© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
IKINCI SEKSIYA
ZORICA JOVANOVIĆ SERBIYAya qarşı işi
(Ərizə no. 21794/08)
QƏRAR
STRAZBURQ
26 mart 2013
QƏTİ
09/09/2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qətidir, lakin ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Zorica Jovanović Serbiyaya qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci Seksiya),
Guido Raimondi, Sədr,
Danutė Jočienė,
Peer Lorenzen,
Dragoljub Popović,
Işıl Karakaş,
Nebojša Vučinić,
Paulo Pinto de Albuquerque, hakimlər,
və Seksiya Katibinin müavini Françoise Elens-Passosdan ibarət tərkibdə ,
5 mart 2013-cü ildə qapalı məşvərət keçirərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş Serbiya vətəndaşı Xanım Zorica Jovanović (“Ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Serbiyaya qarşı 22 aprel 2008-ci il tarixində göndərilən ərizə (no. 21794/08) ilə başlamışdır.
2. Hüquqi yardım təmin edilmiş ərizəçi Batočinada fəaliyyət göstərən Xanım D. Govedarica, Serbiya Hökuməti (“Hökumət”) isə agenti Cənab S. Carić tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi, Serbiya dövlət orqanlarının, Dövlət xəstəxanasında olduğu müddətdə öldüyü iddia olunan oğlunun taleyi barədə davamlı olaraq məlumatlandırmamasından və bununla bağlı ona hər hansı hüquq müdafiə vasitəsi təmin edilmədiyindən şikayət edir.
4. 12 aprel 2011-ci ildə Hökumətə ərizə barədə məlumat verilmişdir. İşin qəbuledilənliyi və mahiyyəti məsələsinə eyni zamanda baxılmasına qərar veilmişdir (Maddə 29 § 1).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1953-cü ildə anadan olmuşdur və Batočinada yaşayır.
6. Tərəflərin təqdim etdiyi məlumatlara əsasən işin halları aşağıdakılardır.
A. Ərizəçinin işinin spesifik halları
7. 28 oktyabr 1983-cü ildə Ərizəçi Dövlətə aid Ćuprija Tibb Mərkəzində (“ĆMC”) sağlam bir oğlan uşağı dünyaya gətirmişdir.
8. 28 və 30 oktyabr 1983-cü il tarixlərində, ĆMC-də olarkən, Ərizəçi oğlu ilə mütəmadi əlaqədə olmuşdur.
9. 30 oktyabr 1983-cü ildə Ərizəçiyə özünün və oğlunun səhəri gün xəstəxanadan çıxacağı barədə məlumat verilmişdir.
10. Həmin günün axşamı ərizəçi axşam təxminən saat 11-ədək oğlu ilə birlikdə olmuşdur və sonra uşaq yeni doğulanlar üçün xüsusi otağa aparılmışdır. Bu standart prosedur idi və ərizəçinin oğlunun səhhətində həmin vaxtadək heç bir problem müşahidə edilməmişdi.
11. 31 oktyabr 1983-cü ildə, saat 6.30 radələrində növbətçi həkim ərizəçiyə xəbər vermişdir ki, “uşaq ölüb”. Bunu eşədən kimi ərizəçi dərhal koridorla uşağın gecə yatdığı otağa qaçmışdır. Lakin iki sanitar ona otağa girməyə mane olmuşdur. Bir tibb bacısı hətta ona sakitləşdirici iynə vurmağa çalışmış, lakin ərizəçi buna imkan verməmişdir. Sonradan, başqa seçimi olmayan və şok vəziyyətində olan ərizəçi ĆMC-dən evinə qayıtmışdır. Sonradan onun qohumlarına deyilmişdir ki, otopsi Belqradda aparılacaq deyə, uşağın meyidi valideynlərinə verilə bilməz. Ərizəçi və ailəsi otopsinin Belqradda aparılmasına təccüblənmişlər, çünki bu, ĆMC-in təcrübəsinə uyğun deyildi.
12. 2001-ci ildən başlayaraq və xüsusilə 2002-ci ildə Serbiya kütləvi informasiya vasitələrində ərizəçinin halına bənzər hadisələr barədə məlumatlar verilməyə başladı (bax: məsələn, 29 yanvar 2013-cü ildə baxılmış ,).
13. 24 oktyabr 2002-ci ildə ərizəçi ĆMC-ə sorğu göndərərək, uşağının ölümü ilə bağlı bütün məlumatları istəmişdir.
14. 12 noyabr 2002-ci ildə ərizəçiyə ĆMC tərəfindən məlumat verilmişdir ki, oğlu 31 oktyabr 1983-cü ildə, saat 7.15-də ölmüşdür və onun ölümü “exitus non sigmata”, yəni bilinməyən səbəblərdən ölüm kimi qeydiyyata alınmışdır. ĆMC bildirmişdir ki, uşağın ölümü barədə başqa heç bir məlumat yoxdur, çünki arxivi su basmış və bütün sənədlər məhv olmuşdur.
15. 22 noyabr 2002-ci ildə, ərizəçinin müraciəti əsasında Ćupruja Bələdiyyəsi ərizəçiyə məlumat vermişdir ki, onun oğlunun doğulması bələdiyyədə qeydiyyata alınmış, ölüm faktı isə qeydiyyata alınmamışdır.
16. 10 yanvar 2003-cü ildə ərizəçinin əri (uşağın atası) Ćuprija prokurorluğuna “oğlunun qaçırılması”na görə cavabdeh hesab etdiyi ĆMC-in tibb personalına qarşı cinayət işi açılması üçün müraciət etmişdir.
17. 15 oktyabr 2003-cü ildə Ćuprija prokurorluğu şikayəti “ərizəçinin oğlunun 31 oktyabr 2013-cü ildə ölməsinə dair sübut olmadığı”na görə əsaslandırılmış olması səbəbilə rədd etmişdir. Heç bir başqa əsas gətirilməmiş və prokurorluğun hər hansı araşdırılma aparması barədə heç bir məlumat yoxdur.
18. 2004-cü ilin martında Ćuprija Bələdiyyəsi 22 noyabr 2002-ci il tarixli məktubunda yazılanları təsdiqləmişdir.
19. 29 aprel 2004-cü ildə ĆMC ərizəçiyə 12 noyabr 2002-ci il tarixli məktubunu dəstəkləyən daxili qeydlərini təqdim etmişdir.
20. 19 sentyabr 2007-ci ildə Ćuprija Bələdiyyəsi ərizəçinin oğlunun rəsmi olaraq qeydiyyata alınmadığını təsdiq etmişdir.
21. 28 dekabr 2007-ci ildə Ćuprija Bələdiyyəsi ərizəçiyə oğlunun doğum şəhadətnaməsinin və ĆMC-in göndərdiyi doğum şəhadətnaməsinin verilməsi üçün müraciətin surətlərini təqdim etmişdir.
22. Ərizəçinin oğlunun meyidi ərizəçiyə və ya ailəsinə verilməmişdir. Onlara hər hansı otopsi hesabatı təqdim edilməmiş və ya uşağın harda dəfn edilməsi barədə heç bir məlumat verilməmişdir.
23. 12 iyun 2009 və 20 iyul 2011-ci il tarixləri arasında ərizəçi Kragujevac Tibb Mərkəzində, mütəmadi olaraq, inter alia, 1999 və xüsusilə 2001-ci illərdə yaranmış müxtəlif depressiya ilə bağlı xəstəliklərdən müalicə olunmuşdur.
B. Digər müvafiq faktlar
1. Yeni prosedur qaydalarının qəbul edilməsi
24. 17 iyun 2003-cü il tarixdə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş xəstəxanada ölən yeni doğulmuş körpələrin dəfni ilə bağlı iclasda inter alia qərara alındı ki, körpənin meyidi yalnız valideynləri tərəfindən bu barədə xüsusi bir formal müraciət imzaladığı halda onlara verilir.
25. Dövlətə məxsus dəfnetmə şirkətinin (JKP Pogrebne usluge) 17 oktyabr 2003-cü il tarixli müraciətinə cavab olaraq, Belqradda yerləşən bütün tibb müəssisələri inter alia razılığa gəldilər ki, aşağıdakı hallarda həmin proseduru tətbiq edəcəklər: (a) valideynlər və ya digər ailə üzvlərinin ölüm barədə xəstəxana tərəfindən məlumatlandırıldıqları və dəfnlə özlərinin məşğul olacaqlarını bildirdiyində; və ya (b) başqalarının imtina etməsi və ya edə bilməməsi səbəbilə dəfnlə məşğul olacaqlarını bildirən hüquqi şəxs və ya onun nümayəndəsi tərəfindən xüsusi bəyanat verildiyi təqdirdə. Belə bəyanatların olmadığı hallarda, dövlətə məxsus dəfn şirkəti körpənin meyidini xəstəxanadan götürməkdən imtina edəcəkdir.
2. 14 iyul 2006-cı il tarixli Parlamant hesabatı (Izveštaj o radu anketnog odbora obrazovanog radi utvrđivanja istine o novorođenoj deci nestaloj iz porodilišta u više gradova Srbije)
26. 2005-ci ildə ərizəçi ilə bənzər vəziyyətdə olan, xüsusilə, 1970, 1980 və 1990-cu illərdə körpəsi guya xəstəxanada öldüyünə görə “yoxa çıxmış” yüzlərlə valideyn Serbiya Parlamentinə müraciət etdi.
27. 14 iyul 2006-cı ildə Parlament bu məqsədlə yaradılmış Araşdırma Komitəsinin hazırladığı hesabatı qəbul etdi. Bu hesabata görə, inter alia, (a) müvafiq vaxtda tətbiq olunan qanunvericlikdə və müxtəlif Dövlət və Səhiyyə orqanlarının prosdur qaydalarında ciddi çatışmazlıqlar vardı; (b) vəziyyət valideynlərin şübhələrini və ya reallıqda körpələrinin başına nə gəldiyi ilə bağlı narahatlıqlarını əsaslandırırdı; (c) tətbiq olunan müddətlər səbəbindən cinayət prosesi açmaq münkün deyildi (bax: yuxarıdakı 34-cü paraqraf); və (d) valideynlərə adekvat təminatlar verilməsi üçün Hökumət orqanları tərfindən ciddi səylərə və müvafiq qanunvericlikdə dəyişikliklərə ehtiyac vardı.
3. Parlament sədrinin bəyanatı
28. 16 aprel 2010-cu ildə yerli mediya bildirdi ki, Serbiya Parlamentinin rəhbəri “yoxa çıxmış körpələr”in valideynlərinə təzminat verilməsi üçün yeni qanunvericliyin hazırlanması məqsədilə işçi qrupların yaradıldığı barədə bəyanat vermişdir.
4. Ombudsmanın 29 iyul 2010-cu il tarixli hesabatı (Izveštaj zaštitnika građana o slučajevima tzv. “nestalih beba” sa preporukama)
29. Məsələ ilə bağlı geniş bir araşdırmanın sonunda Ombudsman, inter alia, aşağıdakı nəticələrə gəldi: (a) müvabfiq tarixdə, yeni doğulmuş körpənin xəstəxanada ölməsi halında edilməli hərəkətlər barədə uyğun prosedur və/və ya qanunvericilik normaları yox idi; (b) geniş yayılmış tibbi rəyə görə, valideynlər yeni doğulmuş körpələrinin dəfni ilə bağlı sarsıntıdan azad edilməlidir və bu səbəbdən, bəzi valideynlər bilərəkdən bu imkandan məhrum olunurdular; (c) bir qayda olaraq, otopsi hesabatları qeyri-tam, nəticəsi aydın olmayan və şübhəli olurdu; (d) bu səbəbdən, həmin körpələrin valideynlərinin əlindən alınmasının əslində qeyri-qanuni olduğu ilə bağlı nəticəyə gəlmək mümkün olmurdu; (e) daha yaxın keçmişdə isə, Hökumətin 2006 və 2010-cu illərdəki müraciətlərə cavabi qeyri-adekvat olmuşdur; və (f) bu səbəbdən valideynlərin körpələrinin taleyi barədə həqiqəti bilmək hüquqları vardır və bu, yalnız lex specialisin qəbul edilməsi ilə mümükündür.
5. 28 dekabr 2010-cu ildə İşçi Qrupun Parlamentə təqdim etdiyi hesabat (Izveštaj o radu radne grupe za izradu predloga zakona radi stvaranja formalno-pravnih uslova za postupanje nadležnih organa po prijavama o nestanku novorođene dece iz porodilišta)
30. 14 iyul 2006-cı il tarixli Parlament Hesabatının nəticələrinə və rekomendasiyalarına (bax: yuxarıdakı 26 və 27-ci paraqraflar) cavab olaraq, 5 may 2010-cu ildə Parlament işçi qrup yaratdı (bax: yuxarıdakı 28-ci paraqraf). Onun vəzifəsi vəziyyəti analiz etmək və qanunvericiliyə müvafiq dəyişikliklər təklif etmək idi.
31. 28 dekabr 2010-cu ildə İşçi Qrup hesabatını Parlamentə təqdim etdi. Hazırki dəyişdirilmiş qanunvericiliyin geniş analizindən sonra işçi qrup belə nəticəyə gəldi ki, tibbi məlumatların toplanması və istifadəsi istisna olmaqla, heç bir dəyişikliyə ehtiyac yoxdur və bu sonuncu ilə bağlı dəyişiklik yeni qanunvericilikdə (nacrt Zakona o evidencijama u oblasti zdravstva) nəzərdə tutulmuşdur. İşçi Qrup xüsusilə inter alia qeyd etdi ki, Konstitusiyanın 34-cü maddəsi keçmişdə törədilmiş cinayətlərlə bağlı cinayət təqibi üçün müddətləri uzatmağa və ya yeni, daha ağır cinayət əməlləri və/və ya keçmişdə törədilmiş cinayətlərə daha ağır cəzaların tətbiq etməyə imkan verir (bax: yuxarıdakı paraqraf 32). Bununla belə, mövcud Cinayət Məcəlləsi hazırki işdəki halla bağlı müxtəlif cinayət əməllərini nəzərdə tutur və yeni Səhiyyə haqqında Qanunda yeni doğulmuş körpələrin xəstəxana palatalarından qeyri-qanuni şəkildə çıxarılmasına imkan verməyən geniş prosedur vardır (bax: yuxarıdakı 35 və 41-ci paraqraflar).
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Serbiya Respublikası Konstitusiyasi (Ustav Republike Srbije; Serbiya Respublikası Rəsmi Qəzetində - SR RQ –nəşr edilmişdir– no. 98/06)
32. Konstitusiyanın 34-cü maddəsində deyilir:
“Heç kim törədildiyi vaxt qanunla və qanuna əsaslana hər hansı aktla cinayət hesab edilməyən hər hansı əmələ görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Əmələ görə həmin vaxtda nəzərdə tutulmayan cəza tətbiq edilə bilməz.
Cəzalar, sonradan cinayətkar üçün daha yumşaq qanunun qəbul edildiyi hallar istisna olmaqla, əməlin törədildiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. Cinayət əməli və cəzalar qanunla nəzərdə tutulmalıdır.”
B. 1977-ci il Serbiya Sosialist Respublikası Cinayət Məcəlləsi (Krivični zakon Socijalističke Republike Srbije; Serbiya Sosialist Respublikası Rəsmi Qəzetində- SSR RQ-nəşr edilmişdir no. 26/77, 28/77, 43/77 və 20/79)
33. Maddə 116 inter alia nəzərdə tutur ki, azyaşlı uşağı valideynlərindən gizlədən şəxs bir ildən on ilədək azadlıqdan məhrumetmə ilə cəzalanır.
C. 1976-cı il Yuqoslaviya Sosialist Federativ Respublikası Cinayət Məcəlləsi (Krivični zakon Socijalističke Federativne Republike Jugoslavije; Yuqoslaviya Sosialist Federativ Respublikası Rəsmi Qəzetində– (YSFR RQ no. 44/76, 36/77, 34/84, 37/84, 74/87, 57/89, 3/90, 38/90, 45/90 və 54/90), Yuqoslaviya Federativ Respublikası Rəsmi Qəzeti (YFR RQ, no. 35/92, 16/93, 31/93, 37/93, 24/94 və 61/01), və Serbiya Respubliaksı Rəsmi Qəzetində (SRRQ no. 39/03) nəşr olunmuşdur)
34. 95 və 96-cı maddələrdə inter alia nəzərdə tutulur ki, Serbiya Sosialist Respublikası Cinayət Məcəlləsinin 116-cı maddəsində nəzərdə tutulan cinayətin təqibinin müddəti cinayətin törədildiyindən iyirmi il keçdikdən sonra bitir.
D. 2005-ci il Serbiya Respublikası Cinayət Məcəlləsi (Krivični zakonik; SR RQ, no. 85/05, 88/05, 107/05, 72/09 və 111/09)
35. 191, 192, 388 və 389-cu maddələrə əsasən, övladlığa götürmə məqsədi də daxil olmaqla, uşaq oğurluğu və insan alverinin müxtəlif formaları cinayət hesab edilir.
E. Məsuliyyət haqqında Qanun (Zakon o obligacionim odnosima; YSFR RQ, no. 29/78, 39/85, 45/89, 57/89 və 31/93)
36. Maddə 199 və 200 inter alia nəzərdə tutur ki, “fərdi hüquqlar”ının (prava ličnosti) pozulması nəticəsində qorxu, fiziki ağrı, və ya ruhi sarsıntı keçirmişsə, bu sarsıntıların müddəti və intensivliyindən asılı olaraq, mülki məhkəmələr qarşısında maliyyə təzminatı və, bundan əlavə, adekvat qeyri-maddi məmnuniyyət “verə biləcək” hər hansı başqa təzminat istəmək hüququ var.
37. 376-cı maddənin 1 və 2-ci bəndində nəzərdə tutulur ki, yuxarıdakı müddəalara əsaslanan iddia zərərçəkənin həmin zərər barədə məlumatlı olduğu və cavabdehi müəyyən etdiyi vaxtdan üç il müddətində qaldırıla bilər, lakin belə iddia bütün hallarda həmin hadisələrin törədildiyi vaxtdan beş il müddətində qaldırılmalıdır.
38. 377-ci maddənin 1-ci bəndi nəzərdə tutur ki, həmin ziyan hər hansı cinayət nəticəsində dəymişsə, mülki iddia müddəti cinayət təqibi müddətlərinə uyğun olması üçün uzadıla bilər.
F. Müvafiq daxili məhkəmə təcrübəsi
39. 4 iyun 1998-ci ildə Ali Məhkəmə (Rev. 251/98) hesab etmişdir ki, müxtəlif mənəvi ziyan formaları üçün mülki iddia müddətləri (bax: yuxarıdakı 36-38-ci paraqraflar) şikayət olunan hadisə sona çatmayıbsa, axmağa başlamayacaqdır (kada su pojedini vidovi neimovinske štete dobili oblik konačnog stanja).
40. 21 aprel 2004-cü ildə Ali Məhkəmə (Rev. 229/04) hesab etmişdir ki, Məsuliyyət haqqında Qanun mənasında “fərdi hüquqlar”a, inter alia, ailə həyatına hörmət hüququ da daxildir.
G. Səhiyyə haqqında Qanun (Zakon o zdravstvenoj zaštiti; SR RQ no. 107/05, 72/09, 88/10 və 99/10)
41. 219-223-cü maddələr inter alia, yeni doğulmuş körpənin xəstəxanada ikən ölümünün vaxtı və səbəbinin müəyyən edilməsinin detallarını nəzərdə tutur. Belə ki, xəstəxanalar ailəyə ən qısa müddətdə məlumat verməlidir və ailənin meyidə çatımlılığını təmin edilir. Otopsi həyata keçirilir və gələcəkdəki məqsədlər üçün bioloji nümunələr götürülür. Ölümün səbəbi müəyyən edilməmişdirsə, polisə məlumat verilir, yerli bələdiyyə orqanlarına isə bütün hallarda məlumat verilir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
42. Ərizəçi Konvensiyanın 4, 5 və 8-ci maddələrinə istinad edirlər. Lakin mahiyyətcə, ərizəçi cavabdeh Dövlətin oğlunun taleyi barədə ona davamlı olaraq məlumat verməməsindən şikayət edir. Ərizəçi uşağının sağ ola biləcəyini və qeyri-qanuni olaraq övladlığa verilmiş ola biləcəyini də güman etdiyini bildirir.
43. Məhkəmə, araşdırdığı bütün işlərdə işin hallarının və hüquqi məsələlərini özü xarakterizə etdiyi üçün (bax: Akdeniz v. Turkey, no. 25165/94, § 88, 31 may 2005), hesab edir ki, bu şikayət Konvensiaynın 8-ci maddəsinin əhatə dairəsinə düşür. Həmin maddədə deyilir:
“1. Hər kəs ...ailə həyatına hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir
A. Qəbuledilənlik
1. Ratione temporis uyğunluluq
(a) Tərəflərin təqdimatları
44. Hökumət bildirir ki, “iddia olunan müdaxilə ilə bağlı” faktlar 3 mart 2004-cü ildən, yəni Konvensiyanın Serbiya üçün qüvvəyə mindiyi tarixdən əvvəl baş vermişdir. Belə ki, Ərizəçinin uşağının 31 oktyabr 1983-cü ildə ondan alınıb və ərizəçinin ərinin cinayət işinin açıılması müraciəti, göndərildikdən təxminən on ay sonra, 15 oktyabr 2003-cü ilə rədd olunub. Hökumət iddia edir ki, mübahisələndirilən vəziyyəti düzəltməkdə 3 mart 2004-cü il tarixindən sonrakı uğursuzluğu Ərizəçinin şikayətini araşdırmaq üçün Məhkəmənin ratione temporis səlahiyyətinin olmasına səbəb olmur.
45. Ərizəçi bildirir ki, bu pozuntu davamlı pozuntudur və o, bu məsələ ilə bağlı dövlət orqanlarına illər uzunu çoxsaylı şikayətlər etmişdir.
(b) Məhkəmənin dəyərləndirməsi
46. Məhkəmə xatırladır ki, onun ratione temporis səlahiyyəti Konvensiya və onun Protokollarının Dövlət tərəfindən ratifikasiyasından sonrakı müddəti əhatə edir. Ratifikasiya tarixindən sonra, Dövlətin iddia olunan hərəkət və hərəkətsizlikləri Konvensiya və onun Protokollarına uyğun olmalıdır, yəni həmin tarixdən sonrakı bütün faktlar, hətta bu, mövcud bir vəziyyətin uzanması olsa belə, Məhkəmənin yurisdiksiyası altına düşür (bax: məsələn, Yağcı and Sargın v. Turkey, 8 iyun 1995, § 40, Series A no. 319‑A, və Almeida Garrett, Mascarenhas Falcão and Others v. Portugal, no. 29813/96 və 30229/96, § 43, ECHR 2000-I).
47. Bundan əlavə, yoxaçıxma çox spesifik fenomendir və məlumatsızlığın hökm sürdüyü və hətta bilərəkdən məlumatın gizlədilməsi və baş verənlərlə bağlı yanıltmaların olduğu davamlı qeyri-müəyyənlik və hesabatsızlıq şəraitidir. Bu səbəbdən yoxaçıxmanın sadəcə “ani” bir hərəkət və ya hadisə olduğu iddia edilə bilməz; sonradan itkin düşmüş şəxsin harda olması və taleyi barədə məlumat verilməməsi isə davam edən bir vəzyiyyətin əlavə fərqləndirici əlamətidir. Beləliklə, potensial olaraq, pozitiv öhdəlik, itkin düşmüş şəxsin taleyi ilə bağlı hər hansı izahatın verilməsinə qədər davam edir. Bu, hətta şəxsin öldüyünün güman oluna bildiyi hallarda belə doğrudur (bax: 2-ci və 3-cü maddələrin kontekstində olsa da, Varnava and Others v. Turkey [GC], no. 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, § 148, ECHR 2009).
48. Hazırki işə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi oğlunun 31 oktyabar 1983-cü ildə öldüyü və ya yoxa çıxdığını iddia edir və Konvensiya Serbiyaya münasibətdə 3 mart 2004-cü ildə qüvvəyə minmişdir. Bununla belə, cavabdeh Dövlətin ərizəçiyə oğlunun taleyi barədə dəqiq və/və ya inanadırıcı məlumat verməməsi bu günə qədər davam edir. Belə olan şəraitdə, Məhkəmə hesab edir ki, ərizəçinin şikayəti davam edən vəziyyətlə bağlıdır (bax: mutatis mutandis, yuxarıda istinad edilən Varnava and Others v. Turkey [GC], §§ 130-50, və, 8-ci maddə kontekstində Kurić and Others v. Slovenia [GC], no. 26828/06, §§ 238 və 240-42, ECHR 2012 (çıxarılışlar)).
49. Beləliklə, Hökumətin ratione temporis səlahiyyətin olmaması ilə bağlı etirazı rədd edilir. Məhkəmənin Ərizəçinin 3 mart 2004-cü ildən sonrakı dövrdə cavabdeh Dövlətin Konvensiya üzrə daşıdığı procedural öhdəlikləri ilə bağlı şikayətini araşdırmaq səlahiyyəti vardır. Bununla belə, Məhkəmə işin ratifikasiyadan əvvəl baş vermiş hallarını da nəzərə ala bilər, bir şərtlə ki, bu hallar ratifikasiya tarixindən sonra davam edən vəziyyətin yaranmasına səbəb olmuşlar və ya mübahisiləndirilən vəziyyətin başa düşülməsi üçün vacib olsunlar (bax: mutatis mutandis, yuxarıda istinad edilən Kurić and Others, § 240).
2. Altı ay qaydası
(a) Tərəflərin təqdimatları
50. Hökumət bildirir ki, Ərizəçinin şikayəti Konvensiyada nəzərədə tutulan müddət keçdikdən sonra göndərilmişdir. Belə ki, ərizəçi cinayət işinin nəticəsi barədə bir il əvvəldən məlumatlı idi. Buna görə də ərizəçi şikayətini Konvensiyanın Serbiyaya münasibətdə qüvvəyə mindiyi tarixdən, yəni 3 mart 2004-cü il tarixindən altı ay müddətində Məhkəməyə göndərməli idi. Həmin tarixdən sonra müxtəlif hesabatların verilməsinə baxmayaraq, Hökumət hesab edir ki, ərizəçi bunların hər hansının “onun işinin həllinə” gətirib çıxaracağını “ağlabatan şəkildə güman” edə bilməzdi. Bu səbəbdən, Konvensiya üzrə öhdəliklərin “yenidən canlanması” mümkün deyildir.
51. Ərizəçi bildirir ki, 14 iyul 2006-cı il tarixli Parlament Hesabatı və Ombudsmanın 29 iyul 2010-cü il tarixli hesabatı onların vəziyyətin düzələcəyinə dair ümidlərini artırmışdır və bu ümid yalnız 28 dekabr 2010-cu ildə İşçi Qrupun hesabatını Parlamentə təqdim etdiyi zaman sona çatmışdır.
(b) Məhkəmənin dəyərləndirməsi
52. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan altı ay müddətinin məqsədi Konvensiyaya əsasən mübahisə qaldıran məsələlərin ağlabatan müddətdə baxılması və vaxtı ötmüş qərarların daimi şəkildə mübahisələndirilməməsi yolu ilə hüquqi müəyənlik prinsipinin təşviqidir. Bu, Məhkəmənin həyata keçirdiyi nəzarətin müddət baxımından sərhədlərini müəyyən edir və həm fərdlərə, həm də Dövlət orqanlarına nəzarətin hansı müddətlərdən sonra mümkün olmadığını göstərir (bax: digər işlərlə yanaşı, Walker v. the United Kingdom (dec.), no. 34979/97, ECHR 2000‑I).
53. Bir qayda olaraq, altı aylıq müddət dövlətdaxili hüquqi müdafiə vasitələrininin tükəndirilməsi prosesində çıxarılmış yekun qərarın tarixindən hesablanır. Bununla belə, ərizəçinin əlində heç bir daxili hüquq müdafiə vasitəsinin olmadığının aşkar olduğu hallarda, müddət mübahisələndirilən hərəkət və ya tədbirin tarixindən, və ya ərizəçinin bu aktdan və ya onun mənfi nəticələrindən xəbərdar olduğu tarixdən axmağa başlayır. (bax: Dennis and Others v. the United Kingdom (dec.), no. 76573/01, 2 iyul 2002).
54. Buna baxmayaraq, Məhkəmə artıq qeyd etmişdir ki, altı ay müddəti davam edən vəziyyətlərə tətbiq olunmur (bax: məsələn, Agrotexim Hellas S.A. and Others v. Greece, no. 14807/89, Komissiyanın 12 fevral 1992-ci il tarixli qərarı, DR 72, səh. 148, və Cone v. Romania, no. 35935/02, § 22, 24 iyun 2008); buna görə də, davam edən pozuntu olduğu hallarda, müddət hər gün yenidən başlayır və vəziyyət özü bitəndən sonra sonuncu altı aylıq müddət axmağa başlayır və bitir.
55. Bununla belə, bütün davam edən vəziyyətlər eyni deyildir. Yoxa çıxmalar halında, ərizəçilər Məhkəməyə şikayət göndərməzdən əvvəl qeyri-müəyyən müddət gözləyə bilməzlər. Laqeydlik və qeyri-müəyyənlik halında və təbii ki, baş verənlərə görə hər hansı izahat və ya hesabat olmadığı hallarda və ya bəzi dövlət orqanları tərəfindən bilərəkdən məlumatın gizlədilməsi və ya yanıldıcı məlumatlar verilməsi hallarında, itkin düşmüş şəxslərin qohumlarına baş verənləri dəyərləndirmək və ya nə baş verəcəyini proqnozlaşdırmaq daha çətindir. Yoxaçıxmadan sonrakı qeyri-müəyyənlik və çaşqınlıq halı nəzərə alınmalıdır. Bununla belə, ərizə, ərizəçilərin hər hansı istintaq aparılmadığını və ya istintaqda hərəkətsizlik olduğu və ya onun səmərəsiz olduğunu və ya bu halların hər hansı birində, gələcəkdə hər hansı səmərəli istintaqın keçiriləcəyinə dair realist güman olmadığını bildiyi vaxtdan həddindən artıq və əsassız uzun müddət ötürüldüyü səbəbilə rədd edilə bilər. Yoxaçıxma halının araşdrırılması üçün təşəbbüslərin irəli sürüldüyü hallarda, ərizəçilərin vacib faktiki və ya hüquqi məsələlərin həlli ilə bağlı hər hansı yenilik gözləməsi ağlabatandır. Belə ki, ailələr və dövlət orqanları arasında şikayətlə və məlumat sorğusu ilə bağlı ciddi əlaqələrin, və ya istintaq tədbirlərində hər hansı realistik mümkünlüyün olduğuna dair göstəricilər mövcud olduğu müddətdə müddətin lazımsız olaraq ötürülməsi ilə bağlı narahatlıq yaranmayacaqdır. Bununla belə, əhəmiyyətli müddət keçibsə, və ya istintaqda ciddi lənglik və hərəkətsizlik müşahidə olunursa, itkin duşənin qohumlarının səmərəli istintaq aparılmadığını və ya aparılmayacağını anlamalı olduğu bir an gəlib çatır (bax: yuxarıda istinad edilmiş Varnava and Others v. Turkey [GC], §§ 162 və 165).
56. Hazırki işə gəlincə, Məhkəmə qeyd edir ki, 14 iyul 2006-cı ildə Serbiya Parlamenti öz İstintaq Komitəsinin hazırladığı hesabatı qəbul etdi. Bu hesabata, inter alia, ailələrin vəziyyətinin düzəlməsi üçün bütün Hökumət orqanları tərəfindən edilməli səylər və müvafiq qanunvericiliyə edilməli olan dəyişikliklərlə bağlı rekomendasiya daxil idi (bax: yuxarıdakı paraqraf 27(d) ). 16 aprel 2010-cu ildə yerli mediya məlumat yaydı ki, Parlament Sədri Parlamentdə “yoxa çıxmış körpələr”in valideynlərinə təzminat vermək məqsədli yeni qanunvericiliyin hazırlanması üçün bir işçi qrupun yaradılmaqda olduğunu bildirmişdir (bax: yuxarıdakı paraqraf 28). Nəhayət, 29 iyul 2010-cu il tarixıli hesabatında Serbiya Ombudsmanı bildirdi ki, valideynlərin uşaqlarının taleyi ilə bağlı həqiqəti bilmək hüquqları qalır və təklif etdi ki, bu məsələ ilə bağlı lex specialis qəbul olunsun (bax: yuxarıdakı paraqraf 29(f)).
57. Belə spesifik şəraitdə və keçən bütün müddətə baxmayaraq, ərizəçinin şikayəti ilə bağlı “əhəmiyyətli faktiki və hüquqi məsələləri” həll edəcək yeni irəliləyişləri, ən azı hər hansı həll yolunun olmadığının aydın olduğu 28 Dekabr 2010-cu ilə tarixinədək (bax: yuxarıdakı 30 və 31-ci paraqraflar) olan müddətdə gözləməsinin ağlabatan olmadığını hesab etmək olmaz. Hazırki işdə şikayət ərizəsi 22 aprel 2008-ci ildə göndərildiyinə görə, Hökumətin etirazı rədd edilməlidir.
3. Ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi
(a) Tərəflərin təqdimatları
58. Hökumət hesab edir ki, ərizəçi əslində ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndrmək üçün heç bir cəhd göstərməmişdir. Belə ki, cinayət işinin açılması üçün müraciəti onun əri etmişdir və ərizəçi şəxsən Ali Məhkəmənin yurisprudensiyasında tətbiq və təfsir olunduğu kimi Məsuliyyət haqqında Qanunun 199 və 200-cü maddələrinə uyğun olaraq (bax: yuxarıdakı 36-40-cı paraqraflar) mülki iddia belə qaldırmamışdır. Hökumət daha sonra Ali Məhkəmənin həkim səhvi və polisin pis rəftarı səbəbilə məruz qalınan ziyana görə təzminat verilməsi barədə üç qərarını və sonuncu konteksdə qəbul edilmiş rayon məhkəməsi qətnaməsini ləğv edən bir qərarını Məhkəməyə təqdim etmişdir (bax: müvafiq olaraq 10 aprel 2003, 1 dekabr 2005 və 13 mart 2007-ci il tarixli Rev. no. 1118/03, 807/05 və 51/07). Bütün hallarda və prinsip etibarılə, Hökumət Üzv Dövlətin üzərinə Konvensiyanı ratifikasiya etməsindən öncə baş vermiş hüquq pozuntularına görə səmərəli hüquq müdafiə vasitəsi təmin etmək öhdəliyi qoyulmasını əsaslandırılmamış hesab edir.
59. Ərizəçi fikrində qalır ki, ərinin cinayət işi açılması barədə müraciəti onun özünün də şikəyətini əhatə edir, çünki məsələ onların birgə uşağının yoxa çıxması ilə bağlı idi. Həmin müraciətin 2003-cü ildə edildiyi doğrudur, lakin ərizəçi o zamanadək hər hansı müvafiq sübut əldə edə bilməmişdi və ya vəziyyətin düzələcəyinə ümid edə bilməzdi. Sadə şəkildə deyilsə, “ yoxa çıxmış körpə” mövzusu 2001-ci ilədək tabu mövzu idi və yalnız 2001-ci ildə aidiyyəti olan valideynlər təşkilatlanmağa başladılar, mediya bu barədə məlumatlar verməyə başladı və Parlamentin plenar iclaslarında məsələ ilə bağlı debatlar oldu. Daha sonra, qeyd olunmalıdır ki, bu müdət ərzində, cinayət məsuliyyəti və mülki iddia müddətləri qüvvəyə mindi.
(b) Məhkəmənin dəyərləndirməsi
60. Məhkəmə təkrar edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, işlərə yalnız bütün ölkədaxili hüquq müdafiə vasitələri tükəndirildikdən sonra baxa bilər. 35-ci maddənin məqsədi Tərəfdaş Dövlətlərə pozuntu iddiaları Məhkəməyə göndərilməzdən əvvəl bu pozuntuların qarşısını almaq və ya onları aradan qaldırmaq imkanı verməkdir (bax: məsələn, Mifsud v. France (dec.) [GC], no. 57220/00, § 15, ECHR 2002-VIII). Ölkədaxili hüquq müdafiə vasitələrini tükəndirmək öhdəliyinə görə, ərizəçi hüquq pozuntusuna münasibətə səmərəli, kafi və çatımlı vasitələrindən istifadə etməlidir. Səmərəli olması üçün bir müdafiə vasitəsi birbaşa olaraq şikayət olunan vəziyyəti düzəltmək qabiliyyətinə malik olmalıdır (bax: Balogh v. Hungary, no. 47940/99, § 30, 20 iyul 2004). Məhkəmə həm də dəfələrlə vurğulamışdır ki, tükəndirmə qaydası müəyyən dərəcədə elastik və formalizmdən uzaq şəkildə tətbiq olunmalıdır (bax: Ringeisen v. Austria, 16 iyul 1971, § 89, Series A no. 13).
61. Sübutetmə yükünə gəlincə, müdafiə vasitələrinin tükəndirilmədiyini iddia edən Hökumət Məhkəməyə sübut etməlidir ki, həmin vasitə səmərəli və müvafiq vaxtda nəzəriyyə və təcrübədə mövcud idi (bax: inter alia, Vernillo v. France, 20 fevral 1991, § 27, Series A no. 198, və Dalia v. France, 19 fevral 1998, § 38, Reports of Judgments and Decisions 1998-I). Bu sübut olunduqdan sonra, ərizəçi Hökumət tərəfindən irəli sürülən vasitənin əslində tükəndirildiyini və ya işin xüsusi hallarında hər hansı səbəbdən səmərəsiz və qeyri-adekvat olduğunu və ya onu bu tələbi yerinə yetirməkdən azad edən xüsusi şəraitin mövcud olduğunu sübut etməlidir (bax: Dankevich v. Ukraine, no. 40679/98, § 107, 29 aprel 2003).
62. Hazırki işlə bağlı Məhkəmə qeyd edir ki, ərizəçinin əri cinayət işinin qaldırılması barədə müraciəti həm özü, həm də ərizəçinin adından etmişdir, çünki həmin hadisə hər ikisinə də eyni dərəcədə aiddir. Bu müraciət prokurorluq tərəfindən hər hansı ilkin istintaqın aparılıb-aparılmadığı barədə heç bir məlumat verilmədən rədd edilmişdir (bax: yuxarıdakı paraqraf 17). Bundan əlavə, cinayət işinin müddəti ən geci 2003-cü ilin oktyabrında keçmiş olacaqdı və bu səbəbdən, cinayət işi vəziyyəti düzəltmək üçün çarə deyildir (bax: yuxarıdakı 27(c) və 34-cü paraqraflar).
63. Mülki iddiaya gəlincə, Məhkəmə hesab edir ki, bu hüquq müdafiə vasitəsi mübahisələndirilən vəziyyəti düzəldəcək bir vasitə deyildi. Mülki məhkəmələr ən yaxşı halda, ərizəçinin “fərdi hüquqları”nın pozulduğunu tanıyar və keçirdiyi mənəvi sarsıntıya görə təzminat təyin edərdi. Bu məhkəmələr, həmçinin, mənəvi məmnunluq verməyə “qadir” başqa forma təzminatlar da təyin edə bilər. Bununla belə, bu tədbirlərin heç biri ərizəçinin əsas şikayətinə, yəni “oğlunun taleyi barədə həqiqət” bilmək ehtiyacına çarə ola bilməzdi. Hökumət bunun əksinə dair heç bir sübut təqdim etməmişdir. Nəhayət, Məhkəmə qeyd edir ki, nə Parlament, nə də Ombudsman öz hesabatlarında bu məsələyə münasibət göstərməmişlər. Əslində, onların lex specialisin qəbul edilməsi barədə rekomendasiya verməsi özü də, mülki idddia yolu da daxil olmaqla, heç bir mövcud ölkədaxili müdafiə vasitəsinin səmərəli olmadığı deməkdir (bax: yuxarıdakı 27(d), 28 və 29(f)-cı paraqraflar).
64. Beləliklə, Hökumətin ölkədaxili hüquq müdafiə vasitələrinin tükəndirilmədiyi barədəki etirazı rədd edilməlidir.
4. Nəticə
65. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış deyildir. Şikayət hər hansı başqa əsasla qəbuledilməz deyildir və bu səbəbdən, qəbuledilən elan edilməlidir.
B. Mahiyyət üzrə
1. Tərəflərin təqdimatları
66. Ərizəçi cavabdeh Dövlətin onu oğlunun taleyi barədə məlumatlandırmamasından şikayətini təkrar edir. O əlavə edir ki, ĆMC-in iddia etdiyi kimi oğlu ölmüş olsaydı, onlar ölüm barədə səlahiyyətli bələdiyyə orqanlarına məlumat verər, körpənin meyidini və otopsi hesabatını valideynlərinə göstərərdilər.
67. Hökumət bildirir ki, ərizəçinin hüquqlarının hər hansı pozuntusuna görə Dövlət məsuliyyət daşıya bilməz, çünki ərizəçinin oğlunun iddia olunan yoxaçıxması dövlət orqanında deyil, tibb müəssisəsində baş vermişdir. Ərizəçinin uşağının ondan qeyri-qanuni şəkildə alınmasına dair də heç bir sübut yoxdur. 1983-cü ildə ĆMC tərəfindən edilmiş bir sıra prosedural yanlışlıqlar ola ilər, lakin bunlarla bağlı ərizəçi, onun keçirdiyi sarsıntılara görə təzminat təmin etməyə qabil ölkədaxili hüquq müdafiə vasitələrindən istifadə etməmişdir. Bu məsələ təkrar-təkrar daxili səviyyədə də nəzərdən keçirilmiş və müvafiq qanunvericilik və təcrübədə adekvat təminatların verilməsi üçün dəyişikliklər edilmişdir. Bununla belə, cinayət qanunvericiliyinə hər hansı dəyişiklik, bütün hallarda, çox öncədən baş verməsi səbəbilə ərizəçinin işinə tətbiq oluna bilməzdi (bax: yuxarıdakı 24, 25 və 31-ci paraqraflar).
2. Məhkəmənin dəyərləndirməsi
68. Uşağın və valideynin bir-biri ilə ünsiyyətindən qarşılıqlı zövq alması Konvensiyanın 8-ci maddəsi mənasında “ailə hüququ”nun fundamental elementlərindən biridir (bax: digər çoxsaylı işlərlə yanaşı, Monory v. Romania and Hungary, no. 71099/01, § 70, 5 aprel 2005).
69. 8-ci maddənin əsas məqsədi fərdi dövlət orqanlarının özbaşına müdaxiləsindən qorumaqdır. Bununla belə, bu müddəaya əsasən, inter alia, hər hansı şəxsin ailə həyatı ilə bağlı hər hansı istintaq prosesinin səmərəliliyinə qədər uzana bilən əlavə pozitiv öhdəliklər də ola bilər (bax: mutatis mutandis və “şəxsi həyat” kontekstində, M.C. v. Bulgaria, no. 39272/98, §§ 152 və 153, ECHR 2003‑XII).
70. Varnava (yuxarıda istinad edilmiş) işində Böyük Palata, 3-cü maddə kontekstində olsa da, hesab etmişdir ki:
“200. Yoxa çıxma fenomeni sevdiklərinin taleyi barədə məlumatsız saxlanılan və qeyri-müəyyənlikdən iztirab çəkən qohumlar üzərinə ağır yük qoyur... Pozuntunun mahiyyəti yoxa çıxan şəxslə bağlı ciddi insan hüququ pozuntusunun mövcud olması deyildir; pozuntu bu məsələ diqqətlərinə çatdırıldığında dövlət orqanlarının reaksiyası və mövqeyi ilə bağlıdır ... Digər amillərə...həmin hadisəyə ailə üzvlərinin şahid olması dərəcəsi, ailə üzvlərinin yoxa çıxmış şəxs barəsində məlumat əldə etmək cəhdləri daxildir. Belə bir pozuntunun elan edilməsi Dövlətin yoxaçıxma halı üçün cavabdeh olduğu hallarla məhdudlaşmır... və dövlət orqanlarının qohumların məlumat sorğularına cavab verməməsi və ya onların yoluna qoyulan maneələr, yoxa çıxan şəxslə bağlı faktları üzə çıxarmağın yükünü qohumların daşımasına gətirib çıxara bilər ki, bu da, yoxa çıxmış şəxsin harda olması və taleyi barədə məlumat vermək öhdəliyinin ciddi, davamlı və rəhmsiz pozuntusu hesab edilə bilər.”
Məhkəmə hesab edir ki, mutatis mutandis olaraq, bu fikrilər hazırkı işdəki 8-ci maddə üzrə pozitiv öhdəliklərin spesifik kontekstində də tətbiq edilə bilər.
71. Bunu nəzərə alaraq, hazırki işlə bağlı Məhkəmə qeyd edir ki, ərizəçinin oğlunun meyidi heç vaxt ərizəçiyə və ya onun ailəsinə verilməmiş və ölümün səbəbi müəyyən edilməmişdir (bax: yuxarıdakı 22-ci və 14-cü paraqraflar, bu qaydada). Bundan əlavə, ərizəçiyə heç bir otopsi hesabatı və ya oğlunun nə vaxt və harda dəfn edilməsi barədə heç bir məlumat verilməmiş və uşağın ölümü rəsmi olaraq qeydiyyata alınmamışdır (bax: yuxarıdakı 22-ci və 15-ci paraqraflar, bu qaydada). Ərizəçinin ərinin cinayət işinin açılması üçün müraciəti hər hansı adekvat dəyərləndirmə olmadan rədd edilmiş kimi görünür (bax: yuxarıdakı paraqraf 17), və ərizəçinin oğluna nə olması ilə bağlı hələ də dəqiq məlumatı yoxdur.
72. Bundan əlavə, Məhkəmə müşahidə edir ki, cavabdeh dövlət orqanları özləri Serbiyanın Konvensiyanı ratifikasıyasından sonra, dəfələrlə təsdiq etmişlər ki, (a) 1980-ci illərdə tətbiq olunan qanunvericlik və dövlət və səhiyyə orqanlarındakı prosedurda ciddi çatışmazlıqlar olmuşdur; (b) yeni doğulmuş körpənin xəstəxanada ikən ölməsi halında prosedurla bağlı davamlı hüquqi normalar mövcud deyildi; (c) çox yayılmış tibbi rəyə əsasən, valideynlər körpələrini dəfn etmək sarsıntısına məruz qoyulmalı deyildi və bu səbəbdən, bəzi valideynlərin bilərəkdən bu imkandan məhrum edilməsi mümkündür; (d) bu vəziyyət, valideynlərin uşaqlarına gerçəklikdə nə baş verməsi ilə bağlı şübhə və narahatlıqlarına əsas verirdi və bu səbəbdən, uşaqların ailələrdən qeyri-qanuni şəkildə alındığını düşünmək olardı; (e) cavabdeh Dövlətin problemə 2006-2010-cu illər arasındakı münasibəti qeyri-adekvat olmuşdur, və (f) bu səbəbdən, valideynlərin uşaqlarının taleyi barədə həqiqəti öyrənmək hüququ qalır (bax: yuxarıdakı 26-29-cu paraqraflar).
73. Nəhayət, 2003-2010-cü illərdəki vədverici təşəbbüslərə baxmayaraq, İşçi Qrupun 28 dekabr 2010-cu ildə Serbiya Parlamentinə təqdim etdiyi hesabatda nəzərdə tutulurdu ki, mövcud olan və artıq dəyişdirilmiş qanunvericiliyə tibbi xarakterli məlumatların toplanması və saxlanması qaydaları istisna olmaqla, heç bir dəyişiklik etməyə ehtiyac yoxdur. Belə olan şəraitdə, aydındır ki, bu hesabat gələcəkdə vəziyyətin təkmilləşməsinə şərait yaratsa da, ərizəçi kimi, keçmişdə problemdən əziyyət çəkmiş valideynlərin vəziyyətində heç bir dəyişiklik vəd etmir (bax: yuxarıdakı 30 və 31-ci paraqraflar).
74. Yuxarıdakılar Məhkəmənin, cavabdeh Dövlətin davamlı olaraq ona oğlunun taleyi ilə bağlı inandırıcı məlumat verməməsi səbəbilə, ərizəçinin ailə həyatına hörmət hüququnun davamlı pozuntusuna məruz qaldıığı nəticəsinə gəlməsi üçün kifayətdir.
75. Beləliklə, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir.
II. KONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMÜŞ 13-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
76. Ərizəçi bundan başqa Konvensiyanın 13-cü maddəsinə əsaslanaraq cavabdeh Dövlətin “ailə hüququ”nun davamlı pozuntusuna qarşı müdfiə vasitəsi ilə təmin etməməsindən şikayət edir.
77. Hökumət şikayətin mahiyyətini qəbul etmir (bax: yuxarıdakı paraqraf 58).
78. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 8-ci maddəsi ilə birgə götürülmüş 13-cü maddəsi əsasında araşdırılmalıdır.
79. Bu maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
80. Ərizəçinin 13-cü maddəyə əsasən qaldırdığı şikayətin 8-ci maddə altındakı şikayətlə eyni olması və Məhkəmənin 8-ci maddə ilə bağlı gəldiyi nəticə nəzərə alınaraq, (bax: xüsusilə, yuxarıdakı paraqraf 73), Məhkəmə 13-cü maddəyə əsasən qaldırılmış şikayəti qəbuledilən elan edir, lakin şikayətin mahiyyətinin ayrıca araşdırılmasına ehtiyac görmür.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
81. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Ziyan
82. Ərizəçi mənəvi ziyana görə 50,000 Avro tələb edir.
83. Hökumət məbləğlə razı deyildir.
84. Məhkəmə hesab edir ki, ərizəçinin müəyyən mənəvi əzab çəkdiyi danılmazdır. Elan edilən pozuntunun xaraketerini nəzərə alaraq və ədalətli dəyərləndirmə həyata keçirərək, Məhkəmə bu başlıq altında ərizəçiyə 10,000 avro əvəz təyin edir.
B. Xərc və məsrəflər
85. Ərizəçi Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflərə görə 2,750 Avro tələb edir.
86. Hökumət iddianı qəbul etmir.
87. Məhkəmənin təcrübəsinə əsasən, ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırki işdə, sərəncamındakı sənədlər və yuxarıdakı kriteriyaya və ərizəçiyə Avropa Şurası hüquqi yardım sxeminə əsasən 850 Avro verildyini nəzərə alaraq Məhkəmə ərizəçiyə əlavə olaraq, 1800 Avro məbləği verilməsini ağlabatan hesab edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
88. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
IV. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ
89. Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulur:
1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
90. Bu müddəadan belə çıxır ki, inter alia, Məhkəmənin pozuntu olduğunu elan etdiyi qərarı, cavabdeh Dövlət üzərinə sadəcə əvəzin ədalətli ödənilməsi yolu ilə təyin olunan məbləğləri ödəmək kimi deyil, həmçinin, Nazirlər Komitəsinin nəzarəti altında Məhkəmənin tapdığı pozuntuya son qoymaq və onun nəticələrini mümkün dərəcə aradan qaldırmaq üçün ölkədaxili hüquq sistemində ümumi və/və ya lazım gələrsə, fərdi tədbirlər görmək kimi hüquqi öhdəlik də qoyur (bax: Scozzari and Giunta v. Italy [GC], no. 39221/98 və 41963/98, § 249, ECHR 2000-VIII).
91. Bununla bağlı, ərizəçi tələb edir ki, cavabdeh Dövlətə qanunvericiliyində müvafiq əmələ görə cəzaları ağırlaşdırmaq, məsuliyyət müddətini uzatmaq və özünün halında cinayət işini yenidən açmağa imkan verəcək dəyişikliklər etmək əmr edilsin.
92. Yuxarıdakıları və çox sayda potensial ərizəçilərin olmasını nəzərə alaraq, cavabdeh Dövlət bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qəti olduğu tarixdən bir il müddətində, ərizəçinin halı ilə eyni və ya kifayət qədər bənzər vəzyiyyətdə olan bütün valideynlərə (bax: yuxarıdakı paraqraf 26) fərdi müdafiə vasitəsi təmin edəcək mexanızmin yaradılması üçün bütün tədbirləri, xüsusilə lex specialis vasitəsilə (bax: Ombudsmanın yuxarıdakı 29-cü paraqrafda göstərilən 29 iyul 2010-cu il hesabatı), görməlidir. Bu mexanizmə hər bir uşağın taleyi ilə bağlı suallara inandırıcı cavablar verməyə və müvafiq hallarda adekvat təzminat verməyə qadir adekvat səlahiyyətləri olan müstəqil bir orqan tərəfindən nəzarət edilməlidir.
93. Məhkəməyə artıq göndərilmiş bənzər şikayət ərizələrilə bağlı, Məhkəmə, onların baxılmasını yuxarıda göstərilən müddətdə təxirə salmaq qərarına gəlir. Bu qərar Məhkəmənin bu işlərdən hər hansını Konvensiyaya uyğun olaraq, qəbuledilməz elan etmək və baxılacaq işlərin siyahısından çıxarmaq səlahiyyətinə təsir etmir.
BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Elan edir ki, ərizə qəbulediləndir;
2. Hesab edir ki, Konvensiaynın 8-ci maddəsinin pozuntusu baş vermişdir;
3. Hesab edir ki, Konvensiyanın 13-cü maddəsinə əsasən qaldırılan şikayətə ayrıca baxmağa ehtiyac yoxdur;
4. Hesab edir ki,
(a) cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay ərzində ərizəçilərin hər birinə xərc və məsrəflərə görə, Serbiya dinarına çevrilməklə:
(i) tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla, mənəvi ziyana görə 10,000 (on min) Avro ödəməlidir;
(ii) tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla, xərc və məsrəflərə görə 1,800 (min səkkiz yüz) Avro ödəməlidir.
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir.
5. Ərizəçilərin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
6. Hesab edir ki, cavabdeh Dövlət bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qəti olduğu tarixdən bir il müddətində ərizəçinin vəziyyətində və ya ona kifayət qədər bənzər vəziyyətdə olan bütün valideynlərə fərdi müdafiə vasitəsi təmin edəcək mexanizmin yaradılması üçün bütün tədbirləri görməlidir (bax: qərarın 92-ci paraqrafı);
7. Qərar verir ki, hazırki qərarın qüvvəyə mindiyi tarixdən bir il müddətində Məhkəməyə göndərilmiş bütün bənzər şikayət ərizələrinə baxılmasını təxirə salır, lakin bu qərar, Məhkəmənin Konvensiyaya uyğun olaraq, bu işlərdən hər hansını qəbuledilməz elan etmək və baxılacaq işlərin sihahısından çıxarmaq səlahiyətinə təsir etmir.
İngiliscə hazırlanmış və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən 26 mart 2013-cü ildə elan edilmişdir.
Françoise Elens-PassosGuido Raimondi
Katib müaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy