İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
ZÜLFƏLİ HÜSEYNOV AZƏRBAYCANA QARŞI
(56547/10 nömrəli şikayət)
Q Ə R A R
STRASBURQ
26 iyun 2012-ci il
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.
Zülfəli Hüseynov Azərbaycana qarşı iş üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə Palata qismində:
Sədrlik edən - Nina Vajiç,
Hakimlər -
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Julia Laffranq,
Linos-Aleksandr Sisilianos,
Erik Mose,
və Bölmə katibi - Soren Nilsen,
2012-ci il 22 may və 5 iyun tarixlərində şikayətə qapalı məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Zülfəli Hüseynovun (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2010-cu il 20 sentyabr tarixində təqdim etdiyi şikayət (56547/10 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçi Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab S.Quliyev, Azərbaycan Hökuməti (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşlar.
3. 2011-ci il 7 aprel tarixində şikayət barədə Hökumətə məlumat verilmişdir. Həmçinin, şikayətin mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət edilmişdir (29-cu maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
4. Ərizəçi 1954-cü ildə anadan olmuşdur və Bakıda yaşayır.
5. 1998-ci il 22 yanvar tarixində ərizəçiyə Bakı şəhərində yenicə inşa edilmiş binada yerləşən mənzilə Bakı şəhər İcra Hakimiyyətinin 1998-ci il 19 yanvar tarixli qərarı əsasında yaşayış orderi verilmişdir.
6. Eyni zamanda ərizəçiyə məlum olmuşdur ki, onun mənzili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonundan məcburi köçkün düşmüş C. və onun ailəsi tərəfindən zəbt edilmişdir.
7. 1998-ci ilin tarixi dəqiq məlum olmayan günündə ərizəçi Yasamal rayon Məhkəməsi qarşısında iddia qaldıraraq, C. və onun ailəsinin mənzilindən çıxarılmasını xahiş etmişdir.
8. 1998-ci il 7 iyul tarixində Yasamal rayon Məhkəməsi ərizəçinin iddiasını təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi 1998-ci il 22 yanvar tarixli yaşayış orderi əsasında mənzilin yeganə qanuni sahibi olmuşdur və buna görə də C. və onun ailəsi tərəfindən bu mənzilin zəbt edilməsi qanunsuzdur. Qərardan apellyasiya şikayəti verilməmiş və mübahisənin baş verdiyi zaman qüvvədə olmuş ölkə qanunvericiliyinə uyğun olaraq qərar qəbul edildiyi tarixdən sonra on gün müddətində qüvvəyə minmişdir.
9. Ərizəçinin sözlərinə görə C. və onun ailəsi qərarı icra etməkdən imtina etmiş və aidiyyəti orqanlar illər ərzində onu icra etmək üçün hər hansı tədbir görməmişlər.
10. Hökumət tərəfindən təqdim edilmiş 2012-ci il 17 may tarixli məktuba görə qərar 2012-ci ilin aprelində icra olunmuşdur.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
11. Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli şikayət, 18-24-cü bəndlər, 2010-cu il 22 aprel) verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN VƏ
KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-ci MADDƏSİNİN
POZULMASI İDDİALARI
12. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq xeyrinə çıxarılmış qətnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin ... mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə ... məhkəmə tərəfindən ... ədalətlə baxılması hüququ vardır ...”
1 saylı Protokolun 1-ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
A. İşə baxılmasının mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan məhkəmə qətnaməsi Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 2002-ci il 15 aprel tarixindən əvvəl qəbul edilmişdir.
14. Məhkəmə bildirir ki, dövlət orqanlarının qeyd olunan qətnaməni icra etməmələrinin davam etməsi nəticəsində o, Konvensiyanın qüvvəyə minməsindən sonra təxminən on il ərzində icra edilməmiş vəziyyətdə qalmışdır. Buna görə də, burada davam edən pozuntu mövcuddur və bu baxımdan Məhkəmə şikayətin 2002-ci il 15 aprel tarixindən sonrakı dövrlə bağlı hissəsinə baxmaq səlahiyyətinə malikdir (baxın, yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 26-cı bənd).
15. Bundan əlavə, Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş mənada açıq-aşkar əsassız deyil və hər hansı digər əsasa görə də ona baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə, bu şikayətə baxılması mümkün hesab edilir.
B. İşin mahiyyəti
16. Məhkəmə qeyd edir ki, bu işlərin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunun müəyyən edildiyi yuxarıda qeyd edilmiş “Gülməmmədova” işindəki ilə eynidir.
17. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı şikayətlə bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.
18. Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçinin xeyrinə olan qətnamənin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır. Bununla belə, bu qətnamə qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları ümumilikdə təxminən on üç ildən artıq bir müddət ərzində (bunun təxminən on ili Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir) onun icra edilməsi üçün heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamənin icra olunması üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qətnamənin uzun müddət icra edilməməyinə haqq qazandıran hər hansı dəlil irəli sürməmişdir.
19. Ərizəçinin mülkiyyət hüquqlarının pozulması iddiası ilə bağlı təqdim etdiyi izahatlara gəlincə, ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müdafiə olunan əmlakından maneəsiz istifadə hüququ ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa Məhkəməsi tərəfindən təsbit edilməmişdir. Belə olan halda, qətnamənin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması ərizəçinin son dərəcə ağır duruma düşməsi ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər (baxın, yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43-50-ci bəndlər).
20. Beləliklə də, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
21. Konvensiyanın 41-ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, zəruri olduğu təqdirdə zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
22. Ərizəçi vurulmuş maddi ziyana görə 26 223 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bu məbləğə Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra (2002-ci il 15 aprel) mənzilin kirayəsindən əldə oluna biləcək gəlir (Milli Bankın faiz dərəcəsinə uyğun şəkildə indeksləşdirilmiş məbləğdə) daxildir. Tələbini əsaslandırmaq üçün ərizəçi eyni təmirli mənzillərin kirayə qiymətləri barədə qeyri-hökumət təşkilatı tərəfindən aparılmış qiymətləndirməni təqdim etmişdir.
23. Hökumət maddi ziyanla bağlı ərizəçinin tələbini 15 649 ABŞ dolları miqdarına qədər (Hökumətin hesablamalarına görə bu məbləğ Hökumət tərəfindən izahatların təqdim edilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq 11 381 avro təşkil edirdi) qəbul etməyə hazırlığını ifadə etmişdir. Bu məbləğ Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə minməsindən sonra mənzilin əldən çıxmış kirayə haqqının ümumi məbləği (Milli Bankın faiz dərəcəsinə uyğun indeksləşdirilmiş məbləğdə) əsasında hesablanmışdır ki, bu, təxminən 26 754 ABŞ dollarına bərabərdir. Lakin Hökumət qeyd etmişdir ki, yeni inşa edilmiş binada yerləşən bu mənzildə müəyyən təmir işlərinin aparılması tələb olunurdu. Bu təmir işləri onun sahibi tərəfindən həyata keçirilməli idi və belə təmir işləri aparılmadan mənzil yaşamaq üçün yararlı ola bilməzdi. Buna görə də Hökumət iddia etmişdir ki, əldən çıxmış kirayə haqqının ümumi məbləğindən ərizəçinin zəruri təmir işlərinə görə xərcləməli olacağı təxminən 7 359 ABŞ dolları, eyni zamanda kirayə haqqından əldə edəcəyi gəlirdən ödəməli olacağı vergi qismində 3 746 ABŞ dolları (illik 14 faiz) çıxılmalıdır. Öz hesablamalarını əsaslandırmaq üçün Hökumət eyni şəraitə malik mənzillərin kirayə haqları, həmçinin zəruri təmir işlərinə sərf edilməli olan xərclər barədə kommersiya-konsaltinq şirkəti tərəfindən aparılmış qiymətləndirməni təqdim etmişdir.
24. Məhkəmə hesab edir ki, ərizəçi mənzili üzərində nəzarəti itirməklə maddi ziyana məruz qalmışdır və müəyyən edilmiş pozuntu ilə əldən çıxmış kirayə haqları ilə bağlı tələb olunan maddi ziyan arasında səbəbiyyət əlaqəsi mövcuddur (müqayisə üçün baxın, “Radanoviç Xorvatiyaya qarşı” (Radanović v. Croatia, no. 9056/02, §§ 62-66, 21 December 2006) və yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 55-ci bənd).
25. Məhkəmə təkrar edir ki, hazırkı işə bənzər işlərdə ərizəçinin məruz qaldığı maddi ziyanın məbləği onun xeyrinə çıxarılmış yekun qərarın qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Lakin bu tarix Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən əvvələ təsadüf edirsə, ziyan Konvensiyanın qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır (baxın, “Soltanov və digərləri Azərbaycana qarşı” (Soltanov and Others v. Azerbaijan, nos. 41177/08, 41224/08, 41226/08, 41245/08, 41393/08, 41408/08, 41424/08, 41688/08, 41690/08 and 43635/08, § 24, 13 January 2011)). Hazırkı işdə maddi ziyan Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi 2002-ci il 15 aprel tarixindən başlayaraq 2012-ci ilin aprel tarixinə qədər (yuxarıda 10-cu bəndə baxın) hesablanmalıdır.
26. Tərəflərin izahatlarını araşdıran Məhkəmə Hökumət tərəfindən kirayə haqlarının hesablanmasına dair məlumatı əsas kimi götürəcək, belə ki, bu hesablama belə məsələlər üzrə ixtisaslaşmış kommersiya-konsaltinq şirkəti tərəfindən həyata keçirilmişdir. Məhkəmə eyni zamanda tərəflərin məbləğin hesablanması zamanı inflyasiya dərəcəsinin və digər maliyyə amillərinin nəzərə alınması və bu məqsədlə Milli Bankın faiz dərəcəsindən istifadə edilməsi fikri ilə razılaşır. Bu təsbit edilmiş məbləğ (2002-ci ilin 15 aprelindən 2012-ci ilin aprelinə qədər maksimum mümkün kirayə haqqının ümumi məbləği, üstəgəl faiz dərəcəsi) kompensasiyanın son məbləğinin hesablanması üçün başlanğıc nöqtə kimi götürülməlidir.
27. Bundan əlavə, Məhkəmə ərizəçinin mənzildə müxtəlif işlərə görə müəyyən xərclər çəkməli olması barədə Hökumətin dəlilini qeyd edir. Məhkəmə bu dəlili qəbul edir; lakin o, hazırkı işdə bu xərclərin Hökumət tərəfindən təklif edilmiş konkret məbləğini qəbul edə bilməz, belə ki, bu hesablama hansı işlərin görülməli olması barədə izahatlarla və xərclərin hissələrə bölünməsi ilə əsaslandırılmamışdır. Hər bir halda Məhkəmə, həmçinin qeyd edir ki, ilkin işlərdən başqa mənzilin sonrakı illər ərzində saxlanması üçün digər xərclərin də çəkilməsi qaçılmaz olacaqdı. Bundan əlavə, ərizəçinin uyğun kirayəçi tapmağa müəyyən vaxt sərf edəcəyini, bunun da nəticəsində müvafiq zaman ərzində mənzilin kirayəsindən əldə ediləcək gəlirin gözləniləndən daha az olacağını güman etmək əsassız olmazdı (yuxarıda qeyd edilmiş “Radanoviç” işi, 65-ci bənd). Yuxarıdakıları və digər işlərdə oxşar məsələlərlə bağlı mövcud məlumatı əsas götürən Məhkəmə ədalətli qiymətləndirmə apararaq hesab edir ki, mənzildə müvafiq işlərin görülməsi, onun saxlanılması və uyğun kirayəçinin tapılmasına sərf olunan zamana görə itkilərin nəzərə alınması üçün kirayə haqqına görə əldə ediləcək ümumi məbləğdən (yuxarıda 26-cı bənddə göstərilmişdir) 30 faiz çıxılmalıdır.
28. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçi eyni zamanda vergi də ödəməli idi (baxın, yuxarıda qeyd edilmiş “Radanoviç” işi, 65-ci bənd və yuxarıda qeyd edilmiş “Soltanov və digərləri” işi, 26-ci bənd). Beləliklə, ərizəçiyə ödənilməli olan məbləğdən illik 14 faiz məbləğində vergi də çıxılaraq kompensasiya məbləği müəyyən edilməlidir.
29. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə ərizəçiyə vurulmuş maddi ziyana görə 13 200 avro məbləğində vəsaitin ödənilməsini qət edir və bu məbləğdən vergi tutulmamalıdır.
2. Mənəvi ziyan
30. Ərizəçi vurulmuş mənəvi ziyana görə 15 000 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
31. Hökumət mənəvi ziyana görə ərizəçiyə maksimum 3 000 avro məbləğində vəsaitin ödənilməsinə hazır olduğunu bildirmişdir.
32. Məhkəmə hesab edir ki, ərizəçi onun xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi ziyana məruz qalmışdır. Lakin tələb olunan məbləğ həddindən artıq çoxdur. Məhkəmə Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə vurulmuş mənəvi ziyana görə 3 600 avro məbləğində vəsaitin ödənilməsini və bura bu məbləğdən tutulacaq vergilərin əlavə olunmasını qət edir.
B. Məhkəmə xərcləri
33. Ərizəçi, həmçinin ölkə məhkəmələri və Avropa Məhkəməsində işə baxılması ilə bağlı çəkdiyi məhkəmə xərclərinə görə 1 500 avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.
34. Hökumət ərizəçinin bu hissədə tələblərini əsaslandırmaq üçün hər hansı sənəd təqdim edə bilmədiyini qeyd etmişdir.
35. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun.
36. Ərizəçinin öz tələblərini əsaslandırmaq üçün hər hansı sənəd təqdim edə bilmədiyini nəzərə alaraq Məhkəmə xərc və məsrəflərin ödənilməsi ilə bağlı tələbi təmin etmir.
C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi
37. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayətə baxılmasını mümkün hesab edir;
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qət edir;
3. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qət edir;
4. Qərara alır ki,
(a) cavabdeh Dövlət yuxarıda qeyd edilmiş üç ay ərzində ərizəçiyə tutulacaq vergi də daxil olmaqla vurulmuş maddi ziyana görə 13 200 (on üç min iki yüz) avro və mənəvi ziyan görə 3 600 (üç min altı yüz) avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödəməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və bura üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq 2012-ci il 26 iyun tarixində ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Soren Nilsen Nina Vajiç
Katib Sədr
Full & Egal Universal Law Academy