İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ZAHİDOV AZƏRBAYCANA QARŞI
(11948/08 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
2014-cü il 20 fevral
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Zahidov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Alexandre Sisilianos,
Erik Mose,
və Bölmə katibi – Sören Nilsen,
2014-cü il 28 yanvarda şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Qənimət Səlim oğlu Zahidovun (ərizəçi) “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 13 fevral 2008-ci ildə təqdim etdiyi şikayət (11948/08 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünaslar cənab E.Sadıqov və cənab R.Hacılı tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, məhkəmələr barəsində həbs qətimkan tədbirinin seçilməsini əsaslandırmadıqlarına və zaminə buraxılmaqla azad edilməsinə dair vəsatətini hər hansı səbəb göstərmədən rədd etdiklərinə görə Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququ pozulmuşdur.
4. 4 yanvar 2011-ci ildə ərizə mövqeyini bildirməsi üçün Hökumətə göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1963-cü ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.
6. Ərizəçi jurnalist və “Azadlıq” qəzetinin baş redaktoru olmuşdur.
A. Ərizəçi barədə cinayət işinin başlanması
7. Ərizəçi 7 noyabr 2007-ci ildə Bakı şəhərində nəşriyyat evinin girişi qarşısında olarkən bir qadın ilə (S.Q.) aralarında mübahisə baş vermiş və sonuncu onu təhqir etməkdə ittiham etmişdir. Həmin an S.Q.-nin tanışı olan bir kişi (V.H.) onlara yaxınlaşmış və mübahisəyə qarışmışdır. V.H.-nin müdaxiləsindən sonra ilkin mübahisə ərizəçi ilə V.H. arasında qarşıdurmaya çevrilmiş və onun qarşısı digər şəxslərin müdaxiləsindən sonra alınmışdır.
8. Həmin gün ərizəçi baş verənlər barədə mətbuata məlumat verərək ona hücumun jurnalist fəaliyyəti ilə bağlı olduğunu və onun tələyə salındığını bildirmişdir.
9. 7 noyabr 2007-ci ildə V.H. Yasamal Rayon Polis İdarəsinə şikayətlə müraciət edərək nəşriyyat evinin qarşısında tanımadığı bir şəxs tərəfindən döyüldüyünü və təhqir edildiyini iddia etmişdir. V.H. polisə verdiyi ifadəsində bildirmişdir ki, 7 noyabr 2007-ci ildə o, S.Q.-ni avtomobilində nəşriyyat evinə aparmışdır. Oraya çatdıqda maşınını nəşriyyat evinin önündə saxlamışdır. S.Q. küçəni birinci keçmiş və o, onun arxasında getmişdir. Həmin vaxt o, bir kişinin S.Q.-ni təhqir etdiyini və onlar arasında mübahisənin baş verdiyini anlamışdır. O, dərhal kişiyə yaxınlaşmış və normal tərzdə ondan S.Q.-ni nə üçün təhqir etdiyini soruşmuşdur. Lakin həmin şəxs onu təhqir etməyə başlamışdır. O, cavab verərkən şəxs ilk olaraq sillə vurmaqla, sonra isə başı və yumruğu ilə zərbələr yetirməklə ona fiziki hücum etmişdir. Onları kənar şəxslər ayırmışdır.
10. Həmin gün müstəntiq tərəfindən dindirilmiş S.Q. V.H.-nin ifadələrini təsdiq etmişdir. O xüsusilə bildirmişdir ki, 2007-ci il 7 noyabrda nəşriyyat evinin qarşısında olarkən bir kişi onun xarici görünüşü ilə bağlı kompliment demişdir. O, komplimenti rədd etmiş və ona tay olmadığını demişdir. Sonra kişi onu alçaldaraq ona fahişə demişdir. Həmin vaxt onunla kişi arasında mübahisə baş vermişdir. V.H. yaxınlıqda idi və kişiyə yaxınlaşaraq qadını nə üçün təhqir etdiyini soruşdu. Həmin şəxs V.H.-ni də təhqir etməyə başladı və mübahisə V.H. ilə həmin şəxs arasında fiziki qarşıdurmaya çevrildi. O, ilk olaraq V.H.-ya sillə vurdu, sonra isə başla və yumruqla zərbələr endirdi.
11. 7 noyabr 2007-ci ildə Yasamal Rayon Polis İdarəsi tərəfindən yuxarıdakı insidentlə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanmışdır.
12. 8 noyabr 2007-ci ildə V.H. polisə məlumat vermişdir ki, o, 7 noyabr 2007-ci ildə fiziki qarşıdurmaya girdiyi şəxsi tanıya bilər. V.H. bu şəxsin ərizəçi olduğunu bildirmiş və ərizəçinin şəklini “Yeni Müsavat” qəzetində gördüyü üçün onu tanıya bildiyini demişdir.
13. Həmin gün işin istintaqını aparan müstəntiq ərizəçi ilə əlaqə saxlayaraq polis idarəsinə gəlməyini xahiş etmişdir. Ərizəçi hazırda Bakıda olmadığını, lakin 10 noyabr 2007-ci ildə polis idarəsinə gələcəyini bildirmişdir.
14. 9 noyabr 2007-ci ildə S.Q. və V.H. üzərində məhkəmə-tibb ekspertizası keçirilmişdir. Ekspert S.Q. ilə bağlı belə nəticəyə gəlmişdir ki, onun bədənində hər hansı zədə izi yoxdur. V.H.-yə gəlincə, ekspert qeyd etmişdir ki, onun burnu, sol qulağı və yuxarı dodağında göyərmə və xəsarət izləri vardır. Ekspert həmçinin V.H.-nin sağ almacıq sümüyünün qismən sınmasını müşahidə edərək onun başından xəsarət aldığını qeyd etmişdir. Nəhayət, ekspert bu xəsarətlərin uzun müddətli nəticələr doğurmasına görə bədənə az ağır xəsarət olduğu qənaətinə gəlmişdir.
15. 10 noyabr 2007-ci ildə müstəntiq iki şahidi (A.İ. və V.R.) dindirmişdir. Onlar 7 noyabr 2007-ci ildə nəşriyyat evinin qarşısında iki şəxs arasında fiziki qarşıdurmanın olduğunu gördüklərini təsdiq etmişlər. Onlar yaşca böyük olan və eynək taxan şəxsin digərinin ağız nahiyəsinə yumruqla zərbələr vurduğunu bildirmişlər.
16. 10 noyabr 2007-ci ildə günortaya yaxın ərizəçi Yasamal Rayon Polis İdarəsinə gəlmişdir. O, müstəntiq tərəfindən 7 noyabr 2007-ci ildə baş vermiş hadisə ilə bağlı şahid qismində dindirilmişdir. Ərizəçi həmin günü V.H. ilə aralarında fiziki qarşıdurmanın baş verdiyini etiraf etmişdir. O demişdir ki, nəşriyyat evinin girişinə yaxınlaşarkən küçədə telefonla danışan qadın onu təhqir etmişdir. Sonra qadın onu təhqirdə ittiham etmiş və onun üstünə qışqıraraq onun özünü təhqir etməyə başlamışdır. Həmin vaxt bir kişi onlara yaxınlaşaraq onunla qadın arasındakı mübahisəyə müdaxilə etmişdir. Kişi onu təhqir etmiş və sonra onu yumruq və təpiklə vurmağa cəhd göstərmişdir. Ərizəçi kişini itələməklə özünü müdafiə etmiş, o, isə dizləri üstə yerə yıxılmışdır. Ərizəçi ona sillə vurmadığını, başı və yumruğu ilə zərbələr yetirmədiyini bildirmişdir.
17. Həmin günü ərizəçi ilə V.H. və ərizəçi ilə S.Q. arasında üzləşdirmə keçirilmişdir. Ərizəçi, V.H. və S.Q. ilkin ifadələrini təkrarlamışlar. Müstəntiq, həmçinin maraqlı şəxslərin formal tanınmasını həyata keçirmiş və A.İ. və V.R. ərizəçinin digər şəxslə qarşıdurma zamanı həmin şəxsə yumruq zərbəsi vuran, eynəkli, yaşlı kişi olduğunu bildirmişlər.
18. 10 noyabr 2007-ci ildə müstəntiq ərizəçinin və onun vəkilinin iştirakı ilə birinci barəsində 48 saatlıq tutma protokolunu tərtib etmişdir. Ərizəçi Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş qəsdən bədənə az ağır xəsarət yetirmə və xuliqanlıq maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinirdi.
19. 10 noyabr 2007-ci ildə ərizəçi 9 noyabr 2007-ci il tarixli ekspert rəyinin nəticələrini mübahisələndirərək yeni məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə müstəntiqə vəsatət vermişdir. Həmin gün müstəntiq ərizəçinin vəsatətini təmin etmiş və ekspertizanın keçirilməsi barədə göstəriş vermişdir.
20. 23 noyabr 2007-ci ildə V.H. yenidən məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmişdir. Ekspert onun burnu, sol qulağı və yuxarı dodağı üzərində müxtəlif göyərmə və xəsarət izlərinin olduğunu, həmçinin sağ almacıq sümüyünün qismən sınmasını təsdiq etmiş və bunların yetirilməsi tarixinin 7 noyabr 2007-ci ilə uyğun olması nəticəsinə gəlmişdir. Ekspert, həmçinin sağ yanaq nahiyəsinin göyərməsi və sağ almacıq sümüyünün qismən sınmasının səhhətdə uzun müddətli pozuntulara səbəb olan bədənə az ağır xəsarət olması və digər xəsarətlərin səhhətdə qısamüddətli pozuntulara səbəb olan bədənə yüngül xəsarət olması qənaətinə gəlmişdir.
B. Ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi
21. 11 noyabr 2007-ci ildə ərizəçi Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən bədənə az ağır xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmişdir.
22. Həmin gün prokuror ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal rayon məhkəməsinə təqdimat vermişdir. Bu tədbirin zəruriliyini əsaslandırmaq üçün prokuror ərizəçinin istintaqdan gizlənmək və onun gedişinə mane olmaq ehtimalının mövcud olmasına və ittiham edildiyi cinayət əməllərinin xarakterinə istinad etmişdir.
23. 11 noyabr 2007-ci ildə Yasamal rayon məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülmüş formal ittihamları və prokurorun təqdimatını əsas kimi götürərək ərizəçi barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Hakim bu tədbirin tətbiqi zəruriliyini aşağıdakı kimi əsaslandırmışdır:
“Təqsirləndirilən şəxs Qənimət Səlim oğlu Zahidovun gələcəkdə istintaqdan gizlənməsi və məhkəmə prosesinin normal fəaliyyətinə maneçilik törətməsi, yenidən hüquq pozuntusuna yol verməsi mümkünlüyü ...və onun cəmiyyət üçün təhlükə yaratması nəzərə alınaraq vəsatət təmin olunmalı və onun barəsində həbs qətimkan tədbiri seçilməlidir”.
24. 14 noyabr 2007-ci ildə ərizəçi bu qərardan apellyasiya şikayəti vermişdir. O, cinayət əməli törətməsini təsdiq edən kifayət qədər sübutun olmamasından şikayət etmişdir. Ərizəçi daha sonra həbs qətimkan tədbirinin tətbiq edilməsi üçün əsasların olmamasından şikayət edərək hakimin sadəcə olaraq prokurorun təqdimatını əsas kimi götürdüyünü, tədbiri seçən zaman onun sosial statusu, ailə vəziyyəti, yaşayış yeri və ya şəxsiyyətini xarakterizə edən digər halları nəzərə almadığını iddia etmişdir. O, həmçinin bildirmişdir ki, hakim onun məhkəmə iclaslarında iştirakını təmin etmək üçün hər hansı alternativ tədbirin tətbiqini nəzərdən keçirməmişdir.
25. 22 noyabr 2007-ci ildə Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməmiş və həbs qərarının əsaslı olduğunu qət etmişdir. Apellyasiya Məhkəməsinin qərarının müvafiq hissəsində aşağıdakılar qeyd edilir:
“Məhkəmə tərkibi müstəntiqin izahatını, həmçinin vəkilin şikayətin dəlillərini müdafiə edən izahatını və prokurorun həmin izahata qarşı qeydlərini dinlədikdən sonra hesab edir ki, qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. ...
Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi həbs qətimkan tədbirini seçərkən təqsirləndirilən şəxsin ittiham edildiyi əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun iki ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması mümkün olan az ağır cinayət törətdiyini və azad olunacağı təqdirdə istintaqdan gizlənərək onun normal gedişinə mane olmasının mümkünlüyünü nəzərə almışdır”.
C. Ərizəçinin girov qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatəti və sonrakı hadisələr
26. 16 noyabr 2007-ci ildə ərizəçi Yasamal rayon məhkəməsi qarşısında vəsatət qaldıraraq barəsində girov qismində həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. O, istintaq dövründə həbsdə saxlanılmasının zəruri olmadığını bildirmişdir. O bununla bağlı bəyan etmişdir ki, əvvəllər cinayət törətməmiş, heç zaman istintaqdan gizlənməyə cəhd göstərməmiş və həmişə istintaqla əməkdaşlıq etmişdir, tanınmış jurnalist və “Azadlıq” qəzetinin baş redaktorudur, daimi yaşayış yeri vardır və himayəsində dörd uşağı vardır.
27. 21 noyabr 2007-ci ildə Yasamal rayon məhkəməsi vəsatəti rədd etmiş və həbs qətimkan tədbirinin əsaslı olaraq seçildiyini qət etmişdir. Qərarın müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:
“Zahidov Qənimət Səlim oğlu barədə həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsas mövcud idi. Həbs qətimkan tədbiri Cinayət-Prosessual Məcəllənin 155.2.1-ci maddəsinə uyğun olaraq, Zahidov Qənimət Səlim oğlunun ittiham olunduğu əməlin ağırlığı, xarakteri və törədilmə şəraiti nəzərə alınmaqla məhkəmə qərarına əsasən tətbiq olunmuşdur.
CPM-nin 164.4-cü maddəsinə görə 155.1-ci və 155.2-ci maddələrdə nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, məhkəmə müvafiq əsaslara istinad etməklə girov qoymaqla həbsdən azad etməkdən imtina edə bilər”.
28. 23 noyabr 2007-ci ildə ərizəçi bu qərardan apellyasiya şikayəti vermişdir. Ərizəçi azad olunması üçün əvvəllər irəli sürdüyü dəlilləri təkrar etmişdir.
29. 7 dekabr 2007-ci ildə Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin 21 noyabr 2007-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Apellyasiya Məhkəməsinin qərarının müvafiq hissələrində qeyd edilirdi:
“Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi CPM-nin 164.4-cü maddəsinə istinad etməklə vəsatəti rədd etməkdə haqlı olmuşdur.
CPM-nin 164.4-cü maddəsinə görə 155.1-ci və 155.2-ci maddələrdə nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, məhkəmə müvafiq əsaslara istinad etməklə girov qoymaqla həbsdən azad etməkdən imtina edə bilər.
Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs ZaHidov Qənimət Səlim oğlunun vəkillərinin apellyasiya şikayətində irəli sürdükləri dəlillər həbs qətimkan tədbirinin girov qismində qətimkan tədbiri ilə əvəz edilməsi yoluyla onun azadlığa buraxılması üçün yetərli olmadığından birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır”.
30. Tarixi məlum olmayan vaxtda parlamentin on dörd üzvü Baş prokurora müraciət edərək ərizəçi barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş etsələr də, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir.
31. 11 dekabr 2007-ci ildə işin istintaqını aparan prokuror ittiham aktını Yasamal rayon məhkəməsinə təqdim etmişdir.
32. 26 dekabr 2007-ci ildə Yasamal rayon məhkəməsi hazırlıq iclasını keçirərək, inter alia, ərizəçi barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
33. 7 mart 2008-ci ildə Yasamal rayon məhkəməsi ərizəçini dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
34. Ərizəçi 17 mart 2010-cu il tarixində Prezident tərəfindən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Cinayət Prosessual Məcəllə (CPM)
35. CPM-nin XVII fəsli qətimkan tədbirləri ilə bağlı məsələləri tənzim edir. 154-cü maddədə məhkəməyəqədər tətbiq olunan qətimkan tədbirlərinin on növü, o cümlədən həbs qətimkan tədbiri təsbit olunmuşdur. Qətimkan tədbirləri, o cümlədən həbs qətimkan tədbiri o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin: a) cinayət prosesini həyata keçirən orqandan gizlənmək; b) cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; c) cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; ç) d) cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq; e) məhkəmə hökmünün icra edilməsinə maneə törətmək (maddə 155.1). Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən aşağıdakılar nəzərə alınmalıdır: a) şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığı, xarakteri və törədilmə şəraiti; b) şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşı və səhhəti, məşğuliyyət növü, ailə, maddi və sosial vəziyyəti; c) əvvəllər cinayət törətməsi, qətimkan tədbirinin seçilməsi və digər əhəmiyyətli hallar (maddə 155.2). Bundan əlavə, bir qayda olaraq həbs qətimkan tədbiri yalnız iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxs barəsində tətbiq oluna bilər (maddə 155.3).
36. Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir (maddə 164.1). Məcəllənin 155.1 və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq motivlərə istinad edərək girov qoyulmaqla həbsdən azad etməni qeyri-mümkün hesab edə bilər (maddə 164.4).
B. Ali Məhkəmə Plenumunun Qərarları
1. ““İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tətbiqi barədə” 30 mart 2006-cı il 30 mart tarixli qərar
37. Qərarın müvafiq hissələrində qeyd edilir:
“13. ...həbs qətimkan tədbirinə mütləq zəruri olan, başqa bir qətimkan tədbiri növünün tətbiq edilməsi mümkün olmayan hallarda tətbiq edilən müstəsna tədbir kimi baxılmalıdır.
14. Məhkəmələr nəzərə almalıdır ki, “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən azadlıq hüququ məhdudlaşdırılmış şəxslər ağlabatan müddətdə işinə məhkəmədə baxılması, həmçinin barəsində həbs qətimkan tədbirinin tətbiqi zərurəti olmadıqda məhkəmə baxışına qədər azad olunmaq hüququna malikdirlər”.
2. “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən
qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2009-cu il tarixli qərar
38. Qərarın müvafiq hissələrində qeyd edilir:
“3. ... Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
39. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsaslanaraq cinayət törətdiyindən şübhələnməyə əsas verən ağlabatan sübutların olmamasından şikayətlənmişdir. 15 iun 2011-ci ildə Məhkəməyə təqdim etdiyi qeydlərində ərizəçi, həmçinin həbsinin qanunsuz olduğunu, müstəntiq tərəfindən qanunsuz olaraq həbs edildiyini bildirmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsindən qeyd edilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması...”.
A. Əsaslı şübhə
40. Hökumət bildirmişdir ki, ərizəçi cinayət əməli törətməsində əsaslı şübhələr olduğu üçün həbs edilmişdir. Bu şübhə, xüsusilə V.H. və digər şahidlərin ifadələrinə əsaslanmışdır.
41. Ərizəçi cinayət əməli törətməsində əsaslı şübhələrin olmadığını və dövlət orqanlarının onun cinayət əməli törətməsində əsaslı şübhələrin olduğunu qət etməyə imkan verən kifayətedici fakt və məlumatlar göstərmədiyini iddia etmişdir. O, bununla bağlı bildirmişdir ki, həbs olunduğu gün, yəni 10 noyabr 2007-ci ildə onun V.H.-yə xəsarət yetirdiyini təsdiq edən mötəbər sübutlar olmamışdır. Belə ki, V.H. ilə bağlı 9 noyabr 2007-ci il tarixində verilmiş məhkəmə-tibb ekspertizasının rəyi mötəbər deyildi. Buna görə də 10 noyabr 2007-ci ildə müstəntiq özü V.H. ilə bağlı yeni məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə göstəriş vermişdir.
42. Məhkəmə təkrar edir ki, şəxsin ağlabatan şübhələrlə həbsini 5-ci maddənin 1-ci bəndinin c) yarımbəndinə uyğun olaraq əsaslandırmaq üçün polisin həbs vaxtı və ya ərizəçinin həbsdə olması vaxtı ona qarşı ittihamın irəli sürülməsi üçün kifayətedici sübutlar əldə etməsi zəruri deyil (bax: “Broqan və Digərləri Birləşmiş Krallığa qarşı” (Brogan and Others v. the United Kingdom, 29 November 1988, § 53, Series A no. 145‑B) və “Erdagöz Türkiyəyə qarşı” (Erdagöz v. Turkey, 22 October 1997, § 51, Reports of Judgments and Decisions 1997‑VI)). Eyni zamanda, saxlanmış şəxsə qarşı sonda ittiham irəli sürülməsi və ya onun məhkəmə qarşısına çıxarılması da zəruri deyil. Dindirmək məqsədilə saxlamanın məqsədi saxlama üçün əsas kimi çıxış edən şübhələri təsdiq və ya təkzib etməklə cinayət işi üzrə istintaqı davam etdirməkdir. Buna görə də şübhə doğuran faktların cinayət işi üzrə istintaqın sonrakı mərhələsində meydana gələn ittiham hökmünü əsaslandırmaq və ya hətta ittihamı irəli sürmək üçün zəruri olan faktlar səviyyəsində olması vacib deyil (bax: “Murrey Birləşmiş Krallığa qarşı” (Murray v. the United Kingdom, 28 October 1994, § 55, Series A no. 300‑A)). Bununla belə, şübhənin ağlabatan əsaslara söykənməsi tələbi qanunsuz həbs və saxlamaya qarşı təminatın mühüm hissəsini təşkil edir. Şübhənin olduğuna vicdanla inanma kifayət deyil. “Əsaslı şübhə” ifadəsi obyektiv müşahidəçini maraqlı şəxsin hüquq pozuntusu törətməsi ehtimalının olduğuna inandıracaq faktların və məlumatın mövcudluğunu nəzərdə tutur (bax: “Foks, Cəmpbel və Hartli Birləşmiş Krallığa qarşı” (Fox, Campbell and Hartley v. the United Kingdom, 30 August 1990, § 32, Series A no. 182) və “Çebotari Moldovaya qarşı” (Cebotari v. Moldova, no. 35615/06, § 48, 13 November 2007)).
43. Hazırkı işdə ərizəçi qəsdən bədənə az ağır xəsarət yetirmə və xuliqanlıq əməlləri törətməkdə şübhəli bilinmiş və birinci instansiya məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Belə əməllərin ölkə qanunvericiliyinə əsasən cinayət hesab edilməsi mübahisə doğurmur.
44. Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı ilkin şübhələr qarşıdurmaya girdiyi V.H. və S.Q.-nin, həmçinin ərizəçinin V.H.-ya yumruq zərbəsi endirdiyini təsdiq etmiş digər iki şahidin ifadələri əsasında yaranmışdır. Bundan əlavə, 9 noyabr 2007-ci il tarixli məhkəmə-tibb ekspertinin rəyində V.H.-nin bədənində müxtəlif xəsarətlərin olduğu müəyyən edilmiş və ekspert bu xəsarətləri “az ağır” kimi xarakterizə etmişdir.
45. Belə olan halda, Məhkəmə ərizəçinin cinayət əməli törətməsində əsaslı şübhələrin olmadığına dair ifadəsini qəbul edə bilməz. Müstəntiqin onun vəsatətinə əsasən 10 noyabr 2007-ci ildə V.H. ilə bağlı yeni məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə qərar qəbul etməsi məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, bu, avtomatik olaraq 9 noyabr 2007-ci il tarixli ekspert rəyinin mötəbər olmadığı kimi təfsir edilə bilməz. Belə ki, müstəntiq sadəcə olaraq ərizəçinin yeni məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə vəsatətini təmin etmişdir. Buna görə də Məhkəmə qərara alır ki, əvvəl istinad edilmiş presedent hüququnun mənasında yuxarıda qeyd edilmiş sübut obyektiv olaraq ərizəçini iddia olunan cinayət əməli ilə bağlayır və ona qarşı “əsaslı şübhənin” yaranması üçün kifayət idi.
46. Bu səbəblərə görə Məhkəmə qət edir ki, ərizə bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən təmin olunmamalıdır.
B. Ərizəçinin 10 noyabr 2007-ci il tarixində saxlanmasının qanuniliyi
47. Hökumət ərizəçinin saxlanması barədə müstəntiqin 10 noyabr 2007-ci il tarixində qəbul etdiyi qərardan şikayəti ilə bağlı mümkün ölkədaxili hüquq müdafiə vasitələrini tükəndirmədiyini bildirmişdir. Hökumət bununla bağlı qeyd etmişdir ki, ərizəçi müstəntiqin saxlama barədə qərarından şikayət verməli idi.
48. Ərizəçi Hökumətin izahatı ilə razılaşmayaraq şikayəti ilə bağlı bütün mümkün ölkədaxili hüquq müdafiə vasitələrini tükəndirdiyini bildirmişdir. Belə ki, həbs qətimkan tədbirini tətbiq etmiş ölkə məhkəmələri öz təşəbbüsləri ilə saxlamanın qanuniliyini də araşdırmalı idilər.
49. Lakin Məhkəmə ərizəçinin 13 fevral 2008-ci il tarixində təqdim etdiyi ilkin izahatlarını araşdıraraq qeyd edir ki, ərizəçi Məhkəməyə təqdim etdiyi ərizəsində bununla bağlı hər hansı şikayət qaldırmamışdır. O, ilk dəfə bu şikayəti Məhkəmə qarşısında 15 iyun 2011-ci ildə Hökumətin qeydlərinə cavabında qaldırmışdır. Ərizəçinin saxlanması ilə bağlı son ölkədaxili qərarın Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2007-ci il tarixli qərarının olduğunu nəzərə alaraq Məhkəmə qeyd edir ki, bu şikayət Məhkəməyə müddətin ötürülməsi ilə təqdim edilmişdir və altı aylıq müddət tələbinə uyğun deyildir.
50. Buna görə də bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
51. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsasən şikayət edərək ölkə məhkəmələrinin həbs qətimkan tədbirinin tətbiqinin zəruriliyini əsaslandırmadıqlarını və girov qoyulmaqla həbsən azad edilməsi barədə xahişini heç bir izahat vermədən rədd etdiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi əsasında araşdırılmalıdır. Burada qeyd edilir:
“3. Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyəqədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər”.
A. Ərizənin mümkünlüyü
52. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndinin mənasında açıq-aşkar əsassız deyil. O, eyni zamanda, qeyd edir ki, şikayət digər əsaslara görə də qeyri-mümkün hesab edilə bilməz. Buna görə də o, mümkün elan edilməlidir.
B. Ərizənin mahiyyəti
1. Tərəflərin izahatları
53. Hökumət ərizəçinin izahatı ilə razılaşmayaraq ölkə məhkəmələrinin ərizəçinin həbsi üçün əhəmiyyətli və kifayətedici əsaslar gətirdiklərini bildirmişdir. Hökumət daha sonra qeyd etmişdir ki, ərizəçinin girov qoyulmaqla həbsən azad edilməsi barədə vəsatəti məhkəmələr tərəfindən lazımı qaydada araşdırılmışdır.
54. Ərizəçi ölkə məhkəmələrinin onun həbsini əsaslandırmadıqlarını bildirmişdir. O, xüsusilə qeyd etmişdir ki, məhkəmələr həbs qərarını qəbul edən zaman sadəcə olaraq müvafiq hüquq normalarına istinad etməklə kifayətlənmiş, onun işinin konkret hallarına hüquqi qiymət verməmişlər. Ərizəçi daha sonra bildirmişdir ki, ölkə məhkəmələri girov qoyulmaqla həbsən azad edilməsi barədə vəsatətini təmin etməmək üçün hər hansı səbəb göstərməmiş və vəsatətini lazımı qaydada araşdırmamışlar.
2. Məhkəmənin qiymətləndirməsi
55. Dövlət həbsin davam etdirilməsinə haqq qazandırmaq üçün əhəmiyyətli və kifayətedici əsasların olduğunu sübut edə bilmədiyi halda, cinayət törətməkdə ittiham edilən şəxs işə məhkəmədə baxılana qədər azad olunmalıdır (bax: “Smirnova Rusiyaya qarşı” (Smirnova v. Russia, nos. 46133/99 and 48183/99, § 58, ECHR 2003‑IX (extracts)) və “Xodorkovski Rusiyaya qarşı” (Khodorkovskiy v. Russia, no. 5829/04, § 182, 31 May 2011)). Məhkəmənin mövcud təcrübəsinə görə 5-ci maddəyə əsasən prezumpsiya azad olunmanın xeyrinədir. 5-ci maddənin 3-cü bəndinin ikinci hissəsi məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddət ərzində məhkəmə qarşısına çıxarmaqla onun işinə məhkəmədə baxılmasına qədər müvəqqəti azad etmə arasında seçim etmək imkanı vermir. Barəsində ittiham hökmü çıxarılana qədər o, təqsirsiz hesab edilməlidir və nəzərdən keçirilən müddəanın məqsədi əsas etibarı ilə həbsin davam etdirilməsinin artıq ağlabatan olmadığı halda onun müvəqqəti azad olunmasını tələb etməkdir (bax: “Makkey Birləşmiş Krallığa qarşı” (McKay v. the United Kingdom [GC], no. 543/03, § 41, ECHR 2006‑X) və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 61, 10 March 2009)).
56. Həbs edilmiş şəxsin cinayət əməli törətdiyinə ağlabatan şübhələrin olması həbsin davam etdirilməsinin qanuniliyi üçün sine qua non rolunu oynayır. Lakin vaxt ötdükcə bu tələb artıq kifayət etmir və Avropa Məhkəməsi daha sonra ölkə məhkəmələrinin irəli sürdükləri digər əsasların azadlıqdan məhrum etməyə hələ də haqq qazandırıb-qazandırmadığını müəyyən etməlidir. Belə əsasların əhəmiyyətli və kifayətedici olduğu halda, Məhkəmə ölkənin dövlət orqanlarının cinayət prosesinin həyata keçirilməsi zamanı xüsusi çalışqanlıq nümayiş etdirdiyinə də əmin olmalıdır (bax: “Labita İtaliyaya qarşı” (Labita v. Italy [GC], no. 26772/95, § 153, ECHR 2000‑IV)).
57. Ölkə məhkəmələri təqsirsizlik prezumpsiyası prinsipinə lazımi diqqət verməklə şəxsi azadlığa hörmət edilməsi qaydasından uzaqlaşmağa haqq qazandırılması üçün həqiqətən də ictimai marağın mövcud olmasının lehinə və əleyhinə olan faktları araşdırmalı və azad edilməklə bağlı vəsatətlər üzrə qərarlarında həmin faktları qeyd etməlidir (bax: “Letelye Fransaya qarşı” (Letellier v. France, 26 June 1991, § 35, Series A no. 207)). Azad edilmənin lehinə və əleyhinə olan dəlillər ümumi və abstrakt xarakter daşımamalıdır (bax: “Kluz Belçikaya qarşı” (Clooth v. Belgium, 12 December 1991, § 44, Series A no. 225)).
58. Məhkəmənin presedent hüququnda cinayət əməli törətməkdə şübhələnən şəxsin hökm çıxarılana qədər həbs edilməsi üçün dörd vacib və məqbul əsas təsbit edilmişdir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməyəcəyi təhlükəsinin olması (bax: “Stöqmüller Avstriyaya qarşı” (Stögmüller v. Austria, 10 November 1969, § 15, Series A no. 9)); təqsirləndirilən şəxsin azad olunacağı təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə mane ola biləcək hərəkətlər etməsi ehtimalının olması (bax: “Uemhof Almaniyaya qarşı” (Wemhoff v. Germany, 27 June 1968, § 14, Series A no. 7)); onun yeni cinayət əməlləri törədəcəyi təhlükəsinin olması (bax: “Matznetter Avstriyaya qarşı” (Matznetter v. Austria, 10 November 1969, § 9, Series A no. 10)); onun ictimai iğtişaşa səbəb ola biləcəyi təhlükəsinin olması (bax: yuxarıda qeyd edilmiş “Letelye” işi, 51-ci bənd).
59. Məhkəmə bununla bağlı təkrar edir ki, gizlənmək təhlükəsinin qiymətləndirilməsi zamanı gözlənilən cəzanın ağırlığı müvafiq elementlərdən biri olsa da, irəli sürülmüş ittihamların ağırlığı öz-özlüyündə həbsin uzun müddət davam etməsinin əsası kimi çıxış edə bilməz (bax: “İlijkov Bolqarıstana qarşı” (Ilijkov v. Bulgaria, no. 33977/96, §§ 80-81, 26 July 2001)). Bundan əlavə, gizlənmə təhlükəsi həbsə haqq qazandıra bilsə də, onun yalnız gözlənilən cəzanın ağırlığı əsasında qiymətləndirilməsi düzgün deyil. O, gizlənmə təhlükəsinin mövcudluğunu təsdiq edə biləcək və ya belə təhlükənin məhkəməyəqədər həbsə haqq qazandıra bilməyəcək dərəcədə az olmasını ortaya çıxaracaq bir sıra digər müvafiq amillərə istinad etməklə qiymətləndirilməlidir (bax: “Pançenko Rusiyaya qarşı” (Panchenko v. Russia, no. 45100/98, § 105, 8 February 2005) və yuxarıda qeyd edilmiş “Letelye” işi, 43-cü bənd).
60. Məhkəmə daha sonra qeyd edir ki, 5-ci maddənin 3-cü bəndinə görə dövlət orqanları şəxsin azad edilməsi və ya həbs olunması məsələsini həll edən zaman onun məhkəmə iclaslarında iştirakını təmin etmək üçün alternativ tədbirləri də nəzərdən keçirməlidirlər. Əlbəttə ki, həmin maddə yalnız ağlabatan müddətdə məhkəmə baxışının keçirilməsi və ya məhkəməyəqədər azad edilmək hüququnu təsbit etmir, eyni zamanda, azad olunmanın məhkəmə iclaslarında iştirakın başqa vasitələrlə təmin edilməsi ilə şərtləndirilməsinin mümkünlüyünü nəzərdə tutur (bax: “Yablonski Polşaya qarşı” (Jablonski v. Poland, no. 33492/96, § 83, 21 December 2000)). Qaçıb gizlənmək təhlükəsinin zaminliklə və ya digər təminatlarla qarşısının alınması mümkün olduqda belə, alternativləri daim lazımı qaydada nəzərdən keçirmək vəzifəsi milli dövlət orqanlarının üzərinə düşür (bax: mutatis mutandis, “G.K. Polşaya qarşı” (G.K. v. Poland, no. 38816/97, § 85, 20 January 2004)).
61. Məhkəmə hazırkı işin hallarına nəzər salaraq təkrar edir ki, 5-ci maddənin 3-cü bəndinin məqsədləri üçün nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və ittiham hökmünün elan edildiyi gün (hətta bunu yalnız birinci instansiya məhkəməsi etsə belə) bitir (bax: “Kalaşnikov Rusiyaya qarşı” (Kalashnikov v. Russia, no. 47095/99, § 110, ECHR 2002‑VI) və yuxarıda qeyd edilmiş “Labita” işi, 147-ci bənd). Bu müddət ərizəçinin həbs edildiyi gün, 10 noyabr yəni 2007-ci ildə başlamış və birinci instansiya məhkəməsinin 7 mart 2008-ci ildə onun barəsində ittiham hökmünü çıxardığı gün başa çatmışdır. Beləliklə, ərizəçinin məhkəməyəqədər həbs müddəti ümumilikdə üç ay iyirmi yeddi gün olmuşdur.
62. Məhkəmə əvvəlcədən qeyd edir ki, ərizəçinin ümumi həbs müddəti açıq-aşkar çox deyildir. Lakin o təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə məhkəməyəqədər həbsə, hətta onun müddəti qısa olsa belə, şərtsiz icazə verən müddəa kimi baxıla bilməz (bax: “Belçev Bolqarıstana qarşı” (Belchev v. Bulgaria, no. 39270/98, § 82, 8 April 2004); “Sarban Moldovaya qarşı” (Sarban v. Moldova, no. 3456/05, § 97, 4 October 2005) və “Kastravet Moldovaya qarşı” (Castravet v. Moldova, no. 23393/05, § 33, 13 March 2007)). Milli dövlət orqanları hətta ərizəçinin saxlanmasından sadəcə bir neçə gün sonra onun həbsi barədə qərar qəbul edən zaman belə bir tədbirin seçilməsi üçün mötəbər əsas göstərmək vəzifəsini daşıyırdılar (bax: “Patsuria Gürcüstana qarşı” (Patsuria v. Georgia, no. 30779/04, § 67, 6 November 2007) və “Giorgi Nikolaişvili Gürcüstana qarşı” (Giorgi Nikolaishvili v. Georgia, no. 37048/04, § 75, 13 January 2009)). Bundan əlavə, Məhkəmə artıq qət etmişdir ki, hətta məhkəməyəqədər həbsin ilkin mərhələlərində törədilmiş əməlin xarakteri və ya şübhəli şəxsin şəxsiyyətini xarakterizə edən hallar həbsin əsassızlığına dəlalət etdikdə və ya həbsi əsaslandırmaq üçün əhəmiyyətli və ya kifayətedici dəlillər olmadıqda məhkəməyəqədər azad etmə məsələsinin hüquqi baxımdan araşdırılması üçün imkan olmalıdır (bax: yuxarıda qeyd edilmiş “MakKey” işi, 46-cı bənd).
63. Hazırkı işdə ərizəçinin həbsi barədə qərar Yasamal rayon məhkəməsi tərəfindən 11 noyabr 2007-ci ildə qəbul edilmişdir. Bu qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 22 noyabr 2007-ci ildə qüvvəsində saxlanılmışdır.
64. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçinin həbsini onun istintaqdan gizlənməsi və onun gedişinə mane olması riskinin, yenidən hüquq pozuntusu törətmək mümkünlüyünün olması və cəmiyyət üçün təhlükə doğurması ilə əsaslandırmışdır (yuxarıda 23-cü bəndə bax). Apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi onun istintaqdan gizlənmək və onun gedişinə mane olmaq riskinin olduğunu təkrarlamış, həmçinin əməlin xarakterinə və onun iki ildən çox azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması mümkün olan az ağır cinayətlə ittiham edildiyinə istinad etmişdir (yuxarıda 25-ci bəndə bax).
65. Məhkəmə bununla bağlı qeyd edir ki, həm Yasamal rayon məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin həbsi üçün müxtəlif əsasları ümumi və stereotip tərzdə təkrarlamaqla kifayətlənmiş, nə üçün həmin əsasların ərizəçinin işinə aidiyyəti olduğunu hesab etdiklərini göstərməmişlər. Onlar, həmçinin ərizəçinin həbs qətimkan tədbirinin tətbiq edilməsinə qarşı irəli sürdüyü arqumentləri də ətraflı şəkildə araşdırmamışlar. Onlar xüsusilə işin materiallarında həmin əsaslarla bağlı olan hər hansı konkret faktı qeyd etməmiş və onları əhəmiyyətli və kifayətedici dəlillərlə əsaslandırmamışlar (bax: “Fərhad Əliyev Azərbaycana qarşı” (Farhad Aliyev v. Azerbaijan, no.37138/06, §§ 190‑194, 9 November 2010) və “Muradverdiyev Azərbaycana qarşı” (Muradverdiyev v. Azerbaijan, no. 16966/06, §§ 87-91, 9 December 2010)).
66. Məhkəmə bununla bağlı qeyd edir ki, Ali Məhkəmənin Plenumu 3 noyabr 2009-cu il tarixli qərarında açıq şəkildə qeyd etmişdir ki, məhkəmələrin həbs qətimkan tədbirinin seçilməsi zamanı həbsin əsaslarına ümumi şəkildə istinad etməsi kifayətedici əsaslandırma hesab oluna bilməz (yuxarıda 38-ci bəndə bax). Ölkə məhkəmələri təqsirləndirilən şəxsin həbsi ilə bağlı istinad edilən hər bir əsası və onun şəxsiyyətini xarakterizə edən halları ətraflı şəkildə təsvir etmək, həmçinin istinad edilən əsasın işə aidiyyəti olub-olmadığını yoxlamaq vəzifəsi daşıyırlar.
67. Ərizəçinin girov qoyulmaqla həbsən azad edilməsi barədə vəsatətinə gəlincə, Məhkəmə qeyd edir ki, Yasamal rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi bu vəsatəti rədd edərkən CPM-nin 164.4-cü maddəsinə istinad etmişlər. Bu maddəyə görə, məhkəmə CPM-nin 155.1-ci və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda girov qoyulmaqla həbsən azad etməkdən imtina edə bilər (yuxarıda 27-ci və 29-cu bəndlərə bax). Apellyasiya Məhkəməsi, həmçinin qeyd etmişdir ki, ərizəçi tərəfindən irəli sürülmüş arqumentlər onun azad olunması üçün kifayət etmirdi.
68. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-nin 164-cü maddəsi ərizəçi kimi az ağır cinayət törətməkdə ittiham olunan şəxsin azad olunmasını qadağan etmir. Burada qeyd edilir ki, məhkəmə CPM-nin 155.1-ci və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, girov qoyulmaqla həbsən azad etməkdən imtina edə bilər. Lakin bu maddəyə istinad etməklə ərizəçinin vəsatətini rədd edən zaman ölkə məhkəmələri CPM-nin 155.1-ci və 155.2-ci maddələrində nəzərdə tutulmuş və ərizəçinin işində mövcud olan hallardan hər hansı birini ətraflı şəkildə təsvir etməmişlər. Bakı Apellyasiya Məhkəməsi ümumi sözlərlə və gəldiyi nəticəni əsaslandırmaq üçün hər hansı bir səbəb göstərmədən ərizəçinin arqumentlərinin onun girov qoyulmaqla həbsən azad edilməsi üçün qənaətbəxş hesab olunmadığını qət etsə də, Məhkəmə qeyd edir ki, Yasamal rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi arqumentləri araşdırmamış və hətta onları təkzib belə etməyə çalışmamışdır.
69. Məhkəmə yuxarıdakıları nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçinin işi üzrə konkret faktları göstərmədən sadəcə olaraq həbsin əsaslarını sadalamaq kimi standart formuldan istifadə etməklə, həmçinin ərizəçi tərəfindən irəli sürülmüş arqumentləri lazımı qaydada araşdırmadan onun girov qoyulmaqla həbsən azad edilməsi barədə vəsatətini rədd etməklə dövlət orqanları ərizəçinin məhkəməyəqədər həbsini əsaslandırmaq üçün əhəmiyyətli və kifayətedici səbəblər göstərə bilməmişlər.
70. Buna görə də bununla bağlı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusuna yol verilmişdir.
III. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
71. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə istinad edərək məhkəmə proseslərinin ədalətsizliyi barədə şikayət etmiş və ölkə məhkəmələrinin həbsi və girov qoyulmaqla həbsən azad edilməsi xahişi ilə bağlı qərarlarının əsassız olduğunu iddia etmişdir.
72. Məhkəmə qeyd edir ki, ərizəçinin həbsi və girov qoyulmaqla həbsdən azad edilməsi barədə xahişinə dair məhkəmə proseslərinin ədalətsizliyi ilə bağlı şikayətinə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi əsasında baxılmalı idi.
73. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə bağlı ayrıca şikayət edilməmişdir. Belə ki, ərizəçinin həbsinin və girov qoyulmaqla həbsən azad edilməsi barədə vəsatətinin rədd edilməsinin əsaslandırılmaması ilə bağlı şikayəti Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən araşdırılmış məsələlər ilə eyniyyət təşkil edir. Buna görə də Məhkəmə Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndinə əsasən həmin hissədə ərizəni rədd edir.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
74. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.
A. Ziyan
75. Ərizəçi mənəvi ziyana görə 35 000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
76. Hökumət ərizəçinin tələblərinin əsassız və şişirdilmiş olduğunu bildirmişdir. O hesab etmişdir ki, hər bir halda pozuntu faktının müəyyən edilməsi qənaətbəxş kompensasiya olacaqdır.
77. Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi ziyan vurulmuşdur və yalnız pozuntu faktının müəyyən edilməsi ilə bunu kompensasiya etmək mümkün deyildir. Buna görə də ərizəçiyə kompensasiya ödənilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə mənəvi ziyana görə 5000 avro məbləğinin və bu məbləğdən tutulacaq vergilərin ödənilməsini qət edir.
B. Məhkəmə xərcləri
78. Ərizəçi ölkədaxili məhkəmə proseslərində iki vəkilin ona göstərdikləri hüquqi və digər peşəkar xidmətlərə görə 5000 manat (AZN) (məhkəmə iclaslarında onu təmsil etdiklərinə görə vəkillərdən hər birinə 300 AZN, həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan apellyasiya şikayətinin hazırlanmasına görə vəkillərdən hər birinə 400 AZN, girov qoyulmaqla həbsən azad edilməsi barədə vəsatətin hazırlanmasına görə vəkillərdən hər irinə 500 AZN, məhkəmənin girov qoyulmaqla həbsən azad etməkdən imtina barədə qərarından apellyasiya şikayətinin hazırlanmasına görə vəkillərin hər birinə 500 AZN və həbs yerində ona baş çəkdiklərinə görə vəkillərdən hər birinə 800 AZN) ödənilməsini tələb etmişdir. Ərizəçi, həmçinin işə Məhkəmədə baxılması ilə əlaqədar iki vəkilin göstərdikləri hüquqi xidmətə görə 3200 AZN ödənilməsini tələb etmişdir. Ərizəçi, həmçinin 1794,20 funt sterlinqin ödənilməsini də tələb etmişdir ki, bura xaricdə hüquqi məsləhətləşmələrin aparılması ilə bağlı 450 funt sterlinq və tərcümə xərclərinə görə 1344,20 funt sterlinq daxil idi. Ərizəçi tələbini əsaslandırmaq üçü müxtəlif kontraktlar və invoyslar göndərmişdir.
79. Hökumət tələbin əsassız və şişirdilmiş olduğunu bildirmişdir. O xüsusilə qeyd etmişdir ki, ərizəçi ölkə məhkəmələrində və Avropa Məhkəməsində iki vəkillə təmsil olunmasının zəruri olduğunu sübut edə bilməmişdir. Belə ki, bu vəkillər eyni işi görürdülər. Hökumət daha sonra bildirmişdir ki, vəkillərdən biri girov qoyulmaqla həbsən azad edilmə barədə vəsatətə Bakı Apellyasiya Məhkəməsində baxılması zamanı iclasda iştirak etməmiş və ərizəçi həbs yerində olan zaman vəkillərinin ona baş çəkdiyini sübut edən hər hansı sübut təqdim etməmişdir. Hökumət daha sonra bildirmişdir ki, ərizəçi işi ilə bağlı xarici ekspertlə məsləhətləşmələrin aparılmasına zərurətin olduğunu da sübut edə bilməmişdir. Hökumət tərcümə xərclərinin məbləği ilə də razılaşmamışdır. Hökumət bununla bağlı bildirmişdir ki, ərizəçinin Məhkəməyə təqdim etdiyi qeydlər sadəcə on beş səhifədən ibarət idi və tərcümə xərcləri üçün tələb olunan məbləğ həddindən artıqdır.
80. Məhkəmənin presedent hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin ağlabatan olduğunu sübut edə bilsin. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən göndərilmiş heç də bütün sənədlər iş üçün əhəmiyyət daşımır və onlardan bəziləri mahiyyəti aydın olmamaqla müvafiq xərclərin əsaslı və zəruri olaraq çəkildiyini və məbləğinin ağlabatan olduğunu açıq şəkildə sübut etmir. Məhkəmə iş materiallarını və yuxarıda qeyd edilən meyarları nəzərə alaraq məhkəmə xərclərinə görə ərizəçiyə 5000 avro məbləğin ödənilməsini ağlabatan hesab edir.
C. Faizlərin ödənilməsi
81. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. 5-ci maddənin 3-cü bəndi əsasında irəli sürülmüş şikayətə baxılmasını mümkün, ərizənin digər hissəsini isə mümkünsüz elan edir;
2. Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozulduğunu qət edir;
3. Qərara alır ki,
(a) cavabdeh dövlət qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı vəsaitləri, ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:
(i) mənəvi ziyana görə, tutulacaq vergilər də daxil olmaqla, 5000 (beş min) avro;
(ii) məhkəmə xərclərinə görə, tutulacaq vergilər də daxil olmaqla, 5000 (beş min) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 20 fevral 2014-cü il tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen İzabel Berro-Lefevr
Bölmə katibi Sədr
Full & Egal Universal Law Academy