Z. və başqaları Birləşmiş Krallığa qarşı [BP] – ərizə № 29392/95
10.5.2001 tarixli qərar [Böyük Palata]
Maddə 6
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
İddia üçün əsas təşkil etmədiklərinə görə şikayətlərin baxılmalı işlərin siyahısından çıxarılması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilər 1982-ci il ilə 1988-ci il arasında doğulmuş dörd bacı-qardaşdırlar. Ailənin vəziyyəti ilk dəfə 1987-ci ildə sosial xidmətlərin diqqətinə çatdırılmışdı, 1989-cu ildə isə polis, ailə həkimi, uşaqların məktəb direktoru, Uşaqlara Qarşı Qəddarlığın Alınması üzrə Milli Cəmiyyət, qonşular və uşaqların nənəsi uşaqların durumu ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Konkret olaraq uşaqların yataq otağının çirkli olması və uşaqlardan ikisinin yemək tapmaq üçün zibil qutularını axtarması qeyd edilmişdi. 1989 və 1990-cı illərdə və 1991-ci ilin yanvarında məsələ ilə bağlı mütəxəssislərin iclasları keçirildi və orada valideynlərin uşaqlara qarşı diqqətsizliyinin qəsdən baş vermədiyi hesab edildi və uşaqların adlarının Uşaqların müdafiəsi reyestrinə daxil edilməməsi qərara alındı. Lakin 1992-ci ildə ana iki oğlunun övladlığa verilməsini xahiş etdi və ondan sonra həmin uşaqlar müvəqqəti himayəyə verildilər. Daha sonra bütün uşaqlar müvəqqəti himayə müəssisəsinə yerləşdirildilər və adları Uşaqların müdafiəsi reyestrinə daxil edildi, bunun ardınca yerli hakimiyyət orqanı daimi himayə qərarları üçün müraciət etdi və sonradan müraciəti təmin edildi. Uşaq psixiatrı müəyyən etdi ki, üç uşaqda psixoloji pozuntu əlamətləri var və bildirdi ki, bu onun indiyədək gördüyü etinasızlığın və emosional sui-istifadə hallarının ən pisidir. 1993-cü ildə dövlət vəkili yerli hakimiyyət orqanına qarşı məhkəmə işi qaldıraraq onun səhlənkarlığa yol verməsi və (və ya) qanuni vəzifələrini yerinə yetirməməsi səbəbindən dəymiş ziyanın kompensasiyasını tələb etdi. Lakin iddia üçün əsas təşkil etmədiklərinə görə bu şikayətlər baxılmalı işlərin siyahısından çıxarıldı. Bu qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıldı, sonuncunun qərarından verilmiş şikayət isə Lordlar Palatası tərəfindən rədd edildi, o belə qənaətə gəldi ki, uşaqların rifahı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrası məsələsi ilə əlaqədar olaraq yerli hakimiyyət orqanı səhlənkarlığa yol verdiyinə və (və ya) qanuni vəzifələrini yerinə yetirmədiyinə görə məhkəməyə cəlb oluna bilməz. Sonradan Cinayət nəticəsində dəymiş ziyana görə kompensasiya məsələləri üzrə şura ərizəçilərə kompensasiya təyin etdi və belə hesab etdi ki, onlar səhlənkarlıqdan əlavə həm də müəyyən fiziki və psixoloji ziyana məruz qalıblar.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: a) Həmin bəndin bu işə tətbiqinin mümkünlüyü məsələsi – Məhkəmə prosesinin əvvəlində səhlənkarlığa dair daxili qanunvericilik normalarında ərizəçilərin iddia etdikləri hüququn mövcudluğu ilə bağlı ciddi və həqiqi mübahisə mövcud idi, belə ki, onların hüquqi yardımla təmin edilməsi və iddia tələbləri ilə bağlı Lordlar Palatasına şikayət etmələrinə icazə verilməsi buna dəlalət edirdi. Lordlar Palatasının qərarı ərizəçilərin şikayətlərinin iddia üçün əsas təşkil etməsini retrospektiv qaydada aradan qaldırmırdı. Beləliklə, onların iddia tələblərini irəli sürmələri üçün daxili qanunvericilikdə ən azından mübahisələndirilə bilən əsaslar vardı.
Nəticə: 6-cı maddə bu işə tətbiq edilə bilər.
b) Şikayətin mahiyyəti – Ərizəçilərin daxili məhkəmələrə iddia tələblərini təqdim etmələrinə heç bir praktiki maneə yaradılmamışdı, həmçinin ərizəçilər buna maneə yaradan hər hansı prosessual normaların və ya iddia müddətinin mövcud olduğunu da bildirməyiblər. Bundan əlavə, ərizəçilər Məhkəməni inandıra bilmədilər ki, onların iddia tələbləri onları məhkəməyə müraciət etmək hüququndan məhrum edən hər hansı istisnaedici qayda və ya immunitet əsasında rədd edilib. Lordlar Palatasının qərarı ilə iş sübutlar əsasında faktlara dair qərar çıxarılmadan yekunlaşmışdı və qanunvericilikdə bu iddia tələbi üçün əsas yox idi, sübutların dinlənilməsi bahalı və vaxt aparan proses idi və bu proses son nəticədə ərizəçilər üçün hüquqi müdafiə vasitəsi təşkil etməyə bilərdi. Şikayətlərin iddia üçün əsas təşkil etmədiklərinə görə baxılmalı işlərin siyahısından çıxarılması prosedurunun özü-özlüyündə məhkəməyə müraciət etmək hüququnun prinsiplərinə zidd olduğunu hesab etmək üçün heç bir əsas yox idi. Məhkəməni bu arqument də inandırmadı ki, bu qərar geniş əhatəli xarakter daşıması səbəbindən daxili qanunvericiliyin müddəalarından asılı olmayaraq faktiki immunitet yaratmış, yaxud praktiki olaraq məhz bu qaydada tətbiq edilmişdi. Şikayətlərin daxili qanunvericiliyə əsasən iddia üçün əsas təşkil etmədiklərinə görə qəbul edilməməsinin ərizəçinin müəyyən kateqoriyaya aid ziyana görə iddia qaldırmasının qarşısını alan immunitet ilə eyni effektə malik olduğunu iddia edərkən 6-cı maddənin 1-ci bəndinə istinad etmək yetərli deyil. Bundan başqa, Lordlar Palatasının qərar qəbul edərkən yerli hakimiyyət orqanının məsuliyyətə cəlb edilməsinin lehinə və əleyhinə dəlalət edən səbəbləri bu sahəyə aid siyasət baxımından diqqətlə balanslaşdırmadığını demək olmazdı. Osman Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarında Məhkəmənin gətirdiyi əsaslar səhlənkarlıqla bağlı qanunvericilik müddəalarının müvafiq qaydada başa düşülməsinə əsaslanmışdı və daxili məhkəmələr tərəfindən sonradan verilmiş izahatların işığında həmin əsaslara yenidən baxılmalıdır; Məhkəmə əmindir ki, daxili məhkəmələrin inkişaf etdirilmiş presedent hüququ səhlənkarlığın müəyyən edilməsi üçün ədalətli, düzgün və ağlabatan meyarı himayə məsələlərinə xas olan element kimi özündə ehtiva edirdi və hazırkı iş üzrə çıxarılmış qərar vasitəsilə immunitetin tətbiq edildiyi aşkar edilmədi. Ərizəçilərin yerli hakimiyyət orqanını məhkəməyə cəlb edə bilməmələri immunitetdən deyil, daxili qanunvericiliyə əsasən substantiv (maddi hüquqi) hüquqla bağlı iddia qaldırmaq hüququnu tənzimləyən mövcud prinsiplərdən irəli gəlirdi. Ərizəçilərin iddialarına qüvvədə olan ölkədaxili hüquq prinsipləri əsasında düzgün və ədalətli şəkildə baxılmışdı və Lordlar Palatası mübahisəli hüquqi məsələlər üzrə qərar qəbul etdikdən sonra daha onlar 6-cı maddə əsasında iddia edə bilməzdilər ki, faktların dinlənilməsi üçün məhkəmə araşdırmasının keçirilməsi hüququna malikdirlər. Beləliklə, onların məhkəməyə müraciət hüququ rədd edilməmişdi. Bununla belə, ərizəçilər daxili qanunvericilikdə Konvensiya əsasında mübahisələndirilə bilən boşluq olduğunu iddia etməkdə haqlı idilər, amma bu, 6-cı maddə əsasında deyil, 13-cü maddə əsasında araşdırılmalı olan məsələdir.
Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə).
Full & Egal Universal Law Academy