İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ZEYNALOV AZƏRBAYCANA QARŞI
(31848/07 nömrəli ərizə)
QƏRAR
STRASBURQ
2013-cü il 30 may
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Zeynalov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Kseniya Turkoviç,
Dmitri Dedov,
və Bölmə katibinin müavini – Andre Uampax,
2013-cü il 7 may tarixdə şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Əhmədşah Məmmədşah oğlu Zeynalovun (ərizəçi) “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2007-ci il 9 aprel tarixdə təqdim etdiyi şikayət (31848/07 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab A.Nağıyev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, Ali Məhkəmə tərəfindən barəsindəki cinayət işinə baxılan zaman Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş təminatlara əməl olunmamışdır.
4. 2010-cu il 10 noyabr tarixdə ərizə Hökumətə göndərilmişdir. Eyni zamanda, ərizənin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət olunmuşdur (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1935-ci ildə anadan olmuşdur və Siyəzəndə yaşayır. O fermerdir.
6. Ərizəçi ilə əvvəllər Dəvəçi adlanan rayonun Sədan Bələdiyyəsi (Bələdiyyə) arasında torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı baş vermiş mübahisədən sonra ərizəçi barəsində cinayət işi başlanmışdır.
7. 2004-cü il 29 dekabr tarixdə Dəvəçi rayon məhkəməsi ərizəçi barəsində Cinayət Məcəlləsinin 188-ci maddəsi (torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə) əsasında ittiham hökmü çıxarmış və onu yüz şərti maliyyə vahidi (550000 köhnə Azərbaycan manatı, 110 yeni Azərbaycan manatına ekvivalentdir, bu da öz növbəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dərc edilmiş rəsmi mübadilə məzənnəsinə görə müvafiq vaxtda 84 avroya bərabər olmuşdur) məbləğində cərimə cəzasına məhkum etmişdir. Məhkəmə qət etmişdir ki, ərizəçi qanunsuz olaraq bələdiyyəyə məxsus olan 0,8 hektar torpaq sahəsini tutmuş və becərmişdir. Məhkəmə hökmü şahid ifadələri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təqdim edilmiş məlumat əsasında çıxarmışdır.
8. Qeyri-müəyyən tarixdə ərizəçi 2004-cü il 29 dekabr tarixli hökmdən şikayət verərək sözügedən torpaq sahəsinin ailəsinin fermer təsərrüfatına məxsus olan 50 hektarlıq böyük bir torpaq sahəsinin bir hissəsi olduğunu iddia etmişdir. 2005-ci il 18 mart tarixdə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır.
9. Ərizəçi hüquqi məsələlərlə bağlı şikayət vermiş və aşağı məhkəmələrin faktları qiymətləndirən zaman səhvə yol verdiklərini iddia etmişdir. 2005-ci il 9 avqust tarixdə Ali Məhkəmənin hakim N.H.-nin da daxil olduğu üç nəfərdən ibarət tərkibi Apellyasiya Məhkəməsinin 2005-ci il 18 mart tarixli qərarını ləğv edərək işi yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Ali Məhkəmə, xüsusilə ittiham hökmünün kifayət qədər əsaslandırılmadığını qeyd etmişdir.
10. Apellyasiya Məhkəməsi Ali Məhkəmənin nəticələrini nəzərə alaraq DTXK-ya və bələdiyyəyə yeni vəsatət göndərərək torpaq sahəsinin dəqiq yeri, ölçüləri və ona mülkiyyət hüququ ilə bağlı ətraflı məlumat verilməsinin xahiş etmişdir. Bələdiyyə bildirmişdir ki, rəsmi sənədlərə görə mübahisə predmeti olan torpaq sahəsi ərizəçiyə deyil, bələdiyyəyə məxsus olmuşdur. DTXK torpaq sahəsinin yerində təftişini həyata keçirmiş və məhkəməyə sözügedən sahənin bələdiyyə mülkiyyətinin bir hissəsi olduğunu bildirmişdir. 2006-cı il 12 iyul tarixdə Apellyasiya Məhkəməsi yeni qərar qəbul edərək Dəvəçi rayon məhkəməsinin 2004-cü il 29 noyabr tarixli hökmünü qüvvədə saxlamışdır. Məhkəmə qət etmişdir ki, ərizəçinin becərdiyi mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsus olmuş və müvafiq qanunvericilik düzgün olaraq tətbiq olunmuşdur.
11. Ərizəçi bu qərardan şikayət vermişdir. 2006-cı il 10 oktyabr tarixdə Ali Məhkəmənin hakim N.H. da daxil olmaqla üç hakimdən ibarət tərkibi ərizəçinin şikayətini araşdırmışdır. Məhkəmə qət etmişdir ki, Apellyasiya Məhkəməsi bütün işə aidiyyəti olan və mümkün sübutları araşdırmış və maddi və ya prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Buna görə də Ali Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 2006-cı il 12 iyul tarixli qərarını dəyişdirmədən saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
12. 2000-ci ildə qəbul edilmiş Cinayət Prosessual Məcəlləsinin (CPM) hakimlərin işə baxılmasından kənarlaşdırılması ilə bağlı müvafiq müddəalarında aşağıdakılar qeyd olunur:
“Maddə 109. Hakimə etiraz
109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:
:
...
109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir);
...
109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir.”
13. Aşağıda ölkə məhkəmələri tərəfindən çıxarılmış müvafiq qərarlara yenidən baxılması və Avropa Məhkəməsi tərəfindən Konvensiyanın pozuntusu müəyyən edildikdən sonra yeni hallar üzrə işə baxılmasına dair CPM-də əks olunmuş müddəalar qeyd edilmişdir:
Maddə 455. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar
“455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
...
455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi; ...”
Maddə 456. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə -məhkəmə aktlarına baxılması
“456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
456.2. Bu məcəllənin 455.0.1-ci və 455.0.2-ci maddələrində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır....”
Maddə 459. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
“459.0. Bu məcəllənin 455.0.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
459.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
459.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
459.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.”
14. Hakimə və ya məhkəmə tərkibinə etiraza dair qaydaların tətbiqi ilə bağlı məhkəmə təcrübəsi barədə 2005-ci il 24 noyabr tarixli 3 nömrəli qərarında Ali Məhkəmənin Plenumu bildirmişdir ki, hakimin işə baxmaqdan kənarlaşdırılması üçün müvafiq hüquqi əsaslar olduqda, o, tərəflərin etirazı olmadıqda belə, öz razılığı ilə prosesdən kənarlaşmalıdır. Plenum prosesdən belə kənarlaşmaq tələbini hakimin hüquqi vəzifəsi kimi müəyyən edir (3.2-ci bənd). Birinci instansiya məhkəməsində cinayət işinə baxılmasında artıq iştirak etmiş hakim eyni cinayət işinə yenidən baxılması zamanı iştirak etməməlidir (13-cü bənd).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
15. Ərizəçi şikayət edərək bildirmişdir ki, eyni hakim onun hüquqi məsələlərlə bağlı verdiyi iki ardıcıl kassasiya şikayətinə baxmış Ali Məhkəmənin hər iki tərkibində iştirak etmişdir. O qeyd etmişdir ki, eyni hakimin işə ikinci dəfə baxılmasında iştirak etməsi ölkədaxili prosessual qanunvericiliyin tələblərini pozmuşdur və buna görə də Ali Məhkəmənin bu cür qaydada təşkil olunmuş tərkibi qərəzsiz ola bilməzdi. Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsində qeyd olunur:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir. ”
A. Ərizənin mümkünlüyü
16. Hökumət hazırkı işdə ərizəçiyə əhəmiyyətli dərəcədə ziyan vurulub-vurulmadığını dəqiqləşdirməyi Məhkəmədən xahiş etmişdir.
17. Ərizəçi bununla bağlı fikrini bildirməmişdir.
18. Məhkəmə hesab edir ki, belə vəziyyətdə o, ərizəçinin şikayətinin Konvensiyanın 35-ci maddəsinin 2010-cu ilin 1 iyun tarixində qüvvəyə minmiş Konvensiyaya 14-cü Protokol ilə dəyişiklik edilmiş redaksiyasına əsasən mümkün olub-olmadığını müəyyənləşdirməlidir. 14 saylı Protokol 35-ci maddəyə mümkünlük ilə bağlı yeni tələb əlavə etmişdir. Burada qeyd olunur:
“3. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:
...
(b) əgər ərizəçiyə “əhəmiyyətli dərəcədə ziyan” vurulmamışdırsa, bir şərtlə ki, Konvensiyada və onun Protokollarında müəyyən edilmiş insan hüquqlarına hörmət ərizənin mahiyyəti üzrə araşdırılmasını tələb etməsin; bununla yanaşı ölkə daxili məhkəmə tərəfindən lazımı şəkildə baxılmamış heç bir iş bu əsasla rədd edilə bilməz”.
19. Məhkəmə təkrar edir ki, yeni müddəa qüvvəyə mindiyi tarixdən etibarən, artıq mümkünsüz elan edilmiş işlər istisna olmaqla, Məhkəmədə baxışı gözlənilən bütün işlərə tətbiq olunur (bax: “Qaftoniuk Rumıniyaya qarşı” (Gaftoniuc v. Romania (dec.), no. 30934/05, § 29, 22 February 2011)).
20. Məhkəmə qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin b) yarımbəndi ilə təsbit edilmiş meyarın başlıca elementi ərizəçiyə əhəmiyyətli dərəcədə ziyan vurulub-vurulmadığıdır (bax: “İonesku Rumıniyaya qarşı” (Ionescu v. Romania (dec.), no. 36659/04, § 32, 1 June 2010 və “Korolyov Rusiyaya qarşı” (Korolev v. Russia (dec.), no. 25551/05, 1 July 2010)).
21. De minimis non curat praetor kimi ümumi prinsipdən irəli gələn mümkünlük meyarı belə bir fikirlə sıx bağlıdır ki, hüquq pozuntusu sırf hüquqi nöqteyi-nəzərdən nə qədər real olsa da, beynəlxalq məhkəmənin diqqətini çəkmək üçün minimum ağırlıq səviyyəsinə malik olmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi təbiət etibarı ilə nisbi xarakter daşıyır və işin bütün hallarından asılıdır. Pozuntunun ağırlığı qiymətləndirilən zaman istər ərizəçinin subyektiv fikirləri, istərsə də konkret işin obyektiv halları nəzərə alınmalıdır (yuxarıda qeyd edilmiş “Korolyov” işi). Əhəmiyyətli dərəcədə ziyanın vurulmadığını müəyyənləşdirən zaman mübahisə olunan məsələnin maddi baxımdan nəticələri və ya işin ərizəçi üçün əhəmiyyəti kimi meyarlar nəzərə alına bilər (bax: yuxarıda qeyd edilmiş “İonesku” işi, 34-cü bənd).
22. Hazırkı işdə Məhkəmə hesab edir ki, şikayətin predmetini təşkil edən ölkədaxili proseslərin ərizəçi barəsində ittiham hökmünün çıxarılması ilə bitməsi faktı nəzərə alınmalıdır. İşdə olan materiallara görə ərizəçi nisbətən xırda hüquq pozuntusu törətmiş və bunun da nəticəsində bələdiyyəyə hər hansı maddi ziyan dəyməmişdir. Belə ki, bələdiyyə onun torpaq sahəsini qanunsuz olaraq becərmiş ərizəçidən heç zaman maddi təzminat ödənilməsini tələb etməmişdir. Mülkiyyətlə bağlı bu mübahisənin həll olunması üçün alternativ və güman ki, daha uyğun mexanizmlərin olduğu görünsə də (misal üçün, mülki hüquqi qaydada qadağa qoyulması), ən sərt vasitəyə əl atılmışdır: ərizəçi cinayət qanunvericiliyinə əsasən məhkum edilmiş və cəzalandırılmışdır. Belə olan halda, barəsindəki cinayət işinə qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması ərizəçi üçün prinsip məsələsi olmuşdur (bax: mutadis mutandis, “Diasenko Rumıniyaya qarşı” (Diacenco v. Romania, no. 124/04, § 46, 7 February 2012)). Hazırkı işin xüsusi hallarına görə Məhkəmə hesab edir ki, baxılan məsələ ərizəçi üçün obyektiv baxımdan vacib olmuşdur və ona əhəmiyyətli dərəcədə ziyan vurulmadığını bildirmək olmaz.
23. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Ali Məhkəmə son qərarı ilə aşağı məhkəmələrin ərizəçinin məhkum edilməsinə və təxminən 84 avro məbləğində cərimə olunmasına dair qərarlarını dəyişdirmədən saxlamışdır.
24. Məhkəmə qeyd edir ki, tərəflərdən heç biri ərizənin maddi durumu barədə aydın məlumat təqdim etməmişdir. Bununla belə, Məhkəmə bildirir ki, ərizəçi fermer olmuş və qohumları ilə birgə kiçik fermer təsərrüfatında fəaliyyət göstərmişdir.
25. Buna görə də Məhkəmə Hökumətin etirazını rədd edir. Bundan əlavə, şikayət digər əsaslara görə mümkünsüz deyil. Bu səbəbdən də o, mümkün elan edilməlidir.
B. Ərizənin mahiyyəti
26. Hökumət qəbul etmişdir ki, eyni hakimin eyni cinayət işində iki dəfə Ali Məhkəmənin hakimi kimi iştirak etməsi ölkədaxili qanunvericiliyə ziddir. Lakin o bildirmişdir ki, işin xüsusi faktları nəzərə alınarsa, ərizəçinin Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş hüquqları pozulmamışdır. Hökumət bildirmişdir ki, Ali Məhkəmə iki məhkəmə baxışında fərqli qərarlar qəbul etmişdir. Ali Məhkəmənin 2005-ci il 9 avqust tarixli qərarında N.H. da daxil olmaqla üç hakimdən ibarət tərkib ərizəçinin hüquqi məsələlərlə bağlı kassasiya şikayətini təmin etmiş və Apellyasiya Məhkəməsinin 2005-ci il 18 mart tarixli qərarını ləğv edərək işi yenidən baxılması üçün göndərmişdir. Ali Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlar yenidən araşdırılmalıdır. 2006-cı il 10 oktyabr tarixli qərarında isə Ali Məhkəmənin N.H.-nin də daxil olduğu üç nəfərdən ibarət tərkibi Apellyasiya Məhkəməsinin 2006-cı il 12 iyul tarixli yeni qərarını dəyişdirmədən saxlamış və ərizəçinin hüquqi məsələlərlə bağlı kassasiya şikayətini əsassız hesab etmişdir. Hökumətin mövqeyinə görə ərizəçinin işinə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş təminatlara uyğun olaraq baxılmışdır.
27. Ərizəçi şikayətini təkrarlamışdır.
28. Məhkəmə qeyd edir ki, bu şikayətdə qaldırılmış ilk məsələ işə ikinci dəfə baxan Ali Məhkəmə tərkibinin qanun əsasında yaradılmış məhkəmə hesab edilə bilinib-bilinməməsidir. Hazırkı işdə bu məsələ hakim N.H.-nin obyektiv qərəzsizliyi ilə bağlı istənilən şübhədən daha böyük önəm təşkil edir. Bu baxımdan ərizəçi qeyd etmişdir ki (Hökumət də bunu izahatlarında qəbul etmişdir), Ali Məhkəmənin tərkibi hakimlərin işə baxmaqdan kənarlaşdırılmasına dair ölkədaxili qanunvericiliyin tələblərinə zidd olaraq təşkil olunmuşdur.
29. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsi Razılığa Gələn Dövlətləri apellyasiya və ya kassasiya məhkəmələri təsis etməyə məcbur etmir. Lakin belə məhkəmələrin mövcud olduğu hallarda 6-cı maddədə təsbit edilmiş təminatlara əməl olunmalıdır (bax: “Brualla Qomez de la Torre İspaniyaya qarşı” (Brualla Gómez de la Torre v. Spain, 19 December 1997, § 37, Reports of Judgments and Decisions 1997‑VIII)).
30. “Qanun əsasında yaradılmış” ifadəsi yalnız məhkəmənin mövcudluğu üçün hüquqi bazanın olmasını deyil, eyni zamanda, məhkəmənin onun fəaliyyətini və hər bir işdə tərkibinin formalaşmasını tənzimləyən konkret qaydalara əməl etməsi məsələsini ehtiva edir (digər qərarlarla yanaşı bax: “Buskarini San Marinoya qarşı” (Buscariniv. San Marino (dec.), no. 31657/96, 4 May 2000); “Lavents Latviyaya qarşı” (Lavents v. Latvia, no. 58442/00, § 114, 28 November 2002) və “Sokurenko və Striqan Ukraynaya qarşı” (Sokurenko and Strygun v. Ukraine, nos. 29458/04 and 29465/04, § 24, 20 July 2006)). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında qanun anlayışı yalnız məhkəmə orqanlarının yaradılması və səlahiyyətini tənzimləyən qanunvericiliyi deyil, eyni zamanda, ölkədaxili qanunvericiliyin pozulduğu təqdirdə bir və ya bir-neçə hakimin işə baxılmasında iştirakının qanun pozuntusuna səbəb olacağı istənilən müddəasını əhatə edir (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş “Lavents” işi, 114-cü bənd; “Qorqiladze Gürcüstana qarşı” (Gorguiladzé v. Georgia, no. 4313/04, § 68, 20 October 2009) və “Pandcikidze və Digərləri Gürcüstana qarşı” (Pandjikidzé and Others v. Georgia, no. 30323/02, § 104, 27 October 2009)).
31. Hazırkı işdə Məhkəmə qeyd edir ki, Hökumətin də etiraf etdiyi kimi Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsinə görə hakim əvvəllər adi yurisdiksiyalı məhkəmələrin üç səviyyəsindən hər hansı birində baxılmasında iştirak etdiyi işdə iştirak etməkdən kənarlaşdırılmalıdır (yuxarıda 12-ci bəndə bax). Müvafiq ölkədaxili məhkəmə təcrübəsi də bu qaydanın aydın təfsirini vermişdir. Buna görə belə vəziyyətdə olan hakim hətta tərəflər etiraz etmədikdə belə işə baxmaqdan avtomatik olaraq kənarlaşmalıdır (yuxarıda 14-cü bəndə bax). Hazırkı işdə hakim N.H. məhz belə bir vəziyyətdə olduğundan Məhkəmə belə bir nəticəyə gəlir ki (yuxarıda da qeyd edildiyi kimi Hökumət bunu qəbul edir), ərizəçinin eyni cinayət işi üzrə hüquqi məsələlərlə bağlı ikinci kassasiya şikayətinə baxmış Ali Məhkəmənin tərkibi müvafiq ölkədaxili qanunvericiliyin tələblərinə zidd olmuşdur. Buna görə də burada Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında qanun əsasında yaradılmış məhkəmə olmamışdır.
32. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
II. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
33. Ərizəçi, həmçinin Konvensiyanın 6-cı maddəsi əsasında şikayət edərək barəsində həyata keçirilmiş cinayət prosesində ona hüquqi yardımın təmin edilmədiyini bildirmişdir.
34. Lakin Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq barəsində şikayət edilən məsələlərin onun səlahiyyətinə aid olan hissəsi ilə bağlı qeyd edir ki, bu materiallar Konvensiyada və ya Protokollarda təsbit edilmiş hüquq və azadlıqların hər hansı pozuntusu faktını üzə çıxarmır. Buradan belə çıxır ki, ərizə bu hissədə açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin a) yarımbəndi və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
35. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
36. Ərizəçi ona vurulmuş maddi ziyana görə 100000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir. Bu məbləğ əldə buraxılmış faydanı ehtiva edirdi, belə ki, o və on səkkiz ailə üzvü bir-neçə il ərzində hər hansı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilməmişdir.
37. Hökumət iddia olunan pozuntu ilə tələb arasında hər hansı səbəbiyyət əlaqəsinin olmadığını və ərizəçinin tələblərini təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilmədiyini qeyd etmişdir.
38. Məhkəmə təsbit edilmiş pozuntu ilə iddia olunan maddi ziyan arasında hər hansı səbəbiyyət əlaqəsi müəyyən etməmişdir; buna görə də o, tələbi rədd edir.
2. Mənəvi ziyan
39. Ərizəçi mənəvi ziyana görə 50000 avro məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
40. Hökumət məbləğin həddən artıq çox olduğunu bildirmişdir. O qeyd etmişdir ki, bu işdə pozuntu faktının müəyyən edilməsi ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə qənaətbəxş kompensasiya olacaqdır.
41. Məhkəmə təkrar edir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına baxmayaraq məhkum edilmişdirsə, o, mümkün olduğu qədər bu müddəaların tələblərinin pozulmayacağı təqdirdə olacağı vəziyyətə qaytarılmalıdır və mahiyyət etibarı ilə, belə vəziyyətdə hüquqların bərpasının ən münasib forması ərizəçinin işinə lazımı qaydada, müvafiq təminatlara əməl olunmaqla yenidən baxılmasını təmin etmək olardı (bax: mutatis mutandis, “Qurov Moldovaya qarşı” (Gurov v. Moldova, no. 36455/02, § 43, 11 July 2006)). Məhkəmə qeyd edir ki, hazırkı işdə Azərbaycan qanunvericiliyinə görə (yuxarıda 13-cü bəndə bax) belə bir imkan mövcuddur. Belə ki, ərizəçi xahiş edəcəyi təqdirdə Məhkəmənin onun işinə qanun əsasında yaradılmış məhkəmə”tərəfindən baxılmadığına dair qəbul etdiyi qərarı nəzərə alınaraq həmin işə hüquqi məsələlər üzrə yenidən baxılmasına nail olmaq mümkündür.
42. Məhkəmə hazırkı işin faktlarını və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bu işdə pozuntu faktının təsbit edilməsi ərizəçinin məruz qaldığı istənilən mənəvi ziyana görə qənaətbəxş kompensasiyanı təşkil edir. Buna görə də Məhkəmə mənəvi ziyana görə kompensasiya ödənilməməsini qət edir.
B. Xərclər və məsrəflər
43. Ərizəçi işə Avropa Məhkəməsində baxılması ilə bağlı çəkilmiş xərclərə görə 2000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Tələbini təsdiq etmək üçün o, özü ilə vəkili arasında imzalanmış sazişin sürətini təqdim etmişdir. Bu sazişə əsasən bu haqq Məhkəmə tərəfindən pozuntunun olduğuna dair qərar qəbul edildiyi halda ödəniləcəkdi. Ərizəçi, həmçinin özü və on səkkiz ailə üzvünün cinayət işi ilə bağlı ölkə məhkəmələrinin iclaslarında iştirak etmək və başqa dövlət orqanlarının nümayəndələri ilə görüşmək üçün nəqliyyat xərclərinə çəkdiyini iddia etdiyi 6600 avro və ölkə daxili proseslərlə bağlı poçt xidmətlərinə görə çəkdiyini iddia etdiyi 15048 avro məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir.
44. Hökumət qeyd etmişdir ki, ərizəçi ilə vəkili arasında bağlanmış saziş ölkədaxili qanunvericiliyə əsasən hüquqi xidmətlərə görə kontrakt hesab oluna bilməz, belə ki, burada tərəflərin hüquq və vəzifələri, kontraktın şərtləri göstərilməmiş və o, notarial qaydada təsdiq olunmamışdır. Buna görə də Hökumət sazişin məcburi xarakterə malik olmadığını, ərizəçinin vəkilə haqq ödəmək vəzifəsinin olmadığını və buna görə də onun məhkəmə xərcləri ilə bağlı tələbinin rədd edilməli olduğunu bildirmişdir.
45. Bundan əlavə, Hökumət qeyd etmişdir ki, nəqliyyat xərcləri ilə bağlı tələb müvafiq sübutlarla təsdiq olunmamışdır və bu xərclərin çəkilməsi zəruri deyildi. Poçt xərclərinə gəlincə, Hökumət qeyd etmişdir ki, ərizəçi bu tələbini təsdiq etmək üçün ümumi məbləği yalnız təxminən 1 Azərbaycan manatı olan qəbz təqdim etmişdir. Buna görə də Hökumət bu tələbi 1 AZN məbləğində qəbul edir.
46. Məhkəmənin presedent hüququna görə ərizəçiyə çəkdiyi xərc və məsrəflərə görə o zaman kompensasiya ödənilir ki, o, bu xərclərin həqiqətən də və zəruri olaraq çəkildiyini və məbləğinin ağlabatan olduğunu sübut edə bilsin.
47. Məhkəmə xərclərinə gəlincə, Avropa Məhkəməsi həyata keçirdiyi proseslərlə əlaqədar ədalətli təzminatın ödənilməsi ilə bağlı qərar qəbul edən zaman heç də mütləq şəkildə ölkədaxili qanunvericiliyin hüquqi xidmətlər üzrə kontraktın formasına dair tələbləri ilə bağlı olmur. Məhkəmə ərizəçi ilə vəkili arasında bağlanmış yazılı sazişi nəzərə alaraq hesab edir ki, bu, ərizəçinin işə Məhkəmədə baxılması ilə bağlı məhkəmə xərcləri çəkdiyinin sübutudur. Lakin hazırkı işdə zəruri olan və ağlabatan iş yükünü nəzərə alaraq, Məhkəmə hesab edir ki, tələb olunan məbləğ həddindən artıqdır və ərizəçiyə ödəniləcək məbləğdən tutulacaq istənilən vergi də daxil olmaqla ona 1000 avro məbləğində vəsait ödənilməlidir.
48. İddia olunan poçt xərclərinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim edilmiş qəbzlər lazımı qaydada konkretləşdirilmədiyinə və çox zaman tam şəkildə oxuna bilmədiyinə baxmayaraq, onların məbləği Hökumətin iddialarının əksinə 1 AZN-dən artıq olmuşdur. Lakin bununla belə, bu ümumi məbləğ ərizəçinin iddia etdiyi kimi 15048 avro deyil. Hər bir halda Məhkəmə istər ölkə daxilində işə baxılması ilə bağlı nəqliyyat xərcləri, istərsə də poçt xərcləri ilə bağlı hesab edir ki, tələblər şişirdilmiş, müvafiq sübutlarla təsdiq olunmamışdır və hazırkı işdə təsbit edilmiş pozuntu kontekstində onların işə aidiyyəti yoxdur. Bu səbəblərə görə Məhkəmə bu tələbləri rədd edir.
C. Faizlərin ödənilməsi
197. Məhkəmə ödənilməyən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ
1. Yekdilliklə ərizəni Ali Məhkəmənin tərkibi ilə bağlı hissədə mümkün və digər hissədə mümkünsüz elan edir;
2. 6 səs lehinə, 1 səs əleyhinə olmaqla Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Yekdilliklə qət edir ki, pozuntu faktının müəyyən edilməsi ərizəçinin məruz qaldığı istənilən mənəvi ziyana görə qənaətbəxş ədalətli kompensasiyadır;
4. Yekdilliklə qərara alır ki,
(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində ərizəçiyə çəkdiyi məhkəmə xərclərinə görə, tutulacaq vergi də daxil olmaqla, 1000 avro (min avro) məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Yekdilliklə ərizəçinin ədalətli kompensasiya tələbini digər hissələrdə rədd edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2013-cü il 30 may tarixdə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Uampax İzabel Berro-Lefevr
Bölmə katibinin müavini Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 74-cü qaydasının 2-ci bəndinə uyğun olaraq hakim Dedovun xüsusi rəyi bu qərara əlavə edilir.
İ.B.L..
A.M.U.
HAKİM DEDOVUN XÜSUSİ RƏYİ
Mən bu işdə Məhkəmənin qərəzsizlik məsələsi ilə bağlı verdiyi təhlillə razılaşmıram. 28-ci bənddə Məhkəmə qeyd edir ki, işə ikinci dəfə baxan Ali Məhkəmə tərkibinin qanun əsasında yaradılmış məhkəmə hesab edilə bilinib-bilinməməsi hakimin obyektiv qərəzsizliyi ilə bağlı istənilən şübhədən daha böyük önəm təşkil edir. Sonra Məhkəmə milli Ali Məhkəmənin hakimlərinin tərkibinin ölkədaxili qanunvericiliyə uyğun olaraq müəyyən edilib-edilmədiyini araşdırır.
Lakin milli Ali Məhkəmə mahiyyəti üzrə qərar qəbul etmək üçün faktiki əsasların olmaması səbəbi ilə aşağı məhkəmənin qərarını ləğv etmişdir. Belə olan halda, hakimin obyektiv qərəzsizliyi yalnız o zaman sarsıla bilər ki, həmin hakim həmin işə aşağı (və ya yuxarı) məhkəmədə baxılması zamanı iştirak etsin. Beləliklə, hakimlərin obyektiv qərəzsizliyini qorumaq məqsədi daşıyan təhlükəsizlik tədbirləri elə bir qaydada yaradılmalıdır ki, həmin hakimin özü üzərində nəzarəti həyata keçirə bilməməsi təmin olunsun və bununla da maraqlar münaqişəsi aradan qaldırılsın. İşin materialından göründüyü kimi, müvafiq hakim iki dəfə işə eyni qisimdə baxmışdır.
Məhkəmə bu cür maraqlar münaqişəsinin qarşısını almağa yönəlmiş ölkədaxili qanunvericiliyi təfsir etməyə meylsiz olmuşdur. Halbuki, onun bunu etməsinin qarşısını heç nə almamışdır, belə ki, Cinayət Prosessual Məcəlləsinin 109.1.6-cı maddəsinin mətni (qərarın 12-ci bəndinə bax) çox geniş şəkildə müəyyən edilmişdir. Belə formal yanaşma Razılığa Gələn Dövlətlərin milli məhkəmə sistemlərinin fəaliyyətinə mənfi təsir göstərə və heç bir ağlabatan və proporsional əsas olmadan çətinliklər yarada bilər.
Full & Egal Universal Law Academy