Jeçev (Zhechev) Bolqarıstana qarşı – ərizə № 57045/00
21.6.2007 tarixli qərar [V Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Assosiasiyanın məqsədlərinin "siyasi" olduğu və Konstitusiyaya zidd olduğu əsas gətirilərək onu qeydiyyata almaqdan imtina edilməsi: pozuntu baş verib
Faktlar: Ərizəçi "Bolqarıstanın maraqları, milli ləyaqət, birlik və inteqrasiya naminə vətəndaş cəmiyytəti" assosiasiyasının sədridir və sonuncunun məqsədlərinə, konkret olaraq, 1991-ci il tarixli Bolqarıstan Konstitusiyasının ləğv olunması, monarxiyanın bərpa edilməsi və keçmiş Yuqoslaviya respublikası Makedoniya ilə Bolqarıstan arasında sərhədin "açılması" daxildir. O şikayət edib ki, daxili məhkəmələr assosiasiyanın məqsədlərinin siyasi olduğunu və Konstitusiyaya zidd olduğunu əsas gətirərək onun qeydiyyatından imtina ediblər.
Hüquqi məsələlər: Monarxiyanın bərpası və ya qanunvericilik və konstitusiya sistemlərinin dəyişdirilməsinin təbliği özü-özlüyündə demokratiya prinsiplərinə zidd deyil. Eləcə də sərhədin "açılması" ölkənin ərazi bütövlüyünə və ya milli təhlükəsizliyinə zərər yetirmir. Həmçinin assosiasiyanın öz məqsədlərinə nail olmaq üçün zorakı və ya qeyri-demokratik vasitələrdən istifadə etmək niyyətində olduğunu düşünməyə əsas verən heç nə yoxdur. Üstəlik, assosiasiyaların milli, yerli və ya Avropa seçkilərində iştirak etməsinə icazə verilmədiyinə görə, "siyasi" məqsədlər güddüyü hesab edilən assosiasiyaların siyasi partiya kimi qeydiyyata alınmasının tələb edilməsinə "təxirəsalınmaz ictimai tələbat" yoxdur, xüsusən də nəzərə alsaq ki, Bolqarıstan qanunvericiliyində bu terminin anlayışı kifayət qədər qeyri-müəyyəndir. Beləliklə, milli hakimiyyət orqanlarının assosiasiyanı qeydiyyata almaqdan imtina etmək üçün gətirdiyi əsaslar münasib və ya yetərli deyildi və bu imtina assosiasiya üçün mühüm nəticələr doğurmuşdu, belə ki, onun fəaliyyətini həyata keçirməsinə mane olurdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41 – Məhkəmə razılaşdı ki, cənab Jeçev mənəvi ziyana məruz qalıb, amma qərara aldı ki, pozuntunun müəyyən edilməsinin özü yetərli kompensasiya təşkil edir.
Full & Egal Universal Law Academy