İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ZAHİD MƏMMƏDOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(3172/08, 42347/08, 454/09, 2772/09 və 32585/09 nömrəli şikayətlər)
QƏRAR
STRASBURQ
6 dekabr 2011-ci il
Bu qərar dərhal qüvvəyə minir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Zahid Məmmədov və digərləri Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədrlik edən – Pir Lorenzen,
Hakimlər -
Xanlar Hacıyev,
Culiya Laffranq,
və Bölmə katibinin müavini - Andre Vampak,
15 noyabr 2011-ci ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq, həmin gün aşağıdakı qərarı qəbul edib.
PROSEDUR MƏSƏLƏLƏRİ
Bu iş aşağıda göstərilən Azərbaycan Respublikasının vətəndaşları tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» kimi adlandırılacaq) 34-cü maddəsinə uyğun olaraq Azərbaycana qarşı təqdim edilmiş beş şikayət üzrə başlanmışdır.Zahid Məmmədov – 1955-ci ildə anadan olmuş, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab A.Mustafayev tərəfindən təmsil olunmuşdur (2007-ci il dekabrın 6-da təqdim edilmiş 3172/08 nömrəli şikayət);Vaqif Əliyev – 1940-cı ildə anadan olmuş, həmçinin A.Mustafayev tərəfindən təmsil olunmuşdur (2008-ci il avqustun 11-də təqdim edilmiş 42347/08 nömrəli şikayət);Bəxtiyar Müslümov – 1965-ci ildə anadan olmuş, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab N.İsmayılov tərəfindən təmsil olunmuşdur (2008-ci il dekabrın 3-də təqdim edilmiş 454/09 nömrəli şikayət);Eduard Abramov – 1958-ci ildə anadan olmuş, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab A.Bağırov tərəfindən təmsil olunmuşdur (2008-ci il dekabrın 15-də təqdim edilmiş 2772/09 nömrəli şikayət);Tamilla Həsənova – 1950-ci ildə anadan olmuş, Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab A.Nağıyev tərəfindən təmsil olunmuşdur (2009-cu il mayın 8-də təqdim edilmiş 32585/09 nömrəli şikayət). Azərbaycan Hökuməti (bundan sonra “Hökumət” kimi adlandırılacaq) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşdur. 2010-cu il martın 12-də Birinci Bölmənin sədri şikayəti Hökumətə göndərmək barədə qərar qəbul etmişdir. 14 saylı Protokola əsasən şikayətlərin araşdırılması Komitəyə həvalə olunmuşdur. Eyni zamanda, Komitə tərəfindən şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət edilmişdir (29-cu maddənin 1-ci bəndi). Hökumət şikayətlərin Komitə tərəfindən araşdırılmasına qarşı etiraz bildirməmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
Bütün ərizəçilər ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında və ya aidiyyəti dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında öz mənzillərinə mülkiyyət hüquqlarına malikdirlər (bax, I saylı Cədvələ). Bütün beş işlərin hamısında ərizəçilərin mənzilləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Azərbaycanın müxtəlif regionlarından olan məcburi köçkünlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Ərizəçilər məcburi köçkünlərin onların mənzillərindən çıxarılması məqsədi ilə daxili məhkəmələrdə ayrılıqda iddialar qaldırmışlar. Əlavədə (I Cədvəl) göstərilmiş tarixlərdə ərizəçilərin tələbləri məcburi köçkünlərin mənzillərdən çıxarılmalarını qət edən məhkəmə qərarları ilə təmin olunmuşdur. Müvafiq qərarlar qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin məcburi köçkün ailələri həmin qərarları yerinə yetirməkdən imtina etmiş və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayətlərinə baxmayaraq, qətnamələr icra edilməmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
Müvafiq daxili qanunvericiliyin xülasəsi Gülməmmədova Azərbaycana qarşı (şikayət № 38798/07, 2010-cu il 22 aprel tarixli qərar, 18-24-cü bəndlər) iş üzrə Azərbaycanla bağlı qəbul edilmiş qərarda göstərilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN VƏ
13-cü MADDƏSİNİN, HƏMÇİNİN KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN POZULMASI İDDİALARI
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, 13-cü maddəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinə istinadən ərizəçilər onların xeyrinə çıxarılmış məhkəmə qətnamələrinin icra olunmamasından şikayət etmişlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində bildirilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”
Konvensiyanın 13-cü maddəsində bildirilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir...”
1 saylı Protokolun 1-ci maddəsində bildirilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
Məhkəmə hesab edir ki, Məhkəmə Reqlamentinin 42-ci Qaydasının 2-ci bəndinə əsasən şikayətlər onların faktiki və hüquqi əsasları nəzərə alınaraq birləşdirilməlidir.
A. Mümkünlük
1. 454/09, 2772/09 və 32585/09 saylı şikayətlərdə Məhkəmənin ratione temporis səlahiyyəti
Məhkəmə qeyd edir ki, Bəxtiyar Müslümovun (454/09 nömrəli şikayət), Eduard Abramovun (2772/09 nömrəli şikayət) və Tamilla Həsənovanın (32585/09 nömrəli şikayət) işlərində ərizəçilərin xeyirlərinə olan qətnamələr Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən, yəni 2002-ci aprelin 15-dən əvvəl qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qətnamələri icra etmək üzrə dövlət orqanlarının davamlı uğursuzluğu nəticəsində onlar icrasız qalmışdır. Burada davam edən vəziyyət vardır və buna görə Məhkəmə şikayətlərin 2002-ci il aprelin 15-dən sonrakı müddətə düşən hissəsini araşdırmağa səlahiyyətlidir (bax, yuxarıda qeyd olunan Gülməmmədova Azərbaycana qarşı qərar, 26-cı bənd).
2. Digər mümkünlük meyarı
Məhkəmə həmin şikayətlərin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq-aşkar əsassız olmadığını qeyd edir. O, bundan əlavə bildirir ki, şikayətlərə baxılması digər əsaslara görə də qeyri-mümkün deyil. Buna görə də şikayətlər baxış üçün mümkün hesab edilir.
B. Mahiyyət
Məhkəmə vurğulayır ki, bu işlərin faktiki halları oxşardır, həmçinin şikayətlər və hüquqi məsələlər (yuxarıda qeyd olunmuş) Gülməmmədovanın işində araşdırılanlarla eynidir. Gülməmmədovanın işində Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu müəyyən etmişdir. Malik olduğu bütün materialları araşdıraraq, Məhkəmə hesab edir ki, Hökumət hazırkı şikayətlərlə əlaqədar fərqli nəticəyə gəlmək üçün hər hansı inandırıcı fakt və ya dəlil irəli sürməmişdir. Xüsusən, Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçilərin xeyrinə olan qətnamələrin icrasında müəyyən çətinliklər yaratmışdır. Buna baxmayaraq, qətnamələr qüvvədə qalmış, lakin onların icrası üçün dövlət orqanları tərəfindən altı ildən artıq müddətdə hər hansı adekvat tədbirlər görülməmişdir. Dövlət orqanlarının qeyd edilən qətnamələrin icrası üçün təkidlə və davamlı tədbirlər gördüyü görünmür. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamələrin icrasında əhəmiyyətli gecikdirməyə görə Hökumət tərəfindən əsaslı izahat təqdim olunmamışdır. Mülkiyyət hüquqlarının iddia olunan pozuntusuna aid ərizəçilərin dəlillərinə gəldikdə isə, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında prosesdə dövlət orqanlarının ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi ilə məcburi köçkünlərin mənzil təminatının tarazlaşdırılması üçün hər hansı spesifik tədbirlər görməsi müəyyən olunmamışdır. Belə olan halda, qətnamələrin icrasının əhəmiyyətli müddət ərzində təmin edilməməsi ərizəçilərin həddən artıq fərdi yüklə üzləşməli olduqları vəziyyətin yaranması ilə nəticələnmişdir. Buna qarşı hər hansı kompensasiyanın təqdim olunmaması baxımından, Məhkəmə hesab edir ki, dövlət orqanları məcburi köçkünləri müvəqqəti yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin öz mülkiyyətlərindən maneəsiz istifadə etmək hüquqları arasında ədalətli tarazlığa nail ola bilməmişdir (bax, yuxarıda qeyd olunan Gülməmmədova Azərbaycana qarşı qərar, 43-50-ci bəndlər). Beləliklə, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis kimi müəyyən olunur (bax, Əfəndiyeva Azərbaycana qarşı qərar, 31556/03 nömrəli şikayət, 2007-ci il 25 oktyabr tarixli qərar, 59-cu bənd).
V. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
Ərizəçilər maddi zərərlə əlaqədar Əlavədə (II Cədvəl) göstərilmiş müxtəlif məbləğləri tələb etmişlər. 3172/08 və 42347/08 nömrəli şikayətlərdə tələb olunan məbləğlər order və çıxarışların verildiyi tarixdən etibarən itirilmiş kirayə haqqını əhatə edir. 454/09 nömrəli şikayətdə tələb olunan məbləğə, həmçinin, mənzilin bazar qiyməti də daxildir. 32585/09 nömrəli şikayət üzrə ərizəçi istisna olmaqla, digər ərizəçilər tələblərinin əsası kimi oxşar vəziyyətdə olan mənzillərin kirayə haqlarına dair yerli şirkətin rəyini təqdim etmişlər. Hökumət iddia edib ki, ərizəçilər öz tələblərini əsaslandırmamışlar. 454/09 nömrəli şikayət üzrə Hökumət bildirmişdir ki, həmin şikayət üzrə ərizəçi mənzilin bazar qiyməti məbləğində təzminatın ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, mənzilləri üzərində nəzarəti itirdikləri üçün ərizəçilər maddi zərərlə üzləşə bilərdilər və müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında səbəbiyyət əlaqəsi mövcuddur və mənzili üzərində nəzarəti itirdiyi üçün ərizəçilər maddi zərərlə üzləşməli olmuşlar (müqayisə üçün bax, Radanovic Xorvatiyaya qarşı, 9056/02 nömrəli şikayət, 2006-cı il 21 dekabr tarixli qərar, 62-66-cı bəndlər). Lakin Məhkəmə hesab edir ki, 3172/08 və 42347/08 nömrəli şikayətlərdə zərər ərizəçilərin tələb etdiyi kimi yaşayış sahəsi orderinin və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verildiyi tarixdən deyil, qətnamələrin çıxarıldığı tarixdən hesablanmalıdır. 454/09 nömrəli şikayətdə iddia olunduğu kimi mənzilin bazar qiyməti məbləğində təzminatın ödənilməsinə dair tələbi rədd edərək Məhkəmə hesab edir ki, aşkar edilmiş pozuntu ilə iddianın hazırkı hissəsi arasında səbəbiyyət əlaqəsi mövcud deyil. Məhkəmə, həmçinin bildirir ki, 32585/09 nömrəli şikayətdə itirilmiş kirayə haqqının ödənilməsinə dair tələbi ilə əlaqədar ərizəçi hər hansı sənəd təqdim etməmişdir. 3172/08, 42347/09 və 2772/09 nömrəli şikayətlər üzrə tərəflərin dəlillərini araşdıraraq Məhkəmə zərərin hesablanmasını ərizəçilərin təqdim etdikləri yerli şirkətin rəyi əsasında həyata keçirəcək. Qərar çıxararkən, Məhkəmə o faktı nəzərə alır ki, ərizəçilər mümkün kirayəçilər tapmaqda qaçılmaz olaraq gecikdirmələrlə üzləşməli və mənzillərin saxlanılması ilə bağlı müəyyən xərcləri çəkməli olardılar. Onlar, həmçinin vergilərin ödənilməsinə cəlb olunardılar (bax, Prodan Moldovaya qarşı, 49806/99 nömrəli şikayət, 74-cü bənd, ECHR 2004-III (çıxarışlar); Popov Moldovaya qarşı (№ 1) (ədalətli kompensasiya), 2006-cı il 17 yanvar tarixli qərar, 74153/01 nömrəli şikayət, 13-cü bənd; və yuxarıda qeyd olunmuş Radanovic Xorvatiyaya qarşı, 65-ci bənd). Yuxarıdakıları nəzərə alaraq və ədalətli əsaslarla qərar çıxararaq, Məhkəmə 3172/08 nömrəli şikayət üzrə ərizəçiyə 5000 avro, 42347/08 nömrəli şikayət üzrə ərizəçiyə 3000 avro, 454/09 nömrəli şikayət üzrə ərizəçiyə 8800 avro, 2772/09 nömrəli şikayət üzrə ərizəçiyə 12800 avro təzminat təyin edir. 32585/09 nömrəli şikayət üzrə ərizəçi öz tələbini müvafiq qaydada əsaslandırmadığına görə onun maddi zərərin ödənilməsi tələbi rədd edilir.
2. Mənəvi ziyan
Ərizəçilər mənəvi zərərlə əlaqədar Əlavədə (II Cədvəl) göstərilmiş müxtəlif məbləğləri tələb etmişlər. Hökumət maksimum 1000 avro məbləğində mənəvi zərərə aid ərizəçilərin tələblərini qəbul etməyə hazır olduğunu bəyan etmişdir. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamələrin davamlı icra olunmaması nəticəsində ərizəçilərə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni apararaq, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə aşağıdakı kompensasiya məbləğlərini təyin edir:
- 3172/08 və 42347/08 nömrəli şikayətlər üzrə ərizəçilərin hər birinə 1200 avro və
- 454/09, 2772/09 və 32585/09 nömrəli şikayətlər üzrə ərizəçilərin hər birinə 4800 avro. Bundan başqa, Məhkəmə hesab edir ki, qətnamələrin qüvvədə qalmasını nəzərə alaraq, onların icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçilər bu qətnamələrin icrasına nail olmaq hüququna hələ malikdirlər. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçilərin hüquqlarının təmin olunması Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə nəticələnməyən vəziyyətə gətirilsin (bax, Davletkhanov and other “Chernobyl pensioners” Rusiyaya qarşı, 2010-cu il 23 sentyabr tarixli qərar, 7182/03, 10115/04, 21752/04 və 22963/04 nömrəli şikayətlər, 12-ci bənd, Piersack Belçikaya qarşı (50-ci maddə), 1984-cü il 26 oktyabr tarixli qərar, 12-ci bənd, A Seriyaları № 85). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq edilir. Bununla əlaqədar Məhkəmə hesab edir ki, ərizəçilərin xeyrinə qəbul edilmiş qətnamələrin icrasının təmin edilməsi məqsədilə Hökumət zəruri tədbirləri həyata keçirməlidir.
B. Xərclər və məsrəflər
2772/09 nömrəli şikayət üzrə ərizəçi istisna olmaqla, digər ərizəçilər dövlətdaxili məhkəmələrdə və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə Əlavədə (II Cədvəl) göstərilən məbləğləri tələb etmişlər. Hökumət bu tələbi əsassız hesab etmişdir. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun. 2772/09 nömrəli şikayət üzrə ərizəçi xərclər və məsrəflər üzrə heç bir tələb irəli sürməmişdir. Ona görə də, bu hissədə hər hansı məbləğin ödənilməsi üçün müvafiq əsaslar mövcud deyil. Nəzərə alaraq ki, 454/09 və 32585/09 nömrəli şikayətlər üzrə ərizəçilər xərclər və məsrəflərin ödənilməsinə dair tələbləri üzrə heç bir sənəd təqdim etməmişlər, Məhkəmə bu hissədə onların tələbini rədd edir. 3172/08 və 42347/08 nömrəli şikayətlərə gəldikdə Məhkəmə qeyd edir ki, həmin şikayətlər üzrə ərizəçilər Məhkəmə qarşısında eyni vəkil (cənab A.Mustafayev) tərəfindən təmsil olunmuşlar. Eyni zamanda, Məhkəmə həmin şikayətlərin və işlərdə təqdim olunmuş dəlillərin oxşarlığını qeyd edərək bildirir ki, həmin işlərdə qaldırılan məsələlərlə əlaqədar müvafiq presedent hüququ mövcuddur. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə cənab A.Mustafayev tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə 3172/08 və 42347/08 nömrəli şikayətlər üzrə ərizəçilərə birgə 700 avro məbləğ təyin edir.
C. Faizlərin ödənilməsi
Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ,
MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətləri birləşdirməyi qərara alır;
2. Şikayətləri mümkün hesab edir;
3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
4. Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qət edir;
5. Konvensiyanın 13-cü maddəsi əsasında verilmiş şikayətin araşdırılmasının tələb olunmadığını qət edir;
6. Cavabdeh Dövlətin ərizəçilərin xeyrinə çıxarılmış qətnamələrin üç ay müddət ərzində icra olunması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini qət edir;
7. Qərara alır ki,
(a) cavabdeh Dövlət üç ay ərzində ərizəçilərə aşağıda göstərilən məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
i) vurduğu ziyana görə:Zahid Məmmədov (3172/08 nömrəli şikayət) – tutulacaq vergi də daxil olmaqla, 5000 (beş min) avro maddi ziyana və 1600 (bir min altı yüz) avro mənəvi ziyana görə;Vaqif Əliyev (42347/08 nömrəli şikayət) – tutulacaq vergi də daxil olmaqla, 3000 (üç min) avro maddi ziyana və 1600 (bir min altı yüz) avro mənəvi ziyana görə;Bəxtiyar Müslümov (454/09 nömrəli şikayət) – tutulacaq vergi də daxil olmaqla, 8800 (səkkiz min səkkiz yüz) avro maddi ziyana və 4800 (dörd min səkkiz yüz) avro mənəvi ziyana görə;Eduard Abramov (2772/09 nömrəli şikayət) – tutulacaq vergi də daxil olmaqla, 12800 (on iki min səkkiz yüz) avro maddi ziyana və 4800 (dörd min səkkiz yüz) avro mənəvi ziyana görə;Tamilla Həsənova (32585/09 nömrəli şikayət) – tutulacaq vergi də daxil olmaqla, 4800 (dörd min səkkiz yüz) avro mənəvi ziyana görə;
ii) çəkilmiş xərc və məsrəflərə görə, tutulacaq vergi də daxil olmaqla, Zahid Məmmədov və Vaqif Əliyevə birgə 700 avro məbləğ təyin edir. Həmin vəsait ərizəçilərin müdafiəçisinin bank hesabına ödənilməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
8. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 2011-ci il dekabrın 6-da ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak Pir Lorenzen
Katibin müaviniSədr
ƏLAVƏ
I Cədvəl
Şikayətin nömrəsi
Şikayətçi-lərin adı və soyadı
Şikayətçilərin mülkiyyət (sahiblik) hüquqlarını təsdiq edən sənədlər
İcra olunmalı məhkəmə qətnamələri
Şikayətin Məhkəməyə təqdim edilməsi tarixi
3172/08
Zahid Məmmədov
3 mart 1997-ci il tarixli order
Sumqayıt Apellyasiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qətnaməsi
2007-ci il
6 dekabr
42347/08
Vaqif Əliyev
28 oktyabr 1996-cı il tarixli order
Sumqayıt Apellyasiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qətnaməsi
2008-ci il
11 avqust
454/09
Bəxtiyar Müslümov
5 aprel 1995-ci il tarixli çıxarış
Səbail rayon məhkəməsinin
25 sentyabr 1995-ci il tarixli qətnaməsi
2008-ci il
3 dekabr
2772/09
Eduard Abramov
15 fevral 1994-cü il tarixli çıxarış
Suraxanı rayon məhkəməsinin
11 oktyabr 1999-cu il tarixli qətnaməsi
2008-ci il
15 dekabr
32585/09
Tamilla Həsənova
13 iyul 1996-cı il tarixli çixarış
Binəqədi rayon məhkəməsinin
22 iyul 1998-ci il tarixli qətnaməsi
2009-cu il
8 may
II Cədvəl
Şikayətin nömrəsi
Şikayətçilərin adı və soyadı
Maddi ziyana görə tələb (avro)
Mənəvi ziyana görə tələb (avro
Xərclər və məsrəflərə görə tələb (avro)
3172/08
Zahid Məmmədov
61200
3000
1600
42347/08
Vaqif Əliyev
36720
3000
1450
454/09
Bəxtiyar Müslümov
56967
15000
1500
2772/09
Eduard Abramov
17054
20000
__
32585/09
Tamilla Həsənova
54000
10000
7000
Full & Egal Universal Law Academy