etirazını araşdırdıqdan sonra onu rədd etmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Ərizəçi 1965-ci ildə anadan olmuşdur və Bakıda yaşayır. İşin halları tərəflərin təqdim etdiyi faktlar üzrə aşağıda göstərildiyi kimi ümumiləşdirilə bilər.12 yanvar 1998-ci ildə ərizəçiyə Bakı şəhər İcra Hakimiyyətinin 7 yanvar 1998-ci il tarixli qərarı əsasında Bakı şəhərində yeni inşa edilmiş binada yerləşən mənzilə yaşayış orderi verilmişdir.Eyni zamanda ərizəçiyə məlum olmuşdur ki, onun mənzili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonundan məcburi köçkün düşmüş O. və onun ailəsi tərəfindən zəbt edilmişdir.Ərizəçi bildirmişdir ki, onun tələblərinə baxmayaraq həmin ailə yaşamaq üçün başqa yerləri olmadığını əsas gətirərək mənzili boşaltmaqdan imtina etmişdir.Ərizəçi 1 iyul 2004-cü ildə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır.2005-ci ilin tarixi məlum olmayan günündə ərizəçi Yasamal rayon məhkəməsi qarşısında iddia qaldıraraq O. və onun ailəsinin mənzilindən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.5 iyul 2007-ci ildə Yasamal rayon məhkəməsi ərizəçinin iddiasını təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi 1 iyul 2004-cü il tarixli yaşayış orderi əsasında mənzilin yeganə qanuni sahibi olmuşdur və buna görə də O. və onun ailəsi tərəfindən bu mənzilin zəbt edilməsi qanunsuzdur. Məhkəmənin qətnaməsinə əsasən məcburi köçkün ailəsinə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən digər mənzil verildikdən sonra onlar mübahisəli mənzildən köçürülməlidir. Ərizəçi Apellyasiya Məhkəməsinə şikayət edərək məcburi köçkünlərin dərhal mənzildən köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. 20 aprel 2007-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin iddiasını təmin edərək məcburi köçkünlərin çıxarılması haqqında qətnamə qəbul etmişdir. Ali Məhkəmə 13 sentyabr 2007-ci ildə 20 aprel 2007-ci il tarixli qətnaməni qüvvədə saxlamışdır.Ərizəçiyə əsasən O. və onun ailəsi qətnaməni icra etməkdən imtina etmiş və aidiyyəti qurumlar qərarın icra edilməsi üçün hər hansı tədbir görməmişlər.Hazırkı ərizə Məhkəməyə təqdim edildikdən sonra 28 oktyabr 2008-ci ildə ərizəçi mənzili O.-ya satmışdır. 26 noyabr 2008-ci ildə ərizəçi Yasamal rayon İcra şöbəsinə müraciət edərək məsələnin tərəflər arasında həll olunduğunu əsas gətirərək icra işinə xitam verilməsini xahiş etmişdir. 10 dekabr 2008-ci ildə Yasamal rayon məhkəməsi icra işinə xitam vermişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18-24-cü bəndlər, 22 aprel 2010-cu il) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİ VƏ KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN POZULMASI İDDİALARI
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq xeyrinə çıxarılmış qətnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin...mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə tərəfindən...ədalətlə baxılması hüququ vardır...”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
A. İşə baxılmasının mümkünlüyü
1. Ərizəçinin zərərçəkmiş şəxs statusu
Hökumət bildirmişdir ki, ərizəçinin öz mənzilini O.-ya satdığını nəzərə alaraq onun xeyrinə çıxarılmış məhkəmə qətnaməsi icra edilmiş hesab edilməlidir və bununla ərizəçi Konvensiya müddəalarının iddia olunan pozuntuları ilə əlaqədar zərərçəkmiş şəxs olduğunu iddia edə bilməz.Ərizəçi həmin məsələyə dair öz izahatını təqdim etməmişdir. Ərizəçi yalnız uzun müddət ərzində - məhkəmə qətnaməsinin icra işinə xitam verilənədək icra edilməməsi barədə şikayətini təkrarlamışdır.Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan qətnamə 20 aprel 2007-ci ildə qəbul edilmişdir. 28 oktyabr 2008-ci ildə ərizəçi mənzili O.-ya satmışdır və 10 dekabr 2008-ci ildə icra işinə xitam verilmişdir. Bununla belə, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə bir il yeddi aydan çox müddət ərzində qüvvədə olmuşdur, bu da öz növbəsində davamlı gecikmə hesab edilir. Məhkəmə təkrar edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qərar və ya həyata keçirilmiş tədbir onun “zərərçəkmiş şəxs” statusundan azad edilməsi üçün kifayətedici hesab olunmur. Bu məqsədlə milli qurumlar açıq-aydın və ya mahiyyət üzrə Konvensiyanın pozulmasını etiraf etməli və bundan sonra pozulmuş hüquqları bərpa etməlidirlər (baxın, Amuur Fransaya qarşı, Qərar və Qərardadlar barədə Hesabatlar, 1996-III, s. 846, 36-cı bənd və Dalban Rumıniyaya qarşı, Böyük Palata, 28114/95 nömrəli şikayət, 44-cü bənd, İHAM 1999-VI). Yalnız göstərilən şərtlər yerinə yetirildikdə Konvensiyanın qabaqlayıcı mexanizminin xüsusiyyəti ərizənin araşdırılmasının qarşısını alır.Məhkəmə müəyyən edir ki, ərizəçinin öz mənzilini məcburi köçkün ailəyə satması faktı onun xeyrinə qəbul edilmiş qətnamənin icra edilməməsi ilə əlaqədar təqdim edilmiş şikayəti üzrə “zərərçəkmiş şəxs statusu” məsələsinə aid deyil. Hazırkı iş üzrə qətnamənin bir il yeddi aydan artıq müddət ərzində icra olunmamasını nəzərə alaraq Məhkəmə müəyyən edib ki, həmin dövr ərzində ərizəçinin hüquqları bərpa edilməmiş, həmçinin ərizəçiyə məhkəmə qətnaməsinin davamlı olaraq icra edilməməsi və Konvensiya müddəalarının iddia olunan pozuntusu ilə əlaqədar heç bir təzminat təklif edilməmişdir.Belə olan halda mənzilin məcburi köçkünlərə satılması ilə əlaqədar icra işinə xitam verilməsinə baxmayaraq, Məhkəmə müəyyən edib ki, qətnamə qüvvədə olduğu dövr ərzində ərizəçinin “zərərçəkmiş şəxs” statusundan azad olunması üçün aidiyyəti dövlət orqanları tərəfindən onun xeyrinə hər hansı tədbir həyata keçirilməmişdir.
3. Digər mümkünlük meyarları
Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması mümkünsüz hesab edilə bilməz. Ona görə də, bu şikayətlərə baxılması mümkün hesab edilir.
B. İşin mahiyyəti
Məhkəmə qeyd edir ki, bu işin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun müəyyən edildiyi yuxarıda qeyd edilmiş “Gülməmmədova” işindəki ilə eynidir. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı şikayətlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçinin xeyrinə olan qətnamənin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamə qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları ümumilikdə təxminən on üç ildən artıq bir müddət ərzində (bunun təxminən on ili Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir) onun icra edilməsi üçün heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamənin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qətnamənin uzun müddət icra edilməməsinə haqq qazandıran hər hansı dəlil irəli sürməmişdir.Ərizəçinin mülkiyyət hüququnun pozulması iddiası ilə bağlı təqdim etdiyi izahatlara gəlincə, onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müdafiə olunan əmlakından maneəsiz istifadə hüququ ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa Məhkəməsi tərəfindən təsbit edilmişdir. Belə olan halda, qətnamənin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması ərizəçinin son dərəcə ağır duruma düşməsi ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər (baxın, yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43-50-ci bəndlər).Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
Ərizəçi vurulmuş maddi ziyana görə 53 000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bu məbləğə ərizəçinin mənzilinin məcburi köçkün ailəsi tərəfindən zəbt olunduğu tarixdən onun kirayəsindən əldə oluna biləcək gəlir (50 000 manat) və iddia olunduğu kimi öz mənzilindən istifadə edə bilmədiyinə görə yaranmış iztirab nəticəsində keçirilmiş stressdən müalicə olunmaq üçün sərf edilmiş vəsait və digər maddi itkilər (3 000 manat) daxildir.Hökumət ərizəçinin öz tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim etmədiyini bildirmişdir. Xüsusilə, ərizəçi əldən buraxılmış kirayə haqqını sübut edə bilməmiş və heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Müalicə xərclərinə gəldikdə isə, Hökumət bildirmişdir ki, iddia olunan pozuntu ilə bu hissədə tələb olunan ədalətli təzminat arasında səbəbiyyət əlaqəsi mövcud deyil.Məhkəmə hesab edir ki, ərizəçi əldən buraxılmış kirayə haqqının məbləğini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Maddi tələbin digər hissəsi ilə əlaqədar Məhkəmə pozuntu ilə tələb arasında səbəbiyyət əlaqəsini aşkar etməmişdir. Bununla, Məhkəmə ərizəçinin maddi ziyana görə tələbini rədd edir
2. Mənəvi ziyan
Ərizəçi vurulmuş mənəvi ziyana görə 500 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.Hökumət təkrar edir ki, ərizəçi Konvensiyanın 34-cü maddəsi mənasında zərərçəkmiş şəxs hesab olunmur, bununla onun maddi və mənəvi ziyana görə tələləri açıq-aşkar əsassızdır.Məhkəmə hesab edir ki, ərizəçi xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi ziyana məruz qalmışdır. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə vurulmuş mənəvi ziyana görə 900 avro məbləğində vəsaitin ödənilməsini və bura bu məbləğdən tutulacaq vergilərin əlavə olunmasını qət edir.
B. Məhkəmə xərcləri
Ərizəçi həmçinin hüquqi və tərcümə xidmətləri ilə əlaqədar 1 400 manat (1 000 manat hüquqi xidmətə və 400 manat tərcümə xidmətinə görə) və poçt xidmətinə görə 300 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Öz tələbini təsdiq etmək üçün ərizəçi Məhkəmədə aparılan icraatla əlaqədar hüquqi yardımın və tərcümə xidmətinin göstərilməsi üzrə müqavilələri təqdim etmişdir. Hər iki müqavilədə təsbit edilmişdir ki, göstəriləcək xidmətə görə vəsait iş üzrə Məhkəmə tərəfindən pozuntu aşkar olunduqda ödəniləcəkdir.İşin mahiyyətini və həcmini nəzərə alaraq Hökumət hüquqi yardım və tərcümə xidmətləri üçün tələb olunan məbləğin həddindən çox olduğunu hesab etmişdir. Poçt xidməti ilə əlaqədar çəkilən xərclərlə bağlı Hökumət qeyd etmişdir ki, bu hissədə tələb hər hansı sübutla əsaslandırılmamışdır.Məhkəmənin presedent hüququna görə, ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. Hazırkı işdə olan sənədləri və yuxarıda qeyd olunmuş meyarları nəzərə alaraq Məhkəmə çəkilmiş bütün xərc və məsrəflərə görə ərizəçiyə tutulacaq vergi də daxil olmaqla 500 avro məbləğinin ödənilməsini qət edir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətə baxılmasını mümkün hesab edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) Cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə tutulacaq vergi də daxil olmaqla vurulmuş mənəvi ziyana görə 900 (doqquz yüz) avro və məhkəmə xərclərinə görə 500 (beş yüz) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2012-ci il 18 dekabr tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak Nina Vayiç
Katibin müavini Sədr
Full & Egal Universal Law Academy